ANS vəzifəliləri terroçuluqda ittiham olunur

9 Yanvar 2017 11:37

Xəbər 100 dəfə oxunub

ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb.

Ölkə.az Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxlayıb. Eldar Sultanov məsələ ilə bağlı qısa açıqlama verib:

“ANS rəhbərliyinə terrorçuluğun təbliğinə görə cinayət işi açılması ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinə çoxsaylı sorğu daxil olub. Ağır cinayətlərə dair istintaq idarəsi ilə danışıb, məsələni dəqiqləşdirdikdən sonra bununla bağlı açıqlama veriləcək”.

Qeyd edək ki, bu barədə məlumatı vəkil Elçin Sadıqov özünün Feysbuk səhifəsində dünən yazıb.

Vəkil bildirib ki, televiziyanın ABŞ üzrə xüsusi müxbiri Qənirə Ataşovanın 27 oktyabr 2016-cı il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılması da bu işlə bağlı olub:

“ANS TV ilə əməkdaşlıq etmiş jurnalist Qənirə Ataşova 27 oktyabr 2016-cı il tarixdə Bakıdan İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək geri qaytarılıb.

Araşdırma zamanı məlum olub ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan 162006055 saylı cinayət işi üzrə Qənirə Ataşovanın “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhəd keçməsinə məhdudiyyət qoyulmuşdur”.

İcra başçısı stomatoloqları qovdu, diş kabinetlərini qapatdı –Qalmaqal + FOTOLAR

Bərdə rayon İcra Hakimiyyətinin başçısı şəhərdə lisenziyasız fəaliyyət göstərən stomatoloqların diş kabinetlərini bağlatdırıb, onlardan yüksək məbləğdə pul tələb edir.  Faktinfo.az xəbər verir ki, bu barədə BakiPost.az-a müraciət edən stomatoloqlar onlardan həm rüşvət, həm də aylıq ödəniş istənildiyini bildiriblər. Bərdə şəhərində məskunlaşan, Xocalıdan olan məcburi köçkün Kamil Quliyev qeyd edib ki, ondan 5 min manat tələb edilir: "1996-ci ildə Tibbi Universitetini bitirmişəm. Dövlət qayğısı ilə oxuyan həkiməm. 20 ildir ki, Bərdə şəhərində stomatoloq işləyirəm. Diş kabinetim Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşir. Amma 2-3 gündür ki, icra başçısı polis gücü ilə bizi işlədiyimiz diş kabinetindən zorla qovub. Kabinetlərin hamısını möhürlə bağlayıb, bizi işləməyə qoymur. Həkimlərdən pul tələb edirlər. Şəxsən məndən 5 min, bəzi həkimlərdən 3 min manat istəyir. Mən 20 ildir ki, işləyirəm. Amma elə həkim var ki, 1-2 ildir işləyir. Eləsi də var ki, ümumiyyətlə, diplomu yoxdur. Lakin onlardan pul alıb işləməyə icazə verirlər. Kim pul vermir onları işləməyə qoymurlar. Amma təkcə bu pulla da iş bitmir. Deyirlər ki, icazə alandan sonra hər ay əlavə pul, "aylıq” da  verəcəksiniz. 1-2 il əvvəl bu işlə MTN məşğul olurdu. Hazırda həmin MTN əməkdaşlarının çoxunun işləri məhkəmədədir. İndi Bərdədə bütün diş kabinetləri bağlıdır. Kim pul verirsə, həmin diş kabinetini açırlar. Verməyənləri isə bağlayırlar. Belə ki, icra başçısının sərəncamı ilə daxili komissiya yaradıblar. Komissiyaya sədri isə əvvəllər falçılıq edən biri olub. İslam Universitetini bitirən həmin şəxs əvvəllər xanımlara dua yazırdı. Amma onu həkimlərə nəzarət komissiyasının sədri qoyublar. O da polis gücü ilə bizi çıxardıb pul istəyir. Artıq 2-3 gündür ki, bu proses başlayıb”. Şikayətçi bildirib ki, hazırda Bərdə şəhərində təxminən 15-20 diş kabineti bağlanıb: "İndi yalnız Şəhərin Mərkəzi Diş Poliklinikasındakı diş kabinetləri işləyir. Oranın da vəziyyəti bərbad gündədir, anti-sanitariya hökm sürür. Poliklinikada 1-2 diplomsuz, "əldə qayırma” həkimlər işləyir, savadlı adamların heç biri qalmayıb. Çünki oranın baş həkimi həkimlərdən yüksək məbləğ istəyir. Baş həkim də icra başçısının yanına gedib-gəlir. İşlədiyim 20 il ərzində vaxtı-vaxtında dövlətə vergi ödəmişəm. Hətta qəbzlər belə durur. Həmçinin Dövlət Sosial Müdafiə Fonduna da ödəniş edirəm. Ora hər ay 81 manat 50 qəpik ödəyirəm”. Bərdə şəhərində 16 ildir ki, stomatoloq işləyən Bəhlul Abbaslı isə vurğulayıb ki, ondan fəaliyyət göstərməsi üçün 3 min manat istəyirlər: "Xocalıdan məcburi köçkünəm. 16 ilə yaxındır ki, Bərdədə diş həkimi işləyirəm. Bərdəyə gələndən müraciət etmişəm ki, məni dövlət işi ilə təmin etsinlər. Amma bunu edən olmayıb. Mən də öz şəxsi hesabıma diş kabinetini açmışam. 2-3 gündür ki, icra başçısının göstərişi ilə bizi qoymurlar işləməyə. Məndən 3 min manat və aylıq pul istəyirlər. Özü də yazılı şəkildə. Deyirlər, verməsən işləməyə qoymacağıq. Əllərində bəhanənin çox olduğunu deyirlər. Hətta lazım olsa məni prokurorluğa verəcəklərini bildirirlər. Özlərindən qondarma sərəncam imzalayıblar. Kim pul verirsə, onlara dəymirlər.  Bizə isə bildirirlər ki, diş kabinetlərini bağlamaq üçün səbəb tapmaq onlar üçün asandır. Gücün onların əlində olduğunu qeyd edirlər”. Bərdə Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Vahid Qarayev BakiPost.az-a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib: "Bu barədə məlumatım yoxdur. Çünki işə dünəndən çıxıram. Amma inanmıram ki, elə bir şey olsun”. Başçının köməkçisi Anar Hətəmov isə deyilənlərin şayiə olduğu bildirib: "Deyilənlərin hamısı yalandır. Yəni şayiədir”.  

14 Mart 2017 17:29

Gəncə özünə layiqli rəhbər kimi görmək istəyir ? – Gəncəlilər belə düşünür…

Azərbaycanın həyatında böyük rol oynayan Gəncə şəhəri təhlükədədir. Belə ki, Elmar Vəliyevin sayəsində Gəncə tənəzzül dövrünü yaşayır. Gəncə və gəncəlilər zillət içində yaşamaq məcburiyətində qalmasına səbəb olan başçı tərəfindən diqqətsizliklə üzləşib. Tarixə nəzər saldıqda görürük ki, Gəncə Azərbaycanın paytaxtı olmaqla yanaşı görkəmli şəxsiyyətlər yetişdirmişdir. Bu gün E.Vəliyevin rəhbərliyi ilə günü-gündən abadlaşmaq əvəzinə, tənəzzülə uğrayan Gəncə indi qurucu və islahatçı rəhbərinin nə vaxt təyin olunacağı günün arzusundadır. E.Vəliyev Gəncə Şəhərində icra başçısı təyin olunandan sonara özünə biznes şəbəkəsi yaratmağı unutmayıb. Bunlar da Gəncə əhalisinə edilən zülümlərdən əldə edilən mənfətlərin hesabına əldə olunub. İcra başçısı “ailədə NƏVƏ, dövlətdə DƏVƏ” atalar misalını rəhbər tutaraq görünür, özünə dəvə karvanını yaratmağı da unutmayıb. İcra başçıları arasında mallının və mülkünün çox olması ilə sayılıb-seçilməsi məhz, Azərbaycanda E.Vəliyevin dəvə fermasının olması onu ilklər sırasına salmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi etimadlara xilaf çıxan bu başçı Gəncə əhalisinin üzərindən əldə etdiyi milyonları hesabına, Gəncə şəhərinindən kənarda özünün gələcəyinin təminatını yaratmaqdadır. Əldə etdiyi qanunsuz milyonları bundan sonrakı on dönəm nəsil nəcabətinə yetər. Bu gün Gəncə əhalisi arasında keçirdiyimiz sorğumuzda çox qəribə bir məqamla rastlaşdıq. Belə ki, Gəncə əhalisinə “Rəhbərinizin kim olmasını istərdiniz?” - sualı idi. Küçə-küçə dolaşaraq əhalidən əldə etdiyimiz cavablardanda məlum oldu ki, hal-hazırda başçı olan Elmar Vəliyevi ümumiyyətlə Gəncədə rəhbər olmasını istəyən əhalinin 2-3%-i təşkil edər etməz. Ən çox əhalinin ölkə rəhbərindən istəyi o oldu ki, Gəncənin icra başçısı postuna şəxsiyyətilə seçilən , sevilən Ulu Öndərin siyasi kursunun davamçısı olan İlham Əliyevin etimadı ilə yalnız bura Nizami Əhmədov başçılıq etsin. Keçirdiyimiz sorgu qəribə olsa da özündə bəzi həqiqətləri cəmləşdirməkdədir. GƏNCƏ şəhərinə rəhbərlik kim etməlidir… Kəpəz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sosial təminat şöbəsinin (keçmiş DSMF şöbəsi) müdiri Nizami Əhmədov Gəncə şəhərində çox böyük nüfuza malik insandır. Söz yox, hazırki vəzifəsi nümunəvi dövlət qulluqçusu, el ağsaqqalı Nizami müəllimin humanist xarakterinə uyğundur. Amma gəncəlilər, dahi Nizami Gəncəvinin adaşı olan cənab Əhmədovu daha yüksək mənsəbə layiq hesab edir. Milli Məclisin deputatı olduğu dönəmdə seçicilərinin etimadını doğruldan Nizami Əhmədov ali qanunverici orqanda mütərəqqi təkliflərlə çıxış etmiş, qanun layihələrinin müzakirələrində fəal iştirak etmişdir. Ümummilli liderin siyasi kursunun sadiq tərəfdarı olan Nizami Əhmədov hələ 1992-1993-cü illərdə Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik etdiyi dönəmdə, Gəncədən Muxtar Respublikaya göstərilən köməkliyin təşkilində xidmətlərinə görə seçilmiş, buna görə Ulu Öndərimiz ona təşəkkürnamə ünvanlamışdır. Nizami Əhmədov DSMF-nin rəhbəri olaraq bu vəzifəsinin öhdəsindən layiqincə gələrək, əhalinin imtiyazlı kateqoriyasından olan, aztəminatlı vətəndaşların müraciətlərinə həmişə həssas yanaşmış, ona pənah gətirənləri naümid qaytarmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təltif və mükafatlara layiq görülən Nizami Əhmədovun heç vaxt hər hansı vəzifəyə ehtiyacı olmayıb, həmişə hansısa vəzifənin ona ehtiyacı olmuşdur. Bir çox tərəqqipərvər Gəncə vətəndaşları bu qənaətdədirlər ki, hal-hazırda Gəncə şəhər İcra Hakimiyyəti başçısı vəzifəsinin məhz Nizami Əhmədova ehtiyacı var. Təsadüfi deyildir ki, indiki icra başçısı Elmar Vəliyevin idarəetməçiliyindən narazı qalan elektorat, şəhər rəhbərliyi ilə problemi olan Gəncə vətəndaşları da Nizami Əhmədovun qapısını döyür, onun ətrafına toplaşırlar. Gəncə şəhər Polis İdarəsinin rəisi olmuş rəhmətlik Rasim Musayevin rəis işlədiyi dövrdə şəhər rəhbərliyində üzləşdikləri bürokratik əngəllərdən, yerli məmurlardan yersiz müdaxilələrindən polisə şikayət edən Gəncə sahibkarları da məhz Nizami müəllimi ağsaqqal kimi qabağa salırdılar. Hər ikisi - həm R. Musayev, həm N. Əhmədov əslən Qərbi Azərbaycandan olduqları üçün bu tandem Gəncədə bir növ ümid qütbü təşkil edirdilər. Gəncə ŞİH ilə Gəncə Pİ idarəetmədə bir-birinə həm etibarlı tərəf müqabili, həm də nəzarətçi idilər. Amma məlum hadisələr, yəni Musayevin karyerasının onu paytaxta istiqamətləndirməsi Gəncədəki bu balansı pozdu və Elmar Vəliyevin təkhakimiyyətliliyinə gətirib çıxardı. Elmar Vəliyevin hakimi-mütləq olmasının Gəncəyə və gəncəlilərə vurduğu ziyan isə ayrı söhbətin mövzusudur.(Dia)  

9 Mart 2017 11:41

Cəbhədə gərginlik davam edir –Müdafiə Nazirliyi xəbər yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 119 dəfə pozub. Müdafiə Nazirliyinin rəsmi saytı  məlumat verir ki,Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber, Noyemberyan rayonunun Barekamavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqşılaq, Qazax rayonunun Qızılhacılı, Kəmərli, Quşçu Ayrım, Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Mərzili, Yusifcanlı, Şuraabad, Baş Qərvənd, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Qorqan, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

9 Mart 2017 10:56

Rustavi-2 Azərbaycan türklərini təhqir etdi – Yenə də…

Növbəti balta yenə özümüzdən. Gürcüstandan olan soydaşlarımızın haqlı narazılığını və bizim bu məsələni mediada işıqlandırmamız üçün xahişlərini nəzərə alaraq, istədik millətimizə və dinimizə qarşı növbəti çirkin həmləni ifşa edək. Bu sözlər Qarapapaq Türkləri İctimai Cəmiyyətinin sədri İsmayıl Əliyevin Avropa.info saytında dərc edilən yazısında əksini tapıb. Müəllif bildirib ki, bu günlərdə Gürcüstan Respublikasının Rustavi-2 telekanalında Borçalının yerli sakinləri olan Qarapapaq türkləri və Azərbaycan türklərinə qarşı, həmçinin onların dini inancları olan islam, mental dəyərləri haqqında “qara piar” məqsədi ilə bir televiziya verilişi efirə verilib. Efirə verilən alçaldıcı proqram Yutub şəbəkəsində də yerləşdirilib. Verilişin baş qəhramanı isə yerli ictimai radio olan Marneuli FM-in jurnalisti Şəlalə Amircanova olub: "Verilişdə xalqımız haqqında yalnız neqativ ifadələr, bol ittihamlarlar səslənib və xalqımız hər cür qaralamalara məruz qalıb. Nümunə üçün Şəlalə Amircanova iddia edir ki, islam dinində qızların oxumasına pis baxılır, qızların sadəcə evlənmə, doğma və ərlərinə xidmətçi olma haqları var. Borçalıda yaşıyan müsəlmanlar ibadət etmir, islamın sadəcə bu bölümünü tətbiq edirlər. Proqram ərzində paralel olaraq çayxanada istirahət edən savadsız və kasıb insanlardan intervü efirə verilərək, xalqımız haqqında neqativ obraz yaradılmağa çalışılır. Nədənsə heç bir ziyalımız, Gürcüstan parlamentinin heç bir azərbaycanlı deputatı bu proqramda danışdırılmır. Şəlalə Amircanova sosial şəbəkədə bundan öncə də dəfələrlə xalqımız haqqında mənfi imicin yaranmasına yol verən paylaşımlar edib. Gürcü əsilli vətəndaşların onun tərəfini saxlaması isə təbii haldır. Xalqımızın savadlı, vətənpərvər oğulları və qızları isə onun bu ittihamlarına mədəni şəkildə arqumentlərlə cavab verdikdən sonra Şəlalə Amircanova öz səhvini etiraf edib və üzr istəyib. Hətta o, xalqımız haqqında xoş sözlər də dediyini iddia edib, guya ki, o sözlər kəsilib və efirə verilməyib. Sosial şəbəkə istifadəçilərinin “əgər belə idisə, nədən siz çalışdığınız radio, televiziyanı məhkəməyə verməmisiniz” sualı isə cavabsız qalır. Məsələ bundadır ki, efirdə onu minlərlə, yüz minlərlə insan görür, bununla da xalqımız və dinimiz haqqında mənfi obraz yaradılır. Göründüyü kimi, xalqımıza, tariximizə, dinimizə və mənliyimizə qarşı “qara piar” kampaniyası aparılır. Dünən bu rolu ifa edənlər Rəsulzadəyə, Nuru Paşaya dil uzadanlar, bizim türk olmadığımızı deyən bir deputat idisə, bu gün yolunu azmış, 5-10 lari və ya manata satın alınan, öz xalqına tüpürən şəxslərdir. Əfsuslar olsun ki, Şəlalə kimilər xalqımıza qarşı olan nə ilk proyektdir, nə də son. Xalqımız belə adamları ifşa və ictimai qınaq hədəfi etsə, inanıram ki, gündəmə gəlmək istəyi, satqınlıq və yaltaqlıq hissi belə şəxslərdə utanc və biabır olmaq qorxusu ilə əvəz olunacaq. Bizim cəmiyyətimizdə həmişə tarixən qadının öz yeri olub. Həmin Şəlalənin yaşadığı Sərvanda (indiki adıyla Marneulidə) Cəmilə Sərvan qızını və onun bədii rəhbərliyi altında qurulan Sərvan folklor qrupunun kollektivini misal olaraq göstərmək olar. Xalqımız haqqında 10 lari müqabilində qara yaxanda heç olmasa, qonşusu olan Cəmilə xanımdan utansın. Sonunda istərdik rus klassik şairi Krılovun Fil və Tula təmsilini xatırladam. Orada tula filə hürür, lakin fil bu hürüşü vecinə almır. Tulanın yanında olan bir it isə soruşur: “Sən axı filə güc gələ bilməzsən, nəyə görə hürürsən”. Tula cavab verir ki, düzdü, güc gələ bilmərəm, amma ətrafda olanlar filin susduğunu görüb, məndən qorxduğunu zənn edəcəklər".

9 Mart 2017 10:53

Taleh Qaraşov Lənkəranı tənəzzülə uğradıb – İTTİHAM VAR

Lənkəran rayonuna Taleh Qaraşov icra başçısı təyin olan gündən şəhər günü gündən tənəzzülə uğrayır. Əhalidə günü gündən narazılıqlar yaranır. Prezident Adminstrasyasına ən çox şikayət məhz Lənkəran rayonunun icra başçısındandır. İcra başçısı Taleh Qaraşov rayonu özəl mülkünə çevirib. Baxmayaraq ki, Taleh Qaraşovun yarıtmaz fəaliyyəti rayonda narazılıqlara sabəb olub, əfsuslar olsun ki, icra başçısı özbaşınalıqlarını davam etdirməkdədir. Bununla bağlı yeniaxtaris.az-ın elektron ünvanına ğöndərilən daha bir şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırırıq: “Lənkəranın icra başçısı Taleh Qaraşovun rayonda özünə əsas gəlir sahələri yaratdığı kimsəyə sirr olan məsələ deyil. Bildirək ki, Lənkəranda icra başçısının bir sıra pul gətirən obyektləri var. Onların sırasında zavoddan tutmuş, mağazaya qədər hər şey sıralanıb. Bununla yanaşı Taleh Qaraşov Azərbaycanın digər rayonlarında da müxtəlif obyektlərə sahibdir. Həmin siyahını olduğu kimi diqqətinizə çatdırırıq. Taleh Qaraşovun obyektlərindən biri “Göl” adlanan restorandır ki, ora əxlaqsızlıq yuvası kimi tanınır. İcra başçısının bu obyektini isə qohumları işlədir. Taleh Qaraşovun digər bir biznes sahəsi Kürdəmirdə 1000 hektara yaxın sahəsidir ki, orda 10 mindən çox iri buynuzlu heyvandarlıq təsərrüfatı var. Bunlardan gözü doymayan icra başçısının Lənkəranda satmadığı ərazi qalmayıb. Onun Lənkəranda ələ keçirdiyi ikinci ən böyük obyekt isə “Xan bulaq” deyilən ərazidə restoranlar şəbəkəsidir. Bu restoranlarda icra başçısının yaxın adamları yay mövsümündə dincəlməyə gəlirlər. Xüsusilə də Taleh Qaraşovun hüquq-mühafizə orqanlarında çalışan oğlu başının dəstəsilə həmi ərazidə çox vaxtını keçirir. Bundan başqa, Taleh Qaraşov bir sıra işlərə də start verib. Məsələn, icra başçısı «Xan bulaq»da qonaq evinin ərazilərini özünün yaxınlarına peşkəş edib. Hazırda bu ərazidə şıdırğı tikinti işləri gedir. Taleh Qaraşovun şəriki isə Prezidentinin Administrasiyası rəhbərinin müavini və Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevdir. Məhz Taleh Qaraşovun Lənkərandakı özbaşınalıqlarına və müxtəlif maxinmaqasiyalarına bu adam “krışalıq” edir. Elə bu baxımdan da PA-ya icra başçısından olunan şikayətlər baxımsız qalır. Bir sözlə Lənkəran artıq Taleh Qaraşovun özəl mülkü hesab olunur. Adı bir çox qalmaqallarda hallanan, hər il xarici dövlətlərdə dincəlməyə gedib milyonlarla hesab verən və geninə-boluna korupsiyyaya əməlləri olan icra başçısı Lənkəranda özbaşınalıqlarını davam etdirir”. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…

7 Mart 2017 17:20

Sabiq nazir müavininin oğlunun pul “atdığı” şəxslərin siyahısı yayıldı –Adlar və məbləğlər

Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra bu qurumun rəhbərliyində təmsil olunan şəxslər ətrafında xeyli söz-söhbətlər özünə yer aldı. AFN xəbər verir ki, mediada yazılan yazıların əsas hədəflərindən biri də nəqliyyat nazirinin müavini Arif Əsgərovdur. Sabiq müavinin ölkəni tərk etmək məcburiyyətində qalması belə mətbuatda yazıldı. Bu məlumatlarda bildirilirdi ki, 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış A.Əsgərovun adı böyük qalmaqallarda hallanırdı. Hətta 2013-cü ildə bu qalmaqallar üzündən onun həbs ediləcəyi də gözlənilirdi. Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlanıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdilər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Az sonra məlum oldu ki, R.Hüseynovu qabağa verib həbs etdirən də A.Əsgərovun özü olub. O bu yolla oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı. Məsələ mətbuatda hallanmağa başlayan kimi A.Əsgərov oğlunu xaricə göndərdi.(musavat.com) İllərlə uzanan istintaqdan yayınmağı bacaran A.Əsgərov 2015-ci ildə ölkə prezidentinin fərmanı ilə tutduğu vəzifədən azad edilir. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin olunur və bununla da 2 il öncə mümkün həbsdən canını birtəhər qurtara bilir. A.Əsgərovun oğlu Elnar Əsgərov və dəstəsinin əməlləri haqda AFN-ə daxil olan məlumatlardan görünür ki, onların “pul atma” məsələləri qarşısında hüquq-mühafizə orqanları da acizdi. Belə ki, redaksiyamıza Elnar Əsgərov və dəstəsinin üzvləri sayılan, hazırda həbsdə olan xalası oğlanlarının kimlərə və hansı məbləğdə pul atdıqlarının siyahısı təqdim edilib. Siyahını verən mənbə bildirir ki, bu dəstə insanların etibarından istifadə edərək külli miqdarda “pul atma” işi ilə məşğul olur: “Rahib Hüseynov “Azərbaycan Dəmir Yolları” QSC-də mühüm posta-beynəlxalq yükdaşımalar idarəsinin rəisi vəzifəsinə gətiriləndən sonra Elnarın “qara işləri”ni görməyə başlayıb. Bundan əlavə olaraq, Rahib Hüseynov qaynatası, hazırda “Azəravtoyol servis ASC”-nin müavini Əvəz Qocayevə də pul “atıb”. Əvəz Qocayev də kürəkəninin bu əməllərini biləndən sonra qızını rəsmi olaraq ondan boşatdırıb. İndi isə həbs olunan Rahib və Emin Hüseynovların valideyinləri övladlarının günahsız olduğunu sübut etməyə çalışırlar. Halbuki onların övladları haqsız cəza çəkmir, bu işdə yerində olmayan yeganə məsələ A.Əsgərovun oğlunun hələ də azadlıqda qalmasıdır. Ölkə prezidenti dəfələrlə məmur övladları barədə çıxışlarında onların qudurğanlıqlarından danışır. Görünən odur ki, prezidentin dediklərinin Arif Əsgərova, oğlu Elnar Əsgərova heç bir aidiyyatı yoxdur”. E.Əsgərov və dəstəsinin “pul atdığı” adamların siyahısını təqdim edirik: 1. Bakıda “Viana Kənan” kimi tanınan Kənana (kecmiş iqtisadi inkişaf nazirinin bacısı oğlu)-4 milyon dollar. 2. Masallılı iş adamı “Hacı Mazan”ın oqlu İsmayıla-2,5 milyon dollar. 3. “Yevrey Elsun” kimi tanınan iş adamına -1 milyon. 5. Kecmiş rektor, hazırkı deputat Əhliman Əmiraslanovun qaynı oğlu, Bağırov Vüqara -3.5 milyon dollar. 6. Türkiyə Respublikasının Səməd adlı vətəndaşına-1 milyon dollar. Elnar və xalası oğlunun dəstəsi türk iş adamının pulunu Qazaxızstan-Türkiyə -Rusiya dövlətlərinə taxıl daşıma adı altında alıblar. 7. Atakan adlı daha bir türk vətəndaşı -40 min dollar 8. Elnar Əsgərov öz sürücüsü olan Əli adlı şəxsə də 40 min dollar atmağı unutmayıb. 9. Müşfiq adlı biznesmənə isə 750 min dollar. Məsələ ilə bağlı yazıda adları keçənşəxslərin də mövqeyini işıqlandırmağa hazırıq. Faktinfo.az

7 Mart 2017 11:13

Bir icra başçısı üç nazirə problem yaradır – Elmar Vəliyev haqda yeni iddialar

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vəsəhiyyə naziri Oqtay Şirəliyevlə ciddi sıxıntılar yaşayır. Reyting.az-ın məlumatına görə, Elmar Vəliyev hər üç nazirin rəyini nəzərə almadan təhsil, səhiyyə və mədəniyyət idarələrinə öz kadrlarını yerləşdirmək istəyir. Lakin onun təqdimat verdiyi kadrların barəsində ciddi narazılıqların olması və çoxsaylı şikayətlərin davam etməsi nazirləri də çətin vəziyyətlə üzləşdirib. Çünki haqlarında bu qədər şikayətlər olan şəxsləri həmin vəzifələrə təyin etmək nazirlərin də nüfuzuna zərbədir. Ona görə də icra başçısının təqdimat və rəylərini nəzərə almaq istəmirlər. Bu isə şəhərdə digər problemin əsasını qoyur. Elə ötən ay Gəncə Dövlət Filarmoniyasının direktorunun təyinatı ilə bağlı yaranan böyük səs-küylü hadisələr də belə narazılıqlardan qaynaqlanır. Məlumatlı şəxsin sözlərinə görə, Elmar Vəliyevin şəhərdə yerləşən universitet rektorlarını və məktəb direktorlarını da öz iradəsinə tabe etdirmək istəyi təhsil naziri Mikayıl Cabbarovun ciddi narazılığına səbəb olub. Lakin o da səhiyyə naziri Oqtay Şirəliyev kimi, hələ ki icra başçısına ciddi müqavimət göstərə bilmir. Hələlik çalışırlar ki, Elmar Vəliyevlə ortaq məxrəcə gəlib, vəziyyəti ictimai müzakirə olmadan həll eləsinlər. Ancaq görünən odur ki, nə Mikayıl Cabbarov, nə də Oqtay Şirəliyev onunla dil tapa bilmir. Amma hər iki nazirdən fərqli olaraq, Əbülfəs Qarayev icra başçısının nazı ilə oynamaq niyyətində deyil: "O, ötən ay filarmoniyaya təyin etdiyi direktor Gülçin Mirzəyevanın Elmar Vəliyevin diqtəsi ilə Musiqi Kollecinin direktoru olarkən barəsində açılmış cinayət işinin bu günlərdə yenidən qabardılmasından sonra daha da qəzəblidir. Əminəm ki, Əbülfəs Qarayev sonadək icra başçısının rəyini nəzərə almadan nazirliyin şəhərdəki qurumlarına öz iradəsini qəbul etdirəcək. Məncə, yaxın aylarda Gəncə şəhər Mədəniyyət və turizm idarəsinin müdiri Sənan Hacıyevlə də yollar ayrılacaq. Təəssüf ki, eyni addımı təhsil və səhiyyə nazirləri ata bilmirlər. Hər iki nazirliyə tabe olan qurumların Gəncədəki rəhbər şəxsləri icra başçısının bir kəlməsini iki etmir”. Məlumatda qeyd edilir ki, M.Cabbarovla O.Şirəliyevin E.Vəliyevin qarşında aciz davranmalarının bir sıra səbəbləri var.

6 Mart 2017 11:46

İcra başçısı nəyə görə narahatdır? – Oğlunun əməlləri onu narahat etməyə başlayıb…

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin fəaliyyətindəki qanun pozuntuları, onun işində yol verdiyi nöqsanlar bütün sərhədləri aşıb. Son günlər adı mütəmadi olaraq ölkə mətbuatının gündəminə gəlməyə başlayan icra başçısının barəsində bir-birinin ardınca sensasion iddialar yayılmaqdadır. Mətbuat üzərindən apardığımız araşdırmalar göstərir ki, İmişlinin icra başçısından həm yerli camaat, həm də rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər narazıdırlar. Məsələn, bir müddət əvvəl Vilyam Hacıyevlə “Neftçi”nin sabiq futbolçusu Maşallah Əhmədov arasında 2 milyonluq borc qalmaqalı haqda xəbər yayıldı. Məlumata görə, M.Əhmədov idmandan ayrıldıqdan sonra özünə kiçik bir MMC qurub. Daha sonra isə tanışları və illərdən bəri qazandığı dostları sayəsində onu böyütməyə başlayıb. Və nəhayət, rayonlarda həyata keçirilən abadlıq və quruculuq işlərinə qoşulub. Keçirilən tenderlərdən bir neçəsinin qalibi olub. M.Əhmədovla Vilyam Hacıyevin yolları ilk dəfə Göygöl (keçmiş Xanlar) rayonunda kəsişib. Həmin vaxt sözügedən rayonun icra başçısı olan Vilyam Hacıyev məşhur futbolçunu bəzi tikinti işlərinə cəlb edib. Dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsaitin bir qismini verərək yerdə qalanını da ödəyəcəyini vəd edib. Amma bu anlaşmadan qısa müddət sonra Vilyam Hacıyev Samux rayonuna icra başçısı göndərilib. Və Maşallah Əhmədov bu rayonda da tikinti işləri üzrə tenderlərə qatılıb. Orda da bir xeyli işlər görüb və bunun üçün ayrılmış pulların bir qismini ala bilib. Yerdə qalan vəsaiti isə öz cibindən xərcləməli olub. Xəbərdə iddia edilir ki, Samuxda icra başçısı ilə tanınmış futbolçu arasında narazılıq yaransa da, birinci prosesi uzatmaqla onu sakitləşdirməyə nail olub. İmişli rayonunda görülən işlərə də cəlb edilən Maşallah Əhmədov isə tamamilə müflis vəziyyətinə düşüb. Hətta onun aldığı borcları qaytara bilmədiyi də verilən informasiyalar sırasındadır. Məlumata görə, İmişli rayonu da daxil olmaqla, digər rayonlarda görülən işlərə görə Vilyam Hacıyevin M.Əhmədova olan ümumi borcu təqribən 2 milyon manat civarındadır. Dəfələrlə tərəflər arasında bununla bağlı söhbət olsa da, icra başçısı pulları qaytaracağı vədi ilə onu inandırmağa nail olub. Lakin sonuncu dəfə bu dialoq qarşıdurma ilə nəticələnib və məşhur futbolçu pulunu almayacağı barədə xəbərdar edilib. Bundan sonra Maşallah Əhmədov İmişli Rayon İcra Hakimiyyətinin binası önündə özünü yandırmağa belə cəhd edib. Məlumatlarda iddia olunur ki, həmin vaxt icra hakimiyyətinin qarşısında olan bir neçə nəfər onun özünə qəsd etməsinin qarşısını alıblar. Lakin bu addım da onun pullarını almasına yardımçı olmayıb. Əksinə, Vilyam Hacıyevin yaranmış vəziyyəti yuxarılardan gizlətdiyi deyilir. Əldə etdiyimiz məlumatlara əsasən, icra başçısının iş gördürüb pulunu vermədiyi iş adamlarının sayı-hesabı yoxdur. Araşdırmalar nəticəsində məlum olur ki, «İmişli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə» prezident sərəncam verərək icra hakimiyyətinə 2 milyon manat ayırıb. Sərəncamdan sonra «sosial-iqtisadi inkişaf tədbirləri»nin nəinki sürətlənmədiyi, hətta yarımçıq qalan tikililərdə tamamlama işlərinin belə görülmədiyi müşahidə olunub. Tikintidə iştirak etmiş iş adamlarının və fəhlələrin İmişli Rayon İcra Hakimiyyətinə qarşı pul tələbi aylarla davam edib, narazı qalanlar, həbs olunanlar olub. İddialara görə, İmişli RİH başçısı Vilyam Hacıyev tikinti borclarının bir hissəsini şəxsi mülklərini satmaqla ödəyib. Amma hələ də İmişli RİH-dən haqqını tam almadığını deyənlər də var. Başqa bir məlumatda bildirilir ki, rayonun mərkəzi hissəsindəki ictimai binaların, kommersiya obyektlərinin fasadları, fərdi təsərrüfatların hasarları üçün «vahid forma» tətbiq edilərək, eyni daşla üzlənib. Hətta bu zaman vətəndaşların yaşayış yerlərindən prospektə açılan darvazalarının da dəyişdirilməsi işinə başlanılıb. Deyilənə görə, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, digər vəzifəli şəxslər, habelə iş adamları qarşısında «Hərə bir darvazanın xərcini ödəsin» tələbi qoyulub. Bir sözlə, icra hakimi əlinə düşən hər fürsətdə rayonda aparılan yarımçıq abadlıq işlərinə ya sahibkarları, ya da dolanışığını güclə təmin edən sakinləri cəlb edir. Qeyd edək ki, Vilyam Hacıyevin Prokurorluq orqanında işləyən oğlu Məhəmməd Hacıyevlə bağlı da kifayət qədər neqativ məlumatlar mövcuddur. Bizə çatan informasiyaya əsasən, icra hakiminin oğlu prokurorluq orqanlarında işə Qaradağ rayon Prokurorluğundan başlayıb. Amma onun burdakı karyera müddəti elə də çox çəkməyib. Deyilənə görə, icra başçısının oğlu mühüm bir məsələ ilə bağlı elə bir kobud və bağışlanılmaz səhvə imza atıb ki, bu onun Qaradağ rayon Prokurorluğundan Nərimanov rayon Prokurorluğuna təyinat alması ilə nəticələnib. Bu barədə malik olduğu bilgiləri bizimlə paylaşan mənbə bildirir ki, əslində icra başçısının oğlu Məhəmməd Hacıyev buraxdığı kobud səhvə görə ümumiyyətlə prokurorluq orqanlarından xaric olunmalı idi: «Hətta bu məsələ, yəni Məhəmməd Hacıyevin buraxdığı kobud səhvlə bağlı Baş Prokurorluğa da məlumat verilib. Onun ciddi şəkildə cəzalandırılması məsələsi müzakirə olunub. Lakin son anda Vilyam Hacıyev əlaqələrini işə salaraq, himayəsində olduğu şəxsin yardımlarına baş vuraraq işə yeni qəbul olunan oğlunu onu gözləyən təhlükədən sığortalamağı bacarıb. Deyilənə görə, Vilyam Hacıyevin minnətçi düşdüyü nüfuzlu şəxsin müdaxiləsindən sonra Məhəmməd Hacıyev prokurorluq orqanlarından xaric edilməsə də, Qaradağ rayonundan Nərimanova göndərilib. Bunu ona görə cəzalanma adlandırmaq olar ki, Məhəmməd Hacıyev bir çox məsələləri məhz Qaradağ rayonunda asanlıqla yoluna qoya bilirdi. Lakin Nərimanov rayonuna təyinat aldıqdan sonra o əvvəlki «qayda»da işləməyi bacarmadı». Vilyam Hacıyevlə bağlı ən maraqlı məqamlardan biri isə onun qeyri-millətdən olan şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşmasıdır. Bununla bağlı çox mühüm məlumatları bildiyini deyən mənbə iddia edir ki, Vilyam Hacıyevin ətrafında qeyri-millətlərin nümayəndələri özlərini olduqca sərbəst hiss edirlər: «İcra başçısı qeyri-millətdən olan şəxslərə o qədər doğmalıq göstərir ki, adam buna təəccüblənməyə bilmir». Bu haqda geniş yazını bir neçə gündən sonra daha dəqiq olan faktlarla oxucuların diqqətinə çatdıracağıq. Görəsən, ermənilərlə müharibə getdiyi bir vaxtda, ... bütün millətin düşündüyü kimi hamı düşünürmü? İndi isə keçək əsas mətləbə. Belə ki, bəzi radikal müxalifət yönümlü kütləvi informasiya vasitələri icra başçısını ciddi cəhdlə müdafiə edirlər. Hansı ki, həmin KİV-lər bir zamanlar özləri Vilyam Hacıyevi “topun” ağzına qoyublar. İndi isə tamam fərqli mövqedən çıxış edirlər. Bunun səbəbini araşdırdıqda ortaya kifayət qədər maraqlı məqamlar çıxır. Bu barədə növbəti yazımızda. Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik. P.S. Növbəti sayımızda Məhəmməd Hacıyevin və Vilyam Hacıyevin gördüyü bütün işlərə aydınlıq gətirəcəyik. \\gundeminfo.az\\

4 Mart 2017 15:18

“Əsgər getməyənlər kişi deyil!”

“Əli Həsənov bu fikri indi deyirsə, Türk milləti yüz illər qabaq deyib. Türklər əsgər olmayan kişiyə ümumiyyətlə kişi kimi baxmayıblar. İndi Əli Həsənov da tamamilə doğru deyir.  Bizdə adını hərbi xidmətə yazdırıb evdə oturan oğlanlarımız çoxdur. Məmurların, deputatların, iş adamlarının arasında belələri çoxdur. Əli Həsənov da elə sözünü məhz belələrinə şamil edib. Mən başa düşürəm ki, Əli Həsənov bu sözü haralara vurub, nəyə görə bu söhbəti edib və onu dəstəkləyirəm. Bəli, Vətən deputatın oğlundan yox, xalqdan başlayır. Tarixə baxın, o boyda Stalin belə oğlanlarını əsgər göndərib, hətta əsir düşən oğlunu generalla dəyişməyib”. Bunu Moderator.az-a müğənni Əli Mirəliyev baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun  həqiqi hərbi xidmət keçməyən oğlanlara qız verməməklə bağlı çağırışı haqqında danışarkən deyib.  Əli Mirəliyev həqiqi hərbi xidmətdə olmayanları kişi hesab etmədiyini də qeyd edib: “Mən də neçə illərdi deyirəm ki, əsgər olmayan müğənniyə qız verməyin. Müğənnilərin də yarısı əsgər olmayıb, gedib yalandan hərbi bilet alıblar, inanmırsınızsa, yoxlayın. Əsgərlik təkcə o demək deyil ki, əlinə tüfəng götürüb döyüşəsən, əsgərlik kişiləri qayda-qanuna riayət etməyi, sübhdən oyanmağı, idmanla, təmizliklə məşğul olmağı öyrədir. Bizdə uşağı çox vaxt ərköyün böyüdürlər, analar çox vaxt deyir ki, “Kişi bərk danışma, uşaq yatıb”. Az qalırlar çayını, çörəyini də yatdığı yerə gətirsinlər. Ancaq başa düşmürlər ki, 18-19 yaşlı oğlan uşaq deyil, artıq kişilik məktəbini keçməlidir. Kişilik məktəbini də harda keçərlər, əsəgrlikdə, lazım gəlsə, müharibədə. Müharibə var deyə biz əsgər getməməliyik? Əslində biz hamımız əsgər olmalıyıq, yaşlılar, ağsaqqallar, ağbirçəklər belə. O kişi ki, əsgər olmayıb, ümumiyyətlə o heç kişi deyil. Mən elələrini kişi saymıram”.

4 Mart 2017 13:10

Azərbaycanda internet medianın fəaliyyəti qanunla tənzimlənəcək

Azərbaycanda ".az" ölkə kodlu yüksək səviyyəli domen üzərində qurulan internet informasiya ehtiyatının fəaliyyəti qanunvericiliklə tənzimlənəcək. Bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklik təklif edilir. Milli Məclisə daxil olmuş və plenar iclasa tövsiyə edilmiş layihədə qeyd olunur ki, internet informasiya ehtiyatı üçün domen adı ".az" ölkə kodlu yüksək səviyyəli domen zonasında və ya digər domen adları zonalarında seçilə bilər. ".az" ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı domen adının milli inzibatçısı və qeydiyyatçıları tərəfindən həyata keçirilir. Domen adlarının milli inzibatçısı qeydiyyatdan keçmiş domen adlarının reyestrini aparır və reyestr məlumatlarından sorğu əsasında istifadəni təmin edir. Domen adlarının qeydiyyatı və istifadəsi qaydaları, habelə domen adlarının reyestrinə daxil edilən məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İnternet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə, adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı həmin saytda aydın oxuna bilən yerdə və formada yerləşdirilməlidir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməməlidir: İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terroçuluğa açıq çağırışlar; Zorakılığın və dini ektremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və saxlanılmasına, kütləvi iğtişaşların təşkil edilməsinə açıq çağırış; Dövlət sirri təşkil edən məlumatlar; Odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və üsulları barədə məlumatlar; Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və üsulları barədə məlumatlar;   Pornoqrafiya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar; Qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar; İntiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədilə yayılan məlumatlar; Təhqir və böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; Əqli mülkiyyət hüquqlarını pozan məlumatlar; Azərbaycan qanunları ilə yayılması qadağan olunan digər informasiyalar. Layihədə bildirilir ki, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin etməlidir. Host provayder öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan olunan informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlər görür. Müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdəbu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etməlidir. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanı yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir. Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət müvafiq icra hakimiyyəti orqanın əsasında müvəqqəti olaraqməhdudlaşdırılır. Müvafiq icra hakimiyyəti orqanı nəzərdə tutulmuş qərarı qəbul etdikdə eyni zamanda internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. İnformasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar məhkəmə tərəfindən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə baxılanadək və ya həmin qərar ləğv edilənədək qüvvədə qalır. Məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə 5 günədək müddətdə baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə, müvafiq icra hakimiyyəti orqanı isə internet informasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul etdikdə, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını “Yayılması qadaöan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edir. Siyahıdakı məlumatların tərkibi, siyahının tərtibi, tətbiqinə nəzarət edilməsi və host və internet provayderlərə qarşılıqlı əlaqənin təşkil edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnternet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmalı və bu barədə internet informasiya ehtiyatının sahibinə məlumat verməlidir. İnternet informasiya ehtiyatının sahibi məlumatın götürülməsini təmin etmədikdə və informasiyanın internet informasiya ehtiyatında yayılmasının qadağan edilməsi ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını şəxsin müraciəti əsasında “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na daxil edir. Bu müddəaların pozulmasına görə internet informasiya ehtiyatının sahibi, domen adının sahibi, host və internet provayderlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Təklif edilən dəyişikliklərin məqsədi kibertəhlükəsizliyi təmin etməkdən, kiberhücumların qarşısını almaqdan, internet informasiya ehtiyatının yaradılması, uçotu və internet informasiya ehtiyatında informasiyanın yayılması qaydalarını müəyyən etməkdən, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısını almaqdan, bu qaydaların pozulmasına görə məsuliyyətin müəyyən edilməsindən, informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi sahəsində qanunvericiliyi təkmilləşdirməkdən ibarətdir. “Telekommunikasiya haqqında” qanuna da dəyişiklik edilməsi təklif edilir. Layihəyə əsasən, internet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmalıdırlar, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat verməlidirlər. İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılır. Operatorların və provayderlərin vəzifələri nəzərdə tutulmuş qaydada uçota durmaq, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat vermək, müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq mühafizə orqanlarının sorğularına 3 iş günündən gec olmayaraq cavab vermək və tələb olunan məlumatları təqdim etməkdən ibarətdir. Bu müddəaların pozulmasına görə cəza nəzərdə tutulur. Təklif olunan dəyişikliklərin məqsədi telekommunikasiya resurslarının kibertəhlükəsizliyini təmin etməkdən, elektron təhlükələrin və kiberhücumların qarşısını almaqdan, bu hücumların mənbələrini müəyyən etməkdən, bu məqsədlərlə internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunu aparmaqdan, onların vəzifələrini və məsuliyyətini müəyyən etməkdən, fəaliyyətlərini tənzimləməkdən və telekommunikasiya sahəsində qanunvericiliyi təkmilləşdirməkdən ibarətdir.

2 Mart 2017 11:14