Hər 10 nəfərdən 9-u bayraq alır – Bakının bayraq mağazalarından

Son günlər ərzində cəbhədən gələn acı xəbərləri ovudan yeganə təsəlli torpaqların geri qayıtması ilə yanaşı, insanların mənəvi cəhətdən birləşməsi, bütövləşməsi oldu. Bu qədər vəhdəti biz axırıncı dəfə, yəqin ki, 90-cı illərdə görmüşdük. Bakının bütün binalarında bayraqlar asılıb, şəhərin əksər tablolarında “Şəhidlər ölməz, vətən bölünməz!” şüarları… Elə bu həftə Bakının dəftərxana ləvazimatları mağazalarında ən çox satılan bayraqdır. Ən maraqlısı isə bayrağa sevginin azyaşlı uşaqlarda olmasıdır. Virtualaz.org-un araşdırmasına görə, şəhərin bayraq satılan bütün mağazalarında heç vaxt olmadığı qədər qələbəlik var. Satıcılar da son günlər insanlarda ruh yüksəkliyi yarandığını təsdiq edirlər. Satıcı Emin Babayevin virtualaz.org-a bildirdiyinə görə, bayraq görəndə ən çox sevinən uşaqlardır: “Bu 3 gün ərzində mağazaya daxil olan hər 10 nəfərdən 9-u bayraq alır. Bu gün gələnlərin çoxu uşağı, nəvəsi ilə gələn valideynlər olub. Balacalar bayraq görən kimi sevinib üstünə cumurlar. Əvvəllər yalnız dövlət idarələrində çalışanlar bayraq alırdılarsa, indi əsas alıcılar adi vətəndaşlardır”. Digər satıcı Vahid Mansurovun sözlərinə görə, alıcılar daha çox eyvan və pəncərələrdən asmaq üçün olan böyük ölçülü bayraqları alırlar: “Gün ərzində ümumilikdə ən azı 50-60 ədəd bayraq satırıq. Amma daha çox böyük ölçülü - kürəyə bağlamaq və ya eyvana sancmaq üçün olan bayraqları alırlar. Avtomobilə vurulan və uşaqların əllərində tuta bildikləri kiçik bayraqlar da xeyli satılır. Bu, məncə, çox yaxşı haldır ki, insanlarda bayrağa bu qədər sevgi yaranıb. Əvvəllər heç vaxt görmədiyimiz bütün yerlərdə indi bayraqlar asılıb”. Alıcı Azər Rəsulov da çiyinə bağlamaq üçün bayraq axtarırdı. Onun virtualaz.org-a bildirdiyinə görə, şəhərdə bu qədər bayrağı daha əvvəl Avropa Oyunları zamanı görüb: “Oğlumun istədiyinə görə bayraq alıram. Əslində, evimizdə bir neçə bayraq var, amma onlar stolüstü bayraqlardır. Məktəbdə bütün uşaqlar aldıqlarına görə oğlum da həvəslənib. İnsanların, xüsusən də, məktəblilərin bayrağı bu qədər sevməsi qürurvericidir. Biz şəhərdə bu qədər bayrağı Avropa Oyunları vaxtı görmüşdük, heç onda da bu qədər çox deyildi”. Mağazalarda ən kiçik bayraqlar stolüstü, həm də tədbir və mitinqlər zamanı əldə tutmaq mümkün olan bayraqlardır. Bunların qiyməti standart olaraq 1 manatdır. Bundan başqa, 0,75x1 və 0,50x1 metr ölçüdə bayraqlar da var ki, bunların qiyməti 3 – 7 manat arasında dəyişir.

7 Aprel 2016 3:35

Azərbaycan İsraildən gözlədiyi cavabı aldı…

İsrail yenidən alovlanan Qarabağ münaqişəsinə münasibətdə bitərəf qalmağa çalışır. Bununla bağlı Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Jerusalem Post” qəzetinə müsahibəsində deyib ki, ölkəmiz İsrailin bu məsələ barədə öz mövqeyini bildirməsində maraqlıdır. Jurnalistin “Siz hörmət və ehtiram bəslədiyiniz İsraildən nə gözləyirsiniz” sualının cavabında Əli Həsənov deyib: “Biz istərdik ki, İsrail burada baş verən hadisələrə münasibətini bildirsin. İsrail dünya birliyinin və ATƏT-in üzvü kimi Ermənistandan atəşi dayandırmasını, danışıqlara başlamasını və beynəlxalq hüquq normalarına hörmət etməsini tələb edə bilər”.Əli Həsənov bildirib ki, İsrail Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan öz tərəfdaşlarından gözləyir ki, onlar ölkəmizin işğal edilmiş ərazilərində qoşunların təmas xəttində Ermənistan tərəfindən törədilmiş aqressiv hərbi provokasiya ilə bağlı son hadisələrə münasibət bildirsin.Bəs İsrailə xüsusi önəm verilməsi nə ilə bağlıdır? İsrailin mövqeyi bu qədərmi əhəmiyyətlidir və hansı təsirləri ola bilər? “Qafqazinfo” xəbər verir ki, siyasi ekspert Bəxtiyar Hacıyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycan son günlərdə öz haqlı mövqeyinin dünyaya çatdırılması, Ermənistanın danışıqlar masasına oturması və konstruktiv mövqe göstərməsi üçün müxtəlif yollarla təzyiqlərə çalışır. Əli Həsənovun İsraildən Azərbaycanın strateji tərəfdaş kimi ortaya mövqe qoyması gözləntisi çox güman ki, İsrailin Ermənistana birbaşa təsir imkanlarına görə yox, İsrailin aparıcı Qərb dövlətlərində, xüsusilə ABŞ-da çox güclü lobbi təşkilatlarının olmasına görədir: “Heç kimə sirr deyil ki, ABŞ-da müxtəlif postlara, o cümlədən ABŞ prezidentliyinə namizədliyini irəli sürən siyasətçilər Amerikadakı AIPAC kimi yəhudi lobbi təşkilatlarının dəstəyini qazanmağa çalışırlar. Azərbaycan prezidenti İlham Əliyev də Vaşinqtona son səfərində AIPAC liderləri ilə görüşdü. Yəhudi lobbi təşkilatları dünyanın bir çox ölkələrində ictimai rəyə, siyasətçilərin qərarlarına təsir edə bilərlər. Bu baxımdan da Əli Həsənovun İsraildən Qarabağ münaqişəsi ilə bağlı mövqe gözləntisini birbaşa İsrailin Ermənistana təzyiqi kimi yox, İsrailin öz lobbi təşkilatları vasitəsilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, münaqişənin həlli istiqamətində addım atması xahişi kimi qəbul etmək lazımdır”. Yeni AXCP-nin rəhbəri Razi Nurullayev isə bildirib ki, Azərbaycan tərəfi özündə haqq görməsəydi, İsrailin bizi müdafiə etməsi gözləntisini dilə gətirməzdi. Əli Həsənov da bu gözləntidən çıxış edərək, İsraili Dağlıq Qarabağda baş verən son olaylara münasibət bildirməyə səsləyib: “Bu da özünü çox gözlətmədi. İsrailin keçmiş xarici işlər naziri Aviqdor Liberman artıq münasibət bildirib və Azərbaycanı açıq şəkildə dəstəkləyib. Azərbaycanla İran arasında son zamanlara kimi davam edən soyuq münasibətin qayəsində dayanan məsələlərdən biri də Azərbaycanın İsrail dövləti ilə yaxşı münasibətlər saxlaması və dostluq etməsi olub. Ölkəmiz İsraillə həm hərbi, həm də digər sahələrdə çoxmilyardlıq işlər görüb. Bu, kiçik vəsait deyil. Əlavə olaraq, Azərbaycan Fələstin məsələsində Türkiyə qədər İsrailin üzərinə getməyib. Ümumiyyətlə, Azərbaycan qədər İsraillə isti və dostluq münasibəti saxlayan ikinci müsəlman dövləti yoxdur. Hətta Azərbaycan Türkiyə-İsrail münaqişəsində İsraillə kiçik bir körpünü belə yandırmadı. Azərbaycanın İsrail dövlətinə qarşı yaxşı münasibəti presedentsiz bir haldır. Ona görə də Azərbaycan tərəfi İsrail dövlətinə ərklə nəsə deyə bilir”. İsrailin sabiq xarici işlər naziri, İsrail - “Bizim evimiz” Partiyasının rəhbəri Aviqdor Libermanın açıqlamasında isə deyilir ki, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi regionun tarixinə, coğrafiyasına, demoqrafik faktlara əsaslanır. Azərbaycan beynəlxalq birlik tərəfindən qəbul edilmiş normalar çərçivəsində özünü çox məsuliyyətlə aparır. O vurğulayıb ki, qoşunların təmas xəttində istənilən provokasiyalar beynəlxalq hüquqların pozulmasıdır. Ermənistanın olayın ciddiliyini tamamilə anlayacağını deyən Liberman İrəvanın özünü hüquq normaları çərçivəsində aparacağına ümid etdiyini bildirib: “Mən çox ümid edirəm ki, beynəlxalq cəmiyyət, ATƏT-in Minsk Qrupu indiki halda obyektiv olacaq, faktlara əsaslanacaq, birtərəfli mövqe ortaya qoymayacaq”. Onun sözlərinə görə, beynəlxalq cəmiyyətin dəqiq mövqeyi münaqişənin həllində çox əhəmiyyətli rol oynaya bilər: “Son hadisələr göstərdi ki, münaqişənin uzanması real faktlardan, obyektiv mövqedən uzaqlaşmağa, problemin həllinə yardımçı olmur. Biz sözsüz ki, Azərbaycan xalqını dəstəkləyirik. Azərbaycan rəhbərliyinin sərgilədiyi ədalətli mövqeni təəssüf ki, başqaları göstərmir”.

7 Aprel 2016 12:56

Prezident İlham Əliyevə yeni mükafat – “Caspian Energy Award“

2016-cı il noyabrın 30-da Bakıda keçiriləcək IV Beynəlxalq "Caspian Energy Forum – 2016"-nın rəsmi açılış mərasimi çərçivəsində Azərbaycan prezidenti, "Caspian European Club"un ("Caspian Business Club") sədri İlham Əliyevə "İlin islahatçısı" nominasiyası üzrə "Caspian Energy Award" beynəlxalq mükafatı təqdim olunacaq "APA-Economics" xəbər verir ki, bunu "Caspian European Club"un ("Caspian Business Club") sədrinin birinci müavini, baş icraçı direktoru Telman Əliyev deyib.“Caspian Energy Award” beynəlxalq mükafatı dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin iqtisadiyyatının inkişafına verdikləri töhfəyə görə, "Caspian Energy"nin oxucu auditoriyasına - siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndəliklərin, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur. "Caspian Energy Award" beynəlxalq mükafatı "Caspian European Club" ("Caspian Business Club") və "Caspian Energy International Media Group"un dəstəyi ilə təşkil olunur.T. Əliyevin sözlərinə görə, "Caspian Energy International Media Group"un təşkil etdiyi beynəlxalq foruma "Caspian European Club"un ("Caspian Business Club") nümayəndələri gələcəklər. Tədbirdə Azərbaycanın və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirlik, komitə və idarələrinin rəhbərləri, Azərbaycanda akkreditasiyadan keçmiş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng xarici şirkətlərin başçıları iştirak edəcəklər.Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin dünya enerji bazarlarına inteqrasiyasının aspektlərinin müzakirəsi nəzərdə tutulan "Caspian Energy Forum" keçiriləcək. Azərbaycanın enerji, nəqliyyat və infrastruktur layihələrindəki hakim mövqeyi, artan "upstream" qaz sektoru, Cənub dəhliz layihələri, Xəzərin resurs potensialı məruzəçi, nümayəndə heyətləri və forum iştirakçılarının diqqət mərkəzində olacaq.Forumun ikinci hissəsində qeyri-neft sektorunun inkişafına həsr olunmuş "Caspian Business Forum" baş tutacaq. "Caspian Business Forum" çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, nəqliyyat, inşaat və s. kimi qeyri-neft sektorlarına innovasiyaların tətbiqi, biznesin aparılması, biznes-hökumət dialoqunun yaradılması məsələləri müzakirə olunacaq.Əlavə olaraq tədbirin proqramında iştirakçıların işi və ünsiyyəti üçün kofe-breyk və işgüzar naharın təşkil olunması nəzərdə tutulub. Forumun rəsmi saytı: www.caspianenergyforum.com Mükafatın rəsmi saytı: www.caspianenergyaward.com

7 Aprel 2016 11:33

Yaponiyadan Azərbaycana Qarabağ dəstəyi

Yaponiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi ilə bağlı bəyanat yayıb Bəyanatda qeyd edilir ki, Yaponiya Dağlıq Qarabağ münaqişəsi zonasında yaranan gərginlikdən dərin narahatlıq keçirir və ölənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir.Bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin yekun həlli Cənubi Qafqazda sülh və stabilliyin bərqarar olması üçün çox vacib şərtdir.Yaponiya ATƏT-in Minsk qrupunun bu münaqişənin həlli ilə bağlı səylərini dəstəkləyir və münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllinə ümid edir.Bəyənata əlavədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verilir. Qeyd edilir ki, Ermənistan ilə Azərbaycan arasında münaqişə obyekti olan Dağlıq Qarabağ Vilayəti Azərbaycan ərazisidir. 1991-ci ildə, Sovet İttifaqının dağılması ərəfəsində əhalisinin əksəriyyəti ermənilərdən ibarət olan vilayət Ermənistana birləşdirilməsini tələb edib və bu, Ermənistanla Azərbaycan arasında silahlı münaqişə həddinə çatıb.Hərbi əməliyyatlar nəticəsində 1993-cü ildə Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz daxil olmaqla Azərbaycanın 20 faiz ərazisi işğal olunub. Rusiya və ATƏT-in iştirakı ilə 1994-cü ildə tərəflər arasında atəşkəs barədə razılıq əldə edilib. 1999-cu ildən başlayaraq, ATƏT-in Minsk qrupunun iştirakı ilə Ermənistan və Azərbaycan arasında münaqişənin tam həlli üçün iki ölkənin liderləri, xarici işlər nazirləri və digər səviyyələrdə danışıqlar davam edir. (Azərtac)

7 Aprel 2016 10:06

​Terrorçu PKK-nın 400 silahlısı işğal altında olan Dağlıq Qarabağa göndərilib

Ermənistana keçən silahlıların 150-si terrorçu PKK-nın Suriyadakı qolu olan PYD üzvüdür Terrorçu PKK qruplaşması Ermənistana dəstək məqsədilə 400 silahlı göndərib. Faktinfo-nun Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, həmin terrorçular PKK-nın Kandil dağı (İraq ərazisi) və Kamışlıdakı (Suriya) düşərgələrindən çıxaraq, Ağrı dağı ərazisindən Ermənistana keçiblər.Ermənistanda silahlılara terrorçu PKK-ya aid "Ağrı Qartalları" adlı qrupun erməni əsilli üzvləri Livan Karadağ, Hemaran Kervaçyan və Servet Bagopşin bələdçilik edib. Onlar üçün Ermənistanın Göyçə gölü (Sevan) sahillərində Vardenis (Göyçə) rayonunda düşərgə salınıb. Terrorçu PKK silahlıları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərilib. Onlar Azərbaycanın işğal altında olan Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarına yerləşdirliblər.Məlumata görə, bu planı KCK ("Kürd İcmaları Birliyi") adlı terrorçu təşkilatın İdarə heyətinin həmsədri Bese Hozat həyata keçirir. O, Türkiyənin Tunceli bölgəsində anadan olub. Ermənistana keçən 400 silahlıdan 150-sinin terrorçu PKK-nın Suriyadakı qolu PYD üzvü olduğu deyilir. Onların arasında erməni etnik qrupuna məxsus silahlının da olduğu bildirilib.Qeyd edək ki, Moskvada terrorçu PYD-nin nümayəndəliyi fəaliyyət göstərir.

7 Aprel 2016 10:00

Latviyalı deputat:”Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirik”

"Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəkləyirik". Bu bəyanat aprelin 6-da Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupu ilə Azərbaycanın Latviyadakı müvəqqəti işlər vəkili Gəray Muradovun görüşündə səsləndirilib. Görüşdə Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Xosams Abu-Meri, qrupun üzvləri Roman Naudinş, Martinş Şits, Sergey Dolqopolov və başqaları iştirak ediblər. G.Muradov deputatları təmas xəttində hərbi əməliyyatların gərginləşməsinə dair Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi məlumatı, ölkənin Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə bəyanatı ilə tanış edib. O deyib ki, Azərbaycan birtərəfli qaydada atəşin dayandırılmasını elan edib, lakin Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri atəşə tutmaqda davam edir. G.Muradov Latviya tərəfinə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə, habelə Seym tərəfindən keçən ilin Xocalı ili elan olunmasına görə təşəkkür edib. Parlamentlərarası qrupun rəhbəri X.Meri qrup üzvləri adından Dağlıq Qarabağ münaqişəsi ərazisində vəziyyətin gərginləşməsinə görə narahatlığını bildirib. Deputat Roman Naudinş xatırladıb ki, Ermənistan 2014-cü ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycandan fərqli olaraq Ukrayna sərhədlərinin pozulmazlığı əleyhinə səs verib. Deputat vurğulayıb ki, bu fakt Ermənistanın təcavüzkar mövqeyini bir daha təsdiqləyir. X.Meri görüşdə Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsini növbəti dəfə təsdiqləyib. Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycan ilə həmrəylik ifadə olunub. Deputatlar Azərbaycanın münaqişəni sülh yolu ilə nizama salmaq niyyətini alqışlayıblar. Görüşdə Latviya tərəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyi barədə Latviya ictimaiyyətinin məlumatlandırılması üçün Dağlıq Qarabağ haqqında latış dilində videoçarx hazırlamağı təklif edib(azərtac).

6 Aprel 2016 7:59

Azərbaycan XİN ermənilərin 3 gündə vurduğu zərəri açıqladı

“Artıq 20 ildən çoxdur Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq etməkdədir”. Faktinfo-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və 1 milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub, Azərbaycan ərazisində çoxsaylı digər müharibə cinayətləri, bəşəriyyət əleyhinə cinayətlər və soyqırımı törədib: “Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən və işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT+Təhlükəsizlik+Şurası">BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə Ermənistan açıq şəkildə məhəl qoymur. 2016-cı ilin 2 aprel tarixində səhər erkən saatlardan başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törədib. Bu müddət ərzində Ermənistan tərəfi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar edib. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik iki uşaq olmaqla, 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb”. Qeyd olunub ki, Ermənistanın hücumları nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastruktura ciddi ziyan dəyib. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılıb. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla, sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilib. Bir məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub. Məlumata əsasən Ermənistanın qeyd olunan cinayətkar əməlləri beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyaları və onlara əlavə protokolların, eləcə də silahlı münaqişələr zamanı mədəniyyət obyektlərin mühafizəsinə dair 1954-cü il Haaqa Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır: “Mülki əhaliyə qarşı törədilmiş bu qəsdli hücumlar nəticəsində çoxlu sayda mülki şəxs özünün yaşamaq, sağlamlıq, təhsil və dini etiqadların yerinə yetirilməsi kimi fundamental hüquqlarından məhrum edilib. Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edilməsinin qarşısının alınması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki mülki əhali və əmlakın təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görməkdədir. Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, regionda hökm sürən gərginliyin başlıca səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur. Ermənistanda bir qrup müharibə canisi tərəfindən idarə olunan hazırkı hərbi diktatura rejiminin son əməlləri beynəlxalq sülh və təhlükəsizlik, eləcə də sivil dünyanın önəm verdiyi dəyərlər üçün ciddi təhlükədir. Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğuna görə ittiham etməyə çağırır. Azərbaycan regionda sülh və ədalətin təmin edilməsi üçün səylərini əsirgəməyəcək”.

6 Aprel 2016 6:25

Cəbhə bölgəsində olan xarici media nümayəndələri ön xətti müşahidə ediblər

Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə bir qrup xarici media nümayəndəsi cəbhə bölgəsində olub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, xarici media nümayəndələrinin Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşü olub. Daha sonra Azərbaycan hərbçilərinin müşayiət ilə jurnalistlər cəbhə bölgəsinin ön xəttini müşahidə ediblər. Media nümayəndələrinə bir neçə gün əvvəl Azərbaycan Ordusunun nəzarətinə keçmiş Lələ təpə yüksəkliyini kənardan müşahidə etməyə şərait yaradılıb. Onlar rayonun Alxanlı kəndində ermənilərin artilleriya zərbələri nəticəsində dağılan evlərə də baxış keçiriblər. Daha sonra xarici media nümayəndələri cəbhənin Tərtər-Ağdam istiqamətinə yola düşüblər. Qeyd edək ki, bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə cəbhə bölgəsində olan qrupa “Al Jazeera International”, “Reuters” “Associated Press” “France-Presse”, Rusiyadan “Kommersant”, “Komsomolskaya pravda”, “Novaya vremya”, Türkiyədən “Anadolu” agentliyi, TRT, İran və Çindən olan jurnalistlər və bir sıra başqa ölkələrin media orqanlarının nümayəndələri daxildir. XİN-dən bildirilib ki, qoşunların təmas xəttində yaranmış gərginliklə əlaqədar və Ermənistanın törətdiyi təxribatlar nəticəsində mülki insanlara və obyektlərə dəymiş zərərləri beynəlxalq ictimaiyyətin diqqətinə daha obyektiv çatdırmaq məqsədilə XİN və əlaqədar qurumların təşkilatçılığı ilə qərara alınıb ki, Azərbaycanda akkreditasiya olunmuş və xaricdən Azərbaycana gəlmiş xarici kütləvi informasiya vasitələri nümayəndələrinin qoşunların təmas xəttinə səfərləri təşkil olunsun. Səfər əsasən Ağdərə, Tərtər və Ağdam istiqamətlərini əhatə edəcək.

6 Aprel 2016 5:47

Lavrovun Bakı səfərinin vaxtı dəyişdi – bu gün gəlir

Lavrovun Bakı səfərinin vaxtı dəyişdi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin vaxtı dəyişdirilib. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuata açıqlamasında deyib.O, bildirib ki, Sergey Lavrov bu gün Bakıya gələcək. Amma Azərbaycan, İran və Rusiya XİN başçılarının görüşü aprelin 7 –də keçiriləcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.Mariya Zaxarova bundan əvvəl Sergey Lavrovun aprelin 7-də Bakıya səfər edəcəyini bildirmişdi. Aprelin 8-də isə Rusiyanın baş naziri Dmitri Medvedev Bakıya gələcək.Lavrov sonuncu dəfə 2015-ci ilin sentyabr ayının 1-də Bakıda səfərdə olub. Həmin görüşdə də Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdu.Rusiya rəsmilərinin bu səfəri isə cəbhədə gərginliyin pik həddə çatdığı bir dövrə təsadüf edir. Dağlıq Qarabağda baş verən son gərginlikdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andryön və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Azərbaycana səfərə gəlib. Onlar prezident İlham Əliyevklə görüş keçiriblər.Həmsədrlər bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda aparılan danışıqlar daha intensiv xarakter almalı və bu danışıqlar nəticəsində münaqişə tezliklə öz həllini tapmalıdır.

6 Aprel 2016 4:38

“Elmlər Akademiyası” metrosunun 1-ci vestibülü bağlanır

Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının I vestibülü aprelin 15-dəb etibarən giriş-çıxış üçün bağlanır. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin TİA.AZ-a verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi üçün tərtib olunmuş tədbirlər planının 2.4 bəndinə uyğun olaraq metropolitenin stansiyalarının yenidən qurulması və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması nəzərdə tutulmuşdur. “Elmlər Akademiyası” stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurduğu üçün Sərəncama əsasən müvafiq qaydada dəyişdirilməlidir. Bunun üçün stansiyanın 1-ci vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır. Bütün bunları nəzərə alaraq “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “Elmlər Akademiyası” stansiyasının I vestibülü 15.04.2016-cı il tarixindən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (BDU tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.“Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.

6 Aprel 2016 10:44

Fakt

Bizi izləyin