Bakının bir hissəsi internetsiz qalıb

Bakının bir hissəsi yenə internetsiz qalıb. “Bakinternet” abunəçiləri bu gün gecə saatlarından problemlə üzləşiblər və internet hələ də bərpa olunmayıb. Bu şikayətlə virtualaz.org-un redaksiyasına Nizami və Xətai rayonlarında yaşayan abonentlər müraciət ediblər. “Gecə növbəsində işləyirəm. Təxminən saat 4:00-dan Nizami rayonunda internet yoxdur. Əvvəlcə elə bildim şəxsi problemdir, amma rayonun bütün internet klublarının, o cümlədən Xətai rayonunun əksər internet klublarını gəzdikdən sonra başa düşdüm ki, bu rayonların heç birində internet yoxdur. Ödənişi də vaxtında etmişəm. Heç bir xəbərdarlıqsız internetimizi kəsiblər”, - deyə şikayətçi bildirib.Yaranmış problemlə bağlı Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birliyin Mərkəzi Dispetçer Xidmətinin mühəndisi İlqar Dünyamalıyev isə bildirdi ki, hazırda “Bakinternet”in verilişində heç bir problem yoxdur: “İnternet əlaqəsi nəzarətimizdədir, “Bakinternet”də kəsilmə yoxdur. Sadəcə olaraq, abonentlərimiz indiyə kimi bir aylıq internet istifadəsindən sonra ödəniş edirdilər. İndi ödəniş əvvəldə edilir. Bununla bağlı abonentlərimizin çoxuna sms vasitəsilə məlumat vermişik. Bəzi borclu abonentlərimiz var ki, onlar məlumatsızdırlar və borclu olduqlarına görə internetləri kəsilib. Borcu olmayan abonentlərin internetinin kəsilməsi yüklənmə ilə əlaqədar ola bilər”.

8 Noyabr 2016 12:59

Deputat:“MTN ləğv ediləndə təəccüblənmədim, artıq “razborkalara” getməklə ad çıxartmışdı”

  “Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun törətdiyi cinayət əməllərini cəmiyyət çoxdan görürdü. Düşünürəm ki, onun bu əməlini görməyən insan yox idi”. Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılov Akif Çovdarovun oğlu Ruslan Çovdarovun atası haqqında söylədiyi fikirləri şərh edərkən bildirib. Deputat deyib ki, təkcə Akif Çovdarovun adında olan əmlakının həcmi, onun hansı yollarla pul qazanmasını sübut edən faktlardan biridir: “Ancaq məhkəmənin ittiham hökmü olmadan, heç kəsi cinayətkar adlandırmaq olmaz. Hazırda Akif Çovdarovla bağlı istintaq davam edir. Bu istintaqı isə peşəkar hüquqşünaslar aparır. Akif Çovdarovun hansı cinayətləri törətdiyi də məhkəmənin hökmündən sonra məlum olacaq. İstənilən halda biz istintaqın nəticəsini gözləməliyik. Çünki son sözü istintaq deyəcək”. R.Cəbrayılov qeyd edib ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində peşəkarların öz vəzifəsindən uzaqlaşdırılması, onların yerinə isə keçmişdə “OBXSS” (Sosial Əmlakı Dağıdanlara qarşı Mübarizə Şöbəsi) adlanan qurumun sabiq polis işçilərinin toplanılması çox mənfi hal idi: “Halbuki, keçmiş “OBXSS” adlanan bu idarə 1995-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə ləğv olunub. Bu qurum həm daxili İşlər Nazirliyində, həm də Prokurorluqda ləğv edildi. Eldar Mahmudov keçmiş milli təhlükəsizlik naziri təyin olunandan sonra isə “OBXSS”-un keçmiş əməkdaşlarının MTN-ə gətirilməsi və peşəkar təhlükəsizlik işçilərinin oradan uzaqlaşdırılması prosesi gedirdi. Bunun da yaxşı nəticələr verməyəcəyini hər kəs görürdü. Yəni, demək istədiyim odur ki, 2015-ci ildə ləğv olunan MTN-də belə bir qanunsuzluğun ifşa olunmasına mən heç də təəccüblənməmişəm. Çünki buna qədər artıq MTN-nin əməkdaşları “razborkalara” getməklə ad çıxartmışdı. MTN əməkdaşları biznesmenlərdən pul toplamaqla məşğul olurdu. Hər kəs də bunu görürdü. Ona görə də hesab edirəm ki, Akif Çovdarovun təqsirinin nə qədər olub-olmamasını da onun oğlu deyil, istintaq özü müəyyən edəcək. Özü də Akif Çovdarovun adının keçdiyi cinayət işində bir və ya bir neçə epizod deyil, çoxsaylı epizodlar var. Bunu da istintaq araşdıracaq və son nəticə məhkəmənin hökmündə əksini tapacaq”.

7 Noyabr 2016 5:31

Azərbaycanlı jurnalistin “Erməni əsgərə məktub”u:”Sağ qalmaq istəyirsənsə…”

Elçin ALIOĞLU, Milli.az   Savaşa başlamaq üçün bəzən bir həyat yetər. Savaşı dayandırmaq üçünsə bəzən on minlərlə həyat bəs etmir. Bunu anlayırsanmı, erməni əsgər? Ermənistanda dilimizi bilənlərin sayı həddən ziyadə. Və onların arasında yüzlərlə erməni gənc də indi Dağlıq Qarabağda, Qarabağın ətrafındakı rayonlardadır. Onlardan biri də sənsən, adını bilmədiyim və çox yəqin ki, heç zaman bilməyəcəyim erməni əsgər. Ermənistan Müdafiə Nazirliyinin Azərbaycana, erməni işğalında olan ərazilərə yolladığı minlərlə biçarədən biri. Çarəsizsən, çünki əmr qulusan və o əmr də sənə səngərdə durmağın, işğaldakı ərazini özünə "doğma" saymağın üçün göstərişdir. Halbuki bilirsən ki, indi ayaqladığın, yeridiyin torpaq sənin, dövlətinin, millətinin deyil. Tarixçi olmasan da, dərk edirsən ki, işğalla ələ keçirilmiş torpaq heç zaman vətən olmayıb. Bəşər övladının uzun tarixində bir dəfə də olsun, işğal doğmalaşma ilə bitməyib. İlahi ədalət, düzən, məntiq, qayda var: zorla ələ keçirilən, zorla saxlanan bir gün mütləq əldən çıxasıdır.  İndi özünü "qalib" sayırsan, amma bəlkə də beyninin bir güşəsində gerçəkliyin qurdu neyronlarını gəmirir və bilirsən ki, günlərin birində qaçacaqsan. Mümkün qədər sürətlə, bacardığın qədər tez. Ölümdən qurtulmaq üçün. Axı sən insansan, insanın şüuru isə instinktlər toplusudur. Qəribədir – sənin arzuların həmişə fərqli olub. Doğulanda mamaça səni vurdu ki, qışqırasan, sonra sevindilər ki, ağladın və Tanrı sənə Yer kürəsi boyda mükafat verdi. Uşaqlığın qayğı, sevgi içində keçdi – yoxsul ailədə böysən belə, ac qaldığın günlər olsa da, səni sevən kiminsə olduğunu bildin. Amma Ermənistanda doğulmaqla bəxtin gətirmədi. Nədən ki, bu ölkə artıq 25 ildir, sənin kimilərin məhv olunduğu, arzuların puç olduğu, səfalətin yaşam şərtinə döndüyü məkana çevrilib. 25 ildir ki, ölkənin rəhbərlərinin, siyasətçilərinin, yazarlarının gözlərini millətçilik, şovinizm, qəddarlıq dumanı örtüb. İndi Qarabağın hansısa məkanında, səngərdəsən. Palçıqlı, soyuq yerdə, əlində köhnə "Kalaşnikov" sıxırsan, kamuflyajın tər, tüstü, qorxu iyi verir və düşünürsən: "Hamının canı cəhənnəmə – mən burada nə edirəm?!" Axı sən o soyuq səngərdə, zökəmli vücudunun qızdırma içində titrədiyi halı istəmirdin, bunu arzulamırdın. Bunu istəmirdin və bilirdin ki, ilk atəşdə qaçacaq komandirlərin sarsaq, mənasız çağırışlarına, dediklərinə aldanan deyilsən. Aldandın… Savaş Ermənistanda yaşayanların çoxunun şüurunu dəyişib, sənin də qavrama qabiliyyətini qüsurlu edib. Səngərdə günlər yeknəsəq keçir, amma bir-birinə bənzəmir: hər an ölüm sənə baş çəkə bilər. Oxşar ölüm, bənzər keçinmə olmur. Hərə bir cür ölür. Dağlıq Qarabağda savaşla sükut arasındakı qəfil dartınmalar köhnə paraşütlə atılmağa bənzəyir: yerə salamat çatacağına əsla əmin olmursan. Hətta dualar da dəyişib sənin Ermənistanında. Təbil gurultusu, bağırtılar, çağırışlar, şüar təki beyni qurcalayan nahamvar kəlmələr – nə deyirsən de, amma dua deyil o səslənənlər. Əsəblərin tarıma çəkilib, gecələr lap qorxursan: sağ əlinin şəhadət barmağı daim tətikdədir, aprelin əvvəlindəki "dördgünlük müharibə" başlananda sənin kimi erməni əsgərlərə "İrəli, hücum!" bağıran komandirlərə nifrət edirsən. O hücum darmadağınla, məğlubiyyətlə, rəzalətlə bitdi Ermənistanın üçün. Azərbaycanın kəndlərini raketlərlə vurdunuz, silahsız, dinc insanları hədəfə aldınız, evləri viran qoydunuz – guya güclü, qəzəbli, qüdrətli olduğunuzu göstərmək üçün.Alınmadı – qaçdınız. İndi səngərdə, barmağın tətikdə, qarşındakı kolun budaqlarının tərpənməsi belə, səni qorxudur. Koldan qəflətən quş pırıldayıb uçanda isə az qalır qorxudan ürəyin dayansın. Gözlənti qorxudan daha pisdir. Səngərdə təlaşdan vurnuxursan, payız yağışlarının altında islanırsan, titrəyirsən, titrək barmaqlarında oynayan siqaret kötüyünü yandırmağa çalışırsan – bəlkə, bu lənətə gəlmiş həyat pis deyil?! Savaş səni dəyişib. Səni səngərə yollayanlar Ermənistanda isti evdə yatır, yaxud gecə klubunda, restoranda əylənir, ya da kurortda dincəlir. Sənsə köhnə avtomatı qucaqlayır, hisli kamuflayajında soyuqdan gizildəyən bədənini isitməyə çalışır, evi yada salıb rahatlanmaq istəyirsən. "Böyük Ermənistan", "qalibiyyət savaşı" təki sarsaq şüarlar artıq beynindən silinir, çünki o bahalı kostyumlu, sifətlərindən yalan tökülən adamlar sənin kimilərin hesabına milyonlarla dollar qazanıblar. Sənin üçün artıq savaş, cəsarət, qəhrəmanlıq qalmayıb. Əmrdən sonra açdığın atəşə cavab veriləndə ya qaçmalısan, ya da sink yatağa uzadılmalısan. Qaçmaq istəmirsən? Onda qal olduğun yerdə və sənin üçün yad torpaqda öl, gübrəyə çevril – nə də olsa, Azərbaycana belə xeyrin dəyər. Çürümüş sümük təki. Səngərdə özün, ailən, ölkən, gələcəyin barədə düşünürsən – bu da sənə qorxunu gizlətmək üçün mənəviyyat görüntüsü. Fəlsəfə əslində biliyə yönəlmiş şüur çırpıntısı deyil. Sənin fəlsəfən indi ağrıdan, əzabdan qorunmaq üçün qorxulu vurnuxmadır. Bilirsən ki, o palçıqlı səngərdə kimsəyə lazım olmayan adam təki durmusan. Hər atəş səsi eşidəndə Pavlovun köpəyi təki başını reflektor olaraq aşağı salır, çiyinlərini qısırsan və sağ əlinin şəhadət barmağı tətiyə yapışır, qorxursan, aşağı çöməlirsən, torpağa qazınmaq istəyirsən, torpaqda, təhlükəsiz yerdə olan qurdlara və soxulcanlara həsəd aparırsan, imkan tapsan, saniyədə bir ölü sürətilə "savaşan" taqımının qaçan fərdlərindən birinə çevrilirsən. Yalan və ümidsizlik gürzləri gicgahlarında küt ağrılar yaradır, gözlərinin qarşısında partlayışların rəngləri oynayır. Komandirlər səni irəli yollamağa çalışır, qəhrəmanlıqdan dəm vururlar. Ay zavallı – patetika, bəlağət yalnız kinolarda yaxşı təsir bağışlayır. Savaşda isə yalnız atəş nöqtələri varsa, sənin kimi "ət"i hesaba alan kimdir? Qarabağ savaşı sənin və millətinin şüur hədlərini pozub. Artıq anlayırsan ki, "Böyük Ermənistan" yalanı uğrunda Qarabağda, Qarabağın yanında işğal olunmuş Azərbaycan ərazilərində ölən erməni əsgərləri gəbərmiş köpək leşlərindən fərqlənmir – alışıbsan artıq. Bəxtin gətirsə, yaralanacaqsan, hospitala aparılacaqsan və oradan özünü igidliyə vuraraq cəsarətdən şövqlə danşacaqsan, hərdən özün də sərsəm rəvayətlərinə inanacaqsan. Gözləri kor olan, ayaqlarını itirən, qolları kəsilən səngər yoldaşlarınsa susacaqlar. Nə danışasıdırlar ki… Atanı, ananı xatırlayacaqsan. Üşənəcəksən ki, birdən ölərsən. Axı ölü erməni əsgərlərin evə, ailəyə yolladıqları məktubları, qanla qorxu arasındakı sözləri, hər sətirdən ölüm xofunun boylandığı o kiçik mətnləri oxumaq asan deyil. O da mümkündür ki, əyinlərində hərbi forma, üzlərində saxta təntənə olan adamlar evinə ölüm xəbərini aparsınlar və anan da doqqazda özünün kiçik, amma partlamış cəhənnəminin ağrılarına qovrularaq ağlasın, hıçqırsın. Erməni əsgəri, bil, savaş zamanı çox qəribə şəkildə sürətləndirir! Sən artıq ağlamırsan – hər qorxulu gecə səni qocaldır, böyüdür, yaşından artıq edir. Ermənistandan Qarabağa göndəriləndə eşitdiklərinin əksərinə inanan gənc idinsə, indi həyatına heyfsilənən birisən. Savaşda çoxları ölüm arayır, amma siz ermənilər arasında evə yol arayanlar daha tez, daha çox ölürlər. Səninsə həyatında gördüyün son məqam bəbəklərini qırmızıya boyayan, sümüklərindən ağrıları ürəyinə sancan qəfillik olacaq. Səs və süküt. Ümid, gözlənti və niyyət qarışığının rəngləri sönən şüurunda yox olacaq. Hər şey bitəcək. Bir neçə an sonra isə gözlərini açacaq, ətrafına baxacaq və deyəcəksən: "Salam, ana!" Fəqət səni kimsə görməyəcək, eşitməyəcək, hiss etməyəcək. Sən ölüsən – ona görə. Məktubu bu yerdə bitirirəm, erməni əsgəri. Ölmək istəmirsənsə, gəldiyin yerə qayıt. Qaç, fərarlik et, qurtul! Sağ qalmaq istəyirsənsə…

6 Noyabr 2016 11:21

Bina tikən şirkətin əmlaklarına həbs qoyuldu – Bakıda

Bakı Apellyasiya Məhkəməsində “TVİNS-ART” MMC-nin təsisçilərindən biri olan Kamal Sadat oğlu Quliyevin iddiası əsasında məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. Bu barədə “Report”a iddiaçı K.Quliyev məlumat verib.Onun sözlərinə görə, hakim Xuraman Məhərrəmovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Qərara əsasən, K.Quliyevin apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərardad ləğv olunub. Məhkəmə cavabdehin mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması barədə iddiaçının ərizəsini təmin edib. İddiaçı K.Quliyev bildirib ki, hazırda çoxmənzilli bina tikintisi ilə məşğul olan, Xətai rayonu Xudu Məmmədov küçəsi 2944-cü məhəllədə yerləşən “TVİNS-ART” MMC-nin paylarının 25%-nə sahib olmaqla 4 təsisçidən biridir: “Qeyd etmək istəyirəm ki, “TVİNS-ART” MMC-nin digər 3 təsisçisi isə hər biri 25% paya sahib olmaqla Pərviz Fərhad oğlu Qiyaslı, Əkrəm Məhəmməd oğlu Quliyev və Etibar Əkbər oğlu Ağayevdir. Lakin son zamanlar MMC-nin təsisçilərindən Pərviz Qiyaslının atası Fərhad Qiyas oğlu Ağayev, digər təsisçi Əkrəm Quliyevin yaxın qohumu və Fərhad Ağayevin qardaşı Rövşən Qiyas oğlu Ağayev, o cümlədən təsisçi Etibar Ağayev tərəfindən mənə qarşı təzyiqlər göstərilib və hədə-qorxu gəlinməklə şantaj edilməyə başlandı. Belə ki, Fərhad Ağayev və onun qardaşı Rövşən Ağayev MMC-nin təsisçiləri olmadığı halda, onlar tərəfindən şirkətin təsisçisi olaraq məndən “TVİNS-ART”a məxsus möhür, MMC-nin hesablaşma kassa əməliyyatlarının aparılması üçün istifadə edilən kassa sənədləri və kassanı qeyri-qanuni şəkildə, hədə-qorxu yolu ilə 30 dekabr 2014-cü il tarixində aldılar. Bundan sonra MMC-nin kapitalında heç bir payı olmayan həmin qardaşlar şirkətin fəaliyyətini həyata keçirmək üçün qohumlarını işə götürüb. Mübahisələrdən və edilən qanunsuz hərəkətlərdən sonra mənim MMC-də iştirakçılıqdan çıxmaq istəyimlə nəticələndi”. Onun sözlərinə görə, MMC-nin 4 təsisçisindən biri olaraq, Mülki Məcəlləsinin 95 və 96-cı maddələrinin tələblərini rəhbər tutmaqla şirkətdəki iştirakçılıqdan çıxmaqla bağlı əvvəlcə digər təsisçilərə yazılı müraciət edib: “Lakin müraciətim heç bir nəticə vermədi. Daha sonra eyni tələblə - iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etdim. İddia ərizəsi ilə bərabər işə baxılanadək “TVİNS-ART” MMC-yə məxsus, onun mülkiyyətində, icarə və istifadəsində olan əmlakların üzərinə həbs qoyulması, onların hər hansı formada özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı qərardad çıxarılması üçün iddianın təmini tədbiri ilə də bağlı Xətai rayon Məhkəməsinə ərizə verdim. Məhkəmə ərizəni rədd etdi. Lakin Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, ərizəm təmin olunub. Beləliklə, “TVİNS-ART” MMC-nin mülkiyyətində, istifadəsində və icarəsində olan bütün növ əmlakların iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək özgəninkiləşdirilməsi qadağan edilməklə həmin əmlakların üzərinə həbs qoyulub. Onu da əlavə edim ki, “TVİNS-ART” MMC-nin istifadəsində Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2944 a məhəlləsində yerləşən 2 hektar torpaq sahəsi, mülkiyyətində isə şirkət tərəfindən tikilmiş mərtəbələrinin sayı 12 ilə 16 arasında dəyişən 8 bina var. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərardadı ilə sadaladığım əmlaklardan “TVİNS-ART” MMC-yə məxsus mənzillərin üzərinə həbs qoyulub və önzəginkiləşdirilməsi qadağan edilib”. K.Quliyev vurğulayıb ki, Bakı Apellyasiya Məhkəməsinin qərardadı əsasında verilmiş İcra Vərəqəsi hazırda icra edilməsi üçün Xətai Rayon İcra Şöbəsinin icraatındadır.

4 Noyabr 2016 10:15

“KİA” Azərbaycan bazarını itirə bilər – İDDİA

Qəzetimizin 01.11.2016-cı il tarixli sayında ““KİA Servis” verdiyi zəmanətdən imtina etdi” sərlövhəli tənqidi yazı dərc olunmuşdu . Məqalədə “KİA Motors Azərbaycan” MMC-nin fəaliyyətindən narazılıq edən növbəti vətəndaşın redaksiyamıza ünvanladığı şikayət məktubunda yer almış faktlar təqdim olunmuşdu. Ona görə növbəti deyirik ki, bu artıq bizə ünvanlanan birinci şikayət deyil. Belə məlum olur ki, “KİA Motors Azərbaycan” MMC-nin müştərilərinin sayı artdıqca və deməli, ölkənin avomobil bazarında mövqeyləri möhkəmləndikcə, artan gəlirlərin fonunda MMC rəhbərliyinin və əməkdaşlarının məsuliyyətləri deyil, vətəndaşlara qarşı etinasızlıqları böyüyür. Bu isə, istənilən biznes üçün təhlükəli bir tendensiyadır. Amma qoy məsələnin bu tərəfi “KİA Motors Azərbaycan” MMC-ni və bu müəssisənin Cənubi Koreyalı tərəfdaşlarını düşündürsün. Bizi maraqlandıran məqam isə, öz vətəndaşlarımızın bu xüsusda yaşamalı olduqları problemlərlə bağlıdır. Beləliklə, redaksiyamıza müraciət edən Qazax sakini, vətəndaş Şamil Əliyev öz ərizəsində başına gələnləri belə təsvir etmişdi: “2012-ci ilin axırlarında Gəncədə yerləşən avtosalondan “KİA Cadenza” markalı avtomobil aldım. Maşının 5 illik zəmanəti var. Bütün bu müddət ərzində də avtomobilə yalnız Gəncə şəhərində fəaliyyət göstərən “KİA Servis” mərkəzində qulluq olunub. Üç gün bundan əvvəl isə, maşın məni gözləmədiyim halda yolda qoydu. Hadisə Ağstafayaya gedərkən baş verdi. Trasla hərəkət edərkən, heç bir səbəb olmadan avtomobilin sürət qutusu sıradan çıxdı. Təbii ki, Gəncəyə, servis mərkəzinə zəng vurdum. Əlaqə saxladığım şəxs servisin Əbdülxaliq adlı əməkdaşı idi. Məsələni ona danışanda, həmin şəxs mənə dedi ki, avtomobillərin sürət qutularının təmirilə yalnız Bakıdakı servis mərkəzində məşğul olurlar. Bunu bəhanə edib, hətta mərkəzin hesabına evakuator göndərməkdən də imtina etdilər. Məcbur qalıb öz hesabıma evakuator çağırdım və nasaz avtomobili Gəncəyə apardım. Buna 100 manat xərcim çıxdı. Hələ bir geri qayıtmağım, Ağstafaya taksi ilə getməyim və bəzi xırda-para xərclər də mənə əlavə 50 manata başa gəldi. Gəncədə avtomobili diaqnostika edib təsdiq etdilər ki, həqiqətən də problem sürət qutusundadır. Həm də qeyd etdilər ki, bu, “Cadenza” modellərində çox yayılmış zavod deffektidir. Bundan sonra isə, avtomobili Bakıya daşımaq üçün məndən daha 200 manat pul istədilər. Əvvəlcə servisin rəhbəri İbrahim müəllimə müraciət etdim. Nəticə olmadı. Bundan sonra Bakıda yerləşən “KİA Servis” mərkəzinə zəng vurdum. Mənimlə danışan şəxs mərkəzin baş meneceri Elnur Seyidəliyev oldu. İlk əvvəl bu şəxs də avtomobilin Bakıya mənim hesabıma daşınmalı olduğunu iddia edirdi. Lakin sonradan, Gəncə servis mərkəzinin rəhbəri İbrahim müəllim mənə dedi ki, Elnur ona zəng vurub və deyib ki, daşınma haqqının 160 manatını şirkət, 40 manatını isə mən ödəməliyəm. Bu təklifi də belə izah edirlər ki, guya Cənubi Koreyalı tərəfdaşları “KİA Motors Azərbaycan”ın servis mərkəzlərinə xarab olmuş avtomobillərin daşınması üçün məhz bu məbləğdə, yəni cəmi 160 manatlıq limit ayırıblar. Onda belə çıxır ki, “KİA” avtomobilləri ilk beş il ərzində yalnız serviz mərkəzlərinin yaxın ətrafında sürülmək üçün nəzərdə tutulub? Lakin mən bütün bunları Elnur Seyidəliyevə başa sala bilmədim. Son sözü də bu oldu ki, hara istəyirsən şikayət edə bilərsən. Əlbəttə, mən burada 40 manatın davasını etmirəm. Amma məsələ bundadır ki, əgər “KİA Motors Azərbaycan” dünya şöhrətli avtomobil markasını ölkəmizdə təmsil etməyə qalxıbsa, onda buyursunlar beynəlxalq standartlara uyğun da iş qursunlar. Bu arada isə, mənim avtomobilim hələ də Gəncə “KİA Servis” mərkəzinin bokslarından birində durmaqdadır...” Dünən isə, Şamil Əliyev təkrar redaksiyamıza müraciət edərək, bəzi dəqiqləşdirmələr və yeni məlumatlar təqdim etmişdir. Belə ki, vətəndaşın aldığı 5 illik pulsuz servis zəmanəti avtomobilin yalnız müəyyən (müqavilədə qeyd olunmuş) hissələrinə aid olduğundan, 2012-ci ildən bu günə qədər keçən müddət ərzində Şamil Əliyev Çəncə “KİA Servis” mərkəzində maşına göstərilən müxtəlif xidmətlərə görə təxminən 11000 (on bir min) manat məbləğində pul xərcləmişdir. Əlbəttə, həmin xidmətləri başqa servis mərkəzlərində bir neçə dəfə ucuz qiymətə almaq olardı. Lakin müştəri məhz zəmanətin saxlanmasına görə belə böyük məsrəflərə gedib. İndi isə məlum olub ki, sən demə bu zəmanətin də heç bir təminatı yox imiş. Başqa sözlə desək, vətəndaşdan son dörd il ərzində hər ay təxminən 230 manat gəlir əldə edən “KİA Servis” indi öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. İkinci bir tərəfdən, yeni avtomobilə bu qədər xərc qoyulması zərurəti bir daha bu modelin keyfiyyəti barədə ciddi düşünməyə əsas verir. Təsəvvür edin ki, şəhərlərarası trasla, yüksək sürətlə hərəkət edən avtomobildə qəfil nasazlığın yaranması sürücü və sərnişinlər üçün həyati təhlükə də yarada bilərdi. Amma bütün bunlar nə “KİA Motors Azərbaycan” MMC-nin, nə də onun altqurumu olan Bakı və Gəncə “KİA Servis” mərkəzlərinin rəhbərliyini düşündürmür. Bunun əvəzində, Şamil Əliyevə telefon əlaqəsi saxlayan Gəncə “KİA Servis” mərkəzinin rəhbərliyi mətbuatda onların adının hallandırması ilə bağlı vətəndaşa öz iradlarını bildirib: “Bizlik burda nə var ki, qəzetdə bizdən də yazmısız? Sürət qutusuna Bakıda baxılır və deməli problem də onlarlıqdır. Onsuz da Bakı mərkəzində problemlər kifayət qədərdir. Elə məhz çoxsaylı maxinasiyaların da nəticəsində bir müddət əvvəl oranın rəhbərliyi dəyişdirilib...” Göründüyü kimi, dara düşüncə həmkarlar bir-birilərini “güdaza” verməkdən də çəkinmirlər. Amma fakt faktlığında qalır. Yəni avtomobilin məhz hansı hissəsinin xarab olduğu bilavasitə Gəncə “KİA Servis” mərkəzində müəyyən olunub. Buraya isə, həmin avtomobilin daşınmasını da servis təmin etməli idilər. Amma baxdığımız halda məhz vətəndaş “KİA Motors”un deffektli avtomobil istehsal etdiyinə görə, həm həyati təhlükə yaşayıb, həm planlaşdırdığı günlük rejimi pozulub, həm də əlavə 150 manat maddi ziyan çəkib. Əslində isə, buraya həm də səfərinin baş tutmaması səbəbindən vətəndaşın əldə edə bilmədiyi gəlirlərini və keçirdiyi mənəvi stresə görə ona düşən kompensasiyanı da əlavə etmək lazımdır. Yaxşı olardı ki, “KİA Motors Azərbaycan” MMC-nin rəhbəri Əşrəf Səfərov da, Bakı “KİA Servis” mərkəzinin baş meneceri Elnur Seyidəliyev də daha çox bu barədə düşünsünlər. Amma Elnur Seyidəliyev şikayətçi vətəndaşla olan növbəti telefon danışığı zamanı özünün necə “sığortalanmasından” bəhs edib. Şamil Əliyev xəbər verir ki, baş menecerlə son danışığı zamanı Elnur Seyidəliyev ona bu sözləri deyib: “Ora-bura yazmağın heç bir nəticəsi olmayacaq. Birincisi mən rəhbərliyin dediklərini etmişəm. Mənə deyiblər ki, avtomobilin daşınma xərcləri üçün limiti 160 manat təyin et, mən də etmişəm. İkincisi də mən müdirin yaxın qohumuyam. Odur ki, daşınma xərclərinin qalan hissəsini ödəməsəz, avtomobil elə Gəncədə də qalacaq...” Amma bizim də ağlımıza yaxşı bir ideya gəlib. İstəyirik bütün bu olub bitənlərlə bağlı birbaşa Cənubi Koreyaya, yəni istehsalçılara müraciət edək. Görəsən onlarda bu kimi problemlər necə həll olunur? Bir də maraqlıdır, görəsən Azərbaycan kimi stabil və yüksək gəlirli istehlak bazarını itirmək təhlükəsini yaradan “tərəfdaşlara” onların münasibəti necə olacaq? Qarşı tərəfin də münasibətini öyrənmək istərdik.

3 Noyabr 2016 1:36

Suriyada döyüşən azərbaycanlı şikayət edir

Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Tehran Musayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib.Məhkəmə noyabrın 16-da davam edəcək.Qeyd edək ki, 1990-cı il təvəllüdlü, Zəngilan rayon sakini T.Musayev 2012-2013-cü illərdə Suriyada ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tabeliyindəki, istintaqa “Ömər Şişani” ləqəbi ilə məlum olan şəxsin rəhbərlik etdiyi “Ceyşül-Mühacirin və Ənsar” adlı qanunsuz silahlı birləşmənin tərkibində fəaliyyət göstərib.O, “Ömər Şişani”nin rəhbərlik etdiyi “Ceyşül-Mühacirin və Ənsar” silahlı birləşməsinin üzvü, qohumu Məhəmməd Bağırovun təklifi ilə göstərilən birliyə daxil olmaq məqsədilə 16 oktyabr 2012-ci ildə Səbuhi Cəfərzadə ilə birlikdə Türkiyənin Hatay şəhərinə gediblər. Oradan Türkiyə-Suriya dövlət sərhədini qanunsuz keçərək Artma şəhərinə - müxtəlif xarici ölkələrdən oraya yeni gələn şəxslər üçün nəzərdə tutulmuş qəbul məntəqəsinə gediblər və “Ömər Şişani”nin rəhbərlik etdiyi “Ceyşül-Mühacirin və Ənsar” silahlı birləşməsinin fəaliyyətində iştirak etməyə razılıq veriblər. Bir həftədən sonra T.Musayev Azərbaycana geri qayıdıb. O, qohumu M.Bağırovun tapşırığı ilə qabaqcadan əldə olunmuş razılaşmaya əsasən, İsmayıl Surxayevlə əvvəl Gürcüstana, oradansa Türkiyəyə gəlib. İ.Surxayev ayağına qaynar su dağılması səbəbindən yanıq xəsarətləri aldığına görə, yoluna davam edə bilməyib, İstanbulda qalıb. Sonradan, 12 dekabr 2012-ci ildə İ.Surxayev Hatay şəhərinin Reyhanlı rayonu istiqamətində sərhədi qanunsuz keçərək Artmaya gedib və “Ceyşül-Mühacirin və Ənsar”ın tərkibinə qoşulub.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Surxayev 11 il, T.Musayev 13 il, S.Cəfərzadə isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

3 Noyabr 2016 1:34

Azərbaycan mafiyası savaşa hazırlaşır: – Moskvada narahatlıq

Rusiya hüquq mühafizə orqanları Moskva regionunda yerləşən Azərbaycandan olan cinayətkar dəstələr arasında görünməmiş aktivlikdən narahatdır. Faktinfo.az xəbər verir ki, bu barədə informasiyanı “Rosbalt” agentliyi özünün hüquq mühafizə orqanlarındakı etibarlı mənbələrinə istinadən yayıb. Agentlik aktivliyin qanuni oğrular Nadir Səlifov (Lotu Quli) və Vaqif Süleymanov (Vaqif) sayəsində yarandığını bildirib.Üstəlik, bu yay Azərbaycandan olan kriminal avtoritetlər arasında mafioz konqlomerat (birlik – red.) yaranıb. Bu birliyin tərkibinə Lotu Quli, Vaqif Süleymanov və Rəşad Gəncinski daxil olub. Hazırda birlikdə Səlifov ən güclü döyüşçülər “ordusu”na sahibdir. Vaqif və Rəşad isə ticarət mərkəzləri və bazarlara sahib olan Azərbaycandan olan biznesmenlər arasında geniş əlaqələrə malikdirlər. Yeni klan fəaliyyətini genişləndirərək, təzə firmalar və biznesmenləri öz tabeliyinə alır. Birlik artıq Moskvaətrafının əksər rayonlarındakı kriminal aləmdə liderliyə iddia etməyə başlayıb. Bu prosesdə isə çoxsaylı azərbaycanlıların döyülməsi və ələ keçirilməsi müşahidə edilir.Birliyin aktivliyi artıq digər qruplaşmalarda ciddi narazılıq yaradıb. Məhz bütün bunları nəzərə alaraq hüquq-mühafizə orqanları yaxın zamanda mafiyalar arasında rəqabətin daha da kəskinləşəcəyini bildiriblər.Qeyd edək ki, Rusiya mətbuatı hər üç qanuni oğrunu Rövşən Lənkəranskinin ölümündə təqsirkar bilir. Onların bu addımı Lənkəranskinin cari ilin yazında öldürdüyü biznesmen Canpolad Şamiloğlunun intiqamını almaq üçün atdıqları iddia edilir.

3 Noyabr 2016 11:47

“Mədinə” tibb mərkəzi müştəriyə 7500$ “PUL ATIB” – ŞİKAYƏT VAR

Bir neçə gün bundan əvvəl Bərdə şəhəri M.Nəsibov küçəsi ev-84 ünvanında yaşayan Əhmədov Üzeyir Rəhim oğlunun, 2015-ci ildə “Mədinə” tibb mərkəzində üz-üzə qaldığı problemlərdən bəhs etmişdik. Yazıb bildirmişdik ki, adı çəkilən tibb mərkəzində, bu gün haqq-ədalət “qeybə çəkilib”. Çünki, 2010-cu il təvəllüdlü oğul övladı Elxan Əhmədlini “Mədinə” tibb mərkəzinə müalicəyə gətirən və ilyarımlıq müalicə xərci olaraq həmin müəssisəyə 7500$ pul ödəyən Əhmədov Üzeyir Rəhim oğlu, bizimlə söhbətində bildirdi ki, “övladım “autizm” xəstəliyindən əziyyət çəkirdi. Belə bir səbəb üzündən də, mən onu müalicə etdirmək məqsədilə “Mədinə” tibb mərkəzinə gətirdim və ilk sövdələşməm də, mərkəzin baş həkimi Kamran Salayevlə oldu. O, övladımı müayinə edərkən onda qeyd olunan xəstəliyin olduğunu bildirdi və müalicə edəcəyini də söylədi. Düzdür, ilk günlər bir ata olaraq həm onun vədinə inandım, həm də olduqca sevindim. Amma, sevincimin bəhrəsi heç də uzun çəkmədi. Çünki mən Kamran həkimin vədinə inanaraq, hər ay “Mədinə” tibb mərkəzinin büdcəsinə pul köçürdüm. Yəni, ilyarımlıq müalicə xərci olaraq, əlavə xərclərdən başqa 7500$ pul ödəsəm də, son anda müalicənin heç bir nəticəsi olmadı. O halda bilib başa düşdüm ki, aldadılmışam. İlyarımlıq müalicənin heç bir nəticəsi olmadığından, Kamran Salayevdən ödədiyim pulların geri qaytarılmasını tələb etsəm də, bu istəyim də heç cür baş tutmadı. Yalnız baş həkimin mənə verdiyi cavab o oldu ki, “ödədiyin pullar heç vaxt geri qaytarılmayacaq, get nə bilirsən onu da et” dedi”. Digər maraqlı olay isə, Üzeyir Əhmədovun “Mədinə” tibb mərkəzinin kassasına ödədiyi pulların müqabilində, ona verilən qəbzlərin ondan geri alınması olub. Çünki, o, bizimlə söhbətində onu da vurğuladı ki, “mən hər ay təqribən 500 dollar, bəzi aylarda daha çox, bəzi aylarda isə, bir qədər az ödənişlər edirdim. Elə ki, adı çəkilən tibb müəssisəsinin ikinci mərtəbəsinə qalxırdım, həmin vaxt nəzarətçilər verilmiş qəbzləri məndən alırdılar. Düzdür, bəzi hallar olub ki, bir neçə aylıq qəbzlər məndə qalıb və həmin qəbzlər də, vaxtilə ödənişlər etdiyimi təsdiq edir”. Yaşanan belə bir olaylar, sözün həqiqi mənasında diqqəti cəlb edən olaylardandır. Çünki, bir halda ki, valideyn övladının müalicəsi ilə bağlı “Mədinə” tibb mərkəzinin büdcəsinə 7500$ pul ödəyibsə, deməli o, hansısa nəticəni görməlidir. Əgər ortada heç bir nəticə yoxdursa, səbəb nədir ki, Üzeyir Əhmədovun ödədiyi pullar geri qaytarılmır? Məgər alıb-atmaq zamanıdır, yoxsa mərkəzin rəhbərliyi bu cür yanaşmasını ortaya qoymaqla, özəl tibb müəssisələri haqqında müəyyən şübhələrin baş qaldırmasına yönəlik addımlarını atır? Üzeyir Əhmədov onu da bildirir ki, “övladımın müalicəsini həm “Mədinə” tibb mərkəzinin baş həkimi Kamran Salayev, həm də tibb mərkəzinin reablitasiya mərkəzində baş həkim vəzifəsini daşıyan Fidan Talışlı həyata keçirsələr də, son anda heç bir nəticə olmadı. Belə olan halda başqa bir həkimi yanına getməli olduq və həmin həkimin qısa müddət ərzində həyata keçirdiyi müalicənin isə, az-çox əhəmiyyəti oldu. Adının çəkilməsini istəməyən həmin həkimlə etdiyimiz söhbət zamanı o, vurğuladı ki, “Mədinə” tibb“ mərkəzində və digər özəl tibb müəssisələrində xəstələrin müalicəsi bilərəkdən uzadılır. Həkimlərin məqsədləri, yalnız və yalnız xəstələrin yaxınlarından daha çox pul əldə etmək olur”.(azerinnfo)“Mədinə” tibb mərkəzində baş verən belə bir olaylardan sonra, yəqin ki, çoxsaylı oxucularımız və onların yaxınları bu ünvana ayaq basarkən olduqca diqqətli olacaqlar. Çünki, işıq üzü görən belə bir açıqlamanı oxuyub biləcəklər ki, adı çəkilən tibb müəssisəsində Bərdə rayon sakini Əhmədov Üzeyir Rəhim oğlunun başına hansı oyunlar açılıb ki, o, son anda üz-üzə qaldığı problemlərin ictimailəşməsinə qərar verib. Bütün bunlardan əlavə, tərəfimizdən apardığımız araşdırmalar zamanı bəzi məlumatlar da əldə edə bilmişik ki, adı çəkilən səhiyyə ocağında vergidən yayınma hallarının baş verməsi də mütəmadi təkrarlanır. İstər həkimlik fəaliyyəti, istərsə də digər vəzifə sahibi olanların rəhbərliklə əmək müqavilələri bağlamadan çalışmaları da, daxil olan məlumatlardandır. Bu istiqamətdə araşdırmalarımız davam etdiyindən, çoxsaylı oxucularımızı və aidiyyəti qurumları bu və ya digər məsələlərlə bağlı, çox yaxın vaxtlarda məlumatlandırmağa çalışacağıq. O halda hər kəs biləcək ki, “Mədinə” tibb mərkəzində müştərilərin aldadılmalarından əlavə, daha nə kimi olaylar baş verir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

3 Noyabr 2016 11:05

Baş Prokurorluqdan Cahangir Hacıyev AÇIQLAMASI – Baş bankirin yüz milyonlarla vəsaiti ölkədən çıxarması ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir

Cahangir Hacıyev tərəfindən yüz milyonlarla vəsaitin ölkədən çıxarılaraq mənimsənilməsi ilə bağlı bəzi epizodlar üzrə geniş istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusuna cavab olaraq bildirib. E.Sultanov xatırladıb ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev və digərlərinin Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi 19.07.2016-cı il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib, məhkəmənin 14.10.2016-cı il tarixli hökmü ilə C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 308.2, 309.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O əlavə edib ki, hökmə əsasən C.Hacıyev 27.03.2001-ci il tarixdən 02.04.2015-ci il tarixə kimi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi müddətdə mütəşəkkil dəstə yaradaraq öz qulluq mövqeyindən sui-istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını talamaqla vəzifə saxtakarlığı törədib və vəzifə səlahiyyətlərini aşaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub. E.Sultanov bildirib ki, Maliyyə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanun pozuntularına yol verilməsi barədə C.Hacıyev tərəfindən səsləndirilən ittihamların heç bir əsasının olmadığı müəyyən edilib. Baş Prokurorluq rəsmisi əlavə olaraq qeyd edib ki, C.Hacıyev və qeyriləri tərəfindən Beynəlxalq Bankdan yüz milyonlarla dollar vəsait çoxpilləli köçürmələr vasitəsilə ayrı-ayrı xarici ölkələrdə bilavasitə özlərinin yaratdığı fərqli adlar altında olan hüquqi şəxslərə ötürülərək banka heç bir fayda gətirməyən layihələrə yönəldilməsi və mənimsənilməsi ilə bağlı bəzi epizodlar üzrə geniş istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 Noyabr 2016 7:41

Fakt

Bizi izləyin