Təyyarə qəzasında ölənlərin cəsədləri Bakıya gətirildi

teyy

  Mayın 18-də Əfqanıstanda qəzaya uğrayan “Silk Way” aviaşirkətinin “An-12” yük təyyarəsinin həlak olmuş yeddi heyət üzvünün cəsədləri bu gün Bakıya gətirilib. Bundan sonra zəruri məhkəmə-tibbi ekspertizası aparılacaq. Bu barədə Publika.az-a Azərbaycan Mülki Aviasiya Administrasiyasından məlumat verilib. Xatırladaq ki, qəzaya uğrayan təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülmüşdü. Təyyarə Dvayerə Baqrandan (Əfqanıstan) gəlmişdi və yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşmüşdü. Təyyarənin göyərtəsində yük olmamışdır. Təyyarənin göyərtəsində beş Azərbaycan vətəndaşı, üç Ukrayna vətəndaşı və bir Özbəkistan vətəndaşından ibarət (hava gəmisinin kapitanı) doqquz ekipaj üzvü olmuşdur. Hadisə nəticəsində iki Ukrayna vətəndaşı - texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalmışdır. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir və onlara bütün lazımi tibbi yardım göstərilir. Bundan əlavə, qəzaya uğrayan “An-12” təyyarəsinin “qara qutuları” Bakıya gətirilmişdir və onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. “Qara qutuların” oxunması ilə Azərbaycan tərəfi Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri ilə birlikdə məşğul olacaq. Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən yaradılmış komissiyanın nümayəndələri hadisə yerində işləri davam etdirirlər.

20 May 2016 4:02

MTN generalının evində işləyənlərin “qanlı köynəyi”…

ssss

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Teymur Quliyevin evində usta işləmiş Ramil və Vasif Aslanov qardaşlarının cinayət işi üzrə Nərimanov rayon Məhkəməsində növbəti proses keçirlib. Qardaşlar Cinayət Məcəlləsinin 145.2.4 və 221.2.1-ci maddələri ilə təqsirləndirilirlər. Amma bu gün keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs Həsənov Elmir Abid oğlu bundan əvvəlki “ənənəsinə” sadiq qalaraq yenə məhkəməyə gəlməyib. Bu haqda Modern.az saytına Aslanov qardaşlarının vəkili Adəm Məmmədov məlumat verib. Vəkil deyib ki, Həsənov Elmir iki qardaşın qanunsuz həbs olunması üçün verdiyi yalan ifadəyə, həmçinin bir çox şəxslərin pulunu ələ keçirdiyinə və həbs olunacağından qorxduğuna görə ölkədən qaçıb. İbtidai istintaq zamanı A.Məmmədov tərəfindən verilmiş vəsatətin bir hissəsini təqdim edirik. “Zərərçəkmiş şəxs Elmir Həsənovun ibtidai istintaqa təqdim etdiyi və cinayət hadisəsinin törədilməsi ehtimal olunan vaxtda yazılmış səs yazısı qısaldılaraq təxminən 20 dəqiqədən 1 dəqiqəyədək azaldılıb, əsas məqamları qərəzli olaraq gizlədib. Belə ki, qısaldılmış formada təqdim olunmuş səs yazısını istədiyi formada özü şişirdilmiş əlavələr etməklə ibtidai istintaqın istiqamətini dəyişərək, qanunsuz ittihamın verilməsinə nail olub. Sonradan həmin səs yazısının tam versiyasının əldə olunaraq tərəfimizdən istintaqa təqdim olunmasına baxmayaraq, prokurorluq orqanı əməldə hətta inzibati xəta müəyyən edilmədiyi halda, onlara qarşı qanunsuz ittihamı israrla müdafiə edir. Onu da əlavə etmək istəyirəm ki, istintaq təxminən 20 dəqiqəlik səs yazısını araşdırma apararaq sübut kimi qəbul etmək məcburiyyətində qalıb. Bəllidir ki, həmin səs yazısını dinləmiş hər bir istintaqçı təqsirləndirilən şəxslər Aslanov qardaşlarının xeyrinə qərar qəbul etməli idi. Bundan başqa, səs yazısından və digər hallarla tam müəyyən olunmuş və hadisənin birbaşa şahidi olan şəxslərin (Saleh və Valeh qardaşları) obyektiv şəkildə hərtərəfli dindirilməsi təmin olunmayıb. Bizdə olan şifahi məlumata görə onlara (Saleh və Valeh qardaşları) istintaq orqanı tərəfindən təzyiq göstərilməklə təqsirləndirilən şəxslərə qarşı həqiqəti əks etdirməyən və məlum səs yazısını inkar edən, şahid ifadlərinə imza atdırıblar. Halbuki, həmin şahidlər (Saleh və Valeh qardaşları) ehtimal olunan hadisə ilə bağlı obyektiv şəkildə dindirmələrini istintaq orqanından israrla tələb etsələr də, təəssüf ki, müstəntiq Ceyhun Mirzəyev bundan qanunsuz olaraq imtina edir. Hətta həmin şahidlərlə təqsirləndirilən şəxslər arasında aparılmış üzləşdirmə istintaq hərəkəti Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerində (MSY) formal şəkildə, yəni müstəntiq tərəfindən əvvəlcədən tərtib olunmuş protokola imza atılmaqla qısa müddətə yekunlaşdırılıb. Bundan başqa, müstəntiq Ceyhun Mirzəyev təqsirləndirilən şəxslərə verilmiş uydurma ittihamı cinayət işinin mahiyyəti üzrə gələcəkdə baxılması zamanı ziddiyyətlərin yaranmaması üçün yəqin ki, həm təqsirləndirilən şəxsləri, həm də şahidləri dindirərkən videoçəkilişdən istifadə etməli idi. Eyni zamanda təqsirləndirilən şəxslərlə müqavilə bağlamazdan əvvəl əksər istintaq hərəkətləri tələsik keçirilib. Məlumdur ki, təqsirləndirilən şəxslərlə hadisənin bir başa şahidi olmuş Saleh və Valeh qardaşlarının ifadələri arasında ziddiyyət yarandığından üzləşdirmə istintaq hərəkəti keçirilib. Həmin şahid qismində olan qardaşların hüquqlarını müdafiə etdiyim şəxslərə qarşı verdiyi ifadələri həm müdafiə tərəfi, həm də ittiham tərəfi üçün mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən də, iştirakımla təqsirləndirilən şəxslərlə şahid Saleh və Valeh qardaşları arasında üzləşdirmənin videoçəkiliş vasitəsilə aparılmasını zəruri hesab edirəm. Bundan başqa, istintaqın qurtarmasını təqsirləndirilən şəxslərə elan etdikdən sonra, cinayət işi üzrə maddi sübut kimi tanınmış və ehtimal edilən hadisə günü zərərçəkmiş şəxsin guya əynində olmuş sarı rəngli “QANLI KÖYNƏK”in ölçüsü Həsənov Elmir Abid oğlunun bədəni ilə tamamilə uyğunsuzluq təşkil edir. Belə ki, təqsirləndirilən şəxslərlə və mənim tərəfimdən gülünclə qarşılanıb. Çünki köynəyin ölçüsü təxminən 39 olardı, həmçinin təqsirləndirilən şəxslər maddi sübutun tanışolma protokolunda qeyd ediblər ki, ehtimal olunan hadisə vaxtı zərərçəkmiş şəxsin əynində belə bir “QANLI KÖYNƏK” olmayıb. Halbuki, zərərçəkmiş şəxs Elmir Həsənovun boyunun hündürlüyü təxminən 175 sm-dir və orta köklükdə bədən quruluşuna malikdir. Onun belə bir ölçüdə köynək geyməsi absurddur. Buna görə də ibtidai istintaqın təzələnərək, istintaq eksperimenti aparılmaqla iştirakımla həmin “QANLI KÖYNƏK”in zərərçəkmiş şəxsin əyninə geyindirilib, ölçülərin uyğun olub-olmaması barədə tərəfimdən vəsatət verilib. Buna baxmayaraq, müstəntiq Ceyhun Mirzəyevin 29 fevral 2016-cı il tarixli qərarı ilə heç bir əsaslandırma göstərmədən qanunsuz olaraq vəsatətimi rədd edib. Beləliklə də AR CPM-nin 121.2-ci maddəsinin tələbləri kobud şəkildə pozulub”.

19 May 2016 6:59

Məktəblini intihara direktor və arvadı sürükləyib? – İTTİHAM

mek

Mayın 11-də Cəlilabadın Seyidbazar kəndində intihar edən 10-cu sinfi şagirdi Vüsal Mirzəyevin ailəsi oğullarının ölümünə görə kənd məktəbinin direktoru və onun həyat yoldaşını günahlandırırlar. Mərhum V.Mirzəyevin dayısı Niyaməddin Mirzəyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bacısı oğlu direktorun həyat yoldaşı İradə müəllimənin hazırlıq kursundan çıxdığı üçün uzun müddət ona təzyiq olunub: “Bacım oğlu Vasif Mirzəyev mayın 11-də səhər saatlarında özünü evin həyətindəki yardımçı tikilidə asıb. Uşaq səhər tezdən durub həyətdə oturubmuş, atası Rafət onu yeməyə çağırsa da, oğlu gəlməyib. Daha sonra səs-küy düşüb ki, Vasif özünü asıb. Rafət gedib görüblər evin arxasında “pres ipi”ni 2 dəfə boynuna dolayıb, özünü öldürüb”. Mərhumun dayısı N.Mirzəyev iddia edir ki, Vasifin özünü asmasına Seyidi kənd məktəbinin direktoru Etibar və onun həmin məktəbdə müəllimə işləyən həyat yoldaşı İradə müəllimə səbəb olub: “Vasif sonuncu sınaqlarda 550-630 bal yığırdı. O, direktorun yoldaşının yanına hazırlığa gedirdi. Təxminən 2 ay əvvəl uşaq mənə dedi ki, müəllimə məndən dərs soruşmur, heç nə öyrətmir, onun hazırlığından çıxmaq istəyirəm. Biz də razılaşdıq, onu ordan çıxartdıq. Bu hadisədən sonra direktor da, yoldaşı da Vasiflə zidd düşdü. Müəllimənin dərsində nəsə olub, uşaqlar hamısı gülüşüb, Vasif də gülüb. Hamının içində onu ayağa qaldırıb “sən kimsən, nə gününə gülürsən? Sənə 2 verirəm, gedib gülərsən” deyib. Direktor özü də Vasifə “pozğun” deyib üstünə qışqırıb. Məhz 25 manat hazırlıq puluna görə. Vasifin sinif yoldaşlarına tapşırıb ki, heç biriniz onunla danışmayın, hamısı da elə edirdi. Uşaqlara tapşırırdı, Vasifi onlarla birgə top oynamağa qoymurdular, 7-8 nəfər yığışıb onu döyürdülər. Məktəbə gedəndə bibisioğluna deyirmiş mənim arxamca gəl dərsə girim. Vasif gəlib mənə dedi ki, dayı, məni bu məktəbdən çıxart. Biz rayon Maarif Şöbəsinə ərizə yazdıq. Müdir müavini Asif müəllim dedi ki, bu ili birtəhər yola verin, gələn il dəyişərsiz. Vüsal da dözmədi, özünü öldürdü. İntihar etmədən əvvəl “Votsap”da mesaj yazıb bibisinə göndərib”. N.Mirzəyev həmin mesajı “Qafqazinfo”ya təqdim edib. Həmin mesajı redaktə ilə təqdim edirik: “Ətrafdakı gəncləri tanıdıqca özümü şərəfli ölümə etibar etdim. Özümü öldürmək mənim zəifliyim deyildi. Ədalətsiz gənclərin, müəllimlərin haqsız...” Qeyd: Son cümlə beləcə yarımçıq bitir. Vüsal Mirzəyevin atası Rafət Mirzəyev “Qafqazinfo”ya açıqlamasında deyib ki, o, Bakıda işləyir, buna görə də oğlu intiharından öncə baş verənləri daha çox dayısına və bibisinə danışıb: “Vüsal bütün sirlərini dayısına deyirdi. Mən il ərzində cəmi 1 ay evdə oluram. Amma Vüsalın məktəbdən çıxmaq məsələsində burda idim. Deyirdi ki, bezmişəm bu məktəbdən, məni çıxarın, dayımgilin kəndində, Qamışlıgöldə oxuyacağam. Biz də birlikdə gedib ərizə yazdıq, Vüsal 4-5 gün Qamışlıgölə getdi. Mən ona dedim ki, Seyidbazardakı məktəbdən çıxmaq haqda sənəd al. Çünki Qamışlıgöl kəndindəki məktəbdə adı getmirdi, özü gedirdi. Seyidbazar kəndində məktəbdə adı qalmışdı, qaib yazılırdı. Vüsal məhz o məktəbə də getmək istəmirdi. İntihar edən gün anasına deyib ki, əgər məni ora göndərsəniz, özümü öldürəcəyəm. Biz də dedik ki, bala, dərsindən qalma, get. O da özünü asdı”. Mərhum Vüsal Mirzəyevin bibisi Vüsalə Yusifova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qardaşı oğlunu tez-tez məktəbdə döyürmüşlər: “Vüsal deyirdi məni təhqir edirlər, sıxışdırırlar, adam içinə çıxmağa qoymurlar. Deyirdi bu məktəbdən bezmişəm. O məktəbdə hamı ona qarşı idi, Vüsal tək qalmışdı”. “Qafqazinfo” məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edib. Qurumdan bildirib ki, rayon təhsil şöbəsi bu işə aydınlıq gətirəcək. Cəlilabad Rayon Təhsil Şöbəsindən isə “Qafqazinfo”ya bir cümləlik cavab verilib: “Qeyd etdiyiniz məsələ cinayət hadisəsi olduğundan hüquq-mühafizə orqanlarına müraciət etməyiniz xahiş olunur”. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin faktla bağla Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirib. Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə tibb ekspertizası təyin edilməklə iş üzrə istintaq tədbirləri davam etdirilir.

19 May 2016 5:51

Cahangir Hacıyevin vəziyyəti yaxşı deyil

cahn

  Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev bir neçə xəstəlikdən əziyyət çəkir Faktinfo.az bildirir ki, bu barədə Trend-ə C.Hacıyevin vəkili Aqil Layıcov məlumat verib. Vəkil bildirib ki, bu gün yenidən C.Hacıyevlə görüşüb: "Səhhəti normal deyil. Cahangir Hacıyevdə ürək-damar (aorta) genişlənməsi, fəqərələrarası yırtıqlar və yüksək qan təzyiqi var. Müalicə olunmasa, onun həyatı üçün təhlükə get-gedə artacaq. Mənimlə görüşəndə də vəziyyəti yaxşı deyildi. Hazırda Cahangir Hacıyev 1 saylı Bakı İstintaq təcridxanasında ciddi həkim nəzarətində saxlanılır. Mütəmadi olaraq ailəsi tərəfindən dərman preparatları ilə təmin olunur". A.Layicov deyib ki, C.Hacıyev həkim nəzarətində saxlanılsa da, onun təcridxana şəraitində müalicəsi mümkün deyil: "Onu müalicə etmək üçün Penitensiar Xidmətdə lazımi aparatlar yoxdur. O, mülki klinikalarda yoxlanılmalı və müalicə olunmalıdır". Xatırladaq ki, mayın 16-da 1 saylı Bakı İstintaq təcridxanasında C.Hacıyev vəkili ilə görüşüb. Görüş zamanı qəfildən halı pisləşən C.Hacıyevə ilkin tibbi yardım göstərilib. Qeyd edək ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

19 May 2016 5:36

Rövşən Kazımov-Qabil Kərimov ittifaqı “Azərsun”u içərindən “fəth” edir – Böyük pulların taleyi sual altına düşüb

ss

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun səlahiyyətləri qeyri-rəsmi məhdud-laşdırılıb. Bu barədə "Reytinq"ə ASC-nin adının çəkilməsini istəməyən əməkdaşları məlumat veriblər. Məlumatda bildirilir ki, son illər Qorxmaz Hüseynovun fəaliyyəti "Azərsu"ya bu və ya digər formada nəzarət edən qurumlar və onların rəhbərləri tərəfindən müsbət qarşılanmayıb. Xüsusən, Qorxmaz Hüseynovun ayrı-ayrı qurumlarda çalışan qardaşları, bacısı uşaqları, həyat yoldaşının qohumlarına bu və ya digər formada bağlı olan MMC-lərin "Azərsu"yun milyonluq tenderlərinin şübhəli qaliblərinə çevrilməsi, qarşıya qoyulan vəzifələrin tam icra edilməməsi, icra edilən işlərin "pintiliyi", ASC sədrinin birinci müavini, hazırda düşdüyü qəza səbəbindən işə çıxmayan Teyyub Cabbarovun qardaşının kürəkəni ilə yol verdiyi ciddi korrupsiya faktına görə aparılan həbslər və s. "Azərsu" ASC-yə rəsmi və qeyri-rəsmi nəzarət edən qurum rəhbərlərinin əlinə fürsət verib. Belə ki, ötən il "Azərsu" ASC-yə əvvəllər ARDNŞ-də işlədiyi deyilən Rövşən Kazımov və digər bir neçə şəxs göndərilib. Rövşən Kazımov Bakının Nizami rayon su-kanal idarəsinə rəis təyin edildikdən sonra orada "fırtına" yaradıb. Onunla bağlı plan bundan sonra sürətlə həyata keçirilib: "Hazırda Rövşən Kazımov "Azərsu"da satış şöbəsinə rəhbərlik edir. O, elə bir statusa sahiblənib ki, ASC-nin bəzi yüksək vəzifəli şəxsləri də artıq onun qəbuluna girə bilmirlər". Əslən Şahbuz rayonundan olduğu bildirilən Rövşən Kazımovun özünəvurğunluğu və himayəçilərinin daha yüksək vəzifədə olmaları hətta Qorxmaz Hüseynovu da "oyundankənar" vəziyyətdə qoyub: "Hazırda şöbə müdiri bütün rayonlar üzrə Su-kanal idarələrində öz istəyinə uyğun "idarəetmə sistemi" yaratmağa çalışır. İdarə rəisləri isə Rövşən Kazımovun böyük gücə sahib olduğunu bildiklərindən ona müqavimət göstərə bilmirlər. Bu da Rövşən Kazımovun "Azərsu"yu qeyri-rəsmi ələ keçirməsinə səbəb olub". İddia edilir ki, R.Kazımov "Azərsu"da müstəqil formada ciddi kadr dəyişiklikləri də reallaşdırır: "O, özünə bir qrup yaradıb. Guya yoxlama-təftiş qrupudur. Həmin qrup istənilən sahəyə girib, orada xırda bir nöqsan tapıb, dərhal Kazımova məruzə edirlər. Beləliklə, işçini sorğulamadan, araşdırmadan Rövşən Kazımov idarə rəisinə "bu adamları qov, getsin",- deyir. Maraqlıdır ki, Rövşən Kazımovun "Burada mənəm, Bağdadda kor xəlifə" prinsipi ilə hərəkətinə Qorxmaz Hüseynov müdaxilə edə bilmədiyini nümayiş etdirir. Sədrin cəsarətsizliyi isə nəinki ASC-nin satış şöbəsi əməkdaşlarının, eyni zamanda mərkəzi aparatının da Rövşən Kazımovun dost-tanışı ilə əvəzlənməsini sürətləndirib". Məlumatlı şəxslər qurumda baş verən digər maraqlı proseslərdən da söz açıblar. Onların sözlərinə görə, mart ayında vəzifədən çıxarılan Salyanın icra başçısı Tahir Kərimovun qardaşı Qabil Kərimov da "Azərsu"da təhcizat sektorunu ələ keçirib: "Bu gün Rövşən Kazımov nə qədər problemdirsə, Qabil Kərimov da bir o qədər "Azərsu"yun "ayağı"na bağ olub. Keçmiş icra başçısının qardaşı ARDNŞ-dəki yaxınlarına arxayın olaraq, "Azərsu"yun təhcizatına ayrılan pullar, alınan mal-materiallar üzərində istədiyi qərarları verir. Məhz buna görədir ki, "Azərsu"yun gördüyü işlərdə, xüsusiylə bölgələrdəki layihələrdə ciddi problemlər ortaya çıxır. Ya hansısa material çatışmır, ya da kağızda qeyd edilən keyfiyyətli malın əvəzinə keyfiyyətsizi işlədilir. Bölgələrdəki karxanalarla sövdələşməyə gedərək, hansı oyunlardan çıxdıqları isə başqa mövzunun söhbətidir". Məlumatda bildirilir ki, hazırda "Azərsu"yun müxtəlif beynəlxalq təşkilatlardan aldığı milyonlarla dollarlıq kreditlərin təyinatı, onun xərclənmə şəffaflığı və geri ödənişi də sıxıntılara yol açıb. Xüsusən dolların manat qarşısında ciddi itkiyə məruz qalması, ASC-nin müqaviləyə necə əməl edəcəyini sual altına salıb. "Azərsu"ya Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı, digər donor təşkilatları ilə yanaşı, büdcədən çox böyük vəsaitlərin ayrıldığını bildirən mənbə qeyd edib ki, bu vəsaitlərin hara və necə xərclənməsi bir sıra dövlət qurumları tərəfindən araşdırılıb. Məsələn, Hesablama Palatasının hesabatından aydın olur ki, bu vəsaitlər şəffaf xərclənməyib. Çünki "Azərsu"da Qorxmaz Hüseynovun dönəmi başlayandan sonra onun qardaşlarının, bacısı uşaqlarının, qayınları ilə yanaşı, 1-ci müavini Teyyub Cabbarovun, Qabil Kərimovun və digərlərinin dəyəri bir neçə milyon olan villaları hansı pulla aldıqları sirr deyil: "Adamdan soruşarlar ki, siz 500-1000 manat maaşla milyonluq mülkləri, bahalı maşınları necə almısınız? Məsələn, vaxtı ilə mağzalara balıq paylayan Qabil Kərimovdan soruşan lazımdır ki, bu pulları "Ramstore"nin "polka"sına balıq verməklə qazanmaq olarmı? Əgər o sahədən bu qədər pul qazanmaq imkanı vardısa, niyə o biznesini atıb, "Azərsu"ya gəlib? Yəni elementar məntiq də deyir ki, bu adamlar dövlət vəsaitlərini şəxsi maraqlarına yönəldiblər. Bu milyonlar isə tərəfləri toqquşma həddinə çatdırıb". Yazıda qeyd edilən faktlarla bağlı araşdırmalarımız davam edəcək. Adları hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

18 May 2016 6:37

Azərbaycandakı insan alveri qurbanları: 9-u azyaşlı qızdır

cemm

2011-ci ildə məişət zorakılığı zəminində ölkədə törədilmiş cinayətlərin sayı 2839 idisə, 2015-ci ildə bu rəqəm azalaraq 1283-ə enib. Azərbaycanda hər 100 min nəfərə düşən cinayətlərin sayı 255-dir. Bu isə istər Avropa, istərsə də postsovet məkanındakı ölkələrlə müqayisədə olduqca yaxşı göstəricidir. Virtualaz.org saytı xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Oruc Zalov “Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi” mövzusunda bu gün keçirilən tədbirdə deyib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə zorakılığın səbəblərindən danışıb: “Hərbi münaqişələrin və konfliktlərin artdığı bir zamanda, qadının iqtisadi və psixoloji asılılığı, cəmiyyətdə qadının və kişinin statusunun dəyişməsi, erkən nikahlar, qadınların öz hüquqlarını bilməməsi, formalaşmış yanlış stereotiplər və sair amillər zorakılığa səbəb olur. Hərbi münaqişələrdə ilk zorakılığa məruz qalan qadın və uşaqlar olurlar. Yaşadıqları stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir". Komitə sədri rayonlarda məişət zorakılığının qarşısının alınması ilə bağlı yerlərdə monitorinq qrupları yaradıldığını da deyib. Monitorinq zamanı bəlli olub ki. zorakılığa məruz qalan, eyni zamanda, zorakılıq törətmiş şəxslərin qeydiyyata götürülməsi və onlarla profilaktik işin aparılması, zərər çəkmiş şəxslərə yardımların göstərilməsi istiqamətində dövlət orqanları daha sıx əlaqəli işləməlidirlər. Ona görə də, monitorinq qruplarının real fəaliyyət göstərməsi və obyektiv qiymətləndirmə aparmasının böyük rolu var. “Son 10 ildə Azərbaycanda 860 insan alveri qurbanı qeydiyyata alınıb. Onlardan 28 faizi məişət zorakılığına məruz qalıb”. Bunu isə Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev deyib: “Ötən il 64 insan alveri qurbanı müəyyən edilib. Bunlardan 9 nəfəri həddi-buluğa çatmayan qız, 29 nəfəri isə məişət zorakılığına məruz qalan şəxsdir”. BMT-nin statistikasına əsasən, Azərbaycanda qadınların 8 faizi zorakılığa məruz qalır.

18 May 2016 5:09

Polad Bülbüloğluna heykəl qoydular

pol

Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun Moskvada heykəli ucaldılıb. Faktinfo.az bildirir ki, bu barədə aparıcı Hacı Nuran məlumat verib. O bildirib ki, mayın 17-də P.Bülbüloğlunun heykəlinin açılış mərasimi olub: “Heykəl Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Rusiya Federasiyasının Rəssamlıq Akademiyasında ucaldılıb. Onun yaradıcısı Rusiya Rəssamlıq Akademiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri, dünya şöhrətli heykəltəraş, xalq rəssamı Zurab Tseretelidir. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru Vaqif Bayramov, Rusiyanın və Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Rusiya Federasiyasında akkreditasiya olunmuş bir çox xarici ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri də iştirak ediblər. Tədbirdə xalq artisti Polad Bülbüloğlunun oğlu, 15 yaşlı Murtuza Bülbül hər kəsi təəccübləndirib. O, səhnəyə çıxaraq, atasının mahnılarından ibarət popurini səsləndirən orkestrə dirijorluq edib. Sonra isə Polad Bülbüloğlu bir neçə təkrarolunmaz gözəl mahnısını ifa edib”. Qeyd edək ki, xalq artisti Polad Bülbüloğlu Rusiya Federasiyasının Rəssamlıq Akademiyasında heykəli qoyulan ilk və yeganə azərbaycanlıdır.

18 May 2016 1:11

“Azərsu” xalqın qəpik-quruşuna da göz dikdi

azers

Qiymət artımı qüvvəyə minməmiş vətəndaşın cibinə minmək cəhdi Acgözlüyün, antixalq fəaliyyətin, vətəndaşa divan tutmağın həddi-hüdudu yoxdur. Sanki, hökumət vətəndaşı ağır imtahana çəkməkdən zövq alır. Yüzlərlə problemin həllinə nail olmaq əvəzinə, 101-ci problemi yaradırlar. Insanların yükünü azaltmaq əvəzinə, yükü daha da ağırlaşdırırlar. Faktiki olaraq xalqa qul kimi baxırlar. Bu qədər əzab-əziyyətin, bu qədər böhranın olduğu bir vaxtda suyun da qiymətini qaldırdılar. Talan etdikləri, ofşor şirkətlərə yerləşdirdikləri pulların yerini xalqın cibiylə ödəmək istəyirlər. Bugünə qədər “Azərsu” ilə bağlı müxtəlif korrupsiya faktları ortaya çıxıb, yeyintilər aşkar edilib, amma heç bir tədbir görülməyib. Əvəzində, yenə də xalqdan yapışdılar. Deməli, hansı vəzifəlinin cinayət törətməsindən asılı olmayaraq, cəzanı xalq çəkməlidir. Bunlar üçün vətəndaş cinayətkarların, korrupsionerlərin sığortasıdı. Benzinin qiyməti qalxanda adamlar yanacaqdoldurma məntəqələrinin qarşısına axın edir, bir neçə günlük benzin ehtiyaclarını köhnə qiymətlə almaq istəyirdilər. Yəni, bir neçə saatlıq köhnə qiymətlərdən yararlanmaq mümkün olurdu. Amma hökumət su məsələsində buna da imkan vermədi. Belə ki, suyun qiymətinin 39 faiz qalxması ayın 16-da qüvvəyə minməliydi, amma “uzaqgörən” hökumətimiz bir neçə gün əvvəldən yeni qiymətləri tətbiq etməyə başlayıb. Yəni, yeni qiymətlər qüvvəyə minməmişdən su kartını köhnə qiymətlərlə yükləmək istəyənlər məhdudiyyətlə üzləşib. Karta 3 kubdan artıq su vurulursa avtomatik olaraq yeni qiymətlərlə hesablanır. Bəli, hökumət vətəndaşın 3 günlük möhlətdən istifadə etməsinə də imkan verməyib. Vətəndaşın milyardlarını oğurlayıblar, amma vətəndaşın 1-2 manata qənəat etməsinə də icazə verməyiblər. Bir daha qeyd edirik ki, düşmənçiliyin, acgözlüyün, xalqa həqarətin həddi-hüdudu yoxdur. Gecə yarı iki dəfə devalvasiya qərarı verib sadə vətəndaşı zərərə saldılar, qəfil qiymətləri 30-40 faiz qaldırıb insanların süfrəsini boş qoydular, kütləvi ixtisarlara start verib, ailələri ehtiyac bataqlığına saldılar və bütün bunlardan sonra suyun da qiymətini 39 faiz qaldırdılar. Amma bu da hökumətin ürəyini soyutmur və qanun qüvvəyə minməmiş xalqın cibinə minməyə qərar verirlər. Normal ölkədə belə hökumət bir gün də yaşaya bilməz. Heç bir xalq bu qədər təhqirə dözüm gətirməz. Hökumət xalqın psixologiyasına bələddi, bilirlər ki, belə qiymət artımlarına görə heç kim etiraz etməyəcək. Ona görə də qanunları ələ salıblar, ona görə də açıq şəkildə oğurlayırlar. Ölkə başçısı “qiymətlər qalxmayacaq” vədi verdi və bu vədinə əməl etmədi. Daha sonra “yerli istehsal məhsullarının qiyməti qalxmayacaq” söylədi və bu vədinə də əməl etmədi. Hökumətin anti-böhran tədbirləri vətəndaşı müflisləşdirməkdən ibarətdir. Vətəndaşın cibi boşaldıqca hökumətin cibi dolur. Beləliklə, bir qrup adam böhrandan çıxır. 9 milyon zəlil vəziyyətinə düşsə də olar, əsas odur ki, 8-9 ailə rahat ömür sürsün. Havaya da sayğac qoysaydılar, “anti- böhran” tədbirləri yekunlaşardı. Ilham Əliyev də deyir ki, biz böhrandan şərəflə çıxmışıq.

17 May 2016 7:59

Hakimin oğlunu vuran hansı məmurun oğludur?

hakim

Mayın 11-də Bakı şəhər sakini Rəhim Kərimovun idarə etdiyi 90-AA-669 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobillə törətdiyi qəza nəticəsində Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi Rüfət Allahverdiyev dünyasını dəyişib. Faktinfo-nun verdiyi xəbərə görə, R.Allahverdiyevin bibisi oğlu Pərviz Babazadə Ölkə.az-a açıqlamasında qəzanın necə baş verməsini danışıb və sürücü Rəhim Kərimov barəsində məlumat verib: “Mediada mərhum Rüfət Allahverdiyevin atası Elbəy Allahverdiyevin Tərtər Hərbi Məhkəməsinin hakimi olduğu göstərilsə də, Rəhim Kərimovun kim olduğu barədə heç nə yazılmayıb. Onun atası Kərimov Yüzasif Respublika Klinik Xəstəxanasının keçmiş baş həkimidir, əvvəllərSəhiyyə Nazirliyinin Rəyasət Heyətinin üzvü olub. Hazırki iş yerini bilmirəm. Amma Rəhim Kərimovun idarə etdiyi maşın "Real" MMC qeydiyyatındadır. Maşın yüksək sürətlə hərəkət edib, əyləc izləri isə yoxdur. İşıq dirəyini aşırıb, yol nişanını sıradan çıxarıb, uşağı vurub və binaya çırpılıb. Camaat da binanın silkələnməsinə görə bayıra çıxıb. Uşağı yaşadığı binaya sıxıb, maşından düşüb və qaçıb. Yəni maşını arxaya da çəkməyib. Rüfəti maşınla divarın arasından camaat çıxardıb”. Qeyd edək ki, Rüfət Allahverdiyev 1 sutka komada qaldıqdan sonra, mayın 12-də axşam saatlarında yerləşdirildiyi xəstəxanada vəfat edib.  

17 May 2016 1:32

Cahangir Hacıyevin səhhəti qəfil pisləşdi

cahangir

  Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin səhhətində ciddi problem yaranıb. Bu barədə Trend-ə açıqlamasında C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib. Vəkil bildirib ki, o bu gün günorta saatlarında 1 saylı Bakı İstintaq təcridxanasında C.Hacıyevlə görüşərkən müvəkkili özünü qəfildən pis hiss edib: "Bu gün onunla görüşdüm. Səhhətində ciddi problemlər var. Görüş zamanı qəfildən halı pisləşdi. Ona ilk yardım etdik, bir müddətdən sonra özünə gəldi. Görüşümüz yarımçıq qaldı. Hökmən müalicəyə ehtiyacı var". A.Layicov bildirib ki, C.Hacıyevin həyatı təhlükə qarşısındadır, o, ciddi xəstəliklərdən əziyyət çəkir: "Onun ciddi xəstəlikləri var, son vaxtlar isə bu xəstəliklər onun səhhətinə daha ciddi təsirlər edir. Müalicə olunmasa, onun həyatı üçün çox təhlükə olacaq. Ürək bir anlıq dayanır və sonradan özünə gəlir. Eyni zamanda onda çox nadir xəstəlik olan Haşimato sindromu var. Bu xəstəliklər onun həyatı üçün hər an təhlükə yarada bilər". Vəkil bildirib ki, C.Hacıyevlə görüşü yarımçıq qalıb və o, istintaq təcridxanasının tibb məntəqəsinə yollanıb. Qeyd edək ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

16 May 2016 6:20

Nazir şəhidin medalını oğlunun sinəsinə taxdı – FOTOLAR

azir

  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2016-cı il 19 aprel tarixli Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna və mayor İmanov Samid Gülağa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.aqz-a verilən məlumata görə, mayın 16-da Azərbaycanın Müdafiə Nazirliyində rəhbər heyətin iştirakı ilə ölümlərindən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş bu hərbi qulluqçuların ailə üzvlərinə şəhidlərin "Qızıl Ulduz" medalları təqdim edilib. Təqdimetmə mərasimində çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verərək, onların qəhrəmanlığı qarşısında baş əydiyini diqqətə çatdırıb. O, igidlərimizin şəhidlik zirvəsinə ucalmaqla yeni tarix yazdıqlarını, Vətən uğrunda canı, torpağa tökülən qanı ilə əbədi olaraq xalqımızın yaddaşında qalacaqlarını vurğulayıb. Şəhidlərimizin qisasının alındığını və bundan sonra da alınacağını, onların qanının yerdə qalmayacağını bildirən nazir Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində işğal altındakı torpaqlarımızın düşmən işğalından mütləq azad olunacağını xüsusi qeyd edib. Təltif olunma barədə sərəncam oxunduqdan sonra general-polkovnik Z.Həsənov "Azərbaycanın Milli Qəhrəmanı" adının vəsiqəsini polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevaya təqdim edib və "Qızıl Ulduz" medalını şəhidin yeddi yaşlı oğlu Nurlanın yaxasına sancıb. Sonra Milli Qəhrəman mayor Samid İmanovun atası Gülağa İmanova "Qızıl Ulduz" medalı və vəsiqəsi təqdim edilib. Milli Qəhrəmanlarımızın ailə üzvləri Fizzə Mirzəyeva və Gülağa İmanov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edərək Vətənin müdafiəsinin hər şeydən vacib olduğunu, əzizlərinin şəhidlik zirvəsinə ucalması ilə qurur duyduqlarını vurğulayıblar. Bildirilib ki, şəhid qanına boyanan əzəli və əbədi torpaqlarımız Azərbaycan Silahlı Qüvvələri tərəfindən tezliklə işğaldan azad olunacaq və o zaman əzizlərinin şəhid ruhları dinclik tapacaqdır. Mərasimin sonunda xatirə şəkli çəkdirilib.

16 May 2016 1:50

“Rövşən Bağırov 7 milyonun adını çəkməyi qadağan edib” – İTTİHAM VAR

sasa

Bir müddət öncə “Lerikdə 7 milyon manat necə yoxa çıxdı? – Prezidentə şok müraciət” başlıqlı yazı dərc etmişdik. Yazıda vətəndaşların müraciəti əksini tapmışdı. Lerik sakinləri ölkə başçısına müraciət edərək yerli məmurların talançılığından şikayətlənir, Prezidentin Noda-Şingədulan-Xanagah yoluna ayırdığı 10 milyon manatın qaranlıq taleyindən bəhs edirdilər. Lerik sakinləri bildirirdilər ki, prezident əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə vəsait ayırıb sərəncamlar versə də, yerli məmurlar ayrılan vəsaitlərin bir hissəsini mənimsəyərək prezidentin sosial inkişaf proqramının həyata keçirilməsinə əngəl olurlar. “Əvvəl 3 milyon manat ayrıldı, sonra…” Qeyd edək ki, Prezident İlham Əliyevin 14 sentyabr 2013-cü il tarixli sərəncamı ilə 30 min nəfər əhalinin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə ilkin olaraq 3 milyon manat vəsait ayırdı. Həmin ərəfədə Lerik rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov açıqlamasında bildirmişdi ki, yol artıq çəkilməyə başlayıb. Onun sözlərinəö görə, tikintidə 70-ə yaxın ağır texnika işləyir, canlı işçi qüvvəsi fəaliyyət göstərir və bu ilin axırına kimi 17 km yolun asfaltlaşdırılması növbəti 2015-ci ildə isə 36 km yolun tam asfaltlaşdırılması nəzərdə tutulub. Məlikov bildirmişdi ki, region iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən və strateji əhəmiyyətə malik olan bu yol istismara verildikdən sonra Masallı-Yardımlı avtomobil yoluna çıxış asanlaşacaq. Bu, həmçinin turizmin inkişafı və kənd təsərrüfatı məhsullarının satışının təşkilinə də şərait yaradacaq: “Yolun tikintisi həmin ərazidə yaşayan əhalinin həm məişət şəraitinin yaxşılaşdırılmasına, həm iqtisadiyyatın yüksəlməsinə kömək edəcək, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, həmin istehsal olunmuş məhsulların vaxtında bazara çıxarılmasına və satılmasına yardımçı olacaq. Tikinti aparıldıqdan sonra avtomobil yolu turizim obyektlərinin də inkişafına şərait yaradacaq. Yolun yenidən qurulmasından daha çox sevinən isə buradan istifadə edən kənd sakinləridir. Layihəyə uyğun olaraq yol torpaq yatağı 10 metr, eni 6 metr ikizolaqlı asfalt – beton qarışığından tikiləcək. Yol boyunca hər biri iki aşırımlı 3 ədəd körpü keçidi əsaslı təmir ediləcək. 80 ədəd su ötürücü boru quraşdırılacaq”. “3 ildir nə yol var, nə pul…” Qeyd edək ki, həmin yolun tikintisi 2015-ci ildə sona çatdırılmalı idi, amma nəticə ortada qaranlıq məqamların olduğunu ortaya çıxartdı. Belə ki, həmin ərəfədə mediada yayılan məlumatlara görə, ayrılan 3 milyon manat vəsaitin müqabilində Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisində cüzi işlər həyata keçirildi. Hazırda isə prezidentin ayırdığı 3 milyon manat vəsait qurtardığına görə yolun çəkilişi qeyri-müəyyən vaxta, daha doğrusu əlavə vəsait ayrılana qədər duruduruldu. Bu isə yolun vaxtında təhvil verilməyəcəyindən, üstəlik standartlara cavab verməyəcəyindən xəbər verirdi. lerik yolMəlumatlarda deyilirdi ki, 50 dağ kəndinin və 30 min insanının həyat şəraitini yüngülləşdirəcək olan Noda-Şingədulan-Xanagah yoluna ayrılan vəsaitin yarısı yerli məmurlar tərəfindən mənimsənilib. Yaranmış vəziyyət yolun tikintisini həyata keçirən “Yoltikintinəqliyyatservis” MMC rəhbərliyini də çətin vəziyyətə düşmüşdü. Rayondan mediaya verilən məlumatlarda deyilirdi ki, yola ayrılan 3 milyon vəsaitin 30 faizi Lerik rayon İcra hakimiyyətinin başçısı Rövşən Bağırova nəqd şəkildə çatdırılıb. Amma məsələ bununla da kifayətlənmirdi. Belə ki, “Yoltikintinəqliyyatservis” MMC rəhbərliyi bu vəziyyətdən şikayət etsə də, icra başçısı onlarla anlaşa bilmişdi. Vəziyyətin ən kritik dönəmi isə prezidentin növbəti sərəncamından sonra üzə çıxdı. “Rövşən Bağırov 7 milyonun adını çəkməyi qadağan edib” Belə ki, 19 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə yolun tikintisinə əlavə olaraq, 7,0 (yeddi) milyon manat ayrıldı. Maliyyə vəsaiti isə sərəncamda qeyd olunduğu kimi, Lerik Rayon İcra Hakimiyyətinə ayrılmışdı. Amma bu dəfə də yolun tikintisi başa çatmadı. Əksinə, yol Noda kəndindən Ağçay kəndinə qədər çəkildi və tikinti dayandırıldı. Hətta Ağçay və Şingədulan kəndləri arasındakı uzun bir məsafə (Həmin əraziyə Zenonu kəndi də daxildir və yolun ən bataqlıq hissəsi sayılır) yararsız halda tikildi. Konkret olaraq, həmin əraziyə “şebel” tökülmədi. Asfalt örtük sadəcə torpağın üzərinə, nazik səthdə çəkildi. ekskavotorYolun tikintisinin təxirə salnması əhali arasında ciddi narazılıq yaratdığından yenidən icra başçısının müavini Habil Məlikov açıqlama ilə gündəmə gəldi. O, prezident tərəfindən ayrılan sonuncu 7 milyon manatın rayon İH-nin balansına köçürülmədiyini bildirdi. Hətta Məlkov narazılıq edən sakinlərə vəsaitin köçürülmədiyini ölkədə keçirilən I Avropa Oyunları ilə əlaqələndirdi. Sakinlər isə Aztoday.az-a açıqlamalarında buna inanmadıqlarını, icra başçısının prezidentə yalan danışdığını deyirlər. Onlar hesab edirlər ki, 10 milyon manat vəsaitin mənimsənilməsi faktı mütləq ölkə başçısına çatdırılmalıdır. Həmçinin sakinlər buna görə, icra başçısı Rövşən Bağırov, müavini Cəlil Baxşıyev və Lerikin deputatı İqbal Məmmədovu günahlandırırlar. “İcra başçısı məmurları kənbəkənd minnətçi salıb” Qeyd edək ki, vətəndaşların müraciəti aztoday.az saytında dərc olunandan sonra Lerik Rayon İcra Hakimiyyəti əl-ayağa düşüb. Sakinlərin verdiyi məlumata görə, icra başçısı adamlarını kənbəkənd salaraq, əhalini sakitləşdirməyə çalışır: “İndi də bizə deyirlər, yolun qalan hissəsi sadəcə təmizlənəcək, amma asfalt çəkilməyəcək. Prezidentin sonradan ayırdığı 7 milyon manatın da yola sərf edildiyini deyirlər. Biz də soruşuruq ki, hara sərf olunub? Axı 7 milyon ayrılandan sonra dediniz ki, pul köçürülməyib və ondan sonra yol 1 metr də olsun çəkilmədi. İndi necə olur ki, 7 milyonu xərclədiyinizi deyirsiniz? Yol 2015-ci ildə təhvil verilməli idi, amma 2016-ci ildir, hələ də heç bir irəliləyiş yoxdur”. “Sakinlər Prezidentə müraciət edəcək, imzatoplama kampaniyasına start verilib” Sakinlərin sözlərinə görə, icra başçısı onlara bu barədə bir daha şikayət etməyi qadağan edib: “Bizə deyirlər ki, əgər bir də şikayət etsəniz, ümumiyyətlə yola baxılmayacaq. 7 milyonun adını çəkməyin. Hesab edin ki, pul ayrılmayıb. Biz ölkə başçısına kütləvi müraciət etməyi planlaşdırırıq. Fakt odur ki, yerli məmurlar ölkə baçısına xəyanət edir, onun ayırdığı pulları mənimsəyirlər. Biz bu məsələdə sona qədər şikayət edəcəyik və öz müraciətlərimizi də imzalarımızla ölkə başçısına ünvanlayacağıq. Hazırda rayonun Ağçay, Çeşman, Züvüç, Zövnə, Osyodərə, Arta, Zenonu, Şivlə, Biləvər, Geskön, Gendov, Bülüdül və Xanagah kəndlərinin sakinləri imza toplayıb ölkə başçısına müraciət ünvanlamağı düşünür”. Mövzunu davam etdirəcəyik. Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Zahid Səfərov

16 May 2016 10:19

“Başqa kişilərlə gəzdiyinə görə başını kəsdim” – Bir qətlin tarixçəsi

ksd

Qəsdən adam öldürməkdə ittiham olunan Kürdəmir rayon sakini, 1984-cü il təvəllüdlü Elman Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Publika.az xəbər verir ki, Elman Rüstəmov 2014-cü ildə Gülər Mütəllimova ilə ailə həyatı qurub və rəsmi nikаhа girib. Amma bir neçə aydan sonra onların аrаsında ər-аrvаd münаsibətləri pоzulub. Xəyanət 2015-ci ilin yanvarında faktiki olaraq ayrıldıqdan sonra, qadın ata evinə köçərək azyaşlı uşağı ilə birlikdə orada yaşayıb. Elman bundan sonra həyat yoldaşının bаşqа şəхslərlə intim münаsibətdə оlmаsındаn şübhələnib. Elman Gülərin başqa kişilərlə görüşməsini özünə qаrşı хəyаnət kimi qiymətləndirib. O, Gülər Mütəllimоvаnı qısqаnclıq zəminində qisаs аlmаq niyyəti ilə öldürmək qərаrınа gəlib. Bu məqsədlə Elman cib bıçаğını özü ilə götürərək 30 iyul 2015-ci il tаriхdə, sааt 22:00 rаdələrində Gülər Mütəllimоvаnın Kürdəmir rayonu, Sığırlı kəndində аnаsı ilə birlikdə yаşаdığı еvə gəlib. Qətl Elman Gülərlə evin eyvanında qarşılaşıb. O, eyvanda həyat yoldaşına bir neçə zərbə vurub. Bu zaman Gülər onun əlindən çıxaraq qaçmağa başlayıb. Elman Rüstəmov cinayət əməlini başa çatdırmaq üçün onun arxasınca qaçıb. Gülər Mütəllimоvа isə otağa girərək qapını arxadan bağlayıb. Elman qapını sındıraraq içəri daxil olub. Güləri yerə yıxaraq başını kəsib. Gülər hadisə yerində ölüb. Gülərin öldüyünə əmin olan Elman daha sonra Kürdəmir rayon polis şöbəsinə gələrək təslim olub. Qətl hadisəsi baş verən gecə də elə evdə yalnız Gülər Mütəllimova və onun azyaşlı uşağı olub. 18 il cəza Elman Rüstəmov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Rüstəmov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elman Rüstəmov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib. Həmçinin zərərçəkmiş tərəf də apelyasiya şikayəti verib. Onlar Elman Rüstəmovun cəzasının ağırlaşdırılmasını tələb ediblər. “Bu hərəkətini bağışlaya bilmədim” Tərəflərin apelyasiya şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayətləri hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmədə ifadə verən Elman Rüstəmov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, həyat yoldaşının başqa kişilərlə münasibət saxlamasından şübhələnib: “Gülər mənə xəyanət edirdi. O, başqa kişilərlə gəzirdi. Onun bu hərəkətini bağışlaya bilmədim. Buna görə də amansız cinayət əməlini törətdim”. “Ömürlük cəza təyin edilməlidir” Mərhum Gülər Mütəllimovanın anası Əminə Mütəllimova bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən qızını öldürən cinayətkara daha ağır cəza verilməli idi: “Alimentlə bağlı məhkəməyə müraciət etmişdik. Bundan sonra Elman Rüstəmov öz niyyətini həyata keçirmək üçün ciddi hazırlaşıb. 31 iyul 2015-ci ildə qardaşımgildə toy olduğunu öyrənib, eyni zamanda mənim toy axşamında olduğumu, qızım Gülərin isə evdə tək olduğunu bilib. Bundan sonra evə gələrək xüsusi amansızlıq və qəddarlıq nümayiş etdirərək qızımı öldürüb. Belə amansız və qəddar olan şəxsə məhkəmə tərəfindən verilən cəza olduqca azdır. Bu cür şəxslərə ömürlük cəza təyin edilməlidir”. Əminə Mütəllimova əlavə edib ki, Elman Rüstəmov Kürdəmir rayon Məhkəməsinin 23 iyun 2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 127.1-ci (sağlamlığa yüngül xəsarət yetirmə) və 132-ci (döymə) maddələri ilə təqsirli bilinib və 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib: “Lakin Elman bu əməlindən ibrət götürməyib. Əvvəllər də cinayət törədib ibrət götürməyən bu şəxsə ən ağır cəza verilməlidir”. Elman Rüstəmovun vəkili Ruslan Mirzəyevin çıxışından məlum olur ki, Elman Gülərdən ayrılandan sonra başqa bir qadınla ailə həyatı qurub. Vəkil Elmanın ailəli olmasını, ikinci həyat yoldaşının 7 aylıq hamilə olmasını diqqətə çatdırıb. O, bu halları yüngülləşdirici hal kimi hakim kollegiyasında xahiş edib. Amma hakim kollegiyası Elman Rüstəmovun cəzasının yüngülləşdirilməsi üçün əsas görməyib. İkinci dəfə ailə həyatı quran Elmanın birinci həyat yoldaşının əxlaqsız hərəkət etməsi barədə səsləndirdiyi ifadələri inandırıcı qəbul etməyiblər. Bu səbəbdən də Elman Rüstəmovun apelyasiya şikayəti təmin edilməyib. Hakim kollegiyası həmçinin zərərçəkmiş tərəfin Elman Rüstəmova ömürlük cəza təyin edilməsi ilə bağlı şikayətini də təmin etməyib.

15 May 2016 10:05

Fakt

Bizi izləyin