Əliağa Ağayevin Fəxri Xiyabana layiq görülməməyinin səbəbi, xaş məclisləri və gülüşlü ölüm – Xatirə

  Bu gün Azərbaycanın teatr və kino sənətinin əfsanələrindən biri - Əliağa Ağayevin vəfatından 33 il ötür 1913-cü ilin 22 martında Bakıda İsmayıl kişinin ailəsində dünyaya gələn gələcəyin sənətkarı 1930-cu ildə yeddinci sinifi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyur və iki il sonra çilingər işləməyə başlayır. İlk rolu isə çalışdığı zavodun dərnəyin Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Hacı Qara olur. 1936-cı ildə Gənc Tamaşaçılar Teatrında debüt edən Ağayev 25 il bu kollektivdə çalışdıqdan sonra, 1961-ci ildə Akademik Milli Dram Teatrında işə başlayır. Bu artıq həmin dönəmlər idi ki, "O olmasın, bu olsun"un şöhrəti ölkə hüdudlarını aşmışdı. İyirmi il "Azdrama"da çalışan sənətkar burada müxtəlif səpkili obrazlara həyat verir. Ə.Ağayev ilk fəxri adı hələ Gənc Tamaşaçılar Teatrında çalışanda almışdı. O vaxt Ağayevin cəmi 30 yaşı vardı. Xalq artisti olanda isə 41 yaşı tamam olmuşdu. Həyatı və yaradıcılığı kimi sənətkarın ölümü də qeyri-adi baş verib. Tərcümeyi-halına nəzər salanda onun niyə məhz Yasamal qəbiristanlığında dəfn edilməsi də diqqət çəkir. Əfsanəvi sənətkarla dostluq etmiş xalq artisti Tariyel Qasımov Ölkə.Az-a onunla bağlı xatirələrini danışır: "1964-cü ildə Gənc Tamaşaçılar Teatrında ilk rolum "Nəsrəddin" tamaşasında nökər rolu olub. Həmin tamaşada Əliağa Ağayev isə mənim xozeynim idi. O, bütün gənclərin dostu idi. Gənc aktyorlara tövsiyyə verməyi çox sevirdi. Deyirdi ki, gələcəkdə nə qədər çox tanınsanız, nə qədər böyük aktyor olsanız, səmimi və sadə olun. Onun seçdiyi üç dostu var idi. Onlardan biri mən, biri Lütfi Məmmədbəyov, digəri isə İlham Namiq Kamal idi". Tariyel Qasımov deyir ki, Ağayev dostlarına qarşı çox qonaqpərvər və səxavətliymiş: "Hər həftə bizi evinə dəvət edərdi. Əliağa müəllimin çox gözəl xaş bişirməyi var idi. Özü də bizə qulluq edirdi və imkan vermirdi ki, həyat yoldaşı Cəvahir xanım süfrəyə əlini vursun. Cəvahir xanım İsgəndərova əməkdar artist idi. Valideynlik edirdilər bizə. Həmin vaxt o Yasamal tərəfdə yaşayırdı, özü də bakılıydı. Böyük sənətkarlığı öz yerində, həm də gözəl insanlığı vardı. Çox filmlərə çəkilirdi deyə, maddi durumu yaxşıydı, pul xərcləyən idi.". Sənətkarın bir oğlu, bir qızı olub. Oğlu Vaqif Ağayev uzun müddət Musiqili Teatrda rejissor işləyib. T.Qasımov qastrol xatirələrini paylaşır: "Qastrollara gedəndə onun iştirak etdiyi tamaşalar anşlaq olardı. Hətta tamaşadan sonra ondan əl çəkmirdilər. Axırda administrator, rejissor deyirdi ki, bu kişini buraxın, gedib çörək yeməlidir". Həmsöhbətimiz sənətkarın ölümü haqda danışır: "Köhnə "İnturist" mehmanxanasında bir məclis varmış. Bu bir əhvalat danışıb və öz danışdığına necə gülübsə, oradaca dünyasını dəyişmişdi. O, Fəxri Xiyabanda dəfn olunmayıb. Sovet dövründə kim partiyanın üzvü idisə, onu Fəxri Xiyabanda dəfn edirdilər. Əliağa Ağayev də böyük sənətkar olmasına baxmayaraq, siyasi məsələlərə qarışmadığına, partiya üzvü olmadığına görə Yasamal qəbiristanlığında dəfn olunmuşdu. Onun sənətinə xalq daha böyük qiymət verirdi. Sənəti də o qədər böyük idi ki, xalq artisti verməyə bilməzdilər. Heç bəlkə özləri ona xalq artisti adını da vermək istəməzdi".

3 Noyabr 2016 3:22

Böyük yazıçı, böyük kafir

  Qismət yazır... Kulis.Az Qismətin “Gələcəyin tarixi” kitabından “Salman Rüşdini oxumaq” esesini təqdim edir. “Şərq Şərqdir, Qərb də Qərb”. (Kiplinq) “Biz onların yuxusuyuq... onlar da bizim”. (S.Rüşdi) Salman Rüşdiyə iki tip münasibət var. Birincilər onu böyük romançı kimi qəbul edən, amma kafir hesab edənlərdi. İkincilər isə Rüşdini “böyük kafir” sayanlar, həm də romançı saymayanlardı. Rüşdinin romanlarına yaraşan xəyali bir süfrə təsəvvür etsək və bu süfrədə birincilərlə ikinciləri üzbəüz əyləşdirsək, məncə onların fikrinin kəsişdiyi yer, təəssüf ki, ədəbiyyat olmayacaq. Demək üçüncü bir yanaşmaya ehtiyac var. Bu isə çox sadədi: yazıçını əsəri ilə tanımaq. Bizim ədəbi gündəmimizdə Rüşdinin düşdüyü qalmaqallar onun romançılığını üstələyir. Onun romanları isə dilimizə çevrilməyib deyə, (bir neçə jurnalda, qəzetdə bəzi romanlarından hissələrə rast gəlmişəm) Rüşdinin sanki bizim oxucuların gözündə yazıçı obrazı yoxdur. Onlar Rüşdini daha çox avantürist, kafir, oyunbaz, öz dilinə xəyanət edib ingiliscə yazan bir hindli kimi tanıyırlar. İstisnalar yəqin ki, var. Narahat olmayın, kimdir Rüşdi? – sualını verib onun bioqrafiyasına keçmək fikrim yoxdur. Bunun yerinə, Salman Rüşdinin “Florensiyalı sehrbaz” romanından danışaq. Salman Rüşdi bu romanı haqqında belə deyib: “Bu kitabı yazmaq üçün neçə il oxuyub, araşdırma aparmalı olmuşam.” Romanın mən oxuduğum türkcə nəşrində müəllif kitabının sonuna böyük bir siyahı da əlavə edib. Bu siyahıda Rüşdi romanı yazarkən bəhrələndiyi mənbələri göstərib. Siyahıda 85 kitab adı, 20 elektron mənbənin ünvanı var. Bu kitabların içində bədii kitablar da var, akademik araşdırmalar da. Tərcüməçi kitabın sonunda Rüşdinin dilindən balaca bir qeyd yazıb: “Bu siyahı istifadə etdiyim mənbələrin tam siyahısı deyil.Gələcək nəşrlərdə bu çatışmazlıq aradan qaldırılacaqdır.” Keçək kitabın arxa üzündəki tanıtım yazısına. Tanıtımda yazılıb: “Müxtəlif hekayəçilər, səyyahlar, macəraçılar tərəfindən nəql olunan, Babur imperiyası, Osmanlılar, Monqollar və intibah dövrü Florensiyasının tarixinə, mədəniyyətinə işarələr edən, bölgənin tarixini nağıllarla çulğalaşdıran mükəmməl bir əsər. Kitabda erotizmin episentrində olan gözəllər gözəli florensiyalı sehrbaz, əslində kişilərin dünyasında öz taleyinə özü hakim olmaq istəyən bir qadındı. Amma öz taleyinə hökm edə-edə, həm də hökmdarların taleyini dəyişdirir və ən parlaq dönəmini yaşayan Əkbər şah və Florensiyanın ictimai həyatında da çevriliş edir. “Florensiyalı sehrbaz” sizi tale, gözəllik, savaşlar, tilsimlər və sədaqətlə hörülmüş bir yolda Renessans İtaliyasının saraylarından Hindistanın uzaq sahillərinə qədər aparacaq bir şah əsərdi.“ Bir zamanlar mən kitabların tanıtım yazısına inanıb çox kitab almışam və əlbəttə ki, aldanmışam. Bu aldanışdan geridə sadəcə statistika qalıb. Olsun, zərər yoxdur. Hərdən kəmiyyətlə öyünənlərin yanında bu statistika da kara gəlir. Salman Rüşdinin “Florensiyalı sehrbaz” romanını isə tanıtım yazısını oxumadan, vitrində görən kimi aldım. Çünki Rüşdinin “Gecəyarısı uşaqları” romanını oxuyandan bu yana, o mənim sevimli yazıçılarımdan birinə çevrilib. (Balaca qeyd: Salman Rüşdinin “Gecəyarısı uşaqları” romanı 1981-ci ildə “Booker”, 1993-cü ildə “Booker of Bookers” və 2008-ci ildə “Best of Bookers” mükafatlarına layiq görülüb). “Florensiyalı sehrbaz” romanı 19 bölümdən ibarətdir və hər bölümün adı elə həmin bölümün birinci cümləsidir. Romana Françeska Petrarkadan və Mirzə Qalibdən epiqraf verilib. Salman Rüşdi romanını “Min bir gecə nağılları”nda, qədim şərq pritçalarında, əhvalatlarında oxumağa adət etdiyimiz bəzəkli, cəzbedici bir təhkiyə ilə yazıb. “Florensiyalı sehrbaz” şərqdə məşhur olan vəzir Birbalın əhvalatları, paradoksal bir xarakterə sahib Əkbər şahın yuxuları, fikirləri ilə, şəhərin bazarı, alverçiləri, dələduzları, fahişələri və sair şeylərlə cümlə-cümlə hörülən, olduqca rəngli, çoxsəsli bir romandı. Hər əhvalatın, hər sözün, hər cümlənin ətrafında qəribə mistik bir ab-hava, bir sirr haləsi yaratmağı bacaran Rüşdi oxucunu nağıllar dünyasına salır. İlk baxışdan adama uydurma, təxəyyül kimi gələn (əslində də bunlar həm Rüşdinin sonsuz fantaziyasının məhsuludur) bütün bu qəribə əhvalatları oxuduqca anlayırsan ki, bunlar nağıl qəhrəmanlarının xasiyyətlərini götürmüş, libasını geyinmiş bugünün, dünənin sərt həqiqətləridir. Magik realist üslubla postmodernizmin izdivacından doğulan bu romanda Rüşdi öldürücü ironiyasını yenə işə salıb. Rüşdinin ironiyası bu sehrli romanı oxunaqlı edən, onun canlı tutan əsas özəlliklərdən biridir. Romanın qəhrəmanlarından biri Əkbər şah daim Qərb dünyasının həsrətini çəkir, həsəd aparır və bir gün həmin Qərb Florensiyadan yola çıxıb, “dərələrdən sel kimi, təpələrdən yel kimi” keçib, ta Əkbər şahın sarayına qədər gəlir – səyyah dell Amore-un libasında. Rüşdi səyyahın da, şahın da şişirdilmiş, bir qədər də komik obrazını yaradıb. Bununla sanki o deyir: Şərq Qərbi, Qərb də Şərqi özü üçün o qədər ekzotikləşdirib ki, nəticədə hər iki tərəfin bir-biri barəsində təsəvvürləri bu cür gülüncləşib. Onlar həmişə bir-biri üçün kəşf edilməmiş tərəfləri olan Yeni Dünyadırlar. Saraya qəfildən təşrif buyuran bu sarı saçlı, qəribə əlbisəli səyyahda yalnız Əkbər şaha söylənməyə layiq bir sirr var və bu sirrin onun əlində olması səyyah üçün bütün qapıları açır. Nədir bu sirr? O sirri sizinlə bölüşmək istəmirəm. Çünki o sirri bilmək üçün hər biriniz o sirrə layiq olmalısınız, bunun isə bircə yolu var – romanı oxumaq. Zatən o zaman mənə ehtiyac qalmayacaq.

2 Noyabr 2016 3:26

Turanın böyük fədaisi – Əhməd Cavad

  Nərminə Umudlu “Unudulmayacaq Azərbaycan korifeyləri” layihəsini təqdim edir Soranlara  ben  bu yurdun, anlatayım nəsiyəm:  Ben çeynən bir ölkənin “Həqq” bağıran səsiyəm. Haqq deyib haray salan bu səs uzun illər boyu susduruldu. Amma susdurulsa da, öz haqq sözünü yeri düşən kimi xalqına çatdıra bilirdi. Ölkəsini düçar olduğu bəladan qurtarmaq üçün əlindən gələni əsirgəmirdi. Altınlar yurdudur Azərbaycan deyirdi və o altınların ən qiymətlisi elə özü idi. Söhbət işıqlı, nurlu şeirləri sayəsində həyatı qara dastana çevrilən Əhməd Cavaddan gedir. Əhməd Cavadın dediyi hər sözdə bir məxfi məna, yazdığı hər sətirdə bir gizli rəmz axtarırdılar. Mircəfər Bağırov onu tez-tez Mərkəzi Komitəyə çağırıb, söhbət edərdi. Əhməd Cavad həmişə deyirdi: “Axı mən hökumətə nə edə bilərəm? Silahım yox, qoşunum yox. Bir dənə qələmim var, onu da istədiyim kimi yazmağa qoymurlar”. Təbii ki, o dövrün Mircəfər Bağırovları bilirdi ki, Əhməd Cavad bir qoşunun silahına bərabər qələmin sahibidir. Elə ona görə də bu dahi şair repressiyanın ilk qurbanlarından biri oldu. Himnimizin sözlərini yazan Əhməd Cavad (Cavad Məmmədli oğlu Axundzadə 1892-1937) Şəmkir rayonunun Seyfəli kəndində anadan olub. Kənd məktəbini bitirdikdən sonra təhsilini Gəncədə müsəlman ruhani seminariyasında davam etdirib, burada rus, ərəb, fars dillərini mükəmməl öyrənib, Hüseyn Cavid və Abdulla Surun tələbəsi olub. 1920-1922 Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil alıb. Ə.Cavad Quba Xalq Maarif şöbəsinin müdiri, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləyib.1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda iştirak edib. Cümhuriyyət deyilən zaman hamıdan əvvəl Əhməd Cavad yada düşür. Üçrəngli poeziya bədii yaddaşa ilk öncə məhz onun qələmi ilə həkk olunub. Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış, xalqın yaddaşına qayıdış kimi duyğular Əhməd Cavad şeirlərinin ruhuna hopub. Şairin yaradıcılığında Azərbaycan, Qafqaz, Turan, Türk dünyası obrazı qabarıq verilib. Əhməd Cavad 1920-ci ildə Azərbaycan parlamentinin üzərindən çıxardığı və güllələrdən dəlik deşik olmuş üç rəngli bayrağımızı 1937-ci ilə yəni qətlə yetirildiyi günə qədər qoruyub saxlaya bilmişdi. Əhməd Cavad yaradıcılığı Yaradıcılığa lirik şeirlə başlayan Ə. Cavadın 1916-cı ildə “Qoşma” adlı ilk kitabı çapdan çıxıb. Onun məşhur “İstiqlal uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda çap olunub. Əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət Əhməd Cavadı ciddi narahat edib və o, Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan “Qafqaz könüllü hissəsi” sıralarına qatılıb. Azərbaycan Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayan Ə.Cavad gecə-gündüz çalışıb, əməli işi, bədii yaradıcılığı ilə xalqının xoşbəxtliyi, azadlığı üçün əlindən gələni əsirgəməyib. Şairin poetik əsərləri zərif lirik-romantik üslubu, dil təravəti, realist və demokratik məzmunu, sadəliyi və xəlqiliyi ilə seçilir. Milli tarix, fəlsəfə və mənəviyyatla bağlı elə bir motiv yox idi ki, Əhməd Cavad ona toxunmamış olsun. Təkcə üçrəngli bayrağa aid altı nəğmə yazıb, “Dilimiz” şeirini qələmə alıb, əlifbaya poeziya həsr edib. C.Cabbarlı ilə birgə latın əlifbasını müdafiə edən iki ziyalıdan biri olub. Türklərlə Balkan hərbində iştirak edib. Birinci Dünya Müharibəsində şərq cəbhəsində ermənilərə qarşı vuruşub. Əhməd Cavad öz poeziyasında hər şeydən əvvəl azadlığı, Vətən şərəfini tərənnüm edir. Göygölə, Qara dənizə, dəli Kürə, milli bayrağa ən gözəl şeirləri o dövrdə Ə. Cavad yazmışdır.  “Azərbaycana” şeirində Vətənə həsrəti, nisgili əks olunub: Azərbaycana Coşmuşdu ürəyim, şişmişdi başım, Zülmkar olmusan, axıdıb yaşım! Ey gözəl Vətənim, ey dağım-daşım, Bir sazım olsaydı söylərdim sana!    Nə gücdür ayrılıq, doymamış yardan, Artırdı dərdimi hər keçən karvan! Duysaydım səsini bir yanıq tardan Bilməzsin nə söylər, neylərdim sana! Turanın böyük fədaisi Milli dövlətçiliyimizin yaranmasında xüsusi roıu olan Əhməd Cavad sözün həqiqi mənasında bir Turan fədaisidi. Bu gün hamımızın qürurla və eyni zamanda boğula-boğula dinlədiyi “Çırpınırdı Qara dəniz” türküsünü dinlərfən hər kəs üçün Əhməd Cavad ruhu və Əhməd Cavad sevdası özü-özünə aydın olur. 1914-cü ildə Əhməd Cavad bu gün dillər əzbəri olan “Çırpınırdı Qara dəniz” şeririn yazır. 1918-ci ildə Üzeyir Hacıbəyov bu şeirə musiqi bəstələyir. Bu gün belə və 100 illər sonra da bu türkü hər kəsin içindəki milli ruhun ağrısını, və həsrətini ifadə etməkdə davam edəcək. Çırpınırdı Qara dəniz Çırpınırdı Qara dəniz Baxıb Türkün bayrağına! “Ah!... ” deyərdim, heç ölməzdim Düşə bilsəm ayağına.   Ayrı düşmüş dost elindən, İllər var ki,çarpar sinən!.. Vəfalıdır gəldi,gedən, Yol ver Türkün bayrağına!   İncilər tök,gəl yoluna, Sırmalar səp sağ,soluna! Fırtınalar dursun yana, Salam Türkün bayrağına! Şairin yaradıcılıq və şəxsi həyatındakı problemləri bolşeviklər hakimiyyətə gəldikdən sonra başlayır. Azərbaycanda sovet höküməti qurulduqdan sonra keçmiş “musavatçı” olduğuna görə onu həbs edirlər. Mətbuat səhifələrindən, qurultaylarından hər yerdən uzaqlaşdırılır və qovulur. Əsərlərini nəşr etmirlər, nəşr olunanları isə toplayırlar. Bütün bunlara baxmayaraq onun yazdığı parçalar əldən-ələ gəzərək gənc kommunistlər arasında belə yayılır. Gənc bolşevik şairlər öz yazdıqları şerlərini Cavadın tənqid və təqdirinı ərz edəcək dərəcədə onun təsirinə düşürlər. Proletar yazıçılar təşkilatı tərəfindən kəskin tənqid edilən Əhməd Cavadın demək olar ki, yerdə qalan bütün həyatı mənəvi terror içində keçib. Ona qarşı olan təqiblərdən və mənəvi terrordan yayınmaq üçün şair sosialist realizmi çərçivəsində şerlər yazmağa məcbur olub. Onun “İşçi”, “Kür”, “Pambıq” və s. şeirləri buna görə yaradılıb. Halbuki Azərbaycanın Əhməd Cavad milli ruhunun döyünən ürəklərindən biriydi. Bolşevik-proletar yazıçılar kimi yazsa da bolşeviklər onun səmimiyyətinə inanmadılar. Azərbaycan xalqının cəlladlarından biri olan Mircəfər Bağırov öz məhkəməsində Əhməd Cavadın işgəncələrə tab gətirməyib öldüyünü bildirmişdi. Sözdən başqa bir silahı olmayan və faktiki olaraq sovet-bolşevik hakimiyyətinə qarşı heç bir əks fəaliyyət göstərməyən yaşlı bir şəxsə qarşı vəhşicəsinə işgəncə tətbiq etmək əslində heç bir məntiqə sığmırdı. Amma bolşeviklərin məntiqi heç bir zaman insani dəyərlərlə də üst-üstə düşmürdü. Şairin tərcümə fəaliyyəti Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixinə həm də görkəmli tərcüməçi kimi də daxil olub. O, Şekspirin “Otello” pyesini, A.S.Puşkinin “Kapitan qızı”, “Tunc atlı”, F.Berezovskinin “Ana”, M.Qorkinin “Mən necə oxumuşam”, “Çocuqluq”, T.Şevçenkonun “Kobraz”, Fransua Rablenin “Qarqantua və Pantaqruel” əsərlərinin bədii tərcüməsinin müəllifidir. Cavad bir aralıq gürcü şairi Şota Rustavellinin “Pələng dərisi geymiş pəhləvan” adlı mənzumısini şerlə türkcəyə tərcümə etdiribdilərsə də , sonralar onu tamamiylə inkar etmiş,tərcümısinidə aradan götürübdülər. Bir şeirin tarixşəsi 1936-cı ildə repressiyaların çağlayan vaxtlarında Əhməd Cavad vaxtilə Gəncədə Kənd Təsərrüfatı İnstitutunda bir yerdə işlədiyi müəllim yoldaşıyla şəhər bağında gəzişirmiş. Oradan-burdan danışandan sonra şair yoldaşından bir xahiş edir. Deyir ki, indi sənə bir şeir verəcəm, onu oxu, əzbərlə və cır. Zamanı gələndə üzə çıxar. Müəllim şairin sözlərinə əməl edir. Şeiri əzbərləyir, kağızı cırır. 1937-ci ildə Əhməd Cavadı tuturlar. Və bir müddət sonra 15-20 dəqiqə sürən “məhkəmə”ylə güllələnir. Şairin müəllim yoldaşı uzun bir ömür yaşayır. Şeir də heç kəsə söylənmədən onun yaddaşında qalır. Ta 1988-ci ilə kimi. Ölümünə bir az qalmış müəllim oğlunu yanına çağırır və şeiri öz oğluna əzbərlədir. Hələ Sovetlər dağılmayıb. Odur ki, ata oğluna şeiri yaddaşında saxlamağı xahiş edir. “Susmaram!!!” bu dəfə oğulun hafizəsinə köçür . 90-cı illərdə təhlükənin sovuşduğunu görən oğul – Fazil Məmmədov şeiri yaddaşından dilinə ötürüb, ara-sıra məclislərdə səsləndirir. Nəhayət, bir xeyirxah təşəbbüslə şeir 2004-cü ildə “Gəncəbasar” qəzetində çap olunur. 68 ildən sonra üzə çıxan şeir budur: Susmaram!!! Mən bir qulam, yük altında          əzilmişəm, qardaşım, Sevinc bilməz bir məhkumam,          ahu-zardır sirdaşım...   Damğa vurub, zəncirləyib          tullamışlar zindana, Qarlı-buzlu cəhənnəmlər          məskən olmuşdur mana...   Mənə «dinmə, sus!» - deyirsən,          nə vaxtacan susacam? Böhranların, hicranların          məhbəsində qalacam?! Əhməd cavadın əbədi sevgisi Şükriyyə xanım Şükriyyə Əhməd Cavad şəxsiyyətinin daha bir parlaq tərəfi idi. Çünki Əhməd Cavad şəxsiyyətinin formalaşmasında həyat yoldaşı Şükriyyə xanım da əsas amillərdən olub. Şükriyyə xanım Gürcütsanın Batumi şəhərində anadan olub. Orada Qızlar Gimnaziyasında oxuyanda da Əhməd Cavadla tanış olub. Yəni 1914-cü ildə Birinci Dünya Müharibəsinin başlanması Rusiya ilə müharibə zamanı Sarqamış faciəsi, rus qoşunlarının Ərzrumu işğal etməsi, Qars və Batumda erməni və ruslar tərəfindən türklərə qarşı törədilən qırğınları ürək ağrısı ilə izləyən Əhməd Cavad qan qardaşlarımıza yardım göstərmək üçün xeyriyyəçilik fəaliyyətinə başladı. Vəziyyətlə daha yaxından tanış olmaq üçün Batumiyə gedən Əhməd Cavadın o ağrılı günlərdən tək sevinci tapdığ əbədi sevgisi Şükriyyəsi idi. Hətta o sevdiyi qadını hər gün görsün deyə Şükriyyəgilə üzbəüz ev tutub orada yaşayırdı. Şükriyyə xanım türk əsilli acar Süleyman bəy Bejanoğlunun qızı idi. Çox sərt və zəhimli kişi olan Süleyman bəy dostları ilə onlara elçi gələn Əhməd Cavadın təklifin rədd edir və deyir ki: “Cavadı tanıyıram, gözəl şairdir, amma mən qızılbaşa qız vermərəm! ”. Pərt halda evdən çıxan Əhməd Cavad isə gələcək qayınatasına “Verməzsən qaçırdaram...” deyir və elə də edir. Şükriyyə xaım Əhməd Cavadla Bakıya gəlir və evlənirlər. İlk övladları olandan sonra da Batumiyə qayıdım Şükriyyə xanımın ailəsi ilə barışırlar. Sevginin heç bir zaman sonu olmaz. Bitən sevgilər yoxdur, bitmiş kimi görünən sevgilər vardır. Şükriyyə sevgisi də məhz bu cür sevgilərdən idi. Türk-acar gözəli şairin ilham mənbəyi idi. Ona yazdığı bir sıra şeirlər, eləcə də “Şükriyyənamə” indi də dillər əzbəridir. Əhməd Cavad türkün başında qatılaşan dini, milli, qövmi genosidə qarşı duranlardan biri olub. Elə buna görə də həmişə təqib edilib, “xalq düşməni” adlanıb. Üç dəfə həbs olunub, həyat yoldaşı sürgünə, üç oğlu koloniyaya göndərilib. Əhməd Cavadı üçüncü dəfə həbs edəndə həyat yoldaşı Şükriyyə xanımı çağırırlar və deyrilər ki, ərizə yaz Əhməd Cavaddan imtina et. Şükriyyə xanim bu zaman deyir ki: “Mən atamdan-anamdan Əhməd Cavada görə imtina etmişəm. İndi də deyirsiniz öz uşaqlarıma görə ondan imtina edim? Mənim imtina məktubum sizin vuracağınız güllələrdən ağır olacaq ona”. Əhməd Cavad həyatının sonu Əhməd Cavad 1937-cü ili iyunun 4-də Mikayıl Müsfiq, Hüseyn Cavid, və Vəli Xuluflu ilə eyni vaxtda həbsə alındı. Məhkəmə oktyabrın 12-də başladı və cəmi 15 dəqiqə çəkdi. Elə həmin gecə də Əhməd Cavadı gülələdilər. Sonralar 1956-ci ildə Mircəfər Bağırovun məhkməsi zamanı deyilənlərə görə şair ona verilən işgəncələr nəticəsində həlak olub və heç gülələnməyə qədər sağ qalmayıb. Əhməd Cavad 1920-ci ildə Azərbaycan parlamentinin üzərindən çıxardığı və güllələrdən dəlik deşik olmuş üç rəngli bayrağımızı 1937-ci ilə yəni qətlə yetirildiyi günə qədər qoruyub saxlaya bilmişdi. Ruhun şad olsun istiqlal şairi. Nərminə UMUDLU

1 Noyabr 2016 4:00

Fuad Poladovun tamaşaları repertuardan çıxarıldı

Fuad Poladovun Akademik Milli Dram Teatrı səhnəsində oynadığı üç tamaşa “Şah Qacar”, “Boy çiçəyi” , “Müsyo İbrahim və Quran çiçəyi” tamaşaları repertuardan çıxarılıb Kulis.Az-n verdiyi məlumata görə bu tamaşaların heç biri teatrın noyabr ayı üçün elan etdiyi repertuara salınmayıb. Kulis.Az-ın bu barədə sorğusunu Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı cavablandırıb. Onun sözlərinə görə Fuad Poladov Akademik Milli Dram Teatrının repertuarında olan “Şah Qacar”, “Boy çiçəyi” və “Müsyo İbrahim və Quran çiçəyi” tamaşalarında dublyorsuz oynayıb. Onun sözlərinə Fuad Poladov Akademik Milli Dram Teatrı ilə əməkdaşlığı dayandırmaq haqqında rəsmi müraciət etməyib. Xalq artisti mətbuata verdiyi açıqlamada işdən getdiyini təsdiqləsə də, rəsmi şəkildə ərizə yazmayıb. İstənilən halda, əgər bu əməkdaşlıq başa çatıbsa, deməli, hər üç tamaşanın gələcək taleyi sual altında qalıb. Fakt ondan ibarətdir ki, noyabr repertuarına sözügedən tamaşaların heç biri daxil edilməyib. Səhnə əsərlərinin sonrakı həyatı haqqında qərar verməyə Akademik Milli Dram Teatrının Bədii Şurası və rəhbərliyi səlahiyyətlidir. Tamaşa repertuardan Bədii Şuranın qərarı ilə çıxarılır. Bədii Şuranın isə hələlik belə bir qərarı yoxdur.

31 Oktyabr 2016 12:13

Kitab oxumağın beş faydası

Yel Universitetinin (Yale University School of Public Health) alimləri bəyan ediblər ki, kitab oxumaq təkcə çox əyləncəli məşğuliyyət və bilikləri artırmaq vasitəsi deyil. Sən demə, kitab oxumağın insan sağlamlığı üçün də çox böyük faydası var imiş Mütəxəssislər tədqiqat apararaq kitabın insan ömrünü uzatdığını müəyyən ediblər. Həftə ərzində 3,5 saatdan çox mütaliə ilə məşğul olan insanların erkən ölüm riski heç kitab oxumayanlara nisbətən 23% aşağı düşür. Bununla yanaşı, alimlər kitab oxumağın vacibliyinin 5 ən zəruri səbəbini də aydınlaşdırıblar. Birincisi, kitab oxumaq bütün xəstəliklərin 60%-nin, həmçinin insult və ürək-damar xəstəliklərinin səbəbi olan stressi aradan qaldırır. Sözsüz ki, həyatımızı stresslərdən qorumaq bizim əlimizdə deyil. Lakin kitab oxumaq stressin insan orqanizminə neqativ təsirini azaldır. İkincisi, kitab oxumaq beynin koqnitiv funksiyanı və yaddaşı yaxşılaşdırır. Üçüncüsü, kitab oxumaq yuxunun keyfiyyətini artırır. Yəni yuxululuqla yuxusuzluq arasındakı keçidi yüngülləşdirir ki, bunu da smartfonlar haqqında demək olmaz. Dördüncüsü, kitab oxumaq sosial bacarıqları təkmilləşdirir. Mütaliəli insanlar yaxşı dərk edə və başqa insanların nə fikirləşdiklərini hiss edə bilirlər. Sonuncu və ən vacib səbəb isə odur ki, kitab oxumaq hər kəsin intellektual səviyyəsini artırır. Faktinfo.az

17 Oktyabr 2016 12:18

Heydər Əliyevin öldürülən naziri:Türkiyədə Azərbaycan bayrağı asan və Jirinovskini azad etdirən Arif Heydərov

“Biz dünyanın ən gözəl insanını sizə veririk, təhlükəsizlik komitəsində hamı onu “Appolon B” adlandırır, onu qoruyun”. Bunu Azərbaycan Respublikası daxili işlər naziri işləmiş general-leytenant Arif Heydərovun xanımına, onların toyunda təhlükəsizlik komitəsinin əməkdaşı demişdi. Ancaq təəssüf ki, onu heç kim qoruya bilmədi, elə təhlükəsizlik komitəsinin əməkdaşları da. KQB-nin “Apollon B”, türk əks-kəşfiyyatının “Qaraqaş” adlandırdığı Arif Heydərov öz otağında sui-qəsd qurbanı oldu.  Konsul, deputat, nazir işləymiş kəşfiyyatçı 1970-1978-ci illərdə  Azərbaycan Respublikası daxili işlər naziri işləmiş general-leytenant Arif Heydərovdan 1926-cı ilin 28 iyununda Ağdaş şəhərində dünyaya gəlib. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə 1942-ci ildə başlayıb, Əzizbəyov neft trestində çilingər işləyib. 1943-cü ildə Moskvaya xüsusi təhsil məktəbinə oxumağa göndərilib. 1944-1945-ci illərdə İkinci Dünya müharibəsinin iştirakçısı olub, Berlinə hücum əməliyyatında iştirak edib. 1945-1947-ci illərdə Polşada və Almaniyada müttəfiqlərin qoşunlarının heyətində xidmət keçib. 1949-1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb. 1967-1970-ci illərdə Türkiyədə konsul, 1970-1978-ci illərdə Azərbaycan SSR Daxili İşlər Naziri işləyib. Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Alman, ingilis, türk, fars dillərini bilirdi. SSRİ-nin Qırmızı Bayraq, “Şərəf nişanı” ordenləri və bir çox sovet və xarici ölkə medalları ilə təltif olunmuşdu. Arif Heydərov 1978-ci il 29 iyunda iş yerində qətlə yetirilib. Adına Bakıda tanker, küçə, hospital və məktəb var   Vladimir Jirinovskinin xilaskarı Arif Heydərovun qətlinin təfərrüatlarına keçməmişdən qabaq bir maraqlı hadisəni yada salaq. Arif Heydərov vaxtilə hazırda Rusiya Liberal Demokrat Partiyasının lideri olan və həmişə qalmaqallı açıqlamaları ilə güdəmə gələn Vladimir Jirinovskini həbsdən azad etdirib. Məlumatlara görə, Jirinovski bir zamanlar Türkiyədə, Əlağa qəsəbəsində tərcüməçi  işləyib. O dövrdə türk gəncləri arasında kommunist təbliğatı apardığına, işçilərə Leninin şəkli olan döş nişanları payladığı üçün həbs edilib. Onu həbsdən isə dediyimiz o vaxt Türkiyədə konsul işləyən Arif Heydərov azad etdirir. İkinci Dünya Müharibəsindən əvvəl pisləşməyə başlayan SSRİ-Türkiyə münasibətləri 60-cı illərin ortalarından etibarən yavaş-yavaş düzəlməyə başlamışdı. A.Heydərovun şəxsi bacarığı sayəsində Jirinovskinin həbsxanadan qurtarılıb səs-küyə səbəb olmadan ölkəyə göndərilməsi inkişaf mərhələsinə qədəm qoyan SSRİ-Türkiyə münasibətlərinə kölgə düşməsinə imkan verməmişdi. Psixopat kapitanın müəmmalı cinayəti İndi isə Arif Heydərovun qətlə yetirilməsinin təfərrüatları ilə tanış olaq. Arif Heydərovun qətlə yetirilməsilə bağlı keçmiş DTK sədri Vaqif Hüseynov “Bir ömürdən də çox” kitabında yazır ki, atəş açan şəxs Şuşa həbsxanasının milis kapitanı Ziya Muradov olub: “Kabinetə keçməzdən əvvəl DİN veteranı, nazir köməkçisi, polkovnik Səfixanovu qətlə yetirib. Müavinləri və respublikanın Ali Məhkəmə sədri ilə işgüzar müşavirə keçirən A.Heydərov kapitanın ikinci qurbanı olub. Arif Heydərovla birgə kabinetdə olan müavini, general, Sovet İttifaqı Qəhrəmanı Səlahəddin Kazımov isə üçüncü qurban olub”. Vaqif Hüseynov qeyd edir ki, Ziya Muradov Qurbanov soyadlı generalı, Böyük Vətən müharibəsi veteranı, Sovet İttifaqı Qəhrəmanını isə ölümcül yaralayıb: “Təcrübəli hüquqşünaslar, kriminalistlər əməliyat işçilərindən ibarət təhqiqat briqadası təcili qaydada Bakıya gəliblər. Baş katibə baş vermiş hadisə ilə bağlı məlumat verilib. Muradov, ola bilsin ki, psixopatdır. Lakin siyasi kontekst açıq-aşkar görünür: respublika Leonid İliçin səfərinə hazırlaşır. Görəsən, hadisənin bununla bir bağlığı varmı?” Qatil sonda özünə də atəş açaraq intihar edib.   Xətm olunmuş cinayət işi Arif Heydərovun qətlə yetirilməsi təbii ki, çox böyük hay-küyə səbəb olur. Xarici radiostansiyalar hadisəni diqqətdə saxlayır, mütəmadi olaraq məlumat yayırmışlar. Şəhərdə də ancaq Muradovun açdığı atəşlərdən danışırlarmış. Vaqif Hüseynov yazır ki, qatil əsgəri xidmətdə yaxşı nişançı kimi fərqlənibmiş. Qətl günü nazirliyin idarəsindən kağız parçası tapılmışdı. Kağızda belə yazılmışdı: “Nazir müavini S.Hüseynova, kadrlar şöbəsinin rəisi polkovnik Ş. Məmmədquluyevə, kadrlar üzrə inspektor F. Əfəndiyevə: siz rüşvətxor, süründürməçiləri də ölüm gözləyir”. Qətldən on bir il sonra isə “Kommunist” qəzeti yazırdı: “Hadisələrin bu cür inkişafı nazir müavininin havadarlarının uzaqgörənliklə hazırladıqları planları – ilk növbədə onu yaxın gələcəkdə daha yaxşı vəzifəyə irəli çəkmək planlarını poza bilərdi. Buna isə yol vermək olmazdı. Söz-söhbətin yatması, emosiyaların soyuması üçün vaxtı uzatmaq lazım idi. Belə də etdilər. Doğrudur, cinayət işi 1979-cu ilin iyununda təzədən prokurorluğa qaytarıldı. Lakin çox keçmədi ki, işi Moskva tələb etdi və noyabrın axırlarında qatil Z. Muradov öldüyünə görə xətm olundu”. Heydər Əliyevin yaxın dostuA.Heydərovun oğlu Elbrus Şahmarın hazırladığı “General Arif Heydərov” adlı xatirələr toplusunda atası haqqında maraqlı şeylər danışıb: “Atamızın dostluq etdiyi adamlardan biri də o vaxtlar Türkiyədə SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri olmuş A.A.Smirnov idi. Sonradan Andrey Andreyeviç SSRİ Xarici İşlər nazirinin kadrlar üzrə müavini olarkən onu Cənub-Şərqi Asiya ölkələrindən birinə, səhv etmiriksə, Banqladeşə səfir təyin etmək istəmişdi. Əgər o, bu təklifə razılıq versəydi, SSRİ-nin tarixində ilk azərbaycanlı səfir olacaqdı. Bu həmin vaxt idi ki, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev də onu Daxili İşlər naziri vəzifəsinə təyin etmək istəyirdi. O isə iki təklif arasında qalmışdı. Açığı anamız da Smirnovun təklifinə tərəfdar idi. Lakin A.Heydərov lap onu Fransaya səfir təyin etsələr də, həmin dövləti qəbul etməyəcək, Heydər Əliyevin təklifinə razılıq verəcəkdi. Çünki Heydər Əliyev həm respublikanın rəhbəri, həm də onun yaxın dostu idi. Xaricdəki işindən ayrılmaq istəmirdi. Ancaq o, hiss edəndə ki, mənə burada kömək lazımdır və bu sahə çox mühüm sahədir, söhbət ayrı-ayrı adamların vəzifəsindən yox, ümumxalq prinsiplərindən, mənafeyindən gedir, bu vəzifəni öz üzərinə götürməyə razı oldu. Ondan sonra da həyatının son dəqiqəsinə qədər bu vəzifədə sədaqətlə xidmət etdi” Generalın bayraq sevgisi “General Arif Heydərov” adlı xatirələr toplusunda onun həyat yoldaşı Ədilə xanım Heydərovanın da xatirələri yer alıb:  “O əsl vətənpərvər idi. Türkiyə səfirliyində 3 il konsulluq şöbəsinin rəisi işləyən zamanlarda olub bu əhvalat. 28 apreldi, SSRİ-nin Türkiyədəki səfirliyi üzərində SSRİ bayrağı ilə yanaşı  o vaxtadək heç kimin görmədiyi bir bayraq da dalğalanır, Xarici İşlər Nazirliyindən, müxtəlif qurumlardan zənglər gəlir, o nə bayraqdır elə? Arif Heydərov cavab verir: – Bu gün mənim Azərbaycanımın respublika elan edildiyi gündür, o şərəfə qaldırılıb bu bayraq. Məsələ düz SSRİ xarici işlər naziri Smirnova qədər böyüyür. “Arifə olar”-deyir. Türkiyədə bu olay yaddaşlarda qalır, növbəti il xeyli insan zəng edib səfirlikdə işləyən azərbaycanlıları təbrik edirdilər, bizi qonaq dəvət edirdilər”. Günay Talıbova a24.az saytı  

13 Oktyabr 2016 11:50

Kitab sehrli bir dünyadır…

Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir.     F.Bekon   Kitab insanın bəlkə də ən yaxın dostudur, əzizidir, doğmasıdır. Çox vaxt heç kimdən ala bilmədiyin məlumatları, sənə həyatda var olmaq üçün, düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyaları kitab verir. Hər bir insanın özünü dərk etdiyi gündən ilk dostu onun kitabıdır. Kitab sehrli bir əşya kimidir. Əlimizdəki səhifələrin üzərinə işlənmiş 32 hərfdən ibarət kombinasiyaları oxuyaraq getmədiyimiz yerlərə gedib, başqaları kimi düşünüb, hətta fərqli zamanlara səfər belə edə bilərik. Kitabların insanlara qatdığı dəyər olduqca çoxdur. Hər şeydən əvvəl kitablar daha yaxşı bir şəxsiyyət olmağımızı təmin edir. Fərqli yazarların kitablarını oxuduğumuz zaman fərqli yazı stilləri görürük. Nə qədər çox şey oxusaq, yazı yazma mövzusunda o qədər çox şey öyrənirik. Bu da yazı yazma qabiliyyətimizin güclənməsini təmin edir. Kitab oxumaq xoşbəxtliyin yolunu açır. Xoşbəxtlik, daxili dincliyin təmin edilməsi halıdır. İstədiyiniz hər şeyə sahib olsanız belə, iç dünyanızda doldurulmayacaq boşluqlar varsa, bütün dünya önünüzə sərilsə, yenə xoşbəxt ola bilməzsiniz. Xoşbəxtliyin tərifi olan daxili dincliyi tapmağın yollarından biri də oxumaqdır. Oxumaq zamanla öz içindəki kitabı tapmağa, yəni özünü bilməyə yönəldər insanı. Oxumanın mənası inkişaf etməkdir, özünü və bütün kainatı kəşf etməkdir. Oxumaq- zehni, fiziki və ruhi istiqamətdən inkişafa gətirib çıxarır. Bu istər bir kitab olsun, istər bir qəzet, istərsə də təqvim yarpağının arxasındakı yazı olsun, oxunan hər şey, oxuyanda bir təsir buraxır. Oxumadan əvvəlki vəziyyətiniz ilə oxumadan sonrakı vəziyyətiniz arasında fərq meydana gəlir. Artıq siz əvvəlki siz deyilsiniz. Bir çox istiqamətdən dəyişməni hiss edirsiniz. Müəyyən bir müddətdən sonra məlumat dağarcığınız genişlənməyə başlayır, danışdığınız dilə hakim vəziyyətə gəlib gözəl və axıcı danışığınızla sizi dinləyənə müsbət istiqamətdə necə təsir etdiyinizə şahid olursunuz. Turanə Əzizova Faktinfo.az

11 Oktyabr 2016 12:14

Rasim Balayev Tarik Akanla çəkdirdiyi məşhur fotodan danışdı:“Ora getdim…”

Azərbaycanın xalq artisti Rasim Balayev bir neçə gün öncə dünyasını dəyişmiş məşhur türk aktyor Tarık Akan haqda danışıb. Ölkə.Az-a açıqlama verən sənətkar T.Akanla olan məşhur fotosunun tarixçəsi haqda da danışıb: "Tarık Akanla olan həmin foto 1976-cı ildə Daşkənddə festivalda çəkilib. Sovet dövründə həmin festival hər il keçirilirdi. Cüt illər Daşkənddə, tək illər isə Moskvada keçirilən festivala Asiya, Afrika və Latın Amerikası ölkələri gəlirdilər. Ən azı 80 ölkədən nümayəndələr olurdu. 1976-cı ildə biz də rəhmətlik Həsən Məmmədovla o festivalda iştirak edirdik. Həmin vaxt mən Azərbaycanda, Tarık isə Türkiyədə çox məşhur idi. Hətta deyərdim ki, Tarık mehmanxananın dəhlizinə çıxa bilmirdi. Yəni o səviyyədə məşhur idi, tanınırdı. Allah ona hər şey vermişdi-boy-buxun, istedad. Tarıkın boyu 192, mənim boyum 183 idi. Həmin festivaldan sonra mən Türkiyədə iki filmə çəkildim. Bir dəfə görüşmək istədim. "Yeşilçam" aktyorlarının Beyoğlunda yığışdığı bir yer var. Ora getdim, dedilər ki, Almaniyadadır. O vaxt da mobil telefon yox idi axı. Nəysə, onunla görüşmək qismət olmadı. Ümumiyyətlə, öz fikri olan adam idi. O vaxt prezident olan Kenan Evren haqda tənqidi fikirlər səsləndirdiyinə görə həbs edilmişdi". Xatırladaq ki, Tarık Akan sentyabrın 16-da xərçəng xəstəliyindən vəfat edib.

19 Sentyabr 2016 12:09

““Başda” oturanlara hər ay yubiley keçirirlər” – AYB-dəki qalmaqal böyüyür

Şair Rüstəm Behrudinin istefası Azərbaycan Yazıçılar Birliyində qalmaqal yaradıb. Şairə qarşı haqsızlıq edildiyini düşünən bəzi AYB üzvləri onun müdafiəsinə qalxıb. Birliyin Drаmаturgiyа Şölməsinin rəhbəri Firuz Mustafa AzNews.az-a açıqlamasında Rüstəm Behrudinin addımını haqlı hesab edir: “Rüstəm poeziyamızın çox istedadlı nümayəndəsidir. Bəri başdan deyim ki, Rüstəm bəy haqlıdır. Axı mənim çox hörmət etdiyim şair, həssas insan Yazıçılar Birliyindən diqqətdən başqa bir şey ummur. Düzdür, indiki zamanda adam bəzən öz doğum gününü də unudur. Amma Yazıçılar Birliyində mətbuat xidmətinin rəhbəri var, gərək onlar vacib tarixləri yada salsınlar”. F. Mustafa özü də AYB-dən narazılığını dilə gətirib: “Yeri gəlmişkən, mən Rüstəm bəyi xüsusi təbrik etdim, ona öz hədiyyəmi - elektron kitabxanamı göndərdim. Ona ən gözəl təbrikləri oxucuları deyir və yenə deyəcək. Yeri gəlmişkən, bəlkə də heç yeri gəlməmişkən, bu gözəl təşkilatımız elə mənim də ad günümü, buna yubiley yaşı da demək olardı, yada salmağı unutdu. Nə deyim? Küsüm? Kimdən? Hər halda, bu ölkədə qırx pyesi səhnəyə qoyulmuş dramaturq, əllidən çox kitabı çıxmış yazıçı, ona yaxın monoqrafiyası nəşr olunmuş filosof azdır... Bəlkə də yoxdur. Hələ onu demirəm ki, AYB-də bir maaşsız görəvim də var: dramaturgiya sektorunun rəhbəriyəm... Amma başda oturanların təkcə hər il yox, az qala hər ay “yubileyləri” qeyd olunur”.

14 Sentyabr 2016 12:04

“Mənə sevgi hər yaşda gəlir” – “Təhminə”nin məşhur obrazı

Bu gün Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Füzuli Hüseynovun doğum günüdür. AzNews.az-ın məlumatına görə, aktyorun 54 yaşı tamam olur. Ömrünün yarısını teatra həsr edən F. Hüseynov bu həyatda ən böyük hədiyyənin dost sədaqəti olduğunu düşünür. Aktyor insanın 55 yaşa kimi mübariz ruhlu olduğunu deyir: “Yaşımın üstünə yaş gəlir. Hər gün ömürdən gedir, qocalırıq. Özümü bir o qədər də qoca hiss etmirəm. İnsanın içində 55 yaşa kimi mübarizlik olur. Yəqin ki, gəlib 55-ə çatanda yaşlılıqla bağlı nə isə deyə bilərəm. Mən çox rahat adamam, heç nəyin dərinliyinə getmirəm”. Aktyor “deyirlər sevgi 50-dən sonra gəlir” fikrinə də münasibət bildirib: “Başqa adamı deyə bilmərəm, amma mənə sevgi hər yaşda gəlir. Sonrasını da zaman göstərəcək. Sevgisiz yaşamaq mümkün deyil. Söhbət yalnız qadına olan sevgidən getmir. İnsan həyatı, ağacları, qışı, heyvanları, dənizi də sevməlidir. Seviləsi çox şey var. Hətta zindanda olan adamlar qəfəsin arasından gələn işığı da sevirlər. Allah heç kəsi sevgisiz etməsin”. Məlumat üçün qeyd edək ki, Füzuli Hüseynov 9 sentyabr 1962-ci ildə Balakən rayonunda anadan olub. 1987-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Akademik Milli Dram Teatrındakı fəaliyyəti ilə paralel olaraq, F.Hüseynov "Azərbaycanfilm"in istehsal etdiyi bir neçə filmdə - "Təhminə"dəki Spartak, "Bəyin oğurlanması"ndakı Elxan, "Ölülər"dəki Mirzə Cəlil və s. obrazlarda çəkilib. Bahar RÜSTƏMLİ

9 Sentyabr 2016 7:43

“Ədəbiyyatı dəllalların əlindən almalıyıq”

Güneyli şair Çalğın Məhəmməd: “Şeir qulağımın dibindən başlayır” Şairin sirdaşı şeirdi deyirlər… Şair sirrini şeirə verər, şeirlə dərdləşər… Hələ şeirə qonşu olmaq və şeirə qonaq getmək də var şairlərin taleyində. Şimali Azərbaycandan yalnız məsafə ayrılığı olan, qəlbi Bakı küləyinə bağlı güneyli şair Çalğın Məhəmməd bu gün “Cümhuriyət”ə danışdı. -Yazılan bütün real hadisələrə ədəbi yazı deyilməsi ədəbiyyata xəyanət deyilmi? -Mənim klassik şeirlərlə indi işim yoxdur. Halbuki mən illər öncə uğurlu qoşma, gəraylı, dördlük və qəzəl yazmışam. Amma bu gün şeirə elə baxmıram, hətta mənim üçüm modern özü tarixdir. Postmodern əsərlər yazılmalıdır. Klassikdə hər şey təkrardı. Heç bir təzə söz yox. Çünki klassikdə bütün şairlər və yazarlar hamısı bir pəncərədən baxır mövzuya. Müsair poeziyaya isə yeni baxış və tam fərqli baxış lazımdır. Bu gün ədəbiyatda klassik əsərlərdə yalnız ləzzət var. Amma yeni və muasir əsərlərdə ləzzətdən başqa bir sərxoşluq da var ki, oxucu bunu istəyir. Müasir ədəbiyyatda bütün sözləri yazar demir ki, bu, oxucunun şüuruna xəyanətdir. Bəlkə muasir ədəbiyyatda oxucu da qatılır əsərə və oxucu da nələrisə əsərdə kəşf edir. - Söz uduzmaq ən böyük qalibiyyət sayıla bilər? - Şeir daha göylərdən gəlmir. Şeir yalnız savaddır və çalışmaqdır. Bizim iki cürə şeir varımız tosifi şeir və rivai şeir. Tosifi şeir çox imajlardan faydalanır, rivai şeir çox nişanələrdən faydalanır. Nişanələrdir ki, hər zadı göstərir. Ki, bir real hadisəni irrealla qatıb deməkdir təxəyyül və ya həman xəyal ədəbiyatdan ayrıla bilməz. Sərbəst şeirin içərisində bir harmoni var ki, təəssüflər olsun, yazanların bir çoxu bunu bilmir. Klassik şeirdə olan vəznin yerində oturmuş bu harmoni misal üçün sərbəst şeirdə beş, ya çox uzun heca bir-birinin ardınca olmamalıdır. Bu haqda danışmağa söz çoxdur ki, sağlıq olsa, bunları bir kitab kimi Azərbaycanda çapa verəcəm.   -“Heç ona it də getməz” deyirsiniz… -Şeir məncə etirafdır. Şairi birtəhər şeirindən tanımaq olar. Bizdə hələ də ədəbiyyata açıq gözlə baxan çox azdır. Yəni şeirə müqəddəs varlıq kimi baxılır. Halbuki şair nə peyğəmbərdir, nə də sitayiş olunan varlıq. İndi ədəbiyatda ağıllı adam heç vaxt belə fikirlər sahibi olmaz. Bizim dünyada müstəqil bir əsər, ya mətn yoxumuzdur. Bütün mətnlər ya başqa mətnlərin təsirindən yaranıb, ya da başqa mətnlərin yozumlarıdır. “O gedənə it də getməz” deyirsiniz:- “amma o axmaqıdır, getdi”. Təkcə sevdiyim qıza deyil, hətta sevmədiyim qızlara da şeir yazmışam.   - … Və birdən yazmağa heç nə olmasa? - Şair şeirlə qonşu olmalıdır ki, istədiyi zaman şeirin qapısını döyə bilsin. Şeiri uzaqlarda gəzən şairlər heç də uğurlu şairlər deyillər. Şeir hərəkətdir, bu hərəkət dayanırsa, şair və ya yazar ölür . Yəni, insan dayanırsa, hərəkətdən o zaman tükənir. Klassik şeir həmişə dərbarın və səltənətin qulluğunda olub, müasir şeir isə millətin qulluğunda . Və birdən şeir və yazmaq olmasa Çalğın ölər. Mən yazmayanda xəstələnirəm. Həmişə yazmasam, bir həftə bilin ki, xəstəxanada olmalıyam. Bu hal dəfələrlə olub. -Yazılan bütün real hadisələrə ədəbi yazı deyilməsi ədəbiyyata xəyanət deyilmi? -Sərbəst şeirdə fəlsəfə o deyil ki, Raselin, Niççenin, Hegelin v.s filosofların adlarını və ya fikirlərini şeirinə köçürəsən. Hər yazarın özünə aid fəlsəfəsi olmalıdır. Sərbəst şeir izahdan, tarixdən, nəsihətdən uzaqdır. Sərbəst şeirdə hər şey nişanələrlə göstərilir. Gözəl sərbəst şeir bir neçə şeirdən təşkil tapır ki, vahid bir şeir kimi ortaya çıxır. - Sizi hansı şeirə bənzətmək olar? - Bütün şeirlərim mənə bənzəsə də, mən şeirlərimə bənzəmirəm. Şeirlərim məndən mehribandır, məndən dəlidir. - Maraqlıdır, sifarişlə şeir yazmısınız?   - Mən kimsəyə sifarişlə şeir yazmaram. Lap bir çörəyə möhtac olsam da. Şeir bütün insanlarındır. Ondan önəmlisi mənim şeirlərim öncə bütün azərbaycanlılarındır. Sonra dünya millətlərinindir. Mənim haqqım yoxdur millətin və insanların məndəki əmanət şeirini kimsəyə sifariş kimi hədiyyə verim.   -Çalğın Məhəmməd üçün şeir hardan başlayır..?  -Şeir mənim lap “qulağımın dibindən” başlayır. Mən yenə deyirəm - həmişə şeirə qonşuyam. İstədiyim vaxt onun qapısını döyə bilirəm. Şeir göylərdən gəlmir mənə. Yəni vəhydə olmur. Şeir istedad və çalışmaqdır. Bu sərbəst şeirin teknikası haqda çalışıram bir kitab hazırlayam gələcəkdə. - Yaxın gələcəkdə oxucularınız sizdən nə gözləsin?  - Mənim şeir kitablarım yaxın gələcəkdə Azərbaycanda çap olunacaq. Şeir haqqında olan fikirlərim də orda öz əksini tapacaq. Oxucularıma və bütün gənc avanqard yazarlara bunu deyirəm ki, biz ədəbiyyatı ədəbiyyat dəllallarının əlindən alıb, ədəbiyyatı və poeziyanı gerçək ədəbiyyatçıya və gərçək şairə təhvil verək.

6 Sentyabr 2016 5:00

Məmməd Rahimin Müşfiq haqda şərəfsiz – Məqaləsi

Faktinfo.az  araşdırmaçı-jurnalist Fatimə Kərimlinin uzun axtarışlardan sonra üzə çıxardığı Məmməd Rahimin Mikayıl Müşfiq haqqında 1 iyul 1937-ci il tarixində "Ədəbiyyat” qəzetində yazdığı “Kontrrevolüsioner, kontrabantçı, oğru…” adlı məqaləsini təqdim edir.   “Ədəbi sahə ideologiya cəbhəsində sinfi mübarizənin ən kəskin və mürəkkəb sahəsi olduğundan düşmən buraya soxulmağa və öz fikirlərini yeritməyə çalışır.   M.Müşfiq belələrindən biri idi. Zahirən "səmimi”, "məzlum” görünən əsas mahiyyəti etibarilə isə hiləkar olan Mikayıl Müşfiq çox zaman ifşa olunmaq ərəfəsində "Sovet əsəri” yazaraq özünü gözdən yayındırmışdır. Onun zahirən Sovet, lakin bütün daxili quruluşu etibarilə qəddar kontrrevolüsioner ruh ilə dolu olan bir sıra əsərləri vardır. "Səməndər” əsərində revolüsion rus xalqının Azərbaycan xalqına olan yardım əli, onun səadəti, çiçəklənməsi üçün olan köməyi inkar olunmuşdur.   Burada müsavatçıların dediyi od yurdu vardır ki, o, özünü yalnız bu od yurdunun "Səməndər”i sayır. İki üzlü Mikayıl Müşfiq uzun zaman öz-özünü sədaqət nümayəndəsi kimi tanıtdırmağa can atmışdır.   Halbuki, gördüyü işin mahiyyəti etibarilə o, fəlakət carçısından başqa bir şey deyil. O, Azərbaycanın döyüşkən əməkçi xalqını aciz, üzü qara vermişdir. Tarix qabağında isə bu xalq heç də üzüqara olmamışdır. O, əsirlərcə döyüşmüş, isyan etmiş və nəhayət şanlı Aprel revolüsiasını yaradaraq öz həqiqi azadlığını əldə etmişdir. Müşfiq bunu görməyə kordur.   Müşfiq ilk qidasını Türkiyənin aristokrat şairi Hamid və kontrrevlosioner Hüseyn Caviddən almışdır. Onun "Küləklər” kitabçası hər cür meşşan, anarxist və yaramaz qara anti-sovet kontrrevolüsion fikirlər ilə doludur. O, kitabının düşmən əsəri olduğunu gizlətmək üçün "etiraf” yazdı. Bəzi prinsipsiz, liberal, averbaxçı tənqidçilər bu etirafı həqiqi etiraf kimi qələmə verdilər. (Mehdi Hüseyn) tənqid düşməninin bu pərdələməsini görmədi, onu yırtmadı.   Mikayıl Müşfiq maskalanmaq üçün bəzən çox gurultulu məsələdən yapışıb revolüsion temalar arasında gizlənməyə çalışırdı.   O, Leninin obrazını vermək iddiasında bulunurdu, lakin sözdə xalq səadətindən danışan, işdə isə xalq azadlığını satan bu sənət dəllalı ulu Lenini qaniçən cahangir, peyğəmbər Məhəmməd ilə, Budda ilə müqayisə etmişdir. O, dahi Lenin obrazını qəsdən təhrif edir, alçaqcasına öz ideyasını yürüdərək sinfi mübarizəni nifrətlə qarşılayır. İlk baxışda "müsbət” görünən misraların arasında əsas kontrrevolüsion fikrini yürüdür, düşmən ilə aparılan mübarizədə tökülən qanı qardaş və sevgili qanı adlandırır. Lenini düşmənçilliyi yaratmış kimi göstərir.   Böyük Sovet xalqının və dünya proletarlarının ulu rəhbərini, ancaq türkün dastanında gurladığı üçün qəbul edir.   "Küləklər”də Sovet Gürcüstanı "Zagesi”nə qarşı olduqca reaksiyon kontrrevolüsion fikirlər vardır. O, üzərində "Zages” qurulan Kür çayına müraciət edib kim tərəfindən kilidləndiyini, sinəsinə dağ çəkildiyini soruşur. Tbilisi nura boyayan "Zages”-dəki çarxları Kür çayının başına bəla kəsilmiş  bir xəncər kimi verir. Kənddə sosializmin simvolu olan traktoru "torpağın köksünü bıçaqlayan”, "ulayan nər”, "təzə cəllad” kimi göstərir. Öz zəhərli müsavatçı nasionalist kisəsini Türkiyənin hər cür reaksion, mühafizəkar, millətçi şairlərindən dolduran bu reaksioner təbiət qoynunda çəkilən dəmir yollarına amansız fikirlər bəsləyir. O, təzə çəkilən dəmir yollarını "dağların qəddini bükən”, "çəlik bağrını sökən”, "sinəsinə ayrılıq dağı çəkən” bir amil kimi göstərir. Halbuki, tənqid belə vicdansızlığa qarşı öz sözünü deməli, onu bolşevik atəşinə tutmalı idi.   Xalq səadətinə düşmən olan bu əclaf, "İnqilab” şeirində proletar revolüsiasını yandırıb yaxan lava, bir vulkan stixiyası kimi təsvir edir. Əcaba bu bir şanlı Oktyabr revolüsiasının xüsusiyyətlərini inkar demək deyilmi? Əcaba bu əməkçi xalqları səadətə çıxaran işçi kəndli revolüsiasına böhtan deyilmi? Əlbəttə böhtandır, əlbəttə söz yox ki, bu əməkçi xalqların azadlıqlarını təmin edən işçi revolüsiasını inkardır.   Müşfiq "Tərtərges nəğmələri” və "Mingəçevir həsrəti” kimi son şeirlərində öz kontrrevolüsion fikirlərini yürütmüşdür. Müşfiqin hayasızlığı oraya gəlib çatmışdır ki, o, Sovet Azərbaycanında heç bir yenilik görməyirdi. "Mingəçevir həsrəti”ndə xəstə canımızın asta-asta öldüyündən bəhs edib cəfəngiyyat söyləyib sovet quruluşuna kontrrevolüsion böhtanlar atır. O, Azərbaycanın azadlığını danmaq üçün Mingəçeviri bir vasitə kimi götürürdü. O, guya Mingəçeviri həsrətlə gözləyirdi. Halbuki bu, hiyləkarcasına olan bir metoddur. Şeirdəki ruh isə Azərbaycanın asta-asta öldüyünü iddiadan başqa bir şey deyildir. Bizə yabancı Müşfiq "Duyğu yarpaqları” şeirində "Bir üzüm qaradır, bir üzüm sarı” deməklə özünün ikiüzlülüyünü yaxşı göstərir.   Həmid kimi qatı pantürkistin şeirlərindən ilham alan b düşmən, bəxtiyar ölkəsi üçü fədakarlıq göstərən mübariz neft işçilərini "Canavar” obrazı ilə təsvir edir. Onun doğma dilini bir yana qoyaraq ona böhtan atır. Neft qəhrəmanına saxta bir dil, pantürkistlərin dilini verir. İşçini Türkiyə saraylarının dili ilə danışdırır, "Canavar” şeirində Bakı işçisi danışırkən "məqsəd” əvəzinə "maqsad” deyir. O beləliklə, öz çirkin hiyləsini yürütmək üçün döyüşçü işçi əvəzinə saxta bir obraz yaradaraq oxuculara təhvil verir. Ümumiyyətlə, dildə osmanizmə oryentasiya hiləkar Müşfiqin apardığı siyasətin bir qolu idi. Pantürkist Müşfiq  dildə osmanizmi təbliğ edirdi. O, müstəqil Sovet Azərbaycanının dilini tanımayırdı. O, pantürkist, panislamist bir dil ilə Azərbaycan xalqı dili arasında büllurlaşmağa doğru gedə doğma sovet ədəbiyyatı dili arasında heç bir fərq görməyirdi. O, öz fikirlərini yürütmək üçün "gəliyor”, "gediyor”-u rayonlarımızdakı "aleyir”, "gəleyir” ilə qarşılaşdıraraq Sovet Azərbaycanı ilə Türkiyə dili arasında heç bir fərq olmadığını iddia edirdi. Onun dildə pantürkist bir siyasət yürütdüyünü göstərmək üçün leksikonundan gətirəcəyimiz bir neçə misal kifayətdir. O, "vətən” deyil, "vatan”, "həftə” əvəzinə "hafta”, "şəfəq” deyil, "şafaq” işlədirdi.   Müşfiq dili və şeirlərindəki qandrabanda yolu ilə gətirdiyi fikirləri etibarilə bü günə, proletariata sadiq bir şair olmamışdır. O, proletar revölüsiasında əsərləri ilə aktiv iştirak edən Mayakovskiyə nifrət bəslədiyi halda "Mingəçevir həsrəti” və "Şən Tiflis” şeirlərində onun Sergey Yeseninin ölümünə yazdığı şeirindən açıq-aydın oğurluq etməkdən çəkinməyirdi. Mayakovskinin "Yüzəlli milyon” adlı poemasından açıq oğurluq edərək "Zəfər səsləri”ni yazdığı bir faktdır. Mikayıl Müşfiq şeirləri üçün oğurluq ta ilk günlərdən bu günə kimi xarakter bir hal olmuşdur. Aleksandr Zarovun "Qarl Libknext”, Utkinin "Veter” şeirlərini oğurlayıb "Qonağım” və "Qarl Libknext” adı ilə çap etdirən bu şeir oğrusu Vasili Qazinin, "Ruçnoy lebed”ini dəxi "Əl ördəyi” deyə vaxtilə təb etdirmişdir. Müşfiq sinfi qardaşı Çobanzadədən də oğurlayardı. Onun qatı millətçi "şeirlər” kitabından "Bulutlar”ı oğurlayaraq "Küləklər” kitabçasına köçürmüşdür. Nə üçün o belə edirdi? Çünki o, quruluşumuza sadiq deyildi. Ona görə də sovet tematikasından müstəqil olaraq yaza bilməyirdi. Odur ki, o yandan, bu yandan rus, erməni sovet yazıçılarından, Nəsimidən, Məmməd Akifdən, Baba Tahirdən, Hamiddən və başqalarından çırpışdırırdı. O, əclaf ideyası üçün hər cür qandrabandçılıqdan istifadə etmişdir. Vaxtilə yazdığı kontrrevolüsion "Banditlər” poeması ifşa edilmişdir. O, həmin "Banditlər”i "Dağlar macərası” adı ilə yaxınlarda "Ədəbiyyat qəzeti”ndə çap etdirmişdi. O, bu kimi hərəkətləri ilə Azərbaycanın kulturunu, səadətini əlindən almaq, onu eyni kaloniya salmaq kimi çirkin bir ideyaya xidmət edirdi. Mikayıl Müşfiq kimi satqınlar sinifsiz dünya qurmaq uğrunda mübarizə aparan sovet ədəbiyyatına az əngəl olmamışlar. Artıq onlar ifşa olunmuş, maskaları tamamilə yırtılmışdır. Düşməni amansızcasına ifşa etməkdə prinsipial tənqid hələ çox işlər görməlidir. Tənqid hər cür ziyalı əhvali-ruhiyyəyə atəş açmalı, namuslu sovet yazıçılarının yaradıcılığını yüksək səviyyəyə qaldırmalıdır.

29 Avqust 2016 6:05

Dərdin-qəmin dalına bir təpik!

Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər...   Murad Köhnəqala: “Dərdalgin” (tabletkalarda) Ey günəşli yurdun şərqli insanı! Nə vurulmusan bu qəmlərə, nə əzizlərsən öz dərdini? Dərd-bəladan həzz alırsan, manyakmısan? Sənə verilən o işıq ömür Uçub gedir bir ox kimi Adam da bu qədər dərdbaz olarmı? Köynəyin cırıqdı? - cəhənnəmə ki, bir az da cırıq gəz! Dişin yoxdu, pulun yoxdu - mırıq gəz! Dabanı sürtülmüş, üstü sökülmüş su buraxan o ayaqqabınla bir təpik ilişdir dərdin dalına, getsin öz işinin-dərdinin dalınca. Evin yoxdu - nə olsun ki? Vağzallara, binaların damına nə gəlib? Belə şeydən dərd yonub, qəm düzəltmə! Pulun yoxdu? - bir az da ac gəz. Ac-yalavac gəzməkdən xoşbəxt və gülməli bir şey varmı dünyada?.. Ac-acına küləkli küçələrdə veyillənmək, boş sok qablarını, su qablarını təpikləmək dərd çəkməkdən pisdimi? Tutalım, evlənmisən, evdə uşaqların var, pulun az, məvacibin yox - noolsun?! Qazıb-qazıb dərd çıxartma bundan, qoy bir az da az yesin arvadın, bir az da arıq olsun, bir az da kasıb geyinsin! Oğlun keçənilki şalvarını geyinsin, bir az da gödək olsun. Qızının köhnə ayaqqabısının sökülmüş yerlərini özün tik. Sən sapı dişinlə dartdıqca uşaqların gülüşəcək. Necədi, gözəl deyilmi? Təki arvadın sevsin səni! Qonşu uşaqları bahalı geyər - özləri bilər. Qonşu arvadları xəz geyər, qızıl taxar - özləri bilər. Onda var, səndə yoxdu - noolsun ki? Səndə var, onda yoxdu - noolsun ki? Dərdə çevirmə, zəhrimara döndərmə bunu! Qoy gülsünlər sənə, gülüb-gülüb, axır, yorulacaqlar. Ömür axır işıq kimi! Arvadın həmişə narazıdırsa, dırsa, dirsə, dursa, fikirləşməyə dəyməz, ayrıl getsin, boşa getsin! Uşaqları dərd eləmə, bura bax, yenə dərdə taxılma! Onları əvvəlkindən də gözəl böyüdəcəksən... Tutalım, bir işdi, düşdün türməyə. Noolub, özünü tütün kimi büküb çəkirsən, iri, ağır fikirlərin hambalına dönmüsən, künclərdə büzüşüb üzünə əlavə qırış yonursan? Gözüm aydın, noolsun haqsız tutulmusan? Nə üçün qan qusmalısan? Döyəcəklər - döz gülə-gülə! Söyəcəklər - döz gülə-gülə! Bıçaq soxmaq lazımdısa, kiməsə fikirləşmək lazım deyil, ordaca sox! Güllələmək lazımdısa, güllələ yerindəcə! Səni də güllələyib yorta bilərlər, sən də ölməlisən, heç dərd eləmə! Ömür axıb gedir işıq misalı. Axmaq kimyagərlər kimi hər şeyi dərdə-qəmə çevirmə! Qəmli-qəmli oxuyub muğamda zarıyırsan, bu cavan yaşında nə qarıyırsan, maymaqmısan? O qoca qəzələ nə kərkinirsən, manyakmısan? Tüpürüm sənin o dərdli şerinə, tüpürüm sənin dərdə aşiqliyinə! Həyata gəl! Həyata gir! Nə göllənirsən? Nə iylənirsən? Ömür axıb gedir işıq misalı. Dərdin-qəmin-vərəmin dalına bir təpik! İşıqlı dünyada onların hörməti yoxdu bir qəpik…

26 Avqust 2016 11:17

Fındıq satan qız-Hekayə

Günəşli  bir yaz səhəri  idi. Təbiət qış yuxusundan oyanırdı, sanki özü ilə birgə insanları da qış yuxusundan oyadırdı.  Hamı səhər tezdən işə tələsirdi, amma Zərifgilin evində valideynləri  toya getməyə hazırlaşırdılar. Zərifin atası və anası qonşu kənddə yaşayan qohumlarının toyuna getmək üçün işdən icazə almışdılar. Zərif də toya getməyi çox istəyirdi, amma dərs günü olduğundan valideynləri onu özləri ilə aparmağa razı olmadılar, qızın babası ilə qalmağına qərar verdilər. Düzdür, qızcığaz məyus oldu, amma bilirdi ki toya getsə, dərslərindən geri qalacaq. Ona görə də məyusluğu tez ötüb keçdi.  O, həvəslə məktəb paltarlarını geyinib, ata-anası ilə sağollaşıb, onlara yaxşı yol arzulayıb məktəbə yola düşdü. Zərifgil ailədə dörd nəfər idilər:  atası, anası, babası və özü. Zərif 4-cü sinifdə oxuyurdu. Müəllimlərinin də, bütün sinif yoldaşlarının da sevimlisi idi. O öz nizam-intizamı, çalışqanlığı ilə hamının rəğbətini qazanmışdı. Ailəsi həmişə onunla fəxr edirdi. Deyir sən saydığını say, gör fələk nə sayır.. Balaca qızcığaz nə biləydi  ki, bu gün ata-anasını son dəfə görür. Məktəbdə sonuncu dərs idi.  Zəng vuruldu və uşaqlar adəti üzrə kitab-dəftərləri  çantalara yığıb evə getdilər. Zərif sevinə-sevinə gəldi ki, bu gün üç fəndən "5" aldığını babasına xəbər versin, gördü ki, baba evdə yoxdur. O bilirdi ki, babası evdə olmayanda  adətən fındıq bağında ağaclara qulluq edir. Babasının böyük fındıq bağı var idi. Baba bu bağı öz əziyyəti ilə əkib-becərmişdi. Hər il fındıq mövsümündə bu bağlardan çoxlu məhsul alıb bazara çıxarırdı. Qız bu bağda oynamağı çox sevsə də, dərs vaxtlarında ora az-az gedirdi. Zərif adəti üzrə paltarlarını dəyişib, əl-üzünü yuyub, anasının hazırladığı yeməkdən yedi və dərslərini oxumağa başladı. Elə bu anda qonşuları Nəzakət xala qapıda göründü.  O, balaca qızdan babasının harda olduğunu soruşdu. Qız babasının bağda olduğunu söylədi. Zərif hiss etdi ki, Nəzakət xala çox təlaşlıdır. Gözlərində təşviş, qorxu, həyəcan, kədər var idi. Qız bunları hiss etdikcə, kiçik qəlbi titrədi. Özünü toplayaraq soruşdu: -Nəzakət xala, nə olub? Qadının yumru, xırda gözləri yaşardı, onu qəhər boğdu, lakin biruzə verməməyə çalışdı  və Zərifdən gedib babasını çağırmağı xahiş etdi. Balaca qız  qaça-qaça bağa tərəf getdi. Baba ağacları sulayırdı. Qız təngnəfəs babasına yaxınlaşib dedi: -          Baba, Nəzakət xala bizə gəlib səni çağırır. Qızın səsindəki həyəcanı hiss etməmək mümkün deyildi. Baba əlindəki  işi buxarıb tez evə doğru getdi. O, uzaqdan qonşuları Nəzakəti gördü və ürəyi döyünməyə başladı. Qonşu  Fəhmi kişini görən kimi nitqi qurudu, dili söz tutmadı. Qadın Zərifdən həyətdə oynamağı xahiş etdi. Qızcığaz artıq anlamışdı ki, pis nə isə baş verib. Nəzakət xala kədər, ağrı dolu səsi ilə Fəhmi kişiyə oğlunun və gəlininin qəza keçirdiyini, vəziyyətlərinin ağır olduğunu söylədi. Qoca kişinin əlləri əsdi, rəngi ağardı. Qadın çox qorxdu, söylədiyinə peşman oldu. Axı bu yaşda ürəyi dözməyə də bilərdi. Fəhmi kişi taqətdən düşdü, dizləri büküldü. Nəzakət xala ona kömək etməyə, ürək-dirək verməyə çalışdı.  Amma o, artıq özündən getmişdi. Qonşular  Fəhmi kişini maşına mindirib, təcili rayon mərkəzinə apardılar. Balaca Zərif nə baş verdiyindən xəbərsiz idi. O düşünürdü ki, valideynləri gəlib bütün problemləri yoluna qoyacaqlar. Onun körpə qəlbini necə acılar gözlədiyindən xəbərsiz idi. Həyatın ona hazırladığı acı sürprizi kiçik qəlbi necə daşıya biləcəkdi?.. Fəhmi kişini xəstəxanaya çatdırdılar, həkimlər dərhal müdaxilə etdilər. Bir neçə saatdan sonra xəstənin vəziyyəti qaydasına düşməyə başladı. Amma reanimasiya şöbəsində yatan oğlu və gəlininin vəziyyəti getdikcə ağırlaşırdı. Həkimlər bütün səylərini göstərsələr də, onları xilas edə bilmədilər. Bütün qohum-əqrəba, tanışlar, qonşular Zərifgilin həyətində toplaşmışdılar. Amma heç kim balaca qıza nəsə deməyə cürət  etmirdi. Çünki onun bu xəbəri nə cür qarşılayacağını bilmirdilər. Bu ağır yük Fəhmi kişinin üzərinə düşürdü. Fəhmi kişi bir neçə saat dinləndikdən sonra həkimlər evə gedə biləcəyini söylədilər. Evə gedə bilərdi, ancaq getmək istəyirdimi?.. Eşitdiyi xəbərin yuxu olmasını arzulayırdı, hətta içində özünə az da olsa təskinlik verirdi ki, evə qayıdanda görəcək ki, hər şey qaydasındadır, heç kimə heç nə olmayıb. Təəssüf ki, bunlar sadəcə özünə təskinlik vermək istəyi idi, artıq olan olmuşdu. Tale bu qoca kişinin və balaca qızın həyatına qara bir səhifə yazmışdı və bu tale yükünü onlar birlikdə daşıya bilərdilər. Artıq maşın həyətə yaxınlaşırdı. Fəhmi kişini yenidən əsmə götürdü. Qohum- qonşular susqun idilər. Yalnız qadınlar fəryad edir, ürəklərində olan acını göz yaşlarıyla qovub çıxarırdılar. Fəhmi kişi isə içində boğulurdu, ağlaya bilmirdi, göz yaşları içinə axırdı. Elə hey bu xəbəri  balaca qıza necə söyləyəcəyini düşünürdü.  Amma əvvəl-axır söyləməli idi. Ona yalançı ümidlər vermək, həqiqəti ondan gizlətmək olmazdı. Fəhmi baba  içəri girən kimi gözü Zərifi axtardı. Əvvəlcə nəvəsini  görməyəndə elə bil di ki qonşudadı. Lakin sonra qızın fındıq bağında oynadığını söylədilər. Qoca tələsik  bağa üz tutdu. Uzaqdan gördüyü səhnə onu bir az da mütəəssir etdi. Qızcığaz balaca əlləriylə ağacların qurumuş yarpaqlarını təmizləyirdi. Baba nəvəsinə yaxınlaşıb dedi: -Nə edirsən qızım? Qız bir az mənalı,  bir az da sual dolu gözlərlə babasına baxıb dedi: -Ağacları qurumuş yarpaqlardan təmizləyirəm, çünki bu yarpaqların ağaclara artıq xeyri  yoxdur. Babanın artıq gözləri doldu, nəvəsini qucaqladı, başını sığalladı və dedi: -Mənim Zərif çıçəyim əgər bir gün sənə desəm ki, atan və ana çox uzaqlara gediblər, dönməyəcəklər, neyləyərsən?.. Qız sual və qorxu ilə dolu gözlərini babasına zillədi, bu sualın içində nə isə gizləndiyini duydu: -Baba axı onlar uzağa yox, qonşu kəndə gediblər?.. -Bilirəm qızım, amma onlar ordan da uzağa gediblər, səni mənə tapşırıblar, məni də sənə. Fəhmi kişi son sözləri  söyləyərkən səsi  titrədi, onu qəhər boğdu. Qız babasının pis olduğunu görüb boynuna sarıldı, üz-gözündən öpdü və dedi: -Qorxma baba, onlar gələnə qədər mən sənə baxaram, qoymaram darıxasan. Baba dərindən ah çəkdi. Balaca qızcığazın anlayışına, davranışına heyran qaıdı. O nəvəsini evə aparmaq istəmirdi, çünki  evdəki  ağlaşma səslərini nəvəsinin  eşitməsini istəmirdi. Düşündü və belə qərara gəldi ki, məclis qurtarana qədər Zərif xalasıgildə qalsın. Günlər bir-birini qovurdu. Artıq Zərif evlərinə qayıtmışdı. Orda olduğu günlərdə də babası hər gün onu ziyarət edirdi. Zərifin dərsləri bitmişdi, artıq yay tətili başlamışdı. O vaxtını daha çox babasıyla birgə fındıq bağında keçirirdi. Onlar iki dost kimi idilər. Balaca qız hər dəfə valideynlərindən söhbət salanda qoca dərindən ah çəkirdi. Qızcığaz bu ahdan çox şey anlayırdı, amma yenə də babasını üzməmək üçün heç nə soruşmurdu. Hərdən gizlicə onların şəklinə baxıb ağlayırdı. Nəhayət fındıq mövsümü yaxınlaşırdı. Ağaclar bol məhsul verib deyə baba- nəvə çox sevinirdilər. Tətilin bitməsinə, dərslərin başlamasına da az qalmışdı. Zərif həsrətlə dərsin başlamasını, həm də fındıq yığımının başlamasını gözləyirdi. O özünə söz vermişdi ki, babasına bacardığı qədər kömək edəcək. Lakin bir gün gözlənilmədən Fəhmi kişi möhkəm xəstələndi, yatağa düşdü. Qızcığaz çox məyus oldu. Həkim çağırdılar, müayinədən sonra məlum oldu ki, qoca möhkəm zökəm olub. Həkim müalicə üçün dərmanlar, iynələr yazdı və kişiyə yataqdan qalxmamağı tapşırdı. Kişi çox məyus oldu, axı məhsul xarab ola bilərdi. Onları toplayan lazım idi. Zərif bilirdi ki, babasına yataqdan qalxmaq olmaz. Və çalışdı ki, babasına bildirmədən fındıqları yığmağa başlasın. Hər gün hiss etdirmədən  bağa gedir və fındıqları torbaya yığırdı. Əvvəlcə qıza elə gəlmişdi ki, bu işin öhdəsindən gələ bilməyəcək.  Ancaq indi  tərəddüdləri yox olmuşdu. Babası harada olduğunu soruşduqda həyətdə rəfiqələri ilə oynadığını söyləyirdi. Balaca qız iki-üç günə 3 torba fındıq yığmışdı. Yığdığı fındıqları bazara çıxarmalı idi, bunun üçün Nəzakət xalanın ərindən ona kömək etməsini  xahiş etdi. O, qızın söylədiklərinə mat-məəttəl qaldı. Sanki özünü tənbəl hesab etdi. O qıza kömək etdi. Torbaları maşına yığıb bazara apardılar. Bazarda çoxlu adam var idi. Ağız deyəni qulaq eşitmirdi.  Sabir əmi torbaları düşürdü. Balaca qıza yardım təklif etdi: -Qızım, sənə kömək edim, fındıqları bərabər sataq, tək sənin üçün çətin olar. -Yox, Sabir əmi çox sağ olun. Özüm sataram, siz əziyyət çəkməyin , qəsəbədəki işlərinizi həll edin, mənim də işim qurtarsın, birlikdə dönərik kəndə. Daha qonşu heç nə demədi, çünki o artıq Zərifin ağlına, qoçaqlığına bələd idi. Təzə gəlməyinə baxmayaraq artıq üç-dörd nəfər fındıq almışdı. Qız özü də arada fındıqlardan bir-ikisini sındırıb yeyirdi. Qəribə idi ki, fındıqlar heç vaxt ona belə dadlı gəlməmişdi. Elə bu vaxt qəribə bir hadisə baş verdi. Zərif hiss etdi ki, qarşıdakı çayxananın arxasında onu izləyənlər var. Əvvəlcə onların kim olduqlarını  görə bilmədi. Çünki onlar gizlənə-gizlənə baxırdılar. Az sonra onların 8-9 yaşlarında uşaqlar olduqlarını gördü. Onlar oğrun-oğrun, bir az da həsrətlə baxırdılar. Zərifi maraq bürürdü və onların yanına gedib soruşdu: -Nə üçün bayaqdan burda gizlənib məni izləyirsiniz? Uşaqlar əvvəlcə utancaq baxışlarını yerə dikdilər. Sonra içlərindən bir az hündür olan oğlan dilləndi: -Sən dünyanın ən xoşbəxt uşağı olduğunu bilirsənmi? Qız təəccüblə oğlana baxdı: -Nə üçün belə hesab edirsən? Oğlan gözlərini qaldırıb bir az ağır, bir az cəsarətli baxışlarla qızı süzdü və dedi: -Çünki sən ürəyinin istədiyi qədər fındıq yeyə bilirsən. Amma biz fındıq tapanda çox sevinirik və o bir fındığı aramızda bölüşdürürük. Düzdür,  hərəmizə az düşdüyünə görə çox da ləzzətli olmur. Amma ən azından dadını bilirik. Bu sözləri  söylədikdən sonra yenidən onu qəribə utancaqlıq bürüdü və baxışlarını qızdan gizlətməyə çalışdı. Yanındakı uşaqlar isə eləcə susqun-susqun baxırdılar. Zərif çox məyus oldu. Gözlərində yaş gilələndi. Bir anlıq özünü bu uşaqlarla müqayisə etdi və həqiqətən də xoşbəxt olduğunu düşündü. Onun bu uşaqlarla yeganə oxşarlığı ata-analarının olmamağı idi. Ancaq Zərif onlar kimi kimsəsiz, evsiz-eşiksiz deyildi. Onu hamıdan çox sevən babası və qohum-əqrabaları var idi. Onun gözəl evi, məktəbi və rəfiqələri var idi. Əvvəlcə çoxlu fındıqları olduğu üçün uşaqların onu xoşbəxt  hesab etməsi  ona qəribə gəlsə də, anladı ki, o, doğrudan da həmin uşaqların məhrum olduğu xoşbəxtliklərə sahibdir.  Və o, uşaqların da xoşbəxt olmağa haqları olduğunu düşündü. Birdən uşaqlara üzünü tutub dedi: -Gəlin arxamca! Uşaqlar bir şey anlamadan qızın arxasınca getdilər. Zərif fındıq torbalarını onlara göstərərək dedi: -Baxın, bu torbadakı bütün fındıqlar sizindir! Doyunca yeyin! Uşaqlar bir-birlərinə baxdılar. Onlar neçə vaxtdır ki, ac idilər. Deyəsən qızdan bu cür təklif gözləmirdilər. Çünki onlar bazarda kimə yaxınlaşıb yemək üçün nə isə istəsələr onları qovurdular. Əlbəttə ki, hamı belə etmirdi, amma bir çoxu qovurdu. Uşaqlar heç bir söz demədən  fındıqları  ləzzətlə yeməyə başladılar. Sanki dünyanın ən dadlı nemətini yeyirdilər. Qız heç nə demədən onlara baxırdı. Uşaqların paltarları nimdaş və sökülmüş idi, ancaq onlar buna heç əhəmiyyət vermirdilər, həvəslə fındıqları ləpələyib yeyirdilər. Birdən bayaq qızla danışan oğlan dedi: -İndi biz də sənin kimi xoşbəxtik. Və bu xoşbəxtliyimizi başqa uşaqlarla da paylaşmaq istəyirik. Və az keçməmiş bir neçə kimsəsiz uşaq da onlara qoşuldu. Balaca qızcığaz isə heç nə söyləmədən izləyirdi və onları xoşbəxt etdiyi üçün çox sevincli idi Birdən arxadan Sabir əminin səsi gəldi. O Zərifi evə aparmaq üçün gəlmişdi. Qıza və torbalara, uşaqlara təəccüblə baxdı və vəziyyətin nə yerdə olduğunu anlamağa çalışdı. Zərif ona əhvalatı qısaca danışdı. O mat qaldı, düşüncələrə daldı. Bu balaca qızdakı ürəyə, düşüncəyə heyran qaldı. Yol boyu özlüyündə fikirləşir, baş vermiş  hadisənin təsirindən çıxa bilmirdi. Nəhayət onlar evə çatdılar. Zərif qapını açıb içəri girdi və babasının  ayaq üstə görüb, sevincindən boynuna sarıldı. Fəhmi kişi yavaş-yavaş müalicənin təsiri ilə yaxşılaşırdı. O nəvəsinin qeyri adi sevincini hiss etdi. Sual dolu gözlərlə nəvəsinə baxdı. Qız qəribə bir sevinclə dedi: -Baba, bu gün mən xoşbəxtliyimi uşaqlarla paylaşdım!.. Və hadisəni  olduğu kimi babasına danışdı. Fəhmi kişi nəvəsini diqqətlə dinlədikdən sonra dərin fikrə getdi.. Balaca qız bir anlıq düşündü ki, babasının olanlardan o qədər də xoşu gəlmədi.  Lakin babası az keçməmiş dedi: -Mənim Zərif çiçəyim, gözəl balam! Bu yaşıma gəlib çatmışam, düşünmürəm ki, kimi isə sənin qədər sevindirə bilmişəm. Sən bu gün öz gözəl düşüncəli, qayğıkeş, səxavətli rəftarınla qoca babanı çox duyğulandırdın və dərs verdin. Bəli, insanı sevindirməyi, xoşbəxt etməyi hər insan bacarar, yetər ki, bunu ürəkdən etsin, sənin kimi! Sənin kiçik qəlbin nə qədər böyük sevgi, şəfqət, xeyirxahlıqla doludur!.. İllərlə bir çox insanın bacara bilmədiklərini sən bacardın! Qoca baban səninlə fəxr edir! Fəhmi kişi bu dəfə ağladı. Bəli, ağlaya bildi. Balaca nəvəsinin böyük qayğıkeşliyi onu ağlatdı.., ancaq bunlar sevinc göz yaşları idi. O, çox sevinirdi ki, onun bu cür böyük ürəkli balaca nəvəsi var. Səhəri gün baba tezdən qalxıb  bağa getmişdi. Hələ bəzi ağacların məhsulu tam yığılmamışdı. Axı balaca qız məhsulu tək yığmışdı və hamısını yığa bilməzdi. Kişi düşündü ki, qalan məhsulu da yığıb kənddəki imkansız ailələrə pay versin və belə də etdi. Əlbəttə ki, buna ən çox sevinən balaca Zərif oldu. Bəli, bu balaca qız bizə öyrətdi ki, insanları pul olmadan da xoşbəxt etmək olar, lap bizim balaca fındıqsatan qız kimi!.. Ülviyyə Niyazqızı,filoloq  

15 Avqust 2016 2:56

USAQ PAPIÇLARI  – Hekayə 

ÜLVİYYƏ NİYAZQIZI   Universitetdə adi dərs günlərindən biri idi. Zəng vuruldu, tələbələr auditoriyalara daxil oldular. Biz filologiya fakültəsində oxuyurduq. Dərs yenicə başlamışdı ki, dekanlıqdan arxamca adam göndərdilər. Dekanlığa getdim. Rəhilə xanım məni görüb gülümsəyərək dedi: -Gəl, qızım, yenə də sənə işimiz düşüb, bir neçə işlənməli sənəd var, zəhmət olmasa onları işlə, sabah nazirliyə təhvil verməliyik. Universitetdə arada bəzi yazılar işlənməli olanda məni çağırırdılar. Müəllimlərin dediklərinə görə yazıda qrammatik səhvlər etmirdim. Artıq dəftəri bitirmək uzrə idim. Elə bu vaxt qapı açıldı və Asya müəllimə otağa daxil oldu. . Bizə dərs demədiyi üçün Asya müəlliməni o qədər də yaxşı tanımırdım, lakin görünüşcə soyuq və qaraqabaq insana bənzəyirdi. Ayağa qalxdım. Müəllimə "narahat olma, qızım, otur yazını işlə" dedi. Demək olar ki, ilk dəfə idi onun səsini eşidirdim. Çox gözəl, məlahətli və incə səsi var idi, gözlərində çox dərin və kədərli ifadə duyulurdu sanki. Mənə diqqətlə baxdığının fərqində idim. Gözləri bir nöqtəyə zillənib qalmışdı, ağır və qarışıq düşüncələr içində boğulurdu sanki. Birdən üzünü mənə tutub evli olub-olmadığımı soruşdu. "Bəli, evliyəm" deyə cavab verdim. Bir anlıq susdu, sonra dedi: -Övladın necə, varmı, qızım? -Bəli, balaca bir qızım var.. O kövrək və titrək səslə dedi: -Nə gözəl!.. Övlad qadın üçün əvəzsiz nemətdir həyatda.. Hər zaman övladın, ailənin qədrini bilin!.. Bu sözləri söyləyərkən səsində, üzündə məyusluq ifadəsi vardı. Müəllimənin nisgilli olduğu hiss olunurdu. O, universitetin kafesindən çay sifariş etdi. Biz müəlliməylə cay içə-içə xeyli söhbət etdik. Cox səlist və rəvan danışığı vardı, saatlarca onu dinləyər, yorulmazdım. O, da mənimlə söhbət etməkdən qəribə rahatlıq duyurdu. Birdən mehribanlıq dolu baxışlarla mənə baxıb dedi: -Qızım, görürəm həssas və anlayişlı qızsan, bir həyat hekayəsi söyləyəcəm sənə, amma əvvəlcə çayları içək, sonra.. Çox maraqlı idi. Səbirsizliklə onun danışmasını gözləyirdim. Müəllimə dərindən nəfəs aldı və söhbətə başladı: …“Universitetin son kurslarında oxuyurdum. Günün cox hissəsini kitabxanada oxumaqla kecirirdim, həm də kurs işləri üçün kitablardan bəzi materiallar toplayırdım. Bir həftə sonra kurs işlərini bitirdim və təhvil vermək üçün dekanlığa getdim. Otaqda kimsə yox idi, bir kənarda əyləşib gözləməyə başladım. Elə bu vaxt otağa bir oğlan daxil oldu və salam verdi. Dekanımızı soruşdu, mən də onu gözlədiyimi söylədim. O, mənimlə üzbəüz divanda əyləşdi. Oğlanın hərdən gizli baxışlarla mənə baxdığını hiss edirdim, amma biruzə vermirdim. Birdən o gözlənilmədən soruşdu: -Bağışlayın, xanım, siz tələbəsiniz? -Bəli, tələbəyəm.. -Neçənci kursda oxuyursunuz? -Sonuncu kursda… Onun sual verməsi mənə qəribə gəlirdi nədənsə. Bəlkə də adi suallar idi, mənə bir az qəribə gəlirdi, ancaq yenə də baxışlarındakı qeyri-adiliyi duydum. Bu vaxt dekan otağa daxil oldu, dərhal ayağa qalxdıq. Dekan oğlanı görən kimi dedi: -Ooo, Kamil, xoş gəlmisən, necəsən? -Çox sağ olun Polad müəllim, yaxşıyam, siz necəsiniz? -Biz də yaxşıyıq, sükür!. Bizim bir üstünlüyümüz ondadır ki, belə gözəl və istedadlı gənclərlə işləyirik və onlar bizi qocalmağa qoymurlar. Birdən Polad müəllim üzünü mənə tutub dedi: -Kamili tanımırsan yəqin ki, amma yaxın zamanda tanıyacaqsan, çünki o universitetimizin fəxridir. Elmi iş yazır, vaxt gələcək alim kimi də tanınacaq. Müəllim danışarkən Kamilin mənə baxdığını hiss etdim, amma nədənsə bu baxışlar məni narahat etmirdi. Düşüncələrə dalmışkən Polad müəllimin mənim haqqımda danışdığını duydum. " Asya bizim ən çalışqan, istedadlı tələbələrimizdəndi, magistraturaya hazırlaşır. Sizin kimi tələbələri görəndə ürəyimiz dağa dönür." Mən işləri təhvil verib, sağollaşıb auditoriyaya döndüm. Səhəri gün universitetə bir az gec getdim, çünki axşam gecə saatlarınadək kitab oxumuşdum. Universitetdə böyük tənəffüs idi, qızlar kafeyə enib nəsə içməyi təklif etdilər. Kafeyə daxil olan kimi Kamili gördüm. O çay içə-içə yazılara, kitablara baxırdı. İstədim özümü görməməzliyə vurum, artıq gec idi, o, məni görmüşdü. Biz masaya əyləşdik. O, durub masamıza doğru gəldi, mən özümü itirdim. Qızların görməyini, bilməyini istəmirdim, çünki onlar ciddi nə isə varmış kimi anlayacaqdılar. O, yaxınlaşıb nəzakətlə birinci mənimlə, sonra da tələbə yoldaşlarımla salamlaşdı. Hal-əhval tutub öz masasına döndü. Qızlar sualları yağdırmağa başladılar. Mən nə qədər desəm də ciddi nəsə yoxdu, inanmadılar. Mənalı baxışlarla "xeyirli olsun" deyib gülüşdülər. Bir həftə keçdi, artıq imtahanlar yaxınlaşırdı. Mən həvəslə imtahanlara hazırlaşırdım. Kitabxanaya gedib kitab oxuyur, havanın necə qaraldığından belə xəbərim olmurdu. Axıra həmişə mən qalırdım. Bir gün yenə axıra qalmışdım. Çantamı toplayıb getməyə hazırlaşırdım. Elə bu vaxt arxadan kimsə "Salam, Asya" dedi. O idi, Kamil.. Salam verdim. O, adəti üzrə hal- əhval tutdu. Mən də ilk dəfəydi ondan əhvalını soruşdum. Biz söhbət edə-edə kitabxanadan ayrıldıq. Kamil məni çay içməyə dəvət etdi, etiraz etmədim. Biz kafedə çay içə-içə xeyli söhbət etdik. Söhbətimizin mövzusu əsasən dərslər və imtahanlarla bağlı idi. Söhbətin şirin yerində mən artıq gec olduğunu söylədim və qalxdıq. O, ilk dəfə məni evə ötürdü və beləcə biz görüşməyə başladıq. Kamil bütün imtahanlarda nə çətinlik olsa yardım edirdi. Nəhayət, imtahanları verib qurtardım, diplom işini uğurla müdafiə etdim, artıq magistraturaya hazırlaşırdım. Bu arada tez-tez Kamillə görüşür, dənizkənarı parka gedir, maraqlı söhbətlər edirdik. Bir-birimizi görməyəndə çox darıxırdıq. Bəli, biz artıq bir-birimizi sevirdik və ikimiz də bunun fərqində idik. Kamil həyatımı şən, rəngli və mənalı etmişdi. Bir gün Kamil məni ailəsiylə tanış etmək istədiyini söylədi, etiraz etmədim, ancaq öncə anamgildən izn almalıydım. Anam bir az tərəddüd etsə də razılaşdı. Səhəri gün axşam Kamilgilə getdik. Ailə üzvləri məni çox mehriban qarşiladılar, çox səmimi və istiqanlı insanlar idilər. Tanişlıqdan hamı məmnun idi. Kamil də sevincini gizlədə bilmirdi. Xeyli söhbətlər etdik, dedik, güldük. Kamilin anası Validə xala xüsusi təşəkkür etdi. Mən də dərin minnətdarlığımı bildirdim və hamıyla sağollaşıb çıxdıq. Yol boyu Kamillə maraqlı müzakirələr apardıq yeni tanışlıq haqqında. Kamil məni evə ötürüb qayıtdı. Günlər sürətlə keçirdi. Artıq magistraturada təhsil alırdım. Kamil də elmi işini müdafiə etmişdi və elmi dərəcə almışdı. Bir gün parkda gəzişərkən Kamil dedi: -Artıq vaxtdır, istəyirəm həyat yoldaşım olasan, gözəl ailəmiz, övladlarımız olsun!.. Bu təklif mənim üçün gözlənilən idi. Mən onun gözlərinə baxdım və sadəcə gülümsədim.. Yeni il yaxınlaşırdı, bayram ərəfəsi Kamilin valideynləri bizə gəlmişdilər. Atamgillə danışib razılaşdılar və şirinçayı içdilər. Sevincimin həddi-hüdudu yox idi, sevdiyim insanla ailə qururdum. Bir müddət sonra nişanlandıq, bir neçə gündən sonra Kamil mənə ilk dəfə hədiyyə aldı. Bu hədiyyə çox şirin və maraqlı idi- uşaq papıçları.. Hədiyyəni mənə verərkən gözlərində böyük sevinc və ümid vardı, gülümsədim və "niyə məhz uşaq papıçları?" deyə soruşdum. O, da gülümsəyərək cavab verdi: -Mən uşaqları çox sevirəm, lap çox.. Bu papıçları ilk övladımıza geyindirərsən, bu ən böyük arzumdu. Bu sözlərdən qeyri-ixtiyari kövrəldim, heç özüm də bilmədim niyə?!.. Sonra o, ikinci hədiyyəsini verdi. Bu üzərində bir cüt göyərçin təsviri olan üzük idi. Üzüyü barmağıma taxıb dedi: -Hər zaman bu göyərçinlər kimi qoşa olaq!.. Toy günümüz yaxınlaşırdı, böyük sevinclə toya hazırlaşırdıq. Hazırlıqlar demək olar ki, başa çatmışdı, dəvətnamələr də paylanıb qurtarmışdı. Toya hazırlıq bizə xüsusi zövq verirdi. Nəhayət, toy günü gəlib çatdı. Biz çox xoşbəxt idik, ömrümüzü, taleyimizi birləşdirirdik. Toya gələnlər xoş arzularını bildirir, təbrik söyləyirdilər. Toyumuz maraqlı və şən keçdi. Çoxlu sağlıqlar deyildi, doyunca rəqs etdilər, arada biz də qonaqlarla rəqs edirdik. Toyumuzdan üç ay keçməsinə baxmayaraq sanki dünən evlənmişdik. Ömrümün ən xoşbəxt günlərini yaşayırdım, zamanın su kimi axıb getdiyinin fərqində deyildik. Bir gün Validə ana yarızarafat, yariciddi şəkildə dedi: -Bizi nə vaxt sevindirəcəksiz? Bizim nəvəylə oynayan vaxtımızdır artıq.. Kamil ailənin yeganə övladı olduğu üçün ata-ananın bu istəyi təbii idi. Ananın bu sözlərindən sonra bir az təşvişə düşdüm, Kamillə həkimə getməyi qərara aldıq, həkimə getdik və lazımi müayinələrdən keçdik, qan analizləri verdik. Həkimlər cavabların üç-dörd günə hazır olacağını söylədilər. Mən də, Kamil də hər şeyin yaxşı olacağına inanırdıq. Dörd gün keçdi. Səhər tezdən klinikadan zəng vurub cavabların hazır olduğunu söylədilər. Kamil işə gedərkən cavabları özü götürəcəyini söylədi. Mən də hazırlaşıb işə getdim. Axşam Kamil evə gələndə cavabları alıb-almadığını soruşdum. O birdən başını tutaraq dedi: -Bağışla, əzizim, cavabları işdə unutdum, narahatçılığa əsas yoxdu, həkim dedi ki, hər şey qaydasındadır. Mən düşündüm ki, nə isə ciddi bir hal olsaydı hiss edərdim. Günlər ötüb keçirdi, son vaxtlar Kamil evə dalğın gəlirdi hərdən. Səbəbini soruşanda işlə bağlı olduğunu söyləyirdi və mən də inanırdım, çünki mənə qarşı münasibəti əvvəlkindən də qayğıkeş, mehriban, sevgi dolu idi. Bir gün Kamillə şəhərə çıxmışdıq, parkda gəzirdik, uşaqlar oynaşırdı burda. Kamil həmişə uşaqları görəndə sevinir, onlarla oynayırdı, amma bu dəfə qəribə soyuqluq hiss etdim onda, demək olar ki, heç uşaqlar olan tərəfə baxmırdı. Onun bu halı mənə çox qəribə gəldi, axı o uşaqları çox sevirdi. Yolboyu bu suallar məni narahat edirdi, ancaq heç nə soruşmadım. Düşüncələr içində evə gəlib çatdıq. Əslində uşaq barədə düşüncələrim məni rahat qoymurdu. Həkim müayinələrindən bir neçə ay keçməsinə baxmayaraq heç bir dəyişiklik yox idi. Kamilə dəfələrlə müayinəyə getmək istədiyimi söyləsəm də, gərək olmadığını söyləmişdi. Səhəri gün işdən icazə alıb həkimə getdim, bu barədə Kamilə hec nə demədim. Mən qəbula yazılıb növbəmi gözlədim. Çox keçməmiş çağırdılar məni. Həkimlə salamlaşıb hal-əhval tutduqdan sonra narahatçılığımı söylədim. Mən danışdıqca həkimin üzündə qəribə ifadələr yaranırdı. Hiss etdim ki, ortada nə isə anlaşılmazlıq var. Məni dinlədikdən sonra həkim gözlərini yerə dikib ağır və üzgün ifadəylə dedi: - Asya xanım, sizi dinlədim, ana olmaq istəyinizi təqdir edirəm, amma təəssüf ki, həyat çox vaxt istəklərimiz üzərində qurulmur. Görünür yoldaşınız sizi üzməmək naminə sizə heç nə deməyib. Mənim üçün nə qədər ağır olsa da, həqiqəti söyləməliyəm, üzgünəm, amma sizin övlad sahibi olmanız mümkün deyil, istəsəniz başqa həkimlərə də müraciət edə bilərsiniz, ancaq müsbət cavab alacağınızı güman etmirəm. Yenidən üzülməyinizi istəmirəm. Həkimin sözlərindən sonra dünya başıma fırlandı, qəhər məni boğdu. Həkimlə birtəhər sagollaşıb çox üzgün halda klinikadan ayrıldım. Küçələri sərsəri kimi dolaşırdım, hara, niyə getdiyimi unutmuşdum. Bütün bu olanların bir yuxu olmasını arzulayırdım, ancaq bilirdim ki, bu acı həqiqətdir!.. Bir xeyli fikirli halda parkda dolaşdım. Ətrafda o qədər insan olmasına baxmayaraq böyük bir boşluq içində idim. Ağır düşüncələr içində evə necə çatdığımdan xəbərim olmadı. Qapını açıb evə girəndə Kamili evdə görüb qəribə bir rahatlıq duydum. O məni görən kimi qeyri-adi bir sevinclə "axır ki gəldin" deyə boynuma sarıldı. Kövrəldim və göz yaşlarımı görməsin deyə dərhal otağa keçdim. Özümü topladım, əl-üzümü yuyub mətbəxə keçdim. Yemək süfrəsini hazırladım. Məndə baş verən qəribə halları duyurdu Kamil, lakin hələ heç nə soruşmurdu. Yemək zamanı Kamil ordan-burdan söhbət edirdi, hiss edirdim ki, əhval-ruhiyyəmi qaldırmaq istəyir, lakin mən daha çox susmağa üstünlük verirdim. Yeməyi bitirdikdən sonra süfrəni yığışdırıb otağa keçdim. Başım çox ağrayırdı. O, yanıma gəldi, sual dolu baxışlarını üzümə dikdi. Hər şeyi bildiyimi açıb söylədim. O günahkarcasına gözlərini yerə dikdi, sanki bütün olanlar onun günahı idi. Mən gülümsəyib dedim: -Kamil, niyə günah etmiş insan kimi davranırsan? Axı burda nə sənin, nə də mənim heç bir günahımız yoxdu, taleyin qisməti beləymiş. Kamil gözlərini yerdən ağır-ağır qaldırıb üzümə baxdı, əllərimdən tutaraq dedi: -Bunu səndən ona görə gizlətdim ki, fikir çəkməyini, üzülməyini istəmirdim. Mənə sən lazımsan, uşaq vacib deyil.. Bilirdim ki, bu sözləri mənə görə deyir və bu mənə daha çox acı verirdi. Düzdü, o məni çox sevirdi və söylədiklərində də səmimi idi, lakin Kamilin uşaqlara olan sevgisini öncədən bilirdim. O hələ evlənməmişdən öncə necə ata olmaq istədiyi barədə dəfələrlə söhbət etmişdi. Bütün bunları bilə-bilə onun söylədikləriylə razı ola bilməzdim, ən azından buna vicdanım yol verməzdi- onu öz övladının atası olmaq haqqından məhrum edə bilməzdim. Düzdür, burda qəbahətli heç nə olmasa da, biz bir-birimizi çox sevsək də bacarmazdım!.. Həftəsonu Kamilin valideynləri bizə gəlmişdilər. Söhbət əsnasında Validə ana: -Bizi nə vaxt sevindirəcəksiz? -deyə eyham atdı. Mən də, Kamil də susqun baxışlarımızı yerə zillədik. Ananın heç nədən xəbəri yox idi, ancaq mənim bu məsələni gizlətmək fikrim yox idi, çünki onlara bunu etməyə haqqım yox idi. Əzab və qarışıq hisslər içində həqiqəti onlara söylədim. Bu çox çətin idi, vicdanım danışmağımı, qəlbim isə susmağımı diktə edirdi. Bilirdim ki, həqiqəti söyləyərək onları da məyus edəcəm, ancaq yalançı vədlər vermək də ağır idi. Danışığımı necə bitirməyimdən xəbərim olmadı, başımı qaldırıb onların üzünə baxanda, peşmanlıq və üzgünlüklə dolu ifadəni aydın gördüm, sanki bir ağır yük götürüldü çiynimdən.. Kamil gözlərini yerə zilləmişdi, sanki günahkar özü idi. Ancaq bu taleyin qisməti idi və burda kimsə günahkar deyildi. Validə anagil çaylarını içib qalxdılar. Onları ötürdükdən sonra Kamil mənə dedi: -Nahaq anamgilə söylədin həqiqəti, mən bilsəydim qoymazdım.. Mən onlara həqiqəti deyəcəydim, amma başqa cür.. Mən təəccüblə soruşdum: -Nə cür? Kamil dərindən nəfəs alıb dedi: -Mən deyəcəydim ki, problem səndə yox, məndədi.. Bu kəlmələri duyduğumda gözlərim doldu, özümü güclə boğaraq dedim: -Əvvəla, imkan verməzdim ki, bu cür yalan söyləyəsən, ikincisi, lap söyləmiş olsan belə mən yenə həqiqəti deyəcəkdim.. Kamil susdu, heç bir söz demədən boynumu qucaqladı, gözlərimdən öpdü.. Səhər günəşinin al şəfəqləri yataq otağının pəncərəsindən üzümə düşürdü. Gözəl bir bazar səhəri idi. Kamil hələ yatırdı. Onu oyatmadım. Hər gün işləyib çox yorulurdu, qoy bu gün doyunca dincəlməsini istəyirdim. Qalxıb əl-üzümü yuyub mətbəxə keçdim, həvəslə səhər yeməyini hazırladım. Nədənsə bu gün hər şeyi unutmaq, Kamillə xoş bir gün keçirmək istəyirdim, bütün sıxıntılardan uzaqda. Mən süfrəni hazırlayana qədər Kamil də oyandı. Sonra mətbəxə gəldi və masaya baxıb dedi: -Bəh, bəh, nə gözəl süfrə hazırlamısan əzizim, əllərinə sağlıq, çox ləziz görünür.. -Nuş olsun, əfəndim, qulluğunuzda hazıram- deyə gülümsədim.. Səhər yeməyindən sonra evdə bəzi səliqə-səhmanlama işlərinə görə Kamildən kömək istədim. O, məmnuniyyətlə təklifimi qəbul etdi. Biz deyə-gülə işlərimizi görürdük. Hərdən tələbəlikdə baş vermiş gülməli hadisələrdən danışır, xatirələri vərəqləyir, vaxtın necə keçdiyini hiss etmirdik. Kamil gülə-gülə paltar dolabını boşaldarkən birdən susdu, üzündə qəribə, üzgün və biraz da əsəbi ifadə yarandı. Əvvəl nə olduğunu anlamadım, sonra dolabın küncündəki uşaq papıçlarını görəndə hər şeyi anladım. Kamil onları məndən gizlətməyə çalışsa da, artıq gec idi. Bəli, nə qədər uzaqlaşmaq, qaçmaq istəsəm də xeyri yox idi, sıxıntılarım hər zaman mənimlə idi. Birdən Kamil üzünü mənə tutub qətiyyətlə dedi: -Gözəl bir fikrim var, gəl uşaq evinə müraciət edək, yeni doğulmuş körpə gətirsələr onu övladlığa götürək.. O, bu sözləri elə ürəkdən və qətiyyətlə dedi ki, sanki belə də olacaqdı. Ancaq mən buna razı ola bilməzdim, axı onun övladı ola bilərdi, problem məndə idi. Öz övladı ola biləcəyi halda niyə başqasının övladını böyütməlidi?!.. Niyə mənə görə ata olmaq arzusundan vaz keçməli idi?!.. Bilirdim ki, Kamil mənə görə hər cür fədakarlığa hazır idi, mən də onun üçün hər addımı atmağa hazır idim. Bütün bu suallar mənə daxilən rahatlıq vermirdi, özümə yer tapa bilmirdim. İşləri tez yekunlaşdırdım, papıçları isə gizlətdim. Artıq nə isə etməliydim, öz istəklərim naminə başqalarının arzularının üstündən xətt çəkə bilməzdim, amma nəyi necə edəcəyimi bilmirdim, gecə-gündüz bu barədə düşünürdüm, hətta Kamilə boşanma təklifi etməyi belə düşünmüşdüm, ancaq dilə gətirmədim, çünki bilirdim ki, Kamil əsla bu təklifi qəbul etməz. Bir gün ağlıma başqa bir fikir gəldi. Əlbəttə, bu fikir özüm üçün ən böyük əzab idi və bunu icra etmək də çox çətin idi, ancaq başqa yolum da yox idi. Sumqayıtda Kamilgilin yaxın dostluq etdikləri ailə vardı. Onların Ruxsarə adlı qızları vardı, Kamil onun xətrini çox istəyirdi. Ruxsarənin iyirmi altı yaşı vardı, magistraturanı da bitirmişdi. Hərdən gəlib- gedərdi bizə, gözəl, xoş xasiyyət və ağıllı qız idi. Elçiləri çox idi, lakin onların heç birini bəyənmirdi. Hətta bir dəfə ondan zarafatla soruşanda ki, "niyə heç kimi bəyənmirsən?", gülümsünüb demişdi ki, "mən Kamil kimi xarakteri olan oğlanla ailə quracam." Təbii ki, bütün bunlar səmimi söhbətlər və zarafatlar idi. Bəli, mən düşünürdüm ki, Kamil mütləq evlənməlidir, başqa heç cür rahatlıq tapa bilməzdim. Kamilin hər hansı bir qızla evlənməsinə də razı ola bilməzdim, onun kimi yaxşı insanın dünyaya gələcək uşaqlarının anası da ən azı özü qədər yaxşı olmalı idi. Mən öz aləmimdə Ruxsarəni düşünürdüm, ancaq bunun üçün əvvəcə qızla söhbət etməli, hər şeyi anlatmalı, başa salmalı, qəbul edib-etmədiyini öyrənməli idim. Mənim üçün nə qədər çətin olsa da, cəsarətimi toplayıb qıza zəng vurdum, hal-əhval soruşub qonaq dəvət etdim. Qız dəvətimi sevə-sevə qəbul etdi və gələcəyini söylədi. Mən isə "kaş qəbul etməyəydi!.." deyə qəlbimdən keçirdim. Bu qəlbimin səsi idi və hər zaman onu susdurmağa çalışırdım.. İki gün sonra Ruxsarə bizə qonaq gəldi. Onu həmişəki kimi mehribanlıqla qarşıladım. Kamil evdə yox idi, mən özüm onu Kamil evdə olmayan vaxt çağırmışdım ki, rahat söhbət edib, hər şeyi başa sala bilim. Əvvəlcə qonağa da, özümə də çay süzdüm, sonra söhbətə başladım. Çox həyəcanlı idim, həyat sınağından keçirdim əslində. Bu anda bütün hisslərimi unutmalı, yalnız Kamili düşünməli idim. Kamillə tanışlığımızın ilk günündən bu günə qədər olan hər şeyi təfsilatıyla ona anlatdım. Bir müddət susdu, gözləri doldu. Üzünü yana tutaraq məndən gizlətməyə çalışdı göz yaşlarını. Mən ona artıq hər şeyi qəbul etdiyimi, üzülməməsini söylədim. Onu çağırmaqda məqsədimi söyləməliydim, amma ilk öncə ehtiyat etdim. Düşündüm ki, ilk dəfədən söyləsəm etiraz edər və bizə bir daha gəlməz. Xeyli söhbət etdik. Özüm qəsdən Kamil işdən gələnə qədər saxladım onu. Nəhayət, Kamil də gəldi. Ruxsarəni görüb sevindi. Kamil gələndən sonra da bir xeyli danışdıq, güldük. Havanın qaraldığını görüb qız ayağa qalxdı, mən Kamildən qızı ötürməsini xahiş etdim. Onlar çıxdıqdan sonra ağır düşüncələrə daldım. Ağlımla qəlbim arasında gərgin mübahisə gedirdi- görəsən özüm düşündüklərimin, etmək istədiklərimin nəticəsinə hazırammi?!.. Əlbəttə, qəlbim heç vaxt buna hazır ola bilməzdi, çünki onu çox sevirdim. Elə buna görə də qəlbimi susdurmalıydım.. Ağır və qarışıq düşüncələr içində günlərin necə keçdiyindən xəbərim olmurdu. Mən tez-tez Ruxsarəni evə qonaq çağırırdım, Kamillə daha yaxın ünsiyyət qurmasına şərait yaradırdım. Xeyli müddət keçdikdən sonra mən niyyətimi açıb qıza söylədim, Kamilin məhz onunla ailə qurmasını istədiyimi bildirdim. Əvvəlcə qız qəti şəkildə etiraz etdi, lakin mən ona başa saldım ki," Nə olur olsun Kamilin evlənməsinə, övlad sahibi olmasına nail olacağam, niyə bu adam sən yox, başqası olsun ki?!.. Bəlkə sənin qismətindir?!.." Əlbəttə bu bir an içində qəbul ediləcək qərar deyildi və ən əsası, Kamilin bütün olanlardan xəbəri yox idi. Qıza söyləməkdə məqsədim o idi ki, Kamildə ona qarşı az da olsa hisslərin yaranmasına nail olsun. On gündən çox idi ki, Ruxsarə bizə gəlmirdi. Mən həm narahat idim, həm də rahat. Bu hissləri dil ilə anlatmaq çox çətindi. Bir yandan Kamildən ayrılmaq istəmirdim, bir yandan da onu ata olmaqdan məhrum etmək istəmirdim. Yalnız sevən insan bu fədakarlığı bacara bilərdi. Kamilə olan sevgimin böyüklüyü məni heç bir fədakarlıqdan çəkindirmirdi. Bir gün işdə olarkən Ruxsarə mənə zəng vurdu. Hal-əhval soruşub axşam bizə gələcəyini söylədi. Özümün də səbəbini tam anlamadığım bir narahatlıq doldu içimə.. Bəlkə də səbəbi məlum idi, nə isə… Axşam qız gəldi və əyləşib söhbət etdik. O təklifimi bir şərtlə qəbul edəcəyini söylədi: - Asya, mən bu təklifi sənə, Kamilə və əlbəttə, özümə görə qəbul edəcəyəm, ancaq bir şərtlə, Kamilin mənə qarşı az da olsa hissləri yaranmasa bu iş alınmayacaq. Razılaşdım, bəlkə də kənardan bütün bunlar aglasığmaz görünür, ancaq bu hissləri yaşamadan etdiklərimi anlamaq çətindi. Artıq o bizə tez-tez gəlməyə başladı, daha çox Kamillə ünsiyyət qurur, onunla vaxt keçirirdi, tədricən Kamildə də ona bağlılıq yarandığını duyurdum. Son vaxtlar Kamillə şəxsi münasibətlərdə özüm qəsdən soyuqluq yaratmışdım, onun nəvazişlərindən, qayğılarından imtina edirdim. Təsəvvür belə edə bilməzsiniz ki, bütün bunları etmək mənim üçün nə qədər çətin, əzablı və dözülməz idi. Qəlbimin səsini, istəyini boğaraq yaşamaq əzab idi, ancaq Kamil üçün bunu etməli idim. Son günlərdə Ruxsarə demək olar ki, günaşırı gəlirdi. Hiss edirdim ki, o özü də Kamilə bağlanıb və bir gün baş verən bir hadisə hər şeyə son qoydu…" Asya müəllimə bu sözləri söyləyərkən əlləri titrədi, dodaqları əsdi, sanki dili söz tutmurdu. Tez ayağa qalxıb ona su verdim, çiynini qucaqladım və sakitləşdirdim. İlahi, o nə qədər əzab çəkirdi danışarkən. Mən ona sakitləşməsini, qalan hissəni sonra danışmasını təklif etdim. O, təkidlə indi danışmaq istədiyini, bir daha heç vaxt heç yerdə danışa bilməyəcəyini söylədi və davam etdi… "Həmin gün işdən tez gəlmişdim, az keçməmiş Ruxsarə də gəldi bizə. Axır vaxtlar mənimlə çox söhbət etməyə utanırdı. Onu anlayırdım, özünü günahkar hiss edirdi, ancaq mən çalışırdım ki, o özünü günahkar hiss etməsin. Axşama doğru hər şeyi köməkli hazırladıq, qız masanı düzəltdi. Hər dəfə bizə gələndə əlindən gələn köməkliyi əsirgəmirdi, çox qabiliyyətli qız idi. Az sonra Kamil də gəldi, masaya əyləşdik. Axşam yeməyindən sonra masanı yığışdırıb çay dəstgahı hazırladıq. Ruxsarə mətbəxi yığışdırıb qonaq otağına getdi. Mən çayları süzüb qonaq otağına keçmək istəyirdim ki, gördüyüm mənzərə mənə çox ağır gəldi. Ayaqlarım getmədi, sanki yerə mismarlanmışdım.. Kamil onun əllərindən tutmuşdu, bəli, deməli o da qıza qarşı nə isə hiss edirdi. Bu mənim evi tərk etməyim üçün yetərli idi. Bu işi düzəldən də, bu yerə gətirib çıxaran da özüm idim, buna görə də heç kimi qınaya və ya günahlandıra bilməzdim. Nə mən, nə Kamil, nə də o qız günahkar deyildi. Taleyimiz bu cür gətirmişdi. Axşam sakitcə, Kamilə hiss etdirmədən əşyalarımı topladım. Səhər Kamil işə gedən kimi mən də evdən çıxdım və atamgilə üz tutdum. Kamilə isə bir məktub yazdım: "Əzizim Kamil, hər şeyə görə sənə çox minnətdaram!.. Mənə əsl sevginin nə olduğunu sən öyrətdin.. Səni nə qədər çox sevdiyimi bilirsən, ancaq mən sənə övlad bəxş etmədən xoşbəxt ola bilmərəm. Övladımızın olmayacağını söyləyəndə atanla ananın üzündəki peşmanlıq ifadəsini görməməzlikdən gələrək, bu cür yaşaya bilmərəm!.. Məni anla, Ruxsarə də çox yaxşı qızdı, əminəm ki, onunla xoşbəxt olacaqsan.. Bir şeyi unutma, hər zaman qəlbimin tək sakini olacaqsan!.. Bundan sonra səninlə yalnız səmimi dost olaraq davam edəcəyik həyata.. (Asya)." Evdən çıxarkən Kamilin mənə hədiyyə etdiyi uşaq papıçlarını da özümlə apardım. Mən Kamildən cismən ayrılsam da, ruhən həmişə onunla olacağımı bilirdim. Bütün yaxınlar məsələnin nə yerdə olduğunu bilirdilər. Kamillə Ruxsarə evləndilər, kiçik bir məclis keçirdilər və məni də dəvət etdilər, getdim və iştirak etdim. Bilirdim ki, getməsəm Kamilin də, Ruxsarənin də, Validə ananın da qəlbi rahatlıq tapmayacaq. Hər şey yaxşı keçdi, keçməyən yalnız qəlbimin ağrısı idi. Bu ağrının hər zaman mənimlə olacağını bilə-bilə etmişdim hər şeyi, buna görə də gileylənməyə haqqım yox idi. Evləndikdən sonra da Ruxsarə tez-tez zəng vurub hal-əhvalımı soruşurdu. Sag olsun, məni yaddan çıxarmırdı. Kamil isə demək olar ki, hər gün əhvalımı xəbər alırdı. Bir gün Ruxsarə hamilə olduğunu dedi, çox sevindim, sanki öz övladım olacaqmış kimi sevindim. Hamı səbirsizliklə vaxtın ötməsini gözləyirdi. Kamilin valideynləri çox sevinirdilər. Validə ana hər dəfə məni görəndə xüsusi diqqət, qayğı və nəzakət göstərirdi, səbəbini anlayırdım. Nəhayət, o gün gəlib çatdı- Kamil qız atası oldu. Çox sevinirdim, bir neçə gün keçdikdən sonra onları ziyarətə getdim. Bir daha təbrik etdim və uşağın hədiyyəsini verdim. Bəli, bunlar Kamilin ilk dəfə uşağımıza geyindirmək ümidiylə hədiyyə etdiyi papıçlar idi. Kamil hədiyyəni görüb mütəəssir oldu, mən dedim: -Bax Kamil, nəhayət, papıçlar öz sahibini tapdı, çox şükürlər olsun, indi içim rahatdı. O, mənə həm günahkar, həm sevincli, həm də sevgi dolu gözlərlə baxdı. Bu baxışlar çox şeyi söyləyirdi... Həyat öz axarıyla davam edirdi. Balaca Asya günü-gündən böyüyürdü. Uşağın adını mənim şərəfimə Asya qoymuşdular. Biz vaxt olduqca balaca Nərgizlə tez-tez görüşür, parkda gəzirdik. Onların mənə qarşı olan doğma münasibətlərindən böyük məmnunluq duyurdum. Mənə bir neçə yerdən evlilik təklifləri gəlsə də, qətiyyən təkrar ailə qurmaq niyyətim yox idi. Qəlbim yalnız Kamilə məxsus idi və hər zaman da belə olacaqdı. İllər tez ötüb keçdi. Kamilin artıq üç övladı vardı. Babayla nənələri nəvələri o qədər çox istəyirdilər ki, köçüb gəlmişdilər Kamilgilin yanına.. Bir gün Ruxsarə zəng vurdu ki, Validə ana narahatdı, səni istəyir.. Axşam işdən çıxıb birbaşa onlara getdim. Doğrudan da, qadın çox üzülmüşdü, həkimlər ürəyinin narahat olduğunu demişdilər, lakin yaşlı olduğundan əməliyyata icazə verməmişdilər. Gedib yanında əyləşdim, əllərindən tutdum, gözlərini açıb üzümə baxdı, gülümsədi. Gəlişimə çox sevindi, əllərimi bərk-bərk sıxıb dedi: -Xoş gəlmisən qızım, həmişə sən gələsən!.. Neçə vaxtdı ürəyim səni istəyirdi, yaxşı ki, gəldin.. Qəhər məni boğsa da biruzə vermədim, qadının əllərindən öpüb dedim: -Belə deməyin, Validə ana, sizi ziyarət etmək borcumdu.. Qadın kövrək səslə dedi: -Sənə o qədər minnətdaram ki, qızım, sən Kamil üçün bir ananın yalnız övladı üçün edə biləcəyi fədakarlığı etdin, bir ana olaraq sənin bu qəhrəmanlığın qarşısında baş əyirəm!.. Gözlərim yaşardı, qeyri-ixtiyari ah çəkdim. Əslində bu ağbirçək qadının sözləri hər şeyi demişdi mənə, bəli, mən övlad dünyaya gətirmədən də, ana kimi fədakarlıq etmişdim. Bu sözləri duymaq mənim üçün boyük bir xoşbəxtlik idi... Validə anayla sağollaşıb tez-tez gələcəyimi söylədim, ancaq hiss edirdim ki, qadın ömrünün son günlərini yaşayır və mənimlə halallaşır. Bunu düşünmək ağır idi, ancaq həyatın bu dəyişməz qanunu qarşısında hamımız acizik. Bir neçə gün sonra Validə ana dünyasını dəyişdi. O gedişiylə hamımızı nə qədər məyus etsə də, mənə söylədiyi son sözlərlə qəlbimi rahatlayıb getmişdi. Yas məclisində Ruxsarəyə nə köməklik lazımsa etdim. Kamil də, Ruxsarə də çox minnətdarlıq etdilər. Mən hamıyla sağollaşıb çıxdım. Çöldə bərk yağış yağırdı. Gözlərim təsadüfən Ruxsarənin yuyub sərdiyi uşaq papıçlarına sataşdı, həmin papıçlar idi. Nə deyim, bu da mənə qəribə bir rahatlıq bəxş etdi." Asya müəllimə susdu və sanki bir rahatlıq ifadəsi gəldi üzünə. Əslində müəyyən qədər rahatlamış və yükdən azad olmuşdu. Onun gözlərinin dərinliyində gizlənən əzablardan, iztirablardan kimsənin xəbəri olmayacaqdı heç vaxt. İnsanlar yenə də onu qaraqabaq, soyuqqanlı insan kimi tanıyacaqdılar. Ancaq mən bilirdim ki, onun nə qədər geniş, sevgi və şəfqət dolu , isti və mehriban bir qəlbi var. Bəlkə də həyat hekayətini mənə danışdığı üçün özümü xoşbəxt hesab edirdim. İndi o mənim gözlərimdə bir insanlıq və fədakarlıq nümunəsi idi. Asya müəllimə ayağa qalxdı, alnımdan öpdü və heç bir söz söyləmədən getdi. Mən də yazıları bitirib auditoriyaya döndüm. Artıq dərs bitmək üzrə idi. Tələbələr hay-küylə evə tələsirdilər. Mən də universitetdən çıxdım. Çöldə möhkəm yağış yağırdı. Nədənsə bu günkü yağış ruhuma dinclik bəxş edirdi. Birdən mənə elə gəldi ki, sanki yağış da, yer də, göy də müəlliməyə minnətdarlıq edir. Göyün üzünə xeyli tamaşa etdim. Elə bu vaxt iki göyərçin elektrik dirəklərini birləşdirən məftilin üzərinə qondular. Diqqətlə göyərçinləri seyr etdim və bir anlıq mənə elə gəldi ki, onlar göyərçin yox, teldən asılmış bir cüt uşaq papıçları idi… Faktinfo.az

4 Avqust 2016 6:36

Diş çöpündən qurban gedən yazıçı

Diş çöpündən qurban gedən yazıçı – QƏRİBƏ ÖLÜMLƏR Kulis.Az qeyri-adi şəraitdə ölmüş yazıçılar haqqında məlumatı təqdim edir.Evripid - Yunan faciəsinin görkəmli nümayəndəsi olmuş və öz yaradıcılığı ilə yunan faciəsinə yeniliklər gətirməklə yanaşı, onun yaradıcılığı antik yunan faciəsinin son mərhələsi olmuşdur. Aristotel onu “şairlərin ən faciəlisi” adlandırıb. Deyilənə görə, Evripidi itlər parçalayaraq öldürüb. Onero de Balzak – Məşhur fransız yazıçısı. Onu “Qorio ata”ya görə tanıyırıq. Ölümü də qəribədir Balzakın. Çoxlu qəhvə içdiyindən ölür. Lev Tolstoy – Əsərləri kimi ölümü də məşhurdur. Soyuq qış gecəsində qatar stansiyasında dünyaya gözlərini yumub Tolstoy. Şervud Anderson – Məşhur amerikan yazıçısı. Deyilənə görə, bir kokteyl partisində diş çöpünü udduqdan sonra ölüb. Cek London – “Martin İden”lə tanıyırıq onu. Özünü yazıb bəlkə də. Ömrünün sonu da dəhşətlidir: yüksək dozalı morfinlə 40 yaşında dünyasını dəyişib. Vircinya Vulf – İngilis yazıçı, modernizm ədəbi cərəyanın yaradıcılarından biri. “Missis Dellouy” romanı ilə məşhurdur. Günlərin bir günü ciblərini daşla doldurub özünü çaya atır. Frans Kafka – Onu tanıtmağa gərək yoxdu yəqin ki... Kafkanın adı gözümün önünə onun bioqrafiyasını da gətirir. Bir arzusu vardı, ölümündən sonra əsərlərini yandırsınlar. Ancaq dostu Maks Brod bu istəyi yerinə yetirmir və Kafkanı öləndən sonra məşhur edir. Vərəmdən ölən Kafkanın cəsədini isə yandırırlar. Qəribədir, əsərlərinin yandırılmasını istəyən yazıçının cəsədini yandırdılar. Serqey Yesenin – İncə, zərif şeirləri ilə qəlbləri oxşayan rus şairi. Biləklərini kəsib qanıyla son şeirini yazdı: “Əlvida, dostum”. Və sonra Leninqradda bir otel otağında özünü asdı. Skot Fitscerald – Məşhur amerikan yazıçısı. “Böyük Getsbi” romanı ilə tanıyırıq onu. Ssenarist kimi işlədiyi, həftəyə bir-iki dollar qazandığı yerdə infarktdan öldü. Uliyam Folkner – Amerikanın əfsanəvi yazıçısı. Atdan düşərək öldüyü deyilir. Ernest Hemenquey – Amerikan yazıçı. Ov tüfəngi ilə özünü öldürdü. Tomas Vulf – Amerikan yazıçı. Beynindəki infeksiyadan canını tapşırdı. Silvia Plat – Amerikalı şair. Başını sobaya soxub qazla özünü boğdu. Puşkin – Rus ədəbiyyatının şah damarlarından biri. Həyat yoldaşının sevgilisi olduğunu iddia etdiyi Danteslə dueldə yaralanır və həyata əlvida deyir. Stefan Svayq – Alman dilində yazıb-yaradan yəhudi əsilli məşhur yazıçı. Novellalar, oçerklər ustası. 1941-ci ildə müharibə əleyhinə yazılarına görə təzyiqlərə dözə bilməyib Braziliyada öz xanımı ilə bir yerdə intihar edir. Li Bo – Çin şairi. Gözəl haykular müəllifi. Bir gün çayda qayıqla üzərkən suyun üzərində əks olunan ayı tutmaq istəyir və boğulub ölür. Edqar Allan Po - Amerika ədəbiyyatında romantik hərəkatının liderlərindən biridir. Alkoqol və narkotik maddələrdən ifrat istifadədən başlayaraq, vəba xəstəliyi, quduzluğa yoluxma, intihar, vərəm, ürək çatışmazlığı və s. ölümünə mümkün səbəblər kimi göstərilmişdir. Onu içkili vəziyyətdə çirkab su axan kanalda tapırlar. Xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmur. Mayakovski – Rus poeziyasının önəmli adlarından biri. 1925-ci ildə yazdığı bəzi yazılara görə İngiltərəyə girişi qadağan olunur. Amerika Birləşmiş Ştatlarına isə Meksikadan keçərək daxil ola bilir. Həmin il yaxın dostu Sergey Yesenin Leninqradda İngiltərə otelində intihar edir. Yesenin sonuncu şeiri olan “ Əlvida dost, əlvida”nı damarını kəsərək qanıyla yazmışdır. Mayakovski buna qarşılıq olaraq dərhal şeir yazır, lakin həmin dövrün inqilabçılarının reaksiyasına səbəb olur. Bundan 5 il sonra 1930-cu ildə Lili Briki və ailəsini Sovet Sosialist Respublikası hökumətinə əmanət etdiyini bildirən bir məktub yazır və silahla intihar edir.

2 Avqust 2016 4:21

Fakt

Bizi izləyin