Azərbaycanda neft hasilatı 7,3% azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye sahəsində 6,5 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7% az sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5% artıb, neft sektorunda isə 5,1% azalıb. Sənaye məhsulunun 71,8%-i mədənçıxarma sektorunda, 22,5%-i emal sektorunda, 5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 7,3% azalıb, əmtəəlik qaz hasilatı isə 5,3% artıb. Emal sektorunda qida məhsullarının istehsalı 1%, içkilərin istehsalı 59,8%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 48,5%, ağacın emalı və ağacdan məmulatların istehsalı 46,7%, kağız və karton istehsalı 4,6%, əczaçılıq məhsullarının istehsalı 58,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 82,3%, tikinti materiallarının istehsalı 71,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 23%, kompüter və elektron məhsulların istehsalı 82,8%, elektrik avadanlıqlarının istehsalı 3,4 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 25,6%, mebel istehsalı 73,2% artıb, tütün məmulatlarının istehsalı 63,5%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 36,2%, poliqrafiya məhsullarının istehsalı 66,1%, neft məhsullarının istehsalı 6,1%, kimya sənayesi məhsullarının istehsalı 6,7%, hazır metal məmulatlarının istehsalı 11,0%, maşın və avadanlıqların istehsalı 66,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 53,7% azalıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,3 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,3% azalıb.

14 Mart 2017 6:23

Dollar bahalaşacaq, neft ucuzlaşacaq… – Neçayev

Rubl kəskin ucuzlaşacaq. Bunu jurnalistlərə açıqlamasında Rusiyanın keçmiş iqtisadiyyat naziri Andrey Neçayev söyləyib. “Rusiya OPEK ölkələrini neft hasilatını azaltmağa razı saldığı dövr ərzində Amerika şirkətləri slans neftinin hasilatı üçün texnologiyalarını inkişaf etdirdilər. OPEK və Rusiyanın hasilatı azaltmasından sonra ABŞ dərhal hasilatı artırdı. Bununla ABŞ başqa ölkələrin etdiyi ixtisarların yarısını kompensasiya etmiş oldu. Beynəlxalq Energetika Agentliyinin proqnozlarına əsasən, gələn il ABŞ-da sutkalıq hasilat 9,73 milyon barrelə çatacaq və OPEK-lə Rusiyanın ixtisarından sonra yaranmış boşluğu dolduracaq. Belə olan halda OPEK ölkələrinin ixtisar haqqında razılaşmanı saxlayacaqları böyük sual doğurur. Əgər Tramp özünün seçkiqabağı vədlərini yerinə yetirsə və Meksika körfəzi ilə Arktikada hasilata izn versə, o zaman neft bazarında situasiya kəskin şəkildə pisləşəcək. Buraya yaxın günlərdə ABŞ-ın Federal Ehtiyat Sisteminin faiz dərəcələrinin artırılması gözləntisini də əlavə edin. Bu, həm də dolları möhkəmləndirəcək. Bütün bu faktorlar neftin qiymətinin təxminən 10% düşməsinə imkan yaratdı. Böyük ehtimalla neftin qiyməti bu günlərdə 50 dollardan da aşağı düşəcək. Rubl artıq təzyiq altındadır. Yaxın günlərdə biz dolların daha 2-3 rubl bahalaşmasına şahid olacağıq”, – deyə o bildirib. Faktinfo.az

11 Mart 2017 12:31

144 milyon kub metr qaz hara uçub?-Yoxsa Korrupsiyadır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qaz itkisinin həcminə görə ciddi qınaq obyekti ola bilər. Məsələ burasındadır ki, illik qaz itkisinin həcmi çox böyükdür. Faktinfo.az  Modern.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı il ərzində 144,4 milyon kub metr təbii qaz itkiyə gedib. Bu, kiçik rəqəm deyil, hətta çox böyük rəqəmdir… Bəs belə böyük rəqəmin arxasında nələr durur, onun itkisi necə əsaslandırılır?.. 144,4 milyon kub metrlik mavi yanacaq niyə, necə və harda itkiyə verilib?.. Bəlkə bu, “Azəriqaz” İstehsalat Birliyində yol verilən korrupsiyanın ipucudur?.. Sayt yazır ki, hökumət iqtisadi çətinliklər dövründə bir yandan əhaliyə satdığı mavi yanacağın qiymətini bahalaşdırır, o biri yandan milyonlarla kub metrlik qaz itkiyə verilmə kimi sənədləşdirilir… Bəlkə də “silinir”… Mütəmadi olaraq əhalini mavi yanacaqdan istifadə üzrə ödənişləri vaxtlı-vaxtında verməyə çağıran SOCAR qaz itkilərinin qarşısını niyə ala bilmir? ““Azəriqaz” İstehsalat Birliyinin (İB) qaz təchizatı şəbəkəsində itkilərin yaranma səbəbi müstəqil audit şirkəti olan EY (Ernst and Young) tərəfindən araşdırılıb. Tərtib olunmuş yekun arayışda itkilərin yaranmasının əsas səbəbi kimi köhnələn qaz şəbəkəsində yaranan qaz sızmaları göstərilib”. Bu haqda saytın sorğusuna cavab olaraq “Azəriqaz” İB-dən bildirilib. Rəsmi məlumata görə, qaz itkiləri əsas etibarı ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yaranır: “Bu ərazilərdə qaz təchizatı sisteminin böyük hissəsi 1960-1980-ci illərdə, keçmiş İttifaqın standartları əsasında qurulmuş şəbəkədən ibarətdir. Qaz təchizatı şəbəkəsinin hal-hazırki texniki vəziyyəti mövcud və artan tələbatın ödənilməsində, qaz təchizatı rejimlərinin tənzimlənməsində böyük texniki problemlər yaradır. 2009 və 2010-cu ildən başlayaraq “Azəriqaz” İB-nin qaz təchizatı şəbəkəsində itkilərin azaldılması istiqamətində görülmüş tədbirlər nəticəsində hər il itirilmiş qaz həcmi əvvəlki illərlə müqayisədə daha da azalıb. Görülən tədbirlər planı çərçivəsində istismara yararsız olan avadanlqlar yeniləri ilə əvəz olunur, müxtəlif diamterli qaz xətləri təmir və bərpa edilir, yeni qaz kəmərləri inşa olunur, həmçinin istifadə müddəti başa çatan, xətaları normadan artıq olan sayğaclar yeni tipli ölçü cihazları ilə əvəzlənir”. Qurum bildirir ki, qaz itkiləri əsasən yeraltı qaz sızmalarından yarandığına görə, itkilərin böyük hissəsinin korrupsiya ilə heç bir əlaqəsi ola bilməz: “Bununla yanaşı, təbii qazdan qeyri-qanuni istifadə hallarına qarşı mübarizə daha da gücləndirilib. Rayon xidmət sahələrinin ərazilərində mütəmadi olaraq baxışlar keçirilir, monitorinqlər aparılır və aşkar edilmiş qeyri-qanuni faktlara qarşı qanunvericilyin tələblərinə uyğun müvafiq tədbirlər görülür. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə də mütəmadi tədbirlər həyata keçirilir. Əgər hər hansı korrupsiya faktı aşkarlanarsa, dərhal qanuna müvafiq tədbirlər görülür”.

7 Mart 2017 11:49

Fakt

Bizi izləyin