Azərbaycanda kimin nə qədər borcu silinəcək? – Komitə açıqladı

millimeclis

Bu gün Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi müzakirə olunub.Publika.az-ın məlumatına görə, komitənin sədri Ziyad Səmədzadə bildirib ki, sənəd prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb.Onun sözlərinə görə, qanun layihəsi sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılmasına hesablanıb.Qanun layihəsi vergi ödəyicilərinin vergilərinin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə borclarının tənzimlənməsi ilə bağlıdır. Layihənin 1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vergilərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqlərində mövcud olan borcları müvafiq icra orqanları tərəfindən silinir.Qanun layihəsinə əsasən, vergi ödəyicilərinin vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 58.7 maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarında şəxsi hesab vərəqlərində mövcud olan borcları müvafiq icra orqanı tərəfindən silinəcək. Eyni zamanda, qanun layihəsinin 2.1 maddəsi nəzərə alınmaqla vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçiriləcək: - vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 70%-i müvafiq icra hakimiyyəti tərəfindən silinir; - vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 50%-i isə müvafiq icra hakimiyyəti tərəfindən silinəcək; - vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70%-i ödənildikdə isə maliyyə sanksiyalarının ödənilməmiş 30%-i müvafiq icra hakimiyyəti tərəfindən silinəcək. Qeyd edək ki, bu qanun layihəsinin müddəaları vergi ödəyicilərinin bu qanununu 1-ci və 2-ci maddələri ilə müəyyən edilmiş borclarının məcburi ödənilməsi barədə məhkəmənin qərarı qəbul edilmiş, lakin 2017-ci ilin 1 yanvar tarixindən mövcud olan ödənilməmiş hissələrinə şamil edilir. Milli Məclisin plenar iclasında qanun layihəsi qəbul edilərsə, sənəd 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

20 Dekabr 2016 3:29

Prezident ağır sənaye ilə bağlı “Strateji Yol Xəritəsi”ni təsdiqlədi –FƏRMAN

ilham-7

Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilib.Yol Xəritəsində Azərbaycanda ağır sənaye və maşınqayırma sahəsində strateji hədəflər müəyyən edilib. Məqsəd mövcud resurslar nəzərə alınmaqla və ağır sənaye və maşınqayırma sektorunda müasir tənzimləmə və təşviq siyasəti tətbiq edilməklə qeyri-neft sənayesinin dinamik inkişafı vasitəsilə ölkə iqtisadiyyatının diversifikasiyasına, ağır sənaye və maşınqayırma sahəsində əlavə dəyərin və məşğulluğun artırılmasına, ətraf mühitin qorunmasına və nəticədə dayanıqlı iqtisadi inkişafa nail olmaqdan ibarətdir.Bu məqsədə çatmaq üçün milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri rəhbər tutulmaqla, 2016-2020-ci illər ərzində Azərbaycanda ağır sənaye və maşın qayırma sahəsində aşağıdakı strateji hədəflər müəyyən edilib: – mövcud aktivlərin optimallaşdırılması; – rəqabətədavamlı sektorun yaradılması; – maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi. 2020-ci ilədək nəzərdə tutulan hədəflərə nail olunması nəticəsində Azərbaycanda real ÜDM-in 1 milyard 560 milyon manatadək artacağı, 7700 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi ilə daha ərtaflı burada tanış olmaq mümkündür. Modern.az

20 Dekabr 2016 2:44

Azərbaycan ABŞ-a bu silahları satır – FOTOLAR

abssatmaq

Ötən həftə müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə maraqlı açıqlama verib. Nazir bildirib ki, Azərbaycan bir çox ölkələrə, o cümlədən Amerikaya silah satır. Bu xəbər ölkə miqyasında böyük rezonans doğurdu. İnsanları Azərbaycanın ABŞ-a hansı silahları satması maraqlandırır. Hərbi ekspert Rəşad Süleymanov azvision.az-a açıqlamasında bildirib ki, Azərbaycan 2013-cü ildən başlayaraq xarici ölkələrə silah və sursatların ixracını həyata keçirir.Ekspertin sözlərinə görə, xaricə ixrac 2013-cü ildə 123 milyon dollarlıq, sonraki ildə isə təxminən bundan 10 milyon dollar az olub: “2016-cı il üçün ixracat rəqəmləri 120 milyon dollardan çox olub. Azərbaycan Türkiyə, Rusiya, Belarus, Cənubi Koreya, Cənubi-Şərqi Asiyanın bir neçə ölkəsinə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ), Pakistan və Amerika Birləşmiş Ştatlarına (ABŞ) silah ixrac edir”. R.Süleymanov qeyd edib ki, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və Amerika şirkətləri arasında Azərbaycan istehsalı olan döyüş sursatlarının ixracına dair ilk müqavilə İordaniyada Xüsusi Təyinatlı Qüvvələrin sərgisində imzalanıb: “Sonrakı illərdə kiçik həcmli layihələr əhəmiyyətli bir rəqəmə çevrilib. ABŞ-a ixrac 2013-cü ildən başlanıb. Azərbaycan Amerika Birləşmiş Ştatlarına (ABŞ) əl qumbaraatanları, minaatanlar, minaatanlar üçün döyüş sursatları, bəzi optik cihazların ixracını həyata keçirir. ABŞ şirkətlərindən birinin nümayəndəsi sursatların testlərindən sonra çox məmnun qaldığını bildirmişdi. Qeyd etmişdi ki, Azərbaycanın istehsal etdiyi RPG-7V-2 əl qumbaraatanları öz keyfiyyətinə görə Bolqarıstanın “Arsenal” şirkətinin istehsal etdiyi bu tip silahlardan daha üstündür. Halbuki Bolqarıstan NATO ölkəsidir və onun ixracı daha asan ola bilərdi. Həmin nümayəndə Azərbaycanın istehsal etdiyi əl qumbaraatanın öz imkanlarına və funksiyalarına görə daha mükəmməl olduğunu söylədi. ABŞ həmçinin bəzi ölkələrin təchizatçısı rolunda çıxış edir. Həmin alınan silahların bir hissəsi ABŞ-da qalır, müəyyən hissəsi müttəfiq ölkəyə satılır. İxracat ABŞ-ın adına gerçəkləşdirilir”. Hərbi ekspert vurğulayıb ki, Azərbaycan qonşu Rusiyaya “Hava-hava” tipli dördüncü nəsil aviasiya raketlərini ixracını həyata keçirir: “Rusiyanın sualtı gəmilərində Azərbaycan istehsalı olan 10-a qədər mühüm cihazdan istifadə edilir. 2016-cı ildə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyi Rusiya kosmik qoşunlarından kosmik gəmilərdə istifadə olunan sərfölçən deyilən avadanlığın ixracına dair sifarişlər alıb. Bu cihaz yanacaq sistemə nəzarət edir”.

19 Dekabr 2016 4:05

“MTN işi” davam edir:“Mənə dedi ki, Çovdarovun səni bağışlaması üçün 100 min verməlisən”

akif-covdaro-v-qandal

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə zərərçəkmiş “Süleyman Transport” MMC-nin təsisçisi Fikrət İbrahimov ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirib ki, MTN əməkdaşları tərəfindən külli miqdarda pulu əlindən alınıb. (APA) İfadəyə əsasən, F. İbrahimov dostu vasitəsi ilə tanıdığı Vidadi Hüseynova 300 min manat pul verərək, “Qala” MMC-yə məxsus Quba rayonu Vəlvələ çayında olan daş karxanasına şərik olub. 2014-cü ildə Qazaxıstanda olarkən ona gizli nömrədən zəng gəlib. Özünü Mübariz kimi təqdim edən şəxs MTN-də çalışdığını qeyd edib. Mübariz Fikrət İbrahimovu təcili MTN-ə çağırıb. Fikrət İbrahimov ertəsi gün Qazaxıstandan gələrək MTN-ə gedib. Mübariz ona Akif Çovdarovun işçisi olduğunu deyib.Fikrət İbrahimov deyib ki, Mübariz ondan “Süleyman Transport” və Qala MMC-nin fəaliyyəti, gəlirləri, direktoru və təsisçiləri haqqında məlumat almağa başlayıb: “Mübariz dedi ki, sizin xarici ölkələrdən yük daşımasında nöqsanlarınız var, cinayətkar fəaliyyət göstərirsiniz. O, həmçinin yükdaşıma şirkətinin sahibi Rəşad Babazadə haqqında mənə suallar verdi. Dedim ki, Rəşad dostumun tanışıdır, 2011-ci ildə mənim yanımda çalışıb, sonra çıxıb gedib, sonrakı fəaliyyətindən xəbərsizəm. Mübariz dedi ki, şirkətinin adını niyə “Süleyman Transport” qoymusan. Çox primitiv suallar verirdi. Mən başladım gülməyə. Əsəbləşdi, mənə dedi ki, “sən bilirsən, hansı təşkilata gəlmisən, sən MTN-in gücünü bilmirsən”. Təxminən 1 saatdan sonra Rəşadı da yanıma gətirib üzləşdirdi. Rəşad da mən deyənləri dedi. Mübariz kiməsə zəng edib otağa çağırdı. Bir müddətdən sonra Akif Əliyev içəri girdi. O, başladı hədə və şantaj xarakterli suallar verməyə. Dedi, işini yoxlatdırıb səni də, Vidadi Hüseynovu da həbs edəcəm. Mübariz məndən izahat almağa başladı, axşam üstü saat 6-da məni dedi, get, səhər 10-da mühasibatlıq sənədləri ilə gəl”. Zərərçəkmiş şəxs qeyd edib ki, həmin gün MTN-dan çıxaraq şəriki Vidadi Hüseynova zəng edib: “Vidadiyə zəng elədim, Almaniyada olduğunu dedi. Dedim ki, MTN şirkətdə yoxlama aparır. O, heç nə demədi. Mübariz 3 gün məni MTN-in binasına çağırdı. İzahatlar aldı. Sonra məni nazirliyinin yanındakı poliklinikanın yanında görüşə çağırdı. Getdim. Birbaşa olaraq məndən 30 min manat pul istədi. Bildirdi ki, pulu verməsəm, məni həbs edəcəklər. Onunla söhbət edib 12 minə razılaşdıq. Ordan çıxıb polis rəisi olmuş dostum Bəhramın yanına getdim. Xahiş etdim ki, pulu verməyə birlikdə gedək. Səhəri gün maşınımla MTN-in qabağındakı dayanacağa gəldim. Mübarizə zəng vurdum. Aşağı gəldi. 12 min manatı qəzetə bükülmüş şəkildə Mübarizə təqdim elədim”. Zərərçəkən şəxs ifadəsində MTN polkovniki Akif Əliyevin onu otağına çağırdığını deyib. F.İbrahimov bildirib ki, Akif Əliyev otaqda onu hədələyib: “Akif otağa girən kimi üstümə düşdü. Dedi, “biz sənə tapşırmışdıq ki, bizə verdiyin pulun səsi çıxmasın, sən kimsən ki, bu söhbəti yayırsan. Hələ MTN-in adından da istifadə edib dələduzluq edirsən”. Akif Əliyev hətta Akif Çovdarovun məndən narazı olduğunu, bütün fəaliyyətimin yoxlanacağını və həbs ediləcəyimi dedi. Bir neçə gün keçdi. Akif Əliyev yenə məni MTN-ə çağırdı və belə dedi: “Akif Çovdarovun səni bağışlaması üçün 100 min manat verməlisən”. O qədər pulumun olmadığını dedim. 50 min manatda razılaşdıq. Səhəri gün 40 min manatı birtəhər düzəltdim. Anara zəng elədim. Nazirliyinin yanında olan 20 nömrəli məktəbin yaxınlığında görüşdük. 40 min verdim dedim ki, 10 min əskikdir. Anar zəng edib, məsələni Akif Əliyevə dedi. 10 minə görə bir neçə gün vaxt verdilər. Üstündən 3-4 gün keçmiş Anar yenə zəng elədi, 10 min verməli olduğumu yadıma saldı. Səhər nazirliyin qabağına gələrək, qəzetə bükülmüş şəkildə 10 mini də verdim”. Fikrət İbrahimov özünü ona Mübariz kimi təqdim edərək birinci dəfə ondan 12 min manat alan şəxsin sonradan nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 3 şöbəsinin sabiq rəisi Orxan Osmanov olduğunu bilib: “Mənə müxtəlif fotoşəkillər göstərdilər, Mübariz kimi tanıdığım şəxs, sən dəmə, Orxan Osmanov olub”. Proses davam edir. Qeyd edək ki, Ş. Qurbanov istintaq zamanı ifadəsində 500 min dollar, 380 min dollarlıq brilyantı A. Çovdarova verdiyini deyib.

19 Dekabr 2016 2:43

Qubad İbadoğlu:“Hökumət ya “yumşaq” ucuzlaşmanı davam etməli, ya da 3-cü devalvasiyaya getməlidir”

qubad-ibadoqlu77

İqtisadçı Qubad İbadoğlu milli manatın taleyi ilə bağlı öz təxminlərini yazıb. Q.İbadoğlunun bildirməsinə görə, bu günlər prezidentin təsdiqlədiyi Strateji Yol Xəritəsində qeyd edilir ki, tam üzən məzənnə rejimi istehlak səbətində idxal məhsullarının payı azalacağı halda mümkün olacaq: “Son statistik məlumatlar onu göstərir ki, hətta ötən il tam üzən məzənnə rejiminə keçid üçün şərait bu illə müqayisədə daha əlverişli olub. Bu ilin 11 aylıq gömrük məlumatlarına görə, Azərbaycanda xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən ilin eyni dövrünə nisbətən 1 milyard 824 milyon 200 min dollar və ya 75 faizə qədər azalıb”. Q.İbadoğlu yazır ki, müqayisə olunan dövrdə ixracat 2 milyard 304 milyon 300 min dollar və ya 30 faizdən çox azalıb. İdxal əməliyyatları da 479.4 milyon dollar və ya 6 faizə qədər azalıb: “Göründüyü kimi, ixracatın azalması tempi idxalı 6 dəfə üstələyib. Bu isə o deməkdir ki, istehlak səbətində idxal məhsullarının payının azalması ilə bağlı gözləntilər özünü doğrultmayıb. Əksinə, bu ilin 11 ayında qeyri-neft ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 20.6 faiz və ya 488 milyon dollar azalıb”. Bu səbəbdən də gələn il tam üzən məzənnə siyasətinə keçiləcəyinə iqtisadçı bir qədər şübhə ilə yanaşır: “Çünki hazırkı şərtlər daxilində manatın ABŞ dollarına nəzərən kursu tam üzən məzənnə rejimində sürətli sıçrayışa məruz qala bilər”. İKİ SSENARİ… Q.İbadoğlu belə olan halda hadisələrin iki ssenari üzrə inkişafını istisna etmir: “Əgər hökumət tam üzən məzənnə rejiminə keçiddə israrlıdırsa, onda ya yumşaq devalvasiyanı daha sürətlə davam etdirməli, ya da kəskin 3-cü devalvasiyaya qərar verməlidir. Sonrakı mərhələdə tarazlaşdırılmış məzənnə indiki kursdan çox fərqlənməsin deyə”. Q.İbadoğlunun fikrincə, əgər hökumət üzən tənzimlənən məzənnə siyasətini davam etdirəcəksə, onda manat gələn ildə də, bu ildə olduğu kimi, kiçik templə olsa da, dəyər itirməkdə davam edəcək: “Bu halda Mərkəzi Bank toplanmış strateji valyuta ehtiyatlarını «tonqalda yandırmaqla», Dövlət Neft Fondu isə izafi manat ehtiyatı hesabına anbarlarını milli valyuta ilə doldurmaqla məşğul olacaq. Hər iki ssenaridə manat ABŞ dollarına nəzərən ucuzlaşacaq, onlar arasında yeganə fərq ucuzlaşmanın tempində olacaq. Birinci ssenaridə ucuzlaşma tempi indikindən daha sürətli, ikinci variantda isə hazırkı səviyyədə olacaq”.

19 Dekabr 2016 1:49

Sabah türk lirəsi ilə bağlı kritik qərar açıqlanacaq

1

ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırandan sonra Türkiyə Mərkəzi Bankının (TCMB) sabah, dekabrın 20-də keçiriləcək iclasında qəbul olunacaq qərar maliyyə bazarlarının diqqət mərkəzindədir. "Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, maliyyə bazarları TCMB-nin uçot dərəcəsini 0,25 faiz bəndi, faiz dəhlizinin üst həddini isə 0,5 faiz bəndi artıracağını proqnozlaşdırır. Lakin Mərkəzi Bankın faizləri sabit tutaraq maliyyə bazarlarının reaksiyasını yoxlayacağı fikrini də irəli sürən analitiklər az deyil. Xatırladaq ki, uçot dərəcəsi faizi dedikdə, Türkiyədə 1 həftəlik REPO faizləri əsas götürülür.Qeyd edək ki, bu, TCMB-nin 2016-cı ildə sonuncu iclası olacaq. Noyabrın 24-də keçirilən əvvəlki iclasda TCMB faiz dəhlizinin üst həddini 0,25 faiz bəndi artıraraq 8,5%-ə, uçot dərəcəsi və ya 7 günlük REPO faizlərini isə 0,5 faiz bəndi artıraraq 8%-yüksəldib. "Report"un analitik qrupu TCMB-nin sabahkı iclasda faizləri artıracağı təqdirdə dolların məzənnəsinin 3,40 TRY/USD-yə qədər geriləyəcəyini bildirir. Əks halda, dolların məzənnəsi tarixi rekord səviyyə olan 3,60 3,40 TRY/USD-ni keçə bilər. Belə ki, növbəti iclasın nə vaxt keçiriləcəyi ilə bağlı məlumat yoxdur. "Report" xəbər verir ki, TCMB-nin pul siyasəti iclaslarının 2017-ci ildən etibarən ildə 8 dəfə keçirilməsini nəzərdə tutan dəyişiklik dekabrın 16-da parlamentə təqdim edilib. Buna qədər TCMB pul siyasəti iclaslarını ayda bir dəfə keçirirdi.

19 Dekabr 2016 12:41

Fakt

Bizi izləyin