Fuad İsgəndərov: Türkiyə SU-24 təyyarəsini niyə vurdu

Fuad

24 Dekabr 2015 11:55

Xəbər 1426 dəfə oxunub

Noyabr ayının 24-də Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyə Dövlət sərhəddini pozması təyyarənin vurulması ilə nəticələndi. Su-24 təyyarəsinin vurulmasına qədər Rusiyaya məxsus təyyarələrin iki dəfə Türkiyə sərhəddini  pozması qardaş ölkənin dövlət rəsmilərinin narazılığına səbəb olmuşdu. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın, baş nazir Əhməd Davudoğlunun narazılığına səbəb olan bu insidentin üçüncü dəfə təkrarlanmamasına  dair Rusiya tərəfinə təkidli şəkildə mesajlar verilmişdi, hətta nida dolu bu mesajların dövlətlərarası ziddiyətlərə gətirib çıxarmayacağına dair əminliklə müxtəlif səpkidə fikirlər də səsləndirilmişdi. Türkiyə dövləti əmin olmağa çalışırdı ki, Rusiya təyyarəsi üçüncü dəfə onun sərhəddini pozub aşağılayıcı hərəkətə yol verməyəcək. Lakin,hər şey əksinə oldu, Rusiya öz ampulasında qalıb Türkiyəni Avropa, digər bir neçə zəif ölkə sırasında bilib, üçüncü dəfə sərhəddini pozdu, təyyarəsi vuruldu. Elə, Rusiya dövləti sərhəddinin pozulmasına qarşılıq birinci dəfədən qarşı tərəfə xəbərdarlıq etmədən təyyarəni vurar, hətta bunu Rusiyaya qarşı olan hərbi təcavüz kimi qələmə verərdi. Son 20 gündə bu barədə kifayət qədər fikirlər səslənib. Görünən odur ki,hazırda tərəflər arasında ziddiyyət iqtisadi sahədə dərinləşir,Rusiya Türkiyəyə iqtisadi sanksiyalar tətbiq edir.

Türkiyə təyyarəni niyə vurdu?

Son 10 ildə Türkiyənin keçmiş baş naziri, hazırkı prezidenti Ərdoğanın sistemli şəkildə apardığı  xarici siyasət kursunun  bu dövlətə kifayət qədər  hərtərəfli divident gətirdiyi heç kimə sirr deyil. Anlaşılan odur ki, Yaxın Şərqdə baş verən hakimiyyət dəyişiklikləri bu proseslərdə Türkiyənin ədalətli mövqeyi, təsir dairəsi, iqtisadi çıxarları qarışıq bu dövlət özü üçün dost və düşmən dövlətlərin kimliyini müəyyənləşdirə bildi. Misirdə baş verən inqilab, Müsəlman qardaşlarının hakimiyyətə gəlməsi, Türkiyənin nəinki bölgədə, hətta dünyada nüfuzunu qaldırmışdı. Bir çox məsələlərdə İsrail, ABŞ kimi dövlətlərlə kəllə-kəlləyə gəlməsi, iqtisadi maraqlarından doğan  ədalətli, anlayışlı siyasət kursu yeritməsi açığı deməyə imkan verirdi ki, daha Türkiyə kimsənin yanında yer alan dövlət deyil. Əksinə,Türkiyə onlarla ölkənin onun yanında yer almasını tezləşdirən bir siyasi kursu həyata keçirir. Elə bu səbəbdən gözlənilən  idi ki, Türkiyənin zəiflədilməsi istiqamətində bu dövlətdə ardıcıl terror hadisələri həyata keçirmək, vətəndaş qarşıdurması yaradıb  Ərdoğan hakimiyyətini devirmək və ya AKP hökümətini əvvəlki hökumətlərin zamanında olduğu kimi özlərindən asılı vəziyyətə salmaq lazım gələcək. Belə də oldu, amma bütün çətinliklərə rəğmən AKP hökuməti təhdidlərə, terrora, vətəndaş qarşıdurmasına, kaset qalmaqallarına və digər çətin situasiyalara baxmayaraq, nəinki ayaqda qaldı, paralel dünya çapında mövqeyini gücləndirdi. Ərəb Liqasına  üzv olan dövlətlərdə, hətta MDB məkanında söz sahibinə çevrildi. Dünya iki cəbhəyə, Amerika-Rusiya münasibətlərinə dair bölündüyü bir zamanda üçüncü bir qüvvə kimi Türkiyə dünya xəritəsində öz yerini cızmağa başladı. Hətta, hadisələr o qədər sürətlə cərəyan etdi ki, Türkiyə yaxın müttəfiqi olan Amerikaya bir çox məsələlərdə haqlı olaraq mane olmağa başladı. Misirdə müsəlman qardaşlarının mövqeyini müdafiə etməsi, Liviyada, Suriyada ABŞ-ın iradəsini təmsil etəməyəcəyinə dair bəyanatlar səsləndirməsi, hətta Rusiyanın Krımı ilhaqından sonra bu dövlətə tətbiq olunan sanksiyalara qoşulmaması, əksinə, Rusiya ilə ikitərəfli iqtisadi əlaqələri dərinləşdirməsi- Putinin Ərdogan haqqında, “On krepki mujik” ifadəsinə qədər işlədilməsinə gətirib çıxartdı. Türkiyə  Ərdoğanın timsalında təkrar-təkrar özünü təsdiqlədi.

Əslində ,Rusiya- Amerika münasibətlərindən söz açarkən bir zamanlar SSRİ-nin özü üçün dost və düşmən dövlətləri qəti şəkildə müəyyənləşdiriyi vaxt dostları çox az olan Sovet İttifaqının ən ciddi rəqibi  Amerika, Böyük Britaniya, Fransa, Türkiyəni bilirdisə,  son 7 ildə Rusiya-Türkiyə münasibətlərinin tənzimlənməsi Rusiyanın uğuru kimi də səciyyələnirdi. Bu doğru seçimin Türkiyənin hardasa neytrallaşdırılması olsa da, bir az əvvəl yuxarıda qeyd etdiyimiz kimi, Türkiyənin artıq müstəqil siyasət yeritdiyinin təsdiqi kimi  qəbul edilməlidir. Təbii ,bunlara rəğmən bütün hallarda mümkünsüz idi ki, Türkiyə dövlətinin başında duranlar sərhəd pozuntusuna görə  Rusiya ilə münasibətlərin  pozulacagı halda, bunu ən xırda detallara qədər hesablamamış olaydılar. Mümkünsüz idi ki, iki dəfə sərhəddi Rusiya təyyarələri tərəfindən pozulan Türkiyə dövləti bu halın üçüncü dəfə baş verməsinə rəğmən atacağı addımlardan doğan itkilərini, iqtisadi çıxarlarını, Türkiyənin daşıdığı siyasi yükün ağırlığını hesablamamış Su-24 təyyarəsi vurulaydı. Demək ki, iqtisadi maraqlardan çox Türkiyəni daşıdığı hazırkı siyasi yükün agırlıgı, digər dövlətlər üzərindən iqtisadi maraqları daha çox düşündürüb. Ehtimal ki, Türkiyənin Su-24 bombardımancı təyyarəsini vurmasının başlıca səbəbləri aşağıdakılardan ibarət olub:

  1. Türkiyə Rusiya tərəfindən üçüncü dəfə sərhəddinin pozulmasına rəğmən aşağılanmağı qəbul etməyib.

  2. Türkiyə hərbi gücünü və bölgədəki nüfuzunu qorumaqla, Suriya hadisələrinə seyirci qalmayacağını, Bəşər Əsədi rusların müdafiə etməsinin az olduğunu anlatdı.

  3. Türkiyə Orta Asiya, Yaxın Şərq, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlər üzərində təkrar mövqeyini möhkəmləndirdi, dominantlığını əldən verməyəcəyini, onun təsir dairəsindən çıxmaq istəyən dövlətlərə ağır dərs verə biləcəyini sərgilədi.

  4. Rusiya varsa, bundan sonra Türkiyəni də güclü bilib, ona aşağılayıcı tonda yanaşmağın mümkünsüz olduğunu bəyan etdi.

  5. Su-24 bombardımançı təyyarəsini vurmaqla üzv olduğu NATO hərbi alyansına deyil, özünə güvəndiyini, NATO hərbi alyansı üzv ölkələri içində güclü olduğunu, Türkiyəsiz NATO-nun bir önəmi olmadığını müttəfiqlərinə anlatdı.

  6. Türkiyə ən başlıcası “ölərik, amma qürurumuzun tapdalanması ilə barışmarıq” mesajını dünyaya çatdırdı.

Təbii, bundan sonra tərəflər arasında siyasi-iqtisadi münasibətlər sisteminin dağılacağı,  hər iki dövlətin itirəcəyi qaçılmaz idi. Başlıcası bir zamanlar yarısından çoxu nəzarətində olan, Şərqi Avropanı itirən, SSRİ-nin varisi Rusiya dövlətinin başında dayanan Putin üçün Su-24 bombardımançı təyyraəsinin vurulmasını aldığı ən böyük siyasi zərbə də adlandırmaq olar. Bu başa düşüləndir, çünki Rusiya Suriyaya girməklə ağlından keçirmirdi ki, Türkiyə həcmi milyardlarla ölçülən iqtisadi maraqlarından imtina edib, bu dövlətə məxsus təyyarəni vura və arxasından da qaçmaya, və yaxud, əsrə  bərabər  iki dövlət arasında olan soyuq münasibətlərin istiləşməsi fonunda bundan bir sərhəd pozuntusuna görə imtina edə. Bəli, Rusiyanın Türkiyədən bunu gözləməməsi Putinə pis təsir etdi. Və ehtimal ki, o, “Türkiyə bizi arxadan bıçaqla vurdu” ifadəsini də bu səbəbdən işlətdi. Ardınca Ərdoğan və ailəsini İŞİD-dən ucuz neft almaqda ittiham etdi, Türkiyəni İŞİD-ə dəstək verməkdə günahlandırdı. Bir neçə gün sonra Türkiyədən gətirilən kənd təsərrüfatı mallarından imtina etdi, Türkiyənin Ermənistanla sərhəddinə 7 min əsgər və hərbi texnika cəmləşdirdi. Hardasa, Türkiyənin bombardımançı təyyarəni vurmasını Rusiyanın imperial qüruruna tarixi bir zərbə kimi səciyyələndirdi. Ardınca Suriyada ikinci hərbi bazanı yaratmağa, S-400 raketlərini ora aparmaqla hərbi əzələ nümayiş etdirdi. Hətta, qabağa gedərək PKK-ya dəstək verə biləcəyinə işarə etdi. Bəli, bütün bunlar Rusiyanın Ərəbistan yarımadasındakı aşağı düşmüş nüfuzunu bərpa etməyə çalışdığı bir vaxtda baş verdi və Rusiyanın dünyada nüfuzuna sarsıdıcı zərbə oldu. Daha doğrusu, Rusiya özü buna şərait yaratdı, ədalətsiz mövqeyi digər dövlətlər tərəfindən ikrah hissi ilə qarşılandı. Bu elə bir zamanda baş verdi ki, heç də yaxşı olmayan Rusiya-Amerika  münasibətləri fonunda rusların Suriya rejiminə dəstək məqsədilə orada hərbi əməliyyatlar aparmasını Amerika həzm edə bilmirdi. Bu zərurəti yaradan səbəb isə təbii ki, Rusiyanın Sovetlər İttifaqının varisi kimi çıxış etməsidi. Və bu istiqamətdə qarşısına çıxan dövləti parçalamağa hazır olan Rusiya hazırda Türkiyə ilə üz-üzədir, Türkiyənin də zəif ölkə olmadığını,hərbi cəhətdən güclü olduğunu anlamaqdadır. Bu və ya digər bir neçə başlıca səbəb Su-24 təyyarəsinin vurulmasından sonra  Rusiyanın Türkiyəyə  adekvat cavab verə bilməməsində başlıca rola malik oldu:

  1. Türkiyənin hərbi donanması Rusiyanın Qara dəniz donanmasından iki dəfə çox və həm də güclüdür. Əsgəri qüvvə isə hər iki dövlətdə təxminən bərabərdir.Bu amil də başlıca rol oynadı.

  2. Bosfor boğazını Türkiyə hərbi təhdidi əsas götürərək Rusiya hərbi gəmilərinin üzünə bağlasa, Rusiyanın Suriyada mövqeləri zəifləyəcək, Rusiya çıxılmaz vəziyyətə düşəcəkdi.

  3. SSRİ-nin varisi Rusiya 600 illik Osmanlı imperiyasının varisi Türkiyəyə hərbi hücumu təbii ki, Gürcüstanı işğal etməklə Ermənistan üzərindən edə bilərdi. Bu müharibə başlasa, birinci halda Ermənistanın bir dövlət kimi paleqona çevrilməsi baş verəcəkdi. Bu da heç cür Rusiyaya sərf edən variant deyildi.

  4. Türkiyəyə hərbi müdaxilə olarsa, buna NATO hərbi alyansı seyirci mövqedən yanaşarsa, bu sonrakı halda Avropa dövlətlərinin, yəni Amerikanın iradəsini yerinə yetirən “kiçik Amerika”ların Rusiya qarşısında diz çökməsi demək idi. Bu səbəbdən NATO Türkiyəyə var gücü ilə hərbi dəstək verməyə məhkumdur.Bunu da ruslar gözəl anlayır.

  5. Rusiya dövlətinin öz vətəndaşlarını Türkiyəyə qarşı müharibə etməsinə inandırması da vacib şərt idi. Əsaslı arqument olmasa, bu daxildə vətəndaş qarşıdurmasına gətirib çıxarar.

  6. Rusiya Türkiyəyə qarşı müharibə etmədən, onu çökdürmək üçün hiss olunmayacaq bir şəkildə bu ölkənin parçalanmasına qədər gətirib çıxara bilən PKK terrorçu qruplaşmasına dəstək versə və bu dəstək Türkiyə tərəfindən faktlarla əsaslandırılarsa, sonradan Rusiyada seperatizm meylləri baş qaldıra bilər.

Yəni, Çeçen, Tatar digər etnik məsələlər   Rusiyaya baş ağrıları olar, Krım tatarları Ukraynaya birləşmək üçün ayağa qalxar, bir sözlə, Volqaboyu seperatizm meylləri güclənər ki, Rusiyanın federasiyalara bölünmə təhlükəsi yaranar.Bu kimi məsələlərə görünür rusiya dövlətinin başında duranlar hələlik təminatlı yanaşa bilmirlər.

Rusiyanın dövlət siyasətinin maksimum proqramında Rusiya imperiyasının sərhədlərinə qayıtmaq durduğu halda Türkiyəyə qarşı müharibə aparmaq bu proqramın bəri başdan iflası demək idi.

 Fuad İsgəndərov

Faktinfo.az

80 min nə puldur ki… – “Rabitə işi”

vidadi-zeynalov

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Faktinfo.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Faiq Hümbətov ifadə verib. O bildirib ki, "Aztelekom" MMC-nin Şamaxı qovşağında rəis işləyib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib: "Görülməli işlər üçün 80 min manat alınıb. Həmin pullar da işlərə sərf olunub. Bu məbləğ nə puldur ki, mənə də qalsın?! Bizə qalan yeyib-içmək olub". Daha sonra onun istintaqa verdiyi ifadəsi elan olunub. F.Hümbətov istintaqa verdiyi ifadəsində bildirib ki, nazir Əli Abbasov rayona gələndə işlər görülüb: "Nazirin göstərişi ilə işlərin görülməsi üçün vəsait ayrılıb. Həmin vəsait işlər görüləndən sonra 3 min manat qalıb. Həmin pulu da xərcləmişəm". Şahid ifadəsini təsdiqləyib. Ədalət Hüseynov isə bildirib ki, Qazax filialınln müdiri vəzifəsində çalışıb. Proses yanvarın 25-də davam etdiriləcək. Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib. RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 32 min 400 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon, M.Məmmədov 4 milyon 500 min və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər. V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar. RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb. Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

18 Yanvar 2017 13:17

Ən iri miqyaslı yenidənqurma: min kilometrlərlə kabel, yarımstansiyalar, transformatorlar..

177236_res_0155

“Azərişıq” ASC ötən il görülən işlərin yekunlarına dair məlumat yayıb. Şirkətdən virtualaz.org-a daxil olan məlumata əsasən  prezident  İlham Əliyev tərəfindən təsdiq edilmiş  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrami”nın icrası məqsədi ilə istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC tərəfindən 2016-cı il ərzində də iri miqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilib. Rayon mərkəzlərində,  qəsəbə və kəndlərində olan istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün  yararsız, istismar müddəti başa çatmış avadanlıq müasir tipli avadanlıqlarla əvəz olunub, uzun illər istismar olunan agac dayaqlar yeni dəmir və dəmir beton dayaqlarla əvəzlənib. Yararsız vəziyyətə düşən və heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəz edilib. “Azərişıq” ASC bildirir ki, Şabran rayonunda 2x16 mVA gücündə “Rəhimli”, Lənkaranda “Lənkaran-1” (2x25 mVA), Şəkidə “Cəfərabad” (2x10 mVA), Ağsuda “Ağsu” (2x16 mVA), Zaqatalada “Bəhmədli” (2x6,3), Goranboyda “Kürəkçay” (2x40 mVA), Qazaxda “Daş Salahlı” (2x10 mVA), Masallıda “Tüklə” (2x16 mVA), Saatlıda  “Sarıcalar” (2x25 mVA), Samuxda “Yenikənd” (2x16 mVA) olmaqla, 10 ədəd 110 kV-luq yarımstansiya əsaslı şəkildə yenidən qurularaq müasir tipli avadanlıqlarla təchiz olunub. Abşeron, Quba, Neftçala, Sumqayıt, Lənkaran, Şəki, Zaqatala, İmişli, Zərdab, Tərtər, Bərdə, Ucar, Ağdaş, Ağstafa, Gədəbəy, Qazax, Lerik, Beyləqan, Ağcabədi, Ağdam, Göygöl, Samux, Hacıqabul, Şabran, Yevlax, Salyan, Mingəçevir, Cəlilabad, Daşkəsən, Astara şəhər və rayonlarında olmaqla, ümumilikdə 35 ədəd 35 kV-luq yarımstansiya tikilib və yenidən qurulub. O cümlədən 2016-cı ildə regionlarda: - 30,7 km 110 kV-luq hava xətləri; - 59,0 km 35 kV-luq  kabel  və  308,7 km hava xətləri; - 338,7 km 6-10 kV-luq  kabel və  1810,7 km hava xətləri; - 420,5 km 0,4 kV-luq kabel və  376,6 km hava xətləri; - 2640,7 km özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) çəkilib; - 960 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılmış; - 127 589 ədəd dayaq basdırılıbr. Bundan əlavə, uzunluğu  35,3 km 110 kV-luq, 128,3 km 35 kV-luq, 416,7 km 6-10 kV-luq və 901,7 km 0,4 kv-luq hava xətlərində təmir işləri aparılıb. Görülmüş tədbirlər onminlərlə abonentin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir.  İstehlakçıların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər 2017-ci ildə də uğurla davam etdiriləcəkdir. “Azərişiq” ASC-nin mətbuat xidməti ◀▶  

18 Yanvar 2017 11:57