Bakıda işdən qovulan rəis müavininin yerinə təyinat olub – FOTO

Bununla bağlı müvafiq əmr imzalanıb Azərbaycan daxili işlər orqanlarında kadr təyinatı olub. Müvafiq əmrə əsasən, polis kapitanı Kənan Abışov Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsinin (PB) rəis müavini təyin edilib. K.Abışov bu təyinata qədər Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsinin (CAŞ) baş əməliyyat-müvəkkili vəzifəsində çalışıb. O, daxili işlər orqanlarında çalışan peşəkar polis zabitlərindən biri hesab olunur. K.Abışov Binəqədi RPİ-də işlədiyi müddətdə rayon ərazisində törədilən ağır cinayətlərin açılmasında müstəsna xidmətlər göstərib, cinayətkarlığa qarşı amansız mübarizə aparıb. Peşə fəaliyyətini bacarıqla yerinə yetirdiyi üçün K.Abışov dəfələrlə rəhbərlik tərəfindən xüsusi mükafatlara layiq görülüb. Qeyd edək ki, 38-ci PB-nin keçmiş rəis müavini polis polkovnik-leytenantı Şərifov Rafiq Vaqif oğlu bir neçə gün əvvəl sərxoş vəziyyətdə avtomobil idarə edən zaman Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol polisləri tərəfindən saxlanılmışdı. Keçmiş rəis müavini yol polislərinə hörmətsizlik etdiyi və onlara tabesizlik göstərdiyi üçün onun barəsində Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsində araşdırma aparılmışdı və R.Şərifov polis sıralarından xaric edilmişdi.

21 Aprel 2015 3:39

Elmar Məmmədyarov: “Azərbaycan sülhə hazırdır“

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Şərq Tərəfdaşlığının çoxtərəfli çərçivəsindən tam istifadə edilməsi üçün mane olaraq qalmaqdadır və Avropa İttifaqının birbaşa qonşuluğunda ciddi təhlükə olmaqda davam edir"Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən PİA.AZ-a verilən məlumata görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Şərq tərəfdaşlığında iştirak edən ölkələrin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən 6-cı görüşündə çıxışı zaman deyib.E.Məmmədyarov qeyd edib: "Biz bununla əlaqədar olaraq Aİ-nin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığına ardıcıl öhdəliyi ilə regionda mövcud olan təhlükəsizlik çağırışlarına qəti cavab nümayiş etdirməsini və BMT Təhlükəsizlik Şurasının bununla əlaqədar olaraq qəbul etdiyi müvafiq qətnamələrinin çox tezliklə yerinə yetirilməsinə israrla çağırırıq. Biz Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin region xalqları və bütün beynəlxalq ictimaiyyətin uzun müddət gözlədiyi sülh və təhlükəsizlik gətirəcəyinə qətiyyətlə inanırıq".Nazir bildirib ki, Azərbaycan böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq və regiona sülh və sabitlik gətirmək üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına dəfələrlə hazırlığını ifadə edib.E.Məmmədyarov vurğulayıb ki, Vilnüs sammitindən sonrakı hadisələr təəssüf ki, digər münaqişənin başlanması da daxil olmaqla, bütün Şərq Tərəfdaşlığı regionuna çoxsaylı çağırışlar gətirib.Nazir bildirib ki, Şərq Tərəfdaşlığı məkanında bütün münaqişələr oxşar ssenari üzrə cərəyan edib və ərazi bütövlüyünün pozulması, işğal və separatizm kimi eyni ağır nəticələrə gətirib çıxarıb.E.Məmmədyarov bildirib ki, artıq regiondakı bütün münaqişələrin həllinə münasibətdə yekdil mövqe və həmrəylik nümayiş etdirməyin vaxtıdır:"Təhlükəsizliklə bağlı davamlı problemlərin olmasına baxmayaraq, Vilnüsdən sonrakı dövrdə Azərbaycan-Aİ ikitərəfli münasibətlərində əhəmiyyətli irəliləyiş qeydə alınıb. Enerji sahəsində strateji tərəfdaşlıq Cənub Qaz Dəhlizinin reallaşmasında Azərbaycan tərəfindən həyata keçirilən konkret tədbirlər sayəsində əhəmiyyətli dərəcədə inkişaf edib. Cənub Qaz Dəhlizinin Bakıda və daha sonra TANAP-ın Türkiyənin Qars şəhərindəki təməlqoyma mərasimləri Azərbaycanın Avropa bazarına alternativ qaz təchizatın qətiyyətli öhdəliyinin aydın təzahürü idi. Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti cənab Maroş Şefçoviçin dəstəyi ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası 12 fevral 2015-ci il tarixində Bakı şəhərində keçirildi. Növbəti iclasın yaxın zamanda Türkiyədə keçirilməsi planlaşdırılır".E.Məmmədyarov əlavə edib ki, Vilnüs Sammiti zamanı və ondan sonra Mobillik üzrə tərəfdaşlıq, viza sadələşdirilməsi və readmissiya sazişlərinin imzalanması ümumi məqsədlərimizin praktik icrası üçün zəruri əsas yaradıb:"Azərbaycan Aİ tərəfindən Avropa Qonşuluq Siyasətinin əsaslı şəkildə nəzərdən keçirilməsi üçün başlanılan ictimai məsləhətləşmələri müsbət qiymətləndirir. Bununla əlaqədar olaraq, mən AQS-in nəzərdən keçirilməsində 4 mühüm məqam – fərqləndirmə, sahiblik, fokuslaşma və çeviklik üzrə müşahidələrimi bölüşmək istərdim. Azərbaycan Şərq Tərəfdaşlığının ikitərəfli səviyyədə daha böyük fərqləndirmə siyasətinin ilkin şərti kimi prioritet-verilən və layihə-əsaslı əməkdaşlığın qarşılıqlı fayda üçün müsbət nəticə vəd etməsindən əmindir. Bu prioritetlər Azərbaycanın geo-iqtisadi əhəmiyyəti və geosiyasi mövqeyi, eləcə də, onun xarici siyasətinin əsas prinsipləri nəzərə alınaraq işlənib hazırlanmalıdır".Nazir həmçinin bildirib ki, sahiblik bərabər tərəfdaşlıq və tərəflərin universal dəyərlərin və beynəlxalq hüququn əsas prinsiplərinə qarşılıqlı sadiqliyindən başlamalıdır, çünki onlar tərəflər arasında etibarlı münasibətlərin qurulmasının özülünü təşkil edir:"Bu amil tərəfdaşlara münasibətdə seçici yanaşmaların istifadəsi nəticəsində tərəfdaşların Aİ-yə yaxınlaşmasına mənfi təsir göstərdiyi Şərq Tərəfdaşlığı coğrafiyasında Aİ-nin iştirakının müvəffəqiyyəti üçün həyati əhəmiyyətə malikdir".E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan Aİ-nin diqqətini tərəfdaş ölkələrin inkişaf etdirmək istədiyi xüsusi əməkdaşlıq sahələri üzərində cəmləşdirməsi məsələsinə sadiqliyini dəstəkləyir:"Bu, Azərbaycan-Aİ əməkdaşlığında maraqların birləşdirilməsi və faydaların müəyyən edilməsinə kömək edəcəkdir. Aİ ilə əməkdaşlıq çərçivəsində iqtisadi inkişaf, enerji, internet bağlılığı (nəqliyyat, İKT, ümumi aviasiya məkanı), miqrasiya və mobilliyi təşviq etmək Azərbaycanın marağındadır. Eyni zamanda Aİ-nin AQS zonasında dini dialoq və mədəni müxtəlifliyi təşviq etmək niyyətini nəzərə alaraq, Azərbaycan mövcud çoxmədəniyyətli cəmiyyət üzrə həyat qabiliyyətli təcrübəsini paylaşmaqda çox maraqlıdır".Nazir əlavə edib ki, Azərbaycan hər iki tərəfin əvvəlki prinsiplərin tələblərini yerinə yetirə bildikləri halda çevikliyin asanlıqla icra edilə biləcəyinə inanır:"AQS tarixi göstərmişdir ki, Aİ siyasətinin tərəfdaşlara uyğunlaşdırılmasında çətinliklər davamlı olaraq “bir ölçü hamıya uyğundur” siyasəti, fərdi ehtiyacların səhv hesablanması, dəyərlər və maraqlar arasında ifrat qarşılıqlı asılılığın təhkim edilməsindən qaynaqlanır".E.Məmmədyarov bildirib ki, bütün bunları nəzərə alaraq, Azərbaycan strateji tərəfdaşlıq ruhunda Aİ-Azərbaycan əməkdaşlığında maraqlı olduğunu bir daha vurğulayır: "Azərbaycan iyun ayında Avropa tarixində əsas idman hadisələrindən biri olan və qitə üçün çox maraqlı və idmanın çox növünü əhatə edən innovativ tədbirə, ilk Avropa Oyunlarına ev sahibliyi edəcəkdir"

21 Aprel 2015 1:42

“Zaqatala təhsilini heç zəlzələ bu cür silkələməmişdi”- KORRUPSİYA

"Zaqatala təhsilini heç zəlzələ bu cür silkələməmişdi" Rüşvət, cinayət, qanunsuzluq, milyonların mənimsənilməsi, şıdırğı pul yığımı, nazirliyin adından istifadə, hədə, təhdid, şantaj… Bəli, söhbət, Zaqatala Rayon Təhsil Şöbəsindən gedir. 2010-cu ilin aprelindən-vəzifəyə təyin edildiyi gündən təhsil işçilərinin qanını sovurmaqla məşğuldur. Bilənlər bilir, bilməyənlər üçün kiçik bir tanışlıq edək. Qurban Qurbanov izi? Adı Habil Qurbanovdur. Təhsil nazirinin sərəncamı ilə bu vəzifəyə təyin edilib. H. Qurbanov bu vəzifəyə təyin edilənə kimi Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Zaqatala şəhəri üzrə nümayəndəsi vəzifəsində çalışıb. Yaydığı söz-söhbətlər arasında, Qarabağ Futbol Klubunun baş məşqçisi, Qurban Qurbanovun qohumu olduğunu deməsi də diqqətlərdən yayınmayıb! Bundan əlavə YAP-ın Zaqatala Rayon Təşkilatının sədridir. Qohumlar arasında bölüşdürlən təhsil biznesi Məlumatlı mənbə bildirir ki, Habil Qurbanov, Təhsil Şöbəsinin keçmiş müdirin və rüşvətxor icra başçısının yolu ilə gedir: “Zaqatalada təhsil sistemi çöküb. Rayonunun icra başçısı Mübariz Əhmədzadənin yaratdığı rüşvət və korrupsiya sistemi Zaqatalada təhsil sistemini də məhv edib. Biz sosial sıxıntıların içində batırıq. Rayon sakinlərinin nə halına yanan var, nə də səsini eşidən. Dərdi olan rayon sakinləri aylarla icra başçısının qəbulunda ömürlərini itirirlər. İcra başçısı isə rayonda heç bir problemin olmadığını car çəkərək, rayona ayrılan vəsaitləri mənimsəməklə məşğuldur. Habil Qurbanov əvvəllər İcra Hakimiyyətində işləyib. Sonra təhsilə təyin etdilər. Orda başçının bütün tökdüklərini yığıb, indi Təhsil Şöbəsində tətbiq edir. Onun təhsildən anlayışı yoxdur. Bütün dərdi-səri puldur. Burada “qohumluq şəbəkəsi” hökm sürür. Habil Qurbanov tabeçiliyində olan orta məktəblərə öz qohumlarını və yaxınlarını direktor təyin edərək dövlət tərəfindən ayrılan vəsaiti çalıb-talamaqla məşğuldur. Eynilə icra başçısı Mübariz Əhmədzadə kimi, o da əsas vəzifələrə ancaq öz yaxın adamlarını təyin edir". Rüşvətlə özünü müəllim adlandıranlar Əldə etdiyimiz məlumatlar arasında ən maraqlısı, müəllimliklə qəti əlaqəsi olmayan, başqa sahənin əməkdaşları belə rüşvət naminə burda dərs demə imkanına sahib olmasıdır: “Elə məktəblər var ki, idman, hərbi hazırlıq, coğrafiyadan, riyaziyyat, tarix fənnlərini bu sahələrdən tamamilə xəbərsiz adamlar tədris edirlər. Habil Qurbanov Təhsil Nazirliyinə vakant yerlər barədə sorğu göndərmir ki, ixtisasli müəllimlər göndərilsin. Xadimələr isə direktorların tovlələrini təmizləyir”. İddia olunur ki, baş verənlərin hər birindən icra başçısının xəbəri var: “Valideynlər dəfələrlə vəziyyətlə bağlı icra başçısına şəxsən şikayət ediblər. Amma Mübariz Əhmədzadə çox saylı şikayətləri qulaqardına vuraraq vəziyyətə müdaxilə etmir. Çünki Habil Qurbanovdan hər ay “haqqını” artıqlaması ilə alır”. Zəlzələdən sonra Zaqatala rayon Təhsil Şöbəsinə təkcə bir ilin 8 ayı ərzində üst-üstə 700 min manata yaxın pul ayrılıb. Həmin pulun maddələr üzrə hansı məqsədlər üçün sərf olunduğu sənəddə göstərilməli olduğu halda, sənədlər gün üzünə çıxarılmayıb: “Habil Qurbanovun rəhbərlik etdiyi qurum bu qədər vəsaiti xərcləməsinin səbəbi kimi Zaqatalada baş vermiş zəlzələni göstərib. Daha doğrusu, bir çox kəndlərdə orta məktəblərin dağıldığını və yenidən qurulduğunu bildirən Təhsil Şöbəsi ayrılmış pulları da həmin məqsədlərə sərf etdiyini iddia edir”. Məktəblərə alınmış inventarlara gəldikdə isə onların alındığı MMC-nin isə məhz Habil Qurbanovun qohumlarına məxsus olduğuda, gələn məlumatlar arasındadır. YAP-ın adından istifadə Habil Qurbanov eyni zamanda Zaqatala Rayon YAP sədridir. Elə məhz bu vəzifədən, addan istifadə edərək rayonda at oynadır. Ona qarşı irad bildiriləndə, arqument kimi YAP-ı göstərir. Buna görə də, H.Qurbanova gözün üstə qaşın var deyən yoxdur. Məhz bundan qaynaqlanaraq, rüşvətxorluqla məşğul olur. Qurbanovun doymayan gözü H.Qurbanov ciddi qanun pozuntularına, rüşvətxorluq və digər korrupsiya hallarına yol verməkdən əl çəkmir. Belə ki, onlar rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin razılığı ilə büdcədən ayrılan vəsaiti çapıb-talamaqla məşğuldurlar. Qeyd etmək lazımdır ki, Zaqatalalıların bəxti təhsil sarıdan ümumiyyətlə heç gətirmir. Bu fakt öz təsdiqini bir müddət əvvəl ölkənin kütləvi informasiya vasitələrində, ötən iki ildə respublikanın ümumtəhsil müəssisələrində işləyən müəllimlərin təhsil sənədlərinin Təhsil Nazirliyində ekspertizadan keçirilməsi və bu istiqamətdə görülən işlər barədə yayımlanmış məlumatlarda da tapır. Həmin məlumatlara əsasən yoxlamalar nəticəsində Zaqatala, Balakən və Qax rayonlarından 27 nəfərin saxta diplomla müəllim işlədiyi müəyyən edilib. Saxta diplom əldə etmiş şəxslərdən isə 1-i Qax, 2-si Balakən və 24-ü Zaqatala rayonunda aşkar olunub. Eyni zamanda diplomu mövcud qaydada Təhsil Nazirliyində tanınmayan 39 nəfər Qax, 53 nəfər Balakən, 116 nəfər Zaqatala, özəl ali məktəblərin arayışları ilə 13 nəfər Balakən, 20 nəfər Zaqatala, qanunsuz fəaliyyət göstərən ali və orta ixtisas müəssisələrinin məzunlarından 2 nəfəri Balakən, 14 nəfəri Zaqatalada ümumi təhsil müəssisələrində pedaqoji işə qəbul edilib. Məlumatlardan göründüyü kimi məhz Zaqatala rayonunda vəziyyətin ciddiliyi xüsusilə diqqəti cəlb edirdi. Buna görə də Zaqatala RTŞ-nə yeni müdir təyin olunan Habil Qurbanovun fəaliyyətinin də ictimaiyyət tərəfindən diqqətlə izlənəcəyi əvvəlcədən məlum idi. Gözlənilirdi ki, bu məsuliyyəti aydın dərk edən yeni müdir mövcud vəziyyəti düzəltmək üçün var qüvvəsini sərf edəcək. Lakin təəssüflər olsun ki, gözləntilər özünü qətiyyən doğrultmadı. Hətta baş vermiş təbii fəlakətdən belə şəxsi maraqları üçün yararlanmağa qərar vermiş RTŞ müdirinin bundan sonra Zaqatala təhsilinin inkişafı üçün çalışacağını düşünmək isə ən azından sadəlövhlük olardı. Cia.az

20 Aprel 2015 7:14

Qırğız hökuməti Rövnəq Abdullayevin 250 milyonluq layihəsindən imtina etdi: “Ehtiyac yoxdur…”

Qırğızıstan hökuməti SOCAR prezidenti Rövnəq Abdullayevlə bu ölkənin prezidenti Almazbek Atambayev arasında 2012-ci ildə əldə edilmiş neftayırma zavodu tikintisi layihəsinin üstündən xətt çəkib. Virtualaz.org saytı qırğız mənbələrinə istinadən xəbər verir ki,baş nazirin müavini Valeri Dil Azərbaycanla əldə edilmiş razılaşma əsasında ölkənin şimalında modul tipli neftayırma zavodunun tikintisi layihəsinin ləngiməsinin səbəbləri haqda jurnalistlərin suallarına cavab verərəkən deyib ki, Qırğızıstanda hazırda iki neftayırma zavodu var, üçüncüsü də tikilməkdədir. Yeni tikilən neftayırma zavodu ölkənin neft məhsullarına olan tələbatını iki dəfəyədək ödəyir. Bu səbəbdən daha bir neftayırma zavodunun tikintisinə ehtiyac yoxdur. SOCAR-ın Qırğızıstanın neft məhsulları bazarına daxil olması və bu ölkədə neftayırma zavodu inşa etməsi barədə razılaşma 2012-ci ilin yanvarında R.Abdullayevlə prezident Almazbek Atambayev arasında Bişkekdə keçirilmiş danışıqlarda əldə edilib. SOCAR Qırğızıstan tərəfinin təklifindən çıxış edərək ölkənin şimalında modul tipli neftayırma zavodunun inşasını üzərinə götürmüşdü. Planlaşdırılırdı ki, bu zavod üçüncü ölkələrdən alınan neft hesabına işləsin. Çünki Azərbaycan neftinin Qırğızıstana birbaşa ixracı iqtisadi baxımdan rentabelli deyil. Müəssisənin 1-2 il ərzində tikilib başa çatdırılması planlaşdırılırdı. SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov jurnalistlərə bildirmişdi ki, onlar Bakıdakı neftayırma zavodundan köhnə avadanlıqları söküb Qırğızıstanda quraşdırmağı, bu zavodda xammal kimi Qazaxıstan və ya Rusiya neftini istifad etməyi nəzərdə tuturlar. Çünki Qırğızıstan okeana çıxışı olmayan qapalı ölkədir və Azərbaycan neftinin bu ölkəyə daşınması, orada emal edilməsi iqtisadi baxımdan rentabelli olmazdı. İndi isə belə görünür ki, qırğız hökuməti zavod layihəsindən ümumiyyətlə imtina edib. Nəticədə SOCAR-ın bu Orta Asiya respublikasının neft məhsulları bazarına daxil olması baş tutmayıb. Qırğızıstanın neft məhsulları bazarı əsasən Rusiyanın nəzarətindədir. Qırğızıstanın Tokmak vilayətində inşa edilən yeni neftayırma zavodu isə Çinlə ortaq layihədir.

20 Aprel 2015 7:12

Yekaternburqda azərbaycanlılar ayağa qalxdı

Diaspora nümayəndələrimiz Emil Hüseynovun qatilinin cəzalanmasını istəyir Yekaterenburqun Azərbaycan diasporu ayağa qalxaraq hüquq mühafizə orqanlarından azərbaycanlı futbolçu Emil Hüseynovun qatilin cəzalanmasını tələb edir.Ümumrusiya Azərbaycan Konqresinin Sverdlovsk Vilayəti üzrə regional bölməsinin sədri Şahin Şıxlinskinin ans press-ə verdiyi məlumata görə, şəhərdə 600-ə qədər azərbaycanlı yığılaraq qatilin cəzalandırılmasını tələb edirlər."Hüquq-mühafizə orqanları vədlərini yerinə yetiriblər. Ötən gün davada iştirak edən 6 ermənidən 5-i saxlanılıb. Sonuncu erməninin də saxlanılması üçün işlər görülür", - deyə Şahin Şıxlınkski bildirib.Qeyd edək ki, futbolçumuz Yekaterinburq şəhərində ermənilər tərəfindən Azərbaycan musiqisinə görə öldürülüb.Emil Hüseynov dostları ilə birlikdə kafedə əyləşib. Dostlar Azərbaycan musiqisi sifariş ediblər. Kafedə Azərbaycan musiqisi çalındıqdan sonra qonşu stolda oturan ermənilərdən biri Emil Hüseynova bayıra çağırır. Bu zaman hər iki tərəfdən şəxslər çölə çıxaraq mübahisə ediblər. Söhbət əsnasında Tiqran Cicakyan adlı erməni əlindəki bıçağı Emil Hüseynovun ürəyinə sancıb. Bu zaman digər ermənilər də Emili bıçaqlamağa başlayırlar.Azərbaycanlılar köməyə tələsərkən ermənilər hadisə yerindən qaçaraq uzaqlaşıblar. Emil Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. Polis azərbaycanlını bıçaqlayan 5 ermənini tutub. Altıncı erməni isə hazırda axtarılır.Mərhumun cənazəsi bu gecə 00:40-da dəfn olunmaq üçün Gəncə şəhərinə gətiriləcək.Qeyd edək ki, Emil Hüseynov futbolçu karyerası ərzində "Neftçi" və artıq fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib.pia.az

20 Aprel 2015 5:04

Bu həftə girovlarla görüş olacaq

Şahbazın bacısı: "Xahiş etmişik ki, onlara bağlama göndərək"Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri bu həftə girov kəlbəcərlilərə baş çəkəcək.Bu barədə ans press-ə ötən il Kəlbəcərdə ermənilərin girov götürdüyü Şahbaz Quliyevin bacısı İradə Quliyeva məlumat verib."Aprelin 17-də məktub yazıb Beynəlxalq Qızıl Xaç Komitəsinə vermişik. Bu həftə ərzində görüş olacağı gözlənilir. Görüşdə Şahbazdan məktub alıb bizə verəcəklərini gözləyirik. Komitədən xahiş etmişik ki, əgər mümkündürsə, onlara bağlama göndərək. Hələlik dəqiq bir cavab verməyiblər. Amma deyirlər ki, çətin ki, buna imkan verilsin".Azərbaycan nümayəndəliyinin şöbə müdiri İlahə Hüseynova isə görüş haqqında yalnız görüşdən sonra məlumat veriləcəyini bildirib. "Saxlayan tərəf saxlanılan şəxslər üçün normal şərait təmin etməlidir. Əgər ehtiyac olarsa, Beynəlxalq Qızıl Xaç Komitəsi də bununla bağlı öz məsləhətlərini verə, aidiyyatı orqanlara müraciət edə bilər".Xatırladaq ki, Ermənistan tərəfi öz doğma dədə-baba toqpaqlarına səfər etmiş kəlbəcərlilər Dilqəm Əsgərov və Şahbaz Quliyevi ötən ilin iyul ayında girov götürüblər. Qondarma Dağlı Qarabağ Respublikasında qurulan "məhkəmə"də isə Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs cəzası verilib. Onlarla birlikdə olan Həsən Həsənov isə ermənilər tərəfindən vəhşicəsinə öldürülüb.

20 Aprel 2015 5:01

Məmur övladlarının saçları qırxılıb, əllərinə süpürgə verilib- Şok iddia

Ölkə prezidenti cənab İlham Əliyevin keçirdiyi müşavirələrdə üzünü məmur korpusuna tutaraq, onların özlərini və övladlarını harın, qudurğan həyat tərzi sürməkdən çəkinmək çağırışıları artıq öz bəhrəsini verməkdədirBu çağırışdan irəli gələn vəzifələrin yerinə yetirilməsi uzun illərdr paytaxt sakinlərinin canını boğaza yığmış avtoxuliqanlara və sərxoş sürücülərə qarşı mübarizənin təşkilində də artıq lazımi effekt göstərməyə başlayıb.Təkcə son üç ay ərzində Bakı Şəhər Dövlət Yol Polisi (BŞDYP) xəttiylə 3048 nəfər sərxoş sürücü, eləcə də 195 nəfər avtoxuliqan saxlanılaraq, barələrində ölçü götürülüb. İşin ən maraqlı tərəfi odur ki, ilkin araşdırmalarda qanunvericiliyin tələblərini kobud şəkildə pozan sürücülərin əksəriyyətinin məmur və biznesmen övladaları və ya onların yaxın qohum-əqrabasının olduğu üzə çıxıb.Mənbənin bildirdiyinə görə, BDYP xəttiylə xüsusən gecələr keçirilən reydlər zamanı sürücülərin təkcə spirltli içkilər deyil, eyni zamanda bəzilərinin müxtəlif dozalarda narkotik və psixotrop maddələrdən də istifadə etməklə sükan arxasına əyləşdikləri və Bakı küçələrini "avtoş meydançası”na çevirdikləri aşkarlanıb.Mənbənin dediyinə görə, barələrində müxtəlif tədbirlər görülən bu məmur və biznesmen balalarını azğınlıqdan çəkindirmək üçün son aylarda polis maraqlı bir cəza növü də tətbiq etməyə başlayıb: 20-30 sutkalığına müvəqqəti saxlama təcridxanalarına aparılan bu "gül balalar”ın, daxili təlimata uyğun olaraq, saçları dibdən qırxılır və əllərinə də süpürgə verilərək, döşəmə və dəhlizləri təmizlətdirirlər...(strateq.az)

20 Aprel 2015 12:47

Vergilər Nazirliyində silahlı insident təhlükəsi

Nazirliyin əsassız həbslərlə bağlı dəfələrlə gündəmə gələn Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində kadr təyinatı ilə bağlı ciddi qalmaqal yetişirVergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində (VCİAD) silahlı insident ola bilər.Redaksiyamıza daxil olan məlumatda deyilir ki, VCİAD-da son vaxtlar baş verən hadisələr orada çalışan hər kəsin əsəblərini tarıma çəkib.Qaynağımız qeyd edir ki, aprelin 15-də VCİAD İstintaq İdarəsinin rəisi, polkovnik Şahin Rüstəmov çox hörmətsiz şəkildə təqaüdə göndərilib: “Departamentin rəisi Vidadi Məmmədov qocaman istintaqçı, 20 ildən çox istintaq orqanlarında rəhbər vəzifələrdə çalışmış Şahin Rüstəmovu növbəti məzuniyyət vaxtı təqaüdə göndərib. Vidadi Məmmədov Departamentin təməlini qoyan ağsaqqalı bir iclas edib hədiyyə verməklə hörmətli şəkildə yola salmadı. Şahin Rüstəmov 40 ildir ki, hüquq-mühafizə orqanlarında işləyirdi, peşəkar, savadlı idi”.Mənbə bildirir ki, Vidadi Məmmədov Şahin Rüstəmovun yerinə 1986-cı ildə anadan olmuş, heç 1 il belə müstəntiq işləməyən, mayor rütbəsini nəyə görə vaxtından əvvəl aldığı bilinməyən Elmir Şirinovu hazırlayır: “Bu şəxs olduqca orta səviyyəli hüquqşünas, əvvəllər Vergilər Nazirliyində Məmmədovla birlikdə işləmiş, sonradan VCİAD-da vəziyyətin daxildən öyrənilməsi üçün onun tərəfindən göndərilib. Elmir Şirinov VCİAD-da müstəntiq işləyib, 1 neçə aydan sonra Vidadi Məmmədov onu bölmə rəisi, sonra şöbə rəisi, az sonra isə idarə rəisinin müavini vəzifəsinə təyin etdirib. Onun yerinə isə yenə də Məmmədovun yaxını, qrup yoldaşı Tariyel Tağıyev gətirilib. Yəni Elmir Şirinov toparlayıb öz yanına yığdığı müstəntiqləri yenə rəisin favoriti olan Tariyel Tağıyevə təhvil verib. Tariyel və Vidadi Məmmədov hüquqşünas diplomlarını bir neçə il əvvəl alıblar”.Qaynağın sözlərinə görə, hazırda Departamentin İstintaq İdarəsi 2 yerə bölünüb: “Bizimlə işləyən” və bizim olmayan müstəntiqlər var. Şirinovun dəstəsində Nəriman Məcidov, Zamiq Bağırov, Taleh Mənsimov və s.-dir. Lakin onlar heç də yalnız büdcəyə işləmirlər. Bu gün guya dövlət büdcəsini doldurmaq məqsədi ilə sabiq gömrük rəisi Tahir Əliyev demişkən “rüsum da, pul da yığırıq”. Amma yığılan məbləğlərin hansının özlərinə götürdükləri, hansının isə dövlətə ödənilən rüsum olduğunu kimsə bilmir. Hazırda hamı Vidadi Məmmədovu gözləyir. Rəsmi olaraq Qurban Mehrəliyev rəisi əvəz etsə də, müstəntiqlərə onun otağına getmək qadağan olunub".Mənbəmiz bildirir ki, yaranmış vəziyyət hər an silahlı münaqişəyə çevrilə bilər: “Bu gün İstintaq İdarəsi rəisinin 3 müavini var və onlardan ikisi formaldır - Ruslan Səfər oğlu Əbiyev və Qurban Mehrəliyev. Əlbəttə ki, bütün iş yükünü öz çiyinlərində Elmir Şirinov vətənə böyük sevgi ilə daşıyır. E.Şirinovun polkovniklərə, polkovnik-leytenantlara rəis təyin etmək səlahiyyətində olması V.Məmmədovun Vergilər Nazirliyi üzərində böyük bir qələbəsidir. E.Şirinovla müstəntiqlərin münasibətləri kəskindir, otağında daim qışqır-bağırdır”.Qaynağımız əlavə edir ki, VCİAD əsassız həbslərlə bağlı dəfələrlə gündəmə gəlib. Bundan sonra da qurumun diqqət mərkəzində olacağı şübhəsizdir: “Məsələ ondadır ki, belə bir cavan kadrın - Elmir Şirinovun təyinatından sonra vergi cinayəti törətmiş oğulun əvəzinə anası da tutula bilər. Onu demək lazımdır ki, artıq Şirinova rəis deyə müraciət edənlər də var...”İş günü olmadığından məsələ ilə bağlı Vergilər Nazirliyinin mövqeyini öyrənə bilmədik. Buna baxmayaraq, nazirliyin fikirlərini də dərc etməyə hazırıq.(musavat.com)

20 Aprel 2015 12:22

Nazir Hüseynqulu Bağırovun maliyyə fırıldaqları…

Nazir Hüseynqulu Bağırovun maliyyə fırıldaqları... Hesablama Palatasının hesabatında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı da ilginc faktlar yer alıb. Sənəddə deyilir ki, hesabat ilində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Inkişafı Departamentinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinin auditi aparılıb. Müəyyən edilib ki, departament tərəfindən büdcə xərcləri üzrə proqnoz göstəriciləri hazırlanarkən iqtisadi əsaslandırma və hesablamalar aparılmayıb, əvvəlki illərin nəticələri əsas götürülməyərək layihələr tərtib edilib. Nəticədə auditlə əhatə edilən dövr ərzində əksər xərc maddələri üzrə vəsait istifadə edilməyib və dövlət büdcəsinə qaytarılıb. 2012-13-cü illərdə departament aparatına ayrılan vəsait üzrə müvafiq ilin büdcə xərclərinin rüblər, aylar üzrə bölgüsünə əksər hallarda riayət olunmayıb. Meşələrin Qorunub Saxlanılması və Təkrar Istehsalı Fondunun vəsaiti hesabına bayramlarla əlaqədar dövlət qulluqçusu olan işçilərə mükafat verilib, Departamentin Əlaqələndirmə Mərkəzinə təmir xərcləri üçün nəzərdə tutulan büdcə və büdcədənkənar vəsaitlər hesabına tabeçilikdə olan regional müəssisələrin obyektlərin əsaslı təmirinə vəsait xərclənib. "Geoloji korrpusiya” Hesabat ilində nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair audit aparılıb. Xidmətin tabeliyində olan ekspedisiyalarla struktur vahidi olan Geoloji Sahələrarası Kompleks Tədqiqatlar Mərkəzi arasında bağlanılan müqaviləyə əsasən ekspedisiyalar tərəfindən Mərkəzə analiz üçün göndərilən işlər Xidmətdə qeydə alınandan sonra icraçıya təqdim edilməyib və qeydiyyata alınmadan Mərkəzə vəsait ödənilib, qurum tərəfindən laboratoriya-tədqiqat işlərinin aparılmasına dair axtarış sahəsi üzrə kimyəvi, mineroloji, qeyri-filiz süxurlarının analizinin aparılmasıyla bağlı görülməyən işlərin yekun aktına daxil edilməsi nəticəsində Mərkəzə artıq büdcə vəsaiti ödənilib. Laboratoriya tədqiqat işlərinin dəyərinin ödənilməsinə dair Mərkəzlə Xidmət arasında müqavilə bağlanmadığı halda, ekspedisiyalar tərəfindən təqdim edilən nümunələrin analizi üçün Mərkəzə laboratoriya və topogeodeziya işlərinə görə vəsait ödənilib, maliyyə hesabatlarında maliyyə-təsərrüfat fəaliyyəti üzrə gəlirlər, mənfəət və zərər məbləğləri tam göstərilməyib. Xidməti ərazilərin abadlaşdırılmasıyla bağlı keçirilən satınalmalar zamanı bəzi hallarda iddiaçı kimi iştirak edən malgöndərənlər barədə məlumatların alınması təmin edilməyib, təşkilatın balansında maşın və mexanizmlərin olmadığı və ya icarəyə götürülmədiyi halda, tender komissiyası tərəfindən qiymətləndirmə meyarı düzgün seçilməyib və həmin iddiaçılar qalib elan edilib, mühasibat uçotu qanunvericiliyin tələblərinə uyğun aparılmayıb, gəlirlərin və digər daxilolmaların, xərclərin uçotu mühasibat uçotuyla bağlı müvafiq standartlara uyğun olmayaraq kassa metodu, əməkhaqqı xərclərinin uçotu isə hesablama metoduyla aparılıb. Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinə ayrılan vəsaitin istifadəsinə dair auditin nəticəsində müəyyən edilib ki, büdcə proqnozları tərtib edilərkən bir sıra hallarda əhatəli iqtisadi əsaslandırma və hesablama aparılmayıb, real tələbat nəzərə alınmayıb, tələbatdan çox vəsaitlər nəzərdə tutulub. Departamentdə dövlət qulluğuna dair vakant inzibati vəzifələrə 14 nəfərin müvəqqəti işə qəbul edilməsinə rəğmən, müsabiqə elan olunmayıb, nəqliyyat vasitələrinə yanacaq sərfiyyatına dair hesabatlar tərtib olunmayıb, artıq ehtiyat hissəsi silinib, ödəniş cədvəllərində aylıq vəzifə maaşları çox və təkrar yazılmaqla artıq əməkhaqqı ödənib, 2 sabiq əməkdaşa və digər işçilərə artıq əməkhaqqı və mükafat verilib. Mühasibat uçotu təlimata uyğun aparılmayıb, borc olmadığı halda maliyyə hesabatlarında məcburi dövlət sosial sığorta ayırmaları üzrə debitor borcun olması göstərilib. Yanacaq və ehtiyat hissələri maxinasiyası Hesabat ilində nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq Idarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə dair audit aparılıb. Idarə tərəfindən büdcə xərclərinin proqnoz göstəriciləri hazırlanarkən bəzi xərc maddələri üzrə iqtisadi əsaslandırma aparılmayıb, bəzi xərc maddələri üzrə icra olunmamasına rəğmən, xərc maddələri üzrə proqnozlaşdırma aparılıb və vəsait nəzərdə tutulub. Iki nəfər işçiyə tutduğu vəzifəylə yanaşı əlavə olaraq boş vəzifə üzrə əmək funksiyasının icrası həvalə edilib və Əmək Məcəlləsinin tələblərinə əməl edilməyərək işçilərə artıq əməkhaqqı, satınalma müqaviləsi üzrə inzibati binanın cari təmiri işlərinə görə icraçıya artıq büdcə vəsaiti ödənilib. Nəqliyyat vasitələrinə normadan artıq, istismar olunmadığı halda elmi-tədqiqat gəmisinə yanacaq, avtonəqliyyat vasitələrinin təmirinə heç bir təsdiqedici sənədlər olmadan ehtiyat hissələri silinib, idarənin balansında olan gəmi şəxsi heyətiylə digər dövlət qurumu tərəfindən istismar edilməsinə rəğmən, icarə haqqı müəyyənləşdirilməyib, icarə müqaviləsi bağlanıb, nəticədə gəmi heyətinə əməkhaqqı və əlavə xərclər hesablanaraq ödənilib. Idarə tərəfindən satınalmalar zamanı vəsait məbləğ məhdudiyyətinin aradan qaldırılması məqsədilə ayrı-ayrı müqavilələrə bölünən, icraçılarla müvafiq icra hakimiyyəti orqanının razılığı alınmadan birbaşa müqavilələr bağlanıb və icra edilib, büdcədənkənar vəsaitlərin formalaşması üzrə tədbirlər tam həyata keçirilməyib, mühasibat uçotunun təşkili və aparılması, maliyyə hesabatlarının tərtibi müvafiq təlimatlara uyğun aparılmayıb. Podratçıya artıq vəsait ödənilib Nazirliyin Dövlət Ekspertiza Idarəsi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinin, dövlət rüsumlarının hesablanması və ödənilməsinin qanunvericiliyə uyğunluğuna dair audit aparılıb. Idarənin dövlət büdcəsindən ayrılan vəsaitlər üzrə xərclər smetalarının, xüsusi vəsaitlər üzrə gəlir və xərclər smetalarının proqnoz layihələri hesablamalarla əsaslandırılmayıb, xüsusi vəsaitlər üzrə gəlir və xərclər smetalarının xərc istiqamətləri üzrə proqnoz göstəricilərində nazirlik sisteminə daxil olan digər strukturların müəyyən ehtiyaclarının ödənilməsi nəzərdə tutularaq icra olunub, müxtəlif maddi qiymətlilər əvəzsiz olaraq nazirlik sisteminə daxil olan bir sıra strukturlara verilib. Dövlət büdcəsinldən ayrılan vəsaitlər üzrə smeta məbləğinin artırılmasına rəğmən həmin dəqiqləşmələr hesabatlarda əks olunmayıb, bir sıra hallarda büdcə vəsaitinin təyinatı dəyişdirilib, malların satın alınması zamanı ehtimal olunan qiymətlər müəyyənləşdirilməyib, satınalmaların qalibləri iştirakçıların qiymət təklifləri əsas götürülməklə müəyyən olunub və icra edilib. Dövlət ekoloci ekspertizaları üzrə sifarişçilərlə bəzi halda müqavilələr bağlanmayıb, qarşılıqlı öhdəliklər müəyyənləşdirilməyib və rəsmiləşdirilməyib, debitor və kreditor borcların uçotu aparılmayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentinə ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə dair aparılan auditdə müəyyən edilib ki, büdcə proqnozu layihələri ayrı-ayrı xərclər üzrə normativ göstəricilər nəzərə alınmadan təxmini hesablanaraq tərtib olunub. Nəqliyyat vasitələrinə normadan artıq yanacaq və ehtiyat hissələri silinib, aktivlərin uçota alınması və uçotdan silinməsi qaydalara uyğun həyata keçirilməyib. Ehtiyat hissələrinin alınması zamanı, malların vahidinin qiymətinin satınalma cədvəlində göstərilən qiymətdən baha verilməsi səbəbindən podratçıya artıq vəsait ödənilib

17 Aprel 2015 7:36

İlham Rəhimov iş adamını niyə həbslə hədələyir?

Putinin dostu haqda şok iddia Moskvada yaşayan azərbaycanlı iş adamı Elçin Seyidov məktubunda Rusiya prezidenti Putinin dostu kimi tanınan hüquq professoru İlham Rəhimovdan şikayətlənərək, onu Rusiyadakı azərbaycanlıların problemlərinə biganə yanaşmaqda, öz soydaşlarından uzaq qaçmaqda, həmçinin, verdiyi sözün üstündə durmamaqda qınayıb, İlham Rəhimov tərəfindən həbslə hədələndiyini yazıb. Seyidov bu haqda və ümumiyyətlə, Rusiyadakı azərbaycanlıların acınacaqlı vəziyyəti haqda silsilə yazılar sırasında ilk məqaləsinin yayımlanmasını xahiş edib. PİA.AZ AzPolitikada yayımlanan soydaşımızın həmin məktub-məqaləsini təqdim edir: 2012-ci ildə mən professor İlham Rəhimova müraciət etdim ki, inşaat sektorunda üzləşdiyimiz çətinliklə bağlı bizə köməklik etsin. 2013-cü ilin iyun ayında görüşə dəvət edən professor bizi dinlədi və bir həftəyə kimi yardım edəcəyini söylədi. Üzərindən iki il keçməsinə baxmayaraq, hər telefon zəngində bir bəhanəylə üzə çıxmaqdan, verdiyi sözün məsuliyyətini daşımaqdan, bu sözün tutulmamasına görə nələrlə üzləşdiyimizi öyrənməkdən imtina etdi. Nəticədə 170-dən çox azərbaycanlının, bir o qədər də türkün işlədiyi firma "çökdü”. Yeri gəldi-gəlmədi hər kəs millətinə faydasından ağızdolusu danışır. Yalançı qəhrəman obrazları yaradırlar. Amma reallıq çox vaxt tamamilə başqa olur… Dünyadakı erməni lobbisinin gücü hamıya məlumdur. Bu lobbi necə yaranıb? Erməninin nefti-qazı yoxdur ki, ondan gələn pullarla lobbiçiliklə məşğul olsun. Onların lobbiçiliyi şüurlu şəkildə millətin gələcəyini düşünməkdən yaranıb. Amerikada, Avropada, xüsusən də Fransada erməni lobbiçiliyi dərin kök atıb. Getdikcə güclənən erməni lobbiçiliyi, bütün dünyada haqsızlıqlarına haqlı donu geyindirməkdədir. Bu gün qondarma erməni soyqırımı iddialarını bütün dünyada səsləndirirlər. Hansı ki, heç bir real tarixi əsası olmayan iddialardır. Amma biz, şahidləri hələ yaşayan Xocalı soyqırımını tanıda bilmirik, bu soyqırımın iştirakçıları və təşkilatçıları türklərə meydan oxuyurlar. Bunun səbəbi nədir? Cavab çox sadədir: Azərbaycan diasporası yox kimidir! Ziyalı təbəqəmiz ancaq şəxsi maraqlarını güdür, pul hayındadır! Ermənilər dünyanın güclü dövlətlərində – Amerikada, Fransada lobbiçiliklə məşğuldurlar. Ancaq biz… Sadə bir misal çəkim: Krasnodar, Soçi, Pyatiqorsk, Minvod və digər şəhərlər, ümumiyyətlə Rusiyanın cənubu erməni lobbisinin əlindədir. Kaluqa vilayətinin ən böyük iş adamları və hakim elitasını ermənilər təşkil edir. Bu siyahını uzatmaq da olar. Rusiyada ermənilər bütün sahələrdə (Elm, səhiyyə, mədəniyyət, incəsənət, dövlət qulluğu, hüquq-mühafizə orqanları, sənaye, ticarət, inşaat və sairə) işləyirlər. Erməni lobbiçiliyi bütün sahələri xərçəng vəstəliyi kimi ağuşuna alıb. Ancaq bizim millətin nümayəndələri, özlərini dahi hesab edənlər də daxil, bazardan kənara çıxa bilmirlər. Konteynerdən, şmotkadan, meyvə-tərəvəzdən uzaqlaşa bilmirlər. Mən sadə insanlarda günah görmürəm. Günah iş yeri kimi bazarı onlara təklif edənlərdədir… Məsələn, professor İlham Rəhimov, özünün dediyinə görə "birincinin” yaxın dostudur. Nə üçün hörmətli professor ucsuz-bucaqsız əraziləri olan Rusiyada sənaye müəssisəsi, kənd təsərrüfatı ilə bağlı iş yerləri açmır?! Nədən azərbaycanlıların başqa sektorlarda işlə təmin olunması, təhsil almalarında köməkliyini göstərmir? Nədən Hacı Zeynalabdin Tagıyevin yüz il əvvəl gördüyü işi, indiki imkanlılarımız, özünü dahi sayanlar görə bilmirlər? Rusiyadakı azərbaycanlıları öz ətrafında birləşdirməklə, böyük işlər görmək imkanı olan professor İlham Rəhimovun, Azərbaycan xalqından qaçmasının səbəbi nədir?! Hüquq elmləri doktoru, alim olan bir şəxsin həqiqətləri yazacağımı bildiyi üçün, məni həbslə hədələməsini necə anlayaq?! Mən bir dəfə özünün müsahibəsində oxumuşam ki, 1996-cı ildə Südabə Həsənova onu işdən azad etdiyi üçün daxili stress keçirib və bu, ona çox pis təsir edib. Amma keçmis geri qaytarılmır. Əgər qaytarılmış olsaydı, bu gün mən bu yazını yazmazdım… Mən ümid edrirəm ki, İlham müəllim bu yazını oxuduqdan sonra özünün dediyi kimi, məni məhkəməyə verməkdən və ya təhdid etməkdən vaz keçəcək. Hamı bilir ki, professor İlham Rəhimov Rusiyada genis imkanlara malikdir. O, bu imkanlarının cəmi 5%-ni Azərbaycan xalqının xeyrinə istifadə etsə, inanın ki hər kəs yaxşılığa doğru dəyişiklik hiss edər. Çünki Rusiyada hər millətin müraciət edəcəyi bir ünvan vardır, təkcə azərbaycanlılardan başqa. Millət Rusiyada kriminal və çirkab içində boğulursa, bunu görməməzlikdən gəlmək və batmaqda olan gəmini daha da yükləməyin nəticəsi nə olacaq, bu bəri başdan məlumdur…

17 Aprel 2015 7:09

Azərbaycanın orta məktəblərində “Son zəng” günü dəyişdirildi

  “Bu il Azərbaycanın orta ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri mayın 29-da və 30-da qeyd olunacaq”. Bu barədə Modern.az saytının soğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır: “Lakin 2015-ci ildə may ayının 31-i bazar gününə təsadüf etdiyindən bu tədris ilində 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində dərslər mayın 29-u, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mayın 30-u başa çatacaq. Son zəng” tədbirləri də müvafiq olaraq mayın 29-u və 30-u yalnız ümumtəhsil məktəblərində təşkil ediləcək”. Qeyd edək ki, Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq, müvafiq qərar verib. Həmin qərara əsasən, gələn tədris ilində ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər 5 gün payız tətili , 5 gün qış tətili və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili müəyyən ediləcək.

17 Aprel 2015 2:49

Dərman mafiyası ildə yarım milyard qazanır

 Bu sahəni monopoliyada saxlayanlar vətəndaşları talan edir   Azərbaycanda dərman sahəsinin monopoliyada olduğu sirr deyil. Dərman vasitələrinin bahalığı da məhz inhisarla bağlıdır. Iş hətta o yerə çatıb ki, ölkə başçısı Ilham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə dərman preparatlarının qiymətinin bahalığından narazılığını ifadə etmək məcburiyyətində qalıb. O, bu sahədəki vəziyyətin araşdırılıb tədbirlərin görülməsi ilə bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar verdiyini vurğulayıb. Lakin məsələ burasındadır ki, dərman sahəsini inhisarda saxlayan şirkətlərin hakim ailəyə məxsusluğu barədə iddialar var. Məlumat üçün deyək ki, hazırda bazarda “Avromed”, “Zəfəran”, “Zeytun” və “Riad Farm” şirkətləri hegemonluq edir. Bu şirkətlərdən “Riad Farm” istisna olmaqla digərlərinin hakim ailəyə bağlılığı barədə məlumatlar var. “Riad Farm”a gəlincə, bu şirkət də Ilham Əliyevin əmisi oğluna məxsusdur. Indi keçən dərman mafiyasının inhisarçılıq nəticəsində əldə etdiyi qazanca. Rəsmi məlumatlara görə, 2014-cü ilin yanvar-iyul aylarında Azərbaycan 140 milyon dollar dəyərində dərman idxal edib. Bu aya 20 milyon dollar edirsə, deməli, il ərzində Azərbaycan 240 milyon dollar dəyərində dərman idxal edir. 2015-ci ilin yanvar ayının 21-də Milli Məclisin deputatı, “Avromed” şirkətinin idaretməsini həyata keçirən Cavanşir Feyziyevin müsahibəsi yayılıb. Həmin müsahibədə deputat bildirib ki, əhali il ərzində dərmana 700 milyon dollar xərcləyir. Göründüyü kimi Cavanşir Feyziyevin söylədiyi məbləğlə, rəsmi açıqlanan məbləğ arasında 460 milyon - yarım milyard dollara yaxın fərq var. Bu, fərq dərman mafiyasının illik qazancıdır. Cavanşir Feyziyev həmin müsahibədə onu da qeyd etmişdi ki, Azərbaycanda 2000-ə yaxın aptek fəaliyyət göstərir. Əgər ölkəyə il ərzində 240 milyon dollarlıq dərman idxal edilirsə bu hər aptekin payına ayda təxminən təxminən 10 min dollarlıq dərman düşür. Bu isə gündəlik 333 dollar edir. Azərbaycanda hansısa aptekin günlük alverinin 333 dollar olduğuna inanmaq isə sadəlöhvlükdən başqa bir şey deyil. 333 dollar bəzi hallarda iki resseptdə yazılan dərmana bəs etmir. Göründüyü kimi monopolistlər əhalini sadəcə soymaqla məşğuldur. Yeri gəlmişkən, Cavanşir Feyziyev yenə həmin müsahibədə qeyd etmişdi ki, əgər dövlət tənzimlənməsi həyata keçirilərsə dərmanların qiymətini minimum 25 faiz ucuzlaşdırmaq mümkündür. Bu dərmanların alındığı qiymətdən dəfələrlə baha qiymətə satıldığını bir daha ortaya qoyur.

16 Aprel 2015 8:04

Nazir imtahanlarla bağlı əmr verdi

Təhsil naziri Mikayıl Cabbarov “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmr imzalayıb. Təhsil Nazirliyindən verilən məlumata görə, əmrə əsasən, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar paytaxtda yerləşən ali təhsil müəssisələrində yaz semestrinin imtahan sessiyasının 11 may 2015-ci il tarixində başlanılması və 31 may 2015-ci il tarixində sona çatdırılması qərara alınıb. İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri: 1. 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən ali təhsil müəssisələrində yaz semestrinin imtahan sessiyası 11 may 2015-ci il tarixindən başlasın və 31 may 2015-ci il tarixində sona çatsın. 2. Ali təhsil müəssisələrinin rəhbərləri: - imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər; - imtahanlara buraxılacaq tələbələrin siyahısını dəqiqləşdirsinlər; - rəhbərlik etdikləri ali təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etsinlər; - imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaratsınlar; - imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər; - nəzərə alsınlar ki, rəhbərlik etdikləri ali təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar; - imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat versinlər. 3. Elm və ali təhsil (G.Hüseynova) və Daxili nəzarət (K.Quliyev) şöbələrinə tapşırılsın: - imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində ali təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlasınlar; - ali təhsil müəssisələrində yaz semestrinin imtahan sessiyalarının nəticələrini təhlil edib müvafiq arayışları müzakirəyə təqdim etsinlər. 4. İnformasiya şöbəsi (E.Əliyev) Təhsil Nazirliyinin «Qaynar xətt» xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumat verilməsini təmin etsin. 5. Əmr «Azərbaycan müəllimi» qəzetində dərc edilsin və nazirliyin internet saytında yerləşdirilsin. 6. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.  Moderator.az

15 Aprel 2015 8:24

Generalın “Sovetski” xarabalıqlarından boylanan 1 milyonluq sarayı 

Bakıda yaşayış evlərinin köçürülməsi prosesinin ən kütləvi xarakter aldığı “Sovetski” məhəlləsində 10500-ə qədər yaşayış və qeyri-yaşayış sahəsi varKöçürmə işləri Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyası tərəfindən həyata keçirilir.Sakinlərin köçürülməsi işləri könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat kompensasiya verilməklə həyata keçirilir.Artıq xeyli sakin verilən kompensasiya ilə razılaşaraq mənzillərini tərk edib. Amma bu məbləğlə razılaşmayanlar da var. Onlar evlərinin sahəsi az olan sakinlərdir.“Sovetski”də bir çox məşhurlar, tanınmış simalar, dövlət məmurları, iş adamları, mədəniyyət və incəsənət xadimləri yaşayır. Yəqin ki, onların başqa sakinlər kimi kompensasiya ilə bağlı narazılıqları yoxdur və olmayıb. Olubsa da bunu büruzə verməyiblər. Bu haqda nə mətbuat yazıb, nə də kimlərsə danışıb. Virtualaz.org saytı xəbər verir ki, “Sovetski”də yaşayan, mülkü olan tanınmışlardan biri də Milli Məclisin üzvü, respublikanın sabiq baş hərbi komissarı Əlağa Hüseynovdur.Ehtiyatda olan general-leytenant Ə.Hüseynovun “Sovetski”də 4 mərtəbəli, dəbdəbəli mülkü var. Bu mülk də boşaldılıb və hazırda orada yaşayış yoxdur.Qonşularla söhbətimizdə məlum oldu ki, deputat bu mülkdən əsasən ofis kimi istifadə edib. 4 mərtəbəli mülkün bir hissəsindən də yaşayış üçün istifadə olunub.Deputatın qonşularından onu da öyrəndik ki, Ə.Hüseynov çoxdandır mülkünə baş çəkmir.“Əlağa müəllim bura az-az gəlir. Son vaxtlar isə onu heç görməmişik” - deyə qonşular bildirdi.Mülkün dəyərinə gəldikdə isə “Sovetski”də sökülən evlərin kvadratmetrinə 1500 manat verildiyini nəzərə alsaq, onda 600 kvadratmetrdən çox sahəsi olan bu mülkün təxmini qiyməti 1 milyon manata yaxındır.Deputat Ə.Hüseynov isə virtualaz.org saytına açıqlamasında bu mülkün ona məxsus olduğunu inkar etdi. Bir cümlə ilə yalnız onu dedi ki, onun “Sovetski”də nə belə bir ofisi, nə də evi var.Lakin deputat bu mülkünü hazırda satıb-satmaması haqda danışmaq istəmədi.Qeyd edək ki, Ə.Hüseynov 1983-1988-ci illərdə Əzizbəyov rayonunun (indiki Xəzər rayonu) hərbi komissarı, 1988-1997-ci illərdə Bakı şəhəri Yasamal rayonunun hərbi komissarı, 1998-2009-cu illərdə isə Azərbaycan Respublikasının hərbi komissarı olub.O, 2009-cu ilin noyabrında prezidentin sərəncamı ilə hərbi komissar vəzifəsindən azad edilərək ehtiyata buraxılıb. İki gün sonra isə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Ə.Hüseynov icra başçısı olaraq fəaliyyətinin 1 ilini tamamlamamış 7 noyabr, 2010-cu ildə IV çağırış Milli Məclisin deputatı seçilib.

15 Aprel 2015 1:43

Saray sakinlərini nökər yerinə də qoymurlar…

Qəsəbəyə marşrut avtobusları niyə işləmir... Azərbaycan gündən-günə inkişaf edir, sosial-iqtisadi sferada yeni-yeni dövlət proqramları reallaşdırılır. Bu proqramlar çərçivəsində Nəqliyyat Nazirliyinə həvalə edilmiş tədbirlər sırasında qəsəbələrarası yolların tikintisi və əsaslı təmiri də yer alır. Abşeron rayonunun Saray qəsəbəsində bu sahədə görülmüş işlər əlbəttə, təqdirəlayiqdir. Lakin qəsəbə sakinlərinin uzun illərdən bəri həllinə çalışdığı bir məsələ- Bakı-Saray, Saray-Bakı marşrutu ilə işləyən yeni marşrutun açılması məsələsi təəssüf ki, hələ də həllini tapmayıb. Rəsmi məlumatlara görə Saray qəsəbəsində qeydiyyatda olan 15 minədək əhali yaşayır. Qeyri-rəsmi məlumatlarda isə bu rəqəm 40-45 min civarında dəyişir. Bu qədər əhalinin əksər hissəsi hər gün iş dalınca paytaxt Bakıya üz tutur və gediş-gəliş problemi ilə üzləşir. Məsələ ondadır ki, qəsəbə sakinləri ümidlərini Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən 501 və 503 saylı avtobuslara bağlayıb. Bakıya vaxtilə işləyən birbaşa marşrut isə hansısa işbazların səyləri ilə ləğv edilib. Qəsəbə sakinləri bu məsələdə 501 və 503 saylı marşrutların sahiblərinin əli olduğunu düşünür. Necə olmasa, hər gün külli miqdarda qazanc gətirən marşrut üzrə 45 yerlik avtobuslarda çox zaman 60-70 sərnişin daşıyırlar. Özü də bu avtobuslar Saray qəsəbəsinə çatana kimi artıq ağızbağız dolu olur. Nəqliyyat Nazirliyinin rəsmiləri dəfələrlə öz çıxışlarında qeyd edirlər ki, rayonlar və şəhərlər arasında işləyən avtobuslarda oturacaq yerlərindən artıq sərnişin daşımaları qadağandır. Amma biz bunun tamamilə əksini görür və qəsəbə əhalisinin min bir əziyyətlərə qatlaşmasının şahidi oluruq. Marşruta imkan tapıb minə bilməyən vətəndaşlar isə yolüstü təsadüfi maşınlarla və qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülərin minik vasitələri ilə getməyə məcbur olurlar. Bu da azmış kimi, Tarif Şurasının müəyyən etdiyi qiymətlərə də məhəl qoyan yoxdur. Tarif Şurasının qərarına görə Sumqayıt-Saray istiqamətində gediş haqqı 30 qəpik, Saray-Bakı istiqamətində isə 35 qəpik müəyyən edilmişdir. Ancaq 501 və 503 saylı avtobuslarda sərnişinin haradan mindiyindən asılı olmayaraq 50 qəpik gediş haqqı tələb edən vicdansız, əxlaqsız, kimliyi bilinməyən bəzi sürücülərə rast gəlirik. Mədəniyyətdən xəbərsiz sürücülər çox zaman sərnişinləri təhqir edir, onların hüquqlarını pozurlar. Adları yuxarıda keçən avtobuslarda qanun-qayda yaratmağın vaxtı çoxdan çatsa da hələ ki, görünür, Nəqliyyat Nazirliyində bunu düşünən yoxdur. Bu səbəbdən qəsəbə əhalisi haqlı olaraq soruşur ki, Bakıdan şəhərətrafı bütün kənd və qəsəbələrə marşrut avtobusları işlədiyi halda Saray qəsəbəsini niyə unudublar? Saray sakinləri gözləyir ki, Nəqliyyat Nazirliyinin rəhbərliyi bununla bağlı müvafiq strukturlara Bakıdan Saray qəsəbəsinə işləyən marşrutun bərpa edilməsi barədə göstəriş verəcək və problemin həlli mümkün olacaq. Bunun Nəqliyyat Nazirliyinin qəsəbə əhalisinə ən böyük hədiyyəsi kimi qəbul ediləcəyinə şübhə yoxdur. Sakinlərin canı onların qanına susayan "zəli" sürücülərdən xilas edilməlidir. Saray qəsəbəsində bu aktual problemin tezliklə həllinə biz də inanırıq. Dövlət başçısı hər dəfə öz çıxışlarında dönə-dönə vurğulayır ki, "məmurlar vətəndaşlara qayğı göstərməli, onlara daha yaxın olmalı, onların xidmətində dayanmalıdırlar. Biz hamımız xalqın xidmətçiləriyik". Prezidentimizin dediklərini rəhbər tutan qəsəbə camaatı Bakı-Saray, Saray-Bakı marşrutu ilə işləyən avtobus xəttinin açılması üçün Nəqliyyat naziri Ziya Məmmədovdan dəstək gözləyir. Bunun üçün ölkəmizdə kifayət qədər sərnişin avtobusu var. Sadəcə gərəkli addım atılması kifayətdir. (Dia.az)

14 Aprel 2015 8:22

100-dən çox avtobus sürücüsü işdən çıxarıldı

Avtobus qəzalarının azalması üçün mütəmadi olaraq aparılan reydlərdə 100-dən çox sürücü işdən kənarlaşdırılıb və sahibkarlara töhmət verilib Son zamanlar avtobus və yük maşınlarının iştirakı ilə baş verən qəzalarda ölənlərin sayı xeyli artdıb. Bir-birinin ardınca baş verən bu cür hadisələrdə həyatını itirən kim, sağlamlığı təhlükə altında qalan kim... Əgər bu qəzaların bir qismi sürücü səriştəsizliyindən irəli gəlirsə, digər bir qismində marşrut xətt sahiblərinin böyük rolu var. Çünki sahibkarlar bəzən avtobusda sükandan başqa heç nəyi tanımayan şəxsləri işə götürürlər, üstəlik onlara gündəlik elə bir plan qoyurlar ki, nəticədə sürücü dəfələrlə yol hərəkət qaydalarını pozur. Həm özünün, həm də başqalarının həyatını riskə ataraq. Düzdür, Nazirliyi bu cür sürücülərə, eləcə də sahibkarlara qarşı cəza tədbirləri gördüyünü deyir. Amma nəticə hələ də qənaətbəxş deyil. NN-in mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyir ki, reydlər zamanı onlarla sürücü xətdən kənarlaşdırılıb, bəzi sürücülərə isə ciddi xəbərdarlıq edilib. Reydlərin məqsədi avtobusları peşəkar sürücülərə həvalə etməkdir. Sürücülük vəsiqəsi və tibbi arayışı düzgün olmayan sürücülər işə götürülməməlidir. Baş verən avtobus qəzalarına daha təəccüblənmirik. Çünki az qala gündə bir neçə yerdə avtobus sürücülərinin törətdiyi qəzaların şahidi oluruq. Son bir həftədə təkcə dairəvi yoldi iki belə hadisənin baş verməsi, eyni zamanda paytaxtın Qaradağ rayonunda 3 sərnişin avtobusunun toqquşması buna əyani sübutdur. Bu tip hadisələri qaçılmaz edən əsas səbəblərsə yüksək sürətlə idarə etmə, digər nəqliyyat vasitələri ilə ötüşmə, düzgün manevr etməmədir. Ekspertlər sürücülük vəsiqəsi olmayan, sağlamlığında hər hansı bir problem yaşanan sürücüərin işdən uzaqlaşdırılmasını, onların daha peşəkarları ilə əvəz edilməsini vacib sayırlar.Ekspert Ərşad Hüseynov bildirib ki, sürücüləri işə qəbul edərkən onların peşə hazırlığına xüsusi diqqət yetirilməlidir. Bundan əlavə hər bir sürücü reysə çıxmamışdan qabaq tibbi müayinədən keçməlidir. Düzdür, Dövlət Yol Polisi tərəfindən təşkil olunan reydlərdə avtobus sürücüləri də az hədəfə çevrilmir. Dəfələrlə yol polisinin sürücünü və sərnişinləri avtobusdan düşürərək nəqliyyat vasitəsini cərimə meydançasına apardığını şahidi olmuşuq. Buna səbəbsə çox vaxt sürücülər tərəfindən pozulan yol hərəkət qaydaları, nəqliyyat vasitəsinin sənədsiz idarə olunmasıdır. Bu cür şəxslər işdən uzaqlaşdırılmalı olduğu halda çox təəssüf ki, səhərisi eyni mənzərə ilə yenidən rastlaşırıq. BŞDYPİ isə mübarizə tədbirlərinin aparılmasına rəğmən bu cür qəzaların sayında azalma əvəzinə artımın olduğunu deyirlər. BŞDYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev qeyd edir ki, avtobus sürücüləri tərəfindən 29 yol-nəqliyyat hadisəsi törədilib. Nəticədə 12 nəfər həlak olub, 34 nəfər isə yaralanıb. Ötən illə müqayisədə avtobus sürücüləri tərəfindən törədilən qəzalarda 10, ölənlərdə 2, yaralananlarda isə 17 fakt artım müşahidə olunur. Hər halda bu sahəyə nəzarət lap çox gücləndirilməlidir ki, qəza və ölənlərin rəqəm sayı azalsın. Bu isə sürücülərdən daha çox məsul şəxslərdən asılıdır.

14 Aprel 2015 6:56

Xoşqədəm Hidayətqızı Mehriban Əliyevaya müraciət etdi

“Səni axtarıram” layihəsinin rəhbəri, bu günlərdə ATV-dən ayrılan Xoşqədəm Hidayətqızı ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevaya müraciət hazırlayıb Müraciətdə ATV-də haqlarının pozulması, ona qarşı ədalətsizliklərin edilməsi, eləcə də qara PR-a məruz qalması öz əksini tapıb. Ölkənin birinci xanımından ATV rəhbərliyinin özbaşınalığına qarşı ölçü götürülməsi xahiş edilib. X.Hidayətqızının müraciətində deyilir: “Hörmətli Mehriban xanım, 20 ildir Azərbaycan mediasında dövlətimizin, xalqımızın maraqlarını əsas götürərək çalışıram. Hər zaman dövlətimə, xalqıma xidmət etdim. 5 ildir “Səni axtarıram” adlı bir layihə yaratmışam. Dişimlə, dırnağımla inkişaf etdirmişəm. 3 il öncə ATV-yə rəhbər təyin edilən Vüqar Qaradağlı ilə birlikdə biz bu layihəni lisenziyalaşdırdıq. Yəni “Səni axtarıram” layihəsi mənim və ATV-nin adına lisenziyalaşdırıldı. Mən bunu istədim. ATV mənə efir vaxtı verdiyi üçün mən də bunu Vüqar Qaradağlıya bir jest olaraq təklif etdim və məsələ həllini tapdı. Vüqar Qaradağlı o zaman mənə söz vermişdi ki, nə vaxt sən ATV-dən ayrılsan adına, konsepsiyasına qədər özünün yaratdığın “Səni axtarıram” layihəsini özünlə götürüb apara bilərsən. Təxminən 10 gün öncə isə məni yanına çağırıb bu layihəni bağlayacağını və bir həftə sonra efirdən yığışdıracağını dedi. Mən bu addımın çox acı nəticələri barədə onu məlumatlandırdım. Bu layihəyə yüz mindən çox müraciət etdiyini, öz əzizlərini axtaran insanların olduğunu söylədim. Dedim ki, bu qədər insanı düşünək və bəlkə onlar üçün layihədə hansısa dəyişiklik lazımsa edək. Hətta təklif etdim ki, əgər istəmirsinizsə, mən efirdə görünməyim, kadr arxasında qalım, amma layihə bağlanmasın. Lakin Vüqar Qaradağlı razılaşmadı. Hörmətli Mehriban xanım, bu layihənin inkişafı, yaşaması, insanlara köməyimizin dəyməsi üçün bu beş ildə həyatımı təhlükələrə atdığım dövrlərdə olub. Suriyada, Əfqanıstanda, İraqda ölümlə üz-üzə qaldım. Bütün bu zəhmətin heç olmaması üçün Vüqar Qaradağlıya xahiş etdim. Amma dinləmədi. Aprelin 12-də “Səni axtarıram”ı bağladı. Dedim ki, o zaman ATV bir imtina arayışı versin ki, mən halal haqqım olan bu layihə ilə digər telekanala gedim və insanların ümid yeri kimi baxdığı layihəni davam etdirim. Vüqar Qaradağlı söz verdi ki, iki gün sonra arayışı verəcək. Lakin sözünün üstündə durmadı və mənə qarşı qara piar kampaniyası başladı. Mən bir qadınam, anayam, gücsüz, zəif ola bilərəm. Hörmətli Mehriban xanım, yüz minlərlə insanın ümid yeri olduğunuz hamımıza məlumdur. Sizdən bu məsələdə mənə öz köməyinizi əsirgəməməyinizi, Vüqar Qaradağlının “Səni axtarıram” layihəsinə aid olan material və sənədlərin, həmçinin vəd etdiyi arayışın mənə verilməsinə təsir göstərməyinizi xahiş edirəm. On minlərlə insan “Səni axtarıram”ın nə vaxt efirə çıxacağını gözləyir. Köməyiniz on minlərlə insanın gözləntisidir”.(musavat.com)  

14 Aprel 2015 6:54

Fakt

Bizi izləyin