Mərkəzi Bank:“Üzən məzənnə keçid gözlədiyimizdən daha sakit gedir”

"Tam üzən məzənnə rejiminin əsas atributu odur ki, məzənnə tam olaraq bazar iştirakçıları tərəfindən müəyyən olunur. Cari ilin yanvarın 12-dən artıq valyuta hərracı yeni formatda keçirildi. Yəni hərracın mexanizmi dəyişdi və yeni format ondan ibarətdir ki, burada qiymətləri banklar müəyyən edir. Proses rəqabət üzrə, yəni dolların alınması üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunur. Bu əsasda formalaşan orta çəkili məzənnə də avtomatik olaraq rəsmi məzənnə kimi cəmiyyətə təqdim olunur". Bunu "APA-Economics"ə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bildirib. A. Babayev qeyd edib ki, bununla da məzənnə tam liberal əsasda formalaşır."Hərracların keçirilməsi bazarın tarazlaşmasına xidmət edir. Manatın orta çəkili məzənnəsi həm hərracdakı, həm də elə həmin gün hərracdan kənar banklararası açıq bazarda aparılan əməliyyatların nəticəsi olaraq müəyyən olunur. Həmin məzənnə də rəsmi məzənnə kimi elan olunur. Yəni əgər hərrac nəticəsində manatın orta çəkili məzənnəsi 1,8285 səviyyəsində müəyyən olunubsa, günün ikinci yarısında isə rəsmi məzənnə 1,8311 səviyyəsində elan edilirsə, bu o demək deyil ki, məzənnə inzibati yolla təyin edilir. Manatın orta çəkili məzənnəsinə yalnız hərracdakı qiymət deyil, o cümlədən hərracdan kənar əməliyyatların nəticələri təsir edir. Bu gün formalaşan məzənnəyə hər hansı korreksiya olunmur. Tam üzən məzənnəyə keçid böyük sıçrayış olmadan başladı. Tam liberal məzənnə rejiminə keçən Rusiya və Qazaxıstanda dəyişim müvafiq olaraq 3% və 27%-dən yuxarı həddə baş verdi. Azərbaycanda isə 3,4% dəyişim olub. Yeni şəraitə adaptasiya gözlədiyimizdən daha sakit və rəvan gedir. Bütövlükdə bazara və məzənnənin dinamikasına nikbin baxıram", – deyə o əlavə edib

19 Yanvar 2017 3:36

Elxan Həsənov: İstiqraz sahibləri ilk gəlirlərini əldə edəcəklər – MÜSAHİBƏ + VİDEO

Faktinfo.az xəbər verir ki, SOCAR istiqrazları üzrə ilk faiz ödənişi haqqında sualları “SOCAR Capital” şirkətinin İnvestisiya və əməliyyatlar departamentinin direktoru Elxan Həsənov cavablandırıb. - Elxan müəllim, yanvarın 17-də SOCAR istiqrazları üzrə ilk faiz ödənişi olacaq. Ümumilikdə, hansı məbləğdə faiz ödəniləcək və ödəniş necə həyata keçiriləcək?  - Bildiyiniz kimi, SOCAR istiqrazları illik 5% gəlirlə buraxılmışdır və ilk kupon ödənişi yanvar ayının 17-də həyata keçiriləcək. Bu da 1,25% həcmində gəlir deməkdir. Ümumi məbləğdə 1 milyon 250 min dollarlıq kupon faizi istiqraz sahiblərinin hesablarına köçürüləcək və 17 yanvar etibarı ilə istiqraz sahibləri öz kupon faizlərini əldə edərək banklardan çəkə biləcəklər. - Faiz ödənişləri dollarla həyata keçiriləcək. Ödənilən faizlərin banklardan çıxarılması ilə bağlı hər hansı problem yaranmayacaq ki?  - Bununla əlaqədar olaraq biz kommersiya bankları ilə görüşlər keçirmişik. İstiqraz sahibləri ilk kupon ödənişlərində və bundan sonrakı ödənişlərdə banklardan çəkiləcək pullarla bağlı heç bir çətinliklə üzləşməyəcək və istədikləri vaxt gələn pulu nağda çevirə biləcəklər. - Faiz ödənişinin bank hesabından nağd şəkildə çıxarılmasına görə hər hansı vergi tutula bilərmi? - Yeni qanunvericiliyə əsasən, fiziki şəxslər gələn pulları, yəni gələn kupon faizlərini nağdlaşdırmaq üçün hər hansı bir vergi ödəməyəcəklər. - SOCAR İstiqrazları ilə bağlı təkrar bazarda aktivlik necədir? İnvestorlar istiqrazlara nə qədər maraq göstərirlər? - İstiqrazların təkrar bazarının başlanmasından keçən 3 ay ərzində birjada SOCAR İstiqrazlarının çox intensiv şəkildə alqı-satqısı baş verib və deyə bilərəm ki, bu aktivlik birjada mövcud olan digər istiqrazlarla müqayisədə 10-15 dəfə daha çox olub. Son 3 ayda istiqrazlara, xüsusən, fiziki şəxslərin marağı olduqca artıb. SOCAR İstiqrazları ilə çox sayda xarici investorlar da maraqlanır və bəzi xarici investorlar bu istiqrazları alıblar. İstiqrazları almaq niyyətində olan digər xarici investorlar da yaxın zamanda SOCAR İstiqrazları üçün müraciət edəcəklər. - SOCAR İstiqrazlarının sahiblərinə bu il ərzində neçə dəfə faiz ödənişi ediləcək və faiz ödənişləri nə vaxt baş tutacaq? - SOCAR İstiqrazlarının sahiblərinə bu il ərzində 4 dəfə faiz gəliri ödəniləcək. İlk ödəniş 17 yanvar tarixindədir. İkinci kupon ödənişi 17 aprel, 3-cü kupon ödənişi 17 iyul və bu ilin axırıncı kupon ödənişi isə 17 oktyabrda baş tutacaq.  

13 Yanvar 2017 10:31

Banklar dollar satmırsa, demək dollar yoxdur

Hazırda Azərbaycanın bank sistemi iflic vəziyyətindədir. Kommersiya bankları dollar satışını dayandırıb. Az bir qismi isə dolları limitlə satır. “Qara bazar”ın da qara günləri başlayıb. Hüquq-mühafizə orqanları mütəmadi reydlər keçirərək,  “qara bazar”da dollar satışı həyata keçirənləri saxlayırlar. Kommersiya bankları dollar satmır, “qara bazar” məhdudlaşıb, bəs insanlar xaricə pul köçürmələrini, səfərlərini necə həyata keçirsinlər? Ümumiyyətlə, proses nə vaxtadək davam edəcək? Modern.az-ın bu qəbildən olan sualına Azərbaycanın maliyyə sisteminə cavabdeh olan iki qurum “səlahiyyətimiz xaricindədir” deməklə yaxa qurtarıb...   “Dollar alıb-satmaq Mərkəzi Bankın səlahiyyəti xaricindədir”   Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Modern.az-a açıqlamasında deyib ki, dollar satmaq təmsil etdiyi qurumun səlahiyyətləri çərçivəsində deyil: “Mərkəzi Bank kommersiya banklarına, onların dollar satıb-satmamasına nəzarət etmir. Çünki bu, bizim səlahiyyətlərimiz xaricindədir. Biz individual olaraq kommersiya bankları ilə işləmirik. Biz məzənnə siyasəti həyata keçiririk”.   “Banklar dollar satmırsa, demək dollar yoxdur”   Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) müşaviri Rüfət Abbasov Modern.az-a deyib ki, qurum valyuta tənzimlənməsini həyata keçirmir: “Biz valyuta tənzimləyən orqan deyilik. Valyuta bazarındakı tələb və təklifin tənzimlənməsi bizim səlahiyyətlərimiz çərçivəsində deyil. Ona görə də şərh verə bilmirəm”. R.Abbasov “çox qəribədir maliyyə məsələlərində cavabdeh olan iki qurum-Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası məsələnin səlahiyyətləri xaricində olduğunu əsas gətirir” fikirlərini belə şərh edib: “Biz maliyyə bazarlarının subyekti olaraq banklara nəzarət edirik. Onların fəaliyyətinin qanun çərçivəsində olmasına nəzarət edirik ki, qanundankənar faəliyyət göstərməsinlər. Dollar isə tələb və təklif məsələsidir. Hazırda bazarda tələb və təklif arasında kəskin fərq var. Tələbat təklifdən daha yüksəkdir. Biz valyuta satmırıq, hərrac keçirimirik. Ümumiyyətlə valyuta tənzimləyən orqan biz deyilik. Banklar dollar satmırsa, demək ki, dollarları yoxdur”.

10 Yanvar 2017 12:13

Fakt

Bizi izləyin