Azərbaycanlı futbolçu Yunanıstan klubuna keçdi

11 Yanvar 2017 14:00

Xəbər 178 dəfə oxunub

Azərbaycanlı futbolçu Amit Quluzadə karyerasını Yunanıstanda davam etdirəcək.

Faktinfo.az-ın  xəbərinə görə, bu haqda futbolçu özü məlumat verib.

23 yaşlı yarımmüdafiəçi yüksək liqada yarışan, hazırda turnir cədvəlində 13-cü pilləni tutan AEL Larissa klubu ilə 2.5 illik müqavilə imzalayıb.

“Bu transferin gercəkləşməsində əməyi olan hər kəsə, xüsusilə “Sumqayıt” klubuna, klubun prezidenti Kamran Quliyevə, menecer Ceyhun Sultanova, baş məşqçi Samir Abasova və öz menecerimə təşəkkürümü bildirirəm”.

Azərbaycanın futbol BATAQLIĞI… – Milyonlar necə gömülür…

Bu gün Azərbaycanda təkcə iki klubun – “Qarabağ” və “Qəbələ”nin AFFA-nın “barmağı” olmadan fəaliyyət göstərdiyi məlumdur. Hər iki klub rəhbərlərinin şəxsi imkanları sayəsində inkişaf edir. Yeniçağ.az iş adamı Abdulbari Gözəlin klubu “Qarabağ” və Tale Heydərovun rəhbəri olduğu “Qəbələ”nin qapıçılarına xərclədiyi pulun məbləği ilə bağlı bəzi məlumatlar əldə edib. Bu gün “Qəbələ”də əsas komandada 2 qapıçı var: ukraynalı Dmitri Bezotosni və polşalı David Pietrzkieviç. Klub ukraynalı qapıçı üçün təxminən 800 min dollar, polşalı qolkiperə isə 200 min dollar xərcləyib. Tale Heydərovun hər iki “çərçivə” qoruyucuları üçün xərclədiyi pulun ümumi məbləği təqribən 1 milyon dollardır. Abdulbari Gözəlin rəhbəri olduğu Ağdam təmsilçisində isə 3 qapıçı var. Onlardan ən əsası İbrahim Sehiçdir. Bosniya və Herseqovinalı Sehiçdən başqa komandada köməkçi iki qapıçı isə Boyan Şaranov və Şahruddin Məhəmmədəliyevdir. “Qarabağ”lılar Sehiçi 2013-cü ildən heyətlərinə qatıblar. Onun komandada qalması üçün təxminən 900 min dollar xərcləndiyi deyilir. Bir ildir ki “Qarabağ”da olan serbiyalı Şaranov üçün 600 min dollar, yerli ehtiyat qapıçı Məhəmmədəliyevə görə isə 100 min manata yaxın pul ödənilib. Ümumi məbləğ isə 1 milyon dollardan çoxdur. Beynəlxalq futbol yarışlarında Azərbaycanın üzünü ağardan komandaların da məhz “Qarabağ’ ilə “Qəbələ” olduğunu nəzərə alsaq, verilən pulun boşa getmədiyini görmək mümkündür.

27 Mart 2017 10:56

Azərbaycan futbolunda RÜŞVƏT – İki klub çempionatdan qovuldu

Martın 16-da AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda danışılmış oyunlar məsələsi müzakirə olunub.  UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara, AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, “danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı sərt qərarar qəbul edilib. Aşağıda adları göstərilmiş 9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilib: “Şahdağ” (Qusar) İqrar Səmədov Uce Cukenyere “Rəvan” (Bakı) Elvin Əliyev Cəmşid Məhərrəmov “Göyəzən” (Qazax) Arzuman Vəliyev Tunar Şahtaxtinski “Energetik” (Mingəçevir) Elvin Əlizadə Kamran  Lalayev Ruslan Həmidov Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” FK və “Şərurspor” FK I Diviziondan kənarlaşdırılıb. Hər iki klub I Divizionda oyunların  50 faizdən çoxunda iştirak etdiklərinə görə hər iki kluba növbəti oyunlarında  0:3 hesablı texniki məğlubiyyət verilib. I Diviziondan kənarlaşdırılmış “Rəvan” FK və “Şərurspor” FK-nın oyunçularına “azad agent” statusu verilib. Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ” FK, “Energetik” FK, “Bakılı” FK və “Göyəzən” FK-ya xəbərdarlıq edilib. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, bu klublar I Diviziondan kənarlaşdırılıb. Hakim - Anar Niyazova ömürlük futbola aid hər bir məşğuliyyət qadağan edilib. “Şahdağ” FK-nın inzibatçısı Rafael Kübərova 2 il müddətinə futbola aid hər bir məşğuliyyət qadağan edilib.

16 Mart 2017 12:24

Bu gün “daydaylı” uşaqları legionerlər əvəz edir – ŞOK İDDİA

Bəziləri fikirləşir ki, arxa-dayağı olmadan idmanda, xüsusən də futbolda uğur qazanmaq mümkün deyil. Hətta bununla bağlı müzakirələr də az olmayıb. Yeniçağ.az idman jurnalistləri arasında məsələ ilə bağlı sorğu keçirib. İdman mediasının üzvlərinə “Azərbaycan futbolunda, ya digər idman növlərində “dayday” hesabına qalan varmı? Ümumiyyətlə, belə bir durum mümkündür?”- suallarını ünvanladıq. “Futbol+” qəzetiin əməkdaşı Sərxan Musalı: “Azərbaycan idmanında bu problem həmişə aktual olub. Əvvəllər yığmalara daha çox Bakıda yaşayan idmançılar cəlb olunur, bölgə idmançılarına qarşı haqsızlıqlar edilirdi. İndi vəziyyət bir qədər dəyişib. Legionerləri qabağa verirlər, özümüzünkülər qalır kənarda… Futbolda da tapşırılmış oyunçular çoxdur. Xüsusən də aşağı yaş qruplarında bu “filankəsin”, o “bəhmənkəsin” oğludur deyib, komandalara yararlı-yararsız uşaqları götürürlər. Bu da futbolumuza zərbə vurur. Vaxtilə Zeynal Zeynalov futbol yığmamızda oynayırdı. O, unikal insan idi. Həm futbolda, həm futzalda, həm də çimərlik futbolunda əsas komandaya cəlb olunub. Onun tapşırılmış futbolçu olduğunu deyirdilər. İndi də Məhəmməd Qurbanov barədə eyni fikirlər səslənir. Bu fikirlər əsassız deyil. Belə şeylərdən qurtulmalıyıq. Axı belədə kimlərinsə haqqı tapdanır. Tapşırılmış idmançı hansısa güclü həmkarının yerini tutur. Neçə-neçə idmançı olub ki, belə şeylərə görə karyerasına son qoyub”. Komanda.az saytının baş redaktoru Rəşad Ergün: “”Dayday”lar nəinki idmanda, bütün sahələrimizdə var. Konkret idmana gəlincə, AFFA prezidenti Rövnəq Abdullayev PFL-in rəhbəri Ramin Musayevin “dayday”ı deyilmi? Ramin Musayev Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun “dayday”ı deyilmi? Ramin Musayev Gürcüstandan gələn məşqçilərin, futbolçuların “dayday”ı deyilmi? O günlərdə bir nəfər sosial şəbəkədə maraqlı bir fikir paylaşmışdı. Yazmışdı ki, Gürcüstandan olan bir məşqçi azərbaycanlı mütəxəssislərdən birindən soruşub ki, sən niyə işləmirsən? İstəyirsən, Ramin Musayevə deyim, sənə iş versin. O adam da deyəsən, bunu qəbul etməyib. Bəlkə də adi söz-söhbət kimi qəbul edəcəksiz. Amma belə şeylər var bizim futbolda… Mən hələ milli komandalarımıza dəvət alan futbolçular barədə danışmıram. Hansı ki, uzun zaman nə klubda çalışıb, nə də top üzü görüb. Siz də sual verirsiz ki, bizdə “dayday” məsələsi varmı? Var əlbəttə, xirtdəyə kimi….” Sputnik-Azərbaycanın əməkdaşı Təranə Xudabaxşiyeva: “Bu sualı 7-8 il öncə versəydiniz nəinki ad çəkərdim, adlar çəkərdim. Amma etiraf edək ki, bu gün federasiyalar məsələyə daha diqqətlə yanaşırlar. İndi “daydaylı” uşaqları legionerlər əvəz edir. Amma gücü olan, ağlı olan idmançı heç kimə arxalanmadan da uğur qazana bilər”. Sport7.az-ın baş redaktoru Amal Abuşov: “Azərbaycan futbolunda “daydayı” olan futbolçular əsasən “milliləşdirilənlər” və legionerlərdir. Hazırda ən böyük “dayı” AFFA-nın baş katibi Elxan Məmmədovdur. O, bilavasitə Dağıstandan, Ukraynadan və digər ölkələrdən Azərbaycana gətirilən, milli pasportla təmin edilən futbolçuların himayədarıdır. Bir vaxtlar Daniel Axtyamov, Murad Hüseynov kimi futbolçular var idi. Onlar burdan gedən kimi futbol səhnəsindən silindilər. Məhəmməd Mirzəbəyov, Məhəmməd Qurbanov kimiləri də onların tayıdır. Onlar Rusiyada həvəskarlar liqasında oynayacaq səviyyədədirlər. Amma Azərbaycan millisinə qədər yüksəliblər. Prosineçki inadla Məhəmməd Qurbanovda gizli istedad gördüyünü desə də, həmin “istedadı” açmaq mümkün olmadı. Ötən yay İrandan indi adını belə xatırlamadığım iki futbolçu gətirmişdilər. Digər “milliləşdirilmiş” futbolçular kimi onların da ilk dayanacağı “Sumqayıt” oldu. Klubun prezidenti Kamran Quliyev onların bizim dildə danışmasından o qədər həvəslə bəhs edirdi ki… Qış fasiləsində Samir Abbasov həmin iranlıları komandasında görmək istəmədi və rəhbərlikdən onların göndərilməsini tələb etdi. Bu cür nümunələr yetərincədir. Legionerlərin himayədarları isə adətən, menecerlər olur. Onlar klub rəhbərləri ilə müəyyən faiz qarşılığında anlaşır, gətirdikləri futbolçuların müntəzəm meydana çıxmasına nail olurlar. Amma hazırda bu proses zəifləyib. Çünki mətbuatın, azarkeşlərin gözü tərəzidir. Layiq olmayan legioneri uzun müddət oynatmaq çətindir. Eyni tendensiya idmanın digər növlərində də müşahidə olunur və bu işdə federasiya rəsmiləri, nazirlikdə oturan “dayday”lar fəaldır”. Futbolpress.az-ın baş redaktoru Elçin Cəlilov: “”Dayday” institutu Azәrbaycan cәmiyyәtinin sütun dәyәrlәrindәndir; nәinki idman, әn müxtәlif sahәlәrdә də bu institutun tәşәkkülü mümkün olub vә dayaqları çox möhkәmdir. Konkret adlar çәkib, saatlarla oxuyacağınız siyahı әmәlә gәtirmәkdәnsә, qısaca belә deyim ki, azı 90% bu cür hal mövcuddur. Hәm Gәnclәr vә İdman nazirliyindә, hәm Milli Olimpiya Komitәsindә, hәm də müxtәlif idman cәmiyyәtlәri vә klublarında, yerli idarәlәrdә “dayday” dayağı danılmazdır”.

9 Mart 2017 14:51

ÇL 1/8: “Barsa”dan fantastik geri dönüş

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir. Bu gün 1/4 finalın daha iki iştirakçısının adı məlum olub. Əsas diqqətlər Barselonaya yönəlmişdi. Parisdə gözlənilmədən PSJ-yə 0:4 hesabı ilə uduzan “Barselona” bu dəfə rəqibi ilə “Nou Kamp”da qarşılaşıb. Kataloniyalılar ilk görüşdəki ağır məğlubiyyətin əvəzini çıxmağa çalışıb. “Barsa” ikinci hissənin əvvəlində 3:0 hesabı ilə önə keçsə də, Kavaninin qolu meydan sahiblərinin ümidinin üstündən xətt çəkib. Lakin görüşün sonluğu inanılmaz alınıb. Hakimin matçın sonuna əlavə etdiyi dəqiqələrdə 2 qol vuran Luis Enrikenin komandası 6:1-lik fantastik qələbə qazanıb. Günün digər qarşılaşmasında isə “Benfika” Dortmund “Borussiya”sının qonağı olub. Portuqaliyada keçirilən ilk görüşdə “Benfika” 1:0 hesabı ilə qalib gəlsə də, 1/4 finala adlayan tərəf almanlar olub. Rəqibin qapısından 4 cavabsız qol keçirən “Borussiya” mübarizəni davam etdirir. “Barselona” (İspaniya) – PSJ (Fransa) 6:1 Qollar: Suarez, 4 (1:0), Kurzava, 40-avtoqol (2:0), Messi, 48-pen (3:0), Kavani, 62 (3:1), Neymar, 88 (4:1); 90-pen (5:1), S. Roberto, 90+5 (6:1) İlk oyun – 0:4 “Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya) 4:0 Qollar: Aubameyanq, 4, Pulisiç, 59, Aubameyanq, 61; 80 İlk oyun – 0:1

9 Mart 2017 11:25