Prezident İlham Əliyev Böyük Britaniya Kraliçasını təbrik edib

ilhams

  Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Ülyahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd gününüz və 90 illik yubileyiniz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Siz dərin məzmunlu və şərəfli bir ömür yolu keçərək bütün həyat və fəaliyyətinizi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rifahına həsr etmişsiniz. Sizin həyat yolunuz Vətənə və xalqa böyük məhəbbət, sədaqət və ləyaqətlə xidmət nümunəsidir. Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında Sizin müstəsna xidmətləriniz vardır. Bu gün dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi, əlaqələrimizin bütün sahələrdə gündən-günə genişlənməsi, bir sıra irimiqyaslı transmilli iqtisadi layihələrdə səmərəli əməkdaşlığımız və tərəfdaşlığımız xüsusi məmnunluq doğurur. Ülyahəzrət, əlamətdar yubileyinizin qeyd olunduğu belə bir xoş məqamda şəxsinizə və ailənizə olan dərin hörmət və ehtiramımı xüsusi vurğulamaq istərdim. Ölkənizə rəsmi səfərim zamanı Sizinlə görüşümüzü Mehriban xanımla birlikdə həmişə ən xoş təəssüratlarla xatırlayırıq. Bu əlamətdar gündə bir daha Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".

10 İyun 2016 6:54

“Hacı Məmmədov özünü yaxşı hiss edir” – Rəis müavini

hac

Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, hazırda həbsdə olan Hacı Məmmədovun Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində müalicəsi davam etdirilir. Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov məlumat verib. Rəis müavini bildirib ki, H.Məmmədov özünü normal hiss edir: "Müalicələr müsbət nəticə verir, hazırda vəziyyəti stabildir. Hələlik bir müddət müalicə olunması tövsiyyə olunur. Hacı Məmmədov hazırda özünü yaxşı hiss edir". Xatırladaq ki, Hacı Məmmədov bu il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub. Qeyd edək ki, ötən il oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra H.Məmmədov barəsində olan cinayət işinin yenilənməsi və işdə yeni hal olması ilə bağlı Baş Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə və Ali Məhkəməyə müraciət etmişdi. Ali Məhkəmə müraciəti plenuma çıxarmayaraq işi baxılmamış saxlayıb. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib. 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.

10 İyun 2016 4:28

Elçibəyin illər öncə qardaşına yazdığı məktub – “Kəlbəcərlilərə de ki….”

lc

Azərbaycanın sabiq prezidenti mərhum Əbülfəz Əliyev (Elçibəy) universiteti bitiridikdən sonra yoldaşları ilə birlikdə Moskvaya gedir. Moskvada onları tərcüməçi kimi hazırlayıb məşqlər keçirlər və 1963-cü ilin yanvarında Əbülfəz Əliyevi Misirə Asuan bəndində tərcüməçi kimi işləməyə göndərirlər. Əbülfəz Əliyev Misirdə olanda qardaşı Murad Əliyevə məktub yazır. DİA.AZ Moderator.az-a istinadən həmin məktubu təqdim edir: “Əziz qardaşım Murad. Birinci sənə öz isti salamlarımı göndərirəm. Öz dost tanışlarınla bilrikdə can sağlığı, gülər üzlü yaşayış diləyirəm. Qardaşım, səndən çoxdandır yazı almıram. Deyəsən, işlərin lap çoxalan vaxtıdır. Ancaq işlərin çox olmasına baxma, orda bir əl boydaca pitik yazıb yola salsan yaxşıdır. Qardaşım Murad, yaz görüm işlərin necə gedir. Nə var, nə yox? Yoldaşın, evdəkilər necədir? Nəzir müəllim necədir? Birgə işlərin necə keçir? Qardaş, uşaqlar, yoldaşlar, tanışlar, daha doğrusu yaxın adamlar haqqında bir məktub yazsan pis olmaz. Bir az da özüm haqqında yazım. Özüm yaxşıyam. İşlərim asan, yağ kimi gedir. Arada bir hirslənirəm, acıq edirəm, sonra bir az yaxşı hiss edirəm özümü. Beləliklə, günlərim keçir. Gördüyün Əbülfəzəm. Bir az qocalmışam. Yəni yaşlaşmışam. Arada bir saqqal saxlayıram. 2-3 ay sonra qırxıram. Onu da deyim ki, burada cavanlar saqqal saxlamır, qocalar da ki, tək-tək hallarda saqqal saxlayır. Başımı aparırlar, bu saqqal nədir deyirlər. Soruşurlar, mən də deyirəm ki, bu, bizim yerlərdə adətdir. Aldadıram. 5000-dən biri tanıyır ki, Azərbaycan haradadır. Heç bilmirlər ki, Azərbaycan nə olan şeydir. Çox savadsız adamlardırlar. Bir minə kimi adam mənim hesabıma Azərbaycanı tanıyır. Biri ilə bir-iki söz danışan kimi, soruşuram ki, Azərbaycanı tanıyırsan? Deyir ki, yox. Mən də aydınlaşdırıram ki, Azərbaycan cənnət kimi bir ölkədir. Adamları 100-150 il yaşayır. Çoxsunun gözü bərələ qalır. Deyirəm ki, 100-140 yaşlı kişilər at minir. Qocalar köksünü ötürürlər. Nə isə, lağlağı da edirəm, günlərim keçir. Bunlara baxmayaraq burada çox darıxıram. Mən deyən olsa, 7 aydan sonra vaxtım qurtarır. İstəyirlər yenə saxlasınlar, ancaq qalmayacağam. Bəlkə tez gəldim, görək nə olur. Ya oktyabr ayında, ya da dekabrın axırında gələcəyəm. Nə isə, qardaşım Murad. Bunları yazdım ki, oxuyasan, vaxtın keçsin. Axı söz yoxdur yazmağa. Sənə öz fikrimi yazıram. Gələn kimi Almuradı evləndirərik. Mən də kitab yığıram, gələn kimi aspiranturaya girməyə çalışacağam. Sən də çalış, bəlkə qiyabi geoloji instituta girəsən. Ya da özün bilən yaxşıdır. Ancaq mən hökmən aspiranturaya girəcəm. Necə olur, olsun. Bakıda da olmasa, Moskvaya gedib oxumalıyam. Nə isə, bu haqda sonra düşünərik. Gələn kimi iki ay buraxılış dinclik olacaq. Ondan sonra baxarıq. Yaz görüm, nə xoşuna gəlir, alım gətirim. Yaz görüm, anam necədir? Mən onun haqqında lap çox düşünrəm. Ürəyim də narahatdır. Bilirəm ki, bir şey yoxdur. Ancaq bilmirəm sağlamlığı necədir? Zəif deyil ki? Nə isə, qardaşım Murad, sənə yazıram. Düzünü bilmirəm, bəlkə 3-4 aydan sonra evə (Kələkiyə) məktub yazdılar. Rusca olacaqdır. Orda mənim şəkillərim də olmalıdır. Alıb hamısını oxuyub saxlayarsınız. İtirməyin, saxlayın mən gələnə. Bilmirəm, bəlkə yazmadılar. Əgər yazsalar, al oxu saxla. Yazamsalar da ki, heç. Onu göndərsələr, Moskvadan göndərəcəklər. Nə isə boş şeydir. Daha nə yazım. Sənə görkəmimi göndərirəm. Məndən salam Nəzir, Xəlil, Zülfüqar müəllimə. Xurşud oradadırsa Xurşuda, hamısının ailələrinə, uşaqlarına, Sevil bacıya xüsusi salamlar. Əbülfəzlərə - bütün kəlbəcərli dost-tanışlara, bütün iş yoldaşlarına, bu yazını oxuyanlara, qulaq asanlara. Yazan Əbülfəz bəy. (Ərəblər bir adama müraciət edəndə ya “bəy”, ya “paşa”, ya da “mister”, “ağa”, “cənab” deyirlər). Nə edək qoy desinlər. Mənə marka göndər. Bir də Kəlbəcərin meşələrinin şəkli olsa, göndər ərəblərə göstərim. Kəlbəcərlilərə de ki, Kəlbəcər Kəlbəcər deyil, cənnətdir. Ərəbistan da cəhənnəm. Bütün Misiri gəzəsən, bir budaq tapa bilməzsən. Kəlbəcərin bir yaşıl dərəsini bütün Misirdən üstü tuturam. Nə isə, bir belə bəsdir. Yazan qardaşın Əbülfəz 16 may 1964-cü il”

10 İyun 2016 4:27

ANS cəriməni ödəməsə, banka müraciət ediləcək – MTRŞ

ans

“ANS cərimələri könüllü ödəməsə, qərar məcburi şəkildə icra olunacaq”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə əsasən, İnzibati Cərimə İnzibati Tənbeh və tətbiqetmə haqqında vəzifəli şəxsin qərarı qanuni qüvvəyə mindikdən sonra 30 gündən gec olmayaraq ödənilməlidir: “Bu müddətdə ödənilməzsə, hüquqi şəxsin pul vəsaiti və gəlirlərindən tutulması üçün qərar banka göndərilir və 7 gün müddətində icra olunur. Könüllü ödəmə barədə məlumat daxil olmazsa, qərar icra üçün banka göndərilir. Bankda müəyyən vəsait mövcud olmazsa, qərar məcburi icraya yönəldiləcək. ANS bizə könüllü məlumat verməsə, onların bank hesabından cərimə məcburi qaydada tutulacaq”. Xatırladaq ki, “ANS ÇM” radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar ötən ilin dekabrında MTRŞ ANS ÇM Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 000 manat məbləğində cərimələyib. 2016-cı ilin yanvar ayında Səbail Rayon Məhkəməsində ANS-in MTRŞ-ya qarşı şikayətlərinə baxılıb və işlərə MTRŞ tərəfindən yenidən baxılması barədə qərar qəbul edilib.

10 İyun 2016 4:24

“Aya Sofya” ətrafında qalmaqal –ABŞ və Yunanıstan Türkiyəyə xəbərdarlıq etdi, sərt cavab aldılar

erdogan-mescid

  Aya Sofya məscidi ətrafında Türkiyə və xristian dünyası arasında qalmaqal böyüyür. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın bir neçə gün əvvəl Ramazan ayında Aya Sofya məscidində hər gün Quranın oxunacağını bəyan etməsi sərt reaksiyalara səbəb olub. Məsələyə sonuncu reaksiya ABŞ Dövlət Departamentindən gəlib. Dövlət Departamentinin mətbuat katibi Mark Toner Türkiyəni İstanbulda Müqəddəs Sofya kilsəsinə hörmət etməyə çağırıb və kilsənin məscidə çevrilməsi ilə bağlı Türkiyə hökumətinin qərarına etirazını bildirib. “Birləşmiş Ştatlar Müqəddəs Sofya kilsəsini xüsusi əhəmiyyəti olan abidə kimi tanıyır. Biz Türkiyə hökumətini Müqəddəs Sofyanı kilsə kimi saxlamağa çağırırıq”, – Mark Toner deyib. Daha əvvəl isə Yunanıstanın Xarici İşlər Nazirliyi Aya Sofyada Ramazan ayı boyunca Quranın oxunması ilə bağlı Türkiyə hakimiyyətinin qərarını pisləyib. Nazirlik ümumdünya mədəni irsə daxil olan abidədə müsəlman mərasimlərinin icrasını “anlaşılmayan, hörmətsizlik və reallıqla əlaqəsi olmayan” adlandırıb. “Bu cür hərəkətlər müasir, demokratik, dünyəvi cəmiyyətlərə uyğun deyil”, – rəsmi Afina bildirib. Öz növbəsində Türkiyənin Xarici İşlər Nazirliyi rəsmi Afinanın bəyanatını qəbuledilməz adlandırıb. “Paytaxtında illərdir ki, məscidin inşasına icazə verməyən, Qərbi Trakyadakı türk azlığının dini hüquqlarına davamlı müdaxilə edən Yunanıstanı ağıllı davranmağa dəvət edirik”, – Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib. Yunanıstanın Mədəniyyət naziri Panos Panayotopulos isə bildirib ki, Türkiyə hökumətinin xristian kilsəsi olan Aya Sofyanı məscidə çevirməklə bağlı istənilən cəhdi ciddi nəticələrə səbəb olacaq və Türkiyəni bütün xristian dünyasına qarşı qoyacaq. Qeyd edək ki, XV əsrdə Osmanlı imperiyası dönəmində Aya Sofya kilsəsi məscidə çevrilib. Lakin 1935-ci ildə Atatürk məbədin türklər və xarici turistlər tərəfindən rahat ziyarət edilməsi məqsədilə kilsənin muzey kimi fəaliyyət göstərməsi barədə fərman imzalayıb. Aya Sofya YUNESKO-un Ümumdünya mirasının siyahısına daxil edilib.

10 İyun 2016 3:26

Nərimanovda atçılıq yarışı keçirilib – FOTOLAR

20160610-140949link

Nərimanov Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Atçılıq Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində "15 iyun - Milli Qurtuluş Günü" münasibətilə atçılıq idmanı üzrə Nərimanov rayon açıq birinciliyi keçirilib. TİA.AZ-a daxil olan məlumata görə, birinciliyin açılış mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Atçılıq Federasiyasının vitse - prezidenti Mahir Muradov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Milli Məclisin deputatları Adil Əliyev, Hikmət Babaoğlu, Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova, İlqar Mirzəyev, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti, KİV nümayəndələri, gənc idmançılar və fəal gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qonaqları və tədbir iştirakçılarını qarşıda gələn "15 iyun - Milli Qurtuluş Günü" münasibətilə təbrik edib. Açılış mərasimindən sonra yarışlara start verilib. Yarışda 28 nəfər idmançı mübarizə aparıb. Yarışda I yeri tutmuş “Hollywood IV” ləqəbli atla Əliverdiyev Səməd, II yeri tutmuş “Rodrigo” ləqəbli atla Salayev Həzrət və III yeri tutmuş “Voltram” ləqəbli atla Qurbanbəyov Dünyamalı təşkilatçılar tərəfindən müxtəlif dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.

10 İyun 2016 2:40

Çovdarov təhdidə keçdi: «BÜTÜN SİRRLƏRİ AÇACAM»

cov

Keçmiş general məhəkəmə prosesini gözlədiyini deyib, amma hansı sirrlərdən bəhs etdiyi barədə danışmayıb Bir müddət əvvəl ləğv edilmiş MTN-in əsas fiqurlarından biri olan, eyni zamanda iş adamlarından külli miqdarda pul aldığı üçün həbs edilən Akif Çovdarov artıq hədə diliylə danışmağa başlayıb. Bu barədə JAM.AZ-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub. Həmin məlumatlarda deyilir ki, ötən gün Akif Çovdarov hədə-qorxu ilə pul aldığı şəxslərdən daha biriylə üzləşdirilib. Həmin üzləşdirmə zamanı keçmiş general təkcə hər şeyi qəbul edəcəyini deyil, həmçinin təhdid diliylə də danışmaqdan çəkinməyib. Mənbə bildirir ki, Akif Çovdarov onun üçün artıq heç bir şeyin fərqi olmadığını, istintaq orqanlarının istədiyi şeyi yaza biləcəyini deyib. Ardından da bildirib ki, o, bundan sonra çox yaşamayacaq. Amma keçmiş general təhdid tonuna da keçərək, artıq susmaq niyyətində olmadığını da bildirib. JAM.AZ-a məlumat verən mənbələr bildirib ki, Akif Çovdarov məhkəməni gözlədiyini və orada bütün sirrləri açacağını da deyib. Çovdarovun konkret olaraq kimləri hədəf aldığı və hansı sirrləri açacağı barədə istintaqla yanaşı, bir çox dairələr də məlumatsızdırlar. Böyük ehtimalla o, MTN-də baş verən ən çirkin olaylarla bərabər, hakimiyyətdə təmsil olunan məmurlar barədəsində də hansısa bilgilərə malikdir. Və bu yolla təhdid edərək, azadlığa çıxmaq istəyir. Bu əsnada onu da bildirək ki, Akif Çovdarov hazırda 1 saylı istintaq təcrdixanasının tibb məntəqəsinə yerləşdirilib. Onun məntəqənin 7 saylı palatasında qaldığı deyilir.

8 İyun 2016 6:17

Əziz Əzizov “taxta biznesi” ilə də məşğul olur

ssss

Məlum olduğu kimi Cəlilabadın icra başçısı iri şəbəkəli biznes sahibidir. Onun bir neçə yerdə binalar tikdirdiyi,çorək zavodlarının olduğu,mebel sexlərinə sahibləndiyi qeyd olunur.Həmçinin icra başçısının səlahiyyətlərindən istifadə edib Cəlilabadda meşələri kəsdirib satdırıdığı da qeyd bildirilir.Ona bu işdə müavini Vidadi Dövlətov dəstək olur,cəllabadda sahibkarlar sıxışdırılır mebel işi bir əldə cəmləşdirilir. Bunda əlavə hər il yanacaq məqsədi ilə məhv edilən meşələrdən yüzlərlə maşın odun çıxarılır. Əhaliyə və təhsil şöbələrinə satılan  odundan isə külli miqdarda gəlir də götürülür. Belə ki, hazırda rayonda bir maşın odunun qiyməti 350 manatdır,pulsuz odun qırmaq üçün cəllabad meşələrinə odun qırmağa heç kim cəsarət etməz. Redaksiyamıza daxil olan məlumatda o da qeyd olunur ki, Cəlilabad Meşə Təsərrüfatı və Bərpası müəssisəsinin rəhbərliyi bu işə artıq biznes kimi yanaşır,icra başçısına əsaslı dəstək verir . Çünki belə olmasaydı o,arxayın şəkildə hərəkət etməz hüquq mühafizə orqanlarına  saymazyana davranmazdı. .Sayta daxil olan məlumata görə, Əziz Əzizov hər ay əldə etdiyi gəlirdən Cəlilabad Meşə Təsərrüfatı və Bərpası müəsissəsinin müdirinə meşədə apardığı agac qırma işinə görə 3000 manat "haqq” verir.  

8 İyun 2016 5:40

Daha bir rusiyalı müğənni Azərbaycan XİN-ə müraciət etdi

xin

Rusiya Federasiyasının vətəndaşı, müğənni, aktyor və bəstəkar, "Чай вдвоём" qrupunun keçmiş üzvü Denis İliç Klyaver Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib. Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məktubunda D.Klyaver Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb. Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, D.Klyaver Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. D.Klyaver, həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib. D.Klyaverin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

8 İyun 2016 5:19

Taleh Qaraşov təkrar icra başçısı olmaq şansını sıfırlayıb

as

Lənkəran rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən uzaqlaşdırılacaq. Bu barədə məlumat verən şəxs hesab edir ki, buna səbəb icra başçısından Prezident Aparatına və digər orqanlara göndərilən şikayətlərin coxlugudur. Son bir ildə Taleh Qaraşovdan Prezident Adminstrasiyasına olunan şikayətlərin faizi ötən illərlə müqayisədə daha çoxdur. Bu isə onun göstəricisidir ki, Lənkəranda əhali narazı salınıb. Təbii ki, belə hallar ölkə rəhbərliyi tərəfindən yaxşı qarşılanmır. Ola bilsin ki, Taleh Qaraşov yaxın bir ayda Lənkəran RİH-dən uzaqlaşdırılsın. Ehtimallara söykənib bunun səbəbləri barədə bəri başdan fikir söyləmək də olar. Birinci başlıca səbəb odur ki,Lənkəran rayonundan ölkə rəhbərliyinə olunan şikayətlər həddindən artıq çoxdur,digər tərəfdən icra başçısının iş adamlarından bir müddət əvvəl yığdırdıgı “töycü” rayonda orta sahibkarlıgı müflis edib.Vəzifəyə irəli çəkilməsi və digər məsələlər üçün bir müddət əvvəl Taleh Qaraşova qarşı irəli sürulən 150 min manat rüşvət iddiası söylədiyimizin kiçik bir faizidir. Məsələn,bu yaxınlarda Bakı şəhəri Mikayıl Muşviq küçəsi,501-ci məhəllə ev 8b,mənzil 31-də yaşayan Ağayev Ağaəsgər Yusif oglu Azərbaycan hüquq mühafizə orqanlarına ünvanladıgı şikayət məktubunu ölkə mətbuatı da tirajladı.Şikayətçinin ərizəsindən aydın oldu ki,əlində məhkəmə qərarı olsada Lənkəran rayon icra hakimiyyəti onun baba yurdunu satıb.Daha dogrusu baba yurdunu almaq ilk əvvəl onun özünə təklif olunub.O,bu təklifə təəccüb edib narazılığını bildirsə də buna əhəmiyyət verən olmayıb.Bu başqa bir yazının mövzusudur,irəlləyən saylarımızda məlumat verəcəyik. Faktinfo.az saytına bildirilir ki,əgər bu gün Lənkəranda bütün təşkilat rəhbərləri dövlət əmlakının talanmasında təqsirli bilinərsə bu da rayon icra hakimiyyəti başçısının”xidməti”hesab edilməlidir.Çünki,gəzən söz-söhbətə görə Taleh Qaraşov bundan ehtiyatlanır,artıq bir çox təşkilatlarda yoxlamalar başlayıb. İkinci, rayonda ağacların qırılması bir müddət əvvəl kütləvi xarakter almışdı. Hətta,Heydər Əliyev Fondunun vitse prezidenti, İDEA Təşkilatının rəhbəri Leyla Əliyevanın rayon icra hakimiyyətinin düz qabağında yerləşən Lənkəran xiyabanında olan ağacların qırılmasını nəzarətinə götürməsi də böyük mətləblərdən xəbər verirdi ki,İcra Başçısı vəziyyətdən narahat olmaya bilməzdi.Bunu Taleh Qaraşovun özü də yəqin etməmiş deyil və ona o da aydındır ki,onunla baglı yektil fikir yoxdu. Bu səbəbdən Taleh Qaraşov istəyər ki,nə qədər gec deyil Lənkəran rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini başqa rayonla əvəzləsin. Bunun isə nə dərəcədə mümkün olacağı özünə də bəlli səbəblərdən çox çətindir. Üçüncü, Taleh Qaraşovun anadan olduğu Kürdəmir rayonunun Pirkənd kəndində yaşayan insanlar hüquq mühafizə orqanlarına, ölkə prezidentinə şikayətlər ediblər. Səbəbi də Taleh Qaraşovun qardaşı Valeh Qaraşovun Pirkənd sakinlərinin 200 hektar pay torpaqlarını özü əkməsidir. Bu amil də Kürdəmirdə narazılığa səbəb olub, kənd insanları ölkə rəhbərliyinə,hüquq mühafizə orqanlarına şikayətlər ünvanlayıb,pozulmuş hüquqlarının bərpasını istəyiblər.Bu isə o qənaəti yaradıb ki,qardaşların əməlləri Kürdəmirə də sirayət edib,bu da yuxarı dairələrə yaxşı təsir bağışlamayıb. Yaranmış narazılığı Taleh Qaraşov tənzimləyə bilsə də, bu hərəkət kasıb insanların çörəyinə əl uzatmaq kimi pis fikir yaradıb. Belə çıxır ki, Taleh Qaraşov nəinki Lənkəranda, eləcə də Kürdəmir rayonunda narazılıq yaradıb. Təbii ki, bütün bunlar Taleh Qaraşovun təkrar digər rayona icra başçısı göndərilməsi ehtimalını sıfırlayır. FAKTİNFO.AZ

8 İyun 2016 1:59

Fakt

Bizi izləyin