“Axır günlərimizi yaşayırıq, müharibə və qan görürəm…” – Ekstrasensdən qorxunc proqnoz

112285

Zirəddin Rzayev: “Bölgəmizdə qan axmaqda davam edəcək, yaxın illərdə orada sülh görünmür” Dörd-beş ildən sonra dünyadakı situasiya ciddi surətdə dəyişəcək. Hərbi münaqişələrin yeni ocaqları meydana gələcək. Faktinfo.az bildirir ki, bu qorxunc proqnozları sputnik-ə müsahibəsində, Moskvada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev açıqlayıb. Ekstrasensin müsahibəsinin tam mətnini təqdim edirik: — 27 dekabr 2016-cı ildə Böyük Britaniyanın üzərini qara buludların alacağını demişdim. Lakin bu, yanvarın 1-də yayımlandı. Mənə Britaniya kraliçası II Yekaterinanın tezliklə vəfat edəcəyini demək çətindir. Orada üç günlük matəm elan ediləcək. Mən həmçinin, iki tarixi görmüşdüm “7” və “8”. Hələ bilmirəm, bu, nə deməkdir. Mən yuxu gördüm. Səs məni xəbərdar etdi ki, bu barədə vaxtından əvvəl danışmayım. Amma mən qərara gəldim ki, bu barədə məlumat vermək lazımdır. Hər kəs bilir ki, qara buludlar yuxuda yaxşı əlamət deyil. – Bu öncəgörmədən sonra siz Britaniyanın gələcək taleyini necə görürsünüz? — Böyük Britaniyada heç nə dəyişməyəcək. Aydındır ki, kraliçadan sonra onun oğlu şahzadə Çarlz taxta çıxacaq. Yaxın vaxtlarda Britaniyanın siyasi tarixində ciddi dəyişikliklər gözlənilmir. Mən onu deyə bilərəm ki, kraliçadan sonra taxta çıxacaq monarx daha enerjili, nüfuzlu, parlaq, aktiv və sərt lider olacaq. – Donald Trampın hakimiyyəti dövründə ABŞ-da vəziyyət necə olacaq? — Trampın hakimiyyəti dövründə ciddi böhran gözlənilmir, amma ondan sonra daha pis olacaq. Tramp, əslində özünü apardığı kimi adam deyil. O, yaxşı adamdır, Rusiyanı dəstəkləyir, dünyanı sevir. Amma onu ona görə ora qoyublar ki, hakimiyyəti dövründə dünyadakı hərbi fəaliyyətlərlə bağlı yeni planları, xüsusilə də Şərqdəki problemləri yerbəyer eləsinlər. Onsuz da onların Şərqlə bağlı planları başa çatıb. İndi növbə Rusiya ilə sərhəd olan ölkələrə çatıb. Ukrayna ssenarisi Moldovada, Qazaxıstanda, Özbəkistanda təkrarlana bilər. Hazırda onlar fəal surətdə çalışırlar ki, üç-dörd ilə yeni ssenarilər hazırlasınlar. Trampın hakimiyyəti dövründə sakitçilik olacaq. Suriya, İraq, Əfqanıstan, Ukrayna kimi ölkələrlə bağlı planlar bir ildən artıq müddətdə inkişaf etdiriləcək. Amma hazırda o planlar başa çatıb. Nə isə lazımi istiqamətdə getməyib. Onlar plansız işləyə bilmirlər. Trampa gəlincə, o, eynilə Bill Klinton kimi özünü yaxşı insan kimi təqdim eləməyə çalışacaq. O, demək olar ki, publikanı əyləndirəcək. Və bütün bu vaxt ərzində birmənalı şəkildə Rusiyanın qonşu dövlətləri, o cümlədən də islam dövlətləri ilə bağlı layihələr üzərində iş aparılacaq. Onların məqsədi bu dövlətləri işğal etmək və sonra da Rusiyanı parçalamaqdır.   – Bəs Azərbaycanı yaxın zamanlarda nə gözləyir, bu barədə nə deyə bilərsiz? Xüsusilə maraqlıdır ki, ölkənin iqtisadi vəziyyəti necə olacaq? — Azərbaycanla əlaqədar mən heç bir proqnoz vermək istəmirəm. Çünki mənim adımdan çoxlu yalan məlumatlar yazırlar. Xüsusilə də bundan müxalifət istifadə edir. Ona görə də mən açıq şəkildə bəyan etmişəm — Azərbaycanla bağlı heç nə deməyəcəm ki, kimsə mənim sözlərimi öz bildiyi kimi şərh etməsin. – Qərbin Azərbaycanla bağlı planları təhlükəlidir? — Orada nə olursa olsun təhlükəlidir. Belarus prezidentinin dediyi kimi, “Əgər Rusiya parçalansa, bizim hamımız üçün pis olacaq”. Bu, məhz belədir. Rusiya dünya, eləcə də Amerika və Avropa İttifaqı ölkələrinin iqtisadiyyatında vacib rol oynayır. Rusiyada böhran başlayanda, ona qarşı sanksiyalar tətbiq olunanda, bundan Azərbaycan da ziyan çəkir, çünki çox sayda azərbaycanlı işsiz qalır. Bütün bunlar Azərbaycana təsir edir. Trampın ardından, 3-4 ildən sonra bütün dünya üçün çox pis olacaq. Yenə böhran gələcək, yenə çoxlu müharibə və qan olacaq. Artıq yeni-yeni qonşu ölkələr Suriya və Ukrayna kimi faciələrdən əziyyət çəkməyə başlayacaq. – Dünyanın ən sabit adası hara olacaq? — Ən sakit yer?   – Bəli. — Elə yer yoxdur. Əgər elə yer olsaydı, mən orada yaşayardım. Biz dünyanın sonundan əvvəlki axır günlərimizi yaşayırıq. Qiyamət günü yaxındadır və ona görə də heç yerdə dinclik yoxdur. – Siz Dağlıq Qarabağ münaqişəsi ilə bağli nə deyə bilərsiz? — Mən bir daha deyirəm ki, Azərbaycanla bağlı proqnoz vermək istəmirəm. Bircə onu deyim ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Kremldən asılıdır.   – Suriya münaqişəsinin sona çatdığını demək olar? — Suriyada qan axmaqda davam edəcək. Yaxın illərdə orada sülh görünmür.   – Siz Türkiyənin gələcəyini necə görürsünüz? Terror aktlarının sonu olacaqmı? — Kiçik dövlətlər həmişə nəhəng birliklərə daxil olur. Məsələn, Avropa İttifaqı və Sovet İttifaqı kimi. SSRİ artıq mövcud deyil. Son dövrlərdə Türkiyədə terror aktları baş verir. Son zamanlara qədər o, Qərblə yaxınlaşmağa çalışırdı, indi isə Rusiya ilə. Bəs niyə orada terror aktları baş verir? Bu, Qərbin süni surətdə təşkil etdiyi terror aktlarıdır. Qərb bu yolla demək istəyir ki, əgər Rusiya ilə yaxınlaşsanız, biz sizin ölkəni dağıdacağıq. Ona görə də Türkiyə orta mövqe tutur. Amma Türkiyəyə Rusiya ilə yaxınlaşmaq sərf edir, çünki Qərblə dostluq edən ölkələrin hamısında böhran, aclıq, mənəvi tənəzzül baş alıb gedir. Ərdoğan bunu yaxşı başa düşür və bilir ki, Türkiyə iqtisadiyyatı Rusiyadan asılıdır. Öz növbəsində Amerika da Türkiyəni heç bir şəkildə dəstəkləmir. Hazırda Türkiyədə baş verən terror aktlarının arxasında Qərb dayanır. Mən orada yaxşı heç nə görmürəm. Bu elə belə də davam edəcək. – Ərdoğan Fətullah Güləni həbs etməyə nail ola biləcək? — Ərdoğan Güləni həbs edə bilməyəcək. O, öz əcəli ilə öləcək. O, ya infarkt, ya da insult keçirəcək. Bu, ani ölüm olacaq. Mən onun damarlarında problem görürəm. – Yaxın illərdə yeni aparıcı siyasi fiqur ortaya çıxacaqmı? — Dörd-beş il ərzində yox. Bizim hazırda gördüyümüz şəxsiyyətlər öz reytinqlərini qoruyacaqlar. Vladimir Putin və digərləri kimi ciddi siyasətçilər hələlik meydana çıxmayacaq.

14 Yanvar 2017 11:05

Nəzakət Teymurova: “İki il əvvəl teatrdan çıxmalı idim” –MÜSAHİBƏ

nezaket-teymurova

Xalq artisti Nəzakət Teymurovanın uzun illər işlədiyi teartdan getməsi ilə bağlı sualları cavablandırıb. Faktinfo.az APA-ya istinadən həmin müsahibəni oxuculara təqdim edir: – Nəzakət xanım, Opera və Balet Teatrının səhnəsindən niyə getdiniz? İstərdim, əsl səbəbini deyəsiniz… – Bunu özüm istəmişəm. Ərizə yazdım, işdən çıxdım. Mən özümə hörmət edən adamam. Həmişə deyirdim ki, müəyyən yaşa gələndən sonra çıxıb gedəcəyəm. Ona görə də, ərizəmi yazmışam. – Hər halda, səbəb olmasa, heç kim öz istəyi ilə 20 il çalışdığı teatrdan getməz… – Mən teatrda təkcə Leyli rolunda çıxış etmirdim. İrili-xırdalı yeddi rol oynamışam. “Leyli və Məcnun”da Leyli hər zaman mənim üzərimə düşüb. Həvəsdir, bəsdir. – İrili-xırdalı yeddi obrazın aqibəti necə olacaq? – Bu haqda Opera və Balet Teatrının rəhbərliyi danışa bilər. Zəhmət olmasa, onlarla əlaqə saxlayın, necə olacağını, kimlərin çıxış edəcəyini onlar desinlər. Mən özümə cavabdehəm. – Siz məcbur olub getmisiniz? – Mənim tələbələrim də orda çalışır. Artıq üç aydır Opera və Balet Teatrından çıxmışam. Məcburiyyətdən, yaxud başqa səbəbdən, bu barədə heç nə demək istəmirəm. Opera işi mənim yaradıcılığımın bir qoludur. Səsim, ifa tərzim üstümdədir. İllərlə çıxış etmişəm, indi isə teatrdan getmişəm. – Hazırda teatrda münasibətlər, mühit necədir? – Məncə, bu suala teatrın direktoru cavab verə bilər. Teatrda son tamaşamı may ayında oynamışam. Ona görə deyə bilmərəm ki, hər hansı gərginlik var, ya yox. – Teatrdan getməyinizə görə sonra peşman olmayacaqsınız? – Niyə peşman olum? Lentlərim var, müəyyən yaş var. Peşman o vaxt olardım ki, məni işdən xaric edərdilər. Özüm ərizə yazmasaydım, pis təsir edərdi ki, kimsə məni  işdən çıxardı. Özüm istəmişəmsə, niyə peşman olum? Teatra da özüm gəlmişəm. Vaxtilə müsabiqə yolu ilə qəbul olmuşam. Özüm gəlmişəm, özüm də gedirəm. Tamaşaçılara da hər zaman hörmətlə yanaşmışıq. Ona görə də neçə ildir tamaşaçılar bizi seviblər. Mən də çalışmışam, operamızı təmsil edim. O vaxt Asəf Zeynallı adına kollecdə olanda nazirlikdən məsləhət bilmişdilər, təyinatını teatra verin. Dördüncü kursda oxuyanda nazirliyin nümayəndələri, müəllimlərimiz məsləhət görmüşdülər ki, sənin səsin opera səsidir. Müsabiqə yolu getmişəm, qəbul olmuşam. Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu, Səkinə İsmayılova, Qəndab Quliyeva və bir çox sənətkarlarımız orda işləyirdilər və məni də onlar qəbul etmişdilər. Gedən gündən də mənə Leylini həvalə etmişdilər. – Siz işdən getmək haqqında qərar verəndə demədilər, qalın işləyin? – Mən iki il bundan əvvəl işdən çıxmalı idim. Teatrın direktoru Akif Məlikovun xahişi ilə teatrda qalmışam. – Akif Məlikovla münasibətləriniz necədir? – Çox normal. Direktor və solist kimi aramızda heç bir narazılığımız olmayıb. Daha doğrusu, mən tərəfdən narazılıq yoxdur. Onlar tərəfdən də mənə həmişə hörmət olunub. Ümumiyyətlə, heç vaxt işlədiyim yerə hörmətsizlik etməmişəm. Onlar da mənə həmişə hörmət ediblər. – Tamaşaçılarınız sizin Leylinizi səhnədə görməyəndə, onlara cavabınız necə olacaq? – Qərarı özüm vermişəm. Bu o demək deyil ki, sənətdən gedirəm. Allah qoysa, konsertlərim olacaq, gəlib dinləyə bilərlər. Amma Leyli kimi, Gülbahar kimi, Şahsənəm kimi görməyəcəklər. – Teatrdan çıxmağınız maddi məsələlərdə sizə problem yaratmayacaq? – Vallah, heç vaxt Opera və Balet Teatrından maddiyyat güdməmişik. Maaşlarımız elə də çox deyil. 400 manata yaxın maaş almışam. Amma sənət eşqi olub. Mən prezident təqaüdü alıram. Ona görə heç bir çətinliyim yoxdur. Ruzini verən Allahdır. – Danışığınızdan və səsinizdən hiss edirəm ki, obrazlarınızdan ayrılmaq çətindir… – Gülüstan Əliyevanın konsertində teatrın direktoru Akif Məlikova yaxınlaşıb artıq işləmədiyimi demişəm. Demişəm ki, bəsdir, oxumayacağam. Yəqin bunu özü də təsdiq edər. – Akif müəllim soruşmadı ki, niyə gedirsiniz? – Niyəsi belə olub ki, işlərim çoxdur, pedaqoji fəaliyyətlə məşğulam. – Yəni iki işi bir yerdə çatdıra bilmirsiniz… – Bəli, çatdıra bilmirəm. – Nəhayət, səbəbi dediniz… – Bəli, səbəb odur ki, işlərim çoxdur, pedaqoji fəaliyyətlə məşğulam.

13 Yanvar 2017 9:45

Repçi Anar Nağılbaz iş axtarır

anar

“İşsizəm, satıcı da olsa işləməyə hazıram”. “İşsizəm əziz dostlar, yəni daimi işdən gedir söhbət. Maraqlısı odur ki dünyanın hər bir yerində məni dövlət özü tanınmış insan kimi qəbul edib daimi ev və iş tapana qədər kompensasiya ilə təmin etməyə hazırdır”. Faktinfo.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış reper Anar Nağılbaz bildirib. Onun sözlərinə görə, böyük iş təcrübəsi ola-ola, hazırda daimi iş tapa bilmir: “Öz dövlətimdə 9 il televiziyalarda işləmişəm; AZTV-də böyük redaktor; İctimai TV-də telefilm departament direktor müavini; CTV-də (Lənkəran) baş musiqi tərtibatçısı, prodüser və rejissor; Bakı Mədəniyyət və Turizm idarəsi; Bakı gənclər və idman idarəsi; Ə. Vahid Mədəniyyət evində – müavin, Türkan Mədəniyyət Sarayı – bədii rəhbər; Qaraçuxur Mədəniyyət Sarayı – direktor müavini; 2000-2003-cü illər Qafqazın ən böyük prodüsser mərkəzinin böyüyü olmuşam. Ölkənin ən böyük (8.5 metr) kino kranı məndə olub. Dövlət televiziyasından tutumuş, bütün kanallar həmin kranı bizdən kirayə götürürdü. Kənan MM, Rüfət Axundov, Hüseyn Dərya (rəhmətlik) kimi (və bir çoxları) sənətkarlar ordan sənətə vəsiqə alıb; Şəxsi işlərim; İncəsənət universitetinin yanında –“Dadlı Video” dönər kafem olub; ABŞ-da scrub (həkim və xəstə geyimlərini 200 hospitalda satmışam (yaxşı faizim olub); ABŞ-da qocalar evinin şəxsi şoferi olmuşam; ABŞ-da 8 ştatda və Avropada klublarda, kazinolarda, mədəniyyət ocağlarında həm konsertlər təşkil etmişəm. Eləcə də çıxışlar etmişəm; Bakıda ingilis dili müəllimi kimi də məktəb və litsey şagirdlərilə praktikam var”, – deyə Anar Nağılbaz bildirib. Rep ustadı deyir ki, 2013-cü ildən bəri işsiz qalıb: “2013, oktyabrın biri işimdən azad olmuşam (öz ərizəmlə, məcbur). Bununla bağlı hər yerə müraciət etmişə, ərizəmi Bakı Mədəniyyət və Turizm İdarəsinə göndəriblər. Onlar da bildiriblər ki, bir də müraciət etmə. Get Mədəniyyət Nazirliyində müsabiqə ver. Əvvəlki nazirimiz Polad Bülbüloğlu ilə də, indiki nazirimiz Əbülfəz bəylə də şəxsi görüşlərim olub. Deyiblər, sən tanınmış adamsan, toyların çoxdur. Demişəm elə deyil, rep milli musiqi deyil, ancaq elə klublarda oxuya bilirəm. Bizə işləməyən kinoteatrlardan birini verin, müasir musiqi klubu açaq”. Anar Nağılbaz deyir ki, 2 övladı ilə birgə işsiz qalıb. İndi nə işi olur-olsun çalışmağa hazırdır: “Satıcı da olsa işləməyə hazıram. Ölkəmi tərk etmək fikrim yoxdur. Ciddi, normal, daimi iş olsa dostlarıma qoşula bilərəm! İşlədiyim bütün yerlərdə iş yerimin qanun-qaydasına uyğun işləmişəm! Özünüzdən muğayat olun! Allah əmanətində! Amin!”

5 Yanvar 2017 12:32

Suriya müftisi şeyx Əhməd Bədrəddin Hassun Qarabağı “erməni torpağı” sayır

img2292010

Suriyanın baş müftisi şeyx Bədrəddin Hassun Rusiya KİV-lərinə müsahibə verib. Suriya müftüsü Suriya ətrafında gedən situasiya və dünyadakı siyasi proseslər barədə danışarkən Dağlıq Qarabağ mövzusuna toxunub.  Müftinin sözlərinə görə, dünyada ərazi mübahisəsinə son qoymağın çatdığı regionlar var. Şeyx bunlara nümunə olaraq Dağlıq Qarabağı örnək göstərib. “Dağlıq Qarabağda problemin başlıca motivasiyası xalqın azadlığı üçün iradəsi, regionun tarixi və müharibədə qazanılan qələbədir. Burada hansı mübahisədən söhbət gedə bilər? Şəxsən mən Qarabağ ermənilərinin müstəqillik və azadlıqları uğrunda mübarizələrini dəstəkləyirəm. Xüsusilə vurğulamaq istərdim ki, Qarabağ münaqişəsinin əsas səbəbi din deyil, xalqın iradə ifadəsidir.Bununla hesablaşmamaq olmaz”. Qeyd edək ki, bu ermənipərəst müfti Türkiyəyə qarşı düşmən mövqeyi ilə seçilən birisidir. Sünnilik məzhəbinə məxsus olmasına rəğmən İrana olduqca yaxın olan Hassun tez-tez orada müxtəlif konfranslarda, simpoziumlarda iştirak edir. Bundan başqa, Hassun Rusiyada da bir çox ictimai-siyasi fikri adamı ilə sıx əlaqələrə malikdir.  Qatı Əsəd rejim tərəfdarı olan bu müfti Hələbdə anadan olub. Atası Məhəmməd Ədib Hassun da özü kimi şeyx olub. Dini təhsil alan Hassun 2002-ci ildə Hələbin  müftisi təyin edilib.  2005-ci ildə isə o, Suriyanın baş müftisi Əhməd Kiftarunun (kürd əsillidir) ölümündən sonra onun yerinə keçib. Bundan başqa o, Suriyadakı Ali Fitva Şurasının, habelə Xalq Məclisinin (parlament) üzvü olub. Özünü dinlərarası dialoqun tərəfdarı, liberal və dünyəvi görüşlərə sahib bir din adamı kimi qələmə verən Hassun müəyyən dövrdə Avropa mediasının da diqqətini çəkmişdi. Şeyx 2007-ci ildə hətta Avropa parlamentdində çıxış etmək üçün dəvət olunmuş və onun çıxışı böyük təqdir toplamışdı. Lakin Suriyada vətəndaş müharibəsi başladıqdan sonra müftünün mətbuata verdiyi açıqlamalar olduqca böyük mübahisələrə səbəb olub. Məsələn o, Suriyadakı vətəndaş müharibəsinin ilk dövrlərində ABŞ və Avropanı öz ölkələrində intihar terror aktları ilə hədələyib. Bununla bağlı olaraq Hassunun youtube-dakı müraciətində belə deyilirdi: “Suriya istiqamətinə ilk raketin atılması ilə Suriya və Livanın bütün övladları Avropa və Fələstin torpaqlarında intihar aktını həyata keçirmək üçün yola çıxacaq. Bütün Avropa və Amerikaya səslənirəm. Suriya və Livanı bombaladığınız təqdirdə ölkələrinizdə intiharçılar hazırlayacağıq. Bu gündən etibarən gözə-göz, dişə-diş... və öncə başlayan daha zalımdır. Siz bizə zülm etdiniz. Ərəb olan, insan olan hər kəsə belə deyəcəyik”,- deyə səslənir. Hassun həmişə bir-birinə zidd çıxışları ilə fərqlənib. Suriya müftüsü olan bu şəxsin “Peyğəmbərimiz məndən yəhudiliyi və ya xristianlığı  inkar etməyi istəsəydi, mən Məhəmmədi inkar edərdim. Peyğəmbər mənə insanları öldürməmi əmr etsəydi, mən onun özünü inkar edərdim” kimi sözləri həmin dövrdə böyük hay-küyə səbəb olmuşdu. Mətbuat şeyx Hassunun əslində Əsəd rejiminə xidmət edən agent olduğunu və onun bir çox din adamının, habelə ictimai xadimlərin həbsində əli olduğunu da yazır. Belə ki,  Suriyadakı vətəndaş müharibəsinin başlanğıcından bu yana rejimə qarşı olduqları şübhəsi ilə 223 dini alimin həbs edilməsində Şeyx Hassunun xüsusi rolu olduğu barədə informasiyalar var. Hassunun həbslər zamanı həmin dini alimləri öz katibi ilə bərabər şəxsən istintaq etdiyi də yazılır. Bundan başqa, Hassunun Suriya kəşfiyyatına işlədiyi və hələ 80-ci illərdə dini icmalar haqqında məlumat toplayan agent olduğu da gələn xəbərlər arasındadır. Hassunun Suriyada sonradan Türkiyəyə qaçan Şeyx Əbdülqadir İsa, Şeyx Əbdülfəttah Əbu Quddə, şeyx Mustafa Əz-Zarka və Dəvalibi kimi bir çox alim barədə Suriyanın xüsusi xidmət orqanlarına məlumat ötürdüyü bildirilir. Bütün bunlardan əlavə, Hassunun Şeyx Məşuq Əl-Həzləvinin öldürülməsi hadisəsində adı keçir. Şeyxin ermənilərə olan məhəbbəti isə yəqin ki, elə doğuşdan başlayıb. Çünki Suriya ermənilərin kompakt halda yaşadığı yerlərdən biri hesab olunur və burada erməni diasporasının təsiri olduqca güclüdür. Hassun ilk dəfə 2006-cı ilin sentyabrında Ermənistanı ziyarət edib və burada həm din, həm də dövlət adamları ilə bir sıra görüşlər keçirib. Həmin vaxt şeyx Bədrəddin Hassun qondarma “erməni soyqırımı” abidəsini də ziyarət edib. Onun həmin abidə üzərində yazdıqları diqqət çəkir: “Əgər bütün xalqlar öz dinlərinə əməl etsəydi heç bir qırğın olmazdı. Erməni xalqı bu acının öhdəsindən gəlməli və yenidən yaşamalıdır”. Vaqif Hüseyn,  Müsavat.com (daha&helliip;)

3 Yanvar 2017 6:33

Şahmar Mövsümov:“Neft Fondunun tarixində ilk dəfə olaraq onun ümumi xərcləri gəlirlərini üstələyib” – MÜSAHİBƏ

sahmar-2

Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun Trend-ə müsahibə verib. Faktnfo.az  müsahibəni təqdim edir: -2016-cı ildə Fondun fəaliyyətini ümumilikdə necə qiymətləndirirsiniz? – Ümumilikdə Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ildəki fəaliyyətini uğurlu qiymətləndirmək olar. Neft qiymətlərinin düşdüyü, neftin satışından əldə olunan gəlirlərin azaldığı dövrdə və ümumiyyətlə bu sektorda davam edən neqativ trendlər fonunda Dövlət Neft Fondunun ölkənin maliyyə stabilliyinin təmin olunmasında rolu artıb. 2016-cı ildə Fond dövlət büdcəsinə transfertləri, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi kimi ümummilli əhəmiyyətə malik sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsini həyata keçirib. Cari il ərzində ARDNF Cənub Qaz Dəhlizi, “STAR” neft emalı kompleksinin tikintisi layihələrində dövlətin iştirak payının maliyyələşdirilməsini təmin edib. Eyni zamanda, Fond xaricdə təhsil alan azərbaycanlı tələbələrin təhsilinin maliyyələşdirilməsini də davam etdirib. Ötən ilin sonunda uzunmüddətli dövrdə şaxələndirilmiş investisiya portfelinin qurulması prosesinin bir hissəsi olaraq Fondun investisiya siyasətinə bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən risk və gəlirlilik arasındakı nisbət daha riskli və eyni zamanda daha gəlirli investisiya alətlərinin xeyrinə dəyişib. Məsələn, daşınmaz əmlaka yatırımların investisiya portfelindəki payı iki dəfə, 5 %-dən 10%-dək artırılıb. Bu dəyişiklik nəticəsində daşınmaz əmlaka həm birbaşa, həm də daşınmaz əmlak fondları vasitəsi ilə edilən yatırımların həcmi artıb. 2016-cı ildə Milan şəhərində yerləşən Palazzo Turati ofis kompleksinin satınalınması başa çatdırılıb. Eyni zamanda daşınmaz əmlak fondlarına olan yatırımlar əhəmiyyətli dərəcədə artıb, özəl kapital fondlarına investisiyalar edilib. Bununla yanaşı, səhm yatırımlarının da investisiya portfelindəki xüsusi çəkisi artırılıb. – 2016-cı il büdcəsində neftin qiyməti 25 dollar səviyyəsində müəyyən olunmuşdu, il ərzində orta qiymət kifayət qədər yüksək idi. İlin yekunlarına görə, büdcənin nə dərəcədə profisitli olacağı gözlənilir? – Qeyd etdiyiniz kimi 2016-cı ildə neftin 1 barelinin qiyməti həm ARNDF-nin büdcəsində, həm də dövlət büdcəsində 25 dollardan hesablanmışdı. Bu qiymətlə Fondun 2016-cı il üçün büdcə gəlirləri 2,8 milyard dollar nəzərdə tutulub. Lakin 2016-cı il ərzində neftin 1 barelinin orta qiyməti 41,7 ABŞ dolları təşkil etdiyindən, Fondun ilin sonuna büdcə gəlirinin təqribən 5,8 milyard dollar olacağı gözlənilir. Bununla yanaşı qeyd etmək lazımdır ki, Fondun investisiya portfelinə daxil olan valyutaların məzənnələrinin dəyişməsi Fondun dollar ilə ifadə olunan aktivlərinin ilin sonuna olan həcminin dəyişməsinə səbəb ola bilər. – ARDNF səhm payının, yəni daha riskli aktivlərin artırılması planlarını nəzərə alaraq investisiya portfelinin idarə olunması üçün yeni menecerlərin cəlb olunmasını, eləcə də azad vəsaitlərin yerləşdirilməsində zərurətin yaranmasına səbəb ola biləcək dövlət büdcəsinə transfertlərin azaldılması addımını planlaşdırırmı? – ARDNF uzunmüddətli dövrü əhatə edən, daha riskli aktivlərin portfeldə həcminin artırılması yolu ilə yüksək diversifikasiyalı investisiya portfeli qurmağı hədəfləyib. Bu istiqamətdə də Fond səhm yatırımları kimi uzunmüddətli dövrdə daha yüksək gəlirlilik vəd edən maliyyə alətlərinin investisiya portfelində çəkisinin artırılmasını planlaşdırır. Hal-hazırda isə mövcud investisiya siyasəti çərçivəsində səhm sub-portfelinə yeni yatırımların həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar ARDNF artıq səhm portfelinin idarə edilməsini həyata keçirəcək yeni xarici menecer(lər)in cəlb edilməsi ilə bağlı xidmət təklifləri sorğusu elan edib və nəticələrin gələn ilin əvvəlində yekunlaşacağı qənaətindəyik. Xarici menecerləri idarəetməyə cəlb edərkən məqsəd Fond üçün yeni olan maliyyə alətlərinə investisiya zamanı onların təcrübəsindən istifadə etmək, onların bu və ya digər sahədə bilik və təcrübələrini öyrənməkdən ibarətdir. Xarici menecerlər seçilərkən bu əməkdaşlıq nəticəsində gələcəkdə həm Fondun mütəxəssislərinin hazırlıq səviyyəsinin artırılması, həm də daxili texniki infrastruktur bazasının genişləndirilməsi imkanları da nəzərə alınır. Beləliklə, xarici menecerlərin idarəetməyə cəlb edilməsi ilə ARDNF həm Fonddaxili insan resurslarının inkişaf etdirilməsi, həm də aktivlərinin idarə edilməsinin effektivliyinin daha da yüksəldilməsi məqsədini güdür. – Fondun məhz hansı səhmlərə (hansı dövlət və ya şirkətin) investisiya yerləşdirəcəyi barədə konkret planları varmı? Fondun daşınmaz əmlaka investisiya ilə bağlı hansı planları var? Yeni coğrafi bazarlara çıxmaq niyyəti varmı? – Qeyd edildiyi kimi ARDNF-nin uzunmüddətli investisiya strategiyasının əsas məqsədi risklərin yol verilə bilən həddə saxlanılması ilə vəsaitlərdən əldə edilən gəlirliliyin artırılması və diversifikasiya edilmiş investisiya portfelinin qurulmasıdır və səhm yatırımlarının artırılması da məhz bu hədəfə xidmət edir. Artıq 2012-ci ildən etibarən ARDNF qlobal səhm bazarında özündə müxtəlif şirkətləri, ölkələri və sektorları birləşdirən yüksək diversifikasiyalı səhm indekslərinə passiv üsulla investisiya istiqamətini seçib (qeyd etmək lazımdır ki, bu proses həm xarici menecerlər, həm də Fondun əməkdaşları tərəfindən həyata keçirilir). Hal-hazırda səhmlərə bu tip passiv üsulla investisiyanı davam etdirmək planlaşdırılsa da, risklər nəzərə alınmaqla daha çox gəlirlilik vəd edən alternativ investisiya strategiyaları da nəzərdən keçirilə bilər. Səhmlərə investisiya edərkən Fond optimal diversifikasiya və səhm bazarlarının qiymət dəyişkənliyi riskinin azaldılması prinsipinə ciddi şəkildə əməl edir. Daşınmaz əmlak investisiyalarına gəldikdə isə, bu sahədə əsas strategiya inkişaf etmiş bazarların və müxtəlif tip daşınmaz əmlakların təmsil olunduğu portfelin yaradılmasından ibarətdir ki, gələcəkdə də bu istiqamətdə yatırımların davam etdirilməsi nəzərdə tutulub. Dövlət Neft Fondunun daşınmaz əmlakla bağlı investisiyalarında məqsədi yüksək və stabil icarə haqqının alınması yolu ilə gəlirliliyin artırılması və eləcə də, uzunmüddətli perspektivdə potensial qiymət artımı ilə müşayiət edilə biləcək yüksək keyfiyyətli aktivlərin əldə olunmasından ibarətdir. Bu sahədə bizi ən çox Avropa, Asiya və Sakit Okean Hövzəsi və Amerika Birləşmiş Ştatlarının daşınmaz əmlak bazarları maraqlandırır. Hal-hazırda Fondun dünyanın böyük şəhərlərinin mərkəzi biznes ərazilərində kommersiya daşınmaz əmlak investisiyaları mövcuddur və yaxın gələcəkdə də Fond qeyd edilən coğrafi regionlarda fəaliyyətini genişləndirməyi planlaşdırır. ARDNF həmçinin daşınmaz əmlak fondlarına da investisiya qoyuluşu həyata keçirməyə başlayıb ki, bu da həm yüksək gəlirliliyi təmin etməyə, həm də diversifikasiyanın artırılmasına xidmət edir. Beləliklə, daşınmaz əmlak fondlarına investisiya ARDNF-yə daha çox ölkə və regionları əhatə edən daha böyük bazarlara birbaşa çıxış imkanı qazandırır. Bu yatırımlar investisiyaların coğrafi mövqeyinin genişləndirilməsi ilə yanaşı, daşınmaz əmlak portfelinin strategiya (hazır, tikilməkdə olan) və tip (yaşayış, logistik və s.) üzrə də diversifikasiyasını genişləndirməyə imkan verir. – 2017-ci ildə valyuta hərracları nəzərdə tutulur? 2016-cı ildə valyuta hərracları vasitəsilə nə qədər dollar satılıb? – Qeyd etmək istərdik ki, ARDNF-nin büdcəsinin böyük hissəsini manatla olan xərclər, o cümlədən dövlət büdcəsinə transfert və digər ödənişlər təşkil edir. ARDNF-nin əsas gəlir mənbəyi olan karbohidratların satışı da daxil olmaqla bütün daxilolmaları xarici valyutalarda, əsasən ABŞ dollarında baş tutur və yuxarıda qeyd edilən öhdəliklərin həyata keçirilməsi məqsədilə bu valyutanın Azərbaycan manatına mübadilə edilməsi zərurəti yaranır. Fond böyük həcmdə valyuta satışının valyuta bazarına təsirini azaltmaq və eyni zamanda Fondun büdcə öhdəliklərini vaxtında icra etmək məqsədilə mütəmadi olaraq Mərkəzi Bank tərəfindən təşkil olunan hərraclar vasitəsilə valyuta bazarında valyuta satışının bərabər hissələrlə həyata keçirilməsində iştirak edir. ARDNF-nin növbəti il üçün büdcəsində icrası manatla olan öhdəliklər nəzərdə tutulduğundan Fond tərəfindən hərraclar vasitəsilə valyuta satışı 2017-ci ildə də davam etdiriləcək. 2016-cı ilin 11 ayı ərzində ARDNF tərəfindən valyuta hərracları yolu ilə ümumilikdə 4,6 milyard dollar həcmində vəsait satılıb. – Parlamentin son plenar iclasında bəzi deputatlar ARDNF-in xarici banklarda yerləşdirilmiş vəsaitlərini ölkə daxilinə keçirməyi və ölkənin bank sektoruna dəstək məqsədilə yerli banklarda yerləşdirilməsini təklif etmişdi. Həm risklərin, həm də gəlirliliyin nəzərə alınması ilə ARDNF-a öz vəsaitlərini yerli banklarda yerləşdirmək nə dərəcədə sərfəlidir? Bu cür addımı bankların dəstəyi üçün məqsədəuyğun hesab edirsinizmi? – ARDNF-nin suveren fond kimi yaradılmasında əsas məqsəd ölkənin makroiqtisadi stabilliyinin qorunub saxlanılması və tükənən təbii sərvət olan neft və qazın satışından əldə olunan gəlirlərin səmərəli idarə edilməsi ilə nəsillər arasında ədalətli bölgüsünün təmin edilməsidir. Son dövrlər neftin qiymətinin aşağı və qeyri-stabil olmasını nəzərə alaraq Fondun ölkədə makroiqtisadi sabitliyi qorumaq funksiyası daha çox ön plana çıxıb. Belə ki, 2015-ci ildə ARDNF-nin tarixində ilk dəfə olaraq onun ümumi xərcləri gəlirlərini üstələyib. Bank sahəsinin dəstəklənməsi ilə bağlı qeyd etmək istərdik ki, həm ölkə rəhbərliyinin, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasının dəfələrlə qeyd etdiyi kimi bank sektorunun sağlamlaşdırılması ilk növbədə prudensial qaydalar, effektiv korporativ idarəetmə və həmçinin ehtiyac yarandığı təqdirdə bankların növbəti konsolidasiyası prosesləri ilə tənzimlənməlidir. Hesab edirik ki, Fondun hazırki investisiya portfeli, eləcə də onun risk/gəlirlilik nisbəti mövcud investisiya strategiyasının məqsədlərinə nail olmaq üçün daha optimaldır. – Bu il Neft Fondu Azərbaycan Beynəlxalq Bankına ilk depozitini yerləşdirdi. Depozitin həcmini nəzərdə tutulan iki milyard səviyyəsinə çatdırmaq planlaşdırılırmı? Vəsaitlər ABB-yə depozit olaraq hansı şərtlərdə yerləşdirilib və bu depozit xarici banklarda saxlanması ilə müqayisədə nə dərəcədə sərfəlidir? – “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydaları”ın 3.3. bəndinə əsasən Fond investisiya portfelinin 5%-ə qədərini yerli iri banklarda yerləşdirmək imkanına malikdir. Hazırda, ARDNF-nin yaxın gələcəkdə Azərbaycan Beynəlxalq Bankında yerləşdirilən depozitin həcmini artırmaq kimi planları yoxdur, lakin zərurət yarandığı təqdirdə bu məsələyə qeyd edilən 5% qaydası çərçivəsində baxıla bilər. Depozitin yerləşdirilmə şərtlərinə gəldikdə isə qeyd etmək istərdik ki, bu vəsait bankda illik 4% olmaqla 1 il müddətinə yerləşdirilib. Faiz dərəcələrinin formalaşdırılması və maliyyə əməliyyatlarının həyata keçirilməsi şərtlərinin yaranmasında ölkənin makroiqtisadi göstəriciləri, maliyyə sahəsinin inkişaf səviyyəsi, aktivlərin həcmi, kredit reytinqi və s. əhəmiyyətli rol oynayır. Təbii ki, bu göstəriciləri nəzərə almadan gəlir barədə danışmaq bir qədər düzgün yanaşma sayılmaz və bu səbəbdən də biz müxtəlif banklarda depozit yatırımlarını sırf gəlirlilik baxımından müqayisə edə bilmərik. – Bu il Azərbaycan EITI-də namizəd statusunu saxlaya bildi. 2017-ci ildə Təşəbbüsün idarə heyətində üzvlüyün bərpa olunması üçün səy göstərilməsi planlaşdırılırmı? EITI idarə heyətinə yenidən daxil olması üçün Azərbaycan qarşısında hansı şərtlər irəli sürülür? – 2015-ci ilin aprel ayında Qiymətləndirmə prosesindən (2015-ci ilin yanvar ayında baş tutan) sonra Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin qərarına əsasən ölkəmizin MHŞT-dəki statusu “Tamhüquqlu üzv”dən “Namizəd ölkə” statusuna endirilib. MHŞT üzrə Beynəlxalq İdarə Heyəti Azərbaycanın “Tamhüquqlu üzv” statusunu bərpa edə bilməsi üçün növbəti Qiymətləndirməyədək (2016, iyul) yerinə yetirilməli islahedici addımları müəyyən edib. 2015-2016-cı illər ərzində Azərbaycanda MHŞT Standartının tələblərinə uyğun olaraq MHŞT-nin ölkədə tətbiqi davam etdirilib, Beynəlxalq İdarə Heyəti tərəfindən müəyyən edilmiş islahedici addımların icrası ilə bağlı müəyyən fəaliyyətlər və Təşəbbüsün tətbiqi çərçivəsində əksər işlər həyata keçirilib. 2016-cı ilin iyul ayında MHŞT üzrə növbəti Qiymətləndirmə keçirilib və Beynəlxalq İdarə Heyətinin cari ilin 26 oktyabr tarixində Astanada baş tutmuş sonuncu iclasında Azərbaycanın MHŞT-nin tətbiqi üzrə gördüyü işlərə əsaslanaraq qəbul etdiyi qərara əsasən Azərbaycan MHŞT çərçivəsində “Namizəd ölkə” statusunu saxlayıb. Beynəlxalq İdarə Heyətinin qərarına əsasən MHŞT-nin tətbiqində iştirak edən qeyri-hökumət təşkilatlarının və həmçinin qrantların qeydiyyata alınması ilə bağlı konkret suallara dair islahedici tədbirlərin hökumət tərəfindən həyata keçirilməsi üçün Azərbaycana İdarə Heyətinin növbəti iclasınadək (mart 2017-ci il) vaxt verilib. Həmçinin, 2017-ci ilin iyul ayınadək Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin MHŞT prosesinin tətbiqində iştirakını və MHŞT hesabatlılığı sahəsində bəzi texniki məsələlərin həlli istiqamətində müəyyən tələblərin yerinə yetirilməsini təmin etməlidir. MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin son iclasından sonra (24-26 oktyabr 2016, Astana) Azərbaycanın MHŞT üzrə Çoxtərəfli Qrupu tərəfindən Beynəlxalq İdarə Heyətinin Azərbaycana dair irəli sürdüyü şərtlərin müzakirəsinə başlanılıb və islahedici tədbirlər üzrə Fəaliyyət Planının hazırlanması qərara alınıb. 2017-ci ildə də MHŞT Standartının bütün tələblərinə uyğun olaraq Təşəbbüsün ölkədə həyata keçirilməsi davam etdiriləcək və MHŞT prosesində iştirak edən vətəndaş cəmiyyəti üzvlərinin şəraitlərinin yaxşılaşdırılmasına səy göstəriləcək.

27 Dekabr 2016 12:09

İqtisadçı Qulu İbrahimlidən Mərkəzi Banka sərt ittihamlar:”Süni valyuta qıtlığı yaradır…” – MÜSAHİBƏ

qulu-ibrahim-2

Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı, iqtisadçı ekspert Qulu İbrahimli "Amerikanın Səsi"nə maraqlı müsahibə verib. O, həmin müsahibəsində valyuta bazarındakı mövcud durum, risklər, manatın devalvasiyasının səbəblərindən danışaraq, Mərkəzi Bankı ölkədə süni valyuta qıtlığı yaratmaqda suçlayıb. Faktinfo.az həmin müsahibəni  təqdim edir: – Ölkənin maliyyə-bank sektorunda mövcud durumu və perspektivləri necə görürsünüz? – Ölkənin bank sektorunda mövcud problemləri bilmək üçün, birinci səbəbləri öyrənmək lazımdır. Bu gün maliyyə-bank sektorunda yaranmış vəziyyətin əsas səbəbi Azərbaycan Beynəlxalq Bankının Mərkəzi Bankın valyuta ehtiyatlarından istifadə etməsidir. O cümlədən, Dövlət Neft Şirkətinə (ARDNŞ) 2015-ci ildə Mərkəzi Bankın 2 milyarda yaxın vəsait ayırmasıdır. Çünki bu gün maliyyə-bank sektorunda yaranmış problemin kökü bununla bağlıdır. Atılan addım Mərkəzi Bankın balansında tarazılığın pozulmasına səbəb olub. Eyni zamanda, bu gün Beynəlxalq Bank və Neft Şirkətini xilas etmək yolu ilə Mərkəzi Bankın valyuta rezervlərindən istifadə olunması ümumiyyətlə ölkənən maliyyə-bank sektoru üçün böyük risklərə səbəb olub. Buna baxmayaraq, yenə də dövlət Beynəlxalq Bankla bağlı vəsait ayırmaq istəyir. Hesab edirəm ki, bu, növbəti illərdə də gərgin və ağır fəsadlarını verəcək. – Mərkəzi Bank yaxın zamanda valyuta bazarında tam üzən məzənnəyə keçiləcəyini bildirib? Üzən məzənnəyə keçid valyuta bazarında sabitləşmə yarada biləcəkmi? – 2016-cı ildə dünya valyutaları içərisində üzən məzənnə rejimində işləyən bir valyuta olubsa, o da Azərbaycan manatıdır. Çox təəssüf ki, hökumət bəzi iqtisadçıların dili ilə cəmiyyətə izah etmək istəyir ki, sanki manata təzyiq mövcud olmuşdur. Ötən müddət ərzində Mərkəzi Bank tərəfindən manatın qorunması üçün heç bir tədbir görülməyib. Ona görə, biz baxmalıyıq ki, ötən müddət ərzində Mərkəzi Bank özünün valyuta ehtiyatlarından manatın dəstəklənməsi üçün istifadə edib-etməyib? Mərkəzi Bank çox təəssüflər olsun ki, resurslarından manatın dəstəklənməsi üçün istifadə etməyib. Bizdəki məznnənin bir adı var. Bu məzənnənin adı – "Azərbaycan Beynəlxalq Bankı sindromu"dur. Çox təəssüf olsun ki, 2017-ci ildə də Beynəlxalq Banka daha 10 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Bu da domino effekti kimi, yenə də gələn il də manatın məzənnəsi ilə bağlı risklərə səbəb olacaq. – Hazırda “qara valyuta bazarı” sürətlə genişlənir və dollar sürətlə bahalaşır? Fikrinizcə, manatın dollar və avroya nisbətdə ucuzlaşması hansı həddə qədər davam edəcək? – Son bir ayda hökumət “qara bazar”ın ləğv olunması ilə bağlı tədbirlərə başlayıb. Biz ötən ildən də bilirik ki, Azərbaycanda valyuta bazarına təqdim olunan valyutanı əsasən iki bank alırdı. Bu iki bankın əli ilə valyuta bazarına dollar axıdılırdı. Maraqlı məsələ budur ki, bəs niyə son bir ayda hökumət bu “qara bazar”ın ləğv olunması ilə bağlı tədbirlərə başlayıb? Bazarın özü bizə yaxşı bir göstərici verir ki, bazarda bu günədək dollar qıtlığı olmayıb. Bu gün “qara bazar”da olan vəziyyətin təhlili də göstərir ki, Azərbaycan manatının dəyəri süni şəkildə ucuzlaşdırılır. Heç bir sahibkar, iş adamı bu günədək deyə bilməz ki, o, valyuta qıtlığı ilə qarşılaşıb, ehtiyac duyduğu valyutanı bazardan ala bilməyib. Çox maraqlıdır ki, rəsmi məzənnə nə qədər artırsa, qara bazarda artım daha az olur. Bu da göstərir ki, manata təzyiq olmayıb. Manat indiyədək üzən məzənnə rejimində işləyib. Əgər manatın məzənnəsi yuxarı olsa idi, təzyiq olsa idi, ən birinci buna “qara bazar” reaksiya verərdi. Yəni, rəsmi kursun müəyyənləşməsindən asılı olmayaraq bu, bazarda kəskin fərqlənməlidir. İndi dekabrın 31-i gəlir, Mərkəzi Bankın balansı təsdiq olunmalıdır. Mərkəzi Bankın valyuta ehtiyatlarının daha yuxarı məbləğdə yenidən qiymətləndirilməsinə əsas yaradılmalıdır. İndi “qara bazar” ləğv olunub, Mərkəzi Bank imkan vermir ki, “qara bazar”da valyuta dövriyyəsi olsun. Beləliklə, valyuta qıtlığı yaradıb. Cəmiyyətə də çatdırmaq istəyir ki, sanki valyuta yoxdur, manata təzyiqlər var və dekabrın 31-dək manatın bahalaşdırılması, xüsusi vurğulamaq istəyirəm ki, süni şəkildə bahalaşdırılmasına əsas yaratmaq üçün bu gün “qara bazar”ı ləğv ediblər. Belə sual ortaya çıxır, axı, niyə indiyədək “qara bazar”ın mövcudluğuna göz yumulurdu və indi ləğvi başlanıldı? Ona görə başlanıldı ki, bu “qara bazar”a təkcə valyuta hərraclarında təqdim olunan valyuta deyil, ümumiyyətlə vətəndaşların əllərində olan dolların bazara təqdim olunmasında çətinlik yaradılsın. Yəni, süni yaradılmış valyuta qıtlığı cəmiyyətə çatdırılsın və ilin sonunadək Azərbaycan manatının kəskin bahalaşdırılmasına əsas yaratsınlar. Mən hesab edirəm ki, bu günki məzənnə də sünidir. Bəzi iqtisadçıların dili ilə yenə manata qiymət qoyurlar. Heç bir əsaslandırma olmadan dolların manata nisbətini 2.20 – 2.50 manat göstərirlər. Bununla da cəmiyyətə, ictimai firkə diktə edirlər ki, sanki valyutanın qiyməti bu olmalıdır. Amma bunun bir səbəbi var, Mərkəzi Bankın valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi. Bu, real iqtisadi hadisələrlə bağlı deyil. – Kommersiya banklarının dollar satmamasının səbəbi nədir? Bazarda süni dollar defisiti yaradıla bilərmi? – Dollar defisiti yaradıla bilər yox, artıq yaradılıb. Bu gün hüquq-mühafizə orqanlarının bu işə cəlb olunması ilə “qara bazar”ın faktiki olaraq ləğv olunması göstərir ki, hökumət manatı dollar qarşısında süni şəkildə ucuzlaşdıracaq. Çox təəssüf olsun ki, indiyədək bunun hər hansı əsaslandırılması verilmir. 2016-cı il üçün Mərkəzi Bankın balansı dərc olunanda biz bunu görəcəyik. Necə ki, 2015-ci il dekabrın 21-də manatı yenidən devalvasiyaya uğratdılar. Bunun da səbəbi onunla bağlı idi ki, 3 milyard manat Beynəlxalq Banka vəsait ayrılması ilə Mərkəzi Bankın balansında tarazılıq pozulmuşdu. Bu il də Beynəlxalq Banka 7 milyard pul verilib, Mərkəzi Bankın balansının tarazılığı pozulub. “Qara bazar”ı da ləğv edilməklə süni valyuta qıtlığı yaradılıb ki, ilin sonunadək manatın kəskin devalvasiyası üçün əsas yaradılsın…

20 Dekabr 2016 7:15

Şuşalı Aram Karapetyan: “Ermənilər Qarabağdan qaçır”

susal

Aram Karapetyan erməni xalqının yeni nəslinin nümayəndəsidir. Qarabağ münaqişəsi barədə düşüncəsini yeniləmiş minlərlə digər erməni kimi, o da vətənində sülh arzusundadır. Minlərlə digər erməni kimi, A.Karapetyan da Ermənistanı tərk etmək məcburiyyətində qalıb, çünki əmindir: Sarkisyan rejimi ölkəni siyasi müflisləşmə və yoxsulluq səviyyəsinə çatdırıb. A.Karapetyan Ukraynada “Qürur inqilabı”nda fəal iştirak edib, Avromaydanın ön sıralarında olub. Bu gün o, öz ölkəsi üçün dəyişikliklər və inqilab istəyir. İctimai fəal Ermənistan-Azərbaycan sülhməramlı platformasının yaradılması üçün Bakı deklarasiyasına qoşulmağa qərar verib. Əmindir ki, bu, iki xalqı barışdırmağın və iki Qafqaz ölkəsi arasında böyük sülhə törədilən əngəllərə qarşı ən real yollardan biridir. Aram Karapetyanın saytımıza verdiyi müsahibəni diqqətinizə çatdırırıq: - Bakı deklarasiyasını imzalamaq qərarını necə verdiniz və onun barəsində nə bilirsiniz? - Əvvəlcə Bakı platforması barədə KİV-də dərc olunanlardan öyrəndim, səhv etmirəmsə, bir aya yaxın bundan əvvəl olmuşdu, sonra bu barədə ukraynalılar və ermənilər danışmağa başladı. Onun ideyaları məni dərhal cəlb etdi, yalnız ona görə yox ki, erməniyəm və hər zaman fəal vətəndaşlıq mövqeyim olub, həm də ona görə ki, atam Şuşada anadan olub böyüyüb və mən erkən uşaqlıq dövründən onun Dağlıq Qarabağdakı vəziyyətlə bağlı narahatlığını xatırlayıram. Buna görə də, həddən çox uzanmış və fikrimcə, tamamilə mənasız münaqişənin başlanmasından sonra ilk dəfə barışığa real addımların atılmasını öyrənəndə çox sevindim. Məhz buna görə “Ermənistan və Azərbaycan arasında sülh platforması”na qoşulmaqla bağlı Bakı deklarasiyasına milliyyətindən asılı olmadan bütün xoş niyyətli insanların, ilk növbədə isə, münaqişə tərəflərinin vətəndaşlarının qoşulması çağırışına cavab verdim. Hər zaman möhkəm dostluq əlaqələrinin bağladığı iki xalqın barışdırılması işində mənim də əməyimin olacağına ümid edirəm və inanıram ki, bu dostluq tezliklə yenidən bərpa olunacaq. Mən Qafqazda ermənilərlə azərbaycanlıların sülh və barışını nəzərdə tuturam, çünki Qafqazdan kənarda aranızda düşmənlik heç vaxt olmayıb. Məsələn. yaşadığım Ukraynada mənim həm erməni. Həm də azərbaycanlı çoxlu dostlarım var. Azərbaycanlı fəallar bizimlə çiyin-çiyinə Maydanda mübarizə aparıblar. Bundan başqa, bir çox azərbaycanlılar dostumuz, Kiyev hadisələrində həlak olmuş Sergey Niqoyanın xatirəsinə həsr olunmuş yürüşdə iştirak ediblər. - Maydanı xatırladınız, amma son bir neçə ildə Ermənistanda da Maydan proqnozlaşdırılsa da, o baş vermədi. Sizcə, nəyə görə vətənimizdə Sarkisyanın qeyri-legitim hakimiyyəti belə möhkəm dura bilib? - Doğrudan da, belə proqnozlar çox olub, hətta il yarım bundan əvvəl erməni xalqı kommunal xidmətlərin qiymətlərinin həddən çox qaldırılmasına qarşı üsyan etmişdi. Bu il isə Ukraynada Yerevanda baş verənlərdən danışırdılar. Polis alayının zəbtini nəzərdə tuturam. Lakin inqilab baş vermədi və bu, belə desək, hakimiyyətin “nailiyyəti”dir. Təəssüf ki, “Elektromaydan” vaxtı da, bu il də üsyana qalxmış xalq hakimiyyətin özünün yetişdirdiyi əldəqayırma müxalifətçilərin manipulyasiyalarına uydu. Ümumiyyətlə, Ermənistanda, anladığım qədəri ilə, bu cür təxribatçıların hakimiyyətin nəzarət etmədiyi istənilən proseslərə müdaxiləsinin özünəməxsus sxemi hazırlanıb.  Hələlik bu sxem səhvsiz işləyir. - Bəs bununla necə mübarizə aparmalı? - Bu çox çətindir, faktiki olaraq, qeyri-mümkündür. Ukraynada bu mümkün oldu, lakin burada vəziyyət tam başqa idi. Biz Avropanın və ABŞ-ın dəstəyini hiss edirdik. Lustrasiya Maydanın nəticələrindən biri oldu. Ermənistana da məhz lüstrasiya lazımdır, lakin təbiidir ki, ölkənin özündə buna nail olmaq heç kəsə nəsib olmayacaq. Aydın məsələdir – hakimiyyət imkan verməyəcək. Bunu xaricdən, diaspordan etməlidirlər. Yeri gəlmişkən, bilirəm ki, son zamanlar erməni diasporu Sarkisyan rejimi ilə mübarizədə fəallaşıb və bu sevindirir. Təəssüf ki, bu mənada Ukrayna erməniləri arasında belə bir tendensiya yoxdur, lakin inanıram ki, zamanla Ukraynada da vətənimizin naminə proseslərə təsir etmək gücü olan cəmiyyət formalaşacaq. - Sonuncu dəfə nə vaxt Ermənistanda olmuşunuz və oradakı vəziyyətlə bağlı təəssüratlarınız necədir? - İki il əvvəl Yerevana getmişdim, buna qədər də ailəmlə orada olmuşdum. Leninakanda (Gümridə - red.) də olmuşam, anam əslən oradandır. Təəssüratlara gəlincə... Ağrılıdır, çox ağrılıdır və təəssüfvericidir ki, SSRİ zamanında tanıdığım çiçəklənən, firavan ölkəni bu cür yoxsul vəziyyətə gətirib çıxarıblar. Yerevanda gördüklərim rəngarəng, qəşəng hava şarına bənzəyirdi. Bu şarın cəlbediciliyi yalnız şəhərin mərkəzinə aiddir. Bu hissədə normal, ləyaqətli həyat izləri var. Lakin mərkəzdən azca uzaqlaşdıqda, yaxud da paytaxtdan çıxdıqda, bu şar dərhal partlayır və anlayırsan – klublar, mehmanxanalar yalnız gözəl giriş qapısıdır və gəlmələrin gözünə kül üfürmək üçündür. Anamın rəfiqəsi, səhv etmirəmsə, Yerevanın Çarbax adlanan rayonunda yaşayır. Orada gördüyüm dağıntını və kasıblığı dillə demək mümkün deyil. Elə təəssürat oyanırdı ki. hansısa əsir düşərgəsinə düşmüşəm. Leninakandakılar isə qorxu filmini xatırladır – bu qədər evsiz-eşiksiz və vaqonlarda yaşayanlar barədə mən heç bir yerdə nə eşitmişdim, nə də görmüşdüm. Elə oradaca məmurları və hansısa imkanlıları gördüm ki, bahalı maşınlarda gəzirlər, özlərinə elə malikanələr tikiblər ki, 50 milyonluq əhalisi olan Ukraynada belələrinə rast gəlməzsən. Aydın məsələdir ki, erməni oliqarxları xalqın hesabına varlanıblar. Buna görə də, ölkədə total yoxsuluq hökm sürür. - Qarabağ münaqişəsinə qayıdaq. Fikrinizcə, bu münaqişə nə vaxt və əsas da necə bitəcək? - Bilirsiniz, atamın Şuşada xeyli dostu qalıb, burada mən bir neçə il öncə Stepanakertdən (Xankəndindən – red.) gəlmiş bir oğlanla dostluq edirəm. Buna görə də, bilirəm ki, orada vəziyyət hətta Ermənistanda olduğundan da bərbaddır. Ermənilər oradan qaçır. Ona görə yox ki. müharibənin bir addımında yaşayırlar, ona görə ki, yaşamaq mümkün deyil. Stepanakertli oğlan, misal üçün, deyir ki, orada iş tapmaq qətiyyən mümkün deyil. Hətta adicə yükdaşıyan, fəhlə kimi də işə düzəlmək olmur. Aydın məsələdir ki, bunun səbəbi bu münaqişədir. Onun həlli üçün, ilk növbədə, mənbəyini tapmaq lazımdır – necə yaranıb, kim yaradıb. Axı bu, SSRİ-nin dağilmasi ilə eyni vaxtda olub. Buna görə də, düşünürəm ki, qarşıdurmanı yalnız iki xalqın iradəsi yox edə bilər. Vasitəçilərdən əl çəkmək və özləri danışıqlar masasına oturmağa cəhd etməlidirlər. İndi siz bunu QHT və ya vətəndaş sektoru səviyyəsində edirsiniz, mən isə dövlət başçılarından danışıram. Əlbəttə, anlayıram ki, sahibləri Sarkisyana belə addım atmağa imkanı çətin versinlər, lakin dünya yalnız onun üzərində qurulmayıb və görürəm ki, onun axırına çox qalmayıb. Ümid edirəm ki, onun yerinə gələn Sarkisyan kimi Kremlin əlində oyuncaq olmayacaq və yalnız bu halda Qarabağ münaqişəsində normal və sürətli həll mümkündür. Məlum olduğu kimi, Ermənistanın nəzarətinə keçmiş torpaqların əksəriyyəti artıq neçə illərdir ki, boşdur. Ermənilərin onları qaldırmağa, orada nəsə tikməyə, yaratmağa nə gücü, nə də arzusu var. Maraqlı sual ortaya çıxır – bəs nəyə görə həmin torpaqları bu cür qoruyub, hələ əsgərləri də qurban verirsiniz? - Yeni il ərəfəsində ermənilərə nə arzu edərdiniz? - Fikir vermişəm ki, Yerevanda olan ermənilərin, yaxud oradan bura gəlmişlərin üzündə həmişə qüssə olur. Onlar gülümsəmir. Hətta işləyəndə də, kafedə dincələndə də gözlərində kədər var. Səmimi qəlbdən arzu edirəm ki, nəhayət, ermənilərin üzlərində təbəssüm yaransın. - Bu cür cəsarətli addım atdığınız və sülhməramlı platformaya qoşulduğunuz üçün təşəkkür edirik. Vahan Martirosyan Virtualaz.org

17 Dekabr 2016 2:26

“Aprel müharibəsi İsrailin qardaş ölkənin arxasında olduğunu göstərdi”

aprel

  “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut Publika.az-a müsahibəsində İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərini şərh edib Faktinfo.az həmin müsahibəni təqdim edir: - Bu səfər ikitərəfli münasibətlərə necə təsir edəcək? - İsrailin Baş nazirinin Azərbaycana səfərini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu səfərlə ikitərəfli münasibətlərdə yeni səhifə açılacaq. Bundan sonra siyasi, hərbi-texniki əməkdaşlıq, həmçinin, iqtisadi əlaqələr daha da güclənəcək. Aprel müharibəsi Azərbaycanın dostunun kim, düşməninin kim olduğunu göstərdi. Sirr deyil ki, Azərbaycan-İsrail arasında hərbi-texniki əlaqələr yüksək səviyyədədir və bu əlaqələr bundan sonra da davam edəcək. - Amerikada Donald Tramp prezident seçildi. O, İranla nüvə proqramının ləğv olunmasını istəyir. Bunun fonunda İranın Ermənistanla əlaqələri göz qabağındadır. Necə hesab edirsiniz, İsrailin Baş nazirinin Bakıya səfəri regionda siyasi prosesləri hansı məcraya yönəldəcək? - Azərbaycan-İsrail əlaqələri heç vaxt üçüncü ölkəyə qarşı yönəlməyib. İkitərəfli münasibətlərin başında çox yaxşı siyasi dialoq dayanır. Həmçinin, güclü iqtisadi əlaqələr mövcuddur. Eyni zamanda, iki ölkə arasında hərbi əməkdaşlığın inkişafı da yüksək qiymətləndirilməlidir. İranla bağlı isə hər şey aydındır. Misal üçün, Netanyahunun Azərbaycana səfərindən sonra İran prezidenti Ermənistana səfər edəcək. Bunun özü Azərbaycanın dostunun kim olduğunu sübut edir. Donald Trampın prezident seçilməsinə gəlincə, deyə bilərəm ki, bu, həm İsrail, həm də Azərbaycan üçün önəmlidir. Çünki bu günə qədər ABŞ administrasiyası nə Yaxın Şərqdə, nə də Cənubi Qafqazdakı hadisələri düzgün qiymətləndirirdi. Tramp İsrail dövlətinin və yəhudi xalqının böyük dostudur. Bunu hər zaman söyləyir. İnanıram ki, Tramp İsrail-Azərbaycan münasibətlərinin inkişafında da böyük rol oynayacaq. Eyni zamanda, qeyd edim ki, ABŞ-da güclü yəhudi lobbisi fəaliyyət göstərir. Son dövrlər Azərbaycanla yəhudi diasporunun sıx əməkdaşlığı mövcuddur. Bu ilin 12 sentyabr tarixində Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder Bakıya səfər etmişdi. Azərbaycan Prezidenti ilə yüksək səviyyəli görüşlər oldu. Netanyahunun səfərindən sonra da bu əlaqələr inkişaf edəcək. - İki ölkə arasında iqtisadi əlaqələri necə qiymətləndirirsiniz? - İqtisadi əlaqələr inkişaf edir. Həmçinin, İsrail Azərbaycana iqtisadi baxımdan çox yardım edə bilər. Həm kənd təsərrüfatı, həm səhiyyə, həm də digər sahələrdə İsrailin innovativ işləri Azərbaycanda da tətbiq oluna və bəhrəsini verə bilər. - Səfər çərçivəsində Fələstin-İsrail, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi də gözləniləndir. İki lider münaqişələrin həllinə hansı töhfələri verə bilər? - Aydındır ki, liderlər həm Dağlıq Qarabağ, həm də Fələstin-İsrail münaqişələrini müzakirə edəcəklər. Onu deyə bilərəm xki, İsrail hər zaman Azərbaycanın yanındadır, onun ərazi bütövlüyünü tanıyır və bunu ən yüksək səviyyədə bildirir. Aprel müharibəsi də İsrailin qardaş ölkənin arxasında olduğunu göstərdi. Məhz buna görə, Ermənistanda anti-İsrail isteriyası yaranıb. Lakin buna baxmayaraq, İsrail-Azərbaycan münasibətləri inkişaf edir. Yəhudi lobbisi də Azərbaycanla bağlı məsələlərdə İsrailə dəstək verdiyi kimi dəstək verir. - Azərbaycan Fələstin-İsrail, İsrail də Qarabağ münaqişəsinin həllində hansısa rol oynaya bilərmi? - Bu bir qədər çətin məsələdir. İsrailin Qarabağ münaqişəsinin həllində nəsə edə biləcəyi çətin olduğu kimi, Azərbaycanın da Fələstin-İsrail münaqişəsində nəsə etməsi çətindir. Fələstin-İsrail münaqişəsi bu günün yox, 60-70 ilin münaqişəsidir. Azərbaycan bu regiona yaxın olsa da, təsir imkanları yoxdur. Hesab edirəm ki, Azərbaycan-İsrail münasibətlərinin özünün inkişafı hər iki ölkənin problemlərinin həllinə gətirib çıxara bilər.

13 Dekabr 2016 6:52

Emma Ələkbərzadə: “Əslində, ərim bacımın pərəstişkarıydı…” – MÜSAHİBƏ

ema

Aile.lent.az-ın suallarını müğənni Emma Ələkbərzadə cavablandırıb. - Çoxdandır müsahibə vermirsiniz. Niyə mətbuatdan uzaqlaşmısınız? - Az görünüm, amma hörmətlə görünüm. Belə daha hörmətli olursan. - Sosial şəbəkələrdən görürük ki, oğlunuzla daha çox vaxt keçirirsiniz. - Elədir. David artıq 1 yaş 6 aylıqdır. Çox dəcəldir. Amma hər şeyi anlayır. Özünü böyük uşaq kimi aparır. Qız uşaqları ilə heç arası yoxdur. Ona böyük oğlanlarla, kişilərlə daha maraqlıdır. Səhər gözünü açan kimi birinci “Ema, Emil” deyir. Görür ki, əsəbiyəm “mama” deyə çağırır. Sevanın (Sevda Ələkbərzadə) adını çəkə bilmir, ona “Meya” deyir. Özü də uzadaraq, “Mmmmeya”. Çox gözəl eşitmə qabiliyyəti var, mahnıları duyur. Seva musiqiyə qoymağımızı istəyir. Deyirəm ki, gündə 8 saat qamma çalmaq yolunu mən keçmişəm. Əgər istedadı varsa, özü musiqi ilə məşğul olacaq, yoxdursa, lazım deyil. - Hamiləlikdə qadınlar artıq çəki alır. Sonra ondan xilas olmaq bir az çətin olur. Amma siz tez bir zamanda əvvəlki çəkinizə qayıtdınız. Bunun öhdəsindən necə gəldiniz? - Hamilə olduğumu biləndə 48 kilo idim. Son 3 ay şişkinlik yarandı. Doğuşa girməzdən əvvəl 85 kiloqram idim. Ancaq baxanda bu çəkini vermək olmazdı. Davidi dünyaya gətirəndən sonra 1 il 3 aya əvvəlki çəkimə qayıtdım. Yəni tədricən. Oğluma ana südü vermirdim deyə asanlıqla  pəhriz saxladım. İndi artıq normal qidalanıram. Həm də mədəm o qədər balacalaşıb ki, istəsəm də, normadan artıq yeyə bilmirəm. İdman etmirəm. Çünki idmanı dayandıranda əvvəlki çəkiyə qayıdırsan. Mənim idmanım Daviddir, baxmayaraq ki, dayəsi var. David elə bil cırcıramadır. Dayəmiz yad insan deyil, rəfiqəmin anasıdır. Hətta Rəhilə xala da Davidin əlindən arıqlayıb. Kök xanım idi, bizə gəldi arıqladı. Seva demişkən, bizim evə gələn hamı arıqlayır. - Çoxları artıq çəkidən azad olduqdan sonra ideal çəkini saxlaya bilmir. Bir müddət sonra yenə həmin artıq çəki yığılır. Amma siz bir dəfə arıqladınız və uzun illərdir ki, ideal çəkinizi qoruyub saxlayırsınız. - Öz günahlarıdır. Elə bilirlər ki, ideal çəkiyə çatdılarsa, daha kökəlməyəcəklər. Amma unutmaq olmaz ki, insan yaşa dolduqca köklüyə doğru gedir. Mənim 43 yaşım var. Ona görə çalışıram ki, öz çəkimi saxlayım. Sadəcə normal qidalanıram. Heç nədən imtina etməmişəm, az-az yeyirəm. Ürəyim qızardılmış ət istəyirsə, mən onu yeyəcəm. Heç vaxt ürəyim istəyən yeməyə “yox” demərəm. Birinci dəfə arıqlayanda hər şeydən imtina etmişdim. Amma bu da düzgün deyil. Dietoloqlar pəhriz yazanda siyahıya toyuq, ət, süd salırlar. İranda dietoloqlar mütləq kərə yağı əlavə edirlər. Mən anadangəlmə kərə yağı yeməmişəm, sevmirəm. Amma həyat yoldaşım kərə yağında kartof qızardır, Davidə verirəm. Çünki o yeməlidir. Mən də dadına baxarım, çünki adam ondan yeməsə şişər (gülür). - Ümumiyyətlə, imtina etdiyiniz qida var? - Heç vaxt xaş yemirəm. Acığım gəlir. Quyruq, piy, qoyun əti də sevmirəm. Qoyun ətini yalnız Qurban bayramında yeyərəm. Bizim ailədə, ümumiyyətlə, qoyun əti istifadə edilmir. - Özünüzün mətbəxlə aranız necədir? - Heç aram yoxdur. Mətbəxdə həyat yoldaşım mənə kömək edir. Çünki özü elə şef-aşpazdır. Onun əl qabiliyyətinə söz ola bilməz. Təbii ki, mən ona çata bilmərəm. Emil işdə olanda Davidə, Sevaya mən yemək hazırlayıram. Davidə nə bişirsəm, Sevda da yeyir. Çünki Davidə bişirilən qidalar sağlam olur, piydə, quyruqda bişirilmir. Amma soğan kərə yağında qovrulur. Şirniyyat sevirik, ürəyimiz istəyəndə Emil məmnuniyyətlə hazırlayır. - Əlinizin duzunu bəyənir? - Deyilənlərə görə, pis alınmır. Amma deyim ki, plov dəmləyim, yarpaq, kələm dolması büküm, yox, bacarmıram. Yalnız toyuq, ət supu, bozbaş, qarabaşaq, kartof qızartması hazırlaya bilərəm. - Həyat yoldaşınız yemək hazırlayarkən sizin zövqünüzü, pəhrizinizi nəzərə alırmı? - Emil mənim nə xoşlayıb-nə xoşlamadığımı bilir. Amma bəzən istədiklərimi deyirəm. Məsələn, xahiş etmişəm ki, yeni ilə sobaya toyuq qoysun, yanında kartof, “Olivye” salatı hazırlasın, amma mayonezsiz, xama ilə. Çünki mən ilk növbədə oğlumuzu fikirləşirəm ki, ona mayonez verməyək. Salatların isə tamına baxır. Çünki həm xeyirlidir, həm də ağzının dadı olsun. Davidin ağzının dadı şükür, pis deyil. - Emma xanım, Azərbaycan mentalitetinə görə gec yaşda ailə qurdunuz. Amma yəqin ki, bu yaşa qədər evlilik təklif edən olmuşdu. - Əlbəttə, evlilik təklifi olmuşdu. Amma ailə qurmağım öz seçimim idi. 39 yaşımda ailə qurdum. Sevindiricidir ki, bu cür fikirlər bir az arxada qalıb. Artıq müasir xanımlar ali təhsil almaq, karyera qurmaq, öz ayaqları üzərində durmaq istəyir. - Amma çox zaman ailə, ətraf qıza ailə qurmaq yaşının keçdiyini deyir. Bir növ yaxşı mənada xanımlara təzyiq edilir, “ailə qurmaq vaxtındır, niyə ərə getmirsən?” deyirlər. - Bizim ailədə heç vaxt belə təzyiq olmayıb. Sən 20 yaşında ailə qurmaq istəyə bilərsən, amma Allah məsləhət görmürsə, alınmayacaq. Hər şeyin öz vaxtı, zamanı var. Zamanı gəldikdə bu olmalıdır. - Gec yaşda ana oldunuz. Bunun müsbət və mənfi tərəfləri nədir? - Hər yaşın öz gözəlliyi var, necə ki, hər fəslin öz gözəlliyi var. Əgər mən gec yaşda ana olmuşamsa, bunu Allah belə istəyib, məndən asılı deyildi. Yəqin Allah ömrümü də uzadar ki, övladımı ayağa qaldırım, böyüdüm, məktəbə yola salım, ali təhsil verim, evləndirim, evimə gəlin gətirim. İnsan istər-istəməz qocalır. Gec-tez onsuz da bu dünyanı hamı tərk edəcək. Amma hər zaman Allaha yalvarıram ki, əgər sən mənə 41 yaşımda övlad vermisənsə, ömrümü də uzat ki, onu doyunca görüm, yetərincə diqqət yetirim. - Bəs həyat yoldaşınızla necə tanış oldunuz? - Əslində Emil özü də yaradıcı insandır. Kulinariya da bir sənətkarlıq, yaradıcılıqdır. Biz sosial şəbəkədə, “facebook”da tanış olduq, 4-5 ay danışdıq. Mən onda Amerikada idim. Oradan gələndən sonra görüşdük. - Emil bəy sizin fanatınız olub? - Yox,əslində Sevdanın pərəstişkarı olub. - Evlilik təklifini çox düşündünüzmü? - Mən Emilin ağ saçlarına vuruldum. Çünki ağ saçların aşiqi, xəstəsiyəm. Bir də mənə “stake” qonaqlığı söz vermişdi. Artıq 4 ildir evliyik, hələ də “stake” yoxdur (gülür). Düzdür, restorana dəvət edəndə dostları mənim üçün hazırlayır. Amma öz əlindən hələ yeməmişəm. Yəqin ki, 20 il də gözləyəcəm, Davidin toyuna hazırlayar. David heç birimizə oxşamır. Çox sarışındır. Mən uşaqlıqda ağbəniz olmuşam, amma gözüm-qaşım qara olub, həm də arıq idim. Balaca da yanaqlarım vardı. Sonradan anam və nənəm məni kökəltdi. İndi də mən Davidə “ye, mama, qurban” deyirəm. David boyuna verir. O qədər qaçır ki, bilinmir yeməyi hara gedir. Uşaqla həyat çox maraqlıdır. Bütün həyat hələ irəlidədir, onun bağçası, məktəbi var. Ona da səbr və ömür, cansağlığı lazımdır. Bunlar insan üçün önəmlidir. Bu yerdə həyat yoldaşı Emil bəy də söhbətə qoşulur: - “Tənhayam” mahnısı çıxanda çox bəyənmişdim, hər gün dinləyirdim. Avtobuslarda eşidirdim. O vaxt internet indiki kimi populyar deyildi. Mahnını axtarırdım, satıcılardan soruşurdum ki, bu mahnını kim oxuyur. Çox adam da bilmirdi, deyirdilər tanımırıq, eşitməmişik. Bir neçə il əvvəl saytların birində Emmanın müsahibəsinə rast gəldim. Şəklə baxdım gözlərimə inanmadım. Emma çox arıqlamışdı. Dedim ola bilməz bu qədər arıqlaya. Müsahibəni oxudum. Deyirdi “facebook”da dostluq yollayırlar, sonra axmaqlıq edirlər. Həmin an mən də “facebook”da qeydiyyatdan keçdim və Emmaya dostluq yolladım. Məktub yazdım, əhval-ruhiyyəsini qaldırmaq istədim. Yazdım ki, “elə adamlara fikir verməyin, hər cür adamlar var. Şəklinizi görəndə siz olduğunuza inanmadım. Çox dəyişmisiniz”. Üstündən iki həftə keçmişdi. Gördüm cavab gəldi. Təşəkkür edirdi. Öz-özümə təəccübləndim ki, “aaa insanlarla danışırmış”. Axı o vaxt belə stereotiplər vardı, deyirdilər müğənnilərə, tanınmış insanlara yaxın durmaq olmaz, çox göylə gedən adamlardır. Yenə bir məktub yazdım. 3 gündən sonra cavab gəldi. Yenə yazdım və həmin dəqiqə cavab verdi. Beləcə, danışmağa başladıq. Nə işlə məşğul olduğumla maraqlandı. Kulinar olduğumu dedim. O da yeməkləri çox sevdiyini dedi, əsas da “stake”i. Mən də onu “stake” yeməyə dəvət etdim. Üstündən 2 ay keçdi. Bir də baxdım ki, Amerikadadır. 2 aydan sonra qayıtdı. Mən də ona yazdım, “stake” qonaqlığını yadına saldım. Soruşdu ki, kiminlə gəlim? Cavab verdim ki, mənimlə. Razılaşdı. Görüşdük. - Aranızda sevgi necə yarandı? - İlk dəfə bir-birimizə baxanda hiss etdik ki, nəsə var. Sonra da başladıq yavaş-yavaş görüşməyə. Əvvəlcə dost kimi danışıb, görüşürdük. Ümumi dostlarımız vardı, onlara qonaq gedirdik. Bir-birimizi dost kimi təqdim edirdik. Sonra sevgi yarandı. - Evlənmə təklifini necə etdiniz? - Təklif demək olmaz buna. Hər şey evliliyə doğru gedirdi. Evlənəcəyimizi artıq bilirdik. Söhbət edirdik ki,evləndikdən sonra necə olacaq, necə yaşayacağıq. Amma evlilik təklif etmədim. - Bəs ilk dəfə sevgisini kim etiraf etdi? - Mən təbii ki. Artıq hiss edirdim ki, onun üçün darıxıram. Qısqanırdım. - Tanınmış insanla, müğənni ilə ailə qurmaq sizə çətin gəlmədi? - İlk görüşdə onun arxasınca gəlib restorana apardım. Ona “Emma xanım” deyə müraciət edirdim. Yarım saat sonra dedi “bəsdir mənə Emma xanım dedin. Məni qocaltma”. Səhər saat 4-dək söhbət etdik. Uşaqlığından, səhnəyə gəlməsindən, həyatından danışdı, etiraflar etdi. Bu səmimiyyəti məni heyrətləndirdi. Aylarla yazışmışdıq. Şəkillərimizi görmüşdük. Amma ilk görüşdə bu qədər səmimiyyət, qarşındakına inanıb, etibar etmək məni təsirləndirdi. Həmin anda məndə şou biznes adamları haqqında stereotiplər qırıldı. Gördüm ki, onlar da sadə insanlardır. Bu, mənim çox xoşuma gəldi. Sonra ailə üzvləri ilə tanış oldum. Yavaş-yavaş yaxınlaşdıq. - Xüsusən də məşhur xanımlar haqqında fikirlər birmənalı olmur... - Gizlətmirəm, məndə də belə fikirlər olub. Amma Emma və Seva haqqında pis şey fikirləşməmişdim, nə də eşitmişdim. Qulağıma bu bacılar barədə heç bir mənfi söz gəlib çatmamışdı. Qalmaqallarını da eşitməmişdim. Və bu, məni bir az da cəlb etdi. - Araşdırma apardınız? - Yox. Bu, mənim seçimim idi. Nəyi araşdırardım. Bunlar məndən uzaq davranışlardır. - Emma xanım, necə bildiniz ki, Emil bəyə inanmaq olar? - Hiss etdim. Hər şeyi onun üzündən oxudum. - Necə qərara gəldiniz ki, o, sizə yaxşı həyat yoldaşı olacaq? - Aylar keçdi. Tanıdıqca gördüm onunla ünsiyyət qurmaq, dil tapmaq mümkündür. Beləcə, qərarımı qətiləşdirdim. - Azad ruhlu xanım həyat yoldaşının qadağalarından qorxmadı? - Yox. Ümumiyyətlə, bir-birimizə heç bir qadağamız yoxdur. İndi də Emilə desəm ki, gələn həftə harasa gedirəm heç nə deməz. - Yenidən uşaq planlaşdırırsınız? - Xeyr. Birini verən Allaha qurban olum. Amma gələcəyi bilmək olmaz. Qismət...  

12 Dekabr 2016 2:03

“Prezidentin hər şeydən xəbəri var” -Yəhudi əsilli deputatdan ilginc açıqlamalar

eee

Yevda Abramovun Milli Məclisdəki büdcə müzakirələrində hökumətin tənqidinə yönəlik sərt çıxışı xeyli müzakirələrə səbəb olub. Onun çıxışında dolların “qara bazar”ı ilə bağlı məqam da vardı. Deputatla müsahibəmizdə ilk olaraq bu barədə soruşduq: - Yevda müəllim, sizin çıxışınızdan sonra Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırıldı. Demək olarmı ki, bu, sizin çıxışınıza hökumətin reaksiyasıdır?  - Vallah mən deyə bilmərəm. Hökumət nə edibsə, sağ olsun. Mən Azərbaycan xalqının, prezidentin heyranıyam. Harada olsam, mənim üçün bu xalqdan, bu millətdən, bu respublikadan, bu prezidentdən üstün heç kim, heç nə yoxdur. Mən tək adamam. Bunlar başa düşə bilmirlər... Mənim bundan sonra nazir olmaq fikrim yoxdur. Bu vəzifədən pensiyaya çıxıb gedəcəyəm balalarımın yanına. Ona görə istəyirəm ki, parlamentdəki illərim hədər getməsin, nə isə edə bilim. Məni partiya bura gətiribsə, cənab prezident etimad göstəribsə, gəlib elə-belə burada otura bilmərəm. Mən xalqın dərdini o salona gətirməliyəm. Sadə həyatımı yaşayıram, heç nədə gözüm yoxdur. Amma mənim bu xalqa yazığım gəlir. Mən ay yarımdır rayonda qazla, işıqla məşğul oluram, qaynaqçı ilə bir yerdə işləyirəm. Nələrdən danışım, problemlər çoxdur... Ordan-burdan, iş adamlarından boru alıram. Köhnəlmiş, sovet dövründə çəkilmiş boruları dəyişirəm. İş adamlarını bu işlərə cəlb eləyirəm. Cənab prezident yüzlərlə qonaq göndərir, Allah canını sağ eləsin. Bütün xarici qonaqlar Qubaya gəlir. Soyqırım Muzeyinin də işığı yanmır... - Parlamentdə də bu barədə dediniz. Niyə söndürüblər işığı? - Yoxdur da, işıq. Pul tapa bilmirlər ki, borcu ödəsinlər. - Nə qədər borc yığılıb?  - Vallah bunu dəqiq icra başçı bilir. Gedir Prezident Administrasiyasına, xahiş edir, düzəlmir ki, düzəlmir. Gənclər Meydanıdır, başçıya deyirəm ki, bunu Gənclər və İdman Nazirliyi öhdəsinə götürsün. Heyfdir bu binalar, tikilib qalıb. Yəqin oturub danışacaqlar, bir əncam çəkəcəklər. Axı belə olmaz, bu iki binanın işığı olmalıdır, kimlərsə ona yiyə durmalıdır. Bu muzey yerin altındadır, oranı işıqsız saxlamaq olmaz. Bunlar elə bilir ki, mən bunu populizm kimi deyirəm, ya mənə imic üçün lazımdır. Mən 70 yaşa gəlib çatmışam. Bundan sonra kiminsə məni tərifləməsinin əhəmiyyəti yoxdur. Üzünə demirəm, Elşad, inan ki, çox jurnalistlərdən uzaq olmağa çalışıram, telefonları açmıram. Amma sənə danışıram, bilirəm ki, olduğu kimi yazırsan. Görürsən bəziləri yalan yazırlar, kontekstdən çıxarırlar, sözlərimi qırıq-qırıq verirlər. Televiziyada çıxışına baxırsan, görürsən ki, məruzənin mayası çıxarılıb, mətn dəyişib, tamaşaçı, ya oxucu sənin fikrini tuta bilmir. Axı mən də vaxtilə jurnalistika ilə məşğul olmuşam. Mənim belələrinə sözüm odur ki, dediyimi ya tam yazın, ya heç yazmayın! Eybi yoxdur, mənə “qoyunların çobanı” deyirlər, mən bundan incimirəm, bütün peyğəmbərlər çobanlıqdan gəliblər. Mən gedib həmin adamı məhkəməyə verən deyiləm ki, yazıb da... - Yevda müəllim, xoş sözlərə görə sağ olun. Amma deyim ki, parlamentdəki çıxışınız çox yerdə təqdir olundu. Tənqid etdiyiniz ünvanlardan necə, sizə qınaq, irad, inciklik mesajları gəldimi? - Yox, vallah. İnan Allaha, mənə heç kim deməyib ki, bunu niyə dedin, niyə demədin. Nə partiya sədri, nə katibi, nə də spiker... Mən sözümü demişəm. Orda mən cinayət işlətməmişəm, təhqir deməmişəm. Qubadan zəng edirlər ki, Yevda müəllim, 100 dollar almaq olmur, hamısını yığışdırıblar. - Büdcə müzakirələrində elektrik enerjisi və qazın bahalaşması ilə bağlı deputatların etirazları da nəzərə alınmadı...   “Mən kiminsə qoyun saxlamasının paxılı deyiləm”   - Nə deyək? Borcumuz xalqı narahat edən problemləri zala gətirmək, dövlətlə xalq arasında vasitəçi rolunu oynamaqdır, biz də onu edirik. İndi necə alınır, alınmır, bu, Azərbaycan reallığıdır, Azərbaycan dövlətidir, o da öz yorğanına görə ayağını uzadır. Nə bilim... Mən onu da gözləmirəm ki, nə deyiriksə, elə həmin gün yerinə yetirilməlidir. Mən sözümü dedim, xalq da sağ olsun, təşəkkürünü bildirir. Əslində mən bunu təşəkkür, ya imic qazanmaq üçün eləməmişəm. Həyatda nə qazanmışamsa, qazanmışam. Bütün vəzifələri görmüşəm, müəllimdən tutmuş millət vəkilliyinə qədər gəlmişəm. Necə işləyirəmsə, siz bilirsiniz, xalq bilir. Allahın qabağında da düzəm, prezidentimin, partiya sədrimin qabağında da tərtəmizəm. Məni tanıyan insanlar var. Elə mənə dərs deyən Yaqub Mahmudov deputatdır. Məni 1985-ci ildə müəllimlikdən İcraiyyə Komitəsinin sədri gətirən Arif Rəhimzadə zaldadır, birinci katib olub. Tələbə dostlarım bilir ki, mən institutu əla bitirmişəm. Mən burda necə danışıramsa, Strasburqda da, Konqresdə də, Senatda da o cür danışıram, deputatlar da görürlər. Çox kəskin danışıram. Mənim danışıq formam belədir.   - Belə fikir də var ki, Yevda Abramovun arxasında yəhudi lobbisi, İsrail dövləti dayandığı üçün belə açıq və cəsarətli danışa bilir... - (Möhkəm gülür) Lobbi deyəndə ki, dünyada azdan-çoxdan tanıyırlar. Hara gedirəm, öpüşürəm, qucaqlaşıram. Bütün dünyanın yəhudi parlamentarları ilə mənim dostluğum var. Əksəriyyəti ilə, lordlarla da... Amma mənim arxamda mənim partiyam, mənim prezidentim var. Əlbəttə, Azərbaycan, Qarabağ, Xocalı məsələsi naminə mən sizinlə razılaşıram. Düz deyirsiniz, bəli, mən bu fikirdən istifadə edirəm. Ermənilər də bunu bilirlər. Yəqin erməni saytlarında da oxumusunuz, bütün günü məni orda söyürlər.   - Quba həssas bölgələrdəndir. Oradakı problemlərin həlli ilə bağlı işlər görülürmü? - Axşam zəng elədilər ki, qara baxmayaraq, qaz idarəsinin bütün işçiləri işləyirlər, sağ olsunlar. Orda bir transformatorun qoyulması ilə bağlı da uşaqlara demişdim kömək eləsinlər. Onu da qururlar. Özüm həftədə 1-2 dəfə rayona gedib gəlirəm, həmişə seçicilərimin yanındayam. - Siz və həmkarlarınız təkliflər verdiniz, çıxışlarınız oldu. Necə bilirsiniz, hökumət dekabrın 16-da büdcə ilə bağlı parlamentin qərar verəcəyi iclasa nə ilə gələcək? - Bəlkə də büdcənin bəzi parametrlərində cüzi, kosmetik dəyişikliklər edə bilərlər. Ancaq mən əsaslı nə isə gözləmirəm. Bütün fikirlər səsləndirilib. Daha nə qalıb ki, nə ilə də gəlsin?   - Yevda müəllim, çıxışınızda qoyun sürülərindən danışdınız, amma sahibləri olan məmurların adını çəkmədiniz, bu da fərqli yozumlara səbəb oldu... - Azərbaycanda bir ağsaqqallıq institutu, ədəb-ərkan var. Hər halda, yəqin həmin insanlar evlərində bu barədə bir az fikirləşirlər. Mən kiminsə qoyun saxlamasının paxılı deyiləm.  Allaha and olsun! O sürülər lap min, milyon olsun. Mən onu istəyirəm ki, heç olmasa o ərazilərdən keçib qışlağa gedirlər, o bələdiyyələrə bir az kömək etsinlər. Keçən il də Qonaqkənd məsələsini hökumətin hesabatında qaldıranda həyəcan təbili çaldım. Heç olmasa həmin çıxışımdan sonra Qonaqkəndə getməliydilər, məsələlərə müdaxilə etməliydilər. Mən kiminsə qoyun saxlamasına paxıllıq edirəmmi? Ay tövbə! Mən çox ali bir seyid ailəsindənəm, bir Allah adamıyam. Mən deyirəm ki, insan varından, dövlətindən bir az da xalqına kömək etsin. Cənab prezident bu qədər iş görür, bu qədər islahatlar həyata keçirir, nə olar onun yanında olanda?! Nə olar onunla bu məsələlərdə həmrəy olanda?! Belə pis vaxtda öz vəsaitindən bir az xalq üçün xərcləyəndə nə olar?! Qoy bir-iki il orta səviyyədə yaşayaq, orta səviyyədən aşağı yaşayaq, amma xalqımız, dövlətimiz sağ olsun.   - Qoyun sürülərinin sahiblərindən danışmışkən, deməli, sürü sahibləri əraziləri də ələ keçiriblər, eləmi? - Təbii  ki. Orada qışlaqlar var. Yaxşı ki, cənab prezident bu məsələni duydu, istifadə olunmayan torpaqlarla bağlı qərar verdi. Sizə bir şey deyim: cənab prezidentin hər şeydən xəbəri var. Ona düzgün məlumat verilir, verilmir, özü bunu yoxlayır. O bütün xalqın ürəyindən xəbər verir. Qərardan sonra həmin torpaqlar da geri alındı. İndi orada böyük bir iş gedir, on minlərlə fındıq ağacı əkilir. Torpaqlar geri qaytarılır. Prezidentin qərarı budur ki, qeyri-neft məhsulları, kənd təsərrüfatı məhsulları ilə dünya bazarına çıxaq və ölkəmizə valyuta axınını təmin edək. Bu, çox doğru siyasətdir. Bilirsiniz ki, 12 maddədən ibarət iqtisadi inkişafın “Yol xəritəsi” də hazırlanıb. Yəqin ki, biz 2017-18-ci illərdə həmin “Yol xəritəsi” ilə gedəcəyik və bizi uğurlara aparacaq. Cənab prezidentin dediyi kimi, biz neft kapitalını insan kapitalına çeviririk. İnsan kapitalının da biliyini, savadını kənd təsərrüfatı sahəsinə yönəldəcəyik. Dünyanın bir sıra ölkələri var ki, nefti yoxdur, kənd təsərrüfatı ilə dolanır. Ölkə var nefti, qazı yoxdur, amma on ildir ki, dollarla milli valyutasının arasındakı tərəddüd 2-3 qəpikdir. 10 ildir! Bunlar necə bunu bacarırlar? Bax, bu təcrübəni öyrənmək lazımdır.   - İsrailin iş adamları Azərbaycana yatırım qoya bilərmi? - Burada İsrail iş adamlarının investisiyaları var. Azərbaycanda bir sıra tərəvəz məhsullarının, xüsusilə pomidor və xiyarın yetişdirilməsi İsrail mütəxəssislərinin köməyi və texnologiyası, onların layihələri ilə həyata keçirilir. İstixanalarda damcı ilə suvarma sistemi İsrail sistemidir.(musavat.com)

10 Dekabr 2016 2:37

Deputat Fazil Mustafa:”İstənilən an iqtisadi proseslər tam nəzarətdən çıxa və sosial gərginliyi artıra bilər” – MÜSAHİBƏ

fazil-esas

Birinci devalvasiyadan sonra ölkədə yaranan iqtisadi böhran dərinləşməkdə davam edir. Tarif Şurasının işıq və qazın qiymətinin artırılması ilə bağlı qərarından sonra vəziyyətin daha kritik həddə çatacağı gözlənilir. Təbii ki, iqtisadi gərginliyin siyasi arenaya da keçməsi mümkündür. Bu və ya digər məsələlərlə bağlı "Reytinq" qəzetinə müsahibə verən Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa hesab edir ki, ölkədə ciddi islahatlar aparılmasa, vəziyyət daha kritik ola bilər: – Ümumi götürdükdə hazırda Azərbaycandakı sabitlik başqa ölkələrlə müqayisədə fərqli müstəvidədir. Bu da müsbət tendensiyadır və Azərbaycanda ictimai asayişin kifayət qədər normal səviyyədə qorunduğunu göstərir. İndiki dövrdə dövlətlər üçün ən böyük təhlükə nə demokratiyanın azlığı, nə insan hüquq və azadlığının məhdudluğudur – ən əsas qarışıqlığın, xaosun olmamasıdır. Amma digər fakt odur ki, əhali müəyyən iqtisadi problemlərlə üz-üzə qalıb, iki devalvasiya şokunu yaşayıb, üstəlik, qiymətlərin artması əhalinin gəlirlərini aşağı endirib. Belə şəraitdə daha zəruri bir neçə istiqamət var ki, orada hər hansı qiymət artımı büdcənin sabitləşməsinə xidmət etməlidir. Digər tərəfdən, əhalinin də bu yükün altından qalxmasına şərait yaradılmalıdır. – Amma Tarif Şurasının qazın və işığın qiymətini qaldırması ilə bağlı qərarı bu istiqamətlərdən sayıla bilməz… – Bəli. Təəssüf ki, qazın və işığın bahalaşması büdcənin müəyyən dərəcədə artmasına xidmət edən addım kimi göstərilmir, ümid də edilmir ki, bununla büdcə məsələsi həll olunacaq. Çünki büdcədəki əsas problem israfçlıq və korrupsiyadır. Bunu ortadan qaldırmadan, əhalinin hesabına, onun sıxıntısı hesabına büdcəni doldurmaq yanlışdır, əksinə, bu addım vəziyyəti daha da kritikləşdirəcək. Çünki bu addımlar əhalinin yaşam standartlarını xeyli aşağı salacaq.Eləcə də, çörəklə bağlı məsələ aktualdır. Bu qərardan sonra çörək də bahalaşıb. Düzdür, qiyməti dəyişməyiblər, amma çəkisini azaldıblar. Əslində, belə bir vəziyyətdə bu addımlar daha ciddi müzakirə olunmalı və ondan sonra qərar verilməli idi. Məncə, Tarif Şurasının bu qərarı tam və ciddi şəkildə müzakirə olunmayıb. Bunun əhaliyə nə qədər zərbə vuracağı bir tərəfə, ən ciddisi odur ki, kənd təsərrüfatına böyük zərbə dəyəcək.Bildiyiniz kimi, istixanalarda və digər yerlərdə istehsal olunan məhsulların bir qismi ixracat potensiallıdır. İndi istehsal kütləvi şəkildə dayanacaq və bu sahədə sahibkarlığın inkişafını təmin etmək mümkün olmayacaq. Bax, əsas problem budur. Bu səbəbdən də bəzilərinin iddia etdiyi kimi, hansısa addımların sosial gərginliyi yumşaldacağını iddia etmək doğru olmazdı. Bu baxımdan, biz də narahatlığımızı ifadə etmişik. – Fazil bəy, deyirsiniz ki, əsas ölkədə qarışıqlığın, xaosun olmamasıdır. Necə düşünürsünüz, hazırki vəziyyət və gözlənilən iqtisadi təlatümlər ölkəni xaosa sürükləyə bilərmi? – Xaotik vəziyyətə sürükləməz. Amma burada söhbət ondan gedir ki, qarşıda ciddi bir proses durur – bizim valyuta məsələsi. Manatın məzənnəsinin düşməsinin qarşısı alınır, amma bu tədbirləri də bir müddət davam etdirmək olar. Əgər bu proses daha da dərinləşərsə, ölkədə sahibkarlıq tamamilə aradan qalxacaq. Dollar bahalaşdığından xaricdən mal almaq mümkün olmayacaq.Biz bu ərəfədə fürsətləri də qaçırmışıq. Qeyri-neft sektoru lazımi şəkildə inkişaf etdirilməyib. Regionlara o qədər vəsait qoyulub, amma regionların büdcədə gəlirlilik çəkisi minimuma bərabərdir. Bakıdan başqa rentbelli olan hansısa bölgə yoxdur.İdman kompleksləri, parklar vədigər obyektlər tikilib, amma bunların heç biri istehsal xarakterli müəssisələr deyil. Bu da yerlərdə işsizlik, insanların gəlir səviyyəsinin aşağı olmasına səbəb olub. Ona görə də indiki şərtlərdə manatın kursunun sabitləşməsi, yaxud real vəziyyətinə gətirilməsi baş vermədiyi halda, istənilən zaman iqtisadi proseslər tam nəzarətdən çıxa və sosial gərginliyi artıra bilər. – Hökumət nümayəndələri gələn ilin əvvəlində əmək haqlarının və pensiyaların 10-15 faiz artacağını bildirirlər, amma insanların xərcləri daha çox artıb. Bəs, gəlirlərlə xərclər arasında ciddi fərq yarananda necə olacaq? – Bu, bötövlükdə cəmiyyətə mənfi təsir göstərəcək. Çünki əmək haqqının 10-15 manat artırılması vəziyyətdən çıxış yolu deyil. Qiymətlər 50-100 faiz qalxır, amma əmək haqları 10-15 faiz. Belə olan təqdirdə vətəndaş infilyasiyanın altında əzilməli olur. Ona görə də daha fərqli yollar izlənilməlidir. Daha gəlirli hökumət modelinə keçmək lazımdır. Rentabelli olmayan sahələr dərhal özəlləşdirilməlidir ki, dövlət onun yükündən xilas olsun.Hesab edirəm ki, əsas çıxış yollarından biri bələdiyyə qurumlarının yenidən formalaşdırılmasıdır. Yenidən bələdiyyə seçkiləri keçirib müstəqil, özünüdolandıran bir sistemin formalaşmısını təmin etmək lazımdır. Çıxış yolu budur. Yəni, aşağıdan başlamaq lazımdır. Çünki yuxarıdan hansısa bir prosesi başlatmaq aşağdakı problemin həllinə təsir göstərmir. Bu istiqamətdə işlər görülsə, müəyyən şeyləri dəyişmək olar. – Son qiymət artımına münasibətdə bir daha sübut olundu ki, çətin durumlarda Milli Məclis xalqın yanında olmadı, xalqın maraqlarını müdafiə edə bilmədi… – Hesab etmirəm ki, Milli Məclisin səlahiyyətləri əvvəlki kimi böyükdür. Bir də ki, Milli Məclisin özünə də monoton qurum kimi baxmaq olmaz. Əhalinin problemlərini dilə gətirən müəyyən yanaşmalar var və biz də öz mövqeyimizi bildiririk.Onu da deyim ki, xalqın yanında olmaq anlayışını işlətmək doğru deyil. Reallıqların, obyektiv vəziyyətin yanında olmaq lazımdır. Bəlkə elə tələblər var ki, xalq tərəfindən irəli sürülür, amma lazımlı tələblər olmaya da bilər. Xalq dəstəkləyəcək deyə, populizm naminə xalqın istədiyi şəkildə danışmaq da doğru deyil. Ən vacib olanı məsələyə obyektiv münasibətdir. Mənim fikrimcə, bu, hakimiyyətin də marağına uyğun deyil. Biz xalqla dövlətin maraqlarını birlikdə düşünürüksə, məsələyə yanaşmamız da bu aspektdən olmalıdır. Hesab edirəm ki, vəziyyətin düzəlməsi üçün ciddi islahat xarakterli addımlar atılmalıdır. Bunlar olarsa, vəziyyət kökündən dəyişə bilər. – Fazil bəy, mən xatırlayıram, 10 ilə yaxındır ki, Sizinlə söhbətlərimizdə siyasi, sosail, iqtisadi islahatların aparılmasının labüdlüyünü vurğulayırsınız. Bu islahat söhbətini nə qədərə uzadacağıq? – Biz siyasətçiyik və siyasi irədəmizi, düşüncəmizi dilə gətirərək, proseslərin müəyyən dərəcədə dəyişməsini istəyirik. Amma dəyişiklikləri gerçəkləşdirən hökumətdir. Biz hökumətdə təmsil olunmuruq, hansısa real imkanlara sahib deyiliksə, nəyi dəyişə bilərik? Ona görə də bizimki deməkdir, təkliflərdir, arzulardır, fikirlərdir. Bu məsələdə də, məncə, narahat olmağa dəyməz. Bütün dünyada belədir, müxalifət fikrini deməlidir, hökumət də onu nəzərə alsa, xeyrinədir, almasa, ziyanınadır. Amma biz istəyirik ki, bunu daha tez nəzərə alsınlar və vəziyyət kökündən dəyişsin. – Bəlkə, deməyin yaxşı yolunu tapmırıq, elə ona görə də fikir verən yoxdur? – Yox, bundan artıq nə deyək? Mən Azərbaycan qrammatikasını, orfoqrafiyasını və digər üslub variantlarını az-çox bilirəm. Fikirlərimi kifayət qədər açıq ifadə edirəm. Hökumət eşitmirsə, bu, mənim problemim deyil. – Onda başqa bir sual. Hökumət deyilənləri eşitmir, yoxsa eşitmək istəmir? – Əslində eşidir. Sadəcə, addım atmaq həmişə problem olur. Tənbəlləşirlər, arxayın olurlar ki, elə bu cür də gedəcək. Sonda fəlakətli nəticə ortaya çıxanda hamı peşman olur ki, gərək filan vaxt bunu edəydik. Bütün bunlar azərbaycanlı psixologiyasında yer alan bir davranış formasıdır. Bunu dəyişmək lazımdır. Qarabağ da gedəndən sonra yeni yollar axtarırıq. Deyirik ki, o vaxt filan işi eləsəydik, yaxşı olardı və sair. Halbuki prosesin içində doğru fikirləri anlasaydıq, Qarabağı itirməzdik. – Bəs, dünya təcrübəsi nə göstərir? Bu cür davranan hökumətlərlə hansı dildə danışmaq lazımdır? Bəzi müxalifət qüvvələri sərt reaksiyaların verilməsini, kütləvi aksiyaların keçirilməsini təklif edirlər. Amma belə baxanda, müxalifət də çox zəifləyib. Belə olan halda, çıxış yolu nədir? – Müxalifətin zəiflədilməsi, özünün də zəifləməsi əslində, Azərbaycanın ziyanınadır. Ola bilsin ki, mövcud vəziyyət hakimiyyətin xeyrinədir, amma bu da heç kimi dinləməmək sindromu yaradır. Amma dinləmək lazımdır. Hazırda elə bir vəziyyət yaranıb ki, narazılığı təkcə müxalifət dilə gətirmir, hakimiyyətyönlü insanlar da prosesin yaxşı istiqamətə getmədiyini söyləyirlər. Odur ki, ölkədə ciddi islahatların vaxtı çatıb.

6 Dekabr 2016 9:57

Vahid Əhmədov:“2017-ci il Azərbaycan üçün ağır sınaq ili olacaq” – MÜSAHİBƏ

vahid

Büdcə müzakirələri ilə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Azadlıq radiosuna müsahibə verib. Faktinfo.az müsahibəni oxuculara təqdim edir: – Vahid müəllim, Milli Məclisin komitələrdəki toplantısında demisiniz ki, gələn il Azərbaycan üçün ağır il olacaq. Nəyi nəzərdə tutursunuz? Azərbaycan vətəndaşı daha çox harada, nədə hiss edəcək bu ağırlığı? – Hazırda Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi gedir və biz rəqəmlərə baxırıq. Son vaxtlar da dünyada neftin qiymətində ciddi artımın olmaması, Azərbaycanın dövlət büdcəsinin neftdən asılılığı və s. belə deməyə əsas verir… Düzdür, son vaxtlar müəyyən işlər görülüb. Qeyri-neft sektorundan gəlirlər 2017-ci ildə 11 faiz artmalıdır. Amma buna baxmayaraq, 2017-ci il Azərbaycan iqtisadiyyatı – həm qeyri-neft sektorunun inkişafı, həm də manatın məzənnəsi üçün sınaq ili olacaq. Bəzi islahatlara start verilib, amma, hələlik gəlir götürməkdən ötrü 2-3 il gözləməliyik. 2017-ci il Azərbaycan üçün ağır il olacaq. – Bu o deməkdirmi ki, gələn il ölkədə işsizlərin sayı artacaq, əhali sürətlə kasıblayacaq? – İşsizlərin sayının artmasıyla bağlı bizdə müzakirələr getdi. Cənab prezident tərəfindən yol xəritəsi də işlənib hazırlanıb. Orda istiqamətlər göstərilib. Kənd təsərrüfatının inkişafıyla bağlı müəyyən işlər gedir. Heç olmasa, kənd yerlərində insanların işlə təminatı mümkün olsa, kənddən şəhərə axının qarşısı alınar. Başqa sahələrə də diqqəti artırmaq lazımdır. Əsas məsələ 2017-ci ildə qeyri-neft sektorunun inkişafıdır. Bu problemi həll edə bilsək, neftdən asılılığı xeyli azalda bilərik. Bunun nəticəsində həm əlavə iş yerləri yaranacaq, həm də iqtisadiyyatda ciddi problem olmayacaq. Ona görə növbəti il sınaq ili olacaq. – Vahid müəllim, radiounun əməkdaşı tovuzlu bir fermerlə söhbət edərkən o bildirmişdi ki, 2016-cı ildə xeyli məhsul əkilib, ancaq ona alıcı tapılmayıb. Məsələn, o deyirdi ki, elə fermerlər var hektarla lobya əkiblər, ancaq qiymət ucuz olduğundan onu sahədən belə yığmayıblar. Bu sahədə bir plansızlıq var, kəndliyə bəzi güzəştlər, vədlər verilir, o da əkir-becərir, amma… Bəlkə bu yöndə addım atılmalıdır? – Bu faktlar bizdə də var. Hesab edirəm ki, 2017-ci ildə bu cür hallar olmamalıdır. Dövlət başçısının sərəncamı ilə fermerlərdən, sahibkarlardan məhsulu almaq üçün tədarüklə əlaqədar Məhdud Məsuliyyətli Cəmiyyət yaradılıb. O cəmiyyət indi formalaşmaqdadır. Yəqin, o qurum 2017-ci ildə əhalidən məhsulu alaraq ya xaricə çıxaracaq, ya daxildəki qurumlara satacaq. Yəni mənim məlumatıma görə, bu problem 2017-ci ildə həllini tapacaq. – Sahibkarların bir böyük problemi də gömrüklə bağlıdır. Düzdür, dövlət başçısının bu yöndə bəzi sərəncamları var, amma bu problemlərin aradan qaldırılmasına bəs edirmi? – Gömrüklə bağlı öncəki problemlər, demək olar, yoxdur. Amma orda bir problem qalır, əvvəl məsələlər başqa cür həll olunurdusa, indi qanun çərçivəsində yoluna qoyulur. Ona görə də orda həm əlavə dəyər vergisi, həm də gömrük rüsumlarını hesablayanda, 32-35 faizə çıxır. Bu da çoxdur. Ona görə də gömrük rüsumlarına yenidən baxılmalıdır. – Bu haqda təxminən bir ildir danışılır, amma nəticə yoxdur. – Mənim bildiyimə görə, Gömrük Komitəsi bununla bağlı təklifləri hökumətə təqdim edib. Yəqin həllini tapacaq bu məsələ də. – Söhbətboyu 2017-ci ili «sınaq ili» adlandırdınız. İki il sonra – 2018-ci ildən vəziyyət dəyişə bilərmi? Tutalım, qeyri-neft sektoru gəlir gətirəcəkmi, yoxsa?.. – Nəzərdə tutulan planlar, həm kənd təsərrüfatı, həm də sənaye parklarının tikintisi ilə bağlı planlar vaxtında və tam gerçəkləşsə, məncə, 2018-ci ildən bir qədər nəfəs almaq olar. – Manatla bağlı gözləntiniz nədir? – Manatın taleyi asılıdır Azərbaycanın idxal- ixrac əməliyyatlarından. Bizim idxalda və ixracda hələlik mənfi saldo var. Ona görə də manat ciddi problemlərlə üzləşib. İkincisi, manat neftdən birbaşa asılıdır, neft düşəndə manata da ciddi təsir göstərir, o da dəyərdən düşür. Manatı buraxmışıq üzən məzənnə siyasətinin ixtiyarına. Manat gəlib bazarda öz dəyərini almalıdır. Nə vaxt olacaq bu, demək çətindir. Bəlkə bir ilə, bəlkə altı aya, bəlkə bir az tez, ya gec. Amma bunun bir yolu var: manatın yumşaq devalvasiyası… Mərkəzi Bank da bu siyasəti aparır.

1 Dekabr 2016 4:02

Devalvasiya proqnozunu ilk dəfə vermiş iqtisadçı: “Dizel və benzin, avtobus və metroda gediş haqları bahalaşacaq”

dev

İqtisadçı-ekspert Qadir İbrahimli  azadliq.info-ya müsahibəsində Tarif Şurasının son qiymət artımı ilə bağlı qərarını şərh edən müsahibə verib. Faktinfo.az müsahibəni oxuculara təqdim edir: – Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. Bunu necə dəyərləndirirsiniz? – Əvvəla, bu tənzimləmə deyil, bahalaşmadır. Özü iqtisadi və sosial mahiyyəti olmayan bahalaşma. İkincisi tariflərin differensiallaşmasından söhbət gedirsə, burada 100 faizli keçid absurddur. İldə 1500 kubmetr qaz istehlak edən abonent xidmət haqqını 10 qəpiklə ödəyəcək, bu limitdən sonrakı həcmlər üçün 20 qəpikdən hesablanacaq. Differensiyada belə “akrobatik tullanışlar” ola bilməz. Ən yaxşı halda limitdən ötənlər üçün artımlar 10-15 faiz ola bilərdi. Eyni sözlər elektrik enerjisinə də aiddir. Aylıq limit 7 qəpikdən 250 kilo/vaat müəyyənləşib. Bu limitdən yuxarı istehlak isə 11 qəpikdən (72 faiz çox) hesablanacaq. Üçüncüsü, aztəminatlı təbəqəyə ayrılan limit çox azdır. Ən kasıb ailələr belə qışda hər ay 400-500 kubmetr qaz istehlak edir. Rayon yerlərində isə istehlak həddi daha yüksəkdir. Köhnə qaz sobaları istehlakda qənaət rejiminə imkan vermir. – Deputat Rüfət Quliyev deyir ki, ən çox istehlak kombisi olan abonentlərə aiddir, onlar da orta təbəqə sayılır… – Cəfəngiyyatdır. Əvvəla, kombi nə vaxtda orta təbəqə indikatoru sayılıb? Hər bir vətəndaşın evində soyuducu var. Kombinin orta qiyməti isə soyuducudan da ucuzdur. İkincisi, tam əksinədir. Kombi sahibi olan abonentlər qazı daha qənaətlə istehlak edir. Şəxsən mən kombi istifadəçisi kimi qışda hər ay 40-50 manat qaz istehlak edirəm. Ancaq eyni ölçülü evdə yaşayan və kombidən istifadə etməyən tanışlarım isə ayda 70-80 manat ödəyir. İndi bu məbləğlər 2 dəfə artdı.  – Ümumiyyətlə, qiymət artımları zəruri idimi? – Xeyr. ”Barmek”in dövründə əhaliyə elektirik enerjisi 2 qəpiyə satılırdı.Bu pulla “Barmek” həm topdansatış xərclərini ödəyirdi, həm gəlir götürürdü, həm də öz vəsaiti hesabına 300 milyon dollar investisiya qoymağı planlayırdı. “Barmek”i qovdular, elektrik enerjisini 3,5 dəfə qaldırdılar. Ancaq yenə də dövlət büdcəsi hesabına “Azərişiq”a 1,2 milyrd dollar investisiya yatırdılar. Bəs nəticə hanı? Bütün vəsaitlər korrupsiya yeminə çevrilib. SOCAR-ı götürək. Azərbaycan Rusiyadan qaz idxal edəndə, 1 kubmetr qaz 0,6 qəpiyə əhaliyə satılırdı. İndi Azərbaycan qaz ixrac edir və qaz əhaliyə 20 qəpiyə satılır. Yəni qazın qiyməti düz 33 dəfə bahalaşıb. 1 kubmetr qazın maya dəyəri 4,7 qəpikdir. Yəni qaz əhaliyə maya dəyərindən 4 dəfə baha qiymətə satılır. Bunun dünyada anoloqu yoxdur. Ticarət güzəşti uzağı 20-25 faiz ola bilər. Yəni 4,7 qəpiyə maya dəyəri olan qaz uzagı əhaliyə 7 qəpiyə satılmalıdır. Satışdan əldə olunan fantastik gəlirlər fantastik korrupsiya fantaziyalarının qurbanı olur. – Bəs hökumət niyə qiymət artımına getdi? – Neft gəlirləri azalıb, qeyri-neft sektoru isə durğunluq dövrünü yaşayır. Hər gün iş yerləri qapadılır, istər özəl, istər dövlət müəssisələrində ixtisarlar gedir, vergi bazası daralıb. Ölkə sürətlə böyük böhran dövrünə daxil olur. O biri tərəfdənsə, devalvasiya alıcılıq qabiliyyətini minimuma endirib, Yoxsulluq və işsizliyin miqyası genişlənib. İndi hökumətin əsas işi dövlət xərclərini azaltmaq, iqtisadi liberallaşdırmaya getmək, özəl sektoru dəstəkləmək, vergi yükünü azaltmaq və passiv vergi potensialını aktivləşdirmək olmalıdır… -Passiv vergi potensialı nə deməkdir? – Bu gün ölkənin vergi potensialı vergiyə tam cəlb edilməyib. Azərbaycanda nəhəng holdinqlər var. Onların vergi ödəmələri demək olar ki, qəpik-quruşdur. Vergilərin 84 faizi iri dövlət müəssisələrində yığılır. Qalan 16 faiz isə bu nəhəng holdinqlərlə digər vergi ödəyicilərinin payına düşür. Adi bir dükanı ildə 3-4 dəfə audit edən vergi müfəttişləri bu holdinqlərin yaxınlığına belə buraxılmırlar. Rentabelli nəqliyyat sektorunun büdcədə payı nə qədərdir? Qəpik-quruş. Sərnişin daşınması ilə məşğul şirkətlər nə qədər vergi ödəyir? Hökumət bu mənbələri vergiyə cəlb edib büdcəni doldurmaq, yeni vergi bazası yaratmaq haqda qərarlar verməliydi. Ancaq çox təəssüf ki, hökumət əhalinin gəlirləri hesabına büdcəni doldurmaq yolunu tutub. Tarif Şurasının qərarları da bu siyasətə xidmət edir. Mayda əhaliyə satılan suyun, eləcə də kanalzasiya xidmətlərinin tarifləri artdı, iyulda işığı 1 qəpik bahalaşdırdılar, indi də təkrar işığı və qazı bahalaşdırdılar. Şübhə etmirəm ki, yaxın vaxtlarda dizel yanacağı və benzin, ardınca da avtobus və metroda gediş haqları bahalaşacaq. Təki yanılım, ancaq bahalaşdıracaqlar. – Bununla büdcəni xilas edə biləcəklərmi? – Təbii ki, yox. Azərbaycan hökuməti 1991-ci ildə SSRİ-nin baş naziri Pavlovun uğursuz qiymət siyasətini yürüdür. 1991-ci ilin aprelindən Pavlov hökuməti qiymətləri dəfələrlə bahalaşdırmaqla büdcəni doldurmağa cəhd etdi. Nəticədə nəinki siyasətin özü, hətta dünyanın 2 superdövlətindən biri olan SSRİ-də 8 ay sonra – 1991-ci ilin dekabrında süqut etdi. Bu siyasətin mahiyyəti əhalinin sərbəst resurslarını büdcəyə cəlb etməklə böhrandan çıxış idi. Pavlovu bəlkə də hardasa anlamaq olardı – SSRİ əhalisinin az-çox sərbəst vəsaiti var idi. Ancaq Azərbaycan əhalisinin sərbəst vəsaitini manatın devalvasiyası çoxdan bitirib. Bu siyasətin ən mənfi cəhəti odur əhali yoxsullaşdıqca, biznes strukturları da sıradan çıxır, vergi bazası bir az da daralır. Azərbaycan artıq bu mərhələni yaşayır. O biri tərəfdənsə, hökumət manatın optimal məzənnəsini tapıb, maliyyə sabitliyi yaratmaqda çətinlik çəkir. Maliyyə sabitliyinin olmaması isə iqtisadi çöküşü sürətləndirir. – Yəni çıxış yolu yoxdur? – Nəzəri baxımdan var. Ancaq praktiki baxımdan hökumət bu addımlara gedəcəkmi? – Hansı addımlara? – İlk növbədə neft komandası istefaya göndərilib, böhran hökuməti qurulmalıdır. Nazirlər Kabinetinin tərkibi 50 faiz kiçilməli, çevik idarəetməyə keçilməlidir. İqtisadi blokun indiki nazirləri ilə böhrandan çıxmaq xülyadır. Maliyyə naziri, vergilər naziri, iqtisadiyyat naziri, Dövlət Gömrük Komitəsinin sədri, Mərkəzi Bankın sədri istefaya göndərilməlidir. Ordunu batıran sərkərdəni yenidən komandir təyin etmirlər. Adı çəkilən məmurlar manatın devalvasiyasına və maliyyə sabitliyinin pozulmasına görə məsuliyyət daşıyırlar. Onları texnokratlar əvəz etməlidir. Ümumiyyətlə, hər dövrün öz hökuməti olmalıdır. 2-ci dünya müharibəsini udan Çörçilə ingilis xalqı yenidən etimad göstərmədi ki, sən müharibə hökumətinə rəhbərlik etmisən, indi başqa dövr başlayır. -Yəni indiki komanda ilə böhrandan çıxmaq mümkün deyil? – Xeyr. Ən azı itisadi və maliyyə bloku istefaya getməlidir. Vergi, gömrük və maliyyə sistemini şəffalaşdırmaq böhrandan çıxmağın ilkin şərtidir. Eyni zamanda iri dövlət müəssislərinin şəffaflaşdırılması prosesi getməlidir. Gələn ilin büdcəsində AZAL-a 10 milyon subsidiya ayrılıb. Absurddur. AZAL aviadaşımalarda monopolist mövqeyə sahibdir. Onun xarici rəqibləri ilə müqayisədə tarifləri çox yüksəkdir. Buna baxmayaraq Naxçıvan reyslərinə ziyanı qarşılamaq adı ilə 10 milyon büdcədən subsidiya alır? Nəyə görə? Müstəqil audit keçirilsə bəlli olacaq ki, Naxçıvana sərnişin daşınmasının maya dəyəri şişirdilib. Lap tutaq ki, Naxçıvana relslər rentabelli deyil. Bu ziyanı şirkət öz gəlirləri hesabına örtə bilər və örtməlidir də. Çünki səhmləri 100 faiz dövlətə məxsusdur. O biri tərəfdənsə ildə bir neçə milyon sərnişinin istifadə etdiyi Metropolitenin dotasiyası 22 faiz – 8 milyon manat azaldılıb. Yəqin ki, bu azalma aztəminatlı təbəqənin istifadə etdiyi metropolitendə tariflərin artmasına gətirib çıxaracaq. Ona görə də optimist deyiləm. Həm də hökumət islahatlara düz  2 il gecikib. İslahatlar 2014-cü ilin sonlarında – böhranın ilk dalğasında başlanmalı idi. Əgər 2 il öncə islahatlar başlasaydı, indi artıq effektiv nəticələr ortada olardı. Nəzəri baxımdan islahatlar sabah başlasa, effektiv nəticələr ən tezi 3 ildən sonra özünü göstərcək. Çünki tənəzzül artıb. Bu yaxınlarda Hesablama Palatası açıqladı ki, yaxın 4 ildə büdcə gəlirləri azalmaqda davam edəcək. Bu proqnozu real hesab edirəm. Büdcə gəlirləri azalmaqda davam edəcəksə, deməli böhran da davam edəcək. Yaxın illərdə Azərbaycanı çox böyük iqtisadi və sosial fəlakətlər gözləyir.  – Bəs hökumətin vəd etdiyi iqtisadi islahatlarla bağlı yol xəritəsindən nə gözləyirsiniz? – Heç nə gözləmirəm. Bu xəritənin vergilər nazirinin sabiq birinci müavini, indi isə prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov hazırlayır. Guya oktyabrda elan edilməli idi. Ancaq noyabr bitir, xəbər-ətər yoxdur. 25 il vergi sistemində çalışan bir şəxs heç vaxt dolğun makroiqtisadi proqnozlar, effektiv yol xəritəsi hazırlaya bilməz. Ən azı bu şəxsdə vergi yığmaq vərdişi formalaşıb və bu vərdiş makroiqtisadi məsələlərə obyektiv yanaşmağa mane olur. Əgər bu xəritəni müstəqil alimlər, analitiklər hazırlasaydı məsələyə optimist yanaşmaq olardı. Nəzərə alın ki, bu şəxs uzun müddət maliyyə qruplarından birinin təmsilçisi olub.

30 Noyabr 2016 2:08

“Mən elə şeyə yol verən oğlan deyiləm”

prezident-yaqub-e

Bayram Səfərov musavat.com-a avropalıların qaçqınlara hədiyyə etdiyi 240 avtomobilin taleyindən danışıb Bakıda keçirilmiş “Eurovision-2012" mahnı müsabiqəsinə gələn alman turistlərin azərbaycanlı qaçqınlara bağışladığı maşınların taleyi ilə bağlı məsələ hələ də müəmmalıdır. Xatırladaq ki, yarışmaya gələn alman turistlər Azərbaycanı tərk edərkən gəldikləri 240 ədəd avtomobili qaçqınlara hədiyyə olaraq qoyub getmişdilər. Lakin bu maşınların qaçqınlara verilməməsinin səbəbi kimi onların gömrük rüsumu ilə (“rastamojka”) bağlı probleminin olması əsas gətirildi. İndiyədək Binəqədidə dayanacaqlardan birində saxlanıldığı deyilən maşınların bir hissəsinin “yoxa çıxdığı” barədə də vaxtaşırı xəbərlər yayılır. Lakin Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov “Yeni Müsavat”a müsahibəsində bu barədə deyilənləri təkzib etdi və hazırkı duruma tam aydınlıq gətirdi: - O maşınların hamısının tarixləri köhnədir. 1957-ci ildən tutmuş, 1975-ci ilə qədər istehsal olunan maşınlardır. Yəni avrostandartlara uyğun deyil, sənədi də düzgün deyil. O maşınlar “metallom”dan başqa heç bir şeyə yaramayacaq. - Nə qədər maşın var?  - 240 maşındır, hamısı da yerində durur. 5-6 dənə də motosiklet var. - Bunları hansısa formada istifadəyə vermək olmazmı?  - Heç nə etmək olmaz. Çünki heç bir sənədi yoxdur. O məsuliyyəti heç kim üzərinə götürməz. Nazirlər Kabinetindən qadağa qoyulub ki, avrostandartlara cavab verməyən maşınlar ölkəmizə idxal oluna bilməz. Köhnələri də yığışdırmaq lazımdır. O maşınlar da 4-5 ildir qalıb orda.   - Bəs o maşınlar niyə gətirilmişdi? - Maşınları ona görə gətirməmişdilər ki, kiməsə versinlər. Onlar ralli yarışına gəlmişdilər. Bura gələndən sonra isə sənədlə mənə təhvil verdilər. Bu maşınlarla yenidən geri qayıtmaq onlara baha başa gələrdi, yəqin o nöqteyi-nəzərdən burda saxlayıblar. Çünki dəfələrlə bizim XİN-dən, Nazirlər Kabinetindən həmin firmaya məktub yollandı ki, “maşınlarınızı aparın”. Aparmaq onlara çox baha başa gələr axı. Yəni vəziyyət belədir. Neçə ildir bu vəziyyətdə qalandan sonra təkəri, akkumulyatoru, digər hissələri hamısı məhv oldu getdi. - Həmin avtomobillər kimə təhvil verilmişdi?  - Mənə təqdim ediblər. Vəkalətnamə veriblər ki,  “Allgeau-Orient” firmasının Azərbaycanda hər bir sənədləşməsini mən edə bilərəm. Onlar bu səlahiyyəti mənə vermişdilər, amma mən də heç nə edə bilmədim. O vaxt biz danışdıq, heç cür mümkün olmadı. - Bayram müəllim, amma həmin avtomobillərin ehtiyat hissələrindən istifadə etmək olar... - Olar. Mümkündür. - İcma həmin ehtiyat hissələri lap tenderə çıxarıb vətəndaşlara, avtomobil sexlərinin sahiblərinə sata bilməzmi?  - Mənə fərdi qaydada müraciətlər olub. Amma gələcək söz-söhbətlərə görə buna razılaşmamışam. Amma mümkündür ki, gələcəkdə istifadəyə yararlı maşınların müəyyən hissələri sökülsün. Qalanı da “metallom”a veriləcək.   - Bir ara yazılmışdı ki, maşınlar sökülüb satılıb... - Onların biri də sökülməyib, kim deyirsə, yalandır. Mən elə şeyə yol verən oğlan deyiləm. Mən özümə hörmət edən adamam, imkan vermərəm ki, elə hal olsun.   - Əsasən “Mercedes” maşınlardır, yoxsa... - Yox, “Mercedes”dən başqa BMW də var, “Audi” də, digərləri də. Çox markadan var. Amma qalıb orda, çürüyür. Mən neçə dəfə istəmişəm ki, bu məsələ həllini tapsın, sənədləşmə işi aparılsın. Hətta mən onlarla danışanda dedim, adam yollayım, gəlsin, sənədləri həll eləsin. Ancaq bu da var ki, onlar bir ölkənin maşını deyil. Yalan şeydir ki, “Eurovision”a gəliblər, bu maşınları da pay verməyə gətiriblər. Onların özlərinin bir marşrutda ralliləri olub, qabaq deyirdilər ki, 9 min km məsafə qət ediblər. Almaniya, Belçika, Avstriya, Fransa və digər ölkələrdən gəliblər. Az qala bütün Avropa ölkələrindən. İndi qapı-qapı düşüb Avropa ölkələrindəki həmin adamlardan sənəd almaq mümkün deyil. Bəziləri sükanını, bəziləri “fara”sını çıxarıb aparmışdı. Özləri də bəzi maşınları söküb aparmışdılar. Bir müddət də Qaradağda qalmışdı, orda da sökülmüşdü. Yəni köhnəlmiş söhbətdir, bunu 50 dəfə yazıblar. - Bəs bu avtomobilləri təhvil götürəndə siz bilmirdinizmi ki, sənədləri qaydasında deyil?  - Yox, mən bilmirdim ki, bunun belə çətinlikləri ola bilər. Elə bilirdim bunların sənədi olacaq. Maşın veriləndə onun texniki pasportu olar, yaxud gömrük qeydiyyatı lazımdır və s. Ona görə də bu məsələ həll olunası deyil. Bu maşınlar “metallom”dan başqa heç nəyə yaramır. - 240 maşının hər birində 2-3 minlik hissə olar, bu da az vəsait deyil... - Nə qədər? (Gülür) Nə danışırsan? İşlək maşınlar bu saat min, 2 min, 3 min manatdır. Maşın bazarında bu saat 3-4 minə normal, işlək maşınlar var. Faktinfo.az

25 Noyabr 2016 12:03

Arseni Yatsenyuk:“Ukrayna – Putinin şəxsi psixoloji travmasıdır” – Müsahibə

ay

Rixard Hertsinger, Saşa Lenarts Die Welt (Almaniya), 18.11.2016   Keçmiş baş nazir Arseni Yatsenyuk ümid edir ki, Donald Tramp onun ölkəsini taleyin ixtiyarına buraxmayacaq. O, Angela Merkeli təqlid üçün böyük örnək sayır. Yatsenyukun alman nəşrinə müsahibəsini  təqdim edirik.   -Donald Trampın ABŞ prezidenti seçilməsi sizi nə dərəcədə möhkəm narahat edir? -Hələlik birmənalı qiymət vermək tezdir. Mühafizəkar dəyərləri aydın şəkildə dəstəkləyən Respublikaçılar partiyası Senat və Nümayəndələr Palatasında əksəriyyətlə təmsil olunub. Bundan başqa, hələ Ali Məhkəmə də var. Bu instansiyalar prezidentə nəzarət edir. Amerika prezidenti diktator deyil, o bu cür sistemdə avtoritar rəhbər kimi istədiyini edə bilməz. Krımın ilhaqına gəlincə, 100 dövlətin üzv olduğu BMT bunu beynəlxalq hüquq normasının pozulması kimi pisləyib. Buna hüquqi baxımdan məhəl qoymamaq olmaz. -Amma Tramp heç nə etməməklə, məsələn, Suriya üsyançılarına dəstək verməmək və Ukraynanın şərqindəki Rusiya qoşunlarına göz yummaqla qüvvələr tərtibini Rusiyanın xeyrinə dəyişə bilər… -Çox şey seçilmiş prezidenti kimlərin əhatə etdiyindən, hansı müşavirləri təyin etməyindən, dövlət katibinin kimliyindən asılı olacaq. Düşünürəm ki, Rusiya prezident seçkilərinin nəticələrindən öz mənfəətini şişirdir. ABŞ ABŞ olaraq qalır, Tramp da onun uzunmüddətli strateji maraqlarını rəhbər tutaraq, o cümlədən azad dünyanı təmsil edən mühüm sima kimi hərəkət etməli olacaq. -Trampın qələbəsi sağçı populistlərə, Avropanın tamam Rusiyayönlü hərəkatlarına böyük impuls verir. Bu, AB daxilində təzyiqin artması və sanksiyaları ləğv edib Putinə güzəşt etmək tələbinə səbəb ola bilərmi? -Şübhəsiz, populist və demaqoqlar Avropa hökumətlərinə təzyiqə cəhd edir ki, bu cür nəticəyə nail olsunlar. Rusiya Avropada radikal qüvvələri maliyyələşdirib Russia Today kimi KİV-lər vasitəsilə dezinformasiya yayaraq bu kartı oynayır. Lakin görürük ki, burada təhlükə qarşısında qalan təməl prinsip və dəyərlərdir. Qərbdə kimsə Ukraynanın hesabına Rusiya ilə sazişə gəlməyin mümkünlüyünü düşünürsə, böyük səhv edir. Yekunda Avropa və ABŞ-ın özü buna görə yüksək qiymət ödəməli olacaq. -Amma hazırda Tramp bununla öyünür ki, bir biznesmen kimi sövdələşməyin yolunu bilir. Yəqin, hesab edir ki, Rusiya ilə sürətli uğur gətirə biləsi sövdəyə gedə bilər. -Ancaq dünyanı sadəcə çevirib təpəüstə qoymaq olmaz. Bu, artıq populizm dalğasında olmuş ölkələrdə gözə dəyir. Yunanıstanda Aleksis Sipars hökuməti BVF-a və sərt qənaət rejiminə qarşı fəal şəkildə durmaqla Avropada populist əhvali-ruhiyyənin hərəkətləndirici qüvvəsiydi. Və indi nə görürük? Yunanıstan BVF-nun bütün şərtlərini yerinə yetirmək və sərt qənaət rejimi ilə barışmalı olub. -Yeri gəlmişkən, hər şey Siprasın istədiyi kimi baş versəydi, Rusiyaya qarşı sanksiyalar daha olmazdı. -Lakin gəlin, faktlara söykənək. Yunanıstan hökuməti Rusiyaya rəğbət bəsləsə də, sanksiyaları dəstəkləyir. -AB-nin Ukrayna ilə assosiasiya sazişi haqda referendumun yekunları üzrə Niderlandiya hökuməti hələlik onu ratifikasiya etmək istəmir – bu göstərir ki, sağçı-populist hərəkatlar artıq təsir edir. Sazişin tam iflası mümkündürmü? -Referenduma gəlincə, söhbət başlıca olaraq Ukrayna haqda deyil, AB-nin birliyindən gedirdi. Buna görə də bu məsələ üzrə konsensus əldə ediləcəyinə əminəm. Bəzi üzv ölkələrdən fərqli olaraq AB-nin əlverişli kompromis tapa bilən güclü rəhbərliyi var. Artıq dediyim kimi, biz populist və demaqoqların sonrakı uğurlarının yer ala biləcəyi yeni eranın astanasındayıq. Və ABŞ-ın yeni administrasiyası sanksiyaları ləğv etsə, AB-nin ünvanına dağıdıcı qüvvə siqnal olacaq. Xüsusən vacibdir ki, AB-nin nüfuzlu siyasətçiləri öz əqidə və planlarını möhkəm saxlasın. Bu yaxınlarda federal kansler Merkel bunu nümayiş etdirib. O, ABŞ-ın seçilmiş prezidentini təbrik edib, ancaq eyni zamanda əsas prinsip və dəyərlərini də vurğulayıb. -AB-in birliyi üçün sınaq Ukraynaya üçün vəd edilmiş vizalarn ləğvidir. Viza rejimi ləğv ediləcək, yoxsa AB manevr edəcək? -Ləğv olunacaq. Ləğv olunmalıdır. Təkcə mənim hökumətim viza rejiminin ləğvini əldə etmək üçün zəruri 144 sərəncam və göstəriş qəbul edib. Biz bütün şərtləri yerinə yetirdik və Avropa Komissiyası bunu artıq qəbul edib. Əks halda bunu Ukrayna xalqına necə izah etməliyik? Biz AB bayrağı altında Avropa dəyərləri uğrunda mübarizə apardıq və buna görə ukraynalıların həyatını qurban verdik, hər şeyi etdik ki, AB-nin təlimatlarını yerinə gətirək, indi isə qərar uzadılacaq? Buna son qoyun! Öz vədinizui yerinə yetirin! Bu məqamda yenə də Avropa liderlərinin gücü haqda məsələ ilə üzləşirik: AB-nin öz sözünün üstündə durmağının böyük əhəmiyyəti var. -Qərb həmrəyliyini doğrultmaq üçün Ukrayna bütövlükdə yetərincə iş görürmü? Sizi həmişə qınayırlar ki, islahatlar kifayət qədər sürətlə irəliləmir, korrupsiya ilə fəal mübarizə aparılmır… -Siz təsəvvür etməlisiniz ki, iki-üç il əvvəl bizdə hansı şərait var idi. Mən 2014-cü ilin yazında baş nazir olarkən Ukrayna müflis dövlət idi, dövlət xəzinəsində 15 min avro var idi! Qazımız, kömürümüz, polisimiz, hərbçilərimiz və xüsusi xidmətlərimiz yox idi. Maydandan sonra isə xalqın gözləntiləri o qədər yüksək idi ki, buna tam şəkildə yalnız sehrli çubuğun köməyi ilə uyğunlaşmaq olardı. Lakin hökumət iki ildə mənim rəhbərliyim altında büdcə kəsirini 10,5%-dən 2,5%-ə endirdi. Mənə bu cür nəticə göstərə biləcək Avropa ölkəsini göstərin! Biz polis, yeni ordu, yeni sosial təminat sistemi yaratdıq. Yunanstandan fərqli olaraq sosial etirazlarsız fonda qənaət rejimini yerinə yetirdik. Və korrupsiya məsələlərini araşdırmaq üçün antikorrupsiya qurumu yaratdıq. İki ildə daha nə qədər iş görmək olar? Tamamilə aydındır ki, səhvlər də buraxmışıq. Lakin Ukraynada hər şeyin yetərincə sürətlə baş vermədiyi haqda daim tənqidlər yağdırmaq Ukrayna xalqına münasibətdə düzgün deyil. -Ukrayna bu yaxınlarda dövlət məmurlarının bütün gəlir və mülklərinin elektron qeyydiyyatı sistemini istismara buraxıb.Bu, ölkədə necə qəbul edilir? Bəzi açar siyasətçilərin hansı sərvətin sahibi olduğunu görəndə çoxları sarsıldı. -Sistem siyasətçi və dövlət qulluqçularının gəlirləri məsələsi üzrə tam şəffaflıq yaradır və bu cür şey dünyanın başqa heç bir ölkəsində yoxdur, Bəli, bu cür məlumatların elanı adamı sarsıdır, amma bu, sağlamlaşmağa ilk addımdır. Göstərilən vəzifəli şəxslər artıq beş aydan sonra yenidən öz gəlirlərini göstərməlidirlər, bu arada isə antikorrupsiya qurumu göstərilən məbləğin hər bir qəpiyini diqqətlə araşdırır. -Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu yaxınlarda Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verib. O həm də nüfuzlu oliqarxlarla kooperasiyada qınadığı Pyotr Poroşenkonun ünvanına kəskin ittihamlar işlədib… -Bu məqamda populistlər fenomeninə qayıtmalıyıq. Onlar Odessa kimi böyük və mühüm bölgəyə başçılıq etmiş bu adam kimi məğlubiyyətə uğrasalar, həmişə hansısa qeyd-şərt və hansısa qapazaltı tapırlar. Lakin siyasətçinin vəzifəsi vədlər vermək və özünü ədalət, rifah və azadlıq uğrunda ən böyük mübariz tək təqdim etmək deyil, əhaliyə gerçək nəticələr təqdim etməkdən ibarətdir. O bu baxımdan uğursuzluğa düçar oldu. Bundan sonra ondan danışmaq boşuna vaxt itirmək olardı. Demaqoqlar, populistlər və siyasi təlxəklər istənilən ölkədə var və Ukrayna istisna deyil. -Necə düşünürsünüz, Minsk sazişlərinin gerçəkləşməsinə hələ şans varmı? -Putin vaxt udmağa çalışır. Doğrudanmı, kimsə həqiqətən də inanır ki, o, Ukraynanın uğurlu dövlət, əla iqtisadiyyatlı və demokratiyalı ölkə, AB və NATO üzvü olmasını istəyir? Xeyr, Ukrayna Putinin şəxsi psixoloji travmasıdır. Ukraynanı öz nüfuz dairəsinə qaytarmaq cəhdlərini heç vaxt dayandırmayacaq. Buna görə də AB-i parçalamaq, Avropada seçkilərə təsir etmək, kansler Merkelin mövqeyini sarsıtmaq üçün əlindən gələni edir. Və hətta azad Qərb və ABŞ-ın təsirini cüziləşdirəcək və əsas rol oynayacağı yeni dünya düzəni müəyyən etymək istəyir. Onun Suriyaya müdaxiləsinin arxasında da bu gizlənir. Gəlin, Donald Trampa qayıdaq: mən buna inanmıram ki, o, ABŞ prezidenti kimi bununla barışa bilər. Ən azı, mən belə istəyərdim. -Şəxsi siyasi planlarınız necədir? Ukrayna prezidenti? -Bu, Allahın və Ukrayna xalqının iradəsindən asılıdır.    

19 Noyabr 2016 1:20

Tofiq Zülfüqarov:“Artıq Amerikanın maraqları prinsiplərindən üstün olacaq” –MÜSAHBƏ

tofiq-zlfuq

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın xarici siyasət kursunun Cənubi Qafqaz regionuna, MDB məkanına və Azərbaycanla münasibətlərə gətirəcəyi yeniliklərdən danışıb. Faktinfo.az müsahibəni oxuculara təqdim edir: -ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın elan etdiyi xarici siyasət kursu Cənubi Qafqaz regionu, MDB məkanı, xüsusilə Rusiya ilə ABŞ münasibətlərinə hansı yeni çalarlar gətirə bilər? Tofiq Zülfüqarov: İndiki mərhələdə, 2017-ci il yanvarın 20-dək xarici siyasət kursu o mərhələdədir ki, onun konkret elementləri formalaşır. Sadəcə olaraq tendensiyalar barədə bəyanatlar verilir. O tendensiya bəyanatları seçkiqabağı müddətdə də bəyan olunmuşdu. Ümumiyyətlə, biz Barak Obamanın seçkiqabağı bəyanatlarını yada salsaq, onun bəyanatları Amerikanın daha çox izolisonizm (iIsolationism-özünü ümumidən, – alyanslardan, birliklərdən təcrid etmək-red), – özünü daxili siyasətin mərkəzi kimi göstərmək və xarici siyasətdən bir az uzaqlaşmaq idi. O, bu bəyanatlarının bir hissəsini həyata keçirib. Amerika artıq birbaşa öz qoşunları ilə böyük münaqişələrdə iştirak etmir. Hesab edirəm ki, bu tendensiyanı Tramp da davam etdirir. O elə hesab edir ki, Amerika daha çox daxili məsələlərlə məşğul olmalıdır, nəinki xarici məsələlərlə. Onun qələbəsinin əsas səbəblərindən biri ondan ibarətdir ki, artıq Amerika seçiciləri daha çox öz ölkəsinin problemləri ilə məşğul olan prezidentin olmasını istəyib. Xanım Klintonun bəyan etdiyi tezisləri qəbul etməyiblər. Onun tezislərini yada salsaq, neokon (neo-konservator tezislər – xarici siyasətdə hərbi gücün azaldılması (Kissincer nəzəriyyəsi) –red) tezislərdən ibarətdir. Amerika hər bir məsələdə dominant bir ölkə kimi iştirak etməlidir. Yəni, Amerika birbaşa öz qoşunları ilə yox, müttəfiqləri ilə, müxtəlif qüvvələrdən istifadə edərək öz maraqlarına nail olmalıdır. İndi Tramp bir addım ondan irəli gedib. Hesab edirəm ki, tendensiya onu göstərir ki, artıq Amerika region məsələlərində daha passiv bir mövqedə duracaq. Onun nəticəsi ondan ibarət olacaq ki, region oyunçuları dünyanın müxtəlif yerlərində daha aktiv olacaq. Yəni, biz öz regionumuzu götürsək ,daha aktiv Rusiya, Türkiyə və İran olacaq. -Cənab Trampın elan etdiyi xarici siyasət kursu regional münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verə bilərmi? Tofiq Zülfüqarov: Hesab edirəm ki, yox. Çünki, Dağlıq Qarabağ məsələsində hansısa irəliləyişə nail olmaq üçün beynəlxalq qurumlar daha fəal olmalıdır. Təbii ki, beynəlxalq qurumların əsas oyunçusu Amerika olub. Əgər, Amerika xarici siyasətdə, hər bir məsələdən çalışacaq uzaqlaşsın, deməli artıq beynəlxalq qurumlar bu məsələdə fəal olmayacaq. Hesab edirəm ki, əgər biz ümidimizi beynəlxalq qurumlara bağlasaq, bizi bir passivlik dövrü gözləyir. -Belə görünür, münaqşənin həlli bütövlükdə Rusiyanın nəzarətinə keçəcək? Tofiq Zülfüqarov: Münaqişənin gedişində Rusiyanın rolu daha da mökəmlənəcək. Çünki, apreldən sonra (2016-cı ilin 2-5 aprelində Ermənistan-Azərbaycan cəbhəsində hərbi əməliyyatların bərpa olunmasını nəzərdə tutur-red.) baş verən hadisələr onu göstərir ki, Rusiya bəyan etdiyi təzyiqini heç də istifadə etməyib və onun fəaliyyəti Ermənistana sadəcə olaraq silah göndərməklə nəticələndi. Yəni, o da onu göstərir ki, Rusiya status-kvonu dəyişməyi istəmir. Bunu biz açıq deməliyik və bunu başa düşməliyik. -Azərbaycan bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən NATO-nun sülhyaratma əməliyyatlarında ABŞ-la birgə çalışır. ABŞ-ın yeni seçilmiş prezidentinin NATO və digər beynəlxalq təşkilatlarla bağlı elan etdiyi siyasət Azərbaycan-ABŞ əməkdaşlığına yeni nə verəcək? Tofiq Zülfüqarov: Mən hesab edirəm ki, bu və ya digər şəkildə regionlarda olan fəal oyunçulara,- NATO-nu götürsək, – Türkiyə və digər oyunçulara ABŞ dəstək versə, bu yolla Azərbaycan da NATO ilə öz əməkdaşlığını gücləndirə bilər. Bu çox perspektiv bir istiqamətdir. Hesab edirəm ki, bu istiqamət üzərində Azərbaycan-NATO əməkdaşlığı daha da güclənəcək. Çünki, NATO-nun potensialı indi zəifləyib. Əsas iradlardan biri ondan ibarətdir ki, Tramp onu bəyan edib ki, NATO-ya üzv ölkələr hətta öz maliyyə iştirakını da tam şəkildə təmin etmir. Yəni, bu baxımdan Türkiyə NATO-da bir iştirakçı kimi daha çox fəal görsənir. Bu baxımdan, Azərbaycan-Türkiyə müdafiə əməkdaşlığı çox perspektivli görünür. Ümumiyyətlə bunu qeyd etməliyik ki, artıq Amerikanın maraqları prinsiplərindən üstün olacaq. Tramp da öz siyasətinin fəlsəfəsini açıq bəyan edib. Əvvəl bizim maraqlarımız, sonra bizim prinsiplərimiz. Demokratlar əksinə, onlar prinsiplərini üstün tutub siyasətlərini həyata keçirirdilər. Yəni, bunu və ya digərlərini demokrat adlandırıb dəstək verirdilər, ya da kimisə demokrat adlandırmayıb ona qarşı çıxış edirdilər. İndi, dünyada hamı maraqlar üzərində qurulmuş bir real siyasəti gözləyir. -Cənab Trampın elan etdiyi xarici siyasət kursu dünyada mühüm olan iqtisadi layihələrin, o cümlədən Azərbaycanın iştirak etdiyi layihələrin maliyyələşdirilməsinə və reallaşdırılmasına hansı neqativ çalarlar gətirə bilər? Tofiq Zülfüqarov: Təbii, çünki artıq bəyan olunub ki, Azərbaycan üçün əsas maraq kəsb edən enerji sektoruna ABŞ ölkə daxilində böyük sərmayələr qoyacaq. Bu ona gətirib çıxaracaq ki, Amerika indi enerji sektorunda fəal bir eksport oyunçu kimi çıxış edəcək. Bu da təbii ki, neftin qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər. Eyni zamanda, Azərbaycanın bu sahədə təbii ki, öz perspektivləri var. Çünki, artıq yerli bazarlarda, yəni bizə yaxın olan enerji bazarlarında Azərbaycan daha rəqabətli görsənə bilər. -Cənab Trampın təhlükəsizliklə bağlı verdiyi bəyanatlar regiona hansı yeniliklər gətirə bilər? Azərbaycan nüvə sazişinə qoşulub, Rusiya və İran kimi iki nüvə dövlətinin əhatəsində yerləşir. Tofiq Zülfüqarov: Trampdan qabaq bəyan olunmuş əsas təhlükə təbii ki, nüvə silahı yox, radikal ekstermist qruplar, İŞİD və sair olub. Amma Trampın bəyanatları göstərib ki, az qalıb ki, Klinton siyasəti ilə bunlara dəstək verib. Bu çox maraqlı bir bəyanatdır. Mən hesab edirəm ki, bu təhlükələr yenidən nəzərdən keçirləcək və real təhlükələr dünyaya bəyan olunacaq. Ondan qabaq, ideoloji, propoqandist təhlükələr bəyan olunub. Çünki indi başa düşmək olmur, doğrudan da Amerikanın hansısa dairələrinin ekstremist radikallarla əlaqəsi mövcuddur, yoxsa, yox. Gəlin bir az gözləyək və Amerika özü bəyan edəcək, onu əsas narahat edən hansı mənbələrdir.

15 Noyabr 2016 11:31

«BU KOMANDA DƏYİŞİLMƏSƏ…» – “İslahata imkan verməyəcəklər”

sulheddin-300x225

Azad Demokratlar Partiyasının sədriSülhəddin Əkbər musavat.com-a ölkənin ictimai-siyasi durumu ilə bağlı müsahibə verib. Partiya sədri siyasi həyatdakı durğunluğun səbəblərindən, iqtisadiyyatdakı problemlərin ciddiliyindən, o cümlədən keçirilməsi vacib olan islahatlardan danışıb. “AzPolitika” həmin müsahibəni təqdim edir. - Sülhəddin bəy, ölkənin siyasi həyatında sakitlik, durğunluq var. Səbəblər nədir? – Durğunluğun səbəbi odur ki, cəmiyyət hələ gözləmə mərhələsindədir. Ölkə yaxın dövrdə bir sıra ictimai-siyasi mərhələlərdən keçəcək. Mən bunu hələ 2015-ci ildə demişdim və prosesi üç mərhələyə bölmüşdüm. Birinci mərhələ gözləntilər mərhələsidir. Azərbaycan cəmiyyətinin hakimiyyətdən gözləntiləri var və gözləyirlər ki, hakimiyyət yaranmış bu vəziyyətdən çıxaracaq. Onda hələ birinci devalvasiya olmuşdu. Cəmiyyət gözləyirdi ki, hakimiyyət doğrudan da ölkədə geniş islahatlar aparacaq və yaranmış vəziyyətdən həm cəmiyyəti, həm də dövləti çıxaracaq. Amma keçən bu müddət ərzində gözləntilərin doğrulmadığı üzə çıxdı. Həmin qiymətləndirməmdə qalıram. Gözləntilər mərhələsi üçüncü devalvasiyada bitəcək. Hakimiyyət çalışır ki, üçüncü devalvasiya olmasın. Xalq artıq anlayacaq ki, bu hakimiyyətin Azərbaycanı düşdüyü vəziyyətdən çıxarmaq potensialı yoxdur, tükənib. Çünki Azərbaycanın mövcud iqtidarı Azərbaycan iqtisadiyyatını xammal üzərində qurmuşdu, enerji daşıyıcıları ixracından ölkəyə gələn dollar axını hesabına qurmuşdu. Düşünürdülər ki, uzun illər bu axın davam edəcək. Onlar da heç bir problemsiz iqtisadi-sosial məsələləri həll edəcəklər. Xalq da siyasi baxımdan hakimiyyətin davranışına dözümlü yanaşacaq. Azərbaycan cəmiyyətində imzalanmamış bir ictimai razılaşma var idi: hakimiyyət cəmiyyətin minimum tələbatını ödəyir, perspektiv vəd edir, insanlar da artıq siyasi sahədə yaranmış bu avtoritar rejimlə barışırlar. - Gözləntilər bitəndən sonra nə olacaq? – İkinci mərhələ – alternativ axtarışı mərhələsi başlayacaq və bu, çox uzanacaq. Çünki hakimiyyət bunu əvvəlcədən gördüyünə görə və Rusiyanın xüsusi xidmət orqanları da öncədən gördüyünə görə, tədbir görüblər. Qarışıqlıq dövründə ölkədə hərəkətə keçə biləcək qüvvələrin sıradan çıxarılmasını həyata keçiriblər. Birinci Azərbaycanda siyasi müxalifət, sonra müstəqil media, müstəqil həmkarlar təşkilatı sıradan çıxarıldı. Növbə ziyalılara çatdı, ziyalılar satın alındı, bu yaranmış vəziyyətlə barışmayanlar ölkəni tərk etməyə məcbur oldu, bir qismi vəziyyətlə barışdı. Qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti sıradan çıxarıldı. Nəhayət, iş adamları və dini icmalar sıradan çıxarıldı. Yəni Azərbaycanda ictimai-siyasi dəyişikliklərin bütün infrastrukturu öncədən sıradan çıxarılıb. Azərbaycanda dinc demokratik inkişafın bütün infrastrukturu sıradan çıxarılıb, ya da təsirsiz hala gətirilib. Alternativsizlik şəraiti yaradıblar. Xaricə də göstərirlər ki, baxın, ölkədə dinc demokratik hərəkata öncüllük edəcək bir demokratik güc yoxdur. Alternativ olsa-olsa, xarici dəstəkli radikal ekstremist dini qüvvələr ola bilər. Onlara da baxanda üstünlük dünyəvi dövlətə veriləcək. Avtoritar olsa da, dünyəvi inkişaf yolunu seçən rejimə üstünlük veriləcək. Hakimiyyətin ictimai-siyasi baxış sistemi bundan ibarətdir. Həm ölkə ictimaiyyəti, həm beynəlxalq ictimaiyyət seçim qarşısında qalacaq. İki pisdən birini seçməlidir. Anternativ axtarışı buna görə uzanacaq, ta ki cəmiyyət real alternativ görənə qədər belə olacaq. Bəzən demokratik cameə xalqı passivlikdə, meydanlara çıxmamaqda qınayır. Azərbaycan cəmiyyəti çox ağıllı, təhsilli, praqmatik cəmiyyətdir. Nə vaxt dəyişiklik üçün azacıq ehtimal görüb, hər zaman öndə olan qüvvələri, o cümlədən başqa demokratik qüvvələri hər zaman müdafiə edib. Yaxın siyasi təcrübəmizdə bunu görmüşük. - Müxalifətin susqunluğunun, aktiv olmamasının səbəbləri təkcə iqtidarlamı bağlıdır? – Başlıca səbəbi hakimiyyətdir. Hakimiyyətin verdiyi imkanlar, istər inzibati resurlar olsun, insan maliyyə, güc, real güc resursları, qeyri-qanuni qüvvələri olsun, bunlar çoxdur. Cəmiyyətə müxalifətdən daha çox vermə imkanı var. Hakimiyyətin vəzifə, vermək imkanları var, pul vermək, iş qurmaları üçün şərait yaratmaq imkanları var. Bunların heç biri müxalifətdə yoxdur. Belə avtoritar cəmiyyətlərdə müxalifət ancaq mənəvi güc olaraq alternativ yarada bilər. Bu keçən 23 ildən artıq müddət ərzində Azərbaycan müxalifətini təmsil edən siyasi qüvvələr, demək olar, eynidir. O qüvvələr nə təkbaşına, nə də birləşərək bu günə qədər real nəticə oraya qoya bilməyib. Birinci səbəb hakimiyyətin repressiv siyasəti, ikinci səbəbi müxalifətin ortaya real nəticə qoymamasıdır. Səbəbi nə olursa olsun, real nəticə qoya bilməməsidir. Müxalifət bu səbəbdən getdikcə zəifləyib, sıraları seyrəlməyə başlayıb, bölünmələr, alternativ partiyalar, satınalınmalar, siyasi partiyaların yönətim qurumunun rəhbərliyinin ələ keçirilməsi, daxili intriqalar, bir tərəfdən maliyyə mənbələrinin kəsilməsi, informasiya resurslarının sıradan çıxarılması baş verib. Müxalifət 2003-cü ildən sonra bu günə gəlib çıxdı. Artıq cəmiyyət bu siyasi qüvvələrin proseslərə təsir imkanlarının olduğunu düşünmür və onlara maraq göstərmir. - Ölkə iqtisadiyyatının ciddi problemləri var və artmaqdadır. Hökumətin problemlərə yanaşması necədir? Atılan addımlar problemləri həll edəcəkmi? – Xeyr. Mənim fikrimcə, Azərbaycan hakimiyyətində sistem böhranı yaşanır. Sistem böhranı ötən ildən, 21 fevral 2015-ci il devalvasiyasından sonra ortaya çıxdı. Beynəlxalq Bankda baş verənlər, sonra Rabitə Nazirliyindəki həbslər, prosesin inkişaf edərək Milli Təhlükəsizlik Nazirliyinə keçməsi göstərdi ki, Azərbaycanda təkcə maliyyə-iqtisadi böhran yox, həm də idarəçilik böhranı yaşanır. Bir ölkənin milli təhlükəsizliyinə daxil olan əsas qurumu bu qədər cinayətin içərisindədirsə, bu qədər şüurlu şəkildə təşkil olunmuş cinayət fəaliyyəti ilə məşğuldursa, bu cəmiyyətin təhlükəsizliyindən söhbət gedə bilməz. Ərazisinin bir hissəsi işğal olunan, müharibə şəraitində olan bir dövlətdən söhbət gedir. Ölkəyə uzun illər neftdən böyük gəlirlər daxil oldu, bundan rasional istifadə olunmadı. Bu proses inkişaf etdi və dünya bazarında neftin qiymətinin kəskin düşməsi ilə vəziyyət dəyişdi. Neftin ucuzlaşması geopolitik siyasi amillə bağlıdır, Rusiya faktoru ilə bağlı məsələdir. Rusiyaya qarşı vaxtilə SSRİ-ni dağıtmağa yönəlmiş strategiyadır. Bir müddət əvvəl Azərbaycanın dövlət başçısı dedi ki, biz böhranı 2030-cu illərdə gözləyirdik. Amma 2015-ci ildə baş verdi. Deməli, bir neçə ay irəlini görə bilməyiblər. Artıq Ukrayna krizisi başlayanda, Azərbaycan hakimiyyəti anlamalı idi ki, neft dövrü bitdi. Dərhal təxirəsalınmaz çox ciddi addımlar atılmalı idi. Çünki iqtisadi, sosial sferada islahat aparılmasa, iqtisadi baxımdan ölkə güclənməsə, digər sahələrin inkişafı da mümkün olmayacaq. Nə ölkənin müdafiə qabiliyyəti, nə sənayeləşməsi mümkün olacaq. Nə də sosial problemlərin həlli qeyri-mümkün olur. Dollar hesabı ilə ümumdaxili məhsul iki dəfə azalıb. Ekspertlərin hesablamalarına görə, gələn ilin fevral ayından sonra artıq bu resurslar da tükənəcək, inzibati yollarla manatın kursunu saxlamaq mümkün olmayacaq. Dollar 3-4 manata qalxacaq, bunu hətta hakimiyyət ekspertləri də deyirlər. Digər tərəfdən, inflyasiyanı saxlamaq mümkün olmayacaq. Bu gün Azərbaycanda paradoksal vəziyyətdir. Dəyişiklik edəcək qüvvələr hamısı sıradan çıxarılıb. Yeni qüvvə də meydana çıxmayıb. Dinc demokratik dəyişikliklərin hərəkətverici qüvvəsi milli burjuaziyadır, orta sinifdir. Bu gün Azərbaycanda nə milli burjuaziya var, nə orta sinif. Ona görə Azərbaycanda ağırlaşmalar olan ictimai-siyasi proses gedir. - Ölkədə qeyri-neft sektorunun inkişafı barədə danışılır. Mümkün olacaqmı? Kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdiriləcəyi gözləntisi var cəhdlər var. – Dünya təcrübəsi göstərir ki, əgər bir siyasi komanda dövləti, cəmiyyəti, yaxud iqtisadiyyatı böhran halına salırsa, onun özünü dəyişmədən yaratdığı bu vəziyyətdən çıxmaq qeyri-mümkündür. Təsəvvür edin, ölkədə böhran yaranıb, böhran yaradan komanda ortadadır. Amma həmin komanda çalışır, komanda belə dəyişməyib. Ölkədə yeni fikirli, iqtisadiyyata yeni baxışı olan yeni komanda təşkil olunmalıdır. Yeni komanda yeni proqramla, antiböhran proqramı ilə gəlməli idi. Artıq ölkəni maliyyə iqtisadi böhrandan çıxaracaq bir proqram olmalı idi. Parlament dəstəyi aldıqdan sonra da işə başlamalı idi. Proqram da elmi əsaslı, dünya təcrübəsini nəzərə alan proqram olmalı idi. O zaman müəyyən bir inandırıcılıq ola bilərdi. O zaman ölkədə artıq çox ciddi, dərin, demokratik istahatlar başlamalı idi. Hər bir dəyişiklik islahat deyil. Geriyə getmək də dəyişiklikdir, amma ona proqres yox, reqress deyirlər. Bu komanda qaldıqda, cəmiyyəti ancaq geri götürə bilər. Reqress dərinləşə bilər. Dəyişiklik olacaq, amma irəliyə olmayacaq. Yeni komanda lazımdır, struktur dəyişiklikləri olmalıdır. Ölkə iqtisadiyyatının strukturu dəyişilməlidir. Qeyri-neft sektoru və xidmət sahələri inkişaf etdirilməlidir. Real sektor inkişaf etdirilməlidir. Müasir dövrdə inkişaf demokratiyadan keçir. Müasir dövlət demokratikləşmiş, sənayeləşmiş dövlətdir. - Referendumdan sonra ölkədə islahatların olacağı vədi var idi. Bildirilirdi ki, referendumdan dərhal sonra islahatlara start verəcək. Niyə islahatlar görünmür? – Mənim islahatla bağlı gözləntim yoxdur. Bu gözləntilər fevral devalvasiyasından bir neçə ay sonra bitdi. İslahat adına müəyyən addımlar atıldı, qısa zamandan sonra geri oxundu. Yəni dövlət başçısı belə, öz istədiklərini edə bilmir. Bu komanda dəyişilməyincə, islahatçı bir komanda gəlməyincə Azərbaycanda hər hansı inkişaf istiqamətində dəyişikliyin olacağını gözləmirəm. Komandanın dəyişilməsi də çox çətindir. Çünki Rusiya Azərbaycanda çox güclüdür, “beşinci kolon” çox güclüdür. Dövlət siyasətinə birbaşa təsir edirlər. Azərbaycanda islahatların aparılmasına, hətta dövlət başçısı da istəsə belə, imkan verməyəcəklər. O gücdədirlər. Bir yol var ancaq. Dövlət başçısı siyasi iradə nümayiş etdirib Azərbaycanda yerdə qalan demokratik qüvvələrlə açıq dialoqa getməlidir. Hətta gələcək komandada heç bir müxalifət üzvü olmaya da bilər. Demokratik qüvvələrdən edəcəyi dəyişiklikləri dəstəkləmək haqqında vəd ala bilər. Azərbaycan cəmiyyəti ilə dövlət başçısı anlaşmalıdır. Bu razılaşmadan sonra dəyişikliyə cəhd edə bilər. Çünki qarşısında Rusiyanı, İranı görəcək.

14 Noyabr 2016 4:13

Donald Trampın ilk müsahibəsi: “Xalqı ayağa qaldırmaq üçün qaynar çıxışlara ehtiyac yaranır”

tramp-mwsahibe

ABŞ prezidenti seçilmiş Donald Tramp bazar günü mətbuatda çıxışında mövqeyini bir daha ortaya qoyub, hansı vədlərinin üstündə dayanacağını, hansı məqamda gözləndiyindən yumşaq davranacağını bildirib. «The New York Times» qəzeti yazır ki, tənqidçilərini qınamaq niyyətiylə D.Tramp «Twitter»dən istifadə edib, bununla da prezidentlərin amerikalılarla danışmaq üsulunu tamamilə dəyişəcəyi, sosial mediadan Ağ Evdə də yararlanacağı ehtimalını yaradıb. “BAŞQA ÖLKƏYƏ GETSİNLƏR” Qələbədən sonra ilk dəfə olaraq D.Tramp televiziyaya bir saatlıq müsahibə verib. CBS telekanalında çıxışından D.Trampın miqrantlara vəd etdiyi qədər sərt olmayacağı, amma abort hüququnun məhdudlaşdırılmasında israrlı mövqe tutacağı aydın olub. «Bəs abort istəyən qadınlar neyləməlidir» sualına cavabında D.Tramp “yəqin ki, başqa ölkəyə getməli olacaqlar” deyib. Meksikayla sərhədə çəkiləcək divara gəlincə, D.Tramp divarın bütün sərhədboyu uzanmayacağını, bəzi yerlərdə çəpərlə kifayətlənəcəklərini bildirib. O ki qaldı sayı 11 milyona çatan sənədsiz miqrantlara, D.Tramp onların hamısını deyil, yalnız kriminal keçmişi olanları, yəni təhlükəli hesab etdiyi 2-3 milyon miqrantı ölkədən qovacağını söyləyib. “The New York Times” indiki prezident Barak Obamanın da dövründə 2 milyondan çox miqrantın ölkədən çıxarıldığını qeyd edir. D.Tramp cinayətkar olmasalar da, sənədsiz miqrantların «dəhşətli kütlə» sayıldığını, sərhədlərin təhlükəsizliyi təmin olunandan sonra onların işinə baxacağını bildirib. D.Tramp Ali Məhkəmənin eynicinslilərin nikahını qanuniləşdirən qərarıyla razı olduğunu söyləyib, həmçinin Obamanın tibbi sığorta haqda qanununun populyar aspektlərini təsdiqləyib. D.Tramp seçkidən bir neçə gün öncə demokratların namizədi Hillari Klintonun dövlət əhəmiyyətli yazışmalarda şəxsi e-poçtundan istifadəsiylə bağlı informasiyanı açıqlayan FBI (Federal Təhqiqatlar Bürosu) rəhbəri ilə bağlı da sualı cavablandırıb. Deyib ki, onun haqda, hələ, qərar verməyib, FBI direktorunun açıqlamalarının bəlkə də əsası olub. «The New York Times» D.Trampın «Twitter» çıxışlarına xüsusi diqqət ayırıb, onun postlarının yenicə prezident seçilmiş adama yaraşmadığını, seçkidən sonrakı qələbə nitqində, eləcə də Obama ilə görüşdə göstərdiyi ciddiliyə uymadığını yazıb. D.Tramp «Twitter»də onun seçilməsinə etiraz edənləri, həmçinin onun haqqında düzgün informasiya yaymamaqda suçladığı «The New York Times» qəzetini ciddi tənqid atəşinə tutub. D.Tramp aksiyalara çıxanların ciddi qüvvələr, media tərəfindən ayağa qaldırıldığını, çox ədalətsiz olduqlarını söyləyib. YENİLİK «The New York Times» yazır ki, D.Trampın «twitter»dən istifadə etməsi Ağ Ev tarixində yenilikdir və Trampın prezident kabinetində də onun baxışlarına uyğun gəlməyən mətbuatdansa, sosial mediadan yararlanacağına, mövqeyini amerikalılara sosial media vasitəsilə çatdıracağını göstərir. Bir saatlıq müsahibəsində D.Tramp sosial mediadan yararlanmasıyla fəxr etdiyini, prezident olanda da bu platformanı tərk etməyə meyllənmədiyini deyib. D.Tramp məhz sosial şəbəkələrdəki izləyicilərinin ona qələbə qazanmağa güc verdiyini bildirib. D.Tramp seçki kampaniyası zamanı mətbuatda onu «vəhşi» kimi təsvir edənlərin haqlı olmadığını, bəzən xalqı ayağa qaldırmaqdan ötrü onun kimi qaynar çıxışlar etməyə ehtiyac yarandığını deyib. D.Tramp «kiçik monoton xarakterli» biri olmaq istəmədiyini, lazım gələrsə, bundan sonra da eyni taktikaya əl atacağını vurğulayıb. Azadlıq Radiosu

14 Noyabr 2016 1:11

Aşıq Ədalət: “Məni zəhərləyib öldürmək istəyirdilər”

erdogan-6

“İndikilər aşıq deyil. Çıxır, təlxəklik edir, hərəkətləri ilə Azərbaycanı, türk dünyasını, Dədə Qorqudu təhqir edirlər”   Bugünlərdə ustad aşıq Ədalət Nəsibovun vəziyyətinin ağırlaşdığı, ayaqlarının tutulduğu, yeriyə bilmədiyi haqda məlumatlar yayıldı.  Sənətkarın halını öyrənmək üçün evinə yollandıq və evinin yanındakı bazarda onunla qarşılaşdıq. Aşıq Ədalət gəlişimizlə əlaqədar bazarlıq edirdi. Biz isə sənətkarı ayaq üstə görməyimizə çox sevindik. Bazardan evə gedənəcən yolboyu böyükdən tutmuş, kiçiyə qədər hər kəs ustadla salamlaşır, hal-əhval soruşurdu. Beləcə, nəhayət ki, onun öz dili ilə desək, daxmasına - kiçik də olsa səliqəli olan, kənd evlərini xatırladan həyət evinə gəlib çıxdıq. Sonradan məlum oldu ki, sən demə, hazırda sazın atası sayılan aşıq Ədalət uzun illərdir bu evdə, qaranlıq daxmada kirayədə yaşayırmış... - Sizi gümrah gördüyümə çox sevindim. Halbuki yazırdılar ki, yeriyə bilmirsiz... - Həyatdır da, yola verirəm 80 yaşımda... O şkafda gördüyünüz çamadanlarda haqqımda yazılan yazılardır. Nə qədər kitab oxuyuram. Özü də aşıqlığa aid deyil, dünya ədəbiyyatından, filosof şeirləri oxuyuram. - Daha çox hansı müəllifləri xoşlayırsız? - Hamısını. Kimi xoşlamıram ki. Rəsul Rzanımı, Səməd Vurğunumu, Bəxtiyar Vahabzadənimi... Mən kitab sevənəm. Gördüyünüz şkaf kitabla doludur. - Səməd Vurğundan söz düşmüşkən, görkəmcə sizin ona bənzərliyiniz çoxdur. - Mən Səməd Vurğunla qohum təhərəm. Həm İsmayıl Şıxlıya, həm də Səməd Vurğuna oxşayıram (Öz şəklini Vurğunun şəkli ilə müqayisə edir). Bax, saçlarımız da çox oxşayır (Şkafdan bir qəlyan çıxarır). Bu, Səməd Vurğunun qəlyanıdır, öz əli ilə mənə verib... Bir gün “Pobeda” maşını ilə gəlmişdi. Dədəmə deyirdi ki, “a kişi, bu uşağı mənə ver”. Dədəm də ayaqqabı tikən idi, müharibədən yenicə qayıtmışdı, bir qolu işləmirdi. Dədəm dedi ki, “bu, gözümün ilk ovudur, onu heç kimə verə bilmərəm”. Onda Səməd əmi də bilmirəm 30 ya 40 min pul idi, çıxardıb dədəmə verdi. Dedi ki, “bu uşağı böyüt, saxla”. Mənə “beçə” deyərdi. 60-70 il bundan əvvəlki söhbətdir, onda 6-7 yaşım var idi. - Son vaxtlar bəzi gənc şairlər Səməd Vurğunu və şeirlərini tənqid atəşinə tutdular. - Eşitmişəm, bəzi nadanlar da dedi bunu. Səməd əmi deyirdi ki, “Vətən! Çoxmu sevir məni o vətən? Mənə həcv yazır hər yoldan ötən... Çox da tərifləmə mənə vətəni, Bu qılınc olmasa yeyərlər məni!” Səməd Vurğun kimi dahi adamı pisləyərlər?! Söhbət əsnasında otağa nəzər salırıq, köhnə əşyalar, kitablar və 4 saz... - Bu sazların hamısı sizindir? - Bəli. Hələ bir-ikisi rayondadır. - Bəs sizə ən əzizi olan hansıdır? “17 ildir ki, evim yoxdur, Bakıda kirayədə yaşayıram, ayda 400 manat kirayə haqqı verirəm” - Burda budur (kiçik, qaraya bənzər sazı göstərir). Ən birinci sazım rayonda nəvəmdədir. Həmin sazın təxminən 70 yaşı var. Nə sənət yiyəsi olursansa ol, həmin sənətdə gərək birinci olasan. İndikilər aşıq deyil. Çıxırlar... təlxəklik axı nəyə lazımdır. Hərəkətləri ilə Azərbaycanı, bütün türk dünyasını, Dədə Qorqudu təhqir edirlər. Elə saz çalmaq olar?! Sazı ayaqlarının arasına alırlar, əllərində oynadırlar. Sən ifanı göstər görək, kimsən. Belə olmaz, hər şeyin qanunu-qaydası var. Aşıq çayxanada 3 manata saz çalmaz. Məni burdan “at minnətinə” evdən eşiyə çıxardırlar. Mən çox pis dolanmışam, bir tikə çörəyə möhtac qalmışam vaxtilə.  Anam payıma düşən çörəyi saxlayırdı, elə olurdu ki, qoynuna qoyurdu, yadından çıxırdı. Bəzən sual verirlər ki, “Keçmişə dönmək istərdinizmi?” Deyirəm ki, mən niyə o günlərə dönmək istəyim, ayağımda ayaqqabım yox, şalvarım 10 yerdən cırıq, qarnım çörək tapmırdı. Getsin o vaxtlar, gəlməsin. (kövrəlir). “Ustad aşıq” deyə müraciət edirəm, acığı tutur: - O vaxt efirə çıxanda senzuradan keçirdik. Sovet hökumət deyirdi ki, yaz bura görüm nə oxuyacaqsan. Gedirdik, yazımızı çap maşınından çıxartdırıb göstərirdik, deyirdilər ki, hə, bunu oxumaq olar. İndi arvad demir, kişi demir, ağız-burunlarını əyib oxuyurlar. Nədir bu?! Mən aşıq deyiləm, aşıq deyiləndə acığım tutur... O vaxt olub aşiqlər, aşiqin min adı olub. Ustad sənətkar bu məqamda jurnalistlərdən gileylənməyə, məlum “efir qalmaqalı”ndan danışmağa başlayır: - Jurnalistlər gəlir, yazıb, gedirlər. Bəzən elə yazırlar ki, heç xəbərim olmur ondan. Bəzən dostlarım da zəng edir, diktofonu açıq qoyub səsimi yazırlar. Diktofonu açanda mənə deyirsin ki, açmışam. Bəzən nəsə deyirəm, sonra oluram sözümün nökəri. O gün birinə deyirəm ki, ayaqlarım tutulub, gəzə bilmirəm. Götürüb yazırlar ki, Aşıq Ədalətin ayaqları tutulub. Jurnalistlər 50 kitabımı aparıb, qaytarmayıblar. Mənim çənəm coşanda özümü saxlaya bilmirəm. Düz deyirəm, sonra ziyanını çəkirəm. Mənim başıma nə oyun gətirdilər televizorda! Nəyə lazımdır belə şeylər? Sənətkarları yığıblar bir yerə, mən də sazdan, sözdən danışıram, bir də görürəm ki, lüt qızı oynadırlar sazın qabağında. Mən də sənətkar adamam, əsəbiləşdim. Bəs demirlər burda sənətkarlar, şəxsiyyətli insanlar var?! Biri mənim səsimə səs vermədi ki, sənətkar düz deyir. Hələ 50-ci ildə mən mükafat almışam. Stalini canlı görmüşəm. Mən ağsaqqal adamam, nəyə görəsə məni biabır etmək olmaz (əsəbiləşir). “Mənə 3-4 dəfə deputatlıq təklif edildi, dedim ki, məndən deputat olmaz” Söhbətin ahəngini dəyişməyə çalışırıq: - Bir qədər “Yeddi oğul istərəm” filmindəki “Yanıq Kərəmi” ifanızdan danışaq. - Mən çox filmlərdə ifa etmişəm. Amma həmin film şah əsəridir. - Neçə ildir ki, Bakıdasız? - 17 ildir. 17 ildir ki, mənim evim yoxdur, kirayədə yaşayıram. Ayda 400 manat kirayə haqqı verirəm. Mən gedib kiminsə qapısını döyən, minnət-xahiş edən deyiləm. - Bəs övladlarınız dolanışığınıza köməklik edirmi? - Xeyr. Deyirlər ki, "dədə, sən bizi nə əziyyətlə böyütmüsən, boya-başa çatdırmısan, indi biz sənə köməklik edək", razı olmuram. - Bəziləri elə bilir ki, siz Xalq artisti adını çoxdan almısız. - Mən Əməkdar incəsənət xadimiyəm. Bu ad Xalq artisti adından daha yüksək, böyükdür. O vaxtı bu adı Bəxtiyar Vahabzadə mənə vermişdi. Dedi ki, sənə İncəsənət xadimi adı layiqdir. Azərbaycanda 30-40 nəfər ancaq incəsənət xadimidir, qalanı hamısı Xalq artistidir. - Amma Xalq artistlərinə ev verilir. - (Barmaqlarını bir-birinə sürtür) Onların pulu var da yəqin ki. - Bəs Aşıqlar Birliyi sizə nəsə qayğı göstərmir? - Əvvəllər qurumun rəhbəri Zəlimxan Yaqub idi. Onunla yaxın dost idim. Sonra aramızı vurdular. Elə bu məqamda bankdan sənətkara zəng olunur. Məlum olur ki, ustad aşığın banka kredit borcu var və vaxtında ödəmək üçün ona xəbərdarlıq edirlər: “Hə, niyə bilmirəm ki, neçə ildir ki, o borcu verirəm. Ötən dəfə 3 manat əskik idi, az qala məni Bakıdan qovalayasız. Heç nə demirəm, camaatı tovlamayın, camaat yazıqdır”. Telefon danışığı bitir, söhbətimizə davam edirik: - Hamı kimi mən də kredit götürüb maşın almışam. İki manat gec verən kimi cərimə yazdılar, gündə 15 dəfə zəng etdilər... Aşıqlar Birliyinin hazırda rəhbəri Məhərrəm Qasımlıdır. Özü də ora layiqdir və mənim təşəbbüsümlə ora qəbul olunub. Bu qurumun axı əlindən nə gəlir, yalnız xarakteristika yazır. Biz xalqla dolanırıq. Mənə 3-4 dəfə deputatlıq təklif edildi. Dedim ki, məndən deputat olmaz. Sazım mənə, mən də sazıma yaraşıram, el də məni dolandırır, ayda 1500 manat təqaüdümü alıram, bəs edir. - Toylara gedirsizmi? - Xeyr. Toylarda mənim xətrimə dəyirlər. 10 dəqiqə mənə vaxt verirlər. Mən elə 10 dəqiqəyə ancaq sazı düzəldirəm. Deyirlər ki, get çal, 5-10 manat pul qazan. Deyirəm ki, a kişi, mən 10 dəqiqəyə aşıqlığı göstərə bilmərəm. O gün bu sualı Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev də verdi. Mənə deyir ki, “sən hələ ev almamısan?” Deyirəm ki, “bəyəm ikinci evi alıram?” Sonra soruşdu ki, “toylara gedirsən?” Dedim, səni nə maraqlandırır. Mən nazirin qəbuluna girə bilmədim. - Bir az öncə dediniz ki, sazınızı nəvənizə vermisiniz. Maraqlıdır, axı aşıqlar öz sazına qarşı qısqanc olur, onu heç kimə vermirlər.  - Nəvəm də gözəl ifa edir. Özü də mən öyrətməmişəm ha, öz-özünə öyrənib. Demişdim ki, məni sazımla dəfn edərsiz. Həmin vaxt dindarlar məni tənqid etdilər. Dedilər ki, “insan bu dünyaya lüt gəlib, lüt də getməlidir”. Cavab verdim ki, “saz mənimdir, onu da özümlə aparıram”. Axırda bir sazım var, üzünü sökdürüb, qopartdım. Onun üzünü özümlə aparacam, kim nə biləcək ki, sinəmdə sazın üzü var. Mən 5 yaşımdan saz çalıram. Dünyanı mənə bağışlayalar, mən sazımı vermərəm. - Bəzən sual verirlər ki, niyə dastanlarımızda yalnız Güney Azərbaycan bölgələrinin adları çəkilir? “Çənəm coşanda özümü saxlaya bilmirəm” - Niyə ki? Bir çox dastanlarda Gəncənin adı çəkilir. Gəncə qüdrətli yerdir. Bəziləri deyir ki, Qarabağ qayıdanda qurban kəsəcəm. Mən də qoca sənətkaram, əlimdə bir şey yoxdur. Yalnız bir şey edə bilərəm, Gəncənin bu başından əlimdə saz piyada çala-çala Qazağa gedəcəm. Gəncə Cavad xan diyarıdır. Qollarını açır deyir ki, gəlin. Yerindən qalxıb şkafa yaxınlaşır. Ordan içində gül olan ağzı bağlı butulka çıxardır. Sən demə, gül adı dillərdə gəzən, məşhur Xarıbülbül çiçəyi imiş. Həyatımda ilk dəfə idi ki, canlı Xarıbülbül görürdüm, bizim nəsil bu gülün adını ancaq eşidə bilib. Sənətkar maraqdan donub qaldığımı görüb asta avazla oxuyur: - “Vətən bağı al əlvandır, Yox üstündə Xarıbülbül...” Diqqətlə bax, sanki gülün üstünə sarı bülbül qonub. - Şüşənin içindəki maye nədir ki, onu belə canlı, təzə saxlaya bilib? - Bilmirəm, məlumatım yoxdur. Hazırda yeganə canlı Xarıbülbül tək məndədir. 45 ildir onu mənə bağışlayıblar, mən də qoruyub saxlamışam. Eh, siz cavanlar belə şeyləri bilməzsiz... Müsahibə boyu sənətkar həm özünə aid, həm də görkəmli şairlərimizdən xeyli şeirlər oxudu. Maraqlıdır ki, onun bu yaşda belə gözəl avazı olmasına baxmayaraq, nədənsə oxumaqdan çox, instrumental ifaçılığa üstünlük verir.  - Çox gözəl səsiniz var, amma ifanızda nəsə oxumağa üstünlük vermirsiniz. - Mən bir insana söz vermişəm ki, daha oxumayacam. Yəqin ki, oxumağım ona xoş gəlmədi, ya nəsə. - Nə vaxt olub bu? - 18-20 il bundan əvvəl (Nəyisə xatırlamağa çalışır). Deyəsən, Sultanxanıma söz vermişdim ki, oxumayacam, o mənim əmim qızıdır. Amma hansısa dost məclisində xahiş edəndə oxuyuram.  Uşaq vaxtı oxumağıma görə məni zəhərləmişdilər. - Neçə yaşınız var idi? - 12. Məni öldürmək istəyirdilər. Onda qatar, avtobus hardaydı. Bir maşına minib məni aparmışdılar Gəncəyə. Analizə baxanda dedilər ki, bizlik deyil. Apardılar məni Bakıya, həkim Topçubaşovun yanına. O vaxt atamda pul nə gəzirdi, pinəçi adam idi. Amma o vaxtlar bir kişi sözünə iş görürdülər. İbrahim Topçubaşov dedi ki, nə yaxşı ki, bu ölməyib, salamat qalıb. Mənə danışmağı qadağan etmişdilər. Beləliklə, məni xilas etdilər. - Bəyəndiyiniz aşıq varmı? - İndi sən deyən nə aşıq var, nə də ona qiymət verən. Amma bir aşıq xanım var, həm gözəldir, həm də gözəl oxuyur. Ustad sənətkara yalnız qızı və nəvəsinin qulluq etməsi diqqətimdən yayınmır. - Həyat yoldaşınız yanınızda deyil? - Yox... Mənim pələng kimi balalarım var, hamısı da özümə oxşayır. “Üzü qara olsun bivəfa yarın. Bilmədi qədrini şah sənətkarın”. Həyatdır da. İndi fikirləşirəm ki, mən onunla uzun illər necə yaşamışam. Çəkilirdim evin birinə, çalırdım. Deyirdi ki, “bəsdir də, başımız getdi, qoy bir az yataq”. Sazı evin başına qoyurdum, aparıb küncə qoyurdu. Deyirdim “bunu ora qoymaq olmaz, mən evə qazancı onunla gətirmişəm”. Axırda dedim ki, qurtardı. 25 ildir ki, boşanmışam... Tale əvvəldən düz yazmayıb heç nəyi. - Bəs ikinci dəfə ailə həyatı qurmadız? - Yox, istəmirəm daha.(musavat.com)

27 Oktyabr 2016 11:15

Mübariz Qurbanlı: “İŞİD ilə FETÖ-nü birləşdirən “ortaq dəyər” var” –MÜSAHİBƏ

eldar-111

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı müsahibə verib. Faktinfo.az  komitə sədrinin “Report”a müsahibəsini təqdim edir:  Mübariz müəllim, Türkiyə Respublikasına səfəriniz çərçivəsində baş tutan görüşlərdə daha çox hansı məsələlər müzakirə olundu? – Oktyabrın 9-11-i tarixlərində “Avrasiyada İslam: din istismarına qarşı birlik, dayanışma və gələcək perspektivi” mövzusunda keçirilən Zirvə toplantısına Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görmezin dəvəti ilə qatılmışdıq. Səfər çərçivəsində rəsmi görüşlər nəzərdə tutulmamışdı. Səfərdə məqsəd bu regionda İslamın gələcəyi və dini istismar edən hərəkətlər, dini təhsil verən qurumlar, qlobal təhdidlər və şiddət təhlükəsi – İŞİD, qlobal təhlükə kimi FETÖ-nün Avrasiyaya təsirləri, dini istismarın qarşısının alınması yolları və bu kimi digər məsələlərlə bağlı fikir mübadiləsi aparmaq idi. İki gün ərzində edilən çıxışlar və aparılan müzakirələr göstərdi ki, bütün iştirakçı ölkələr bu kimi məsələlərə qarşı prinsipial mövqedədirlər və birgə mübarizənin tərəfdarıdırlar. Xüsusi vurğulanmalı məqam odur ki, çıxışlarda müsəlman xalqları arasında dostluğun möhkəmləndirilməsinin və dünyadakı münaqişələrin həllinin, müsəlman dünyasına qarşı ayrı-seçkiliyin, o cümlədən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tezliklə aradan qaldırılmasının vacibliyi bir daha vurğulandı, bu qarşıdurmaların başlıca səbəbinin beynəlxalq aləmdəki ikili standartlar olduğu diqqətə çatdırıldı. Qeyd olundu ki, xalqımıza qarşı Xocalı soyqırımının törədilməsi, təcavüzkar Ermənistanın ölkəmizdə həyata keçirdiyi terror aktları nəticəsində günahsız insanların qanının axıdılması çox ciddi narahatedici mövzudur. Həmçinin müasir dünyada yaşanan miqrant faciələri, özünü demokratiya və insan hüquqlarının təəssübkeşi kimi təqdim edən Qərbdə miqrantlar arasında müsəlman, qeyri-müsəlman ayrı-seçkiliyinin aparılması kimi aktual problemlər də müzakirə edildi. Fikrimcə, region dövlətlər arasında birgə əməkdaşlığın möhkəmləndirilməsi baxımından bu kimi səmərəli tədbirin keçirilməsi təqdirəlayiqdir. – FETÖ-yə qarşı mübarizə mövzusunda daha çox hansı məsələlər vurğulandı? – Prezident Rəcəb Tayyib Ərdoğan, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və digər natiqlər FETÖ-nün müasir dövrün ən təhlükəli terror təşkilatlarından biri olduğunu vurğuladılar. Tədbirdə iştirak edən nümayəndə heyəti olaraq dövlətimizin, Prezident cənab İlham Əliyevin birmənalı mövqeyini bir daha dilə gətirərək qardaş Türkiyədə baş verən bütün terror hadisələrini, o cümlədən 15 iyul dövlət çevrilişi cəhdini qətiyyətlə pislədik, bir sıra ölkələrin qərəzli münasibətinə baxmayaraq, türk xalqının Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməklə tarixin daha bir ağır sınağından alnıaçıq çıxdığını diqqətə çatdırdıq. Azərbaycan bütün hallarda terrora, o cümlədən İŞİD və FETÖ kimi terror təşkilatlarının fəaliyyətinə qarşı öz etirazını hər zaman sərgiləyib və bundan sonra da sərgiləyəcək. Dövlətimizin daim haqq-ədalət tərəfdarı olacağını vurğuladıq. Prezident cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, terror ümumbəşəri bəladır və ölkəmiz, hansı ad altında fəaliyyət göstərməsindən asılı olmayaraq, terrorun bütün formalarına qarşı mübarizədə birgə əməkdaşlığın tərəfdarıdır. Türkiyə digər bütün sahələrdə olduğu kimi, bu məsələdə də Azərbaycanın əsas tərəfdaşıdır. – Sizcə, FETÖ tərəfdarları vaxtilə Azərbaycanda daha çox hansı sahələrdə fəaliyyət göstəriblər? – Azərbaycanda bu təşkilatın müəyyən uzantıları ola bilər, ancaq onun burada güclü ideoloji dayaqları yoxdur. Dövlət müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə yaranmış xaotik vəziyyətdən istifadə edərək buraya ayaq açmışdılar. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da ilk işləri təhsil sektoruna nüfuz etmək olmuşdu. Burada lisey, universitet açmışdılar. Sovet sistemindən qalma təhsillə müqayisədə, daha yaxşı təhsil verdiklərinə görə rahat fəaliyyət göstərə bilirdilər. Amma dövlətimiz gücləndikcə digər radikal cərəyanlar kimi onların da qarşısının alınması istiqamətində işlərə başladı. 2009-cu ildən Fətullah Gülənə və nurçulara məxsus ədəbiyyatların, video və audio materialların Azərbaycana gətirilməsi, yayılması məqsədəuyğun sayılmadı. Əlbəttə, biz həmin liseyi, həmin universiteti bitirənlərin hamısının FETÖ ideologiyasının daşıyıcısı hesab edilməsinin tərəfdarı deyilik. Həmin təhsil ocaqlarının vətənini, dövlətini sevən bir sıra məzunları olub və bu gün də dövlət quruculuğunda aktiv iştirak edirlər. Birmənalı şəkildə deyə bilərəm ki, FETÖ-nün dinlə heç bir əlaqəsi yoxdur, o, dini təşkilat deyil, din adı ilə maskalanmış siyasi təşkilatdır. Azərbaycanda bu və ya digər formada Fətullah Gülənin “ideologiyası”nı daşıyanların aşkara çıxarılması, onların qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarımız gərgin və uğurlu fəaliyyət göstərirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə bu mübarizəni dini maarifləndirmə yolu ilə aparır. – Bir neçə ay əvvəl Türkiyə mətbuatında Azərbaycanda 3 mindən çox "İşıq evi"nin olması barədə iddia yer alıb. Bu, nə qədər realdır? – Açığı, bu rəqəmin haradan götürüldüyü, kimə istinad edildiyini bilmirəm, amma hesab edirəm ki, çox şişirdilmiş informasiyadır. Bu məsələ tam nəzarətdədir və müəyyən tədbirlər həyata keçirilir. – Mübariz müəllim, Azərbaycandan Suriyaya döyüşməyə gedənlərlə FETÖ-nün təşkilatlanmasına xidmət edənlər arasında hər hansısa bir bağlılıq ola bilərmi? – Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycan dövləti hansı ad altında fəaliyyət göstərməsindən asılı olmayaraq, bütün terror təşkilatlarını lənətləyir və onlara qarşı mübarizə aparır. Bilirsiniz, terrorçunun əynində istər kostyum olsun, istər səhra döyüşçüsü uniforması, onun milliyyəti, iqri, cinsi olmur, əlində istər silah olsun, istərsə də qələm və s. – heç bir fərqi yoxdur. Terrorçu terrorçudur, onun qiyafəsi, xarici görünüşü deyil, mənsub olduğu mənhus dünyagörüşüdür. Və biz terrorizmi loyal və radikal qruplara bölmürük. Çünki yekunda hər ikisi cəmiyyət üçün, dövlət üçün, bəşəriyyət üçün təhdiddir. Türkiyədə baş verən 15 iyul hadisələri nümunəsində baxsaq, deyə bilərik ki, İŞİD zahirdə də açıq təhlükə kimi görünürsə, açıq şəkildə pozuculuq fəaliyyəti ilə məşğuldursa, FETÖ dövlətin müxtəlif strukturlarına gizli şəkildə yerləşdirilmiş saatlı bomba kimidir, istədikləri vaxt, yaxud əllərinə düşən ilk fürsətdəcə həmin bombanı partlada bilərlər. Yəni yekun olaraq İŞİD ilə FETÖ-nü birləşdirən “ortaq dəyər” var: pozuculuq, anarxiya və terror. – Cəmiyyətdə qarışıqlıq, fikir ayrılığı yaratmaq istəyən qüvvələrin Məhərrəm ayında fəallaşmasından danışmaq olarmı? – Məhərrəm ayı radikal düşüncəli qrupların və onlara xidmət edənlərin xüsusi fəallıq göstərməyə çalışdıqları aylardan biridir. Ancaq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin apardığı maarifləndirmə işi, qabaqlayıcı tədbirləri, Qafqaz Müsəlmanları İdarəsinin səmərəli fəaliyyəti, yerli icra strukturları və hüquq-mühafizə orqanlarımızın fədakar əməyi sayəsində builki Aşura mərasimlərinin sakit məcrada keçməsi bir daha göstərdi ki, radikalizmin Azərbaycanda heç bir sosial dayağı yoxdur və olmayacaq da. Kimsə qanunvericiliyə zidd addım atırsa, cəmiyyətdə pozuculuq fəaliyyəti ilə məşğuldursa, qanun qarşısında cavab verir və verəcək də. – Azərbaycanda din pərdəsi altında müxtəlif pozucu fəaliyyətlərlə məşğul olma hallarına daha çox hansı bölgələrdə rast gəlinir? – Biz bu cür bölgü aparılmasının tərəfdarı deyilik. Biz bu kimi məsələlərə kompleks yanaşır və fəaliyyətmizdə də bunu əsas tuturuq. Əks halda, radikallar bir bölgəyə xüsusi diqqətin, nəzarətin olmasından istifadə edib, başqa bölgələrdə möhkəmlənə bilərlər. – Komitə gənc nəslin dini sahədə doğru maarifləndirilməsinə böyük əhəmiyyət verir. Bu sahədə maarifləndirmə tədbirlərindən əlavə gənc nəslə orta və ali məktəblərdə sağlam dini biliklərin lazımi səviyyədə verilməsi məsələsi yaxın gələcəkdə müsbət həllini tapacaqmı? – Hazırda orta məktəblərimizdə "Həyat bilgisi" adlı fənn tədris olunur və dinlər haqqında müəyyən məlumatı əhatə edir. Bu məsələ ilə bağlı Təhsil Nazirliyinin mütəxəssisləri ilə söhbətlərimizdən belə bir nəticəyə gəlmişik ki, həmin dərslikdə məlumatlar genişləndirilsin.Yuxarı sinif şagirdləri üçün isə dünya dinləri, mədəniyyətləri haqqında, o cümlədən hər bir dindəki radikal qruplar, cərəyanlar, onları yaradan səbəblər, nəticələri və fəsadları barədə geniş məlumat ala biləcəkləri müəyyən müddətdə fənn və ya kurs keçirilə bilər. Ali məktəblərin tədris proqramına isə bu kimi fənlərin salınmasına ehtiyac duyulmur. Əlbəttə, orta məktəblərlə bağlı söylədiklərim Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində həll olunan məsələ deyil. Bunlar təkliflərdir və mütəxəssislər həll etməlidirlər. Məndə olan məlumata görə, Təhsil Nazirliyində də bununla bağlı fikir mübadilələri aparılır. – Hansı şəhər və rayonlarda mədrəsələr açılacaq? – Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə bir çox gənclərimiz ölkədə müvafiq dini təhsil ocaqları olmadığı üçün təhsil almaq üçün xarici ölkələrə üz tutdular. Məzun olduqdan sonra vətənə qayıtdıqda isə bəlli oldu ki, bir çoxu bir müddət oxuduqları ölkələrin mənimsədikləri həyat tərzini, dünyagörüşünü, hətta dünyəvi məsələlərə baxış tərzini mənimsəyiblər və burada da eyni sistemin qurulmasında maraqlıdırlar. Təbii ki, dövlətimiz bu kimi insanların məscidlərə, digər ibadət ocaqlarına ayaq açmalarına imkan vermir və bundan sonra da verməyəcək. Çalışırıq, ölkədə savadlı, milli kadr saya biləcəyimiz din xadimlərinin sayı daha çox olsun ki, bu sahədəki problem həll edilsin. Mədrəsələr savadlı din xadimlərinin yetişdirilməsində mühüm rolu olan təhsil ocaqlarıdır. Hazırda ölkədə 3 mədrəsə fəaliyyət göstərir. Sayın artırılması ilə bağlı təkliflər var və bunun üzərində işləyirik. – Azərbaycanda dini kimliklə milli kimliyin qarışdırılması problemi mövcuddurmu? – “Ümmətçilik, yoxsa millətçilik?” – sualı, demək olar ki, müstəqilliyini qazanmış bütün ölkələrin qarşısına çıxan ilk suallardan biri olub. Hətta 1918-ci ildə Azərbaycan müstəqilliyini elan edəndə də bu məsələ böyük problemə çevrilmişdi. Müasir Azərbaycan isə artıq öz seçimini edib, bizim ideologiyamız bəllidir: Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq. Məhz bu məfkurə bizi bir bayraq, bir vətən ətrafında toplayıb. Azərbaycan çoxkonfessiyalı, çox mədəniyyətli ölkədir və əsrlərdir burada bir çox dinlərin nümayəndələri dinc yanaşı yaşayırlar. Ümummilli Liderimiz Heydər Əliyevin də dediyi kimi, bu, bizim mənəvi sərvətimiz, zənginliyimizdir. Biz məhz bu zənginliyimizlə bir çox dünya ölkələrinə nümunə göstərilirik, sahib olduğumuz bu zənginliyimiz tədqiq edilir, model kimi təqdim olunur. Buna görə də hesab edirəm ki, biz artıq “ümmətçilik, yoxsa millətçilik?” –mərhələsini çoxdan keçmişik və seçimimiz də bəllidir. Mediadan izləyirik, bu sualı gündəmə gətirmək istəyənlər olur zaman-zaman, ancaq biz onu hələ 1993-cü ildə – Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra birdəfəlik kənara qoymuşuq və bundan sonra da aktuallaşdırmaq mənasızdır.Çünki bunlardan birinin seçilməsi digərinin tərəfdarlarını ikinci plana atmaq, dolayısı ilə yuxarıda qeyd etdiyim mənəvi sərvətdən imtina etmək deməkdir. Dini və ya milli kimliyindən asılı olmayaraq, bizim hamımızın bir vətəni var: Azərbaycan. – Komitənin strateji planında qızların təhsilə cəlb edilməsi, erkən nikahların qarşısının alması probleminin həlli istiqamətində nəzərdə tutulan işlər var. Qız uşaqlarının doğulmadan öldürülməsi – (abort) probleminin həlli istiqamətində maarifləndirici tədbirlər aparmaq nəzərdə tutulurmu? – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sıx əməkdaşlıq etdiyimiz dövlət qurumlarındandır və biz bu Komitə ilə indiyədək həm paytaxtımızda, həm də bölgələrimizdə müxtəlif mövzularda – erkən nikah, qadın hüquqları və s. – bir sıra tədbirlər həyata keçirmişik. Bu tədbirlər çərçivəsində, şübhəsiz, qeyd etdiyiniz məsələni də gündəmə gətirmişik, bunun yolverilməz olduğunu vurğulamışıq. Bundan başqa, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında, dövri nəşrlərində (“Cəmiyyət və Din” qəzeti və “Dövlət və Din” jurnalı) mütəmadi olaraq doğulmamış körpənin tələf etdirilməsinin bütün dinlər tərəfindən qadağan olunması, onun həm də mənəvi cəhətdən doğru qərar olmaması ilə bağlı müxtəlif yazılar dərc edilir ki, bu da maarifləndirmənin bir istiqamətidir. Hesab edirəm ki, bu istiqamətdə görülən işlər artıq bəhrəsini verməkdədir, son vaxtlar qız uşaqlarının doğulmadan öldürülməsi faktları kifayət qədər azalıb. Çox istərdik ki, bu hal tamamilə aradan qalxsın. – Mübariz müəllim, Azərbaycandan İŞİD-ə ailəsi ilə deyil, təkbaşına qoşulan qadınlar olubmu? – Xatırlayırsınızsa, keçən ilədək radikal qruplar öz çirkin təşviqatları ilə bəzi gənclərimizi öz təsir dairələrinə salaraq, digər ölkələrdə din adı altında aparılan döyüşlərə cəlb edirdilər. Təbii ki, gedənlərin məqsədləri fərqli idi. Kimisi maddi maraq naminə getmişdi və gedib real vəziyyəti yerində gördükdən sonra peşman olaraq artıq geri qayıdıb, kimisi də yeniyetməlikdən gəncliyə keçən yaş dövrünü yaşayırdı və yeni macəra axtarırdı. Çox az qismi cihad adı ilə döyüşməyə yollanmışdı ki, onlar da, yuxarıda qeyd etdiyim kimi, radikal qrupların təsiri altına düşənlər idi. Sadəcə olaraq vaxtında anlamayıblar ki, məsələn, Suriyadakı döyüşlərin dinə, azərbaycanlılara heç bir aidiyyəti yoxdur və bu, geosiyasi maraqların toqquşmasıdır. Dövlət Komitəsi bu sahədə xeyli maarifləndirici iş aparıb və aparmaqdadır. Bilirsiniz ki, Komitənin sifarişi ilə “Fitnə” adlı sənədli film çəkilib. Suriyaya döyüşməyə gedən, sonradan peşman olub qayıdanların və qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilənlərin peşmanlığını əks etdirən həmin filmin ölkə boyunca nümayişi keçirilir və çox bəyənilir. Artıq yeni filmin üzərində iş gedir. Analitik təhlillərimiz və müşahidələrimiz göstərir ki, son 1 ildə Azərbaycandan başqa ölkələrdə döyüşməyə bir nəfər də getməyib. Əvvəllər gedənlərdən peşman olub qayıdanlar isə çoxdur. Azərbaycandan digər ölkələrə döyüşməyə gedənlərə mənəvi dəstək verənlər də zərərsizləşdirilib, fəaliyyətlərinin qarşısı tamamilə alınıb. Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycanda vətəndaşlarımızı başqa ölkələrdəki silahlı birləşmələrə sövq edən, bu yöndə təbliğat aparan məscid yoxdur.

20 Oktyabr 2016 4:39

Siyasilərdən Paşazadəyə ağır ittihamlar

ff

“Ona görə deyir ki, “mən Putinə sədaqətliyəm””   Milli azadlıq hərəkatının fəallarından olmuş, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı Modern.az saytına müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadəni “KQB”nin agenti adlandırıb   Eyni zamanda, bütün həyatı boyu sovet imperiyasına, onun allahsız ideologiyasına xidmət etdiyini bildirib. N. Pənahlının bu iddiasına Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da dəstək verib. “Dəfələrlə Qafqaz Müsəlmanlar İdarəsinin Azərbaycanin müstəqilliyinə və qanunlarına uyğun olmadığını demişəm. Azərbaycan Müsəlmanları İdarəsi yaradıla bilər və Paşazadə oranın şeyxi ola bilər. Eyni zamanda, Paşazadəyə qarşı heç bir iddiam yoxdur. Sadəcə, Qafqaz Müsəlmanları İdarəsi ləğv edilməli və Azərbaycan Müsəlmanları İdarəsi yaradılmalıdır. Rəhbəri də kim olur-olsun, bu, o qədər də önəmli deyil”, – S.Cəlaloğlu belə deyib. Partiya sədrinin sözlərinə görə, QMİ-nin saxlanılması müstəqilliyimizə zidd hərəkətdir: “Azərbaycanın müstəqil olmasına baxmayaraq, sovet rejimində mövcud olmuş bir çox strukturlar hələ də olduğu kimi saxlanılıb. Bunlardan Qafqaz Müsəlmanları İdarəsini nümunə göstərmək olar. Hansı ki, müstəqil Azərbaycanın dini dövlət təşkilatı təkcə öz əraziləri yox, həm də başqa ərazilərin dini konpensiyalarına rəhbərlik edir. Adından da göründüyü kimi, Qafqaz Müsəlmanlar İdarəsidir. Müstəqil Azərbaycanın dövlət Konstitusiyasına görə, Azərbaycan ərazisində fəaliyyət göstərən bu cür təşkilat başqa ölkənin ərazisində fəaliyyət göstərə bilməz. Necə olur ki, QMİ Çeçenistanda, Dağıstanda və başqa yerlərdə olan müsəlmanları idarə edə bilir. Bu mənə çatmır. Allahşükür Paşazadənin də seçilməsində Şimali Qafqazdan nümayəndələr gəlib iştirak edir. Onlar Rusiya vətəndaşı olaraq, orada fəaliyyət göstərir. Paşazadə isə Azərbaycanda. Konstitusiyaya görə, Paşazadənin hər hansı toplumla bu və ya başqa şəkildə əlaqəyə girməsi qadağandır. Məsələnin mahiyyəti budur”. Sərdar Cəlaloğlu deyib ki, Allahşükür Paşazadənin QMİ sədri olması Azərbaycan qanunlarına görə qadağandır: “Azərbaycanda istər dövlət, istərsə də qeyri-dövlət strukturları dövlət müstəqilliyi və suverenliyi prinsiplərinə rəhbər tutularaq təşkilatlanmalıdır. Necə ki, partiya sədri olaraq, bizə xarici ölkədə yerli təşkilatımızı yaratmağa icazə verilmir. O zaman, Allahşükür Paşazadə necə Qafqaz Müsəlmanları İdarəsinin sədri olur?! Azərbaycan qanunlarına görə, bu, qadağandır. Ona görə də Paşazadə deyir ki, “mən Putinə sədaqətliyəm”. Bunu Rusiyadakı müsəlmanlarla əlaqələndiriblər. Düşünürəm ki, QMİ vasitəsilə Azərbaycanın müstəqilliyi də məhdudlaşdırır” Faktinfo.az

12 Oktyabr 2016 11:24

Fakt

Bizi izləyin