““Başda” oturanlara hər ay yubiley keçirirlər” – AYB-dəki qalmaqal böyüyür

14 Sentyabr 2016 12:04

Xəbər 147 dəfə oxunub

Şair Rüstəm Behrudinin istefası Azərbaycan Yazıçılar Birliyində qalmaqal yaradıb.
Şairə qarşı haqsızlıq edildiyini düşünən bəzi AYB üzvləri onun müdafiəsinə qalxıb.
Birliyin Drаmаturgiyа Şölməsinin rəhbəri Firuz Mustafa AzNews.az-a açıqlamasında Rüstəm Behrudinin addımını haqlı hesab edir: “Rüstəm poeziyamızın çox istedadlı nümayəndəsidir. Bəri başdan deyim ki, Rüstəm bəy haqlıdır. Axı mənim çox hörmət etdiyim şair, həssas insan Yazıçılar Birliyindən diqqətdən başqa bir şey ummur. Düzdür, indiki zamanda adam bəzən öz doğum gününü də unudur. Amma Yazıçılar Birliyində mətbuat xidmətinin rəhbəri var, gərək onlar vacib tarixləri yada salsınlar”.
F. Mustafa özü də AYB-dən narazılığını dilə gətirib: “Yeri gəlmişkən, mən Rüstəm bəyi xüsusi təbrik etdim, ona öz hədiyyəmi – elektron kitabxanamı göndərdim. Ona ən gözəl təbrikləri oxucuları deyir və yenə deyəcək. Yeri gəlmişkən, bəlkə də heç yeri gəlməmişkən, bu gözəl təşkilatımız elə mənim də ad günümü, buna yubiley yaşı da demək olardı, yada salmağı unutdu. Nə deyim? Küsüm? Kimdən? Hər halda, bu ölkədə qırx pyesi səhnəyə qoyulmuş dramaturq, əllidən çox kitabı çıxmış yazıçı, ona yaxın monoqrafiyası nəşr olunmuş filosof azdır… Bəlkə də yoxdur. Hələ onu demirəm ki, AYB-də bir maaşsız görəvim də var: dramaturgiya sektorunun rəhbəriyəm… Amma başda oturanların təkcə hər il yox, az qala hər ay “yubileyləri” qeyd olunur”.

“Yazıçılar İttifaqındakı xanımların hamısı subay qocalıb” – Musa Yaqub

Gənc şair Şəhanə Müşfiq yeni nəsil yazarların ədəbiyyatımızın Musa Yaqubu ilə görüşünün təşkil olunduğunu dedi. Təşkilatçı o, idi və məni də dəvət etmişdi. Özümüz idik, on-on iki nəfərlik bir çevrə. Söhbəti elə qurduq ki, həm də bir növ müsahibə olsun. Sualların axarını mən yönləndirsəm də, söz ustadının cavabı sərrast idi. Görüş bir az fərqli məkanda – rəssam Nəvai Mətinin emalatxanasında keçirilirdi. Musa Yaqub haqqında qısa arayış: Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb. Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb. M.F.Axundov adına mükafata layiq görülüb. 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. Musa müəllim söhbəti səmimi axara salmağı deyəsən evdən çıxanda ölçüb-biçibmiş. Qapıdan girən kimi sinəsi açıq qız şəklinə baxıb bir atmaca atdı gənclərə. Hər kəsin eyni açıldı. Beləcə başladıq... - Musa müəllim, kimə baxırsan şeir yazır. Bu ölkədə şair olmaq çətindir, ya asan? - Bir bayatı var ha, əzizim baxtı yarım, baxtımın taxtı yarım. Üzündə göz izi var, sənə kim baxdı, yarım? - bir xalqın ki, bu cür bayatası ola, belə bir millətin poetik təfəkkürünün qarşısında söz demək bizim üçün çox çətindir. Şeir yazırsansa, gərək sözün də həmişə poetik olsun. Həmişə axtarışda olasan, yeni söz deyəsən. Hoqqabazlıq demirəm ha, ənənəvi ölçülərdə yeni fikir, yeni söz... Yaxşı şairlərimiz var, yazırlar, mən də oxuyuram. Ruslan Dostəlinin şeirlərini çox bəyəndim, məni qanadlandırdı. Heyf ki, indi dövran onların deyil. Gənclərin bu qədər maddi sıxıntılar arasında bir yerə yığışmağı, ədəbi söhbətlər etməyi elə poeziyanın yaşamağı deməkdir. Bu gün məni də dəvət etmisiniz. Bu məni çox sevindirir. Cavanlara minnətdaram ki, bizi yaşadırlar. - Sizin gəncliyinizdəki ədəbi mühitlə indikinin arasında nə kimi fərqlər var? - Altmışıncı illərlə indiki ədəbiyyat arasında böyük fərq var. O vaxt bir kitab çap etdirmək böyük iş idi. Bir şeirin çap olunması üçün nə qədər zülm çəkirdin. Redaktordan, nəşriyyatdan keçməli idi. Redaksiyanın rəyi olmadan nəşriyyatın kitab çıxarmağa ixtiyarı yox idi. İndi kimə baxırsan kitab çap etdirir. O vaxt bizi aparardılar kitabxanalara. Sabir, Lenin adına kitabxanalarda oxucular tam dolardı. Ədəbiyyat gecələri keçirirlərdi. Gənc şairlər təzə şeirlərini oxuyardılar. Hanı, indi belə şeylər var, yoxdur. Yəqin ki, belə qalmayacaq. Milli Məclisdə məsələ müzakirə olundu ki, ədəbi yaradıcılıqla məşğul olan məkanlara maliyyə ayrılsın, qərar qəbul olunmadı, ayrılmadı. Mən şeir yazıram, bəs mən nə ilə dolanmalıyam? İndi nəşriyyata şeirlərini verirsən ki, çap edilsin. Kitab çıxan kimi qoltuğuna vururlar ki, apar sat. Nəşrin pulu da sənin boynuna. Bəs şairlər necə dolansın, şair kitab satan deyil axı. Bu gün biz yazarların bazarı yoxdur. Şükür Allaha ki, indiki cavanların gözü toxdur, oxunmaq üçün yazırlar. Maddi sıxıntılara baxmayaraq bir yerə toplaşıb müzakirələr aparırlar. Vətən üçün, camaat üçün yazırlar, poeziyamızı yaşadırlar. - Musa müəllim, cavan vaxtı Azərbaycan Yazıçılar Birliyində işləmisiniz. Orada gənc xanım yazarlardan bəyəndiyiniz, gözünüz düşəni olubmu? - Vallah, Yazıçılar Birliyinə gəlib düşən xanımların hamısı bədbəxt idi. Bədbəxt idilər ki, şair olmuşdular (gülüş). Kim gəlibsə hamısı orada subay qocalıb. Deyə bilmərəm şairlərin nəfsidirmi, yoxsa öz bəxtlərinə yazılan yazı elə odur?! Yazıçılar İttifaqı elə bir yer idi ki, orada aşiq olmaq qeyri-mümkün idi. Bəlkə də könlümdən keçən kimsə olub. Mənim də o vaxt bir katibəm vardı... (söhbətin yönünü dəyişir-T.T). O vaxt Yazıçılar Birliyi mötəbər bir yer idi, bəlkə də Nazirlər Sovetindən sonra Yazıçılar İttifaqının sözü eşidilirdi. İmran Qasımov bir dəfə zəng etsəydi, o məsələ həll olunmuş sayılırdı. - Öz yaşıdlarınızdan kimləri oxuyurdunuz? Kimlərlə sıx bağlı idiniz? - Məmməd İsmayılın adını çəkə bilərəm. Onunla tez-tez görüşürdük, şeirlərini oxuyurdum. Onun kəndində də olmuşam. Məmməd Aslanı oxuyurdum, o, Bakıya çox gec gəldi. Eldar Baxış çox güclü şair idi. Ramiz Rövşən bizdən balaca idi. Ədəbiyyata yenilik gətirmişdi, onu qəbul edə bilmirdilər. Çox gözəl yazırdı. - O dövrdə ermənilərlə münasibət çox yaxşı idi. Erməni yazıçılardan kimləri oxuyurdunuz? - Oxuyurdum. Movsisyanın “Camış” hekayəsi vardı, o yadımda qalıb. Əclaf çox yaxşı yazmışdı. İndi də deyirəm, çox yaxşı yazmışdı o hekayəni. Təsvirləri çox canlı verə bilmişdi. O vaxt biz təkcə ermənini yox, latışı da, özbəyi də, qırğızı da oxuyurduq. Tədbirlərdə qurultaylarda, ədəbiyyat günlərində bir yerdə olurduq. Sovet bizi bir yerə yığmışdı. Bir-birimizi tanıyırdıq. O vaxt türk xalqlarından sovet də qorxurdu. İndi deputat Arif Rəhimzadə deyir ki, biz türk deyilik. Sən türk olmaya bilərsən. Niyə belə deyirsən axı. İndi də hamı üstünə düşüb. - Sovet dövründə sizi də Leninə şeir yazmağa məcbur ediblərmi? - Guya deyirlər ki, sovet dövründə poeziyada zorakılıq vardı. Kimlərsə partiyaya, Leninə şeir yazmağa məcbur edilirdi, yalandır. Zor indi var. Sovetin özünün birpartiyalılıq platforması vardı. İstəyirdin o ideyada yazırdın, istəmirdinsə yazmırdın, heç kim səni məcbur etmirdi. O ideyada yazanda kitabını da çap etdirirdi, qonorarını da verirdi, amma Leninə, partiyaya şeir yazmağı məcbur etmirdilər. O vaxt Ədəbiyyat Fondu vardı. Yazıçı Əli Vəliyev də fondun rəhbəri idi. Şairlərin pulu qurtaranda onun yanına gedirdi. Məsələn, bizim Hüseyn Arif tez-tez gedirdi Əli müəllimin yanına, Əli, görəsən pul varmı orda deyə soruşardı. Əli Vəliyev də yoxdu a Hüseyn qağa deyərdi. Hüseyn Arif də başlayardı ki, sənin o “Turaclıya gedən yol”unun nə şirin dili var. Necə də axıcı üslubda yazılıb. Yəni, bu pul qoparmaq demək idi. Əli də qayıdırdı ki, Hüseyn havayı tərif edirsən, pul yoxdur. Hesabat istəmədən səni ezamiyyətə göndərirdilər. Soruşmurdular ki, nə yazmısan. Yəni o vaxt biz azad idik. - O vaxt azadlıq vardısa niyə repressiyalar oldu. Məsələn, Səməd Vurğuna dəymədilər, Əhməd Cavadı, Müşfiqi güllələdilər? - Birincisi, Səməd Vurğunun istedadını danmaq günah olardı. Onu inkar edə bilmərik. O böyük istedad idi. Vurğun bizə qanad verib. Həm də onun təzə söz demək maharəti vardı. Əhməd Cavadı, Müşfiqi, Cavidi ona görə güllələdilər ki, 1918-ci il müstəqilliyini görüb gəlmişdilər. soveti həzm edə bilmirdilər. Poeziyanı, dünyanı başa düşən yazıçılar idi. Biz o vaxt müsəlman şərqində ilk demokratik dövlət qurmuşduq. Rəsulzadə başda olmaqla həmin dövrdə istiqlaliyyət üçün çarpışanları Allah bizim millət üçün göndərmişdi. İndi cümhuriyyət fədailərini qınayırlar ki, İrəvanı ermənilərə veriblər. İrəvan verilməsəydi, indi Bakı bizdə deyildi. Onlar həmin vurhavurda müstəqil dövlət yaşatdılar. Cavid, Müşfiq, Əhməd Cavad da həmin mühitdən çıxmışdı. Səməd Vurğun və onunla ədəbi yaradıcılığa eyni dövrdə gələnlər isə yerdən qalxmalar idi. Ona görə Səməd Vurğunu güllələmədilər. O vaxt olan qadağalar bir az fərqli idi. Soveti tərifləyəni çap edirdilər, tərifləməyən də “komandirovka”dan, kitabının çap edilməsindən məhrum olurdu. - Övladlarınızdan sizin yolunuzu davam etdirən var? - Oğlum Şəhriyar meyxana tipli şeirlər yazır. Heç yanda çıxmır. Daha çox meyxanaya meyil edib. Amma qızım Yaqut çox böyük ədəbi zövqə malikdir. Ədəbiyyat müəlliməsidir və bu sahəni çox yaxşı bilir. Yəni, qazanımız qaynayır, amma içində heç nə bişmir. Qaynamağın özü də yaxşı şeydir. - Musa müəllim ölüm haqdır, bu, öz yerində. Dəfn üçün Fəxri Xiyabanı seçərdiniz, ya doğuldunuz Buynuz kəndinin qəbiristanlığını? - Mən vəsiyyətimi çoxdan etmişəm, dəfn olunacağım yeri də artıq seçmişəm. Demişəm Buynuzda dəfn edin məni. Qəbiristanlığı da seçərlər (gülür, sonra da gözləri dolur)? Kəndimizdə bir köhnə dəyirman var. Demişəm elə baş daşıma da o iki dəyirman daşını qoysunlar. İndi həmin dəyirman dağılıb-tökülüb. Heç baxan yoxdur, sözümü də eşidən.

14 Mart 2017 17:10

Meşədə azan qızların ölüm qorxusu

Kulis. Təranə Fazilqızının “Üç qızın macərası” adlı yazısını təqdim edir.   Bu lap çoxdanın əhvalatıdı. Hadisə belə olmuşdu. Biz üç rəfiqə istirahət mərkəzlərinin birində dincəlirdik. Günümüz deyib-gülmək, əyləncəli oyunlara qatılmaqla keçir, axşamın nə zaman düşdüyündən xəbərimiz belə olmurdu. Qaldığımız düşərgə meşəyə yaxın olduğundan meyvə ağacları, çay kənarı moruq kolları aşıb-daşırdı. Hər səhər əlimiz-ağzımız qaralanadək moruqdan yeyir, doyduqdan sonra, ümumi səhər yeməyinə yollanardıq. Xoşbəxtlik üzümüzdə, gözümüzdə oynayırdı. Günlərin bir günü gənclikdən doğan maraqla qərara aldıq ki, sübh tezdən meşənin dərinliyinə üz tutaq. Doyunca gəzək, şəkillər çəkdirək, günorta naharına yaxın da düşərgəyə qayıdaq. Beləliklə, heç kimə demədən yola düzəldik...   Əvvəl-əvvəl hər şey adi qaydada gedirdi. Biz ayaq izləri olan çığır istiqamətində yol almışdıq. Müxtəlif söhbətlər edir, ən xırda bir titrəyişə həyəcanla yanaşırdıq. Havanın rütubəti, ayağımız altda xışıldayan quru yarpaqlar hər kəsi öz aləminə aparmışdı. Elə bu zaman bizə doğru sürətlə uçan səsli çəyirtkələr saçımıza, bədənimizə yapışsa da, özümüzü itirmədən onları üstümüzdən atıb ordan qaçdıq. Sükutumuzu pozan, şənliyimizə səbəb qarşımıza çıxan nəhəng bir ağac oldu. Ağacın gövdəsi o qədər yoğun idi ki, iki nəfər arxasında sərbəst gizlənə bilərdi. Qocaman ağacın tən ortasında iri dərin oyuq vardı. Oyuğun içi balla dolu idi. Ətrafda təkəm-seyrək arılar olsa da, cəsarətlə oyuğa əl uzadıb baldan yedik. Balın şirinliyi boğazımızı göynətsə də ləzzət elədi. Əllərimizi yumaq istədikdə su olmadığından barmaqlarımızı ağacların yarpaqlarına sürtür, ovcumuzda sıxaraq şirəni aparmağa çalışırdıq. Bir təhər təmizləyib oyuğun yanında şəkillər çəkdirir, sevinirdik. Elə düşünürdük ki, nadir bir şey tapmışıq. Yanımızda balı apara biləcək heç nə olmadığından təəssüflə üç kiloya yaxın baldan vaz keçməli olduq. Ehtiyatsız tərpənmiş, su götürməmişdik. Dilimiz-dodağımız yanırdı, vücudumuz nəmlikdən yapışqan kimi olmuşdu. Ətrafda nə çay, nə bulaq gözə dəyirdi. Bərk yorulmuşduq. Eyni yolu təkrarən fırlanır, ağacların sıxlığından boğulurduq. Güvənliyimiz azalmış, əsəblərimiz tarıma çəkilmişdi. Vuruşmağa, deyinməyə başlamışdıq. Hər kəs bir-birini ittiham edirdi. Təxminən dörd– beş saat olardı ki, meşədə idik. Azmışdıq, susamışdıq deyə gedəcəyimiz yolun istiqamətin ayırd edə bilmirdik. Meşədə qalmaq qorxusu, su içmək yanğısı bizi haldan salmışdı. Xeyli ağır-ağır getdik. Qarşımıza yosunlarla əhatələnmiş göl çıxdı. İçi dolu quru budaqlar, xəzəllər, çirkli lil bizə axar şəlalə qədər əvəzsiz göründü. Üçümüzdə qaçıb əllərimizi, üzümüzü  yumağa başladıq. Suyun sərinliyi üzümüzə, qollarımıza dəydikçə yorğunluğumuz canımızdan çıxırdı. Biz yenə gülməyə başlamışdıq. Su içməli olmadığından ağzımızı yaxalamaqla kifayətləndik. Rəfiqələrimdən biri ayağını yumaq məqsədiylə gölə girdi. Bu vaxt gördüyümüz hadisə bizi dəhşətə gətirdi. O bataqlığa düşmüşdü, qorxudan qışqırır, biz isə, nə edəcəyimizi bilmirdik. Yanımda dayanan rəfiqəm kömək məqsədilə gölə düşmüş qıza əl uzadıb çıxarmaq istədi. Lakin, kömək əvəzinə özü də suya düşdü. Onların hər ikisi çapalayır, əl-qol atdıqca bir az da dərinə gedirdilər. Qorxudan nə edəcəyimi bilmirdim. Onlar da elə hey qışqırır “kömək et”, deyə fəryad edirdilər. Bu kimi hadisələrdə nə etməli olduğumu düşünüb iri ağac parçasının bir qolunu sürütləyərək onlara tərəf uzatdım. Bu mənə il qədər uzun gəldi. Həyəcandan əllərim əsir, tər-su içində sağa-sola qaçırdım. Palçıq, lil qızların sinəsinə qədər gəlib çatmışdı. Bilmirəm necə, nə cür oldu onlardan biri möcüzə nəticəsində göldən sürünərək çıxdı. Biz ikimiz köməkləşib o biri rəfiqəmizi də bu cəhənnəm əzabından çıxartdıq... Halımız çox pis idi, əməlli qorxmuşduq. Hərəmiz bir kötük tapıb oturduq. Qızlar palçığın içində idilər. Nə edəcəyik, hara gedəcəyik bilmirdim. Düşünürdüm ki, yəqin bu da ömrümüzün sonudu. Adamlar yoxluğumuzdan hali olanda bizi meşədə xeyli axtaracaq, tapmayacaqdılar. Onda biz burda acından, susuzluqdan öləcəkdik. Ya da qurd-quşa, ilana, ən yaxşı halda iri ayıya yem olacaqdıq. Valideynlərimiz xeyli keçdikdən sonra, sümüklərimizə yapışan paltarlardan bizi tanıyacaq, ağlayacaqdılar...   Elə bu zaman uzaq olsa da, bizə tərəf gələn adamların ayaq səslərini, söhbətlərini eşitdik. Hər üçümüzün üzündə həyat eşqi, gözlərdə qığılcım səs gələn tərəfə yüyürdük. Meşədə gəzən yerli adamlar köməyimizə gəlmiş, bizi düşərgəyə aparmışdılar. Ondan sonrakı əhvalat isə lap biabırçı idi. Düşərgədə olan hər kəs təlaşla bizə baxırdı. Çirkli üst-başımızla ətrafdakıların heyrətinə səbəb olmuşduq. Səndəlləri bataqlığa düşən qızlar ayaqyalın, üst-başları cırıq-cızıq olmuş, saçları dağınıq halda, mən də arxalarınca otağımıza sarı gedirdik. Sonradan komendant xəbərdarlıq edib bizi xeyli danlamış, ordan dərkənar etmək istədiyini bildirmişdi. Lakin, buna baxmayaraq, on səkkiz günlük istirahətimizi son gününə qədər orda qalmışdıq.   Gəncliyin coşub-daşan ehtirası, həyat eşqi o hadisənin axarında şirin nağıla dönüb bu günümüzə gəlib çatmış, bizim dostluğumuza təkan olmuşdu. Faktinfo.az

13 Mart 2017 12:56

Türklüyümüzə düşmən kəsilmişlərə TARİXİ CAVAB

Son günlər bəzi şəxlər, xüsusən də mötəbər kürsülərdə əyləşdirdiyimiz, taleyimizi həvalə etdiyimiz deputatlar milli kimliyimizə, Türklüyümüzə kölgə salmağa çalışırlar. İsrarla bizim Türk yox, azərbaycanlı milləti olduğumuzu iddia edir. Əvvəlcə deputat Araz Əlizadə, ardıyca Arif Rəhimzadə sanki sübut etməyə çalışdılar ki, biz Azərbaycanlı millətiyik. Ən pisi də odur ki, alim adlandırdığımız bəzi “ziyalılarımız” da həmin deputatlara dəstək çıxırlar, bir sözlə, züy tuturlar. Çingiz Qacar adlı bir “akademikimiz” məqam gözləyirmiş kimi Türklüyə qarşı aşırı nifrət sərgiləyir. “Mən “türk” sözünün də əleyhinəyəm. Mənim üçün ən əziz dil Azərbaycan dilidir. Gürcü bizə “tatar”, rus ayrı söz deyir. Bu baxımdan da türklər bizə çox ziyan gətirib”-deyir. Moderator.az olaraq Çingiz Qacara və onun kimi düşünənlərə cavab məqsədilə mərhum Xalq şairlərimiz Bəxtiyar Vahabzadənin və Zəlimxan Yaqubun hələ illər öncə Türk dili ilə bağlı səsləndirdiyi fikirləri təqdim edirik. Əlavə olaraq da bildirmək istəyirik ki, Çingiz Qacar bu millətin Bəxtiyar Vahabzadələri, Zəlimxan Yaqubları yanında heç kimdir. Və bu millətə Çingiz Qacarların dedikləri, rəhmətlik Xəlil Rza demişkən “Vız gəliyor, vız!” Bəxtiyar Vahabzadə: “Dilimiz Azərbaycan dilidir deyənlər, bir 30 ildən sonra da deyəcəklər ki, familyamızın sonundakı “ov” da bizimdir. Bizim dilimiz Azərbaycan türkcəsidir, milliyətimiz də Azərbaycan türküdür. Bəzi yazıçılar, alimlər iddia edəndə ki, amandır, biz Türkcə yazsaq, Anadolu türklərinin dilində danışmalı olacağıq. Amma bu qətiyyən belə deyil ki, biz konstitusiyamızda Azərbaycan türkcəsi yazsaq Anadolu türkcəsində danışacağıq. Savadsız adamlar bunu məndən soruşurlar, amma bu fikri alimlər deyəndə mənə çox qəribə gəlir. Yusif Səmədoğlu deyir ki, mən 40 faiz başa düşmürəm türk dilini. O ki, qaldı boynuna xaç salanlar Kazım bəydən sitat gətirirlər, o, bizim üçün Zərdabilərin, Mirzə Cəlillərin, Füzulilərin, Sabirlərin  yanında heç nədir. O, öz dilindən imtina edib, indi mənimçün meyyar ola bilməz. Rəhmətlik Füzuli 500 il bundan əvvəl deyirdi ki, “Deyirlər ki, türk dilində yazmaq çətindir, mən bu güşvari asan eylərəm”. Sabirin dövründə birisi Osmanlı türkcəsindən şeir çevirib və altına da yazıb ki, tərcümə edəni filankəs. Sabir də yazıb ki “Əcəb gülməlisən, türkcədən türcəyə də tərcümə olar”. Bu boyda həqiqəti biz necə inkar edə bilirik, başa düşə bilmirəm. Əgər bizim dədə babamız belə deyibsə, bizim nə haqqımız var ki, bundan çıxaq”. Zəlimxan Yaqub: “ 12-ci əsrdən bəri “Biz dünyadan gedər olduq, qalanlara salam olsun, bizim üçün xeyir-dua qılanlara salam olsun” - Yunis İmrə, “Haqqımızda dövlət vermiş fərmanı, fərman padşahındır, dağlar bizimdir” -Dadaloğlu, “Dost-dost deyə neçəsinə sarıldım, Mənim sadiq yarım qara torpaqdır”- Aşıq Veysəl, “Bizə qalan əziz borc əsirlik zamanlardan tarixi təmizləmək saxta qəhrəmanlardan”- Nəcib Fazıl, “Mən bir ceviz ağacıyam Gülhanə parkında, nə sən bunun farqındasın, nə polis farqında”- Nazim Hikmət. “Çərşənbə günündə çeşmə başında başında gözüm bir alagöz xanıma düşdü”- Aşıq Ələsgər, “Mübarizə bu gün də var, yarın da, mən də onun ən ön sıralarında”- Rəsul Rza, “Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədəbazlar, Ruhunuzu oxşamır qoşmalar, telli sazlar. Bunlar qoy mənim olsun, ancaq Vətən çörəyi sizlərə qənim olsun”- Bəxtiyar Vahabzadə. Yüzlərlə belə misal çəkmək olar. İndi deyin görək burda bilindimi ki, hansı azərbaycan dilidir, hansı türk dilidir? Eyni kökdən, eyni qaynaqdan, eyni dayaqdan, eyni mayadan gələn dilin var. Bunu niyə bölürsən, niyə parçalayırsan, niyə ayırırsan? Biz Türk sözündən, Türk nəfəsindən, Türk dilindən imtina etməklə çox şeylərimizi itiririk. Min illik tarixi həqiqətləri 60 illik siyasi çaxnaşmalara qurban vermək olmaz. Mən də təsdiqləyirəm Azərbaycan dili olsun, ancaq Azərbaycan dili ayrılıqda o qüdrəti ifadə etmir. Bizim kökümüzdə olan ağırlığı, şirəni, barlı budaqları ifadə eləmir. Ona görə Azərbaycan Türkü ifadəsi işlənsə və Konstitusiyamızda bu cür yazılsa, hamı tərəfindən razılıqla qarşılanar. Eyni zamanda nəzərə alın ki, Cənubi Azərbaycanda yaşayan 25 milyon xalq özünə Türk deyirsə, Türkiyədəki 60 milyonluq Türk xalqı vuran qolun, görən gözün səviyyəsində sənin taleyinlə məşğul-olursa, onsuz da itirə-itirə gələn Azərbaycan xalqı bu gün nəyə görə daha böyük itkilər yaşamalıdır?”

10 Mart 2017 20:22

Nizaməddin Şəmsizadə: “Şah İsmayıl Xətainin damarlarından xristian qanı axırdı” – MÜSAHİBƏ

Son günlər azərbaycançılıq və türkçülüklə bağlı təzadlı fikirlərə çox rast gəlinir. Sosial şəbəkələrdə bu mövzular ətrafında geniş müzakirələr aparılır. Bu müzakirələrə bir çox alimlər, ziyalılar, millət vəkilləri qatılsa da, bəzi suallar hələ də açıq qalır. Publika.az bu suallara cavab tapmaq üçün azərbaycançılıqla bağlı bir neçə kitabın müəllifi, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadə ilə həmsöhbət olub: “Ötən əsrin 90-cı illərində “türkün türkdən başqa dostu yoxdur” şüarı Azərbaycanda detonator rolunu oynadı” - Azərbaycan cəmiyyətində türkçülük və azərbaycançılıq ideyaları bir çox hallarda bir-birinə əks mövqelər kimi təqdim olunur. Bu təqdimatla nə qədər razısınız? – Çox sağ olun ki, bu mövzu ilə bağlı məndən müsahibə alırsınız. Bu, tamamilə yanlış fikirlərdir. Vaxtilə “Azərbaycançılıq” kitabını yazanda, müəllimim, mərhum türkçü akademik Tofiq Hacıyev mənə təəccüblə dedi ki, sən türk ruhlu adamsan, bəs niyə “Azərbaycançılıq” adlı kitab yazmısan? Bu məsələ ilə bağlı dəfələrlə müzakirələr aparılıb. Hesab edirəm ki, türkçülüyü və azərbaycançılığı bir-birinə qarşı qoymaq olmaz. Mən çox düşündüm ki, azərbaycançılıq nədir? Sonra kitabımın üzərində yazdım ki, azərbaycançılıq türkçülüyün Vətən əxlaqı müstəvisində dərkidir. Vətəni işğal altında olan xalq üçün vətənçilikdən böyük nə isə ola bilməz. Vətən əxlaqı isə mənim fikrim deyil, böyük türkçü Ziya Göyalpın sözləridir. Bu gün azərbaycançılıq türkçülüyə qarşı çıxmır. Amma ötən əsrin 90-cı illərində Azərbaycanda “türkün türkdən başqa dostu yoxdur” şüarı ortaya atılmışdı. Bu şüar Mustafa Kamal Atatürkün zamanında Türkiyə üçün özünü doğruldurdu. Amma Azərbaycanda doğrultmurdu. Çünki Mustafa Kamal Atatürk bunu xaricdən Türkiyəyə qarşı edilən müdaxilələrə qarşı söyləmişdi. Bizim cəmiyyət isə poletnik cəmiyyətdir. Azərbaycanda talış, tat, ləzgi, kürd və digər etnik qruplar var. Ona görə də “türkün türkdən başqa dostu yoxdur” şüarı Azərbaycanda ötən əsrin 90-cı illərində detonator rolunu oynadı. Rəhmətlik Əbülfəz Elçibəy çox ağıllı və milli düşüncəli adam olsa da, bəzən ifrat millətçilik siyasəti yürüdürdü. Əbülfəz Elçibəy deyirdi ki, mən Çinə türk bayrağını sancacağam. Əbülfəz Elçibəy İrana qarşı da ifrat siyasət yürüdürdü. Bu isə doğru addımlar deyildi və ifrat millətçilik idi. Yaxşı düşünülməmiş siyasət hər zaman məğlubiyyət gətirir. “Mən kiməm” kitabımda da bütün bu dövrün hadisələrini yazmışam. Bütün bunlara görə, hesab edirəm ki, azərbaycançılıq ideyası düzgün ideyadır, Azərbaycanda yaşayan bütün xalqların mənafeyini ifadə edir və əsla türkçülüyə qarşı deyil. Biz türkçülüyün azərbaycançılıq formatını qəbul etmişik. Onun üçün də dilimiz Azərbaycan dili oldu. Digər tərəfdən isə bu məsələnin kökləri çox dərindir. Ötən əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadə də bu məsələ ilə üzləşmişdi. O zaman rus imperiyasının tərtib etdiyi xəritələrdə Azərbaycan sözü yox idi, ancaq Qafqaz sözü işlənirdi. Bu zaman Məhəmməd Əmin Rəsulzadə İranda Güney Azərbaycanlılarla bağlı silsilə məqalələr çap etdirdi və Azərbaycan anlamını gündəmə gətirdi. Əslində, azərbaycançılıq ideyasının müəllifi də məhz Məhəmməd Əmin Rəsulzadədir. O deyirdi ki, Azərbaycan təkcə coğrafi ad deyil, həm də siyasi anlayışdır. O, azərbaycançılığa ideoloji anlayış olaraq baxırdı. Sonra Heydər Əliyev də bu istiqamətdə önəmli addımlar atdı. Heydər Əliyevin Dünya Azərbaycanlılarının Qurultayında “mən fəxr edirəm ki, azərbaycanlıyam” söyləməsi buna misal idi. Heydər Əliyev dəfələrlə çıxışlarında deyirdi ki, bizim əsas ideologiyamız azərbaycançılıqdır. Fikrimcə, indi türkçülüklə azərbaycançılığı qarşı-qarşıya qoyanlar məkrli məqsədlər güdürlər. Türkçülük hər zaman əsas olmalıdır. Biz millət olaraq türkük. Hər bir cəmiyyətdə də nə qədər millətin yaşamasından asılı olmayaraq, aborigen xalq kimdirsə, o əsasdır. Mən yazılarımda da qeyd etmişəm ki, azərbaycançılıq türk əsilli Azərbaycan xalqının ideyasıdır. Yəni, xalqın kökü türkdür. “Son strateji məqsədimiz “Turan imperiyası” ideyasıdır” - Bəzi türkçülər azərbaycançılıq düşüncələrini turançılığın “kiçik modeli” kimi görürlər. Sizcə, bu sağlam düşüncədir? - Bu da düzgün yanaşma deyil. Mən dedim ki, azərbaycançılıq türkçülüyə qarşı deyil, əksinə onu möhkəmləndirir. Bu, tarixin üzə çıxardığı təzahürdür. Türkçülüyün, millətçiliyin son hədəfi turançılıqdır. Yəni, prioriteti ora doğrudur. Hətta, ötən il Qazaxıstanda Turan şəhəri açıldı. O tədbirə məni də dəvət etmişdilər, ancaq gedə bilmədim. Azərbaycanda turançılıq ideyası Əli bəy Hüseynzadədən bəri mövcuddur. Əslində, “Turan imperiyası” ideyası da mövcuddur. Bütün bunlar isə bizim son strateji məqsədimizdir. “Multikulturalizm məsələsində ifratçılığa getmək olmaz” - Bəzi ziyalılar və siyasətçilər azərbaycançılıq və türkçülük ideyaları ilə bağlı ayrı-seçkilik məsələlərini Azərbaycanın Türkiyənin təsir dairəsinə düşməməsi üçün səsləndirildiyini düşünürlər. Siz necə düşünürsünüz, bu, doğrudanmı belədir? - Ümumilikdə götürsək, mən bu cür düşüncələri doğru hesab etmirəm. Türkçülük monolit və vahid konsepsiyadır. Türkçülük, hazırda dünyanın böyük hissəsini idarə edən ideologiyadır. Türkçülüyün dərin tarixi kökləri var. Bu, ədəbiyyata əsaslanır. Misal üçün, vaxtilə Türkiyə türkləri Osmanlı türkləri adlanırdı. Biz isə türk adlanırdıq. Bu barədə dəqiq tarixi faktlar var. 1920-ci illərə qədər Azərbaycan vətəndaşlarının sənədlərində türk deyə qeyd olunurdu. Ona görə də bu məsələdə təxribatlara uymaq olmaz. İsrail hərbiçiləri 2010-cu ildə Türkiyənin “Mavi Mərmərə” gəmisinə hücum edən zaman “Türkə yiyə - Türkiyə” adlı məqalə yazdım. Həmin məqalə çox məşhurlaşdı. Mən orada yazmışdım ki, dünyanın imperialist dövlətləri, xüsusilə ABŞ və Rusiya hər zaman dünyaya ağalıq etmək iddiasında olublar. Həmin dövlətlər dünyada böyük güc və nüfuz sahibləridir. İndi Türkiyə də dünyada böyük güc və nüfuz qazanıb. Xristian dövlətləri isə Türkiyənin bu qədər güclənməsini qətiyyən istəmirlər. Ona görə də həmin imperiyalar Türkiyənin yaxınlığında, Yaxın və Orta Şərqdə müharibələr, münaqişələr törədirlər. Məqsəd Türkiyənin dünyada olan nüfuzunu aşağı salmaqdır. Mən isə məqaləmdə yazmışam ki, imperialist dövlətlər bir məqamı unudurlar. Bu gün Türkiyənin arxasında bütün türk dünyası, son məqsədi Turan olan xalqlar dayanır. Bu səbəbdən də Türkiyəni türkçülükdən ayırıb məhv etmək olmaz. Nə qədər ki, biz ümumtürk konteksindən kənar çıxış edəcəyik, o vaxta kimi də heç bir uğur qazana bilməyəcəyik. Bizim ən düzgün strategiyamız hər zaman ümumtürk konteksində çıxış etməkdir. Yəqin ki, yadınıza gəlir, 2014-cü ilin aprelində Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdəki çıxışı zamanı Prezident İlham Əliyev “Türkiyə yoxdur, ancaq mən burdayam” deyə Serj Sarkisyana tutarlı cavab vermişdi. Hesab edirəm ki, bütün türk respublikalarının başçıları bir-birini bu cür müdafiə etməlidirlər. Əks halda xristian güc dövlətləri bütün türk respublikalarını parçalayıb, məhv edəcək. Bu yaxınlarda Cənubi Azərbaycandan olan soydaşımız İran parlamentində möhtəşəm çıxış edərək, sonda da Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirib. Bilirsiz, türk xalqları indi oyanıblar. Vladimir Lenin əbəs yerə “Asiyanın oyanması” demirdi. Asiyanın oyanması hər zaman dünya güclərini qorxudub. Çünki Asiyada imperialist dövlətlərin böyük nüfuzu və gücü var. Onlar istəyir ki, indi də Asiyada öz güclərini qoruyub saxlasınlar. Baxın, bu gün Rusiyanın Orta Asiyaya nə qədər təsiri olsa da, ancaq onlara mane ola bilmir. Hər zaman xalqların durumunu onun tarixindən çıxış edərək qiymətləndirmək lazımdır. Son zamanlar Azərbaycanda multikulturalizm dəyərləri geniş şəkildə təbliğ olunur və sairə. Bu çox yaxşı addımdır. Dünyada heç bir xalq başqa yerlərdə türklərin içərisində olduğu qədər rahat yaşamayıb. Türklər hər zaman xalqlara yaşamaları üçün imkan yaradıblar, onlara hörmət ediblər. Amma bu məsələdə də çox ifratçılığa yol vermək olmaz. Biz bunun mənfi nəticələrini tarixdə də yaşamışıq. Ötən sərin əvvəllərində ermənilərin bizə qarşı cinayətlərini tez unutduq, əsrin ortalarında erməniləri tərif edən “Qardaş olub Hayastan Azərbaycan” kimi şeirlər yazdıq. Amma nəticəsi necə oldu? Ermənilər yenə də bizə qarşı soyqırımlar törətdi, torpaqlarımızı işğal etdi. Ona görə multikulturalizm məsələsində də ifratçılığa getmək olmaz. Çünki tarix bizə bundan nəticələr çıxartmağı deyir. “Qarışıq nikahlardan doğulan adamlar hər zaman yanlış düşünürlər” - Bu yaxınlarda Araz və Zərdüşt Əlizadə qardaşları türklərə qarşı çox aşağılayıcı fikirlər səsləndirib. Buna münasibətiniz necədir? - Hər bir şəxsin hərəkəti onun genindən, xislətindən gəlir. Dünyada ən mükəmməl şey gen, qan yaddaşıdır. Qanı və geni təmiz olan hər zaman təmiz olacaq. Ona xüsusi ideologiya lazım deyil. Hər bir xalqın öz ideologiyası var. Mənim azərbaycançılığım milli ideologiyadır. Mən bayaq dedim ki, Azərbaycanda poletnik cəmiyyət mövcuddur. Eyni zamanda qarışıq nikahlardan doğulan adamlar hər zaman yanlış düşünürlər. Mən dəqiq deyə bilmərəm ki, Araz və Zərdüşt Əlizadə qardaşları da belədir. Çünki onları tanımıram. Ancaq onların türklərə və türkçülüyə qarşı fikirlərini çox yanlış hesab edirəm. Mən bu adamlar haqqında heç bir konkret fikir söyləmək də istəmirəm. Çünki xalq bu adamları yaxşı tanıyır. Gəlin, hamıya məlum olan sözləri deyib özümüzü hörmətdən salmayaq. “Ərəb və farsların bizimlə qarışığı yoxdur” - Azərbaycanlı həqiqətənmi farsla türkün qarışığından törəmədir? Yəni azərbaycanlı Səyavuşdur? – Yox, bu da bir tarixi konfliktdir. Yəni, İran-Turan məsələsidir, əsrlər boyu davam edir. Bu məsələ Firdovsinin “Səyavuş və Südabə”, Hüseyn Cavidin “Səyavuş” əsərlərində də var. Biz heç kəsə qarşı deyilik. Biz də bunu qoruyub saxlamalıyıq. Amma müəyyən siyasi və ideoloji mövqelər də ola bilər. Mənə görə, şəxsiyyətin əsas mövqeyi onun millətinə məhəbbəti və hörməti ilə bağlıdır. Əvvəlcə millət, sonra digər xalqlar, sonra isə dövlət olmalıdır. Bu cür yanaşmaları doğru hesab etmirəm. Misal üçün, Məhəmməd Peyğəmbərə Xəndək döyüşlərində hər zaman türklər kömək edib. Yəni, bizim əcdadlarımız. Ona görə də bizim ərəblər və ya farslarla qarışığımızın olması fikirləri düzgün deyil. Biz ərəblər və farslarla din məsələsində birik, yəni hər birimiz müsəlmanıq. Amma fars və ərəb ayrıdır. Onların bizimlə qarışığı yoxdur. “Üçrəngli bayrağımızda ideoloji pozğunluq yoxdur” - Sizə elə gəlmirmi ki, Azərbaycanın üçrəngli bayrağında əks olunan rənglər ideoloji uyğunsuzluq yaradır. Vahid ideologiyanı özündə əks etdirən bayrağa ehtiyac varmı? – Yox, qətiyyən dəyişmək olmaz. Bayrağımız niyə ideoloji pozğunluq yaradır? O bayrağın üzərində əks olunan üç rəngin düsturunu Əli bəy Hüseynzadə verib. Bütün türk ideoloqları da Əli bəy Hüseynzadəni öz müəllimləri hesab edirlər. Abdulla Cövdət yazır ki, Əli bəy Hüseynzadə bir Rəsul idi. Onu türkçülüyün Peyğəmbəri sayırlar. Yəni, onun fikri necə uyğunsuz ola bilər ki? Bilirsiz, elə müqəddəs şeylər var ki, onların üzərində eksperiment aparmaq olmaz. Vətən və millətin taleyinə bağlı olan məsələlərdə özfəaliyyət yolverilməzdir. Orada daşlaşmış prinsiplər var və onları ehkam da olsa, qoruyub saxlamaq lazımdır. Üçrəngli bayrağımız görəsən, bu gün kimə və nəyə görə mane olur? Bizim üçrəngli bayrağımızda əks olunan rənglər ən modern düsturdur. Burada ideoloji pozğunluq yoxdur. Cəmiyyətin mənəvi tarazlığını qorumaq üçün hər zaman din lazım olub. Azərbaycan da İslam dinli ölkədir. Mən demirəm ki, ifrat dini dövlət olsun. I Pyotr öz vəsiyyətnaməsində də yazıb ki, ruslar Şərqə hökmranlıq etmək istəyirsə, müsəlmanlar arasında sünni-şiə ədavətini qızışdırmalıdır. Hətta, vaxtilə Quba qazisi belə bir ayrı-seçkiliyin olmadığını bildirən kimi, Tiflis canişini ona “sən Rus İmperiyasının siyasətinə mane olursan” demişdi. O zaman Tiflisdə sünni və şiələr üçün ayrı-ayrı məktəblər açılmışdı. Həmin məktəblərdə bir-birinin əleyhinə çıxışlar olurdu. Ona görə də bu cür məsələlərə heç zaman yol vermək olmaz. Dünyanın 94 faiz müsəlmanı sünnidir, cəmi 6 faizi şiədir. Çox təəssüf ki, bu gün şiəliyi qabartmaq tendensiyası mövcuddur. Əslində, şiəliyi Şah İsmayıl Xətai şişirtməyə başlayıb. Tarixdə inqilab yaratmaq üçün şiəlikdən iki lider istifadə edib. Bunlardan biri Şah İsmayıl Xətaidir, digəri isə Ruhullah Xomeynidir. Doğrudur, Şah İsmayıl Xətainin Azərbaycan üçün xidmətləri danılmazdır. O, Azərbaycanın üçüncü böyük imperiyasını yaradıb, ana dilimizi dövlət dili edib. Amma eyni zamanda şiəliyi təbliğ edib, dövlət səviyyəsinə qaldırıb. Bunun da səbəbləri var idi. O, xristian dövlətlərin təsiri altında bunu edirdi. Çünki Şah İsmayıl Xətainin damarlarından xristian qanı axırdı. Şah İsmayılın nənəsi olan Uzun Həsənin arvadı Aləmşah bəyim Trabzon imperatoru Komnenoslardan IV İohannın qızı Dəspinə xatun idi. Dəspinə xatun yunan xristianı olub. “Azərbaycan Atabəylər, Şirvanşahlar və Səfəvilər dövlətlərinin varisidir” - Azərbaycan dövlətçilik və mədəniyyətçilik baxımından Albaniyanın, yoxsa Səfəvilərin varisidir? - Azərbaycan hər ikisinin varisidir. Azərbaycanın dövlətçilik tarixində üç zirvə olub. Bunlar Atabəylər, Şirvanşahlar və Səfəvilər dövlətləridir. Bizim bundan böyük dövlətçiliyimiz olmayıb. Azərbaycan Atabəylər, Şirvanşahlar və Səfəvilər dövlətlərinin varisidir. Bizim ədəbiyyatımız da bu dövlətlərin təsiri ilə formalaşıb. Nizami Gəncəvi Atabəylərin, Xaqani Şirvani və İmadəddin Nəsimi Şirvanşahların yetirməsi, Məhəmməd Füzuli isə Səfəvilərin məğlubiyyətindən doğan kədərin şahidi idi. “Azərbaycanda sünni-şiə məsələsini qabartmağa imkan verilməli deyil” - Çaldıran döyüşü məsələsini bu gün yenidən gündəmə gətirməyə nə dərəcədə zərurət var? - Yox, buna qəti zərurət yoxdur. Ümumiyyətlə, bu gün sünni-şiə məsələsini gündəmə gətirmək heç birimizə fayda verməz. Bu məsələni sakitcə öz axarına buraxmaq lazımdır. Bu məsələni heç bir lider və ya ideoloq həll edə bilməz. Bu, min illərin söhbətidir. Əslində, bu məsələ Səfəvilər imperiyası dövründə çox şişirdildi. Bunun da əsas səbəbi xristian Avropasının siyasəti ilə bağlı idi. Əmir Teymurun Osmanlı Sultanı İldırım Bəyazidin başını kəsməsinə səbəb də xristian dövlətləri oldu. O dövrdə bütün Avropa İldırım Bəyazidin qorxusundan əsirdi. Ona görə də fransız kralı IV Karl Əmir Teymura məktublar yazaraq, onu İldırım Bəyazidə qarşı döyüşməyə vadar etdi. Döyüş zamanı Əmir Teymur İldırım Bəyazidi məğlub etdi və başını kəsdi. Sonra Əmir Teymur səhvini başa düşüb, fikir çəkdi və Çinə gedən zaman öldü. Bütün bunlara görə də Azərbaycanda sünni-şiə məsələsini qabartmağa imkan verilməli deyil. Bir zamanlar bir sıra qüvvələr tərəfindən bu məsələ süni şəkildə gündəmə gətirilirdi. Divarlara yazırdılar ki, "qılınclardan qan daman gün" və sairə. Ancaq Allahşükür Paşazadənin rəhbərliyi altında bu məsələ çox düzgün idarə olunur və bu cür təxribatlara imkan verilmir. Hər bir xalqın içərisində təxribatçılar olduğu kimi, bizdə də mükafat alıb, anasını satanlar var. Bu cür insanların təxribatlarına uymaq lazım deyil. “Çətinliyə düşəndə, Məhəmməd Füzulini, Mirzə Ələkbər Sabiri oxuyuram” - Ədəbiyyat nə dərəcədə vətənpərvər olmalıdır? - Ədəbiyyat millətin və vətənçiliyin ensiklopediyasıdır. Bədii sözdən güclü heç nə yoxdur. Aristotel “Poetika” əsərində yazır ki, ədəbiyyat və poeziya tarixdən daha ciddidir. Çünki tarix konkretdən bəhs edir, poeziya isə hər şeyin ümumisindən bəhs edir. Mən çətinliyə düşəndə, Məhəmməd Füzulini, Mirzə Ələkbər Sabiri oxuyuram. Beş yüz ildən çox zaman keçib, ancaq Məhəmməd Füzulinin qəzəlindən bir hərf də dəyişilməyib. Ancaq bu dövr ərazində nə qədər şahlar gəlib dövlət qurub gediblər. Ona görə də bizim ən etibarlı və qiymətli sərvətimiz bədii ədəbiyyatdır. Mən klassik ədəbiyyatı daha çox nəzərdə tuturam. Sovet İttifaqı dövründə Azərbaycan ədəbiyyatı daha çox sosiologiyanın və ideologiyanın qurbanı olub. “Gənc yazarlar Bəxtiyar Vahabzadəni, Məhəmməd Füzulini bəyənmirlər” - Gənc ədəbiyyatçıların, yazarların fəaliyyətindən razısınızmı? – Mən hərdən gənc yazarların diskussiyalarını və məqalələrini izləyirəm. İki səhifəlik bir məqalədə Azərbaycanın görkəmli adamları haqqında ağızlarına gələni yazırlar. Sonra da öyünə-öyünə deyirlər ki, misal üçün, mən Nizaməddin Şəmsizadəni tənqid etdim. Bununla da gündəmdə qalmaq istəyirlər. Gənc yazarlar Bəxtiyar Vahabzadəni, Məhəmməd Füzulini bəyənmirlər. Çox təəssüf ki, bu gün mən gənc yazarlarımızda yaxşı əsərlər görə bilmirəm. Vasif Həsənli

3 Mart 2017 15:43

Ankarada ən böyük Azərbaycan bayrağı – Video

Prof. dr. Nuri Saryal. Qardaş Türkiyədə yaşayan azərbaycanlı böyük alim. ODTÜ-nin rektorlarından biri olmuş və illərlə Azərbaycan Kültür Dərnəyində Vətənimiz və Millətimiz üçün gözəl işlər görən aydın. Nuri Saryalı kimi aydınları gənclərimizin daha yaxşı tanıması lazımdır. Ankarada ən böyük Azərbaycan bayrağı Nuri bəy Saryalın evinin önündən asılıb. Hər halda, mən 12 metr böyüklükdə Azərbaycan bayrağını Ankarada Nuri bəyin evindən başqa heç bir yerdə görməmişəm. Şəhərin mərkəz bölgələrindən birində şəxsi 3 mərtəbəli binanın önünə asılmış Azərbaycan bayrağını xeyli uzaqdan da görmək mümkündür. Evində ziyarət etdiyimiz Nuri Saryal Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri Mirismayıl Seyidzadənin ailəsində dünyaya gəlib, amma cümhuriyyətimizin sovetlər tərəfindən işğalından sonra bir çox aydınlar kimi, onların ailəsi də mühacirətə getməyə məcbur olub. Çox savadlı olan Mirismayıl Seyidzadənin bacarığı yüksək qiymətləndirilib və Nuri Saryal bunun üçün böyük Atatürkə təşəkkürü bu gün də özünə borc bilir. Qardaş Türkiyədə yaşasalar da, bir gün belə Azərbaycanı unutmayıblar. Azərbaycanı anladıblar. Türk dünyası sevdalısı bu gözəl ailə ilə görüşdən böyük zövq aldım. Mirismayıl Seyidzadənin “Bakı rüzgarı” kitabını hər kəs oxumalıdır. Türkiyə türkcəsində olan kitabı böyük maraqla oxudum. Nuri bəyin mələk üzlü gözəl xanımı, gözəl bir nəslin davamçısı olan Nəriman xanımla ailə qurmasında böyük Məhəmməd Əmin Rəsulzadənin və həyat yoldaşı Leyla xanımın xüsusi rolu olub. Maraqla danışırlar bu hekayəni. Aradan keçə uzun illər Nuri bəy və Nəriman xanımın sevgisini azalda bilməyib. Sevgi və sayğının hökm sürdüyü bu evdə Nuri bəyi dəyərli qızı, gözəl dost, Azərbaycan və Türk dünyası sevdalısı Nilgün xanımla da gözəl söhbətlər etdik. Nuri bəy canlı bir tarixdir və onu dinləyərək çox şeyi öyrənə bilirsən. Söhbət o qədər maraqlı idi ki, az qalmışdı təyyarəyə gecikək. Ayrılanda “Bakıda görüşərik” dedik. Durğulandılar... Allahdan bu gözəl ailəyə hər zaman yardımçı olmasını diləyirəm. Sadəcə Azərbaycan hüdudlarından kənarda yaşayanlar üçün deyil, elə Azərbaycan içində yaşayan minlərlə insan üçün də ən gözəl örnəklərdən biridirlər... Qeyd. Prof.dr. Nuri Saryal Özgeçmişi tanıdaq: 2 sentyabr 1929. Bakı, Azərbaycanda, İsmayıl və Helena (doğ. Hoffmann) Seyidzadənin ailəsində doğulub. Helena 1935-ci ildə müsəlmanlığı qəbul edib və Leyla adını götürüb. 1931-ci ildə Türkiyə Cümhuriyyəti vətəndaşlığını alıb və “Saryal” soyadını qəbul edib. 1941-ci ildə Ankara Türk Maarif Cəmiyyeti (TED) ibtidai məktəbini, 1947-ci ildə Ankara Atatürk Liseyini bitirib. 1947-1948-ci illərdə Robert Kolej Mühəndislik Məktəbində (İstanbul) ingilis dili müəllimliyi ixtisasına yiyələnib. 1952-ci ildə Robert Kolej Mühəndislik Məktəbini mühəndis ixtisası ilə bitirib. 1952-1953 Purdue (İndiana, ABŞ) Universitetində ali mühəndis diploma alıb. 1953-1956-cı illərdə Berlin Texniki Universitetində (Almanya) elmlər doktoru adını qazanıb. Ankara Orta Doğu Texniki Universitetində yardımcı docent kimi fəaliyyətə başlayıb. Bu universitetin dosentin, daha sonar professor adını qazanıb. 1977-79-cu illərdə isə rektor olub. daha sonar öz istəyi ilə istefa verərək, professor fəaliyyətinin 1996-cı ilə qədər sözügedən universitetdə davam etdirib. 1992-ci ildə Almaniya prezidenti tərəfindən birinci dərəcəli “Yüksək Ləyaqət Nişanı”nı alıb. İctimai işlərdə çalışıb, çoxsaylı qurumlara başçılıq edib.  

12 Fevral 2017 19:35

“Dəli şairin”in qarşılıqsız sevgi macəraları

II yazı  Birinci yazını buradan oxuya bilərsiniz:moderator.az/news/167859.html ...Səməd Vurğunun sevgi macəraları 1922-ci ildən başlanır. O çılğın bir məhəbbətlə, Məcnun eşqilə Dürrəyə vurulmuşdu. Dürrənin atası Əsəd Mustafayevin bizim ailəyə qohumluğu çatırdı. Onun əmisi qızı Nabat xanım babamız Mehdixan (Kuhənsal) Vəkilovun birinci arvadı olmuşdu. Elə ona görə də nənəmiz Ayişə xanım (Kuhənsalın ikinci arvadı)  həmin varlı qohumun himayəsinə sığınaraq 1915-ci ildən etibarən Qazax şəhərində Əsəd xozeyinin mülkünün alt mərtəbəsində, gün düşməyən yarımqaranlıq bir otaqda yaşayırdı. Mən də nənəmlə birlikdə olurdum. Əsəd kişi nəinki ev kirayəsi almırdı, hətta yeri düşdükcə ailəsi bizə maddi yardım göstərirdi. Bu ailə ilə Səmədin bilavasitə tanışlığı 1918-ci ildən - Müəllimlər Seminariyasına qəbul edildikdən sonra başlanmışdı. Səməd balaca Dürrə ilə həyətdə beşdaş, gizlənpaç oynayar, kəndirdən hoppanar və digər nadincliklər edər, ərkəsöyün böyüyən bu şaqraq qızcığazı bəzən ağladardı. Onlar uşaq təbiəti ilə tez barışar və qaçaraq su arxını keçib gilas ağacına dırmaşardılar. Yay aylarında hamımız birlikdə Dilican yaylağına köçərdik. Səmədlə Dürrə başqa uşaqlarla birlikdə yolboyu düşərgələrdə Ağstafa çayına daş atar, ayaqlarını çıxardaraq balıq tutmağa çalışar, meşə ətəklərində kəkotu yığar, Ağsuyun şəlaləsindən ovuclarında su içər, bir-birinə su ataraq gülüşərdilər. Dürrə bütün ailənin sevimlisi, sonbeşiyi idi. Ona görə də çox nazlı-qəmzəli və oynaq bir qızdı. Heç kəs onun xətrinə dəyməzdi. Qız çalıquşu kimi budaqdan budağa hoppanar, gözəl səslə şərqilər oxuyardı. O, bəstəboyli, iri qaragözlü, uzun kiprikli, buğdayı çöhrəli, məlahətli danışan, gülərüz, həyatda ehtiyacın nə olduğunu bilməyən, inadkar və vüqarlı, hər kəsə özünü sevdirən füsunkar bir qız,  Səməd isə daim ehtiyac içində yaşayan kasıb bir uşaq idi. Lakin uşaqlıq belə halları, belə ictimai fərqi anlamaz. Onların arasında saf ünsiyyət yaranmışdı. Səməd özünün 6 cildlik əsərlərinə daxil edilmiş, əsli mənim şəxsi arxivimdə saxlanan “Tacir qızı” adlı şeirində Dürrə haqqında ilk təəssüratını, onun gözəlliyini belə tərənnüm edir: Bən onu görmüşdüm on bir il əzəl, Olduqca görkəmli, olduqca gözəl... İllər, aylar bir-birini təqib edərək sürətlə ötüb keçirdi. Səməd 17 yaşa, Dürrə isə 14 yaşa çatmışdı. 1922-ci ildən sonra Səmədin Dürrə ilə olan saf uşaqlıq ünsiyyəti artıq ülvi və atəşin bir  sevgiyə, aşiqanə məhəbbət dastanına çevrilməyə başlamışdı. O zaman Dürrə də seminariyada oxuyurdu. Onlar həm məktəbdə, həm də evdə, həyətdə tez-tez görüşər, mənalı baxışlarla bir-birini süzər, bir-iki kəlmə danışar və ötüb keçərdilər. Aralarında artıq ciddi bir münasibət, uşaqlıqda olan zarafat və nadincliklərdən çox fərqli olan bir münasibət yaranmışdı. Səməd Dürrəni dəlicəsinə sevməyə başlamışdı. Dürrə də bu sevgiyə biganə deyildi. O, bizim qızlara məxsus olan utacaqlıq və həya pərdəsi altından Səmədin üzünə gülür, nazlanır və sanki, onu sevgi alovunda yandırmaq istəyirdi. O zamanlar gənclər öz məhəbbətlərini bir-birinə açıq söyləməzdilər; baxışlar, davranışlar və incə, çox incə, başqalarının görə bilmədikləri ruhi tellərlə anlayardılar. Səmədlə Dürrə də beləcə dilsiz və sakit sevgi ümmanına düşmüşdülər. Səmədi hamı danlayırdı. Baş tutmaz sevdadan əl çəkməyi, “öz tayını” tapmağı məsləhət görürdülər. Lakin inadkar və cürətli olan bu aşiq öz məhəbbətindən dönmək fikrində deyildi. Səməd qızın etinasızlığından (bəlkə də valideynlərinin təsiri altında) və töhmətlərdən, sanki, mənəvi həzz alırmış kimi uğursuz sevgi yollarında çırpınırdı.                                                                       *** ...Dürrənin valideynləri qızlarını varlıların və ya vəzifə sahiblərinin birinə vermək həvəsinə düşmüşdülər. Səməd bütün ümidlərini itirməkdə idi. Heç kəs onun müqəddəs sevgisini anlaya bilmirdi. Eşqində və məhəbbətində getdikcə uğursuzluğa düşməyə başlayan həssas qəlbli, filosof təbiətli məhəbbət nəğməkarı bədbinləşir, haqsızlıqlara, eşqi, məhəbbəti vara və mənsəbə qurban verən köhnə dünyanın qalıqlarına nifrət yağdırmağa başlamışdı. O hamıya qarşı sərt və amansız idi. Öyüd-nəsihət verənləri təhqir edirdi, onu heç kəs başa düşmək istəmirdi. Adamların yalnız bir əqidəsi var idi: Əsəd xozeyinin qızı bu yoxsul və yetim uşağın tayı deyil. Səməd uzun saç saxlar, həftələrlə üzünü yumaz, tolstoyçuluq edərək  ət yeməz və bunlara bənzər başqa-başqa hallar keçirərdi. Heyvanlara qayğı göstərər, çox vaxt yeməyini itə-pişiyə verərdi. Bizim balaca Səmədimizin halına nənəmiz Ayişə xanım, bibimiz qızı Xanqızı (Bıjı), bir də mən yanardıq, gözlərindən dolu kimi tökülən göz yaşlarına acıyardıq. Nə etmək olardı! Atamız öləndən  sonra hər ikimiz nənəmlə birlikdə olurduq. Səməd qoca arvadı çox incidir, sözünə qulaq asmır, atmacalı sözlərlə, həcvyana misralarla Dürrəyə və onun qohumlarına staşaraq sanki, intiqamını almağa çalışırdı. Qızın valideynləri  nənəmizi məzəmmət etməyə başladılar.  Öyüd-nəsihətlərimiz Səmədə təsir etmirdi. O, sanki, bütün varlığa qarşı üsyan qaldırmışdı. Bir dəfə 1923-cü ilin yazında “oğlum, onlar sənə qız verməzlər. Biz Əsəd  xozeyinin parvalında oluruq. Hamı səni  “dəli Səməd” adlandırır, bizi el içində rüsvay eləmə, qabağına gələni acılama, tərsliyindən əl çək” deyən nənəmizə acıq edərək tam altı ay evdən qaçmış və Ermənistan dağlarında, Qaraqoyunlu kəndlərində dolaşmışdı. Məcnun səhralara düşən kimi Səməd də dağlara qaçmışdı, artıq o, Vurğun olmuşdu.                                                                 *** ... Səməd Vurğunun qəflətən gəlib çıxması şəhərdə bir hadisə kimi əks-səda verdi. Hamı onun haqqında danışırdı. Səmədin acı taleyini duyanlar, xüsusən gənclər saf məhəbbətə qarşı duranlara nifrət yağdırırdılar. O vaxt biz hələ də Dürrəgilin evinin zirzəmisində yaşayırdıq. Səməd bir neçə gün evdən bayıra çıxmadı. Bəzi qohum-əqrəba, hətta Dürrənin anası Güllər xala və bacısı Xanım da onun görüçünə gəlib öyüd-nəsihət verirdilər. Lakin “Dəli şairi”in qaşları çatılır, gzöləri məchul bir nöqtəyə dikilir və dinməz-söyləməz xəyal dünyasına qərq olub gedirdi. Onun dodaqları tərpənirdi, sanki kiminləsə nəsə danışırdı. Səmədi camaat Məcnun kimi aşiq olan “Dəli şair”, “Dəli Səməd” kimi tanıyırdı. Bir dəfə Dilicanda (biz balaca daxmada, Dürrəgil isə Yerevan şossesində ikimərtəbəli binada yaşayırdılar) Dürrəyə zarafatyana, aşiqanə söz atmışdı. Bunun üstündə nənəsi onu bərk məzəmmət etdi. Səməd gözlərindən sel kimi yaş axıda-axıda otaqdan çıxdı. Xeyli gözlədik, Səməd qayıtmadı. Zavallı nənəmiz narahat olmağa başladı və məni Səmədin dalınca göndərdi. Onu küçədə, körpü üstündə, çay kənarında, Dürrəgil tərəflərdə axtardım, amma tapa bilmədim. Ürəyim, sanki, yerindən qopurdu. Xasiyyətinə bələd olduğumdan ağlaya-ağlaya evə döndüm. Həyətə girəndə gözüm moruq kollarının  arasındakı qoz ağacına sataşdı, ürəyim qopdu. Səməd özünü asmışdı. Dəli kimi qışqırdım və özümü  üstünə ataraq Səmədi qucaqlayıb yuxarı qaldırdım. Artıq xırıldayırdı. Səsimə nənəmiz özünü yetirdi, kəndiri açdıq və onu qollarımız üstə otağa gətirdik. Biz çalışdıq ki, bu hadisəni heç kim bilməsin. Lakin az sonra əhvalat ətrafa yayıldı. Deyəsən Səməd özü  dostlarından kiməsə bu sirri danışmışdı. “Dəli şair”in dəlilikləri uzun müddət davam etdi. Səmədin balaca bədənində yurd salmış sevgi vulkanı tez-tez püskürürdü. 1922-ci ildə Bakı Qızlar Seminariyasında oxuyan Dürrəni görmək, heç olmasa onu uzaqdan seyr etmək üçün Səməd ara-sıra Bakıya gedər və məktəbin müdirəsi Mədinə xanım Qiyasbəylinin evində qalar, Dürrəyə şeirlər yazıb göndərərdi. Təəssüf ki, o ilk şeirlər cırılıb atıləırdı.                                                               *** ... Səməd müəllimlik etməyə başlamışdı. Dürrə Bakıda oxuyurdu. Mən Gəncədə işləyirdim. Lakin hər yay hamımız Dilican yaylağına yığışırdıq.  Belə vaxtlarda Dürrə yenə də özünü anlaşılmaz aparardı. O, nə Səmədin sevgisini rədd edirdi, nə də öz qəlbindəkini açıq bildirirdi. Sanki öz aşiqinin mənəvi əzablarından həzz alırdı. Səməd geri çəkilmək itəmirdi, məhəbbətinə sadiq idi. İllər keçdikcə öz ümidinin səraba döndüyünü, el içində “gülünc” olduğunu dərk edən Dəli Şair sevgilisinin xəyalı ilə yaşayırdı. O, tez-tez Qazağa gedir, unudulmaz xatirə yerlərini seyr edir və sevgilisini axtarırdı. Səməd Vurğun Dürrə ərə getdikdən sonra da onu bir xəyal kimi izləyirdi. “Əski diladarı”nı seyr etməkdən ruhi qida alırdı. Dürrəni görmək üçün saatlarla onun keçəcəyi yolda dayanırdı. Bir dəfə Dürrənin əri ilə birlikdə Qazxdan Bakıya gedəcəklərini eşidir və  dərhal Gəncə stansiyasına gələrək axşamdan səhərə kimi qatarı gözləyir. Səhər qatar dayananda Dürrə Heydərlə birlikdə perrona düşür və öz Vurğununu pərişan halda görərək ondan yan keçir. Səməd Vurğun həyatdan və insanlardan küskün idi. O, hamıdan, Dürrədən və onun qohumlarından intiqam almaq üçün qələmə sarılır və acı sözlərlə onları qırmanclayırdı. Səməd hec cür Dürrənin ata evindən uzaqlaşa bilmirdi. O ailəyə hərdən  qonaq gedir, bununla da  söhbətlərdən təsəlli tapmağa çalışırdı. İnsafla demək lazımdır ki, bizim bu köhnə qohumlar, xüsusən də Dürrənin kiçik qardaşı Mahmud Səmədi həmiçə mehribanlıqla qarşılayar və onu ovundurmağa çalışardılar.                                                    *** ...Dürrənin gözəl ailəsi vardı. Namuslu, sədaqətli bir qadın kimi Səmədin hərəkətlərindən bəzən inciyirdi. Bir dəfə mən Dürrəgildə (atası evində)  olarkən Səməddən şikayətləndi: -Bir ona desən ki, məndən əl çəksin, axı, mən ailəliyəm, yaxşı deyil. -Özüylə bacarmır, - dedim, - gün gələr sən də anlayarsan ki,  doğrudan da bacara bilmir. Dözmüsən, yenə döz, görək axırı hara gedir... Dürrə kiridi, yan otağa keçib mənə çay  gətirdi. Əlindən xəta çıxmış adam kimi peşman olmuşdu. Onun özünü belə itirdiyi halları az görmüşdüm. Səməd Vurğun Dürrəyə belə demişdi: -Bizi bir-birmizə tanıtdıran son bir görüş olacaqdır ki, onu sənələrlə gözləmək lazımdır... Züleyxa NADİR

8 Fevral 2017 19:08

Xalq şairi Rəsul Rzanın Demokratik Cümhuriyyətin əleyhinə yazdığı şeiri – “…Müsavat hər ingilisin ayağını yalayanda”  

Kitabxana və arxivlərimizə hər dəfə üz tutub araşdırma apararkən gözləmədiyimiz halda qarşımıza heyrət doğuran materiallar çıxır. Açığı, onlar içərisində daha çox maraq və təəccübümüzə səbəb materiallar da olur. Belə materiallardan biri də 1938-ci il 1 may tarixli “Ədəbiyyat qəzeti”nin (№20 (165) sayında dərc edilib. Həmin material Xalq şairi Rəsul Rzanın “Stalin yoldaşa” adlı şeiridir. Şair şeirində Demokratik Cümhuriyyətin zamanında Müsavat hökumətinin xalqa bəla, zülm gətirdiyini və türklərin ölkəmizi çapıb taladığını yazır. Milli hökuməti aşağılayan ifadələr işlədərək, bolşeviklərin tərifini göyə qaldırır. Onların bu kimi addımları bolşevik zülmünün tüğyan etdiyi bir dönəmdə - 1937-1938-ci illərdə atıblar. O zaman bu, üzdə olan şair, yazıçı və alimlərimizin başlarını salamat saxlaması baxımından başa düşüləndir. Qətiyyən heç kimi qınamaq olmaz. Ancaq zamanın və dövrün məngənəsində sıxılmayanlar bu gün kimi istəsələr qınayırlar. Çünki özləri ağır sınaqlarla qarşı-qarşı durmayıblar. Enter.News saytı olaraq  bu yazını təqdim etməkdə məqsədimiz kimisə qınaq obyektinə çevirmək deyil. Lakin düşünsək ki, keçmişdə yazılanların hər biri bir tarixdir və o tarixlə də bugünkü insanlarımız tanış olmalıdır. O baxımdan araşdırıb, üzə çıxarıb oxumaq və oxutdurmaq insanların halal haqqıdır. Nə keçmişinizə daş atın, nə də haqqınızdan keçin... Faktinfo.az Enter.News saytı tərəfindən dərc edilən ,hazırda sosial şəbəkələrdə paylaşılan,müzakirə mövzusu olan  məlum şeiri olduğu kimi təqdim edir:                  Stalin yoldaşa Ey sənətə ilham verən, bizə doğru yol göstərən, Məhəbbəti şahin kimi üstümüzdə qanat gərən! Ey sözləri yaz yeli tək ruhumuza qüvvət verən, Salam sənə xalqımızdan, onun sənət ordusundan, Ey sənətin böyük dostu, ulu rəhbər, böyük insan! Qaşında qoy mən sazımın tellərini dilləndirim. Dərya kimi coşan könlün sellərini dilləndirim, Şən elimdə əsən bahar yellərini dilləndirim, Onlar desin ağ günümdən mahnılarım dilə düşsün. Gözlərimdən sevinc yaşı axsın gilə-gilə düşsün. Qara günlər keçirmişəm hamı bilir mən başımdan, Daş əriyər, günəş sönər çıxmaz o gün yaddaşımdan. Gəlin minbir solan ömrün qəm sorağı hər daşımdan. Bu yerlərdə müsavatın at sürdüyü qara gündən, Ruhu azad mərd xalqının böyük qəlbi yara gündən. Durna gözlü bulaqların sərin suyu zəhər oldu. Nə gün doğdu üstümüzə, nə gecələr səhər oldu. Anaların göz yaşları topladığı bəhər oldu. Həddi aşdı azğınlığın, kim dil açdı sus! - dedilər. Daş torpağı casus qoyub, ürəkləri pus! – dedilər. Ana vətən yaxşı bilir kim oynatdı at elimdə, Evlər yıxdı, qanlar içdi, doymadı, qat-qat elimdə, Taladılar kəndlərimi düşdü çat-ha-çat elimdə, Dağıtdılar dönə-dönə Şəmkirimi, Şirvanımı Mən o gündən tanımışam, öz dostumu, düşmənimi. Türklər bizə qardaş deyib elimizi talayanda, Müsavat hər ingilisin ayağını yalayanda, Nemeslərin ac sürüsü, rast gələni dalayanda. Rus xalqının qardaş əli sıxdı bizim əlimizi, Doğdu günəş o gün bizim işıqlatdı elimizi. Sən o günün şahidisən ey elimin xilaskarı! Sən vermisən ölkəmizə bu gülşəni, bu baharı. Həyat gülür üzümüzə, sındırıldı qəm hasarı, Çəkiləndə böyük adın xalqın deyir var ol ata. Sən yetirdin ellərimi bu gündüzə, bu həyata. Yadınızda qalır böyük həyatının varaqları, Qamçılarkən sahilləri dalğaların göy qatarı. Titrəyirdi yumruğundan daş məhbəsin daş divarı, Orda İlliç buxtasının ulduzları yanrı indi. O keçmişdən yoxdur əsər köhnə Bayıl hanı indi. Bir də dönməz keçən günlər, vətənimiz batmaz yasa, Qoymarıq ki, yadlar bizim torpaqlara ayaq basa., Azad olmuş xalqımızın bu xoş gündə nəyi varsa, Sən vermisən onu bizə ey elimizin xilaskarı, İndi açıb hər tərəfdə azad xalqın ilk baharı. Fərəh dolu günümüzdən bir parçadır bu gördüyün. Xalqımızın görülməmiş bayramıdır bu şanlı gün. Stalin tək bir atan var, öyün, xoşbəxt xalqım öyün! Ömür güldü bu ellərə, qızıl günəş axdı gəldi. Tərlan təbim nə durmusan qanadlanmaq vaxtı gəldi. Salam sənə böyük insan, xalqımızdan salam sənə! Bir mehriban oğul kimi atılaydım qucağına, Gülüstana çevrilibdir tanıdığın bax elimiz, Salam sənə xalqımızdan bizim köhnə bakılımız! Rəsul Rza

7 Fevral 2017 19:17

“Firudin bəy Köçərli Səməd Vurğunu imtahana buraxmaq istəmirdi…”

Son illər Səməd Vurğunun adı tez-tez gündəmə gəlir. Haqqında olar-olmaz yazılar yazılır, ünvanına xoşagəlməz ifadələr işlədilir. Bəzən də şeirləri, misralarını təftiş edilir, hətta ona aid olmadığı vurğulanır. Oxuyacağınız bu yazı Səməd Vurğunun böyük qardaşı, həm də yeganə könül dostu, qəlb sirdaşı  Mehdixan Vəkilovun “Ömür dedikləri bir karvan yolu” kitabındandı. Müəllif  yalnız qardaşından bəhs etdiyi etdiyi  kitabda onun uşaqlıq illərini, Dürrəyə olan qarşılıqsız sevgisini ən xırda epizodlarla qələmə alıb. Oxucular üçün maraqlı olacağını düşünürük. Beləliklə Mehdixan Vəkilovun yazdıqlarından: -1906-cı ilin 21 mart gecəsi idi. Novruz bayramı gəlmişdi. Yusif ağa qalın səslə Vaqifin “Durnalar”ını, əmisi Kuhənsalın qoşmalarını oxuyurdu. Birdən nə isə ailəyə çaxnaşma düşdü. Məhbubə xanımın anası Ayişə xanım gəlib çıxdı. Gecədən xeyli keçmiş dünyaya bir  körpə gəldi. Adını Səməd qoydular. O vaxt mənim 4 yaşım varmış. Sonralar nənəmiz danışardı ki, körpə səhərə kimi ağlayıb. Atamız da yarızarafat deyib ki, bu uşaq ya baş yeyəcək (köhnə əqidəyə görə, yəni kimsə öləcək), ya da bundan görünməmiş bir şey çıxacaq. Zatən atamız  sonralar da balaca Səməddəki qeyri-adi hərəkətləri və xasiyyətləri gördükcə bu sözləri inamla təkrar edərdi: oğul buna deyərəm ey! Səməd Vurğunun atası Yusif ağa “bunt illəri”ndə son dərəcə müflisləşmiş və ömrünün axırına qədər yoxsulluq və ehtiyac içində ömür sürmüşdür. Səməd yay vaxtı biçinçilərin arxasınca  (varlı adamların taxıl yerində) düşüb arpa sünbülü (qırp) topladığımızı və atamızın o sünbülləri ağacla döyəcləyib bir-iki çanaq ağnağaz (azuqə) düzəltdiyini, onu dalımızda dəyirmana apardığımızı sonralar acı-acı xatırlar və “ömrün nə yaman günləri varmış” deyərdi. Səməd Vurğun 6 yaşındaykən sevimli, şair qəlbli anamız Məhbubə xanım dünyaya gözlərini yummuşdur. Kasıblıq, yoxsulluq, bir də vaxtsız ölən oğul (böyük oğlu Hacıməmməd) dərdi anamızı təxminən 30 yaşında dünyadan apardı. Deyirlər ki, oğul müsibətinə dözə bilməyib ölən analar var. Buna inanın! Yoxsul həyat, yeraltı daxma, ana həsrəti, atamızın sazda çaldığı qəm, qüssə, kədər və göz yaşalrı ilə dolu yanıqlı el havaları, nəğmələr balaca, zəif, qızdırmalı, lakin son dərəcə həssas və çılğln Səmədin mənəvi varlığında, duyğu və xəyallarında əbədi, onu heç vaxt tərk etməyən izlər buraxmışdır... ... Səməd anası öləndən sonra lap çılğınlaşmış, sanki, divanə bir uşağa  çevrilmişdi. Kiçicik bir sözdən mütəəssir olar və gözlərindən sel kimi yaşlar axıdardı. Səməd ipə-sapa yatmırdı. Tez-tez qaçıb qəbiristanlığa anasının məzarı başına gedib ağlayar, bəzən də qəbrin üstə yatıb qalardı. Belə hallarda mən onu tapardım. O, sızıldaya-sızıldaya daxmaya qayıdar, dərdindən müştüyünü tüstülədən zavallı atamızın mehriban qucağına atılardı. Səmədin çılğınlığı atamız ikinci arvad alandan sonra nisbətən soyumağa başladı. İkinci anamız Tükəzban xanım (Daş Salahlı kəndində Eyvazov Haqverdi ağanın qızı) Səmədin həssas və üsyankar qəlbinə yol tapmışdı. O hər cür şıltaqlığa dözür, bəzən də Səmədlə birlikdə qəbir üstə gedib onun anasını ağlayardı. Bəlkə də buna görə Səməd onu doğma ana kimi sevirdi. Atamız ikinci dəfə evlənənə kimi bizim, xüsusən də bir yaşından yetim qalan bacımızın qayğısını daha çox nənəmiz Ayişə xanım çəkirdi. İyirmi yeddi yaşından dul qalan, iki qızı böyüdüb ərə verən, kişi xasiyyətli, daima silahlı (tapançalı) gəzən igid nənəmin söylədiyi nağıllar və macəralar Səmədin varlığına, hiss və duyğularına, xəyal və təsəvvürlərinə balaca vaxtından canlı izlər buraxmışdı. ...Səməd Vurğun 1914-cü ildən 1918-ci ilə kimi Salahlı məktəbində oxudu. O zaman dərslər həm Azərbaycan, həm də rus dilində keçirilirdi. Səməd Vurğun öz cəldliyi, dərsləri tez mənimsəməsi, hazırcavablığı, iti düşüncəsi və kəskin hafizəsi ilə həmyaşıdlarından çox fərqlənirdi. O, adətən özündən böyük uşaqlarla, hətta yaşlılarla durub-oturmağa meyl göstərirdi. Hələ kənd məktəbində oxuduğu zaman Molla Pənah Vaqifin və Puşkinin şeirləri ilə maraqlanırdı. Lap kiçikkən Firdovsinin “Şahnamə”sindən “Rüstəm və Söhrab” hissəsinin tərcüməsini oxumuşdu. 1918-1924-cü illər Səməd Vurğunun həyat yolunun xüsusi bir mərhələsini təşkil edir. Azərbaycanın məşhur demokratı və ədəbiyyatşünası Firudin bəy Köçərli 1918-ci ilin  sentyabrından etibarən keçmiş Qori Müəllimlər Seminariyasının tatar şöbəsini çox böyük əziyyət və fədakarlıqla (gürcü menşevikləri mane olurmuş)  Qazağa köçürmüş və onun əsasında Qazax Müəllilər Seminariyası yaratmışdı. Seminariyanın açılması təkcə Qazax mühitində deyil, tamam Gəncəbasarda böyük mədəni hadisə kimi qarşılandı. Hamının üzündə sevinc vardı. Uşaqların təhsil almaları və müəllim yetişdirilməsi üçün imkanlar açılmışdı. Firudin bəyin arvadı, əslən qazaxlı vəkilovlar nəslindən olan maarifpərvər qadın Badsəba xanım Köçərlinin də seminariyanın açılmasında müəyyən rolu olmuşdu. Yeni açılmış məktəbə axın başlamışdı. Necə deyərlər, atını minən çapırdı. Seminariyaya varlı və tavanalıların  uşaqları ilə birlikdə, köynəyi yamaqlı, ayağı çarıqlı kasıb balaları da qəbul edilirdi. Mən ilk yoxalamadan sonra qəbul olundum. Sonrakı qəbul imtahanı verənlər sırasında əyinində yamaqlı paltar, başında quzu dərisindən papaq, ayağında çəkələk, boğazı nazik, zəif və cansız, lakin gözlərindən od parlayan bir uşaq da vardı. Bu, gələcyin böyük şairi Səməd Yusif ağa oğlu Vəkilov idi. Səmədin balaca boyunu, zəif və cılız bədənini görən Firudin bəy onu imtahana buraxmaq istəmirdi. O, nənəmiz Ayişə xanıma (atamız təvazökarlıq edərək kənarda dayanmışdı) müraciət edərək “ ay arvad, bu uşağı lət basıb öldürür, belə cırtdan boyda uşaqdan müəllim çıxmaz, oxuya bilməz, həm də iki qardaşı birdən qəbul etmək düz çıxmaz” deyə  rədd edirdi. Yazıq nənəmiz isə “Firudin bəy, üzüm ayaqlarının altına, mənə yazığın gəlsin, o mənim nəvəmdi. Anadan yetim qaldığına görə, bir də kasıblıqdan bu günə düşüb. Badsəba xanım bu kasıbların gününü yaxşı bilir” deyə yalvarırdı. Firudun bəy  heç bir güzəştə getmək istəmirdi. Birdən “eh, Firudin bəy, hardan biləsən ki, bu ürəkdə nə var?” deyən bir uşaq səsi eşidildi. Firudun bəy cəld döndü, nənəsinin ətəyindən tutub dayanan “xəstə uşaq” onun üzünə, gözlərinin içinə baxırdı. Bu səs Səmədin səsi idi. Firudin bəy  fikrə getdi. Ətrafı tam sükut bürümüşdü. O birdən İbrahim bəy Qayıbova “bu uşağı bir yoxla görək” dedi. O zamanlar ənənə olaraq əvvəlcə Qurandan bir surə oxudurdular. İbrahim Əfəndi “Əmma” surəsini açdı və Səmədə dedi ki,  oxu. Səməd o surəni oxumadı. Quranın ortasından haranısa açdı və bir-iki sətir oxuduqdan sonra kitabı örtüb gözünü yumdu, surənin qalan hissəsini gözəl səslə əzbərdən deməyə başladı. Hamı heyrət içində dərin sükuta dalıb dinləməyə başladı. Sükutu Firudin bəy pozdu. Səmədə yaxınlaşaraq əlini onun çiyninə qoydu və dedi:” Bu ki, od parçasıymış”. Səməd demək olar ki, Quranı əzbər bilirdi. O, kənddə molla yanında da oxumuşdu. Səmədin cürəti və heyrətamiz hafizəsi Firudin bəyi məğlub etdi. Səməd sonrakı imtahanları da müvəffəqiyyətlə verib seminariyaya qəbul olundu. Nənəmizin sevinci yerı-göyə sığımırdı. Yazıq arvad yetim nəvəsini bağrına basdı və qızı Məhbub xanımın Səmədi əzizlədiyi sözləri – “dağlarda çiçək, a səmsəmi, hamıdan göyçək, a səmsəmi” deyib ağladı... ...Səməd seminariyada əla oxumaqla bərabər çox nadinc, sərt, hər sözü üzə deyən, bəzən müəllimlərə söz qaytaran, üsyankar xasiyyətli şagird idi. Lakin nədənsə, müəllimlər onu çox sevirdilər, başını sığallayır, şirin dilə tuturdular. Sanki bu kiçik bədəndəki fırtınanaı ram etməyə, cilovlamağa çalışırdılar. Bir dəfə 1922-ci ildə Səməd seminariyada oxuyan qızlardan Dürrənin qoluna iynə batırmışdı. Dürrə ağlaya-ağlaya məktəbin direktoru Əhmədağa Mustafayevə (Firudin bəy Köçərli əsassız olaraq həbs edilmiş və Gəncədə qalxan əksinqilab günlərində xalq düşmənləri, daşnak qalıqları tərəfindən vəhşicəsinə öldürülmüşdü)  şikayət etmişdi. Direktor Səmədi çağıraraq ona qəzəblənmiş və “qulağından tutub bütün Qazağı  dolandıraram” demişdi. Bunun cavabında Səməd “möhtərəm müəllim, hər halda siz özünüz də mənimlə bərabər Qazağı dolanacaqsınız” dedikdə direktor və müəllimlər gülməklərini saxlaya bilməmişdilər. Bu hadisə zamanı riyaziyyat müəllimi Alay Şıxlinski “bu uşaq ya gora salamat baş aparmayacaq, ya da bundan görünməmiş bir şey çıxacaqdır” demişdi... Moderator.az Ardı var...   (Yazının davamında Səməd Vurğunun Dürrəyə olan sevgisi , “Dəli şairin”in  qarşılıqsız məhəbbətdən dolayı özünü ağacdan asması, ümimiyyətlə iç dünyasında silinməz izlər buraxan, az qala sevgi dastanına çevrilən macəralar dövrü olacaq).

7 Fevral 2017 14:32

İNSANI TALEYİNDƏN AYIRMAQ OLMUR…..

Konsertdən çıxıb evə qayıdırdım, gec idi. Taksiyə əyləşdim, arxa oturacaqda mənimlə yanaşı 50-55 yaşlarında ziyalı görkəmli bir kişi əyləşmişdi, üzünün ifadəsindən elm ya sənət adamı olduğu duyulurdu, nəzakətlə davranırdı. Qayğılı olduğunu hiss etdim. Kiməsə zəng etdi, və çox mehribancasına salamlaşdı, anladım ki, həyat yoldaşıyla danışır. Qarşı tərəfin səsi aydınca eşidilirdi. Qadın "Görüm səni heç evə salamat gəlməyəsən" dedi, qəzəblə, nirfrətlə... Kişi tutuldu, sanki qəfil güllə ilə düz ürəyindən vurdular.. Sarsıntı və iztirabları üzündən oxunurdu.. Gözlərininn ətrafı qaraldığından əzabkeş insan olduğu bilinirdi.. Onun nələr çəkdiyini, nələr düşündüyünü və getdiyi "ev" adlı ünvanda nələrlə qarşılaşacağını təxmin elədim. Ona azca da olsa bu məqamda mənəvi dəstək olmaq, zəif təsəlli kimi başını söhbətə qatmaq, acı və ağrılı düşüncələrdən ayrımaq cəhdlərim də nəticə vermədi.. O, öz qarışıq aləmindəydi və söhbətə körpü salmaq üçün verdiyim sualları məncə, heç eşitmədi də.. Evə gedirdi.. ancaq bu evmi?.. Hər binaya, tikiliyə ev demək olarmı?!.. əgər içində həyat varsa, sevgi-anlayış dolu şən həyat yaşanırsa- bina evə çevrilir, yoxdursa- o elə sadəcə tikili olaraq qalır.. Onu evə, insan ocağına döndərən, isidən nə sobadı, nə kombidi- insan nəfəsi, insan sevgisidir.. Ev- rahatlıq üçündür, yorğunluğunu unutmaq üçündür, gündəlik həyatda, cəmiyyətdə baş verən min cür neqativdən, əsəbdən, gərginlikdən qurtulmaq məkanıdır ev. İnsanın özünə, öz həyatına qayıdışıdır ev- unutdurur qalan dünyanı... Əzablar və cavabsız suallar məngənəsində sıxılan, əzilən bu insan üçün hiss olunurdu ki, ev heç can atmadığı, cəhənnəm əzablarıyla üzləşəcəyi məkandı, o sadəcə gecələmək ya müəyyən saatlarını keçirmək üçün bir tikilidir, soyuq daş divarlardan ibarət.. Yaxşı deyiblər ki, xoşbəxtdir o kəs ki, səhər işinə tələsir, axşam da evinə.. Bu kişi tələsmirdi.. əksinə yol getdikcə narahatçılığı artırdı- görünür qarşılaşacağı mənzərələrin də əzablarını indidən yaşayırdı... hələ taleyində görəsən nələri arxada qoyub- onu demirəm.. Gözlərində yaş, hirsindən, qəzəbindən dodaqlarını gəmirən, hiddətindən doluxsunmuş, dolmuş, gərilmiş bu insan gözlərini məchul nöqtəyə zilləyib YOL gedirdi.., öz içindəki tale yolunu... Taksinin apardığı ünvan, görünür onun tale ünvanı deyilmiş... İnsanı öz taleyindən ayırmaq olmur.... Xeyrulla Agayev Faktinfo.az

1 Fevral 2017 11:57

İşıq-Hekayə

Hava qaralmaq  üzrə idi. Şəhərin işıqları  qaranlığı boğmaq istəsə də gücü çatmıtrdı. Göyün üzərində günəş yoxdusa deməli, heç bir işıq  qaranlığa güc gələ bilməzdi. Yalnız qəlbin işığı heç bir qaranlığa məhəl qoymadan hər zaman işıq saça bilər.     Yenə həmin parkın yanından ötüb keçirdim. Birdən yenə də parkın qırağında səkidə əyləşən həmin oğlanı gördüm. Hər dəfə burdan keçəndə bu oğlanı görürdüm və dilənçi olduğunu zənn edərdim. Oğlan hardasa 12-13 yaşlaında olardı. O, çox kefsiz və üzgün görünürdü.  Ac olduğunu düşündüyüm üçün yaxınlıqdakı kafedən dönər aldım. Sakitcə ona yaxınlaşıb əlimdəki dönəri ona uzatdim. Oğlan qəribə, sual dolu baxışlarını üzümə dikdi və dedi: -         Mən dilənçi deyiləm!.. Oğlanın sözləri bu tonda deməsi məni heyrətləndirdi. Həm dilənçi zənn etdiyim bu oğlanın dilənçi olmamasına sevinirdim, həm də onu dilənçi zənn etdiyim üçün öz içimdə xəcalət çəkirdim. O, çörəyi qəbul etmədi. Mən dönəri yarı böldüm, onun yanında əyləşdim, mülayim təbəssümlə dedim: -         Əslində dönəri özümə almışdım, sadəcə sənə də nəzakət xatirinə təklif etdim, istəmirsən yemə, özüm yeyərəm. Bunu deyib böldüyüm dönəri iştahla yeməyə başladım. Yarısını da elə salafanda səkinin üzərinə qoydum. Mən ona heç əhəmiyyət vermirmiş kimi ağzımı marçıldadaraq yeyirdim. Birazdan o, soyuqdan büzüşmüş əllərilə dönərin yarısını yeməyə başladı. Beynimdə, qəlbimdə saysız-hesabsız suallar dolaşırdı. “Görəsən bu oğlan dilənçi deyilsə bəs kimdir?”.. Niyə hər gün bu vaxtlar tək-tənha burda oturur? Bəlkə uşaq evindən qaçıb gəlib?”.. Bax bu suallar içində dönəri necə yeyib qutardığımdan da xəbərim olmadı. Parkın ətrafındakı bəzi işıqları söndürmüşdülər, hətta demək olar ki çoxunu, cəmi 3 dirəkdə işıq yanırdi. Qaranlıq getdikcə qatılaşırdı və işıq üzərində müvəqqəti qələbəsinə sevinirdi, yaxşı ki, hər qaranlıq gecənin bir işıqlı sabahı var. Yaxşı ki, gecəni-gündüzü insanlar idarə etmir, işıqlar kimi, yoxsa ömrümüzün daha çox hissəsini qaranlıqda keçirməyə məhkum olardıq...   Oğlan da çörəyini yeyib qutardı. Mən yarımülayim- yarıcidddi şəkildə dedim: - Dilənçi olmadığını bilirəm, bəs burda tək-tənha niyə oturmusan? İndi hamı dərsdən, işdən çıxıb evinə gedir, sən isə bura gəlirsən... O, gözucu mənə baxdı. Anladım ki, həm danışmaq istəyir, həm də ehtiyat edir. Az sonra dilləndi. - Mən hər gün bu vaxt bura gəlirəm, çünki bura evimizdən sakitdir. Ən azından burda atamla anamın dava səslərini, bacımın ağlamağını eşitmirəm. Düzdü, soyuqdu, amma sakitlikdi. İndi mən ona qəribə və sual dolu baxışlarla baxırdım və səbirsizliklə yenidən danışmasını gözləyirdim. O, bir müddət susdu və yenidən danışmağa başladı: - Yeddinci  sinifdə oxuyuram. Ailədə dörd nəfərik, anam, atam, bacım və mən. O, dərindən köks ötürdü. Oğlanın xırda qara gözlərində sonsuz hüzn və ümidsizlik vardı. - Bacım birinci sinfə gedir. Təsəvvür edirsizmi?. Onun ilk dərs ilidir, ancaq o sevinə bilmir. Atam tikinti ustasıdır, anam isə dolanışıq çətin olduğuna görə evimizin yaxınlığındakı çörək zavodunda işləyir. Atam 4 il müharibədə vuruşub, Qarabağda, cəsur döyüşçü olub, indi müharibə veteranıdır. Müharibədən sonra torpaqlarımızın erməni tapdağında qalması daxilən sarsırtdı onu, qapandı özünə və tədricən içkiyə qurşandı- anam belə deyirdi. Anama həm inanırdım, həm də yox. Anamın dilindən eşitmişəm ki, atama içki qətiyyən olmaz, çünki müharibədə başından zədə alıb. Hər bir halda atamı içkili vəziyyətdə görmək bütün ümidlərimi qırıb məhv edir. Baxın, indi mənim yaşıdlarım isti evlərində oturub dərslərini oxuyurlar, mən isə... ehh...- bu anda onun soyuqdan qızarmış yanaqlarında yaş gilələndi,  gözünün yaşını əlinin tərsiylə silərək danışmağa davam  etdi.- Atam hər axşam evə içkili gəlir, hamımızı söyür, anamı isə döyür. Yazıq anam səsini də çıxarmır, daim atamı sakitləşdirməyə çalışır, – qonşulardan ayıbdır- deyir. Atam isə qonşuları da söyürdü. Anam Allaha yalvarırdı ki, kimsə eşitməsin, rüsvay olmayaq. Bacım atamı içkili görən kimi ağlamağa başlayır. Bu olanlara seyrçi qala bilmirəm, içimdə atama böyük üsyan baş qaldırır. Anama əl qaldıranda isə ona nifrət edirəm. Yazıq anam yorğun, üzgün halda işdən qayıdır ki, ev işlərini də səhmana qoysun, bizə yemək bişirsin, paltarlarımızı yusun, o, isə anama əzab verir. Atam hər səhər yuxudan oyananda üzündə dərin peşmanlıq ifadəsi görürəm, sərxoş vəziyyətdə etdiyi bütün hərəkətlərə görə xəcalət çəkir, üzülür sanki. Ancaq axşam yenə də  evə yıxıla-yıxıla gəlir, deməli, o bizi yox, içkini sevir, çünki bizim rahatlığımızı, xoşbəxtliyimizi, gələcəyimizi içkiyə qurban verir. Əgər bizi sevsəydi belə etməzdi.    Oğlan bu sözləri deyəndə gözlərində hədsiz kin və nifrət duydum, bu isə yaxşı hal deyildi. O, mənə tərəf döndü və birnəfəsə soruşdu: - Sizin belə atanız olsaydı sevərdinizmi? - Bəli, sevərdim...,- nədənsə heç düşünmədən belə cavab verdim. O, verdiyim cavabdan təəccübləndi, çox güman ki, məndən əks cavabı gözləyirdi. Bir qədər fikrə getdikdən sonra yenidən danışmağa başladı: -         Bilirsiniz, bir dəfə atam yenə evə içib gəlmişdi. Onda mən 6-cı sinifdə oxuyurdum, bacımın isə 5 yaşı vardı. Bacım üçün rəsm çəkmişdim və orda mehriban ailəni təsvir etmişdim. Bacim rəsmə baxıb sevinir, tez-tez ailə üzvlərini adlarıyla sadalayırdı. Bu vaxt atam anamla dalaşırdı. Bacım gözlənilmədən qəribə özünəməxsus hirslə qələmi  götürüb rəsmdəki ata şəklini qaraladı. Atamın görəcəyindən qorxdum və rəsmi gizlətdim. Bacım nə qədər ağlasa da, rəsmi ona vermədim. O, küsüb ağlaya-ağlaya yuxuya getdi. Gecə o yuxudaykən alnından öpüb üzr istədim. Səhər atam yuxudan qalxanda rəsmi ona göstərdim və anladı.. Həmin gecə atam evə ayıq gəldi, bizim üçün yemək də bişirdi, hətta bacım üçün rəsm albomu və boyalar da almışdı. Anam bizdən də çox sevinirdi, sanki yenidən həyata gəlmişdik. Düşündüm ki, rəsm məsələsi atama bərk təsir edib və daha araq içməyəcək. Bir sözlə, çox sevinmişdik, lakin ertəsi gün eyni mənzərə təkrarlandı. Elə o anda bütün ümidlərim puç oldu. Ən pisi də odur ki, o gündən bacım mənə olan inamını qismən itirdi, əşyalarını məndən qoruyur, qorxur ki, həmin rəsm əsəri kimi əlindən alaram və vermərəm. Hələ də o rəsmi saxlayıram, özümə söz vermişdim ki, həyatımız qaydasına düşsə o rəsmi yenidən işləyib ona verəcəm., təəssüf ki, artıq ümidim yoxdu.   O, susdu və baxışlarını çox uzaqlara dikdi. Ümidsiz və boğuq səslə dedi: -         Evə dönməyimə az qalıb, birazdan atam yatacaq və mən gedəcəm. Axşamları heç sevmirəm, bəlkə də hamı sevinir ki, axşamları bir yerə yığışırlar, mən isə gecələri qara kabus kimi görürəm, və bir şeyə əminəm ki, axşam saatlarında keçirdiyim bu park evimizdən isti, bu daş səki isə divanımızdan yumşaqdı!..   Qəribə və qarışıq haldaydım. Balaca oğlanın həyat hekayəti məni çox sarsıtmışdı. Hələ ki, onun danışdıqlarının təsirindən çıxa bilmirdim. O, yerindən qalxıb 2-3 addım irəli gedib geriyə döndü və sakit tərzdə  dedi: -         Sizcə mən nə edim? Evdən qaça bilmirəm, çünki anamı, bacımı qoyub gedə bilmərəm, atamı da evdən qova bilmərəm. Ancaq bu gedişlə də məhv oluruq. Bəlkə mən də oxumayım, gedib işləyim, pul qazanıb anama kömək edim?!.. Atamdan onsuz da heç bir xeyir gəlmir. O, bütün qazandığını içkiyə xərcləyir. Əgər mən qazana bilsəm, anam  da çox əziyyət çəkməz.   Onun bu sözləri məni diksindirdi, “necə yəni oxumayım?!”.. Axı oxumasa belə düşüncəli, dərrakəli uşağın həyatı məhv ola bilərdi. O, azca irəlidə olan ağacın yanına getdi və ordan salafan paket götürdü, mənə baxıb dedi: -         Bilirəm, sizə maraqlıdır salafanda nə olduğu. Burda dərs kitablarım var. Dərs başlayanda anam bacıma çanta aldı, mənə almağa isə pulu çatmadı. Mən də anama yalandan dedim ki, onsuz da əksər uşaqlar kitabları salafanda gətirirlər məktəbə, əslində mənim üçün fərqi yoxdu, təki içində kitablar olsun. Sizə bir həqiqəti deyim ki, bu günkü dərslərimə tam hazır deyiləm, artıq bu məni o qədər də narahat etmir. Ailəmə kömək etməliyəm. Məndən soruşsaydılar ki, “ən böyük arzun nədir?” heç düşünmədən cavab verərdim “Atam içkidən uzaqlaşsın”.   Onun sinəsi sözlə doluydu, danışdıqca yüngülləşirdi az da olsa. Onu dinləməyimdən çox razı idi, axı o heç kimə deyə bilmuirdi içindəkiləri, ürəyindəkiləri, özü demiş, “onsuz da heç kim məni anlamayacaq”.. Hiss etdim ki, getməyə  hazırlaşır, ancaq mənim də ona deyəcəklərim çox idi. O qədər çaşqın idim ki, heç bilmirdim nədən və necə başlayım. Ondan kitab-dəftərlərinə baxmaq üçün icazə istədim. Təbii ki, həvəslə açıb göstərdi. Gündəliyinə baxanda gözlərimə inanmadım, hamısı “5”  idi, adı isə Qismət Şahverdiyev.. Bəli, Qismət gözəl addır, ( bu adı ona atası qoymuşdu)  kaş ki, Qismətin qisməti də qəlbi kimi gözəl olaydı... Onu alqışladım və dedim: -         Halaldır sənə, bu cür də davam et!.. Reaksiyasından anladım ki, “davam  et” o qədər də ürəyincə olmadı... köks ötürdü.. Bu cür gələcəyi parlaq ola biləcək uşaq niyə valideyn səhvi ucbatından əziyyət çəkməlidir axı?!.. Niyə onun gələcəyi məhv olmalıdır?!.. Suallar içində vurnuxurdum və düşünürdüm ki, ilk növbədə atasına olan nifrəti yox olmalıdır. Ona yaxınlaşıb başını sığalladım və sözə başladım: -         Sən ağıllı oğlansan Qismət!. De görüm, müharibədə xalq, torpaq üçün vuruşmuş və onun acılarını canında yaşadan bir insana nifrət etmək olarmı?!..   O qədər həssas və duyumlu idi ki, nə demək istədiyimi dərhal anladı və başını aşağı saldı. Qismətdə anlayış tapmağımdan həvəslənərək söhbətimə daha həvəs və inamla davam etdim. -Əlbəttə ki, nifrət etmirsən, sadəcə onun içkili halı qorxunc görünür. Sənə elə gəlir ki, o araq içəndə dönür başqa insan olur- yad və rəhmsiz.. Bunlar təbiidir, ancaq görürsənmi, ayıq vəziyyətdə onu çox sevirsiz. Deməli, atan daxilən çox gözəl insandı, sadəcə ona kömək lazımdı. İçki onun qanına yeriyib, ona müalicə lazımdı.   Mən danışarkən onun gözlərində ümid qığılcımları gördüm. Bu məni sevindirdi. Birdən ümidli gözlərində məyusluq da hiss etdim. O, utana-utana dedi: -         Bizim pulumuz çatmaz onun müalicəsinə, anamın qazancı bizə güclə çatır. Atam içən olduğundan qohum-qonşudan heç kim bizə borc verməz.   Qismətin çarəsiz vəziyyəti ürəyimi ağrıtdı, axı onun günahı nəydi ki, bu yaşında taleyin ağır yükünü daşıyırdı?!.. Mən arxayınlıqla dedim: -         Pulu mən borc verərəm, sonra imkanınız olanda qaytararsan. Pul ancaq onun iynə-dərmanlarına lazım olacaq, həkim puluna görə narahat olma, yaxın dostum bu sahə üzrə peşəkar həkimdi, təmənnasız kömək edəcək.   O, çox fikrə getdi, nələr düşündüyünü tam da olmasa, qismən anlayırdım. Təklifimi qəbul etdi, borcu qaytarmaq şərtilə, təbii ki. Sağollaşarkən ona dedim: -         Əsas odur ki, atanla ayıq vaxtı danış, həkimə getməyə razı sal.   Həkimin ünvanını yazıb verdim, bir də cibimdə olan 200 manat pulu. O, evə gedərkən bayaqkından daha inamlı və arxayın görünürdü. Mən isə hər şeyin düzələcəyinə, işığın qaranlığa qalib gələcəyinə inanırdım. Ayrılarkən mənə təkrar-təkrar minnətdarlıq etdi.    Evə çatanda anladım ki, üzərimdə bir əsrin yorğunluğu var, ağrılarım var.. Ancaq bu fiziki yox, mənəvi yorğunluq, mənəvi ağrılar idi...    Bir müddət parkın yanından keçmədim, yolumu uzadib başqa küçəylə gedirdim. İstəmirdim ki, Qismət məni görüb pulu qaytarmaq haqda düşünsün, yaxud sıxıntı keçirsin. Ancaq həm də o ailənin taleyindən nigaran qalmışdım.. Nəhayət, bir axşam parkın içiylə getməyə qərar verdim. Qismətin həmişə oturduğu yerə boylandım, yox idi. Bilmədim buna sevinim ya kədərlənim?. Artıq hər gün parkın içiylə getməyə başladım, ancaq Qisməti görmürdüm.   Bir gün yenə də parkın ətrafına boylana-boylana keçirdim, arxadan kiminsə çağırdığını eşitdim: -Xanım... xanım...- deyə səs gəldi.. Arxaya döndükdə Qisməti gördüm. Sevindim, həm də şübhələndim, əgər hər şey qaydasındadırsa- o burda neynirdi? Üzündə təbəssüm mənə yaxınlaşıb təngnəfəs dedi: - Adınızı da deməmisiniz mənə, bilmədim necə çağırım sizi. Oturacaqda əyləşib nəfəsini dərdi və sözə başladı: -         Neçə vaxtdı bura gələ bilmirəm, inanırsız ki, sizlə görüşdən sonra evimizdə günəş doğdu sanki. Atama sizin məsləhət gördüklərinizi dedim, təbii ki, öz adımdan. Axı siz tapşırdınız ki, haqqınızda heç nə deməyim. Əvvəlcə anamla danışdım, sonra atamın ayıq vaxtında ona dedim. Əvvəlcə qəbul etmədi, məyus oldum, ancaq ertəsi gün razılaşdı və sizin yazdığnız ünvana getdik. Həkim adımı soruşdu. Atam anlamadı, ancaq mən anladım ki, həkimə mənim adımı vermisiz, axı başqa heç kimin adını bilmirdiz. Həkim müayinə və analizlərdən sonra atama dedi ki, “müalicəylə sağalması mümkündü, ancaq deyilənlərə ciddi riayət etməlisən”. Atam sağalması üçün nə lazımsa edəcəyinə söz verdi. Həkimin təyin etdiyi müalicəyə başladıq. Artıq neçə vaxtdır ki, atam içmir, özünü yaxşı hiss edir,  hətta dostlarla məclisdə də içkidən yan qaçır. Hər dəfə müayinəyə gedəndə həkim atama “qəhrəman döyüşçü” deyə müraciət edirdi. Nə vaxtsa atamla fəxr edəcəyim  ağlıma belə gəlməzdi. Çox sağ olun, xanım, çox minnətdarıq sizə!. Siz olmasaydız bunları nə düşünə, nə edə bilməzdik.    O, bütün bunları birnəfəsə danışdı, elə xoşbəxt və şən idi ki, sevincdən gözlərim yaşardı. Sevincimi duymamaq mümkün deyildi.  Qismətin əlində salafan paket gördüm və təəccüblə baxdım, o, dərhal təəccübümü anladı və gülümsəyərək dedi: -         Narahat olmayın, kitablarım deyil, sizə kiçik hədiyyə almışam. -         Hədiyyə qəbul etmirəm- deyə üzümü turşutdum. -          Xahiş edirəm, kiçik hədiyyədi, məndən sizə yadigar qalsın, baxanda məni xatırlayın. Özü gedəndən sonra hədiyyəni açmağımı rica etdi. Onu qırmamaq üçün hədiyyəni qəbul etdim.   Telefon zəngi eşidildi. Qismət telefonu cibindən çıxarıb cavab verdi: -         Bəli, ata, indi gəlirəm. O, başını qaldırıb səmaya baxdı, göyün üzü açıq idi. Ay və ulduzlara baxa-baxa dedi: -         Kim deyir ki, ay və ulduzlar əlçatmazdı, insan istəsə hər şey onun üçün ram ediləndir, çünki mən də bu günləri mümkünsüz hesab edirdim. Bunun üçün sizə çox minnətdaram, əziz və dəyərli xanım!..   Bəli, o mənə sadəcə “xanım” deyirdi, çünki adımı deməmişdim və bilməyini  də istəmirdim. Biz sağollaşıb ayrıldıq. Qismət getdikdən sonra oturacaqda əyləşib səmanı seyr etdim, birdən mənə elə gəldi ki, əlimi uzatsam ulduzları tuta bilərəm.    Hədiyyəni açdım. Bu üz qabığında dəniz və şəhər təsviri olan dəftər idi... Bu sürpriz mənə xoş təsir bağışladı, açdım, vərəqlədim və dəftərin arasında zərfi gördüm. Zərfi açdım, içində 200 manat pul və məktub vardı. Məktubda yazılmışdı:      “Əziz və dəyərli xanım!. Əvvəla sizə çox minnnətdarıq hər şeyə görə!. Zərfi sizə birbaşa versəydim yəqin ki, qəbul etməyəcəkdiz və narazılığınızı bildirəcəkdiniz. Onu deyim ki, dəftərin üzündəki dəniz təsvirinin sizin dənizlər qədər geniş, daim dalğalı, düşünən qəlbinizin olmasıdır. Şəhər isə insanlığı, yaşamı əks etdirir. Demək istəyirəm ki, ədalətli dünya, insanlıq sizin kimi geniş və xeyirxah qəlbli adamların çiynində, ruhunda bərqərardı. Pula gəlincə, anama söylədim həqiqəti, çünki yalan desəm də inanmayacaqdı. Ancaq narahat olmayın, adınızı bilmədiyimdən anama da demədim. Pulu qaytarmağıma hirslənməyin, əksinə- sevinin. Yadınızdadırsa, bunu borc almışdım, borcu isə qaytararlar., axı mən də gələcəyin bir kişisiyəm, kişi də sözünün ağası olmalıdır. Bacımın da güvənini geri qazandım, rəsmi olduğu kimi işləyib ad günündə ona hədiyyə etdim, çox sevindi... Onu bilin ki, sizi tanımasam da, mənə göstərdiyiniz mərhəmətə, inama və anlayışa hər zaman layiq olmağa çalışacam. Buna borcluyam!..”   Məktubu oxuduqdan sonra gözlərim doldu, təsirləndim, həm də sevindim. Qeyri-adi və izahı mümkün olmayan hisslər yaşadım, bəlkə də həyatımda heç nəyə bu qədər sevinməmişdim. Ətrafda qəribə sakitlik vardı, bu səssizlik ruhuma dinclik və rahatlıq bəxş edirdi. Parkın kənarıyla addımlayırdım, işıq dirəklərindən cəmi ikisində lampa yanırdı, amma mənə elə gəlirdi ki, hər tərəf işıqlıdır, qaranlıqlar yox olmuşdu.. Bu hansısa lampa işığı deyil, qəlbimizin işığıydı... İşıq insanların içindədirsə - deməli, dünya nura boyanır. Bu- işığın qaranlıq üzərində daimi qələbəsi idi.. Ülviyyə Niyazqızı Faktinfo.az 

30 Yanvar 2017 11:29

Cehizimiz kitab olsun!

Bəşər düşüncənin nadir kəşfi olan Kitab oxumağın mənası zənginləşməkdir, inkişaf etməkdir, təmizlənməkdir, özünü və bütün kainatı kəşf etməkdir. Oxumaq- zehni, fiziki və ruhi istiqamətdən inkişafa gətirib çıxarır. İstər bir kitab olsun, istər bir qəzet- oxunan hər şey, oxunanda bir təsir buraxır, iz qoyur, həyatın görünməyən tərəflərini anladır.. Xoşbəxtliyin tərifi olan daxili dincliyi tapmağın yollarından biri də oxumaqdır. Bütün çətinliklər, kədərlər, dərdlər, problemlər oxumamaqdan, cahillikdən irərli gəlir. Xoşbəxt olmaq üçün, həyatda özün olmaq üçün, cəmiyyətə faydalı gücə çevrilmək üçün bilik və dünyagörüşü mənbəyi olan kitab oxumaq ən yaxsi vasitədir. Kitab oxumagi, mutaliə etmeyi hədsiz sevirəm.. Kitablar mənim bu dünyadaki ən yaxin, ən sadiq dostlarimdir.. Kitab oxuyarkən aldigim zövqü bu həyatda heç nədən almiram.. Ən sıxıntılı animda əlimə bir kitab alib oxuyuram.. Yüngülləşirəm o zaman.. Dünya nura boyanır gözümdə. Sanki, mənim butun stresimi, sixintimi alib gotûrür kitablar.. Mən evimizin ən gözəl yerini hər zaman kitablarim üçün ayirmişam... O qədər dəyərlidir, kitablar mənim üçün.. Istər kompyuter, istərsə də telefon- kitabin verdiyi biliyi heç bir qurğu əvəzləyə bilməz.Kitablarda verilən məlumatlar reallıqdır. Hər kəsin bir zövqü var, mən daha çox reallığa yaxın, fantastikadan uzaq , dedektiv, vətənpərvər, fəlsəfi, eyni zamanda düşündürücü kitablara üstünlük verirəm. Kitab- tarixdir, dünənimiz, bu günümüz, ağıllı sabahımızdır. Dahilər kitabı gələcək nəsillərə ən böyük mənəvi vəsiyyət adlandıranda nə qədər haqlıymışlar. Əsrlərdən əsrlərə bütün dəyərlər kitab vasitəsiylə gələcək nəsillərə ötürülür. Kitab nəsillərarası və əsrlərarası bir etibarlı körpüdür, hamı keçməlidir bu həyat və zəka körpüsünü... Düşünürəmki xanimlar kişilərə nisbətən daha çox kitab oxuyurlar. Xanımların daha çox kitab oxumasi ailələrin və onlarin gələcək övladların savadlanmasi deməkdir. Haci Zeynalabdin Tağiyev deyirdi ":Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsan,bir qıza təhsil verməklə təhsilli bir ailə qazanırsan" .Doğrudan da qızil sözlərdir. Müşahidələr göstərir ki, qadın savadlı olduqda həmin ailənin uşaqları daha yüksək səviyyədə bilik qazana bilirlər.Cəmiyyət üçün dəyərli şəxslərə çevrilə bilən gənclərin tərbiyyə olunması üçün məktəblə yanaşı ailənin böyük rolu olduğu danılmazdır.Bəşəriyyətin xilas yolu elm və təhsildir.İstənilən cəmiyyəti məhv edən elmsizlikdir, savadsızlıqdı.Hər hansı bir elmə yiyələnmək üçün kitab oxumaq lazımdır. Çox istərdimki gənclərimiz orta məktəb həyatı ilə vidalaşıb yeni həyata qədəm qoyduqları zaman onlara müxtəlif bahalı hədiyələr əvəzinə qiymətli kitablar hədiyyə olunsun. Arzu edərdim ki, “8 mart Beynəlxalq Qadınlar bayramı günü”,”2 fevra Gənclər günü” və s. əlamətdar günlərdə ən qiymətli hədiyyə kimi güllə yanaşı kitablar hədiyyə olunsun. Ailə həyatı quranda xanımlar cehiz düşünərkən yalnız bahalı qablar, mebellər haqqında düşünməsinlər. Xanımlar bunlarla yanaşı seçdikləri mebəllərə uyğun kitab şkafı aparmaq barəsində düşünsunlər. Onlar yeni ailəyə köçən zaman düşünsunlər ki, hansı kitabları aparacaqlar. Əgər kitablara bu şəkildə üstünlük verilərsə cəmiyyətimizdə savadlı ,hərtərəfli dünya görüşünə malik gənclərin yetişməsinə , müstəqil Azərbaycanımızın dahada inkişaf etdirilməsinə nail olarıq. Mənim üçün ən böyük cehiz Kitabdır!İstərdim toy mərasimlərində yeni xoşbəxt ocaq yaradan gənclərimizə qiymətli daş-qaşların əvəzində sönməz ocağı xatırladan kitablar təqdim olunsun ən dəyərli cehiz kimi... Hər zaman canlı, hər zaman öyrədən, hər zaman insanı özünə, əslinə- nəslinə, insanlığa qaytaran sehirli zəka lampası kimi. Türanə Əzizova Ismayilli Mərkəzləşdirilmiş kitabxana sisteminin məsul işçisi

30 Yanvar 2017 11:16

Dələduzluqda ittiham edilən şəxs – “O, pulların yazıçı Anara aid olduğunu deyirdi”

"Yazıçı” Nəşriyyatının rəhbəri Şəmsi Vəfadar yazıçı Anarın müşaviri Rauf Aslanova qarşı dələduzluq etməsi ilə bağlı iddialara cavab verib. Faktinfo.az xəbər verir ki, Ş.Vəfadar Publika.az-a açıqlamasında Rauf Aslavdan borc aldığını təsdiqləyib. Lakin vəziyyətin onun iddia edildiyi kimi olmadığını deyib: “Mən Rauf Aslanovdan notarius vasitəsilə 20 min manat borc almışam. Hər aya görə 3 faiz də əlavə ödəniş etmişəm. Borcu manat hesabı ilə almışam, məzənnə dəyişəndən sonra onun tələbi ilə notariusa gedib müqaviləni yenilədik və mənim borcum dollarla göstərildi. Hər ay 900 dollar pul ödəmişəm, sonra isə bir dəfə 15 min və 5 min manat ödəyərək borcumu bağlamışam. Bununla bağlı əlimdə sənədlər də var. Mən ona olan bütün borclarımı ödəmişəm. Lakin ikinci devalvasiyadan sonra Rauf Aslanov ona əlavə 20 min manat da ödəməli olduğumu dedi. O, pulların gah Anarın, gah Fikrət Qocanın, gah da Çingiz Abdullayevin olduğunu deyirdi. Lakin Çingiz müəllimdən soruşdum bunu inkar etdi. Mən isə Rauf Aslanova hər dəfə borc müqaviləsini və ona ödənişlərimi xatırladırdım. Borcum olmadığını bildirirdim. Əgər etirazı varsa, məhkəməyə müraciət etməyi tövsiyə etmişəm. Mənim ödədiyim pulları sənədlər vasitəsilə təsdiq edə bilərəm. Onun da əlində sənəd varsa, mətbuata açıqlasın. Mən özüm hüquqşünasam, müqavilədə yazılanın hansı mənaya gəldiyini bilirəm". Ş. Vəfadar bildirir ki, R. Aslanov uzun müddətdir sələmçiliklə məşğuldur və hər dəfə də borc verdiyi insanlara belə problemlər yaşadır: “Rauf Aslanov onlarla adamın evin, maşının bu qaydada əlindən alıb. Bu adamın işi sələmçilikdir. Yazıçılar hamısı ondan narazıdır. Özü sələmçiliklə məşğul olur, kənarda Anar müəllimin adından istifadə edir. Sələmə verdiyi pulların gah Anar müəllimin, gah da Ənvər Seyidovun olduğunu deyir. Təəssüf ki, mən bu problemləri borc götürəndən sonra bilmişəm. İndi saytlara açıqlamasında polisə müraciət etdiyini deyir, lakin bunun üçün polisə müraciət etməyə ehtiyac yoxdur”.

27 Yanvar 2017 17:08

“Başım çox bəlalar çəkib…” –“Yeddi oğul istərəm”in Cəlalı

Azərbaycanın əməkdar artisti, aktyor Ənvər Həsənovun "Report"a müsahibə verib. Xatırladaq ki, Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub. Aktyor “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa maraqlı obrazlar yaradıb. O, həyat yoldaşı aktrisa Mömünat Qurbanova ilə “Dərviş Parisi partladır” və “Atları yəhərləyin” filmində rol alıb. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə əməkdar artist fəxri adına layiq görülüb. Strateq.az həmin müsahibəni təqdim edir: – Bir neçə gün bundan əvvəl səhhətinizdə problem olduğunu bildirdiniz. İndi necəsiz? – Bəli. Demək olar 3-4 aydır soyuqdəymədən əziyyət çəkirəm. Pirquluda bağ evim var, tez-tez ora gedirəm. Yəqin həmin evdə mənə soyuq dəyib. Hazırda ev şəraitində müalicə alıram. Mən son vaxtlar xəstəxanaya getmirəm. Çünki həkim dostlarımın əksəriyyəti dünyasını dəyişib, qalanları isə başqa sahə üzrə fəaliyyət göstərirlər. Tanımadığım həkimlərə isə müraciət etmirəm. Çünki başım çox bəlalar çəkib (siqaretini yandırır)… Gəlin, səhhətim yox, sənətim haqqında danışaq. Axı kimə maraqlıdır mənim səhhətim?! Hazırda qızım və nəvəm mənimlə yaşayır, kifayət qədər qayğıma qalır. Başqalarına əziyyət vermək istəmirəm. Ancaq fərqi yoxdur: ya kişi ya qadın olsun. Hər bir insanın bu yaşlarda, xüsusilə də səhhəti yaxşı olmayanda yanında onu sevən birinə, həyat yoldaşına ehtiyacı var. – Uzun müddətdir filmlərə çəkilmirsiniz. Görəsən, yenidən sizi ekranlarda görə biləcəyik? – Əslində, seriala çəkilmək üçün dəvət edirlər. Bir dəfə gələn təkliflərdən birinə baxmaq qərarına gəldim. Ssenarini oxumaq istədim. Axı bilməliyəm serialın əvvəli, ortası və axırı necədir? Ancaq ssenarini vermədilər, həmçinin qonorar da məni qane etmədi. – Əgər sirr deyilsə, nə qədər təklif edildiyini bilmək olar? – Əlbəttə. Məvacib kimi 600 manat təklif olundu. Təbii ki, çəkiliş meydançası uzaqda olduğundan bu məbləğin yalnız avtomobilimin yanacaq puluna bəs edəcəyini düşündüm. Üstəlik, ən yüksək qonararın mənə veriləcəyini bildirdilər. – Ümumiyyətlə, son zamanlar çəkilən filmləri bəyənirsinizmi? – Xeyr. Təəssüf ki, maddiyyata görə yalnız müasir filmlərin çəkilməsinə üstünlük verilir. Axı nə qədər komediya filmləri çəkmək olar: bacanaqlar, bacılar, qardaşlar, yox bir əmiuşaqları (gülür)… – Sizcə, problem nədən qaynaqlanır? – Təbii ki, çəkiliş meydançasında olmadan heç kim haqqında fikir bildirə bilmərəm. Bəlkə də problem akyorlarda yox, rejissorlardadır. – Bəs dərs deməyiniz üçün təkliflər gəlirmi? – Əlbəttə. Ancaq mən çəkiliş meydançasında böyümüş adamam. Müəllim kimi işləməyə səbrim çatmaz. P.S.Müsahibə boyu Ənvər Həsənova zənglər gəlir, səhhəti ilə maraqlanırdılar. Bizi yola salarkən ayağında problem olduğunu gördüm. Bunun səbəbini soruşduqda, iynə vurulandan sonra belə olduğunu, bir-iki günə keçəcəyinə ümid etdiyini söylədi.

27 Yanvar 2017 11:48

YANVAR.. YUXU… ƏZABLARIM….-Xeyrulla Ağayev yazır

YANVAR ayı.. İlin ilk ayı.. Ən çox qorxduğum AY.. Ağır hisslər və acı gözləntilər içində yaşayıram bu ayı.. heç kəsə hiss etdirmədən. biruzə vermədən... xarakterimə uyğun olaraq.. "Pisi mənimdi, yaxşını başqalarına verməliyəm".. Yanvarla bağlı içimdə yaşananların öz tarixçəsi var....2006-ci ilin iyul ayı idi, tezdən durub dostlarımla Qəbələyə "Çənlibel" istirahət mərkəzinə yola düşməliydim, həmişə gec yatsam da, bu gecə tez yatmalı oldum, tezdən qalxmalıydım... və gecə çox dəhşətli yuxu gördüm.. Yuxu görmürəm adətən, nadir hallarda görsəm də- yadımda qalmır təfsilatları, yalnız kimi görmüşəmsə, o yadıma gəlir- filankəsi görmüşəm yuxuda, daha necə, harda, hansı şəraitdə, nə dedi-danışdı, yadımda qalmır. (yuxunun yaddaşımdan silinməyinin də öz tarixçəsi var- 25-30 il əvvəl tez-tez çox qarışıq və qorxulu yuxular görərdim, bu məni yorur və çox narahat edirdi, bir həkim dostum mənə yuxunu unutmaq üçün səhər oyanan kimi sağ gicgahımı qaşımağı məsləhət bildi... və xeyli müddət belə elədim, doğrudan da yuxular unudulmağa başladı və heç inanmadığım yuxu gərginliyimə son qoyuldu)....Bəli.. həmin gecə yuxu gördüm.. Ağ paltarlı nurani, pirani bir kişi çox cazibədar təbəssümlə, çox şirin dillə mənə dedi ki "Səni yanvar ayında aparcağam".. daha hara, necə, niyə aparacığını demədi və qeyb oldu getdi.. Oyandım- tərləmişdim və ürəyim bərk vururdu, həyəcan hiss olunurdu... Tezdən oyanıb istirahətə yola düşdüm, yuxuda gördüyümə məhəl qoymadan.. axı hələ iyul ayı idi....2 yanvar 2007-ci il... "Sabit Orucov" gəmisi ilə Neft Daşlarına gedirik. 1 həftə fırtına olduğundan gəmilər işləməmişdi, neftçilər növbəni dəyişə bilməmişdilər, dənizdəkilər orda qalıb sahilə çıxa bilməmişdilər, sahildəkilər də işə getmək üçün gəminin gedəcəyi günü gözləyirdilər. Ona görə dəniz limanında izdiham vardı, gəmiyə minmək istəyən çox olduğundan basabas yaranmışdı. Həmkarım Bəhruzla gəmiyə minib kapitan Kamilin kabinəsinə qalxdıq, tv-yə baxır, çay içə-içə nərd oynayırdıq. Hava küləkli olsa da, çox təcrübəli kapitan Kamil dənizə çıxmağa razılıq vermişdi. Açıq dənizə çıxan kimi güclü fırtınanın şahidi olduq, dalğalar gəmini oynadırdı, ləngər vuran gəmidə biz oturan kabinədə televizor, soyuducu. bütün mebellər aşmağa başladı, dalğalar hətta belə nəhəng gəmininn üstündən aşıb keçirdi.. hiss etdik ki, vəziyyət yaxşı deyil.. Çox fırtınalar görmüş kapitanın da üzündə gərginlik və narahatlığı duyanda vəziyyətin çox ciddi olduğunu anladım... tez aşağı düşüb göyərtəyə çıxdıq, bərk şaxta olmasına baxmayaraq gəmidəki 450 nəfərin hamısı göyərtəyə toplaşmışdı.. coşan dalğalar hamını qılınc kimi çırpsa da heç kəs buna məhəl qoymadan ümidsiz halda dənizə və insana nərə çəkən pələngi xatırladan dalğalara baxırdılar.. heç kəsin səsi çıxmırdı, sanki ölüm kabusu bürümüşdü gəmini... Heç kəsin üzündə həyat əlaməti yox idi.. ağappaq, rəngi solmuş donuq sifətlər.. hətta bir neftçinin çarəsizlikdən ağlaya-ağlaya dediyi "ay sizə qurban olum, nolar bir danışın da, bir insan səsi eşidək burda" sözləri də bu üzücü sükutu poza bilmədi.. Ölüm sükunəti... bir-birimizin üzünə baxıb nəsə təsəlli də tapa bilmirdik.. Bu çoxluqda bir yoxluq, tənhalıq duyulurdu.. 6 saat bax beləcə YOL getməli idik.. vəziyyət getdikcə ağırlaşırdı. küləyin sürəti açıq dənizdə 25 metrə çatırdı, halbuki 15 metr küləkdə gəmiyə icazə verilmir dənizə çıxmağa..- bu firtina hesab edilir, indi isə külək 25 metrə çatıb, dalğaların da hündürlüyü getdikcə yüksəlirdi.. kapitan məcbur olub bir neçə dəfə SOS siqnalı da verdi., ancaq Xəzərdə elə gəmi hardaydı ki, bizə köməyə gələ biləydi.... Adətən həmişə təmkinli görünən kapitan Kamil mənə astaca pıçıldadı- qalan sərnişinlərə hiss etdirməmək üçün- "Müəllim, vəziyyət yaxşı deyil.. gəminin yana çevrilməyi qorxulu deyil, ancaq altdan deşilməyindən qorxuram"... Bəli, artıq hiss etdim ki, ölümlə üz-üzəyik.. o anda nələr yaşadığımı ifadə etməkdə çətinlik çəkirəm.. və bu an 6 ay əvvəl gördüyüm yuxu yadıma düşdü.. bəli, O nurani kişi mənə demişdi axı "səni yanvarda aparacağam".. bu da yanvar... dəniz.. fırtına... və çıxılmaz vəziyyət.. Dostoyevskini xatırladım, güllələnməyə məhkum olunmuş yazıçının ölümqabağı hissləri, düşüncələri ani gəlib beynimdən keçdi... telefonumu çıxarıb ölümqabağı düşüncələrimi yazmağa başladım.. bir az yazdım.. sildim.. ağır vəziyyətdə olmağımızı bildirən mesajlar yazdım- əlim gəlmədi kiməsə göndərməyə.. istəyirdim son sözlərimi yazım, nə baş verdiyini bilsinlər, məndən nəsə son söz kimi yadıgar qalsın.. oğluma, qardaşıma ya əmioğluma yazıb göndərim... qıymadım- axı onlar oxuyub nələr çəkəcəklər.. bəlkə də ürəkləri dözməyəcək.. axı hara gedəcəklər. nə edə biləcəklər.. biz ki dənizin ortasındayıq. heç kəsin bura əli çatmır.... Ölüm.. Dəniz.. Dalğalar... Yol.. Düşüncələr... və Yuxu kabusu... Dəniz mənə o anda həmin ağ paltarlı nurani kişini xatırladırdı... üstümə gəlirdi.. bu dəfə xoş təbəssümlə yox- qəzəblə, nifrətlə, nərə ilə, sifətində qorxunc ifadə ilə.. cəllad kimi.. Əzrayıl kimi.. Bəli... Ölümün üzünə dik baxa-baxa beləcə dalğaları yara-yara irəliləyən gəmiylə biz də ümidsiz halda irəliləyirdik... bilmirdik ölümə doğru gedirik ya həyata doğru... hər saniyəsi bir insan ömrü qədər uzun görünən bu dəhşətli anın yaşantıları böyük bir kitabın mövzusudur.. bunu dəniz həyatı yaşayanlar daha yaxşı anlayarlar...Tale bizə qıymadı ölümü... 450 nəfər... hərəsinin arxasında neçə insan taleyi dayanır. ailə-uşaq.. qohumlar.. yaxınlar.. dostlar... çətindir bu faciənin miqyasını dilə gətirmək... Qurtulduq.. və 6 saatlıq əzablı yoldan sonra nəhayət ölüvay halda yaxınlaşırdıq Neft Daşlarına.. Dəniz şəhərinə yaxın ərazidə dənizdə "Sərxoş döngə" (Pyanıy pereulok) adlanan yer var ki, gəmilər üçün çox qorxuludur, dənizdə axının güclü olması səbəbindən.. oranı da birtəhər üzüb keçdik.. indi hamızı bir dərd götürmüşdü- belə küləkdə gəmi körpüyə yan ala biləcəkmi??.. axı fırtınalı havada körpüyə yan almaq çox çətindi.. və bəzən mümkün olmayıb gəmi geri qayıtmalı olur.. indi də bu vəziyyətdə gəmi yan ala bilməsəydi təzədən Bakıya doğru 6 saat beləcə ölüm ab-havalı yol qayıtmalıydıq.. bu isə hamımızın sonu demək idi, heç kəsin salamat çıxacağına güman yox idi...Şaxtalı havada göyərtədə islanmış, ümidsiz insanların geriyə qayıdıb sahilə sağ çıxacaqları inandırıcı görünmürdü... Şükürlər olsun ki, çətinliklə də olsa gəmi yan ala bildi, estakadalardakı texnikanın köməyilə.. gəmiçilərin fədakarlığı sayəsində... Gəminin trapından Neft Daşlarına düşəndə necə sevinirdik ilahi.. yenidən həyata qayıtdığımızı anlayırdıq.. təkrar yaşamaq şansı qazanmışla kimi..ancaq heç kəsin dili söz tutmurdu ki, kiməsə nəsə desin... eləcə lal-dinməz yataqxanalara üz tutduq....5 yanvar 2007-ci il... Yaşadığım evdə kanalizasiya xətti tutulmuşdu, qonşularla məsləhətləşdim, dedilər həyətdə kislota (ədəbi dildə turşu desək də, xalq dilində ehtiyac duydum bu sözü yazmağa) satırlar, ondan tök, açılacaq xətt. Həyətdə "Xlor var, xlor.." çağıran qadından kislota alıb gətirib tökdüm mətbəxdəki kanalizasiya xəttinə.. və birazdan ordan köpük geriyə axmağa başladı.. qab qoyduq ki, köpük yerə dağılmasın.. bu an köpüklü qab tüstülənməyə başladı.. evi qap-qara boğucu tüstü bürüdü.. çöldə hay-küy səsləri eşidilirdi.. binanın sakinləri hamısı həyətə tökülmüşdü, sən demə kislotanın iyivə vahiməli fışıltısı bütün binanı bürüyüb.. və qapımızı döyüb tez həyətə qaçmağı tələb etdilər.. o biri otaqda əmim Quran oxuyurdu, dedim "Əmi, ev yanır, tez düşün həyətə".. qaçaraq düşdük həyətə.. birdən yadıma düşdü ki, əlil oğlum Bəxtiyar evdə qalıb, az qaldı ürəyim partlasın- tez evə tərəf cumdum, qonşular məni qoymurdu ki, "evə getmə, boğulacaqsan"... dayana bilməzdim.. özümü 6-cə mərtəbəyə çatdırdım birnəfəsə... tünd boğucu tüstü basmış evə girdim, heç nə görünmürdü, öskürməyə başladım. boğulurdum.. ancaq gözüm Bəxtişi axtarırdı.. gördüm mətbəx qapısı və soyuducu arasında küncdə qalıb boğulmaq halındadır... tez qucağıma alıb pilləkənlərlə ildırım sürətilə həyətə düşürtdüm.... və bir neçə saatdan sonra tüstülənmə öz özünə dayandı.. sən demə köpük yığılan alüminium qab kislota ilə reaksiya verib alışıb tüstülənib... kauçuk qab qoymaq lazımmış.. biz bunu nə biləydik.. və bu bəladan da qurtulduq... evdə hər şeyi qara zəhərli qat örtmüşdü.. və hamısını atdıq zibilliyə... qapı-pencərələri taybatay açıq qoyub ailəliklə getdik qohumların evinə.. burda hələ yaşamaq olmazdı...7 yanvar 2007-ci il.... ANAM bizə gəldi... xəstələnmişdi, ayağı bərk ağrayırdı.. ertəsi onu Tusi adına klinikaya aparata apardım.. analizin cavabını alıb apardım Eksperimental xəstəxanaya.. damar cərrahiyyəsi şöbəsinə.. Analizlərə və ANAmın ayağına baxıb həkim birbaşa dedi "QANQRENA..!!!"... bu 1 kəlmə söz məni necə titrətdisə-bütün dünya başıma fırlandı... həyat gözümdən düşdü- deməli ANAmı əlimdən alacaq bu cəllad dünya.... çarəsi yox idi... şəkərdən ayaq barmağı çürüməyə başlamışdı.. kəsib atmaq da gec idi... mümkünsüz idi....Yenə o yuxu və yuxudakı KİŞİ gəldi gözüm önünə.. və həmin gündən ANASIZLIQ əzablarına gedən günlərim başladı... və o gündən təzyiqim düşməyə başladı. başağrılarım və yuxusuzluq məni haldan saldı.. 8 ay bir dəqiqə olsun belə gözümü yuma bilmədim.. ən yüksək dozalı yuxugətiricilər atsam belə- yata bilmədim... Taleyimin ən ağrılı günləri başladı.. Depressiyanın ən ağır formasını yaşamağa başladım.. Ölülərdən məni yalnız quruca nəfəs fərqləndirirdi.. dinmirdim.. danışmırdım.. heç nə yeyə bilmirdim... boynu bükük gəzirdim... Ruhən ölü idim artıq.... ANAM ağrılardan əzab çəkəndə qulaqlarımı tutub qaçırdım... Doğmalarım da vəziyyətimi bilib məni ANAMA yaxın qoymurdular.. bu da bir başqa əzab idi... və avqustun 11-də ANAMI itirdim...... ANASIZLIQ dünyasının nə olduğunu, ANAsızların nələr çəkdiklərini anlamağa başladım.....Yenə YANVAR ayıdı.. Yeni YANVAR.. və yenə o YUXU yadıma düşdü.. və təbii ki, O nurani kişi.... Mən yuxulara inanmıram.. mən yuxu görmürəm... Mən yuxuları xatırlamıram... ancaq o YUXU hər YANVAR yaddaşımda baş qaldırır.. düşündürür məni... bəlkə də ona görə YANVAR ömrümün ən uzun ayıdır.....  Xeyrulla Agayev Faktinfo.az

18 Yanvar 2017 18:29