Əliağa Ağayevin Fəxri Xiyabana layiq görülməməyinin səbəbi, xaş məclisləri və gülüşlü ölüm – Xatirə

eliaga5

3 Noyabr 2016 15:22

Xəbər 65 dəfə oxunub

 

Bu gün Azərbaycanın teatr və kino sənətinin əfsanələrindən biri – Əliağa Ağayevin vəfatından 33 il ötür

1913-cü ilin 22 martında Bakıda İsmayıl kişinin ailəsində dünyaya gələn gələcəyin sənətkarı 1930-cu ildə yeddinci sinifi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyur və iki il sonra çilingər işləməyə başlayır. İlk rolu isə çalışdığı zavodun dərnəyin Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasında Hacı Qara olur.

1936-cı ildə Gənc Tamaşaçılar Teatrında debüt edən Ağayev 25 il bu kollektivdə çalışdıqdan sonra, 1961-ci ildə Akademik Milli Dram Teatrında işə başlayır. Bu artıq həmin dönəmlər idi ki, “O olmasın, bu olsun”un şöhrəti ölkə hüdudlarını aşmışdı. İyirmi il “Azdrama”da çalışan sənətkar burada müxtəlif səpkili obrazlara həyat verir.

Ə.Ağayev ilk fəxri adı hələ Gənc Tamaşaçılar Teatrında çalışanda almışdı. O vaxt Ağayevin cəmi 30 yaşı vardı. Xalq artisti olanda isə 41 yaşı tamam olmuşdu.

Həyatı və yaradıcılığı kimi sənətkarın ölümü də qeyri-adi baş verib. Tərcümeyi-halına nəzər salanda onun niyə məhz Yasamal qəbiristanlığında dəfn edilməsi də diqqət çəkir.

Əfsanəvi sənətkarla dostluq etmiş xalq artisti Tariyel Qasımov Ölkə.Az-a onunla bağlı xatirələrini danışır:

“1964-cü ildə Gənc Tamaşaçılar Teatrında ilk rolum “Nəsrəddin” tamaşasında nökər rolu olub. Həmin tamaşada Əliağa Ağayev isə mənim xozeynim idi. O, bütün gənclərin dostu idi. Gənc aktyorlara tövsiyyə verməyi çox sevirdi. Deyirdi ki, gələcəkdə nə qədər çox tanınsanız, nə qədər böyük aktyor olsanız, səmimi və sadə olun. Onun seçdiyi üç dostu var idi. Onlardan biri mən, biri Lütfi Məmmədbəyov, digəri isə İlham Namiq Kamal idi”.

Tariyel Qasımov deyir ki, Ağayev dostlarına qarşı çox qonaqpərvər və səxavətliymiş:

“Hər həftə bizi evinə dəvət edərdi. Əliağa müəllimin çox gözəl xaş bişirməyi var idi. Özü də bizə qulluq edirdi və imkan vermirdi ki, həyat yoldaşı Cəvahir xanım süfrəyə əlini vursun. Cəvahir xanım İsgəndərova əməkdar artist idi. Valideynlik edirdilər bizə. Həmin vaxt o Yasamal tərəfdə yaşayırdı, özü də bakılıydı. Böyük sənətkarlığı öz yerində, həm də gözəl insanlığı vardı. Çox filmlərə çəkilirdi deyə, maddi durumu yaxşıydı, pul xərcləyən idi.”.

Sənətkarın bir oğlu, bir qızı olub. Oğlu Vaqif Ağayev uzun müddət Musiqili Teatrda rejissor işləyib. T.Qasımov qastrol xatirələrini paylaşır:

“Qastrollara gedəndə onun iştirak etdiyi tamaşalar anşlaq olardı. Hətta tamaşadan sonra ondan əl çəkmirdilər. Axırda administrator, rejissor deyirdi ki, bu kişini buraxın, gedib çörək yeməlidir”.

Həmsöhbətimiz sənətkarın ölümü haqda danışır:

“Köhnə “İnturist” mehmanxanasında bir məclis varmış. Bu bir əhvalat danışıb və öz danışdığına necə gülübsə, oradaca dünyasını dəyişmişdi. O, Fəxri Xiyabanda dəfn olunmayıb. Sovet dövründə kim partiyanın üzvü idisə, onu Fəxri Xiyabanda dəfn edirdilər. Əliağa Ağayev də böyük sənətkar olmasına baxmayaraq, siyasi məsələlərə qarışmadığına, partiya üzvü olmadığına görə Yasamal qəbiristanlığında dəfn olunmuşdu. Onun sənətinə xalq daha böyük qiymət verirdi. Sənəti də o qədər böyük idi ki, xalq artisti verməyə bilməzdilər. Heç bəlkə özləri ona xalq artisti adını da vermək istəməzdi”.

YANVAR.. YUXU… ƏZABLARIM….-Xeyrulla Ağayev yazır

SRM_3897

YANVAR ayı.. İlin ilk ayı.. Ən çox qorxduğum AY.. Ağır hisslər və acı gözləntilər içində yaşayıram bu ayı.. heç kəsə hiss etdirmədən. biruzə vermədən... xarakterimə uyğun olaraq.. "Pisi mənimdi, yaxşını başqalarına verməliyəm".. Yanvarla bağlı içimdə yaşananların öz tarixçəsi var....2006-ci ilin iyul ayı idi, tezdən durub dostlarımla Qəbələyə "Çənlibel" istirahət mərkəzinə yola düşməliydim, həmişə gec yatsam da, bu gecə tez yatmalı oldum, tezdən qalxmalıydım... və gecə çox dəhşətli yuxu gördüm.. Yuxu görmürəm adətən, nadir hallarda görsəm də- yadımda qalmır təfsilatları, yalnız kimi görmüşəmsə, o yadıma gəlir- filankəsi görmüşəm yuxuda, daha necə, harda, hansı şəraitdə, nə dedi-danışdı, yadımda qalmır. (yuxunun yaddaşımdan silinməyinin də öz tarixçəsi var- 25-30 il əvvəl tez-tez çox qarışıq və qorxulu yuxular görərdim, bu məni yorur və çox narahat edirdi, bir həkim dostum mənə yuxunu unutmaq üçün səhər oyanan kimi sağ gicgahımı qaşımağı məsləhət bildi... və xeyli müddət belə elədim, doğrudan da yuxular unudulmağa başladı və heç inanmadığım yuxu gərginliyimə son qoyuldu)....Bəli.. həmin gecə yuxu gördüm.. Ağ paltarlı nurani, pirani bir kişi çox cazibədar təbəssümlə, çox şirin dillə mənə dedi ki "Səni yanvar ayında aparcağam".. daha hara, necə, niyə aparacığını demədi və qeyb oldu getdi.. Oyandım- tərləmişdim və ürəyim bərk vururdu, həyəcan hiss olunurdu... Tezdən oyanıb istirahətə yola düşdüm, yuxuda gördüyümə məhəl qoymadan.. axı hələ iyul ayı idi....2 yanvar 2007-ci il... "Sabit Orucov" gəmisi ilə Neft Daşlarına gedirik. 1 həftə fırtına olduğundan gəmilər işləməmişdi, neftçilər növbəni dəyişə bilməmişdilər, dənizdəkilər orda qalıb sahilə çıxa bilməmişdilər, sahildəkilər də işə getmək üçün gəminin gedəcəyi günü gözləyirdilər. Ona görə dəniz limanında izdiham vardı, gəmiyə minmək istəyən çox olduğundan basabas yaranmışdı. Həmkarım Bəhruzla gəmiyə minib kapitan Kamilin kabinəsinə qalxdıq, tv-yə baxır, çay içə-içə nərd oynayırdıq. Hava küləkli olsa da, çox təcrübəli kapitan Kamil dənizə çıxmağa razılıq vermişdi. Açıq dənizə çıxan kimi güclü fırtınanın şahidi olduq, dalğalar gəmini oynadırdı, ləngər vuran gəmidə biz oturan kabinədə televizor, soyuducu. bütün mebellər aşmağa başladı, dalğalar hətta belə nəhəng gəmininn üstündən aşıb keçirdi.. hiss etdik ki, vəziyyət yaxşı deyil.. Çox fırtınalar görmüş kapitanın da üzündə gərginlik və narahatlığı duyanda vəziyyətin çox ciddi olduğunu anladım... tez aşağı düşüb göyərtəyə çıxdıq, bərk şaxta olmasına baxmayaraq gəmidəki 450 nəfərin hamısı göyərtəyə toplaşmışdı.. coşan dalğalar hamını qılınc kimi çırpsa da heç kəs buna məhəl qoymadan ümidsiz halda dənizə və insana nərə çəkən pələngi xatırladan dalğalara baxırdılar.. heç kəsin səsi çıxmırdı, sanki ölüm kabusu bürümüşdü gəmini... Heç kəsin üzündə həyat əlaməti yox idi.. ağappaq, rəngi solmuş donuq sifətlər.. hətta bir neftçinin çarəsizlikdən ağlaya-ağlaya dediyi "ay sizə qurban olum, nolar bir danışın da, bir insan səsi eşidək burda" sözləri də bu üzücü sükutu poza bilmədi.. Ölüm sükunəti... bir-birimizin üzünə baxıb nəsə təsəlli də tapa bilmirdik.. Bu çoxluqda bir yoxluq, tənhalıq duyulurdu.. 6 saat bax beləcə YOL getməli idik.. vəziyyət getdikcə ağırlaşırdı. küləyin sürəti açıq dənizdə 25 metrə çatırdı, halbuki 15 metr küləkdə gəmiyə icazə verilmir dənizə çıxmağa..- bu firtina hesab edilir, indi isə külək 25 metrə çatıb, dalğaların da hündürlüyü getdikcə yüksəlirdi.. kapitan məcbur olub bir neçə dəfə SOS siqnalı da verdi., ancaq Xəzərdə elə gəmi hardaydı ki, bizə köməyə gələ biləydi.... Adətən həmişə təmkinli görünən kapitan Kamil mənə astaca pıçıldadı- qalan sərnişinlərə hiss etdirməmək üçün- "Müəllim, vəziyyət yaxşı deyil.. gəminin yana çevrilməyi qorxulu deyil, ancaq altdan deşilməyindən qorxuram"... Bəli, artıq hiss etdim ki, ölümlə üz-üzəyik.. o anda nələr yaşadığımı ifadə etməkdə çətinlik çəkirəm.. və bu an 6 ay əvvəl gördüyüm yuxu yadıma düşdü.. bəli, O nurani kişi mənə demişdi axı "səni yanvarda aparacağam".. bu da yanvar... dəniz.. fırtına... və çıxılmaz vəziyyət.. Dostoyevskini xatırladım, güllələnməyə məhkum olunmuş yazıçının ölümqabağı hissləri, düşüncələri ani gəlib beynimdən keçdi... telefonumu çıxarıb ölümqabağı düşüncələrimi yazmağa başladım.. bir az yazdım.. sildim.. ağır vəziyyətdə olmağımızı bildirən mesajlar yazdım- əlim gəlmədi kiməsə göndərməyə.. istəyirdim son sözlərimi yazım, nə baş verdiyini bilsinlər, məndən nəsə son söz kimi yadıgar qalsın.. oğluma, qardaşıma ya əmioğluma yazıb göndərim... qıymadım- axı onlar oxuyub nələr çəkəcəklər.. bəlkə də ürəkləri dözməyəcək.. axı hara gedəcəklər. nə edə biləcəklər.. biz ki dənizin ortasındayıq. heç kəsin bura əli çatmır.... Ölüm.. Dəniz.. Dalğalar... Yol.. Düşüncələr... və Yuxu kabusu... Dəniz mənə o anda həmin ağ paltarlı nurani kişini xatırladırdı... üstümə gəlirdi.. bu dəfə xoş təbəssümlə yox- qəzəblə, nifrətlə, nərə ilə, sifətində qorxunc ifadə ilə.. cəllad kimi.. Əzrayıl kimi.. Bəli... Ölümün üzünə dik baxa-baxa beləcə dalğaları yara-yara irəliləyən gəmiylə biz də ümidsiz halda irəliləyirdik... bilmirdik ölümə doğru gedirik ya həyata doğru... hər saniyəsi bir insan ömrü qədər uzun görünən bu dəhşətli anın yaşantıları böyük bir kitabın mövzusudur.. bunu dəniz həyatı yaşayanlar daha yaxşı anlayarlar...Tale bizə qıymadı ölümü... 450 nəfər... hərəsinin arxasında neçə insan taleyi dayanır. ailə-uşaq.. qohumlar.. yaxınlar.. dostlar... çətindir bu faciənin miqyasını dilə gətirmək... Qurtulduq.. və 6 saatlıq əzablı yoldan sonra nəhayət ölüvay halda yaxınlaşırdıq Neft Daşlarına.. Dəniz şəhərinə yaxın ərazidə dənizdə "Sərxoş döngə" (Pyanıy pereulok) adlanan yer var ki, gəmilər üçün çox qorxuludur, dənizdə axının güclü olması səbəbindən.. oranı da birtəhər üzüb keçdik.. indi hamızı bir dərd götürmüşdü- belə küləkdə gəmi körpüyə yan ala biləcəkmi??.. axı fırtınalı havada körpüyə yan almaq çox çətindi.. və bəzən mümkün olmayıb gəmi geri qayıtmalı olur.. indi də bu vəziyyətdə gəmi yan ala bilməsəydi təzədən Bakıya doğru 6 saat beləcə ölüm ab-havalı yol qayıtmalıydıq.. bu isə hamımızın sonu demək idi, heç kəsin salamat çıxacağına güman yox idi...Şaxtalı havada göyərtədə islanmış, ümidsiz insanların geriyə qayıdıb sahilə sağ çıxacaqları inandırıcı görünmürdü... Şükürlər olsun ki, çətinliklə də olsa gəmi yan ala bildi, estakadalardakı texnikanın köməyilə.. gəmiçilərin fədakarlığı sayəsində... Gəminin trapından Neft Daşlarına düşəndə necə sevinirdik ilahi.. yenidən həyata qayıtdığımızı anlayırdıq.. təkrar yaşamaq şansı qazanmışla kimi..ancaq heç kəsin dili söz tutmurdu ki, kiməsə nəsə desin... eləcə lal-dinməz yataqxanalara üz tutduq....5 yanvar 2007-ci il... Yaşadığım evdə kanalizasiya xətti tutulmuşdu, qonşularla məsləhətləşdim, dedilər həyətdə kislota (ədəbi dildə turşu desək də, xalq dilində ehtiyac duydum bu sözü yazmağa) satırlar, ondan tök, açılacaq xətt. Həyətdə "Xlor var, xlor.." çağıran qadından kislota alıb gətirib tökdüm mətbəxdəki kanalizasiya xəttinə.. və birazdan ordan köpük geriyə axmağa başladı.. qab qoyduq ki, köpük yerə dağılmasın.. bu an köpüklü qab tüstülənməyə başladı.. evi qap-qara boğucu tüstü bürüdü.. çöldə hay-küy səsləri eşidilirdi.. binanın sakinləri hamısı həyətə tökülmüşdü, sən demə kislotanın iyivə vahiməli fışıltısı bütün binanı bürüyüb.. və qapımızı döyüb tez həyətə qaçmağı tələb etdilər.. o biri otaqda əmim Quran oxuyurdu, dedim "Əmi, ev yanır, tez düşün həyətə".. qaçaraq düşdük həyətə.. birdən yadıma düşdü ki, əlil oğlum Bəxtiyar evdə qalıb, az qaldı ürəyim partlasın- tez evə tərəf cumdum, qonşular məni qoymurdu ki, "evə getmə, boğulacaqsan"... dayana bilməzdim.. özümü 6-cə mərtəbəyə çatdırdım birnəfəsə... tünd boğucu tüstü basmış evə girdim, heç nə görünmürdü, öskürməyə başladım. boğulurdum.. ancaq gözüm Bəxtişi axtarırdı.. gördüm mətbəx qapısı və soyuducu arasında küncdə qalıb boğulmaq halındadır... tez qucağıma alıb pilləkənlərlə ildırım sürətilə həyətə düşürtdüm.... və bir neçə saatdan sonra tüstülənmə öz özünə dayandı.. sən demə köpük yığılan alüminium qab kislota ilə reaksiya verib alışıb tüstülənib... kauçuk qab qoymaq lazımmış.. biz bunu nə biləydik.. və bu bəladan da qurtulduq... evdə hər şeyi qara zəhərli qat örtmüşdü.. və hamısını atdıq zibilliyə... qapı-pencərələri taybatay açıq qoyub ailəliklə getdik qohumların evinə.. burda hələ yaşamaq olmazdı...7 yanvar 2007-ci il.... ANAM bizə gəldi... xəstələnmişdi, ayağı bərk ağrayırdı.. ertəsi onu Tusi adına klinikaya aparata apardım.. analizin cavabını alıb apardım Eksperimental xəstəxanaya.. damar cərrahiyyəsi şöbəsinə.. Analizlərə və ANAmın ayağına baxıb həkim birbaşa dedi "QANQRENA..!!!"... bu 1 kəlmə söz məni necə titrətdisə-bütün dünya başıma fırlandı... həyat gözümdən düşdü- deməli ANAmı əlimdən alacaq bu cəllad dünya.... çarəsi yox idi... şəkərdən ayaq barmağı çürüməyə başlamışdı.. kəsib atmaq da gec idi... mümkünsüz idi....Yenə o yuxu və yuxudakı KİŞİ gəldi gözüm önünə.. və həmin gündən ANASIZLIQ əzablarına gedən günlərim başladı... və o gündən təzyiqim düşməyə başladı. başağrılarım və yuxusuzluq məni haldan saldı.. 8 ay bir dəqiqə olsun belə gözümü yuma bilmədim.. ən yüksək dozalı yuxugətiricilər atsam belə- yata bilmədim... Taleyimin ən ağrılı günləri başladı.. Depressiyanın ən ağır formasını yaşamağa başladım.. Ölülərdən məni yalnız quruca nəfəs fərqləndirirdi.. dinmirdim.. danışmırdım.. heç nə yeyə bilmirdim... boynu bükük gəzirdim... Ruhən ölü idim artıq.... ANAM ağrılardan əzab çəkəndə qulaqlarımı tutub qaçırdım... Doğmalarım da vəziyyətimi bilib məni ANAMA yaxın qoymurdular.. bu da bir başqa əzab idi... və avqustun 11-də ANAMI itirdim...... ANASIZLIQ dünyasının nə olduğunu, ANAsızların nələr çəkdiklərini anlamağa başladım.....Yenə YANVAR ayıdı.. Yeni YANVAR.. və yenə o YUXU yadıma düşdü.. və təbii ki, O nurani kişi.... Mən yuxulara inanmıram.. mən yuxu görmürəm... Mən yuxuları xatırlamıram... ancaq o YUXU hər YANVAR yaddaşımda baş qaldırır.. düşündürür məni... bəlkə də ona görə YANVAR ömrümün ən uzun ayıdır.....  Xeyrulla Agayev Faktinfo.az

18 Yanvar 2017 18:29

“Dolu”-Qarabağ mövzusunda yazılmış ən yaxşı əsər

aqil_m%c9%99mm%c9%99d_oglu_abbasov

Bu günlərdə tanınmış yazıçı –publisist,millət vəkili Aqil Abbasın “Dolu”romanı İran İslam Respublikasında nəşr edildi.Bu xəbəri nəzərə alıb roman haqqında fikirlərimizi Faktinfo.az olaraq oxuculara təqdim edirik. İsa peyğəmbəri çarmıxa çəkənlər 2000 ildi həmin çarmıxın qarşısında diz üstə düşmüşlər və Tanrıdan bağışlanmalarını xahiş edirdilər... (“Dolu” romanı, A.Abbas) Qarabağ uğrunda gedən savaş başlayan gündən ədəbiyyatın bu savaşa münasibəti bu və ya digər şəkildə özünü göstərib. Təbii ki, ədəbiyyat yaradıcıları yazıçılar, şairlər ölkədə baş verən hər hansı ciddi ictimai-siyasi hadisəyə, qarşıya çıxan həlli müşkül problemə, ümummilli ağrıya dönən hadisələrə münasibətdə heç vaxt xəsislik göstərməyiblər. Bu sahədə poeziya daha çeviklik göstərdi, çünki poeziya olsa-olsa bu müharibənin göstəricilərinə şəxsi münasibəti ehtiva etməklə, onun gətirdiyi ağrıların ümumi mənzərəsini çəkməklə, yaxud ümumi, patriotik çağrışa tez başlayıb, tez də missiyasını başa vura bilir. Ancaq onu da vurğulamaq lazımdır ki, hər hansı müharibədən bəhs edən ən geniş bədii əsər belə deyək ki, trilogiya - həmin müharibənin yalnız müəyyən anlarını canlandıra bilir. Bu əsərlər müharibənin dəhşətlərini, əzablarını, çəkilməz ağrılarını, itkiləri canlandırsa da, baş verənlərin yüzdə-yüzü olmur. Eləcə də qeyd etməliyik ki, tərəflər arasında gedən müharibə qalib tərəfin yazarlarının yaratdığı ədəbiyyat daha çox təntənəli xarakter daşıyırsa, məğlub tərəfin yazarlarının yaratdığı ədəbi nümunələr öz qəhrəmanlarının portretini çəkməklə, uduzulmanın səbəblərini aramaqla, bu müharibənin onun xalqına gətirdiyi faciələri təsvir etməklə daha çox məşğul olur. İndi isə qarşımda yazıçı Aqil Abbasın “Dolu” adlı kitabı durur. Qeydsiz-şərtsiz bu əsəri Qarabağ müharibəsi mövzusunda yazılmış ən yaxşı, nümunəvi bir roman kimi qiymətləndirirəm. Bu roman ədəbi hadisədir. Aqil Abbas XX əsrin 80-ci illərinin sonluğuyla qısa zaman kəsiyini – təxminən 90-cı illərin sonluğuna yaxın dövrün daha əzablı, daha eybəcər, daha qorxunc faciəsinin təsvirini verə bilmişdir. Bəlkə də mənim müqayisələrim kiməsə kobud, kiməsə şişirtmə kimi görünə bilər, amma mən Aqil Abbasın bu əsərini Ç.Aytmatovun “Qiyamət”i ilə eyni ölçüdə görürəm. Əsər realizmin bütün ovqatlarını özündə cəmləsə də, yazıçı hərdən hiss olunmayacaq ustalıqla mistik təfəkkür elementlərindən, romantik çalarlardan istifadə etməklə ona yeni bir bədii məziyyət verə bilib. Əsərdə bədii obyektlər həyatidirlər, həyatda olduqları qədər əsərdə də canlıdırlar, canlı olduqları qədər də inandırıcıdırlar. Görünməz müstəvi – Azərbaycandır, yazıçı onun bir dəfə də olsun adını çəkmir, xatırlatmır, ancaq adı çəkilməyən bu müstəvidəki mərkəz bəllidir – bu dünyanın ən varlı şəhəridir. Əslində bu, şərti ad konkret olaraq, Azərbaycanın bir şəhərini göstərən ad deyil, bu, ümumiləşdirilmiş bir mərkəzdir. Ancaq əsərdə baş verən hadisələr, bəzi açıqlanan adlar – İmarət, Gülablı kimi coğrafi adlar bu şəhərin daha çox Ağdama oxşadığına işarədir. Eləcə də hadisələr və onların baş verdiyi məkan, hadisələrin dinamik inkişafını Ağdamın işğalına az qalan bir vaxtda məhz yazıçının göstərdiyi şəkildə olmasına zərrə qədər şəkk gətirmək lazım gəlmir. Bu əsər yazıçının öz təbirincə desək, “sağkən cəhənnəmi görmüşlərin” hekayətidir. “Dolu” romanı təbiət hadisəsi olan dolunun yağmasının kiçik təsviri ilə başlayır. Bu təbiət möcüzəsinin dolunun səsli tökülüşünə bütün şəhər vaxtı ilə sevinclə, hay-küylə çölə atılırdısa, indi dünyanın ən varlı şəhərinə başqa bir “dolu”, “ölüm doluları” yağır. Əsərdə deyildiyi kimi “göydən dolu yağmırdı, əzrayıl yağırdı”. Bu dolunun əsərdə ilk vurduğu adam samboçu Eldar oldu. İkinci vurduğu isə xanəndə Baratın xanımıdı. Bu doludan “qrad” raketlərinin səsi gəlir. Və dünyanın ən varlı şəhərini döyəcləyən bu səslər sonrakı baş verəcək faciələr üçün sanki zəmin yaradır. Əsərin yükünü çiynində çəkən, onun ağırlığını daşıyan üzdə olan müsbət xarakterli obrazlar Drakon, Pələng, Komandir, səhiyyə nazirinin müavini, katib, müəyyən anlamda rəis, ümumiləşdirilmiş vurğun vurmuş cavanlar aktivdirlər, hadisələrin mərkəzində dururlar. Bu cəbhə xəttinin biri açıq-aşkar onlar ilə üzbəüz atışan düşmənlə onların arasından keçir. Bunu onlar görür, onlar gördükləri bu düşmənlə savaşmaqdan qorxmurlar. Onlara qarşı vuruşan ikinci tərəf isə Viktor Petroviç Palyaniçkodur, nazirlərdir, at belində olan adamdır, “pravakator”lardı, bordağa bağlanmış buğaya dönən məmurlardır, sərxoş müdafiə naziridir. Oxucunun rəğbətini sözsüz haqq edən Drakon, Pələng, Komandir obrazlarının müharibədən əvvəlki taleləri həsəd aparılası tale deyil. Onlara sovetlər birliyinin əxlaq kodeksi ilə yanaşsaq, kriminal aləmin nümayəndələridir. Drakon ləqəbli obraz hətta qanuni oğrudur. Ancaq bu müharibə onları müdafiəçiyə, əsgərə çevirib və onlar kiməsə minnət qoymadan, kimdənsə nəsə ummadan öz doğma yurd-yuvaları uğrunda vuruşan, özü də namuslu, əsl türk oğlu kimi çarpışan döyüşçülərdi. Əsərdə maraqlı bir epizod var. Döyüşlərin birində erməni qızı əsr alınır. İntiqam almaq istəyən vurğun vurmuş cavanlar onu zorlamaq istəyir. Drakon onların qaşrısını kəsir, qoymur, hətta az qala silaha əl atmalı olur. Bəs onlar bizimkiləri zorlaya bilir? – sualına – biz emrəni deyilik – cavabını verir. Soyundurulmuş erməni qızı onu müdafiə edənin adını ha soruşsa da bir cavab eşidir – geyin! Sürüş burdan! – cavabını alır. Komandir erməni qızını buraxdığı üçün onu danlayanda – Komandir, mən arvad davası eləmirəm, torpaq davası eləyirəm – deyir. Bax budur, türk oğlunun düşməni belə heyrətə gətirən təmkinliyindən biri. Əsərin digər bir epizodunda var-dövlət yiyəsi, ən varlı şəhərin sayılıb-seçilən vəzifəlilərindən olan at belində olan adam müharibədə öldürülmüş Musa adlı şəhidin anasının qıçlarının kəsilməsi üçün lazım olan min manatı vermir. Drakon onun şalvarını çıxartmaq istəyəndə Pələng adlı müsbət obraz mane olur və əslində hər ikisinə düşmən olan bu şəxs üstündə qardaşdan artıq olan bu iki döyüşçü yumruq davasına çıxırlar. Şalvarı çıxarılmış kişi ən şərəfsiz adamdır, onsuz da şərəfi olmayan at belindəki adamı müdafiə edən Pələngə hardasa adam haqq qazandırır. Burada bircə məqam var. Musanın anasının ayaqlarını kəsmək üçün 1000 manat kimə veriləcəkdi? Bakıdakı həkimlərə...hə bax bu, o dövrün ürəkağrıdan mənzərələrindən biridi. “Dolu” romanında hərəkətsiz obrazlarla da bağlı maraqlı məqamlar var. Bu məqamlar əsəri oxunaqlı etməklə bərabər, eyni zamanda obrazların xarakterlərini açıb göstərməyə xidmət edən bir vasitə rolunu oynayır. Rəşid Behbudovla – Pələng – Drakon obrazlarının üzləşdirilməsi məhz bu missiyanı yerinə yetirir. Müəllifin hərdən bu əsərdə açıq-saçıq gülməyi də var. Yardım paylanışında vaxtı ilə heç nəyə gözünün ucu ilə baxmayanların indi hansı günə salındıqlarını əks etdirən məqamlarda adam özü-özünü danlamalı olur, - İlahi, gör bunlar bizi nə günə qoyublar, xəbərimiz yoxmuş – deyir. Böyük Vətən Müharibəsində aldığı orden və medalları döşünə taxıb yardım almağa gələn qocaya – get o dəmir-dümürünü çıxart, bu gün yardım gətirənlər almanlardır – cümləsindən acı bir həqiqət əlini uzadıb adamın içini yumruqlayır. Eləcə də komandirin Bayıl türməsində yatdığı vaxtla bağlı yazıçının 37-ci ilin bir epizodunu – Ayna Sultanova ilə Həmid Sultanovun faciəsini əsərə hiss edilmədən, ustalıqla daxil etməsi əsərin xeyrinə olan elementlərdəndir. Əslində bu əsər təzadların boy verib görsəndiyi bir əsərdir. Əsərdən qərib və qəribə talelər, ömürlər bir qırmızı xətt kimi gəlib keçir. Ədalət varmı? Həqiqət hardadır? Zaman dəyişdiyi qədər insanlar da dəyişirmi? Niyə uduzduq? Günah kimdədir? – tipli sualların cavabını “Dolu” romanında tapmaq mümkündür. Yazıçı heç kimi, heç nəyə səsləmir, hay-küylə intiqama səsləmir, kiməsə vətənpər ol didaktikasıyla üz tutmur, oxucunu özü ilə üz-üzə qoyur və sanki kim nəyin sorağındadırsa, özü tapsın deyir. Əsərin sonluğu da dolu yağmasının kiçik təsviri ilə bitir və onun bitməsindən az qala xəbərin olmur. Xəbərin olanda isə heyfslənirsən. Məhəmməd peyğəmbəri daşlayanlar “Quran”ın qarşısında diz üstə düşmüşdülər və Tanrıdan bağışlanmalarını xahiş edirdilər. (“Dolu” Aqil Abbas) Fuad İsgəndərov Faktinfo.az

28 Dekabr 2016 18:06

Tariximizin günümüzdə əks-səda verən ağrıları:Mirzə Ələkbər Sabirin “Fələ, özünü sən də bir insanmı sanırsan?!” şeiri

sabir

  Fələ, özünü sən də bir insanmı sanırsan?! Pulsuz kişi, insanlığı asanmı sanırsan?! İnsan olanın cahü cəlali gərək olsun, İnsan olanın dövləti, mali gərək olsun, Himmət demirəm, evləri ali gərək olsun; Alçaq, ufacıq daxmanı samanmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?! Hər məclisi-alidə soxulma tez arayə, Sən dur ayaq üstə, demə bir söz ümərayə, Caiz deyil insanca danışmaq füqərayə, Dövlətlilərə kəndini yeksanmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?! Fəqr ilə ğina əhlinə kim verdi müsavat? Mənadə də, surətdə də var bunda münafat, Öz fəzlini pulsuz edəməz kimsəyə isbat, Bu mümtənəi qabili-imkanmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?! Get vur çəkicin, işlə işin, çıxma zeyindən, Məqsud müsavat isə ayrılma ceyindən, Var nisbətin ərbabi-ğinayə nə şeyindən? Bir abbası gün muzdunu milyanmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?! Dövlətliyik, əlbəttə, şərafət də bizimdir, Əmlak bizimdirsə, əyalət də bizimdir, Divan bizim, ərbabi-hökumət də bizimdir, Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?! Asudə dolanmaqda ikən dövlətimizdən, Azğınlıq edirsiz də hələ nemətimizdən, Boylə çıxacaqsızmı bizim minnətimizdən? Ehsanımızın küfrünü şükranmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?! Heç bir utanırsan?! Ya bir usanırsan?! Əlminnətü-lillah, Odlara yanırsan?!

11 Dekabr 2016 10:51

Nazir qızını sevən, yazıb-oxumağı bilməyən Azərbaycan aktyoru

oxa

  Bu gün Xalq artisti, aktyor Lütvəli Abdullayevin anım günüdür Faktinfo.az Ramilə Qurbanlının “Nazir qızını sevən, yazıb-oxumağı bilməyən Azərbaycan aktyoru” yazısını təqdim edir. Həyat belədir də, bir göz qırpımı kimi. Xoş o insanın halına ki, yarım əsr yaşaya, bir əsr tamam olanda isə onun haqqında yazıla, danışıla və yubileyi qeyd oluna. Bu günlərdə onun 100 yaşı qeyd olunur. Sənətə 14 yaşında gəlib, tez-tez səhnələrə çıxıb. 42 yaşında evlənib. 59 yaşında isə həyata əlvida deyib. Dahi Üzeyir bəy “Arşın mal alan” filminin çəkilişləri üçün aktyor truppasını yığanda iki obraza sınaq üçün heç kimin dəvət olunmasına icazə verməyib. “Gülçöhrə obrazını Leyla Bədirbəyli, Vəli rolunu Lütfəli Abdullayev oynayacaq” deyib. Hə, söhbət Lütfəli Abdullayevdən gedir. “Neynəsin yazıq, yetim oğlandır” Yetim deyildi Lütfəli Abdullayev, bu ifadə onun obrazının dilindəndir sadəcə, “Əhməd haradadır?” filmindən. Lütfəli Abdullayev 1914-cü il martın 22-də Şəki yaxınlığındakı Nuxa şəhərində Əmir kişinin ailəsində dünyaya gəlib. Əmir kişi ticarət adamı idi, İrandan bura, burdan da İrana mal aparıb-gətirərmiş, xüsusən də xalça-palaz. Anası evdar qadın olub. Ailədə 3 qardaş, 3 bacı idilər. Lütfəli 14 yaşına qədər Şəkidə, ailəsi ilə birlikdə yaşayıb. Yeddiillik məktəb bitirib, sonra Şəki fəhlə-gənclər klubunda həvəskar aktyor kimi müxtəlif tamaşalarda oynayıb. Sovetlərin qurulmasından sonra ticarəti əlindən çıxan Əmir kişi bu hökuməti qəbul edə bilmirdi, “bu hökumət üçün mən əlimi ağdan-qaraya vurmayacam” deyirdi. Bu səbəbdən də ailənin vəziyyəti xoş deyildi. Lütfəli Bakını ağ günə doğru gedən qurtuluş yolu hesab edirdi. Bu yaşda uşağın təkbaşına paytaxta gəlməsi asan bir iş deyil. Taleyin işidir, bir gün Mərziyə Davudova və Əhməd Anatolu Şəkiyə qastrola gəlirlər. Qastrol tamaşasından sonra 13 yaşlı Lütfəli onlara yaxınlaşıb deyir ki, mən də sizin kimi aktyor olmaq istəyirəm. Əhməd Anatolu deyir ki, aktyor olmaq istəyirsənsə, Bakıya gəlib oxumalısan. Bu fikirdən özündə güc tapan Lütfəli 14 yaşında gəlir Bakıya, Üzeyir bəyi tapır və arzusunu bildirir. Üzeyir bəy Hacıbəyov onun istedadını duyub konservatoriyaya götürür. “Zülümov dedi, qurtardı…” Lütfəli dayısı oğlu – Onkoloji İnstitutun direktoru olmuş professor Veysəl Abdullayevin evində qalır. Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən valtorna sinfinin məşğələlərində iştirak edir. Eyni zamanda professor Berolskinin sinfində vokal sənəti ilə məşğul olur. Tale elə gətirir ki, bir müddət hətta Opera və Balet Teatrının xor truppasında oxuyur. Sənət yolu beləcə başlayır, damla-damla, qətrə-qətrə. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə musiqili səhnə göstərir. Ongünlük ərəfəsində yaradılmış musiqili komediya ansamblı ilk sınaqdan uğurla çıxır. Moskva səhnəsində ifa etdiyi rollar 24 yaşlı gəncin böyük istedadını açıb qoyur ortaya. O səbəbdən də 1939-cu ildən bünövrəsi qoyulan Musiqili Dram Teatrının ilk aktyorlarından olur Lütfəli Abdullayev. Onunla birgə Mirzəağa Əliyev, Şəmsi Bədəlbəyli, Nəsibə Zeynalova, Bəşir Səfəroglu bu teatrın sütunları idi. Bu kollektivdə indiki teatr truppalarında olmayan səmimiyyət, dostluq vardı. Xüsusən də Nəsibə Zeynalova ilə Lütfəli Abdullayev arasında. Bir ara teatr bağlanır, həmin vaxt Lütfəli Abdullayev Dram Teatrında işləməli olur. Sonra teatr yenidən açılır və Lütfəli doğma teatra qayıdır. Artıq çox sevilən aktyor idi, daha çox teatr səhnəsində oynayardı, tamaşaçı ilə canlı ünsiyyətə üstünlük verərdi. Tamaşalar zamanı improvizələr etməyi çox xoşlayırdı Lütfəli Abdullayev. Xüsusilə də Nəsibə Zeynalova ilə birlikdə. Ancaq teatrın baş rejissoru Şəmsi Bədəlbəyli buna icazə vermirdi. Ondan həm çəkinir, həm də hörmət edirdilər. Kinonu çox sevməzdi. Bu səbəbdən də cəmi 6 filmə çəkilib. “Arşın mal alan” filmi 1945-ci ildə ekranlara çıxan kimi Vəli roluna görə Stalin adına Dövlət Mükafatına (sonralar SSRİ dövlət mükafatı adlandı-R.Q.) layiq görülür. 1956-cı ildə Hüseyn Seyidzadənin “O olmasın, bu olsun”unda Baloğlan, 1960-cı ildə Ş. Şeyxovun “Qəribə əhvalat”ında Kefçilov, 1962-ci ildə Rəşid Atamalıbəyovun “Payız konserti”ndə konsert təşkilatçısı, 1963-cü ildə Adil İsgəndərovun “Əhməd haradadır” filmində Zülümov, 1964-cü ildə Ağarza Quliyevin “Ulduz”unda Məhəmməd kimi obrazlar yaradıb. “Mozalan”a isə çəkilməsi üçün Yuli Qusman bir həftə hər gün onlara gəlib-gedib, nəhayət Lütfəli Abdullayevi çəkilişə apara bilib. Lütfəli necə deyirdi, “Zülümov dedi, qurtardı…” Qusman isə “Yox, qurtarmadı…” cavabını verib. Cümhuriyyət rəhbərinin qızını sevib, onlara 4 dəfə elçi gedib Lütfəli Abdullayev savadsız adam olub, yəni yazmağı-oxumağı belə bacarmırmış, çünki məktəbdə yaxşı oxumayıb. Bildiyi yalnız ərəb əlifbası olub. Kitab oxumağı heç sevməzmiş. Teatr və kino sənətindən də heç nə oxuya bilməyib, sadəcə bu adam fitri istedad sahibi idi, sənətin nə olduğunu Tanrı özü yazıb onun beyninə “yükləyib” elə bil. Rollarını əzbərləməkdə isə ona xanımı Sevda köməklik edirmiş. Söz ki Sevda xanımdan düşdü…. Sevda xanımla adi bir yeməkxanada tanış olublar. İncəsənət adamları həmin yeməkxanada pulsuz nahar edərmişlər o vaxt. Sevda xanım isə ora anası-Azərbaycanın ilk musiqişünas qadını, əməkdar incəsənət xadimi Xurşid Ağayeva ilə gələrmiş. İlk dəfə nahar masası arxasında görüşürlər. Aktyor Sevda xanımı “Ürəkaçanlar” tamaşasına dəvət edir. O gündən Sevda onun bütün tamaşalarına gəlməyə başlayır. Bu həm də bir sevgi hekayətinin başlanğıcı idi. Bir-neçə ay sonra gizli görüşlərin sorağı Sevdanın ailəsinə gəlib çatır. Lütfəli elçi göndərir. Sevda xanımın babası Həsən bəy Ağayev ADR parlamentinin sədri, atası Əhməd bəy Pepinov Azərbaycan Xalq Cümhuriyyətinin ilk əmək naziri olmuşdu. O, həm də Ömər Faiq Nemanzadənin bibisi qızı idi. Sevda xanımı nənəsi saxlamışdı. Külli-ixtiyar onun əlində idi. Elçilərin arasında Şəmsi Bədəlbəylini görən nənə çox qeyzlənir. “Sən Bədəl bəyin oğlusan, gör kimə görə gəlmisən mənim evimə? O, özü kimdi, nəsli-nəcabəti kimdi? Heç olmasa, Dram Teatrının aktyoru olaydı...” Xədicə xanım nəvəsini aktyora verməkdən qəti imtina edir. Lütfəli 4 dəfə elçi göndərsə də qadın yola gəlmir ki, gəlmir. Sevda ilə Lütfəli düz 5 il gizli görüşür, ayrıla bilmirlər. Bir gün Lütfəli ona gizli kəbin kəsdirməyi təklif edir. Bəyzadə qızı buna razı olmur. Ayrılırlar. Sevdanı Hacımurad İbrahimbəyli adlı bir generala ərə verirlər. Lakin bu izdivacın ömrü cəmi 4 ay çəkir. Sevda qayıdır nənəsinin evinə. Həmin müddətdə Lütfəli Abdullayev “Azdrama”da işləyirdi. Teatrın bufetində işləyən qadınla dövlət tərəfindən ona verilən evdə qeyri-rəsmi yaşayırdı. Turqut adlı bir oğlu da vardı. Turqut hazırda Rusiyada yaşayır. Lütfəli Sevdanı unuda bilmirdi, amma kimdənsə ayrılan qızla evlənməyə də qərar verməyə çətinlik çəkirdi, həm də arada oğlu ziyan çəkə bilərdi. Amma bir gün ürək öz hökmünü verir. 13 ildən sonra 44 yaşlı Lütfəli Sevda xanımın işlədiyi Xarici Dillər İnstitutunun qapısını kəsdirir. Sevda Pepinovanın 32 yaşı vardı. Bu izdivacdansa aktyorun iki qızı dünyaya gəlir – Xurşid və Gülnarə. Səhnədə komik rolların ifaçısı kimi tanınan Lütfəli Abdullayev ciddi ailə başçısı və tələbkar ata idi. “Malakan” bağından qız tapıb Çox kövrək adam olub. Qızları danışırlar ki, gecəyarısı qapını döyüb evə gələn qonağı evə dəvət edər, anamıza süfrə açdırırdı. Onları dinləyib, dərdlərinə şərik olub, sabah isə gedəcəkləri yerə yola salıb: “Anamız soruşanda ki, onlar kim idi, məlum olub atam heç o adamları tanımır. Deyib ki, onları tanımadığımı desəm, sən qonaqları heç qəbul etməzdin”. Dusya adlı 16 yaşlı qızı “Malakan” bağından tapıb evə gətirib. Ona öz qızı kimi baxıb. Dusya da onu dünyalar qədər çox istəyirdi. Yeməyi çox xoşlayırmış. Xörəyi çox vaxt əllə yeyirmiş. Evə heç vaxt tək gəlmirmiş. Hər gün evdə çoxlu qonaqlar olarmış. Xanımı adətkara çevrildiyindən mətbəx yemək qazanlarıyla dolu olurdu. Bəzən qoyun kəsilirmiş. Tamaşalardan sonra isə həftədə 3 dəfə Şəmsi Bədəlbəyli həyat yoldaşı və oğlu ilə birlikdə səhərədək onlarda oturardılar. Şəmsi Bədəlbəylinin eyvanından onların eyvan görünürmüş. Şəmsi hər dəfə Lütfəligilə rayondan əlidolu gələn qonağı görən kimi tez telefona qaçırmış. Qonaq qapının zəngini basmağa macal tapmamış nömrəni yığıb deyirmiş: “Lütfəli görürəm ha, pendirdən, ətdən bura da göndər”. Lütfəli də özündən çıxır və deyirmiş: “Ay Şəmsi, qoy yaşayaq da”. Lütfəli dünyasını dəyişəndən sonra Şəmsi Bədəlbəyli onun ailəsinə çox kömək olub. Şəkəri varmış Lütfəli Abdullayevin. Həkim ona pəhriz yazıb. Aktyorsa “onsuz da gec ya tez öləcəm, qoy heç olmasa tox ölüm” — deyib. Vida, yaxud güldürən ölüm ...O axşam Nəsibə Zeynalova ilə birlikdə Lütfəli Abdullayevi də Politexnik İnstitutuna görüşə dəvət etmişdilər. Saat 8-də evə qayıdır. Şam edəndən sonra telefon kitabçasını qabağına qoyub bir-bir tanışlarına zəng vurmağa başlayır. Şəmsi Bədəlbəyliyə azı on dəfə zəng edir. Şəmsi Bədəlbəyli axırda zarafata salıb deyir ki, ay Lütfəli, qoy televizora baxım da, nə istəyirsən e?! Axırıncı zəng etdiyi şəxs Bəxtiyar Vahabzadə olur. Deyir ona ki, Bəxtiyar, Mahmudun yanına gedəcəm, sözün varsa de çatdırım... Əvvəl heç nə başa düşməyən Bəxtiyar Vahabzadə Mahmudun kimliyini soruşur. “Atan Mahmudu deyirəm də”, — deyə cavab verir Gecə 1-ə işləmiş ürəyi tutur. Təcili yardım çağırırlar. Əvvəl elə bilirlər şəkər komasına düşüb. Şəmsi Bədəlbəyli Moskvaya zəng edir. Təyyarə ilə Kreml xəstəxanasına aparacaqdılar. Amma şəkər koması da deyilmiş. Beyninə qan sızıbmış. Azərbaycan teatrının musiqili klassiki, Şərqin Çarli Çaplini sayılan Lütfəli Abdullayev 1973-cü il dekabrın 9-da gözlərini əbədi yumur. Həmin gün Sevdasının doğum gününü qeyd etməli idilər. O gün həm Sevda, həm də Bakı Lütfəli Abdullayevlə vidalaşır. Onunla vidalaşmağa yüzlərlə insan gəlmişdi. Soyuq, şaxtalı hava idi. Dünyadan köçərkən təbəssümü üzündə donmuşdu. Onun ölümünə ağlayan insanlar bunu görəndə qeyri-ixtiyari gülümsəyirdilər. Beləcə böyük komediya aktyoru ölümü ilə də tamaşaçısına təbəssüm bəxş edə bildi. Bu günlərdə onun 100 yaşı qeyd olunur. Sənətə 14 yaşında gəlib, tez-tez səhnələrə çıxıb. 42 yaşında evlənib. 59 yaşında isə həyata əlvida deyib. Həyat belədir də, bir göz qırpımı kimi. Xoş o, insanın halına ki yarım əsr yaşaya, amma bir əsr tamam olanda onun haqqında yazıla, danışıla və yubileyi qeyd oluna. Ramilə Qurbanlı(kulis)

9 Dekabr 2016 15:25

Biz niyə kitab oxumuruq?

sam

Ta uşaqlıqdan oxuduğum nağılların qəhrəmanları həyatımın formalaşmasında əl ağacım olub. Sonralar Azərbaycan və dünya ədəbiyyat nümunələri yol yoldaşıma, tale sirdaşıma çevrildilər. Orta məktəbdə oxuyanda məktəb və rayon kitabxanalarında oxumadığım kitab qalmamışdı. Hətta eləsi var idi ki, dönüb-dönüb oxuyurdum, lakin yenə də doymurdum. Kitabları oxumurdum, onları demək olar ki, su kimi içirdim, gözlərimlə ürəyimə hopdururdum. Kitablara qarşı məndə bir hərislik yaranmışdı. Kimsə məndən cox oxusaydı dəli olurdum, ən yaxşı halda isə  ağlayırdım. Maksim Qorki deyib: "Kitab bilik mənbəyidir, onu sevin".  Kitabı necə sevməmək olar? Təbii ki, mən bu sualı özümə verirəm. Və bəzilərinin, bəlkə də çoxlarının kitabı nədən sevmədiklərinin, mütaliə etmədiklərinin, bədii ədəbiyyata maraq göstərmədiklərinin səbəbini tapmaq üçün ağlıma yüz cür fikir gəlir. Kitabı sevməyənlər, hətta ona nifrət edənlər var, əlbəttə. Onu lazımsız əşya hesab edənləri də görmüşəm. Hətta elələrini görmüşəm ki, kitabdan bəzək əşyası kimi istifadə ediblər. Sovetlər dönəmində varlıların bəziləri - kitabdan  qanmayanlar, onun necə bir xəzinə olduğunu anlamayanlar - yalnızca cildləri evin mebelləri ilə, divar kağızları ilə həmrəng olan kitabları rəflərə düzürdülər, "desinlər ki, Xaçaturun da xançalı var" misalı. Meşşan idilər... Tez-tez belə sualla rastlaşırıq: "Biz bu gün niyə kitab oxumuruq"? Bəlkə də sualın qoyuluşu bir qədər ritorik səslənir. Niyə oxumuruq ki? Oxuyuruq... amma nə oxuyuruq, hansı kitabları oxuyuruq, kimə üz tuturuq? Bax, əsas məsələ budur, bunu düşünmək lazımdır. Sovet dövrünün öz ədəbiyyatı var idi. Ədəbiyyat kommunist partiyasına, sovet ideologiyasına, sinifsiz cəmiyyətin üstünlüklərinə, onun təntənəsinə xidmət edirdi. Hər bir ideologiyanın əsas bazalarından biri də kitabdır. 70 illik sovet rejiminin ideologiyası rejimə xidmət edən yazarların kitablarında əks olunurdu.  Sovet ədəbiyyatının vəzifəsi bu idi, bu ideologiyadan kənara çıxmaq olmazdı. Azca "yolunu azanlar"ın da aqibəti pis olurdu, ən yaxşı halda dissident kimi xaricdə yaşamağa imkan tapa bilirdi. Dünya ədəbiyyatından da Azərbaycan dilinə tərcümə olunmuş əsərlər bir növ sovet ideologiyasına yaxın olanlar, yaxud da bilavasitə kapitalizmi ifşa edən kitablar idi. Biz bu kitabların hamısını fərqinə varmadan oxuyurduq - həm orta məktəbdə, həm də ali məktəbdə. Rusdillilər üçün isə meydan çox geniş idi. Tərcümə olunmamış dünya ədəbiyyat nümünələrini rus dilindən rahatlıqla oxuyurdular. Bu gün isə tam fərqli mənzərə yaranıb. Kitab bolluğudur. Cəfəngiyat yazılardan tutmuş ən gözəl, ən aktual əsərlərin sərgiləndiyi Söz Dünyasında mütaliə üçün seçim imkanları çox böyükdür. Gəl ki, bu imkanlardan geninə-boluna istifadə edilmir. Yoxsa elmi-texniki tərəqqinin imkanları mütaliənin əl-qolunu bağlayıb? Məncə, yox. Əvvəla, orta statistik azərbaycanlının oxuması üçün kitab seçimi problemdi. Çünki klassik Azərbaycan və dünya ədəbiyyatının yaradıcılarından bixəbər olan adam üçün kitab oxumaq vaxt öldürmək kimi bir şeydir. Və o bu bolluqda seçim edə bilmir. Ya nə gəldi başdansovdu oxuyur, ya da ki, kitaba yaxın düşmür.  Ziyalı təbəqənin nümayəndələri isə daha çox internetdən istifadə edir, burdan oxumağa üstünlük verirlər. O da hamısı yox, əlbəttə. Mən elə ziyalı tanıyıram deyir  ki, son 20-25 ildi əlinə bir dənə də olsun bədii kitab alıb oxumayıb. Son illərin çək-çeviri, zəmanənin dəyişikliyi bu adamı fərqli düşünməyə vadar edib. Nə yazıq ki, gündəlik problemlərin onun üstünə gəldiyini və bundan qaça bilmədiyini söyləyən həmin ziyalıya adi məişət problemləri kitabı tamam unutdurub... Bir məsələ də var ki, indi az qala hamı kitab oxumaqdan çox, kitab yazır. Sanki kitab yazmaq yarışına giriblər. Amma fikirləşmirlər ki, onların yazdıqlarını oxuyan varmı? Fikirləşmirlər ki, bir qəpiklik məna və məzmun dəyəri olmayan, amma bir ətək pul verib nəfis tərtibatda, bahalı kağızlarda çap olunan bu kitabların üzünə belə baxan yoxdur. Kitab dükanlarında, lap elə qəzet köşklərində belə cızma-qaralar nə qədər istəsəniz var. Dəfələrlə olub ki,  qəzet aldığım köşkün satıcısı bu cür kitablardan almağımı təklif edib. Təbii ki, satıcının özünün marağı var bu təklifdə-satacağı kitabdan ona qalan müəyyən məbləğ xatirinə müştərilərinə kitab almağı da məsləhət görür. Mənim azdan-çoxdan başım çıxır ki, nəyi oxuya bilərəm, nəyi oxumağa ehtiyacım yoxdu. Amma hər kəs belə deyil ki... Əslində kitab oxumaq vərdişi ailədə qazanılmalıdır. Britaniyalı mütəxəssislər hesab edirlər ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman onlara kitab seçmələri üçün istədikləri qədər vaxt verilməlidir: "Başlanğıcda övladınıza rahat əldə tuta biləcəyi, içində qısa hekayələri və maraqlı şəkilləri olan kiçik kitablar alın, çünki o, məhz belə kitabları sevir". Kitab oxumaq vərdişi, mütaliəyə maraq genlə, qanla da keçir. Mən anamın bətnində olarkən o, kitabxanada işləyirmiş. Bütün günü kitab oxuyarmış, kitabxanada kitab qalmayıbmış, eləsi varmış ki, təkrar-təkrar oxuyurmuş. Hamiləliyi yüngül keçsin deyə çox oturmazmış. Yeddi ay kitabları ayaqüstə - gəzişə-gəzişə oxuyub. Anam bu hadisəni mənə danışanda anladım ki, kitablara nədən bu qədər həris olmuşam. Anamın həmin vərdişi mənə keçmişdi. Orta məktəbdə oxuyanda şeirləri gəzişə-gəzişə əzbərləyirdim. Oxuduğu kitabların təsiri altında keçirdiyi hisslər,  hərəkətləri dünyaya gəlməmiş - ana bətnindəykən mənə keçib... Anam 92 yaşında gözlərini əbədi yumdu. Dünyasını dəyişdiyi son saatlara qədər mütaliəsindən qalmadı. O deyirdi ki, Allahdan sonra ikinci müqəddəs varlıq SÖZdür. Bizim ailədə SÖZ həmişə qiymətli olub, yüksək dəyərləndirilib. Və bu dəyər mənim əlimdən tutub, anamın südü ilə, qanı ilə varlığıma hopan müqəddəs SÖZün fonunda həmişə  KİTAB işığına can atmışam. Bu işıqda kimləri görməmişəm, özümü kimlərə bənzətməmişəm?! Oxuduğum kutabların qəhrəmanları həyat yolumu müəyyənləşdirib, taleyimi istiqamətləndirib. Bədii əsərlər düşüncələrimin formalaşmasında, həyata və dünyaya baxışımda böyük rol oynayıb. Kitablar vasitəsi ilə özümü ifadə edə bilmişəm. Elə bir kitab olmayıb ki, ondan nəsə öyrənnməyim. Mənə elə gəlir ki, alın yazımı, Allahın bəxş etdiyi taleyimi kitablarda tapmışam. Həyatda qazandıqlarıma görə bu gün kitablara çox borcluyam... Züleyxa Nadir

1 Dekabr 2016 15:33

“Qəbirstanliqda məhəbbət əhvalatı”

elcnn7

  Xalq yazıçısı Elçinin “Qəbirstanliqda məhəbbət əhvalatı” hekayəsini təqdim edirik … sonra dəniz tərəfdən yüngülcə bir yaz mehi əsdi və o yaz mehi güllərin, çiçəklərin ətrini bütün ətrafa yaydı, elə bil, bura qəbirstanlıq yox, dağ yamacındakı o gözəl çəmənlik kimi bir yer idi – o gözəl çəmənlik ki, Şölünün uşaqlığı da, yeniyetməliyi, gəncliyi də kəndlərinin böyründəki o çəmənlikdə keçmişdi. Qəbirstanlıqda iki cür gül-çiçək olur: asfalt cərgələrin kənarlarında, qəbirlərin ətrafında əkilmiş gül-çiçəklər, bir də ziyarətə gələn adamların sinə daşlarına düzdükləri gül dəstələri (bəziləri də elə selafana bükülü-bükülü sinə daşlarının üzərinə qoyulurdu) və başqa xadimələri bilmirəm, ancaq Şölü bu qəbirstanlıq güllərinin fərqini hiss edirdi – dükanlardan alınıb gətirilmiş sapları kəsik güllərin ətrində Şölü üçün açıq-aşkar bir qəbirstanlıq qəmi, qüssəsi, kədəri var idi, ancaq elə ki, bu gözəl yaz mehi dənizdən əsirdi, elə bil, o qəm-qüssəni, o kədəri də təmizləyib özü ilə aparırdı, qəbirstanlığa təkcə canlı gül-çiçəyin ətri yayılırdı. Bəzən Şölüyə elə gəlirdi ki, bu canlı gül-çiçək ətrini qəbir daşlarına həkk edilmiş şəkillər də hiss edir, o rəhmətliklərin ruhları da xoşhal olur və həmin yaz günü də şvabradakı yaş əskiylə Muxtar kişinin sinə daşını silə-silə, yenə Şölüyə elə gəldi ki, elə bil, bu rəhmətlik o yaz mehinin ətrafa yaydığı gül-çiçək ətrindən həzz aldığı üçün beləcə gülümsəyir. Rəhmətlik bu həyatda səksən səkkiz il yaşamışdı və yaşlı vaxtlarında da çəkdirdiyi şəkildə bic-bic gülümsəyə-gülümsəyə düz qırx il bundan əvvəl qoyub getdiyi dünyaya baxırdı – görünür, əhli-kef adamıymış. Şəkilin altında Muxtar kişinin ad-familindən sonra yazılmışdı ki, 1888-ci ildə anadan olub, 1976-cı ildə də haqq dünyasına köçüb və belə məlum olurdu ki, Muxtar kişi həm də bu qəbirstanlığın ən yaşlı sakinlərindən biridir, çünki camaatın «Qarğa qondu qəbirstanlığı» dediyi bu qəbirstanlıq elə 70-ci illərin ortalarında – sovet vaxtı salınmışdı. Bu şəhərin qəbirstanlıqları köhnəlmişdi – bir tərəfdən ölü basdırmağa yer tapılmırdı, o biri tərəfdən də o qəbirstanlıqlarda səliqə-səhman deyilən bir şey yox idi, qatma-qarışıqlıq baş alıb gedirdi, qəbirlər bir-birinə dirənmişdi və həmin qəbirstanlıqlar savadsız mollaların, bir də oradakı yaşları bilinməyən ağaclarda yuva qurmuş qarğaların ümidinə qalmışdı. Şəhərin kommunist rəhbərliyi vəziyyəti belə görüb, nümunəvi qəbirstanlıq salmağı qərara almışdı və şəhərin aşağı hissəsindəki «Qarğa qondu» deyilən təpəliklə dənizin arasında təzə bir qəbirstanlıq üçün yer ayırmış, kiçik bir müdiriyyət yaradıb, ştatlar vermişdi. Buranın adı da şəhər camaatının dilində «Qarğa qondu qəbirsanlığı» kimi məşhurlaşmağa başladı və düzdür, camaatın çoxu ölülərini köhnə qəbirstanlıqda ata-babalarının, qohum-əqrabalarının yanında dəfn etmək istəyirdi, ancaq «Qarğa qondu qəbirstanlığı» da yavaş-yavaş böyüyürdü. Sovet İttifaqı dağılandan sonra bir ara burda da hərc-mərclik başladı, ancaq yavaş-yavaş ara sakitləşdi, xüsusən Qiyas müəllim müdir olandan sonra bu qəbirstanlıq şəhərin həqiqətən nümunəvi bir qəbirstanlığına çevrildi. Muxtar kişinin qəbri yeganə qəbir idi ki, Şölü həmişə bu qəbri silib, çör-çöpdən təmizləyəndə illər ərzində ürəyinə hopmuş qəbirstanlıq məyusluğu, elə bil, uçub gedirdi və Şölü bu dəfə də Muxtar kişinin bic-bic gülümsəyən şəkilinə baxa-baxa ürəyində: «- Nə var, nə yox, a kişi?- soruşdu.- Oralarda da kefin kökdü, yoxsa, yox?» Düzdü, o qəbirstanlıq məyusluğu uçub gedirdi, amma sonra yenə qayıdırdı. Və bu vaxt yuxarı tərəfdən qəbirstanlığın müdiri Qiyas müəllimin o yaz mehinin yaydığı gül-çiçək ətrinə heç vəchlə uyuşmayan və nəinki uyuşmayan, hətta tamam zidd olan cır səsi gəldi: - Süleymanova!.. - O mürdəşir üzünü yumuş səni çağırır… - Bunu da iki cərgə aşağıda təmizlik işləri ilə məşqul olan Ziba xala dedi. Şölü: - Hə, eşidirəm, çağırır...- dedi. Öz familyası hər dəfə Qiyas müəllim onu çağıranda Şölünün yadına düşürdü. - Elə çağırır, elə bil zamministirdi!.. - Bunu yenə də Qiyas məllimin qarasına Ziba xala dedi – bu arvadın aləmində, görünür, «zamministr»dan böyük adam yox idi: «Pax!.. Yoxsa ki, zamministrsən!..» Ziba xala dağ yəhudisi idi, ancaq Azərbaycan dilini azırbaycanlılardan da yaxşı bilirdi və «Qarğa qondu qəbirstanlığı» işə başlayandan burada işləyirdi, kürreyi-ərzdə də Qiyas müəllimlə cani-dildən intiriqa aparan bir adam vardısa, o da Ziba xala idi. Əslində, mən bilən, «Qarğa qondu qəbirstanlığında» işləyənlərin arasında Qiyas müəllimdən ötrü sino gedən adam yox idi, çünki köynəyinin boğazlığı həmişə utülənməmiş olan, həmişə də eyni köhnə qalstukunu taxan, udqunanda nazik və dərisi qırışıq boğazının iri və ucu iti hülqumu qalxıb-enən, əlli yeddi-əlli səkkiz, bəlkə də altmış yaşlı bu arıq, uzun burun, qarabəniz adamın bir dəfə də olsun, üzü gülməzdi və Allah onun qupquru dilinə heç olmasa bir cıqqanaq şirinlik verməyi də əsirgəmişdi. Yenə Qiyas müəllimin dənizdən əsən bu gözəl yaz mehinin ətrafa yaydığı gül-çiçək ətrinə qənim kəsilmiş cır səsi gəldi: - Süleymanova!.. Şölü aşağıdan yxarı: - Gəlirəm, Qiyas məllim, gəlirəm.- qışqırdı və Muxtar kişi bu dəfə, elə bil, Şölüyə də, lap elə Qiyas müəllimin özünə də lağ edə-edə gülümsədi. Şölünün adı Şölə idi və Şölənin heç vaxt ağlına gəlməzdi ki, haçansa qəbirstanlıqda xadimə olacaq, ancaq adamın istəməyindən nə asılıdı? – heç nə, – həyatdı və hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır, quş kimi uçub gedir: düz on il idi ki, bu qəbirstanlıqda xadiməlik edirdi. Bu on ilin son yeddi ili Qiyas müəllimin rəhbərliyi ilə keçmişdi, ona qədər «Qarğa qondu qəbirstanlığına» az qala ayda bir müdir gəlib gedirdi, ancaq yeddi il idi ki, Qiyas müəllimin müdirliyi davam edirdi və heç kimin azacıq da olsun, şübhəsi yox idi ki, Qiyas müəllim ömrünün sonuna kimi də burda müdir olacaq. Fasilə zamanı – Qiyas müəllim dəqiqəbədəqiqə nəzarət edirdi: saat bir tamamla iki tamam arası – xadimələr süpürgələri, şvabraları səliqə ilə dar dəhlizin divarına söykəyib, nahara başlayanda – kim evdən nə gətirmişdisə, elektrik sobasında qızdırıb qoyurdu öz qabağına – və Ziba xala deyirdi: «- Bu köpəkoğlunu (yəni ki, Qiyas müəllimi) öləndə də burda basdıracaqlar.» Şölü zarafatla: «- Ziba xala,- deyirdi.- Səni Qiyas müəllimlə barışdıracam.» Ziba xala: «- Pax!.. Allah vurmuşdu onu! Yoxsa ki, elə sənin qədrini də çox bilir? Səhərdən axşamacan canını qoyursan burda! O qəbiri təmizlə, buranı sil-süpür!.. Bir xoş söz eşitmisən onnan? Ay eşitdin a!.. Mən öləndə də heç yasıma gəlməyəcək!.. Cəhənnəmə gəlsin! Onunku odu ki,- Ziba xala Qiyas müəllimi yamsılayırdı.- «Suleymanova, az-z-z, buranı bir də sil! Xanukova, az-z-z, bir də geciksən, daha işə gəlmə!..» Elə sənin başunçun!..» Xanukova (Qiyas müəllim işçiləri ancaq famili ilə çağırırdı) Ziba xalanın famili idi, yaşı da yetmişi haqlamışdı və buna görə idi, ya nəyə görəydisə, tez-tez ölümdən danışırdı. Bir oğlu vardı, Semyon (Ziba xala tez-tez onun adını çəkirdi: «- Mənə nə lazımdı? Heç nə! Syomanın canı sağ olsun!»), ailəsi ilə İzrailə köçmüşdü, deyilənə görə oradakı böyük restoranlardan birində aşbaz işləyirdi və onun bişirdiyi Azərbaycan xörəklərindən – plovdan, dolmadan, xaşdan, çığırtmadan, düşbərə-qutabdan ötrü o restoranın qabağına həmişə növbə düzülürdü. Ziba xalanın qızı isə bir amerikalı zənciyə ərə getmişdi, Pelsinvaliyada yaşayırdı – qız da, Semyon da Ziba xalanı yanına çağırırdı, ancaq Ziba xala heç hara getmirdi, «- Mən Azərbaycansız yaşaya bilmərəm!»- deyirdi və heç kimin şəkk-şübhəsi yox idi ki, o, bu sözləri sidq-ürəkdən, cani-dildən deyir. Semyon istəmirdi ki, Ziba xala qəbirstanlıqda xadimə işləsin, amma Ziba xala deyirdi ki, mən bura öyrəşmişəm və o, bu sözləri deyəndə Şölüyə elə gəlirdi ki, Ziba xalanın ürəyində bir nisgil var ki, onu burada, yəni «Qarğa qondu qəbirstanlığında» dəfn etməyəcəklər – şəhərdə yəhudilərin öz qəbirstanlığı var idi, müsəlmanların öz qəbirstanlığı, xaçərəstlərin də öz qəbirstanlığı – hətta bütün dinlərin qəddar düşməni Sovet hökuməti də yetmiş il nə qədər çalışdısa da, belə bir qəbirstanlıq ayrı-seçgiliyinin öhdəsindən gələ bilmədi. Şölünün də yaşı az deyildi, bu il əlli tamam olacaqdı və Şölü də Ziba xala kimi tək yaşayırdı (ümumiyyətlə, bu qəbirstanlıq, elə bil, tək insanlar məmləkəti idi), – oğlu Rusiyada, Barnaul şəhərində polis nəfəri işləyirdi, bir rus arvadla evlənmişdi, iki uşağı var idi, bundan başqa, Şölü artıq bilirdi ki, o arvadın əvvəlki ərindən də iki uşağı var, ancaq Şölü hələ ki, nəvələri görməmişdi – oğlu nə gəlirdi, nə də yanına çağırırdı, təkcə elə məktub yazırdı: necəsən, Novruzda gələcəyəm, ancaq hər Novruz bayramında özü gəlib çıxmırdı, hədiyyə göndərirdi: ya bir yaylıq olurdu, ya bir kofta, ya da bir yun jempir və hər dəfə də Şölüyə elə gəlirdi ki, oğlu il boyu arvadından gizlin pul yığır, eləcə gizlin-gizlin də hədiyyə alıb ona göndərir. Qızının işləri pis deyildi, ibtidai sinif müəllimi idi, yeddi il bundan qabaq Pedaqoji Universiteti bitirib rayona təyinat almışdı, orda da bir baytar həkimə – yaxşı adam idi – ərə getmişdi, onun da iki uşağı var idi və Şölü onları ildə iki-üç kərə görürdü: bazar günü növbətçi olmadığı vaxtlar Qiyas müəllimdən bir gün icazə alırdı, çantasına əvvəldən tədarükünü gördüyü konfet, peçenye, Moskva kolbasası və başqa şəhər nemətlərindən yığaraq, şənbə sübh tezdən avtobusa minib rayona – beş saatlıq yol idi, – rayonda da başqa bir maşın tapıb, onların yaşadığı kəndə gedirdi, bir gecə qalıb, bazar günü axşam təzədən yola düşürdü, gecə Bakıya gəlib çıxırdı, səhər saat doqquzda da qəbirstanlıqda işə başlayırdı. - Ay qız, Süleymanova, harda qaldın? - Gəldim də, Qiyas məllim… Gəldim… - Yoxuşu tələsik qalxan Şölü bir əlində şvabra, o biri əlində də yarımçıq su doldurduğu vedrə, təngnəfəs Qiyas müəllimlə üzbəüz dayandı. - Eşitmirsən, az-z-z, Qiyas müəllim çağırır səni?- Bunu barmaqları arasında daima siqaret olan Qiyas müəllim dedi – həmişə özü haqqında üçüncü şəxs kimi danışırdı. Şölü: - Muxtar kişinin tozunu alırdım…- dedi. Qiyas müəllim ətli-qanlı bədəni olan Şölünün tələsə-tələsə gəldiyi üçün qıpqırmızı pörtmüş dolu və hamar yanaqlarına baxa-baxa: - Sənki də elə Muxtar kişi olsun…- dedi və bir-iki dəfə udqundu – udqunduqca da nazik və dərisi qırışıq boğazının iri və ucu iti hülqumu qalxdı-endi. Qiyas müəllim bu boyda qəbirstanlıqdakı qəbirlərin demək olar ki, hamısını bir-bir tanıyırdı və hansı qəbrin hansı cərgədə, hətta hansı qəbirlərin arasında olduğunu da bilirdi. Adətən, Muxtar kişinin adı çəkiləndə qəbirstanlıq işçilərinin sifətində bir təbəssüm yaranırdı, ancaq Qiyas müəllimin heç dodağı da qaçmırdı və bu dəfə də həmişəki quruluğu ilə sümükləri görünən uzun barmağını qarşı-qarşıya durduğu qəbrə tərəf uzadıb: - Az-z-z, - dedi.- Sən görmürsən zeytunun budağı nətər uzanıb? Bu, əlli yaşında – elə Şölü yaşında, Şölu kimi də ətli-qanlı – dünyasını dəyişmiş yazıq Səkinə Nofəl qızının qəbri idi və qəbrin kənarındakı zeytun ağacının təzə bir budağı Səkinə Nofəl qızının başdaşının qabağına uzanmışdı, kənardan baxanda rəhmətliyin adı oxunmurdu. Qiyas müəllim bu dəfə də sümükləri görünən uzun barmağı ilə o təzə budağı göstərə-göstərə və ösgürə-ösgürə – bu, həmişəki siqaret ösgürəyinə oxşamırdı, deyəsən soyuqlamışdı – xırıldamağa başlamış cır səsiylə: - Bunun bu badağını niyə kəsmirsən, az-z-z?..- soruşdu. Şölü: - Qiyas məllim,- dedi.- İstədim kəsim, amma fikirləşdim ki, bunun əri iki gündən bir gəlir, gül gətirir, əvvəlcə ona deyim, sonra… Səkinə Nofəl qızının əri doğrudan da tez-tez gəlirdi, hər dəfə də qırmızı qızılgüllər gətirib, səliqə ilə rəhmətliyin sinə daşına düzürdü və arvadının başdaşı ilə üzbəüz durub, başını aşağa salaraq, az qala yarım saat (bəzən lap çox da olurdu) eləcə dayanırdı. Şölünün sözləri, deyəsən, Qiyas müəllimin ağlına batdı və o, bir az fikirləşib, yenə ösgürə-ösgürə: - Yaxşı da…- dedi. Və Şölü təzədən aşağı endi ki, Muxtar kişinin təmizlik işlərini sona çatdırsın və keçsin cərgədəki növbəti qəbirə. Arxadan yenə Qiyas müəllimin səsi gəldi: - Süleymanova!.. Şölü ayaq saxlayıb, geri çevrildi: - Bəli, Qiyas məllim… Qiyas müəllim əvvəlcə bir-iki dəfə udqundu və onun aralarındakı məsafədən də görünən iri və ucu iti hulqumu qalxıb endi, sonra: - Az-z-z,- dedi.- Bax ha, yadından çıxmasın! Şölü: - Arxayın olun, Qiyas məllim.- dedi. Şölü gəlib şvabra ilə Muxtar kişinin sinə daşını silə-silə rəhmətliyin gülümsəyən şəklinə baxdı və fikrindən keçirdi ki, sabah, yəni bazar günü növbətçi olmasaydı, Qiyas müəllimdən bu günün icazəsini alıb, uşaqların yanına gedərdi – şənbə günü xəstəxanalarda, poliklinikalarda olduğu kimi, hələ sovet vaxtından qəbirstanlıqda da iş günü idi və bu qaydanı Qiyas müəllim qoymamışdı, ancaq Qiyas müəllim başqa bir qayda qoymuşdu ki, xadimələr bazar günləri də növbə ilə işə çıxmalı, sil-süpür etməli, səliqə-səhman yaratmalıydı. Qəbirstanlığı başlı-başına buraxmaq olmazdı – insan öləndə baxmır ki, bazardı, ya hansı gündü və Qiyas müəllim növbətçi cədvəli düzəltmişdi – o cədvəl uzrə xadimələr növbə ilə bazar günləri işə çıxırdı və sabah da Şölünün növbəsi idi. Dənizdən əsən o yaz mehi birdən-birə gəldiyi kimi, birdən-birə də keçib getdi və o gözəl gül-çiçək ətrini də həmişəki kimi özü ilə apardı. Qəbirlərdə yatan rəhmətliklər üçün gətirilmiş güllərin ölgün ətri yenə bir-birinə qarışdı və belə vaxtlarda olduğu kimi, indi də Şölüyə elə gədi ki, artıq tumurcuqlamağa başlamış ağaclar da o gözəl gül-çiçək ətrinin keçib getməsindən bikef oldu, elə bil, həmişə – yay-qış, gecə-gündüz, göyün üzü açıq olanda da, buludlar topalışanda da qəbirstanlığın üzərində olan kədərli bir aura aşağı enib, bu ağacların üstünə çökdü və onların yaz sevincinə açıq-aşkar bir qüssə gətirdi. Bir tərəfdən də Qiyas müəllimin – deyəsən kişi möhkəm soyuqlamışdı – ösgürəyi çoxalmışdı və onun o xırıltılı ösgürəyi də o qəbirstanlıq qüssəsini, elə bil, daha da artırırdı; elə bil, Qiyas müəllimin o öskürəyi buralara hopmuş o qüssənin səsi, avazı idi. «Qarğa qondu qəbirstanlığı»nın işçiləri dörd xadimədən, ağacları, gülləri sulayan fəhlədən, bir də müdir Qiyas müəllimdən ibarət idi, ancaq Ziba xalanın dediyinə görə əvvəllər, yəni sovet vaxtı buradakı işçilərin sayı çox olmuşdu və bilmirəm, düzdü, ya yox, amma Ziba xala and-aman edirdi ki, sovet vaxtı hətta buradakı xadimələrdən biri – indi rəhmətə gedib – şəhərin deputatı seçilmişdi. «Qarğa qondu qəbirstanlığı»nda bir ştat da var idi – göztçi ştatı və Qiyas müəllim şəhər rəhbərliyi ilə razılaşdırıb, o gözətçi vəzifəsini də özünə götürmüşdü, ancaq Qiyas müəllim müdir maaşından əlavə aldığı gözətçi maaşını özünə götürmürdü, qəbirstanlıqda «Xeyriyyə fondu» yaradıb, həmin maaşı o Fondda yığırdı, o Fondun rəhbəri də, müsahibi, katibəsi də özü idi və Yeni ildə, Novruz bayramında, bir də Respublika günündə işçilərə Fondun hədiyyələrini verirdi. Qiyas müəllim səliqə-səhmanla bir qalın «Fond jurnalı» düzəltmişdi və paylanan hədiyyələrin adlarını da, qiymətlərini də, tarixlərini də bir-bir o «Fond jurnalı»na yazırdı, işçilər də hədiyyələri götürəndə jurnala qol çəkirdilər. Şölü hərdən Ziba xalanı cırnadırdı: «- Görürsən, Ziba xala,- deyirdi.- Kişi öz halal maaşını da bizimçün xərcləyir. Özü gedib bizim üçün bir-bir hədiyyələr alır? Buna nə sözün?» Ziba xala: «- Pax!..- deyirdi.- Mənə verdiyi duxudan olmaz!.. Sovet vaxtı o duxuları kişi dəlləkləri işlədirdi…» Şölü də gülə-gülə fikrindən keçirirdi (amma demirdi) ki, arvadın, deyəsən, ürəyindən fransız ətri keçir – lap fransız ətri alıb gətirdi Qiyas məllim, sənin, ay Ziba xala, day, harana yaraşır fransız ətri? Qiyas müəllimin müdirlikdən başqa gecə gözətçisi olmağının bir səbəbi də, görünür, onda idi ki, o, elə burda – qəbirstanlıqda yaşayırdı: qəbirstanlığın sovet vaxtından qalmış kürsülü kiçik inzibati binası ensiz bir dəhlizdən və yanyana tikilib qapıları o ensiz dəhlizə açılan üç otaqdan ibarət idi – birinci otaq xadimələrin idi, ortadakı otaq anbar kimi bir şey idi, iş pal-raltarı, vedrə-süpürgə və s. ora yığılırdı, ondan sonrakı otaq isə Qiyas müəllimin həm kabineti, həm də evi idi. Axşam düz altı tamamda – vaxtı dəqiq yoxlamaq şəxsən Qiyas müəllimin nəzarətində idi – işçilər çıxıb gedirdi, Qiyas müəllim isə qəbirstanlıqda qalırdı və o işçilərdən də heç kim, hətta Ziba xala da bilmirdi ki, bu adam niyə belə təkdi, niyə yanına heç kim gəlib-getmir? Nahar fasiləsində xadimələr mırt vuranda Ziba xala deyirdi: «- Bilmirsiz ki, çürük taxta mıx götürməz? Bununku ancaq bizə prikaz verməkdi. Köpəkoğlu, elə bil, zamministirdi!..» 2. Şölünün mənzili qəbirstanlığa yaxın idi – təpənin o biri tərəfində, dənizdən bir az aralıdakı həyət evlərindən birində – ancaq oradan qəbirstanlıq görünmürdü, görünsəydi əri burda ev tikməzdi, çünki o rəhmətlik qəbirstanlıqdan, ölüdən və ölməkdən çox qorxurdu və Şölü həmişə fikirləşirdi ki, rəhmətlik nə yaxşı xəstələnmədi: on bir il… yox, daha on bir yox, on iki il bundan əvvəl axşam həmişəki kimi metro ilə evə gələndə, elə metroda da qəflətən rəhmətə getmişdi, elə bil, ölməkdən qoxduğu üçün, Allah ona eləcə rahat bir ölüm göndərmişdi. Şölüdən düz on yeddi yaş böyük idi, yaxşı, sakit adam idi rəhmətlik, yaxşı da televizor ustası idi və qazancı da o vaxtlar üçün pis deyildi. Eyni kənddən idilər və o, gəlib kənddə toy eləyib, Şölünü şəhərə aparanda (yəni bura gətirəndə), Şölünün on səkkiz yaşı var idi – əvvəlcə kirayədə yaşadılar, sonra rəhmətlik burda sahə alıb, özü ev tikdi – əlindən hər iş gələn zəhmətkeş bir adam idi. O, eləcə qəflətən haqq dünyasına köçdü, həyatın da pis üzü, elə bil, pusquda dayanıb onun ölməyini gözləyirdi… Və o yaz günü düz axşam saat altıda işdən çıxıb evə gələndə, həyət qapısını açıb içəri girəndə Şölünü həmişəki kimi toyuqların hürkmüş qaqqıltısı qarşıladı – Şölü həyətdə toyuq-cücə saxlayırdı – və qara qart toyuq yenə başını qaldırıb tərs-tərs ona baxdı, o da: - Ay səfeh, mənəm də!..- dedi və güldü. Doğrudan da yer üzündə toyuqdan səfeh bir məxluqat tapmaq çətin məsələ idi – bu qara qart toyuq cücə vaxtından ömrünü bu həyətdə keçirmişdi, bütün ömrü boyu Şölünün səpdiyi dəni, çörək qırıntılarını yemişdi, amma yenə də Şölünü tanımırdı və hər dəfə də axşam Şölü işdən qayıdanda başını qaldırıb beləcə tərs-tərs ona baxırdı. Şölü dünən kotlet bişirmişdi, ikisini bu gün işə aparıb naharda yemişdi, ikisini də axşama saxlamışdı, amma o yaz axşamı kotletləri meyli çəkmədi, yemədi, bir az ora-bura vurnuxdu, sonra da hamama girib çimməyə başladı və kisələnə-kisələnə də həmişəlik bir uzaqlıqda qalmış o yamacdakı güllü-çiçəkli gözəl çəmənlik Şölünün yadına düşdü – o gözəl çəmənlik ki, kəndlərindən axan Duruçay o yamacın ətəyindən keçirdi və yay vaxtları 14-15 yaşlı Şölü çayın qırağında oturub ayaqlarını yuyurdu və hərdən gözucu görəndə ki, elə onun yaşıdları olan bir-iki oğlan adda-budda ağacların arxasından gizlincə ona baxır, özünü görməməzliyə vururdu, paltarının ətəyini bir az da yuxarı qldırırdı, əli ilə baldırına da su çəkirdi və onun ağappaq, dolu və balıq kimi hamar baldırı gün işığında elə o balıq pulları kimi işıldıyırdı. 3. Sübh vaxtları maşınların, bu tərəfdəki fabrik-zavodların tüstüsü çəkilirdi və Şölü demək olar ki, hər gün – hər halda, mənim xatirəmdə belə qalıb – yerindən qalxan kimi, ilk növbədə otağın arxa tərəfə baxan pəncərəsini açırdı (həyət tərəfdə toyuq-cücə iyi səhərlər də çəkilmirdi) və top kimi iri döşlərini irəli verib, dərindən nəfəs alaraq, dənizin qoxusunu bütün içinə çəkirdi. Həmin bazar səhəri də Şölü üçün belə açıldı. O pəncərədən dəniz özü görünmürdü, ancaq gecələr Şölü soyunub yerinə girəndə, gözlərii bərk-bərk qapayıb, heç nə fikirləşməsin—ilan, qurbağa fikrinə dolmasın deyə, hər tərəfi bürümüş sakitlik içində aydınca eşidilən dəniz uğultusuna qulaq asırdı və çox zaman eləcə də yuxuya gedirdi. Gecələr elə, səhərlər də belə – ilk dəfə 18 yaşında gördüyü dənizin Şölünün həyatında belə bir doğma yeri var idi. Və o bazar günü Şölü qəbirstanlığın qapısından içəri keçəndə Qiyas müəllim həmişəki kimi qapının qabağında dayanıb saatına baxmırdı (həmişə qapının ağzında dayanıb, saatına baxırdı ki, görsün növbətçi xadimə vaxtında gəlib, yoxsa yox?) və on il burda işləsə də, qəbirstanlığın tamam bir sakitlik içindəki tənhalığı o yaz səhəri Şölünün ürəyində bir xof yaratdı. Tələsik gedib xadimələr otağına girəndə kabinetdən Qiyas müəllimin ösgürəyini eşitdi və Qiyas müəllimin mövcudluğu elə o dəqiqə də Şölünün içindəki o xofu əridib yox elədi—Qiyas müəllim varıydısa, deməli, hər şey qaydasındaydı, qəbirstanlıq tənhalıq içində deyildi və xoflanmaq da lazım deyildi. Şölü gödəkçəsini çıxarıb, göy rəngli xalatını əyninə geydi və ikinci otağa keçib, şvabrasını, vedrəsini götürdü. Divarın o tayından Qiyas müəllimin osgürəyi daha da aydın eşidilirdi – deyəsən, müdir əməlli-başlı xəstələnmişdi, ancaq Şölü Qiyas müəllimin qapısını döyüb, halını soruşmağa ürək eləmədi. Düzdü, o xof yox olub getmişdi, ancaq Şölünün ürəyi ancaq qəbir daşlarının tozunu ala-ala gəlib Muxtar kişinin şəkili ilə üzbəüz dayananda açıldı və Şölü bərkdən: - Salam, a kişi!- dedi.- Kefin yenə sazdı? Elə o anda da Şölünün fikrindən keçdi ki, birdən Muxtar kişi bu sakitlik və tənhalıq içində həqiqətən göydən ona cavab verər, – Şölünün tükü ürpəşdi – onda neyləyər? – qaçar, ya da çığırıb Qiyas müəllimi çağırar? Şölü daha artıq bir cidd-cəhdlə Muxtar kişinin onsuz da təmiz olan sinə daşını şvabranın ucundakı nəm əski ilə silməyə başladı və Şölü indicə ağlına gələn bu fikirdən hürkmüşdü-nəydisə, çalışırdı ki, Muxtar kişinin o gülümsəyən sifətinə baxmasın, hətta gözlənilməz bir iş də o oldu ki, bu on ildə ilk dəfə Şölünün ağlından belə bir fikr də keçdi: «Bu Muxtar kişi də arsızın biridi…» Bu qəfil fikirdən Şölünün özünün özünə acığı tutdu, hətta onun içində bir nigarançılıq da yarandı ki, əgər doğrudan da ruh deyilən bir şey varsa, yəqin adamın ürəyindən keçəni də bilir, amma Şölü heç istəməzdi ki, Muxtar kişi ondn incisin və öz-özünə: «- A Muxtar kişi, bu da bir zarafat idi…»- dedi. Sonra da öz-özünə deyinməyə başladı ki, bax də, bazar günü gəlib burda boş-boş şeylər fikirləşir, amma Ziba xala indi yəqin skaypla (bu sözü Ziba xaladan öyrənmişdi) Semyonla danışır və sən Semyon kimi oğula bax ki, gəlib Ziba xalaya kompüter alıb, skaypla danışmağı da ona öyrədib. Arvadın yüz doxsan yaşı var, amma kompüterin cikini də bilir, bikini də, Şölü isə Allahın mobil telefonunu düz-əməlli işlədə bilmir və birdən Şölü özünü gülməkdən güclə saxladı: Ziba xala xəbər tutsaydı ki, Şölü fikrində onun yaşını yüz doxsana qaldırıb, ömür-billah Şölünü dindirməzdi və Şölü ilə elə bir intiriqaya başlayardı ki, Qiyas müəllim yalan olardı. Şölünün urəyindən keçdi ki, yenə dəniz tərəfdən bir meh əsib gələydi, özüylə o gözəl gül-çiçək ətrini də gətirəydi, tumurcuqlamağa başlamış bu ağacları da sevindirəydi, – ancaq adamın ürəyindən keçəni çin eləyən hardaydı? elə bir varlıq, elə bir güc vardımı? – və Qiyas müəllim siqaret dalınca siqaret çəkə-çəkə qəbirlərin arasında dolaşmadığı üçün, elə bil, «Qarğa qondu qəbirstanlığı»nda bir-birinə qarışmış o ölgün gül qoxusunu daha da ağırlaşdırmışdı. Qiyas müəllimin nəsə yediyini, xörək bişirdiyini, ya paltar yuduğunu, hətta çay içdiyini də «Qarğa qondu qəbirstanlığı»nda heç kim görməmişdi, fasilə olanda da Qiyas müəllim öz otağına keçib, qapını bağlayırdı və belə məlum olurdu ki, o, bütün işlərini-filanı ya səhər saat doqquzacan, ya da axşam saat altıdan sonra görür və həmin bazar günü Şölü Muxtar kişinin sinə daşının tozunu alandan sonra bir-bir o biri qəbirlərə keçirdi, ancaq Qiyas müəllimin görünməməyi qəbirstanlığı açıq-aşkar kimsəsiz, sahibsiz və baxımsız etmişdi. Şölü qəbirlərin cərgəsindən çıxıb, inzibati binanın arxa tərəfinə keçdi və müdirin kabinetinin pəncərəsinə tərəf boylandı, ancaq o pəncərə də pərdə ilə elə kip örtülmüşdü ki, heç nə görünmürdü. Qiyas müəllim hər nə idi, yaxşı idi, pis idi – özü bilər, ancaq insan idi və Şölü binanın ön tərəfinə keçib, içi yarsınacan suyla dolu vedrəni yerə qoydu, şvabranı binanın divarına söykəyərək içəri keçib, dar dəhlizdə dayandı: Qiyas müəllim sinəsindən gələn bir xırıltıyla ösgürdü, sonra öskürəyi kəsdi və o inzibati binaya Şölünün heç xoşuna gəlməyən bir sükut çökdü. Şölü bir-iki addım irəliyib kabinetin qapısı ağzında dayandı və Qiyas müəllimin sinədən gələn xırıltılı ösgürəyi yenə o sükutu pozdu. Hamı sakitcə metroda ölmürdü ki… Və o anlarda Şölünün bədənini qəfil bir həyəcan bürüdü, heç özü də bilmədi ki, qapını necə tıqqıldatdı: - Qiyas məllim!.. Qiyas məllim!.. Qiyas müəllimdən səs çıxmadı. Şölü daha artıq bir həyəcan və hürkü ilə: - Qiyas məllim!.. – dedi.- Mənəm, Şölüdü… Qiyas müəllimdən yenə səs çıxmadı. Və Şölü bu dəfə tamam bir qorxu içində qapını itələdi və qapı da arxadan kilitlənmədiyi üçün, cırıldaya-cırıldaya açıldı. Əynində yalnız mayka-trusik olan Qiyas müəllim, çarpayı kimi istifadə etdiyi köhnə divanın kənarında oturub, sümükləri görünən barmaqlarının arasındakı siqareti sümürtləyir, elə həmin əlinin ovucu ilə də gözünün, burnunun bir-birinə qarışmış suyunu silirdi və siqaret tüstüsü otağı elə doldurmuşdu ki, Şölüyə elə gəldi, elə bil, duman içində hansısa naməlum bir məkandadı, gözü ilə gördükləri də həyatda yox, elə o naməlum məkanda baş verir. Və Qiyas müəllimin səsi də, «Qarğa qondu qəbirstanlığı»ndan yox, elə o naməlum məkandan gəldi: - Şölü… İlk dəfə idi ki, Qiyas müəllim Şölünü adıyla çağırırdı və Qiyas müəllimin bu yeddi ildə ilk dəfə onun adını çəkməsi, Şölünü o naməlum məkandan çəkib özünə qaytardı – cəld addımlarla irəliləyib, pəncərənin örtüyünü yana çəkdi, dstəyindən tutub dartdı və o pəncərə tayı da cırıldaya-cırıldaya bu yeddi ildə, bəlkə də, ilk dəfə açıldı. Şölü Qiyas müəllimin qabağında dayanıb, hələ də keçib getməyən o həyəcan və hürkü ilə: - Nolub, ay Qiyas məllim?- soruşdu. Qiyas müəllim otağın get-gedə çəkilən dumanı içində nəmi işıldayan gözlərini Şölüyə zilləmişdi və həyəcan Şölünü bürümüşdü ki, birdən həyətdəki qara qart toyuğun baxışları onun gözlərinin qabağına gəldi, amma Qiyas müəllimin baxışlarında tərslik deyən bir şey yox idi, əksinə, aşkar bir yazıqlıq var idi. Qiyas müəllim bir müddət beləcə Şölüyə baxdı, sonra xırıldayan və bir az da titrəyən səsi ilə: - Şölü…- dedi.- Küçə itiylə mənim aramda nə fərq var?.. Hı?.. De də, de, nə fərq var?.. Şölü Qiyas müəllimin bu sözlərindən başını tamam itirdi. Qiyas müəllim o xırıltılı və daha əməlli-başlı titrəyən səsi ilə qırıq-qırıq: - O küçə… - deyirdi.- O küçə iti kimi… yıxılıb… ölsəm, kim xəbər tutacaq, hı?.. Kim?.. Heç kim… Və birdən Qiyas müəllim Şölünün qolundan tutdu və Şölü dolu və hamar qolunda Qiyas müəllimin siqaret iyi verən isti nəfəsini hiss etdikcə, elə bil, bu nəfəs , hansısa başqa bir varlığın içindən gəlib, o yüngül dəniz mehi kimi, qoluna dəyib keçirdi. Qiyas müəllim Şölünü özünə tərəf çəkdi və Şölü divanda onun yanında oturdu – Şölünün əndamının ağırlığından sovet dövründən qalma divanın dəmir yayları cırıltıyla aşağı çökdü. Qiyas müəllim başını Şölünün dolu və isti döşlərinə sıxıb, gözlərini yumdu və hələ də onun barmaqlarının arasında olan siqaretin tüstüsü Şölünün gözlərini yaşartdı, elə buna bənd imiş kimi, Şölü özü də kövrəldi. Qiyas müəllimin arıq vücudu Şölünün bədəninə sıxıldıqca, Şölü onun qabırğalarının arasından ürəyinin necə döyündüyünü hiss edirdi və bir müddət beləcə keçdi, sonra sükutu yenə Qiyas müəllimin xırıltılı, amma daha titrəməyən səsi pozdu: - Şölü… Şölü: - Hıy?- soruşdu. Qiyas müəllim: - Sabah… - dedi.- Sabah zaksa gedək!.. 4. O bazar günü Şölü evə gələndə gecə saat ona qalırdı. Toyuqlar acqarnına hinə girib yatmışdılar, Şölü həyət qapısını açanda deyingən bir qaqqıltıyla qaqqıldaşıb, tez də səslərini kəsdilər. Şölü həyətdəki krantı açıb əlini isladaraq, sifətinə çəkdi və birdən kəndlərindən axa-axa o gül-çiçəkli yamacın ətəyindən keçən Duruçay Şölünün yadına düşdü, hətta ona elə gəldi ki, sifətinə sığal verdiyi bu su da krant suyu yox, elə o Duruçayın sərin suyudu. Çoxdan idi o gözəl Duruçay Şölünün yadına düşmürdü və o gözəl Duruçay da, onun axıb getdiyi o yamac da, çayın qırağında oturub ayaqlarını suda şappıldadan 14-15 yaşlı Şölü də indi çox uzaqlarda qalıb və Şölünün fikirindən keçdi ki, hə, elədi, ancaq həyatdı də… Və Şölü bir müddət eləcə ayaq üstə dayandı, sonra evə keçməyib, krantın yanındakı taxta kətildə oturdu. Göyün üzü tərtəmiz idi, ay çıxmışdı, adda-budda ulduzlar parıldayırdı və o gecə sakitliyində ancaq dənizin uğultusu eşidilirdi. Şölü iki gündən bir qırmızı qızılgüllər gətirib, səliqə ilə Səkinə Nofəl qızının sinə daşına düzən ərini xatırladı və fikirləşdi ki, sabahda-birigündə Səkinə Nofəl qızının əri yenə o qırmızı qızılgüllərlə gələn kimi, ondan zeytun budağının icazəsini almaq lazımdı. O ki, qaldı Ziba xalaya, Ziba xala, əlbəttə, dünyanın işlərinə mat qalacaqdı və Ziba xala çox yaşasın, yüz doxsandan da o tərəfə adlasın, ancaq haçansa ölsə, Qiyas onun yasına gedəcəkdi. Sonra Şölü başını qaldırıb, bir müddət aya, ulduzlara baxdı və birdən-birə ona elə gəldi ki, Muxtar kişi göy üzündən ona baxıb gülümsəyir. Şölünün də dodağı qaçdı. Elçin(kulis)

22 Noyabr 2016 14:12

Fəxrəddin Manafov :”Durub deyim ki, gileylənmə…”

ss

Türkiyənin tanınmış sənətçisi, “Təhminə” rolunun ifaçısı Meral Konrat Xalq Artisti Fəxrəddin Manafovu ağır ittiham edib. O, Xalq artisti Zülfiyyə Xanbabayevanın “Mənimsən” kilpinə görə, Fəxrəddin Manafov tərəfindən aldadıldığını bildirib: “O, məni çox, çox qırdı. Təxminən bir il öncə mənə zəng etdi və dedi: "Meral, “Təhminə-2”ni çəkirik". Çox sevindim, çox həyəcanlandım ki, artıq “Təhminə-2”yə çəkilirəm. Fəxrəddin Bakıya gəlməli olduğumu bildirdi. Gözübağlı qalxıb, Azərbaycana getdim. Bakıda məni bir yerə apardılar, orada Zülfiyyə adlı bir sənətçi ilə qarşılaşdım. Soruşdum: "Bu xanım da filmdə oynayacaq?" Dedilər: "Yox, bu xanım bizdə məşhur bir musiqiçidir və filmin musiqilərini o hazırlayacaq". Baxdım, çəkiliş meydançasında "Təhminə-2" yazılan kağızlar var. Nə isə, çəkilişlər bitdi, Türkiyəyə qayıtdım. Nə isə bir gün, İstanbulda yaşayan çox sevdiyim bir azərbaycanlı dostum mənə zəng etdi və "Meralcım, Azərbaycanda klipə çəkilmisən, çox gözəl alınıb" söylədi. "Xeyr, mən klipə çəkilməmişəm" cavabını verdim. Hələ də ona hörmətim, sevgim böyükdür. Ancaq yenə də bir üzr istəməsini gözləyirəm”. Xalq artisti Fəxrəddin Manafov mətbuata açıqlamasında Meral Konratla bağlı açıqlama vermək istəmədiyini bildirib: “Mən neyləyim, gileylənmək onların borcudur. Durub deyim ki, gileylənmə? Məni belə şeydən uzaq edin, maraqlanmıram. Bununla bağlı danışmaq istəmirəm”.

22 Noyabr 2016 12:38

Adelina Adalis: “Səməd Vurğun venasını kəsməyə macal tapmamışdı…” –Xəlil Rzanın yazısı

ss

28-may.az Xəlil  Rza Ulutürkün rus  şairəsi, Səməd  Vurğunun bir sıra əsərlərini rüs dilinə cevirən mahir tərcüməçı Adelina Adalis ilə dahi azərbaycan şairi  haqqında etdiyi söhbəti ixtisarla yayımlayıb. Qeyd edək ki, söhbət 1966-cı ildə qələmə  alınıb. Faktinfo.az 28-may.az-a istinadən həmin söhbəti təqdim edir: **** Bu səhər görüşünə gəldiyim Adelina Adalisi heç vaxt unuda bilmərəm. Rus qələm dostları içində bəlkə də Səməd Vurğunu ən çox tanıyan və sevən məhz bu qadındır. 63 yaşı olmasına baxmayaraq, həm bir şair, həm də bir insan kimi ruhən cavan qalan bu qadın Səməd Vurğun haqqında danışmaqdan doymur: – Mən Səmədlə 1930-1931- ci illərdə tanış olmuşam. Hələ o zaman hiss etmək olurdu ki, Vurğun gələcəkdə böyük şair olacaqdır. Səməd Vurğunun dili qılınc kimi kəskindi. Bir də paxıllıq, həsəd nə olduğunu bilmirdi. Dağ boyda ürəyi vardı. Onun bu keyfiyyətləri getdikcə öz poeziyasında əksini tapmağa başladı. Mən, Səməd vurğunu tərcümə etməklə fəxr edirəm. Səmədlə işləmək səadətdir. Doğrudur , çox mübahisə edirdik. Səməd inandırmağa çalışırdı ki, onun şeiri daha güclüdür. Mən isə sübut etmək istəyirdim ki, yox, filan yerdə tərcümə orijinaldan qüvvətlidir.  “Vaqif” pyesinin tərcüməsi üzərində, xüsusi ilə, ləzzətlə işləmişəm. Tərcüməni başa çatdırandan sonra gördüm nəsə çatmır. Əsəri bir kənara qoyub Vaqifi, Vidadini öyrənməyə başladım. 19-cu əsr Azərbaycanını dərk etməyə girişdim. Səməd Vurğuna bildirdim ki, Eldar xətti Vaqiflə möhkəm bağlanmır. Vaqifi xalq sərkərdəsi, üsyan başçısı kimi qələmə vermək tarixi həqiqətə uyğun deyil. Pyesin ümumi pofosu həmin qüsuru unutdursun. Səməd mənim fikrimə az-çox əməl etdi. Mən də tərcümə üzərində yenidən işlədim. S.Vurğun “Azərbaycan” şeirinin tərcüməsini çox bəyənirdi. Səməd Vurğun obyektiv olduğu qədər subyektiv şairdir. Onun mənəviyyatı əsərlərində aydın əks olunmuşdur. “Muğan”ı tərcümə edərkən mənim ürəyimi iki duyğu qapladı, sevinc, bir də qorxu. Sevinirdim ki, Səməd artıq yetişmişdir. ”Muğan” yalnız onun deyil həm də bütün Sovet şeirinin ən qüvvətli əsərlərindən biridir. Bununla bərabər qorxurdum. Patomu şto zdes bılo predçustviye smerti. Doğrudur, “Mugan” Səmədin vəfatından 8 il əvvəl qələmə alınmışdır. Ancaq mənə elə gəlirki , Səməd burada ömrünün qüruba yaxınlaşdığını hiss edir və yalnız ayrı-ayrı misralarda deyil, Poemanın ümumi ruhunda bildirir: Kür qırağı … qarayazı … göy çəmən. Qoşa palıd … tüstülənən od ocaq. Saç ağardı unutmadım sizi mən, Hansı şair sizi birdə yazacaq? Sonuncu beytə bir də diqqət yetirin: “Saç ağardı unutmadım sizi mən, Hansı şair sizi birdə yazacaq?” Bu misralarda Səməd Vurğun ölümün yaxınlaşdığını duyur. “Muğan” – eto ispoved. Bu poemada sevinc, kədər həyat eşqi , vətən məhəbbəti bir-birinə qarışmış və gözəl bir simfoniya yaranmışdır. “Muğan”poetik gündəlikdir. Böyük şairlərin hamısı öz ölümlərini qabaqcadan duymaq qabiliyyətinə malikdir. Səməd Vurğunda bu cür duyma və sezmə daha güclüdür. Yaradıcılığının son məhsullarından olan “Şair nə tez qocaldın sən?” , “Mən tələsmirəm”, ”Unudulmuş tək məzar”, “Gödəkcə” kimi şeirlərdə, həmçinin “Düşüncələr”də həyatı sevən, ondan dörd əlli yapışan, bununla belə ölümün labüd olduğunu bilən şairin mənəviyyatı verilmişdir. Ölüm günündə xəstə insan bir  qədər  sağalmış kimi olur, sonuncu həyat qüvvələri toplanır, xəstənin üz-gözü nurlanır. Mənə elə gəlir ki, bu xüsusiyyət  Səmədin poeziyasında da öz əksini tapmışdır. Vurğunun son dövr yaradıcılığında daha qüvvətli bir işıq  yanır. ”Zamanın bayraqdarı”  poeması bütün  bəşər  tarixini qavramağa çalışan şairin aydın, işıqlı düşüncələri ilə doludur. Mən deyərdim ki, “Mən tələsmirəm”  şerində bədii təfəkkür  nə qədər geniş, hətta mən deyərdim ki, hüdudsuzdur. Bir  günün ərzində  illərlə  yansın Al günəş gözündən nur yağa-yağa. Ömür kitabını tamamlamağa  Çox  da can atmasın əlimdə  qələm Mən tələsmirəm, Mən tələsmirəm. S.Vurğun ”Ömür  kitabının tamamlandığını “ duyduğu  üçün belə deyirdi. Ancaq onu düşündürən yalnız  öz ölümü deyildi, ümumiyyətlə, həyatın və ölümün mənası, bəşəriyyətin taleyi idi. Mənim fikrimcə, S. Vurğun Yeseninə çox  bənzəyirdi. Əlbəttə, poetik fikrin genişliyinə görə Vurğun Yesenindən çox böyükdür. Yesenin gənc  şair kimi həyatdan getdi. Qəlbindəkilərin onda birini deməyə macal  tapmadı. Ancaq  Yeseninin  Səmədlə birləşdirən oxşarlıq  budur ki, hər ikisi böyük şöhrətə , nüfuza malik  olduğu halda, həyatdakı bir sıra faktlar ilə barışa  bilmirdilər. Səməd 1937-ci illə bağlı olan faciələri görmüşdü. 1953-cü ildən sonra bu faciələr bütün çılpaqlığı ilə meydana çıxanda Vurğunun yaraları köz-köz  olmuşdu. Açılmışdı. Ömrünün son illərində Vurğun daha fikirli daha  pərişan idi .O, Müşfiqi  həyəcansız xatırlaya  bilmirdi. Müşfiqin adı çəkiliəndə tutqunlaşır, papiros yandırır, bəzən bir saat  fikirləşir, yalqız düşünməyi üstün tuturdu. Müşfiqin adı çəkiləndə Səmədi heç vaxt sorğu-suala tutmazdım. Bilirdim ki, uzun müddət  dinməyəcək, içəridə  yanmaqla  dərdlərini ovundurmağa  çalışacaq. Moskvaya  gələndə Səməd  Vurğun  qadınlarla  gəzməyi  içməyi  xoşlayırdı. Ancaq mənim  zənnimcə, bu da zahiri  maska  idi. Onun mənəviyyatı qadınla məşğul  deyildi, tamam başqa  məsələlərlə məşğul idi. Qadınla  gəzmək, şərab  içmək isə içəridə alışıb yanan dərdləri  ovundurmaq vasitəsi  idi. Hüseyin Cavid  kimi böyük  dramaturqun, Müşfiq kimi büllur istedadın məhv olmasını öz  gözləri ilə görən və  sonra  bunun ən çirkin vasitələrlə həyata keçirildiyindən  xəbər tutan Vurğun kimi həssas  bir sənətkar çoxmu  ömür sürə bilərdi? Səmədin ölümü  labüd  idi. U neqo bılo  volya  k  smerti. Mən Bakıda  azərbaycan qocalarını dinləmişəm. Onlar deyirdilər ki, Səməd  özünü  öldürüb. Bu sözdə müəyyən bir həqiqət var. Səmədin yatağından kağıza  bükülü ülgüc tapılan zaman oğlu Vaqifin üstünə  necə qışqırması da məlumdur. S.Vurğun özünü  öldürmək  fikrini  boynundan  atmaq  üçün qəsdən  uşağı  danlamışdır: “Ayə, bunu  niyə  gətirib  əlindən salmısan? Burada  qələm yonarlar”. Əslində, Səməd Vurğun venasını kəsməyə macal  tapmamışdı. Ülgüc sürüşüb yatağın ortasına qədər gəlib çıxmışdı. Əlbəttə, Səməd  Vurğun özünü öldürməklə öz  əzizlərini əzab-əziyyətdən xilas etmək istəyirdi. Çünki  ölümcül xəstə olduğu müddətdə Xavərin, Yusifin, Vaqifin, Aybənizin nələr çəkdiyini öz gözləriylə görürdü. Hətta bir  dəfə Mirzə  İbrahimova  deyibmiş ki, həkimlərə ağız aç, həm məni, həm də sizi  bu əzabdan  qurtarsınlar. Xavər  üzülüb. Bu o demək  deyildir ki, Vurğun  yaşamaq  istəmirdi. Əksinə, Səməddə  iradə  çox qüvvətli idi. Onda  həyat eşqi də çox  güclü olmuşdur. Bununla  belə  Səməddə iki düşüncə çarpışırdı. Ruslarda  bir  “soznaniye” sözü var, bir  də  “podsaznaniye”. Səməddə  “soznaniye “ həyatın, "podsoznaniye”  ölümün  tərəfində  idi. Yadımdadır,  bir dəfə Qostilizdatda  Səmədlə  görüşdük. Mili ədəbiyyatlar  şöbəsi müdiri Aleksandra  Rabinina, bir də Luqovskoy  burada  idi. Səməd  Kreml şəfaxanasına  müalicəyə  gəlmişdi. Gülə-gülə dedi ki,  həkimIərin heç birinə inanmıram. Hamısı  yalan- palan deyir. Mən də  xəstəlik yoxdur. Gedəcəyəm  bizim  dağlara, dodağımı  sıxacam büz  bulaqlara. Səmədi bu cür  danışdıran  "soznaniye"  idi. Bir  azdan Aleksandra  Rabinina  gedəndən  sonra Səməd  düşüncəli halda ah çəkdi: -Axı deyəsən mənim ölümüm yaxınlaşıb. -Paçemu  tak  qlupo qovarış, Samed? Səməd  Luqovskoyun  üzünə qəmli-qəmli  baxdı: -Cünki  iki  aydır  ki,  mənim dodaqlarımdan  heç kim öpmür. Məndən  çəkinirlər. Uca  bolu  Luqovskoyun  gözləri  doldu. Səmədi  bağrına  basıb  gözündən  öpdü. Sonra mən də dodaqlarından  öpdüm. Səməd  sanki bir az yüngülləşdi. Səmədə  ölüm fikri  doğuran “podsoznaniye” idi. Təcrübə  göstərir ki, “podsoznaniye”  “soznaniye”dən  daha  güclüdür, onun dediyi doğru çıxır. Səmədin ölümünü  yaxınlaşdıran səbəblərdən biri  ürəyindəki fikirləri cilovlması, açıb deməməsi  olmuşdur. Səməd  böyük mənəvi azadlıq tələb  edən  sənətkardır. Fitrətinə görə qəhrəmandır. Sərt həqiqəti deməkdən  qorxmayan, maska yırtmaqdan çəkinməyən  bir xilqətə malikdir. Digər tərəfdən Səməd Vurğun Bağırov  kimilərinin qabağında susmağa məcbur olurdu. Özünü cilovlayırdı. Öz qəlbinin və bədəninin tələblərinə  çıxmaq insanı  tez sarsıdır…. Poemadan  söz  düşür, Adelina  Yefimovna  bildirir ki, sovet şeirində  “Komsomol poema”sından  güclü poema  tanımıram. Bu  əsərdə dramatizm cox güclüdür. Səməd Vurğunla Fadeyevin  dostluğundan  söz  düşəndə Adelina  Yefimovna  bildirir: -Əlbəttə,  Fadeyev  Səmədi çox sevirdi. Səmimiyyətlə sevirdi. Ancaq mənə elə gəlir ki, əsl dostluğun, məhəbbətin gözü açıq  olmalıdır. Fadeyev  Səmədin dahiliyini başa düşürdüsə, onu içkidən, ziyafət həyatından çəkindirməli, onun enerjisini, onun ömrünü qorumalı  idi. Halbuki əksinə, Fadeyev özü Səmədi ziyafət həyatına cəlb edirdi. Zənnimcə, böyük mərama, – vətən eşqinə söykənməyən dostluğa dostluq demək olmaz. Adaelina adalisin  sonrakı  söhbətindən diqqətə  layiq  hesab etdiyim fikirləri bura köçürürəm: –Samed Vurğun bıl qorazdo traqiçnee çem  kajetsya. -Səməd Vurğun ğörüşdüyü  qadınları  sevmirdi. Görüşmədiklərini sevirdi. Qulyal jenşinami iz za toski. –Samed strastno xotel  jit.No odnovremenno u  neqo bıla  volya k smertı. -Səməd  Vurğunun ağlına elə ictimai-siyasi fikirlər gəlirdi ki, düşünməkdən qorxurdu. Qəhrəman Səməd Vurğun  qorxaq Səməd Vurğunla həmişə çarpışmışdır. On  boyalsya verit v ujasnıye  veşi. –Ya lyubila neustroynost  Sameda. O, bəzən səliqəsiz, bəzən pulsuz  olurdu. Əlinə düşəni dərhal yetim- yesirə, hətta ehtiyacı olmyanlara verirdi. Mən  Səməd  səxavətində  adam  görməmişəm. -Rəsul Rza da cəsarətli fikirlər deyir. Bu fikirlər xalq ürəyindən su içir. Rəsul Rza idrak şairidir. Bununla belə  Rəsul Rza çox gözəl yaşayır. Onda  Səməd  səxavəti  yoxdur. Həyatda  özünü diplomat kimi aparır. Bu qədər  firavan  yaşayan, gözəl  həyat  keçirən əsrlərcə  yaşaya  bilməz. Samed Vurğun imel  pravo  buntovat. No  Rasul Rza  ne imeet  eto  pravo  v takoy  stepeni. Patomu  şto  on  prekrasno  jivyot. -Samed  moq  bı  sozret  do qeniya. Dahi  səviyyəsinə  yüksəlməyə ona  mühit  zaman  imkan  vermədi…. Xəlil Rza Ulutürk. "Bir  odlu  gözləri, bir  də  xoş  səsi"  "Çinar-Çap", Bakı-2007

21 Noyabr 2016 13:31

6 evi, maşınları olan redaktorun “uğur yolu”

obama

“Azərbaycan” nəşriyyatının birinci qatında, beton sürahiyə söykənmişdi... Çoxdandı görmürdüm, ani olaraq ayaq saxlayıb, fikir verdim. Başını aram-aram sağa-sola aparırdı. Sanki gözləri ilə gəlib gedəni yola salırdı. Baxışlarımız toqquşdu. Məni görən kimi gözlərinə bir qucaq sevinc əlavə olundu. Siqaret çəkməkdən qaralmış dodaqları qulaqlarına tərəf dartıldı, ağ, möhkəm dişləri dodaqlarından qabağa çıxdı, əli az qala sinəmə toxunacaq qədər səsini qabaqladı: - Ay səni xoş gördük! Səsi əlləri əlimi sıxdıqdan sonra qulaqlarıma gəlib çatdı. Bunun səsi də dəyişməyib, heç, - fikrimdən keçirtdim. Az qala 10 ildir görmürəm. Doğurdan da çox mehriban görüşdük. Məni qucaqladı, liftə tərəf çəkdi: - Gedək otağa, bir çay içək, aya, sən hardasan eee? Deyirlər, gəlib-gedirsən. Yazılarının birini də buraxmıram, seyidlərə and olsun. Yox, o, dindar deyil. Amma çörəyini, dolanışığını son vaxtlar İmam Hüseyn övladlarının adına sığınmaqla çıxarır. Nəşriyyatda yerləşən otağında səmimi söhbət edirik. “T” şəkilli masanın arxasındakı kresloya yayxanıb. Buna qədər isə “Tefal” çaynikində çay qaynatmışdı, paket çayla çay da dəmləmişdi. Bütün hallarda səmimi idi. Maskalanmırdı. Necə vardı, o cür də oxudurdu özünü. Hərəmizə bir siqaret yandırmışdıq. Mənim işlərimlə dilucu maraqlandıqdan sonra özü haqda danışır, gileylənirdi: - Gəlib-getməni tərgitsən də, nəşriyyat heç dəyişməyib. Əksinə, daha pis olub. Dolanışıq da ki... Allah kəsməsin, buna da şükür. Sonra yenə də gözlərini üzümə dikdi, qayğılı səslə: - Sən Allahın, sənə bir şey olmayıb? Bülöv daşı kimi idin, indi arıqlamısan yaman. Ona hər şeyin qaydasında olduğunu, sadəcə, arada möhkəm sustaldığımı bildirirəm. “Qorxma”,- deyib, yenə də gileyini davam edir: - Əvvəlki vaxtlar deyil ha... Gedirdin, salam verirdin, əleyk alırdın. Qırılmışın balaları hamısı qudurub. Qəzet hərləyən var? Mənəm e, baş çıxarıram. Bir də bu bicbala uşaqlar hərəsi bir qəzet açdı, sayt yaratdı, düşdülər şəhərin küçələrinə, respublikanın kənd-kəsəyinə, o dərə mənim, bu dərə sənin. Adə, kəsdiyimiz çörək haqqı, jurnalistikanın içinə zibil töküblər. Heyf deyildi qabaqlar. Hörmət vardı, izzət vardı... Hə, məqamdır, bu arada dostumuz haqda danışmağa dəyər. O, əvvəllər sahə qəzetlərinin birinin redaktoru idi. Bir müddət birlikdə çalışmışdıq. Sovetlər dağıldıqdan sonra həmin qəzeti özəlləşdirdi. Qəzetinin vasitəsi ilə biznesini də inkişaf etdirdi və yetərincə də mənfəət əldə edə bildi. İndi isə ötənləri yada salır, bu günün sosial çətinliklərindən bəhs edirdi. Məni də borclu çıxardırdı: - Sən düz eləmədin o vaxtı. Məni tək qoydun. İşləyirdik də... Müvəqqəti çətinlik idi. Sən öl, mən indi işləməsəm də, dolanıram. Maşınımı görübsən? Hələ-hələ adam elə maşın sürmür. Evlərim var. Əlimdən almayacaqsan ki, paxıl da deyilsən, sevinəcəksən, bilirəm. Evlərimin beşini kirayə vermişəm. Heç nədən çətinliyim yoxdur, özüm üçün oturmuşam burda, intəhası, işləməsəm olmur. Mənim nə yaşım var ki... iki ildən sonra 60 olacaq. Amma səndən gör nə qədər cavan görünürəm. Yenə də susur. Söz demək növbəsini mənə buraxır. Dinmirəm, eləcə əlimi yelləyirəm. Özü danışır: - Deyirdim axı şeir-meir yazma. Bax gör o bic gədələr necə dolanır eee. Adə, seyidlərin ruhu haqqı, idarələr var ki, mənim kimi peşəkar, tanınmış, sovetdənqalma jurnalisti tanımır, amma onları tanıyır, hörmət edirlər. Bilirsən, niyə? Ona görə ki o gədələr həyatın nəbzini tuta bilib. O biri tərəfdən də mənim kimi qələmi olan adamları qoyublar “ofsayda”. Soruş da diyə? Mən də deyim, ona görə ki, biz yazı-pozu ilə məşğul olmuşuq. Onlar şantajla pul qazanıblar. İndi, ala, budur ha, - sağ əlinin baş barmağını iki barmağının arasından az qala tavana qədər qaldırdı, – indi o idarə müdirləri də şantaja-zada baxmır. Adamdılar, ə, onlar? Möhkəmdən, səsini qaldırmış halda dedi. Diksindim: - Kimlər? - Elə dediklərimin hamısı. Yazırdılar filan idarənin müdiri katibəsi ilə xosunlaşır. Qorxularından bir ətək pul tökürdülər e.. “Lijbi” yazmasınlar. İndi isə heç ona da məhəl qoymurlar. Katibə nə üçündü? Katibə müdirin ən yaxın adamıdır da, sirrini, işini bilir, çayını verir. Ay namərdlər, heç o qədər pulu olan da sevgilisini katibə kimi işlədər? Redaktor dostuma zəng gəldi. Telefonun dəstəyi qulağına yapışan kimi sol əlini havada yellədi, yəni bu haradan çıxdı? Amma o jestinə rəğmən, telefondakı adamla mehriban danışdı: - Sənə ürəyim qurban, qonağım var... Əlbəttə, səndən yaxşı oğlandır. O, heç belə söz deməzdi... Yaxşı... Dəstəyi yerinə qoydu. Siqaret yandırdı. Üzünə bir qədər əsəb tozu səpdi. Zəng edənin sorğu-sualı xoşuna gəlməmişdi. - Gicdir e... deyir, evdən yemək gətirmişəm, bir araq al, “obed” edək. Axşamdanqalma yeməyi töküb qazana gətirib. Hələ utanmır, qonağın məndən yaxşı oğlandır, deyir? Belə vecsiz adamlardır bu boyda nəşriyyatı az qala mal fermasına döndəriblər. Sonra yenə də məsləhətindən qalmadı, mənə öyüd nəsihət də verdi: - O nədir e, “Axar.az”da yazırsan. Harada ac-yalavac, dilənçi, bədbəxt var, gedib yapışırsan yaxasından. O qədər idarə müdiri, tərif üçün özünü öldürən deputat, iş adamı, bələdiyyə sədri var ki... Yazırsan, elə onların taleyini yaz da. O mərtəbəyə çatmaq üçün kimin qabağında necə dombalıblar, əyiliblər, sürtülüblər, bilməmiş olmazsan. Acınacaqlı həyat onlarınkıdır e, sən öl, cibinə 200-300 basacaqlar da. Yoxsa sən də... İndi mən ona hücuma keçmək istəyirəm: - Sənin axı o qədər pulun haradan idi, evləri aldın? - Kim deyir jurnalistikada pul yoxdur, o sənin kimi sadəlövh adamdır. Düzdü, mənim qəzetimə yardım edən yoxdur, heç kəsin qanadının da altında deyiləm. Necə deyərlər, “sam sebya xozeyin”əm. O vaxtı, qəzeti özəlləşdirdikdən sonra, 93-cü ildən üzü bəri işçilər götürdüm. Bakıda da, rayonlarda da. Aylıq alırdım. Ayda da bir nömrə qəzet çıxarırdım. O zaman qəzetin hörməti burdan idi, - əlini xirtdəyinə aparır, - indi hörmətdən düşmüşük e... O vaxtlar beş-on nəfər işçim vardı. Hər biri mənə ayda 100 dollar verirdi. Qəzeti çıxarırdım. Sonradan dost-tanış məndən vəsiqə istədi. Yol polisləri o zamanlar jurnalistə diqqətli idi. Çoxu da “naruşeniya-zad” edəndə onlara göstərmək üçün alırdı. Sonradan bunu biznesə çevirdim. Təsəvvür etməzsən, ayda 100 nəfər işçin sənə 100 dollar verir. Qiymətlər dəyişdikcə adamların sayını artırırdım. Sonra ev almaq istədim. İlkin ödənişi etdim. Rayonlarda yaşayan insanlara vəsiqə verirdim. Həm özləri dolanırdı, həm də mən. Bu minvalla yeni tikilələrdə evimin sayını artırdım. Bu o vaxtlar idi ki, evlərin 1 kvadrat metri 250-300 dollar idi. Ağıllı olmaq lazımdır. - Təxminən sənin neçə belə işçin olub? Güldü: - O gün bu sualı özüm-özümə verdim. Və məlum oldu ki, bu vaxta qədər 400 nəfərə vəsiqə vermişəm. Aylıq 10 manatdan 100 manata qədər ödəyənlər var. Baxır kim, harada yaşayır. Dolanırıq da... Redaktorun telefonun zəngi susmaq bilmirdi. Aramsız edilən zənglərə cavab belə vermirdi. - 10 ildən çoxdur ki, kitab dərc edirəm. Azərbaycanda elə bir seyid yoxdur ki, onun haqda kitab yazmayaq. Beş-on həqiqi qələmi olan adamım var. Yazırlar, özüm də yazıram, redaktə edib, kitab kimi nəşr etdirirəm. Allah bərəkət versin. Pis deyil. Hər şeyin bir sonu olmalıdır axı, düşüncəsi ilə soruşuram: - Bəs bu seyidlər qurtardıqdan sonra nə edəcəksən? - Allah evini tiksin, hara qurtarır. Çoxu o tində, bu tində arvad alıb, saylarını artırmaqdadır. Yeni-yeni seyidlər istehsal olunur e... Bəzilərini isə zorən özüm seyid edirəm. - Bu necə olur? - maraq susuzluğuma qalıb gəlir, özümə sonra çay süzərəm, fikirləşirəm. - Olur. Elə pulunu xərcləməyə yer tapa bilməyənlər var ki, onlara deyirəm, sənin ulu nənən seyddir, nə olsun ki, o, seyid olmayana ərə gedib, həftənin müəyyən günləri sənin də seyidlik statusun olur. Danışır və qəşş edir: - Allah haqqı dəli əlində qalmışıq e... o gün biri ilə rayonda görüşdük. Yaxşı yemək-içmək verdi. Stolun üstü dolmuşdu, gətir-götür idi. Seyid Lazım ağanın cəddinə and olsun. Kənd çolpasının pörtləmişi, tabakası, əmlik quzunun plastilin kimi yumşaq sümüyünə bürünmüş kişmiş kimi, kəkotu kimi titrəyən əti, bəh-bəh... Əlini ağzına çəkdi, sanki sulanmış ağzını silirdi, gözləri də gözümün içində. Hiss etdim ki, acmışam. Sakitcə udqundum. O isə davam etdi: - Kopooludu yalan deyən. Özü də düd deyənə qədər içdi, dedi, məni seyid qayır. Yəni uzaqdan-uzağa seyidliyi var e, sadəcə bir-iki möcüzə zad düz qoş, olum ağır seyid. Ala, bu da sənin haqqın. İstehza etdim: - Əşşi, sən götürməzssən. - Götürmədim ki, amma əlini də dala qaytarmadım, basdı cibimə... Redaktor tanışımla söhbətimiz xeyli çəkə bilərdi. Mənim vaxtım çox idi, yorğun idim, çay içib dincələrdim. Lakin onun dostları hey zəng vurub aşağıda, kafedə onu gözlədiklərini deyirdi. Axırı bezdi. Ayağa qalxdıq. Dəhlizdə qoluma girdi: - Səni tanıyıram, danışdıqlarımı yazacaqsan. Amma sən seyid Füqəranın cəddi, sən o sizin Mir Məmməd ağanın üz qoyduğu torpaq, adımı, qəzetimin adını yazma. Elə olsa, məni heç kəs tanımaz, saya salmaz. Burada sənə danışdıqlarımı isə demək olar ki, heç kəs bilmir. Özümü elə aparmışam ki, az qala, İlyas Ərnəfəsin də mənə yazığı gəlir, az qala mənim cibimə pul basa... Faktinfo.az

15 Noyabr 2016 15:59

Əliağa Ağayevin Fəxri Xiyabana layiq görülməməyinin səbəbi, xaş məclisləri və gülüşlü ölüm – Xatirə

eliaga5

  Bu gün Azərbaycanın teatr və kino sənətinin əfsanələrindən biri - Əliağa Ağayevin vəfatından 33 il ötür 1913-cü ilin 22 martında Bakıda İsmayıl kişinin ailəsində dünyaya gələn gələcəyin sənətkarı 1930-cu ildə yeddinci sinifi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyur və iki il sonra çilingər işləməyə başlayır. İlk rolu isə çalışdığı zavodun dərnəyin Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Hacı Qara olur. 1936-cı ildə Gənc Tamaşaçılar Teatrında debüt edən Ağayev 25 il bu kollektivdə çalışdıqdan sonra, 1961-ci ildə Akademik Milli Dram Teatrında işə başlayır. Bu artıq həmin dönəmlər idi ki, "O olmasın, bu olsun"un şöhrəti ölkə hüdudlarını aşmışdı. İyirmi il "Azdrama"da çalışan sənətkar burada müxtəlif səpkili obrazlara həyat verir. Ə.Ağayev ilk fəxri adı hələ Gənc Tamaşaçılar Teatrında çalışanda almışdı. O vaxt Ağayevin cəmi 30 yaşı vardı. Xalq artisti olanda isə 41 yaşı tamam olmuşdu. Həyatı və yaradıcılığı kimi sənətkarın ölümü də qeyri-adi baş verib. Tərcümeyi-halına nəzər salanda onun niyə məhz Yasamal qəbiristanlığında dəfn edilməsi də diqqət çəkir. Əfsanəvi sənətkarla dostluq etmiş xalq artisti Tariyel Qasımov Ölkə.Az-a onunla bağlı xatirələrini danışır: "1964-cü ildə Gənc Tamaşaçılar Teatrında ilk rolum "Nəsrəddin" tamaşasında nökər rolu olub. Həmin tamaşada Əliağa Ağayev isə mənim xozeynim idi. O, bütün gənclərin dostu idi. Gənc aktyorlara tövsiyyə verməyi çox sevirdi. Deyirdi ki, gələcəkdə nə qədər çox tanınsanız, nə qədər böyük aktyor olsanız, səmimi və sadə olun. Onun seçdiyi üç dostu var idi. Onlardan biri mən, biri Lütfi Məmmədbəyov, digəri isə İlham Namiq Kamal idi". Tariyel Qasımov deyir ki, Ağayev dostlarına qarşı çox qonaqpərvər və səxavətliymiş: "Hər həftə bizi evinə dəvət edərdi. Əliağa müəllimin çox gözəl xaş bişirməyi var idi. Özü də bizə qulluq edirdi və imkan vermirdi ki, həyat yoldaşı Cəvahir xanım süfrəyə əlini vursun. Cəvahir xanım İsgəndərova əməkdar artist idi. Valideynlik edirdilər bizə. Həmin vaxt o Yasamal tərəfdə yaşayırdı, özü də bakılıydı. Böyük sənətkarlığı öz yerində, həm də gözəl insanlığı vardı. Çox filmlərə çəkilirdi deyə, maddi durumu yaxşıydı, pul xərcləyən idi.". Sənətkarın bir oğlu, bir qızı olub. Oğlu Vaqif Ağayev uzun müddət Musiqili Teatrda rejissor işləyib. T.Qasımov qastrol xatirələrini paylaşır: "Qastrollara gedəndə onun iştirak etdiyi tamaşalar anşlaq olardı. Hətta tamaşadan sonra ondan əl çəkmirdilər. Axırda administrator, rejissor deyirdi ki, bu kişini buraxın, gedib çörək yeməlidir". Həmsöhbətimiz sənətkarın ölümü haqda danışır: "Köhnə "İnturist" mehmanxanasında bir məclis varmış. Bu bir əhvalat danışıb və öz danışdığına necə gülübsə, oradaca dünyasını dəyişmişdi. O, Fəxri Xiyabanda dəfn olunmayıb. Sovet dövründə kim partiyanın üzvü idisə, onu Fəxri Xiyabanda dəfn edirdilər. Əliağa Ağayev də böyük sənətkar olmasına baxmayaraq, siyasi məsələlərə qarışmadığına, partiya üzvü olmadığına görə Yasamal qəbiristanlığında dəfn olunmuşdu. Onun sənətinə xalq daha böyük qiymət verirdi. Sənəti də o qədər böyük idi ki, xalq artisti verməyə bilməzdilər. Heç bəlkə özləri ona xalq artisti adını da vermək istəməzdi".

3 Noyabr 2016 15:22

Böyük yazıçı, böyük kafir

edb

  Qismət yazır... Kulis.Az Qismətin “Gələcəyin tarixi” kitabından “Salman Rüşdini oxumaq” esesini təqdim edir. “Şərq Şərqdir, Qərb də Qərb”. (Kiplinq) “Biz onların yuxusuyuq... onlar da bizim”. (S.Rüşdi) Salman Rüşdiyə iki tip münasibət var. Birincilər onu böyük romançı kimi qəbul edən, amma kafir hesab edənlərdi. İkincilər isə Rüşdini “böyük kafir” sayanlar, həm də romançı saymayanlardı. Rüşdinin romanlarına yaraşan xəyali bir süfrə təsəvvür etsək və bu süfrədə birincilərlə ikinciləri üzbəüz əyləşdirsək, məncə onların fikrinin kəsişdiyi yer, təəssüf ki, ədəbiyyat olmayacaq. Demək üçüncü bir yanaşmaya ehtiyac var. Bu isə çox sadədi: yazıçını əsəri ilə tanımaq. Bizim ədəbi gündəmimizdə Rüşdinin düşdüyü qalmaqallar onun romançılığını üstələyir. Onun romanları isə dilimizə çevrilməyib deyə, (bir neçə jurnalda, qəzetdə bəzi romanlarından hissələrə rast gəlmişəm) Rüşdinin sanki bizim oxucuların gözündə yazıçı obrazı yoxdur. Onlar Rüşdini daha çox avantürist, kafir, oyunbaz, öz dilinə xəyanət edib ingiliscə yazan bir hindli kimi tanıyırlar. İstisnalar yəqin ki, var. Narahat olmayın, kimdir Rüşdi? – sualını verib onun bioqrafiyasına keçmək fikrim yoxdur. Bunun yerinə, Salman Rüşdinin “Florensiyalı sehrbaz” romanından danışaq. Salman Rüşdi bu romanı haqqında belə deyib: “Bu kitabı yazmaq üçün neçə il oxuyub, araşdırma aparmalı olmuşam.” Romanın mən oxuduğum türkcə nəşrində müəllif kitabının sonuna böyük bir siyahı da əlavə edib. Bu siyahıda Rüşdi romanı yazarkən bəhrələndiyi mənbələri göstərib. Siyahıda 85 kitab adı, 20 elektron mənbənin ünvanı var. Bu kitabların içində bədii kitablar da var, akademik araşdırmalar da. Tərcüməçi kitabın sonunda Rüşdinin dilindən balaca bir qeyd yazıb: “Bu siyahı istifadə etdiyim mənbələrin tam siyahısı deyil.Gələcək nəşrlərdə bu çatışmazlıq aradan qaldırılacaqdır.” Keçək kitabın arxa üzündəki tanıtım yazısına. Tanıtımda yazılıb: “Müxtəlif hekayəçilər, səyyahlar, macəraçılar tərəfindən nəql olunan, Babur imperiyası, Osmanlılar, Monqollar və intibah dövrü Florensiyasının tarixinə, mədəniyyətinə işarələr edən, bölgənin tarixini nağıllarla çulğalaşdıran mükəmməl bir əsər. Kitabda erotizmin episentrində olan gözəllər gözəli florensiyalı sehrbaz, əslində kişilərin dünyasında öz taleyinə özü hakim olmaq istəyən bir qadındı. Amma öz taleyinə hökm edə-edə, həm də hökmdarların taleyini dəyişdirir və ən parlaq dönəmini yaşayan Əkbər şah və Florensiyanın ictimai həyatında da çevriliş edir. “Florensiyalı sehrbaz” sizi tale, gözəllik, savaşlar, tilsimlər və sədaqətlə hörülmüş bir yolda Renessans İtaliyasının saraylarından Hindistanın uzaq sahillərinə qədər aparacaq bir şah əsərdi.“ Bir zamanlar mən kitabların tanıtım yazısına inanıb çox kitab almışam və əlbəttə ki, aldanmışam. Bu aldanışdan geridə sadəcə statistika qalıb. Olsun, zərər yoxdur. Hərdən kəmiyyətlə öyünənlərin yanında bu statistika da kara gəlir. Salman Rüşdinin “Florensiyalı sehrbaz” romanını isə tanıtım yazısını oxumadan, vitrində görən kimi aldım. Çünki Rüşdinin “Gecəyarısı uşaqları” romanını oxuyandan bu yana, o mənim sevimli yazıçılarımdan birinə çevrilib. (Balaca qeyd: Salman Rüşdinin “Gecəyarısı uşaqları” romanı 1981-ci ildə “Booker”, 1993-cü ildə “Booker of Bookers” və 2008-ci ildə “Best of Bookers” mükafatlarına layiq görülüb). “Florensiyalı sehrbaz” romanı 19 bölümdən ibarətdir və hər bölümün adı elə həmin bölümün birinci cümləsidir. Romana Françeska Petrarkadan və Mirzə Qalibdən epiqraf verilib. Salman Rüşdi romanını “Min bir gecə nağılları”nda, qədim şərq pritçalarında, əhvalatlarında oxumağa adət etdiyimiz bəzəkli, cəzbedici bir təhkiyə ilə yazıb. “Florensiyalı sehrbaz” şərqdə məşhur olan vəzir Birbalın əhvalatları, paradoksal bir xarakterə sahib Əkbər şahın yuxuları, fikirləri ilə, şəhərin bazarı, alverçiləri, dələduzları, fahişələri və sair şeylərlə cümlə-cümlə hörülən, olduqca rəngli, çoxsəsli bir romandı. Hər əhvalatın, hər sözün, hər cümlənin ətrafında qəribə mistik bir ab-hava, bir sirr haləsi yaratmağı bacaran Rüşdi oxucunu nağıllar dünyasına salır. İlk baxışdan adama uydurma, təxəyyül kimi gələn (əslində də bunlar həm Rüşdinin sonsuz fantaziyasının məhsuludur) bütün bu qəribə əhvalatları oxuduqca anlayırsan ki, bunlar nağıl qəhrəmanlarının xasiyyətlərini götürmüş, libasını geyinmiş bugünün, dünənin sərt həqiqətləridir. Magik realist üslubla postmodernizmin izdivacından doğulan bu romanda Rüşdi öldürücü ironiyasını yenə işə salıb. Rüşdinin ironiyası bu sehrli romanı oxunaqlı edən, onun canlı tutan əsas özəlliklərdən biridir. Romanın qəhrəmanlarından biri Əkbər şah daim Qərb dünyasının həsrətini çəkir, həsəd aparır və bir gün həmin Qərb Florensiyadan yola çıxıb, “dərələrdən sel kimi, təpələrdən yel kimi” keçib, ta Əkbər şahın sarayına qədər gəlir – səyyah dell Amore-un libasında. Rüşdi səyyahın da, şahın da şişirdilmiş, bir qədər də komik obrazını yaradıb. Bununla sanki o deyir: Şərq Qərbi, Qərb də Şərqi özü üçün o qədər ekzotikləşdirib ki, nəticədə hər iki tərəfin bir-biri barəsində təsəvvürləri bu cür gülüncləşib. Onlar həmişə bir-biri üçün kəşf edilməmiş tərəfləri olan Yeni Dünyadırlar. Saraya qəfildən təşrif buyuran bu sarı saçlı, qəribə əlbisəli səyyahda yalnız Əkbər şaha söylənməyə layiq bir sirr var və bu sirrin onun əlində olması səyyah üçün bütün qapıları açır. Nədir bu sirr? O sirri sizinlə bölüşmək istəmirəm. Çünki o sirri bilmək üçün hər biriniz o sirrə layiq olmalısınız, bunun isə bircə yolu var – romanı oxumaq. Zatən o zaman mənə ehtiyac qalmayacaq.

2 Noyabr 2016 15:26

Turanın böyük fədaisi – Əhməd Cavad

eh

  Nərminə Umudlu “Unudulmayacaq Azərbaycan korifeyləri” layihəsini təqdim edir Soranlara  ben  bu yurdun, anlatayım nəsiyəm:  Ben çeynən bir ölkənin “Həqq” bağıran səsiyəm. Haqq deyib haray salan bu səs uzun illər boyu susduruldu. Amma susdurulsa da, öz haqq sözünü yeri düşən kimi xalqına çatdıra bilirdi. Ölkəsini düçar olduğu bəladan qurtarmaq üçün əlindən gələni əsirgəmirdi. Altınlar yurdudur Azərbaycan deyirdi və o altınların ən qiymətlisi elə özü idi. Söhbət işıqlı, nurlu şeirləri sayəsində həyatı qara dastana çevrilən Əhməd Cavaddan gedir. Əhməd Cavadın dediyi hər sözdə bir məxfi məna, yazdığı hər sətirdə bir gizli rəmz axtarırdılar. Mircəfər Bağırov onu tez-tez Mərkəzi Komitəyə çağırıb, söhbət edərdi. Əhməd Cavad həmişə deyirdi: “Axı mən hökumətə nə edə bilərəm? Silahım yox, qoşunum yox. Bir dənə qələmim var, onu da istədiyim kimi yazmağa qoymurlar”. Təbii ki, o dövrün Mircəfər Bağırovları bilirdi ki, Əhməd Cavad bir qoşunun silahına bərabər qələmin sahibidir. Elə ona görə də bu dahi şair repressiyanın ilk qurbanlarından biri oldu. Himnimizin sözlərini yazan Əhməd Cavad (Cavad Məmmədli oğlu Axundzadə 1892-1937) Şəmkir rayonunun Seyfəli kəndində anadan olub. Kənd məktəbini bitirdikdən sonra təhsilini Gəncədə müsəlman ruhani seminariyasında davam etdirib, burada rus, ərəb, fars dillərini mükəmməl öyrənib, Hüseyn Cavid və Abdulla Surun tələbəsi olub. 1920-1922 Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil alıb. Ə.Cavad Quba Xalq Maarif şöbəsinin müdiri, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləyib.1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda iştirak edib. Cümhuriyyət deyilən zaman hamıdan əvvəl Əhməd Cavad yada düşür. Üçrəngli poeziya bədii yaddaşa ilk öncə məhz onun qələmi ilə həkk olunub. Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış, xalqın yaddaşına qayıdış kimi duyğular Əhməd Cavad şeirlərinin ruhuna hopub. Şairin yaradıcılığında Azərbaycan, Qafqaz, Turan, Türk dünyası obrazı qabarıq verilib. Əhməd Cavad 1920-ci ildə Azərbaycan parlamentinin üzərindən çıxardığı və güllələrdən dəlik deşik olmuş üç rəngli bayrağımızı 1937-ci ilə yəni qətlə yetirildiyi günə qədər qoruyub saxlaya bilmişdi. Əhməd Cavad yaradıcılığı Yaradıcılığa lirik şeirlə başlayan Ə. Cavadın 1916-cı ildə “Qoşma” adlı ilk kitabı çapdan çıxıb. Onun məşhur “İstiqlal uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda çap olunub. Əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət Əhməd Cavadı ciddi narahat edib və o, Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan “Qafqaz könüllü hissəsi” sıralarına qatılıb. Azərbaycan Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayan Ə.Cavad gecə-gündüz çalışıb, əməli işi, bədii yaradıcılığı ilə xalqının xoşbəxtliyi, azadlığı üçün əlindən gələni əsirgəməyib. Şairin poetik əsərləri zərif lirik-romantik üslubu, dil təravəti, realist və demokratik məzmunu, sadəliyi və xəlqiliyi ilə seçilir. Milli tarix, fəlsəfə və mənəviyyatla bağlı elə bir motiv yox idi ki, Əhməd Cavad ona toxunmamış olsun. Təkcə üçrəngli bayrağa aid altı nəğmə yazıb, “Dilimiz” şeirini qələmə alıb, əlifbaya poeziya həsr edib. C.Cabbarlı ilə birgə latın əlifbasını müdafiə edən iki ziyalıdan biri olub. Türklərlə Balkan hərbində iştirak edib. Birinci Dünya Müharibəsində şərq cəbhəsində ermənilərə qarşı vuruşub. Əhməd Cavad öz poeziyasında hər şeydən əvvəl azadlığı, Vətən şərəfini tərənnüm edir. Göygölə, Qara dənizə, dəli Kürə, milli bayrağa ən gözəl şeirləri o dövrdə Ə. Cavad yazmışdır.  “Azərbaycana” şeirində Vətənə həsrəti, nisgili əks olunub: Azərbaycana Coşmuşdu ürəyim, şişmişdi başım, Zülmkar olmusan, axıdıb yaşım! Ey gözəl Vətənim, ey dağım-daşım, Bir sazım olsaydı söylərdim sana!    Nə gücdür ayrılıq, doymamış yardan, Artırdı dərdimi hər keçən karvan! Duysaydım səsini bir yanıq tardan Bilməzsin nə söylər, neylərdim sana! Turanın böyük fədaisi Milli dövlətçiliyimizin yaranmasında xüsusi roıu olan Əhməd Cavad sözün həqiqi mənasında bir Turan fədaisidi. Bu gün hamımızın qürurla və eyni zamanda boğula-boğula dinlədiyi “Çırpınırdı Qara dəniz” türküsünü dinlərfən hər kəs üçün Əhməd Cavad ruhu və Əhməd Cavad sevdası özü-özünə aydın olur. 1914-cü ildə Əhməd Cavad bu gün dillər əzbəri olan “Çırpınırdı Qara dəniz” şeririn yazır. 1918-ci ildə Üzeyir Hacıbəyov bu şeirə musiqi bəstələyir. Bu gün belə və 100 illər sonra da bu türkü hər kəsin içindəki milli ruhun ağrısını, və həsrətini ifadə etməkdə davam edəcək. Çırpınırdı Qara dəniz Çırpınırdı Qara dəniz Baxıb Türkün bayrağına! “Ah!... ” deyərdim, heç ölməzdim Düşə bilsəm ayağına.   Ayrı düşmüş dost elindən, İllər var ki,çarpar sinən!.. Vəfalıdır gəldi,gedən, Yol ver Türkün bayrağına!   İncilər tök,gəl yoluna, Sırmalar səp sağ,soluna! Fırtınalar dursun yana, Salam Türkün bayrağına! Şairin yaradıcılıq və şəxsi həyatındakı problemləri bolşeviklər hakimiyyətə gəldikdən sonra başlayır. Azərbaycanda sovet höküməti qurulduqdan sonra keçmiş “musavatçı” olduğuna görə onu həbs edirlər. Mətbuat səhifələrindən, qurultaylarından hər yerdən uzaqlaşdırılır və qovulur. Əsərlərini nəşr etmirlər, nəşr olunanları isə toplayırlar. Bütün bunlara baxmayaraq onun yazdığı parçalar əldən-ələ gəzərək gənc kommunistlər arasında belə yayılır. Gənc bolşevik şairlər öz yazdıqları şerlərini Cavadın tənqid və təqdirinı ərz edəcək dərəcədə onun təsirinə düşürlər. Proletar yazıçılar təşkilatı tərəfindən kəskin tənqid edilən Əhməd Cavadın demək olar ki, yerdə qalan bütün həyatı mənəvi terror içində keçib. Ona qarşı olan təqiblərdən və mənəvi terrordan yayınmaq üçün şair sosialist realizmi çərçivəsində şerlər yazmağa məcbur olub. Onun “İşçi”, “Kür”, “Pambıq” və s. şeirləri buna görə yaradılıb. Halbuki Azərbaycanın Əhməd Cavad milli ruhunun döyünən ürəklərindən biriydi. Bolşevik-proletar yazıçılar kimi yazsa da bolşeviklər onun səmimiyyətinə inanmadılar. Azərbaycan xalqının cəlladlarından biri olan Mircəfər Bağırov öz məhkəməsində Əhməd Cavadın işgəncələrə tab gətirməyib öldüyünü bildirmişdi. Sözdən başqa bir silahı olmayan və faktiki olaraq sovet-bolşevik hakimiyyətinə qarşı heç bir əks fəaliyyət göstərməyən yaşlı bir şəxsə qarşı vəhşicəsinə işgəncə tətbiq etmək əslində heç bir məntiqə sığmırdı. Amma bolşeviklərin məntiqi heç bir zaman insani dəyərlərlə də üst-üstə düşmürdü. Şairin tərcümə fəaliyyəti Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixinə həm də görkəmli tərcüməçi kimi də daxil olub. O, Şekspirin “Otello” pyesini, A.S.Puşkinin “Kapitan qızı”, “Tunc atlı”, F.Berezovskinin “Ana”, M.Qorkinin “Mən necə oxumuşam”, “Çocuqluq”, T.Şevçenkonun “Kobraz”, Fransua Rablenin “Qarqantua və Pantaqruel” əsərlərinin bədii tərcüməsinin müəllifidir. Cavad bir aralıq gürcü şairi Şota Rustavellinin “Pələng dərisi geymiş pəhləvan” adlı mənzumısini şerlə türkcəyə tərcümə etdiribdilərsə də , sonralar onu tamamiylə inkar etmiş,tərcümısinidə aradan götürübdülər. Bir şeirin tarixşəsi 1936-cı ildə repressiyaların çağlayan vaxtlarında Əhməd Cavad vaxtilə Gəncədə Kənd Təsərrüfatı İnstitutunda bir yerdə işlədiyi müəllim yoldaşıyla şəhər bağında gəzişirmiş. Oradan-burdan danışandan sonra şair yoldaşından bir xahiş edir. Deyir ki, indi sənə bir şeir verəcəm, onu oxu, əzbərlə və cır. Zamanı gələndə üzə çıxar. Müəllim şairin sözlərinə əməl edir. Şeiri əzbərləyir, kağızı cırır. 1937-ci ildə Əhməd Cavadı tuturlar. Və bir müddət sonra 15-20 dəqiqə sürən “məhkəmə”ylə güllələnir. Şairin müəllim yoldaşı uzun bir ömür yaşayır. Şeir də heç kəsə söylənmədən onun yaddaşında qalır. Ta 1988-ci ilə kimi. Ölümünə bir az qalmış müəllim oğlunu yanına çağırır və şeiri öz oğluna əzbərlədir. Hələ Sovetlər dağılmayıb. Odur ki, ata oğluna şeiri yaddaşında saxlamağı xahiş edir. “Susmaram!!!” bu dəfə oğulun hafizəsinə köçür . 90-cı illərdə təhlükənin sovuşduğunu görən oğul – Fazil Məmmədov şeiri yaddaşından dilinə ötürüb, ara-sıra məclislərdə səsləndirir. Nəhayət, bir xeyirxah təşəbbüslə şeir 2004-cü ildə “Gəncəbasar” qəzetində çap olunur. 68 ildən sonra üzə çıxan şeir budur: Susmaram!!! Mən bir qulam, yük altında          əzilmişəm, qardaşım, Sevinc bilməz bir məhkumam,          ahu-zardır sirdaşım...   Damğa vurub, zəncirləyib          tullamışlar zindana, Qarlı-buzlu cəhənnəmlər          məskən olmuşdur mana...   Mənə «dinmə, sus!» - deyirsən,          nə vaxtacan susacam? Böhranların, hicranların          məhbəsində qalacam?! Əhməd cavadın əbədi sevgisi Şükriyyə xanım Şükriyyə Əhməd Cavad şəxsiyyətinin daha bir parlaq tərəfi idi. Çünki Əhməd Cavad şəxsiyyətinin formalaşmasında həyat yoldaşı Şükriyyə xanım da əsas amillərdən olub. Şükriyyə xanım Gürcütsanın Batumi şəhərində anadan olub. Orada Qızlar Gimnaziyasında oxuyanda da Əhməd Cavadla tanış olub. Yəni 1914-cü ildə Birinci Dünya Müharibəsinin başlanması Rusiya ilə müharibə zamanı Sarqamış faciəsi, rus qoşunlarının Ərzrumu işğal etməsi, Qars və Batumda erməni və ruslar tərəfindən türklərə qarşı törədilən qırğınları ürək ağrısı ilə izləyən Əhməd Cavad qan qardaşlarımıza yardım göstərmək üçün xeyriyyəçilik fəaliyyətinə başladı. Vəziyyətlə daha yaxından tanış olmaq üçün Batumiyə gedən Əhməd Cavadın o ağrılı günlərdən tək sevinci tapdığ əbədi sevgisi Şükriyyəsi idi. Hətta o sevdiyi qadını hər gün görsün deyə Şükriyyəgilə üzbəüz ev tutub orada yaşayırdı. Şükriyyə xanım türk əsilli acar Süleyman bəy Bejanoğlunun qızı idi. Çox sərt və zəhimli kişi olan Süleyman bəy dostları ilə onlara elçi gələn Əhməd Cavadın təklifin rədd edir və deyir ki: “Cavadı tanıyıram, gözəl şairdir, amma mən qızılbaşa qız vermərəm! ”. Pərt halda evdən çıxan Əhməd Cavad isə gələcək qayınatasına “Verməzsən qaçırdaram...” deyir və elə də edir. Şükriyyə xaım Əhməd Cavadla Bakıya gəlir və evlənirlər. İlk övladları olandan sonra da Batumiyə qayıdım Şükriyyə xanımın ailəsi ilə barışırlar. Sevginin heç bir zaman sonu olmaz. Bitən sevgilər yoxdur, bitmiş kimi görünən sevgilər vardır. Şükriyyə sevgisi də məhz bu cür sevgilərdən idi. Türk-acar gözəli şairin ilham mənbəyi idi. Ona yazdığı bir sıra şeirlər, eləcə də “Şükriyyənamə” indi də dillər əzbəridir. Əhməd Cavad türkün başında qatılaşan dini, milli, qövmi genosidə qarşı duranlardan biri olub. Elə buna görə də həmişə təqib edilib, “xalq düşməni” adlanıb. Üç dəfə həbs olunub, həyat yoldaşı sürgünə, üç oğlu koloniyaya göndərilib. Əhməd Cavadı üçüncü dəfə həbs edəndə həyat yoldaşı Şükriyyə xanımı çağırırlar və deyrilər ki, ərizə yaz Əhməd Cavaddan imtina et. Şükriyyə xanim bu zaman deyir ki: “Mən atamdan-anamdan Əhməd Cavada görə imtina etmişəm. İndi də deyirsiniz öz uşaqlarıma görə ondan imtina edim? Mənim imtina məktubum sizin vuracağınız güllələrdən ağır olacaq ona”. Əhməd Cavad həyatının sonu Əhməd Cavad 1937-cü ili iyunun 4-də Mikayıl Müsfiq, Hüseyn Cavid, və Vəli Xuluflu ilə eyni vaxtda həbsə alındı. Məhkəmə oktyabrın 12-də başladı və cəmi 15 dəqiqə çəkdi. Elə həmin gecə də Əhməd Cavadı gülələdilər. Sonralar 1956-ci ildə Mircəfər Bağırovun məhkməsi zamanı deyilənlərə görə şair ona verilən işgəncələr nəticəsində həlak olub və heç gülələnməyə qədər sağ qalmayıb. Əhməd Cavad 1920-ci ildə Azərbaycan parlamentinin üzərindən çıxardığı və güllələrdən dəlik deşik olmuş üç rəngli bayrağımızı 1937-ci ilə yəni qətlə yetirildiyi günə qədər qoruyub saxlaya bilmişdi. Ruhun şad olsun istiqlal şairi. Nərminə UMUDLU

1 Noyabr 2016 16:00

Fuad Poladovun tamaşaları repertuardan çıxarıldı

filippin-preezidenti

Fuad Poladovun Akademik Milli Dram Teatrı səhnəsində oynadığı üç tamaşa “Şah Qacar”, “Boy çiçəyi” , “Müsyo İbrahim və Quran çiçəyi” tamaşaları repertuardan çıxarılıb Kulis.Az-n verdiyi məlumata görə bu tamaşaların heç biri teatrın noyabr ayı üçün elan etdiyi repertuara salınmayıb. Kulis.Az-ın bu barədə sorğusunu Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı cavablandırıb. Onun sözlərinə görə Fuad Poladov Akademik Milli Dram Teatrının repertuarında olan “Şah Qacar”, “Boy çiçəyi” və “Müsyo İbrahim və Quran çiçəyi” tamaşalarında dublyorsuz oynayıb. Onun sözlərinə Fuad Poladov Akademik Milli Dram Teatrı ilə əməkdaşlığı dayandırmaq haqqında rəsmi müraciət etməyib. Xalq artisti mətbuata verdiyi açıqlamada işdən getdiyini təsdiqləsə də, rəsmi şəkildə ərizə yazmayıb. İstənilən halda, əgər bu əməkdaşlıq başa çatıbsa, deməli, hər üç tamaşanın gələcək taleyi sual altında qalıb. Fakt ondan ibarətdir ki, noyabr repertuarına sözügedən tamaşaların heç biri daxil edilməyib. Səhnə əsərlərinin sonrakı həyatı haqqında qərar verməyə Akademik Milli Dram Teatrının Bədii Şurası və rəhbərliyi səlahiyyətlidir. Tamaşa repertuardan Bədii Şuranın qərarı ilə çıxarılır. Bədii Şuranın isə hələlik belə bir qərarı yoxdur.

31 Oktyabr 2016 12:13

Kitab oxumağın beş faydası

A portrait of a mixed race college student studying at campus

Yel Universitetinin (Yale University School of Public Health) alimləri bəyan ediblər ki, kitab oxumaq təkcə çox əyləncəli məşğuliyyət və bilikləri artırmaq vasitəsi deyil. Sən demə, kitab oxumağın insan sağlamlığı üçün də çox böyük faydası var imiş Mütəxəssislər tədqiqat apararaq kitabın insan ömrünü uzatdığını müəyyən ediblər. Həftə ərzində 3,5 saatdan çox mütaliə ilə məşğul olan insanların erkən ölüm riski heç kitab oxumayanlara nisbətən 23% aşağı düşür. Bununla yanaşı, alimlər kitab oxumağın vacibliyinin 5 ən zəruri səbəbini də aydınlaşdırıblar. Birincisi, kitab oxumaq bütün xəstəliklərin 60%-nin, həmçinin insult və ürək-damar xəstəliklərinin səbəbi olan stressi aradan qaldırır. Sözsüz ki, həyatımızı stresslərdən qorumaq bizim əlimizdə deyil. Lakin kitab oxumaq stressin insan orqanizminə neqativ təsirini azaldır. İkincisi, kitab oxumaq beynin koqnitiv funksiyanı və yaddaşı yaxşılaşdırır. Üçüncüsü, kitab oxumaq yuxunun keyfiyyətini artırır. Yəni yuxululuqla yuxusuzluq arasındakı keçidi yüngülləşdirir ki, bunu da smartfonlar haqqında demək olmaz. Dördüncüsü, kitab oxumaq sosial bacarıqları təkmilləşdirir. Mütaliəli insanlar yaxşı dərk edə və başqa insanların nə fikirləşdiklərini hiss edə bilirlər. Sonuncu və ən vacib səbəb isə odur ki, kitab oxumaq hər kəsin intellektual səviyyəsini artırır. Faktinfo.az

17 Oktyabr 2016 12:18