“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf  Konsepsiyasının tətbiqi: “Azərbaycan Respublikasında qeyri-neft sənayesinin inkişaf proqramı”

isa_aliyev_300

    İqtisadiyyat elmləri doktoru, professor İsa Alıyevin və Yaşar Məmmədovun birgə müəllifləri olduqları “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tətbiqi: “Azərbaycan Respublikasında qeyri-neft sənayesinin İnkişaf Proqramı” kitabı oxucular üçün dəyərli ədəbiyyatdır,qeyri neft sektorunun inkişaf etdirilməsi üçün bir yol xəritəsidir. Buradan bir daha görünür ki,zaman- zaman alimlərimizin yazdıqları kitablar,irəli sürdükləri konsepsiyalar  ölkə iqtisadiyyatının müxtəlif sahələrinə tətbiq edilsəymiş neftin dünya bazarında ucuzlaşması fonunda narahatçılıgımız bir o qədərdə əhimiyyət daşımazmış.   Müəlliflərə görə ölkədə mövcud olan əmək ehtiyyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və iqtisadi islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə işlənən müxtəlif proqramlar konsepsiyada əsas götürülür. Yəni, açıq göstərilir ki, lazım olan nəzəri proqramın əhatəli,məqsədyönlü həyata keçirilməsi nəinki iqtisadiyyatın eləcə də məşgulluq və yoxsulluq kimi ümdə məsələlərin  həllini də mümkünləşdirmiş olur. Monoqrafiya “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müasir elmi və praktik əsaslar üzrə tətbiqinə yüksək səviyyədə yardım etmək niyyəti ilə işlənib. Azərbaycanda qeyri-neft sənayesinin İnkişaf Proqramını irəli sürən konsepsiya ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsinin məqsədli dövlət proqramları vasitəsi ilə gerçəkləşdirilməsi əsas kimi monoqrafiyada öz əksini tapır. Göründüyü kimi zərurət Azərbaycan Respublikasında qeyri-neft sənayesinin İnkişaf Proqramının hazırlanmasını gündəmə gətirmişdir. Qlobal rəqabət mühitində inkişaf etməkdə olan qeyri neft sənayesi ənənəvi sahələrlə yanaşı, yeni məsul istehsalı üzərində qurulan müasir tipli sahələrin yaranması ilə də xarakterizə olunmalıdır. Kitabın əsas qayəsini konsepsiyanın tətbiqində dayanıqlı iqtisadiyyatın təmin edilməsinin diqqət mərkəzində olması, intellektual bazanın formalaşdırılması, informasiya texnologiyalarından daha geniş istifadə edilməsi təşkil edir. Müəlliflərin fikrincə, konsepsiyanın uğurlu tətbiqində praktiki və tətbiqi baxım əsas götürülməlidir. Burada regional idarəetmə və yerli özünüidarə orqanlarının fəaliyyətinə xüsusi önəm verilməli, bu mühüm istiqamətdə vətəndaşlar – hakimiyyət – cəmiyyət arasında dialoqun gücləndirilməsi diqqət mərkəzində saxlanılmalıdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tətbiqi, həmçinin “Azərbaycan Respublikasında qeyri-neft sənayesinin İnkişaf Proqramı”ndan istifadə edilməklə, ölkədə qeyri-neft sektorunun inkişafında xüsusi əhəmiyyət kəsb edir. Kitab dövlət qulluqçuları, əlaqədar nazirliklərin işçiləri, eləcə də elm adamları üçün çox əhəmiyyətlidir. Aysel Aslan Faktinfo.az

31 May 2016 5:57

Cəlil Məmmədquluzadə – Rus qızı

celil

  Tarixi-İsəvinin min səkkiz yüz doxsan dördüncü ilində piyada gedən Reynqarten Rusiya tərəfindən gəlmişdi Qafqazdan keçsin İrana, oradan Hindistana, Kitaya, Yaponiyadan dərya ilə gedəcək idi Amerikaya, Amerikadan gələcək idi İngiltərəyə, Firəngistana, Almaniyaya və beləliklə qərb tərəfindən daxil olacaq idi vətəni Riqa şəhərinə. Reynqarten xəyalında qoymuşdu həmin səfəri dörd ilin müddətində tamam etsin; amma elə yadımdadır ki, ancaq altı il ondan sonra Rusiya qəzetləri Reynqartenin Riqa şəhərinə qayıdıb gəlməyini xəbər verirdilər. Naxçıvana Reynqarten yaz fəsli aprel ayının əvvəllərində gəlmişdi. Mən nədənsə bu cənabı dost tutanların içinə daxil oldum və hətta onlardan da qabağa keçdim; çünki mən də buna qoşulub Naxçıvandan bununla piyada düşdük yola və beş-altı saatın ərzində kəsə yol ilə gəldik çıxdıq Culfaya. Burada Reynqarten üçün artıq hörmət göstərildi, xüsusən qulluqçular tərəfindən. Bir gün burada qalandan sonra Reynqarten paroma minib Araz çayından keçdi İran torpağına. Mən də camaat içində idim. Yaxşı yadımdadır ki, şiddətli yağış başladı və mənim həmin müvəqqəti və misli az tapılan dostum xurcunu dalında və əlində ağac piyada üz qoydu dumanlı Təbriz yoluna. Nə qədər təkid etdik ki, bəlkə ata ya arabaya minsin, söz yox, qəbul eləmədi; çünki onun da şan və şöhrəti elə həmin piyadaçılıqla idi. Mən haman gecəni qaldım köhnə rəfiqim və həmşəhərlim Məşədi Qulamhüseynin mənzilində. Həmin Məşədi Qulamhüseyn neçə illər idi Rusiya Culfasında ticarət edirdi və komisyon işlərinə də baxırdı; yaxşı da güzəranı var idi. Əhlü-əyalı burada olmazdı. Ancaq Məşədi İmaməli adında bir iranlı bunun pişmişini pişirərdi və həmi də ticarət işlərinə kömək edərdi. Məşədi Qulamhüseyn yaşlı adam idi və hərçənd saqqalını həmişə rəng ilə qaraldardı, amma yaşı əllidən əskik olmazdı. Doğrudur, zahirdə mömin və namaz qılana oxşayırdı, amma batində əhli-damağ idi. Bununla bərabər çox sədaqətli və xoşxasiyyət idi və hər necə olmuş olsa, mən ilə onun dostluğu həqiqi və köhnə idi. Hərçənd yaşımızda təfavüt çox idi, amma meyl-məzağımız bir-birinə çox uyardı. Və aramızda da o qədər zarafat var idi ki, səhərdən-axşamadək deyib gülərdik. Gecəni yatdım və sabahısı istəyirdim ki, qayıdam Naxçıvana, Məşədi Qulamhüseyn qoymadı. Mən qalmazdım, amma dostum söz verdi ki, sabah mən ilə o da Naxçıvana bahəm gedək. Bu təklif mənə xoş gəldi və haman günü Culfada qaldım. Amma necə qaldım? Məşədi Qulamhüseyn məni axşama kimi güldürdü. Yadımdadır ki, gecə yerimin içində Məşədi Qulamhüseyn gündüz söylədiyi sözləri bir-bir yadıma salıb gülürdüm. Xüsusən bir əhvalat olmuşdu ki, onu mən o vədə Məşədi Qulamhüseyndən eşidəndən sonra gəlib Naxçıvanda yazmışdım ki, yadigar olsun; amma haman dəftəri mən itirmişəm, yadıma düşən budur ki, indi yazıram. Söhbət haman rus qızı barəsindədir ki, onun hekayəsi bu balaca kitabçada rəvayət olunur. Səhər yuxudan bir az gec oyandım. Məşədi Qulamhüseynin samavarı qabaq otaqda oxuyurdu. Dostum özü evdə gözümə sataşmırdı; amma Məşədi İmaməli samavarın yanında səliqə salmaqda idi. Durdum geyindim, çay içdim. Dostum getmişdi tamojnaya. Çıxdım həyətə və yarım saata qədər orada gəzdim və Məşədi Qulamhüseyn də gəldi. Əlində kağız-kuğuz var idi, yerbəyer elədi. Məşədi İmaməliyə nahardan yana nə isə tapşırdı və mənə təklif etdi ki, çıxaq Culfanı gəzək. Araz qırağı ilə başı aşağı başladıq yavaş-yavaş getməyə. Bir qədər gedib qayıtdıq. Hava çox xoş idi; amma bir azca yel var idi. Plan ilə təzə tikilmiş evlərin qabağında tək-tük rus əhalisi görsənirdi. Bunlar tamojna qulluqçularının əhlü-əyalı ola bilərdi. Bir dükana girdik, papiros aldıq və genə çıxdıq, başladıq gəzməyə. Burada dostum Qulamhüseyn bilmədim uzaqdan nə isə görüb qayıtdı girdi dükana və mənə dedi: – Mən dükanda olacağam. Amma sən bu gələn qıza diqqət ilə bax. Mən durdum küçənin ortasında və gördüm ki, gələn on altı-on yeddi yaşında bir rus qızıdı. Qızın zahiri çox sadə və bəlkə də kasıb nəzərə gəlirdi. Bir qədər diqqət edib gördüm ki, qız vaqeən çox qəribə qızdı: ucaboy, kağız kimi ağ, xeyli lətif və çox gözəldi. Qız keçib uzaqlaşandan sonra Məşədi Qulamhüseyn gəldi yapışdı qolumdan və bir qədər dinmədi, sonra dayandı baxdı üzümə və soruşdu: – Necə, gördün? – Mən cavab verdim ki: – Gözəl qızdı. Dostum deyəsən bir şey fikirləşirdi və məni çəkə-çəkə apardı, bir az kənarda bir daşın üstünə oturtdu və özü əyləşdi. Sonra başladı: – Əzizim, sən bilirsənmi ki, mən səni nə qədər istiyirəm və bunu da bilirsən ki, mən səndən heç bir sirri gizlətmərəm. İndi mən sənə bir söz deyəcəyəm, amma qorxuram inanmıyasan. And olsun bizim dostluğumuza, and olsun o əzizlərimizin canına ki, həmin bu rus qızı ilə iki həftə bundan qabaq mən elə bir şirin-şirin öpüşmüşəm, necə ki, aşiq ilə məşuq çox illər ayrı düşəndən sonra görüşüb öpüşərlər. Doğrudan mən istədim şəkk edəm, amma bir tərəfdən dostumun andı, o biri tərəfdən də mənim barəmdə hər xüsusda onun sədaqəti gözümün qabağında durub məni bir halətə gətirdi ki, öz-özümə quruyub mat qaldım. Bunu gərək qabaqca ərz edəm ki, Məşədi Qulamhüseyn qoca olduğu halda çox da çirkin idi: qabaq dişlərinin çoxu düşmüşdü, qalanları da qaralıb uzanmışdı; bilmək olmurdu onların hansı üst dişləridi; hansı alt dişlərdi. Mən güman edirəm ki, nəinki on altı yaşında gözəl rus qızı, bəlkə altmış altı yaşında çirkin müsəlman arvadı da bundan iyrənib qaça bilərdi. Mən dostum Qulamhüseynə belə cavab verdim: – Yəqin ki, qız sənnən öpüşən vaxt kefli imiş. – Yox, and olsun sənin əziz canına, lap ayıq idi; çünki o qız heç vaxt kefli olmaz və heç vaxt içki içməz. – Dedim: – Bəlkə qız yuxuda olan vaxt sən gedib onu öpmüsən ki, xəbəri olmuyub. – Dedi: – Əziz canın üçün lap ayıq vaxtda olub. – Dedim: – Elədə o öpüşü çox baha qiymətə almısan. – Dedi: – And olsun sədaqətə, bir qəpiyə də almamışam. – Dedim: – Əzizim , dəxi mən bir şey anlamadım. Rəfiqim düşdü qabağa və yavaş-yavaş gəlirdik mənzilə tərəf. Nahar vaxtı deyildi. Mənzilə çatdıq və gördük ki, çay dəmdədi. Məşədi İmaməli çay gətirdi, yaxşı İran qurabiyəsi gətirdi, yaxşı püstə-badam gətirdi qoydu qabağımıza. Nədənsə rus qızının söhbəti yadımdan çıxmadı. Əgər mən Məşədi Qulamhüseyni yaxşı tanımamış olsa idim, xəyalıma gələrdi ki, şayəd yalan deyir; amma bilirdim ki, rəfiqim mənə yalan deməz. O biri tərəfdən də inana bilmirdim ki, bayaq gördüyüm gözəl rus qızı belə çirkin qoca kişiyə müftə yerə rəğbət edə. İkinci stəkana qənd salıb başladım qarışdırmağa və istədim qız söhbətini təzələyəm, amma Məşədi İmaməlinin girib-çıxmağı mane olurdu. Çay içib qurtardıq və Məşədi Qulamhüseyn İmaməlini göndərdi tamojnaya ki, Məşədi Əbdüləli dostunu nahara qonaq çağırsın. Mən fürsət tapıb üzümü tutdum Qulamhüseynə və dedim: – Mən müntəzirəm. – Dedi: – Niyə? – Dedim: – Rus qızının söhbətinin axırına. Məşədi Qulamhüseyn gülümsündü, amma dinmədi. Papirosunu yandırıb başladı sümürməyə və bir qədər fikrə gedəndən sonra dedi: – Qulaq as. – Dedim: – Asıram. Dostum genə bir qədər fikrə gedib dedi: – Qoy bu söhbəti bilmərrə qoyaq kənara. – Dedim: – Yox, Məşədi Qulamhüseyn, əgər sən bayaq nağıl elədiyin keyfiyyəti məhz zarafat üçün düzəldib nağıl eləyirdin ki, ancaq bir qədər gülək, günümüz xoş keçsin, söz yox, daxı bu barədə heç danışmayaq, keçək bir ayrı söhbətə; amma əgər rus qızı xüsusunda rəvayət elədiyin söhbət səhihsə, onda mən səndən acizanə, dostluğumun naminə rica edirəm ki, bu sirri açıb mənə bəyan edəsən. – Dostum dedi: – Di elədə yaxşı qulaq as. – Dedim: – Hazıram. Məşədi Qulamhüseyn belə başladı rəvayət eləməyə: – Bu rus qızı, necə ki, qabaqca da demişəm, tamojnada dasmotrşik İvanovun qızıdı. Atası bizim tamojnada dörd ildir qulluq edir və çox da yaxşı kişidir. Tamojna qulluğunda onun da mənə yaxşılığı keçər, mən də ona görüm-baxım edərəm. İşlərim yaxşı tutanda ona parçadan, xoşgəbardan sovqat göndərərəm. Özü kimi yaxşı bir arvadı da var, tez-tez məni qonaq da çağırırlar. Mənim, doğrusu, onlara getməyə çox xoşum olmazdı; çünki hər işləri öz qaydasınca yola vurmaq olar, ancaq kifir uşağı kifirlər donquz ətindən əl çəkmirlər. Gözəl qızdan savayı bunların genə iki balaca qızları var: biri yeddi-səkkiz, biri dəxi də ondan kiçik. Qabaqlarda mən onlara gedib gələndə xəyalıma bir şey gətirməzdim; amma axır vaxtlar haman qıza diqqət elədim gördüm ki, vaqeən xeyli gözəldir. Amma çifayda, yaşımın bu vaxtında o cür hurilər ilə dostluq qatmaq bizə, söz yox, qismət olmuyacaq. Xülasə. İki-üç həftə bundan qabaq xaçpərəstlərin pasxa bayramı idi. Mən hər ilki kimi getdim rus və erməni aşnalarımın evinə bayram görüşünə. Qabaqca getdim tamojna nəçərnikinin evinə, ordan poçt nəçərnikigilə və müxtəsər belə-belə axırda gəldim həmin İvanovgilə. Evin içində oxumaq səsi gəlirdi. Girdim içəri, gördüm üç-dörd nəfər rus kişisi, ev sahibi özü, arvadı, qızları stolun başında oturub yeyib içməkdə və oxumaqdadırlar. Məni görcək məclis tamamən “urra” qışqırıb qalxdı ayağa, bir neçəsi qaçdı qabağıma, başladılar məni qucaqlamağa və öpməyə və hər birisi məni öpdükcə deyirdi: “Xristos voskres”, yəni İsa dirildi. Mən istədim mane olam, amma o dəmdə yadıma saldım ki, bu gün bir bayram günüdür ki, xaçpərəst içində öpüşməyi rədd etmək böyük ədəbsizlik və bəlkə də günah hesab olunur. Mən qorxdum ki, bu qanunu pozmaqla ev sahibini həmişəlik özümdən incidəm. Bu da mənim üçün məsləhət deyildi. Qabaqca mən ilə öpüşən İvanov ilə üç nəfər kişi idi ki, bunların ikisini tanıdım: birisi genə bizim tamojnada dasmotrşik Vasilyev idi, o birisi bir cavan oğlan idi. Bunlardan sonra İvanovun arvadı haman kişilər kimi özü yavıqlaşdı və onlar kimi mənim dodaqlarımdan müvafiq qaydada öpdü, çəkildi. Sonra aha… gördüm haman gözəl qız… aha… yavıqlaşır… sənin əziz canın üçün, atamın qəbrinə and olsun, haman sən gördüyün gözəlçə rus qızı, o laləyə oxşayan dodaqlarını gətirib yapışdırdı mənim ağzıma və “Xristos voskres” deyib məni elə öpdü ki, huşum az qaldı başımdan dağıla və çünki mən bunu bilirəm ki, sən məni yaxşı tanıyırsan, bu səbəbə də artıq and içməyi lazım bilmirəm. Məşədi İmaməlinin başmağının səsi gəldi və söhbət burada qurtardı. Məşədi İmaməli naharı hazırladı və çox səliqəli və çox ləzzətli plova və bal qayğanağına bizi qonaq elədi. Gecəni yatdıq ki, səhər duraq, Məşədi Qulamhüseynlə bahəm Naxçıvana gedək. Sübh tezdən durduq və çayımızı içib, ikiqatlı poçt arabasına mindik və yola düşdük. Atları sürən bir yekə papaq qoca kişi idi ki, yol uzunu mürgüləyirdi. Hava bərk soyuq idi; amma Əlincə çayında gün elə qızdı ki, daha buludlardan kölgə umurduq. Məşədi Qulamhüseyn az danışırdı. Mən bir qədər alçaqdan buna dedim: – Məşədi Qulamhüseyn, sən bilirsən ki, dünyada sənin tək mənim heç iki nəfər də dostum yoxdur. İndi gərək bizim bu dostluğumuzun xatirəsinə sən mənə ən səmimi qəlbdən deyəsən görəm, haman rus qızı ki, küçədə bizim qabağımıza çıxdı və sən məni xəbərdar elədin ki, mən ona diqqətlə baxım, bəs səbəb nə oldu ki, sən gizləndin və istəmədin ki, qız səni görsün? Burada Məşədi Qulamhüseyn bir baxdı üzümə, amma dinmədi, sonra qəh-qəh çəkib güldü; o qədər güldü ki, arabaçımız yuxudan oyanıb, əvvəl bizə tərəf döndü baxdı, sonra başladı atları haylamağa. Təkərlərin hay-küyü Məşədi Qulamhüseynin gülməyini basdı və dostum ovcunun içində papirosunu tüstüləyib ağzını tutdu qulağıma tərəf və dedi: – Utanıram. – Və genə qəh-qəh çəkib güldü. Mən də başladım gülməyə və doğrusu budur ki, heç özüm də bilmirəm ki, niyə gülürəm. Yarım saatdan sonra gəldik çıxdıq Çeşməbasar kəndinə. Arabaçı atları saxladı, düşdü yerə və başladı atların o qulağından-bu qulağından dartmağa. Sonra qamçısını arabanın içinə tullayıb getdi; haradansa bir bağ yonca gətirdi, saldı atların qabağına. Ağızlarından cilovun dəmirini aldı və getdi girdi çayçı dükanına. Biz də düşdük yerə və bir neçə qədəm kənara gedib bir dik yerdə əyləşdik. Məşədi Qulamhüseyn əlini qoydu dizinin üstünə və mənə dedi: – İndi sən gərək cəmi əzizlərinin canına and içəsən ki, bu saat burada sənə hər nə nağıl eləsəm, onu nə qədər canın sağdır, bir yanda bir kəsə söyləməyəsən. Mən and içdim. Məşədi Qulamhüseyn başladı. – Uca olan Allah-taala cəmi günahkarların günahından keçsin, mən də onların içində. Ağama ərz olsun ki, bayram günü İvanovun evindən çıxdım, düz getdim mənzilə. Nahar vaxtı idi. Məşədi İmaməli çörəyi gətirdi qoydu ortalığa; amma gördüm ki, iştaham yoxdu. Axşam vaxtı bir stəkan çay içdim və güclə bir tikə çörək yedim, yatdım və sübh tezdən durub getdim Araz qırağına. Çayın lil suyu burula-burula, yavaş-yavaş axıb gedirdi və dünyada yaşıyan adamlar ilə işi də yox idi; çünki nə rusların pasxa bayramından xəbəri vardı, nə də rus qızları ilə öpüşməyin dadını anlamışdı. Çayın kənarından qayıdıb bir də gördüm ki, İvanovun evinə tərəf üz qoyub getməkdəyəm. Mərdi-mərdana girdim həyətə və İvanovun qapısını döydüm. Qapı açıldı, qapını açan haman kafirin qızı idi. Mənim indi yaxşı yadımda deyil ki, mən nə elədim, amma bunu bilirəm ki, “Xristos voskres” deyib qucağımı açdım qızın qabağına və istədim qızı qucaqlayıb öpəm. Məşədi Qulamhüseynin söhbətinin burasında mən daha özümü saxlaşdıra bilmədim və bərk güldüm; amma Məşədi gülmədi və dedi: – Amma bu zalımın qızı, bu mürüvvətsizin qızı, qoşa əllərini yuxarı qalxızıb tutdu gözümün qabağına və ancaq bunu dedi: – Poşol k çortu!.. Məşədinin ağzından bu söz çıxan kimi mən elə bərk uğundum ki, arabaçı çayçı dükanından çıxıb başladı mənə tamaşa eləməyə... Arabanı mindik və yarım saata gəldik çıxdıq Naxçıvana.

30 May 2016 11:49

Ernest Heminquey: Miçiqan (Hekayə)

ernes

  Liz ağlamağa başladı. Durub körpünün axırına qədər getdi və suya baxdı. Körfəzdən duman gəlirdi Liz üşüyürdü və üzülürdü. Ürəyində, sanki, hər şeyin keçib-getdiyi hissi vardı. Geri qayıdıb Cimin uzandığı yerə gəldi, onu bir də silkələdi ki, bəlkə oyana. Qız ağlayırdı. “Cim, – dedi, – Cim, noolar, Cim.” Cim Gilmor Hortons-Bey qəsəbəsinə Kanadadan gəlmişdi. Dəmirçi dükanını da qoca Hortondan almışdı. Bəstəboylu, əsmər bənizli idi, iri əlləri, qalın və böyük bığları vardı. Yaxşı nalbənd idi, amma önlüyünü geyinəndə də heç dəmirçiyə oxşamırdı. Dəmirçi dükanının üstündəki otaqda yaşayırdı, yeməyini də D.J.Smitgildə yeyirdi. Liz Kouts Smitgildə qulluqçuluq edirdi. Missis Smit iribədənli, təmizkar xanım idi və indiyədək Liz qədər səliqəli qız görmədiyini deyirdi. Lizin gözəl ayaqları vardı və həmişə zolaqlı pambıq parçadan təmiz önlük bağlayırdı. Cim onun saçlarının daim səliqə ilə arxaya darandığına fikir vermişdi və üzünə baxmaqdan xoşlanırdı, çünki üzündə şuxluq vardı, amma onun haqqında heç fikirləşməmişdi. Lizin Cimdən çox xoşu gəlirdi, onun dəmirçixanadan çıxıb gəlməsinə tamaşa etməyi sevirdi və bəzən Cimin yolu keçib yaxınlaşmasına baxmaq üçün gedib mətbəxin qapısında dururdu. Onun bığlarından xoşu gəlirdi, güləndə ağaran dişlərini görməkdən xoşu gəlirdi. Onun dəmirçiyə oxşarının olmamasından da çox xoşu gəlirdi. D.J.Smit və missis Smitin ona xoş münasibəti də Lizi sevindirirdi. Bir gün Cim həyətdə ləyəni qoyub yuyunanda onun əl-qolundakı tüklərin qara, qolunun gün dəyən yerindən yuxarı hissəsində isə ağ olmasını gördü və xoşuna gəldi. Buna görə içindən qəribə bir duyğu keçdi. Hortons-Bey qəsəbəsi beş evdən ibarət idi, Boyn Siti və Şarlvuanı birləşdirən əsas yolun kənarında yerləşirdi; bir mağaza, fasadının üst hissəsində hündür dekorativ çıxıntı olan və qarşısında daim furqon dayanan poçt binası, Smitin evi, Stroudun evi, Dilvortun evi, Hortonun evi və Van Huzenin evi vardı. Evlər gur qarağaclığın içində idilər. Yolun yeri çox qumsal idi və hər iki tərəfində fermer təsərrüfatları və meşəlik görünürdü. Yolun qəsəbədən yuxarı hissəsində metodist kilsəsi vardı və əks istiqamətdə, qəsəbənin aşağı çıxışında isə məktəb dururdu. Dəmirçi dükanının divarları qırmızı boya ilə rənglənmişdi və məktəblə üz-üzə idi. Meşənin içindən keçən maili qumsal yol təpədən körfəzə düşürdü. Smitin evinin arxa eyvanından baxanda gölə enən və körfəzin o biri sahilinə qədər uzanan meşə görünürdü. Yaz-yay aylarında, uzaqda, körfəzin parlaq maviliyində Şarlvuadan və Miçiqan gölündən əsən küləklərin yaratdığı köpüklənib ağaran dalğalar çox gözəl olurdu. Liz, Smitin evinin arxa tərəfində durub uzaqda, göldə dəmir filizi daşıyan və Boyn Siti tərəfə üzən barjları seyr edirdi. Liz gölə baxanda onların hərəkət etdiklərini hiss edə bilmirdi, amma gedib bir-iki boşqab silib qayıdanda barjlar uzaqlaşıb torpaq çıxıntısını – burunu keçmiş olurdular. Liz durmadan Cim Gilmor haqqında düşünürdü. Amma Cim qıza çox da fikir verənə oxşamırdı. O, D.J.Smitlə dəmirçixana haqqında, Respublikaçılar Partiyası haqqında və Ceyms G. Bleyn haqqında söhbətlər edirdi. Axşamlar böyük otaqda oturub lampa işığına The Toledo Blade və Grand Rapids qəzetlərini oxuyurdu, ya da D.J.Smitlə gedib körfəzdə fənər işığına balıq oxlayıb tuturdular. Payızda o, Smit və Çarli Uaymenlə furqona çadır, azuqə, balta, tüfəng və iki it götürərək, Vanderbiltin arxasındakı şamlıq düzünə, maral ovuna getdilər. Liz və missis Smit onların yoluna dörd günlük yemək hazırladılar. Lis istəyirdi ki, bu səfərə, Cim üçün yeməyə xüsusi nəsə hazırlasın, amma sonda alınmadı, çünki, missis Smitdən yumurta və un istəməyə çəkinirdi və qorxurdu ki, özü gedib onları alsa, bişirəndə missis Smit görər. Missis Smit yəqin ki, heç nə deməzdi, amma Liz çəkinirdi. Cim maral ovunda olduğu bütün müddətdə Liz onun haqqında fikirləşdi. Onun ayrılığı yaman pis idi. Cim haqqında fikirləşməkdən yata da bilmirdi, amma bundan özünün xoşlandığının da fərqindəydi. Fikirləşəndə keyfi əməllicə durulurdu. Onlar qayıtdıqları gündən əvvəlki gecə Liz heç yuxulamadı, daha doğrusu ona belə gəldi ki, yuxulamadı, çünki hər şeyi qarışdırmışdı, gah yuxuda görürdü ki, oyaqdır, gah da həqiqətən yuxulamırdı. Furqonun yolla gəldiyini görəndə içində bir süstlük və ağrı hiss elədi. Cimi gözləməkdən səbri tükənmişdi, Lizə elə gəlirdi ki, o gəlib çıxsa hər şey yaxşı olacaq. Furqon böyük bir qarağacın altında dayandı və missis Smitlə Liz bayıra çıxdılar. Kişiləri saqqal basmışdı, furqonda, arxadan taxtaya dönmüş nazik ayaqları bayıra çıxan üç maral cəmdəyi vardı. Missis Smit ərini öpdü, əri də onu möhkəmcə bağrına basdı. Cim “Salam, Liz,” – dedi və gülümsədi. Liz bilmirdi Cim gələndə nə olacaq, amma əmin idi ki, nəsə olacaq. Heç nə olmadı. Sadəcə kişilər evlərinə qayıtmışdılar. Cim kətan çuvalları dartıb çıxardı və Liz maralları gördü. Biri iri erkək maral idi. Cəmdək soyuyub qurumuşdu, furqondan qaldırıb çıxarmaq üçün naqolay idi. “Bunu sən vurmusan, Cim?” – Liz soruşdu. “Hə… gözəldir, deyilmi?!” – Cim onu çiyninə aldı və hisxanaya apardı. O axşam Çarli Uaymen şam yeməyinə Smitgildə qaldı. Bu vaxt Şarlvuaya qayıtmaq çox gec idi. Kişilər yuyundular və böyük otağa keçib oturub şam yeməyini gözləməyə başladılar. “O küpədə bir şey qalıbmı, Cimmi?” – D.J.Smit soruşdu. Cim tövləyə gedib ova apardıqları viski küpəsini furqondan düşürdü. Küpə dörd qallonluq[ 1 qallon = 3,78 litr] idi və hələ dibində kifayət qədər viski çalxanırdı. Küpəni gətirəndə yolda başına çəkərək bir uzun qurtum aldı. Belə böyük qabı qaldırıb içmək çox çətin idi – köynəyinin yaxasına viski dağıldı. Cim əlindəki küpə ilə içəri girəndə otaqdakılar gülüşdülər. D.J.Smit stəkan istədi və Liz gedib üç stəkan gətirdi. D.J. onları ağızlarına kimi doldurdu. “Yaxşı, sənin şərəfinə D.J.” – Çarli Uaymen dedi. “Vurduğun erkəyin şərəfinə, Cimmi” – Smit dedi. “Vura bilmədiklərimizin şərəfinə” – Cimmi dedi. “Həə…əladır!” “İlin bu vaxtında bütün dərdlərə ən yaxşı dərmandır”. “Birini də getsək necə olar, oğlanlar?” “Sağ ol D.J.” “Getdik badələri, oğlanlar.” “Gələn il də ova getməyimizin sağlığına.” Cimin keyfi qalxmışdı. Viskinin dadının ona verdiyi keyfi və gətirdiyi hissi sevirdi. Rahat yatağının və isti yeməyin yanına, dəmirçixanasına qayıtmasına sevinirdi. Bir stəkan da içdi. Şam yeməyinə yığışan kişilərin keyfi xeyli qalxmışdı, amma bir-birilərinə qarşı çox hörmətli idilər. Liz yeməyi gətirib stola qoyandan sonra özü də ailə ilə şam yeməyinə oturdu. Əla şam yeməyi idi. Kişilər yeməyə ciddi girişmişdilər. Yeməkdən sonra onlar yenə böyük otağa keçdilər, Lizlə missis Smit stolun üstünü yığışdırdılar. Sonra missis Smit yuxarı mərtəbəyə qalxdı və bir az sonra Smit də otaqdan çıxıb ora qalxdı. Cim və Çarli hələ böyük otaqda idilər. Liz mətbəxdə sobanın yanında oturmuşdu və özünü elə göstərirdi ki, guya kitab oxuyur, əslində isə Cim haqqında fikirləşirdi. Gedib yatmaq istəmirdi, çünki bilirdi ki, Cim böyük otaqdan çıxıb mətbəxdən keçəcək, onu görməyini özü ilə yatağına aparmaq istəyirdi. Cim otaqdan mətbəxə çıxanda Liz bütün varlığı ilə onu düşünürdü. Cimin gözləri işıqlanmış, saçları qarışmışdı. Liz başını aşağı salıb kitaba baxırdı. Cim arxadan onun oturduğu stula yaxınlaşıb dayandı, Liz onun nəfəsini duyurdu. Sonra qollarını onun bədəninə sarıdı. Qızın döşləri böyüyüb bərkləşdi, giləsi onun əlində iriləşmişdi. Lizi qorxu bürüdü, ona indiyədək toxunan olmamışdı, amma ürəyində – “axır ki, mənə gəldi, doğrudan gəldi,” – deyirdi. Liz qorxudan gərginləşib donmuşdu və nə edəcəyini bilmirdi. Cim onu stulun arxasına sıxdı və öpdü. Bu elə kəskin, ağrılı, alıcı bir hiss idi ki, Liz elə bildi ürəyi dayanacaq. Stulun söykənəcəyindən Cimin bədəninin hərarətini hiss edirdi və bu ona dözülməz gəlirdi. Sonra içindən nəsə keçdi, gərginliyi yumşalmağa başladı və istiliyin bədəninə yayıldığını hiss etdi. Cim onu bərk qucaqlamışdı və indi qız artıq bundan xoşhallanırdı. Cim onun qulağına pıçıldadı: “Gedək, bir az gəzək.” Liz paltosunu asılqandan götürüb geyindi və onlar bayıra çıxdılar. Cim bir qolu ilə onu qucaqlamışdı, onlar yeridikcə tez-tez dayanıb bir-birinə sıxılırdılar və Cim qızı öpürdü. Göydə ay görünmürdü və onlar ağaclığın içi ilə, ayaqları topuğacan quma bata-bata aşağıya, körfəzdə gəmilərin yan aldığı körpüyə və anbara tərəf gedirdilər. Suyun ləpələri körpünün dayaqlarını döyürdü və körfəzin əks sahili zülmət qaranlıq içindəydi. Hava soyuq idi, amma Liz Cimin yaxınlığının istisindən alışıb-yanırdı. Onlar anbarın damının altında oturdular və Cim onu özünə tərəf çəkdi. Qız qorxdu. Cim bir əlini onun yaxasından içəri salıb döşünü əlləməyə başladı, o biri əlini isə qızın dizinin üstünə qoymuşdu. Liz çox qorxmağa başladı, onun nə edəcəyini bilmirdi, amma özünü ona tərəf daha da yaxınlaşdırdı. Sonra dizinin üzərindəki ağır əl aşağı sürüşüb ayağının üzərində dayandı və yavaş-yavaş yuxarı qalxmağa başladı. “Eləmə, Cim,” – dedi Liz. Cim yuxarı çıxmaqda davam edirdi. “Olmaz Cim, olmaz, dayan.” Nə Cim, nə də onun böyük əli qızın sözlərinə fikir verirdi. Üstündə oturduqları taxtalar bərk idi. Cim onun ətəyini qaldırdı, ona nəsə eləmək niyyəti vardı. Liz bərk qorxmuşdu, amma istəyi ilə də bacarmırdı. Bunu istəyirdi, amma həm də bundan çox qorxurdu. “Etmə, Cim, olmaz… belə etmək yaxşı deyil.” “İstəyirəm. Olar. Bilirsən ki, etsək yaxşı olar.” “Yox, olmaz Cim... Bunu etməməliyik... Ah… Yaxşı deyil… Ah, nə böyükdür, ağrıdır… Eləmə… Cim… Cim… Ahh!” Körpünün döşəmə taxtaları bərk, kor-kobud və soyuq idi, Cimin ağır bədəni qızın üzərində idi, onu sıxırdı, ağrı verirdi. Liz çox narahat idi, əzilirdi, əllərilə onu geri basdı. Cim yuxulamışdı. Hərəkət edənə oxşamırdı. Liz onun altından çıxıb oturdu. Ətəyini, paltosunu düzəldib, saçlarını səliqəyə salmaq istədi. Cim ağzı aralı vəziyyətdə, yuxuda idi. Qız əyilib onun yanağından öpdü. O, yatmağında idi. Liz onun başını bir az qaldırıb silkələdi. O, başını çevirdi və udqundu. Liz ağlamağa başladı. Durub körpünün axırına qədər getdi və suya baxdı. Körfəzdən duman gəlirdi. Liz üşüyürdü və üzülürdü. Ürəyində, sanki, hər şeyin keçib-getdiyi hissi vardı. Geri qayıdıb Cimin uzandığı yerə gəldi, onu bir də silkələdi ki, bəlkə oyana. Qız ağlayırdı. “Cim, – dedi, – Cim, noolar, Cim.” Cim qurdalandı, bir az da yerini rahatlayıb yumuldu. Liz paltosunu çıxardı, əyilib paltonu onun üzərinə saldı, kənarlarını ehmalca onun altına keçirib səliqəylə bükdü. Sonra körpünün o biri başına tərəf addımladı və qumsal yolla yuxarı, yatağına doğru getməyə başladı. Körfəzdən ağacların arası ilə soyuq duman qalxırdı.

23 May 2016 10:51

Çingiz Abdullayev Şərif Ağayar haqda müraciət yaydı – SƏRT İTTİHAMLAR

cin

Şərif Ağayar “Exo” qəzetinə müsahibəsində PEN klub Azərbaycanın əleyhinə fikirlər səsləndirib: “PEN klubun təkcə adı var. Əməldə PEN klub da Yazıçılar Birliyi kimi təşkilatdır. Dünyada bizim PEN kluba ciddi yanaşılmır. Azərbaycanda PEN klub yoxdur.” PEN Klub Azərbaycan Şərif Ağayarın fikirlərini tənqid edən müraciəti “Exo” qəzetində dərc olunub. Kulis həmin müraciətin tərcüməsini təqdim edir. “Hörmətli redaksiya! “Görkəmli Azərbaycan yazıçısı” Şərif Ağayarın sizin qəzetdə dərc olunmuş iri həcmli söhbəti ilə yazıçıların hər iki təşkilatında dərhal maraqlandılar. Özünü məşhur hesab edən bu adamı nə yazıçı təşkilatlarında, nə də, ümumiyyətlə, yazıçıların və naşirlərin çevrəsində elə də tanıyan yoxdur. Ancaq məsələ bunda deyil. Onun danışdığı iki nağıl da bu adamın “qeyri- adi istedadından” xəbər verir. Çox təəssüflər olsun ki, onun istedadı başqa-başqa sferalarda özünü büruzə verir. O bədxah davranışlarına görə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən xaric ediləndə utandığından heç nə danışmamış, bir müddət susmağa üstünlük vermiş, yenidən Birliyə üzv olmaq üçün yalvarmaqdan çəkinməmişdir. Onun bu hərəkəti hamıya yaxşı məlum olmuşdur. Həmin vaxtlar AYB-də illik Prezident təqaüdləri verilən məqam olduğundan o təqaüd almaq üçün yenidən yazıçıların siyahına girməli olmuşdur. Birliyin rəhbərliyi humanist addım ataraq bu mövqesiz “ədəbiyyatçını” yenidən təşkilatın üzvlüyünə qəbul etmişdir. O, il ərzində bu təqaüdü alaraq AYB-nin üzvlüyündən çıxmamış, təşkilatın “qüsurlarından” söhbət açmamış, hər şey onu qane etmişdir. Elə ki, təqaüdün vaxtı bitmiş, bizim “mənəviyyat müdafiəçimiz” dərhal ayrılaraq özünün “prinsipial mövqeyini” xatırlamış və yenidən Birliyi tənqid etməyə başlamışdır. Birliyin ünvanına təhqirlər yağdıran, lakin ikinci dəfə sözügedən təşkilatın üzvlüyündən niyə çıxarılmasını açıb-ağartmayan “məşhur yazıçı” bu barədə susmağa üstünlük vermişdir. O, həmçinin, heç vaxt üzvü olmadığı, fəaliyyətindən məlumatsız PEN klubun da ünvanına tənqidi fikirlər söyləməkdən çəkinməmişdir. Bir həqiqət budur ki, PEN klubun üzvləri Şərif Ağayardan hər cəhətdən fərqlənən məşhur yazıçılardır. Başqa həqiqət isə budur ki, adı kağız üzərində qalan təşkilatını adi qeydiyyatdan keçirə bilməyən “haqq ədalət carçısı” nəzərə almayıb ki, onun silahdaşları arasında hətta bizim şəhərdə tanına biləcək bir müəllif belə yoxdur. Ancaq o, Azərbaycan Yazıçılar Birliyini tənqid etməkdən həzz alır. O birlik ki, mövcudluğunun səksən ili ərzində birmənalı şəkildə respublikamızın milli və dövlət maraqlarını, ana dilimizi, müstəqilliyimizi müdafiə etmişdir. Yetər ki, AYB-nin binasına daxil olanda həyatını xalqına, onun ədəbiyyatına həsr etmiş və qəfildən repressiya qurbanına çevrilmiş məşhur şair və yazıçılarımızın abidəsini görəsən. Dövlətimizi dünyada tanıdan xalq şairləri və yazıçıları, akademiklər, görkəmli alimlər, ədəbiyyatşünaslar ölkəmizin fəxarət ünvanıdır. Həmçinin, bizim boşboğazdan fərqli olaraq, Qarabağ uğrunda şəhid olan gənclərimizin fotoşəkilləri də çox şey deyir. Bu müharibədə on bir yazıçı öz övladını itirib. AYB-ni Stalin dövründən bəri dəyişməyən durğun və ölgün bir təşkilat kimi qələmə vermək ən azı övladlarını məmləkətimizin azadlığı uğrunda itirən yazıçılarımıza hörmətsizlikdir! Biz bu söhbətə baş qoşmaya da bilərdik. Axı yazı indiyə qədər minlərlə insanın inandığı bir qəzetdə dərc olunub. Məhz buna görə də sizdən xahiş edirik, bizim müraciətimizi dərc edəsiniz.” PEN Klub Azərbaycanın rəhbəri Xalq yazıçısı Çingiz Abdullayevdir.

19 May 2016 2:33

Anarın qızından xoş XƏBƏR

ana

Mayın 19-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yazıçı-publisist Günel Anarqızının “Seçilənlər” kitabının təqdimatı və musiqili ədəbi gecə keçiriləcək. Kitaba müəllifin 15 il ərzində (2001-2016) qələmə aldığı müxtəlif səpkili yazıları – müsahibə, esse, səyahət qeydləri, xatirə və ithafları daxildir. “Seçilənlər” kitabında oxucular dünya şöhrətli yazıçılar Çingiz Aytmatov, Oljas Süleymenov, Elçin, Çingiz Abdullayev, Xalq rəssamları Tahir Salahov, Toğrul Nərimanbəyov, Fərhad Xəlilov, Altay Sadıxzadənin müsahibələri, korifey musiqiçilər Tofiq Quliyev, Mirzə Babayev, Müslüm Maqomayev, Emin Sabitoğluna həsr olunmuş esselər, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu və digər sənətkarımız haqqında ithaf xarakterli yazılar yer alıb. Ümumilikdə, incəsənətin müxtəlif sahələrini, eləcə də Azərbaycan diasporunun fəaliyyətini əhatə edən və doqquz bölümdən ibarət olan “Seçilənlər”də oxucu 50-dən artıq olduqca maraqlı və oxunaqlı yazıyla tanış ola bilər. Kitabın təqdimatına həsr olunmuş ədəbi-musiqili gecədə kitabda yer alan, seçilən sənətkarlar, opera müğənniləri Fidan və Xuraman Qasımovalar, xanəndələr Alim və Fərqanə Qasımovlar, pianoçu Murad Hüseynov, aktrisa Mehriban Zəki, vokal instrumental “Qaya” qrupu və digər sənətçilər iştirak edəcək. Gecənin aparıcıları Nərgiz Cəlilova və Murad Dadaşovdur.

18 May 2016 1:50

Qurandan pul çıxardan yazarlarımız

edeb

  Ötən həftə Oğuz elində şadlıq çadırları qurulmuşdu. İgid yazarlar boy söylədi, xanın şərəfinə təşəkkürlərini bildirdilər “Quran motivləri əsasında” hekayə müsabiqəsində bacarana can qurban deyib yazarlarımız “Quran”dan da pul çıxarda bildilər. Müsabiqənin bu qədər uzanması Baybörən kimi yazarların səbr gözünü tutmuşdu. Niyə bu qədər uzandı? Bəlkə ədəbi iç oğuzla, dış oğuz arasında soyuq sular axır deyə barmağımı dişləmişdim. Yaxşı ki, nəticələr tez açıqlandı, Beyrək geri döndü, yoxsa indiyə barmağımı yeyib qurtarmışdım. 700 manat alan ağ çadıra, 500.. 300... və.s. hər kəs halından məmnun idi. Çox gözəl! Amma bir neçə saat sonra sosial şəbəkələrdə izləyicilər diplom yağışına tutuldu. Ilahi, bu nədir? Bəlkə Bakıda “Qramota” zavodu açılıb xəbərimiz yoxdur. Bizdə müsabiqələrdə münsiflər “komandir”in iştirakçı yazara münasibətini nəzərə alıb qiymətləndirmə aparır. Digər iştirakçıların kim olduğundan xəbərsiz olduğumdan, həmçinin özüm iştirak etmədiyimdən, sırf qaliblər əsasında bir-iki kəlmə söz deyib başınızı ağrıdardım. Mirmehdi Ağaoğlu, Elçin Aslangil, Günel Eyvazlı istənilən müsabiqədə qalib olmağa layiq yazarlardır. Mirmehdinin yazı üslübu, səlisliyi,(gənc ədəbi yazarlar arasında yazı dilinin ustalarından sayardım)Elçinin bir qədər ədəbiyyatdan, kənar bir rayon yerində azad fəaliyyəti, Günelin ədəbi cəfakeşliyi və son vaxtlar imzasını isbatlaması müsibiqənin ədaləti barədə adamda əminlik yaradır. Yoxsa, Quran üzərindən alver qurmaq zatən, sonradan qələminizə qənim olar. Müsabiqənin elanı bir qədər geniş işıqlandırılmaması və yaxud işığın tam effekt verməməsi ədəbi mühitin bir kəsiminin xəbərsiz olmasına səbəb olmuşdu. Bilmirəm, bəlkə də Qaraca çoban ocağa az odun ataraq, bu odunların arxasına keçmişdi, ya da istəmirdi “düşmənlər”i görsün, iştirak etsin... Qınamağıma baxmayın, qaliblərdən əlavə bəzi iştirakçıların ayrı-ayrı dini qurumlar tərəfindən də qiymətləndirilməsini hər halda gözəl nümunə kimi qiymətləndirərdim. Vaxtilə dindarların yazarlara münasibəti, az qala dərisini soymaqdan həzz alan bir cəmiyyətdə dini qurumlar, yaradıcılıq fondunun, məscidlərin birgə iştirak etməsi tolerantlığı, multikultural dəyərlərin qorunması, inkişafı üçün gözəl addımdır. Yaradıcılıq Fondunun son vaxtlar bu tip fəaliyyətlərini ədalət naminə qiymətləndirmək lazımdır. Emin PİRİ

17 May 2016 8:11

Leyla Əliyeva oğluna şeir yazdı

ley

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva yeni şeir yazıb. Axşam.az-ın məlumatına görə, L.Əliyeva şeiri oğlu Mikayıla həsr edib. Qeyd edək ki, L.Əliyevanın Əli və Mikayıl adlı əkiz övladı var. O, bu yaxınlarda qız uşağını övladlığa götürüb və ona Əminə adını qoyub. Мика, мой маленький принц! Принц из волшебной сказки! Грустные слезы с ресниц капают, с глаз печальных! Мальчик мной вечно любим, С чистой душой и без маски! Как хорошо быть детьми! Им не в помеху вопросы! Жаль, что, уча их, вредим! Жаль, что в глазах чистых слезы! Да, Маяковский писал, что хорошо, а что плохо, В детстве часами могли летать по лужайкам без вздоха, Но Маяковский сказал, что хорошо, а что плохо! Как он хотел научить? Правило, правильной жизни! Сумели его очернить, За бред восприняв эти мысли! Выжить он в мире не мог, Жить тяжело без подвоха! Взрослым не смог обьяснить, Что хорошо, а что плохо! Мика, мой маленький принц! Дайте ему вы свободу! Чтобы все слезы с ресниц В миг превратились в воду! В море, где сто парусов, В море, где рыбка из сказки, Сколько упреков и слов Терпят наивные глазки! Руки помой, не кричи, Встань переоденься скорее! А он забыл про часы, А он не смотрит на время! Вместе рисуем сидим шарики, ветки, зверушек! Жаль повзрослевших людей, Им не хватает игрушек! Дарят друг другу цветы И поступают как надо! Только бокал пустоты, Даром заполнится ядом! Только тарелка еды, Пусть на столе все накрыто! Как и бокал пустоты Вряд ли вас сделает сытым! Выпью я лучше вина, чтоб отрезветь для уроков! Чтоб была тише слышна грусть несуразных намеков! Выпью я лучше воды! Или отдам ее людям! А исполняя мечты, сыты по горло все будем! А исполняя мечты, а раскрывая желания, Наполнив бокал для души сладким нектаром из Рая, Наполнится сердце весной, страх и сомнения растают! Мика, мой принц золотой! Принцев не все понимают!

9 May 2016 11:28

Sabiq deputat Gülər Əhmədova şeir yazdı:”Daşı qəlbinə bas, yuxuda ağla”

gul

Sabiq deputat Gülər Əhmədovanın azadlığa çıxmasından 2 il ötüb. 2014-cü ilin 5 may tarixində Apellyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa çıxan G.Əhmədova Musavat.com-un əməkdaşı ilə söhbətində G.Əhmədova ötən 2 ili qiymətləndirmək istəməyib, deyib ki, o günləri xatırlamaq da istəmir. “2 il quş kimi keçdi” deyən sabiq deputat yeni şeirlər yazdığını bildirib. Faktinfo.az Musavat.com-a istinadən həmin şeirləri təqdim edir: "Daşı qəlbinə bas, yuxuda ağla" Dərdini danışma gülməsin ölüm Gülüşdə boğ yaşı,yuxuda ağla. Düşmənə, nakəsə göstərmə, gülüm, Daşı qəlbinə bas, yuxuda ağla. Bu dərd qurtaracaq, alma vecinə Qara fikirləri salma içinə Duayla sinə gər dərdin köçünə – Daşı qəlbinə bas, yuxuda ağla! Səni incitməsin tənəli baxış, Bu çətin gündən də var yenə çıxış… Təkcə Allahına dərdini danış – Daşı qəlbinə bas, yuxuda ağla… Hər kəsin öz dərdi, özünə böyük Dərdini dinləməz hər qəlbi sönük. Görsən ki çıxdılar dostların dönük – Daşı qəlbinə bas, yuxuda ağla… Dağın dərdi varsa – səma sirdaşı Ağac quruyarsa – istər yağışı… Səni qaldıracaq rəbbin naxışı – Daşı qəlbinə bas, yuxuda ağla… Rəbbin rəhimlidir, o sevir səni Dua et, onunla şad et qəlbini. Bu dünya aparıb neçə dərdini Daşı qəlbinə bas, yuxuda ağla… Bu günü o günə cala, tələsmə, Sakit ol, itaət eylə həvəslə İbadət əhlisən, de uca səslə: – Daşı qəlbinə bas, yuxuda ağla! Deyirlər, afərin dözürsən dərdə Sınmırsan, küsmürsən mərdə, namərdə. Haqqın bir üzü var çıxacaq hərdəm – Daşı qəlbinə bas, yuxuda ağla. Bir tarix yazırsan, hələ bilmirlər Kişilər kişilik nədir, bilirlər Səni başa düşər, bir gün aqillər Daşı qəlbinə bas, yuxuda ağla. *** Dağ və Külək bu dağa bir külək gəldi, aparacaqdı nə isə bu dağdan qoparacaq nəyi vardı apardı bir az toz, bir az qum, bir də kol-kos apardı. Dağa dəyə bilmədi bu dağ nəyin itirdi? qəlbindəki incilərimi?! köksündə idi, dəyə bilmədi külək, kolun saçından yapışıb sürüdü yelə verdi… dağ heç bir şey demədi, çünki qəlbi sağ idi. Küləklə sovrulanlar küləyə baş əydilər qalxıb göyün üzünə birdəfəlik öldülər. Dağdan keçən küləyin sayını itirmişəm əsirlərdir gəlirlər, uçurub sevinirlər dağsa durub dağ kimi, külək hey gəlib-gedir… kimin ki yox kimliyi qəlbi, könlü havada dəli kimi sovrulur sovrulanlar, soyanlar, tez-tez gəlib keçəcək nə tapsa aparacaq. Dağsa, elə daglığında qalacaq! *** Ərşə çəkilən yuxum Məni xoşbəxt edən yuxu, Niyə ərşə çəkilmisən? Yoxsa, qovuşdurmaq üçün mənə o günahsız körpəmin çökmüsən gözlərinə?! Bəlkə əsgər oğlumlasan kipriyindən asılmısan?! hara getmisən, ay yuxu, namərd dostlar kimi səndəmi üz çevirmisən?! Aparmasın sellər deyə namərd körpüsündən keçmisən! Axı mənim dostum idin dəmir qapı arxasında. Gəl apar məni, apar bəlkə, o körpə balam bu gecə açıbdı üstünü… Yəqin küsüb həm özündən, həm də məndən hər görüşdə: nə vaxt evə gələcəksən sorub, sorub yorulardı, ayrılanda ağlayardı. hardasan, ay namərd axı ağır keçir gecə. gəl, gəl, bu dəmir qapını keçək gizlicə, gizlicə yalnız sənlə görə billəm fidanımı ana qucağından uzaq üşüyərək yatanımı!  

6 May 2016 8:50

Zəlimxan Yaqubdan sonra aşıqlar sözü bir yerə qoya bilmirlər – Qalmaqal

zeli,

Artıq xəbər verildiyi kimi, Azərbaycan Aşıqlar Birliyinin İdarə heyətinin mart ayının 3-də keçirilmiş yığıncağı bir çox məqamlarla bağlı əsil qalmaqala səbəb oldu və sonradan Birlik daxilində müxtəlif ziddiyyətlərə yol açdı. Bu barədə bizimdovr.az-a bir müddət əvvəl daxil olmuş məktublarda da qeyd olunmuşdu ki, Aşıqlar Birliyinin yeni sədrinin seçilməsi məsələsi qurumun üzvləri arasında kəskin fikir ayrılıqlarının, hətta aşkar qarşıdurmaların yaranmasına səbəb olmuşdur. Həm də bir müddət əvvəl aldığımız açıqlamalara görə, mübahisələr və ehtiraslar daha çox Birliyin yeni sədrinin kimliyi ətrafında deyil, bu şəxsin məhz kim tərəfindən seçiləcəyi sualı ətrafında qızışmaqdadır. Belə ki, Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva və nazirliyin şöbə müdiri Fikrət Babayev bu “məsuliyyəti” öz üzərilərinə götürməkdə israrlı idilər və nəticə etibarı ilə buna qismən nail oldular. Buna etiraz edənlər isə, proseslərə münasibətlərini belə ifadə edirdilər: “Martın 3-də Mədəniyyət və Turizm Nazrilyi aşıqlarla bağlı daha bir tədbir də keçirib ki, bu da həm aşıqlar, həm də ictimaiyət tərəfindən narazılıqla qarşılanıb. Tələm-tələsik Birliyin idarə heyətini toplayaraq Zəlimxan Yaqubun yerinə professor Məhərrəm Qasımlını təyin ediblər. Bəli, məhz təyin ediblər. Ona görə təyin ediblər deyirik ki, toplantı idarə heyətinin iclasından çox vəzifəyə yeni təyin olunmuş birinin kollektivə təqdim olunmasına bənəzyib. Mədəniyyət və Turizm nazirliyinin şöbə müdiri Fikrət Babayev iclasa gələrək, M.Qasımlını bir növ kollektivə təqdim edib. İdarə heyətinin iclası adına keçirilən yığıncaqda isə, alternativ fikirlərin səslənməsinə sadəcə imkan verilməyib...” Redaksiyamıza yeni daxil olan məlumatlardan bu qənaətə gəlmək olur ki, Aşıqlar Birliyinin yeni sədrinin seçilməsi məsələsi ətrafında yaşanan gərginliklər hələ də səngiməyib. Bu xüsusda aldığımız bir məktubda deyilirdi: “Bir tovuzlu, aşıq sənətinin araşadırlması ilə məşğul olan bir alim olmasından dolayı Azər Xanlaroğluna dəstək üçün keçirilmiş xeyriyə konsertinə qatılmaq mənəvi borcu olmaqla yanaşı, bu, Məhərrəm müəllimin ən azından həm də daşıdığı vəzifəyə görə borcu idi. Əvvəla ona görə ki, ehtiyacı olana yardım etmək bir insanlıq borcudur. İkincisi də, Azər Xanlaroğlu həyatdan vaxtsız getmiş böyük bir sənətkarın – Xanlar Məhərrəmovun yadigarıdır və özü də gənc olmasına baxmayaraq, kifayət qədər tanınmış bir saz ifaçısıdır. Belə bir sənətkarı qorumaq isə hamının, xüsusən də Aşıqlar Birliyinin birbaşa borcudur. Üstəlik, Azər Xanlaroğlu həm də Aşıqlar Birliyinin idarə heyətinin üzvüdür. Əslində bu tədbiri elə Aşıqlar Birliyinin özü təşkil eləməli olduğu halda, görəsən bu biganələyin səbəbi nədir? Heç olmasa gəlib tədbirdə iştirak etməklə dəstək olmaq da mümkün deyildimi? İdarə heyətinin üzvünə belə münasibət göstərən M.Qasımlı görəsən digər aşıqlara necə qayğı göstərəcək? Sədr kimi kreslosunu “qızdırmamış” niyə belə sayğısızlıq nümayiş etdirdi? Heç olmasa bu tədbirə müavinlərini də göndərə bilməzdimi? Axı onun müavinləri Azərin həm də sənət dostlarıdırlar...” Bütün bunlarla yanaşı, aldığımız başqa bir məlumata görə, Aşıqlar Birliyinin İdarə Heyətinin məlum yığıncağının məhz mart ayının 3-də, Heydər Əliyev sarayında xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə ilə eyni gündə keçirilməsi və məhz həmin gün Məhərrəm Qasımlının Birliyə “sədr təyin olunması” bəzi dairələrdə heç də birmənalı qarşılanmayıb. Açıqlamada deyilir ki, cəmiyyətimizin bir çox tanınmış simaları Aşıqlar Birliyinin İdarə Heyətinin bu qərarının hüquqi yanlışlığı ilə yanaşı, iclasın məhz ZəlimxanYaqubun anım günündə keçirilməsini böyük şairə hörmətsizlik kimi qiymətləndiriblər və çox kəskin etirazlarını Mədəniyyət və Turizm Nazirliyinin yüksək ranqlı məmurlarına bildiriblər. Nəhayət, aldığımız başqa bir məktubda Məhərrəm Qasımlının Aşıqlar Birliyinin sədri vəzifəsinə təyinatına etirazlar daha sərt formada ifadə olunur: “Aşıqlar Birliyi reanimasiya şöbəsi deyil ki, bura xəstə adamları və sağlamlığı yerində olmayan şəxsləri göndərsinlər. Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, eyni zamanda nazirliyin şöbə müdiri Fikrət Batayev və Rəşad Əliyev Məhərrəm Qasımlının bu vəzifəyə təyin olunmasına çalışırlar. Onların arasında bizə bəlli olmayan anlaşma var. Bəstəkarlar İtiifaqının sədri bəstəkar, Yazıçılar Birliyinin sədri yazıçı, Rəssamlar İttifaqının sədri rəssam olur. Lakin Aşıqlar Birliyinə elmlə məşğul olan adam təyin etmək istəyirlər. Məhərrəm Qasımlı Ədəbiyyat İnstitutunda elmi iş üzrə direktor müavinidir. Bu vəzifəylə paralel olaraq, əlavə Aşıqlar Birliyində də işləyir. Aşıqlar arasında aparılan sorğulara görə, birliyin üzvləri aşıq sənətində olan bir adamı, həm də gənc və sağlam birini sədr görmək istəyirlər. Məhərrəm Qasımlının xəstəliyini hamı bilir. Həkim nəzarətindədir. 2 dəfə ürək əməliyyatı keçirib, 3 dəfə insult olub. Gözlərində problem var və digər xəstəliklərdən əziyyət çəkir. Mədəniyyət və Turizm Nazirliyində olan himayıdarları isə, onun səhhətində olan problemləri bilə-bilə, öz maraqlarına görə, onu Birliyə sədr gətirmək istəyirlər. Aşıqlar da narahatdırlar ki, Məhərrəm Qasımlı bu vəzifəyə gəlsə, təşkilatın işi yenə iflic olacaq. Görəsən nazir Əbülfəs Qarayev bütün bunlardan xəbərdardırmı? Düşünürük ki, nazirə düzgün məlumat verilmir. Müavini və işciləri onu da aldadırlar. Nəzərə almaq lazımdır ki, ölkə prezidenti cənab İlham Əliyev də kadr siyasətində məhz gənclərə daha çox önəm verir”.

4 May 2016 11:32

Şəmil Sadiq yazır:”Ədəbiyyatın onları”

edeb

Şəmil SADİQ Filologiya üzrə fəlsəfə doktoru Onlar çoxdan var idilər. Və elə bilirdilər ki, onlardan başqa heç kim yoxdur, heç vaxt olmayacaq da. Amma bir gün Bunlar gəldilər. Çox uzaqdan yox, elə Onların öz yanından, düzünə qalsa, “şinellərinin altından”… Amma eyni şineldən çıxmalarına baxmayaraq, çox keçmədi ki, başladılar Onlara daş atmağa, tənqid etməyə, hətta məqamı gəldikdə üz döndərməyə. Onlarsa əvvəl bu səs-küyə əhəmiyyətsiz yanaşdılar. Kreslolarından, şanlarından, şöhrətlərindən, uğurlarından, titullarından, nüfuzlarından elə möhkəm yapışdılar ki, durduqları yerdən bu “dimdiyi sarılar” heç görünmədilər də. Amma dimdiklərinin sarılığına niyə baxırsınız ki? Bunlar Onların qabırğasına döşəmədən durmur, tərifbazlıqda, məddahlıqda, çərçivəli olmaqda, nüfuzlarından sui-istifadə etməkdə, kimlərinsə hesabına yazıb yaratmaqda, şablonçuluqda, bir tikə çörək üçün onun-bunun qoltuğunda gəzməkdə, 50 qrama palaz-palaz məqalələr yazmaqda qınayırdılar. Bu civiltiləri əslində haqqın səsi də hesab etmək olardı. Çünki dediklərində haq söz az deyildi. Amma nə fayda ki, Onlar bu sözləri ya eşitmir, ya da cidd-cəhdlə özlərini eşitməzliyə vururdular. Beləcə, Bunlar boğazları yırtılana qədər civildədilər, beçə xoruzlar kimi banladılar, hətta bülbül kimi cəh-cəh də vurdular. Və… Bir gün, nəhayət ki, bu səsi dinləyənlər tapıldı. Hətta az qaldı desinlər ki, Bunlar Allahın elçiləriymişlər, bu dünyaya başqa bir şey üçün deyil, elə Onları başa salmaq üçün gəlibmişlər. Sonra qəribə bir şey oldu… Onların öz içlərindən bir neçəsi dəstədən qopub Bunlara dəstək verməyə başladı. Qabaqlarına o qədər dən tökdülər ki, gəl görəsən… Ye ki yeyəsən… Elə qazan da bu zaman qaynamağa başladı. Ac qalan Bunlar o qədər fərqli səslər çıxardılar ki, adamlar az qaldılar lap valeh olsunlar… Və… bu zaman da başqa bir problem çıxdı ortaya. Məlum oldu ki, artıq Bunlar da böyüyüb Onlara oxşamağa başlayıblar. Hətta artıq kimlər üçünsə birmənalı şəkildə Onlar kimi görünürlər. Hətta camaat artıq Bunları dinləyir, Bunları eşidir, Bunların sözünü söz sayır… Bir gün isə… Onlar bir də onda ayıldılar ki, vay dədəm vay, sən demə Bunlar o qədər də balaca deyilmişlər. Bunları görməzdən gəlmək də yanlış iş olub… Beləcə… Günlər keçdi, ay dolandı, Bunlar Onların bəzilərindən aldıqları dəstək nəticəsində yaxşı-yaxşı böyüdülər. Və başladılar prosesi özləri yönləndirməyə. Həm də Onlara bənzəməyə. Onlarda bəyənmədiklərini daha modern, postmodern, nyupostmodern, ən nyupostmodern kimi metodlarla özləri həyata keçirməyə başladılar. İlk öncə yalançı şöhrətlərinə büründülər, sonra dəstə yaratdılar, sonra 150 qrama məqalələr yazdılar, sonra Bunların ardınca gələnləri bəyənməməyə, araya-bərəyə qoymağa çalışdılar. Sonra da özləri-özlərini tərfilədilər. Bir sözlə, Onların etdiklərini “ananın dalınca budaq-budaq gəzən bala kimi” daha qəşəng, dünya və Avropa standartlarına daha uyğun, texnologiyalardan daha çox bəhrələnərək təkrarladılar. Və beləcə Onların qocalmış şir kimi uzanıb Bunlara baxmaqdan başqa çarəsi qalmadı. Hətta iş o yerə çatdı ki, Onlar bəyənmədikləri Bunlara müsahibə vermək üçün ciddi-ciddi növbəyə də durdular. Amma öz aramızdır, bunu da deməsək olmaz: Onların verdiyi müsahibələr Bunların hesabına yaxşı-yaxşı oxundu da, maraqla qarşılandı da… Hətta heyrətlə əldən-ələ, gözdən-gözə ötürüldü də… Bunu görənlər isə dərk etdilər ki, Onlar və Bunlar arasında fərq əslində bir hərfin yaratdığı fərq qədər imiş… Bircə hərfin…

3 May 2016 3:44

Yaxın tarix. 28 aprel 1920-ci il…

ss

“Gecə yarısı bir zirehli qatar - tək bircə qatar təzə Müstəqil Azərbaycan Respublikasının təzə sərhədini keçib Qızıl Ordu əsgərlərini yuxulu Bakı vağzalına gətirmişdi. Beləliklə, Azərbaycan ordusu heç bir atəş də açmadan yoxa çıxmışdı. Respublika məhv olmuş, qalib Rusiya isə öz əvvəlki varını özünə qaytarmışdı. Mən öz gözlərimlə bir dünyanın sonunu gördüm...” Bu cümlələr Ümmülbanunun (Banin) “Qafqaz günləri” kitabındandır. Bakı milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, ADR-in ticarət və sənaye naziri Mirzə Əsədullayevin qızı olan Ümmülbanunun (1905-1992) Azərbaycanda Sovet hakimiyyəti qurulanda 15 yaşı vardı. 28 aprel hadsəsinin ətrafında yaratdığı ovqatı o, aşağıdakı cümlələrlə ifadə edir: “Hava xoş, təbiət gözəl olsa da, atam evdə qapanıb qalır, çölə çıxmağa cəsarət etmirdi. Sarı rəngli nazir şəridini şkafın siyirməsinə atmışdı. Nə parlament qalmışdı, nə də üzvləri. Rusiyanın qalıqlarından yaranmış bu respublikanın ömür sürdüyü iki il ərzində Bakı camaatı lovğa-lovğa deyirdi:“Biz müstəqilik, müstəqilliyimizi Cenevrə konfransı da elan edib. Onlar bizə hücum edə bilməzlər. Həm də ki, biz silahlanmışıq, onları isə müharibə və vətəndaş qalmaqalı əldən salıb...” *** Qızıl Ordunun Bakıya daxil olmasının yaratdığı pərtlik cəmisi 3 il əvvəlki ifrat entuziazmla daban-daban ziddiyyət təşkil edirdi. Əhval-ruhiyyələrin tərsinə çevrilməsi, ümidlərin puç olması üçün qısa zaman bəs etmişdi. 3 il əvvəl necə idi? 1917-ci ilin 27 fevralında Petroqradda qalib gələn burjua inqilabı və mütləqiyyətinin ləğvi haqda ilk xəbərlər Bakı qəzetlərində yalnız martın 2-də iri hərflərlə dərc olunmuş və Bakı əhalisi tərəfindən böyük coşğu ilə qarşılanmışdı. İrəlidə isə hələ bir neçə il davam edəcək “Qaranlıq dövr” vardı. Ancaq yaranmış nikbinlik fonunda gələcək əlvan rənglərdə görünürdü. Həmin entuziazmın təsvirinə Manaf Süleymanovun əvəzsiz “Eşitdiklərim.Oxuduqlarım. Gördüklərim” kitabında rast gələ bilərik. O vaxt devrilmiş mütləqiyyətin simvollarından hətta imperatora can-başla qulluq göstərmiş şəxslər də imtina edirdilər. Manaf Süleymanov kitabında 1917-ci ilin martında baş vermiş diqqətəlayiq bir hadisədən söz açır: “Bir qrup Bakı qaragüruhçusu, Nikolayın adı çəkiləndə səcdə edənlər - keşiş Ekzar Qruzi, maarif inspektoru Saxnovski, milyonçu çolaq Ağabala Quliyev, qoluzorlu Hacı Aslan Aşurov, Bakı texniki məktəbinin direktoru Bajenov toplanış məskənləri olan Aleksandro-Nevski kafedral “Qızıllı” kilsəsinin həyətinə yığışıb avara Qara Məmmədə bir qızıl onluq verərək faytona oturtdular və hündürlüyü iki arşın, eni bir arşın olan qızılı çərçivədəki II Nikolayın portretini qabağına qoyub küçələrdə, meydanlarda gəzdirtdilər. Macəra axtaranlar, əyləncə həvəskarları, bekar adamlar faytonda oturmuş Qara Məmmədə və tutduğu portretə tamaşa edə-edə gülüb söz atırdılar. Qaragüruhçuların bu çıxışı nümayişdən çox matəm, özü də gülünc matəm mərasiminə oxşayır, Romanov xanədanının son çarının həqiqətən basdırıldığını təsdiq edirdi”. Bakıda siyasi həyat canlanır və hər kəsin ölkənin gələcəyinə dair öz planı peyda olur. Çoxlu sayda yeni psevdo-partiyalar da yaradılır. Manaf Süleymanov öz kitabında bu barədə yazır: “Bakıda hər yerindən duran bir partiya yaradır, stol qoyub siyahı tutur, adamları öz tərəfinə təşviq edir və hər biri də xalqa hürriyyət, əmin-amanlıq, firavan dolanışıq, çoxlu qazanc vəd edirdi və bu yolla əhalini tora salmağa cəhd edirdilər. Hətta burjuaziya məclis düzəldib əhaliyə pulsuz şirin çay “qonaqlığı” da verirdi. Adam vardı gündə bir “partiya”ya yazılırdı...” Oktyabr inqilabından sonrakı Bakı isə sanki açıq qapıdır. Yerlə sürünən hakimiyyəti kim istəsə növbə ilə götürür - Kommuna, Sovet, “Sentrokaspi” diktaturası, “Zakaspi”, “Müsavat”. Bakıya kim istəsə girib çıxırdı - türklər, almanlar, ingilislər, ruslar... Və klassik anlamda hakimiyyətdən danışmaq da qüsurludur. Və bütün bu anaxronizmlər 28 aprellə bitir. *** Tarixi gerçəkliyi ən düzgün çatdıra biləcək vasitə - sənədlər və memuarlardır. Xüsusən də, onlar postfaktum yox, hadisələr vaxtı yaranıbsa və onların müəllifləri kənar bioqraflar yox, şahidlər və bilavastə iştirakçılardırsa. Və bu iştirakçılar bu sənədləri hadisələrin gedişatını işıqlandırmaq üçün hazırlayıbsa. 28 aprel 1920-ci il - Azərbaycanda Sovet hkimiyyətinin qurulması ilə bağlı bu sənədlər ortaya rəsmi və populist versiyalardan tamamilə fərqlənən həqiqətləri üzə qoyur. Məlum olur ki, ölkədə bolşevizmə müqavimət az qala olmayıb, hökumət qalmaq yox, qaçmaq barədə düşünüb, bolşeviklər isə Atatürkün köməyi olmasaydı, Azərbaycanda çətinliklərlə qarşılaşardı. Bu inqilabın xeyrinə çox aktiv rolu türk əsgər və zabitləri oynayıb, elə onlar da Müsavat hökumətinin Bakıdan qaçmasına mane olaraq nazirləri bolşeviklərə təhvil verib. Hadisələrin kaleydoskopu isə elə sürətlə fırlanır ki. Xalq arasındakı 2 il əvvəlin nikbinlik və coşğusundan da əsər-əlamət qalmayıb. 1920-ci il martın 21-də İnqilabi Hərbi Şuranın (Revvoensovet) sədri Lev Trotski Siyasi Büronun Qafqaz üzrə nümayəndəsi Stalinə sorğu yollayır: “Novorossiysk və Qroznıya sahib çıxandan sonra sizdən 3 atıcı və 2 süvari diviziya götürüləcək… Cavab verin, bu şəraitdə Bakının alınması və əldə saxlanması üçün dərhal əməliyyat həyata keçirilməsini mümkün sayırsınızmı?” Stalin elə həmin gün Moskvaya teleqram vurur: “Qalan qüvvələrlə Bakı rayonunu saxlamaq olar. Əgər neytralitet təklif etsək, gürcülər də təhlükəli deyil”. Eyni zamanda, bolşeviklər türk milli hərəkatının rəhbəri Mustafa Kamalın (Atatürk) köməyinə arxalanırlar. 1920-ci ilin yazında RK(b)P-nin Mərkəzi Komitəsinin Qafqaz bürosu Atatürk hökuməti ilə saziş bağlayır. Rusiyanın türklərə ingilislərlə mübarizədə yardım edəcəyi müqabilində türk millətçiləri Qızıl Ordunun Azərbaycanı tutmasına faktik xeyir-dualarını verirlər. Bolşeviklərin Qafqaz bürosunun sədri Orconikidze (Serqo) RSFSR xarici işlər naziri Çiçerinə yazır: “Türkiyədəki millətçi hərəkatın rəhbəri Mustafa Kamal paşa Azərbaycandan tələb edib ki, Sovet qoşunlarını öz ərazisindən Türkiyə sərhədinə buraxsın”. Və oradaca işarə vurur: “Ola bilsin ki, bizim Bakıya girməyimiz və onu sovetləşdirməyimiz qansız ötüşsün”. 21 aprel 1920-ci ildə Orconikidze və Tuxaçevski Bakıya hücum əmrini verirlər. Aprelin 23-də hücumun məqsədi tam aydınlaşır: “…11-ci ordunun son məqsədi yalnız Bakı quberniyasını yox, Azərbaycanın bütün ərazisini tutmaqdır”. Aprelin 26-dan 27-nə keçən gecə Qızıl ordu hissələri Azərbaycanla sərhədi keçir, 1 gün sonra isə yerli hökumət Bakını yerli kommunistlərə verərək təslim olur. Vur-tut 24 saat ərzində. Orconikidze və Kirov Leninə yazırlar: “Bizim qoşunlarımız heç bir müqavimətə rast gəlmədən irəlilədi. Hakimiyyət yerli kommunistlərə təhvil veriləndən 2 saat sonra bizim zirehli qatarlarımız artıq Bakıdaydı…” Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında Qızıl Orduya əhəmiyyətli yardımı türk hərbi məsləhətçiləri göstərir. Məhz sonuncular Azərbaycan ordusuna nəzarət edirdi. Orconikidze və Kirov Leninə yazırlar: “Azərbaycan ordusu bütünlüklə bizim tərəfimizə keçdi. Bakı inqilabında türk əsgər və zabitləri çox aktiv rol oynadı. Onların dəstəsi yerli hökumətin Bakıdan qaçmaq imkanlarının qarşısını aldı”. Vəssalam. Və nəhayət - 1920-ci il mayın 1-də həmin dəstənin komandiri Sovet Rusiyasının ali hərbi mükafatı - Qırmızı Bayraq ordeni ilə mükafatlandırdı. Belə mükafatı kimə gəldi vermirdilər, xüsusən də əcnəbilərə… *** Devrilmiş hökumətin üzvlərinin həmin günlərdəki əhval-ruhiyyəsini Ümmülbanı “Qafqaz günləri”ndə öz atasının misalında bu cür təsvir edir: “Atam ciddi ruhi düşkünlük keçirirdi. O, ağzını açıb danışmasa da, peşmançılığını və özünü nədə günahlandırmasını duymaq olurdu. Vaxtında Bakıdan çıxıb getməmiş, pullarını xarici banklara keçirməmiş, nazir vəzifəsinə uyub qalmışdı. Sarı nazir qovluğu boşalmış, qapısı nəzarətçisiz qalmışdı. Atam sadəlövhlüyünün cəzasını çəkirdi...” Məmməd Süleymanov

28 Aprel 2016 6:40

Musiqili Teatrda yeni tamaşa – “Mənim günahım”

tam4

Azərbaycan Dövlət Musiqili Teatrında yeni layihəyə start verilib Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu PİA.AZ-a bildirib ki, söhbət böyük dramaturq, Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında hazırlanan tamaşadan gedir. Layihənin ideya müəllifi və rəhbəri Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rejissor Əliqismət Lalayevdir. “Böyük, unudulmaz sənətkarımız İlyas Əfəndiyevin həmişə diqqətimdə olan möhtəşəm lirik-psixoloji dramı, dünyaca məşhur bəstəkar Qara Qarayevin ölməz, bənzərsiz balet musiqisi əsasında hazırlanan bu tamaşa bir çox sürprizlərlə zəngindir. İnanıram ki, janrına görə sevgi haqqında pritça kimi dəyərləndirdiyimiz “Mənim günahım” hamı tərəfindən bəyəniləcək. Tamaşanın quruluşçu-rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə xanım Gözəlovadır. İradə xanım buna qədər də bizim teatrla əməkdaşlıq edib. Onun hazırladığı Ə. Haqverdiyevin “Kimdir müqəssir?” əsəri böyük marağa səbəb olub. Hazırda premyerasına hazırlaşdığımız “999-cu gecə” tamaşasının rejissoru da İradə xanımdı. “Mənim günahım” onun Musiqili Teatrda 3-cü işi olacaq. Yeri gəlmişkən, bu tamaşanın quruluşçu-rəssamı da Gəncə Dövlət Dram Teatrının istedadlı rəssamı Elnur Axundovdur. Tamaşada baş qəhrəmanı – Nurcahan obrazını hər zaman özünəməxsus ifası ilə fərqlənən, Xalq artisti, “Şöhrət” ordenli Şükufə xanım Yusupova canlandıracaq. Şükufə xanım bizim teatrla artıq bir neçə ildir ki, əməkdaşlıq edir. Onun iştirakı ilə tamaşaya qoyduğumuz N.V. Qoqolun “Evlənmə” əsəri 2012-ci ildə “Zirvə” mükafatına layiq görülüb. Ayqız obrazını ifa edəcək gənc balerina Cəlalə Novruzlu isə tamaşaçılar üçün yeni sima olacaq”, - deyə Əliqismət Lalayev söyləyib. Qeyd edək ki, tamaşanın quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-baletmeysteri Leyla Ağayeva, drijoru Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor-assistenti Saray Kərimlidir.

20 Aprel 2016 12:11

Qəribə adam  

qer

Seyran Səxavətin 70 illiyinə ...Biz bir-birimizi doğulmamışdan tanımışıq. Torpağımızı tanıdığımıza görə, eyni bulaqlardan su içdiyimizə görə, eyni səmanın altında eyni havanı udduğumuza görə, eyni çəmənliyin ətrindən bihuş olduğumuza görə, eyni çayda (göldə) çimib, eyni günəşin şüaları altında isindiyimizə görə, eyni nəğmədən öyüd, eyni papaq qoyan kişilərdən tərbiyə aldığımıza görə... O, bir dəfə mənə dedi: - Mən səni bələkdən tanıyıram, çünki sən anadan olanda, mən artıq 17-18 il idi ki, sənin atanın qardaşı oğlu idim... Amma buna baxmayaraq mən az qala doğulandan, ən geci onun adını ilk dəfə eşidəndən başlayaraq ən müxtəlif situasiyalarda və ən müxtəlif şəkildə onunla tanış olmağa, onu daha yaxından tanımağa başlamışam, çalışmışam. ...Bu yaxınlarda onun 70 yaşı tamam oldu. Bu, məşhur yazıçı üçün əlamətdar yubileydir. Son 50 ildə Azərbaycan ədəbiyyatında, özünün ifadəsi ilə desək, Azərbaycan ədəbiyyatının “ərazisində” özünə yer eləmiş və illər keçdikcə o yeri möhkəmləndirmiş, indi isə tamamilə özəlləşdirmiş yazıçının bayramı münasibətilə əksər saytlar, qəzetlər, ümumiyyətlə, ölkə mətbuatı yazılar verdi, onun müsahibələrini, haqqında dostlarının, həmkarlarının, ailə üzvlərinin müsahibə, ürək sözləri və rəylərini dərc etdi. Bütün bunlar, əlbəttə, yaxşıdır. Əladır. Ancaq, mənim fikrimcə Seyran Səxavət haqqında bir neçə söz də biz deməliyik. Biz – yəni, yağlıvəndlilər. Onun kəndçiləri… *** Bir yağlıvəndli olaraq onun “sahib çıxmağa” iddia etdiyi Yağlıvənd “var-dövləti”nə biz də şərikik, bizim də iddiamız var. Əsas fərq, əsas məsələ odur ki, Seyran müəllim, tutaq ki, Əsgərxan bulağından məndən qabaq su içib, amma o da var ki, ondan qabaq da o bulaqdan su içən olub, ondan sonra da və inanıram ki, gələcəkdə də olacaq. Ancaq, təbii ki, Seyran Səxavət YAĞLIVƏNDİN DÜNYA ƏDƏBİYYATINA BƏXŞ ELƏDİYİ ƏN BÖYÜK YAZIÇIDIR! Əlbəttə, yağlıvəndli olmayan adamlar dərhal deyə bilər ki, o boyda yazıçını bir kənd səviyyəsinə endirmək nəyə lazımdır?.. Hətta bunu nadanlıq hesab edə bilərlər. Amma Yağlıvənd adlı bir dünyaya bələd olan hər kəs hesab edir ki, Seyran Səxavətin bugünkü səviyyədə yazıçı olmasının ən birinci və ən əsas səbəbi məhz YAĞLIVƏNDLİ olmasıdır. ...Və özünün də etiraf etdiyi kimi, bütün ömrü boyu yazdıqları da məhz Yağlıvənd haqqındadır. Düzdür, o, özü bunu “ömrüm boyu özümü yazıram” şəklində ifadə edir. Lakin, biz bunu “ömrüm boyu Yağlıvəndi yazıram” kimi başa düşürük. Bizim və ümmuiyyətlə, heç kimin qarışa bilməyəcəyi yeganə məsələ isə Əsgərxan bulağından su içməsinə də, Qara Quzeyin təpəsindən dünyaya baxmasına da, hələ “bir qarış” vaxtlarından Bakıdan “yekə-yekə” məktublar almasına da onun və başqalarının haradan və necə baxmasıdır. Və bu baxışı müəyyən edən də məhz Tanrının ona bəxş elədiyi təbii istedaddır. Hamının gözünün qabağında olan, hamının baxdığı, lakin heç də hamının görə bilmədiyini görə bilmək bacarığını ona verən İSTEDAD! Yəqin məhz buna görə də o, demək olar ki, bütün əsərlərinin girişində qeyd edir ki, “Mənim yazdıqlarımın hamısı Dünyanın Mən baxan tərəfdən görünən hissəsidir. Əziz oxucu, gəl bir az da mən baxan tərəfdən bax Dünyaya, nə vaxt darıxsan, çıxıb gedərsən...” Amma, onun baxmadığı, baxa bilmədiyi, baxmağa imkan, vaxt, fürsət, bucaq tapmadığı səmti də var Dünyanın. İndi biz də buradan birlikdə onun baxdığı Dünyaya onun qəhrəmanlarının, qohumlarının, dostlarının və ...onun əsərlərinin qəhrəmanlarının - personajlarının qohumlarının-doğmalarının baxdığı tərəfdən baxacağıq. Qoy Seyran Səxavət də bir az biz baxan tərəfdən baxsın bu Dünyaya. 70 illik yubileyində. *** ...O, qəribə adam təsiri bağışlayır. 70 illiyi münasibətilə verdiyi müsahibələrdən birində: “...Hər insanın içində bir proqram var. Mənim içimdə Seyran Səxavət ssenarisi var. 70 ildi Allahın mənə yazdığı Seyran Səxavət ssenarisini oxuyuram. Hələ bitməyib. Mən orda baş roldayam. Bu ssenari oxunub qurtaranda artıq mən olmayacam…” deyir. Qeyd etdiyi, baş rolda və 70 il oxumaqda olduğu Seyran Səxavət ssenarisi məhz bizim kənndən başlayıb. Ondan söz düşən bütün məclislərdə, qohumu olan da, olmayan da, şəxsən tanıyan da, tanımayan da fəxrlə “bizim kənddəndir”, “mənim qohumumdur” deyə bilər. Xüsusilə də mən. Çünki, biz həm həmkəndliyik, həm həmkarıq, həm qohumuq, həm də dostuq! Üstəgəl mən onun daimi oxucularından, pərəstişkarlarından və təbliğatçılarından biriyəm. Digər tərəfdən onun işıq üzü görmüş, hamısını oxuduğum, bir çoxunu əzbər bildiyim əksər əsərlərinin əsas qəhrəmanları da onun özü kimi mənim də yaxın qohumlarımdır. Onun daim çiçəkləməkdə olan və müntəzəm və yaxşı bar verən ədəbi-bədii ağacının ilk becərəni, ilk su verəni mənim mamam (bizlərdə atanın bacısına mama deyirlər), dolayısı ilə elə onun da maması, Qarabağda ali təhsil almış ilk qadınlardan biri, kəndimizdə isə birincisi olan Sona Əsədova olub. Bəli, mənim də ilk Azərbaycan dili və ədəbiyyat müəllimim və mamam olan Sona müəllim məndən əvvəl Seyranın həm atasının yaxın qohumu - maması, həm də ilk Azərbaycan dili və ədəbiyyat müəllimi, ən sevimli müəllimlərindən biri olub. Elə Seyran Xanlarov da mamamın ən sevimli şagirdlərindən biri imiş. *** ...Əsas məsələ odur ki, o, bizim kənddə doğulub. Biz isə hərəmiz bir vaxtda ondan müəyyən müddət sonra dünyaya gəlmişik və onu tanımışıq, sevmişik, əsərlərini bir vaxtlar qoynumuzda-qoltuğumuzda gəzdirmişik. Onun özü ilə şəxsi tanışlıqdan əvvəl adı ilə, səs-sorağı ilə tanış idik. Bu tanışlıq “salnaməsinə” o zmanlar kənd yerlərində dəbdə olan dava-dalaş tarixçələri də daxildir. Məsələn, biz uşaq olan vaxtlarda danışırdılar ki, Yağlıvəndin köhnə klubunda kinoya toplaşdıqları zaman cavanlardan biri ilə orta məktəbin orta siniflərində oxuyan gələcəyin böyük yazıçısının sözü çəp gəlir. Seyran özündən 5-6 yaş böyük olan oğlanın üstünə atılır. Düzdür, ona gücü çatmır, hələ iki yağlı şillə də alır. Amma ətrafdakı adamların hamısının rəğbətini qazanır. Qorxmadığına, cəsarətinə və təəssübkeşliyinə görə. Başqa bir “rəvayətdə” isə qəhrəman birmənalı olaraq Seyrandır. Orta məktəbi bitirib Bakıda, başqa yerlərdə ali məktəbə daxil olan cavanlar kəndə gələndə hökmən kənd arasına çıxıb “özlərini göstərərmişlər, qıza-zada baxarmışlar”. Və Azərbaycan Dövlət Universitetində oxuyan şıq geyimli bir tələbə məktəbin darvazası ağzında dayanıb, “özünü göstərir, qıza-zada baxır”mış. Dərsdən çıxan Seyran yenə də özündən 6-7 yaş böyük cavanın üstünə atılır. O, indi artıq 10-cu sinifdə oxuyur, özü də köhnə klubun yanındakı zəif uşaq deyil. Bu dəfə o, qonağı iki şilləyə qonaq edir... *** ...1950-ci illərin sonlarında Yağlıvənd kənd məktəbi onillik təhsil verən yeganə orta məktəb idi. Yaxın ətrafda olan bütün kəndlərin – Qacar, Dilağarda, Divanallar, Veysəlli, Qaraməmmədli, Dövlətyarlı, Qərbənd, Zərgər, Gecəgözlü, kimi kəndlərin, hətta bəzən Araz Yağlıvəndinin də şagirdləri yuxarı sinifləri oxumaq üçün Yağlıvəndə gəlirmişlər. Hətta kənd orta məktəbinin başqa kəndlərdən gələnlər üçün öz yataqxanası da olub. Həmin dövrdə gənc Ulduz müəllimə bizim kəndə gəlir və onu orta məktəbdə pioner baş dəstə rəhbəri təyin edirlər. Məhz həmin Ulduz müəllimin təklifi ilə xüsusi musiqi istedadı olan Seyran məktəbin pioner dəstəsinin şeypurçalanı olur. Və o, bu işdə pioner yaşı başa çatıb komsomol sıralarına keçənədək davam edir. Komsomola keçdikdən sonra isə öz şeypurunu və şeypurçalan vəzifəsini mənim qardaşım Arzumana təhvil verir. *** ...Sonrakı ədəbi-bədii yaradıcılığında xüsusi yer tutacaq qəhrəmanlardan, obrazlardan biri olan Qaçay müəllimlə də həyatının paralel getməsinin maraqlı tarixçəsi var. Həmin Ulduz müəllimin rəhbərliyi ilə o dövrün ən məşhur səhnə əsəri olan Səməd Vurğunun “Vaqif” əsərini Yağlıvənd kənd orta məktəbində tamaşaya qoyurlar. Təxminən 1959-1960-cı illərdə. Əsərin əsas obrazlarından olan Şah Qacar rolunu Seyran Xanlarovdan 2-3 yaş böyük olan, mənim böyük qardaşım Əhliman oynayır. Seyran və onun sinif yoldaşı, sonralar ayrıca “Qaçay müəllim” adlı hekayə həsr etdiyi, “Qaçaqaç” romanında isə “Qaçay” kimi təsvir olunan Ağayar Alıyev (onun rəsmi sənədlərdə adı Ağayar olsa da hamı Qaçay kimi tanıyır) qılınclaşan gürcülərin rolunu oynayırlar. Mənə elə gəlir ki, bunun əsas səbəbi Seyranın da, Qaçayın da zahirən göyçək, ağbəniz və sarışın olmaları olub. Hə, axı Seyrana orta məktəbi qurtarıb kənddən gedənədək camaat elə həm də Sarı deyirmiş. Elə o qılınclaşan – bu qılınclaşan, 70-ə çatdılar… Yeri gəlmişkən, Qaçay müəllim obrazı da məni Seyran Səxavətin qonorarına şərik edir, çünki Ağayar – Qaçay müəllim anamın doğmaca əmisi oğludur. Söhbət anamın qohumlarından düşmüşkən dərhal onu da qeyd edim ki, yazıçının avtobioqrafik romanı olan “Qaçaqaç”dakı II Dünya müharibəsinin qəhrəmanı poçtalyon Balaca da anamın doğmaca əmisidir. *** ...Bizim ilk şəxsi, canlı, üzbəüz tanışlığımız onun öz toy gününə təsadüf edib. 1970, ya da 1971-ci il idi. Əsgər müəllimin oğlu Seyranın toyuna atamı da ailəlikcə dəvət etmişdilər. Füzuli şəhərinin əvvəllər Proletar, sonralar isə Rüstəm Əliyev adlandırılan küçəsindəki həyətin iri darvazası açıq idi. Bizi qarşılayan adamlar - bəyin anası anamla, atası isə atamla qucaqlaşıb, qarşılıqlı “mübarək-xoşgəldin” mübadiləsindən sonra qadınlar anamı evə apardı, kişilər isə atamla məni körpə gözlərimdə ucu-bucağı görünməyən mağara... Çox qısa müddətdən sonra mən mağardan doydum və çölə çıxmaq istədim. Atam darvazadan küçəyə çıxmamağımı tapşırıb uşaqlarla oynamağa buraxdı. Bax, təzə bəyi də məhz bu “azadlığa çıxanda” gördüm. Tay-tuşlarının arasında. Uca boylu, şıq geyinmiş, sarışın telli cavan hələ də yadımdadır. *** ...Sonralar onunla Ukraynada da “tanış oldum”. Ali təhsil aldığım 5 il ərzində orada mətbuatla, ədəbiyyatla, mədəniyyət və incəsənətlə ciddi maraqlanırdım. Oxuduğum jurnallardan biri də “Kolos” idi. ...Və günlərin bir günündə aldığım jurnalı vərəqləyərkən “...Azərbaycanın cavan, istedadlı və tanınmış yazıçılarından biri Seyran Səxavətin” “Baxram Koratan” hekayəsinə rast gəldim! Bunun sevincini 30 il keçəndən sonra necə ifadə etmək olar görəsən?! Hər halda gec də olsa təxminən 2700 kilometrlik bir məsafədə əmioğlunu o səviyyədə sevindirə bilən 40 yaşlı yazıçıya çatmalı olan və o zamandan indiyədək gələn minnətdarlığı indi bildirməyi də özümə borc bilirəm. Deyəsən indiyədək onun mənə olan şərikli qonorar borcunun hamısını bircə bu sevincə dəyişmək olar. Və onu da qeyd edim ki, Seyran Səxavətin Ukraynada ukrain dilində hekayəsi çap olunmuş jurnalı da ilk dəfə Azərbaycana, ən azı Füzuliyə və Yağlıvəndə gətirmək və doğmalara çatdırmaq sevincini də mən yaşadım. İşin yaxşı, potensial münaqişəni aradan qaldıran tərəfi odur ki, iddia etdiyim adamların çoxu həm də onun öz qohumlarıdır. Hətta bəziləri ona daha yaxındır. “Yüz ilin kişisi” kimi bir hekayə həsr etdiyi, başqa əsərlərində, xüsusilə də “Qaçaqaç” romanında dəfələrlə xatırladığı “Bəylər Dədə” isə özcənə babasıdır. *** ...Bizim bir tanışlığımız da məşhur rəssam Maral Rəhmanzadənin “vasitəsi” ilə olub. Anam və onun həm qohumunun həyat yoldaşı, həm qonşumuz və ən əsası isə yaxın rəfiqəsi olan Maral xalam Füzuliyə getmişdilər. Onlar yanaşı yeriyəndə kənardan çox maraqlı görünürdülər. Anam uca boylu, nəcim, Maral xalam isə dərhal nəzərə çarpacaq dərəcədə gödək və kök qadın idi. Hər ikisi 12 taxta tuman, yaxası düyməli, qolu büzməli, boyunluğu köbəli qofta geyinir, başlarına şal örtür, alınlarına qəşbeh bağlayırdılar. Rəssam Maral Rəhmanzadə ilə təsadüfən rastlaşmaqla onun diqqətini cəlb edirlər. Rəssam onlara yaxınlaşır, şəkillərini çəkmək üçün icazə istəyir. Anamgil əvvəl razı olmurlar. Maral xanım: “mən Bakıdan gəlmişəm, rəssam Maral Rəhmanzadəyəm, burada Seyran Səxavətin atasıgildə, Xanlargildə (yazıçının böyük qardaşı) qonağam. Sizin geyiminiz mənim çox xoşuma gəlir, bir rəssam kimi mənim üçüm çox maraqlıdır. Xahiş edirəm ki, imtina etməyəsiniz.” – deyir. Anam, “Elə bilin ki, o ev mənim qaynım evidir, Seyran mənə öz balam kimi əzizdir. Bir şəkil çəkmək nədir ki, istədiyin qədər çəkə bilərsən” – deyə cavab verir. Maral Rəhmanzadə biri arıq-uzun, digəri kök-gödək olmaqla tumanlı- qoftalı-şallı-şamaxılı-qəşbehli kənd qadınlarının bir neçə şəklini çəkir. Ayrılanda da deyir ki, şəkli Xanlargildən götürə bilərsiniz. Bu xəbəri eşidən Maral xalamın həyat yoldaşı, bir az əsəbi olan, Alverdi kişi ağacını götürüb arvadını cəzalandırmaq istəyəndə Maral xalam canını qurtarmaq üçün günahın anamda olduğunu söyləmişdi. O da aradakı yolu keçib bizə gəlmişdi. Anam atasının doğmaca xalası oğlu olan Alverdiyə izah etdi ki, şəklimizi çəkən qadın Əsgər müəllimin qonağıdı. Bununla da məsələyə xitam verildi. Sonralar həmin fotolar əsasında Maral Rəhmanzadə bir neçə “Qarabağ qadınları” portreti yaratmışdı... *** ...Atamın avtomobil qəzasında həlak olmasından cəmi bir il sonra Əsgər əmi də vəfat etdi. Bütün Yağlıvənd Füzuliyə axışdı. Seyran Səxavətin də, mənim də yaxın qohumumuz olan Əlisəfa (hazırda məcburi köçkün kimi Hacıqabul rayonunda yaşayır) təklif etdi ki, Əsgər əminin yasına biz də gedək. Getdik, amma bir az gec, camaat dağılandan sonra. Seyran müəllim və Bakıdan gəlmiş bir neçə tanınmış  yazıçı və şair bağda qoyulmuş iri masa ətrafında çay içirdilər. Görüşdükdən, başsağlığı “dil-ağız”ımızı dinlədikdən sonra bizi Bakıdan gələn hörmətli qonaqlara təqdim etdi. Açığı biz də çox sevindik ki, belə adamlarla bir süfrədə əyləşib çay içirik. Sonra Seyran müəllim bizdən hal-əhval tutmağa başladı. Biləndə ki, mən universiteti bitirib təyinatla Şuşaya getmişəm və bir az da yazı-pozu ilə məşğul oluram, çox sevindi. Dedi: - Şuşada Əli Mahmud var, tanıyırsan onu? - Bəli (Əli müəllim o zaman “Şuşa” qəzetinin redaktor müavini idi). - Qayıdanda gedərsən onun yanına, deyərsən ki, mən Seyranın əmisi oğluyam. Sonrası ilə işin yoxdu, nə lazımdı o özü edəcək. Yaxşımı? Susduğumu görüb, bir də soruşdu: - Yaxşımı, əmi oğlu? - Yox! – kobud cavab verdim. O, təəccüblə əvvəl mənim, sonra da qonaqların üzünə baxdı, üzünü mənə çevirdi: - O nə deməkdi, niyə? - Əli Mahmudun bir işi olanda məndən xahiş eləyir! – mən əlbəttə, zarafat edirdim. Qonaqlar da, Seyran da əslində yas yerində olduğumuzu unudub qəhqəhə çəkdilər. - Gördünüz? - Seyran müəllim üzünü Bakıdan gələnlərə tutdu, - bax bu, Yağlıvənd deməkdi. Özü də hələ bu Yağlıvəndin ən sakit cavanlarıdı. Hələ yolunuz kəndimizə düşsə nələr görərsiniz... *** “...-Yazanda özümə xidmət etmişəm ki, yüngülləşim. …Oxucu da kitabımı oxuyubsa özünə xidmət edib...” - Seyran Səxavət bu sözləri təzəlikcə deyib.. Bunu oxuyandan sonra qardaşım Arzumana müraciət etdim: - Aranızda cəmi 3 yaş fərq var. Seyran Səxavətin bütün həyatı, yaradıcılığı gözünün önünə keçib. Səncə doğrudanmı, o bir yazıçı kimi xalqa qulluq etməyib? Cavab belə oldu: - Əgər yazıçı ədəbiyyata, indiki halda Azərbaycan ədəbiyyatına xidmət edirsə, deməli həm də Azərbaycan ədəbiyyatının məxsus olduğu Azərbaycan xalqına xidmət edir. Konkret Seyrandan bir şair kimi danışsaq, onun şairliyindən indiki nəsillərin xəbəri olmasa da, bizim vaxtımızda, yəni Seyranın şair vaxtlarında cavan qızlar, oğlanlar onun şeirlərini kəsib özləri ilə gəzdirirdilər... Əzbər bilirdilər... *** Tanışlığımız davam etdi. Seyran Səxavətin işıq üzü görən bütün şeirlərini oxudum. 1962-ci ildə, onun 16 yaşı olanda çap edilmiş ilk şeirindən tutmuş məşhur şeirlərinədək... Bəzilərini hətta əzbərlədim də... Sonra “Hamı elə bilirdi”dən başlayaraq hekayələrini, romanlarını oxudum. Onun müstəqilliyimizin bərpa olunmasından əvvəl yazdığı, yəni Azərbaycan Sovet ədəbiyyatına məxsus olan sonuncu hekayəsi, 1987-ci ildə qələmə aldığı “Qaçay müəllim” hekayəsidir. Bu əsərin də əsas qəhrəmanları mənim qohumlarımdır. Qaçay müəllim yuxarıda qeyd etdiyim kimi, dayım (anamın doğmaca əmisi oğlu), onun “işpionluğundan” şübhələnən Qoruqçu Şükür isə anamın (həm də Qaçay müəllimin) əmisidi (atasının doğmaca əmisi oğludur). Qoruqçu Şükürə bir az dəli-dolu xasiyyəti olduğuna görə həm də Dəli Şükür deyirmişlər. Həmin hekayə çap olunub yayıldıqdan sonra tək-tük narazı qalan da var idi. İnciyənlərdən biri də Dəli Şükürün - Qoruqçu Şükürün qızı, indi artıq rəhmətlik Bayaz xalam olur. Atasının bu şəkildə qələmə verilməsi onun bərk xətrinə dəymişdi. Amma artıq iş-işdən keçmişdi, kitab da çıxmış, camaat da oxumuşdu. Qaçay müəllimin böyük qardaşı Vətən Əliyev “Ukrayna” sovxozunun baş mühasibi idi. Bir gün Bayaz xalam baş mühasibin sovxozun idarəsindəki kabinetinin pəncərəsini tıqqıldadır. Başını qaldıran əmisi oğluna işarə edir ki, çölə çıx. Baş mühasib onu içəri dəvət edir ki, əmi qızı, gəl içəri, sözünü de. Əmiqızı içəri girmir, təkid edir ki, əmioğlu çıxsın. Əmioğlu onun xətrinə dəymək istəmir. Durub çıxır çölə. Bayaz xalam onun qoluna girib idarədən xeyli aralayıb, bağdakı ağacların birinin altına çəkir. Ağzını Vətən müəllimin qulağına yaxınlaşdırıb deyir: - Əmi oğlu, qağamın adı yazılan varağı cırdım! Baş mühasib söhbətin nədən getdiyini göydə tutur: - Lap yaxşı eləmisən, əlinin də içindən gəlib. Heç kim sənə heç nə eləyə bilməz. Durmuşam arxanda dağ kimi, gəl bəri. Bəli, Bayaz xalam Seyran Səxavətin kitabındakı “Qaçay müəllim” hekayəsində adı çəkilən Qoruqçu Şükürə aid vərəqləri cırıb atmış, bununla da yazıçıdan acığını çıxmışdı. *** Bir gün kəndə - Yağlıvəndə gəlirmiş. Öz məhəllələrinə - Kavxalıya az qalmış uzaqdan görür ki, uzun müddət “Ukrayna” sovxozunun direktoru olmuş ağsaqqal Tapdıq əminin arvadı, Seyranın maması (atası Əsgər müəllimin doğmaca əmisi qızı, yazıçının bir çox əsərində sevə-sevə “Bəylər Dədə” kimi oxucuya təqdim etdiyi İsmayıloğlu Bəylərin qızı), Seyran da daxil olmaqla yaxın qohumlarının əzizləyərək “Xeti mama” dediyi Xeyransa xanım öz əmisi oğlu Eyvazxan kişi ilə baş-baçşa verib nə isə danışır (üç qardaşdan birinin nəvəsi yazıçının atası Əsgər müəllim, birinin nəvəsi Xeyransa xanım, birininki də Eyvazxan kişidir). Seyran Səxavət “Volqa”da onunla birlikdə gələn yazıçı qonaqlarına deyir: - Bax, o arvad mənim mamamdı, o da əmimdi. Maşından düşür və uzaqdan uzuağa çağırır: - Aya-ya-ya, Xeti mama, Xeti mama! - Nədi qadaalım?! – Xeyransa xanım Yağlıvənd ləhcəsi ilə cavab verir. - A, o kişi kimdi heylə, bu axşamın toranında baş-başa verib danışırsan orda? - Kişi dəyil ha, qadaalım, Eyvazxan əmindi!.. ...Xeyransa mama baş-başa verib danışdığı kişinin yad adam olmadığını demək istəyirdi... *** ...Şuşanın işğalından sonra Bakıya gəlməyə məcbur oldum. Burada “Qarabağ” və “Şimali Azərbaycan” qəzetlərində işlədiyim vaxtlarda Seyran Səxavət tez-tez “Azərbaycan” nəşriyyatının 2-ci mərtəbəsində “Bərəkət” qəzetinin redaksiyasında olurdu. Bir gün onun yanına getdim, müsahibə almaq istədiyimi bildirdim. Mənim başa düşmədiyim bir cavab verdi: - Sizin ən qəliz suallarınıza cavab verməyə hazıram! – dedi. Mən onu başa düşmədim, çünki heç bir halda Seyran Səxavət mənimlə “Siz” deyə danışmamalı idi. Yox, əgər belə danışırdısa, deməli, sadəcə olaraq məni tanımayıb. Hər iki halda mənim xətrimə dəyirdi. Ona görə də iraq böyüklüyündən “hərcayı” sözə yağlıvəndli kimi “mərcayı” cavab vermək qərarına gəldim. Onun “Sanatoriya” povestindəki Mərdan yadıma düşdü. Və eynən Mərdan kimi ətrafıma baxıb, soruşdum: - Kimin? - Ən qəliz suallara cavab verə bilərəm! – düzəliş elədi. - Bəs deyirsən “Sizin”? İkimiz də güldük. Onun o zaman məni tanıyıb-tanımadığına hələ də əmin deyiləm. Amma müsahibədən vaz keçdim. ...Və indiyədək də baş tutmayıb... *** Haqqında danışdığımız Qaçay müəllimlə yanaşı o sinifdə həmin Qoruqçu Şükürün prototipi olan Şükür kişinin qızı Ana, sonralar kimya müəllimi olan, xalam oğlu Bəylər, mühəndis olan Eyvaz, rus dili müəllimi olan Eyzangül, mühasib olan Əzizgül və başqaları da oxumuşdu. Mən ailə qurandan bir müddət sonra Bakıdakı görüşlərimizin birində yazıçı soruşdu: - Əmoğlu, yoldaşın haralıdı? - Öz kəndimizdən. - Kimlərdəndi? - Qədirlilərdən, Vətənin qızıdı. - Bıy, əmoğlu, mənim bacım qızın almısan ki! - Necə yəni? - Sənin qaynanan Əzizgül mənim sinif yoldaşım olub, 10 il bir partada oturmuşuq, bacı-qardaş olmuşuq. Bu tanışlığımızın davamı idi... *** 1996-cı ildə onun 50 illik yubileyi keçirilirdi. Mətin Mirzə adlı bir gənc tribunaya qalxdı. Dedi ki, hər kəsin bir atası olur. Mənim isə iki atam var. Onlardan birincisi mənim bioloji atam, hamınızın tanıdığınız Mikayıl Mirzədir. İkinci və mənəvi atam isə Seyran Səxavətdir. O, hələ heç kimin tanımadığı cavan bir uşağın altı hekayəsini birdən “Ulduz” jurnalında çap etmişdi. Bu ilk hekayəsi çap olunan gəncə tarixdə misli görünməyən bir etimad idi. Bax, o gənc mənəm və ona görə də Seyran Səxavəti özümün mənəvi atam hesab edirəm. Həmin məclisdə mərhum şair Mərkəz Qcaraın “Kərim Kərimli də çıxış etsin!” təklifinə etiraz etmişdm. Tanışlığımız hələ davam edirdi... *** 2000-ci illərin əvvəli idi. O zaman Hökumət evinin yaxınlığındakı Beynəlxalq Mətbuat Mərkəzində tez-tez keçirilən tədbirlərin birindən çıxıb aşağı - həyətə düşəndə gördüm ki, məşhur yazıçı Seyran Səxavət siqaretin kötüyünü çeynəyə-çeynəyə var-gəl edir. Yaxınlaşdım, görüşdük. Gördüm ki, bulud kimi dolub, himə bənddi. İstədim fikrini dağıdam. Torpağı sanı yaşasın, rəhmətlik Xanəhməd oğlu Famil əmisi kimi ağzımı açmağa qoymadı: - Kərim, Mədinə mamam öldü! Mədinə mama Seyran Səxavətin atası Əsgər müəllimin əmisi qızıdı. Böyük bəyin gəlinidi. Mədinə xanımın həyat yoldaşı rəhmətlik Əvəz kişinin atası Böyük bəy isə Qarabağ xanlığının banisi Pənah xanın nəslindən olan Behbud bəyin oğlu, Qarabağda məşhur adamlardan Şıxalı bəyin, Zənsgəzur qəzasının pristavı Həsənalı bəyin qardaşı oğludur. Mədinə xanımın vəfat etməsini mən təxminən 10 gün əvvəl eşitmişdim. Ailə üzvlərimizdən onun yasına gedən də olmuşdu. (Qarabağlılar bütün ölkəyə səpələndiyindən qohum-əqrabanın xeyir-şərinin hamısında iştirak etmək mümkün olmur. Bəzən məcbur olub, qardaşlar arasında kimin hara getməsi barədə məsləhətləşməli olursan.) Ona görə də təəccüb etdim, necə ola bilər ki, Mədinə mamanın vəfat etməsini Seyran müəllim indi eşitsin! Cavab verdim: - Allah rəhmət eləsin, ay Seyran müəllim, mən bunu neçə gündü... - Hə, rayondaydım, yeddisini verib gəlmişəm!.. - Seyran müəllim, indi elə çətin zəmanədi ki, ölüm adiləşib, xüsusilə də bədbəxt hadisələr çoxalıb, cavan-cavan adamlar dünyasını dəyişir, nə qədər gəncimiz Qarabağda şəhid oldu... Mədinə mama, torpağı nurla dolsun, doxsanı haqlamışdı, dünyanı görmüşdü, qəriblikdə dəfn olunmaqdan başqa bir dərdi də yox idi... - Ə, yox e, Mədinə mamam... Tamam kövrəlib. Ona necə təsəlli vermək barədə düşünməyə macal tapmamış, birdən qolumdan tutdu: - Kərim, Hilizəni gördüm! - Hilizə hara, sən hara? – zarafat eləyib könlünü açmaq istədim. İşarəni yazıçının 1986-cı ildə yazdığı “Madonnanın əri Fərəməz kişi” hekayəsinə vurmaq istəyirəm. Seyran Səxavətin həmin hekayəsinin personajı Fərəməz kişinin prototipi Hilizənin əri, anamın anasının əmisi oğlu olan rəhmətlik Fərəməz kişidir. - Ojağın külü, sinif yoldaşımdı dana! – gülümsəyərək sırf yağlıvəndli kimi cavab verdi. - Yəqin yas yerində görüşdünüz. - Hə, bir də görürəm bir qadın mənə yaxınlaşıb, başaa dönüm, ay Seyran, nətərisən, deyir. Üzünə baxıram, elə bil dünyanın xəritəsidi. İynənin ucu boyda qırışsız yer yoxdu. Heyrətlənirəm. Gülə-gülə qayıdasan ki, tanımadın məni? Deyirəm yox. Deyir, Hilizəyəm dana, ojağın külü!.. *** ...Seyran Səxavət haqqında bir əhvalatı da mənə Azərbaycan ədəbiyyatının “ərazisində” özünə təzə “yer götürmüş” yağlıvəndli gənc və istedadlı şair Elşad Ərşadoğlu hələ 5 il əvvəl danışıb. Deyir, bir dəfə Seyran Səxavət, Ağa Laçınlı və İsa İsmayılzadə qatarda harasa gedirmişlər. Kupedə bekarçılıqdan Azərbaycanın yazıçı və şairlərinin siyahısını tutmağa başlayırlar. Yada düşən hamının adını yazıb qurtarandan sonra bir-bir “istedadsızların” adlarını pozmağa başlayırlar. Axrda siyahıda cəmi 3 nəfərin adı qalır: Seyran Səxavət, Ağa Laçınlı və İsa İsmayılzadə. Arada İsa İsmayılzadə nəyə görəsə kupedən çıxır. O çıxan kimi rəhmətlik Ağa müəllim deyir ki, Seyran, bunun adını poz, bundan şair olmaz. İsa İsmayılzadə qayıdandan bir müddət sonra Ağa Laçınlı da çıxası olur. Dərhal İsa İsmayılzadə deyir ki, Seyran, bunun adını da poz, bunun harası, nəyi istedadlıdı, bu şair deyil. Seyran qələmi götürüb onun da adının üstündən xətt çəkir. Ağa müəllim də qayıdır və xeyli müddət heç biri yerindən tərpənmir. Bir müddətdən sonra Seyrandan soruşurlar ki, niyə heç durub çölə çıxmırsan, siqaret çəkməyə, su başına... Seyran özünəməxsus yumorla cavab verir: - Qağa, mən Azərbaycan ədəbiyyatını başsız-sahibsiz qoyub heç hara gedə bilmərəm!.. *** Bizi Yağlıvənd adlı bir kənd gözləyir. İndi başsız-sahibsiz qalmış bir kənd. O kənddə vaxtilə dahidən dəliyə qədər ancaq yaxşı adamlar yaşayıb. O kəndin sakinləri Fərhadlılar, Qədirlilər, Muradxanlılar, Dadşlılar, Kalbayı Həsənxanlılar, Aşırlılar, Külədərlilər… kimi tayfaları can deyib, can eşidərək ürək ürəyə yaşayırdılar. Və o kənddə 1946-cı il mart ayının 23-də Kavxalı obasının Muradxanlı tayfasında Allah bəndəsi Seyran adlı bir oğul doğulub. O oğul ki, Azərbaycanda həm filologiya üzrə və həm də texnika üzrə elmlər doktor olan yeganə şəxs, şair, professor Elçin İskəndərzadə dahi adlandırır və “Seyran Səxavətin təkcə “İt intervüsü” hekayəsi belə Nobel mükafatına layiqdir” deyir. Elçin müəllim haqlıdır. Mən də Seyran Səxavətə Nobel mükafatını arzu edirəm (hələ Azərbaycanın Xalq Yazıçısı olmasa da), lakin, Böyük Yazıçıya ən böyük arzum məhz Yağlıvənd Mükafatıdır. O Mükafat bizi gözləyir. Qeyd etdiyimiz O KƏNDİN DÜNYA ƏDƏBİYYATINA BƏXŞ ETDİYİ ƏN BÖYÜK YAZIÇIYA və hamımıza qismət olsun!!! 54 ildən bəri ədəbiyyatı “öz ərazisinə çevirməklə məşğul olduğu, çevirə bildiyi” kimi Yağlıvəndi də ÖZ ƏRAZİSİNƏ, ÖZ KƏNDİNƏ çevirə bilsin! Məhz Yağlıvənddə Yağlıvəndin ƏN QƏRİBƏ ADAMI ola bilsin! Qərib yox, məhz Qəribə adamı! YAĞLIVƏND ADAMI...(kulis)

13 Aprel 2016 1:58

Sabirin hamıdan gizlətdiyi sirri

fdvdvd6

Faktinfo.az  axar.az-a istinadən görkəmli yazıçımız Cəlil Məmmədquluzadənin mərhum şair Mirzə Ələkbər Sabir haqda məqaləsini təqdim edir: “Molla Nəsrəddin” məcmuəsi 1906-cı il aprel ayının yeddisində nəşrə başlayanda biz Sabiri tanımazdıq və Sabir adlı şairin varlığını eşitməmişdik. Əgər bizim şivəmizə yaraşan belə bir ləzzətli şairin dünyada olduğunu zənn etsə idik, birinci nömrəmizi onun qələmi ilə bəzəməmiş meydana qədəm qoymazdıq. Sabirin birinci şeiri idarəmizə həmin vaxt gəlib çatmışdı ki, yeddinci nömrəni paylayıb səkkizincini hazırlamaqdaydıq.Belə məlum oldu ki, qiymətli şairimiz yeddinci nömrədə “Niyə mən dərsdən qaçdım” sərlövhəli məqaləni oxuyub, bu barədə uşağın atasına həmin kinayəli cavabı yazır ki, biz onu səkkizinci nömrədə çap etmişik: Ol gün ki, sənə xaliq edər lütf bir övlad, Olsun ürəyin şad!.. Bundan belə məlum olur ki, əziz yoldaşımızın məcmuəmizə gəlib çatan birinci əsəri həmin indi qeyd etdiyimiz mənzumədir və yeri düşübkən lazım bilirəm Sabirlə maraqlananlara iqrar edəm ki, məcmuəmizin dördüncü nömrəsində dərc olunan və “Hophopnamə”yə daxil olan “Millət necə tarac olur olsun, nə işim var?” adlı mənzuməni ki, bu saat camaatımız onu Sabirə isnad verir, Sabirin olduğunu mən inkar edirəm; əvvəla o səbəbə ki, həmin mənzumənin əl yazısı Sabirin xətti ilə yazılmamışdır; ikinci dəlilim budur ki, şeir özü – necə ki, şeir ustadları mülahizə edə bilər – bir qədər zəifdir və bəhər surət, Sabirə yaraşmır. Burada Sabir şivəsi və Sabir ruhu görükmür. Mənim həmin nəzəriyyəmin əksini bircə şairin dəsti-xətti təsdiq edə bilər. Əgər bir kəsdə varsa, zühura çıxmağı arzu olunur. Necə ki, yuxarıda ərz olundu, Sabiri biz qabaqlarda tanımazdıq və həmin söylədiyimiz birinci əsəri Tiflisdə mətbəəmizə gətirən bir naməlum cavan oğlan oldu. Bu adam paket içində məktubu verir yoldaşımız Ömər Faiqə və qaçıb gedir. Faiq bir tərəfdən təəccüb edir və bəlkə o, məktubu bədxahlar tərəfindən bizə təhdid və söyüş zənn edir. Demə o, söyüş əvəzində - həmin dəyərli mənzumə imiş: Ol gün ki, sənə xaliq edər lütf bir övlad, Olsun ürəyin şad!.. Bəli, çap elədik. Ancaq bəs bunu yazan kimdir? Ay yoldaş Faiq, niyə qaçdı o zalım oğlu, kimdir onu göndərən? (çünki əsər imzasız idi, “Hop-hop” imzasını idarəmiz qoydu).Aha! Bir-iki həftə keçməmişdi, həmin naməlum oğlan yenə mətbəəmizə bir paket gətirir və Faiqə verir. Yenə qaçır gedir. Bu dəfə də paketin içindəki sovqat atanın dərs oxuyan oğlundan gileyidir: “Bilməm nə görübdür bizim oğlan oxumaqdan” ki, məcmuəmizin 11-ci nömrəsində dərc olunubdur. “Aman günüdür, Faiq yoldaş, tap o zalım oğlunu”. “Taparam, taparam, səbir et, yoldaşım, bir də gəlsə buraxmaram”.Elə ki, bir həftə də ondan sonra həmin oğlan yenə o münval ilə əlində paket gəlir mətbəəyə və paketi qoyur, istəyir qayıda, yoldaşım Faiq bu dəfə düşür onun dalınca və aparır çıxardır erməni bazarında şamaxılı Şeyxovların xalça mağazasına.Şeyxovlar əvvəlcə mətləbi açmaq istəmirmişlər, ancaq Ömər Faiqin təkidi ilə məsələni açırlar, ancaq bu şərt ilə ki, söhbət burada qalsın.Demək, biçarə Sabir mühitin şəraitini mülahizə etmək babətindən “Molla Nəsrəddin”də öz iştirakını nəhayət dərəcədə gizli tutmaq istəyirdi. Və xeyli bir zaman elə də oldu və bu səbəbdən də biz ona verdiyimiz “Hop-hop” təxəllüsünü sonralar özü dəyişib, müxtəlif imzalar qayırdı.Həmin müxtəsər məqaləmizə bu bir neçə cümləni də artırmaq istərdik.Sabir – bu təxəllüs altında bizim şairimiz deyil; Sabir eyni səbir və təhəmmül sahibi, dindar bir şairin təxəllüsüdür ki, dünyanın cövr və cəfasına, insanların günah və məsiyyətinə mütəhəmmil olub, yaxşı dünyanın intizarında qalır ki, bu da iman və etiqad əhlinin qismətidir. Biz, necə ki, ərz olunub Mirzə Ələkbər Sabir təxəllüslü şair olduğunu bilmirdik. Onun üçün də “Hophopnamə” kitabında Sabirin “Sabir” təxəllüsü altında yazılarının dərcini görəndə ona əfsus etdik ki, “Daş qəlbli insanları neylərdin, ilahi” kimi bir mənzuməyə (səh. 174) Hacı Məcid Əfəndizadənin vəfatı münasibətilə Sabirin çox yanıqlı və mütəəssir qəsidəsi dərc olunub (səh. 313).Onun üçün mən həməvəqt “Sabir” ləfzini bir yanda görəndə və eşidəndə belə bir xəyalata cumuram: nə üçün dünya belə qurulubdur ki, gün ləkəsiz olmur və qızılgül tikansız bitmir? Və bəlkə həmin dünya qanununun təsirindəndir ki, “Hop-hop” kimi ən qiymətli və nadir bir şairimizin gülkarlığının içinə dindarlıq sarmaşıqları da gəlib qarışaydı gərək.

31 Mart 2016 2:20

Hötenin “Möcüzə uşaq” adlandırdığı dahi bəstəkar

ho

  O, XIX əsrin ən məşhur pianoçu və bəstəkarlarından biri idi. İstedadlı olduğuna görə ona bir zamanlar “möcüzə uşaq” da deyilirdi. Onun bu istedadı bir çoxlarını, hətta ərini də qıcıqlandırırdı... Bəstəkarın uşaqlığı Məşhur bəstəkar Klara Cozefina Vik (Klara Şuman) 1819-cu ilin 13 sentyabrında Almaniyanın Saksoniya əyalətinin Leypziq şəhərində anadan olub. Atası Fridrix Vik musiqi müəllimi və piano firmasının sahibi olub. O, qızının istedadını kəşf edərək 5 yaşından musiqiçi kimi yetişdirib. 9 yaşından konsertlərdə ifa edən musiqiçi, 11 yaşında ilk konsertini verib və mahnı bəstələyib. Cozefina 1831-1836-cı illərdə atası ilə birlikdə Avropada silsilə konsertlər verib. O zamanlar Mendelson, Paqanini, Şopen, Höte kimi məşhurlar onu “Möcüzə uşaq” adlandırırdı. Şəxsi həyatı Pianoçu kimi məşhurlaşan sənətçinin ailəsinin vəziyyəti daha da yaxşılaşırdı. Klara atasının verdiyi təhsilin nə qədər uğurlu olduğunun canlı nümunəsi idi. Bunun sayəsində atası pullu şagirdlər tapırdı və məhz buna görə, piano satışları getdikcə artırdı. Ancaq onların xoş günləri çox davam etmir. Ailənin xoşbəxt günləri Klarının atasının şagirdi Robert Şumana aşiq olması ilə bitir. Atası bu münasibətə qarşı çıxaraq onların evlənmələrinə icazə vermir. Bu icazənin alınması üçün cütlük məhkəməyə müraciət edir. Məhkəmə çəkişmələri Klaranın atasının fikrindən geri dönməməsi səbəbindən 3 il davam edir. Atasının tərsliyi, münasibətə qarşı çıxmağı gəncləri bir-birilə daha da mehribanlaşdırır. Robert və Klara məhkəmə davam edən müddətdə bir-birinə 400-ə yaxın məktub yazır. Bu müddətdə Klara uğurlu konsertlərə, Robert isə musiqi bəstələməyə davam edirdi. Hətta Robert diplomu olmadığına görə, onun barəsində iddialara son vermək üçün fəlsəfə diplomunu alır. Məhkəmə 3 ildən sonra gənclərin evlənməsinə qərar verir və cütlük 1840-cı ildə evlənir. Klaraya olan sevgisi Robertin daha çox mahnı bəstələməsinə stimul verirdi. Təkcə evləndikləri il, o, 138 mahnı bəstələyib. Evləndikləri gün Klaranın başında mərsin bitkisindən çələng var idi. Robert isə toya hədiyyə kimi ona «Mərsinlər» adlı vokal məcmuəsini bəxş edib. Fridrix Vik gənclərə o qədər kinli olur ki, illər boyu konsertlərdən yığdığı puldan qızına bir qəpik də vermir. Klara hətta pianosunu ancaq bir neçə aydan sonra öz evinə gətirə bilir. Əvvəllər onların həyatı ideal görünürdü. Klara və Robert öz bəstələdikləri musiqiləri bir-birinə hədiyyə edirdilər. Ancaq bu xoşbəxtlik sadəcə görüntü idi. Klara Avropada Listdən sonra birinci pianoçu sayılırdı və səhnəni atmaq fikri yox idi. Şuman isə bundan çox da razı deyildi və yazırdı: «Evliliyimizin ilk ilində sən fortepianoda çalmağı atıb özünü ailəyə və ərinə həsr etməlisən. Qadın olmaq səhnədə olmaqdan daha vacibdir. Əgər cəmiyyətlə bütün əlaqələrini kəssəydin, mənim ən ümdə arzumu həyata keçirmiş olardın. Axı sən mənim üçün əbədi olaraq dahi kimi qalırsan». Klara, ailə qurandan sonra sənətinə kifayət qədər zaman ayıra bilmədiyinə görə narahat idi. Çox məşq edə bilmədiyinə baxmayaraq, o, konsertlərdən tamamilə imtina edə bilmədi. Bir müddət sonra isə konsertlərindən qazandığı gəlirlə ailəsini saxlamağa başladı. Klaranın məşhurluğunun artması və ailənin maddi təminatını öz üzərinə götürməsi Şumana psixoloji olaraq çox pis təsir edirdi. O zamanlar Robert çox da məşhur deyildi və onu “Məşhur bəstəkarın əri” kimi təqdim edirdilər. Robert evliliklərinin ilk 10 ilində hələ tanınmış bəstəkar olmadığından yaxşı pul qazana bilmirdi. Buna görə ailənin bütün yükü Klaranın üzərində idi. Əri bu durumdan məmnun olmasa da, Klara silsilə konsert proqramları və musiqi dərsləri verərək həm ərinə, həm də 14 illik evliliklərində 8 uşağa baxmağa məcbur idi. Robert isə evdə iki piano olduğundan, səs-küydə musiqi bəstələyə bilməməyindən şikayətlənirdi. Evlənməmişdən qabaq Robert Klaranın musiqi bəstələməyi üçün hər cür dəstəyi versə də, evlilikdən sonra onun işinə mane olurdu. Robert, həyat yoldaşının ondan daha güclü olmasını qəbul edə bilmirdi. İllər keçdikdən sonra Robert, məşhur və istedadlı həyat yoldaşının kölgəsində qaldığına görə, əsəb xəstəliyinə tutulur və evlilikləri dözülməz hal alır. İş o həddə çatır ki, Robert intihara cəhd edir. Özünə qəsddən sonra Şuman xəstəxanada müalicə olunur. O, ruhi əsəb dispanserinə yerləşdirilir, iki il sonra isə orada dünyasını dəyişir. Ruhi xəstəxanada ona yaxınları, həyat yoldaşı və uşaqlarıyla görüşməyə icazə vermirdilər, amma fortepianoda çalmaq və bəstələmək imkanı yaradılmışdı. Ölümünə 2 gün qalmış Klaranı təcili olaraq xəstəxanaya çağırırlar. Bu, son görüş idi. Beləliklə, Klara həyat yoldaşını yalnız bir dəfə, o da ölümündən iki gün əvvəl ziyarət edir. Bəstəkarın ölümü Klara sonrakı illərdə 3 uşağının və Robertin ölməsinə baxmayaraq musiqi işlərinə ara vermir. Bu arada Klaranın Robertin bütün əsərlərini nümayiş etdirməsi böyük uğur gətirir. Robert əsl bəstəkar adını çox gec, ölümündən sonra alır... Klara 1848-ci ildə Frankfurt Konservatoriyasının baş piano müəllimi olur. Bu illərdə ən yaxın həmdəmi, əri ölməmişdən əvvəl ailə dostları olan bəstəkar Yohan Brams idi. Brams Klaranı çox sevirdi, hətta bəzi bəstələrini Klaraya ithaf edib. Şumanın sağlığında Brams tez-tez Robert və Klara ilə görüşür və bu görüşlərdə dahi bəstəkarların musiqilərini ifa edirdi. Klara Bramsı uşağı kimi görür, onu qoruyur və tanınması üçün əlindən gələni əsirgəmirdi. Şuman öləndən sonra Klara və Brams onun xatirəsinə konsertlər verirdi. Brams 1858-ci ildə bəstələdiyi “Uşaqların mahnıları” adlı albomunu onların uşaqlarına həsr edib. Klara 1888-ci ildə sənətdəki 60-cı ilini qeyd edir. Son konsertini isə 1891-ci ildə verərək konservatoriyadan ayrılır. Bundan sonra Klara şagirdlərə evində dərs deyirdi. Klara 26 martda Frankfurtta dünyasını dəyişdi. Bu hadisə Brams üçün böyük bir zərbə oldu və 1 ildən sonra o da öldü. Almaniyalı rejissor Peter Şamoni 1983-cü ildə Klara ilə Robertin gənclik illərinə, onların tanışlıqlarına və evlənmələrinə qədər gedən yoldan bəhs edən “İlk Bahar Simfonsiyası” adlı film çəkib. Filmdə Klara obrazını Nastasiya Kinski canlandırıb. Film, Klaranın yeni evinə atasının mənzilindən pianosunu gətirəndə ərinin ona dediyi “Evimiz iki piano üçün bir az balaca deyilmi?” cümləsi ilə bitir.(kulis)

28 Mart 2016 11:31

Hərflərin rəqsi

herfff

Bugünlərdə saytımızda gedən bir yazıdan oxudum ki, Təhsil Nazirliyindən verilən məlumata görə, sən demə, orta məktəblərimizdə 555 müəllim saxta diplomla dərs deyirmiş Dərhal, şagirdlərlə təsadüfən görüşüb elədiyim söhbətlər yadıma düşdü. Hərdən mağazaya gedərkən yaxınlıqda yerləşən orta məktəbin şagirdləri ilə qarşılaşıram. Bir gün qarşıma çıxan o gül parçalarından soruşdum: uşaqlar, bu gün hansı dərslərdən keçmisiniz? Şagirdlərdən biri irəli durub dedi, şıllaq atmaq dərsi keçdik, əmi! Kürəyinə iri çanta yüklənmiş bu balaca uşağın, gözəl məxluqun mənimlə zarafat eləmək cəhdinə, yumor hissinə heyran oldum. Qaşlarını əyə-əyə danışan o balaca uşağın sifəti axşama kmi gözlərimin qarşısından çəkilmədi, həmin gün əhvalım çox şən keçdi. Sabahısı gün yenə qarşıma çıxan həmin şagirdlərdən soruşdum: indi nə keçdiniz, uşaqlar? Aşağı sinif şagirdlərindən biri dedi, əmi, bu gün biz keçi kimi mələmək öyrəndik. Məni gülmək apardı ki, ayə, nə maraqlı uşaqlardı bunlar! Deməli, məktəbi, təhsili sevməklə yanaşı, hər dəm şənlənə də bilirlər. Onların bu zarafatına qarşılıq vermək üçün gülə-gülə soruşdum: bu dərsdi - məəəə?! Uşaqlar dərhal əl-ələ verdilər və ətrafımda dövrə vurub keçi kimi mələməyə başladılar. Baxdım ki, aralarındakı aşağı sinif şagirdləri çəpiş kimi məkkildəyirdilər. Nə isə, bu şən və xoşbəxt uşaqların əllərindən birtəhər çıxıb avtobusa sarı qaçdım. Geri boylananda gördüm, uşaqlar arxamca mələşə-mələşə əl eləyirlər. Növbəti gün evdən bir az tez çıxmışdım. Gördüm, ibtidai sinif şagirdləri dərsdən çıxıb evlərinə gedir. Məni görən kimi xorla salamlaşdılar. Kürəklərindəki ağır çantaları daşımaqdan boyunları geydikləri məktəbli formasından xeyli irəli çıxmışdı. Sənə elm zarafat gəlməsin, hər gün belində ağır vərəqlərdə çap olunmuş xeyli kitab daşımalısan. Fikirləşdim gəl, bunlardan da soruş, görək, bu gün hansı dərsi keçiblər. Ucadan soruşdum: uşaqlar, bu gün nə keçdiniz, nə öyrəndiniz? Qoşa hörülmüş saçında ağ bantları olan qızcığaz əllərini yanına salıb cavab verdi: bu gün “nərdivan hərfini” keçdik, əmi. Məni gülmək apardı. Vay dədəm, vay! Uşaqların fantaziyasına bax hələ sən! “H” hərfini deyir, yəqin. Maraq məni bürüdü. Dedim, uşaqlar, göstərin görüm, o məlun nərdivan hərfi hansıdı. Qızcığazın yanındakı balaca oğlan tez çantasını çiynindən yerə qoyub “Əlifba” kitabını çıxartdı. Üç dəfə öpüb gözünün üstünə qoyandan sonra kitabı vərəqləyib “H” hərfini tapdı. Dedim, uşaqlar, bəs, kitabı öpüb göz üstünə qoymağı kim öyrədib sizə? Dedilər əmi, məllimimiz deyir, bu kitab çörək ağacıdı, onu həmişə çörək kimi öpüb göz üstünə qoymaq lazımdı. Uşaq kitabında “H” hərfini tapdıqdan sonra oradakı sözləri göstərib soruşdum: bəs bu sözləri oxuya bilərsinizmi? Hamısı duruxub biri-birinin üzünə baxdı. Təzədən başqa birisi soruşdu ki, əmi, oxumaq nə deməkdi? Uşaqların bu şıltaqlığı mənə ləzzət eləyirdi. Dedim, göstərin görüm, özgə hansı hərfləri keçmisiniz. Onlar vərəqi geri çevirib “F” hərfini göstərdilər: bax, bu kərənti hərfidi. Bəzi yerlərdə ona dəryaz da deyirlər. Sonra çevirib “E” hərfini göstərdilər: bax, bu daraq hərfidi. “S” hərfini göstərdilər: bax, bu, soxulcan hərfidi. “T” hərfini göstərdilər: bax, bu, pol ağacı hərfidi, külüng də demək olar. “J” hərfini göstərib dedilər: bax, bu, çəlik hərfidi. “O” hərfini göstərib dedilər: bax, bu, boyunduruq hərfidi... Dedim, yaxşı, uşaqlar, zarafatı buraxın, bəs bu sözləri oxuya bilərsiniz? Xorla qışqırışdılar: əmi, meyxana oxumağı deyirsən, istəyirsən birini oxuyaq indi. Dedim, yox ee, uşaqlar, bu hərflər yan-yana düzüləndə müxtəlif sözlər alınır, o sözləri oxuya bilərsinizmi? Dedilər, əmi, bizə elə şey keçməyiblər. O dəqiqə barmağımı dişlədim, bildim ki, uşaqların müəllimi xəbərdə yazıldığı kimi saxta diplomlulardandı. Sabah gözümə qara eynək taxdım, qoltuğuma da bir boz papka alıb getdim həmin məktəbə. Direktora dedim, yuxarıdan gəlmişəm, işə düzələn zaman müəllimlərin sizə verdiyi sənədlərə baxmaq istəyirəm. Direktor qorxa-qorxa sənədləri qabağıma tökdü. Sən demə, uşaqlara keçi kimi mələmək dərsi keçən müəllim uzun müddət dağlarda keçi otarmaqla məşğul olubmuş. Sonra “Əlifba” keçənin sənədinə baxdım. Bu kişi də daş ustası imiş. Direktordan soruşdum ki, müəllim, bəs, niyə belə adamları işə götürmüsünüz? Dedi, başına dönüm, mən latın deyilən bu təzə əlifbanı oxuya bilmirəm, yəqin kopayuşağı onçun məni aldadıblar. Murad KÖHNƏQALA(kulis)

15 Mart 2016 1:45

Fakt

Bizi izləyin