“Unibank” rəsmən çökür: filiallar bağlanır, şok ittiham

Bankın filialları bir-bir bağlanmaqdadır. Hazırda bankın Xətai filialı da fəaliyyətini dayandırıb Eyni zamanda kütləvi şəkildə işçilərin ixtisarına başlanıb. Bank üzləşdiyi maliyyə böhranı və manatın devalvasiyası olunması ilə rəsmən fəaliyyətini məhdudlaşdırmaq qərarı verib. Yaxın vaxtlarda başqa filialların da bağlanacağı gözlənilir.Bu arada isə “Unibank”ın sabiq əməkdaşı Sahib Ağayev ASC-yə qarşı 540 min manat məbləğində vətəndaşın şərəf və ləyaqətinin müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı Nəsimi rayon məhkəməsinə iddia ərizəsilə müraciət edib.Sahib Ağayev moderator.az-a verdiyi məlumata görə, 2012-ci ilin yanvar-fevral aylarında “Unibank” KB ASC-də aparıcı kredit mütəxəssisi vəzifəsində çalışdığı zaman fiziki şəxslərə borc öhdəliyi yaranıb.Sahib Ağayev deyib ki, məhkəmə hökmü ilə təqsirli hesab olunmadığı halda, 2012-ci ilin əvvəllərində bank rəhbərliyi borc pul aldığı dost, tanış və qohumlarını banka çağıraraq, onun dələduz olmağı, başqa insanları da aldatmağı barədə yalan və alçaldıcı məlumatlar verib.Bunun nəticəsində də insanlarda ona qarşı nifrət hissi oyanıb və o, təzyiqlərə məruz qalıb. Şikayətçi bildirir ki, AR CPM-nin 21-ci maddəsi olan “Təqsirsizlik prezumpsiyası”nın 1-ci bəndinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. “Eyni zamanda hadisə baş verən zaman “Unibank” KB ASC-nin İdarə heyətinin sədri Faiq Hüseynov öz şəxsi otağında bank əməkdaşı Davud Rzayev, çalışdığı filialın meneceri Rəşad Abdullayevin şahidliyi ilə mənim danışmağına imkan vermədən, 3 gün müddətində pulu banka ödəmədiyim təqdirdə, həmin məbləğin üzərinə eyni məbləği əlavə edərək sifarişlə məni həbs etdirəcəyi, həbsxanada öldürtdürəcəyi ilə təhdid edib”-deyə şikayətçi söyləyib.(tia.az)

4 Noyabr 2015 5:08

“Sədərək” və “Binə”də çətin günlər yaşanır: Tacirlər sıxışdırılır – FOTOLAR

Minlərlə adamın işlədiyi bu ticarət mərkəzlərində alış-verişin demək olar ki, dayanması üzündən gəlirlər çox aşağı düşüb. Alverçilər günlərlə heç nə sata bilmədiklərindən şikayət edirlər. Musavat.com saytı xəbər verir ki, son aylarda çətin günlər yaşayan bu iki ticarət mərkəzinin bir də nə zaman əvvəlki halına qayıdacağı bilinmir. Ölkədəki maddi böhran zəncirvari xarakter daşıdığı üçün hər bir sahəyə öz təsirini göstərir. Getdikcə iflasa uğrayan iş adamları öz bizneslərini ya kiçildir, ya da tamamı ilə qapadırlar. Bu da kütləvi işsizliyə yol açır. Ölkə başçısının biznesmenlərin lehinə çıxışlar etməsi də deyəsən, fayda vermir. Çünki bu, böhranın önünü kəsmir. Misal üçün "Sədərək" ticarət mərkəzində əvvəllər dükan sahibləri satıcı işlədib, maaş verirdilər. İndi isə çoxları bunu edə bilmir. Çünki qazancları icarə haqqını güclə ödəyir. Məcburən artıq özləri satıcılıq edirlər. Bu da işsizlərin sayını artırır. "Alver var idi, pul olurdu, alver yoxdur, pul da yoxdur" Söhbət etdiyimiz tacirlər vəziyyətin çox pis olduğunu, getdikcə ticarət mərkəzində dükanların azaldığını bildirdilər: "Bizim burada 3 dükanımız var idi. Ən çox ziyan vuran dükanı bağladıq. İndi icarəyə vermək istəyirik, amma bir nəfər belə zəng edib, maraqlanmayıb. Çünki heç kim risk etmək istəmir. Əvvəllər isə burada boş dükan tapmaq olmazdı. Alver var idi, pul olurdu, alver yoxdur, pul da yoxdur". "Güzəşt etmək əvəzinə, bizi daha da sıxırlar" Alverin zəif olması, icarədarlara böyük problem yaradır. Çünki ticarət mərkəzinin rəhbərliyi onlara heç bir güzəşt etmir: "İkicə gün icarə haqqını gecikdirən kimi gəlib, qapıya kilid vururlar. Malların qalır, bayırda... Yalvarıb-yaxarmaq da işə yaramır. Məcbursan bu "krizis" dövründə kimə ağız açıb, pul alıb, icarəni verəsən. Heç bir güzəşt edilmir. İnsaf yaxşı şeydir. Özləri də bilirlər ki, alver 70 faiz azalıb. Çətinlik çəkirik. Güzəşt etmək əvəzinə, bizi daha da sıxırlar. Nəzərə almırlar ki, biz olmasaq, onlar da olmaz. Tacirlər hamısı çıxıb, getsə, pulu kimdən alacaqlar? Onsuz da çox adam dükanı bağlayıb, gedib. Biz də getsək, bunlar müflis olarlar". Ticarət mərkəzində bir az hərəkətli olan yer paltar satılan sıralar və nisbətən "Şirniyyat" adlanan yer idi. Bunun da səbəbi qış mövsümünün başlamasıdır. Digər yerlərlə müqayisədə bura daha ucuz olduğu üçün insanlar qış alış-verişlərini buradan edirlər. O belə, istənilən səviyyədə deyil. "Elite" ticarət mərkəzində də vəziyyət heç də ürəkaçan deyil. Binanın 2-ci mərtəbəsində sadəcə, 2-3 xəz satılan dükan qalıb. Onlar da brend markalar olduğu üçün fəaliyyətlərinə davam edirlər. Satıcılar isə sadəcə gözləyirlər. Gözləyirlər ki, manat və rubl yenidən "ayağa qalxacaq". Çünki manatın "ölməsi"nin təsiri qədər, rublun da təsiri var. Belə ki, Dağıstan Respublikasının əhalisi artıq bu bazarlara gəlmir. Onlar rublun ucuzlaşmasından sonra "Binə" və "Sədərək"dən mal aparmağı əlverişsiz olduğunu hesab edirlər. Hazırda Rusiyada 1 dollar 64 rubla bərabərdir. Sanksiyalardan öncə isə 1 dollar 34 rubla bərabər idi. Məhəmməd Türkmən, Fotolar müəllifindir. Bakının ən böyük ticarət mərkəzləri - "Binə" və "Sədərək" yarmarkaları ağır günlərini yaşayırlar.

3 Noyabr 2015 6:43

Azərbaycanda daha 7 bankın fəaliyyəti dayandırılacaq

Ləğvetmə prosesində olan bankların sayı artıb Azərbaycanda ləğvetmə prosesində olan bankların sayı artıb."APA-Economics" Azərbaycan Mərkəzi Bankının (AMB) III rübün nəticələrinə həsr olunan statistik göstəricilər bülleteninə istinadən xəbər verir ki, hesabat dövründə ləğvetmə prosesində olan bankların sayı 7-yə çatıb. Halbuki, II rübün yekununa əsasən, bu cür bankların sayı 5 idi.Qeyd edək ki, III rübdə bank sektoru iki oyunçusunu, yəni "Evrobank" və "Azərbaycan Kredit Bankı"nı itirdi. AMB-nin İdarə Heyətinin müvafiq qərarı ilə adıçəkilən bankların lisenziyaları ləğv olunub.Hazırda Azərbaycanda 43 bank fəaliyyət göstərir. Onlardan 2-si dövlət bankı, 41-i isə özəl banklardır.Xarici kapitallı bankların sayında da azalma baş verib. Belə ki, II rübün yekunlarına görə, xarici kapitallı bankların sayı 23 idisə, hazırda bu cür bankların sayı 22-yə enib. Buna səbəb, "Evrobank"ın sektoru tərk etməsidir.III rübün yekunlarına görə, Azərbaycandakı banklar müştərilərinə 758 filialla xidmət göstərir. Halbuki, II rübün yekunlarına görə, bu göstərici 763 idi. Göründüyü kimi, 5 filial bağlanıb. Banklar bunu optimallaşdırma siyasətinin həyata keçirilməsi ilə izah edir.Maraqlıdır ki, yerli bankların şöbələrinin sayında artım müşahidə olunur. II rübdə ölkə ərazisində 163 bank şöbəsi fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 165-ə qalxıb.

3 Noyabr 2015 12:35

​Keçmiş hərbi baza TAP-a verilir

TAP-ın Yunanıstandan keçən hissəsinin tikintisi 2016-cı ilin əvvəlinə planlaşdırılır Yunanıstanın Səlanik vilayətinin şimal-qərbində yerləşən Menemeni ərazindəki keçmiş hərbi baza Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üçün logistika mərkəzi kimi istifadə olunacaq. Faktinfo xəbər verir ki, bu barədə yunan mediası məlumat yayıb.Məlumata görə, "Qonos" (Gonos) adlanan hərbi baza Səlanik dəniz limanı ilə birbaşa dəmiryolu xətti ilə bağlıdır. Ümumi 60 hektar ərazisi olan hərbi bazanın yalnız 10 hektarlıq hissəsi logistika mərkəzi kimi istifadə ediləcək, digər 50 hektarlıq ərazinin Səlanik limanına veriləcəyi gözlənilir.Logistika mərkəzi kimi istfadə üçün TAP-a verilməsi gözlənilən digər hərbi baza Kakiousis ərazisində yerləşir, amma Menemenidəki baza dəmiryolu və Səlanik dəniz limanı ilə əlaqəsinə görə daha üstün hesab edilir. "Qonos"un TAP-a verilmədən öncə təmizlənməsinə ehtiyac var. Çünki, keçmişdə bu bazadan hərbi texnika və silah-sursat saxlanılması üçün istifadə edilib.İlkin mərhələdə bazanın 20 hektar hissəsindən bütün hərbi avadanlıqların çıxarılması və təmizlik işlərinin aparılması nəzərdə tutulub ki, onun da 10 hekarı TAP-a veriləcək. 2016-cı ildə bazanın tamamilə boşaldılması planlaşdırılır. Qeyd edək ki, TAP-ın Yunanıstandan keçən hissəsinin tikintisi 2016-cı ilin əvvəlinə planlaşdırılır.

3 Noyabr 2015 11:33

Azərbaycanda icbari avtomobil sığortası bazarı zəifləyib

Aylıq nisbətdə bazarın həcmi 11% azalıb Cari ilin oktyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 80 880 müqavilə qeydiyyata alınıb.Faktinfo-nun Büroya istinadən verdiyi xəbərə görə, bunun 12 808-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 6,6 mln. manat təşkil edib. Əvvəlki ilin oktyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 12%, sığorta haqlarının məbləğində isə 11% azalma müşahidə olunub.Bu ilin yanvar-oktyabr ayları ərzində isə İSB-nin informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 826 744 müqavilə qeydiyyata alınıb. Bunun 145 726-nı xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının ümumi məbləği isə 65 mln. manat olub.Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 6%, sığorta haqlarının məbləğində isə 10% artım müşahidə edilib.

2 Noyabr 2015 10:29

​Neftin qiyməti 50 dollar/barel həddini keçə bilmir

Tezliklə WTI markalı neftin qiyməti Brenti üstələyəcək ABŞ-dan gələn müsbət xəbərlərə baxmayaraq, dünya bazarında neftin qiyməti 50 dollar/barel həddini aşa bilmir. Faktinfo xəbər verir ki, həftə ərzində ABŞ Energetika Nazirliyi ölkənin neft ehtiyatlarındakı dəyişikliklərı və neft-qaz sektorunda servis şirkəti olan "Baker Hughes"un istismar etdiyi neft quyularının sayını açıqlayıb. Məlumatlara əsasən, benzin ehtiyatları həftə ərzində 1,1 mln. barel və ya 0,5% azalaraq 218,6 mln. barelə enib. Neft hasilatı isə ötən həftə ərzində gündəlik 16 min barel və ya 0,17% azalaraq 9,112 mln. barelə düşüb. "Baker Hughes" şirkətinin məlumatlarına əsasən, ABŞ-da keçən həftə ərzində işlək neft quyularının sayı 16 ədəd və ya 2,7% azalaraq 578-ə enib. Qeyd edək ki, işlək neft quyularının sayı bir il əvvəl, yəni 2014-cü ilin sonunda 2 000-ə yaxın olub. Buna baxmayaraq, ABŞ-da neft hasilatında il ərzində önəmli azalma qeydə alınmayıb. Buna dünya iqtisadiyyatının, xüsusilə də Çindəki makroiqtisadi problemləri də əlavə olunmağa başlayınca neftin qiyməti kəskin azalıb və hazırda 50 dollar/bareldən aşağı satılır.Neftin qiymətinin yüksəlməsinə yuxarıdakı iki xəbər də kömək edə bilməyib. Norveçin "Rystad Energy" biznes-konsaltinq şirkəti ABŞ-da gündəlik neft hasilatının 9 mln. bareldən aşağı düşməsini gözləmir. O, həmçinin qeyd edib ki, ABŞ dünyada yeganə neft hasilatçısı deyil. "Bloomberg" agetliyinə istinadən verilən məlumatda deyilib ki, OPEC ölkələri oktyabrda hasilatı artırıblar. Səudiyyə Ərəbistanı gündəlik hasilatı 80 min barel artıraraq 10,38 mln. barelə, Liviya isə 80 min barel artıraraq 430 min barelə yüksəldib. 2016-cı ilin ilk rübünə qədər neftin qiymətində ABŞ-ın WTI markalı neftinin "Brent" markalı nefti üstələməsi gözlənilir. ABŞ-da hasilat azaldıqca WTI markalı neftin qiyməti artacaq, "Brent" istehsalçıları arasında isə hasilat İranın da sanksiyalardan sonra aktivləşməsi səbəbindən azalacaq. Ümumiyyətlə, neft qiymətlərinin 50 dollar/barel həddini uzunmüddətli keçməsi proqnozlaşdırılmır.

31 Oktyabr 2015 5:28

Fakt

Bizi izləyin