“Azərbaycanlılar nə üçün tehranlılardan daha çox vergi ödəməlidir”- Təbrizin millət vəkili

11 Yanvar 2017 18:02

Xəbər 46 dəfə oxunub

Təbrizin İran parlamentindəki millət vəkili Şərqi Azərbaycanda yüksək vergi dərəcəsindən şikayətlənib.

 

“Yanvarın 4-də Büdcə və Planlaşdırma Təşkilatının rəisi və prezident müavininə məktub yazaraq Şərqi Azərbaycanda yüksək vergi dərəcəsinə öz etirazımı bildirdim. Məktubda vergi dərəcəsi səviyyəsinin 13.4 faiz artımına işarə edilib. Bəzi ekspertlər isə bu rəqəmin 24 faiz olduğunu bildirir. Nə üçün Şərqi Azərbaycan əhalisi belə bir ağır vergi ilə üz-üzə qalımalıdır! Bütün bunlar yazdığım məktubda qeyd olunub” deyə Məhəmməd İsmail Səidi “Fars” Xəbər Agentliyinin müxbiri ilə danışıqda deyib.

 

Azərbaycanlıların tehranlılardan daha çox vergi ödəməsinə etiraz bildirən millət vəkili vurğulayıb ki, belə problemlər yatırımçıların digər vilayətlərə, xüsusi ilə də Tehrana köçməsinə səbəb olduğu üçün bölgəyə ağır iqtisadi zərbə vurur və bu problem getdikcə dərinləşir.

 

“Şərqi Azərbaycan əhalisi ölkə əhalisinin 5 faizini təşkil etdiyi halda, ölkə büdcəsinin 2.5 faizi bu vilayət üçün nəzərdə tutulur. Vergi dərəcəsi səviyyəsinin yüksək olmasına baxmayaraq dövlətin Şərqi Azərbaycan iqtisadiyyatına sərmayə yatırımı olduqca azdır. Bu vəziyyətə səlahiyyətli məsul şəxslər cavabdeh olmalıdır”- deyə millət vəkili qeyd edib.

 

Bütün bu kimi məsələlərin ümumi narazılıq və ictimai-siyasi böhranlara səbəb olduğunu diqqətə çatdıran millət vəkili prezident müavinini Şərqi Azərbaycan deputatları ilə iclas keçirməyə və bu problemi aradan qaldırmağa çağırıb.