Oliqarx Nizami Piriyev Bakıda həbs olunub

pirie

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, məhkəmə oliqarx barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib Məlumata görə, N.Piriyev fırıldaqçılıqda və ictimai əmlakı mənimsəməkdə ittiham olunur. Qeyd edək ki, Nizami Piriyev “PNN Group” şirkətinin təsisçisi və sahiblərindən biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir. “PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir. Bundan əlavə “PNN Group” şirkəti “De Beers” və “Hamley`s” brendlərinin tərəfdaşıdır. Piriyevlər bu şirkətin Azərbaycan və Ukraynada mağazalarını açıblar. “KFC” qəlyanaltıxanalar şəbəkəsi də bu ölkələrdə Piriyevlərin idarəçiliyi ilə fəaliyyət göstərir. Onlar iki ölkədə artıq 50 “KFC” obyekti açıblar. “PNN Group” öz maliyyə aktivlərinin həcminin 650 milyon dollar olduğunu rəsmən bəyan edib. Qeyd edək ki, Nizami Piriyev və oğlu Nəsib Piriyev 2011-ci ildə Britaniyanın keçmiş baş naziri Toni Bleyeri Bakıya gətirən iş adamları kimi tanınır. Piriyevlər Toni Bleyeri Bakının Qaradağ rayonunda metanol zavodunun təməlqoyma mərasiminə dəvət etmiş və ona yüz minlərlə dollar qonorar ödəmişdilər. Bu qonorara görə Bleyer ölkəsində kəskin tənqidlərə məruz qaldı. ABŞ-ın Texas ştatından alınan köhnə zavodun Qaradağda quraşdırılıb başa çatması 2012-ci ildə baş verdi. Piriyevlər bildirirdi ki, zavodun istehsal etdiyi metanolun əsas müştərisi BP şirkəti olacaq. Lakin bu günlərdə gözlənilmədən məlum oldu ki, SOCAR Piriyevlərin zavodunun xammalını - təbii qazı dayandırıb. Nəticədə zavod fəaliyyətini dayandırmalı olub.

12 May 2015 3:22

Nəqliyyat Departamentinin əməkdaşlarının növbəti özbaşınalığı

neq

Son vaxtlar Nəqliyyat Departamentinin əməkdaşlarından şikayətlərin olması artıq adi hal alıb Anar Gülbala oğlu İsmayılov da Nəqliyyat Departamenti əməkdaşlarının özbaşınalıqlarından şikayətçidir. Onun göndərdiyi şikayət məktubunu olduğu kimi təqdim edirik: "Salam hörmətli "Yeni Musavat" rəhbərliyi... Bu xəbəri sizə ürək ağrısı ilə yazıram. Mən Anar İsmayılov Gülbala oğlu dünən 09.05.2015-ci ildə Nəqliyyat Departamentinin özbaşınalıqları ilə üzləşmişəm. Belə ki, mənə məxsus 10-RX-876 dövlət nömrə nişanlı "Ford Transit" markalı avtomaşınımı nəqliyyat işçiləri 10-PB-041 dövlət nömrə nişanlı xidməti avtomaşınla Məhəmmədi dairəsi yaxınlığında saxlayaraq, məndən sənədləri tələb etdilər. Mən də yük maşını üçün aldığım lisenziyanı göstərdim. Lakin onlar tək lisenziya ilə kifayətlənməyərək, mənim əlavə onlara pul ödəməli olduğumu bildirdilər. Mən bu maşınla yük və sərnişin daşıyaraq pul qazanmadığımı və onlara bu pulu ödəmək istəmədiyimi, onların tələb etdikləri 200 manatın hansı qanuna uyğun olmasını soruşdum. Xahiş etdim ki, ilk öncə özlərini təqdim etsinlər və bu məbləği nəyə görə ödəməli olduğumu əsaslandırsanlar. Onlar özlərini təqdim etmədən, zorakı yolla, xidməti formaları olmadan məndən maşının sənədlərini tələb etdilər. Onlara xatırlatdım ki, ümumiyyətlə, mən avtomaşının texniki şəhadətnaməsini və sürücülük vəsiqəmi, özlərini təqdim etmədiklərindən onlara təqdim etməli deyiləm. Tələb etdim ki, Yol Patrul Xidməti əməkdaşı dəvət olunsun. Onlar buna məhəl qoymadan məni hədələdilər ki, o zaman maşının nömrəsini açıb aparacağıq. Təkrarən onlara bildirdim ki, bu, qanunsuzluqdur. Qanun nömrənin avtomaşının üzərindən açılıb, girov saxlanılmasını qadağan edir. Dedim ki, "əgər açsanız, sizdən şikayət edəcəm". Hətta avtomaşınlarının və özlərinin şəkillərini də çəkməyimə mane olmadılar. Onlar mənə cavablarında belə dedilər: "Biz heç kimdən qorxmuruq, get kimə şikayət edirsənsə et, onsuz da bizə heç kim, heç nə edə bilməz. Pulu gətirərsən idarəyə, nömrəni apararsan". Onlar nömrəni açaraq ərazidən uzaqlaşdılar. Sonradan öyrəndim ki, onlardan birinin adi Qulu Məmmədovdur və mənim nömrəm ondadır. Dövlətimə və onun qanunlarına arxalanaraq "161" korrupsiya ilə mübarizə idarəsinə, həmçinin "102" polis xidmətinə şikayətimi bildirdim. Onlar məni dinlədilər. Qeydiyyatlarını aparıb, tezliklə mənimlə əlaqə saxlayacaqlarını bildirdilər. Yarim saatdan sonra Sabuncu rayonu 15-ci polis bölməsindən zəng edib, məni dəvət etdilər. Sağolsunlar, məni gözəl qarşılayıb, şikayət ərizəmi yazmağımı təmin etdilər. Amma şüuraltı mənə yeritdilər ki, doğurdan da onların dedikləri kimidir. Bu ölkədə heç kim onlara "gözün üstündə qaşın var" deyə bilməz. Sonra Prezident.az internet səhifəsindən cənab prezident İlham Əliyevə də ətraflı məktub yazdım və öz şikayətimi bildirdim. Sizin qəzeti uşaqlıqdan bəri izləyirəm. Qərəssiz olaraq xalqın yanında, özbaşınalığın qarşısında olduğunuzu, haqq-ədaləti yazmaqdan çəkinmədiyinizi bildiyimdən bu şikayət məktubunu ilk olaraq mediada sizə yazıram. Sizdən nömrəmin geri alınıb, qaytarılması kimi bir tələbim yoxdur. Sadəcə imkan daxilində bu yazımı, adıçəkilən nəqliyyat işçisini və göndərdiyim şəkilləri işıqlandırsanız, bəlkə də bundan sonra başqaları onların şikarına çevrilməz.

10 May 2015 6:20

Bərdədə qələbənin 70-ci ildönümü qeyd olunub

berdere

Alman faşizmi üzərində qələbənin 70-ci ildönümü ilə əlaqədar tərbirdən öncə Böyük Vətən Müharibəsi və arxa cəbhə iştirakçılarının bir qrupu rayonun mərkəzi meydanında ucaldılmış heykəlin önünə tər gül-çiçək dəstələri qoyaraq etiramlarını bildiriblər Rayon İcra Hakimiyyətinin müşavirə zalında keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyasının fəalları, Böyük Vətən Müharibəsi və arxa cəbhə iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının işçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.Tədbiri Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev açmış, Alman faşizmi üzərində qələbənin 70-ci ildönümü münasibəti ilə tədbir iştirakçıları alman faşizmi üzərində qələbənin əldə edilməsində canlarını qurban verənlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev məruzə ilə çıxış etmişdir. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bərdə rayon şöbəsinin sədri polkovnik leytenant Mətləb Murğuzov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələri Şurasının Bərdə rayon şöbəsinin sədri Oqtay Həşimov çıxış etmişlər.Qeyd edilmişdir ki, Alman faşizmi üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının, o cümlədən bərdəlilərin misilsiz xidmətləri olmuşdur. 1941-1945-ci illərdə 700 min nəfərə yaxın azərbaycanlı silaha sarılaraq faşizmə qarşı mübarizədə iştirak etmişdir. Onların yarıdan çoxu həlak olmuşdur. Müharibədə böyük igidliklər göstərdikləırinə görə 123 nəfər azərbaycanlı, o cümlədən rayonumuzun Zümürxan kənd sakini Aslan Vəzirov Sovet İttifaqı qəhrəmanı kimi fəxri ada layiq görülmüşdür.Böyük Vətən Müharibəsi adlandırılan həmin qanlı savaşda arxa cəbhənin əməkçiləri misilsiz xidmətlər göstərmişdir. Müharibə dövründə SSRİ-də istehsal olunan neftin 90 faizi Bakının payına düşürdü, hərbi texnikanbın çox böyük əksəriyyəti Bakı nefti ilə hərəkət edirdi.Keçən əsrin 90-cı illərində Azərbaycanın həmin dövrdəki səriştəsiz rəhbərləri tərəfindən faşizm üzərində tarixi qələbənin üzərinə qara ləkə salmağa cəhd edilmişlər. Yalnız xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra xalqımız üçün böyük itkilərə səbəb olmuş bu müharibənin veteranlarına diqqət və qayğı bərpa edilmiş, haqq-ədalət öz yerini tapmışdır.Bu gün Böyük Vətən Müharibəsi əlillərinə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən daima diqqət və qayğı göstərilir. Alman faşizmi üzərində qələbənin 70-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncam bunun bariz nümunəsidir.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev Böyük Vətən Müharibəsi və arxa cəbhə iştirakçılarının hər birini təbrik etmiş, onlara Qələbənin 70 illiyi ilə bağlı medalları və qiymətli hədiyyələr təqdim etmişdir.Tədbir çay süfrəsi arxasında davam etmişdir.pia.az

8 May 2015 1:08

Ombudsman Aparatının nümayəndələri cəzaçəkmə müəssisələrinə baxış keçiriblər

605b97f2-2b8f-456c-9527-1145c11f1bac_292

Nəticələrlə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq Ombudsman Aparatının Milli Preventiv Qrupunun üzvləri (MPQ) əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2, 11 və 17 saylı cəzaçəkmə müəssisələrinə baş çəkiblər. Ombudsman Aparatının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən keçirilən baxışda məqsəd cəzaçəkmə müəssisələrindən daxil olan müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması olub. Baxışda Milli Preventiv Qrupun həkim də iştirak edib. MPQ üzvləri həmin müəssisələrdə 60-dan çox məhkum fərdi qaydada qəbul edib, onlarla konfidensial şəraitdə söhbətlər aparılıb və müraciətləri yerində araşdırılıb. Məhkumlara hüquqları və ombudsmanın səlahiyyətləri izah edilib, onların qaldırdıqları məsələlərlə əlaqədar hüquqi məsləhətlər verilib. Habelə cəzaçəkmə müəssisələrinin cərimə təcridxanalarına, tibb-sanitar hissələrinə və digər obyektlərinə baxışlar keçirilib, müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib. Məlumatda qeyd olunub ki, baxışın nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaqdır.

5 May 2015 1:07

Bakıda qətlə yetirilən qızın atası və anası danışdı

yjyjyjj6

“Qoy, onun da qızım kimi qolları kəsilsin, başı kəsilsin” 17 yaşlı Aytac Babayevanın ölümü hər kəsi sarsıtdı. Onun amansız qətli günlərdir mətbuatın, sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. Böyükdən-kiçiyə hər kəs bu olaya etirazını bildirir, ailəsinin dərdinə şərik olmağa çalışır. Amma nə fayda.. Aytac ömrünün 17-ci yazında nakam sevginin qurbanı oldu. O, özü ilə xəyalında qurduğu tələbəlik arzusunu, qarşıda onu gözləyən xoşbəxt günləri dəfn edərək, əbədi getdi. Geridə gözü yaşlı yaxınları və xəyalları puç olan ailəsi qaldı. Aytacı `Vağzalı` sədaları ilə gəlin köçürməyi arzulayan valideynlərinə qızlarını ağ kəfəndə son mənzilə yola salmaq nəsib oldu. 17 ildir yaşadığı mənzilin həyətində onun yas mağarı qurulmuşdu. Valideynləri hələ də Aytacın ölümünə inana bilmirdilər, sanki o, geri qayıdacaq deyə, hamının gözü yol çəkirdi. Nə qədər çətin olsa da, Aytacın atası Nazim Babayevə yaxınlaşıb, yaşadığı faciə ilə bağlı həmsöhbət olduq. Gözüyaşlı ata qızının günahsız olduğunu deyərək, qatilə ən ağır cəzanın verilməsini tələb edir. O, qızının günahsız yerə öldürülməsini qəbul edə bilmədiyini dedi. Söhbət zamanı Aytacın atası qızının ölümünü şouya çevirən mətbuat nümayəndələrinə də etiraz edib: - Mətbuatda qızımla bağlı yalan məlumatlar yazılır. Qızımı qətlə yetirənə ən ağır cəza verilməlidir. Qoy, onun da qızım kimi qolları kəsilsin, başı kəsilsin. Yetər ki, qızımın qanı yerdə qalmasın. Onu ömürlük həbs etsinlər. Bu, ağır dərddir. İnternetdə bilmədikləri şeyləri yazırlar. Məni bu dəqiqə heç nə maraqlandırmır. Çox ağır bir vəziyyətə düşmüşəm. Yalan məlumatları verməyi yığışdırsınlar. Şok vəziyyətindəyik. Çox əzab çəkirik. Balam getdi.Mənim balamla bağlı boş məlumatlar yayılmasın”. “Qızım onunla sevgili olmayıb, yalandan danışırlar” N.Babayev qızının onu öldürən oğlanla sevgili olması haqda xəbərlərin yalan olduğunu deyib: “Nə sevgili? Mənim qızım orta məktəbi bitirməyib. Hər küçədən keçən adam mənim balamla bağlı yalan yaymasın. Oğlan qızıma təzyiq göstərib. Bu, ən böyük cinayətdir. Mənim daha sözüm yoxdur. İmkan versinlər, dərdimizi çəkək”. “Bacı, tək qoyma bizi, yalvarıram qayıt...” Mərhumun bacısı Ayşən Babayeva isə hələ də şokdan ayılmadığını bildirib: - Xahiş edirəm, yalvarıram, bircə mənim bacımın xəbərlərinin altına pis-pis fikirlər yazmasınlar. Bacım, tək qoyma məni, yalvarıram. Boş-boş fikirlər yazmasınlar. Allah onları yazanların bəlasını versin. Mən yanmışam. Heç nə demirəm, bacımı qaytarısınlar. Mərhumun qohumları da Aytacın ölümü ilə bağlı ürək ağrısı ilə danışıblar. “İnternetdə yayırlar ki, guya bunlar sevgili olublar. 11-ci sinifdə nə sevgili? Aytac universitetə hazırlaşırdı, Tibb Universitetinə qəbul olmaq istəyirdi. Əgər o bir oğlanla danışsaydı, anası onu küçə boyu saçından tutub, sürüyərdi. Aytacgil iki bacıdırlar. Onların qardaşları da yoxdur. Valideynləri qızlarını gözlərinin üstündə saxlayırdılalar. Atasıgil boğazlarından kəsib, onları saxlayıblar. İndi haranınsa qaniçəni gəlib gül kimi qızımızın həyatını məhv edib. Qıza zorla deyib ki, “mənə ərə gəl”. Ay bala, getmir də. Bu uşaq təhsil almaq istəyir”. Aytacın bibisi qardaşı qızının başına müsibətlər gətirildiyini deyib: “Heç kim, heç nə bilmir. Mən Aytacımın meyidini yumuşam. Onun başına müsibətlər gətirilib. Qızımı yuyanda qulağının dibindən, ağzından laxta-laxta qalanlar tökülürdü. Bu, dəhşətdir. Nə günahın sahibiydi Aytac? Ay Allah! Aytacı beş yerindən bıçaqlamayıblar. Onun bədənində 9 bıçaq yarası var idi. Alnından, kürəyindən, qolunun altından, qarnından, qulağının diblərindən bıçaqlanmışdı. Üzü bıçaqla kəsilmişdi. Saçlarını çəngə-çəngə yolmuşdu, kəsmişdi. Əclaf Aytacın saçından tutub, üzünü betona vurub. Onun üzünü yuyanda tanımaq olmurdu. Bu, müsibətdir. Aytaca işğəncə verilmişdi. Qızımızın həyatını məhv etdilər. Aytac o qədər gözəl idi ki, heç kəsin ona qıymağa ürəyi gəlməzdi. O, çox ağıllı və tərbiyəli qız idi. Balamız heç vaxt geri qayıtmayacaq. O oğlana ən ağır cəzanı da versələr, yenə də Aytacımız geri qayıtmayacaq”. “Onu erməni də belə etməzdi…” Aytacın babası Mürvət Babayev isə nəvəsini qətlə yetirən şəxsin ermənidən də vəhşi və qaniçən olduğunu söyləyib: - Mən 80 yaşlı bir baba kimi nəvəmin başına gətirilən faciəyə görə həmin oğlana ən ağır cəzanın verilməsini tələb edirəm. Nəvəm vəhşicəsinə qətlə yetirilib. Nəvəmin kürəyinə səkkiz bıçaq vurulub. Üzünə bıçaq çəkilib. Qolları, biləkləri doğranıb. Erməni o oğlandan yaxşıdır. İndiyə qədər belə vəhşilik görməmişəm”. A.Babayevanın dayısı isə qanın yerdə qalmayacağını deyib: “Biz haqq tələb edirik. Bacımın qızının qanı yerdə qalmasın. 17 yaşında uşağı o vəziyyətə salmazlar. Haqqımızı istəyirik. Aytacın qatilinə ən ağır cəza verilsin”. “Özgəcana görə Türkiyə ayağa qalxdı, Aytacın ölümünə niyə susurlar?” Mərhumun qohumları bu hadisəni Türkiyədəki məşhur Özgəcanın qətli ilə müqayisə edib: “Aytacı nahaqdan qətlə yetiriblər. O, şagird olub. Sabah kiminsə övladının başına bu iş gələrsə, nə edərlər? Gələcəkdə hamının başına gələ bilər. Biz Aytacın qatilinə ən ağır cəzanın verilməsini tələb edirik. Ona ömürlük cəza kəssinlər, ya da güllələsinlər. Əslində qatili meydana çıxarıb barmaqlarını, başını, ətini kəsmək lazımdır. Onu dar ağacından assınlar. Onu deşik-deşik eləsinlər. `Mən səni sevmirəm` deyən adamın başına belə oyun açarlar? Aytac o qatili güclə sevməli idi? Qatil dəli deyil. Ona ən ağır cəza verilməlidir. Türkiyədə bir qızın ölümünə görə bütün xalq ayağa qalxdı. Bizim qızımızın başına oyun açıblar. Hər kəs susub, yerində oturub. Hamı qorxur. Budurmu ədalət? Biz dövlətimizə, onun rəhbərliyinə inanırıq. Onlardan Aytacın qatilinə ağır cəza verilməsini xahiş edirik”. (Azvision.az)

3 May 2015 4:05

Azərbaycanın 6 rayonunda səyyar protez-ortopedik bərpa xidməti göstəriləcək

be8bc131-008f-46a8-8e9d-6e67bae75757_292

2013-cü ildən bu günə qədər 2 mindən çox şəxs səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 6 rayonda əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Məlumatda qeyd olunub ki, ƏƏSMN-in Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada mayın 6-da saat 9.00-dan 12.00-dək Qobustan rayon mərkəzi xəstəxanasında, saat 13.00-dan 18.00-dək Şamaxı rayon mərkəzi xəstəxanasında, mayın 7-də saat 9.00-dan 13.00-dək İsmayıllı rayon Tibbi-Sosial Ekspert Komissiyasının və 14.00-dan 18.00-dək Göyçay rayon Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binalarında, mayın 8-də saat 9.00-dan 13.00-dək Kürdəmir rayon mərkəzi xəstəxanasında və 14.00-dan 18.00-dək Ağsu rayon mərkəzi xəstəxanasında olacaq və əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək.Mərkəzin səyyar xidmət göstərməsi nəzərdə tutulan şəxslərin əvvəlcədən qeydiyyatı aparılıb. Həmin insanlar ehtiyac duyduqları protez-ortopedik məmulatlar və müxtəlif reabilitasiya vasitələri ilə təmin ediləcəklər.Qeyd edək ki, səyyar tibbi-texniki briqada 2013-cü ilin dekabr ayında yaradılıb və ötən dövrdə 2 min nəfərdən çox şəxsi səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edib.

1 May 2015 1:47

Bakıda pilləli iş rejimi başladı

40732

Bu gündən Avropa Oyunları ilə əlaqədar Bakıda pilləli iş rejiminə keçilir Nazirlər Kabineti Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq üçün sərəncam verib.Sərəncamda qeyd edilib ki, 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakıda fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə müəyyənləşib.Sərəncama əsasən, işçilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək, işçilərin 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək, işçilərin 25 faizi üçün saat 9:00-dan saat 18:00-dək və işçilərin 25 faizi üçün saat 9:30-dan saat l8:30-dək pilləli iş rejimi müəyyən edilib. Bakı şəhərində fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin isə (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dək, işçilərin 50 faizi üçün saat 8:30-dan saat 17:30-dək pilləli şəkildə təşkili tövsiyə edilib.(virtual.org)

1 May 2015 11:53

«Azneft» İB-nin direktoru Daşqın İsgəndərovun qudasına qarşı ittihamlar

azzzz

«Azneft» İB-nin direktoru Daşqın İsgəndərovun qudasına qarşı ittihamlar -“Niyə fəhlələrin yeməyindən yemir” Redaksiyanın elektron poçtuna daxil olmuş aşağıdakı məktubu kiçik ixtisarla dərc edirik: Hörmətli redaksiya! Ötən həftə imzalarımızla təsdiq edilmiş müraciətlərimizi qəzetinizdə dərc etdiyinizə görə Sizə çox minnətdarıq. İmkanımız olsa, biz neftçilər o «Şöhrət» ordenini Sizə və Mirvari xanım Qəhrəmanlıya verərdik. Amma təəssüf ki, əlimizdə elə bir səlahiyyət yoxdur. Çünki neftçilərin halına yanan Sizlərsiniz. Müraciətimizin hələki bir nəticəsi olmasa da, bizə olan təzyiqlərlər, hədə-qorxular günbəgün artmaqdadır. Buz isə mübarizəmizi axıra kimi davam etdirəcəyik. Çünki məqsəd hər addımda pozulan hüquqlarımızın bərpasıdır. Bu müraciətimizi isə xahiş edirik, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya, ARDNŞ-nin 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadəyə göndərəsiniz. Çünki neftin nə zülmlə çıxardılmasını, neftçi peşəsinin nə olduğunu, onu yalnız rəhbərlərimizdən Xöşbəxt müəllim bilər, insanların sağlamlığını isə Mehriban xanım başa düşər. Bildiririk ki, «Neft daşları»nda yaşadığımız yataqxananın otaqlarına kifdən, rütubətdən girmək olmur, divardakı «oboy»lar, «patalok»a vurulan «şpakilovka» emulsiya adamın üstünə tökülür, içdiyimiz dəniz suyu isə demək olar ki, artıq heç utilizasiya olunmur. Axrıncı dəfə nə vaxtı bizə təzə «pastel» verilib, yadımıza gəlmir. Bu kimi sosial məsələlərlə məşğul olmaq əvəzinə, işçiləri zorla aparıb Əhmədlərin, Akiflərin tapıb gətirdiyi keyfiyyətsiz ərzaqdan bişirilən yeməkləri yedizdirirlər. Hörmətli redaksiya! Xahiş edirik, səhər saat 07-08 arası gəlin Bakı Dəniz Vağzalına. Bizi dənizə aparan gəminin (Sabit Orucov gəmisi) qarşısına çıxın, görərsiniz ki, “Azneft İB-nin baş direktorunun müavini İkram Qasımov və onun işçiləri-Əhməd Musayev və onun işçiləri nə canfəşanlıqla Təhlükəsizlik İdarəsinin işçilərinin köməyilə çantalarımızı yoxlayırlar. «Vitse-prezident Bədəl Bədəlovin tapşırığını yerinə yetiririk», deyib, «sumka»da olan ərzağımızı-kolbasa, sosiska və s. tökürlər yerə, minik başa çatdıqdan sonra həmin ərzaqları verirlər gəminin bufetinə, bufetçi işləyən və Əhmədin sağ əlinin əli ilə təkrar satdırırlar bizlərə. Ac neftçinin başqa çarəsi yoxdur, çünki gəmidə, «Neft Daşları»nda başqa alternativ qidalanma yeri-yeməkxana yoxdur. Otaqlarımızda olan şəxsi qab-qaşıqları tamamilə yığışdırıblar. Yəni nəyin bahasına olursa olsun, nə bişirilib bişirilməyib, gedib o yeməkxanaya pul verməlisən, vəssalam, heç yemə. Neçə vaxtdır ki, bu dözülməz vəziyyət davam edir. İkram Qasımov, «Azneft» İB-nin Baş direktor müavini, əvvəllər Zığda tikinti idarələrinin birində aşağı vəzifələrdə işləyib. Elə ki, qardaşı Elsevər (idarə rəisidir) vitse-prezident Mikayıl İsmayılovun bacısı ilə evləndi, birdən-birə qoydular bu vəzifəyə. Onu tanıyanların dediyinə görə, eyşt-işrətlə məşğuldur. Dənizə tez-tez gəlib kef məclisləri düzəltməyi elə bunları təsdiq edir. Guya yoxlamaya gəlib. Məgər otaqlardan qab-qacaq axtaranda o, bərbad otaqları görmürmü? Vəzifəyə təyin olunandan, ancaq yemək davası edir. Başqa bir sosial məsələ həll etməyib. «Azneft» İB-nin direktoru Daşqın İsgəndərovun qudası, 4 saylı TQİ-nin rəisi Baxış Ağayev niyə bizə yedizdirilən yeməkdən yemir və özünün şəxsi aşbazı və xüsusi “xidmətçisi” var-Feyruz və Lena Lunina. Özü ilə aparır, özü ilə gətirir…» Əhməd Musayev, onun haqqında çox yazılıb, şirkətə layiq insan deyil. Üzünə hər gün bu sözlər deyilir, amma onun üçün mənası yoxdur, təki havayı yemək və pul olsun və sair. Umumiyyətlə, digər idarə rəisləri və müavinləri də xüsusi ayrılmış yerdə və xüsusi yeməklər yeyirlər. Həmkarlar Təşkilatının bivec sədri isə bizimlə deyil, bu harınlarla həmrəydir!

28 Aprel 2015 4:44

Dələduzluqda təqsirləndirilən hüquq müdafiəçisi saxlanılıb

dedef2

Azərbaycanda dələduzluqda təqsirləndirilən hüquq müdafiəçisi saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib Şirvan Şəhər-Rayon Polis Şöbəsinin müstəntiqi Anar Bayramovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Şirvan şəhərində fəaliyyət göstərən “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İctimai Birliyinin sədri, 1970-ci il təvəllüdlü İskəndərli Azad Vəlyəddin oğlu Cinayət Məcəlləsinin 178.2.2 178.2.4 (dələduzluq), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri təqsirləndirilir.Daha əvvəl Cinayət Məcəlləsinin 182.1, 228.1, 228.4, 66.3-cü maddələri ilə təqsirləndirilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Azad İskəndərli özünü hüquq müdafiəçisi kimi təqdim edərək, hüquq təhsili olmadığı halda qanunsuz vəkil xidmətləri göstərməklə vətəndaşları aldatmaqda ittiham edilir.İstintaqla müəyyən edilib ki, o, etibardan sui-istifadə etmə, aldatma və şantaj yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq və özgənin əmlakını hədə-qorxu ilə tələb etmə cinayətlərini törədib.A. İskəndərli 2008-ci ilin oktyabr ayında Şirvan şəhərində fəaliyyət göstərən “Sərvət” şadlıq sarayının sahibi Qasımov İbrahim Əli oğlundan 2500 manat borc pul alıb və qaytarmayıb. O, sahibkarı şantaj edərək hər ay 300 manat ödəməsini tələb edib. Ə.Məmmədov isə bununla razılaşmayıb.Bundan başqa, o, Salyan rayon Bəşirbəyli kənd sakini Həşimov Seymur Çingiz oğlundan 1200 (min iki yüz) manat, Bakı şəhəri, Suraxanı rayon sakini Dəmirova Nazilə İskəndər qızından, onun övladları Simrand və İlkin Dəmirovlardan 4350 manat məbləğində pulu aldatma yolu ilə alıb.Faktla bağlı araşdırma davam edir.pia.az

27 Aprel 2015 4:21

Övlad valideynin də günahını daşıyırmı?

ovdddddddf

"İbadət etmək insanın yaradılış qayəsidir" Bu barədə ilahiyyatçı Hacı Şahin Həsənli "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, bununla bağlı "Qurani -Kərim"də ayələr var: " Allah bizi ona ibadət etmək üçün yaradıb. İnsan əbədi varlıqdır və əbədiyyət üçün yaranıb. Həyatımız ölümlə bitmir. İnsan əbədiyyəti qazanmaq üçün müvəqqəti olaraq bu dünyada yaşayır. Yaşadıqca əbədiyyətdəki mənzilini müəyyən edir".Tamaşaçı suallarını cavablandıran Ş.Həsənli qeyd edib ki, insanın bu dünyada mənəvi cəhətdən zənginləşməyə ehtiyacı var: " Çünki ölümdən sonra insan sonu olmayan bir aləmə qədəm qoyacaq və orada əbədi yaşayacaq. O aləmə köçmək üçün hazırlaşmaq lazımdır. Əslində dünyaya gəlişimizin fəlsəfəsi də bundan ibarətdir. Bu dünyada əbədiyyətə hazırlaşmalıyıq. Allahla görüşə hazırlıq üçün bu dünyada ona bəndə olmalı, Yaradana itaət etməliyik. Allaha itaət heç də bəzilərinin başa düşdüyü kimi insanın alçaldılması deyil. Allaha qulluq etmək ali məqamdır. Rəbbimizdən başqasına qul olmaq alçaldıcı hesab edilə bilər".İlahiyyatçı əlavə edib ki, insan azad yaradılıb: " Hədislərdə buyrulur ki, heç kimə qul olma, Allah səni azad yaradıb. Bu azadlığı əldə etmək üçün insan özündən daha ali varlığa tapınmalıdır. Bu insanın daxilində olan bir ehtiyacdır. İnsan Allaha tapınmasa kiməsə, nəyəsə tapınacaq. Fitrətin tələbinə görə, insan nəyəsə itaət etməlidir. Bəzən ünvanı səhv salıb, başqa istiqamətə yönəlirik. "Qurani-Kərim"in də bildirdiyi kimi Allah möhtacsızdır. Onun bizim ibadətimizə ehtiyacı yoxdur. İnsanın Yaradana itaət və ibadət etməyə ehtiyacı var. Allahın hökmlərinə tabe olmaq ibadətdir. Ümumən isə ibadət geniş anlayışdır".Ş.Həsənli bildirdi ki, insan bütün vücudu ilə Allaha borcludur: "Rəbbimiz bizi yaradıb və nemətlər verib. Bu nemətlərin təşəkkürünü etməliyik. Aldığımız hər nəfəsə görə şükür deməliyik. Bizim xeyrimiz bundadır. Düzdür, biz şükür etməklə Allaha olan borcumuzu qaytara bilmərik. Amma bir insanın mənəvi baxımdan təkmilləşməsinin yolu budur".İlahiyyatçı namaz və orucdan başqa da bir çox əməllərin ibadət olduğunu söylədi: " İnsan əgər hər hansı bir lazımlı, faydalı işi Allah rizası üçün yerinə yetirirsə, ibadət hesab olunur. Biz müxtəlif əməllərlə Allaha qulluq edə bilərik. Bəzi hökmlər Rəbbimizin əmridir. Məsələn, namaz vacib ibadətdir. Lakin ibadət sayılan digər əməllər də var. Belə buyrulub ki, ibadət 10-dursa, 9-u halal yolla ruzi qazanmaqdır. İnsan evindən çıxıb halal ruzi dalınca gedirsə, ibadət halında olur. Valideynin, alimin üzünə baxmaq, qohumları ziyarət etmək, elm oxumaq, xeyirxah iş görmək, övlad tərbiyə etmək də ibadət sayılır".pia.az

26 Aprel 2015 7:51

Bakıda dövlət müəssisəsinin binasından oğurluq edən şəxslər tutulub

52820e30-3fcc-412a-bbe3-bbd7206dae0c_292

Araşdırma zamanı onların "PayPoint" aparatları oğurladıqları da məlum olub Bakıda "Azərpoçt" MMC-nin poçt şöbəsindən oğurluq edən şəxslər saxlanılıb. "Report"un məlumatına görə, Qaradağ Rayon Polis İdarəsi (RPİ) 38-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı 1978-ci il təvəllüdlü Mustafayev Telman Fərman oğlu və Şəbiyev Qurban Yalçın oğlu tutulublar. Hər iki şəxs Sahil qəsəbəsində yerləşən poçt binasına daxil olaraq oradan 1473 manat oğurlayıblar. Saxlanılan şəxslər həmçinin həmin poçt məntəqəsində yerləşən Azərbaycan Beynəlxalq Bankının bankomatından da oğurluq etməyə cəhd göstəriblər. T.Mustafayev və Y.Şəbiyev bankomatı sındırsalar da, içindəki pulları ələ keçirə bilməyiblər. Araşdırma zamanı T.Mustafayev və Y.Şəbiyevin Qızıldaş qəsəbəsində yerləşən "Laçın" marketin içərisində quraşdırılan "MilliÖn" aparatını oğurladıqları da məlum olub. Dəstə üzvləri həmin aparatı Qaradağ rayonu ərazisində yerləşən gölün kənarında sındıraraq içində olan 2795 manat məbləğindəki vəsaiti mənimsəyəndən sonra aparatı gölə atıblar. T.Mustafayev və Y.Şəbiyev eyni üsulla Qaradağ rayonu Şanqar qəsəbəsində Susanna Səfərovaya məxsus mağazada yerləşən "PayPoint" aparatını da oğurlayıblar. Dəstə üzvləri həmin aparatı qıraraq 586 manat məbləğindəki vəsiti götürüblər. T.Mustafayev və Y.Şəbiyev həmçinin Sahil qəsəbəsində yerləşən "Zeytə" marketdəki "PayPoint" aparatından da oğurluq ediblər. Onlar bu mağazadakı aparatı sındırdıqdan sonra orada olan 1182 manatı götürüblər. Faktla bağlı T.Mustafayev və Y.Şəbiyev barəsində 38-ci Polis Bölməsində toplanan materiallar Qaradağ RPİ-yə göndərilib. Saxlanılan şəxlər barəsində cinarət işi başlanılıb. Araşdırma zamanı T.Mustafayev və Y.Şəbiyevin başqa bu kimi cinayətlərdə iştirak edib-etmədikləri də məlum olacaq.

25 Aprel 2015 2:33

Fakt

Bizi izləyin