Leyla Əliyeva oğluna şeir yazdı

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva yeni şeir yazıb. Axşam.az-ın məlumatına görə, L.Əliyeva şeiri oğlu Mikayıla həsr edib. Qeyd edək ki, L.Əliyevanın Əli və Mikayıl adlı əkiz övladı var. O, bu yaxınlarda qız uşağını övladlığa götürüb və ona Əminə adını qoyub. Мика, мой маленький принц! Принц из волшебной сказки! Грустные слезы с ресниц капают, с глаз печальных! Мальчик мной вечно любим, С чистой душой и без маски! Как хорошо быть детьми! Им не в помеху вопросы! Жаль, что, уча их, вредим! Жаль, что в глазах чистых слезы! Да, Маяковский писал, что хорошо, а что плохо, В детстве часами могли летать по лужайкам без вздоха, Но Маяковский сказал, что хорошо, а что плохо! Как он хотел научить? Правило, правильной жизни! Сумели его очернить, За бред восприняв эти мысли! Выжить он в мире не мог, Жить тяжело без подвоха! Взрослым не смог обьяснить, Что хорошо, а что плохо! Мика, мой маленький принц! Дайте ему вы свободу! Чтобы все слезы с ресниц В миг превратились в воду! В море, где сто парусов, В море, где рыбка из сказки, Сколько упреков и слов Терпят наивные глазки! Руки помой, не кричи, Встань переоденься скорее! А он забыл про часы, А он не смотрит на время! Вместе рисуем сидим шарики, ветки, зверушек! Жаль повзрослевших людей, Им не хватает игрушек! Дарят друг другу цветы И поступают как надо! Только бокал пустоты, Даром заполнится ядом! Только тарелка еды, Пусть на столе все накрыто! Как и бокал пустоты Вряд ли вас сделает сытым! Выпью я лучше вина, чтоб отрезветь для уроков! Чтоб была тише слышна грусть несуразных намеков! Выпью я лучше воды! Или отдам ее людям! А исполняя мечты, сыты по горло все будем! А исполняя мечты, а раскрывая желания, Наполнив бокал для души сладким нектаром из Рая, Наполнится сердце весной, страх и сомнения растают! Мика, мой принц золотой! Принцев не все понимают!

9 May 2016 11:28

Sabiq deputat Gülər Əhmədova şeir yazdı:”Daşı qəlbinə bas, yuxuda ağla”

Sabiq deputat Gülər Əhmədovanın azadlığa çıxmasından 2 il ötüb. 2014-cü ilin 5 may tarixində Apellyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa çıxan G.Əhmədova Musavat.com-un əməkdaşı ilə söhbətində G.Əhmədova ötən 2 ili qiymətləndirmək istəməyib, deyib ki, o günləri xatırlamaq da istəmir. “2 il quş kimi keçdi” deyən sabiq deputat yeni şeirlər yazdığını bildirib. Faktinfo.az Musavat.com-a istinadən həmin şeirləri təqdim edir: "Daşı qəlbinə bas, yuxuda ağla" Dərdini danışma gülməsin ölüm Gülüşdə boğ yaşı,yuxuda ağla. Düşmənə, nakəsə göstərmə, gülüm, Daşı qəlbinə bas, yuxuda ağla. Bu dərd qurtaracaq, alma vecinə Qara fikirləri salma içinə Duayla sinə gər dərdin köçünə – Daşı qəlbinə bas, yuxuda ağla! Səni incitməsin tənəli baxış, Bu çətin gündən də var yenə çıxış… Təkcə Allahına dərdini danış – Daşı qəlbinə bas, yuxuda ağla… Hər kəsin öz dərdi, özünə böyük Dərdini dinləməz hər qəlbi sönük. Görsən ki çıxdılar dostların dönük – Daşı qəlbinə bas, yuxuda ağla… Dağın dərdi varsa – səma sirdaşı Ağac quruyarsa – istər yağışı… Səni qaldıracaq rəbbin naxışı – Daşı qəlbinə bas, yuxuda ağla… Rəbbin rəhimlidir, o sevir səni Dua et, onunla şad et qəlbini. Bu dünya aparıb neçə dərdini Daşı qəlbinə bas, yuxuda ağla… Bu günü o günə cala, tələsmə, Sakit ol, itaət eylə həvəslə İbadət əhlisən, de uca səslə: – Daşı qəlbinə bas, yuxuda ağla! Deyirlər, afərin dözürsən dərdə Sınmırsan, küsmürsən mərdə, namərdə. Haqqın bir üzü var çıxacaq hərdəm – Daşı qəlbinə bas, yuxuda ağla. Bir tarix yazırsan, hələ bilmirlər Kişilər kişilik nədir, bilirlər Səni başa düşər, bir gün aqillər Daşı qəlbinə bas, yuxuda ağla. *** Dağ və Külək bu dağa bir külək gəldi, aparacaqdı nə isə bu dağdan qoparacaq nəyi vardı apardı bir az toz, bir az qum, bir də kol-kos apardı. Dağa dəyə bilmədi bu dağ nəyin itirdi? qəlbindəki incilərimi?! köksündə idi, dəyə bilmədi külək, kolun saçından yapışıb sürüdü yelə verdi… dağ heç bir şey demədi, çünki qəlbi sağ idi. Küləklə sovrulanlar küləyə baş əydilər qalxıb göyün üzünə birdəfəlik öldülər. Dağdan keçən küləyin sayını itirmişəm əsirlərdir gəlirlər, uçurub sevinirlər dağsa durub dağ kimi, külək hey gəlib-gedir… kimin ki yox kimliyi qəlbi, könlü havada dəli kimi sovrulur sovrulanlar, soyanlar, tez-tez gəlib keçəcək nə tapsa aparacaq. Dağsa, elə daglığında qalacaq! *** Ərşə çəkilən yuxum Məni xoşbəxt edən yuxu, Niyə ərşə çəkilmisən? Yoxsa, qovuşdurmaq üçün mənə o günahsız körpəmin çökmüsən gözlərinə?! Bəlkə əsgər oğlumlasan kipriyindən asılmısan?! hara getmisən, ay yuxu, namərd dostlar kimi səndəmi üz çevirmisən?! Aparmasın sellər deyə namərd körpüsündən keçmisən! Axı mənim dostum idin dəmir qapı arxasında. Gəl apar məni, apar bəlkə, o körpə balam bu gecə açıbdı üstünü… Yəqin küsüb həm özündən, həm də məndən hər görüşdə: nə vaxt evə gələcəksən sorub, sorub yorulardı, ayrılanda ağlayardı. hardasan, ay namərd axı ağır keçir gecə. gəl, gəl, bu dəmir qapını keçək gizlicə, gizlicə yalnız sənlə görə billəm fidanımı ana qucağından uzaq üşüyərək yatanımı!  

6 May 2016 8:50

Zəlimxan Yaqubdan sonra aşıqlar sözü bir yerə qoya bilmirlər – Qalmaqal

Artıq xəbər verildiyi kimi, Azərbaycan Aşıqlar Birliyinin İdarə heyətinin mart ayının 3-də keçirilmiş yığıncağı bir çox məqamlarla bağlı əsil qalmaqala səbəb oldu və sonradan Birlik daxilində müxtəlif ziddiyyətlərə yol açdı. Bu barədə bizimdovr.az-a bir müddət əvvəl daxil olmuş məktublarda da qeyd olunmuşdu ki, Aşıqlar Birliyinin yeni sədrinin seçilməsi məsələsi qurumun üzvləri arasında kəskin fikir ayrılıqlarının, hətta aşkar qarşıdurmaların yaranmasına səbəb olmuşdur. Həm də bir müddət əvvəl aldığımız açıqlamalara görə, mübahisələr və ehtiraslar daha çox Birliyin yeni sədrinin kimliyi ətrafında deyil, bu şəxsin məhz kim tərəfindən seçiləcəyi sualı ətrafında qızışmaqdadır. Belə ki, Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva və nazirliyin şöbə müdiri Fikrət Babayev bu “məsuliyyəti” öz üzərilərinə götürməkdə israrlı idilər və nəticə etibarı ilə buna qismən nail oldular. Buna etiraz edənlər isə, proseslərə münasibətlərini belə ifadə edirdilər: “Martın 3-də Mədəniyyət və Turizm Nazrilyi aşıqlarla bağlı daha bir tədbir də keçirib ki, bu da həm aşıqlar, həm də ictimaiyət tərəfindən narazılıqla qarşılanıb. Tələm-tələsik Birliyin idarə heyətini toplayaraq Zəlimxan Yaqubun yerinə professor Məhərrəm Qasımlını təyin ediblər. Bəli, məhz təyin ediblər. Ona görə təyin ediblər deyirik ki, toplantı idarə heyətinin iclasından çox vəzifəyə yeni təyin olunmuş birinin kollektivə təqdim olunmasına bənəzyib. Mədəniyyət və Turizm nazirliyinin şöbə müdiri Fikrət Babayev iclasa gələrək, M.Qasımlını bir növ kollektivə təqdim edib. İdarə heyətinin iclası adına keçirilən yığıncaqda isə, alternativ fikirlərin səslənməsinə sadəcə imkan verilməyib...” Redaksiyamıza yeni daxil olan məlumatlardan bu qənaətə gəlmək olur ki, Aşıqlar Birliyinin yeni sədrinin seçilməsi məsələsi ətrafında yaşanan gərginliklər hələ də səngiməyib. Bu xüsusda aldığımız bir məktubda deyilirdi: “Bir tovuzlu, aşıq sənətinin araşadırlması ilə məşğul olan bir alim olmasından dolayı Azər Xanlaroğluna dəstək üçün keçirilmiş xeyriyə konsertinə qatılmaq mənəvi borcu olmaqla yanaşı, bu, Məhərrəm müəllimin ən azından həm də daşıdığı vəzifəyə görə borcu idi. Əvvəla ona görə ki, ehtiyacı olana yardım etmək bir insanlıq borcudur. İkincisi də, Azər Xanlaroğlu həyatdan vaxtsız getmiş böyük bir sənətkarın – Xanlar Məhərrəmovun yadigarıdır və özü də gənc olmasına baxmayaraq, kifayət qədər tanınmış bir saz ifaçısıdır. Belə bir sənətkarı qorumaq isə hamının, xüsusən də Aşıqlar Birliyinin birbaşa borcudur. Üstəlik, Azər Xanlaroğlu həm də Aşıqlar Birliyinin idarə heyətinin üzvüdür. Əslində bu tədbiri elə Aşıqlar Birliyinin özü təşkil eləməli olduğu halda, görəsən bu biganələyin səbəbi nədir? Heç olmasa gəlib tədbirdə iştirak etməklə dəstək olmaq da mümkün deyildimi? İdarə heyətinin üzvünə belə münasibət göstərən M.Qasımlı görəsən digər aşıqlara necə qayğı göstərəcək? Sədr kimi kreslosunu “qızdırmamış” niyə belə sayğısızlıq nümayiş etdirdi? Heç olmasa bu tədbirə müavinlərini də göndərə bilməzdimi? Axı onun müavinləri Azərin həm də sənət dostlarıdırlar...” Bütün bunlarla yanaşı, aldığımız başqa bir məlumata görə, Aşıqlar Birliyinin İdarə Heyətinin məlum yığıncağının məhz mart ayının 3-də, Heydər Əliyev sarayında xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə ilə eyni gündə keçirilməsi və məhz həmin gün Məhərrəm Qasımlının Birliyə “sədr təyin olunması” bəzi dairələrdə heç də birmənalı qarşılanmayıb. Açıqlamada deyilir ki, cəmiyyətimizin bir çox tanınmış simaları Aşıqlar Birliyinin İdarə Heyətinin bu qərarının hüquqi yanlışlığı ilə yanaşı, iclasın məhz ZəlimxanYaqubun anım günündə keçirilməsini böyük şairə hörmətsizlik kimi qiymətləndiriblər və çox kəskin etirazlarını Mədəniyyət və Turizm Nazirliyinin yüksək ranqlı məmurlarına bildiriblər. Nəhayət, aldığımız başqa bir məktubda Məhərrəm Qasımlının Aşıqlar Birliyinin sədri vəzifəsinə təyinatına etirazlar daha sərt formada ifadə olunur: “Aşıqlar Birliyi reanimasiya şöbəsi deyil ki, bura xəstə adamları və sağlamlığı yerində olmayan şəxsləri göndərsinlər. Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, eyni zamanda nazirliyin şöbə müdiri Fikrət Batayev və Rəşad Əliyev Məhərrəm Qasımlının bu vəzifəyə təyin olunmasına çalışırlar. Onların arasında bizə bəlli olmayan anlaşma var. Bəstəkarlar İtiifaqının sədri bəstəkar, Yazıçılar Birliyinin sədri yazıçı, Rəssamlar İttifaqının sədri rəssam olur. Lakin Aşıqlar Birliyinə elmlə məşğul olan adam təyin etmək istəyirlər. Məhərrəm Qasımlı Ədəbiyyat İnstitutunda elmi iş üzrə direktor müavinidir. Bu vəzifəylə paralel olaraq, əlavə Aşıqlar Birliyində də işləyir. Aşıqlar arasında aparılan sorğulara görə, birliyin üzvləri aşıq sənətində olan bir adamı, həm də gənc və sağlam birini sədr görmək istəyirlər. Məhərrəm Qasımlının xəstəliyini hamı bilir. Həkim nəzarətindədir. 2 dəfə ürək əməliyyatı keçirib, 3 dəfə insult olub. Gözlərində problem var və digər xəstəliklərdən əziyyət çəkir. Mədəniyyət və Turizm Nazirliyində olan himayıdarları isə, onun səhhətində olan problemləri bilə-bilə, öz maraqlarına görə, onu Birliyə sədr gətirmək istəyirlər. Aşıqlar da narahatdırlar ki, Məhərrəm Qasımlı bu vəzifəyə gəlsə, təşkilatın işi yenə iflic olacaq. Görəsən nazir Əbülfəs Qarayev bütün bunlardan xəbərdardırmı? Düşünürük ki, nazirə düzgün məlumat verilmir. Müavini və işciləri onu da aldadırlar. Nəzərə almaq lazımdır ki, ölkə prezidenti cənab İlham Əliyev də kadr siyasətində məhz gənclərə daha çox önəm verir”.

4 May 2016 11:32

Şəmil Sadiq yazır:”Ədəbiyyatın onları”

Şəmil SADİQ Filologiya üzrə fəlsəfə doktoru Onlar çoxdan var idilər. Və elə bilirdilər ki, onlardan başqa heç kim yoxdur, heç vaxt olmayacaq da. Amma bir gün Bunlar gəldilər. Çox uzaqdan yox, elə Onların öz yanından, düzünə qalsa, “şinellərinin altından”… Amma eyni şineldən çıxmalarına baxmayaraq, çox keçmədi ki, başladılar Onlara daş atmağa, tənqid etməyə, hətta məqamı gəldikdə üz döndərməyə. Onlarsa əvvəl bu səs-küyə əhəmiyyətsiz yanaşdılar. Kreslolarından, şanlarından, şöhrətlərindən, uğurlarından, titullarından, nüfuzlarından elə möhkəm yapışdılar ki, durduqları yerdən bu “dimdiyi sarılar” heç görünmədilər də. Amma dimdiklərinin sarılığına niyə baxırsınız ki? Bunlar Onların qabırğasına döşəmədən durmur, tərifbazlıqda, məddahlıqda, çərçivəli olmaqda, nüfuzlarından sui-istifadə etməkdə, kimlərinsə hesabına yazıb yaratmaqda, şablonçuluqda, bir tikə çörək üçün onun-bunun qoltuğunda gəzməkdə, 50 qrama palaz-palaz məqalələr yazmaqda qınayırdılar. Bu civiltiləri əslində haqqın səsi də hesab etmək olardı. Çünki dediklərində haq söz az deyildi. Amma nə fayda ki, Onlar bu sözləri ya eşitmir, ya da cidd-cəhdlə özlərini eşitməzliyə vururdular. Beləcə, Bunlar boğazları yırtılana qədər civildədilər, beçə xoruzlar kimi banladılar, hətta bülbül kimi cəh-cəh də vurdular. Və… Bir gün, nəhayət ki, bu səsi dinləyənlər tapıldı. Hətta az qaldı desinlər ki, Bunlar Allahın elçiləriymişlər, bu dünyaya başqa bir şey üçün deyil, elə Onları başa salmaq üçün gəlibmişlər. Sonra qəribə bir şey oldu… Onların öz içlərindən bir neçəsi dəstədən qopub Bunlara dəstək verməyə başladı. Qabaqlarına o qədər dən tökdülər ki, gəl görəsən… Ye ki yeyəsən… Elə qazan da bu zaman qaynamağa başladı. Ac qalan Bunlar o qədər fərqli səslər çıxardılar ki, adamlar az qaldılar lap valeh olsunlar… Və… bu zaman da başqa bir problem çıxdı ortaya. Məlum oldu ki, artıq Bunlar da böyüyüb Onlara oxşamağa başlayıblar. Hətta artıq kimlər üçünsə birmənalı şəkildə Onlar kimi görünürlər. Hətta camaat artıq Bunları dinləyir, Bunları eşidir, Bunların sözünü söz sayır… Bir gün isə… Onlar bir də onda ayıldılar ki, vay dədəm vay, sən demə Bunlar o qədər də balaca deyilmişlər. Bunları görməzdən gəlmək də yanlış iş olub… Beləcə… Günlər keçdi, ay dolandı, Bunlar Onların bəzilərindən aldıqları dəstək nəticəsində yaxşı-yaxşı böyüdülər. Və başladılar prosesi özləri yönləndirməyə. Həm də Onlara bənzəməyə. Onlarda bəyənmədiklərini daha modern, postmodern, nyupostmodern, ən nyupostmodern kimi metodlarla özləri həyata keçirməyə başladılar. İlk öncə yalançı şöhrətlərinə büründülər, sonra dəstə yaratdılar, sonra 150 qrama məqalələr yazdılar, sonra Bunların ardınca gələnləri bəyənməməyə, araya-bərəyə qoymağa çalışdılar. Sonra da özləri-özlərini tərfilədilər. Bir sözlə, Onların etdiklərini “ananın dalınca budaq-budaq gəzən bala kimi” daha qəşəng, dünya və Avropa standartlarına daha uyğun, texnologiyalardan daha çox bəhrələnərək təkrarladılar. Və beləcə Onların qocalmış şir kimi uzanıb Bunlara baxmaqdan başqa çarəsi qalmadı. Hətta iş o yerə çatdı ki, Onlar bəyənmədikləri Bunlara müsahibə vermək üçün ciddi-ciddi növbəyə də durdular. Amma öz aramızdır, bunu da deməsək olmaz: Onların verdiyi müsahibələr Bunların hesabına yaxşı-yaxşı oxundu da, maraqla qarşılandı da… Hətta heyrətlə əldən-ələ, gözdən-gözə ötürüldü də… Bunu görənlər isə dərk etdilər ki, Onlar və Bunlar arasında fərq əslində bir hərfin yaratdığı fərq qədər imiş… Bircə hərfin…

3 May 2016 3:44

Yaxın tarix. 28 aprel 1920-ci il…

“Gecə yarısı bir zirehli qatar - tək bircə qatar təzə Müstəqil Azərbaycan Respublikasının təzə sərhədini keçib Qızıl Ordu əsgərlərini yuxulu Bakı vağzalına gətirmişdi. Beləliklə, Azərbaycan ordusu heç bir atəş də açmadan yoxa çıxmışdı. Respublika məhv olmuş, qalib Rusiya isə öz əvvəlki varını özünə qaytarmışdı. Mən öz gözlərimlə bir dünyanın sonunu gördüm...” Bu cümlələr Ümmülbanunun (Banin) “Qafqaz günləri” kitabındandır. Bakı milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, ADR-in ticarət və sənaye naziri Mirzə Əsədullayevin qızı olan Ümmülbanunun (1905-1992) Azərbaycanda Sovet hakimiyyəti qurulanda 15 yaşı vardı. 28 aprel hadsəsinin ətrafında yaratdığı ovqatı o, aşağıdakı cümlələrlə ifadə edir: “Hava xoş, təbiət gözəl olsa da, atam evdə qapanıb qalır, çölə çıxmağa cəsarət etmirdi. Sarı rəngli nazir şəridini şkafın siyirməsinə atmışdı. Nə parlament qalmışdı, nə də üzvləri. Rusiyanın qalıqlarından yaranmış bu respublikanın ömür sürdüyü iki il ərzində Bakı camaatı lovğa-lovğa deyirdi:“Biz müstəqilik, müstəqilliyimizi Cenevrə konfransı da elan edib. Onlar bizə hücum edə bilməzlər. Həm də ki, biz silahlanmışıq, onları isə müharibə və vətəndaş qalmaqalı əldən salıb...” *** Qızıl Ordunun Bakıya daxil olmasının yaratdığı pərtlik cəmisi 3 il əvvəlki ifrat entuziazmla daban-daban ziddiyyət təşkil edirdi. Əhval-ruhiyyələrin tərsinə çevrilməsi, ümidlərin puç olması üçün qısa zaman bəs etmişdi. 3 il əvvəl necə idi? 1917-ci ilin 27 fevralında Petroqradda qalib gələn burjua inqilabı və mütləqiyyətinin ləğvi haqda ilk xəbərlər Bakı qəzetlərində yalnız martın 2-də iri hərflərlə dərc olunmuş və Bakı əhalisi tərəfindən böyük coşğu ilə qarşılanmışdı. İrəlidə isə hələ bir neçə il davam edəcək “Qaranlıq dövr” vardı. Ancaq yaranmış nikbinlik fonunda gələcək əlvan rənglərdə görünürdü. Həmin entuziazmın təsvirinə Manaf Süleymanovun əvəzsiz “Eşitdiklərim.Oxuduqlarım. Gördüklərim” kitabında rast gələ bilərik. O vaxt devrilmiş mütləqiyyətin simvollarından hətta imperatora can-başla qulluq göstərmiş şəxslər də imtina edirdilər. Manaf Süleymanov kitabında 1917-ci ilin martında baş vermiş diqqətəlayiq bir hadisədən söz açır: “Bir qrup Bakı qaragüruhçusu, Nikolayın adı çəkiləndə səcdə edənlər - keşiş Ekzar Qruzi, maarif inspektoru Saxnovski, milyonçu çolaq Ağabala Quliyev, qoluzorlu Hacı Aslan Aşurov, Bakı texniki məktəbinin direktoru Bajenov toplanış məskənləri olan Aleksandro-Nevski kafedral “Qızıllı” kilsəsinin həyətinə yığışıb avara Qara Məmmədə bir qızıl onluq verərək faytona oturtdular və hündürlüyü iki arşın, eni bir arşın olan qızılı çərçivədəki II Nikolayın portretini qabağına qoyub küçələrdə, meydanlarda gəzdirtdilər. Macəra axtaranlar, əyləncə həvəskarları, bekar adamlar faytonda oturmuş Qara Məmmədə və tutduğu portretə tamaşa edə-edə gülüb söz atırdılar. Qaragüruhçuların bu çıxışı nümayişdən çox matəm, özü də gülünc matəm mərasiminə oxşayır, Romanov xanədanının son çarının həqiqətən basdırıldığını təsdiq edirdi”. Bakıda siyasi həyat canlanır və hər kəsin ölkənin gələcəyinə dair öz planı peyda olur. Çoxlu sayda yeni psevdo-partiyalar da yaradılır. Manaf Süleymanov öz kitabında bu barədə yazır: “Bakıda hər yerindən duran bir partiya yaradır, stol qoyub siyahı tutur, adamları öz tərəfinə təşviq edir və hər biri də xalqa hürriyyət, əmin-amanlıq, firavan dolanışıq, çoxlu qazanc vəd edirdi və bu yolla əhalini tora salmağa cəhd edirdilər. Hətta burjuaziya məclis düzəldib əhaliyə pulsuz şirin çay “qonaqlığı” da verirdi. Adam vardı gündə bir “partiya”ya yazılırdı...” Oktyabr inqilabından sonrakı Bakı isə sanki açıq qapıdır. Yerlə sürünən hakimiyyəti kim istəsə növbə ilə götürür - Kommuna, Sovet, “Sentrokaspi” diktaturası, “Zakaspi”, “Müsavat”. Bakıya kim istəsə girib çıxırdı - türklər, almanlar, ingilislər, ruslar... Və klassik anlamda hakimiyyətdən danışmaq da qüsurludur. Və bütün bu anaxronizmlər 28 aprellə bitir. *** Tarixi gerçəkliyi ən düzgün çatdıra biləcək vasitə - sənədlər və memuarlardır. Xüsusən də, onlar postfaktum yox, hadisələr vaxtı yaranıbsa və onların müəllifləri kənar bioqraflar yox, şahidlər və bilavastə iştirakçılardırsa. Və bu iştirakçılar bu sənədləri hadisələrin gedişatını işıqlandırmaq üçün hazırlayıbsa. 28 aprel 1920-ci il - Azərbaycanda Sovet hkimiyyətinin qurulması ilə bağlı bu sənədlər ortaya rəsmi və populist versiyalardan tamamilə fərqlənən həqiqətləri üzə qoyur. Məlum olur ki, ölkədə bolşevizmə müqavimət az qala olmayıb, hökumət qalmaq yox, qaçmaq barədə düşünüb, bolşeviklər isə Atatürkün köməyi olmasaydı, Azərbaycanda çətinliklərlə qarşılaşardı. Bu inqilabın xeyrinə çox aktiv rolu türk əsgər və zabitləri oynayıb, elə onlar da Müsavat hökumətinin Bakıdan qaçmasına mane olaraq nazirləri bolşeviklərə təhvil verib. Hadisələrin kaleydoskopu isə elə sürətlə fırlanır ki. Xalq arasındakı 2 il əvvəlin nikbinlik və coşğusundan da əsər-əlamət qalmayıb. 1920-ci il martın 21-də İnqilabi Hərbi Şuranın (Revvoensovet) sədri Lev Trotski Siyasi Büronun Qafqaz üzrə nümayəndəsi Stalinə sorğu yollayır: “Novorossiysk və Qroznıya sahib çıxandan sonra sizdən 3 atıcı və 2 süvari diviziya götürüləcək… Cavab verin, bu şəraitdə Bakının alınması və əldə saxlanması üçün dərhal əməliyyat həyata keçirilməsini mümkün sayırsınızmı?” Stalin elə həmin gün Moskvaya teleqram vurur: “Qalan qüvvələrlə Bakı rayonunu saxlamaq olar. Əgər neytralitet təklif etsək, gürcülər də təhlükəli deyil”. Eyni zamanda, bolşeviklər türk milli hərəkatının rəhbəri Mustafa Kamalın (Atatürk) köməyinə arxalanırlar. 1920-ci ilin yazında RK(b)P-nin Mərkəzi Komitəsinin Qafqaz bürosu Atatürk hökuməti ilə saziş bağlayır. Rusiyanın türklərə ingilislərlə mübarizədə yardım edəcəyi müqabilində türk millətçiləri Qızıl Ordunun Azərbaycanı tutmasına faktik xeyir-dualarını verirlər. Bolşeviklərin Qafqaz bürosunun sədri Orconikidze (Serqo) RSFSR xarici işlər naziri Çiçerinə yazır: “Türkiyədəki millətçi hərəkatın rəhbəri Mustafa Kamal paşa Azərbaycandan tələb edib ki, Sovet qoşunlarını öz ərazisindən Türkiyə sərhədinə buraxsın”. Və oradaca işarə vurur: “Ola bilsin ki, bizim Bakıya girməyimiz və onu sovetləşdirməyimiz qansız ötüşsün”. 21 aprel 1920-ci ildə Orconikidze və Tuxaçevski Bakıya hücum əmrini verirlər. Aprelin 23-də hücumun məqsədi tam aydınlaşır: “…11-ci ordunun son məqsədi yalnız Bakı quberniyasını yox, Azərbaycanın bütün ərazisini tutmaqdır”. Aprelin 26-dan 27-nə keçən gecə Qızıl ordu hissələri Azərbaycanla sərhədi keçir, 1 gün sonra isə yerli hökumət Bakını yerli kommunistlərə verərək təslim olur. Vur-tut 24 saat ərzində. Orconikidze və Kirov Leninə yazırlar: “Bizim qoşunlarımız heç bir müqavimətə rast gəlmədən irəlilədi. Hakimiyyət yerli kommunistlərə təhvil veriləndən 2 saat sonra bizim zirehli qatarlarımız artıq Bakıdaydı…” Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında Qızıl Orduya əhəmiyyətli yardımı türk hərbi məsləhətçiləri göstərir. Məhz sonuncular Azərbaycan ordusuna nəzarət edirdi. Orconikidze və Kirov Leninə yazırlar: “Azərbaycan ordusu bütünlüklə bizim tərəfimizə keçdi. Bakı inqilabında türk əsgər və zabitləri çox aktiv rol oynadı. Onların dəstəsi yerli hökumətin Bakıdan qaçmaq imkanlarının qarşısını aldı”. Vəssalam. Və nəhayət - 1920-ci il mayın 1-də həmin dəstənin komandiri Sovet Rusiyasının ali hərbi mükafatı - Qırmızı Bayraq ordeni ilə mükafatlandırdı. Belə mükafatı kimə gəldi vermirdilər, xüsusən də əcnəbilərə… *** Devrilmiş hökumətin üzvlərinin həmin günlərdəki əhval-ruhiyyəsini Ümmülbanı “Qafqaz günləri”ndə öz atasının misalında bu cür təsvir edir: “Atam ciddi ruhi düşkünlük keçirirdi. O, ağzını açıb danışmasa da, peşmançılığını və özünü nədə günahlandırmasını duymaq olurdu. Vaxtında Bakıdan çıxıb getməmiş, pullarını xarici banklara keçirməmiş, nazir vəzifəsinə uyub qalmışdı. Sarı nazir qovluğu boşalmış, qapısı nəzarətçisiz qalmışdı. Atam sadəlövhlüyünün cəzasını çəkirdi...” Məmməd Süleymanov

28 Aprel 2016 6:40

Musiqili Teatrda yeni tamaşa – “Mənim günahım”

Azərbaycan Dövlət Musiqili Teatrında yeni layihəyə start verilib Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu PİA.AZ-a bildirib ki, söhbət böyük dramaturq, Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında hazırlanan tamaşadan gedir. Layihənin ideya müəllifi və rəhbəri Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rejissor Əliqismət Lalayevdir. “Böyük, unudulmaz sənətkarımız İlyas Əfəndiyevin həmişə diqqətimdə olan möhtəşəm lirik-psixoloji dramı, dünyaca məşhur bəstəkar Qara Qarayevin ölməz, bənzərsiz balet musiqisi əsasında hazırlanan bu tamaşa bir çox sürprizlərlə zəngindir. İnanıram ki, janrına görə sevgi haqqında pritça kimi dəyərləndirdiyimiz “Mənim günahım” hamı tərəfindən bəyəniləcək. Tamaşanın quruluşçu-rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə xanım Gözəlovadır. İradə xanım buna qədər də bizim teatrla əməkdaşlıq edib. Onun hazırladığı Ə. Haqverdiyevin “Kimdir müqəssir?” əsəri böyük marağa səbəb olub. Hazırda premyerasına hazırlaşdığımız “999-cu gecə” tamaşasının rejissoru da İradə xanımdı. “Mənim günahım” onun Musiqili Teatrda 3-cü işi olacaq. Yeri gəlmişkən, bu tamaşanın quruluşçu-rəssamı da Gəncə Dövlət Dram Teatrının istedadlı rəssamı Elnur Axundovdur. Tamaşada baş qəhrəmanı – Nurcahan obrazını hər zaman özünəməxsus ifası ilə fərqlənən, Xalq artisti, “Şöhrət” ordenli Şükufə xanım Yusupova canlandıracaq. Şükufə xanım bizim teatrla artıq bir neçə ildir ki, əməkdaşlıq edir. Onun iştirakı ilə tamaşaya qoyduğumuz N.V. Qoqolun “Evlənmə” əsəri 2012-ci ildə “Zirvə” mükafatına layiq görülüb. Ayqız obrazını ifa edəcək gənc balerina Cəlalə Novruzlu isə tamaşaçılar üçün yeni sima olacaq”, - deyə Əliqismət Lalayev söyləyib. Qeyd edək ki, tamaşanın quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-baletmeysteri Leyla Ağayeva, drijoru Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor-assistenti Saray Kərimlidir.

20 Aprel 2016 12:11

Qəribə adam  

Seyran Səxavətin 70 illiyinə ...Biz bir-birimizi doğulmamışdan tanımışıq. Torpağımızı tanıdığımıza görə, eyni bulaqlardan su içdiyimizə görə, eyni səmanın altında eyni havanı udduğumuza görə, eyni çəmənliyin ətrindən bihuş olduğumuza görə, eyni çayda (göldə) çimib, eyni günəşin şüaları altında isindiyimizə görə, eyni nəğmədən öyüd, eyni papaq qoyan kişilərdən tərbiyə aldığımıza görə... O, bir dəfə mənə dedi: - Mən səni bələkdən tanıyıram, çünki sən anadan olanda, mən artıq 17-18 il idi ki, sənin atanın qardaşı oğlu idim... Amma buna baxmayaraq mən az qala doğulandan, ən geci onun adını ilk dəfə eşidəndən başlayaraq ən müxtəlif situasiyalarda və ən müxtəlif şəkildə onunla tanış olmağa, onu daha yaxından tanımağa başlamışam, çalışmışam. ...Bu yaxınlarda onun 70 yaşı tamam oldu. Bu, məşhur yazıçı üçün əlamətdar yubileydir. Son 50 ildə Azərbaycan ədəbiyyatında, özünün ifadəsi ilə desək, Azərbaycan ədəbiyyatının “ərazisində” özünə yer eləmiş və illər keçdikcə o yeri möhkəmləndirmiş, indi isə tamamilə özəlləşdirmiş yazıçının bayramı münasibətilə əksər saytlar, qəzetlər, ümumiyyətlə, ölkə mətbuatı yazılar verdi, onun müsahibələrini, haqqında dostlarının, həmkarlarının, ailə üzvlərinin müsahibə, ürək sözləri və rəylərini dərc etdi. Bütün bunlar, əlbəttə, yaxşıdır. Əladır. Ancaq, mənim fikrimcə Seyran Səxavət haqqında bir neçə söz də biz deməliyik. Biz – yəni, yağlıvəndlilər. Onun kəndçiləri… *** Bir yağlıvəndli olaraq onun “sahib çıxmağa” iddia etdiyi Yağlıvənd “var-dövləti”nə biz də şərikik, bizim də iddiamız var. Əsas fərq, əsas məsələ odur ki, Seyran müəllim, tutaq ki, Əsgərxan bulağından məndən qabaq su içib, amma o da var ki, ondan qabaq da o bulaqdan su içən olub, ondan sonra da və inanıram ki, gələcəkdə də olacaq. Ancaq, təbii ki, Seyran Səxavət YAĞLIVƏNDİN DÜNYA ƏDƏBİYYATINA BƏXŞ ELƏDİYİ ƏN BÖYÜK YAZIÇIDIR! Əlbəttə, yağlıvəndli olmayan adamlar dərhal deyə bilər ki, o boyda yazıçını bir kənd səviyyəsinə endirmək nəyə lazımdır?.. Hətta bunu nadanlıq hesab edə bilərlər. Amma Yağlıvənd adlı bir dünyaya bələd olan hər kəs hesab edir ki, Seyran Səxavətin bugünkü səviyyədə yazıçı olmasının ən birinci və ən əsas səbəbi məhz YAĞLIVƏNDLİ olmasıdır. ...Və özünün də etiraf etdiyi kimi, bütün ömrü boyu yazdıqları da məhz Yağlıvənd haqqındadır. Düzdür, o, özü bunu “ömrüm boyu özümü yazıram” şəklində ifadə edir. Lakin, biz bunu “ömrüm boyu Yağlıvəndi yazıram” kimi başa düşürük. Bizim və ümmuiyyətlə, heç kimin qarışa bilməyəcəyi yeganə məsələ isə Əsgərxan bulağından su içməsinə də, Qara Quzeyin təpəsindən dünyaya baxmasına da, hələ “bir qarış” vaxtlarından Bakıdan “yekə-yekə” məktublar almasına da onun və başqalarının haradan və necə baxmasıdır. Və bu baxışı müəyyən edən də məhz Tanrının ona bəxş elədiyi təbii istedaddır. Hamının gözünün qabağında olan, hamının baxdığı, lakin heç də hamının görə bilmədiyini görə bilmək bacarığını ona verən İSTEDAD! Yəqin məhz buna görə də o, demək olar ki, bütün əsərlərinin girişində qeyd edir ki, “Mənim yazdıqlarımın hamısı Dünyanın Mən baxan tərəfdən görünən hissəsidir. Əziz oxucu, gəl bir az da mən baxan tərəfdən bax Dünyaya, nə vaxt darıxsan, çıxıb gedərsən...” Amma, onun baxmadığı, baxa bilmədiyi, baxmağa imkan, vaxt, fürsət, bucaq tapmadığı səmti də var Dünyanın. İndi biz də buradan birlikdə onun baxdığı Dünyaya onun qəhrəmanlarının, qohumlarının, dostlarının və ...onun əsərlərinin qəhrəmanlarının - personajlarının qohumlarının-doğmalarının baxdığı tərəfdən baxacağıq. Qoy Seyran Səxavət də bir az biz baxan tərəfdən baxsın bu Dünyaya. 70 illik yubileyində. *** ...O, qəribə adam təsiri bağışlayır. 70 illiyi münasibətilə verdiyi müsahibələrdən birində: “...Hər insanın içində bir proqram var. Mənim içimdə Seyran Səxavət ssenarisi var. 70 ildi Allahın mənə yazdığı Seyran Səxavət ssenarisini oxuyuram. Hələ bitməyib. Mən orda baş roldayam. Bu ssenari oxunub qurtaranda artıq mən olmayacam…” deyir. Qeyd etdiyi, baş rolda və 70 il oxumaqda olduğu Seyran Səxavət ssenarisi məhz bizim kənndən başlayıb. Ondan söz düşən bütün məclislərdə, qohumu olan da, olmayan da, şəxsən tanıyan da, tanımayan da fəxrlə “bizim kənddəndir”, “mənim qohumumdur” deyə bilər. Xüsusilə də mən. Çünki, biz həm həmkəndliyik, həm həmkarıq, həm qohumuq, həm də dostuq! Üstəgəl mən onun daimi oxucularından, pərəstişkarlarından və təbliğatçılarından biriyəm. Digər tərəfdən onun işıq üzü görmüş, hamısını oxuduğum, bir çoxunu əzbər bildiyim əksər əsərlərinin əsas qəhrəmanları da onun özü kimi mənim də yaxın qohumlarımdır. Onun daim çiçəkləməkdə olan və müntəzəm və yaxşı bar verən ədəbi-bədii ağacının ilk becərəni, ilk su verəni mənim mamam (bizlərdə atanın bacısına mama deyirlər), dolayısı ilə elə onun da maması, Qarabağda ali təhsil almış ilk qadınlardan biri, kəndimizdə isə birincisi olan Sona Əsədova olub. Bəli, mənim də ilk Azərbaycan dili və ədəbiyyat müəllimim və mamam olan Sona müəllim məndən əvvəl Seyranın həm atasının yaxın qohumu - maması, həm də ilk Azərbaycan dili və ədəbiyyat müəllimi, ən sevimli müəllimlərindən biri olub. Elə Seyran Xanlarov da mamamın ən sevimli şagirdlərindən biri imiş. *** ...Əsas məsələ odur ki, o, bizim kənddə doğulub. Biz isə hərəmiz bir vaxtda ondan müəyyən müddət sonra dünyaya gəlmişik və onu tanımışıq, sevmişik, əsərlərini bir vaxtlar qoynumuzda-qoltuğumuzda gəzdirmişik. Onun özü ilə şəxsi tanışlıqdan əvvəl adı ilə, səs-sorağı ilə tanış idik. Bu tanışlıq “salnaməsinə” o zmanlar kənd yerlərində dəbdə olan dava-dalaş tarixçələri də daxildir. Məsələn, biz uşaq olan vaxtlarda danışırdılar ki, Yağlıvəndin köhnə klubunda kinoya toplaşdıqları zaman cavanlardan biri ilə orta məktəbin orta siniflərində oxuyan gələcəyin böyük yazıçısının sözü çəp gəlir. Seyran özündən 5-6 yaş böyük olan oğlanın üstünə atılır. Düzdür, ona gücü çatmır, hələ iki yağlı şillə də alır. Amma ətrafdakı adamların hamısının rəğbətini qazanır. Qorxmadığına, cəsarətinə və təəssübkeşliyinə görə. Başqa bir “rəvayətdə” isə qəhrəman birmənalı olaraq Seyrandır. Orta məktəbi bitirib Bakıda, başqa yerlərdə ali məktəbə daxil olan cavanlar kəndə gələndə hökmən kənd arasına çıxıb “özlərini göstərərmişlər, qıza-zada baxarmışlar”. Və Azərbaycan Dövlət Universitetində oxuyan şıq geyimli bir tələbə məktəbin darvazası ağzında dayanıb, “özünü göstərir, qıza-zada baxır”mış. Dərsdən çıxan Seyran yenə də özündən 6-7 yaş böyük cavanın üstünə atılır. O, indi artıq 10-cu sinifdə oxuyur, özü də köhnə klubun yanındakı zəif uşaq deyil. Bu dəfə o, qonağı iki şilləyə qonaq edir... *** ...1950-ci illərin sonlarında Yağlıvənd kənd məktəbi onillik təhsil verən yeganə orta məktəb idi. Yaxın ətrafda olan bütün kəndlərin – Qacar, Dilağarda, Divanallar, Veysəlli, Qaraməmmədli, Dövlətyarlı, Qərbənd, Zərgər, Gecəgözlü, kimi kəndlərin, hətta bəzən Araz Yağlıvəndinin də şagirdləri yuxarı sinifləri oxumaq üçün Yağlıvəndə gəlirmişlər. Hətta kənd orta məktəbinin başqa kəndlərdən gələnlər üçün öz yataqxanası da olub. Həmin dövrdə gənc Ulduz müəllimə bizim kəndə gəlir və onu orta məktəbdə pioner baş dəstə rəhbəri təyin edirlər. Məhz həmin Ulduz müəllimin təklifi ilə xüsusi musiqi istedadı olan Seyran məktəbin pioner dəstəsinin şeypurçalanı olur. Və o, bu işdə pioner yaşı başa çatıb komsomol sıralarına keçənədək davam edir. Komsomola keçdikdən sonra isə öz şeypurunu və şeypurçalan vəzifəsini mənim qardaşım Arzumana təhvil verir. *** ...Sonrakı ədəbi-bədii yaradıcılığında xüsusi yer tutacaq qəhrəmanlardan, obrazlardan biri olan Qaçay müəllimlə də həyatının paralel getməsinin maraqlı tarixçəsi var. Həmin Ulduz müəllimin rəhbərliyi ilə o dövrün ən məşhur səhnə əsəri olan Səməd Vurğunun “Vaqif” əsərini Yağlıvənd kənd orta məktəbində tamaşaya qoyurlar. Təxminən 1959-1960-cı illərdə. Əsərin əsas obrazlarından olan Şah Qacar rolunu Seyran Xanlarovdan 2-3 yaş böyük olan, mənim böyük qardaşım Əhliman oynayır. Seyran və onun sinif yoldaşı, sonralar ayrıca “Qaçay müəllim” adlı hekayə həsr etdiyi, “Qaçaqaç” romanında isə “Qaçay” kimi təsvir olunan Ağayar Alıyev (onun rəsmi sənədlərdə adı Ağayar olsa da hamı Qaçay kimi tanıyır) qılınclaşan gürcülərin rolunu oynayırlar. Mənə elə gəlir ki, bunun əsas səbəbi Seyranın da, Qaçayın da zahirən göyçək, ağbəniz və sarışın olmaları olub. Hə, axı Seyrana orta məktəbi qurtarıb kənddən gedənədək camaat elə həm də Sarı deyirmiş. Elə o qılınclaşan – bu qılınclaşan, 70-ə çatdılar… Yeri gəlmişkən, Qaçay müəllim obrazı da məni Seyran Səxavətin qonorarına şərik edir, çünki Ağayar – Qaçay müəllim anamın doğmaca əmisi oğludur. Söhbət anamın qohumlarından düşmüşkən dərhal onu da qeyd edim ki, yazıçının avtobioqrafik romanı olan “Qaçaqaç”dakı II Dünya müharibəsinin qəhrəmanı poçtalyon Balaca da anamın doğmaca əmisidir. *** ...Bizim ilk şəxsi, canlı, üzbəüz tanışlığımız onun öz toy gününə təsadüf edib. 1970, ya da 1971-ci il idi. Əsgər müəllimin oğlu Seyranın toyuna atamı da ailəlikcə dəvət etmişdilər. Füzuli şəhərinin əvvəllər Proletar, sonralar isə Rüstəm Əliyev adlandırılan küçəsindəki həyətin iri darvazası açıq idi. Bizi qarşılayan adamlar - bəyin anası anamla, atası isə atamla qucaqlaşıb, qarşılıqlı “mübarək-xoşgəldin” mübadiləsindən sonra qadınlar anamı evə apardı, kişilər isə atamla məni körpə gözlərimdə ucu-bucağı görünməyən mağara... Çox qısa müddətdən sonra mən mağardan doydum və çölə çıxmaq istədim. Atam darvazadan küçəyə çıxmamağımı tapşırıb uşaqlarla oynamağa buraxdı. Bax, təzə bəyi də məhz bu “azadlığa çıxanda” gördüm. Tay-tuşlarının arasında. Uca boylu, şıq geyinmiş, sarışın telli cavan hələ də yadımdadır. *** ...Sonralar onunla Ukraynada da “tanış oldum”. Ali təhsil aldığım 5 il ərzində orada mətbuatla, ədəbiyyatla, mədəniyyət və incəsənətlə ciddi maraqlanırdım. Oxuduğum jurnallardan biri də “Kolos” idi. ...Və günlərin bir günündə aldığım jurnalı vərəqləyərkən “...Azərbaycanın cavan, istedadlı və tanınmış yazıçılarından biri Seyran Səxavətin” “Baxram Koratan” hekayəsinə rast gəldim! Bunun sevincini 30 il keçəndən sonra necə ifadə etmək olar görəsən?! Hər halda gec də olsa təxminən 2700 kilometrlik bir məsafədə əmioğlunu o səviyyədə sevindirə bilən 40 yaşlı yazıçıya çatmalı olan və o zamandan indiyədək gələn minnətdarlığı indi bildirməyi də özümə borc bilirəm. Deyəsən indiyədək onun mənə olan şərikli qonorar borcunun hamısını bircə bu sevincə dəyişmək olar. Və onu da qeyd edim ki, Seyran Səxavətin Ukraynada ukrain dilində hekayəsi çap olunmuş jurnalı da ilk dəfə Azərbaycana, ən azı Füzuliyə və Yağlıvəndə gətirmək və doğmalara çatdırmaq sevincini də mən yaşadım. İşin yaxşı, potensial münaqişəni aradan qaldıran tərəfi odur ki, iddia etdiyim adamların çoxu həm də onun öz qohumlarıdır. Hətta bəziləri ona daha yaxındır. “Yüz ilin kişisi” kimi bir hekayə həsr etdiyi, başqa əsərlərində, xüsusilə də “Qaçaqaç” romanında dəfələrlə xatırladığı “Bəylər Dədə” isə özcənə babasıdır. *** ...Bizim bir tanışlığımız da məşhur rəssam Maral Rəhmanzadənin “vasitəsi” ilə olub. Anam və onun həm qohumunun həyat yoldaşı, həm qonşumuz və ən əsası isə yaxın rəfiqəsi olan Maral xalam Füzuliyə getmişdilər. Onlar yanaşı yeriyəndə kənardan çox maraqlı görünürdülər. Anam uca boylu, nəcim, Maral xalam isə dərhal nəzərə çarpacaq dərəcədə gödək və kök qadın idi. Hər ikisi 12 taxta tuman, yaxası düyməli, qolu büzməli, boyunluğu köbəli qofta geyinir, başlarına şal örtür, alınlarına qəşbeh bağlayırdılar. Rəssam Maral Rəhmanzadə ilə təsadüfən rastlaşmaqla onun diqqətini cəlb edirlər. Rəssam onlara yaxınlaşır, şəkillərini çəkmək üçün icazə istəyir. Anamgil əvvəl razı olmurlar. Maral xanım: “mən Bakıdan gəlmişəm, rəssam Maral Rəhmanzadəyəm, burada Seyran Səxavətin atasıgildə, Xanlargildə (yazıçının böyük qardaşı) qonağam. Sizin geyiminiz mənim çox xoşuma gəlir, bir rəssam kimi mənim üçüm çox maraqlıdır. Xahiş edirəm ki, imtina etməyəsiniz.” – deyir. Anam, “Elə bilin ki, o ev mənim qaynım evidir, Seyran mənə öz balam kimi əzizdir. Bir şəkil çəkmək nədir ki, istədiyin qədər çəkə bilərsən” – deyə cavab verir. Maral Rəhmanzadə biri arıq-uzun, digəri kök-gödək olmaqla tumanlı- qoftalı-şallı-şamaxılı-qəşbehli kənd qadınlarının bir neçə şəklini çəkir. Ayrılanda da deyir ki, şəkli Xanlargildən götürə bilərsiniz. Bu xəbəri eşidən Maral xalamın həyat yoldaşı, bir az əsəbi olan, Alverdi kişi ağacını götürüb arvadını cəzalandırmaq istəyəndə Maral xalam canını qurtarmaq üçün günahın anamda olduğunu söyləmişdi. O da aradakı yolu keçib bizə gəlmişdi. Anam atasının doğmaca xalası oğlu olan Alverdiyə izah etdi ki, şəklimizi çəkən qadın Əsgər müəllimin qonağıdı. Bununla da məsələyə xitam verildi. Sonralar həmin fotolar əsasında Maral Rəhmanzadə bir neçə “Qarabağ qadınları” portreti yaratmışdı... *** ...Atamın avtomobil qəzasında həlak olmasından cəmi bir il sonra Əsgər əmi də vəfat etdi. Bütün Yağlıvənd Füzuliyə axışdı. Seyran Səxavətin də, mənim də yaxın qohumumuz olan Əlisəfa (hazırda məcburi köçkün kimi Hacıqabul rayonunda yaşayır) təklif etdi ki, Əsgər əminin yasına biz də gedək. Getdik, amma bir az gec, camaat dağılandan sonra. Seyran müəllim və Bakıdan gəlmiş bir neçə tanınmış  yazıçı və şair bağda qoyulmuş iri masa ətrafında çay içirdilər. Görüşdükdən, başsağlığı “dil-ağız”ımızı dinlədikdən sonra bizi Bakıdan gələn hörmətli qonaqlara təqdim etdi. Açığı biz də çox sevindik ki, belə adamlarla bir süfrədə əyləşib çay içirik. Sonra Seyran müəllim bizdən hal-əhval tutmağa başladı. Biləndə ki, mən universiteti bitirib təyinatla Şuşaya getmişəm və bir az da yazı-pozu ilə məşğul oluram, çox sevindi. Dedi: - Şuşada Əli Mahmud var, tanıyırsan onu? - Bəli (Əli müəllim o zaman “Şuşa” qəzetinin redaktor müavini idi). - Qayıdanda gedərsən onun yanına, deyərsən ki, mən Seyranın əmisi oğluyam. Sonrası ilə işin yoxdu, nə lazımdı o özü edəcək. Yaxşımı? Susduğumu görüb, bir də soruşdu: - Yaxşımı, əmi oğlu? - Yox! – kobud cavab verdim. O, təəccüblə əvvəl mənim, sonra da qonaqların üzünə baxdı, üzünü mənə çevirdi: - O nə deməkdi, niyə? - Əli Mahmudun bir işi olanda məndən xahiş eləyir! – mən əlbəttə, zarafat edirdim. Qonaqlar da, Seyran da əslində yas yerində olduğumuzu unudub qəhqəhə çəkdilər. - Gördünüz? - Seyran müəllim üzünü Bakıdan gələnlərə tutdu, - bax bu, Yağlıvənd deməkdi. Özü də hələ bu Yağlıvəndin ən sakit cavanlarıdı. Hələ yolunuz kəndimizə düşsə nələr görərsiniz... *** “...-Yazanda özümə xidmət etmişəm ki, yüngülləşim. …Oxucu da kitabımı oxuyubsa özünə xidmət edib...” - Seyran Səxavət bu sözləri təzəlikcə deyib.. Bunu oxuyandan sonra qardaşım Arzumana müraciət etdim: - Aranızda cəmi 3 yaş fərq var. Seyran Səxavətin bütün həyatı, yaradıcılığı gözünün önünə keçib. Səncə doğrudanmı, o bir yazıçı kimi xalqa qulluq etməyib? Cavab belə oldu: - Əgər yazıçı ədəbiyyata, indiki halda Azərbaycan ədəbiyyatına xidmət edirsə, deməli həm də Azərbaycan ədəbiyyatının məxsus olduğu Azərbaycan xalqına xidmət edir. Konkret Seyrandan bir şair kimi danışsaq, onun şairliyindən indiki nəsillərin xəbəri olmasa da, bizim vaxtımızda, yəni Seyranın şair vaxtlarında cavan qızlar, oğlanlar onun şeirlərini kəsib özləri ilə gəzdirirdilər... Əzbər bilirdilər... *** Tanışlığımız davam etdi. Seyran Səxavətin işıq üzü görən bütün şeirlərini oxudum. 1962-ci ildə, onun 16 yaşı olanda çap edilmiş ilk şeirindən tutmuş məşhur şeirlərinədək... Bəzilərini hətta əzbərlədim də... Sonra “Hamı elə bilirdi”dən başlayaraq hekayələrini, romanlarını oxudum. Onun müstəqilliyimizin bərpa olunmasından əvvəl yazdığı, yəni Azərbaycan Sovet ədəbiyyatına məxsus olan sonuncu hekayəsi, 1987-ci ildə qələmə aldığı “Qaçay müəllim” hekayəsidir. Bu əsərin də əsas qəhrəmanları mənim qohumlarımdır. Qaçay müəllim yuxarıda qeyd etdiyim kimi, dayım (anamın doğmaca əmisi oğlu), onun “işpionluğundan” şübhələnən Qoruqçu Şükür isə anamın (həm də Qaçay müəllimin) əmisidi (atasının doğmaca əmisi oğludur). Qoruqçu Şükürə bir az dəli-dolu xasiyyəti olduğuna görə həm də Dəli Şükür deyirmişlər. Həmin hekayə çap olunub yayıldıqdan sonra tək-tük narazı qalan da var idi. İnciyənlərdən biri də Dəli Şükürün - Qoruqçu Şükürün qızı, indi artıq rəhmətlik Bayaz xalam olur. Atasının bu şəkildə qələmə verilməsi onun bərk xətrinə dəymişdi. Amma artıq iş-işdən keçmişdi, kitab da çıxmış, camaat da oxumuşdu. Qaçay müəllimin böyük qardaşı Vətən Əliyev “Ukrayna” sovxozunun baş mühasibi idi. Bir gün Bayaz xalam baş mühasibin sovxozun idarəsindəki kabinetinin pəncərəsini tıqqıldadır. Başını qaldıran əmisi oğluna işarə edir ki, çölə çıx. Baş mühasib onu içəri dəvət edir ki, əmi qızı, gəl içəri, sözünü de. Əmiqızı içəri girmir, təkid edir ki, əmioğlu çıxsın. Əmioğlu onun xətrinə dəymək istəmir. Durub çıxır çölə. Bayaz xalam onun qoluna girib idarədən xeyli aralayıb, bağdakı ağacların birinin altına çəkir. Ağzını Vətən müəllimin qulağına yaxınlaşdırıb deyir: - Əmi oğlu, qağamın adı yazılan varağı cırdım! Baş mühasib söhbətin nədən getdiyini göydə tutur: - Lap yaxşı eləmisən, əlinin də içindən gəlib. Heç kim sənə heç nə eləyə bilməz. Durmuşam arxanda dağ kimi, gəl bəri. Bəli, Bayaz xalam Seyran Səxavətin kitabındakı “Qaçay müəllim” hekayəsində adı çəkilən Qoruqçu Şükürə aid vərəqləri cırıb atmış, bununla da yazıçıdan acığını çıxmışdı. *** Bir gün kəndə - Yağlıvəndə gəlirmiş. Öz məhəllələrinə - Kavxalıya az qalmış uzaqdan görür ki, uzun müddət “Ukrayna” sovxozunun direktoru olmuş ağsaqqal Tapdıq əminin arvadı, Seyranın maması (atası Əsgər müəllimin doğmaca əmisi qızı, yazıçının bir çox əsərində sevə-sevə “Bəylər Dədə” kimi oxucuya təqdim etdiyi İsmayıloğlu Bəylərin qızı), Seyran da daxil olmaqla yaxın qohumlarının əzizləyərək “Xeti mama” dediyi Xeyransa xanım öz əmisi oğlu Eyvazxan kişi ilə baş-baçşa verib nə isə danışır (üç qardaşdan birinin nəvəsi yazıçının atası Əsgər müəllim, birinin nəvəsi Xeyransa xanım, birininki də Eyvazxan kişidir). Seyran Səxavət “Volqa”da onunla birlikdə gələn yazıçı qonaqlarına deyir: - Bax, o arvad mənim mamamdı, o da əmimdi. Maşından düşür və uzaqdan uzuağa çağırır: - Aya-ya-ya, Xeti mama, Xeti mama! - Nədi qadaalım?! – Xeyransa xanım Yağlıvənd ləhcəsi ilə cavab verir. - A, o kişi kimdi heylə, bu axşamın toranında baş-başa verib danışırsan orda? - Kişi dəyil ha, qadaalım, Eyvazxan əmindi!.. ...Xeyransa mama baş-başa verib danışdığı kişinin yad adam olmadığını demək istəyirdi... *** ...Şuşanın işğalından sonra Bakıya gəlməyə məcbur oldum. Burada “Qarabağ” və “Şimali Azərbaycan” qəzetlərində işlədiyim vaxtlarda Seyran Səxavət tez-tez “Azərbaycan” nəşriyyatının 2-ci mərtəbəsində “Bərəkət” qəzetinin redaksiyasında olurdu. Bir gün onun yanına getdim, müsahibə almaq istədiyimi bildirdim. Mənim başa düşmədiyim bir cavab verdi: - Sizin ən qəliz suallarınıza cavab verməyə hazıram! – dedi. Mən onu başa düşmədim, çünki heç bir halda Seyran Səxavət mənimlə “Siz” deyə danışmamalı idi. Yox, əgər belə danışırdısa, deməli, sadəcə olaraq məni tanımayıb. Hər iki halda mənim xətrimə dəyirdi. Ona görə də iraq böyüklüyündən “hərcayı” sözə yağlıvəndli kimi “mərcayı” cavab vermək qərarına gəldim. Onun “Sanatoriya” povestindəki Mərdan yadıma düşdü. Və eynən Mərdan kimi ətrafıma baxıb, soruşdum: - Kimin? - Ən qəliz suallara cavab verə bilərəm! – düzəliş elədi. - Bəs deyirsən “Sizin”? İkimiz də güldük. Onun o zaman məni tanıyıb-tanımadığına hələ də əmin deyiləm. Amma müsahibədən vaz keçdim. ...Və indiyədək də baş tutmayıb... *** Haqqında danışdığımız Qaçay müəllimlə yanaşı o sinifdə həmin Qoruqçu Şükürün prototipi olan Şükür kişinin qızı Ana, sonralar kimya müəllimi olan, xalam oğlu Bəylər, mühəndis olan Eyvaz, rus dili müəllimi olan Eyzangül, mühasib olan Əzizgül və başqaları da oxumuşdu. Mən ailə qurandan bir müddət sonra Bakıdakı görüşlərimizin birində yazıçı soruşdu: - Əmoğlu, yoldaşın haralıdı? - Öz kəndimizdən. - Kimlərdəndi? - Qədirlilərdən, Vətənin qızıdı. - Bıy, əmoğlu, mənim bacım qızın almısan ki! - Necə yəni? - Sənin qaynanan Əzizgül mənim sinif yoldaşım olub, 10 il bir partada oturmuşuq, bacı-qardaş olmuşuq. Bu tanışlığımızın davamı idi... *** 1996-cı ildə onun 50 illik yubileyi keçirilirdi. Mətin Mirzə adlı bir gənc tribunaya qalxdı. Dedi ki, hər kəsin bir atası olur. Mənim isə iki atam var. Onlardan birincisi mənim bioloji atam, hamınızın tanıdığınız Mikayıl Mirzədir. İkinci və mənəvi atam isə Seyran Səxavətdir. O, hələ heç kimin tanımadığı cavan bir uşağın altı hekayəsini birdən “Ulduz” jurnalında çap etmişdi. Bu ilk hekayəsi çap olunan gəncə tarixdə misli görünməyən bir etimad idi. Bax, o gənc mənəm və ona görə də Seyran Səxavəti özümün mənəvi atam hesab edirəm. Həmin məclisdə mərhum şair Mərkəz Qcaraın “Kərim Kərimli də çıxış etsin!” təklifinə etiraz etmişdm. Tanışlığımız hələ davam edirdi... *** 2000-ci illərin əvvəli idi. O zaman Hökumət evinin yaxınlığındakı Beynəlxalq Mətbuat Mərkəzində tez-tez keçirilən tədbirlərin birindən çıxıb aşağı - həyətə düşəndə gördüm ki, məşhur yazıçı Seyran Səxavət siqaretin kötüyünü çeynəyə-çeynəyə var-gəl edir. Yaxınlaşdım, görüşdük. Gördüm ki, bulud kimi dolub, himə bənddi. İstədim fikrini dağıdam. Torpağı sanı yaşasın, rəhmətlik Xanəhməd oğlu Famil əmisi kimi ağzımı açmağa qoymadı: - Kərim, Mədinə mamam öldü! Mədinə mama Seyran Səxavətin atası Əsgər müəllimin əmisi qızıdı. Böyük bəyin gəlinidi. Mədinə xanımın həyat yoldaşı rəhmətlik Əvəz kişinin atası Böyük bəy isə Qarabağ xanlığının banisi Pənah xanın nəslindən olan Behbud bəyin oğlu, Qarabağda məşhur adamlardan Şıxalı bəyin, Zənsgəzur qəzasının pristavı Həsənalı bəyin qardaşı oğludur. Mədinə xanımın vəfat etməsini mən təxminən 10 gün əvvəl eşitmişdim. Ailə üzvlərimizdən onun yasına gedən də olmuşdu. (Qarabağlılar bütün ölkəyə səpələndiyindən qohum-əqrabanın xeyir-şərinin hamısında iştirak etmək mümkün olmur. Bəzən məcbur olub, qardaşlar arasında kimin hara getməsi barədə məsləhətləşməli olursan.) Ona görə də təəccüb etdim, necə ola bilər ki, Mədinə mamanın vəfat etməsini Seyran müəllim indi eşitsin! Cavab verdim: - Allah rəhmət eləsin, ay Seyran müəllim, mən bunu neçə gündü... - Hə, rayondaydım, yeddisini verib gəlmişəm!.. - Seyran müəllim, indi elə çətin zəmanədi ki, ölüm adiləşib, xüsusilə də bədbəxt hadisələr çoxalıb, cavan-cavan adamlar dünyasını dəyişir, nə qədər gəncimiz Qarabağda şəhid oldu... Mədinə mama, torpağı nurla dolsun, doxsanı haqlamışdı, dünyanı görmüşdü, qəriblikdə dəfn olunmaqdan başqa bir dərdi də yox idi... - Ə, yox e, Mədinə mamam... Tamam kövrəlib. Ona necə təsəlli vermək barədə düşünməyə macal tapmamış, birdən qolumdan tutdu: - Kərim, Hilizəni gördüm! - Hilizə hara, sən hara? – zarafat eləyib könlünü açmaq istədim. İşarəni yazıçının 1986-cı ildə yazdığı “Madonnanın əri Fərəməz kişi” hekayəsinə vurmaq istəyirəm. Seyran Səxavətin həmin hekayəsinin personajı Fərəməz kişinin prototipi Hilizənin əri, anamın anasının əmisi oğlu olan rəhmətlik Fərəməz kişidir. - Ojağın külü, sinif yoldaşımdı dana! – gülümsəyərək sırf yağlıvəndli kimi cavab verdi. - Yəqin yas yerində görüşdünüz. - Hə, bir də görürəm bir qadın mənə yaxınlaşıb, başaa dönüm, ay Seyran, nətərisən, deyir. Üzünə baxıram, elə bil dünyanın xəritəsidi. İynənin ucu boyda qırışsız yer yoxdu. Heyrətlənirəm. Gülə-gülə qayıdasan ki, tanımadın məni? Deyirəm yox. Deyir, Hilizəyəm dana, ojağın külü!.. *** ...Seyran Səxavət haqqında bir əhvalatı da mənə Azərbaycan ədəbiyyatının “ərazisində” özünə təzə “yer götürmüş” yağlıvəndli gənc və istedadlı şair Elşad Ərşadoğlu hələ 5 il əvvəl danışıb. Deyir, bir dəfə Seyran Səxavət, Ağa Laçınlı və İsa İsmayılzadə qatarda harasa gedirmişlər. Kupedə bekarçılıqdan Azərbaycanın yazıçı və şairlərinin siyahısını tutmağa başlayırlar. Yada düşən hamının adını yazıb qurtarandan sonra bir-bir “istedadsızların” adlarını pozmağa başlayırlar. Axrda siyahıda cəmi 3 nəfərin adı qalır: Seyran Səxavət, Ağa Laçınlı və İsa İsmayılzadə. Arada İsa İsmayılzadə nəyə görəsə kupedən çıxır. O çıxan kimi rəhmətlik Ağa müəllim deyir ki, Seyran, bunun adını poz, bundan şair olmaz. İsa İsmayılzadə qayıdandan bir müddət sonra Ağa Laçınlı da çıxası olur. Dərhal İsa İsmayılzadə deyir ki, Seyran, bunun adını da poz, bunun harası, nəyi istedadlıdı, bu şair deyil. Seyran qələmi götürüb onun da adının üstündən xətt çəkir. Ağa müəllim də qayıdır və xeyli müddət heç biri yerindən tərpənmir. Bir müddətdən sonra Seyrandan soruşurlar ki, niyə heç durub çölə çıxmırsan, siqaret çəkməyə, su başına... Seyran özünəməxsus yumorla cavab verir: - Qağa, mən Azərbaycan ədəbiyyatını başsız-sahibsiz qoyub heç hara gedə bilmərəm!.. *** Bizi Yağlıvənd adlı bir kənd gözləyir. İndi başsız-sahibsiz qalmış bir kənd. O kənddə vaxtilə dahidən dəliyə qədər ancaq yaxşı adamlar yaşayıb. O kəndin sakinləri Fərhadlılar, Qədirlilər, Muradxanlılar, Dadşlılar, Kalbayı Həsənxanlılar, Aşırlılar, Külədərlilər… kimi tayfaları can deyib, can eşidərək ürək ürəyə yaşayırdılar. Və o kənddə 1946-cı il mart ayının 23-də Kavxalı obasının Muradxanlı tayfasında Allah bəndəsi Seyran adlı bir oğul doğulub. O oğul ki, Azərbaycanda həm filologiya üzrə və həm də texnika üzrə elmlər doktor olan yeganə şəxs, şair, professor Elçin İskəndərzadə dahi adlandırır və “Seyran Səxavətin təkcə “İt intervüsü” hekayəsi belə Nobel mükafatına layiqdir” deyir. Elçin müəllim haqlıdır. Mən də Seyran Səxavətə Nobel mükafatını arzu edirəm (hələ Azərbaycanın Xalq Yazıçısı olmasa da), lakin, Böyük Yazıçıya ən böyük arzum məhz Yağlıvənd Mükafatıdır. O Mükafat bizi gözləyir. Qeyd etdiyimiz O KƏNDİN DÜNYA ƏDƏBİYYATINA BƏXŞ ETDİYİ ƏN BÖYÜK YAZIÇIYA və hamımıza qismət olsun!!! 54 ildən bəri ədəbiyyatı “öz ərazisinə çevirməklə məşğul olduğu, çevirə bildiyi” kimi Yağlıvəndi də ÖZ ƏRAZİSİNƏ, ÖZ KƏNDİNƏ çevirə bilsin! Məhz Yağlıvənddə Yağlıvəndin ƏN QƏRİBƏ ADAMI ola bilsin! Qərib yox, məhz Qəribə adamı! YAĞLIVƏND ADAMI...(kulis)

13 Aprel 2016 1:58

Sabirin hamıdan gizlətdiyi sirri

Faktinfo.az  axar.az-a istinadən görkəmli yazıçımız Cəlil Məmmədquluzadənin mərhum şair Mirzə Ələkbər Sabir haqda məqaləsini təqdim edir: “Molla Nəsrəddin” məcmuəsi 1906-cı il aprel ayının yeddisində nəşrə başlayanda biz Sabiri tanımazdıq və Sabir adlı şairin varlığını eşitməmişdik. Əgər bizim şivəmizə yaraşan belə bir ləzzətli şairin dünyada olduğunu zənn etsə idik, birinci nömrəmizi onun qələmi ilə bəzəməmiş meydana qədəm qoymazdıq. Sabirin birinci şeiri idarəmizə həmin vaxt gəlib çatmışdı ki, yeddinci nömrəni paylayıb səkkizincini hazırlamaqdaydıq.Belə məlum oldu ki, qiymətli şairimiz yeddinci nömrədə “Niyə mən dərsdən qaçdım” sərlövhəli məqaləni oxuyub, bu barədə uşağın atasına həmin kinayəli cavabı yazır ki, biz onu səkkizinci nömrədə çap etmişik: Ol gün ki, sənə xaliq edər lütf bir övlad, Olsun ürəyin şad!.. Bundan belə məlum olur ki, əziz yoldaşımızın məcmuəmizə gəlib çatan birinci əsəri həmin indi qeyd etdiyimiz mənzumədir və yeri düşübkən lazım bilirəm Sabirlə maraqlananlara iqrar edəm ki, məcmuəmizin dördüncü nömrəsində dərc olunan və “Hophopnamə”yə daxil olan “Millət necə tarac olur olsun, nə işim var?” adlı mənzuməni ki, bu saat camaatımız onu Sabirə isnad verir, Sabirin olduğunu mən inkar edirəm; əvvəla o səbəbə ki, həmin mənzumənin əl yazısı Sabirin xətti ilə yazılmamışdır; ikinci dəlilim budur ki, şeir özü – necə ki, şeir ustadları mülahizə edə bilər – bir qədər zəifdir və bəhər surət, Sabirə yaraşmır. Burada Sabir şivəsi və Sabir ruhu görükmür. Mənim həmin nəzəriyyəmin əksini bircə şairin dəsti-xətti təsdiq edə bilər. Əgər bir kəsdə varsa, zühura çıxmağı arzu olunur. Necə ki, yuxarıda ərz olundu, Sabiri biz qabaqlarda tanımazdıq və həmin söylədiyimiz birinci əsəri Tiflisdə mətbəəmizə gətirən bir naməlum cavan oğlan oldu. Bu adam paket içində məktubu verir yoldaşımız Ömər Faiqə və qaçıb gedir. Faiq bir tərəfdən təəccüb edir və bəlkə o, məktubu bədxahlar tərəfindən bizə təhdid və söyüş zənn edir. Demə o, söyüş əvəzində - həmin dəyərli mənzumə imiş: Ol gün ki, sənə xaliq edər lütf bir övlad, Olsun ürəyin şad!.. Bəli, çap elədik. Ancaq bəs bunu yazan kimdir? Ay yoldaş Faiq, niyə qaçdı o zalım oğlu, kimdir onu göndərən? (çünki əsər imzasız idi, “Hop-hop” imzasını idarəmiz qoydu).Aha! Bir-iki həftə keçməmişdi, həmin naməlum oğlan yenə mətbəəmizə bir paket gətirir və Faiqə verir. Yenə qaçır gedir. Bu dəfə də paketin içindəki sovqat atanın dərs oxuyan oğlundan gileyidir: “Bilməm nə görübdür bizim oğlan oxumaqdan” ki, məcmuəmizin 11-ci nömrəsində dərc olunubdur. “Aman günüdür, Faiq yoldaş, tap o zalım oğlunu”. “Taparam, taparam, səbir et, yoldaşım, bir də gəlsə buraxmaram”.Elə ki, bir həftə də ondan sonra həmin oğlan yenə o münval ilə əlində paket gəlir mətbəəyə və paketi qoyur, istəyir qayıda, yoldaşım Faiq bu dəfə düşür onun dalınca və aparır çıxardır erməni bazarında şamaxılı Şeyxovların xalça mağazasına.Şeyxovlar əvvəlcə mətləbi açmaq istəmirmişlər, ancaq Ömər Faiqin təkidi ilə məsələni açırlar, ancaq bu şərt ilə ki, söhbət burada qalsın.Demək, biçarə Sabir mühitin şəraitini mülahizə etmək babətindən “Molla Nəsrəddin”də öz iştirakını nəhayət dərəcədə gizli tutmaq istəyirdi. Və xeyli bir zaman elə də oldu və bu səbəbdən də biz ona verdiyimiz “Hop-hop” təxəllüsünü sonralar özü dəyişib, müxtəlif imzalar qayırdı.Həmin müxtəsər məqaləmizə bu bir neçə cümləni də artırmaq istərdik.Sabir – bu təxəllüs altında bizim şairimiz deyil; Sabir eyni səbir və təhəmmül sahibi, dindar bir şairin təxəllüsüdür ki, dünyanın cövr və cəfasına, insanların günah və məsiyyətinə mütəhəmmil olub, yaxşı dünyanın intizarında qalır ki, bu da iman və etiqad əhlinin qismətidir. Biz, necə ki, ərz olunub Mirzə Ələkbər Sabir təxəllüslü şair olduğunu bilmirdik. Onun üçün də “Hophopnamə” kitabında Sabirin “Sabir” təxəllüsü altında yazılarının dərcini görəndə ona əfsus etdik ki, “Daş qəlbli insanları neylərdin, ilahi” kimi bir mənzuməyə (səh. 174) Hacı Məcid Əfəndizadənin vəfatı münasibətilə Sabirin çox yanıqlı və mütəəssir qəsidəsi dərc olunub (səh. 313).Onun üçün mən həməvəqt “Sabir” ləfzini bir yanda görəndə və eşidəndə belə bir xəyalata cumuram: nə üçün dünya belə qurulubdur ki, gün ləkəsiz olmur və qızılgül tikansız bitmir? Və bəlkə həmin dünya qanununun təsirindəndir ki, “Hop-hop” kimi ən qiymətli və nadir bir şairimizin gülkarlığının içinə dindarlıq sarmaşıqları da gəlib qarışaydı gərək.

31 Mart 2016 2:20

Hötenin “Möcüzə uşaq” adlandırdığı dahi bəstəkar

  O, XIX əsrin ən məşhur pianoçu və bəstəkarlarından biri idi. İstedadlı olduğuna görə ona bir zamanlar “möcüzə uşaq” da deyilirdi. Onun bu istedadı bir çoxlarını, hətta ərini də qıcıqlandırırdı... Bəstəkarın uşaqlığı Məşhur bəstəkar Klara Cozefina Vik (Klara Şuman) 1819-cu ilin 13 sentyabrında Almaniyanın Saksoniya əyalətinin Leypziq şəhərində anadan olub. Atası Fridrix Vik musiqi müəllimi və piano firmasının sahibi olub. O, qızının istedadını kəşf edərək 5 yaşından musiqiçi kimi yetişdirib. 9 yaşından konsertlərdə ifa edən musiqiçi, 11 yaşında ilk konsertini verib və mahnı bəstələyib. Cozefina 1831-1836-cı illərdə atası ilə birlikdə Avropada silsilə konsertlər verib. O zamanlar Mendelson, Paqanini, Şopen, Höte kimi məşhurlar onu “Möcüzə uşaq” adlandırırdı. Şəxsi həyatı Pianoçu kimi məşhurlaşan sənətçinin ailəsinin vəziyyəti daha da yaxşılaşırdı. Klara atasının verdiyi təhsilin nə qədər uğurlu olduğunun canlı nümunəsi idi. Bunun sayəsində atası pullu şagirdlər tapırdı və məhz buna görə, piano satışları getdikcə artırdı. Ancaq onların xoş günləri çox davam etmir. Ailənin xoşbəxt günləri Klarının atasının şagirdi Robert Şumana aşiq olması ilə bitir. Atası bu münasibətə qarşı çıxaraq onların evlənmələrinə icazə vermir. Bu icazənin alınması üçün cütlük məhkəməyə müraciət edir. Məhkəmə çəkişmələri Klaranın atasının fikrindən geri dönməməsi səbəbindən 3 il davam edir. Atasının tərsliyi, münasibətə qarşı çıxmağı gəncləri bir-birilə daha da mehribanlaşdırır. Robert və Klara məhkəmə davam edən müddətdə bir-birinə 400-ə yaxın məktub yazır. Bu müddətdə Klara uğurlu konsertlərə, Robert isə musiqi bəstələməyə davam edirdi. Hətta Robert diplomu olmadığına görə, onun barəsində iddialara son vermək üçün fəlsəfə diplomunu alır. Məhkəmə 3 ildən sonra gənclərin evlənməsinə qərar verir və cütlük 1840-cı ildə evlənir. Klaraya olan sevgisi Robertin daha çox mahnı bəstələməsinə stimul verirdi. Təkcə evləndikləri il, o, 138 mahnı bəstələyib. Evləndikləri gün Klaranın başında mərsin bitkisindən çələng var idi. Robert isə toya hədiyyə kimi ona «Mərsinlər» adlı vokal məcmuəsini bəxş edib. Fridrix Vik gənclərə o qədər kinli olur ki, illər boyu konsertlərdən yığdığı puldan qızına bir qəpik də vermir. Klara hətta pianosunu ancaq bir neçə aydan sonra öz evinə gətirə bilir. Əvvəllər onların həyatı ideal görünürdü. Klara və Robert öz bəstələdikləri musiqiləri bir-birinə hədiyyə edirdilər. Ancaq bu xoşbəxtlik sadəcə görüntü idi. Klara Avropada Listdən sonra birinci pianoçu sayılırdı və səhnəni atmaq fikri yox idi. Şuman isə bundan çox da razı deyildi və yazırdı: «Evliliyimizin ilk ilində sən fortepianoda çalmağı atıb özünü ailəyə və ərinə həsr etməlisən. Qadın olmaq səhnədə olmaqdan daha vacibdir. Əgər cəmiyyətlə bütün əlaqələrini kəssəydin, mənim ən ümdə arzumu həyata keçirmiş olardın. Axı sən mənim üçün əbədi olaraq dahi kimi qalırsan». Klara, ailə qurandan sonra sənətinə kifayət qədər zaman ayıra bilmədiyinə görə narahat idi. Çox məşq edə bilmədiyinə baxmayaraq, o, konsertlərdən tamamilə imtina edə bilmədi. Bir müddət sonra isə konsertlərindən qazandığı gəlirlə ailəsini saxlamağa başladı. Klaranın məşhurluğunun artması və ailənin maddi təminatını öz üzərinə götürməsi Şumana psixoloji olaraq çox pis təsir edirdi. O zamanlar Robert çox da məşhur deyildi və onu “Məşhur bəstəkarın əri” kimi təqdim edirdilər. Robert evliliklərinin ilk 10 ilində hələ tanınmış bəstəkar olmadığından yaxşı pul qazana bilmirdi. Buna görə ailənin bütün yükü Klaranın üzərində idi. Əri bu durumdan məmnun olmasa da, Klara silsilə konsert proqramları və musiqi dərsləri verərək həm ərinə, həm də 14 illik evliliklərində 8 uşağa baxmağa məcbur idi. Robert isə evdə iki piano olduğundan, səs-küydə musiqi bəstələyə bilməməyindən şikayətlənirdi. Evlənməmişdən qabaq Robert Klaranın musiqi bəstələməyi üçün hər cür dəstəyi versə də, evlilikdən sonra onun işinə mane olurdu. Robert, həyat yoldaşının ondan daha güclü olmasını qəbul edə bilmirdi. İllər keçdikdən sonra Robert, məşhur və istedadlı həyat yoldaşının kölgəsində qaldığına görə, əsəb xəstəliyinə tutulur və evlilikləri dözülməz hal alır. İş o həddə çatır ki, Robert intihara cəhd edir. Özünə qəsddən sonra Şuman xəstəxanada müalicə olunur. O, ruhi əsəb dispanserinə yerləşdirilir, iki il sonra isə orada dünyasını dəyişir. Ruhi xəstəxanada ona yaxınları, həyat yoldaşı və uşaqlarıyla görüşməyə icazə vermirdilər, amma fortepianoda çalmaq və bəstələmək imkanı yaradılmışdı. Ölümünə 2 gün qalmış Klaranı təcili olaraq xəstəxanaya çağırırlar. Bu, son görüş idi. Beləliklə, Klara həyat yoldaşını yalnız bir dəfə, o da ölümündən iki gün əvvəl ziyarət edir. Bəstəkarın ölümü Klara sonrakı illərdə 3 uşağının və Robertin ölməsinə baxmayaraq musiqi işlərinə ara vermir. Bu arada Klaranın Robertin bütün əsərlərini nümayiş etdirməsi böyük uğur gətirir. Robert əsl bəstəkar adını çox gec, ölümündən sonra alır... Klara 1848-ci ildə Frankfurt Konservatoriyasının baş piano müəllimi olur. Bu illərdə ən yaxın həmdəmi, əri ölməmişdən əvvəl ailə dostları olan bəstəkar Yohan Brams idi. Brams Klaranı çox sevirdi, hətta bəzi bəstələrini Klaraya ithaf edib. Şumanın sağlığında Brams tez-tez Robert və Klara ilə görüşür və bu görüşlərdə dahi bəstəkarların musiqilərini ifa edirdi. Klara Bramsı uşağı kimi görür, onu qoruyur və tanınması üçün əlindən gələni əsirgəmirdi. Şuman öləndən sonra Klara və Brams onun xatirəsinə konsertlər verirdi. Brams 1858-ci ildə bəstələdiyi “Uşaqların mahnıları” adlı albomunu onların uşaqlarına həsr edib. Klara 1888-ci ildə sənətdəki 60-cı ilini qeyd edir. Son konsertini isə 1891-ci ildə verərək konservatoriyadan ayrılır. Bundan sonra Klara şagirdlərə evində dərs deyirdi. Klara 26 martda Frankfurtta dünyasını dəyişdi. Bu hadisə Brams üçün böyük bir zərbə oldu və 1 ildən sonra o da öldü. Almaniyalı rejissor Peter Şamoni 1983-cü ildə Klara ilə Robertin gənclik illərinə, onların tanışlıqlarına və evlənmələrinə qədər gedən yoldan bəhs edən “İlk Bahar Simfonsiyası” adlı film çəkib. Filmdə Klara obrazını Nastasiya Kinski canlandırıb. Film, Klaranın yeni evinə atasının mənzilindən pianosunu gətirəndə ərinin ona dediyi “Evimiz iki piano üçün bir az balaca deyilmi?” cümləsi ilə bitir.(kulis)

28 Mart 2016 11:31

Hərflərin rəqsi

Bugünlərdə saytımızda gedən bir yazıdan oxudum ki, Təhsil Nazirliyindən verilən məlumata görə, sən demə, orta məktəblərimizdə 555 müəllim saxta diplomla dərs deyirmiş Dərhal, şagirdlərlə təsadüfən görüşüb elədiyim söhbətlər yadıma düşdü. Hərdən mağazaya gedərkən yaxınlıqda yerləşən orta məktəbin şagirdləri ilə qarşılaşıram. Bir gün qarşıma çıxan o gül parçalarından soruşdum: uşaqlar, bu gün hansı dərslərdən keçmisiniz? Şagirdlərdən biri irəli durub dedi, şıllaq atmaq dərsi keçdik, əmi! Kürəyinə iri çanta yüklənmiş bu balaca uşağın, gözəl məxluqun mənimlə zarafat eləmək cəhdinə, yumor hissinə heyran oldum. Qaşlarını əyə-əyə danışan o balaca uşağın sifəti axşama kmi gözlərimin qarşısından çəkilmədi, həmin gün əhvalım çox şən keçdi. Sabahısı gün yenə qarşıma çıxan həmin şagirdlərdən soruşdum: indi nə keçdiniz, uşaqlar? Aşağı sinif şagirdlərindən biri dedi, əmi, bu gün biz keçi kimi mələmək öyrəndik. Məni gülmək apardı ki, ayə, nə maraqlı uşaqlardı bunlar! Deməli, məktəbi, təhsili sevməklə yanaşı, hər dəm şənlənə də bilirlər. Onların bu zarafatına qarşılıq vermək üçün gülə-gülə soruşdum: bu dərsdi - məəəə?! Uşaqlar dərhal əl-ələ verdilər və ətrafımda dövrə vurub keçi kimi mələməyə başladılar. Baxdım ki, aralarındakı aşağı sinif şagirdləri çəpiş kimi məkkildəyirdilər. Nə isə, bu şən və xoşbəxt uşaqların əllərindən birtəhər çıxıb avtobusa sarı qaçdım. Geri boylananda gördüm, uşaqlar arxamca mələşə-mələşə əl eləyirlər. Növbəti gün evdən bir az tez çıxmışdım. Gördüm, ibtidai sinif şagirdləri dərsdən çıxıb evlərinə gedir. Məni görən kimi xorla salamlaşdılar. Kürəklərindəki ağır çantaları daşımaqdan boyunları geydikləri məktəbli formasından xeyli irəli çıxmışdı. Sənə elm zarafat gəlməsin, hər gün belində ağır vərəqlərdə çap olunmuş xeyli kitab daşımalısan. Fikirləşdim gəl, bunlardan da soruş, görək, bu gün hansı dərsi keçiblər. Ucadan soruşdum: uşaqlar, bu gün nə keçdiniz, nə öyrəndiniz? Qoşa hörülmüş saçında ağ bantları olan qızcığaz əllərini yanına salıb cavab verdi: bu gün “nərdivan hərfini” keçdik, əmi. Məni gülmək apardı. Vay dədəm, vay! Uşaqların fantaziyasına bax hələ sən! “H” hərfini deyir, yəqin. Maraq məni bürüdü. Dedim, uşaqlar, göstərin görüm, o məlun nərdivan hərfi hansıdı. Qızcığazın yanındakı balaca oğlan tez çantasını çiynindən yerə qoyub “Əlifba” kitabını çıxartdı. Üç dəfə öpüb gözünün üstünə qoyandan sonra kitabı vərəqləyib “H” hərfini tapdı. Dedim, uşaqlar, bəs, kitabı öpüb göz üstünə qoymağı kim öyrədib sizə? Dedilər əmi, məllimimiz deyir, bu kitab çörək ağacıdı, onu həmişə çörək kimi öpüb göz üstünə qoymaq lazımdı. Uşaq kitabında “H” hərfini tapdıqdan sonra oradakı sözləri göstərib soruşdum: bəs bu sözləri oxuya bilərsinizmi? Hamısı duruxub biri-birinin üzünə baxdı. Təzədən başqa birisi soruşdu ki, əmi, oxumaq nə deməkdi? Uşaqların bu şıltaqlığı mənə ləzzət eləyirdi. Dedim, göstərin görüm, özgə hansı hərfləri keçmisiniz. Onlar vərəqi geri çevirib “F” hərfini göstərdilər: bax, bu kərənti hərfidi. Bəzi yerlərdə ona dəryaz da deyirlər. Sonra çevirib “E” hərfini göstərdilər: bax, bu daraq hərfidi. “S” hərfini göstərdilər: bax, bu, soxulcan hərfidi. “T” hərfini göstərdilər: bax, bu, pol ağacı hərfidi, külüng də demək olar. “J” hərfini göstərib dedilər: bax, bu, çəlik hərfidi. “O” hərfini göstərib dedilər: bax, bu, boyunduruq hərfidi... Dedim, yaxşı, uşaqlar, zarafatı buraxın, bəs bu sözləri oxuya bilərsiniz? Xorla qışqırışdılar: əmi, meyxana oxumağı deyirsən, istəyirsən birini oxuyaq indi. Dedim, yox ee, uşaqlar, bu hərflər yan-yana düzüləndə müxtəlif sözlər alınır, o sözləri oxuya bilərsinizmi? Dedilər, əmi, bizə elə şey keçməyiblər. O dəqiqə barmağımı dişlədim, bildim ki, uşaqların müəllimi xəbərdə yazıldığı kimi saxta diplomlulardandı. Sabah gözümə qara eynək taxdım, qoltuğuma da bir boz papka alıb getdim həmin məktəbə. Direktora dedim, yuxarıdan gəlmişəm, işə düzələn zaman müəllimlərin sizə verdiyi sənədlərə baxmaq istəyirəm. Direktor qorxa-qorxa sənədləri qabağıma tökdü. Sən demə, uşaqlara keçi kimi mələmək dərsi keçən müəllim uzun müddət dağlarda keçi otarmaqla məşğul olubmuş. Sonra “Əlifba” keçənin sənədinə baxdım. Bu kişi də daş ustası imiş. Direktordan soruşdum ki, müəllim, bəs, niyə belə adamları işə götürmüsünüz? Dedi, başına dönüm, mən latın deyilən bu təzə əlifbanı oxuya bilmirəm, yəqin kopayuşağı onçun məni aldadıblar. Murad KÖHNƏQALA(kulis)

15 Mart 2016 1:45

Fəhlənin ölən arvadı

Gürcü hekayəsi Revaz İnanişvili Kaxetiyanin Saqareco rayonu, Xaşmi kəndində doğulub. Hekayə ustası kimi tanınıb. Bir neçə hekayə kitabı var. Gürcü nəsrinin yetişməsində gürcü kinomotoqrafiyasının, xüsusən də Otar İoselianinin əvəzsiz xidməti olub. R.İnanişvili O.İoselianinin filmlərinin ssenarilərini yazıb. 1996-cı ildə vəfat edib. Kulis yazıçı Eyvaz Əlləzoğlunun tərcüməsində Revaz İnanişvilinin “Sixurala” (“Sevinc” mənasını verir) hekayəsini təqdim edir. İçəri daxil olan Mağvala kürəyini qapıya söykəyib başını yana çevirdi. - Bizim dülgər sizi görmək istəyir, batono Levan. - Hansı dülgər? - Dülgərlik emalatxanasında işləyir. - Nə istəyir? Mağvala çiyinlərini çəkdi. - Deyir arvadım ölüb, direktora sözüm var. Levan acıqlandı. Bilirdi ki, bu cür adamlar, adətən, qanundan kənar şeylər üçün ağız açırlar. Bununla belə başı ilə razılığını bildirdi. - Gəlsin. Mağvala çıxdı, ancaq qapını örtmədi. Dülgər əvvəlcə başını uzatdı, sonra ayağını içəri qoydu, qapının yanında dayandı. Balaca boylu, dolu kişi idi, yəqin 60 yaşını ötmüş olardı. Böyük başı, iri gözləri vardı. Təkəmseyrək ağ saçları qəhvəyi rəngli alnında bir –birinə qarışmışdı. Levana elə gəldi ki, kişi qalın bığının altından gülümsünür. - Buyurun, buyurun... Kişi irəliyə doğru bir addım atdı. İri papağını sağ əlindən sol əlinə keçirdi. - Buyurun, buyurun! Levan irəli yeriyib əl verdi. Dülgərin dəyənək kimi bərk əli vardı. - Əyləşin. - Levan ona stul təklif etdi. - Yox, sağ olun, oturmaqla vaxtınızı alıb sizi narahat etmək istəmirəm. - Nə narahatlığı var, canım?! Əyləşin, əyləşin. - Yox, dərdimi elə ayaqüstü də deyə bilərəm. - Buyurun. Dülgər papağını irəli keçirib qurşağının yanında iki əli ilə tutdu. - Arvadım Sixarula ölüb. - Nə danışırsız?! - Yazıq xərçəngdən keçindi. Heç cür kömək edə bilmədik. Yenə şükür ki, çox əziyyət çəkmədi. Dülgər susdu. Onun gözləri fağır-fağır işıldayırdı. Görünür, ağız açmağa üzü gəlmirdi. Kömək lazımdır. - Dülgər açıq-aşkar gülümsündü. - Sizi narahat etməyə məcburam. - Həmkarlar təşkilatının yanına get, mən də tapşıraram, imkan daxilində kömək edərik. - Pul-mul lazım deyil. Təkcə maşına ehtiyacımız var. Meyidi kəndə aparacağıq. Levan fikrə getdi. - Hansı kəndə? - Burda, yaxınlıqda, Kaspi rayonunda balaca bir kənddi. Levan yerinə çökdü. Maşın özlərinə də çatmırdı. - Maşın işi... - Gərək kömək edəsiniz. Başqa çıxış yolu yoxdur. Levan telefonun dəstəyini qaldırdı, nömrələri yığdı, ancaq kimsə cavab vermədi. - Maşın nə vaxta lazımdı? - Sabaha. Yəqin günortayacan geri, işə qayıdar... Levan nömrələri yenidən yığdı. - Siz burada qeydiyyatdasınız? Şəhərdə yaşayırsınız, kənddə nə işiniz var? Mərhumu burada basdırmaq olar. - Burada sən deyən evimiz-eşiyimiz yoxdur. Bir də ki, ana qəbri kənddə olsa, övladları dədə-baba yurdlarını unutmazlar. - Əlbəttə... əlbəttə... Başqa telefon zəng çaldı. Levan dəstəyi qaldırdı, dülgərə: - Katibənin yanına gedin, – dedi - ərizə yazar, fikirləşib nəsə kömək edərik. Ancaq idarənin hesabına 5-10 manat keçirməyi unutmayın. - Ayıb deyilmi? Bu barədə nə söhbət ola bilər? Ərizəni də özüm yazaram. - Hə... hə .. - Levan artıq telefona qulaq asırdı. Dülgər gümrahlaşmış addımlarla otaqdan yenicə çıxmışdı ki, baş mühasib içəri daxil oldu. Bir dəstə kağızı stolun üstünə qoydu, əyləşib Levana baxmağa başladı. Telefon söhbəti qurtaranda mühasib: - Bir bunlara baxın, bilmirəm ağlınız bir şey kəsəcək ya yox. - əlini kağızların üstünə qoydu. Levan kağızın birini götürdü. Qara rəngli telefon səsləndi. Levan dəstəyi qaldırdı. - Eşidirəm, batono... şübhəsiz... Levan ayağa qalxdı. - Bu dəqiqə, batono. - dəstəyi tələsik yerinə qoydu, qalstukunu düzəltdi. - Gəl görək... onu qapıya sarı dəvət etdi – heç yana getmə, bu gün bu işə əncam çəkməliyik. Bu gün... Mühasib pərt halda çıxıb getdi. Levan artırmaya keçdi. Plaşını geydi, papağını əlinə aldı. Artırmadan çıxanda dülgərlə otağın ortasında rastlaşdı. Kişi əlində kağız tutmuşdu. Levan kağızı alıb stolun üstünə qoydu, qələmə əl uzatdı. Kağıza köhnə hərflərlə yazılmışdı: “Həyat yoldaşım Sixarula vəfat etmişdi. Xahiş edirəm, mərhumu Kaspi rayonuna aparmaq üçün maşın verəsiniz.” - “Sixarula” yazmaq nəyə lazım idi, qatso? ”Sixarula” sözünü silmək istədi. Ancaq nədənsə buna əli gəlmədi. Ərizənin sol bucağına - “Yol - Mosidzeyə. İmkan daxilində kömək edin” yazdı, qol çəkdi. Yenidən ərizəni gözdən keçirdi. - Sixarula həqiqi adıydı. - Bəli, həqiqi... - Yaxşı addır. - Fağır özü də yaxşı qadın idi. Sağlığında bir dəfə də üzümə ağ olmadı. - Qəbri nurla dolsun. Mərhumu haradan aparacaqsınız? - Armyanskidən. Qapıdan çıxanda dülgər ayağını ləngidib direktoru gözlədi. - Buyurun, buyurun. - deyə Levan onu irəli buraxdı. - Dülgər yöndəmsiz əllərini havada oynatdı. - Mağvala, - Levan katibəyə sarı çevrildi, - Mosidzeyə zəng elə, bu yoldaşa maşın versin. Sənsə Vaşadzenin yanına get, o belə hallarda hamıya kömək əlini uzadır. - Çox razıyam, batono, özgə kömək lazım deyil. - Gedin, gedin. Levan əlini uzatdı. Dülgər əl verdi. - Minnətdaram. - Dəyməz. Levan otaqdan çıxdı. “Sixarula” maraqlı addır... Görəsən o necə qadın imiş, nə cür ailədə anadan olubmuş, adını niyə Sixarula qoyublarmış? Görəsən, o öz adını həyatda doğruldurmuşmu. Bu dünyada Sixaruladan axır nə qaldı? Gecə arvadının böyrünə uzananda dedi: “Bir fəhləmin arvadı ölüb. Bilirsən adı nə imiş? Sixarula”. Qadın gülümsündü: “Yazıq...” Levan səhər saat onda şəhərin 1 nömrəli xəstəxanasının yanında dülgərlə yanaşı durmuşdu. Yanında sürücü, dülgərin iki ahıl qohumu, mərhumu rayona aparacaq maşının şoferi dayanmışdı. Dülgərin bənizi qaçmış oğlu və onların qardaşağaları qara qapının yanında xosunlaşırdılar. Hiss olunurdu ki, qohumları Levanın burda olmasından razı qalıblar. İki oğlan onlara doğru qaçıb maşının bortunu açdılar. Dülgərin oğlanları və qardaşağaları üstünə ağ çəkilmiş tabutu ehtiyatla gətirdilər. Dülgər papağını əlində tutub gözləri yol çəkirmiş kimi uzaqlara baxırdı. Sixarula tabutun içinə uzanmışdı. Balaca, bəstəboy, ağ saçlı qadındı. Şam rəngli, cəfa çəkmiş ağ əlləri sinəsinin üstünə çarpaz qoyulmuşdu. Saralmış sifətinə, ərimiş dodaqlarına ölüm sükutu çökmüşdü. Alnındakı ağ tellərini külək əsdirirdi. Levan maşına sarı gedib oğluna kömək etmək istədi. Lakin buna ehtiyac olmadı. Gənclər tabutu yüngülcə qaldırıb kuzova qoydular, qapağı örtdülər. - Lütfən, kəndə də gəlin, halallıq verin. - dülgər və oğlanları Levandan xahiş etdilər. Levan : - Əgər ortadan bir iş çıxmasa, yanınızdayam. - vidalaşıb geri döndü. O, qışın çılpaqlaşdırdığı, gövdələri qaraya çalan ağacların arası ilə gedirdi. Aşağı əyilmiş göy üzü ağır və qara idi. Bu qaraya çalan dünyada bir çimdik ağarmaqda olan işıq vardı. Bu işıq - Sixarula - öz adının mənasıyla, narazı olmadığı həyatı, taleyin bu cür sonluğunu elə bil nurlandırırdı. Levan hər şeyə - qara ağaclara, qaraya çalan köhnə evlərin damlarına, gəlib keçən adamların üzlərinə baxırdı və hər şey ona ölümdən bəraət almış kimi görünürdü. Sonra səki ilə addımlamağa başladı, içində bir rahatlıq və qorxusuzluq vardı. (kulis)

13 Mart 2016 11:27

Teatr tamaşaçıları ilə televiziya tamaşaçılarının fərqi

Aliyə yazır Teatr şəhər həyatına bir ünsiyyət qatı, özünəməxsus dil kimi daxil olursa, yalnız bu halda kulturoloji kontekstdən danışmaq olar. Əks halda o şəhər həyatının bir atributu, snob ənənəsi olacaq. Moda nümayişi kimi, bir qrup adamın görüş yeri kimi, “Teatr” ideyasının xatırlanması saatı kimi, hansısa qorunan ənənə kimi və s. Bunlar teatrın böhran keçirdiyi dövrə aiddir deyəcəksiniz. Amma aydınlaşmalı bir məsələ var: Biz böhran dedikdə nəyi nəzərdə tuturuq? Və yaxud da teatrın uğuru deyiləndə nə başa düşülür? Teatr şəhər həyatında özünə alternativ olaraq nəyi görür? Biz şəhərdən danışanda həm də kapitalist cəmiyyətinin məskunlaşdığı şəhərdən danışırıq. O yerdən ki, istehlak cəmiyyətidir və kapitalizm durmadan yeni modellər təklif edir. Bu modellərdən ən parlağı qlamurluq modelidir. Belə bir məkanda, cəmiyyətdə teatrın böhranı və ya teatrın uğuru deyiləndə fərqli kontekst nəzərdə tutulur. Bu kontekstdə teatr özünə alternativ olaraq başqa bir bohem həyatı, qlamur dünyanı görə bilər. Halbuki teatrın alternativi gündəlik həyatdır, reallıqdır. Çox vacib olan bir sual ortaya çıxır: Bu cəmiyyətdə teatr varmı? Yəni və daha dəqiqi, fiziki olaraq deyil, teatr fəlsəfə olaraq mövcuddurmu? Onun hansısa suallar qoymaq gücü varmı? Ümumiyyətlə, belə sual qoymağı özünün borcu hesab edirmi? Müasir teatr haqda materiallar araşdırırkən, Youtube videolarını izləyərkən teatrın bu günün insanının gerçəkliyinə toxunmaq çabalarını gördüm. Onların içində olduqca maraqlılar var. Verbatim janrında hazırlanmış bir tamaşa xüsusilə diqqətəlayiq idi: Məşhur “Kral Lir” motivi üzərində real insanlar öz real hekayələrini danışırdılar, atalar qızları haqda danışırdılar. Bu gerçək əhvalatlar idi. Amma baxdıqca bir sual ortaya çıxırdı: teatr fəlsəfə olaraq var ola bilmirsə, bu gerçəkliyə toxunmaq haqqı varmı? Bu məqamda XX əsrin ən vacib teatr adamını Artonu xatırlamamaq olmur. Axı onun “Qəddar teatr” nəzəriyyəsində hansısa məişət qəddarlığından danışılmırdı, özünə qarşı qəddar olmaqdan danışılırdı. Ümumiyyətlə Artonun antiteatr pafosu bu günlə həddən artıq səsləşir. İş burasındadır ki, Artonun gördüyü, sözün əsl mənasında onu dəli edən problem indi də aktualdır. (Söhbət hansısa metodologiyadan getmir. Ümumiyyətlə, Artonun fikirlərinə metodoloji yanaşmaqla hansısa nəticə almaq mümkün deyil). İş orasındadır ki, Arto özü də teatrın gerçəkliyin sərhədinə toxunmasını istəyirdi. Mənim bayaq misal gətirdiyim tamaşadakı kimi, məsələn. Amma o, istəyirdi ki, ora gələn tamaşaçı öz gündəlik yaşamından, rahatlığından qopa bilsin, tamam başqa bir vəziyyətə düşsün. Əsas məsələ ondadır ki, Arto tamaşaçı ilə həm də “obıvatel” tamaşaçı ilə teatrın razılaşmasını qəbul edə bilmirdi. Tərəflərin bu qarşılıqlı razılaşmasının nəticəsi olan tamaşa-görüş ona iyrənc gəlirdi. Çox qəribədir ki, Arto bu total laqeydliyin tüğyan etdiyi cəmiyyəti və teatrın onunla davranışını görəndə dəli olurdu. Həm də o, öz dəliliyini kənardan görür və qəbul edirdi, amma nə cəmiyyət nə də ona özünü kənardan göstərməli olan teatr öz dəliliyini görmək, göstərmək və qəbul etmək istəmirdi. “Müasir teatr süquta uğrayır, çünki o, bir tərəfdən ciddilik hissini, digər tərəfdən gülməli olmaq hissini itirib. Çünki o, təhlükə ilə, təntənə ilə əlaqəsini itirib – anında aktivlik göstərməyi, təhlükə ilə göz-gözə qalmağı unudub.” “...Bizim teatr heç vaxt özünə bu sualı verməyəcək: Bu sosial və əxlaq sistemi ədalətli deyilsə, onda necə? Mən hesab edirəm ki, o ədalətli deyil və məhvə məhkumdur. Bu yerdə daha teatr yox, pulemyot lazımdır, bizim teatr hətta bu sualı səmimi və birbaşa qoymaq gücündə deyil, əgər mənə daha yüksək və daha sirli görünən məqsədindən aralanıb ümumiyyətlə o bu sualı qoyacaqmı?” - Arto məqalələrində yazırdı. Zaman göstərdi ki, teatr özünə qarşı belə qəddar olmasa və “Olum, ya Ölüm sualı kimi bu sualları özünə verməyə güc tapmasa, Yevreinovun termini ilə desək “teatralizasiyadan” danışmaq gərək olacaq. Teatralizasiya davranışın, üslubun tirajlanmasıdır. İdeologiya ilə, totalitarizmlə sıx bağlıdır. Məsələn, sovet cəmiyyətində hətta teatrın özündə belə teatralizasiya baş verdi. Bizim kontekstdə teatralizasiya həm də danışılmayan dilin qalıqlarıdır. Teatr bütün tarixi boyunca dil olaraq yenilənməyə can atıb. Çünki yalnız özünəməxsus dil olduqda o, ünsiyyət qatı olaraq kulturoloji-fəlsəfi müstəvidə dayana bilər. Əgər danışmağa söz yoxdursa dil ölür. Lazımsız alət kimi qorunub əl-ayağa dolaşır. Teatrın müxtəlif sənət sahələrinə doğru böyüməsi ona yeni dil imkanları qazandırır. Məsələn, bu gün dünya teatrında müasir incəsənətlə, (instalyasiya, performans və s), media ilə teatrın sərhədlərini axtarmağa əsas verən teatr hadisələri baş verir. Teatrın sosiumla münasibəti, tamaşaçıyla qurduğu əlaqə necədirsə, onun eynisini görür və haqq edir. “Təsir əks təsirə bərabərdir” qanunu burada eyni dərəcədə keçərlidir. Və yalnız bərabərhüquqlu, daha doğrusu, eyni müstəvidə baş tutan ünsiyyət davam edə bilir. Qapalı sovet cəmiyyətindən fərqli olaraq informasiyaya açıq olan (ilk növbədə ikinci dərəcəli, idarə olunan informasiyaya, passiv əhval ruhiyyəyə təhrik edən xəbərlərə) indiki dövrdə TV-nin toplumda daha əlverişli mövqeyi var. Lakin azacıq araşdırma kifayətdir ki, bu gün TV-nin tamaşaçılara müsbət impuls verə bilmədiyini görək. Dünyanın ən müxtəlif yerindən, hətta fərdi əhəmiyyət daşıyan neqativ xəbərlərin təsir yükü şou xarakterli verilişlərlə “keyidilir”. Belə vəziyyətdə bu tip “informasiya açıqlığı” teatra yeni perespektivlər açır. Tamaşaçı ekrandan bədbəxtliyin və xoşbəxtliyin şəklini görür. Hər iki hal onu özünə qapanmağa, mutsuzluğa sövq edir. Dialoq yoxdur, dialoq yoxsa motivasiya, impuls yoxdur. Deməli, canlı-canlı hadisələri təqdim edən TV alternativ deyil. Bu şüşə ekran arxasında hardasa bizdən məsafəcə uzaq bir yerdə baş verir. Yeni texnologiyalar alternativ deyil. Hətta kino da alternativ deyil (ən yeni premyera belə, nə vaxtsa, lentə alınanı təqdim edir və bu barədə duyğulanmağa düşünməyə çağırır). Və teatrın, elə kino kimi, TV kimi, rəsm kimi insana yaşadığı mütləq gerçəkliyə alternativ gerçəklik təklif edən teatrın onlardan fərqli olaraq, təklif etdiyi gerçəkliyin canlı olması kimi gücü var. Bu gün şəhər sosial kulturoloji mənzərəsi və öz polifonikliyi ilə meqapolisə daha çox yaxındır. Bizim paytaxtımızın nümunəsində yeni kulturoloji mənzərədən danışa bilmərik. Amma bu faktı da inkar edə bilmərik: Teatr fərqli sosial strukturla qarşı-qarşıyadır. Məsələ yenə də onun sual qoya bilmək gücündədir. Sosiumla üzbəüz qaldıqda sənətin-teatrın bəlli bir narahatlıqları yaranır. Adını şərti olaraq siyasət qoyduğumuz sosial sistemin içində və ya dışında olmaq narahatlığı. Dicle Koylan adlı türk sənətşünası Jak Ransyerin “Estetikanın narahatlığı” (“Estetigin hüzursuzluğu”) kitabına şərhində belə yazır: “Hər şeyə, sosial düzənə, demokratiyaya, mesaja, məqsədə, seçimə laqeyd olan, özünü sıradan dünyadan ayıran və onun ierarxik nizamını, əsas əlaqələrini tanımayan, ona yuxarıdan aşağı baxan sənət məhz bu laqeydliyi üzündən siyasidir, heç bir siyasi mübarizədə olmadığı üçün siyasidir” . Teatra öhdəliklər təyin edən ehkamçı mülahizələrə bundan yaxşı cavab tapmazsan... (kulis)

10 Mart 2016 3:28

Bacı qatilini sevənlərin 8 Martı

Yadınızdadırsa, bir neçə həftə əvvəl, qardaşın bacısını bıçaqlaması xəbəri qızğın müzakirələrə səbəb olmuşdu Qardaş 29 yaşlı baçısını ondan icazəsiz evdən çıxdığına və telefonunda kişi fotosu gördüyünə görə bıçaqladığını demişdi. Hadisə sosial şəbəkələrdə müzakirə olunanda adamların reaksiyalarını izləyirdim. Müzakirə olunan hadisədə mənə daha çox qadınların rəyi maraqlıydı. Bir xanım istifadəçi yazır: “Səhv edib. Amma bacı da uşaq deyil, 29 ildi bilir ki, qardaşı icazə vermir tək çıxmağa, evdə belə xasiyyətdədirlərsə, kimə, nəyə güvvənib, sözündən çıxır qardaşının”. Başqa bir xanım: “Qardaş bacının pisliyini istəməz. O bacı indi özünü heç pis hiss eləməz”. Daha bir rəy: “Qız nə qələt eləsə də bıçaqlamaq olmaz axı”. Qadınlar arasında yaşından, təhsilli olub olmamasından asılı olmayaraq konkret bu məsələ ilə bağlı sorğu keçirsələr, inanıram ki, qardaşı müdafiə edənlər üstünülk təşkil edəcək. Abbas Kiarostaminin “Zeytun ağacları altında” adlı filmi var. Savadı olmayan oğlan təhsilli qızla evlənmək istəyir, düşünür ki, onun övladlarını savadlı ananın yetişdirməsi vacibdir. Bizim ailələrdə ana kultunun güclü olması və övladlara atadan çox təsirinin olması danılmazlır. Amma hətta qadının savadlı olması, bir neçə ali məktəbə bitirməsi, bir neçə dil bilməsi və s. qətiyyən onun övladlarının feodal təfəkkürdən uzaq, sivil böyütməsi anlamına gəlmir. Bu şərhləri yazan xanımların ali savadı almasına şübhə eləmirəm. Cəmiyyətdə əsrlər boyu dərin kök salmış arxaik ənənələr, adətlər, təfəkkür tərzi bu insanların aldığı savadı üstələyir və savad köhnəlmiş düşüncənin basqısına məruz qalır. Tipik azərbaycanlı mahiyyətcə, bizi sivil dünyadan qoparan bu köklərə bağlıdır. Azərbaycan qadınlarının əksəriyyəti türk seriallarını izləyir. Demək olar ki, bütün turk seriallarında dominant olan bir neçə motiv var. Bunlardan başlıcası qadın haqları, köhnə adətlərin qadını da, kişini də buxovunda saxlamasıdır. Bu, türk serial sənayesinin ötürdüyü əsas mesajlardan biridir. Və qəribədir ki, türk seriallarının qəhrəmanlarını sevən qadınlarımızın əksəriyyəti bir həmcinsinin individ, şəxsiyyət olma haqqını tanımaq istəmir. Bu seriallarda dediyim problemlər son dərəcə sadə, bəsit şəkildə anladılır. Amma yenə də qadının sonda gəldiyi nəticə bu, olur: “Evdə belə xasiyyətdədirlərsə, kimə, nəyə güvvənib, sözündən çıxır qardaşının”. Bizim təsəvvürmüzdə birmənalı şəkildə azadlıq, sərəbəstlik əxlaq anlayışının əksdir. Hətta əminik ki, azad düşüncə əxlaqla birlikdə mövcud ola bilməz, onlar mütləq əks qütblərdə dayanır. Mənə hərdən elə gəlir ki, bizim uzun illər rahatlıqla imperiya əsarətində qalmağımızın əsas səbəblərindən biri bu olub: azad, özbaşına yaşasaq, əxlaqımızı itirə ilərik. Başqa cür desək, biz azadlıqdan əxlaqımızı itirə biləcəyimiz üçün qorxuruq. Təbii ki, təsəvvürlərdəki tipik, bəsit əxlaq anlayışını nəzərdə tuturam. Bacısını, öz həyatını arzularına uyğun qurmaq istədiyinə görə bıçaqlayan bu tip kişilərin çoxluğu həm də azadlıqdan qorxan anaların, ataların dünyaya baxışının nəticəsidir. Həsən Quliyev “Arxetipik azərilər: mentaliletin simaları” kitabında yazır: “Tipik azərbaycanlı ailə vəzifəsindən azad şəxsiyyət kimi doğulmur. O, xoşbəxtcəsinə başa düşür ki, həyat ona öz eqoist istəklərini təmin etmək və sərbəst şəkildə gəzib dolaşmaq üçün verilməyib. Azərbaycanlılar məhz belə bir mental tipaja malikdilər: onlar ailəyə pərçimləniblər və onların bütün həyatı ailə missiyasının labüd kolliziyaları ətrafında daim fırlanmaqdan ibarətdir: bu mənada onlar ailə ənənəsinin dustaqları qismində dünyaya gəlirlər. Azərbaycanlılar düşünmədən onları ənənəvi ailə həyatı ağuşunda köləliyə məhkum edən həyat modelini seçirlər: şüurlu şəkildə ənənənin, ailənin, uşaqların və s. kölələrinə çevrilirlər. Öz şəxsi azadlığını qurban verməklə hər bir kəs ənənənin vacib hissəsinə çevrilir”. Əminəm ki, bacısının azadlığını tanımayan qardaşı müdafiə edən xanımlar 8 mart günündə səbirsizliklə təbriklər, hədiyyələr gözləyəcəklər. O 8 mart ki, kişilərdən hədiyyə almaq, diqqət gözləmək anlamına gəlmir. O 8 mart ki, qadın azadlığını, haqlarını, qadının kişidən asılı yaşamamasını, iqtisadi müstəqilliyini simvolizə edir. Sevda SULTANOVA(kulis)

7 Mart 2016 11:33

“Yalansız yaşamaq”

Bütün bunlarda heç də “onlar” günahkar deyil, hər şeydə biz özümüz günahkarıq! Vaxt vardı cınqırımızı da çıxara bilmirdik. İndi artıq “samizdat” yazıb-oxuyuruq, institutların dəhlizlərinə yığışıb ürəyimizi boşaldırıq: “Gör nə oyundan çıxırlar, gör bizi hara sürükləyirlər?!”. Xarabalıq və yoxsulluq içində yerə-göyə sığmayan lovğalıq, vəhşi rejimlərin harda gəldi möhkəmləndirilməsi, vətəndaş müharibələrinin qızışdırılması… Kefləri istəsə, bizi öz əlimizlə (öz vəsaitimizlə) bəsləyib böyütdüyümüz Mao Tszedunun üstünə də göndərə bilərlər və gedərik – çarəmiz nədir? Kimi istəsələr həbs eləyirlər, sağ-salamat adamları dəlixanaya salırlar. İstədikləri oyunu çıxarırlar, bizsə acizik, gücsüzük. Axırımız çatıb, mənəvi ölüm artıq bizi yaxalayıb və fiziki ölüm də qapımızın ağzını kəsdirib: özümüzü də, övlad-uşağımızı da külə döndərməyə hazırdır, bizsə əvvəlki kimi hürkək-hürkək qımışır və dodaqaltı mızıldanırıq: “Necə mane ola bilərik? Bizdə o zor hanı?” Adamlığımızı o dərəcədə itirmişik ki, bütün prinsipləri, mənəviyyatımızı, ata-babalarımızın bütün elədiklərini, nəvələrimizin eləyə biləcəklərinin hamısını bir qarın çörəyə qurban veririk – təki köhnə nizam pozulmasın, vücudumuza xətər toxunmasın. Bizdə nə qətiyyət, nə qürur, nə də ürək yanğısı qalıb. Biz bütün bəşəriyyətin axırına çıxa biləcək atom ölümündən və üçüncü dünya müharibəsindən də qorxmuruq (bəlkə dəlmə-deşikdə yer tapıb gizlənə bildik?);biz yalnız cəsarətli vətəndaş addımı atmaqdan qorxuruq. Təki sürüdən ayrılmayaq, təkbaşına bir addım atmayaq – birdən bir parça çörəyimizi itirərik, qazdan, isti sudan, Moskva qeydiyyatından əlimiz çıxar.Siyasi dərnəklərdə beynimizə möhkəm yeridiblər ki, ömür boyu sabit və rahat yaşamaq gərəkdir: mühitdən, sosial şəraitdən qaça bilməzsən, varlıq şüuru müəyyən eləyir, yəni bizlik bir iş yoxdur, biz heç nə eləyə bilmərik. Ancaq biz hər şey eləyə bilərik! Yalandan özümüzə toxtaqlıq veririk. Bütün bunlarda heç də “onlar” günahkar deyil, hər şeydə biz özümüz günahkarıq! Deyə bilərsiniz ki, axı həqiqətən, çıxış yolu yoxdur! Ağzımızı tıxayıblar, nə bizə qulaq asan var, nə bizdən söz soruşan. Onları necə məcbur eləyək ki, bizə qulaq assınlar? Onları öz fikrindən döndərmək, doğrudan da, mümkün deyil. Yaxşı olar ki, onları yenidən seçək! Ancaq bizim ölkədə heç vaxt heç kəs yenidən seçilmir! Qərbdə adamlar tətillər, etiraz nümayişləri keçirirlər, ancaq biz o qədər başıqapazlı olmuşuq ki, belə şeylərdən qorxuruq: necə yəni işdən boyun qaçırasan, necə yəni küçələrə töküləsən? Müsibətlərlə dolu son əsr rus tarixinin dönə-dönə sınaqdan çıxardığı fəlakətli (üstəlik, həqiqətən də bizə xidmət eləməyən) yollarla getmək lazım deyil! Bir vaxt əkilən o toxumun boy verib artdığı indiki dövrdə terrorla, qanlı üsyan və vətəndaş müharibəsi ilə ölkəni ədalətli və xoşbəxt eləmək istəyən o özündənrazı cavanların necə azdıqlarını, nə boyda səhvə yol verdiklərini hamı aydın görür. Yox, sağ olun, maarifçi atalar! İndi görürük ki, çirkin metodlar çirkin də nəticələr doğurur. Qoy əllərimiz qana bulaşmasın! Bəlkə dairə qapanıb? Doğrudanmı çıxış yolu yoxdur? Bizə ancaq oturub gözləməkmi qalır?Birdən nəsə öz-özünə baş verdi?.. Lakin biz gecə-gündüz indiki yaşayışımızı tərifləyib daha da möhkəmləndirəcəyiksə, heç olmasa, onun ən yaralı yerindən (yalandan!) qaçmayacağıqsa, yalan heç vaxt öz-özünə bizdən əl çəkməyəcək. Zorakılıq adamların dinc həyatına soxulanda lovğa-lovğa, qırmızı-qırmızı bayraq qaldırır: “Mən zorakılığam! Dağılın, çəkilin – əzərəm!”.Ancaq zorakılıq tez qocalır, o, özünə uzun müddət güvənə bilmir, özünü yaşatmaqdan, yaxşı görünməkdən, gözə kül üfürməkdən ötrü əlüstü yalanı köməyə çağırır. Çünki zorakılıq yalandan başqa heç nəyin arxasında gizlənə bilmir, yalansa yalnız zorun hesabına yaşayır. Zorakılıq bizə qarşı çox vaxt açıq hücuma keçmir. O, bizdən yalnız yalana boyun əyməyi, hər gün ona şərik çıxmağı tələb edir – kölənin bütün sədaqəti də elə bundadır. Azadlığa çıxmağın indiyəcən məhəl qoymadığımız ən adi, ən sadə açarı elə buradadır – şəxsən yalana qoşulmamaq! Qoy yalan dünyanı bürüsün, qoy yalan hamıya hakim kəsilsin, ancaq kiçicik bir şeydə möhkəm duraq – yalanın hakim kəsilməsində mənim əlim olmasın! Və bu, süstlüyümüzü azacıq da olsa aradan qaldıra bilər. Bizdən ötrü ən asanı – yalanı yoxa çıxarmağın ən sadə yolu da elə budur! Çünki adamlar yalandan iyrənib üz döndərəndə o, sadəcə olaraq, aradan çıxır. Yalan mikrob kimi ancaq adamlarda yaşaya bilir. Ortaya çıxan həqiqəti car çəkməyə, düşündüyümüzü ucadan deməyə yetişməmişik – lazım deyil, qorxuludur. Heç olmasa düşünmədiyimizi danışmaqdan əl çəkək! İçimizdə qat bağlamış mütiliyin fonunda yolumuz budur – ən rahat yol; Qandisayağı vətəndaş itaətsizliyinə (dilə gətirmək belə xatalıdır) baxanda ən asan yol. Düşünüb-daşınmaq, yalana qətiyyən qahmar çıxmamaq! Yalanın sərhədini (onu hərə bir cür görür) anlayıb o iltihab xəttindən geri çəkilmək gərəkdir! Yalana don geyindirməsək, onda onun necə tez və əngəlsiz yıxıldığına heyrətlənəcəyik; çılpaq yalanı çılpaq şəkildə də görəcəyik. Və nəhayət, itaətkarlığımızdan çıxış yolunu qoy hər kəs özü seçsin: ya bilə-bilə yalana nökərçilik eləsin (ah, şübhəsiz, öz kefindən ötrü yox, ailəsini dolandırmaqdan, balalarını yalana uyğunlaşdırmaqdan ötrü!), ya da müasirlərə, gələcək nəslə layiq adam olsun. Və həmin gündən o; – daha bir kəlmə də yalan yazıb çap etdirməsin, yalana imza atmasın; – yalan sözü nə camaat arasında, nə şəxsi söhbətlərdə, nə təbliğatçı, müəllim, tərbiyəçi, nə də teatr aktyoru kimi nə özündən desin, nə kağızdan oxusun; – istər rəssamlığın, istər heykəltəraşlığın, istər fotonun, istərsə də musiqinin vasitəsilə heç bir uydurmaya həqiqət donu geyindirməsin; – özünüsığorta üçün, öz müvəffəqiyyəti naminə “yuxarılar”dan şifahi və ya yazılı şəkildə yerinə düşməyən sitatlar gətirməsin; – onu istəmədiyi nümayiş və mitinqə getməyə məcbur etməyə imkan verməsin; ürəyincə olmayan transparantı, şüarı əlinə alıb başı üzərinə qaldırmasın; – könlüncə olmayan təklifin lehinə əl qaldırmasın, layiq bilmədiyi, yaxud şübhələndiyi adama (açıq və ya gizli) səs verməsin; – saxtalığına əvvəlcədən əmin olduğu müzakirələrdən boyun qaçırsın; – natiqin dilindən yalan, ideoloji cəfəngiyat, sürtük təbliğat, söhbət eşidən kimi yığıncağı, mühazirəni, tamaşanı, kinoseansı yarımçıq qoyub çıxsın; – informasiyanı saxtalaşdıran, əsl faktları ört-basdır eləyən qəzet-jurnallara abunə yazılmasın, onları satışdan almasın. Əlbəttə, biz yalandan uzaqlaşmağın vacib şərt və imkanlarının heç də hamısını sadalamadıq. Təmizlənməyə başlayan – baxışları aydınlaşıb durulan hər kəs başqa imkanları asanca seçə bilər. Bəli, ilk vaxtlar çətin olacaq. Kimsə bir müddət işdən qovulacaq. Doğru-düzgün yaşamaq istəyən cavanların həyatı ilk vaxtlar lap qəlizləşəcək, axı onların oxuyub cavab aradıqları dərsliklər yalanla doludur – onları da ələyib-seçmək gərəkdir. Amma namuslu olmaq istəyən heç bir vaxt, hətta qorxusuz-hürküsüz texniki elmlərdə belə həqiqətə və ya yalana, mənəvi müstəqilliyə və ya mənəvi nökərçiliyə tərəf addım atarkən sadaladığım şərtləri pozmasa, özünü aldada bilməz. Öz ruhunu qorumağa təpəri çatmayan adam qoy qabaqcıl baxışları ilə öyünməsin, akademik və ya xalq artisti, əməkdar xadim və ya general olması ilə lovğalanmasın, qoy öz-özünə beləcə də desin: mən qoyunam və qorxağam, təki qarnım tox, başım salamat olsun. Bütün müqavimət yollarının ən sadəsi olan bu yol bizim üçün asan keçməyəcək. Ancaq özünü yandırmaqdan və aclıq keçirməkdən də ağır olmayacaq: alov bədənini sarmayacaq, isti gözlərini qarsalamayacaq və ailən üçün heç olmasa qara çörək, içməli su tapılacaq. Bizim xəyanət etdiyimiz, aldatdığımız böyük Avropa xalqı – çexlər, slovaklar ləyaqətli ürək gəzdirən arxasız-köməksiz sinəni tank qabağına vermək örnəyini göstərmədimi? Deyirsiniz, çətin yoldur? Çətin yoldur. Ancaq mümkün yolların ən asanıdır. Can üçün çətin olsa da, ruh üçün yeganə yoldur. Çətin yoldur, ancaq artıq bizdə adamlar var ki (hətta belə adamlar onlarcadır), neçə illərdir bu şərtlərə əməl eləyir, yolun çətinliyinə qatlaşır, həqiqətlə nəfəs alırlar. Və beləliklə, bu yolla biz birinci getmirik, gedənlərə qoşuluruq! Sıralarımız nə qədər mehriban və sıx olsa, yolumuz o qədər asan və qısa olar. Biz minlərcə olsaq, heç birimizə heç nə eləyə bilməyəcəklər. On minlərcə olsaq, ölkəni tanınmaz dərəcədə dəyişə bilərik! Qorxaqlıq eləsək, onda kiminsə bizə aman vermədiyindən gileylənməyək – özümüzə aman verməyən elə biz özümüzük! Bəlkə hələ dözək, gözləyək ki, vaxt gəlsin, bioloq qardaşlarımız bizim fikirlərimizi oxumaq və genlərimizi dəyişdirmək məsələsini tezləşdirsinlər?.. Əgər bunda da qorxaqlıq eləsək, onda biz rəzilik, yararsızıq və Puşkinin nifrətinə layiqik: Azadlıq sürünün nəyinə gərək? Nəsildən-nəsilə onun qisməti Noxtadır, qamçıdır, bir də dəyənək. Aleksandr Soljenitsın(kulis)

2 Mart 2016 2:09

Tolikin kitabı, Hadi Rəcəblinin qoyunu

Bu torpaqlarda yaşamış ən böyük kişilərdən olan Həsən bəy Zərdabinin bir xatirəsi var Müsəlman Xeyriyyə Cəmiyyəti yaratmaq üçün Şuşaya gedir. Şuşada bəylər Zərdabiyə yaxşı süfrə açır, yeyib-içirlər. Söhbət kasıb müsəlman balalarının təhsili üçün yaradılacaq cəmiyyətə pul yardımı eləməyə gələndə bu yeyib-içən bəylərin hamısı aradan çıxır. Zərdabi ilə Şuşaya gedən erməni həmkarı isə Erməni Xeyriyyə Cəmiyyəti üçün xeyli pul yığır. Mıkrtıç adlı qoca və tənha bir erməni isə suçuluqla qazandığı 990 manatı gətirib cəmiyyətə verir ki, o, ölüb gedəcək, təki erməni balaları təhsil alsın. Zərdabi daha sonra yandığından yazır ki, bütün Qarabağ bəylərinin o Mıkrtıç qədər milli qeyrəti yoxdur. Müqayisə uğursuz görünə bilər, ancaq dünən prodüser Tolikin Seymur Baycanın kitabına sponsorluq eləyəcəyi xəbərini oxuyanda ağlıma ilk gələn söhbət bu oldu, nədənsə. Çox dəhşətlidir. 100 ildən çox keçib, ancaq bu torpaqlarda yaşayan insanların şüurunda bir qram da irəliləyiş olmayıb. Kitabsızlığa rəğbət kitabdan daha böyük olduğu üçün Tolikə rəğbət Seymur Baycana olan rəğbətdən daha böyükdü. Əlbəttə, burada Tolik sadəcə bir örnəkdir. Məqsədim əsla onu xor görmək deyil. Hətta dünənə qədər onu yararsız işlərlə məşğul olmaqda günahlandırdığım üçün üzr istəyirəm. Söhbət cəmiyyətin öz gələcəyini necə görmək istəməsindən gedir. Seymur özü də yazmışdı. Cəmiyyət gələcəyini Tolikdə görür, “Tolik”ləşmək istəyir. Çalıb-oynamağı, içi boş əyləncəni kitab oxumaqdan, təhsil almaqdan, savadlı fərd olmaqdan üstün tutur. Təbii ki, çalıb-oynamaq da lazımdır. Ancaq oynayıb yorulandan sonra təhsil almaq, savadlı olmağa çalışmaq cəmiyyətin qurtuluşudur. Bizdə isə oynayıb yorulandan sonra yatmağı üstün tuturlar. Elə buna görə də, misalçün, deputat Hadı Rəcəbli deyir ki, camaata sosial yardım olaraq qoyun verilsin. Cəmiyyətin gələcəyini formalaşdıran müəllimə işdən sonra gedib daş daşımağı təklif edən deputat, əlbəttə, o cəmiyyətə qoyun verəcəkdi. Kitab verəsi deyildi ki... Bir türk mahnısında deyildi kimi: Her kes hakettiği gibi yaşıyor. Digər tərəfdən də ölkədə qoyunçuluğun inkişafı Hadı müəllim kimi insanlara, şübhəsiz, sərf edir. Hər halda, hər bir vətənini sevən deputat kimi Hadı müəllim də ölkəmizin inkişafını istəyir. Bunun üçün də respublikada qoyunçuluğun inkişafına qayğı göstərir. Hadı müəllim uzun illərdir parlamentdə sosial siyasət komitəsinin sədri işləyir, bu həqiqəti təbii ki, hamımızdan yaxşı bilir. İndi hörmətli Hadı müəllim nə etsin ki, bizdə qoyun saxlamaqla onun həyat tərzini mənimsəmək əksər hallarda bir-birinə qarışdırılır. Bir tərəfdən də yəqin ki, qoyun çox faydalı və məhsuldar heyvan olduğu üçün müəllim məhz bu heyvanda qərar qılıb. İndi Tolikin həyat tərzinə pərəstiş etməklə Hadı müəllimin deputat olması və kasıblara qoyun verilməsi təklifi arasında heç bir əlaqə olmadığını da izah eləməyə ehtiyac yoxdu. Elə bir əlaqənin olmadığını savadlı adamların hamısı anlayır. Anar Gəraylı

1 Mart 2016 6:03

İlk erotik Azərbaycan filmi

“Naməlum kino” LAYİHƏ   Kulis.az “Naməlum kino” layihəsində rejissor Leo Murun 1928-ci ildə çəkdiyi “Gilan qızı” bədii filmini təqdim edir.   Filmin yaradıcı heyəti haqda məlumat vermədən öncə, bu ekran əsərindən aldığım təəssüratı bölüşmək istəyirəm.   Əvvəlcə filmin süjeti haqda: İnqilabın təbliğinə xidmət edən “Gilan qızı”nda hadisələr 1920-ci illər İranında baş verir. Film ölkədəki milli-azadlıq hərəkatından bəhs edir. Milli-azadlıq hərəkatının tərkib hissəsi olan, şah rejimi əleyhinə, ingilislərə və onları dəstəkləyənlərə qarşı mübarizə aparan partizanların lideri Hacı Zəkidər filmin mərkəzi fiqurlarından biridir. Doğma qardaşı Hacı Mübarək onu bu mübarizədə dəstəkləmir. Və Zəkidərin arvadını - filmin əsas qəhrəmanı Səkinəni öz çirkin oyunlarının qurbanına çevirir.   Xronometrajı 72 dəqiqə olan filmdən alınan ilk təəssürat bu oldu ki, şərqlilərin ailə, mənəvi və əxlaq dəyərləri heç vaxt olmayıb. Şərq kişiləri isə dünyaya hormonları ilə baxıblar.   Maddi imkanları yaxşı olan Hacı Mübarək rəqqasə Maroya sahib olmaq üçün dostu Əlsahibdən onu satın almaq istəyir. Əlsahib isə öz növbəsində onun qardaşı arvadı Səkinəyə gözü düşüyünü deyir. Hacı Mübarək qardaşını öldürtdürüb Səkinəni onun sevgilisi olmağa məcbur edir.   Hacı Zəkidərin silahdaşı Həsənin də Səkinəyə meyli var. Rejissor Həsənin Səkinəyə meylini daha saf hisslərə bağlamağa çalışıb. Amma alınmayıb. Məsələn, Həsənin Səkinə ilə tanışlığı epizodunda o, baxışlarıyla az qala qadını soyundurur.   Başqa bir epizodda isə Hacı Mübarək Səkinəyə şər atır, zinət əşyaları müqabilində onunla flirt elədiyini deyir. Haci Zəkidər qardaşının şərəfsiz olduğunu bilsə də, onun qayğısına qalan, evinə, ailəsinə bağlı olan arvadına yox, qardaşına inanır. Ölkədə inqilab eləməyə çalışan bir adam, bir lider qadına münasibətdə şüurunda inqilab eləyə bilmir, ona güvənmir, onu dinləmir, instinktləri ilə hərəkət edir. Yalnız oğlu Gülgül həqiqəti danışandan sonra arvadını bağışlayır.   Əlbəttə ki, müəllifin danışdığı hekayədə həqiqət məqamları da var. Şərq ölkələrində qardaşın ölmüş qardaşının arvadına sahib olması faktları kimi. Sadəcə, problem ondadır ki, Murun danışdığı əhvalatda sanki Şərqin mənəviyyatsızlığını göstərmək əsas niyyət kimi görünür.   Kinomütəxəssislərin də düzgün qeyd elədiyi kimi, dominant motiv inqilab, milli-azadlıq hərəkatı olsa da, ön plana Hacı Mübarəkin, Həsəni əldə etməyə çalışan Maronun, Əlsahibin ehtirasları və kişilərin qurbanına çevrilən Səkinənin taleyi keçib.   Belə anladım ki, filmin çəkilməsində əsas məqsəd hüquqları pozulan evdar qadın Səkinənin inqilabçıya çevrilməsi prosesini göstərmək olub. Amma filmdə bu proses demək olar ki, yoxdur, fokus tez- tez Səkinədən yayınır, başqa köməkçi xətlərə yönəlir. Səkinənin sonda inqilabçılara qoşulması şüurlu şəkildə yox, tam təsadüfi baş verir. Final səhnələrindən birində Səkinənin mübarizəsi başlamamış öldürülür.   Milli kinomuzda ilk dəfə olaraq məhz bu filmdə qısa və ya qırıq montajdan istifadə edilib. Amma qırıq montaja çox məqamlarda yersiz, bol müraciət olunub. İngilis zabitlərinin çəkmələrinin tez-tez iri planda, qırıq montajla göstərilməsi dramaturji baxımdan əlavə nəsə demir. Bu, filmə dinamika gətirmək məqsədilə edilsə də, dinamika təkcə montajla baş vermir, çünki, o, həm də təbii olaraq materialın içindən doğmalıdır.   Bu, yəqin ki, erotik məqamların olduğu ilk milli filmlərimizdən biridir: məsələn, Əlsahibin kababxanasında Maronun rəqsi, onun kişiləri öz seksuallığı ilə cəzb eləməsi və s.   Filmdə bədii həlli ilə diqqəti epizod ağ çadraya bürünmüş Səkinənin qara paltarlı qadınlar tərəfindən daşqalaq edilməsi idi.   Kinooperator Rafiq Quliyev filmin vizual nəqli haqda yazır: “Şərq mövzusu ilə bağlı “Gilan qızı”nın müəllifləri əsərin ekran həllində “Şərq ekzotika”sının tərənnümünə deyil, sərt realistik üsluba üstünlük vermiş, mərkəzi meydanda mitinq, yük limanı, şah və ingilis qoşunları ilə döyüş, Səkinənin daş-qalaq edilməsi səhnələrində milli-azadlıq şüarı altında mücadiləyə qalxmış insan kütləsinin portretini yaratmağa səy göstərmişdir. Həmin epizodlarda müəlliflərin yararlandıqları təsvir formaları, rakurslu çəkilişlər, qısa montaj və peşəkar işıqlandırma üsulları dramaturji situasiyanı, konflikti daha da kəskinləşdirmişdir.   ... “Gilan qızı”nda aparılan yeni vizual forma axtarışları nəticəsiz qalmadı və 1928-ci ildə “Azərdövlətkino”nun çəkilişlərinə başladığı “Hacı Qara”, “Vulkan üzərində ev”, eləcə də 1929-cu ildə ekranlara çıxan “Sevil” filmlərinin görüntülərində cilalanmış əksini tapdı”.   Cəfər Cabbarlı “Hara gedir Azərkino” adlı məqaləsində filmlə bağlı yazırdı: “Məsələ burasındadır ki, “Azərkino” yerli qüvvələrdən ssenari hazırlamaq üzərində işləmir və yalnız dəvət olunanlara ümid bağlayır, onlar isə yerli həyatla tanış olmadıqlarından türk kişisi və qadını haqqında hər cür uydurmalar yazır, sonra da ssenarini oxuyan ilk türk elə buna etiraz edir və hər şey alt-üst olur. “Gilan qızı” ilə də eyni hal baş vermişdi. Burada da elə ağlasığmaz cəfəngiyyat yazmışdılar ki, sonra hər cürə vəziyyətdən çıxa bilmirdilər”.   Filmin rejissoru Leo Murun əsl adı və soyadı Leonti Muraşkodur. O, 1889-cu ildə Vitebsk quberniyasında doğulub. 1907-ci ildə inqilabda iştirak elədiyinə görə həbs olunib. Katorqada 4 il olandan sonra Amerikaya qaçıb və burada 1912-ci ilə kimi məşhur Amerika rejissoru Devid Qriffitin və digər kino şirkətlərində aktyor, rejissor köməkçisi və administrator işləyib. İnqilabdan sonra 1923-cü ildə Rusiyaya qayıdıb, Moskvada işləyib, səsli kinoya keçiddən sonra daha çox ssenarilər yazıb. Amerika kinosuna aid kitab və məqalələr müəllifidir. Repressiya qurbanı olması güman edilir. O, həmçinin 1924-cü ildə çəkilmiş milli filmlərimizdən biri “Bayquş”un ssenaristidr.   Filmin ssenaristi isə Yuri Slyozkin hüquq fakültəsini bitirib. 1905-ci il inqilabından bəhs edən romanı senzura tərəfindən qadağan olunub, müəllif isə həbs edilib, yüksək rütbəli qohumlarının səyi nəticəsində azadlığa buraxılıb.   “Gilan qızı” onun “Tunc ay” əsərinin əsasında ekranlaşdırılıb.  Romanda hadisələr İrandan bəhs eləsə də, ona yerli kino rəhbərliyi filmdəki hadisələrin Azərbaycana Müsavat dövrünə gətirməsini təklif eləyib. Filmin adı da “Qardaş qardaşa qarşı” olmalıymış. Amma sonradan film romana uyğun çəkilib.   Hacı Zəkidər rolunu Sidqi Ruhulla oynayıb.   S.Ruhulla 1906-cı ildə birinci dəfə N.Vəzirovun "Adı var, özü yox" komediyasında Telli rolunda səhnəyə çıxır. “Bismillah”, “Gilan qızı”, “Hacı Qara”, “Kəndlilər”, “Fətəli xan” filmlərində oynayıb.   Səkinə rolunun ifaçısı Makuxina haqda məlumat yoxdur.   Səkinənin oğlu Gülgülü isə rejissor Lətif Səfərov canlandırıb.   Qeyd: Bəzi faktlar kinoşünas Aydın Kazımzadənin “Azərbaycan kinematoqrafçıları” kitabından götürülüb.  

27 Fevral 2016 9:52

Ölüm xəbərini alanda… Bir əsgərin xatirəsi

  Düşünürəm ki, bütün yazıçılar bir-birinə qardaşdır. Biz eyni hisləri keçiririk: istər Azərbaycanda olsun, istər Fransada Umberto Eko da sıralarımızı tərk etdi. Onunla internet əsirinə çevrilən dünyanın havasını udurduq. Artıq aramızda yoxdu. Bizə qalan “Qızılgülün adı”dır. Ekonun ölüm xəbəri mənə əsgərlikdəki bir xatirəni yada saldı. Əsgərlikdə olanlar bilir, bilməyənlərə deyək: birdən-birə tamamilə yad bir mühitin içinə düşürsən, çərçivələr səni sıxır və belə olanda imdadına kiminlə danışmaq çatır. Naryadda idim, dəhşətli darıxırdım. Təsəvvür edin, təpənin üstündə qıvrıla-qıvrıla gedən yola baxırsan. Heç kim gəlmir. Boşluğa baxa-baxa kiminsə gəlməyi ümidindəsən. Mənimlə bir yerdə xidmət edən əsgər yoldaşımla danışacaq heç nəyimiz yox idi. Ümumiyyətlə, belə bir yerdə ədəbiyyatdan söhbət edəcəyin adamı tapmaq samanlıqda iynə axtarmaq kimi çətin bir şeydir. Kimə zəng edəsən? Bu barədə çox düşünmədim. Şərif Ağayarı yığdım. - Gözəl Ayxan... – Şərifin uca səsi gəldi. Xoş-beş, on beşdən sonra Şərif sakitcə dedi: “Markes öldü” Başa düşürsünüz? Füzulinin düzündə, karvan keçməz, inni-cinni görünməyən bir yerdə Markesin adını eşitmək bir yana, onun ölümündən xəbər tutmaq necə də izah olunmazdır. Mən Markesi “Dünyanın ən gözəl ölüsü” ilə tanımışam. Sonradan onun əsərlərini oxuyanda qulağıma qaraçı nəğməsi gəlirdi: qəmli, əyləncəli, bir az da oyunbaz bir mahnı. - Bilirsən, Markesin ölümü ilə İsa Hüseynovun ölümü arasında mistik bir bağlılıq var. – bir anlıq sükutdan sonra Şərif dedi. - İsa Hüseynov ölüb ki? – təəccüblə soruşdum. - Hə, - Şərif güldü, sonra səsi zəiflədi. – o Markesdən əvvəl öldü. Dəfnində saz da çaldılar. Yadıma Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu” povesti gəldi. Çingiz xana qardaşının ölümünü sazla çatdırırlar. Qəmli-qəmli çalınan saz havasından Çingiz xan qardaşını itirdiyini anlayır. Bir dəfə İsa Hüseynovun “Saz” povestini təzədən oxumaq istəyəndə televizordan aşıqların səsi gəldi. Elə bildim, qulağıma səs gəlib. Televizorun yaxınına gələndə verlişdə Aşıq Ədalətin oxuduğunu görüb donub qaldım. Aşıq Ədalət divani oxuyurdu, sinəsində saz gülümsüyə-gülümsəyə. Markesin də əsərlərində yorğun-yorğun hərəkət edən köçün ayaq səsləri, kiminsə sakitcə zümzümə etdiyi qaraçı mahnısını eşidirdim. Mən Markesi Kolumbiya yazıçısı deyil, öz yazıçımız kimi oxumuşam. Ruh halımız o qədər yaxındır ki, elə bilirdim onunla eyni dildə danışırıq. - Şərif, eyni yazıçıdırlar, sadəcə başqa dillərdə yazırlar. Ancaq ürək döyüntüsü eynidir. Səsləri aydın eşitmək olur. – dedim və birdən özümdən asılı olmadan əlavə elədim. – Hər ikisinə Allah rəhmət eləsin! Bu vaxt hardansa peyda olub yanımda bitən əsgər yoldaşımın üzündə cavabsız qalmış adamın ifadəsini gördüm. Az qala telefon əlimdən düşəcəkdi. Və mistika! Qəfil qulaqlarımda “düt-düt” səsləndi. Telefonu cibimə qoyan kimi əsgər yoldaşım qolumdan tutub soruşdu: - Nə oldu? – familiyamı dedi. - Heç nə iki nəfər ölüb. - Əsgərlər? - Yox e. Markeslə İsa Hüseynov. – bəlkə başqa vaxt olsaydı, onların yazıçı olduqlarını da əlavə edərdim. Ancaq o zaman bu dünyada Markeslə İsa Hüseynovun artıq olmaması haqqında düşünürdüm. Markes olmasa da, İsa Hüseynovla görüşmək imkanım olacaqdı. Kim bilir, bəlkə də Markeslə də nə vaxtsa üz-üzə qala bilərdim. Onun kitabını oxuyanda həmişə bu barədə düşünürdüm. Ümumiyyətlə, sağ adamların kitablarını oxuyanda onlarla danışmaq ehtiyacı duyurdum. Və deyirdim ki, nə yaxşı Markes yaşayır. - Ürəyivi sıxma, qaqa, - əsgər yoldaşım tez-tələsik dilləndi, elə bil dalınca atlı gəlirdi. Özü də sizə deyim ki, hərbidə “qaqa” kəlməsi işlənilmir. Təzə əsgərliyə gəlmişdim, çadırın qırağında duran bir əsgərə “qaqa, siqaretin olmaz” deyə soruşanda xeyli gülmüşdü. “Heç vaxt burda birinə qaqa demə”. İndi əsgər yoldaşım kövrəlmişdi deyə “hərbi sözdən” kənara çıxmışdı. -Ölənlə ölünməz! - əlini çiynimə keçirib danışmağa başladı. – -Başa düşürəm səni. Çətindi. Amma bir təhər yola ver. Yaxınların idi? İndi bu xatirəni xatırlayanda o sual məni güldürür. Ancaq o vaxt bilmirəm hərbidə olduğum üçünmü, ya başqa səbəbdənmi yaman ciddiləşmişdim. Onun kədərli üzünə baxıb qətiyyətlə dedim: - Doğma qardaşımdan da yaxın idi. Sonra qucaqlaşdıq. Axşam naryadı təhvil verəndə ona hər şeyi danışdım. Dedim, ikisi də yazıçıdır. Yol boyu güldü. - Məni yaman doladın, qoca. Guya yaxınındılar onlar? - Dolamıram, a kişi, düzünü deyirəm. Onun gülməyi səngimədi. Mən Umberto Ekonun ölüm xəbəri ilə qarşılaşanda da eyni cür düşünürdüm: bütün yazıçılar bir-birinə qardaşdır. Onların ölümü bizim ən yaxınımızın ölümü kimidir. Ayxan AYVAZ(kulis)

23 Fevral 2016 1:40

Fikrət Qocanı yuxuda necə gördüm?

40 yaşın çoxlu özəllikləri var... Biri də budur ki, adam yerli-yersiz intriqalardan yorulur. Necə deyərlər, mübahisələr və qovğalar əvvəlki kimi ləzzət eləmir. Odur ki, elə bu köşədəcə oxuculara söz verirəm: ədəbi intriqalardan çəkilirəm. Enerjimi və vaxtımı daha çox yaradıcılığa ayıracağam. Əlimdə maraqlı bir roman var. Yazmağa başlamışam belə... Arada hekayə, esse və məqalələr də olacaq, şübhəsiz... İndi yazacaqlarımı da intriqaya yozmaq lazım deyil. Bu bir yuxudur və həqiqətən görmüşəm. Heç nə əlavə eləmədən diqqətinizə çatdırıram. Əgər kiminsə şübhəsi varsa mətni kopiyalayıb Əkrəm Əylisliyə göndərə bilər. Niyə, Əkrəmə? Ona görə ki, Əkrəm Azərbaycanda gerçək yuxunu yalançıdan ayıran çox nadir adamlardandır. Misal üçün, sən bir yuxu uydurub yazsan, Əkrəm onun yalan olduğunu o saat tutacaq. Bunun sirrini bir dəfə özündən soruşdum. Tam izah edə bilmədi. Başa düşdüm ki, mətndən sadəcə hiss edir, izah üçün heç bir məntiq və üsul yoxdur. Mən özüm də bunu az-maz duyuram. Xüsusən yuxunun keçidləri, montaj yerləri qeyri-adi olur. Yuxuda hadisələr çox plastik cərəyan edir. Çünki yuxuda heç nə kristal deyil, amorfdur. Rənglər və hadisələr biri-birindən kəskin fərqlərlə ayrılmır. Yuxuda montaj olmur. Bizdə yalandan yuxu yazmağı bacaran azsaylı yazarlardan biri Murad Köhnəqaladır. Onun “Yuxularım” adlı maraqlı bir kitabı da çıxıb. Bir də var gördüyü yuxunu yaxşı, olduğu kimi yaza bilən və yaza bilməyən yazıçılar. Əkrəm birincilərdəndir. Yeni nəsil içərisində Səlim Babullaoğlunun yuxuları mənə maraqlı gəlib və inandırıb. Onun dünyanın və Azərbaycanın ən məşhur qələm adamları ilə bağlı gördüyü yuxular əməlli-başlı mənəvi xəzinədir. Ciddi deyirəm. Mənsə, ortabab və lokal yazıçı olduğum üçün yuxuda uzağı Anarı görürəm. Heç yuxuda da Biləcəridən o tərəfə keçmirəm. Deyəsən, Biləcəri sindromum yuxuda da yoxdur. Lafı çox dolandırmadan axşamkı yuxumu yazım, köşənin kəpənglərini endirək. Vaxtımız azdır. Demək, görürəm ki, Fikrət Qoca ilə bir otaqdayıq, ətrafımızda da bir sürü xanım var. Ya jurnalistdirlər, ya yazıçı. Nə tanıyıram, nə tanımıram bu qızları. Amma xoş münasibət var ortada. Daha dəqiqi, mən qızlarla oturub söhbət elədiyim yerdə Fikrət Qoca qəfil otağa daxil olur və çətin suallarla qızların yanında məni pərt eləmək istəyir. Mən bu sualların cavabını bilmirəm. Deyəsən, fizikaya aiddir suallar. Ona gör deyirəm ki, keçək ədəbiyyata, ordan suallaşaq, bir-birimizi yoxlayaq. Bu ara qızlardan biri Füzulidən bir beyt deyir. Hansı beyt olduğu yadımda qalmayıb, ancaq Füzulidən olduğuna əminəm. Fikrət Qoca beytin Bəxtiyar Vahabzadəyə aid olduğunu söyləyəndə gülmək tutur məni. Deyirəm, səhv tapdınız, Füzulinindir. Fikrət Qoca hirslənir, mübahisə edir mənimlə, nəsə deyir, mən də hirslənirəm. Onun nə dediyi yadımda deyil, öz dediyimi çox dəqiq xatırlayıram və hətta bu qədər dəqiq xatırlamağıma təəccüb edirəm: “Fikrət Qoca, siz yazıçı-hakimiyyət münasibətinin ən pis örnəyisiniz! Füzulinin şeirini bilməməyiniz, onu Bəxtiyar Vahabzadəninki hesab etməyinizin də əsas səbəbi budur. Avropa oyunlarına yazdığınız o şeir də məhz bu pis təcrübənin məhsuludur.” Fikrət Qoca necə əsəbiləşirsə, təzyiqi qalxır, onu divana uzadıb sakitləşdirməyə çalışırlar, təzyiqini ölçürlər. Qəribə şəkildə inildəyir şair. Mən çox pis oluram, həm də qorxuram. Deyirəm, ona nəsə olsa, məni tutacaqlar. Bu vaxt mənim boynumdan da təzyiq ölçən cihaz və fenandoskop sallanır. Əynimdə isə ağ xələt var. Yaxınlaşıb Fikrət müəllimi xilas etmək istəyirəm. Bir də baxıram ki, onun təzyiqini ölçən qadınlardan biri tərcüməçi dostumuz Kamilə Əlizadədir. O, qəmgin baxışlarla mənə baxıb başını bulayır. Bu vaxt mən qorxudan yuxudan oyanıram. Yuxudan oyanandan sonra hər şeyin yalan olduğuna necə sevindimsə... İfadə eləməkdə acizəm... Məncə, Fikrət Qoca son illər kimisə bu qədər sevindirməyib... P.S. Yuxu suya danışılandan sonra qələmə alınıb Şərif AĞAYAR(kulis)

16 Fevral 2016 7:04

Fakt

Bizi izləyin