Dünyanın ən böyük yelkənli yaxtası azərbaycanlı oliqarxın limanına yan aldı FOTO

Türkiyənin ilk meqa yaxta layihəsi olan “Palmarina Bodrum” istifadəyə veriləndən bəri dünyanın ən müxtəlif qitə və ölkələrindən gələn nəhəng yaxtalar burada lövbər salıb. Lakin “Palmarina Bodrum” bu dəfə başqa bir özəlliyi ilə diqqət mərkəzinə düşüb. Bu dəfə dünyanın ən böyük özəl yelkənli yaxtası - “Maltese Falcon” yaxtası “Palmarina Bodrum”a gəlib. Dünyanın 100 ən böyük və lüks yaxtası siyahısında yer alan və Malta bayrağı altında üzən 88 metrlik “Maltese Falcon” (“Malta şahini”) İtaliya şirkəti tərəfindən inşa edilib. Bu lüks meqa-yaxta 12 nəfərlikdir, daha 18 nəfərlik də xidmət personalı var. 2006-cı ildə suya endirilən yaxtanın ilk sahibi amerikalı milyarder Tom Perkins olub. T.Perkins onu 2009-cu ildə 60 milyon funt-sterlinqə yunan əsilli britaniyalı sərmayədar, “İKOS Ltd.” şirkətinin sahibi Elena Ambrosiaduya satıb. İrili-xırdalı 620 yaxtanı qəbul etmək gücündə olan “Palmarina Bodrum” limanına gəlincə isə bu buxta dənizçiliyin ən son tələb və standartlarına uyğun yüksək xidməti ilə seçilir. Türkiyədə yaşayan azərbaycanlı milyonçu Mübariz Mənsimovun “Palmali Group” şirkətinə məxsus liman beynəlxalq statusa və Türkiyənin dənizçilik və turizm sektorunda xüsusi paya malikdir. Bu liman azərbaycanlı iş adamı tərəfindən 2011-ci ilin mayında satın alınaraq yenidən qurulub. İl boyu elit xidmətlər göstərməsi ilə seçilən “Palmarina Bodrum” dünyanın ən təhlükəsiz yaxta limanlarından biri hesab olunur. (Virtualaz.org)

2 Avqust 2015 5:14

Azərbaycanda operatorlardan “WhatsApp”a məhdudiyyət – VİDEO

"Report" bu problemin həlli yolunu müəyyənləşdirib Son günlər Azərbaycanda mobil rabitə operatorlarının abunəçiləri arasında “WhatsApp” proqramından istifadədə problemləri yaşanır. “Report” xəbər verir ki, problem mobil internet üzərindən “WhatsApp”dan istifadə edən “Azercell Telecom” və “Azerfon” ("Nar") müştərilərində müşahidə olunur. Belə ki, son bir neçə gündə, sözügedən operatorların istifadəçiləri mobil internet vasitəsilə “WhatsApp” üzərindən zəng xidmətindən istifadə edə bilmirlər. Məsələ ilə bağlı hər iki mobil operatorun mətbuat xidməti ilə əlaqə yaratdıq və problemin səbəbini öyrənməyə çalışdıq. "Azercell" tərəfindən "WhatsApp" əlavəsinin istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb və bununla bağlı şəbəkəmizdə heç bir problem qeydə alınmayıb. Şirkətimiz bu proqramdan istifadə üçün yalnız mobil internet şəbəkəsini təmin edir və bu əlavədən istifadə zamanı baş verən nasazlıqlar üçün heç bir məsuliyyət daşımır", - deyə “Azercell”in mətbuat xidmətindən bildirilib. “Nar”dan da heç bir zəng məhdudiyyətinin tətbiq olunmadığı qeyd olunub: "Problemin kökü konkret telefonun əməliyyat sisteminin yenilənməməsi ilə bağlı ola bilər". "Report" məsələ ilə bağlı müstəqil İT ekspertinə müraciət edib və o, "WhatsApp" proqramının müxtəlif funksiyalarının mobil operatorlar tərəfindən süni şəkildə məhdudlaşdırılmasını texniki cəhətdən mümkün sayır. "WhatsApp" üzərindən aparılan zənglərindəki məhdudlaşdırma "WhatsApp Call" funksiyası ilə bağlantıya cavabdeh olan portların operatorlar tərəfindən bloklaşdırılması ilə bağlıdır. Lakin proqramın digər funksiyaları problemsiz işləyir", - deyə ekspert vurğulayb. Bununla yanaşı, İT mütəxəssisi mobil abunəçilərə bu problemin ən optimal həll variantını da məsləhət görüb: "Operatorların qanunsuz yaratdığı bu məhdudiyyəti VPN proqramlardan ("Hotspot Shield VPN" və s.) istifadə etməklə aşmaq mümkündür. Bu qrup proqramlardan istifadə mobil operatorun müxtəlif portları bağlamasını mümkünsüz edir". Qeyd edək ki, “WhatsApp” üzərindən zəng edən tərəflərdən biri bu iki mobil operatordan hər hansı biridirsə, onda əlavənin zəng xidmətindən istifadə etmək mümkün deyil. Lakin "Bakcell"in abunəçiləri arasında bu problem yaşanmır.

1 İyul 2015 5:26

Türk həkimin xərçəngin müalicəsində inqilabı (FOTO)

  Bu sınaqlar sayəsində xərçəng xəstələri lazımsız dərmanlardan istifadə etməyəcək. Türkiyəli həkim professor Tan İnce xərçəng xəstəliyinin müalicəsində bir yeniliyə imza atıb. ANS PRESS-in məlumatına görə, 52 yaşlı türkiyəli mütəxəssis bədəndə olan bədxassəli şişin hüceyrələrini laboratoriya şəraitində böyütməyə nail olub. O, araşdırmalarının birində yeni müalicə üsulunu belə təsvir edib: "Bizim məqsədimiz xəstələrdən xərçəng hüceyrələrinin götürülərək laboratoriyada böyüdülməsi və həmin hüceyrələrə uyğun dərmanların tapılmasıdır". Tan İnce son 15 ildir hüceyrələrin laboratoriyada böyüdülməsi üzərində işlədiyini deyib. "Mən və komandam 25 xəstədən aldığımız yumurtalıqdakı şiş hüceyrələrini laboratoriyada böyüdə bildik. Həmin hüceyrələri amin turşusu, müxtəlif yağlar vitaminlər və başqa maddələrdən hazırlanan xüsusi maye sayəsində böyütmüşük. Maye ümumilikdə 90 müxtəlif maddənin qarışığından hazırlanıb", - deyən həkim böyüdüləndən sonra həmin hüceyrələr üzərində sınaqlar aparılacağını bildirib. "Böyüdülən hüceyrələrə müxtəlif dərmanlar veriləcək və onlardan hansının təsirli olacağı müəyyən ediləcək". Tan İnce artıq maraqlı nəticələrin əldə edildiyini də deyib. "Heç ağla gəlməyən dərmanlar bəzi şişlərə təsir edir. Ağır vəziyyətdə olan sidik kisəsi xərçəngindən götürdüyümüz nümunədə 200-ə yaxın dərman sınadıq. Bunların hamısı xərçəng müalicəsində istifadə edilirdi. Lakin onlardan cəmi 4-5-i təsirli oldu. Həmin dərmanlardan biri qan xərçəngində istifadə edilirdi və sidik kisəsi xərçəngi müalicəsində heç ağıla da gəlməzdi", - deyən İnce bildirib ki, bu sınaqlar sayəsində xərçəng xəstələri lazımsız dərmanlardan istifadə etməyəcək və onların mənfi təsirlərinə məruz qalmayacaqlar.

28 İyun 2015 12:44

Saakaşvili evini satır

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Kiyevdəki evi satır. Sabiq prezidentin Odessaya köçməsindən sonra boş qalan evi 1,2 milyon dollara satışa çıxarılacaq. Gürcü siyasətçi Mixail Saakaşvili Kiyevdəki evində Odessa qubernatoru olana qədər - təxminən 6 ay yaşayıb. Ukrayna mətbuatının yaydığl məlumata görə, Saakaşvili evini kirayə də verə bilər. Sabiq prezidentin evinin icarə haqqı isə elə də az deyil. Gürcü siyasətçinin evində kiraayə qalmaq üçün aya 6,5 min dollar tələb olunur. Saakaşvilin yaşadığı bu eksklüziv ev bir çox üstünlüklərinə görə digər mənzillərdən fəqlənir. Qədim evin fasadı 1917-ci ildə antik stildə heykəllərlə bəzədilib. Gürcüstanın sabiq prezidentinin evinin yuxarı mərtəbəsi orijinal təmirlə fərqlənir. Mənzilin Kiyevin mərkəzində olması və pəncərələrin bir-başa Maydana açılması isə qiymətin niyə baha olduğuna dəlalət edir. Ancaq mənzillə bağlı bir mənfi amil var. Saakaşvilinin evi yuxarı mərtəbə olduğu üçün damdan təhlükə yarana bilər. Evin içərisində üç sanitar qovşağı və terrasa çıxış var. Mənzilin tavanın hündürlüyü isə təxminən 5 metrdir. M.Saakaşvili 2003-cü ilin oktyabrında Gürcüstanda baş vermiş qızılgül inqilabının əsas ideya müəllifi olub. 15 yanvar 2004-cü ildə prezident səçkilərinin nəticələrinə əsasən Gürcüstan respublikasının prezidenti seçilib. 5 yanvar 2008-ci ildə növbədənkənar seçkilərdə yenidən qələbə qazanıb. 2013-cü ildə Gürcüstan prezidenti vəzifəsini başa çatdıran Saakaşvili bir müddət Avropa və ABŞ-da hüquq sahəsində çalışdıqdan sonra Ukraynaya yollanıb. 2014-2015 Ukrayna siyasi mühitində mühüm rollardan birini oynayan Mixail Saakaşvili Petro Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru təyin edilib.

26 İyun 2015 3:45

“iPhone 7” smartfonunun detalları açıqlanıb

Şirkət bu modeldə ənənəvi "iPhone" dizaynını tamam dəyişib Bu ilin sentyabr ayında “Apple” şirkəti "iPhone" smartfonlarının yeni modelinin təqdimatını keçirəcək. Onun "iPhone 7” və ya “iPhone 6S” adlandırılacağı gözlənilir. “iPhone 7”də ekran, kamera, prosessor və telefonu əhatə edən metal da daxil olmaqla bir çox xüsusiyyət yenilənəcək. Şirkət həmişəki ənənəsinə uyğun olaraq təqdimatı sentyabr ayının hər hansı çərşənbə günündə gerçəkləşdirəcək. “Apple” ilk dəfə iki fərqli, 4,7 düymlük “iPhone 6” və 5,5 düymlük “iPhone 6 Plus” ekran ölçüsünü “iPhone 6” modelləri ilə istifadəçilərinə təqdim edib. “iPhone 7” modelində bu ənənə dəyişməyəcək və 4,7 düym və 5,5 düymlük ekran ölçüləri istifadəçilərə təqdim olunacaq. Şirkət ən yüngül ağıllı saat - “Apple Watch” idman saatının alüminium gövdəsini “iPhone 7” modelində də istifadə edəcək. Bu da yeni "iPhone"a həm əlavə bir yüngüllük, həm də davamlılıq gətirəcək. Bununla yanaşı telefon yerə düşsə, əyilmə təhlükəsi də böyükdür. "Apple"in son aldığı patentə əsasən, “home” düyməsi ləğv olunur. Yəni, “iPhone 7”nin ön tərəfi düz olacaq. “Home” düyməsinin yerində isə xüsusi bir sensor olacaq və düymənin funksiyasını bu sensor yerinə yetirəcək. Barmaq izi skaneri də bu bölgədə gizlənəcək. İlkin açıqlamalara görə, “iPhone 7” modelinin dizaynı daha yaxşı olacaq. Bunun səbəbi isə ümumi dizaynın tamam dəyişməsidir. “Home” düyməsinin gizlədilməsi də telefonun ölçüsünün böyüməsi ilə əlaqədardır. Məlumatlara görə, “iPhone 7” əvvəlki modeldən 0,15 mm daha uzun, 0,2 mm daha qalın olacaq, amma bu dəyişiklik çox da hiss olunmayacaq. Eyni zamanda, hazırda arxa kameranın "iPhone 6”da olduğu kimi 8 mpix saxlanılması və ya 12 mpix-ə qədər artırılması məsələsi müzakirə olunur. Bununla yanaşı, ön kameranın 5 mpix-ə qədər gücləndirilməsi mümkündür. Qeyd edək ki, “iPhone 7” ilə istifadəçilərə təqdim olunacaq yeniliklərin başında “force touch” texnologiyası var. Yəni, ekrana bir az daha güclü basmaqla istifadəçilər fərqli bir funksiyadan istifadə edə biləcəklər. Məsələn istifadəçi xəritədə bir yeri işarələmək istəyirsə, bu vəziyyətdə ekrana güclü basmaqla bu işi avtomatik yerinə yetirmiş olacaq.

24 İyun 2015 1:07

Yeni 10 dollarlıq əskinasın üstündə qadın şəkli olacaq

ABŞ Xəzinədarlıq Departamenti emal ediləcək yeni 10 dollarlıq əskinasda qadın şəkilinin yerləşdiriləcəyini bildirib. Amma o qadının kim olacağı hələ məlum deyil və ilin sonuna qədər qərarlaşdırılacaq Faktinfo   BBC-yə istinadən xəbər verir ki, yeni əskinas 2020-ci ildə qadına seçim hüququ verən konstitusiyaya 19-cu düzəlişin 100-cü ildönümündə dövriyyəyə buraxılacaq. Xəzinədarlıq seçim üçün ictimai fikirlə maraqlanacaq. Hazırkı əskinaslarda yalnız keçmiş ABŞ siyasi liderləri əks olunub. Onların hamısı ağdərilidir. Xəzinədarlıq Departamentinin seçəcəyi qadın hazırkı əskinasda əks olunmuş Amerika inqilabının əsas adamlarından biri və ABŞ Xəzinədarlığının ilk katibi olan Alexander Hamiltonu əvəzləyəcək. Hamiltonun təsviri 1929-cu ildən bəri bu əskinasda əks olunur. O Benjamin Franklinlə birgə ABŞ əskinaslarında əks olunan və prezident olmayan 2 siyasi fiqurdan biridir. Qadın təsvirləri ABŞ pullarında əvvəllər də olsa da o əskinas və sikkələr geniş istifadə olunmayıb. Son dəfə qadın hüquqları müdafiəçisi Susan Entoni və hindu əsilli Sacagavea sikkələrdə təsvir olunsa da hər iki sikkə tez zamanda dövriyyədən çıxıb. Xəzinədarlıq Departamenti yenidənqurmanın əsas məqsədini saxta pul kəsənlərə mane olmaq üçün əlavə tədbirlərin görülməsi kimi izah edir. Qadın qrupları isə əskinaslarda daha çox təmsil edilmək üçün təkid edir. Bu ilin mart ayında müstəqil qrup 20 dollarılıq əskinasda sabiq prezident Endryü Ceksonu əvəzləyəcək qadının seçilməsi üçün müsabiqə keçirmişdi. Müsabiqədə abolisionist Harriet Tubman finalçılar, sabiq birinci xanım Eleneor Ruzvelt, hüquq müdafiəçisi Roza Parks və Cherokee xalqının lideri Uilma Maniklərə səs çoxluğu ilə qalib gəlib. Tubman 1850- ci illərdə bir çox qulun azadlığa çıxmasına şərait yaradan “Yeraltı Dəmir Yolu”nun bələdçisi kimi tanınır.

18 İyun 2015 1:27

Fakt

Bizi izləyin