“Bakı daxmalardan təmizlənəcək” – İlham Əliyev

1484115336_01-38

11 Yanvar 2017 12:52

Xəbər 32 dəfə oxunub

“Bakı daxmalardan, “naxolstroy” adlandırılan qanunsuz binalardan təmizlənəcək”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı ölkəmizin 2017-ci ildə uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib:

“Bütün sosial proqramlar icra ediləcək və iqtisadi inkişafla bağlı çox önəmli addımlar atılacaq.
2016-cı ilin iqtisadi göstəricilərini təhlil edərkən biz görürük ki, ümumi daxili məhsulun azalmasının əsas səbəbi dünya bazarlarında neftin qiymətinin aşağı düşməsidir və bundan irəli gələn dövlət investisiyalarının azalmasıdır.

Ən çox tənəzzül inşaat sektorunda müşahidə olunurdu. İl ərzində görülmüş tədbirlər nəticəsində inşaat sektorunun canlandırılması istiqamətində önəmli addımlar atılmışdır.

2017-ci ildə də inşaat sektorunun inkişafı ilə bağlı lazımi tədbirlər görüləcək. Beləliklə, əminəm ki, Azərbaycanda bu il inşaat sektoru inkişaf edəcək. Bir çox layihələrin icrası nəzərdə tutulur.

Onların arasında xüsusilə Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətini qeyd etmək istərdim.
Keçən ay Yasamal rayonunda Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsinə start verildi. Əminəm ki, bu layihə uğurla icra ediləcək. Layihə çərçivəsində yeni bir şəhərcik yaradılacaq, hündürmərtəbəli 29 yaşayış binasının tikintisi nəzərdə tutulur.

Məktəb, uşaq bağçası tikiləcək, infrastruktur yaradılacaq, yollar çəkiləcək. İki minə yaxın mənzil tikiləcək və güzəştli şərtlərlə vətəndaşlara, xüsusilə maddi imkanları məhdud olan ailələrə uzunmüddətli kreditlə veriləcək”.

İlham Əliyev qeyd edib ki, bununla yanaşı, Bakı şəhərində köhnəlmiş mənzil fondunun aradan qaldırılması və yerində müasir binaların tikintisi prosesinə də start verildi:

“Əfsuslar olsun ki, şəhərimizin müxtəlif yerlərində vaxtı keçmiş, yöndəmsiz, bəzi hallarda qəzalı vəziyyətdə olan binaların sayı kifayət qədər çoxdur. Onların yerində yeni, müasir yaşayış binalarının tikintisi artıq başlanıb. Birinci layihə keçən ilin sonlarında Sabunçu rayonunda icra edildi və yeni gözəl bina istifadəyə verildi. Binanın açılışında şəxsən özüm iştirak etmişəm.

Ona görə ki, buna çox böyük diqqət göstərirəm və hesab edirəm, bu birinci layihə rəmzi xarakter daşıyır. Bu, böyük yeniliyə start verən bir addımdır. Bu gün tikilməkdə olan, yaxuddakı sənədləri hazırlıq mərhələsində olan hündürmərtəbəli 60 yaşayış binasının mövcudluğu göstərir ki, bu proses şəhərimizdə geniş vüsət almışdır.

Söhbət ondan gedir ki, yararsız, qəzalı vəziyyətdə olan evlərin, binaların yerində hündürmərtəbəli müasir binalar tikilsin. Köhnə mənzillərdə yaşayan vətəndaşlar müvəqqəti olaraq kirayədə qalacaqlar və onlara kirayə pulu veriləcək.

Yeni binalar tikiləndən sonra həmin vətəndaşlar yeni binalarda, Sabunçu rayonundakı kimi daha da böyük mənzillərə sahib olacaqlar. Orada bəzi vətəndaşların mənzil sahəsi iki dəfə böyükdür. Həm də ki, onlar təmirli və gözəl mənzillərdə yaşayacaqlar.

Bu layihənin, bu təşəbbüsün çox böyük mənası var. Çünki ilk növbədə biz köhnəlmiş mənzil fondunu aradan götürürük. Digər tərəfdən, yeni binalar mövcud binaların yerində tikiləcək və beləliklə, yeni yerlərə ehtiyac olmayacaq. Mən bunu xüsusi qeyd etmək istəyirəm ki, bundan sonra Bakı şəhərində və digər böyük şəhərlərdə boş yerlərin ayrılmasına çox ciddi nəzarət ediləcək”.

Prezident bildirib ki, əgər sahibkarlar yaşayış binası tikmək istəyirlərsə, getsinlər vətəndaşların razılığını alsınlar, onların bütün məsələlərini həll etsinlər, kompensasiya ödəsinlər, yaxuddakı kirayə vəsaiti versinlər və o yerlərdə şəhər planına uyğun şəkildə, bütün memarlıq normalarına riayət etməklə binalar tiksinlər. Yanaşma belə olmalıdır və çox ciddi nəzarət olmalıdır. Müvafiq göstərişlər, qərarlar verilib:

“Biz keçən ay “Ağ şəhər” layihəsinin beş illiyini qeyd etmişik. Beş il ərzində şəhər içində şəhər yaratmışıq. Dağılmış, neftlə çirklənmiş “Qara şəhər” ərazisində indi ekoloji təmiz, müasir layihə artıq icra edilir. Onun bir hissəsi artıq icra edilib. Növbəti mərhələdə “Ağ şəhər” ərazisində əlavə 60 yaşayış binası da tikiləcək.

Beləliklə, mən üç layihəni qeyd etdim. Üç layihə çərçivəsində şəhərimizdə hündürmərtəbəli 150 yaşayış binası tikiləcək. Bundan əlavə, indi onlarla tikinti meydançasında işlər gedir. Beləliklə, biz inşaat sektorunu canlandıracağıq. Bu, bizə nə verəcək? İlk növbədə, mənzil fondu yeniləşir.
Digər tərəfdən, şəhər daxmalardan, “naxolstroy” adlandırılan qanunsuz binalardan təmizlənəcək. Şəhərin görkəmi daha da yaxşılaşacaq.

Tikinti materialları sektoru canlanacaq. Biz artıq böyük bir sənaye sahəsini yaratmışıq. İnşaat materiallarının bir çoxu Azərbaycanda istehsal olunur. Yəni, burada yerli materiallardan söhbət gedir.

İdxaldan asılılıq böyük dərəcədə azalıb. Bu, tikinti materialları sektorunun da inkişafına xidmət göstərəcək. Təkcə sadaladığım layihələrin icrası nəticəsində minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq.

Biz bilirik ki, keçən il bir neçə min iş yeri ixtisar olunub, xüsusilə inşaat sektorunda. Qeyd etdiyim kimi, inşaat sektorunda tənəzzül olmuşdur. Ona görə, biz bir neçə hədəfi güdmüş oluruq və şəhərimizin gözəlləşməsi, abadlaşması prosesi daha da sürətlə gedəcək. Bakı şəhəri indi dünyanın ən gözəl şəhərlərindən biridir.

Bunu hamı etiraf edir. Mən istəyirəm ki, Bakının hər bir guşəsi, hər bir yeri, hər bir mikrorayonu şəhərin mərkəzində olan mənzərəyə uyğun olsun və biz buna nail olacağıq”.

Dövlət başçısı vurğulayıb ki, digər inşaat layihələrinin icrası da nəzərdə tutulur: “Xüsusilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının arxasındakı ərazidə təmizlik, köçürmə işlərinin birinci mərhələsi başa çatıb. O yerlərdə yaşayış binaları tikilməyəcək. O yerlərdə ictimai yerlər yaradılacaq.

Yeni yol infrastrukturu yaradılacaq. Bu il ərzində artıq təsdiqlənmiş layihə tam icra edilməlidir. Biz yeni, böyük bir ictimai parkı şəhər sakinlərinə hədiyyə edəcəyik. Həmçinin ən müasir, geniş yol infrastrukturu da yaradılacaq.

Eyni zamanda, bizim tarixi, dini abidəmiz olan Təzəpir məscidinin mənzərəsi tam fərqli olacaq. Təzəpir məscidinin qabağında böyük park yaradılacaq, ətrafı abadlaşdırılacaq. Beləliklə, həm məscidə giriş asanlaşacaq, eyni zamanda, kənardan da baxanda bizim tarixi, dini abidəmizin əzəməti daha da gözəl görünəcək.

İnşaat sektorunun inkişafı bütün bölgələrdə də nəzərdə tutulmalıdır. Bölgələrdə, şəhərlərdə hündürmərtəbəli binaların, sənaye zonalarının tikintisi prosesi getməlidir. Həm dövlət öz dəstəyini göstərəcək, həm də təbii ki, özəl sektor da burada fəal olmalıdır.

Bununla bərabər, mən xüsusilə sahibkarlara müraciət edirəm, bax, dediyim layihələr çərçivəsində çox böyük işlər görüləcək. Ona görə, biz özümüzü hələ ki, hansı inşaat materialları ilə təmin edə bilmirik o sahələr yaradılmalıdır.

İndi bizim İqtisadiyyat Nazirliyimizdə bütün məlumatlar var. Biz bir çox növlər üzrə inşaat materialları ilə özümüzü təmin edirik, bəzi malları idxal edirik. Bax, o malların istehsalı Azərbaycanda qurulmalıdır, həm idxaldan asılılıq azalacaq, həm də ki, özəl sektor, iş adamları buradan mənfəət götürəcəklər”.

5-ci sinif şagirdi Prezident İlham Əliyevə müraciət etdi

24752

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına Sabirabad rayon sakini, 5-ci sinif şagirdi Cabbarlı Qədir Natiq oğlu tərəfindən MÜRACİƏT "Hörmətli cənab Prezident, mən 5-ci sinif şagirdiyəm, məndən kiçik bir bacım və bir qardaşım var. 20 iyul 2016-cı ildə gecə saat 22 .00-da atam Cabbarov Natiqi küçə qapımıza çağırdılar və atamın çığırtı səsinə qapıya qaçdıqda atamın 3 nəfər tərəfindən vəhşicəsinə döyülməsini gördük, ağlayıb qışqıraraq qonşuları köməyə çağırdıq, ən ağır söyüşlərlə atamı söyərək döyən şəxslər qonşuların çıxmasından sonra qaçdılar. Atam huşsuz halda yerdə qaldı, xəstəxanadan təcili yardım maşını gəldi, atam gecəni xəstəxanada qaldı. Çox ağır bədən xəsarətləri ilə bir qolu da 20 gün gips sarğıda qaldı. Qaçan şəxslərin Məmmədov Gülbala, Muradov Mehralı və Abdullayev Pənah olduğunu öyrəndik, şikayət ərizəsi verdik. İzahatlar alındı, şahid ifadələri alındı, cinayətkarlardan Abdullayev Pənahın xaricə çıxışına qadağa qoyuldu. Lakin bir xəbər tutduq ki, Abdullayev Pənah xaricə çıxıb gedib.   Cənab Prezident, bu aylar ərzində çoxlu şikayət məktubları yazsaq da Sabirabad rayon Polis şöbəsi və Rayon Prokurorluğu bu cinayət işini tamamilə cinayətkarların xeyrinə həll etdi. Rayon Polis şöbəsinin müstəntiqi Elnur Əliyev Azərbaycan qanunlarına yaraşmayan hərəkət etdi. Elnur Əliyev cinayətkarlardan izahat almasına baxmayaraq, böyük məbləğdə pul müqabilində onlardan iki nəfərin adını çıxardı, guya atamla Məmmədov Gülbala dalaşıb və tamam saxta cinayət işi qurulub məhkəməyə göndərilib. Rayon prokurorluğu da bu işə göz yumaraq Elnur Əliyevlə əlbirlik nümayiş etdirmişdir. Məhkəməyə göndərilən saxta cinayət işinə görə mənim atama daha ağır iş açılıb, cinayətkarlardan yalnız biri mhkəmədədir. Bu çox böyük haqsızlıq, böyük cinayətdir. Necə olur ki, 3 azyaşlı uşaqların gözü qarşısında atamız vəhşilər tərəfindən ağır söyüşlərlə təhqir olunur və döyülür, amma cinayət işi atama açılır. Hazırda ailəmiz çox gərgin psixoloji durumdadır.   Cənab Prezident, çox xahiş edirik ki, Elnur Əliyevin cəzalandırılmasını və Azərbaycan qanunlarını ayaq altına atan rayon polisi və prokurorluğu haqqında ölçü götürülməsini tapşırasınız, atam vəsatət versə də bu saxta iş məhkəmədən geri qayıtmadı və 03 fevral 2017-ci ildə son məhkəmədir. Əgər atam hər hansı həbs və ya cəza alarsa Rayon Polisinin həyətində ailəlikcə intihar edəcəyik. Şikayətlərimizə baxılmır, sonuncu ümidimiz Sizsiniz. Çox sağ olun".

17 Yanvar 2017 21:03

Millət vəkilinə danışmaq qadağan edilirsə…

milli_meclis_iceri_2

Bu,hansı məntiqə əsaslanır?..   Xəbər verildiyi kimi, deputatların etik davranış kodeksi parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq .Bununla deputatların fəaliyyətlərində ,bəyanat və çıxışlarında etik normalar tənzimlənəcək, hətta lazım gələrsə ,buna hüquqi qiymət də veriləcək. Belə bir addımın atılması nədən qaynaqlandı? Məsələ burasındadır ki,son  bir ildə bəzi deputatların çıxışları,açıqlamaları böyük qalmaqallarla müşayiət olundu.Bu cəmiyyətdə,sosial şəbəkələrdə,ölkə hüdudlarından kənarda pis qarşılandı.Hamıya nümünə olmalı bəzi deputatlarımızın fikirləri ciddi şəkildə onların özünün əleyhinə işlədi, Azərbaycan hakimiyyətini xoşa gəlməz durumla üz-üzə qoydu. Vəziyyət o həddə çatıb ki,son vaxtlar bir-birinin ardınca bəzi millət vəkilləri onların danışmasına qadağa qoyulması barədə açıqlama verirlər. Kimisinə parlament rəhbərliyi, kimisinə partiya rəhbərliyi, kimisinə də ailə üzvləri tərəfindən qadağa qoyulduğu deyilir. Bu cür situasiyanın yaranması kifayət qədər absurd, eyni zamanda gülünc deyilmi? Yeri gəlmişkən, yada salaq ki, “parlament” fransız sözü olub, mənası “danışmaq” deməkdir. Parlamentdə təmsil olunanların da əsas vəzifəsi danışmaq, müzakirə aparmaq, yeni-yeni qanunlar qəbul etmək və sairədir. Onsuz da bizim millət vəkillərinin böyük əksəriyyəti öz seçicilərini layiqincə təmsil edə bilmir, onların problemlərinin qaldırılması və həll edilməsi, həmçinin əhəmiyyətli qanunların qəbul olunması üçün kifayət qədər səy göstərmirlər.İndi də danışmaqdan, hansısa məsələ barəsində fikir bildirməkdn imtina edirlərsə, onda onlar kimə və nəyə lazımdırlar? Bəzi millət vəkillərinin danışmasına qadağa qoyulmasını şərtləndirən əsas səbəb elə onların özlərinin verdikləri son dərəcə məntiqsiz, yersiz,gülüş doğuran açıqlamalardır. Hərdən elə fikirlər səsləndirilir ki, adam onları eşidəndə mat-məəttəl qalır. İnana bilmirsən ki, bu sözləri deyən adam ziyalıdır, elm adamıdır, tanınmış qələm sahibidir , nəhayət, millət vəkilidir. Bu yerdə bəzi millət vəkillərimizin bir sıra əcaib fikirlərini yada salmaq yerinə düşər: “Altıncı dəfə deputat seçildim, hər seçkidən sonra deputat vəsiqəsi gəzdirməkdən ləzzət alıram”, “müəllimlər aldığı maaşla dolana bilmirlərsə, işdən sonra gedib restoranda ofisiant işləsinlər”, “şəhərdə iş tapa bilmirlərsə, getsinlər kənddə soğan əksinlər”, “az yeyin, çox yemək insanı tez qocaldır”, “imkanı olmayan ayağını yorğanına görə uzatsın”, “ölkədən xaricə işləməyə gedənlər bu millətin “otxod”larıdır” və s. Bizcə bu sitatların əlavə şərhə ehtiyacı yoxdur, hər şey aydındır. Bir maraqlı məqamı da qeyd etmək lazımdır ki, millətin nümayəndələrinə ayda 200-300  manatla, bəzən də daha az məbləğlə yaşamağı rəva görən millət vəkillərimiz 1500-2200 AZN civarındakı maaşlarına qane olmaq istəmir və məbləğin artırılmasının vacibliyini iddia edirlər. Nəzərə alsaq ki, əksər millət vəkillərinin geniş biznesi və çoxsaylı obyektləri var, hələ üstəlik “maklerlik” fəaliyyəti ilə də məşğul olurlar, onda əsl gerçəkliyi göz önündə canlandırmaq elə də çətin olmaz. Məlum olduğu kimi, bir çox ölkələrlə yanaşı, Azərbaycanda da iqtisadi bohran yaşanır. Əvvəlki illərlə müqayisədə dünya bazarında neftin kəskin ucuzlaşması, milli vayutanın devalvasiyaya uğraması, ərzaq və digər gündəlik tələbat mallarının bir neçə dəfə bahalaşması əhalini çətin duruma salıb. Həm dövlət qurumlarında, həm də özəl sektorda ixtisaslar aparılır, çoxlu sayda idarə və müəssisələr fəaliyyətini dayandırır. Nəticədə də işsizlər ordusu yaranmağa başlayır. Belə bir vəziyyətdə Azərbaycan parlamentindən – Milli Məclisdən faydalanmaq yerinə düşər. Hər kəsə məlumdur ki, MM-də təmsil olunan 125 millət vəkilindən maksimum 25-30-u aktiv fəaliyyətlə məşğuldur, yəni qanunların müzakirəsində və qəbulunda fəal iştirak edir, təklif verir,mübahisəli vəziyyətlərin  yaranmaması  üçün əvvəlcədən çağırışlar edir,seçiciləri ilə mütəmadi görüşlər keçirir, mümkün qədər onların problemlərinin həllinə çalışır. Yerdə qalanların isə nə MM-də səsi çıxır, nə də seçiciləri ilə maraqlanır. Belələri cəmiyyətdə lal-kar və faydasız deputat kimi tanınır. Faktinfo.az olaraq, təklif edirik ki, indiki iqtisadi böhran şəraitində Milli Məclisə də “əl gəzdirilsin”, yəni ən fəal 25 millət vəkili fəaliyyətini davam etdirsin, qalan 100 nəfərin fəaliyyəti isə ya müvəqqəti dondurulsun, ya da fəaliyyətinə birdəfəlik xitam verilsin. Onların maaşlarına, maşınlarına, köməkçilərinə ,xarici səfərlərinə və digər xərclərinə ayrılan vəsait ölkənin iqtisadi inkişafına, yeni-yeni iş yerlərinin açılmasına xərclənsin. Bu barədə qərar qəbul edilərsə, növbəti seçkilərə də boş yerə milyonlar xərclənməz. Nəticədə  həm dövlət qazanar, həm də millət,ictimayət bəzi deputatların boş –boş fikirlərinə vaxt ayrırıb ,sosial şəbəkələrdə uzun-uzadı yazışmaz. Bəlkə də, kimlərsə  bizim bu fikrimizə qeyri-ciddi təklif  kimi yanaşacaq. Ancaq biz tam ciddiyik!.. Həsrət Gündoğan Faktinfo.az

17 Yanvar 2017 17:01

Səudiyyə qadınları kişilərdən azadlıq tələb edirlər

177078_res_01

Twitter” istifadəçiləri Səudiyyə Ərəbistanında kişilərin qadınlar üzərində himayəçiliyi barədə qanunun ləğv edilməsinə dair kampaniyanı dəstəkləyiblər. Bu barədə “RİA Novosti” nəşri “Sputnik Arabic” agentliyinə istinadən xəbər verir. Şəbəkə istifadəçiləri ingili dilində “#IamMyOwnGuardian” (“Mən özüm özümə qəyyumam”) və ərəb dilində “Səudiyyə qadınları 192 nömrəli qanunun ləğv olunmasını tələb edirlər” heşteqlərini paylaşırlar. Qeyd edək ki, hazırki qanunlara əsasən, Səudiyyə Ərəbistanında kişilərin qadınlar üzərində “qəyyumluq” rolu var. Kişinin icazəsi olmadan, qadına avtomobil sürmək, ev kirayələmək, xaricə çıxmaq və məhkəməyə müraciət etmək qadağandır. Beş il əvvəl ölkədə bu qanunun ləğv edilməsinə dair kampaniya başlanılıb. Ötən ilin sonunda 21 yaşdan yuxarı olan qadınların “sərbəst şəxsiyyət” qismində tanınması ilə bağlı petisiya 14 mindən çox imza toplamışdır. Lakin krallıq hakimiyyəti bu təşəbbüsü rədd etmişdir. “Belə alınır ki, qadın olmaq üzü özlüyündə bir günahdır”, - Amna adlı kampaniya iştirakçısı etiraz edir. Bəzi fəallar qanunun mövcudluğu üçün səbəbi istehza edirlər. Maha Abdulla Səudiyyə qanunlarından belə bir nümunə gətirib: “Qadın həyat təcrübəsinin az olması səbəbindən kişinin tabeçiliyindədir”. “Qızlar, mübahisə etməyin, cavab budur”, - o ironiya ilə yazır.

17 Yanvar 2017 12:21

“Mən Mehdiyəm deyən kəsin ölümlərdən xilas olduğunu sübut edən dəlillər olmalıdır”

112347

Özünü imam Mehdi hesab edən daha bir azərbaycanlı peyda olub. O, da özünə Allahdan vəhy gəldiyini deyərək, hər kəsi ona inanmağa səsləyir. Digər özünü İmam Mehdi hesab edən Kazım Əziz bu adam haqda öz reaksiyasını belə edib: "Elə insanlar 2 cür olur: ya ruhi xəstə olur, ya da bilərəkdən Mehdini qəbul etməsinlər deyə öyrədilmiş adamlar olur. Mən Mehdiyəm deyən kəsin 32 nişanəsi və 300-dən çox əlaməti hədislərdə olduğu kimi olmalı. Bundan əlavə bütün Peyğəmbərlərə oxşarlığını 100-lərlə faktla sübut etməlidir, kəraməti olmalıdır, öncəgörmələrinin həyata keçdiyini sübut edən sənədlər olmalıdır, xəstələrə şəfa verdiyi faktlar olmalıdır. Bədən xəsarətlərin sübut edən əsaslar olmalıdır ki, xəstəxana sənədləri, və şahidləri olmalı ki,  öz təsdiqini tapsın. Ölümlərdən xilas olduğunu sübut edən dəlillər olmalıdır,  bilinsin ki,  bunu Allah saxlayıb fəlakətdən. Faciələrdən qurtarıb. Hz. Mehdinin bütün ləqəblərinin ona aid olduğunu isbat etməlidir. Məsələn Bəqiyətullah, yəni Allahın saxladığı, Hüccətullah yəni Allahın Qalib gələni (qələbə və səltənəti), doğum tarixini və üzə çıxdığı zamandakı yaşını təsdiq edən hədislər olmalı, adı və atasının adı Peyğəmbərin adı və atasının adı ilə oxşar, uyğun gəlməlidir. Hz. Fatiməni nəslindən olub, Ona məxsus evin Beytulhəmd olduğunu sübut etməlidir. Qurani Kərimdə sıx bağlılığı olmalıdır. Yəni bədənindəki nişanələrini Quran ayələrində öz əksini tapdığını sübut etməlidir ki, canlı Quran olduğu təsdiq olunsun(Hz. Əli kimi məcazi mənada). Qeyri adi həyat tərzi olmalı, mürəkkəb taleyi olmalı, çillər çəkməli (ağrı acılar), zühuruna qədər yoxsul olmalıdır ki, kasıbların qədrin bilsin. Mərhəmətli, xeyirxah, ədalətli, imanlı, inamlı, səbirli, şükr edən, ibadət əhli, saf ürəkli, təmiz və kövrək  qəlbli, düz danışan, fitri istedadlı, üzü nurlu qeyri adi bir insan olmalıdır ".

14 Yanvar 2017 19:16

Şəmkirdəki direktor-müəllim qalmaqalı BÖYÜDÜ: səsyazısının TƏFƏRRÜATI

shamkir_0202161484394464

Şəmkir rayonunun Aşağı Seyfəli kəndinə yerləşən M.Süleymanov adına tam orta məktəbindəki qalmaqalla bağlı araşdırmalar hələ də yekunlaşmayıb. Bu haqdaModern.az-a Şəmkir Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Kənan İbrahimov məlumat verib. Xatırladaq ki, Aşağı Seyfəli kəndinin icra nümayəndəsi Ədalət Əliyev Modern.az-a verdiyi açıqlamada (13.02.2107) araşdırmaların yekunlaşdığını bildirmiş, Təhsil Nazirliyinin verdiyi qərara əsasən, Xatirə Əliyevanın haqlı olaraq işdən uzaqlaşdırıldığı və direktorun öz vəzifəsində qaldığını demişdi. Qeyd edək ki, Şəmkir Rayon Təhsil Şöbəsindən Modern.az-a verilən rəsmi açıqlamada araşdırma nəticələrinin yanvarın 12-si, günün ikinci yarısında elan olunacağı bildirilirdi. Amma bu gün yanvarın 14-ü olmasına baxmayaraq nəticələr hələ də açıqlanmır.   Modern.az saytının əldə etdiyi məlumata görə, araşdırmaların yekunlaşmamasına səbəb məlum səsyazısıdır. Səsyazısında diplomuna imtina gəlmiş müəllimdən 500 manat rüşvət tələb olunur.Amma təfərrüata varılmır. Modern.az-a verilən məlumatda bildirilib ki, söhbət müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi zamanı keçirilən imtahanların birinci mərhələsindən gedir.   Məlum olduğu kimi Təhsil Nazirliyi respublikanın şəhər və rayonlarında dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini həyata keçirir. Şəmkirdə keçirilən diaqnostik qiymətləndirmə zamanı Aşağı Seyfəli tam orta məktəbində bir neçə müəllimin diplomlarının saxta olduğuna əsaslar yaranıb. Lakin Təhsil Nazirliyi tərəfindən aparılan obyektiv araşdırmalardan sonra yalnız bir müəllimənin diplomunun saxta olduğu təsdiqlənib.   Bu barədə məktəb direktoru Akif Namazov və laborant Xatirə Əliyeva məlumatlandırılıb. Eyni zamanda Təhsil Nazirliyindən onlara bildirilib ki, müəllimlər nazirliyin saytındakı hesablarına daxil olaraq nəticələr barədə məlumat öyrənə bilərlər. Məktəbdəki müəllimlərin çoxunun kompüterdən istifadə bacarığı, internetə çıxış imkanları olmadığını fürsət bilən direktor Akif Namazov müəlimlərə diplomlarının tanındığı xəbərini verməyib. Əksinə isə “Təhsil Nazirliyində tanışım var, pul müqabilində məsələni həll etməyi üzərinə götürür”,  deyərək köməkçisi Xatirədən müəllimlərə bu barədə məlumat verməsini istəyir. Səsyazısındakı 500 manat da məhz guya Təhsil Nazirliyində işi görəcək şəxsə çatacaq olan puldur. Halbuki Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə apararkən bütün prosedur elektron qaydada həyata keçirilib. Burada məqsəd saxta diplomları aşkarlamaq, müəllimlərin əmək haqqını qaldırmaqdan ibarət olub. Şəmkir Rayon Təhsil Şöbəsi tərəfindən nəticələr açıqlanmasa da, ilkin məlumatlara görə, direktorun işdən uzaqlaşdırılacağı və məsuliyyətə cəlb olunacağı bildirir.   Bildirək ki, Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif  Namazov və orada  laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal yaranıb. Qalmaqala səbəb laborantın işdən çıxarılması və direktorun həmin xanımı əxlasızlıqda ittiham etməsidir.   Xatırladaq ki, direktor Modern.az-a açıqlamasında Xatirə Əliyeva barədə ağır ittihamlar irəli sürüb. Eyni zamanda direktora yaraşmayan ifadələr işlədib. Xatirə Əliyeva da öz növbəsində başqa KİV-lərə açıqlamasında direktor  barədə nalayiq ifadələr işlədib.

14 Yanvar 2017 16:42

Yeni mənzillərin qiyməti artacaq – PROQNOZ

ipotek

Bakı şəhərinin mərkəzi və mərkəzinə yaxın ərazilərdə tikilən layihələrdə dekabrın sonuna 1 kv.m sahənin orta qiyməti 1837 manat təşkil edib. Faktinfo.az  Trend-ə istinadən xəbər verir ki, dekabrda paytaxtın daşınmaz əmlak bazarında aparılan araşdırmaya əsaslanaraq, “AS Group Investment” Şirkətlər qrupu nəzdində Strateji araşdırmalar mərkəzindən məlumat verilib. 4 layihədə qiymət enişi müşahidə olunub. Bu, əsasən, ipoteka proqramının dayandırılması ilə əlaqədardır. Xatırladaq ki, 2016-cı ildə Bakı şəhərində inşa edilən əksər layihələrdə Azərbaycan Beynəlxalq Bankının xətti ilə 20 illik ipoteka təklif olunurdu. Bunun məntiqi nəticəsi olaraq, 2016-cı ilin yanvar-noyabr aylarında daşınmaz əmlakın tikintisinə və alışına (ipoteka daxil) ayrılan vəsaitin həcmi 181 milyon manat artaraq 1 milyard 695 milyon manat təşkil edib (Mərkəzi Bankın məlumatı). Layihələrdə mənzilin nağd satış qiyməti ilə ipoteka ilə satış qiyməti arasında 10-15% fərq var idi. Hazırda əksər layihələrdə mənzillər yalnız nağd satış qiyməti ilə təklif olunur ki, bu da layihədən asılı olaraq 1m² qiymətində 250 manatadək enişə səbəb olub. Qiymət artımı isə əsasən tikintisi bitmək üzrə olan bəzi layihələrdə müşahidə olunur. Ümumilikdə, mərkəzə yaxın yerləşən layihələrdə qiymət artımı 50-300 manat təşkil edib. Strateji araşdırmalar mərkəzinin proqnozuna əsasən, kəskin rəqabətə baxmayaraq, keyfiyyəti və etibarlı developer imicini üstün tutan tikinti şirkətləri bundan sonra da qiyməti artırmağa meyilli olacaq. Digər tərəfdən, dolların daha sərfəli investisiya alətinə çevrilməsi daşınmaz əmlak bazarına maliyyə axınını məhdudlaşdırır. Proqnoza görə, tikinti şirkətlərinin müştəri uğrunda apardığı mübarizə daha da kəskinləşəcək. Strateji araşdırmalar mərkəzi müştərilərə mənzil alan zaman, xüsusilə indiki zamanda tikinti şirkətini, tikintinin gedişatını, istifadə olunan materialları və təklif edilən xidmətləri dərindən araşdırmağı tövsiyə edir.

14 Yanvar 2017 11:51

“Azərsell”in müştəri məmnunluğu artıb

azercell

Hər zaman müştəri xidmətlərinin keyfiyyətinə fikir verən “Azərsell” abunəçilərinin müştəri məmnunluğu 2016-cı ildə artıb. “Azərsell” abunəçiləri arasında müştəri xidməti nümayəndələrinin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə keçirilən sorğunun nəticələrinə əsasən, “Azərsell”in Müştəri Xidmətlərinin işi yüksək qiymətləndirilib. Belə ki, müştəri xidmətlərinin işindən razılıq səviyyəsi 2015-ci ildə qeydə alınan 79%-dən, 2016-cı ildə 83%-ə qədər yüksəlib. Yüksək nəticə özünü Abunəçi Loyalligi İndeksi NPS (Net Promoter Score) üzrə də göstərib, belə ki, “Azərsell” 2016-ci ildə yerli mobil rabitə bazarında NPS göstəricisi üzrə liderliyini goruyub. Xatırladaq ki, 2014-cü ildə “Azərsell” Azərbaycanda NPS Abunəçi Loyallığı İndeksini ölçməyə başlayan ilk şirkət olub. Bu indeks istehlakçının məhsul və ya şirkətə bağlılığını (xidmətlərini tövsiyə etmək hazırlığını) müəyyən edir. Bu unikal qiymətləndirməni tətbiqi etməklə,”Azərsell” ölkədə hər zaman uğurlu təcrübənin bariz nümunəsi hesab olunan özünün müştəri xidmətləri sahəsində liderliyini bir daha təsdiq edib. İstifadəçilərin bağlılığının qiymətləndirilməsi üzrə bu yenilikçi modelin tətbiqi “Azərsell”ə öz müştərilərinin ehtiyacını daha dərindən anlamağa və gələcək fəaliyyətini onların istəklərinə uyğun istiqamətləndirməyə imkan verir. 2016-cı ildə “Azərsell” eyni zamanda müştəri məmnunluğunu qorumaq və artırmaq üçün texniki bazasını təkmilləşdirib və şirkət əməkdaşlarının təlimləndirilməsi yönündə bir çox işlər həyata keçirib. Məlumat üçün bildirək ki, “Azərsell” Müştəri Xidmətləri sahəsində innovativ yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Öz müştərilərinə yalnız üz-üzə deyil, həm də virtual, "online" şəkildə xidmət göstərən “Azərsell” bu xidmətin keyfiyyətini yüksəldir. Bundan əlavə Xidmət Mərkəzlərinə müxtəlif səbəblərdən gələ bilməyən abunəçilərin yanına “Azərsell” özü gələrək onlara xidmət göstərir. “Azərsell”in Mobil Müştəri Xidmətləri Azərbaycanın rayon və şəhərlərinə səfər edərək vətəndaşların istək və gözləntilərini rahat və operativ şəkildə həyata keçirir. Səfərlər zamanı abunəçilərə Müştəri Xidmətləri və AzEx ofislərində “Azərsell” tərəfindən təqdim olunan bütün xidmətlər göstərilir. “Azərsell” öz abunəçilərinə ən böyük müştəri xidmətləri şəbəkəsi olan 63 Ön Masa və “Azərsell” Ekspres ofisləri və ən geniş satış şəbəkəsi olan 393 rəsmi satış məntəqəsi vasitəsilə xidmət edir. Bu məntəqələr “Azərsell” abunəçilərinə daim yüksək keyfiyyətli xidmət göstərmək üçün bütün ölkə boyu fəaliyyətdədir. Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

13 Yanvar 2017 20:22