“Arazla Elşənin göndərilməsi “Neftçi” rəhbərliyinin səriştəsizliyidir”

77980

10 Yanvar 2017 11:25

Xəbər 27 dəfə oxunub

“Bu mövsüm alınan legionerlərin sayını 15-ə çatdırıblar. Bəs iki ildir uğursuzluğu ört-basdır etmək üçün xalqı aldadaraq bildirirdilər ki, pulumuz yoxdur”

“Neftçi”nin yeni rəhbərliyi klubu qəbul edəndən sonra işi bilmədiklərinə görə eyforiyaya qapıldılar. Onlar özlərindən “amerika” kəşf edərək komandanı dağıtdılar”.

Bu sözləri “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov klubun son vaxtlıar həyata keçirdiyi transfer siyasətinə münasibət bildirərkən deyib.

“Neftçi”nin apardığı transfer siyasətini tənqid edən Süleymanov yay transfer pəncərəsi zamanı Ruslan Qurbanov, qış transfer pəncərəsi zamanı isə Araz Abdullayev, Elşən Abdullayev kimi futbolçuların komandadan göndərilməsini klub idarəçilərinin səriştəsizliyi kimi qiymətləndirib: “Əvvəl gəncləşdirmə siyasəti yürüdürük dedilər, indi də kütləvi şəkildə legioner alıb göndərir, yenilərini gətirirlər. Bu azmış kimi öz uğursuzluqlarını son illər “Neftçi”nin yetişdirdiyi istedadlı fitbolçuların üstünə yıxaraq komandadan didərgin salırlar. Necə ola bilər ki, 7-ci yerdə gedən autsayderə çevirdikləri “Neftçi”nin yerli futbolçularını lider “Qarabağ”, “Qəbələ” öz heyətlərinə qatır?! Deməli, Araz Abdullayev, Ruslan Qurbanov, Elvin Yunuszadə, Elşən Abdullayevin potensialı yüksəkdir. Sadəcə, indiki “Neftçi”də klub idarəçiliyi, məşqçilər korpusunun fəaliyyəti düzgün aparılmadığına görə istedadlı futbolçular komandada qalmaq istəmir. Bu da haqlı olaraq “Neftçi”nin sadiq azarkeşlərinin etirazına, narazılığına səbəb olur.

Yayda baha qiymətə transfer olunan səviyyəsiz legionerlər göndərilir, onların yerinə kütləvi halda yeni əcnəbi futbolçular alınır. Hər altı aydan bir komanda dəyişilməz. Bu mövsüm alınan legionerlərin sayını 15-ə çatdırıblar. Bəs iki ildir uğursuzluğu ört-basdır etmək üçün xalqı aldadaraq bildirirdilər ki, pulumuz yoxdur?! Təkcə müdafiənin mərkəzində artıq 3 legioner var. “Neftçi”nin çempionluqlar qazandığı dönəmdə müdafiənin mərkəzində bu sayda legionerdən istifadə olunmayıb. Üstəlik, heyətdə təcrübəli Mahir Şükürov, U-21-n istedadlı üzvü Məqsəd İsayev ola-ola milliləşdirilmiş Pavel Paşayevi də gətirmək istəyirlər. Bu hansı məntiqə sığır? Legioner limitini nəzərə alsaq, heyətdə 6 legioner çıxış edə bilər. Namiq Ələsgərovun gəlişi müsbətdirsə, Elşənin, Arazın komandanı tərk etməsi çox mənfi haldır. “Neftçi”də mövqelər üzrə keyfiyyətli yerli futbolçu qıtlığı yaranıb. Bu, yolverilməzdir. Gələn legionerlərin 3-4-ü legioner limitinə görə ehtiyatda qalacaq. Belə olan halda onların kütləvi transferlərinin məqsədi nədir?!

Bu sayda legionerə vəsait xərcləməkdənsə həmin pula daha səviyyəli 3-4 legioner alınmalı, Arazın, Elşənin gedişinə imkan verilməməli idi. Qış fasiləsindən sonra ortabab, zəif klublar üzərində 3-5 qalibiyyət üçün iqtisadi böhran dönəmində bu qədər vəsait sərf olunmamalıdır.

“Neftçi” elə bir klubdur ki, qurulan heyət mütləq çempionluğa, Avropada nəticə qazanmaq üçün oynamalıdır. İndiki rəhbərliyin gündə bir strategiya dəyişib özlərini düşünməkləri “Neftçi”nin adına layiq uğurlar qazandıra bilməz”.