Zamin HACI: Sür, əmioğlu…

sss

24 Dekabr 2015 11:38

Xəbər 701 dəfə oxunub

Dünənki yazımda devalvasiyadan bəzi çıxış yollarını göstərdim, indi mövzunu davam etdirirəm. İlk növbədə biz bahalı idman proyektlərindən imtina eləməliyik, örnək üçün, yaxından gələn Formula-1 və bir qədər uzaqdan tozanağı görünən İslam oyunları yarışlarını rədd edək getsin. Məncə, idmançılar, şəhərimizin nəğməli qonaqları da bizi anlayışla qarşılayarlar. Nə edə bilərik, neftin qiyməti düşdü, daha xarici idmançılara verməyə kürü yaxmacı yoxdur. 
Ancaq yuxarıda yazdıqlarımın patriotizmdən nə qədər uzaq olduğunu anlayıram. Yarışlar olmasa, bəs biz respublikamızı dünyada necə tanıdarıq? Azərbaycan manatının ölən gününü hər bir kəs görməlidir. Yarışları ləğv etmək yox, daha da gücləndirmək lazımdır. Özü də bunu xarici telekanallarda (CNN, “Evronyus” və sairə – təcrübəmiz var) belə reklam etməliyik: “Gəlin Azərbaycana, yeməyə çörək tapmayan xalqın yüksək sürətli avtomobilləri alqışlamasına baxın! Devalvasiyanın növbəti dövrəsində təkər altında neçə müəllim qalacaq – bir azdan!” Vallah, ac adamların necə sevinməsi dünyada böyük maraq oyadacaqdır.
İslam oyunlarına qədər, inşallah, sağ qalarıq, ona da bir uyğun reklam kampaniyası qoşarıq. Vətəni düşünmək borcumuzdur.
Növbəti tədbir olaraq deputatların maaşı artırılmalıdır. Xalq jmıx da yeyə bilər, deputatlar isə acqarına qanun qayıra bilməzlər. İstəyirsiniz biz qanunsuz qalaq, ölkəmiz təzədən anarxiya olsun? 
Mətbuat Şurasının sədri, deputat Əflatun müəllimdən də xahiş edirik “Blumberq” agentliyini təcili “reket KİV”lərin qara dəftərinə salsın. Eşitdim srağagün verilişdə Azərbaycan manatını “ilin ən bədbəxt valyutası” adlandırıblar. Bədbəxt özünüzsünüz ki, belə deputatxananız yoxdur. Biz sizi Göygölə buraxmarıq. 
“Buraxmaq” demişkən, dünən Milli Məclisə təzə sənəd daxil olub. Bildiyiniz kimi, amerikalılar bizim hakimiyyətə sanksiya qoymağa hazırlaşır, bu sənədi cavab atəşi saymaq olar. Düşmənin Kapitoli yüksəkliyini ələ keçirən – Azərbaycanın ABŞ-a qarşı sanksiyalarını nəzərdə tutan qanun layihəsinin müəllifi deputat Rövşən Rzayevdir (Deyirlər azı 15 ildir deputatdır, mən indi xəbər tutdum – gör necə kəşfiyyatçı oğullar kol dibində yatır!)
Dəhşət qanundur. Bundan sonra dollar çezməsə yaxşıdır. Bəlkə də Obama intihar elədi. Ən azı Riçard Gir dəli olacaq, girməyə yer axtaracaq. Misal üçün, Rövşən müəllim sənəddə yazıb ki, Amerikada zənciləri sıxışdırırlar. Zəncini prezident qoyan ölkə haqda belə yazmaq təxminən Səyavuş Novruzovun deputat olduğu ölkədə “Meşələri qırırlar” iddiası irəli sürmək kimi bir şeydir. Barıtı bir az çox eləyib.
Rövşən müəllim Amerikanın anasını hərtərəfli ağladıb. Seçki saxtakarlığından tutmuş Naqasakiyə atom bombası atılmasına, Əfqanıstanda “şey” əkməkdən Castin Biberin insanlara işgəncə verən səsinə qədər hər şey hərtərəfli əhatə olunub, yankilərin özlərinə və dünyaya vurduqları ziyanlar detallı göstərilib. Axırda isə bunlara əməl olunmayınca, qüsurlar aradan qaldırılmayınca ABŞ hakimiyyəti nümayəndələrinin və ailə üzvlərinin Azərbaycana girməsi qadağan edilir.
Vallah, çox ağıllı qərardır. Doğrudan da ola bilərdi gələn yay Barak Obama özü Nabrana gələ bilməsin, arvadı Mişel xanımı və qızları Maliya ilə Saşanı  qayınanası Merian xanıma qoşub göndərsin. Ta bunun nəyi sanksiya oldu? Gərəkdir amerikalılar belə yarıtmaz hakimiyyətin zülmünü çəksinlər. Bir-iki il Zirə pomidoru yeyə bilməsinlər. Göyçay narına həsrət qalsınlar. Nardaran pirinə ziyarətdən qalsınlar. 
Hətta mən deyərdim daha kəskin olsun deyə köhnə tarixlə viza qadağası da qoya bilərik. Axı 2000-ci illərin ortalarında Barak Obama hələ konqresmen ikən Bakıya gəlmişdi. İndi biz o vizanı ləğv eləsək, Barak Obamanın ölkəmizə qanunsuz girməsi iddiası ilə məhkəməyə müraciət etmək mümkündür. Vallah. Ta başlamışıq, o qardaş deyən kimi: “Sür, əmioğlu, sür”.

 

Səudiyyə qadınları kişilərdən azadlıq tələb edirlər

177078_res_01

Twitter” istifadəçiləri Səudiyyə Ərəbistanında kişilərin qadınlar üzərində himayəçiliyi barədə qanunun ləğv edilməsinə dair kampaniyanı dəstəkləyiblər. Bu barədə “RİA Novosti” nəşri “Sputnik Arabic” agentliyinə istinadən xəbər verir. Şəbəkə istifadəçiləri ingili dilində “#IamMyOwnGuardian” (“Mən özüm özümə qəyyumam”) və ərəb dilində “Səudiyyə qadınları 192 nömrəli qanunun ləğv olunmasını tələb edirlər” heşteqlərini paylaşırlar. Qeyd edək ki, hazırki qanunlara əsasən, Səudiyyə Ərəbistanında kişilərin qadınlar üzərində “qəyyumluq” rolu var. Kişinin icazəsi olmadan, qadına avtomobil sürmək, ev kirayələmək, xaricə çıxmaq və məhkəməyə müraciət etmək qadağandır. Beş il əvvəl ölkədə bu qanunun ləğv edilməsinə dair kampaniya başlanılıb. Ötən ilin sonunda 21 yaşdan yuxarı olan qadınların “sərbəst şəxsiyyət” qismində tanınması ilə bağlı petisiya 14 mindən çox imza toplamışdır. Lakin krallıq hakimiyyəti bu təşəbbüsü rədd etmişdir. “Belə alınır ki, qadın olmaq üzü özlüyündə bir günahdır”, - Amna adlı kampaniya iştirakçısı etiraz edir. Bəzi fəallar qanunun mövcudluğu üçün səbəbi istehza edirlər. Maha Abdulla Səudiyyə qanunlarından belə bir nümunə gətirib: “Qadın həyat təcrübəsinin az olması səbəbindən kişinin tabeçiliyindədir”. “Qızlar, mübahisə etməyin, cavab budur”, - o ironiya ilə yazır.

17 Yanvar 2017 12:21