Neft hasilatı dondurulub

1c7c8e7f-e674-4c17-b192-a14d38cb3a1a_292

Qlobal bazarlar xəbəri mənfi qarşılayıb, neft ucuzlaşmağa başlayıb Venesuelanın dünya neft sənayesində hasilatın hazırkı səviyyədə dondurulmasına dair istehsalçı ölkələrə müraciəti ilə bağlı ilkin razılıq əldə olunub. Bu gün Dohada (Qətər) keçirilən OPEC üzvü olan və digər neft hasilatçısı ölkələrin görüşü zamanı əldə edilən razılaşma barədə Qətərin energetika naziri əl-Sada xəbər verib. Qeyd edək ki, hasilatın 11 yanvar tarixindəki həcmində dondurulması qərara alınıb. Hasilatın cari həcminə Qətər tərəfi nəzarət edəcək. Maraqlıdır ki, xəbərin açıqlanmasından sonra dünya bazarında neft qiymətləri kəskin azalmağa başlayıb. "Report"un analitik qrupu xəbər verir ki, hazırkı hasilat həcmi onsuz da yüksəkdir və təklif tələbi təxminən 1,5 mln. barel/gün üstələyir. Çindən gələn son ixrac və idxaldakı azalma rəqəmləri fonunda neftə qlobal tələbin bir qədər də azalacağı gözlənilir. Analitiklər neft hasilatının azalması qərarının verilməsini gözlədiklərindən, neft bugünkü qərara neqativ cavab verib. Belə ki, "Brent" markalı neftin qiyməti Doha görüşündən əvvəl 35,54 dollar/barel olduğu halda, hazırda bu səviyyədən 4% aşağı düşüb və təxminən 34 dollar/barelə çatıb. Neftin qiymətinin bu səviyyədə sabitləşəcəyi və yenidən yüksələcəyi proqnozlaşdırılır.

16 Fevral 2016 1:31

“Mərkəzi Bankın bu qərarı manatın məzənnəsini qoruyub saxlayacaq”

68245

Mərkəzi Bankın İdarə Heyəti 15 fevral 2016-cı ildə uçot dərəcəsini 5 faiz, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2 faiz, yuxarı həddini isə 10 faiz səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib. Milli Məclisin İqtisadi siyasət, sosial və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bunun gözlənilən addım olduğunu deyib: "Manatın stabilliyinin qorunub saxlanması bankın uçot dərəcəsindən çox asılıdır. Əvvəllər uçot dərəcəsi 3 faiz-3,5 faiz idi. Hazırda uçot dərəcəsinin 5 faizə qaldırılması məhz manatın stabilliyi üçündür.Bu qərar valyuta bazarına müəyyən qədər təsir edəcək, manatın məzənnəsini müəyyən qədər qoruyub saxlayacaq".Parlament üzvü bildirib ki, bu, ən əsası manatın növbəti devalvasiyasından sığortalanmaq üçün düşünülmüş addımdır: "Neftin qiymətinin kəskin artmaması, eyni səviyyədə, 30-32 dollar arasında dəyişməsi manata təzyiqi artırır. Təzyiqlərin qarşısını almaq üçün yeganə yol Mərkəzi Bankın uçot dərəcəsini qaldırmaq və qeyri-neft sektorunu mümkün qədər ixracyönümlü məhsulların istehsal edilməsinə yönəltməkdir. Hələlik ikinci baş vermədiyindən Mərkəzi Bank uçot dərəcəsini qaldırdı".Deputat qeyd edib ki, yeni qərar həm də, banka daha çox əmanət yatırılmasına səbəb olacaq: "Faktiki olaraq faiz dərəcələrinin artırılması ilə əmanətlərə qoyulan faiz dərəcələri artmış olub".(modern.az)

15 Fevral 2016 12:41

500 avroluq əsginazlar dövriyyədən çıxarıla bilər

14553643711930559298_1000x669

Avropa İttifaqının (Aİ) maliyyə nazirləri Brüsseldə keçirilmiş toplantıda 500 avroluq əsginazların dövriyyədən çıxarılmasına dair təklif irəli sürüblər. Bunun əsas səbəbi bu əsginazların terrorçular, çirkli pulların yuyulması və narkotik vasitələrin ticarəti ilə məşğul olanlar tərəfindən ən çox istifadə edilən əsginaz olmasıdır. Nazirlərin irəli sürdüyü təklif əsasən terrorizmin maliyyələşdirilməsində geniş istifadə olunan 500 avroluq əsginazlarla bağlı təhlükələrin necə azaldılmasına dair məqamları özündə əks etdirir. Fransanın maliyyə naziri Mişel Sapin məsələyə münasibət bildirərək vurğulayıb ki, 500 avroluq əsginazlar son zamanlar standart alış-veriş əməliyyatlarından çox qeyri-qanuni transaksiyaların həyata keçirilməsində istifadə olunur. Hollandiyanın maliyyə naziri Jeroen Dijsselbloem isə böyük nominallı əsginazların terrorizmin maliyyələşdirilməsində asanlıqla istifadə olunduğunu və bunun böyük risk yaratdığını bildirib. O, Avropa Mərkəzi Bankına (AMB) müvafiq məsələ ilə bağlı araşdırmanın aparılması üçün müraciət ediləcəyini bildirib. Ötən il Parisdə törədilmiş terror aktlarından sonra Fransa hökuməti Avropa İttifaqını terrorizmin maliyyələşdirilməsi ilə mübarizə istiqamətində vahid yanaşma tətbiq etməyə çağırır. Qurumun bu ay irəli sürdüyü fəaliyyət planında yüksək dəyərə malik olması baxımından 500 avroluq əsginazlara kriminal şəbəkələr arasında böyük tələbatın olması xüsusi vurğulanır. AMB-nin məlumatına görə, dövriyyədəki təxminən 1 trilyon avronun 30 faizi 500 avroluq əsginazlardan ibarətdir(azərtac).

13 Fevral 2016 5:58

38 milyonu “yeyən” bank işçiləri məhkəmədən şikayət etdilər

1455349419_0001

Bakı Apellyasiya Məhkəməsində dələduzluq və mənimsəmədə təqsirləndirilən "Texnikabank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Bakı filialının sabiq müdiri Yusifov Zal Zakir oğlu və qeyrilərinin apellyasiya şikayəti üzrə məhkəməsi başa çatıb. Faktinfo.az Report-a istinadən bildirir ki, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Z.Yusifovun apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, ittiham aktına əsasən, "Texnikabank" ASC-nin Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər 15 şəxslə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib. Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. 2010-cu ilin aprel ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Yusifov əmlakı müsadirə olunmaqla 15 il, onun oğlu İslam Yusifov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd olunub ki, Z.Yusifovun vətəndaşlardan dələduzluq yolu ilə aldığı pullarda oğlu da iştirakçı olub. Bu iş üzrə zərərçəkmişlərə dəymiş ziyan ödənilməyib. Baş prokuror Zakir Qaralovun da göstərişi var ki, dələduzluq işlərində zərərçəkmişlərə dəymiş ziyan ödənilməsə, təqsirləndirilən şəxs və ya məhkum vaxtından əvvəl azadlığa buraxıla bilməz. Hökmdən narazı şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə apellyasiya şikayətini təmin etməyib. Daha sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib. O, əmlaklarının geri qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib. Lakin Bakı Apellyasiya Məhkəməsi təqdimatla bağlı şikayəti təmin etməyib. Yenidən Ali Məhkəməyə müraciət olunub. Bu dəfə məhkəmə şikayətə baxılmamış saxlanılması barədə qərar qəbul edib. Bakı Apellyasiya Məhkəməsində işin mülklərlə bağlı şikayətinə baxılıb. Hakim Sahibxan Mirzəyev zərərçəkmişlərə dəymiş ziyanını həmin mülklərin satılması ilə tutulmasını nəzərə alıb və bu səbəbdən Zal Yusifovun iddiası təmin edilməyib. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Texnikabank"ın bank lisenziyası ləğv edilib.

13 Fevral 2016 12:26

İranın Azərbaycanla bağlı yeni qaz planı

1455200455_0001

İran Azərbaycandan keçməklə Gürüstana və Avropaya təbii qaz ixrac etmək niyyətindədir. ANS PRESS-in məlumatına görə, bu barədə İranın Gürcüstandakı səfiri Abbas Taleb Tiflisdə dərc olunan “Rezonansı” qəzetinə müsahibəsində bildirib. Abbas Talebin sözlərinə görə, hazırda Gürcüstana qaz tranzitinin texniki detalları üzərində iş gedir. Layihə Gürcüstanın energetika naziri Kaxa Kaladzenin Tehrana səfəri zamanı geniş müzakirə ediləcək. Gürcü mətbuatı səfirin bu sözlərindən sonra Azərbaycan prezidenti İlham Əliyevin də fevralın sonunda İrana səfər edəcəyini yada salıb. «İstisna edilmir ki, Tehranda danışıqların əsas mövzularından biri İran qazının Azərbaycandan keçməklə Gürcüstana nəqli olacaq»,- deyə "Business Qruziya" portalı ehtimal edib. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ANS PRESS-ə müsahibəsində İranla Azərbaycan arasındakı mövcud infrastrukturun buna imkan vermədiyini vurğulayıb: "Yəqin ki, söhbət hansısa perspektiv layihədən gedir. İndiki infrastrukturlar buna imkan vermir. İran gələcəkdə Bakı - Tiflis - Ərzurum qaz kəmərinin genişlənmiş variantına qoşula bilər.Bunun üçün Hacıqabuldan İran sərhədinə qədər illik nəql gücü 5-10 milyard kubmetr olan qaz kəməri çəkilməlidir.İndi belə bir kəmər var, amma onun illik nəql gücü 1 milyard kubmetrdir. Həmin kəmərlə biz Naxçıvana ildə 500 milyon kubmetr qaz veririk. Yeni kəmərin Azərbaycan hissəsinin çəkilməsi üçün ən azı 1 milyard dollar vəsait lazımdır. İran tərəfi isə öz ərazisində daha uzun kəmər çəkməlidir". İlham Şabanın fikrincə, bu istiqamətdə danışıqlar əslində İranın region ölkələri əlaqələri gücləndirmək çərçivəsində aparılır: “Əslində, ortalıqda real bir şey olmasa da, iki ölkə arasında uzun sürən danışıqlar İran üçün Gürcüstana təsir imkanları yaradacaq. Ümumiyyətlə, qərbin İrana sanksiyaları ortadan qalxdıqdan sonra Tehran belə addımlar atmaqla region ölkələrinə inteqrasiyanı gücləndirdiyini nümayiş etdirmək istəyir”. İran mətbuatının yazdığından belə görünür ki, Tehranın Ermənistanla bağlı da müəyyən planları var. Məsələn, Şərqi Azərbaycan ostanının general-qubernatoru İsmayıl Cabbarzadə dünən Ermənistanın İrandakı səfiri Artaş Tumanyan ilə göüşüb. İsmayıl Cabbarzadənin sözlərinə görə, prezident Ruhani xarici dünya ilə əlaqələri böyük əhəmiyyət verir. 2015-ci ilin ortalarında Qərblə İran arasında gedən danışıqlarda ilk razılıq əldə edildikdən sonra Tehranda hansı bayram ab-havası yaşandığını xatırladıqda anlamaq olur ki, bu cür addımlar daha çox daxili bazar üçün nəzərdə tutulur. Amma istənilən halda, Azərbaycan İranın bu cür təkliflərini dəyərləndirməlidir. Hər halda, gələcəkdə Azərbaycanın neft gəlirləri azalacaq. Onda ölkədə iqtisadiyyatın müxtəlif sahələrindən, o cümlədən enerjidaşıyıcılarının tranzitindən gələn pullara böyük ehtiyac yarancaq. Yəni rəsmi Bakı ölkəyə kənarda gələn hər qəpiyin qədrini bilməli olacaq.

11 Fevral 2016 7:20

“NAZ-Lifan”ın qiyməti artacaq

20160211-165228link

Naxçıvan Avtomobil Zavodunda istehsal edilən “NAZ-Lifan” modellərinin qiyməti artacaq. Bu barədə "AzərTAc"a açıqlamasında Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev bildirib. "İndiyədək Naxçıvan Avtomobil Zavodunda istehsal edilən “NAZ-Lifan” modellərinin qiymətlərində artım olmayıb və 11 min manatdan başlayaraq dəyişir. Yaxın günlərdə zavodun nümayəndə heyəti Çinə səfər edəcək, orada qiymətlər və yeni modellərlə bağlı danışıqlar aparılacaq. Valyuta bazarındakı son vəziyyəti nəzərə alaraq qiymətlərə yenidən baxılacaq", - deyə M. Abdullayev bildirib. Zavodun direktoru qiymətlərin modeldən asılı olaraq 15-30 min manat arası dəyişəcəyini ehtimal edir. Eyni zamanda zavodun istehsal etdiyi modellərin respublikada satılan digər avtomobillərin qiymətləri ilə müqayisədə daha ucuz olmasına çalışacaqlarını qeyd edib. Hazırda zavodda 10 modeldə “NAZ-Lifan” avtomobili istehsal edilən Naxçıvan Avtomobil Zavodunda bu ilin sonunadək əlavə 7 “NAZ-Lifan” modelinin istehsalına başlanacaq. M. Abdullayev qeyd edib ki, yanvarın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyevin dövlət qurumlarına Naxçıvanda istehsal olunan avtomobillərin alınması ilə bağlı tövsiyəsindən sonra qısa müddətdə bir il ərzində satılandan da çox avtomobil satılıb.

11 Fevral 2016 5:52

Fakt

Bizi izləyin