Ziya Bünyadovun aşkar etdiyi qədim mənbədə milli mənşəyimiz haqqında nə deyilir?

115370

Dilimiz və mənşəyimiz haqqındakı mübahisələrə bu günə qədər nöqtə qoyulmayıb. Milliyyətcə biz kimik - türk, yoxsa azərbaycanlı? Dilimiz türk dilidir, yoxsa Azərbaycan dili? Bu iki mövqe, iki fikir tərzi, iki dünya baxışı arasındakı  barışmaz ziddiyyətlər artıq söz və mübahisə səviyyəsindən çıxıb iki ideoloji cəbhə  təşkil etməkdədir. Bu məsələlərə aydınlıq gətirmək üçün ən müxtəlif sahələrə  qədər baş vurulur. Antropoloji, etnoqrafik, tarixi və linqvistik araşdırmalar  aparılır, arqumentlər əsaslandırılır, lakin yenə də kütləvi-ideoloji təbliğat  əhatəsində ciddi bir nəticə əldə edilmir. Mənşəyəmizin və  dilimizin türk adlanması təkzibedilməz örnəklərlə bu mətnlərdə təsdiq  olunur. Əsrləri dolaşdıqca “azərbaycanlı” adına rast gəlmək mümkün olmadığı halda, türk  adına rast gəlmək adi hala çevrilib. Bəlkə elə məsələnin həlli də buradadır? Bizim  bir millət kimi var olmağımızı istəməyənlər və yanlışlıqla onlara dəstək verənlər  bəlkə elə türk adından buna görə imtina edirlər. Axı “azərbaycanlı” adı mətnlərdə  tapılmadıqca bizim də bir millət olaraq tariximizin olmaması, son illərdə  formalaşan bir toplum kimi meydana gəldiyimiz əsaslandırıla bilər. Türk dili ilə  qədim dövlətçilik ənənəsi olan mədəni-ictimai və siyasi bir toplum üzə  çıxırsa, azərbaycanlı adı ilə tarixi çox da uzağa getməyən müəyyən məhdud əhali anlaşıla  bilər. Təbiidir ki, bu bizə yox, bizi sevməyənlərə lazımdır. Görkəmli şərqşünas alim Z.Bünyadov  “Azərbaycan VII-IX əsrlərdə” adlı fundamental tarixi əsərində tariximizi  müasirləşdirmək  cəhdinin fitnəkar məqsədlərdən törədiyini bildiyi üçün bunun  qarşısını almağa  çalışmışdır: “Azərbaycan əhalisinin türkləşməsi məsələsi illər  boyu davam etmiş, bu prosesin başlanğıcının aydınlaşdırılması çox mürəkkəbdir  və bu məsələ indiyidək həll edilməmişdir. Bəzi tədqiqaçıların etdiyi  kimi, türkləşmənin XI-XII əsrlərdə baş verdiyini qəbul etmək səhv olardı. Türkləri  Azərbaycan ərazisinə kənardan gəlmiş bir ünsür hesab etmək də səhvdir, çünki  onda yerli, böyük və çox yığcam türk tayfa təşəkküllərinin varlığına göz  yumulur” Müəllif fikirlərinin doğruluğunu əsaslandırmaq üçün VII əsrdə bu mülahizəni təsdiq edən məxəzi diqqətə çatdırır: “Əməvi xəlifəsi Müaviyə bir dəfə qədim tarixə  bələd olan Yəmənli Abid ibn Şariyəyə belə sual verir: “Türklər və Azərbaycan nə  deməkdir?” Abid cavab verir: “Azərbaycan-qədimdən  türklərin  yaşadığı  ölkədir”. Qeyd edək ki, görkəmli alim bu fikirləri və digər mülahizələri ciddi tarixi qaynaqlarla əsaslandırır.  ATİF İSLAMZADƏ, Filologiya üzrə fəlsəfə doktoru

8 Fevral 2017 2:07

Fakt

Bizi izləyin