“Xürrəmilər hərəkatı, Babək haqqında ağızlarına gələni danışırlar” – Akademik

naile9

“20-ci ilin sonlarında muzeyin direktoru erməni olub, ilk bayrağımız, gerbimiz aparılıb“ “Bu bina Tarix Muzeyi üçün tamamilə uyğun deyil Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının APA-ya müsahibəsini təqdim edirik: - Nailə xanım, muzeyin işləri necədir, hansı yeniliklər var? - Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu mövzusunda ənənəvi konfrans keçiririk. Bu ilki konfransı Azərbaycanın ilk peşəkar arxeoloq və muzeyşünası Davud bəy Şərifova həsr etdik. Muzeyin funksiyaları çoxdur. Onlardan biri də maarifləndirmə funksiyasıdır. İndiki dövrdə bir qədər artıq maariflənmək lazımdır. Çünki bizim müxtəlif sahələrdə problemlərimiz var – mənəvi, maddi, siyasi və s. Biz də cəmiyyətin üzvü kimi hər hansı problemin həll olunmasında köməklik etmək istəyirik. - Muzeyin fəaliyyətində hansı çətinlik və qayğılarla üzləşirsiniz? Maddi qayğılardan tutmuş, digər məsələlərə qədər... - Maddi problemlər kiçik miqyasda olanda özümüz həll etməyə çalışırıq. Milli Elmlər Akademiyası bizim baş idarəmizdir, dövlət səviyyəsində həmişə yardımlar olur. Muzey çox gözəl binada yerləşir. Ümummilli liderimiz demişdi ki, bu binanın özü bir muzeydir. Amma tariximizin daha yaxşı öyrənilməsi üçün binamızın sahəsi çox kiçikdir. Hazırda biz 1920-ci ilədək olan dövrü əhatə edə bilmişik. Fondlarımız arxeoloji və etnoqrafik materiallarla çox zəngindir, ancaq onu tam şəkildə nümayiş etdirə bilmirik. Ekspozisiyadakı eksponatları tez-tez dəyişdiririk, çalışırıq bəzi eksponatlar üç-beş aydan artıq qalmasın. II Dünya müharibəsi ilə bağlı zəngin materialları ekspozisiyada nümayiş etdirə bilmirik. Müharibəyə 600 mindən artıq oğlumuz-qızımız gedib, onların yarısı qayıtmayıb. Biz bu qələbəni ona görə qeyd etmirik ki, SSRİ-nin tərkibində olmuşuq, həm də faşizmdən vətənimizi qoruyurduq. Hitlerin əsas məramlarından biri Bakı neftini ələ keçirmək idi. Sonrakı taleyimiz nə olacaqdı, hələ bilinmirdi. Əlbəttə, yaxşı şey gözləmək qeyri-mümkün idi. Bəziləri deyir, qələbənin bizə dəxli yoxdur, SSRİ-nin, Rusiyanın müharibəsi idi. Yox, qətiyyən belə deyil. - Bəzən bu cür fikirlər də səslənir ki, almanlar Bakıya gəlsəydilər, faşizmin süqutundan sonra Avropanın, Almaniyanın tərkib hissəsi kimi rusdan canımız qurtarardı... - Bəlanın birindən qurtarıb o birinə düşərdik. Mən belə düşünürəm. Biz indi müstəqilik və müstəqilliyin nə qədər böyük nemət olduğunu dadırıq. - Söhbət 70 ildən gedir... - Son iki min ili götürsək, Azərbaycan bir işğalçının əlindən çıxıb, o birinin əlinə düşüb. Bizim 70 il də, ondan artıq da işğal altında olduğumuz dövrlər olub. Faşizm üzərində qələbə xeyrin şər üzərində qələbəsi idi. Xeyrin içində kimlər olub, qələbəni necə əldə edib, bu, başqa məsələdir, amma ümumilikdə, böyük şər məğlub edilib. - Nailə xanım, siz ərəb istilaları, Xürrəmilər hərəkatı haqqında kitabların müəllifisiniz və istinadlarınız ərəb mənbələri olub. Məsələn, Azərbaycan tarixşünaslığını əl-İdrisi, əl-Biruni, əl-Qərnati kimi orta əsr ərəbdilli müəllifləri ilə tanış etmisiniz... - Bu ifadəmə görə məni bağışlayın, ərəb mənbələri ilə tanış olmayan adamlar Xilafət, Xürrəmilər hərəkatı haqqında ağızlarına gələni danışırlar... - Nə danışırlar? Ərəb istilaları böyük mənada Azərbaycana nə verdi? - O istilalardan 1300-1400 il keçib və o dövrə bu günün reallığı ilə münasibət bildirməməliyik. Hətta 100 il əvvəl olan hadisələri təhlil edəndə də reallığı nəzərə almalıyıq. Ərəb xilafəti dövründə baş verən hadisələri təhlil etmək üçün o dövrün insanlarının cildinə girməli, onların taleyini yaşamalıyıq. Tarixin dərinliyinə baş vurmaq istəmirəm, amma bilənlər bilir ki, o dövrdə Azərbaycan adlı dövlət yox olmuşdu. Ərəblərin hansı niyyətlə, hansı bayraq altında hücum etmələrindən asılı olmayaraq, bu işğal idi. Ola bilər, dünyaya İslam ideologiyası ilə ədalət gətirmək istəyirdilər, amma yerli əhali üçün bunun heç bir əhəmiyyəti yox idi. Sadə insanın torpağı, evi, ailəsi var idi və hücum edən hansı əqidə ilə gəlir-gəlsin, o, işğalçı idi. Amma məlumdur ki, İslamı bütpərəstlərdən başqa heç kimə zorla qəbul etdirmirdilər. - Millət vəkili Fazil Mustafa Babəki tariximiz üçün utancverici şəxs adlandırıb... - Babək öz dövrünün oğlu idi. Fazil Mustafa kimdirsə, nəyə görə 1400 il əvvəl olan insanı öz dövrü ilə müqayisə edir? Xürrəmilər hərəkatı təxminən VIII əsrin axırlarında başlayıb. Ondan əvvəl ərəblərə qarşı mübarizə, hərəkat çox güclü idi. Babək hərəkatı məğlub ediləndən sonra bütün xilafət ərazisində, o cümlədən Azərbaycanda ayrı-ayrı dövlətlər yarandı. Babək yeni din yaratmaq istəyirdi. O, nə islam idi, nə atəşpərəstlik, nə də xristianlıq idi. Bəziləri deyir, Babək İslam uğrunda vuruşub, ona qarşı çıxmayıb. Babək ərəblərə qarşı çıxıbsa, onun ideologiyasına da qarşı çıxıb. Onun ərəblərə qarşı çıxıb, İslama qarşı çıxmaması mümkün deyildi. Babək yeni din yaratmağına insanları inandırmışdı və 20 ildən artıq mübarizə aparmışdı. Çox maraqlıdır, o özü Bizansla əlaqə saxlayırdı. Təbəridə Babəkin Bizans imperatoruna məktubu var. Orda deyilir ki, mən yeni din yaratmışam, bu din uğrunda mübarizə aparıram. Bu, ideologiya idi. Babəkin əsas məramı Azərbaycanı ərəblərdən qurtarmaq və sözsüz ki, hakimiyyəti ələ almaq idi. Ərəb mənbələri ilə işləyə bilməyənlər, heç olmasa o mənbələrlə tanış olanların işlərinə baxsınlar. Mən televizorda Fazil Mustafanın çıxışına qulaq asandan sonra çalışıram ki, o cür verilişlərə baxmayım. Çünki bildilər, bilmədilər, danışırlar. İndiki vətən anlayışı ilə o vaxtkı vətən anlayışı tamam fərqli idi. O vaxt vətən anlayışı ev, torpaq və ailədən ibarət idi. Yəni çəpərinin içi onun vətəni idi. - Ərəb mənbələrində Babəkin və ətrafının əxlaqsızlıqla məşğul olduğu haqda məlumatlar var? - Siz atəşpərəstlərin bəzi görüşlərinə baxsanız, görərsiniz ki, müxtəlif gecələrin keçirilməsi, zikr məclisləri onlarda da olub. Xürrəmilərdə də gecə mərasimləri, əyləncələr olub. Amma bunu həddən artıq şişirdirlər. Belə şeylər əxlaqsızlıq kimi yox, dini ayin kimi qəbul olunmalıdır. Yəni onların dinində, dünya görüşlərində belə ayinlər olub. Bu ayinləri biz bugünkü əqidəmiz və dünyagörüşümüzlə qəbul edə bilmirik. Ərəb mənbələri bu faktı bir az da şişirdib, ikrahla yazıblar. - Şişirdib nə şəkildə yazıblar? - Məsələn, qadınların ümumi olması haqqında yazıblar. Amma Babəkin özünün ailəsi, arvadı, övladı olub. İslamda 4 qadınla evlənmək mümkündür. Elə ölkələr və dünyagörüşlər var ki, dörd ərin olmasını qəbul edib. Biz əlbəttə, İslama görə, ənənəvi olaraq, dörd qadını, siğələri düzgün qəbul edirik, amma dörd kişini qəbul etmirik. Bu, təxminən eyni mənanı ifadə edir. Mənbələrin Babək hərəkatı və onun ətrafı ilə bağlı yazdığı o faktları ədəbsizlik və əxlaqsızlıq kimi qəbul etmirəm. Bu, onların dini görüşləri və ənənələrindən gəlib. Mənbələrdə təfərrüat yoxdur ki, onlar bunu nəyə görə ediblər. - Nailə xanım, muzeyin binası Tağıyevin mülkü olub. Bir dəfə oxumuşdum ki, 40-cı illərdə bu bina hərbi hospital kimi istifadə olunub. Sara xanımın qalmağa yeri olmayanda gəlib bura, qapıdan buraxmayıblar. Deyib, getməyə yerim yoxdur, heç olmasa imkan verin, evimizin qapısının ağzında yatım... - Mən Şərqşünaslıq İnstitutunda işləyəndə elmi rəhbərim Ziya Bünyadov idi. Sara xanım Ziya Bünyadovun yanına gəlirdi, söhbət edirdi. Həddən artıq miskin görkəmi var idi. Biz fikirləşirdik ki, Sara xanım yəqin ki, cəmiyyətə etiraz əlaməti olaraq belə geyinir. Sonradan gördük ki, doğrudan da belədir. Bacısının gəlini bizə danışırdı ki, Sara xanım bizə gəlib çimirdi, paltarını dəyişirdik, sonra görürdük yenə ayağında kişi botinkası, əyninə nimdaş palto geyib, başına köhnə yun yaylıq bağlayıb. Əlində böyük portfel olardı, atasının bütün sənədini orda gəzdirirdi. İstəyirdi ki, Tağıyevə bəraət qazandırsın. O ki qaldı siz dediyiniz hadisəyə, bu bina heç vaxt hospital olmayıb. 1920-ci ildə qərar çıxıb ki, bina muzey olsun. Hətta bir hissəsində uşaq evi, arxiv fəaliyyət göstərib. 40-cı ildə binanı muzeydən alıb veriblər Xalq Komissarlar Sovetinə. 40-cı ildən 53-cü ilə qədər bu binada həmin idarə yerləşib. İndiki Hökumət Evi tikiləndən sonra 53-cü ildə bina yenidən muzey olub. Sara xanımın bu evə buraxılmadığını mən də eşitmişəm. Ola bilər, əlbəttə, gəlib, qorxub onu binaya buraxmayıblar. Dövr başqa dövr idi, onu ancaq Ziya Bünyadov kimi insan qəbul edib, söhbət edə bilərdi. O vaxt Sara xanıma indiki Statistika Komitəsinin yanında ev vermişdilər. Sara xanımın qızı rəhmətə gedib, amma nəvələri sağdır. Tağıyevin nəticəsi indi “BP”də çalışır, bizim sıx əlaqəmiz var, yaxşı insandır. Biz muzeyin 90 illiyini keçirəndə bütün ailəni dəvət etdik, iştirak etdilər. Repressiyalar dövrünə düşsəydi, Sara xanımı çoxdan aradan götürərdilər. Tağıyevlə yoldaşı Sona xanım dünyasını dəyişəndən sonra Sara xanım Leninqrada gedib Nikolay Sarayev adlı bir nəfərlə ailə qurub. İki oğlu var, onlar da Leninqraddan muzeyin 90 illiyinə gəlmişdilər. Son məqamda haqq gəlib yerini tapdı, Tağıyevin xidmətləri xalqa olduğu kimi çatdırıldı. Biz səkkiz otaqdan ibarət Tağıyevin ev muzeyini yaratmışıq. Ona görə də muzeyin sahəsi kiçikdir. - Muzeyin sahəsinin genişləndirilməsi, yaxud başqa tədbir görülməsi ilə bağlı müraciət etmisiniz? - Bəli, təkliflərimiz olub, xahiş etmişik. Bu muzey qalmaqla, biz təzə bina lazımdır. Bu, vacibdir. Moskvada tarix muzeyi 1917-ci ilə qədər olan dövrü əhatə edir. Köhnə inqilab muzeyini isə Rusiya Müasir Tarix Muzeyi ediblər. Mən də təklif etmişdim ki, bura olsun Azərbaycan tarixi muzeyi, 1918-ci ildən sonrakı dövr üçün isə ayrıca bina tikilsin. Bu bina Tarix Muzeyi üçün tamamilə uyğun deyil. Çünki muzeyin eksponatlarını saxlamaq üçün müəyyən temperatur şəraiti, yer, ölçü lazımdır. Muzeyin özünün ekspozisiyasında 18 dərəcədən yuxarı temperatur olmaz. Elə yer var ki, orda ümumiyyətlə, temperatur 5 dərəcə olmalıdır. Hər halda, 18 dərəcədən yuxarı icazə yoxdur. Bizim o imkanımız yoxdur, çünki bu bina ev kimi tikilib. Cənab prezident çox sağ olsun, bizim binaya böyük diqqət yetirdi, təmir və bərpa işləri aparıldı. Muzeyin əvvəlki vəziyyəti ilə indiki vəziyyəti arasında yerlə göy qədər fərq var. Hətta o vaxt oturmağa stulumuz yox idi. Binada siqnalizasiya yox idi, ona görə də oğurluqlar, itkilər olurdu. - Muzeydən indiyə qədər nə itib? - Çox olub. Vaxtilə xalçalar, silahlar, başqa şeylər itib. Çox şükür indi siqnalizasiya var, mühafizə çox güclüdür. Bərpa laboratoriyamız pis vəziyyətdə idi, Elmin İnkişaf Fondu kömək etdi, laboratoriya avadanlığı verdilər. Çalışırıq, dünya səviyyəsinə çataq. Praqada çox gözəl sərgi keçirdik, böyük maraqla qarşılandı. Hazırda yenə sərgiyə və konfransa hazırlaşırıq. - Dünya muzeylərində bizim tarixi əşyalarımız saxlanılır. Onların gətirilməsi ilə bağlı danışıqlar aparılırmı, yoxsa bu haqda heç danışmağa dəyməz? - Bu, qeyri-mümkündür. Azərbaycanda muzey işi 1919-1920-ci illərdən başlanılıb. 95 il müddətində əlbəttə, biz çox şeyə nail olmuşuq. Amma 20-ci illərə qədər arxeoloji qazıntılar, tədqiqatlar aparılıb. Hansısa dünya muzeyinin tarixi əşyanı bizə qaytarması çox çətin məsələdir. Türkiyənin Topqapı və başqa muzeylərində Səfəvilərə, Ağqoyunlulara aid əşyalar var. Baxmayaraq ki, qardaşıq, amma muzey çalışır ki, eksponatını qorusun. Bir müddət əvvəl Vladimir Putin Bakı ətrafında aparılan qazıntılar zamanı tapılan kuzəni cənab prezidentə hədiyyə etmişdi, prezident də onu bizə bağışladı. Dövlət başçısı səviyyəsində olsa, əlbəttə, mümkün olar. 20-ci ilin sonlarında muzeyin direktoru erməni olub. O zaman yaradılan İstiqlal muzeyində olan materiallarımız hamısı aparılıb. İlk bayrağımız, gerbimiz, ayrı-ayrı əşyalar, protokollar... təxminən 40-a yaxın əşya aparılıb, indi əlimizdə yoxdur. Kitabda yazılıb ki, həmin əşyalar İnqilab Muzeyinə göndərilib. O vaxt İnqilab Muzeyi Moskvada və Leninqradda olub. Moskvaya dəfələrlə müraciət etdik, özümüz də getdik, amma dedilər, bizdə yoxdur. Ola bilər, fondda atılıb qalıb, heç fikir də vermirlər. Belə şeylər çoxdur, qaytarmaq fikrində də deyillər.pia.az

24 Aprel 2015 2:13

Deputat: “Seçici məndən maşınını təmir etdirməyimi istədi”

dep

Bu ilin payızında 4-cü çağırış Milli Məclisin səlahiyyət müddəti başa çatır Modern.az saytı deputatlardan ötən müddətdə seçki platformalarını necə yerinə yetirdiklərini, 2015-ci ildə yenidən namizədliklərini irəli sürüb-sürməyəcəklərini öyrənir. Bu dəfə suallarımıza 115 saylı Şəki kənd ikinci seçki dairəsindən seçilən deputat Cavanşir Feyziyev cavab verir. - Bəzi həmkarlarınız deputatlığa namizəd olarkən vəd verməyi doğru hesab etmir. Sizin də bu barədə fikirlərinizi bilmək istərdik... - Deputatlığa namizəd olarkən vəd verməyin əleyhinə deyiləm. Düşünürəm ki, insanlar kimə səs verib özlərinə vəkil olaraq seçirlərsə, onlar həmin şəxsin nə üçün seçdiklərini də bilməlidirlər. Ona görə namizədliyini irəli sürən şəxs öz vədlərini də deməlidir. Vəd verərkən heç də söhbət hədiyyə paylamaqdan getməməlidir. Eyni zamanda, deputat hədiyyə paylamalı deyil. Vəd ondan ibarət ola bilər ki, bu insanları təmsil edən şəxs qaldırdıqları məsələlərin həllinə çalışmalıdır. Mənə gəlincə, deputatlığa namizəd olarkən vəd vermişəm. 4 ildən çox müddətdə mütəmadi olaraq seçicilərimlə görüşmüşəm, hər ay öz seçki dairəmdə oluram. Seçicilərimlə Şəkidə görüşürəm. Mən olmadığım dövrdə insanlar problemləri ilə bağlı köməkçimə müraciət edirlər. Köməkçim isə həmin müraciətləri toplayır və bu barədə mənə məlumat verir. Biz də həmin müraciətlərə uyğun olaraq hərəkət edirik. Seçicilər tərəfindən qaldırılan məsələlərin hansı icra orqanları ilə bağlı olduğunu müəyyənləşdirdikdən sonra bu məsələlərin nə dərəcədə məntiqli həll oluna biləcəyini araşdırdıqdan sonra, biz də müvafiq tədbirlər görürük. Bu müddət ərzində seçki dairəmdən daxil olan müraciətlərin hamısı nəzərdən keçirilərək dəyərləndirilib. Bir qismi həyata keçirilib. - Təbii ki, bütün müraciətlərin həyata keçirilməsi mümkün deyil. Söhbət sizə dəxli olmayan müraciətlərdən gedir... - Bunu çox təbii qarşılayıram. Əgər seçici bir nəfərin həmin ərazini təmsil etməsi üçün səs veribsə, seçdiyi deputatın səlahiyyətinə aid olmayan işlərlə bağlı, hətta hər hansı sualı, problemi qaldırırsa, istənilən halda yenə də deputatın səlahiyyətinə aid edilməlidir. Ona görə ki, qaldırılan məsələnin kim tərəfindən və nə zaman yerinə yetirilməsindən asılı olmayaraq deputat həmin sualı qaldıran şəxsin təmsilçisidir. Əlbəttə, seçicinin ünvanladıqlarının heç də hamısı birbaşa deputatın özünün yerinə yetirməsi zəruri olan suallar olmur. Bu, yerli regional və ya ölkə səviyyəsində icra hakimiyyəti orqanları, hüquq-mühafizə orqanları, insanların şəxsi arzu və istəkləri,  yəni təhsili, sağlamlığı ilə də bağlı ola bilər. Bu cür məsələləri “deputatın səlahiyyətlərinə daxildir, yaxud daxil deyil” kateqoriyasına bölmək doğru deyil. Çünki qaldırılan sual və problem seçicinin səs verdiyi insanın səlahiyyətlərinə daxildir. Ona görə də deputat həmin sualı, problemi dinləməli, həll olunsa və ya olunmasa belə həmin sualın, müraciətin ətrafında müvafiq işlər görülməlidir. Sonda seçici etdiyi müraciətdən razı qalmalıdır. Həyata keçirilməsi mümkün olmayan suallarla, problemlərlə müraciətlər ünvanlayan seçiciyə yerində izahat verilib. Ona görə də burada vədlərin verilməsi və verilməməsinin düzgün iddiası ilə o qədər də razı deyiləm. - Şəki rayonundan seçilmisiniz. Şəkililərin yüksək yumor hissinə malik olduğu hər birimizə bəllidir. Sizə edilən müraciətlər arasında yumor hissindən istifadə edən seçiciləriniz olubmu? - Bir epizod danışım. Adətən, müraciətlər ödənişli ali məktəblərdə təhsil alan tələbələrin valideynləri, sağlamlıq problemi olan insanların müalicəsi ilə bağlıdır. Hətta, rayondan Bakı şəhərinə gəlib müalicə almaq üçün çətinlik çəkən insanlar olur, onların şəhərə gəlmələri üçün köməklik göstəririk. Seçicilərin ən çox müraciət etdikləri məsələ isə iş yerlərinin axtarılmasıdır. Seçicilərdən biri işlə bağlı müraciət edərkən Şəkidə bir müəssisədən xahiş etdim ki, bu seçici ailə başçısıdır, münasib işlə təmin edin. Həmin müəssisə seçicini işlə təmin etmişdi. Lakin o işə vaxtında gəlmirdi. Gələndə də heç bir işlə məşğul olmurdu. Növbəti dəfə Şəkiyə səfər edəndə mənə həmin işçinin işdən çıxdığını dedilər. Növbəti görüşlərdən birində həmin seçici yenə qarşıma çıxaraq iş istədi. Soruşdum ki, biz sizi işlə təmin etdik, niyə işləmədiniz? Səbəb nə idi? Həmin adam mənə belə cavab verdi: “Mənə o cür işlər yaramır. Siz məni elə işlə təmin edin ki, elə sizin ətrafınızda fırlanım”. Doğrudan da həmin adamın yumoristik cavabı qarşısında gülməmək mümkün deyildi. Təbii ki, bu, yarızarafat, yarıgerçək cavab idi. Digər bir maraqlı hadisə də baş verib. Bakıda tədbirdəyəm. Tanımadığım nömrədən fasiləsiz olaraq zəng gəlir. Cavab vermək imkanım olmadığından telefonu səssiz rejimdə saxlamışdım. 15 dəqiqə ərzində 25 dəfə zəng gəlib. Tədbir başa çatan kimi həmin nömrəyə zəng etdim. Zəng edən kimi həmin adam həyəcanlı danışmağa başladı: “Cavanşir müəllim, mən seçicilərinizdənəm. Şəkidə bazarın qarşısındayam. Maşınımla bir inəyi vurmuşam. İnəyin sahibi də polislə gəlib burda hay-həşir salıb. Ona görə də xahiş edirəm, mənə kömək edin. Soruşdum ki, sizə necə kömək edə bilərəm? Dedi birinci inək sahibini yola salmaq lazımdır. İkincisi, əks tərəflə mübahisəni yekunlaşdırıb sənədlərimi geri götürmək lazımdır. Sonda da maşınımı təmir etdirməyinizi istəyirəm”. - Ötən 4 il ərzində Şəki rayon İcra Hakimiyyəti başçısı ilə hər hansı məsələdə fikir ayrılıqları olubmu? - İcra başçısı ilə sözümüzün üst-üstə düşməyən məqamları olmayıb. Həm icra hakimiyyəti, həm də seçkili orqanlar əhaliyə xidmət edirlər. Əhali tərəfindən həm icra hakimiyyətinə, həm də deputata müraciətlər olursa, bu qarşılıqlı və köməkli şəkildə həll olunur. Ona görə də icra hakimiyyəti ilə deputat arasında fikir ayrılığı ola bilməz. - Növbəti parlament seçkilərində deputatlığa namizədliyinizi irəli sürmək fikriniz varmı? - Əgər seçicilərim yenidən deputat seçilməyimə həvəs və maraq göstərsələr, deputatlığa namizədliyimi verməkdən imtina etməyəcəm.

22 Aprel 2015 10:35

“Azərbaycanda sosial partlayışın baş verməsi üçün kifayət qədər əsaslar var“

ariff6

Arif Hacılı: "Cəmiyyətdə hələlik mübarizə yolu ilə özbaşınalıqların, qanunsuzluqların aradan qaldırılmasına inam azdır. Bu inamsızlıq aradan qalxdıqdan sonra Azərbaycan cəmiyyəti siyasi və iqtisadi hüquqları uğrunda fədakar mübarizə aparacaq" Müsavat Partiyası aprelin 19-na təyin etdiyi etiraz yürüşünə icazə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Metronun "20 Yanvar" stansiyasının qarşısından Yasamal rayonundakı keçmiş "Məhsul" stadionuna yürüş təyin edən Müsavat Partiyası bununla etiraz aksiyası keçirmək niyyətini rəsmiləşdirib. Partiyanın başqanı Arif Hacılı "Reytinq"ə müsahibəsində deyib ki, yürüşün əsas şüarları ölkədəki siyasi və iqtisadi problemlərlə bağlı olacaq: - Aksiyada iqtisadiyyatdakı inhisarçılığa, korrupsiyaya, gömrükdə və vergi sistemindəki özbaşınalıqlara son qoyulması tələbləri, siyasi məhbuslara azadlıq, demokratik seçkilərin keçirilməsi və digər tələblər irəli sürüləcək. - Artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmisiniz. Necə düşünürsünüz, hər hansı bir qadağa ilə qarşılaşa bilərsinmizmi? - Azərbaycan Konstitusiyasının 49-cu maddəsinə və "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna görə, hakimiyyətin kütləvi aksiyanın keçirilməsinə icazə verməmək hüququ yoxdur. Konstitusiyada Azərbaycan vətəndaşlarının mitinqlər, yürüşlər, nümayişlər keçirmək, piketlər düzəltmək hüququ nəzərdə tutulub. Biz də Konstitusiyada yazılan hüququmuzdan istifadə etmək barədə qərar vermişik. Əgər hakimiyyət bizim müraciətimizlə bağlı qadağa qərarı verərsə, Azərbaycan Respublikasının Konstitusiyanı pozmuş olacaq. - Arif bəy, Milli Şura da təxminən eyni tələblərlə mitinq keçirir. Nəyə görə eyni məqsədli aksiyanı birgə keçirmirsiniz? Birgə mitinq daha məqbul olmazdımı? - Olardı. Ancaq Milli Şura təkbaşına kütləvi aksiyalar keçirməyə üstünlük verir. Biz Müsavat Partiyası olaraq, öz strukturlarımız vasitəsilə kütləvi aksiyaların keçirilməsi barədə qərar verdik. Ancaq onu da vurğulamaq istəyirəm ki, bu yürüşümüzdə digər təşkilatların, siyasi partiyaların iştirakını arzu edirik və tələblərimizi bölüşən hər kəsi aksiyada iştiraka dəvət edirik. - Bundan əvvəlki dövrlərdə müxalifət cəmiyyəti narahat edən ümumi problemlərə qarşı birgə mübarizə aparır, birgə aksiyalar təşkil edirdi. Son bir neçə ildə nə baş verdi ki, pərən-pərən düşdünüz? - Biz hər zamankı kimi demokratik qüvvələrin birliyinin tərəfdarıyıq. Bu istiqamətdə əvvəllər də əlimizdən gələni etmişik, indi də edirik. Ona görə də mənə elə gəlir ki, bu sualı birliyə qarşı olanlara yönəltməyiniz daha düzgün olardı. - Milli Şuranı nəzərdə tutursunuz? - Sizin sualınıza cavab verdim, əlavəm yoxdur. - Aydındır. Manatın məzənnəsi ilə bağlı verilən qərardan sonra ölkədə narazılıq daha da artıb. Görünən odur ki, proses daha da inkişaf edəcək və narazılıqlar yüksələcək. Siz bu narazılıq trayektoriyasının inkişafını necə görürsüz? - Heç şübhəsiz ki, ölkədə narazılığın səviyyəsi kifayət qədər yüksəkdir. Hesab edirəm ki, manatın devalvasiyasından əvvəl də narazılıq həddən artıq çox idi. Ќarazılıq yalnız siyasi azadlıqların pozulması ilə yox, eyni zamanda, iqtisadi azadlıqların pozulması ilə bağlıdır. Bu gün Azərbaycanda azad bazar iqtisadiyyatı münasibətləri mövcud deyil, sənaye, ticarət və digər sahələr ayrı-ayrı məmurların, nazirlərin inhisarındadır. Bununla yanaşı, gömrükdə, vergi sistemində korrupsiya, rüşvətxorluq, özbaşınalıq baş alıb gedir. Bu da Azərbaycanda azad bazar münasibətlərinin formalaşmasına imkan vermir. İnsanların normal şəkildə öz zəhmətləri hesabına maliyyə vəsaiti əldə etmək və qazandıqlarından dövlət büdcəsinə qanu-nauyğun olaraq vergi vermək imkanları əllərindən alınıb. Müxtəlif sahələrdə çalışan insanlar məmurlar tərəfindən, icra hakimiyyəti, polis, vergi, gömrük sistemi və digər icra strukturları tərəfindən sıxışdırılır. Bütün bunlara görə ölkədə narazılıq həddən artıq çoxdur. Sadəcə olaraq, Azərbaycan cəmiyyətində hələlik mübarizə yolu ilə bu özbaşınalıqların, bu qanunsuzluqların aradan qaldırılmasına inam azdır. Bu inamsızlıq aradan qalxdıqdan sonra cəmiyyət siyasi və iqtisadi hüquqları uğrunda fədakar mübarizə aparacaq. - Ancaq son günlər qiymət artımının ölkədə sosial partlayışa səbəb olacağı ilə bağlı fikirlər səslənir. Bunu mümkün sayırsınızmı? - Azərbaycanda sosial partlayışın baş verməsi üçün kifayət qədər əsaslar var. Hakimiyyətin apardığı kor-təbii iqtisadi siyasət nəticəsində ölkəmizdə iqtisadi vəziyyətin bundan sonra daha da pisləşəcəyi gözlənilir. Manatın devalvasiyası prosesi bundan sonra da davam edəcək və insanların yaşayış səviyyəsi indikindən dah ağır vəziyyətə düşəcək. Xüsusilə neftin qiymətinin dünya bazarında aşağı düşməsi, Azərbaycanın ticarət əlaqələri geniş olan ölkələrdə iqtisadi böhranın dərinləşməsi və digər amillər ölkədə sosial-iqtisadi vəziyyətin indi olduğundan xeyli pisləşəcəyini proqnozlaşdırmağa əsas verir. Təbii ki, belə olan halda, ölkədə kor-təbii etiraz prosesi başlaya bilər. - Bu ilin payızında parlament seçkiləridir. Qeyd etdiyiniz sosial-iqtisadi narazılıqlar fonunda parlament seçkilərinin necə keçəcəyini proqnozlaşdırırsınız? - Azərbaycan hakimiyyəti demokratik seçkilər keçirmək niyyətində deyil. Bütövlükdə seçki prosesini, o cümlədən seçki komissiyalarını tamamilə öz nəzarəti altında saxlamaqda davam edir. Əgər Azərbaycan cəmiyyətində ciddi dəyişikliklə baş verərsə, insanlar öz hüquq və azadlıqları uğrunda fədakar mübarizəyə başlasalar, hakimiyyət islahatlar etmək məcburiyyəti qarşısında qalacaq. Müsavat Partiyası olaraq, biz ölkədə demokratik islahatların aparılması, o cümlədən, demokratik seçkilərin keçirilməsi istiqamətində mübarizəmizi davam etdirəcəyik. - Bəs, müxalifətin budəfəki parlament seçkilərində hansı formatda iştirakı daha səmərəli ola bilər? Birləşməyə ehtiyac varmı? - Mən hər zaman demokratik qüvvələrin seçkilərdə vahid koalisiyada birləşməsinin tərəfdarı olmuşam və bu mövqeyimdə qalıram. Ancaq bugünkü real vəziyyəti analiz edərkən o qənaətə gəlmək olar ki, Azərbaycanın aparıcı siyasi təşkilatları bu seçkidə ayrılıqda iştirak edəcəklər. - Müsavat Partiyasında seçkiyə hazırlıq hansı səviyyədədir? - Hazırda Müsavat Partiyasında seçkilərə hazırlıq işləri davam edir. Bütün yerli strukturlarımız seçki komissiyalarında çalışacaq şəxslərin, təbliğat kampaniyasını aparacaq və imzaları toplayacaq üzvlərimizin siyahılarının hazırlanması və digər zəruri işləri həyata keçirməklə məşğuldur. Eyni zamanda, seçki dairələri üzrə namizədlərin ilkin olaraq müəyyənləşdirilməsi prosesi sürətlə davam edir. Artıq seçki dairələrinin əksəriyyətindən ilkin olaraq, partiya namizədlərinin kimlər olacağı məlumdur. Bu prose davam edəcək. Sonda isə partiyanın Məclisi namizədlərimizi müəyyənləşdirəcək. - Arif bəy, Müsavat Partiyasından deputatlığa namizəd olmaq istəyən şəxslərin başqana ərizə yazaraq partiya Nizamnaməsinə tabe olacaqları və fəaliyyətlərini rəhbər strukturlarla razılaşdıracaqları haqda öhdəlik götürməsi ilə bağlı məsələ birmənalı qarşılanmadı. Bundan əvvəlki seçkilərdə belə tələblər yox idi, bu dəfə belə bir şərtin irəli sürülməsinin səbəbi nədir? - Əvvəlki seçkilərdə də müəyyən fəsadlar olub. Parlamentə seçildikdən sonra həm Müsavat Partiyasının üzvü olan, həm digər müxalifət partiyalarının üzvü olan bəzi deputatların sonradan məqsədəuyğun olmayan mövqelər sərgiləməsinin şahidi olmuşuq. Ona görə də Müsavat Partiyasının Nizmanaməsinə uyğun olaraq, belə bir qayda tətbiq olunur. Müsavat Partiyası fəaliyyəti dövründə bir çox yeniliklər tətbiq edib. Bu da Azərbaycan partiyaları üçün bir yenilik sayıla bilər. Dünyada isə belə qaydaların tədbiq olunduğu partiyalar çoxdur. Kiminsə öz partiyası qarşısında öhdəlik götürməyi qəbahət sayması yersizdir. Çünki hər kəs namizədliyini irəli sürərkən seçki komissiyalarına ərizə yazır və MSK qarşısında öhdəlik götürür. - Ancaq bu yenilik mütərəqqi xarakter daşımır, sanki kimlərisə nəyəsə məcbur etməyə hesablanıb. Ona görə də bəziləri narazıdır... - (Tələsik) Bu fikirlə razı deyiləm. Orda göstərilir ki, partiyanın seçki platformasına əməl olunacaq, partiyanın seçkilərlə bağlı qərarları yerinə yetiriləcək. Hesab edirəm ki, bu, həmin şəxslərin üzərinə əlavə məsuliyyət qoyur. Bu texniki sənədlər hər namizəd tərəfindən, namizəd olacaqsa, Müsavatın başqanı tərəfindən də qəbul ediləcək. - Artıq buna etiraz edənlər var... - Bu da bizim sözügedən təlimatı qəbul etməyizin nə qədər vacib olduğunu, Məclis tərəfindən qəbul olunan bu qərarın düzgünlüyünü bir daha təsdiq edir. - Belə çıxır ki, ərizə yazıb öhdəlik götürməyənlər Müsavat adından namizəd ola bilməyəcəklər? - Müsavat Partiyasının qərarlarını yerinə yetirmək öhdəliyini götürməyən, partiya qərarlarını tanımadığını deyən bir partiya üzvünün namizədliyi nəyə görə partiya adından irəli sürülməlidir? - ADR-ə üzv olan müsavatçılar iddia edirlər ki, Arif Hacılı öhdəlik məsələsini onlara görə ortaya atıb. Bu barədə nə deyə bilərsiniz? - Bu təlimat Müsavat Partiyasının Məclisi tərəfindən bir-iki Məclis üzvü əleyhinə olmaqla mütləq əksəriyyətin səsverməsi ilə qəbul olunub. Bu, artıq Müsavat Partiyasının iradəsidir. Hər kəs də bunu qəbul etməlidir. - Əgər bütün məsələlər səsvermə ilə həll olunursa, o zaman Vurğun Əyyubun Məclis üzvlüyündə çıxarılması məsələsi niyə səsə qoyulmadı? Hətta bunun Nizamnaməyə zidd olduğu da əsas gətirilir. - Nizamnəməyə zidd deyil. Bu məsələ ətraflı müzakirə olunub. Qəbul edilən qərar Nizamnaməyə tamamilə uyğundur. - Arif bəy, bir müddət öncə bir sıra müxalifət partiyaları ilə hakimiyyət nümayəndələri arasında görüş oldu. Müsavat Partiyası növbəti görüşdə iştirak edə bilərmi? - Bu görüşlər barədə ilk təşəbbüs irəli sürülərkən əsas mövzunun siyasi məhbuslar olacağı bildirilmişdi. İki görüş keçirildi. Heç bir sahədə hər hansı, hətta xırda dəyişikliklər baş vermədi. Siyasi məhbuslar azadlığa buraxılmadı. Əksinə, siyasi motivli həbslər davam edir. Əgər bu görüşlər dialoq imitasiyası daşıyacaqsa, orada iştirakın nə mənası var? - Ümumiyyətlə, iqtidarla müxalifətin ortaq məxrəcə gəlməsi zəruri olan məsələlər varmı və bu istiqamətdə hansısa təkliflər vermək fikrindəsinizmi? - Həbsdə olan siyasi məhbuslar, o cümlədən, mənim müavinlərim azadlığa buraxıldıqdan sonra onlarla birlikdə bu məsələni müzakirə edə bilərik.

19 Aprel 2015 5:37

“Ayaz Mütəllibova istefa ərizəsi yazmağı kimlərin məcbur etdiyini bilirəm” 

resul

Rəsul Quliyev: “Övladlarımla eyni şəhərdə yaşamırıq” ABŞ-da mühacirətdə olan Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev Modern.az saytına müsahibə verib. - Siz uzun illərdir Amerikada yaşayırsınız. Gündəlik həyatınız necə keçir? - Gündəlik həyat fərqlidir, ancaq müəyyən oxşar cəhətləri ümumiləşdirmək olar. Gündə azı bir saat, dünya xəbərləri ilə tanış oluram. Eyni xəbəri müxtəlif mənbələrdən öyrənməyə üstünlük verirəm. Əsas diqqət Azərbaycanın ətrafında cərəyan edə biləcək hadisələrə, yəni Rusiya və keçmiş sovet respublikaları, İran ,Türkiyə və Yaxın Şərqdə baş verənlərə yönəldilir. Azı bir saatım dünyanın qlobal iqtisadiyyatında baş verən yeni hadisələr, yeni texnologiya və sair mövzularda baş vermiş dəyişikləri analiz etməyə gedir. Azı bir saat hansısa bir verilişə baxmaq və bununla yanaşı, idman etmək də həyat tərzimin tərkib hissəsidir. Kimlərləsə telefonla danışmaq, görüşmək və sair işlərlə məşğul olmaq həyatımda hər gün baş verən hadisələrdir. Mən ömrümün 50 ilini Azərbaycanda yaşamışam. Çox gərgin və rəngarəng həyat keçirmişəm. Təbii, bu illərin xatirələri heç vaxt məni tərk etmir. - Bu, gündəlik həyatınızın qrafikidir. Bəs, hansısa kommersiya fəaliyyəti ilə məşğul olursunuzmu? - Yuxarıda yazdıqlarımın hamısı çox ciddi işlərdir. Bunlardan başqa, məsələn, daha hansı işlə məşğul olduğumu soruşmaq istəyirsinizsə, deyə bilərəm ki, bir sıra firmalar və şəxslərə məsləhət verirəm. Bu məsləhətlər ABŞ və Avropada çalışan siyasətlə və bizneslə məşğul olanların xahişi ilə olur. Hər halda, beynəlxalq iqtisadiyyat və siyasəti bilmək səviyyəm bu işi görməyə imkan verir. - Bilirik ki, Azərbaycana gələ bilmirsiniz. Amma ABŞ-dan hansı ölkələrə səfər edirsiniz? - Amerikadan əsasən Avropa ölkələrinə səfər edirəm və bu səfərlərdə yüzlərlə müxtəlif millətləri təmsil edənlərlə görüşürəm. Bütün ölkələrdə tarixi yerlərə səyahət etməyə daha çox üstünlük verirəm. - Amerikada azərbaycanlılarla görüşünüz olurmu? - Sözsüz, Amerikada azərbaycanlılarla görüşürəm. Görüşdüklərim insanların hamısı tələbədən tutmuş, 80 yaşlı müdrik və kifayət qədər yüksək intellektual insanlardır. Onlarla görüşmək mənəvi zövq verir. - Yaxın tanışınız, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov xərçəng xəstəsi olduğunu deyib. Onunla əlaqə saxlamısınızmı? - Rüstəm müəllimin xərçəng xəstəliyinə tutulmasından, həm də uğurlu əməliyyat keçirməsindən xəbərim var. Təbii ki, onunla əlaqə saxlamışam, səhhətinin artıq tam bərpa olunduğunu da bilirəm. Bildiyiniz kimi, xərçəng xəstəliyini ilkin mərhələrə müalicə etmək mümkündür, ancaq həkim nəzarətində qalmalısan. Yəni həmişə yoxlanmalısan. Rüstəm müəllim Amerikada olanda görüşmükdük, ancaq indi deyəsən Moskvada olmalıdır. Rüstəm müəllimlə bir-birimizi 1989-cu ildən tanıyırıq və kifayət qədər yaxınıq. Onun uğurlu əməliyyat olunduğunu bilməsəydim, ayıb olardı. Ancaq bu əməliyyatdan az qala bir il keçir... - Rüstəm İbrahimbəyovla necə tanış olmuşdunuz? - Bilirsiniz, mənim tanınmış sənətkarlarımızın hamısı ilə yaxın əlaqələrim olub. Yadımda deyil, çox ehtimal ki, Moskvada tanış olmuşuq. Çünki həm Bakıda, həm də Moskvada çox görüşlərimiz olub. O dövrdə biz hər ikimiz Azərbaycan Xalq Cəbhəsini dəstəkləyirdik. Həmçinin, ikimiz də Heydər Əliyevin Bakıya qayıtmasının aktiv tərəfdarları idik. Onun ssenarisi ilə Rasim Ocaqov mənim maliyyələşdirdiyim gözəl bir film də çəkdi. - Hansı film? - “Həm Ziyarət, həm ticarət” filmi. - Sizin maliyyənizlə daha hansı işlər görülüb? - 2500 xəstəni xaricdə müalicə etdirmişəm, 60 tələbəni ABŞ və Avropa universitetlərində oxutmuşam və sair kimi işlər həyata keçirilib. Bunlar sizə lazım deyil, dərinə getməyin. - Ailəniz sizin ictimai-siyasi fəaliyyətinizi necə qiymətləndirir? - Dəstəkləyənlər də var, neytral mövqedə olanlar da. Bu işin səhv olduğunu hesab edənlər də var. Ancaq bu, mənim yolumdur . - Övladlarınız nə işlə məşğuldurlar? - İki oğlum, bir qızım var. Övladlarımın ikisi bankda işləyir, o birisi rəssamlıq edir. Kiçik oğlum rəssamlıq edir. Əzimzadə adına rəssamlıq məktəbini qurtarıb. Onlar artıq kifayət qədər yaşa dolmuş insanlardır, hərəsinin öz ailəsi, uşaqları və evləri var. Hətta eyni şəhərdə belə, yaşamırıq. - Bir az primitiv olsa da, bu sualı vermək istəyirəm. Baba olmaq Rəsul Quliyev üçün necə hissdir? - Baba olmaq hissi ata olmaq hissindən daha güclüdür. - Mətbuatda Ayaz Mütəllibovun istefasının səbəbləri barədə verdiyiniz açıqlamanızı gördüm. Əslində o dövrün siyasi mənzərəsini yaxşı təsvir etmisiniz. Məndə belə təəssürat yarandı ki, sizdə Ayaz Mütəllibovun istefasına dair açıqlamadığınız daha müfəssəl, sensasion faktlar var. - Yox, elə bir sensasiya yoxdur, yəni çox qorxaq bir insan idi, sözsüz onun mart ayındakı istefasını detalları ilə bilirəm, daha doğrusu, kimlərin ona ərizəni yazmağa məcbur etdiyini də bilirəm. Ancaq hələ ki açıqlamağa ehtiyac duymuram.

17 Aprel 2015 2:47

Elnur Hüseynov: “Bu, mənim şansımdır“

elnurr

“Eurovision” mahnı müsabiqəsində təmsilçimiz Elnur Hüseynovun Avropa turnesi davam edir Turne çərçivəsində E.Hüseynov olduğu ölkələrin mətbuatına da müsahibələr verir. Faktinfo.az Publika.az-a istinadən təmsilçimizin Macar və Riqa telekanallarına verdiyi müsahibəni təqdim edir: - Sən ikinci dəfədir bu yarışmada iştirak edirsən. Bu dəfə ifa edəcəyin mahnı əvvəlkindən nə ilə fərqlənir? Ümumiyyətlə, mahnı seçimi necə oldu? - Möhtəşəm mahnıdır. Mahnını özüm İctimai Televiziyanın təqdim etdiyi müxtəlif janrda olan çoxsaylı mahnıların içərisindən seçdim. Çünki bu mahnı ürəyimə yaxındır. Əlbəttə, mahnılara bəzi əlavə və düzəlişlər edilib. Mahnını mən ifa edəcəyimdən əlavələrdə də daha çox mənim istəklərim nəzərə alınıb. Bu mahnını həm də onun ötürdüyü ismarışa görə seçdim. Mahnıda pozitiv yük çoxluq təşkil edir. Burada insanlar canlılara, təbiətə önəm verməyə çağrılır.  - İlk dəfə yarışa azərbaycanlı müəllifin bəstəsi ilə qatıldınız. Bu dəfə isə əcnəbi müəllifin yaradıcılığına müraciət etmisiniz. Əcnəbilərin bəstəsi ilə çıxış etməyiniz nə ilə bağlıdır? - İlk dəfə öz müəlliflərimizin əsəri ilə təqdim etmişəm. Bu dəfə isə xarici mahnı ifa edəcəyəm. Bir dəfə elə, bir dəfə belə. Ona qalsa, ilk dəfə iki nəfər səhnəyə çıxmışdıq. Bu dəfə isə solist olaraq səhnədə yer alacağam. Fərqli şeylərdir yəni…  - İfanızda çoxsəsli xorun da ifası eşidilir. “Eurovision” səhnəsinə necə çıxacaqsınız, tək, yoxsa komanda ilə? - Hal-hazırda mən bunu sizə açıqlaya bilmərəm. Çünki bu sirr olaraq saxlanılır. Bizim tamaşaçılara kiçik sürprizimiz var. Bu, hər kəsin xoşuna gələcək. İlk məşqlərdə siz hər şeyi görəcəksiniz.  - Mahnının digər dillərdə versiyalarını yazdırmısınız? - Əlbəttə, başqa dillərdə də mahnımın versiyaları olacaq. Onlardan biri türk dilidir. İkinci versiyanı isə sirr saxlayıram.  - Bu yarışmada ikinci dəfə iştirakın, buradakı təcrübən sənə qalib gəlməkdə yardımçı olacaq? - Bu çox böyük yoldur: həm çətin, həm də əyləncəlidir. Buradan bir sıra müğənnilər keçib. Nəzərə alsaq ki, mən bu yolu bir dəfə artıq keçmişəm, təcrübəmin bu dəfə işimi asanlaşdıracağını düşünürəm. Odur ki, indi daha peşəkaram.  - Sən Türkiyədə keçirilən səs yarışmasının qalibi olmusan. Təbrik edirik. Bundan sonrakı planların nədir? - Bu, özümü təqdim etməyim üçün növbəti şans idi. 2 və ya 3 albom buraxmağı düşünürəm. Əlbəttə, bunlar “Eurovision” müsabiqəsindən sonra olacaq. Çünki hazırda biz çox məşğuluq. Promo turlar və səhnənin hazırlanması və s…  - Bəlkə bir az səhnənin necə olacağından danışasan… - Bu, sirrdir. Düzdür, hər kəs soruşur, amma bu, bizim sirrimizdir.  - İşlərini Türkiyədə davam etdirəcəksən? - Bəli, dediyim kimi, 2 və ya 3 albom buraxacağam. Onlardan biri Avropa dinləyicisi üçün ingilis dilində olacaq. Hətta mahnılarımdan birinin fransızca olacağını düşünürəm. Hər şey hələ qarşıdadır. Çox planlarım var. Amma hər şeyi öncədən danışmaq olmaz.

16 Aprel 2015 11:27

Fazil Mustafa: «Mən Əli Kərimlidən daha fərqli performans gözləyərdim»

fazil

«Azərbaycan üçün əsas təhlükə Azərbaycanın özündən gəlir. Cahil davranışdan gəlir» Fazil Mustafa: «Əli Kərimlinin Əbülfəz Elçibəyə qarşı olan münasibəti, sonra isə hakimiyyətlə separat danışıqları narazılıqların əsasını yaratdı». «Qarabağ problemini həll eləmək üçün birinci Kürdəmir problemini həll eləmək lazımdır» PİA.AZ Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ilə geniş müsahibənin ikinci hissəsini oxucularının diqqətinə cəlb edir. Müsahibənin birinci hissəsini bu linkdən oxuya bilərsiniz. - Bir zamanlar Əli Kərimli sizin silahdaşınız idi, necə deyərlər eyni «şineldən» çıxmışdınız. Sonra isə siyasi rəqibiniz oldu. İndi Əli Kərimli sizin üçün nə ifadə edir? - Əslində normal cəmiyyətlərdə əvvəllər bir yerdə olmuş, mübarizə aparmış insanların ayrı-ayrı partiyalarda olması normal qarşılanır. Azərbaycanda isə buna bir düşmənçilik kimi baxılır. Əslində bu bizim də günahımızdır ki, müəyyən məsələlərdə daha tolerant, xoşgörülü olmağı bacarmırıq. İndinin özündə də heç yaxşı hal deyil ki, bəzi siyasətçilərlə insan kimi də ünsiyyət saxlamırıq. Bunlar yaxşı hallar deyil. Etiraf edim ki, bunda bizim də müəyyən qədər günahımız var. Ümumiyyətlə, Əli Kərimli Azərbaycan siyasətində bir vaxtlar bizim də dəstək verdiyimiz insanlardan biri idi və müəyyən qabiliyyətiylə, xarakteri ilə seçilən insanlardan idi. Sonrakı davranışları siyasi etiket qaydalarından çox fərqli bir məcraya getdi. Fazil Mustafa: «Əli Kərimli Azərbaycan siyasətində bir vaxtlar bizim də dəstək verdiyimiz insanlardan biri idi» Xüsusilə də Əbülfəz Elçibəyə qarşı olan münasibəti, sonra isə hakimiyyətlə separat danışıqları narazılıqların əsasını yaratdı. Və ondan sonra da təşkilat daxilində tamamilə fərqli qruplaşma üzərində siyasətini yürütməyə əhəmiyyət verdi. Biz də bu çərçivəyə özümüzü salmaq istəmədik. Biz daha fərqli müstəqil çərçivədə olmağı düşündük. Bu gün nə intellektual baxımdan, nə də yaradıcı yanaşma baxımından Əli Kərimli mənim üçün siyasətdə parlaq bir ad olaraq keçmir. Mən daha fərqli performans gözləyərdim. Məsələn, biz hakimiyyəti tənqid edirik, amma hakimiyyətlə amansız mübarizə içində deyilik. Amma hakimiyyətlə amansız mübarizə içində olanların fantaziyası xeyli zəifdir. Yaranan xeyli boşluqları, neqativ halları cəmiyyətdən özlərinə dəstək qazanma mexanizminə çevirə bilmirlər. Bu qabiliyyəti onlarda görmədim. Hakimiyyətin də o qədər nöqsanı var amma ən qatı radikal, barışmaz bir müxalifət olaraq cəmiyyətdən daha çox dəstək almalıydı, halbuki dəstək get-gedə azalır. Buna görə də gələcəyinə heç bir ciddi perspektivi olan siyasətçi kimi baxmıram. - Siyasəti kənara qoysaq, Əli Kərimli ilə şəxsi münasibət baxımından necəsiz? Əlaqəniz var? - Şəxsi münasibətimiz yoxdur. Heç danışmırıq da. - Keçmiş cəbhəçilərdən və Elçibəy komandasından bu gün kimlərlə dostluq münasibətiniz var və yaxud normal münasibətlərinizi qoruyub saxlayırsınız? - Bu gün dostluq etdiyim insanlar var. Əvvəlki münasibətləri saxlayıram. Məsələn? Oqtay Qasımov - Elçibəyin köməkçisi, Zəlimxan Məmmədli, Peyman bəylə yaxın münasibətimiz var. Sonra o komandada olan xeyli insanla normal münasibətim var. O cümlədən Oqtay bəy, Qulamhüseyn Əlibəyli ilə, Əliməmməd bəylə normal münasibətlərimiz var. Xüsusi olaraq neqativ münasibətim olan insanların sayı çox deyil. Mənə qarşı olan münasibətdə bəzi adamların neqativ yanaşması var ki, niyə cəbhədən getdi. Fazil Mustafa: «Hakimiyyətlə amansız mübarizə içində olanların fantaziyası xeyli zəifdir» Bu gün mənim İsa Qəmbərlə, Arif Hacılı və başqaları ilə də normal münasibətim var. Bu adamlar həmişə bizim obrazımızı görüblər ki, biz fəallığımızı, qabiliyyətimizi hansısa liderin qaldırılmasına xidmətə yönəltməliyik. Belə ki, sən özün müstəqil şəkildə ortaya çıxırsan və bunu qəbul etməməyə başlayırlar. Siyasətçi özü meydana girməlidir, özü polemikalara girməlidir.Özü sosial şəbəkələrdə olmalıdır. Hamı yalançı imzayla, yalançı şəkillə girir ora. Özünə 10-15 nəfər dəstəkçi yığır. Sanki boks meydanına çıxmısan. Yanındakı adamlar döyüşməyəcək ki, özün döyüşə girməlisən. Ona görə də mənim taktikamla onların taktikası üst-üstə düşmür. Əvvəllər mən bunlara görə döyüşürdüm. Onda da müəyyən aktivliyi ortaya qoymurdular. Bizim məqsədimiz maarifçilikdir, ölkədə dünyagörüşlərinin dəyişməsidir. Məsələn, bu gün Azərbaycanın klassik siyasətində olan insanların tarixə baxışı mənim üçün anlaşılmazdır. Onlardan bir fikir eşitmisinizmi?! Dinə baxışları anlaşılmazdır. Nəyəsə qarşı ayrıca baxışları yoxdur.Tərəfdar sənin şəklinə sitayiş etməlidir, ya tərəfdar sənin artistik çıxışına baxmalıdır?! Kitabını qoy ortaya ,əsərini, baxışını qoy. Görək ki, sən nə düşünürsən. Bizim üslub fərqimiz burdan qaynaqlanır. Bəzən insanlar fəallığı sevmirlər, bu cür yanaşmanı sevmirlər, bir də görürsən qəbul etmirlər amma xeyli hissəsi ilə mənim normal münasibətim var. Mən keçmişə sayqı ilə yanaşan adamam. Amma keçmişdə duran adam deyiləm. Fazil Mustafa: «Bu gün Azərbaycanın klassik siyasətində olan insanların tarixə baxışı mənim üçün anlaşılmazdır» - Elçibəylə aranızda olan ən xoş xatirələrdən birini söyləyə bilərsiniz? - Elçibəylə aramızda çox böyük və ciddi xatirələr var. Mən yəqin ki, nə zamansa bir kitab yazmağa çalışacam. Çünki Kələki həyatında bir yerdə olmuşuq. Mən onun haqında kitab yazmışam. “Elçibəy-tarixdən gələcəyə” kitabım 1995-ci ildə Türkiyədə nəşr olunub. Orada bir sıra xatirələri yazmışam. Həbs olunduğu vaxt KQB arxivində olan materialları da çap eləmişəm. Çox şeylər orda nəzərdə tutulub. Elçibəylə ilk tanışlığım xatirimdə maraqlıdır. 1981-ci ildə Naxçıvana gəlmişdi. Qardaşı məni onunla görüşdürdü. Onda mənim şeir dəftərim var idi. Azərbaycanla bağlı çoxlu şeirlərim var idi. Şeir dəftərimi apardım. Onda mən 9-cu sinifdə oxuyurdum. O şeirlərlə tanış oldu və çox təəccübləndi ki, sən yazmısan? Dedim, əlbəttə. Sonra 2 saata yaxın çox yaxşı söhbətimiz oldu. Mən çıxanda telefon nömrəsini verdi ki, Bakıya gələndə mütləq məni tap. Sənə mütləq kömək eləyəcəm ki, ali məktəbə daxil olasan. Sonra mən Bakıya gedəndə onu tapmadım ki, ali məktəbə özüm qəbul olmalıyam. Konkursa düşdüm. Uzun müddətdən sonra 1986-cı ildə görüşəndə dedi ki, mən sənə demişdim axı məni tapasan. Sənə ali məktəbə daxil olmağına kömək edim. Onda mən dedim ki, yox mən sizin hesabınıza niyə girməliyəm ki? O zaman çox xoşu gəlmişdi. Azərbaycanda bu cür yanaşma çox az olur. Hamı gəlir ki, mənə kömək elə. Təbii ki, onun nüfuzu kifayət qədər yüksək idi. Əsas xatirəm budur. Sonra yüzlərlə xatirələr də var ki, onlardan bəziləri deyiləcək, bəziləri isə sirr kimi də gedəcək. Çünki onu demək olmaz. Fazil Mustafa: «1981-ci ildə Elçibəy Naxçıvana gəlmişdi. Şeir dəftərimi apardım. Onda mən 9-cu sinifdə oxuyurdum.» - Fazil bəy məlumdur ki, bu gün dünyada ciddi siyasi prosseslər gedir. Sizcə bu prosseslərin içində Azərbaycan üçün əsas təhlükə hardan gəlir? - Azərbaycan üçün əsas təhlükə Azərbaycanın özündən gəlir. Cahil davranışdan gəlir. Hər zaman Azərbaycanın kənarında problem var. Hər zaman Rusiya, İran Azərbaycan üçün bir narahatlıq mənbəyidir. Çünki Azərbaycanın müstəqil olması haqqını üzdə söyləsələr də, Rusiya daxil qəbul eləmirlər. Regionda yalnız Türkiyədən başqa heç bir dövlət səmimi şəkildə Azərbaycana dəstək vermir. Sonra başımıza bir iş gələndə Rusiya bizi işğal elədi, Ermənistan bizi işğal elədi deyirik. Ermənistan , Rusiya neynəməlidir, başımızı tumarlamalıdır?! Elə bir davranış, elə bir səfərbərlik təyin etməlisən ki, səhvə yol verməyəsən. Bizim bundan sonrakı nə addımımız varsa, günahı özümüzdədir. İldə bir neçə dəfə yolda bordurları çıxarıb dəyişmək yerinə o pulu xaricdə oxuyan 3 tələbəyə verməklə 3 tələbə yetişdirmiş olarıq. Sabah başımıza bir bədbəxtlik gələndə deyəcəyik ki, rus bizə bunu elədi. Rus bizə eləmədi, biz o bordurda yanlışa yol verdik. Demək səhvi özümüzdə axtarmalıyıq. - Sizcə, Azərbaycanın xarici siyasətində əsas uğuru və əsas məğlubiyyəti hansı məsələlərdədir? - Azərbaycanın xarici siyasətini uğurlu hesab edirəm. İndiki şərtlərdə hakimiyyətdə mən olsam bir az fərqli şəkildə amma eyni siyasəti izləyərəm. Problem Azərbaycanın daxili siyasətindədir. Məsələn, adi bir Qarabağ savaşında ordu güclənsin deyə pafoslu danışmaqdansa, xalqı gücləndirmək lazımdır. Bu qədər binalar tikilir, altında sığınacaq yaradılırmı?! Bütün zirzəmiləri vermisiz barlara, restoranlara. Bəs sabah müharibə olsa dinc əhali harada məskunlaşacaq? Harda bombadan qoruyacaqsız? Yəni demək istədiyim odur ki, özümüzə aid olan problemi çözə bilmirik. Daxildə bu problemləri çözmək lazımdır, amma xaricdə məsələn Rusiya ilə siyasət məncə normal siyasətdir. Çünki başqa cür davranmaq imkanı yoxdur. Nəyisə güzəştə gedirsən müstəqilliyi qoruyub saxlayırsan. İranla siyasətimizdə güzəştlərimiz olsa da balansı qoruyub saxlaya bilmişik. Türkiyə ilə yaxın məsafədə olmağımız müsbət haldır. ABŞ-la da məsafəli münasibətimizin olması müsbət düşünülən bir haldır. Üstəlik İsraillə də əlaqələrimizin normal olması da yaxşıdır. Mən AŞ Assambleyasının üzvüyəm. Avropa qurumları ilə məsafəli münasibətlərin qurulması ölkəmizin xeyrinədir. Bizim bu gün ətrafımızda od yanan yerdə yanıq dərmanımız yoxdur və çalışmalıyıq ki, yanmayaq. Xarici siyasətdə hələ ki buna əməl olunur. Dünyanın hər yerində yanğın var. Hətta Türkiyənin özü belə qarışıq vəziyyətdədir. Azərbaycan hələ ki, özünü qoruyur. Yanğın sönənə qədər tüstü olacaq amma yanmamaq lazımdır. Yəni bu siyasəti bu baxımdan məqbul hesab edirəm. Fazil Mustafa: «Dünyanın hər yerində yanğın var. Bizim vəzifəmiz yanmamaqdır» - İndiki şəraitdə Qarabağ probleminin həll yolu varmı? Ümumiyyətlə bu münaqişənin həllini necə təsəvvür edirsiniz? - Qarabağ probleminin ümumiyyətlə bu formada həll yolu yoxdur. Çünki Azərbaycan xalqının həlletmə hədəfi hələki görünmür. Xalqın bəlkə də ən sıradan çıxmış, ən qəbul olunmayan insanına qədər bu problemlə bağlı özünün yanaşması, töhfə vermə fikri yoxdursa, tək orduyla bu problem çözülməz. Orduya imkan verib-verməmə məsələsi var. Beynəlxalq şərtlər bizim xeyrimizə deyil. Ermənistanın arxasında Rusiyanın durması da bəllidir. Amma xalqın potensialı ilə çox şeyi həll eləmək olar. Bilirsiz, Qarabağ problemini həll eləmək üçün birinci Kürdəmir problemini həll eləmək lazımdır. Kürdəmir yolunun qırağı hamısı şoranlıqdır. Torpaq torpaqdır. Yəni əlində olan torpağı şoran olaraq saxlamağı özünə rəva bilirsənsə, cənnət Qarabağı da şorana çevirməyəcəyinin təminatı yoxdur. Ona görə də bu düşüncəni Azərbaycan cəmiyyətinə çatdırmaq lazımdır ki, əlində olanları cənnətə çevir, ardınca cənnət olanı inkişaf etdirərsən. Onu Allah sənə qaytarar. Amma bu durğunluqla bir şey qazanmağımız çox çətindir. - Hökümətin iqtisadi siyasətini necə dəyərlənləndirirsiniz? - Hökumətin iqtisadi siyasətini bərbad hesab edirəm. Çünki elə məsələlər var ki, orada əvvəlcədən görünən müəyyən problemlərin qarşısını vaxtında almaq olardı. Məsələn, qeyri-neft sektoru inkişaf etmədi, ərzaq məhsuluna qədər hər şeyi xaricdən alırıq. Kənd təsərrüfatını vaxtında inkişaf etdirmək lazım idi. Bu qədər korrupsiyaya nə ehtiyac vardı? Fermer təsərrüfatları normal yaradılmadır. Hamı torpaqları alıb bağladı, əkin-biçin olmadı. Ən əsası kəndli də Bakıya axın etdi. Bakıda, Xırdalanda, Sulutəpədə hər kəs bir gecəqondu tikib, orada yaşamağa başladı. Kəndli kəndçilikdən çıxdı. Bunun qarşısını almaq üçün vaxtında imkan vardı. Regionların inkişafı daha sağlam formada aparıla bilərdi. Bunlar olmadı və olmayandan sonra bu gün Bakını 4 milyon yarım adamla doldurmuşuq. İndi də başlayırıq ki, regionlarımız inkişaf etmir. Region ancaq Rusiyadan gələn pulun hesabına inkişaf edirdi. Rusiyada da pul azalanda idarəetmənin forması tapılmadı. Bələdiyyə sistemi inkişaf etdirilmədi. Rayonlarda faktiki olaraq bələdiyyə yoxdur. İcra başçısının kefinə, istəyinə baxır. Bir az sağlam düşüncəli başçı olanda heç olmasa nələrsə etməyə çalışır. Sağlam düşüncəli olmayan icra başçısı da rayonun infrastrukturu üçün gözdən pərdə asmaq üçün bir park salır, özü də dövlət büdcəsini mənimsəyir. Fazil Mustafa: «Hökumətin iqtisadi siyasəti bərbaddır» - Bəs hazırkı dönəmdə hansı addımların atılmasını zəruri hesab edirsiniz? -Mən bunu hökumətdə olsaydım deyə bilərdim, amma indi desəm hökumət oğurlayacaq, öz adına çıxacaq. Zəruri addım odur ki, korrupsiyanı ortadan qaldırmaq lazımdır. İnsanları hüquqa qaytarmaq lazımdır. Hüquqa güvən olmayan yerdə heçnə mümkün deyil. Məsələn, mülkiyyət toxunulmazlığı Azərbaycanda ciddi problemdir. Sən yol çəkirsən mənə nə? Pulumu ver. Evin-eşiyin varsa, pulunu ver. Park salırsansa, mənə nə? Mükiyyət toxunulmazdır axı. Demək istəyirəm ki, mülkiyyəti bu qədər aşağılamaq olmaz. Dünyanın heç bir inkişaf etmiş cəmiyyətində belə bir tendensiya yoxdur. Ona görə bunu dəyişmək lazımdır. Bu olandan sonra onsuz da ölkənin nefti var, gəlirləri var. Əsas da insanını hərəkətə gətirmək lazımdır. Tənbəl insandan daha dinamik insan yaratma imkanı var. Azərbaycanlılarda çevik iqtisadi zəka var. İstənilən yerdə pulun necə qazanılmasını çox yaxşı bilirlər. Birdə təbii ki, iman zəifliyi var. Yəni halal-haram anlayışları bizdə bir az ikinci dərəcəlidir. Kim harda nə mənimsədisə elə bilir ki, özününküdür. Halbuki heç özünün olan da özününkü deyil, Allahındır. Mülk Allaha məxsusdur. Amma Azərbaycanda elə bilirlər ki, ev də onundu, maşın da. Gedəndə qəbirə özüylə yığdığı dollarları da aparacaq. Ona görə də bu anlayış biraz məhduddur. Bütövlükdə zəka var amma bundan istifadə edə bilmədik. Rusiyada, Avropada azərbaycanlını bir az sitimullaşdırsan böyük bir məkanları fəth edə bilərdi. - Bəziləri əminlikə bildirirlər ki, Azərbaycanda hazırkı hakimiyyətin alternativi yoxdur. Siz necə düşünürsünz, alternativ varmı? - Alternativsiz bir Allahdır. Hər şeyin alternativi var. Ona görə də insan insana bənzəmir amma mahiyyət üzrə missiya bir-birini təkrarlayır. Alternativ missiyalar var. İnsanın vəzifəsi Allahın razılığını qazanmaqdır. 19-cu əsr insanının da, 20- 21-ci əsri insanının da missiyası budur. Amma insan özü başqadır. Alternativin olmamağı özü bir təhlükədir. Bu ifadənin özü də təhlükədir. Ona görə ki, demək xalqın alternativ yaratma potensialı yoxdur. Bundan böyük faciə yoxdur. Elə bil deyirsən ki, bir alimimiz var daha onu əvəz edən alim yoxdur. O öldü, nə olacaq? O öləndən sonra alimimiz olmayacaq? Yəni alternativsizlik mühitinin fəxrlə söylənməsi çox qəbahət bir şeydir. - Dindar müxalifətin imkanlarını necə dəyərləndirirsiniz? Ardı var...

14 Aprel 2015 6:50

Fakt

Bizi izləyin