Azərbaycanda yazıçılar hər ay əsgərlərlə görüşə gedəcəklər

10 Yanvar 2017 15:20

Xəbər 32 dəfə oxunub

“Bir müddət öncə Yazıçılar Birliyinin rəhbərliyi ilə müdafiə naziri, general-mayor  Zakir Həsənovla görüşümüz oldu. Ölkə başçısının da diqqətdə saxladığı bu görüşün komissiyanın işinə öz müsbət təsirini verəcəyi qənaətindəyəm. Azərbaycan Yazıçılar Birliyi Hərbi-vətənpərvərlik komissiyası ilə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi arasında memorandum imzalandı.

2017-ci  il üçün tədbirlər planı və proqramı tərtib edildi ki, hazırda bu işlərin həyata keçirilməsi ilə məşğuluq”.

Azərbaycan Yazıçılar Birliyinin Hərbi-vətənpərvərlik komissiyasının sədri, məşhur döyüş nəğmələrinin müəllifi Şahin Musaoğlu sözlərinə görə, həmin görüşdən sonra komissiya tərəfindən tədbirlər planı hazırlanaraq, Müdafiə Nazirliyinə, birbaşa nazir müavini, general-leytenant Kərim Vəliyevə göndərilib.

Orada yazıçıların hərbi hissələrə nə zaman ezam olunmaları, həmçinin, əlavə təkliflər öz əksini tapıb.

Xatırladaq ki, ötən ilin sonunda Azərbaycan Yazıçılar Birliyinin bir qrup nümayəndəsi ilə müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında görüş keçirilib.

AYB sədri Anar, Xalq şairləri Fikrət Qoca, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, akademik İsa Həbibbəyli, qurumun katibi Rəşad Məcid və başqalarının iştirakı ilə keçirilən görüşdə bir sıra vacib təkliflər irəli sürülüb.

Onların arasında tədbirlər planının hazırlanması, şair və yazıçıların mütəmadi olaraq hərbi hissələrə ezam olunması və s. kimi təkliflər yer alıb.

Şahin Musaoğlu açıqlamasında yaradıcı zabit və əsgərlərlə bağlı xüsusi layihələrin həyata keçiriləcəyini də vurğulayıb:

“AYB-in müvafiq komissiyasının sədri  olaraq, bu yaxınlarda müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə görüşdüm. Komissiyada təxminən 20-25 təklifdən ibarət paket hazırlandı. AYB sədri Anar müəllim həmin təklifləri gözdən keçirib, tövsiyələrini verdikdən sonra  paketi nazir müavininə təqdim etdik. Hazırda onlardan cavab gözləyirik. Onlar da təkliflərini göndərdikdən sonra AYB-dən  Anar müəllim, qarşı  tərəfdən isə müdafiə naziri görüləcək işləri, tədbirlər planını təsdiqləyəcək.

Biz də onun əsasında hərəkət edəcəyik.

Şair-yazıçıların hərbi hissələrə ezamından tutmuş, bayram və hüzn günlərində TTM və AYB-nin Natəvan klubunda yaradıcı hərbçilərlə görüşlər də nəzərdə tutulub. Həmçinin, planda yaradıcı zabit və əsgər heyəti arasında ədəbi müsabiqə keçirmək, o cümlədən, bəzilərinin AYB-yə üzv seçilməsi ideyaları da var”.


Qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın sözlərinə görə isə şair-yazıçılar ayda bir dəfə  hərbi hissələrə gedəcəklər:

“Bununla bağlı Hərbi-vətənpərvərlik komissiyası illik tədbirlər planı hazırlayıb. AYB Mətbuat xidməti, AYB.az saytı da bu tədbirlərdə yaxindan iştirak edəcək. İllik tədbirlər planında hərbi hissələrdə yazıçı və şairlərin görüşlərinin keçirilməsi, hətta ayda bir dəfə arzu edənlərin iki gün müddətinə hərbi hissələrdə əsgərlərimizlə bir yerdə qalıb onlara yaradılan şəraitlə yaxından tanış olmaq imkanları olacaq”.

Şahmar İbadov qardaşını bələdiyyəyə necə yerləşdirib? – İddialar

Abidin Fərzəliyev 14 ildir ki, Bakının Nərimanov rayonuna rəhbərlik edir Politika.Az-a verilən yeni məlumata görə, bu müddətdə rayondakı ərazilərin qarış-qarış satılıb. Son xəbərə görə, icra başçısının müavini Şahmar İbadovun bələdiyyə üzvü olan qardaşı torpaqların satışında xüsusi fəallıq edir. Məlumata görə, Ş.İbadov bələdiyyəyə öz yaxın qohum-əqrəbasını yerləşdirib və istəklərini reallaşdırır. Ş.İbadovun bələdiyyə seçkiləri zamanı əvvəlcədən nəzərdə tutulan 19 adamı hər biri ayrı-ayrılıqda bələdiyyə üzvü seçilib. Hətta o zaman siyahı mətbuatda təqdim olunub, lakin başçı müavini seçkilərə müdaxilə edib.Bundan sonra Nərimanov ərazilərini pay-püş etmək, bələdiyyənin əli ilə əraziləri satmaq asanlaşıb. Nərimanov rayonunda yeni tikilmiş binaların qazsız olmasıdır. Bu rayon Bakının sənaye ərazisi olub. Hazırda bir zavod və ya fabrik işləmir.Belə ki, kondisioner zavodu fəaliyyətsizdir, Elektroterm Şin zavodu indi otelə çevrilib, Komvol zavodu, Ulduz zavodu, Bakmil zavod, Elektroştamp zavodu, Mərkəzi elektrotökmə və digər zavodların ərazisixarabalığa çevrilib. A.Fərzəliyevin yarıtmaz idarəçiliyi nəticəsidir ki, sənaye rayonunda zavodlar dayanıb, yüzlərlə insan böhran dövründə işsiz qalıb. Habelə, Nərimanovun ara yolları, məhəllələri bərbad vəziyyətdədir. İcra başçısı 14 ildə bu yolları təmir etməyi ağlına gətirməyib.Nəticədə başçı ilə müavini bələdiyyədəki adamların əli ilə rayonun ərazilərini satırlar. Bakının mərkəzi rayonlarından biri iki məmur arasında bölüşdürülüb. Şəhərin tən ortasını sözün əsl mənasında dədə malı kimi pay-püş edən, qubernatorluq yaradan vəzifəli şəxslər bu imkanları bir-birinə yaradıb. Nərimanov kimi mərkəzi rayon Abidin Fərzəliyev-Şahmar İbadov arasında bölünüb. İcra başçısı və müavini paytaxtın ən strateji rayonlarından birini inhisara alıb. Onların nəzarətindən kənarda nə bir sahibkar, nə kommersiya obyekti var. Total şəkildə rayona nəzarət edən başçı-müavin tandeminin əsas praktiki Ş.İbadovdur. A.Fərzəliyev Ş.İbadovu qabağa verərək məsuliyyəti onun üzərinə qoyub. Bu, həm ona olan etimaddan irəli gəlir, həm adının hallanmaması üçün bu priyomu istifadə edir. Məlumatlarda bildirilir ki, ciddi dayaqlara malik olan icra başçısı yüksək çinli məmurlardan bir çoxu ilə hesablaşmır.

27 Fevral 2017 17:27

Azərbaycan təhsilində “yenilik“: valideynlərə rüşvət sənədi imzalatdırılır – FOTO

Sumqayıt şəhər 21 saylı orta məktəbin direktoru valideynlərdən rüşvət toplamaqda ittiham olunur. Lent.az-ın məlumatına görə, məktəb direktoru İbrahimov Vladim Məhəmməd oğlu məktəbdə keçirilən kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə, formativ qiymətləndirmə və. s. üçün testlərin çıxarılmasına lazım olan bütün xərcləri könüllü olaraq valideynlərin öz öhdəsinə götürdüyünü təsdiqləyən akt hazırlayıb və valideyn komitəsinin bütün üzvlərinə imzalatdırır.  Valideynlər şikayət edir ki, əgər məktəbin bütün irili-xırdalı xərcləri onların boynunda olacaqsa, onda uşağı məktəbə qoymasınlar, elə özləri evdə öyrətsinlər. Məsələ ilə bağlı qarşı tərəfin də fikrini öyrənməyə çalışdıq. Məktəb direktoru Vladim İbrahimov deyir ki, haqqında yayılan məlumatların heç biri həqiqətə uyğun deyil: “Həmin fotonu sosial şəbəkədə yayan məktəbin rus sektoru üzrə I sinif şagirdinin valideynidir. Hazırda həmin sinfin valideyn komitəsinin üzvü yanımdadır. Fotonu paylaşan şəxsi gözləyirik ki, bu məsələni müzakirə edək. Valideyn komitəsinin üzvünün dediyinə görə, valideynlər özləri öz təşəbbüsü ilə belə bir şey etmək istəyiblər və aktı həmin valideynə göstərəndə o, əsəbiləşib şəkilini çəkib və sosial şəbəkədə paylaşıb”. V.İbrahimov deyir ki, bu işdən xəbərdar olsaydı, qətiyyən icazə verməzdi: “Hazırlanan bu aktdan xəbərim yoxdur və elə bir şey olsa, icazə verməzdim. Məgər mən  o qədər təcrübəsizəm ki, belə bir iş görüm?! Məktəbdə keçirilən bütün test summativ qiymətləndirmə üçün gərəkli xərcləri  məktəb özü qarşılayır.  Kim istəyir, gəlib yoxlama aparsın.  Məktəbdə 1500 şagird oxuyur, 137 müəllim işləyir.  Ümumtəhsil məktəbləri arasında bizim məktəb 46-cı yerdədir. Məktəbimizdə hər il şagirdlərin 69 faizi tələbə adını qazanır.  Bu, bizim işimizin nəticəsidir”. Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki, məsələ nazirliyin Daxili Nəzarət Şöbəsinə yönləndirilib və  xidməti araşdırma aparılır.

23 Fevral 2017 16:28

Kür çayında təhlükə- biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib. Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, fevral ayının II ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının I ongünlüyünə nisbətən 15 m3/san artaraq 138 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.4, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 3.4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Fevral ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.4, I Şahsevəndə 2.7, Bəhramtəpədə isə 2.3 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.75-6.80 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

22 Fevral 2017 16:12

Türkiyədən Azərbaycana ciddi güzəştlər gəlir

Türkiyə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların idxalçılarını gömrük rüsumlarının ödənişindən azad etməyə hazırdır. Bu barədə Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik bildirib. Onun sözlərinə görə, Türkiyənin şərq vilayətlərinin tələbatını təmin etmək üçün sərhədyanı ticarət çərçivəsində qonşu ölkələrdən bir sıra ərzaq məhsulları idxal oluna bilər: "Bununla belə, Türkiyə Ümumdünya Ticarət Təşkilarının qaydalarına uyğun fəaliyyət göstərməlidir". F.Çelik qeyd edib ki, Türkiyə Nazirlər Kabineti ötən il "Sərhədyanı ticarətin nizamlanması haqqında" qərar qəbul edib. Bu qərara əsasən, Naxçıvandan ölkənin sərhədyanı vilayətlərinə idxal müəyyən edilmiş limit çərçivəsində həyata keçiriləcək: "Bu qərarla əlaqədar olaraq, Naxçıvandan idxal olunan mallara münasibətdə gömrük rüsumunun sıfır dərəcəsi tətbiq ediləcək. Naxçıvan Türkiyə ilə Azərbaycan arasında "birləşdirici halqa"dır. Naxçıvan coğrafi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir". Qeyd edək ki, bundan əvvəl Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev Trend-ə Naxçıvan Muxtar Respublikasında istehsal olunan malların tədarükü zamanı gömrük güzəştləri əldə etmək üçün Türkiyə ilə danışıqlar aparıldığını bildirmişdi.

21 Fevral 2017 11:08