Aqrar sektorda ixtisaslaşma dövrü başlanılır

Çingiz Fərəcov: «İxtisaslaşmanın məhsul istehsalının artımında mühüm əhəmiyyəti var» Aqrar sahədə indi xüsusi diqqət mərkəzində olan məsələlərdən biri də rayonların kənd təsərüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmamasıdır. Mütəxəssislər hesab edir ki, regionların məhsul istehsalı üzrə ixtisaslaşması ilə ciddi nəticələr əldə edilə bilər. Elə bunu əsas götürən Kənd Təsərüfatı Nazirliyi artıq hərəkətə keçib. Müvafiq proqrama əsasən, bundan sonra kənd təsərrüfatı siyasəti regionlar üzrə ixtisaslaşma aparmaqla həyata keçiriləcək. Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov qeyd etdi ki, ixtisaslaşmanın məhsul istehsalının artımında mühüm əhəmiyyəti vardır: "Azərbaycanda kənd təsərrüfatının ixtisaslaşması prosesi keçən əsrin 70-80-cı illərində başlanılıb və başa çatdırılıb. Bu ixtisaslaşmanın mahiyyəti nədən ibarət idi? Aran rayonunun suvarılan torpaqlarında pambıqçılıq təsərrüfatı yerləşirdi. Dağ və dağətəyi bölgələrdə əsasən üzümçülük inkişaf etdirilirdi. Cənub və şimal zonasında isə tərəvəzçiliyə geniş yer verilmişdi. Bundan başqa, şimal zonası rayonlarında, xüsusilə Xaçmaz, Qusar və Qubada meyvəçiliyin inkişafına da böyük önəm verilirdi. Bu sahə üzrə orada qədim, zəngin ənənə var idi. Hazırda söhbət ondan gedir ki, kənd təsərrüfatı sahələri intensiv inkişaf etdirilsin. Bu da tamamilə başqa məsələdir. Taxılçılıqla bağlı olaraq hazırda Ağcəbədi və Beyləqan rayonlarında 5 min hektar sahədə taxıl əkilir. Orada hər hektardan 50 sentner buğda götürülür. Yəni, bu təcrübədən ölkənin başqa rayonlarında da geniş istifadə edilməlidir. Mil-Muğan zonasında, Şirvanda yaxşı melorativ tədbirlər görülməli, mütərəqqi texnologiyalar tətbiq oluynmalı, yüksək məhsul verən buğda sortları əkilməli və taxılın məhsuldarlığı artırılmalıdır. Bundan başqa, 1963-1964-cü ildən başlayaraq cənub zonasında, Astara, Masallı, Lənkəranda tərəvəzçilik inkişaf etdirilirdi. Bu zona həmin məhsul istehsalı üzrə ixtisaslaşmışdı. Burada məqsəd o idi ki, həmin zonada əhali çox olduğundan, onların məşğulluğu təmin olunsun. Ona görə də həmin zonada tərəvəzçiliyin inkişafına xüsusi diqqət verilmişdi. Eyni zamanda, burada istehsal olunan tərəvəz Ukrayna, Pribaltika, Belarus və Rusiyaya göndərilirdi. Bu gün isə həmin zonada demək olar ki, tərəvəz yetişdirilmir. Cənub zonasında kooperativlər yaratmaqla tərəvəz istehsalını artırmaq hesabına insanların işlə təmin olunmasını təmin etmək mümkündür. Ölkəmizdə pambıq istehsalı ildən-ilə azalır. Bu işə diqqət yetirilmir. Ağcəbədi rayonunun Qaravəlli kəndi vaxtilə böyük pambıqçılıq təsərrüfatı idi. İndi isə buradakı insanların əksəriyyəti Rusiyadadır. Burada pambıq əkilsə, insanlar da öz torpağında qalıb, işləyər. Ölkədə hamı hansı bölgədə nə əkilməli və becərilməli olduğunu onsuz da gözəl bilir. Bu, illərin sınağından keçən bir metoddur. Sadəcə, sahəyə diqqət yetirilməlidir. Vaxtilə respublikada 2,1 milyon ton üzüm istehsal olunurdu. İndi isə bu rəqəmə çatmağa hələ çox var. Onun inkişafı üçün kifayət qədər vəsait ayrılmalı və insanların diqqəti ona yönəldilməlidir. Ölkənin kənd təsərrüfatı artıq ixtisaslaşıb. Hamı bilir ki, hansı təsərrüfatda, hansı bölgədə hansı bitki daha çox məhsul verir. Heyvandarlıq sahəsi də ixtisaslaşıb. Bakı və Bakı ətrafı rayonlarda südçülük, dağ və dağ ətəyi zonada isə ətlik və südlük maldarlıq yerləşdirilib. Qoyunçuluq da əsasən dağ və dağ ətəyi zonalarda inkişaf etdirilib. Bu ənənə davam etdirilməlidir”. (movqe.az)

9 İyun 2015 1:11

Bakı Metropoliteni sabah yeni qatarları tam istifadəyə verəcək

Bu qatarlar bütün istiqamətlərdə işləyəcək Bakıya gətirilən yeni metro qatarları sabahdan etibarən xəttə tam istismara buraxılacaq. Hazırda xəttə məhdudiyyətlərlə istismar olunan qatarlar sınaq yürüşündədir. Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. "Sınaq əvvəllər sənişinsiz həyata keçirilirdi. Uğurlu sınaqlardan sonra artıq keçən həftədən sərnişinlərlə birgə sınaqdan keçirilir. Sınaq müddətində gün ərzində bir neçə saat işləyən qatarlar sınaq başa çatan kimi tam gücü ilə işləyəcək. Bunun sabah reallaşması gözlənilir", - o qeyd edib. N.Paşayev bildirib ki, bu qatarlar bütün istiqamətlərdə işləyəcək. Onun sözlərinə görə, yeni qatarların tam istifadəyə verilməsi ilə köhnə qatarların xətdən çıxarılması nəzərdə tutulmur: "Qatar parkında istifadəyə yararsız qatar, ümumiyyətlə. yoxdur". Qeyd edək ki, Fransanın “Alstom” şirkət ilə Bakı Metropoliteni arasında bağlanan müqaviləyə əsasən, 5 vaqondan ibarət üç qatar heyəti alınıb. Alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kVt idisə, indi bu rəqəm 170 kVt təşkil edir. Köhnə vaqonların çəkisinə gəlincə, əvvəllər bu göstərici baş vaqon üçün 38, aralıq vaqon üçün 36 ton təşkil edirdi. İndi isə yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34, aralıq vaqonun çəkisi 29 tondur. Bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid var. Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub. Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 sərnişin olub.

8 İyun 2015 4:28

​Daha bir ərazidə “Oyunlar zolağı”nın yeri dəyişdirilib

Digər istiqamətdə isə yolun hərəkət hissəsinin ensiz olması nəzərə alınaraq “Oyunlar zolağı” ləğv edilib Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə daha bir ərazidə I Avropa Oyunları zamanı müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində çəkilmiş “Oyunlar zolağı”nın yeri dəyişdirilib. Dəyişiklik yalnız Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsində yerləşən dairədən Avdulvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünədək olan hissəsində həyata keçirilib. Sözügedən ərazidə “Oyunlar zolağı” yolun hərəkət hissəsinin solundan sağına keçirilib. Qeyd edək ki, bundan öncə analoji addım Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun Beynəlxalq Avtovağzal ərazisindən çıxan hissəsi ilə kəsişməsindən “20 Yanvar” tunelindən keçməklə “20 Yanvar” dairəsi istiqamətində olan yolda atılıb. Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə daha bir dəyişiklik Tbilisi prospektinin Avdulvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən yol ötürücüsündən “20 Yanvar” dairəsinə daxil olan yan yola qədər olan hissəsində həyata keçirilib. Sözügedən istiqamətdə yolun hərəkət hissəsinin ensiz olması nəzərə alınaraq “Oyunlar zolağı” ləğv edilib.  

6 İyun 2015 11:07

Azərbaycanın 2 mlrd. ton neft kondensatı ehtiyatı var

  Xoşbəxt Yusifzadə: "Azərbaycanın qaz ehtiyatı 6 trln. kubmetrdir Hazırda Azərbaycanın 2 mlrd. ton həcmində neft kondensatı ehtiyatı mövcuddur. "Report" xəbər verir ki, bunu bu gün Bakıda işini davam etdirən Xəzər neft-qaz beynəlxalq konfransında çıxış edən Azərbaycan dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. SOCAR rəsmisinin sözlərinə görə, bütün yataqların ehtiyatını hesabladıqda, neft ehtiyatının çox olduğunu görmək mümkündür: "Babək", "Naxçıvan", "Zəfər-Məşəl", "Araz-Alov-Şərq", "Asiman-Şəfəq" strukturlarının ehtiyatlarını hesabladıqda məlum olur ki, Azərbaycanın 6 trln. kubmetr qaz və 4 mlrd. ton neft kondenstı var". X.Yusifzadə deyib ki, Azərbaycanda neftvermə əmsalının artırılmasının üç əsas yolu var: "Bunlardan birincisi, quruda olan yataqların yenidən işlənməsidir. Proqnozlara inansaq, quruda olan ehtiyatının təxminən 50%-ni heç hasil etməmişik. İkinci yol Mezozoy çöküntüləri ilə bağlıdır. Belə ki, bu çöküntülərdə işləməklə uğur əldə etmək olar. Hələ SSRİ dövründə müəyyən tədqiqatlar aparılıb. Biz "Total", "Statoi̇l" kimi şirkətlərlə bu sahədə əməkdaşlıq edirik. Nəhayət, sonuncu üsul neft hasilatında nanotexnologiyalardan istifadə etməkdir. Artıq bununla bağlı müəyyən işlər görmüşük. Bu proseslərə təsir edən bir amil də Elm Fondunun yaradılması olub".

4 İyun 2015 10:06

Dünya neft bazarı OPEC-in cümə toplantısını gözləyir

Saxo Bank": Vyana toplantısında əsas diqqət hasilat səviyyəsinə yönəldiləcək İyunun 5-də Vyanada (Avstriya) OPEC ölkələrinin ötən ilin noyabr ayından sonra ilk toplantısı keçiriləcək. Məhz noyabr görüşündə hasilat həcminin dəyişilməz qalması ilə bağlı qərarın qəbul olunması dünya neft bazarındakı qiymətləri bir gün ərzində 10% aşağı salıb. Həmin konfransda qiymətlərin stabilləşdirilməsi əvəzinə "təchiz et və idarə et" strategiyası ilə təşkilatın bazar payının qorunmasına üstünlük verməsi bazar iştirakçıları üçün gözlənilməz olub. Qərarın nəticəsi olaraq "Brent" markalı neft 77,75 ABŞ dolları/barel qiymətindən enməyə başlayıb və artıq 2015-ci ilin yanvarında 45,20 dollar/barel səviyyəsində qərarlaşıb. Həmin vaxtdan etibarən qlobal tələbdə artım, ABŞ-da enerji məhsullarına tələbin mövsümi yüksəlməsi, Çinin ucuz qiymətlərdən faydalanaraq ehtiyatlarını artırılması strategiyasına başlaması "Brent" və WTI markalı neftin qiymətinin müvafiq olaraq hazırkı 65 dollar/barel və 60 dollar/barelədək yüksəlməsinə şərait yaradıb. Bunu  "Saxo Bank"ın əmtəə strategiyaları bölməsinin rəhbəri Ole Hansen bildirib. Onun fikrincə, 2014-cü ilin noyabr ayından etibarən Səudiyyə Ərəbistanı və İraqın gündəlik hasilatın toplam 1,1 mln. barel artırması OPEC ölkələrinə bazar payını qoruyub saxlamağa imkan verib. OPEC-in son iclasından sonra ABŞ-da fəaliyyətdə olan neft buruqlarının sayı 60%-dək azaldılıb ki, bunun nəticəsində hasilatda yavaşlama müşahidə olunmağa başlayıb (xüsusilə, son həftələrdə) və gələcək aylarda da eyni tendensiyanın davam edəcəyi gözlənilir. "Lakin hazırkı durumda OPEC-in "qələbəyə" sevinməsi hələ tezdir. Belə ki, ABŞ-da yavaşlamanın davamlılığı bilavasitə qiymətlərdən asılıdır. Fyuçerslər bazarında neft hasilatçıları tərəfindən mövcud qiymətlərdə hecləşdirmə əməliyyatlarının artması gələcək aylarda canlanmanın ilkin əlamətləri də ola bilər. Eyni zamanda, bir sıra istehsalçılar bəyan ediblər ki, WTI markalı neftin qiymətinin 65 dollar/barel göstəricisinə qayıdacağı halda hasilat həcmində əhəmiyyətli artım olacaq", - deyə O.Hansen qeyd edib. Bank rəsmisi əlavə edib ki, son zamanlar Səudiyyə Ərəbistanı və İraqın hasilatında müşahidə olunan artım hasilat həcminin müəyyən edilmiş gündəlik 30 mln. barel göstəricisini üstələməsinə səbəb olur. OPEC-in əsas diqqəti qiymətlərə deyil, bazar payına yönəltməsini nəzərə alaraq keçiriləcək toplantıda hədəf olaraq müəyyən ediləcək hasilat səviyyəsinin cari göstəriciyə uyğunlaşdırılması məsələsi xüsusi əhəmiyyət kəsb edir. Səudiyyə Ərəbistanı və İraqın bu cür qərarın lehinə olacağı gözlənilir. Çünki bu, hər iki ölkənin hasilat həcmini artırmasını bir növ hüquqi yolla əsaslandırmağa yardımçı olacaq. Tələbin davamlı artımı barədə olan gözləntilər doğrulacağı halda, bazarın və bazar iştirakçılarının OPEC-in bu cür qərarına reaksiyası hiss olunmayacaq. Əks halda (tələbin artacağı ehtimalları reallaşmasa) və tələbin pik həddə olduğu yay aylarının ardınca ABŞ ehtiyatlarında növbəti intensiv artım müşahidə olunarsa, bazarın zəifləmiş vəziyyətində neft karteli kimin hasilatda dəyişiklik etməsi ilə bağlı çətinliklə üzləşəcək.

3 İyun 2015 4:22

Mərkəzi Bank valyutaya nəzərətdən imtina etdi

Analitiklər güman edirlər ki, yaxın aylarda rus valyutası dollara nisbətdə 57-58 rubla çatacaq Rusiya Mərkəzi Bank valyuta hərraclarının keçirilməsindən imtina edir. Bu qərar Rusiya valyutasının həddən artıq möhkəmlənməsi ilə bağlıdır. Analitiklər güman edirlər ki, yaxın aylarda rus valyutası dollara nisbətdə 57-58 rubla çatacaq. Rusiyanın Mərkəzi Bankı azı bir illik valyuta reposu hərraclarının keçirilməsini dayandırdığını açıqlaması artıq birjalarada öz təsirini göstərib. RF baş bankı valyuta hərraclarının ləğvini valyuta bazarındakı şəraitin dəyişikliyi ilə izah edir. Mərkəzi Bank valyuta likvidliyini təmin etmək üçün oktyabrdan başlayaraq repo əməliyyatlarını gücləndirmişdi. Bu mexanizmin köməyi ilə dekabrda Rusiya bankları 26 milyard dollarlıq kredit almışdı. Bundan başqa, Mərkəzi Bankın hərracları nəticəsində 2014-cü ilin dekabrında rubl qarşısında dolların rekord bahalaşmasının qarşısını almaq mümkün oldu. İndi tənzimçi qurum Rusiya valyutasını zəiflədərək birbaşa əks əməliyyatları yerinə yetirir. Apreldə rublun çox sürətli möhkəmlədilməsi nəticəsində Mərkəzi Bankın dollar borcları iki dəfəyə yaxın artıb. Məhz bu səbəbdən illik valyuta reposu hərraclarının dayandırması qərarı verilib. Mütəxəssislər isə qərarı məntiqli addım olaraq qiymətləndirirlər. Qeyd edək ki, REPO dedikdə mərkəzi bank tərəfindən qiymətli kağızların kommersiya banklarına satılması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlardan geri alınması əməliyyatı nəzərdə tutulur. Bu əməliyyat dövriyyədə olan pul kütləsinin həcminin qısamüddətli dövrdə azaldılması məqsədilə həyata keçirilir. Tərs-Repo isə mərkəzi bank tərəfindən qiymətli kağızların kommersiya banklarından alınması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlara geri satılmasını nəzərdə tutan əməliyyatdır. Əks-REPO-nun tətbiq olunmasında məqsəd dövriyyədə olan pul kütləsinin qısamüddətli dövrdə artırılmasıdır.

2 İyun 2015 5:01

Fakt

Bizi izləyin