“İkinizi də Allah öldürsün, səni də, Hitleri də“

59852

  “Məşhur filmlərdən məşhur sitatlar” “Bizim Cəbiş müəllim”dən məşhur ifadələr Bu dəfə haqqında danışacağımız və yaddaqalan sitatlarını təqdim edəcəyimiz film 1969-cu ildə lentə alınan “Bizim Cəbiş müəllim”dir. Həsən Seyidbəylinin lentə aldığı, Maqsud İbrahimbəyovun ssenari müəllifi olduğu hərbi kinopovestdəki hadisələr İkinci Dünya Müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır. “Çağırsa ellər gedərəm davaya” Filmin rejissoru Həsən Seyidbəyli bir gün Pirşağıdakı bağına gedərkən bir qrup gəncin tinə yığışaraq meyxana dediyini görür. Aralarında bir nəfər onun diqqətini daha çox çəkir. Bu, o zaman idi ki, rejissor “Bizim Cəbiş müəllim” filmi üçün aktyor seçimləri edirdi. O gənc diqqətini çəkir və onu zorla razı salaraq filmə dəvət edir. Həmin gənc “Bizim Cəbiş müəllim” filminin ən yaddaqalan simalarından biri olan Mekedon rolunun ifaçısı Aqil Ağacanov idi. Aqil qarşıya şərt qoyaraq deyir ki, “məhəllə uşaqlarımızı da çəksən, gələrəm”. Beləcə, filmdəki məhəllə uşaqları da onun təklifi ilə filmə çəkilirlər. Bu filmə qədər ekranda heç vaxt meyxana səsləndirilməyib. Meyxanaçı Ağasəlim Çıldağ uşaqların meyxana dediyi kiçik epizod üçün iki bənd yazır. Oradakı bəzi sözlər sonradan dillər əzbəri olur: Çağırsa ellər gedərəm davaya Ol mənə dilbər gedərəm davaya misraları film yayılandan uzun illər sonra dillər əzbəri oldu. Həmin səhnədəki “Makedonu dərdə-qəmə salmısan”, “Bişirərik Hitlerin də aşını” ifadələri də sonradan çox məşhurlaşdı. “Heç belə gündə də...” “Bizim Cəbiş müəllim” filmində ayrı-ayrı obrazlar tərəfindən deyilən başqa məşhur ifadələrə diqqət edək. Cəbiş müəllim aristokrat, insan taleyini və o zaman üçün “Böyük Vətən” məfhumunu düşünən bir ziyalı müəllimdir. Ən məşhur ifadələri “heç belə gündə də...” birləşməsi ilə başlayır. “Heç belə gündə də sabun bişirərlər?”, “heç belə gündə də dərsdən qaçarlar?” kimi ifadələrin sayını uzatmaq da olar. Cəbiş müəllim filmin əvvəlindən axırınadək “öz yatağında qovrulan” təəssübkeş insan kimi yadda qalır. Yalnız bişirdiyi sabunu əsgərlərə paylayandan sonra bu təəssübkeşliyin ağırlığını çiyinlərindən atır, çamadanı yerə tullayır. “Heç bilsən ki, səni nəyə görə vurdular, bəlkə onda səndən adam oldu” deyən Cəbiş müəllim həmin ifadəsi bu gün üçün də aktuallaşdırıb. Namiqin Makedona siçovulu yandırdığı üçün şillə vurduğu zamanı deyilən söz bu gün də Cəbiş müəllimi canlı saxlayır. Onun “heç bilirsiz Bakı nefti cəbhə üçün nə deməkdi?” ifadəsi, ümumilikdə Bakı nefti haqqındakı sözləri 1969-cu il üçün çox təhlükəli idi. Amma buna baxmayaraq, Həsən Seyidbəyli və Maqsud İbrahimbəyov həm özlərini, həm də filmi riskə atsalar da, bu ifadələrə yer verirlər. “İkinizi də Allah öldürsün, səni də, Hitleri də” Aktrisa Şəfiqə Məmmədovanın yaratdığı Cəbiş müəllimin həyat yoldaşı obrazının dediyi ifadələr bu gün də yeri gələndə işlədilir. Təsəvvür edin, obrazın öz adı yoxdur. Hamı onu Cəbişin arvadı kimi tanıyır. Amma Şəfiqə Məmmədovanın ustalığı rolu bu gün də sevdirib. “Allah sizin ikinizi də öldürsün, səni də, Hitleri də”, “Uf, nə bağrıma basardım o tankı... O tankı ki, səni basacaqdı...”, “Müharibə qurtaracaq, amma nə mən, nə də sənin uşaqların o günü görəcək” məşhur ifadələrini bir cəhət birləşdirir. Belə ki, onların hamısı Cəbiş müəllimə hiddətlənərək deyilən sözlərdir. Onlar xaraktercə bir-birlərinin tam əksidirlər. Dünyagörüşlərində və təəssübkeşlik baxışlarında da fərqlər var. Biri üçün yalnız üç uşaqdan ibarət olan kiçik ailəsi, o biri üçün isə milyonların əziyyət çəkdiyi böyük ailə əsasdır. Amma analıq kultu Cəbişin arvadının dilli-dilavərliyini daha da artırır. “Yeyin mənim şoppana balalarım”, “pencəyimiz yoxdur, əvəzində yağımız, qəndimiz var” kimi ifadələr də bu kultdan yaranır. “Əmanətdü, Əbili” İki böyük aktyor - Nəsibə Zeynalova və Əliağa Ağayevin oynadığı rollar ikinci dərəcəlidir. Amma birincinin yaratdığı Suğra xala, ikincinin isə möhür vurduğu alverçi Əbülfət obrazı o qədər dinamikdir ki, hətta məşhurluqda Cəbiş müəllimi də qabaqlaya bilirlər. Cəmi yarım dəqiqəlik ayaqyolunda qalma səhnəsində deyilən ifadələr bu gün də məşhurdur: “Qonşu aç qapını, bombalar töküldü başımıza”, “Siz orda neynirsiz?”, “Adə rəhmətliyin oğlu burda neyniyərlər” fikirlərini bu gün də xatırlamayan tapılmaz. Bu səhnənin ötürdüyü mesaj da çox dərindir. Bildiyiniz kimi, sırf öz maraqlarını güdən, bunun üçün saxtakarlıqlara əl atan alverçi Əbülfət elə bir simadır ki, hətta küçə təfəkkürlü, avara Makedon da ona nifrət edir. Buna görə də bomba atılan zaman ayaqyolunun qapısını arxadan bağlayır. Ondan sonrakı səhnə də çox dinamikdir. Qışqıraraq Tanyanı axtaran Suğra xala “uşağımı görməmisən?”, - deyə soruşanda Əbülfətin “Uşağın olub məgər?” deməsi və eşitdiyi “qadam ağzuva, doğan vaxtumdu?” tənəsi bu gün də çox məşhurdur. Amma “Əbili”nin məharəti bununla da bitmir. Kinonun bütün emosional ağırlığına qarşı sanki tək döyüşən obraz bir neçə ifadə ilə həm gülüş doğurur, həm də həmin ifadələri dillər əzbəri edir: “Hansı dəliyə desən bizi hoydu-hoyduya qoyub gülər (səngər qazma səhnəsində Cəbiş müəllimə dediyi sözlər), “Yəni mənim arvadımla ildə bir dəfə bazara çıxmağa ixtiyarım yoxdur?”, “Canım sənə desün qoğol-moğol” (Əbülfət bunları hər iki halda Cəbişin arvadına deyir). Təbii ki, burada Makedonu da unutmaq olmaz. Fərqli vizual siması və danışıq tərzi olan Makedonun dediyi sözlərin də bəziləri məşhurlaşdı: “Atova nə var e, dezertir adamdı”, “Bizim Cəbiş də işə yarayarmış” (hər ikisi neftçi Nəcəfovun oğlu Namiqə müraciətlə deyilir). Kütləvi səhnədə səslənən “çəkilün, indi Makedonla Namiq dava eləyəcək” nidası və Namiqin atası neftçi Nəcəfova (Muxtar Maniyev) dediyi “ata, sən dezertirsən?” ifadələrini də unutmaq olmaz. Film çox təəssüf ki, layiqli qiymətini ala bilməyib. Yalnız Cəbiş müəllim rolunun ifaçısı Süleyman Ələsgərova adi diplom verilir. Filmin özü isə mükafatlardan kənarda qalır. Bunun da səbəbi Bakı nefti və başqa məsələlər haqqında deyilən ifadələr idi ki, Moskva bunu gözdən qaçırmır. (modern.az) Filmdə Nəsibə Zeynalovanın oğlu Cahangir Novruzov, Həsən Seyidbəylinin qızı (Cəbiş müəllimin qızını Məryəm Seyidbəyli oynayır) da çəkilir. Bu da onun göstəicisi idi ki, artıq nəsil yeniləşirdi. Köhnələrin yerinə jımıxla böyüyən və Bakı neftinin qədrini bilən yeni nəsil gəlirdi... Artıq Cəbiş müəllim çemodanını rahat tullaya bilərdi...

12 Avqust 2015 12:04

M. E. Troncoso: “Argentinada da Azərbaycan Musiqili Teatrını arzulayıram”

teayrr

Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan təqribən bir ay ötsə də, forumda iştirak edən dünyanın bir sıra tanınmış mədəniyyət xadimləri, rəsmi dövlət adamları hələ də ö günlərin təəssüratları barədə fikirlərini bölüşürlər Qeyd olunduğu kimi o vaxt forum çərçivəsində Azərbaycana gələn mötəbər qonaqlar ölkəmizin mədəniyyət ocaqlarına da baş çəkiblər. Belə görüşlərdən biri də Argentina Respublikası Mədəniyyət Nazirliyinin Yaradıcılıq və İctimai Mədəniyyət Məsələləri üzrə Katib müavini, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı xanım Maria Elena Troncoso ilə Azərbaycan Dövlət Musiqili Teatrında baş tutmuşdu. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu PİA.AZ bildirib ki, Argentina Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva ilə birlikdə teatra gələn xanım M. E. Troncosonu qəbul edən teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevlə qonaqlar arasında səmimi və işgüzar söhbət olmuşdu. Mötəbər qonaqlar Musiqili Teatrın binası ilə – ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonra tamaşaçılar və teatrın kollektivi üçün yaradılmış şəraitlə tanış olduqda əvvəllər aktrisa kimi teatr və kinoda bir sıra obrazlar canlandıran Argentina Respublikası Mədəniyyət Nazirliyinin Yaradıcılıq və İctimai Mədəniyyət Məsələləri üzrə Katib müavini xanım Maria Elena Troncoso “Bu möhtəşəm səhnə, bu bənzərsiz şərait məni yenidən aktrisa kimi fəaliyyət göstərməyə sövq edir. İnanın ki, dil baryeri olmasaydı, işləmək üçün sizin Musiqili Teatrı seçərdim” – deyə söyləmişdi. Xanım Maria Elena Troncoso ölkəsinə qayıtdıqdan sonra bu günlərdə Musiqili Teatrda şəxsi fotoaparatıyla çəkdiyi şəkilləri Azərbaycana yollayaraq qeyd edib ki, hələ də Azərbaycandakı xoş xatirələri unuda bilmirəm, Argentinada da Azərbaycan Dövlət Musiqili Teatrı, oradakı səmimi və gözəl kollektivi, belə bir sənət məbədində olduğumu tez-tez xatırlayır, bütün Azərbaycana salamlarımı çatdırıram.

9 İyun 2015 4:37

Yandırmaq istədiyim kitablar

celill07

Bunu etiraf etmək nə qədər çətin olsa da deyim ki, son gücümü toplayıb getdim Bakıdan. Daha doğrusu qaçdım. Məhrumiyyətlərlə, min bir əziyyətlə qurduğum hər şeyin gözlərimin qarşısında gurultuyla uçub dağılmasını müşahidə etmək o qədər də asan deyildi. Sarsıldım. Amma dözürəm. Nikbin olmaq üçün çoxlu səbəblərim, ruhdan düşməmək üçün dostlarım var. Həm də qurub-yaratdığım nə vardı ki? Ev yox, mal-mülk yox, var-dövlət yox... Kirayə evlərin xatirələri də kirayədir. Müvəqqəti, başqalarına məxsus, üzüntü dolu xatirələr. Uçub-dağılan yalnız mənəvi “mülkiyyətim”dir. Onu da nə zamansa yenidən qurub-yaratmaq, ya da bərpa etmək olar. ...16 il əvvəl tərk etdiyim kəndə, o kənddə doğulub-böyüdüyüm evə geri dönmüşəm. Hər künc-bucağından uşaqlığım boylanan həyətdə, bir vaxtlar əkib qulluğunda dayandığım meyvə ağaclarının arası ilə dolaşıb sıradan kənd işləri ilə məşğul oluram. Arı pətəklərinə baxıram, ot biçirəm, qurumuş otu lazımı yerə daşıyıram. Boş vaxt tapan kimi kitab oxuyuram, anamla söhbətləşirəm, atamın suallarına cavab verirəm. Yay Böyük Qafqazın cənub yamaclarına bir az gec gəlir. Meyvələr gec yetişir. Məsələn, hələlik ancaq alça yetişib. Alçanı budaqdan dərmək, yamyaşıl otların arasından çiyələk tapmaq, otlara toxunmaq, sərin bulaq suyu içmək başqa zövqdür. İndi oturub bu yazını yazmağa çalışdığım çiy kərpicdən tikilmə otağın kərpicini özüm kəsmişəm. Hətta suvaq palçığını əlimlə qarışdırıb qardaşımla birgə suvamışam. Cəmi bir çarpayı və bir masa sığışan kiçicik otaqdır. Ya da indi mənə kiçik görünür. O vaxt ali məktəbə imtahan verməyə hazırlaşanda bu otaq mənə saray kimi görünürdü. Bu otaqda oturub yüzlərlə xəyal qurmuşam. İndi oturub düşünəndə o yaşda qurduğum xəyallar mənə gülməli görünür. Olsun, ən azından o zaman xəyal qura bilirdim... ...Valideynlərim həm də müəllimlərimdir. Orta məktəbdə hər ikisi mənə dərs deyib, oxumağı onların sayəsində sevmişəm. Uşaqkən mənə kitabı sevdirən, oxumağa həvəsləndirən, hər uğuruma sevinən və mənəvi güc aldığım adamlardır. İllər keçib və Sovet tərbiyəsi ilə böyüyən valideynlərim kitabdan uzaqlaşıb. Atamın təsərrüfat, anamın isə nəvələr başını qatıb. Atam qəzetlərə, anam melanxolik türk seriallarına meyllənib. Kitabları mənə sevdirən valideynlərim indi ümumiyyətlə kitabla maraqlanmır. Mən kitabları sevməyi də, kitabları qorumağı da onlardan öyrənmişdim. Hətta bir yaşım tamam olanda anamla-atam mənim üçün Nizami Gəncəvinin aforizm və hikmətli sözlərinin toplandığı bir kitab alıb. Oxumaq-yazmaq öyrənib kitaba yazdıqları ürək sözlərini sevinə-sevinə oxumuşdum. İllərlə o kitabı totem kimi özümlə gəzdirmişdim. Onlarla şəhər, onlarla ev görmüşdü o kitab... ...Əşyalarımı, xüsusən sevib-qoruduğum, hərəsi bir xatirə olan kitablarımı kəndə dönməmişdən bir həftə öncə göndərmişdim. Evimiz darısqal olsa da, onlara bir yer tapılacağını düşünmüşdüm. Heyf ki, elə deyilmiş... Valideynlərimin mənim kitablarımla maraqlanmağa zamanı yoxmuş. Səliqə ilə bağlanmış karton qutuları toz-torpağın içində görüb pərt oldum. Qutuların yanında çöküb dəfələrlə məkan dəyişdirmiş zavallı kitablarla danışmağa, dərdləşməyə başladım. Bir anlıq ürəyimdən keçdi ki, bu “artıq yükü” bir yerə yığıb od vurum. Əlim gəlmədi. Bacardığım kimi silib, səliqəyə saldım qutuları. Daha təmiz, nəmişlik olmayan, gün tutmayan yerə yığdım. Sonra başımı götürüb meşənin yolunu tutdum. Adamlardan qaçdıqca qaçdım, uzaqlaşdım. Bir palıd ağacına söykənib səsim gəldikcə bağırdım, sakitləşəndən sonra gözlərimi yumub təbiəti dinləməyə, otlarla, ağaclarla, quşlarla dərdləşməyə başladım. Burdan o tərəfə qaça bilməzdim... ...Nəhayət, bir vaxtlar özümün tikib-qurduğum bu otaqda oturub düşünürəm. Düşünürəm ki, nə qədər ağır olsa da, ömrün yarıdan çoxunu xərcləsəm də bir yerdən başlamaq lazımdır. Yenidən başlamaq lazımdır, yenidən... Buna gücüm yetəcəkmi, ömür vəfa edəcəkmi? Bilmirəm. Amma dünən gecə bayırdakı tufanı, leysanın şırıltısını dinləyib pəncərədən gecəni bir anda işıqlandıran ildırımlara baxıb qalın yorğana bürünəndə nələrəsə ümidim yarandı... Necə deyərlər, xeyirlisi... Cəlil CAVANŞİR(kulis)

8 İyun 2015 4:40

“Kitab yayımı işində müəlliflərin mənafeyi gözlənilməlidir”

isssd8

Kulis “Əli və Nino” mağazalar şəbəkəsinin bəzi müəlliflərin kitablarının satışında yaratdığı süni əngəllərə münasibət bildirməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinə müraciət edib Şöbənin məsələ ilə bağlı verdiyi rəyi təqdim edirik. Bəzi hallarda yanlış təəssürat informasiyanın azlığı və yaxud gerçəkliyi özünün arzuladığı kimi görmək düşüncəsi əsasında formalaşır. Azərbaycanda Sovet dönəmində bütün rayonlarda, qəsəbələrdə, bir çox iri kəndlərdə, xüsusən Bakı şəhərində yüzlərlə kitab mağazaları fəaliyyət göstərib. Mağaza da dövlətə məxsus idi, onun içində satılan kitab da. Ötən əsrin 90-larında baş verən ictimai-siyasi hadisələr dalğasında bu kitab mağazaları öz funksiyasını qoruya bilməyib sıradan çıxdılar. Çünki kitabın arasını açan, üzünə baxan yox idi. Əslində müstəqillik anlayışı baxımından həmin dövrdə, həmin kitab dükanlarında sərgilənən kiril əlifbalı kitabların ən azı yarıdan çoxunu yararsız, hətta ziyanlı kitablar saymaq olar. Sonrakı illərdə ölkəmizdə gedən sürətli və geniş miqyaslı quruculuq işləri, nəşriyyat sahəsinin dövlət asılılığından xilas olub sərbəst fəaliyyət göstərməyə başlanması təbii ki, kitabın yeni yayım məkanlarının yaranmasına da meydan açdı. Bu səbəbdən ölkədə kitab satışı yoxdur deyənlər, ən azı məsələni şişirdirlər. Hazırda konkret olaraq Bakı şəhərində böyük ticarət mərkəzlərində, dəftərxana ləvazimatı satan mağazalarda kitab satışı həyata keçirilir. Bakının mərkəzi küçələrində sərbəst fəaliyyət göstərən kitab mağazalarını necə danmaq olar?! Bu mağazaların böyük əksəriyyəti özəldir. Bu o deməkdir ki, kitaba maraq əsaslı dərəcədə yüksəlib. Mağazaların artımı, kitab yayımı sahəsində təklif və tələb prinsipinin ildən-ilə məhz reallığı əks etdirdiyini kim inkar edə bilər? Ədəbiyyatımız da inkişaf edir. Son illər dərsliklərin yüksək məzmunu və ona uyğun poliqrafiya ilə nəşri sahəsində böyük intibah baş verib. Müəlliflərin adları, işıq üzü görən kitablar o qədər çoxdur ki, hamısını yadda saxlamaq olmur. İnternet, virtual məkan nə qədər hökmranlığa can atsa da kitab nəşri yayımı ildən-ilə daha da genişlənir. Dövlət ümumi inkişaf prosesini dəstəkləyir, nəşriyyatların, kitab yayımçılarının təşəbbüslərini kulturoloji və maddi dəstəklə müdafiə edir. Amma hansısa icra orqanı deyə bilməz ki, kimsə kitab mağazası yaratsın, yaxud yaratmasın, deyə bilməz ki, hansı mağazada hansı kitab satılsın, yaxud oxucu bu kitabı alsın, o birini yox... Hazırda Azərbaycanda kitab yayımı dünyanın bir çox inkişaf etmiş ölkələrinə mütənasib şəkildə inkişaf edir. Əlbəttə, kitab yayımı işi, bütün hallarda müəlliflərin mənafeyi gözlənilməklə daha da genişlənməli, yeni, modern kitab mağazaları, mütaliə klubları, kitab evləri yaradılmalıdır. Çünki söhbət cəmiyyətin özünü idarəsində olduqca zəruri bir məsələdən – biliyin, intellektual sərvətlərin insanlara çatdırılmasından gedir.

3 İyun 2015 11:39

Şair Qabil polkovniki içirdib silahını alıb

2593

  Faktinfo.az kulis-ə istinadən “Gizlin ədəbiyyat” layihəsindən Ülfət Kürçaylının “Gecə yarı partapart” məqaləsini təqdim edir 60-cı illərin ortaları idi. Yazıçı Salam Qədirzadəylə şair Qabil haradansa gəzə-gəzə gəlib çıxırlar Daxili İşlər Nazirliyi binasının yanına. Birdən Qabil deyir ki, bir Azada zəng vurum, kişiylə işim var. Azad Talışoğlu o dövrdə Daxili İşlər Nazirliyində pasportstolun müdiri vəzifəsində çalışırdı, həm milis polkovniki idi, həm də şair. Azman cüssəsinə baxmayaraq həlim təbiətli, dostcanlı bir kişiydi, şair tayfasının xətrini əziz tuturdu. Hansının işi düşsə kömək əlini uzadırdı. Qərəz, Salam Qədirzadə Qabili fikrindən daşındırmaq istəyir ki, zəng eləyib Azad Talışoğlunu dəng eləməsin. Deyir, yaxşı deyil, necə olsa, polkovnik adamdı, işi zadı olar. Qabil qulaq asmayıb cavab verir ki, o, burdakılar üçün polkovnikdi, mənimsə dostumdu. Özü də saat birdi, bu kişi də hamı kimi fasiləyə çıxmalıdı, ya yox?! Sonra binaya daxil olub, birinci mərtəbədən Azad Talışoğluya telefon edir, calaşdırırlar. Qabilin gurultulu səsi otağı bürüyür. Deyir, Azad, mənəm, Qabil. Salam da yanımdadı, düş gəl, aşağıda səni gözləyirik. Böyür-ətrafda oturub mat-mat Qabilə tamaşa eləyən milis nəfərləri bu binada eşitməyə öyrəşmədikləri söhbətdən məəttəl qalırlar. Uzun çənə-boğazdan sonra Qabilin qırışığı açılır, gözlərini yumub məmnunluqla gülərək – sən Allah, Azad, yubanma, aşağıdayıq – deyib dəstəyi asır, çölə çıxıb Qədirzadəyə yaxınlaşaraq – hə, gəlir, düzəldi – söyləyir. Salam Qədirzadə soruşur ki, nə düzəldi, Qabil, sistemə girirsən? Qabil eyhamı başa düşüb deyir ki, əşşi yaxşı da, ay Salam, mənim orda nə işim var, ürəyim partlayar. Kişini bu günlük sistemdən çıxardıram. Qədirzadə gülür. On dəqiqədən sonra bazburutlu Azad Talışoğlu vahiməli polkovnik formasında qapıda görünür. Əl tutub görüşürlər. Daha məsələni çox uzatmayan polkovnik oyan-buyana baxa-baxa dostlarını böyürdə durmuş tutqun rəngli “QAZ-69”-a dəvət edir. Qədirzadəylə Qabil arxada əyləşirlər. Azad Talışoğlu qabaqda sürücünün yanında oturub qapını çəkir, sonra geri çevrilib soruşur ki, “Drujba”ya gedək? Qabil deyir, nolar, elə “Drujba” yaxşıdı, gedək bir az eynimiz açılsın, bu hökumət işi qaçmır ki! Polkovnik xəbərdarlıq eləyir ki, bəs iclası var, elə eləsinlər, iki saata qayıda bilsin. Qabil tez “hə, çatdırarıq, iki saata iki dəfə gedib qayıtmaq olar” – deyib kişini arxayın eləmək istəyir. Polkovnik çönüb zənlə Qabilə baxır, amma səsini çıxarmır, sonra sürücüyə “sür” deyib meşin oturacağa yayxanır. Sürücü motoru işə salıb yola çıxmaq istəyəndə Qabil arxadan polkovniki qucaqlayır ki, ay Azad , amma əvvəlcə sürsün Kömürçü bazarından çörək alaq, sonra gedək “Drujba”ya. - Ay Qabil, deyirsən o boyda restoranda çörək tapılmayacaq bizə? – soruşur Talışoğlu. - Yox, ay Azad, dağlı çörəyi götürək e, o yaxşıdı. Polkovnik bir söz deməyib sürücüyə Kömürçü bazarının səmtini göstərir. Bir azdan gəlib çatırlar bazara. Polkovnik görür ki, yerindən tərpənən yoxdu. Qapını açıb deyir, siz oturun, indi gəlirəm. Qabil deyir, sağ ol e, ay Azad, səndən yoxdu. Talışoğlu yenə bir zənlə Qabilə baxıb maşından düşür, üz tutur bazarın qapısındakı qələbəliyə sarı. Birdən Qabil başılovlu qışqırır ki, xiyar, sən öləsən, xiyar çıxdı yadımdan. Başını pəncərədən çıxarıb bərkdən “Azad! Azad!” çağırmağa başlayır. Qədirzadə Qabilin ətəyindən dartıb nə qədər yalvarırsa ki, ayıbdı xiyarı neyləyirsən, xeyri olmur. “Yox, xiyarsız ləzzət eləməyəcək” deyən Qabil görür ki, Talışoğlu uzaqdadı, eşitməyəcək. Əl atır qabaqda sallanan mikrafona, ağzına tutub bərkdən çığırmağa başlayır. Maşının təpəsində quraşdırılmış iri səsucaldan Qabilin burnunda ucadan dediyi sözləri ətrafa yayır: - Azad, Azad, xiyar yaddan çıxdı, bir az xiyar da götür! Bütün ətrafdakılar yerində mıxlanıb milis maşınından çıxan bu əcaib sözlərə qulaq asmağa başlayırlar. Utandığından qulağına qədər qızaran Azad Talışoğlu abırdan başını qaldırmadan tələsik bazara girib gözdən itir. Bir azdan polkovnik bir əlində iki nazik təndir çörəyi, o biri əlində bir kilo parnik xiyarı gəlib oturur maşına. Daha bayaqkı biabırçılığın üstünü vurmayıb xırıltılı səslə astaca “sür parka” deyir. Bir az keçmiş Talışoğlu aradakı pərtliyi götürmək üçün zarafatla soruşur ki, Qabil, daha bir şey yaddan çıxmadı ki? Qabil deyir, yox, hər şey yaxşıdı, amma bir xahişim var: - Ay Azad, nolar, iki saatlıq çıxart o papağı başından, əşşi adamı vahimə basır, amma incimə. – Talışoğlu bir ötəri sürücüyə baxır, milis papağını çıxarıb qoyur dizinin üstünə, əlləriylə seyrək saçını tumarlaya-tumarlaya – O da mənim gözüm üstə, Qabil. – deyib könülsüz gülümsəyir. Xülasə, gəlib çıxırlar “Drujba”ya. Maşından çıxanda Qabil deyir ki, Azad, sürücünü burax, yazıqdı, gedib bu gün istirahət eləsin, özümüz gəzə-gəzə qayıdarıq. Talışoğlu deyir, Qabil, daha sözüm yoxdu sənə, ə, bayaqdan demirdin ki, iki saata iki dəfə gedib qayıdarıq?! Bəs maşınsız necə qayıdacağıq? Dedim axı, iclasa getməliyəm. Qabil – həə, düzdü, düzdü çıxmışdı yadımdan – deyir. Talışoğlu üzünü sürücüyə tutub deyir ki, bir yerdə çörək yeyib burda gözlə, tez qayıdıram. Sonra pillələri qalxıb girirlər “Drujba”nın təntənəli zalına. Keçib otururlar bir tərəfdə, yemək sifariş eləyirlər. Parnik xiyarıyla dağlı çörəyini də çıxarıb verirlər ofisianta, doğrayıb süfrəyə gətirsin. Çox keçmir ki, süfrə o dövrün hər cür naz-nemətilə doldurulur. Əlüstü tamadalığı əlinə alan Qabil ilk badəni Talışoğlunun sağlığına qaldırır və uzun bir nitq irad eləyir. İçirlər. Qabil görür ki, polkovnik badəni dolu qaldırıb dolu da qoydu yerə. Düşür kişinin üstünə ki, bəs inciyərəm, elə şey yoxdu. Talışoğlu ha deyir ki, bəs iclasa getməliyəm, yaxşı deyil, mümkün olmur, yüz cür dil töküb kişini yoldan çıxarıb içirirlər. Hər dəfə də bir mənalı sağlıq tapıb deyirlər ki, axrıncıdı, bunu da iç, daha içmə. Bir-iki saatdan sonra orkestr çalmağa başlayır. Kefləri lap durulur. Çox keçmir ki, Xəzərin, Talışın, dağların, dərələrin, şeirin, qardaşlığın sağlığına deyilən yanıqlı sağlıqlar bir-birini əvəz eləyir. Aradabir Talışoğlunu qaldırıb zorla oynatmaq da istəyirlər, amma polkovnik sayıqlıq göstərib hissə qapılmır və “Yox!” deyərək yerindən tərpənmir. Qələm dostlarının əhatəsində keçirdiyi hər xoş dəqiqə get-gedə Azad Talışoğlu üçün Daxili İşlər Nazirliyinin ürəksıxan divarları arasında keçiriləcək iclasın mahiyyətini bir qədər də kiçildir. Sonda bugünkü taleyiylə barışan polkovnik özünü tamamilə məclis üzvlərinin ixtiyarına buraxır. Payızın son ayları idi... İşıqda restorana daxil olan üç dost dörd-beş saatdan sonra qaranlıqda oranı tərk edirlər. Restoranın qapısından qol-boyun çıxarkən kənardan seyr edən, kimin Qabil, kimin Talışoğlu, kimin Qədirzadə olduğunu dərhal kəsdirə bilməzdi. Biri zavallı polkovnikin papağını başına qoymuş, o biri poqonlu pençəyini əyninə keçirmişdi. Üçü də “ay lolu, ay lolu” oxuyaraq pillələri enirdilər. Daha doğrusu, pillələr özləri onları düşürürdü. Talışoğlu nə qədər çalışsa da dəstənin başını maşına tərəf yönəldə bilmir. Elə deyirlər ki, gözəl gecədi, bir az da gəzişək. Asfaltdan çıxıb girirlər ağaclığa. Birdən Qabil polkovnikin böyründən sallanan qobura əlini uzadıb soruşur ki, Azad, heç atmısan bu tapançadan? Talışoğlu astaca deyir ki, atmışam Qabil, əl vurma. Qabil yenə soruşur ki, Azad oğruya, yoxsa quldura? Qədirzadə düşür Qabilin üstünə ki, gic-gic suallar vermə, bu kişinin işi başqadı. Qabil soruşur ki, adı nədi bunun, “TT”? Talışoğlu nə qədər eləyir, tapançanın markasını yadına sala bilmir. Qabil soruşur ki, yaxşı, neçə gülləsi var bunun? Polkovnik deyir, nə bilim deyəsən, yeddi. Qabil birdən yapışır Talışoğludan ki, qoy bir dəfə atım onu. Polkovnik qətiyyətlə “olmaz” deyib izah eləyir ki, güllələr saynandı, elə-belə atmaq olmaz. İkisi də başlayırlar yalvarmağa ki, qoy hərəmizə heç olmasa birini ataq. Axırda Talışoğlunun ürəyi yumşalır. Xətirlərinə dəyməyib deyir ki, onda tez eləyin, özü də göyə atarsınız. Qoburu açıb tapançanı hazırlayır. Hərəsi göyə bir-iki güllə buraxıb ürəyini soyudur. Partapart səsi ətrafda əks-səda verir. Razı halda gülüşüb yola çıxırlar ki, maşına tərəf getsinlər. Bir də görürlər sürücü qaça-qaça bunlara sarı gəlir. Çatıb soruşur ki, yoldaş polkovnik, atışma səsi eşitdim, nə olub? Talışoğlu əvvəlcə bilmir nə cavab versin, sonra deyir ki, ə boş-boş danışma, sür maşını bura gətir. Talışoğlunun üst-başını özünə qaytarırlar, sonra hamısı minir maşına. Polkovnik bu gün boynuna düşən son borcunu da yerinə yetirərək qələm dostlarını sağ-salamat gətirib çıxarır evlərinə, yəni Hüsü Hacıyev küçəsindəki yazıçılar binasına. Axırıncı dəfə marça-murç, qucaqlaşma başlayır. Qabil deyir, bağışla, ay Azad, qoymadıq səni bu gün iclasa getməyə. “Eyb etməz, Qabil” – deyib Talışoğlu maşına minir, qapını bağlayır. Motor işə düşür. Polkovnik başını pəncərədən çıxarıb gülə-gülə deyir: - Allah insaf versin, sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri.

29 May 2015 11:51

Əlifbanı öyrənib ərindən boşanan alim arvadı

Woman writing on paper, close-up

“Gizlin ədəbiyyat” layihəsindən Ülfət Kürçaylının “32 hərfin kəraməti” yazısını təqdim edirik Yazıçı Əlfi Qasımovun bir alim dostu var idi. Aralarından su keçməzdi. Tez-tez görüşərdilər. Amma, dostu qırxı haqlamasına baxmayaraq hələ də subay gəzirdi. Əlfi Qasımov bunu tez-tez irad tutsa da, bir kar aşmır, dostu hərəkətə gəlmirdi. Axır bir gün görüşərkən Əlfi Qasımov dostuna möhkəm təpinir. Deyir, vallah sənin yerinə utanıram, dost-tanışda səndən başqa evlənməyən yoxdu. Ə, bu qədər də subay qalmaq olar?! Tap bir halal süd əmmişi, evlən, qurtarsın getsin. Dostu cavabında deyir ki, ay Əlfi, elə bilirsən özüm bu barədə fikirləşmirəm? Əlbəttə gec-tez evlənəcəyəm. Bircə bilmirəm necəsini alım. Qonşu kənddə biri var. Evdəkilər onu məsləhət bilirlər. Ayağımı rayona basan kimi atam-anam, xala-bibilərim o saat başımın üstünü kəsdirirlər ki, bir “hə” de, gedək qızı istəyək. Əlfi Qasımov soruşur ki, bəs daha nəyi gözləyirsən, niyə razılıq vermirsən, harası xoşuna gəlmir? Dostu cavab verir ki, yox, başı aşağı, əlli-ayaqlı, yaxşı qızdı, bircə məktəb oxumayıb, heç adını yaza bilmir. Əlfi Qasımovu od götürür. Deyir, ə, adını yazdı-yazmadı, bunun sənə isti-soyuğu nədir?! Arvad alırsan, ya müşavir? Get razılaş, işi bitir. Yoxsa, vallah, aramız dəyər... Bu söhbətdən bir neçə ay keçir. Əlfi Qasımov qəsdən nə dostuyla görüşür, nə də ona zəng vurur. Bir gün eşidir ki, alim dostu ondan xəlvət gedib rayona. Ata-anasına razılığını bildirib. Onlar da sevincək götürülüblər həmin ucqar kəndə. Qızın “hə”sini alıblar. Bir ayın içində dostu el qaydasıyla toy edib, qızı götürüb gəlib şəhərə. Olub əməlli-başlı evli. Çox sevinir. Bir axşamüstü işdən çıxıb yollanır dükana, abırlı bir hədiyyə alıb vurur qoltuğuna, gedir dostunu təbrikə. Qapını xoşsima, gülərüz bir gəlin açır. Sonra alim dostu yaxınlaşır, Əlfi Qasımovu görüb qucaqlayır. Kişini gətirib oturdurlar süfrə başında. Əlfi Qasımov göz gəzdirib otağı tanımır. Görür hər yerdə səliqə-sahman, təmizlik göz oxşayır. Məmnun baxışlarını dostuna zilləyib təbəssümlə soruşur: - Hə, necədi? Razısan? - Daha soruşma, ay Əlfi, əməlli-başlı rahatlığa çıxmışam-deyir dostu. Ordan-burdan söhbətə başlayır, zarafatlaşırlar. Əldən iti, mərifət dolu gəlin isə asta-asta o başa, bu başa gedib süfrəni böyük səliqəylə naz-nemətlə doldurur. Qısa müddətə hər işi bitirən gəlin özü də gəlib oturur onlarla bir süfrədə, “xoş gəlmisiniz, di soyutmayın, nuş olsun” deyir. Əlfi Qasımov ürəyində “Bərəkallah” deyib başlayır dadlı təamlardan dadmağa. Xülasə, mehribanlıq şəraitində gözəl bir axşam keçirirlər. Sonra Əlfi Qasımov ayağa qalxıb onları bir daha ürəkdən təbrik edir, xoşbəxtlik arzulayıb qapıya doğru gedir, çəkməsini geyib mənzildən çıxır. Dostu onu ötürmək istəyir. Əlfi Qasımov razı olmur. Pillələri düşərkən son dəfə kandarda dayanmış dostuna sarı çevrilib göz vuraraq “Afərin, doşab almısan bal çıxıb, xoşbəxt ol” deyib yoluna düzəlir. Bir müddət keçir. Əlfi Qasımov bu evin ən əziz qonağına çevrilir. Alim dostu tez-tez ona zəng vurub zarafatla “Arvad deyir, Əlfi qardaş bizi atıb” deyərək qonaq çağırır. Əlfi Qasımov da onların sözünü yerə salmır. Hər dəfə üçlükdə oturub şirin söhbətlə, mehribanlıqla şam edirlər. Bir gün Əlfi Qasımovu yenə evə dəvət edirlər. Süfrə yenə böyük səliqəylə, yüksək zövqlə bir göz qırpımında açılır. Amma gəlin “Nuş olsun” deyib keçir qonşu otağa. Əlfi Qasımov narahatlıqla soruşur ki, “Ə, nağarmısan, niyə bacı bizimlə oturmur?” Dostu deyir, ay Əlfi, ürəyinə başqa şey gəlməsin, hər şey qaydasındadır. Sadəcə, bu gündən ona əlifbanı öyrətməyə başlamışam. Qoy heç olmasa yazıb-oxumaq bilsin. Evdə tək qalanda kitabdan zaddan oxusun. Nə ziyanı var, gözü açılar. Bu gün səhərdən “Ş”-nı öyrənir. Sabah başqa hərfə keçəcəyik. Əlfi Qasımov soruşur ki, bəs niyə Əlifbanı türkün sözü daldan başlamısan? - Özü belə istədi - cavab verir dostu. “Qəribədir” deyib Əlfi Qasımov yeməyinə davam edir. Bu minvalla Əlfi Qasımov beş-on gündən bir yenə dostuna baş çəkir, çox mehribanlıqla qarşılanır, cürbəcür ləziz yeməklərə qonaq olur. Gedərkən də ər-arvad qapıda onu hörmətlə ötürür, nəvaziş göstərirdilər. Qapıdan çıxanda isə Əlfi Qasımov “Ə, hansı hərfdəsiniz?” deyə hər dəfə zarafatla soruşur, onlar isə gülə-gülə “H”-dayıq, yaxud “G”-dayıq, Əlfi müəllim, deyib gülüşürlər. Əlfi Qasımov isə “Ə, oyununuz olsun” deyib başını yırğalaya-yırğalaya düşüb gedirdi. Bir xeyli müddət idi Əlfi Qasımovun alim dostundan səs-səmir gəlmirdi. Kişi nigaran qalmışdı. Bir gün işdən çıxıb yollanır onlara. Qapını dostu açır. “Keç Əlfi, keç” deyib keçir qonaq otağına. Əlfi Qasımov da onun arxasınca. Kişi görür əvvəlki şuxluqdan, sevincdən əsər-əlamət yoxdu. Gəlin bacı da çıxmadı qabağına. Dostu isə süfrənin kənarında qısılıb başını aşağı sallayıb. - Ə, nolub, birtəhərsən, bacı xəstə zad deyil ki?-soruşur Əlfi Qasımov. - Bacı yoxdu, ay Əlfi, boşanmışıq... - Nə danışırsan, niyə axı?.. - Ay Əlfi, əlifbanın axırıncı hərfini öyrətdim, sabahı keçəcəkdim apastrofa. Sonra da fikirləşmişdim “Baskervillərin iti”ndən zaddan verim oxusun. İt qızı səhər gedib gecə yazdığı şikayət ərizəsini verib müdirimə. İclas elədilər. Partiya töhməti verdilər mənə. - Əşşi nə danışırsan?. -deyir Əlfi Qasımov. Şikayət? Ona görə “Ş”dan başlamışdı? Sənə demişdim axı şaddığına şiddik eləmə. Bu da axırı... Ülfət KÜRÇAYLI(kulis)

23 May 2015 2:28

85 yaşlı azərbaycanlı yazıçı iki yeni dram əsəri yazıb

a1ef6f19-da5c-4d4d-a3ca-d6e608cc7b71_292

Hər iki əsər Akademik Milli Dram Teatrına təqdim edilib Tanınmış yazıçı-jurnalist Əfqan Əsgərov yenicə bitirdiyi iki dram əsərini Akademik Milli Dram Teatrına təqdim edib. Bu barədə "Report"a yazıçı Əfqan məlumat verib. Akademik Milli Dram Teatrında uğurla nümayiş edilən "Oliqarx" əsərindən sonra yazıçı yeni əsərlərini də bu teatra təqdim etməyi düşünüb. "Lənət şeytana" və "Xaqan" adlı iki dram əsərinin Akademik Milli Dram Teatrında qəbul edildiyini deyən yazıçı, hər iki əsərin gələcəkdə tamaşaya qoyulacağına ümid etdiyini bildirib: "Əsərləri teatra təqdim etmişəm. Hər iki əsəri oxuyublar. "Lənət şeytana" adlı dram əsərim çox bəyənilib. Yəqin gələcəkdə səhnəyə qoyular. Əgər səhnəyə qoyulsa, "Oliqarx"dan güclü tamaşa olacaq. Mən buna inanıram. İkinci dram əsərim isə "Xaqan" adlanır. Böyük sərkərdə Atillanın həyatından bəhs edir. Bu əsərdə Atillanın yaşamını və xüsusilə də, ölümünü başqa cür göstərmişəm. Maraqlı tamaşa olacaq. Mənim işim yazmaq və əsərləri teatra təqdim etməkdir. Qəbul etmək və tamaşaya qoymaq teatrın işidir". Xatırladaq ki, yazıçı-jurnalist Əfqan Əsgərov 1929-cu ildə anadan olub. Əfqan Əsgərovun “Gülyanaq”, “Katib”, “Həsrət də bir vüsaldır”, “Qartal əfsanəsi” romanları, “Dədə Bəhmən” trilogiyası, “Qozbel”, “Məhəbbət ətirli qərənfilim”, “Dünya gözəlliyindir”, “O, daş deyildir” və başqa povestləri ədəbi nəsrimizin inkişafında mühüm əhəmiyyət kəsb edən əsərlərdən sayılır. Dramaturgiya sahəsində də qələmini sınayan Əfqanın “Sarı əlcək”, “O mənim oğlumdur”, “Dağ seli”, “Gülməyən adam” adlı pyesləri respublikamızın müxtəlif teatrlarında tamaşaya qoyulub. Tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanan “Qız atası” komediyası Əfqanın ən yaxşı pyeslərindən sayılır. “Qız atası” komediyası həm də teatrlarda ən çox oynanılan tamaşalardan biridir. 2014-cü ildə yazıçının 85 illik yubileyi qeyd edilib.

12 May 2015 4:17

“Günahı olan qorxmasın…”

скачанные файлы (1)

Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlının yeni kitabının imza günü və təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi” layihəsi çərçivəsində keçirilib. Ələmdar Cabbarlının layihə çərçivəsində nəşr edilmiş “Günahı olan qorxmasın...” adlı kitabında müəllifin vətənpərvərlik ruhunda yazılmış şeirləri toplanıb.Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Ələmdar Cabbarlının yaradıcılığı haqqında fikirlərini bildirib və və tədbiri aparmaq üçün sözü filologiya elmləri doktoru, professor Şirindil Alışanlıya verib. Professor Şirindil Alışanlı bildirib ki, şair Ələmdar Cabbarlının layihə çərçivəsində nəşr edilmiş kitabında toplanmış şeirlər vətənpərvərlik düşüncəsi ilə yazılmış poetik nümunələrdir və bu şeirlər gənclərimizdə milli-mənəvi ruhun formalaşması baxımından mühüm əhəmiyyətə malikdir.Sonra Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun salamlarını tədbir iştirakçılarına çatdırıb və İctimai Birlik adından Ələmdar Cabbarlıya “Dədə Şəmşir” Diplomunu təqdim edib.Daha sonra çıxış edənlər – professor Şahlar Əsgərov, yazıçı Seyran Səxavət, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov, şair Adil Cəmil, ədəbiyyatşünaslar Qurban Bayramov, İlham Məmmədli, şair Oqtay Rza, şair Elşən Əzim və başqaları həyata keçirilən layihə və layihə çərçivəsində nəşr edilən kitab haqqında öz fikirlərini bölüşüblər.Tədbirin sonunda şair Ələmdar Cabbarlı çıxış edərək belə bir layihənin həyata keçirilməsinə və layihə çərçivəsində kitabının nəşrinə görə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin rəhbərliyinə, bu layihəyə dəstək verən Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və eləcə də tədbir iştirakçılarına minnətdarlığını bildirib.Modern.az

7 May 2015 2:57

Türkmənistanın ölkəmizdəki səfiri mərkəzi elmi kitabxanada olub

Foto-6

Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Toyli Komekov AMEA-nın  Mərkəzi Elmi Kitabxanasında (MEK) olub. Səfiri salamlayan MEK-in direktoru tibb üzrə fəlsəfə doktoru Leyla İmanova qonağı kitabxanada gördüyünə məmnun olduğunu bildirib, MEK-də davam edən islahatlar, müxtəlif istiqamətlərdə görülən işlərdən danışıb. Əməkdaşlığın genişləndirilməsi üçün mübadilə layihələrinin həyata keçirilməsinin, sərgilərin təşkil olunmasının, hər iki ölkənin kitabxanaları arasında əlaqələrin qurulmasının önəmini qeyd edib. Səfir Toyli Komekov öz növbəsində dəvətə görə təşəkkürünü bildirib. Türkmənistanın son illərdə keçdiyi inkişaf yolundan, ölkələrimiz arasında əməkdaşlıqdan danışıb. İki ölkə arasında digər sahələrlə yanaşı, elm, təhsil, mədəniyyət sahələrində də fəal əməkdaşlığın olduğunu vurğulayıb. Diplomat həmçinin AMEA ilə əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasından söz açıb. Ötən il səfirliyinin dəstəyi ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda keçirilən türkmən şairi və filosofu Məhtumqulu Fərağinin 290 illiyinə həsr edilmiş tədbirdən,  AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilə görüşdən bəhs edib. Sonra səfir kitabxananın sərgi zalını, akademiklər zalını, Şərq ədəbiyyatı və Əsas kitab fondlarını ziyarət edib. Şərq ədəbiyyatı fondunda türkmən ədəbiyyatının görkəmli ədəbi simalarının həyat və yaradıcılığını əks etdirən bölmə diplomatın xüsusi marağına səbəb olub. Sonda səfir özünun müəllifi olduğu “Туркменистан: стратегия мира и развития” adlı kitabı, türkmən milli xalçaçılıq ənənələrini əks etdirən, qədim xalça nümunələrinin fotolarından ibarət “Canlı əfsanə” adlı kitabı və digər kitabları Mərkəzi Elmi Kitabxanaya hədiyyə edib. Görüşdə əlaqələrin inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq sazişinin imzalanması barədə razılıq əldə olunub.    

6 May 2015 6:14

Bu gün şair Əhməd Cavadın ad günüdür

rtttttg56y56y

Əhməd Cavad türklərin çox sevdiyi “Çırpınırdı Qara dəniz” şerini qələmə alıb Şair-tərcüməçi, Azərbaycan dövlət himninin banisi Əhməd Cavadın dünyaya gəlməsindən 123 il ötür. Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil alıb.Əhməd Cavad adı bizə ən əvvəl ruhumuzun qidası olan himnimizi xatırladır. Azərbaycanın ictimai və mədəni həyatında əvəzsiz xidmətləri olmuş iki görkəmli şəxsin - Üzeyir Hacıbəyli ilə Əhməd Cavadın işbirliyi nəticəsində bu gün fəxarət hissi ilə dinlədiyimiz himnimiz ərsəyə gəlir.Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləyib.Onun Şeirləri 1913-cü ildən çap edilməyə başlayıb. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma” adlı ilk kitabı çapdan çıxıb. 1919-cu ildə isə "Dalğa” adlı kitabı nəşr olunub. Onun məşhur "İstiqlal uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda buraxılıb.Türkiyə Əhməd Cavadın həyat və yaradıcılığında mühüm rol oynayıb. 1914-cü ildə kömək üçün 1-ci Dünya müharibəsinə gedən Əhməd Cavad Qara dənizi görərək Türkiyənin ikinci himni, hərbi marşına çevrilən "Çırpınırdı Qara dəniz” şerini qələmə alır. Əhməd Cavad yaradıcılığı təkcə yazıçılıqla məhdudlaşmayıb. O, həmçinin Şekspirin "Otello”, "Romeo və Culyetta”, Şoto Rustavelinin "Pələng dərisi geymiş pəhlivan” əsərlərini Azərbaycan dilinə tərcümə edib.Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb, 1937-ci il cəza tədbirlərinin qurbanı olub. Antisovet fəaliyyətində ittiham olunan Əhməd Cavad güllələnib.pia.az

5 May 2015 3:12

Gənc yazıçılara 10 tövsiyə

hkuhkk

Əsl adı Adelin Stefan olan Virciniya Vulf 1882-ci ildə Londonda dünyaya göz açıb Səhhəti ilə bağlı yaşadığı problemlərə görə məktəbə getməyən Virciniya Vulf 12 yaşında anasını, 22 yaşında isə atasını itirib. “Xaricə səyahət” adlı ilk kitabı 1915-ci ildə işıq üzü görüb. 1929-cu ildə işıq üzü görən “Özünə aid bir otaq” əsəri klassik feminizm nümunələri arasında özünəməxsus yer tutur.Xanım yazıçının əsərləri 50-dən çox dilə tərcümə olunub. Təkrarolunmaz əsərləri ilə dünya ədəbiyyatına adını yazdıran Virciniya Vulf 1941-ci ildə mart ayının 28-də özünü evinin yaxınlığındakı çaya ataraq intihar edib. Axar.az dahi yazıçının oxucularına tövsiyə etdiyi 10 məsləhəti təqdim edir: 1. Ədəbiyyat zövqünüzü yaxşı kitablarla deyil, pis kitablarla formalaşdırın. 2. Bir yazıçının əsas amalı bacardıqca öz şüurunu zahirə əks etdirməsidir. 3. Yazmaq – yalnız özün oxuyacaqsansa belə, yaxşı vərdişdir. 4. Yazmaq vərdişlərinə yiyələnmək üçün mütləq gündəlik tutun. 5. Hər gün yazın, müstəqil yazın. 6. Yazmağı heç vaxt ertələməyin. 7. Bir adamın digərinə oxumaqla verdiyi bircə məsləhət ola bilər – tövsiyələrə qulaq asmamaq. 8. Yazmaq istədiyinizi yazdığınız təqdirdə heç bir problem yoxdur. 9. Otuz yaşına çatmamış heç bir əsərinizi çap etdirməyin. Əgər çap etdirsəniz, müstəqilliyiniz çərçivələnər. Ətrafdakı insanların fikirlərini önəmsəməyə başlayarsınız. 10. Hər cümlə öz daxilində mütləq bir qığılcım yaşatmalıdır. (publika.az)

4 May 2015 4:52

Tələsən qızları unutmaq olmur

trtere

Oğuz Ayvaz yazır Metrodan çıxmışdım. Əlində kitabları, başında qırmızı, pırpızlı papağı olan qız məni görəndə yerindəcə quruyub qaldı. İndi sual verəcəksiniz ki, bu qız kimdir? Səninlə nə işi ola bilər? Niyə quruyub qalır? Bəlkə, elə bilərsiz ki, mənim yaraşığıma təccüblənib? O zaman gəlin başdan başlayaq. Onu təxminən dörd il əvvəl isti yay günlərinin birində görmüşdüm. Əlləri kirli, saçları dağınıq, gödəkçəsi köhnə və tozlu. Qara iri gözləri ilə gülür, mənə baxırdı. Bilmirəm niyə onunla rastlaşmışdım? Ancaq bu hal xoşuma gəlirdi. Daha sonra aramızda münasibət yaranmağa başladı. Vaxtaşırı onu görməyə gedirdim. Hətta yanında belə onun üçün darıxırdım. Anlaşılmaz hisslərin, duyğuların içimdə baş qaldırdığını duyurdum. Onun səsi mənim üçün dünyadakı bütün səslərdən daha gözəl, daha ahəngdar səslənirdi. Günlər keçdikcə həyat gözlərimdə cənnətə çevrilirdi. İçimdə tərifsiz sevinclər doğurdu. Günəş, torpaq, insanlar, heyvanlar gözlərimdə inanılmaz dərəcədə gözəl görünürdü. Artıq mən onu sevdiyimi dəqiqləşdirmişdim. Ona qarşı duyduğum hissləri sevdiyim qız da bilməli idi. Bu onun təbii haqqı idi. Nəhayət, ona bir məktub yazdım. Nə yazmışdım, xatırlamıram, ancaq onu bilirəm ki, səmimi sözlərimi ona çatdırmışdım. Güman edirdim ki, cavabı müsbət olacaq. Ancaq sən saydığını say, gör fələk nə sayır. Onun yaşadığı qəsəbədən ayrılmışdım. Günlərcə ondan xəbər gözləyirdim. Darıxırdım. Nəhayət, cavab gəlmişdi. “Sən çox yaxşı insansan. Səninlə çox istərdim nəsə alınsın. Ancaq məndə sevgi hissləri ölüb. Bağışla, amma sənə ümid vermək istəmirəm. Sağ ol!” Bu soyuq sətirlərdə özümü narahat hiss etdim. İnanmaq istəmirdim. Yox! Yox! Yaxınlıqdakı dükandan içki alıb əkin yerinə getdim. Bir ağacın kölgəsində kədərimə içdim. Gecəni xatırlamıram, deyəsən orada sızıb qalmışam. Səhər küçə iti üstümü iyləyirdi. Gözlərimi açanda itin məsumluğu məni qorxutmadı. Onu qucaqlayıb hönkürdüm. Avqust ayının son günü qəsəbədən ayrıldım. Qardaşım, bacım məndən narahat idilər. Günlərcə heç kimlə kəlmə kəsmədim. Susqunluğum heç nəyə çarə verməsə belə sanki özümü cəzalandırırdım. Bakıya yol aldıq. Bakı gözlərimdə küsəyən bir uşağa bənzəyirdi. Ya da mənim gözlərimdə elə görünürdü. Bilmirəm. Aylarca sevdiyim qızı unutmağa çalışırdım. Alınmırdı. Bəzi gecələrsə sanki onun səsini eşidirdim. Qarşılıqsız sevgi həyatımı pessimist, bədbin, rəngsiz hala çevirmişdi. - Aa... sən? - Necəsən? - Təsadüfə bax. - Çox qəribədir! Gözlərinin içinə baxdım. Hardasa oxumuşdum ki, belə edəndə qızlar səni sevir. Məni çox sorğu-suala tutdu. Onun bütün cümlələri sualla bitirdi. - Dərsə gedirsən? - Yox - Bəs niyə tələsirsən? - Gülümsünür. Mən onsuz da, həmişə tələsirəm. Sonra gəlib-keçən adamlara baxırıq. İkimiz də nə deyəcəyimizi bilmirik. Elə bil aramızdan qara bir ilan keçib. Heç sağollaşmağa da imkan olmur. O, əlini havada yelləyib, sakitcə uzaqlaşır. Mən ardınca baxıram. Birdən dostumun zarafatla dediyi sözlərini xatırlayıram: "Tələsən qızları unutmaq olmur". (publika.az)

3 May 2015 4:08

Dünya birliyinin var-yoxluğu

dujmh

Çingiz Özgür yazır Orta məktəbin neçənci sinfində oxuduğum tam yadımda deyil, amma yadımdadır ki, “Kimya” dərsindəydik. Uşaqlar şuluq elədi, sinif bir-birinə qarışdı. Di gəl, həmişəkindən fərqli olaraq, müəllimimiz nəinki əsəbiləşdi, əksinə, yüksək əhval-ruhiyyəylə elan elədi ki, nə qədər istəyirsiz, dağıdın, bu gün kefim o qədər kökdü, heç nə məni hirsləndirə bilməz.Uşaqlar məsələni şəxsiləşdirib, yerbəyerdən replika atmağa başladılar. Müəllimimiz yenə də təmkinini pozmadan izah elədi: “Sizin elə ağlınız o qədərdi. Toydan-nişandan başqa bir şey düşünməyin. Heç bilirsiniz nə olub? BMT qətnamə qəbul edib ki, ermənilər dərhal bizim torpaqlardan çıxmalıdır!”İyirmi ildən artığın söhbətin edirəm. Yuxu kimi xatırlayıram. Sonralar o qətnamələri o qədər eşitdik ki, hətta nömrələrin də əzbərlədik. Bu illər ərzində dövlət başçılarımız daxil, bütün hakimiyyət nümayəndələri çıxışlarında erməniləri bu qətnamələri yerinə yetirməyə çağırdı. İllər keçdi, İctimai Televiziya adlı qurum yarandı, hər dəfə xəbərlərdən öncə o qətnamələri Azərbaycan və ingilis dillərində xatırlatdılar televiziyanın efirində. Sonda… İTV-nin efirindən gündə bir neçə dəfə deyilən “Dünya birliyi bu haqsızlığa hələ də dözür” cümləsini lağlağıya çevirdik. Ən yaxşı bacardığımız işi elədik. Faciəmizi mırta döndərib, indiki gənclər demiş “temanı öldürdük”. Yenə o illər idi. Portuqaliyanın Lissabon şəhərində sammit keçirildi. Düşmənlərimiz diplomatik yollarla darmadağın edildi. Bir neçə il “Lissabon uğurlarından” danışıldı. Hətta bir icra başçımız vardı, Lissabonu ölkə, sammiti isə şəhər adı bilirdi. Çıxışında demişdi ki, “Lissabonun Sammit şəhərində böyük uğur qazandıq”. O mövzu da getdi, di gəl, bircə qarış torpaq gəlmədi.Sonra bizim taleyimizi, yekə-yekə ölkələrin, hələ yetmişinci illərdə xarici işlər nazirləri səviyyəsində yığışıb yaratdığı ATƏM adlı təşkilata tapşırdılar. İndi gənclər oxuyanda elə biləcək ki, hərf səhvi var. Amma yox, o vaxtlar bu təşkilatın son hərfi hələ ki, “M” idi - “Müşavirə” sözünün baş hərfi. Sonra gördülər bizim işimiz uzundu, üstəgəl yemək-içməklərini, əmək haqlarını da veririk, müşavirəni çevirib təşkilat elədilər. ATƏM döndü oldu ATƏT. Onun da Minsk qrupunu yaratdılar. Üç dənə super dövləti bu qrupa həmsədr edib, hərəsindən bir adam seçdilər, dedilər gedin Azərbaycanın torpaqların qaytarın.Neçə illərdi gəlirlər, monitorinqdən-zaddan edib, kürüdən yeyib, tut arağından içib, nəsə bəyanat verib gedirlər. Di gəl, verdikləri bəyanatlardan bircə kəlmə də kimsənin nə yadındadı, nə də bir qəpiklik xeyri var. Əvəzində, o həmsədrlərlə bağlı yadda qalan ən böyük hadisə, həmsədrlərdən birinin tut arağından o ki var vurduqdan sonra, camaatın gözü qarşısında, çölün ortasında “kiçik ehtiyacını” ödəməyi oldu. Sağ olsun, televiziyalarımızdan hansısa bu kadrları xəbər kimi çəkib efirə də verdi.Bu siyahını nəinki mən, hər birimiz istəsək uzada bilərik. Hər birimizin heç nə olmasa da, 25 illik təcrübəmiz, müşahidələrimiz var. Üstəgəl, tək bizdə yox. Dünyanın harasında mübahisəli, münaqişəli məsələlər varsa, “dünya birliyi” sağ olsun, bu üsullarla həll etməyə çalışır. Hələlik bir şey alınmayıb, amma deyirlər yaxşı olacaq. Sadəcə, bir az vaxt tələb olunur. Bir-iki əsr…İndi gəlin, bir anlığa gözlərimizi yumaq və mövcud “status kvo”nu , heç olmasa öz xəyalımızda dəyişək. Düşünək ki, bütün torpaqlarımız özümüzdədi, üstəlik, tarixi Azərbaycan torpaqlarını da bərpa edə bilmişik. Qoy Kasprşik saqqalından tər axana qədər danışsın. Pan Gi Mun danlasın bizi. BMT qətnamə qəbul eləsin, Amerika 907-ci düzəlişi yenidən bərpa eləsin. Həəə, sonra?Qalib tərəf kimdirsə, şərtləri o diktə edir. Əsrin əvvəlində Türkiyədə baş vermiş hadisələrlə bağlı, yüzlərlə qərar, qətnamə qəbul edilib. Hər ilin elə bu günlərində, aləm bir-birinə qarışır.Amerikanın bir neçə ştatı daxil, onlarla ölkə, hadisəni “soyqırım” olaraq tanıyıb. Ermənilərin Papasından (I Fransiskus), Mama(roza)sına (Kim Kardaşyan) qədər hamısı şivən qaldırıb. Nə dəyişib? Uzağı ildə bir dəfə, qarşılıqlı ittihamlar, hay-küy, vəssalam.Dediyim odur ki, vallah bu beynəlxalq aləmdən-zaddan bir şey çıxmayacaq. Onlar bizə torpaq alıb qaytaran deyil. Təpər özümüzdən olmadıqca, bircə qarış torpaq da geri qayıdan deyil. Dünya birliyindən isə kömək ummağa dəyməz. Əksinə, bizim haqq və ədalət mübarizəmizdə, bu beynəlxalq aləm bizim qarşımızda olmasa, onda mənə nə deyirsiz deyin. Amma eybi yox. İnşallah, biz torpaqlarımızı azad edək, beynəlxalq aləmin məsələsi asandı. Lap istəsən, “Dünya birliyi nazirliyi” yaradıb, Mirşahinlə Aşıq Ədaləti o nazirliyə “həmnazir” təyin etmək olar. Ya da eləcə, Mirşahin Aşıq Ədaləti qonaq çağırar, özünün müəllif verilişinə, ikisi birləşib beynəlxalq aləmin “var və yox” məsələlərini təhlil edərlər.Təki bizdə cəsarət və təpər olsun!pia.az

27 Aprel 2015 1:07

Bir cüt qaloşa görə yolunu azan qadın

fgdfgdg0

  Rövşən Naziroğlu yazır Sosial şəbəkələrdə at çapıb, eşşək səyirdən, gecə yuxuda gördüklərini qafiyələndirib şeir adıyla xalqa sırıyan kişilər və arvadlar sağ olsun. Sözü elə ustalıqla urvatdan salırlar ki, baxanda adamın könlü açılır.Bu yaxınlarda Durmaver xala təzə şeiriylə bərabər şəkilini də Facebookda paylaşıb altından kövrək bir cümlə yazmışdı: “Ürəyimdəki həsrətin şəkilini çəkə bilən fotoqraf varmı?”Mən nə vaxt Durmaveri görsəm, qışın şaxtasını qozuna almayıb şam ağacının təpəsində qoza axtaran dələ düşür yadıma. Yazılan şərhlərə baxdım. Deyəsən, məndən başqa heç kəsin xəbəri yoxuydu dələ adlı heyvanın varlığından. Hamı ağız-ağıza verib tərif yağdırırdı şairəyə. Bir şair barmaqlarına sahib çıxmayıb yazmışdı: “Durmaver xanım, siz gözəllikdə bir mələksiniz!” Beləsindən soruşmaq lazımdır, sən həyatında mələk görmüsənmi, xalaoğlu? Bəlkə Durmaverə bərabər tutduğun mələk o qədər bədheybətdir ki, üz-üzə gəlsəniz qorxudan şalvarını bulayarsan. Bir də əllini aşırıb, altmışa nərdivan dirəmiş, sinəsi heydən düşüb, baxışları soluxmuş birisinin mələkliyindən nə çıxar? Yalan danışmaq istəmirsənsə susmağı öyrən, şair...Poeziyamızı qatlama şeirlərlə beynəlxalq səviyyədə təmsil etdiyini sübuta yetirməkçün başqa bir şəkil də paylaşdı Durmaver xala. Hardasa xaricdə, alış-veriş mərkəzində çəkilmişdi. Şairə, əyin-baş almağa gələn adamlarla şəkil çəkdirib “mənim sadiq oxucularım” statusunu hədiyyə eləmişdi binəvalara. Ürəyimdən sinəsi köz-köz olan, nəfəsi təngiyən bir haray keçdi: “Sözünün sanbalına qoyduğum hörməti belə ucuz şeylərlə bada vermə, Durmaver! Yenə gözlərindən su xətti çək. Yar gələn yolları teyxa palçığa döndərənə kimi sula və ləzzət al həmən palçığa bulaşan aşiqinin çəkmələrinin nırçıltısından. Soyuq divarların pıçıldadığı sözlərlə gördüyün hər nə varsa, rədiflə, hecaya sal! Vətəndən yaz, vətəndə yaz, vətən qızı...”Allah şahiddi ki, paxıllıq səhərdən axşama kimi çarıq yırta, ürəyimdə dırnaq boyda yer tapmaz nəfəsini dərmək üçün. Durmaver, Azərbaycan şeirini hər hansı bir xarici ölkədə təmsil eləməyin nə qədər məsuliyyətli bir iş olduğunu anlasaydı Asan xidmətdən rahatlıqla əldə etdiyi pasportu sobaya atıb qızınardı istisinə.Bir neçə il bundan qabaq “Söz de, söz eşit” dərnəyinin dəvətiylə Vyetnamın paytaxtı Hanoy şəhərinə səfərə çıxası oldum. Təyyarə Hanoy Hava Limanına enəndə günəş təzə-təzə başlamışdı ətrafı isitməyə. Qeydiyyat məntəqəsində bir nəfər qız yaxınlaşdı mənə. Dedi, məni sizi qarşılamaq üçün göndəriblər.Hava limanından çıxıb oturduq taksiyə. Maşının pəncərəsindən içəriyə dolan külək nə qədər çırpınsa da qızdan buxarlanan turşumuş dovğa iyinə məğlub olub utandığından qaçıb gizlənirdi ağ ciyərimdə. Birtəhər gəlib çatdıq mənzil başına. Maşından düşüb əlimi saldım cibimə. On donq çıxarıb atdım qabaq oturacağa. On donqu görən sürücü donquldasa da vecimə almadım.Beş mərtəbəli binanın akt zalına daxil olanda bir dəstə uşaq-qızlı-oğlanlı şığıdılar üstümə. Hamısının boynunda al-qırmızı pioner qalstuku vardı. Keçmiş əyyamı xatırlayıb kövrəlsəm də özümü ələ aldım. Keçib əyləşdim yuxarı başda. Məclisə diqqət elədim. Yerə iynə atsaydın, mütləq kiməsə sancılacaqdı. Sözün atəşinə qızınmağa gələnlərin çoxu təqaüdə çıxandan sonra bekarçılıqdan şeir yazmağa başlayan qoca kişilər, ağbirçək arvadlar olsa da adda-budda cavanlar da gözə dəyirdi. Hamı məni daha yaxından görmək üçün gözlərini qıymışdı.Məclisi əlli beş roman müəllifi, şair, tənqidçi, publisist Dın Dık Vuy idarə eləyirdi. Vuy üzünü mənə tutub Vyetnamda poeziyanın inkişafından, sözə verilən qiymətdən, qələm əhlinə göstərilən qayğıdan, Vyetnam Yazıçılar Birliyinin bir ildə neçə ton şair və şairə tədarükündən yarım saata yaxın danışdı. Sözünü bitirib bıçaqdan hürkən quzu kimi baxdı üzümə. Ayağa qalxıb məni belə bir müqəddəs söz ocağına dəvət etdiklərinə görə hamıya minnətdarlığımı bildirdim. Sonra başladım Nizamidən, Füzulidən danışmağa. Aradabir sözlərimin təsirini artırmaq üçün Rəsul Rzanın “Lenin” poemasından sitatlar gətirirdim.Məni hava limanından alıb buralara kimi gətirən qız, dediklərimi tərcümə eləyirdi. İki il Bakıda hansısa texnikumda oxumuşdu. Təhsil aldığı vaxt Dağlı məhləsində kirədə qaldığından bizim dilimizi yaxşı bilirdi. Zalın istisi turşumuş dovğa qoxusuyla əlbir olub əhədimi kəsəndə “Yaşasın Azərbaycan-Vyetnam xalqlarının qardaşlığı” şüarıyla çıxışımı bitirib oturdum yerimdə. Beş-altı sütül qız səhnəyə çıxıb düzüldülər yan-yana. Növbəylə mikrofona yaxınlaşıb bahara, sülhə, bugünkü təntənəli yığıncağa həsr etdikləri nəzm parçalarını oxuyurdular.Şeir deyən qızlara baxdıqca heyrətlənirdim. Sanki hamısı bu günün xatirinə əhd eləyib sinələrinə ütü çəkmişdilər. Oxuduqları da bir zada dərman deyildi. Nə istedadları vardı, nə də məmələri. Qızlar səhnəni tərk eləyəndə Vuy qalxdı ayağa. Üzünü mənə tutub dedi: “İndi isə şeir oxumaq üçün söz verilir qardaş Azərbaycandan gələn şairə.”Fikrimdə nə oxuyacağımı yenicə götür-qoy eləməyə başlamışdım ki, ön cərgədə oturan, nənəmin anasıyla təxminən eyni yaşlarda olan qoca arvad cır səslə bağırdı :“Oğul, “Ayısız darıxan meşələr”i oxu.” Eşitmək istədikləri “Dürrü-yetim” əzbərimdəydi. Ağ birçəkli vyetnamlı ananın sözünü sındırmadım.“Qaloşun içi qırmızı” adlı əşarımı oxuyanda məclisdə elə bir adam qalmadı ki, göz yaşları yanaqlarını islatmasın. Bu şeirdə ehtiyac içində çırpınan cavan gəlinin yağışlı bir gündə ayaqyalın qalmasından, daş ürəkli dükançının əyilib barmaqlarının arasından palçıq qırıntılarını təmizləyən ayağı qaloşsuz qadına etdiyi ədəbsiz təklifdən, gəlinin çarəsiz qalıb zinaya qol qoymasından yazmışdım.Dər-divarın az qalırdı suvağı tökülə alqış səsindən. Hardasa on dəqiqəyə yaxın əl çaldılar. Vuy əlinin işarəsiylə izdihamı sakitləşdirəndən sonra həzin musiqi səsi yayıldı zala. Əvvəl bir qadın çıxıb başladı oxumağa, birinci bəndin son misrasına çatanda başı panamalı ağsaqqal özünü çatdırdı xanıma. Şeirimə müsiqi bəstələtdirib duet oxuyurdular.Mən Hanoyda keçən günlərimi heç vaxt unutmayacağam. Vyetnamlı yazarlarla 1500-ə yaxın şəkil çəkdirmişəm. Bu yaxında hamısını Facebookda paylaşacam.Sözün hər şeydən aşağı, hər zaddan ucuz olduğu zamanda yaşayırıq, Durmaver xala! Hanoy əhvalatını ona görə uydurdum ki, evində oturub xaricdən şəkil paylaşan şairlər, şairələr əziyyət çəkməsin nəsə yazmaq üçün. Hazır səfərnamədi mən yazdığım... Kim istəsə bir balaca göz-başına əl gəzdirib öz adına çıxa bilər. (kulis)

22 Aprel 2015 1:01

Əfsanəvi kapitanının kitablarının təqdimat mərasimi oldu

kap

Kitabda jurnalistlərin Anar Məmmədxanovla müsahibələri toplanıb Beynəlxalq Muğam Mərkəzində “Bakılı oğlanlar” komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun “Bıt samim soboy”, “Özünə sadiqlik”, “Ni o çyom ne jaleyu” kitablarının təqdimat mərasimi keçirilib. “Bıt samim soboy” kitabına Anar Məmmədxanovun müxtəlif vaxtlarda bir-birindən fərqli aktual problemlərə toxunan analitik məqalələri, esseləri, şərhləri, eləcə də açıq məktubları daxil edilib. “Özünə sadiqlik” isə “Bıt samim soboy” kitabının Azərbaycan dilinə tərcüməsidir. “Ni o çyom ne jaleyu” kitabında isə 1995-ci ildən 2011-ci ilə qədər jurnalistlərin Anar Məmmədxanovla müsahibələri toplanıb. “Şərq-Qərb” nəşriyyatı tərəfindən buraxılan hər 3 kitabı müəllifin bacısı, professor Naidə Məmmədxanova tərtib edib. Nəşrlərin redaktoru, “Ön söz” və “Sözardı”nın müəllifi əməkdar jurnalist, Milli Məclisin deputatı Elmira Axundova, layihənin rəhbəri A.Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanovadır. Tədbirdən əvvəl jurnalistlərə müsahibə verən professor Naidə Məmmədxanova bildirib ki, vaxtilə hər hansı qəzetdə, jurnalda qardaşı haqqında dərc olunan materialları, onun yazılarını toplayanda xəyalına belə gətirməzdi ki, nə vaxtsa Anar həyatda olmayacaq və bu yazıları kitab halına salmaq onun öhdəsinə düşəcək. Qardaşının Azərbaycanı çox sevdiyindən söhbət açan N.Məmmədxanova dedi: “O, hər an Vətənin yolunda canını verməyə hazır idi. Çox istərdim ki, gənclər bu kitabları oxusunlar və başa düşsünlər ki, vətəni necə sevmək lazımdır”. Yazıçı-publisist Elmira Axundova isə bildirdi ki, oxucular bu kitabda başqa bir Anarı görəcəklər. O dedi: “Anar Məmmədxanov sizin yadınızda daha çox şən və hazırcavablar klubunun əfsanəvi kapitanı kimi qalıb. Bu kitabla tanış olduqdan sonra isə siz tamam başqa Anar Məmmədxanovu, yetkin siyasətçi, dərin analitik təfəkkürü olan insanı görəcəksiniz. O, çox böyük proqnoz verirdi. Bu proqnozların 95 faizi demək olar ki, özünü doğruldurdu. O, gözəl publisist idi, orijinal yazı üslubu var idi. Biz kitaba nələri salmağı müzakirə edəndə mən təklif etdim ki, materialların hamısı olmalıdır. Çünki bu, onun ömrü idi. O, 15 il yazıb, esselərlə çıxış edib. Çox fəxr edirəm ki, kitablara “Ön söz”ü və “Sözardı”nın müəllifiyəm, nəşrlərin redaktoruyam. Mən onun yoxluğunu hər an hiss edirəm. Elə bilirəm ki, kiçik qardaşımı itirmişəm. Odur ki, kədərlənirəm. Eyni zamanda sevinirəm ki, nə yaxşı ki, biz bu kitabları hazırladıq. Deməli, o, yenə də yaşayır. Biz kitabda da yazdıq ki, bu, Anarın qayıdışıdır”. Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, mədəniyyət və ictimaiyyət xadimlərinin iştirak etdikləri təqdimat mərasimini açan əməkdar artist Murad Dadaşov bildirdi ki, aprel ayı “Bakılı oğlanlar” komandası üçün rəmzi xarakter daşıyıb. Komanda bu ay həmişə tamaşaçılarla görüşürdü. Lakin komanda elə apreldə də öz rəhbəri Anar Məmmədxanovu itirib. Mərasimdə A.Məmmədxanovun yaxın dostu, nəşrlərin ərsəyə gəlməsində böyük zəhməti olan Rasim Müzəffərli, görkəmli rejissor, xalq artisti Oqtay Mirqasımov, Əməkdar jurnalist, Milli Məclisin deputatı Elmira Axundova, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli təqdimatı keçirilən kitablardan, Anar Məmmədxanovun vətənpərvərliyindən, Milil Məclisin deputatı, icitimai xadim kimi fəaliyyətindən söhbət açıdılar, xatirələrini bölüşdülər. Qeyd olunub ki, Anar Məmmədxanov Azərbaycanda rusdilli publisistikanın ən gözəl nümunələrini yaradıb və bu istiqamətdə sürətlə irəliləyib. O, qarşısına qoyduğu ali məqsədlərə uğurla nail olurdu. Çıxışlarda Anar Məmmədxanovun qısa, lakin şərəfli ömür yolunun gənc nəslə örnək olduğu bildirildi, təqdimatı keçirilən kitabların gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyəti yüksək qiymətləndirildi.

19 Aprel 2015 12:06

Azərbaycan kitabları London sərgisində

edeb

Aprelin 14-dən 16-dək Londonda növbəti beynəlxalq kitab sərgisi keçirilib Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə sərgidə ölkəmiz də təmsil olunub. Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, sərgi ekspozisiyasında Qız qalasının təsviri olan 40 kvadratmetrlik sahədə qurulmuş stendimiz xüsusi tərtibatı ilə diqqət çəkib. Burada Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Tərcümə Mərkəzinin, “Qələm”, “Radius”, “Altun kitab” nəşriyyatlarının nəşrləri, ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa həsr edilmiş kitab və reklam çap məhsulları nümayiş olunub. Maraqlananlara ölkəmizin coğrafi mövqeyi, mədəniyyəti, tarixi, tolerantlıq ənənələri, turizm imkanları, Azərbaycanın ev sahibliyi edəcəyi I Avropa Oyunları, bu il keçiriləcək IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası haqqında məlumat verilib, kitablar hədiyyə edilib. Monitorda Azərbaycanın gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilib. Stendə Azərbaycan mədəniyyətinin himayədarı, Heydər Əliyev Fondunun prezidenti UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətlərindən bəhs edən nəşrlərə də xüsusi yer ayrılıb. 1971-ci ildən başlayaraq mütəmadi şəkildə hər il təşkil olunan London sərgisində bu il Avropa ölkələrindən, eləcə də ABŞ, Kanada, Yaponiya, Çin, Koreya Respublikası, Səudiyyə Ərəbistanı, Hindistan və Türkiyədən 500-ə yaxın dövlət və özəl nəşriyyatlar iştirak edib. Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 2009-cu ildən ölkəmizi London beynəlxalq kitab sərgisində təmsil edir.

17 Aprel 2015 9:19

Fakt

Bizi izləyin