Bakıda “Naxçıvan” adından qeyri-qanuni kim istifadə edir?

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Sabir küçəsi 8a ünvanında yerləşən “Al-Sana” MMC-nin istehsal etdiyi kolbasa məhsullarında və Abşeron rayonu, Xırdalan şəhəri, akademik Həsən Əliyev küçəsi 38 ünvanında yerləşən “Zəhmət-Ruzi” MMC-nin istehsal etdiyi “Sab” markalı süd məhsullarında coğrafi göstərici qismində “Naxçıvan” sözündən istifadə edilməsinə dair muxtar respublikada fəaliyyət göstərən analoji məhsulların istehsalçıları tərəfindən Naxçıvan Muxtar Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət daxil olub. Komitədən Axar.az-a verilən məlumata görə, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanuna əsasən coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur, əmtəə nişanları, coğrafi göstəricilər və ya onlarla qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt məhsullar hesab edilir. Məsələ ilə bağlı komitə tərəfindən daxili bazarda aparılan araşdırmalar zamanı müəyyən olunub ki, həqiqətən də “Al-Sana” və “Zəhmət-Ruzi” Məhdud Məsuliyyətli cəmiyyətləri tərəfindən istehsal olunmuş bir sıra kolbasa və süd məhsulları müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan, qeyri-qanuni olaraq, Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmadan “Naxçıvan” adı ilə markalanıb. Bu qanunazidd əməl, ilk növbədə, məhsulun mənşə yeri ilə bağlı istehlakçıların aldadılmasına səbəb olmaqdadır. Digər tərəfdən isə bu kontrafakt məhsulların istehsalçılarının ad və mənşə yeri ilə bağlı qanunsuz əməllərinin eyni qaydada məhsulun keyfiyyət göstəricilərində də təkrarlanacağından ehtiyat edən yerli sahibkarlar uzun illər ərzində vicdanlı fəaliyyətləri ilə qazandıqları müştəri məmnunluğunu itirəcəklərindən ciddi narahatçılıq keçirməkdədirlər: “İstehlakçıların və sahibkarların nəzərinə çatdırılır ki, bu məhsullar kontrafakt məhsullar sayılır və belə məhsullara rast gəldikdə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə operativ məlumat verilməsi xahiş olunur. Aşkar olunmuş saxtakarlıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində müvafiq hüquqi prosedurlar başladılıb”.

13 Fevral 2017 8:08

Böyükşor gölünün təmizlənməsi Fransa şirkətinə həvalə olunub (FOTO)

Bakıya səfəri çərçivəsində Fransanın Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plasenin başçılıq etdiyi nümayəndə heyəti ilə “Təmiz Şəhər” ASC-də görüş keçirilib. ASC-dən Trend-ə verilən məlumata görə, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Fransa-Azərbaycan əməkdaşlığının inkişaf etdiyini vurğulayıb, Fransa şirkətlərinin ölkəmizdə müxtəlif sahələrdə, eləcə də ətraf mühit layihələrində uğurla iştirak etdiyini diqqətə çatdırıb. Bildirilib ki, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun yaradılmasında Fransanın CNİM şirkəti ilə uğurlu əməkdaşlıq həyata keçirilib və bu müəssisə 4-cü nəsil texnologiyaya əsaslanır. Fransanın dövlət katibi Jean-Vincent Fransa ilə Azərbaycan şirkətləri arasındakı əlaqələrdən məmnunluğunu ifadə edərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün potensialın olduğunu bildirib. "Təmiz Şəhər" ASC-nin İdarə heyətinin sədri Etibar Abbasov Azərbaycanda tullantıların idarə olunması sahəsində cəmiyyətin fəaliyyəti, o cümlədən Abşeron yarımadasının ən böyük gölü olan Böyükşor gölünün sağlamlaşdırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, gölün bərpası layihəsinin 1-ci mərhələsində 300 hektar ərazi təmizlənib, neftlə çirklənmiş dib çökünütəri çıxarılıb, gölün kənarında 15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salınaraq Bakı sakinlərinin istifadəsinə verilib. Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez Azərbaycanda xarici investorlar, o cümlədən Fransa şirkətləri ilə əməkdaşlıq üçün yaradılmış əlverişli şəraiti vurğulayaraq, “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən layihələrdə Fransa şirkətlərinin iştirak etdiyini və bu layihələrin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Görüşdə iştirak edən “Suez Azərbaycan” şirkətinin rəhbəri Alan Karbonel Böyükşor gölünün 130 hektardan artıq hissəsində şimal sahilinin təmizlənməsinin texniki-iqtisadi əsaslandırılmasının bu şirkətə həvalə olunduğunu və layihənin həyata keçirilməsində iştirakdan məmnunluğunu ifadə edib. (daha&helliip;)

13 Fevral 2017 2:42

Frenk Elkaponi Cocuq Mərcanlıya 3 milyon manat ayırdı…

Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra 1993-cü ildə işğal olunmuş, 1994-cü ilin əvvəlində həyata keçirilmiş uğurlu "Horadiz əməliyyatı" nəticəsində isə azad edilmiş Cəbrayılın nəzarətimizdə olan yeganə yaşayış məntəqəsində - Cocuq Mərcanlı kəndində tezliklə əsaslı bərpa işləri başlayacaq. Azərbaycanı xaricdə təmsil edən tanınmış iş adamı, Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” nın rəhbəri,  “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri Fizuli Məmmədov Modern.az-a özəl açıqlamasında ehtiyac duyulduğu vaxtda xalqı ilə birgə olduğunu açıqlayıb. İş adamı deyib ki, əsl vətənpərvərliyi və doğma Azərbaycana olan səmimi sevgimizi məhz bu gün  - köməyimizə ciddi ehtiyac duyulduğu məqamda göstərməliyik: “Torpaq o zaman Vətən olur ki, orda yaşayan insanlar onun uğrunda canlarından keçməyə, öz güclərini və vəsaitlərini gizli mənafeləri olmadan onun çiçəklənməsinə səfərbər etməyə hazır olurlar. Nə zaman ki, insanlar ümummilli maraqlar barədə düşünmədən doğma vətənlərinə yalnız kommersiya münasibəti bəsləməyə başlayırlar, o zaman o, torpaq vətən olmaqdan çıxır və adi yaşayış yerinə çevrilir. Buna görə də doğma respublikaya yalnız şəxsi varlanma naminə sərmayə qoymaq - əsl vətənpərvərlik duyğusuna yaraşmayan davranışdır. İnfrastruktura və ölkə üçün strateji əhəmiyyət daşıyan obyektlərə qoyulan investisiyalar adətən gəlir gətirmir. Bu gün erməni işğalından azad olunmuş ərazilərdə və Azərbaycanın cəbhəboyu rayonlarında məhz bu cür sərmayələrə ehtiyac duyulur. Bununla əlaqədar olaraq, Prezident İlham Əliyevin 27 yanvar tarixində imzaladığı, erməni silahlı qüvvələrinin işğalından zərər çəkmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası haqqında sərəncamını həlledici addım hesab edirəm. Bizim hərəkətlərimiz ilk növbədə təmənnasız maddi yardım şəklində yalnız Cocuq Mərcanlı kəndinin yox, həmçinin Azərbaycanın digər cəbhəboyu rayonlarının bərpasında əks olunmalıdır”. F.Məmmədov Prezident İlham Əliyevin sərəncamına dəstək olaraq, Cocuq Mərcanlının bərpasına 3 milyon manat vəsait ayırdığını bəyan edib: “Prezident İlham Əliyevin müvafiq sərəncamına dəstək olaraq ‘’Dünya Azərbaycanlıları İttifaqı’’ azad olunmuş Azərbaycan ərazilərinə sərmayələrin cəlb olunmasında iştirak etməyə hazırdır. “ünya Azərbaycanlıları İttifaqı”, başda mən olmaqla, ilkin olaraq erməni işğalından azad edilmiş torpaqlarımıza 3 milyon manat vəsait qoymağa hazır olduğumuzu bəyan edir və bütün dünyada yaşayan iş adamlarını da eyni məsuliyyətlə prezidentimizə və hökumətimizə dəstək nümayiş etdirərək yardımlarını əsirgəməməyə çağırırıq. Çox ümid edirəm ki, Cocuq Mərcanlıdan sonra erməni işğalından azad olunacaq   Xankəndinin, Xocalının, Şuşanın, Ağdamın, Laçının, Qubadlının və Azərbaycanın digər  şəhər və kəndlərinin də bərpasında iştirak edəcəyik. Bu gün Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş  etdirərək, vətənimizi etibarlı müdafiə edir və addım-addım onun işğal olunmuş torpaqlarını azad edirlər. Biz, bütün dünyada olan azərbaycanlı iş adamları öz növbəmizdə əsl vətənpərvərlik göstərməli və Azərbaycan hökümətinə bu ərazilərin bərpa olunmasında kömək etməliyik”.

12 Fevral 2017 7:37

Moskvada 4.2 milyon dollarlıq mənzil Leyla Şıxlinskayanın adına saxta yolla necə rəsmiləşdirilib…

Rusiyada “Rosreyestr”in səlahiyyətli şəxsləri polisə müraciət edərək Moskvanın mərkəzində, elit yaşayış binasında iki mənzilin məlumatların saxtalaşdırılması və dələduzluq yolu ilə başqalarının adına necə rəsmiləşdirilməsini araşdırmağı tələb edir. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu ərizə ilə “Rosreyestr”in Moskva şəhəri üzrə idarəsi polisə müraciət edib. Məmurlar müəyyən ediblər ki, Petrovka küçəsində, ən bahalı daşınmaz əmlakın yerləşdiyi ərazidə ümumi dəyəri 8 milyon dollardan çox olan iki elit mənzil dələduzluq yolu ilə mənimsənilib. Bu mənzillərdən birinin sahibi isə qəribə şəkildə Azərbaycanın xalq artisti Leyla Şıxlinskaya, yaxud ad və soyadı onunla eynilik təşkil edən şəxs olub. Həmin mənzillər Petrovka küçəsindəki elit yaşayış binasının sonuncu mərtəbəsində yerləşir. Müəyyən olunub ki, ümumi dəyəri 500 milyon rubl olan həmin iki mənzil son illərdə saxta sənədlərin köməyi ilə bir neçə şəxsin adına keçirilib. Belə ki, 336 kvadratmetrlik, dəyəri 250 milyon rubla yaxın olan birinci mənzil hansısa Abdulvaris M. adlı şəxsin adına keçirilib. Onunla qonşu olan və yenə də dəyəri 250 milyon rubldan çox (4.2 milyon dollara yaxın), sahəsi 400 kvadratmetr olan digər mənzil isə Şıxlinskaya Leyla Fərrux qızının adına rəsmiləşdirilib. Life.ru bildirir ki, bu məsələ ilə bağlı Azərbaycanın xalq artisti Leyla Şıxlinskaya ilə əlaqə saxlamaq mümkün olmayıb. Nəticədə ad, soyada görə onunla eynilik təşkil edən şəxsin Moskvanın mərkəzində milyonlarla dollarlıq mənzilə saxta sənədlərin köməyi ilə necə sahib olduğunu aydınlaşdırmaq mümkün olmayıb . Ancaq sayt qeyd edir ki, mənzillərin əvvəlki sahibləri onlara dəyən zərərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyiblər. Əgər bu sövdələşmə qanunsuz hesab edilsə mənzillər dövlətin xeyrinə müsadirə olunacaq. Qeyd edək ki, Azərbaycanın xalq artisti, kino aktrisası, baletmeyster və xoreoqraf Leyla Fərrux qızı Şıxlinskayanın Bakıda eyni adli klinikası fəaliyyət göstərir.

9 Fevral 2017 8:36

Fakt

Bizi izləyin