Tofiq Zülfüqarov:“Artıq Amerikanın maraqları prinsiplərindən üstün olacaq” –MÜSAHBƏ

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın xarici siyasət kursunun Cənubi Qafqaz regionuna, MDB məkanına və Azərbaycanla münasibətlərə gətirəcəyi yeniliklərdən danışıb. Faktinfo.az müsahibəni oxuculara təqdim edir: -ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın elan etdiyi xarici siyasət kursu Cənubi Qafqaz regionu, MDB məkanı, xüsusilə Rusiya ilə ABŞ münasibətlərinə hansı yeni çalarlar gətirə bilər? Tofiq Zülfüqarov: İndiki mərhələdə, 2017-ci il yanvarın 20-dək xarici siyasət kursu o mərhələdədir ki, onun konkret elementləri formalaşır. Sadəcə olaraq tendensiyalar barədə bəyanatlar verilir. O tendensiya bəyanatları seçkiqabağı müddətdə də bəyan olunmuşdu. Ümumiyyətlə, biz Barak Obamanın seçkiqabağı bəyanatlarını yada salsaq, onun bəyanatları Amerikanın daha çox izolisonizm (iIsolationism-özünü ümumidən, – alyanslardan, birliklərdən təcrid etmək-red), – özünü daxili siyasətin mərkəzi kimi göstərmək və xarici siyasətdən bir az uzaqlaşmaq idi. O, bu bəyanatlarının bir hissəsini həyata keçirib. Amerika artıq birbaşa öz qoşunları ilə böyük münaqişələrdə iştirak etmir. Hesab edirəm ki, bu tendensiyanı Tramp da davam etdirir. O elə hesab edir ki, Amerika daha çox daxili məsələlərlə məşğul olmalıdır, nəinki xarici məsələlərlə. Onun qələbəsinin əsas səbəblərindən biri ondan ibarətdir ki, artıq Amerika seçiciləri daha çox öz ölkəsinin problemləri ilə məşğul olan prezidentin olmasını istəyib. Xanım Klintonun bəyan etdiyi tezisləri qəbul etməyiblər. Onun tezislərini yada salsaq, neokon (neo-konservator tezislər – xarici siyasətdə hərbi gücün azaldılması (Kissincer nəzəriyyəsi) –red) tezislərdən ibarətdir. Amerika hər bir məsələdə dominant bir ölkə kimi iştirak etməlidir. Yəni, Amerika birbaşa öz qoşunları ilə yox, müttəfiqləri ilə, müxtəlif qüvvələrdən istifadə edərək öz maraqlarına nail olmalıdır. İndi Tramp bir addım ondan irəli gedib. Hesab edirəm ki, tendensiya onu göstərir ki, artıq Amerika region məsələlərində daha passiv bir mövqedə duracaq. Onun nəticəsi ondan ibarət olacaq ki, region oyunçuları dünyanın müxtəlif yerlərində daha aktiv olacaq. Yəni, biz öz regionumuzu götürsək ,daha aktiv Rusiya, Türkiyə və İran olacaq. -Cənab Trampın elan etdiyi xarici siyasət kursu regional münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verə bilərmi? Tofiq Zülfüqarov: Hesab edirəm ki, yox. Çünki, Dağlıq Qarabağ məsələsində hansısa irəliləyişə nail olmaq üçün beynəlxalq qurumlar daha fəal olmalıdır. Təbii ki, beynəlxalq qurumların əsas oyunçusu Amerika olub. Əgər, Amerika xarici siyasətdə, hər bir məsələdən çalışacaq uzaqlaşsın, deməli artıq beynəlxalq qurumlar bu məsələdə fəal olmayacaq. Hesab edirəm ki, əgər biz ümidimizi beynəlxalq qurumlara bağlasaq, bizi bir passivlik dövrü gözləyir. -Belə görünür, münaqşənin həlli bütövlükdə Rusiyanın nəzarətinə keçəcək? Tofiq Zülfüqarov: Münaqişənin gedişində Rusiyanın rolu daha da mökəmlənəcək. Çünki, apreldən sonra (2016-cı ilin 2-5 aprelində Ermənistan-Azərbaycan cəbhəsində hərbi əməliyyatların bərpa olunmasını nəzərdə tutur-red.) baş verən hadisələr onu göstərir ki, Rusiya bəyan etdiyi təzyiqini heç də istifadə etməyib və onun fəaliyyəti Ermənistana sadəcə olaraq silah göndərməklə nəticələndi. Yəni, o da onu göstərir ki, Rusiya status-kvonu dəyişməyi istəmir. Bunu biz açıq deməliyik və bunu başa düşməliyik. -Azərbaycan bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən NATO-nun sülhyaratma əməliyyatlarında ABŞ-la birgə çalışır. ABŞ-ın yeni seçilmiş prezidentinin NATO və digər beynəlxalq təşkilatlarla bağlı elan etdiyi siyasət Azərbaycan-ABŞ əməkdaşlığına yeni nə verəcək? Tofiq Zülfüqarov: Mən hesab edirəm ki, bu və ya digər şəkildə regionlarda olan fəal oyunçulara,- NATO-nu götürsək, – Türkiyə və digər oyunçulara ABŞ dəstək versə, bu yolla Azərbaycan da NATO ilə öz əməkdaşlığını gücləndirə bilər. Bu çox perspektiv bir istiqamətdir. Hesab edirəm ki, bu istiqamət üzərində Azərbaycan-NATO əməkdaşlığı daha da güclənəcək. Çünki, NATO-nun potensialı indi zəifləyib. Əsas iradlardan biri ondan ibarətdir ki, Tramp onu bəyan edib ki, NATO-ya üzv ölkələr hətta öz maliyyə iştirakını da tam şəkildə təmin etmir. Yəni, bu baxımdan Türkiyə NATO-da bir iştirakçı kimi daha çox fəal görsənir. Bu baxımdan, Azərbaycan-Türkiyə müdafiə əməkdaşlığı çox perspektivli görünür. Ümumiyyətlə bunu qeyd etməliyik ki, artıq Amerikanın maraqları prinsiplərindən üstün olacaq. Tramp da öz siyasətinin fəlsəfəsini açıq bəyan edib. Əvvəl bizim maraqlarımız, sonra bizim prinsiplərimiz. Demokratlar əksinə, onlar prinsiplərini üstün tutub siyasətlərini həyata keçirirdilər. Yəni, bunu və ya digərlərini demokrat adlandırıb dəstək verirdilər, ya da kimisə demokrat adlandırmayıb ona qarşı çıxış edirdilər. İndi, dünyada hamı maraqlar üzərində qurulmuş bir real siyasəti gözləyir. -Cənab Trampın elan etdiyi xarici siyasət kursu dünyada mühüm olan iqtisadi layihələrin, o cümlədən Azərbaycanın iştirak etdiyi layihələrin maliyyələşdirilməsinə və reallaşdırılmasına hansı neqativ çalarlar gətirə bilər? Tofiq Zülfüqarov: Təbii, çünki artıq bəyan olunub ki, Azərbaycan üçün əsas maraq kəsb edən enerji sektoruna ABŞ ölkə daxilində böyük sərmayələr qoyacaq. Bu ona gətirib çıxaracaq ki, Amerika indi enerji sektorunda fəal bir eksport oyunçu kimi çıxış edəcək. Bu da təbii ki, neftin qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər. Eyni zamanda, Azərbaycanın bu sahədə təbii ki, öz perspektivləri var. Çünki, artıq yerli bazarlarda, yəni bizə yaxın olan enerji bazarlarında Azərbaycan daha rəqabətli görsənə bilər. -Cənab Trampın təhlükəsizliklə bağlı verdiyi bəyanatlar regiona hansı yeniliklər gətirə bilər? Azərbaycan nüvə sazişinə qoşulub, Rusiya və İran kimi iki nüvə dövlətinin əhatəsində yerləşir. Tofiq Zülfüqarov: Trampdan qabaq bəyan olunmuş əsas təhlükə təbii ki, nüvə silahı yox, radikal ekstermist qruplar, İŞİD və sair olub. Amma Trampın bəyanatları göstərib ki, az qalıb ki, Klinton siyasəti ilə bunlara dəstək verib. Bu çox maraqlı bir bəyanatdır. Mən hesab edirəm ki, bu təhlükələr yenidən nəzərdən keçirləcək və real təhlükələr dünyaya bəyan olunacaq. Ondan qabaq, ideoloji, propoqandist təhlükələr bəyan olunub. Çünki indi başa düşmək olmur, doğrudan da Amerikanın hansısa dairələrinin ekstremist radikallarla əlaqəsi mövcuddur, yoxsa, yox. Gəlin bir az gözləyək və Amerika özü bəyan edəcək, onu əsas narahat edən hansı mənbələrdir.

15 Noyabr 2016 11:31

«BU KOMANDA DƏYİŞİLMƏSƏ…» – “İslahata imkan verməyəcəklər”

Azad Demokratlar Partiyasının sədriSülhəddin Əkbər musavat.com-a ölkənin ictimai-siyasi durumu ilə bağlı müsahibə verib. Partiya sədri siyasi həyatdakı durğunluğun səbəblərindən, iqtisadiyyatdakı problemlərin ciddiliyindən, o cümlədən keçirilməsi vacib olan islahatlardan danışıb. “AzPolitika” həmin müsahibəni təqdim edir. - Sülhəddin bəy, ölkənin siyasi həyatında sakitlik, durğunluq var. Səbəblər nədir? – Durğunluğun səbəbi odur ki, cəmiyyət hələ gözləmə mərhələsindədir. Ölkə yaxın dövrdə bir sıra ictimai-siyasi mərhələlərdən keçəcək. Mən bunu hələ 2015-ci ildə demişdim və prosesi üç mərhələyə bölmüşdüm. Birinci mərhələ gözləntilər mərhələsidir. Azərbaycan cəmiyyətinin hakimiyyətdən gözləntiləri var və gözləyirlər ki, hakimiyyət yaranmış bu vəziyyətdən çıxaracaq. Onda hələ birinci devalvasiya olmuşdu. Cəmiyyət gözləyirdi ki, hakimiyyət doğrudan da ölkədə geniş islahatlar aparacaq və yaranmış vəziyyətdən həm cəmiyyəti, həm də dövləti çıxaracaq. Amma keçən bu müddət ərzində gözləntilərin doğrulmadığı üzə çıxdı. Həmin qiymətləndirməmdə qalıram. Gözləntilər mərhələsi üçüncü devalvasiyada bitəcək. Hakimiyyət çalışır ki, üçüncü devalvasiya olmasın. Xalq artıq anlayacaq ki, bu hakimiyyətin Azərbaycanı düşdüyü vəziyyətdən çıxarmaq potensialı yoxdur, tükənib. Çünki Azərbaycanın mövcud iqtidarı Azərbaycan iqtisadiyyatını xammal üzərində qurmuşdu, enerji daşıyıcıları ixracından ölkəyə gələn dollar axını hesabına qurmuşdu. Düşünürdülər ki, uzun illər bu axın davam edəcək. Onlar da heç bir problemsiz iqtisadi-sosial məsələləri həll edəcəklər. Xalq da siyasi baxımdan hakimiyyətin davranışına dözümlü yanaşacaq. Azərbaycan cəmiyyətində imzalanmamış bir ictimai razılaşma var idi: hakimiyyət cəmiyyətin minimum tələbatını ödəyir, perspektiv vəd edir, insanlar da artıq siyasi sahədə yaranmış bu avtoritar rejimlə barışırlar. - Gözləntilər bitəndən sonra nə olacaq? – İkinci mərhələ – alternativ axtarışı mərhələsi başlayacaq və bu, çox uzanacaq. Çünki hakimiyyət bunu əvvəlcədən gördüyünə görə və Rusiyanın xüsusi xidmət orqanları da öncədən gördüyünə görə, tədbir görüblər. Qarışıqlıq dövründə ölkədə hərəkətə keçə biləcək qüvvələrin sıradan çıxarılmasını həyata keçiriblər. Birinci Azərbaycanda siyasi müxalifət, sonra müstəqil media, müstəqil həmkarlar təşkilatı sıradan çıxarıldı. Növbə ziyalılara çatdı, ziyalılar satın alındı, bu yaranmış vəziyyətlə barışmayanlar ölkəni tərk etməyə məcbur oldu, bir qismi vəziyyətlə barışdı. Qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti sıradan çıxarıldı. Nəhayət, iş adamları və dini icmalar sıradan çıxarıldı. Yəni Azərbaycanda ictimai-siyasi dəyişikliklərin bütün infrastrukturu öncədən sıradan çıxarılıb. Azərbaycanda dinc demokratik inkişafın bütün infrastrukturu sıradan çıxarılıb, ya da təsirsiz hala gətirilib. Alternativsizlik şəraiti yaradıblar. Xaricə də göstərirlər ki, baxın, ölkədə dinc demokratik hərəkata öncüllük edəcək bir demokratik güc yoxdur. Alternativ olsa-olsa, xarici dəstəkli radikal ekstremist dini qüvvələr ola bilər. Onlara da baxanda üstünlük dünyəvi dövlətə veriləcək. Avtoritar olsa da, dünyəvi inkişaf yolunu seçən rejimə üstünlük veriləcək. Hakimiyyətin ictimai-siyasi baxış sistemi bundan ibarətdir. Həm ölkə ictimaiyyəti, həm beynəlxalq ictimaiyyət seçim qarşısında qalacaq. İki pisdən birini seçməlidir. Anternativ axtarışı buna görə uzanacaq, ta ki cəmiyyət real alternativ görənə qədər belə olacaq. Bəzən demokratik cameə xalqı passivlikdə, meydanlara çıxmamaqda qınayır. Azərbaycan cəmiyyəti çox ağıllı, təhsilli, praqmatik cəmiyyətdir. Nə vaxt dəyişiklik üçün azacıq ehtimal görüb, hər zaman öndə olan qüvvələri, o cümlədən başqa demokratik qüvvələri hər zaman müdafiə edib. Yaxın siyasi təcrübəmizdə bunu görmüşük. - Müxalifətin susqunluğunun, aktiv olmamasının səbəbləri təkcə iqtidarlamı bağlıdır? – Başlıca səbəbi hakimiyyətdir. Hakimiyyətin verdiyi imkanlar, istər inzibati resurlar olsun, insan maliyyə, güc, real güc resursları, qeyri-qanuni qüvvələri olsun, bunlar çoxdur. Cəmiyyətə müxalifətdən daha çox vermə imkanı var. Hakimiyyətin vəzifə, vermək imkanları var, pul vermək, iş qurmaları üçün şərait yaratmaq imkanları var. Bunların heç biri müxalifətdə yoxdur. Belə avtoritar cəmiyyətlərdə müxalifət ancaq mənəvi güc olaraq alternativ yarada bilər. Bu keçən 23 ildən artıq müddət ərzində Azərbaycan müxalifətini təmsil edən siyasi qüvvələr, demək olar, eynidir. O qüvvələr nə təkbaşına, nə də birləşərək bu günə qədər real nəticə oraya qoya bilməyib. Birinci səbəb hakimiyyətin repressiv siyasəti, ikinci səbəbi müxalifətin ortaya real nəticə qoymamasıdır. Səbəbi nə olursa olsun, real nəticə qoya bilməməsidir. Müxalifət bu səbəbdən getdikcə zəifləyib, sıraları seyrəlməyə başlayıb, bölünmələr, alternativ partiyalar, satınalınmalar, siyasi partiyaların yönətim qurumunun rəhbərliyinin ələ keçirilməsi, daxili intriqalar, bir tərəfdən maliyyə mənbələrinin kəsilməsi, informasiya resurslarının sıradan çıxarılması baş verib. Müxalifət 2003-cü ildən sonra bu günə gəlib çıxdı. Artıq cəmiyyət bu siyasi qüvvələrin proseslərə təsir imkanlarının olduğunu düşünmür və onlara maraq göstərmir. - Ölkə iqtisadiyyatının ciddi problemləri var və artmaqdadır. Hökumətin problemlərə yanaşması necədir? Atılan addımlar problemləri həll edəcəkmi? – Xeyr. Mənim fikrimcə, Azərbaycan hakimiyyətində sistem böhranı yaşanır. Sistem böhranı ötən ildən, 21 fevral 2015-ci il devalvasiyasından sonra ortaya çıxdı. Beynəlxalq Bankda baş verənlər, sonra Rabitə Nazirliyindəki həbslər, prosesin inkişaf edərək Milli Təhlükəsizlik Nazirliyinə keçməsi göstərdi ki, Azərbaycanda təkcə maliyyə-iqtisadi böhran yox, həm də idarəçilik böhranı yaşanır. Bir ölkənin milli təhlükəsizliyinə daxil olan əsas qurumu bu qədər cinayətin içərisindədirsə, bu qədər şüurlu şəkildə təşkil olunmuş cinayət fəaliyyəti ilə məşğuldursa, bu cəmiyyətin təhlükəsizliyindən söhbət gedə bilməz. Ərazisinin bir hissəsi işğal olunan, müharibə şəraitində olan bir dövlətdən söhbət gedir. Ölkəyə uzun illər neftdən böyük gəlirlər daxil oldu, bundan rasional istifadə olunmadı. Bu proses inkişaf etdi və dünya bazarında neftin qiymətinin kəskin düşməsi ilə vəziyyət dəyişdi. Neftin ucuzlaşması geopolitik siyasi amillə bağlıdır, Rusiya faktoru ilə bağlı məsələdir. Rusiyaya qarşı vaxtilə SSRİ-ni dağıtmağa yönəlmiş strategiyadır. Bir müddət əvvəl Azərbaycanın dövlət başçısı dedi ki, biz böhranı 2030-cu illərdə gözləyirdik. Amma 2015-ci ildə baş verdi. Deməli, bir neçə ay irəlini görə bilməyiblər. Artıq Ukrayna krizisi başlayanda, Azərbaycan hakimiyyəti anlamalı idi ki, neft dövrü bitdi. Dərhal təxirəsalınmaz çox ciddi addımlar atılmalı idi. Çünki iqtisadi, sosial sferada islahat aparılmasa, iqtisadi baxımdan ölkə güclənməsə, digər sahələrin inkişafı da mümkün olmayacaq. Nə ölkənin müdafiə qabiliyyəti, nə sənayeləşməsi mümkün olacaq. Nə də sosial problemlərin həlli qeyri-mümkün olur. Dollar hesabı ilə ümumdaxili məhsul iki dəfə azalıb. Ekspertlərin hesablamalarına görə, gələn ilin fevral ayından sonra artıq bu resurslar da tükənəcək, inzibati yollarla manatın kursunu saxlamaq mümkün olmayacaq. Dollar 3-4 manata qalxacaq, bunu hətta hakimiyyət ekspertləri də deyirlər. Digər tərəfdən, inflyasiyanı saxlamaq mümkün olmayacaq. Bu gün Azərbaycanda paradoksal vəziyyətdir. Dəyişiklik edəcək qüvvələr hamısı sıradan çıxarılıb. Yeni qüvvə də meydana çıxmayıb. Dinc demokratik dəyişikliklərin hərəkətverici qüvvəsi milli burjuaziyadır, orta sinifdir. Bu gün Azərbaycanda nə milli burjuaziya var, nə orta sinif. Ona görə Azərbaycanda ağırlaşmalar olan ictimai-siyasi proses gedir. - Ölkədə qeyri-neft sektorunun inkişafı barədə danışılır. Mümkün olacaqmı? Kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdiriləcəyi gözləntisi var cəhdlər var. – Dünya təcrübəsi göstərir ki, əgər bir siyasi komanda dövləti, cəmiyyəti, yaxud iqtisadiyyatı böhran halına salırsa, onun özünü dəyişmədən yaratdığı bu vəziyyətdən çıxmaq qeyri-mümkündür. Təsəvvür edin, ölkədə böhran yaranıb, böhran yaradan komanda ortadadır. Amma həmin komanda çalışır, komanda belə dəyişməyib. Ölkədə yeni fikirli, iqtisadiyyata yeni baxışı olan yeni komanda təşkil olunmalıdır. Yeni komanda yeni proqramla, antiböhran proqramı ilə gəlməli idi. Artıq ölkəni maliyyə iqtisadi böhrandan çıxaracaq bir proqram olmalı idi. Parlament dəstəyi aldıqdan sonra da işə başlamalı idi. Proqram da elmi əsaslı, dünya təcrübəsini nəzərə alan proqram olmalı idi. O zaman müəyyən bir inandırıcılıq ola bilərdi. O zaman ölkədə artıq çox ciddi, dərin, demokratik istahatlar başlamalı idi. Hər bir dəyişiklik islahat deyil. Geriyə getmək də dəyişiklikdir, amma ona proqres yox, reqress deyirlər. Bu komanda qaldıqda, cəmiyyəti ancaq geri götürə bilər. Reqress dərinləşə bilər. Dəyişiklik olacaq, amma irəliyə olmayacaq. Yeni komanda lazımdır, struktur dəyişiklikləri olmalıdır. Ölkə iqtisadiyyatının strukturu dəyişilməlidir. Qeyri-neft sektoru və xidmət sahələri inkişaf etdirilməlidir. Real sektor inkişaf etdirilməlidir. Müasir dövrdə inkişaf demokratiyadan keçir. Müasir dövlət demokratikləşmiş, sənayeləşmiş dövlətdir. - Referendumdan sonra ölkədə islahatların olacağı vədi var idi. Bildirilirdi ki, referendumdan dərhal sonra islahatlara start verəcək. Niyə islahatlar görünmür? – Mənim islahatla bağlı gözləntim yoxdur. Bu gözləntilər fevral devalvasiyasından bir neçə ay sonra bitdi. İslahat adına müəyyən addımlar atıldı, qısa zamandan sonra geri oxundu. Yəni dövlət başçısı belə, öz istədiklərini edə bilmir. Bu komanda dəyişilməyincə, islahatçı bir komanda gəlməyincə Azərbaycanda hər hansı inkişaf istiqamətində dəyişikliyin olacağını gözləmirəm. Komandanın dəyişilməsi də çox çətindir. Çünki Rusiya Azərbaycanda çox güclüdür, “beşinci kolon” çox güclüdür. Dövlət siyasətinə birbaşa təsir edirlər. Azərbaycanda islahatların aparılmasına, hətta dövlət başçısı da istəsə belə, imkan verməyəcəklər. O gücdədirlər. Bir yol var ancaq. Dövlət başçısı siyasi iradə nümayiş etdirib Azərbaycanda yerdə qalan demokratik qüvvələrlə açıq dialoqa getməlidir. Hətta gələcək komandada heç bir müxalifət üzvü olmaya da bilər. Demokratik qüvvələrdən edəcəyi dəyişiklikləri dəstəkləmək haqqında vəd ala bilər. Azərbaycan cəmiyyəti ilə dövlət başçısı anlaşmalıdır. Bu razılaşmadan sonra dəyişikliyə cəhd edə bilər. Çünki qarşısında Rusiyanı, İranı görəcək.

14 Noyabr 2016 4:13

Donald Trampın ilk müsahibəsi: “Xalqı ayağa qaldırmaq üçün qaynar çıxışlara ehtiyac yaranır”

ABŞ prezidenti seçilmiş Donald Tramp bazar günü mətbuatda çıxışında mövqeyini bir daha ortaya qoyub, hansı vədlərinin üstündə dayanacağını, hansı məqamda gözləndiyindən yumşaq davranacağını bildirib. «The New York Times» qəzeti yazır ki, tənqidçilərini qınamaq niyyətiylə D.Tramp «Twitter»dən istifadə edib, bununla da prezidentlərin amerikalılarla danışmaq üsulunu tamamilə dəyişəcəyi, sosial mediadan Ağ Evdə də yararlanacağı ehtimalını yaradıb. “BAŞQA ÖLKƏYƏ GETSİNLƏR” Qələbədən sonra ilk dəfə olaraq D.Tramp televiziyaya bir saatlıq müsahibə verib. CBS telekanalında çıxışından D.Trampın miqrantlara vəd etdiyi qədər sərt olmayacağı, amma abort hüququnun məhdudlaşdırılmasında israrlı mövqe tutacağı aydın olub. «Bəs abort istəyən qadınlar neyləməlidir» sualına cavabında D.Tramp “yəqin ki, başqa ölkəyə getməli olacaqlar” deyib. Meksikayla sərhədə çəkiləcək divara gəlincə, D.Tramp divarın bütün sərhədboyu uzanmayacağını, bəzi yerlərdə çəpərlə kifayətlənəcəklərini bildirib. O ki qaldı sayı 11 milyona çatan sənədsiz miqrantlara, D.Tramp onların hamısını deyil, yalnız kriminal keçmişi olanları, yəni təhlükəli hesab etdiyi 2-3 milyon miqrantı ölkədən qovacağını söyləyib. “The New York Times” indiki prezident Barak Obamanın da dövründə 2 milyondan çox miqrantın ölkədən çıxarıldığını qeyd edir. D.Tramp cinayətkar olmasalar da, sənədsiz miqrantların «dəhşətli kütlə» sayıldığını, sərhədlərin təhlükəsizliyi təmin olunandan sonra onların işinə baxacağını bildirib. D.Tramp Ali Məhkəmənin eynicinslilərin nikahını qanuniləşdirən qərarıyla razı olduğunu söyləyib, həmçinin Obamanın tibbi sığorta haqda qanununun populyar aspektlərini təsdiqləyib. D.Tramp seçkidən bir neçə gün öncə demokratların namizədi Hillari Klintonun dövlət əhəmiyyətli yazışmalarda şəxsi e-poçtundan istifadəsiylə bağlı informasiyanı açıqlayan FBI (Federal Təhqiqatlar Bürosu) rəhbəri ilə bağlı da sualı cavablandırıb. Deyib ki, onun haqda, hələ, qərar verməyib, FBI direktorunun açıqlamalarının bəlkə də əsası olub. «The New York Times» D.Trampın «Twitter» çıxışlarına xüsusi diqqət ayırıb, onun postlarının yenicə prezident seçilmiş adama yaraşmadığını, seçkidən sonrakı qələbə nitqində, eləcə də Obama ilə görüşdə göstərdiyi ciddiliyə uymadığını yazıb. D.Tramp «Twitter»də onun seçilməsinə etiraz edənləri, həmçinin onun haqqında düzgün informasiya yaymamaqda suçladığı «The New York Times» qəzetini ciddi tənqid atəşinə tutub. D.Tramp aksiyalara çıxanların ciddi qüvvələr, media tərəfindən ayağa qaldırıldığını, çox ədalətsiz olduqlarını söyləyib. YENİLİK «The New York Times» yazır ki, D.Trampın «twitter»dən istifadə etməsi Ağ Ev tarixində yenilikdir və Trampın prezident kabinetində də onun baxışlarına uyğun gəlməyən mətbuatdansa, sosial mediadan yararlanacağına, mövqeyini amerikalılara sosial media vasitəsilə çatdıracağını göstərir. Bir saatlıq müsahibəsində D.Tramp sosial mediadan yararlanmasıyla fəxr etdiyini, prezident olanda da bu platformanı tərk etməyə meyllənmədiyini deyib. D.Tramp məhz sosial şəbəkələrdəki izləyicilərinin ona qələbə qazanmağa güc verdiyini bildirib. D.Tramp seçki kampaniyası zamanı mətbuatda onu «vəhşi» kimi təsvir edənlərin haqlı olmadığını, bəzən xalqı ayağa qaldırmaqdan ötrü onun kimi qaynar çıxışlar etməyə ehtiyac yarandığını deyib. D.Tramp «kiçik monoton xarakterli» biri olmaq istəmədiyini, lazım gələrsə, bundan sonra da eyni taktikaya əl atacağını vurğulayıb. Azadlıq Radiosu

14 Noyabr 2016 1:11

Aşıq Ədalət: “Məni zəhərləyib öldürmək istəyirdilər”

“İndikilər aşıq deyil. Çıxır, təlxəklik edir, hərəkətləri ilə Azərbaycanı, türk dünyasını, Dədə Qorqudu təhqir edirlər”   Bugünlərdə ustad aşıq Ədalət Nəsibovun vəziyyətinin ağırlaşdığı, ayaqlarının tutulduğu, yeriyə bilmədiyi haqda məlumatlar yayıldı.  Sənətkarın halını öyrənmək üçün evinə yollandıq və evinin yanındakı bazarda onunla qarşılaşdıq. Aşıq Ədalət gəlişimizlə əlaqədar bazarlıq edirdi. Biz isə sənətkarı ayaq üstə görməyimizə çox sevindik. Bazardan evə gedənəcən yolboyu böyükdən tutmuş, kiçiyə qədər hər kəs ustadla salamlaşır, hal-əhval soruşurdu. Beləcə, nəhayət ki, onun öz dili ilə desək, daxmasına - kiçik də olsa səliqəli olan, kənd evlərini xatırladan həyət evinə gəlib çıxdıq. Sonradan məlum oldu ki, sən demə, hazırda sazın atası sayılan aşıq Ədalət uzun illərdir bu evdə, qaranlıq daxmada kirayədə yaşayırmış... - Sizi gümrah gördüyümə çox sevindim. Halbuki yazırdılar ki, yeriyə bilmirsiz... - Həyatdır da, yola verirəm 80 yaşımda... O şkafda gördüyünüz çamadanlarda haqqımda yazılan yazılardır. Nə qədər kitab oxuyuram. Özü də aşıqlığa aid deyil, dünya ədəbiyyatından, filosof şeirləri oxuyuram. - Daha çox hansı müəllifləri xoşlayırsız? - Hamısını. Kimi xoşlamıram ki. Rəsul Rzanımı, Səməd Vurğunumu, Bəxtiyar Vahabzadənimi... Mən kitab sevənəm. Gördüyünüz şkaf kitabla doludur. - Səməd Vurğundan söz düşmüşkən, görkəmcə sizin ona bənzərliyiniz çoxdur. - Mən Səməd Vurğunla qohum təhərəm. Həm İsmayıl Şıxlıya, həm də Səməd Vurğuna oxşayıram (Öz şəklini Vurğunun şəkli ilə müqayisə edir). Bax, saçlarımız da çox oxşayır (Şkafdan bir qəlyan çıxarır). Bu, Səməd Vurğunun qəlyanıdır, öz əli ilə mənə verib... Bir gün “Pobeda” maşını ilə gəlmişdi. Dədəmə deyirdi ki, “a kişi, bu uşağı mənə ver”. Dədəm də ayaqqabı tikən idi, müharibədən yenicə qayıtmışdı, bir qolu işləmirdi. Dədəm dedi ki, “bu, gözümün ilk ovudur, onu heç kimə verə bilmərəm”. Onda Səməd əmi də bilmirəm 30 ya 40 min pul idi, çıxardıb dədəmə verdi. Dedi ki, “bu uşağı böyüt, saxla”. Mənə “beçə” deyərdi. 60-70 il bundan əvvəlki söhbətdir, onda 6-7 yaşım var idi. - Son vaxtlar bəzi gənc şairlər Səməd Vurğunu və şeirlərini tənqid atəşinə tutdular. - Eşitmişəm, bəzi nadanlar da dedi bunu. Səməd əmi deyirdi ki, “Vətən! Çoxmu sevir məni o vətən? Mənə həcv yazır hər yoldan ötən... Çox da tərifləmə mənə vətəni, Bu qılınc olmasa yeyərlər məni!” Səməd Vurğun kimi dahi adamı pisləyərlər?! Söhbət əsnasında otağa nəzər salırıq, köhnə əşyalar, kitablar və 4 saz... - Bu sazların hamısı sizindir? - Bəli. Hələ bir-ikisi rayondadır. - Bəs sizə ən əzizi olan hansıdır? “17 ildir ki, evim yoxdur, Bakıda kirayədə yaşayıram, ayda 400 manat kirayə haqqı verirəm” - Burda budur (kiçik, qaraya bənzər sazı göstərir). Ən birinci sazım rayonda nəvəmdədir. Həmin sazın təxminən 70 yaşı var. Nə sənət yiyəsi olursansa ol, həmin sənətdə gərək birinci olasan. İndikilər aşıq deyil. Çıxırlar... təlxəklik axı nəyə lazımdır. Hərəkətləri ilə Azərbaycanı, bütün türk dünyasını, Dədə Qorqudu təhqir edirlər. Elə saz çalmaq olar?! Sazı ayaqlarının arasına alırlar, əllərində oynadırlar. Sən ifanı göstər görək, kimsən. Belə olmaz, hər şeyin qanunu-qaydası var. Aşıq çayxanada 3 manata saz çalmaz. Məni burdan “at minnətinə” evdən eşiyə çıxardırlar. Mən çox pis dolanmışam, bir tikə çörəyə möhtac qalmışam vaxtilə.  Anam payıma düşən çörəyi saxlayırdı, elə olurdu ki, qoynuna qoyurdu, yadından çıxırdı. Bəzən sual verirlər ki, “Keçmişə dönmək istərdinizmi?” Deyirəm ki, mən niyə o günlərə dönmək istəyim, ayağımda ayaqqabım yox, şalvarım 10 yerdən cırıq, qarnım çörək tapmırdı. Getsin o vaxtlar, gəlməsin. (kövrəlir). “Ustad aşıq” deyə müraciət edirəm, acığı tutur: - O vaxt efirə çıxanda senzuradan keçirdik. Sovet hökumət deyirdi ki, yaz bura görüm nə oxuyacaqsan. Gedirdik, yazımızı çap maşınından çıxartdırıb göstərirdik, deyirdilər ki, hə, bunu oxumaq olar. İndi arvad demir, kişi demir, ağız-burunlarını əyib oxuyurlar. Nədir bu?! Mən aşıq deyiləm, aşıq deyiləndə acığım tutur... O vaxt olub aşiqlər, aşiqin min adı olub. Ustad sənətkar bu məqamda jurnalistlərdən gileylənməyə, məlum “efir qalmaqalı”ndan danışmağa başlayır: - Jurnalistlər gəlir, yazıb, gedirlər. Bəzən elə yazırlar ki, heç xəbərim olmur ondan. Bəzən dostlarım da zəng edir, diktofonu açıq qoyub səsimi yazırlar. Diktofonu açanda mənə deyirsin ki, açmışam. Bəzən nəsə deyirəm, sonra oluram sözümün nökəri. O gün birinə deyirəm ki, ayaqlarım tutulub, gəzə bilmirəm. Götürüb yazırlar ki, Aşıq Ədalətin ayaqları tutulub. Jurnalistlər 50 kitabımı aparıb, qaytarmayıblar. Mənim çənəm coşanda özümü saxlaya bilmirəm. Düz deyirəm, sonra ziyanını çəkirəm. Mənim başıma nə oyun gətirdilər televizorda! Nəyə lazımdır belə şeylər? Sənətkarları yığıblar bir yerə, mən də sazdan, sözdən danışıram, bir də görürəm ki, lüt qızı oynadırlar sazın qabağında. Mən də sənətkar adamam, əsəbiləşdim. Bəs demirlər burda sənətkarlar, şəxsiyyətli insanlar var?! Biri mənim səsimə səs vermədi ki, sənətkar düz deyir. Hələ 50-ci ildə mən mükafat almışam. Stalini canlı görmüşəm. Mən ağsaqqal adamam, nəyə görəsə məni biabır etmək olmaz (əsəbiləşir). “Mənə 3-4 dəfə deputatlıq təklif edildi, dedim ki, məndən deputat olmaz” Söhbətin ahəngini dəyişməyə çalışırıq: - Bir qədər “Yeddi oğul istərəm” filmindəki “Yanıq Kərəmi” ifanızdan danışaq. - Mən çox filmlərdə ifa etmişəm. Amma həmin film şah əsəridir. - Neçə ildir ki, Bakıdasız? - 17 ildir. 17 ildir ki, mənim evim yoxdur, kirayədə yaşayıram. Ayda 400 manat kirayə haqqı verirəm. Mən gedib kiminsə qapısını döyən, minnət-xahiş edən deyiləm. - Bəs övladlarınız dolanışığınıza köməklik edirmi? - Xeyr. Deyirlər ki, "dədə, sən bizi nə əziyyətlə böyütmüsən, boya-başa çatdırmısan, indi biz sənə köməklik edək", razı olmuram. - Bəziləri elə bilir ki, siz Xalq artisti adını çoxdan almısız. - Mən Əməkdar incəsənət xadimiyəm. Bu ad Xalq artisti adından daha yüksək, böyükdür. O vaxtı bu adı Bəxtiyar Vahabzadə mənə vermişdi. Dedi ki, sənə İncəsənət xadimi adı layiqdir. Azərbaycanda 30-40 nəfər ancaq incəsənət xadimidir, qalanı hamısı Xalq artistidir. - Amma Xalq artistlərinə ev verilir. - (Barmaqlarını bir-birinə sürtür) Onların pulu var da yəqin ki. - Bəs Aşıqlar Birliyi sizə nəsə qayğı göstərmir? - Əvvəllər qurumun rəhbəri Zəlimxan Yaqub idi. Onunla yaxın dost idim. Sonra aramızı vurdular. Elə bu məqamda bankdan sənətkara zəng olunur. Məlum olur ki, ustad aşığın banka kredit borcu var və vaxtında ödəmək üçün ona xəbərdarlıq edirlər: “Hə, niyə bilmirəm ki, neçə ildir ki, o borcu verirəm. Ötən dəfə 3 manat əskik idi, az qala məni Bakıdan qovalayasız. Heç nə demirəm, camaatı tovlamayın, camaat yazıqdır”. Telefon danışığı bitir, söhbətimizə davam edirik: - Hamı kimi mən də kredit götürüb maşın almışam. İki manat gec verən kimi cərimə yazdılar, gündə 15 dəfə zəng etdilər... Aşıqlar Birliyinin hazırda rəhbəri Məhərrəm Qasımlıdır. Özü də ora layiqdir və mənim təşəbbüsümlə ora qəbul olunub. Bu qurumun axı əlindən nə gəlir, yalnız xarakteristika yazır. Biz xalqla dolanırıq. Mənə 3-4 dəfə deputatlıq təklif edildi. Dedim ki, məndən deputat olmaz. Sazım mənə, mən də sazıma yaraşıram, el də məni dolandırır, ayda 1500 manat təqaüdümü alıram, bəs edir. - Toylara gedirsizmi? - Xeyr. Toylarda mənim xətrimə dəyirlər. 10 dəqiqə mənə vaxt verirlər. Mən elə 10 dəqiqəyə ancaq sazı düzəldirəm. Deyirlər ki, get çal, 5-10 manat pul qazan. Deyirəm ki, a kişi, mən 10 dəqiqəyə aşıqlığı göstərə bilmərəm. O gün bu sualı Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev də verdi. Mənə deyir ki, “sən hələ ev almamısan?” Deyirəm ki, “bəyəm ikinci evi alıram?” Sonra soruşdu ki, “toylara gedirsən?” Dedim, səni nə maraqlandırır. Mən nazirin qəbuluna girə bilmədim. - Bir az öncə dediniz ki, sazınızı nəvənizə vermisiniz. Maraqlıdır, axı aşıqlar öz sazına qarşı qısqanc olur, onu heç kimə vermirlər.  - Nəvəm də gözəl ifa edir. Özü də mən öyrətməmişəm ha, öz-özünə öyrənib. Demişdim ki, məni sazımla dəfn edərsiz. Həmin vaxt dindarlar məni tənqid etdilər. Dedilər ki, “insan bu dünyaya lüt gəlib, lüt də getməlidir”. Cavab verdim ki, “saz mənimdir, onu da özümlə aparıram”. Axırda bir sazım var, üzünü sökdürüb, qopartdım. Onun üzünü özümlə aparacam, kim nə biləcək ki, sinəmdə sazın üzü var. Mən 5 yaşımdan saz çalıram. Dünyanı mənə bağışlayalar, mən sazımı vermərəm. - Bəzən sual verirlər ki, niyə dastanlarımızda yalnız Güney Azərbaycan bölgələrinin adları çəkilir? “Çənəm coşanda özümü saxlaya bilmirəm” - Niyə ki? Bir çox dastanlarda Gəncənin adı çəkilir. Gəncə qüdrətli yerdir. Bəziləri deyir ki, Qarabağ qayıdanda qurban kəsəcəm. Mən də qoca sənətkaram, əlimdə bir şey yoxdur. Yalnız bir şey edə bilərəm, Gəncənin bu başından əlimdə saz piyada çala-çala Qazağa gedəcəm. Gəncə Cavad xan diyarıdır. Qollarını açır deyir ki, gəlin. Yerindən qalxıb şkafa yaxınlaşır. Ordan içində gül olan ağzı bağlı butulka çıxardır. Sən demə, gül adı dillərdə gəzən, məşhur Xarıbülbül çiçəyi imiş. Həyatımda ilk dəfə idi ki, canlı Xarıbülbül görürdüm, bizim nəsil bu gülün adını ancaq eşidə bilib. Sənətkar maraqdan donub qaldığımı görüb asta avazla oxuyur: - “Vətən bağı al əlvandır, Yox üstündə Xarıbülbül...” Diqqətlə bax, sanki gülün üstünə sarı bülbül qonub. - Şüşənin içindəki maye nədir ki, onu belə canlı, təzə saxlaya bilib? - Bilmirəm, məlumatım yoxdur. Hazırda yeganə canlı Xarıbülbül tək məndədir. 45 ildir onu mənə bağışlayıblar, mən də qoruyub saxlamışam. Eh, siz cavanlar belə şeyləri bilməzsiz... Müsahibə boyu sənətkar həm özünə aid, həm də görkəmli şairlərimizdən xeyli şeirlər oxudu. Maraqlıdır ki, onun bu yaşda belə gözəl avazı olmasına baxmayaraq, nədənsə oxumaqdan çox, instrumental ifaçılığa üstünlük verir.  - Çox gözəl səsiniz var, amma ifanızda nəsə oxumağa üstünlük vermirsiniz. - Mən bir insana söz vermişəm ki, daha oxumayacam. Yəqin ki, oxumağım ona xoş gəlmədi, ya nəsə. - Nə vaxt olub bu? - 18-20 il bundan əvvəl (Nəyisə xatırlamağa çalışır). Deyəsən, Sultanxanıma söz vermişdim ki, oxumayacam, o mənim əmim qızıdır. Amma hansısa dost məclisində xahiş edəndə oxuyuram.  Uşaq vaxtı oxumağıma görə məni zəhərləmişdilər. - Neçə yaşınız var idi? - 12. Məni öldürmək istəyirdilər. Onda qatar, avtobus hardaydı. Bir maşına minib məni aparmışdılar Gəncəyə. Analizə baxanda dedilər ki, bizlik deyil. Apardılar məni Bakıya, həkim Topçubaşovun yanına. O vaxt atamda pul nə gəzirdi, pinəçi adam idi. Amma o vaxtlar bir kişi sözünə iş görürdülər. İbrahim Topçubaşov dedi ki, nə yaxşı ki, bu ölməyib, salamat qalıb. Mənə danışmağı qadağan etmişdilər. Beləliklə, məni xilas etdilər. - Bəyəndiyiniz aşıq varmı? - İndi sən deyən nə aşıq var, nə də ona qiymət verən. Amma bir aşıq xanım var, həm gözəldir, həm də gözəl oxuyur. Ustad sənətkara yalnız qızı və nəvəsinin qulluq etməsi diqqətimdən yayınmır. - Həyat yoldaşınız yanınızda deyil? - Yox... Mənim pələng kimi balalarım var, hamısı da özümə oxşayır. “Üzü qara olsun bivəfa yarın. Bilmədi qədrini şah sənətkarın”. Həyatdır da. İndi fikirləşirəm ki, mən onunla uzun illər necə yaşamışam. Çəkilirdim evin birinə, çalırdım. Deyirdi ki, “bəsdir də, başımız getdi, qoy bir az yataq”. Sazı evin başına qoyurdum, aparıb küncə qoyurdu. Deyirdim “bunu ora qoymaq olmaz, mən evə qazancı onunla gətirmişəm”. Axırda dedim ki, qurtardı. 25 ildir ki, boşanmışam... Tale əvvəldən düz yazmayıb heç nəyi. - Bəs ikinci dəfə ailə həyatı qurmadız? - Yox, istəmirəm daha.(musavat.com)

27 Oktyabr 2016 11:15

Mübariz Qurbanlı: “İŞİD ilə FETÖ-nü birləşdirən “ortaq dəyər” var” –MÜSAHİBƏ

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı müsahibə verib. Faktinfo.az  komitə sədrinin “Report”a müsahibəsini təqdim edir:  Mübariz müəllim, Türkiyə Respublikasına səfəriniz çərçivəsində baş tutan görüşlərdə daha çox hansı məsələlər müzakirə olundu? – Oktyabrın 9-11-i tarixlərində “Avrasiyada İslam: din istismarına qarşı birlik, dayanışma və gələcək perspektivi” mövzusunda keçirilən Zirvə toplantısına Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görmezin dəvəti ilə qatılmışdıq. Səfər çərçivəsində rəsmi görüşlər nəzərdə tutulmamışdı. Səfərdə məqsəd bu regionda İslamın gələcəyi və dini istismar edən hərəkətlər, dini təhsil verən qurumlar, qlobal təhdidlər və şiddət təhlükəsi – İŞİD, qlobal təhlükə kimi FETÖ-nün Avrasiyaya təsirləri, dini istismarın qarşısının alınması yolları və bu kimi digər məsələlərlə bağlı fikir mübadiləsi aparmaq idi. İki gün ərzində edilən çıxışlar və aparılan müzakirələr göstərdi ki, bütün iştirakçı ölkələr bu kimi məsələlərə qarşı prinsipial mövqedədirlər və birgə mübarizənin tərəfdarıdırlar. Xüsusi vurğulanmalı məqam odur ki, çıxışlarda müsəlman xalqları arasında dostluğun möhkəmləndirilməsinin və dünyadakı münaqişələrin həllinin, müsəlman dünyasına qarşı ayrı-seçkiliyin, o cümlədən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tezliklə aradan qaldırılmasının vacibliyi bir daha vurğulandı, bu qarşıdurmaların başlıca səbəbinin beynəlxalq aləmdəki ikili standartlar olduğu diqqətə çatdırıldı. Qeyd olundu ki, xalqımıza qarşı Xocalı soyqırımının törədilməsi, təcavüzkar Ermənistanın ölkəmizdə həyata keçirdiyi terror aktları nəticəsində günahsız insanların qanının axıdılması çox ciddi narahatedici mövzudur. Həmçinin müasir dünyada yaşanan miqrant faciələri, özünü demokratiya və insan hüquqlarının təəssübkeşi kimi təqdim edən Qərbdə miqrantlar arasında müsəlman, qeyri-müsəlman ayrı-seçkiliyinin aparılması kimi aktual problemlər də müzakirə edildi. Fikrimcə, region dövlətlər arasında birgə əməkdaşlığın möhkəmləndirilməsi baxımından bu kimi səmərəli tədbirin keçirilməsi təqdirəlayiqdir. – FETÖ-yə qarşı mübarizə mövzusunda daha çox hansı məsələlər vurğulandı? – Prezident Rəcəb Tayyib Ərdoğan, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və digər natiqlər FETÖ-nün müasir dövrün ən təhlükəli terror təşkilatlarından biri olduğunu vurğuladılar. Tədbirdə iştirak edən nümayəndə heyəti olaraq dövlətimizin, Prezident cənab İlham Əliyevin birmənalı mövqeyini bir daha dilə gətirərək qardaş Türkiyədə baş verən bütün terror hadisələrini, o cümlədən 15 iyul dövlət çevrilişi cəhdini qətiyyətlə pislədik, bir sıra ölkələrin qərəzli münasibətinə baxmayaraq, türk xalqının Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməklə tarixin daha bir ağır sınağından alnıaçıq çıxdığını diqqətə çatdırdıq. Azərbaycan bütün hallarda terrora, o cümlədən İŞİD və FETÖ kimi terror təşkilatlarının fəaliyyətinə qarşı öz etirazını hər zaman sərgiləyib və bundan sonra da sərgiləyəcək. Dövlətimizin daim haqq-ədalət tərəfdarı olacağını vurğuladıq. Prezident cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, terror ümumbəşəri bəladır və ölkəmiz, hansı ad altında fəaliyyət göstərməsindən asılı olmayaraq, terrorun bütün formalarına qarşı mübarizədə birgə əməkdaşlığın tərəfdarıdır. Türkiyə digər bütün sahələrdə olduğu kimi, bu məsələdə də Azərbaycanın əsas tərəfdaşıdır. – Sizcə, FETÖ tərəfdarları vaxtilə Azərbaycanda daha çox hansı sahələrdə fəaliyyət göstəriblər? – Azərbaycanda bu təşkilatın müəyyən uzantıları ola bilər, ancaq onun burada güclü ideoloji dayaqları yoxdur. Dövlət müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə yaranmış xaotik vəziyyətdən istifadə edərək buraya ayaq açmışdılar. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da ilk işləri təhsil sektoruna nüfuz etmək olmuşdu. Burada lisey, universitet açmışdılar. Sovet sistemindən qalma təhsillə müqayisədə, daha yaxşı təhsil verdiklərinə görə rahat fəaliyyət göstərə bilirdilər. Amma dövlətimiz gücləndikcə digər radikal cərəyanlar kimi onların da qarşısının alınması istiqamətində işlərə başladı. 2009-cu ildən Fətullah Gülənə və nurçulara məxsus ədəbiyyatların, video və audio materialların Azərbaycana gətirilməsi, yayılması məqsədəuyğun sayılmadı. Əlbəttə, biz həmin liseyi, həmin universiteti bitirənlərin hamısının FETÖ ideologiyasının daşıyıcısı hesab edilməsinin tərəfdarı deyilik. Həmin təhsil ocaqlarının vətənini, dövlətini sevən bir sıra məzunları olub və bu gün də dövlət quruculuğunda aktiv iştirak edirlər. Birmənalı şəkildə deyə bilərəm ki, FETÖ-nün dinlə heç bir əlaqəsi yoxdur, o, dini təşkilat deyil, din adı ilə maskalanmış siyasi təşkilatdır. Azərbaycanda bu və ya digər formada Fətullah Gülənin “ideologiyası”nı daşıyanların aşkara çıxarılması, onların qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarımız gərgin və uğurlu fəaliyyət göstərirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə bu mübarizəni dini maarifləndirmə yolu ilə aparır. – Bir neçə ay əvvəl Türkiyə mətbuatında Azərbaycanda 3 mindən çox "İşıq evi"nin olması barədə iddia yer alıb. Bu, nə qədər realdır? – Açığı, bu rəqəmin haradan götürüldüyü, kimə istinad edildiyini bilmirəm, amma hesab edirəm ki, çox şişirdilmiş informasiyadır. Bu məsələ tam nəzarətdədir və müəyyən tədbirlər həyata keçirilir. – Mübariz müəllim, Azərbaycandan Suriyaya döyüşməyə gedənlərlə FETÖ-nün təşkilatlanmasına xidmət edənlər arasında hər hansısa bir bağlılıq ola bilərmi? – Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycan dövləti hansı ad altında fəaliyyət göstərməsindən asılı olmayaraq, bütün terror təşkilatlarını lənətləyir və onlara qarşı mübarizə aparır. Bilirsiniz, terrorçunun əynində istər kostyum olsun, istər səhra döyüşçüsü uniforması, onun milliyyəti, iqri, cinsi olmur, əlində istər silah olsun, istərsə də qələm və s. – heç bir fərqi yoxdur. Terrorçu terrorçudur, onun qiyafəsi, xarici görünüşü deyil, mənsub olduğu mənhus dünyagörüşüdür. Və biz terrorizmi loyal və radikal qruplara bölmürük. Çünki yekunda hər ikisi cəmiyyət üçün, dövlət üçün, bəşəriyyət üçün təhdiddir. Türkiyədə baş verən 15 iyul hadisələri nümunəsində baxsaq, deyə bilərik ki, İŞİD zahirdə də açıq təhlükə kimi görünürsə, açıq şəkildə pozuculuq fəaliyyəti ilə məşğuldursa, FETÖ dövlətin müxtəlif strukturlarına gizli şəkildə yerləşdirilmiş saatlı bomba kimidir, istədikləri vaxt, yaxud əllərinə düşən ilk fürsətdəcə həmin bombanı partlada bilərlər. Yəni yekun olaraq İŞİD ilə FETÖ-nü birləşdirən “ortaq dəyər” var: pozuculuq, anarxiya və terror. – Cəmiyyətdə qarışıqlıq, fikir ayrılığı yaratmaq istəyən qüvvələrin Məhərrəm ayında fəallaşmasından danışmaq olarmı? – Məhərrəm ayı radikal düşüncəli qrupların və onlara xidmət edənlərin xüsusi fəallıq göstərməyə çalışdıqları aylardan biridir. Ancaq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin apardığı maarifləndirmə işi, qabaqlayıcı tədbirləri, Qafqaz Müsəlmanları İdarəsinin səmərəli fəaliyyəti, yerli icra strukturları və hüquq-mühafizə orqanlarımızın fədakar əməyi sayəsində builki Aşura mərasimlərinin sakit məcrada keçməsi bir daha göstərdi ki, radikalizmin Azərbaycanda heç bir sosial dayağı yoxdur və olmayacaq da. Kimsə qanunvericiliyə zidd addım atırsa, cəmiyyətdə pozuculuq fəaliyyəti ilə məşğuldursa, qanun qarşısında cavab verir və verəcək də. – Azərbaycanda din pərdəsi altında müxtəlif pozucu fəaliyyətlərlə məşğul olma hallarına daha çox hansı bölgələrdə rast gəlinir? – Biz bu cür bölgü aparılmasının tərəfdarı deyilik. Biz bu kimi məsələlərə kompleks yanaşır və fəaliyyətmizdə də bunu əsas tuturuq. Əks halda, radikallar bir bölgəyə xüsusi diqqətin, nəzarətin olmasından istifadə edib, başqa bölgələrdə möhkəmlənə bilərlər. – Komitə gənc nəslin dini sahədə doğru maarifləndirilməsinə böyük əhəmiyyət verir. Bu sahədə maarifləndirmə tədbirlərindən əlavə gənc nəslə orta və ali məktəblərdə sağlam dini biliklərin lazımi səviyyədə verilməsi məsələsi yaxın gələcəkdə müsbət həllini tapacaqmı? – Hazırda orta məktəblərimizdə "Həyat bilgisi" adlı fənn tədris olunur və dinlər haqqında müəyyən məlumatı əhatə edir. Bu məsələ ilə bağlı Təhsil Nazirliyinin mütəxəssisləri ilə söhbətlərimizdən belə bir nəticəyə gəlmişik ki, həmin dərslikdə məlumatlar genişləndirilsin.Yuxarı sinif şagirdləri üçün isə dünya dinləri, mədəniyyətləri haqqında, o cümlədən hər bir dindəki radikal qruplar, cərəyanlar, onları yaradan səbəblər, nəticələri və fəsadları barədə geniş məlumat ala biləcəkləri müəyyən müddətdə fənn və ya kurs keçirilə bilər. Ali məktəblərin tədris proqramına isə bu kimi fənlərin salınmasına ehtiyac duyulmur. Əlbəttə, orta məktəblərlə bağlı söylədiklərim Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində həll olunan məsələ deyil. Bunlar təkliflərdir və mütəxəssislər həll etməlidirlər. Məndə olan məlumata görə, Təhsil Nazirliyində də bununla bağlı fikir mübadilələri aparılır. – Hansı şəhər və rayonlarda mədrəsələr açılacaq? – Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə bir çox gənclərimiz ölkədə müvafiq dini təhsil ocaqları olmadığı üçün təhsil almaq üçün xarici ölkələrə üz tutdular. Məzun olduqdan sonra vətənə qayıtdıqda isə bəlli oldu ki, bir çoxu bir müddət oxuduqları ölkələrin mənimsədikləri həyat tərzini, dünyagörüşünü, hətta dünyəvi məsələlərə baxış tərzini mənimsəyiblər və burada da eyni sistemin qurulmasında maraqlıdırlar. Təbii ki, dövlətimiz bu kimi insanların məscidlərə, digər ibadət ocaqlarına ayaq açmalarına imkan vermir və bundan sonra da verməyəcək. Çalışırıq, ölkədə savadlı, milli kadr saya biləcəyimiz din xadimlərinin sayı daha çox olsun ki, bu sahədəki problem həll edilsin. Mədrəsələr savadlı din xadimlərinin yetişdirilməsində mühüm rolu olan təhsil ocaqlarıdır. Hazırda ölkədə 3 mədrəsə fəaliyyət göstərir. Sayın artırılması ilə bağlı təkliflər var və bunun üzərində işləyirik. – Azərbaycanda dini kimliklə milli kimliyin qarışdırılması problemi mövcuddurmu? – “Ümmətçilik, yoxsa millətçilik?” – sualı, demək olar ki, müstəqilliyini qazanmış bütün ölkələrin qarşısına çıxan ilk suallardan biri olub. Hətta 1918-ci ildə Azərbaycan müstəqilliyini elan edəndə də bu məsələ böyük problemə çevrilmişdi. Müasir Azərbaycan isə artıq öz seçimini edib, bizim ideologiyamız bəllidir: Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq. Məhz bu məfkurə bizi bir bayraq, bir vətən ətrafında toplayıb. Azərbaycan çoxkonfessiyalı, çox mədəniyyətli ölkədir və əsrlərdir burada bir çox dinlərin nümayəndələri dinc yanaşı yaşayırlar. Ümummilli Liderimiz Heydər Əliyevin də dediyi kimi, bu, bizim mənəvi sərvətimiz, zənginliyimizdir. Biz məhz bu zənginliyimizlə bir çox dünya ölkələrinə nümunə göstərilirik, sahib olduğumuz bu zənginliyimiz tədqiq edilir, model kimi təqdim olunur. Buna görə də hesab edirəm ki, biz artıq “ümmətçilik, yoxsa millətçilik?” –mərhələsini çoxdan keçmişik və seçimimiz də bəllidir. Mediadan izləyirik, bu sualı gündəmə gətirmək istəyənlər olur zaman-zaman, ancaq biz onu hələ 1993-cü ildə – Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra birdəfəlik kənara qoymuşuq və bundan sonra da aktuallaşdırmaq mənasızdır.Çünki bunlardan birinin seçilməsi digərinin tərəfdarlarını ikinci plana atmaq, dolayısı ilə yuxarıda qeyd etdiyim mənəvi sərvətdən imtina etmək deməkdir. Dini və ya milli kimliyindən asılı olmayaraq, bizim hamımızın bir vətəni var: Azərbaycan. – Komitənin strateji planında qızların təhsilə cəlb edilməsi, erkən nikahların qarşısının alması probleminin həlli istiqamətində nəzərdə tutulan işlər var. Qız uşaqlarının doğulmadan öldürülməsi – (abort) probleminin həlli istiqamətində maarifləndirici tədbirlər aparmaq nəzərdə tutulurmu? – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sıx əməkdaşlıq etdiyimiz dövlət qurumlarındandır və biz bu Komitə ilə indiyədək həm paytaxtımızda, həm də bölgələrimizdə müxtəlif mövzularda – erkən nikah, qadın hüquqları və s. – bir sıra tədbirlər həyata keçirmişik. Bu tədbirlər çərçivəsində, şübhəsiz, qeyd etdiyiniz məsələni də gündəmə gətirmişik, bunun yolverilməz olduğunu vurğulamışıq. Bundan başqa, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında, dövri nəşrlərində (“Cəmiyyət və Din” qəzeti və “Dövlət və Din” jurnalı) mütəmadi olaraq doğulmamış körpənin tələf etdirilməsinin bütün dinlər tərəfindən qadağan olunması, onun həm də mənəvi cəhətdən doğru qərar olmaması ilə bağlı müxtəlif yazılar dərc edilir ki, bu da maarifləndirmənin bir istiqamətidir. Hesab edirəm ki, bu istiqamətdə görülən işlər artıq bəhrəsini verməkdədir, son vaxtlar qız uşaqlarının doğulmadan öldürülməsi faktları kifayət qədər azalıb. Çox istərdik ki, bu hal tamamilə aradan qalxsın. – Mübariz müəllim, Azərbaycandan İŞİD-ə ailəsi ilə deyil, təkbaşına qoşulan qadınlar olubmu? – Xatırlayırsınızsa, keçən ilədək radikal qruplar öz çirkin təşviqatları ilə bəzi gənclərimizi öz təsir dairələrinə salaraq, digər ölkələrdə din adı altında aparılan döyüşlərə cəlb edirdilər. Təbii ki, gedənlərin məqsədləri fərqli idi. Kimisi maddi maraq naminə getmişdi və gedib real vəziyyəti yerində gördükdən sonra peşman olaraq artıq geri qayıdıb, kimisi də yeniyetməlikdən gəncliyə keçən yaş dövrünü yaşayırdı və yeni macəra axtarırdı. Çox az qismi cihad adı ilə döyüşməyə yollanmışdı ki, onlar da, yuxarıda qeyd etdiyim kimi, radikal qrupların təsiri altına düşənlər idi. Sadəcə olaraq vaxtında anlamayıblar ki, məsələn, Suriyadakı döyüşlərin dinə, azərbaycanlılara heç bir aidiyyəti yoxdur və bu, geosiyasi maraqların toqquşmasıdır. Dövlət Komitəsi bu sahədə xeyli maarifləndirici iş aparıb və aparmaqdadır. Bilirsiniz ki, Komitənin sifarişi ilə “Fitnə” adlı sənədli film çəkilib. Suriyaya döyüşməyə gedən, sonradan peşman olub qayıdanların və qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilənlərin peşmanlığını əks etdirən həmin filmin ölkə boyunca nümayişi keçirilir və çox bəyənilir. Artıq yeni filmin üzərində iş gedir. Analitik təhlillərimiz və müşahidələrimiz göstərir ki, son 1 ildə Azərbaycandan başqa ölkələrdə döyüşməyə bir nəfər də getməyib. Əvvəllər gedənlərdən peşman olub qayıdanlar isə çoxdur. Azərbaycandan digər ölkələrə döyüşməyə gedənlərə mənəvi dəstək verənlər də zərərsizləşdirilib, fəaliyyətlərinin qarşısı tamamilə alınıb. Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycanda vətəndaşlarımızı başqa ölkələrdəki silahlı birləşmələrə sövq edən, bu yöndə təbliğat aparan məscid yoxdur.

20 Oktyabr 2016 4:39

Siyasilərdən Paşazadəyə ağır ittihamlar

“Ona görə deyir ki, “mən Putinə sədaqətliyəm””   Milli azadlıq hərəkatının fəallarından olmuş, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı Modern.az saytına müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadəni “KQB”nin agenti adlandırıb   Eyni zamanda, bütün həyatı boyu sovet imperiyasına, onun allahsız ideologiyasına xidmət etdiyini bildirib. N. Pənahlının bu iddiasına Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da dəstək verib. “Dəfələrlə Qafqaz Müsəlmanlar İdarəsinin Azərbaycanin müstəqilliyinə və qanunlarına uyğun olmadığını demişəm. Azərbaycan Müsəlmanları İdarəsi yaradıla bilər və Paşazadə oranın şeyxi ola bilər. Eyni zamanda, Paşazadəyə qarşı heç bir iddiam yoxdur. Sadəcə, Qafqaz Müsəlmanları İdarəsi ləğv edilməli və Azərbaycan Müsəlmanları İdarəsi yaradılmalıdır. Rəhbəri də kim olur-olsun, bu, o qədər də önəmli deyil”, – S.Cəlaloğlu belə deyib. Partiya sədrinin sözlərinə görə, QMİ-nin saxlanılması müstəqilliyimizə zidd hərəkətdir: “Azərbaycanın müstəqil olmasına baxmayaraq, sovet rejimində mövcud olmuş bir çox strukturlar hələ də olduğu kimi saxlanılıb. Bunlardan Qafqaz Müsəlmanları İdarəsini nümunə göstərmək olar. Hansı ki, müstəqil Azərbaycanın dini dövlət təşkilatı təkcə öz əraziləri yox, həm də başqa ərazilərin dini konpensiyalarına rəhbərlik edir. Adından da göründüyü kimi, Qafqaz Müsəlmanlar İdarəsidir. Müstəqil Azərbaycanın dövlət Konstitusiyasına görə, Azərbaycan ərazisində fəaliyyət göstərən bu cür təşkilat başqa ölkənin ərazisində fəaliyyət göstərə bilməz. Necə olur ki, QMİ Çeçenistanda, Dağıstanda və başqa yerlərdə olan müsəlmanları idarə edə bilir. Bu mənə çatmır. Allahşükür Paşazadənin də seçilməsində Şimali Qafqazdan nümayəndələr gəlib iştirak edir. Onlar Rusiya vətəndaşı olaraq, orada fəaliyyət göstərir. Paşazadə isə Azərbaycanda. Konstitusiyaya görə, Paşazadənin hər hansı toplumla bu və ya başqa şəkildə əlaqəyə girməsi qadağandır. Məsələnin mahiyyəti budur”. Sərdar Cəlaloğlu deyib ki, Allahşükür Paşazadənin QMİ sədri olması Azərbaycan qanunlarına görə qadağandır: “Azərbaycanda istər dövlət, istərsə də qeyri-dövlət strukturları dövlət müstəqilliyi və suverenliyi prinsiplərinə rəhbər tutularaq təşkilatlanmalıdır. Necə ki, partiya sədri olaraq, bizə xarici ölkədə yerli təşkilatımızı yaratmağa icazə verilmir. O zaman, Allahşükür Paşazadə necə Qafqaz Müsəlmanları İdarəsinin sədri olur?! Azərbaycan qanunlarına görə, bu, qadağandır. Ona görə də Paşazadə deyir ki, “mən Putinə sədaqətliyəm”. Bunu Rusiyadakı müsəlmanlarla əlaqələndiriblər. Düşünürəm ki, QMİ vasitəsilə Azərbaycanın müstəqilliyi də məhdudlaşdırır” Faktinfo.az

12 Oktyabr 2016 11:24

Prezident Elçibəyin şok müsahibəsi:“Kəlbəcərdən camaatı çıxarmaq üçün Türkiyədən helikopter istədim, vermədi” – VİDEO

İnternetdə Azərbaycanın sabiq prezidenti, mərhum Əbülfəz Elçibəyin 1993- cü ilin aprelində Türkiyənin TRT kanalına verdiyi müsahibə yayılıb. Strateq.az bildirir ki, Türkiyənin eks-prezidenti Turqut Özalın Azərbaycana səfəri ərəfəsində götürülmüş bu müsahibədə Əbülfəz Elçibəy rəsmi Ankarya qarşı bir sıra ittihamlar  irəli sürür. Prezident Aparatındakı otağında müsahibə verən prezident Elçibəy Kəlbəcərin işğal olunması ilə bağlı danışaraq qeyd edir ki, ordunun məğlubiyyətində mənəvi ruhun aşağı düşməsindən danışmaq düz olmaz. “Ordunu qurmağa vaxt yoxdur. Düşmən üstümüzə gəlir. Bizim nizami ordumuz yoxdur. Bizə vaxt vermədilər. Azərbaycanın bütün kəndlərində şəhidlər xiyabanı var. Ruh yüksəkliyi olmasa bu olarmı?”-deyə prezident bildirir. Jurnalistin “Ermənistanla atəşkəs mümkündürmü?” sualının cavabında Elçibəy deyir ki, Azərbaycan atəşin kəsilməsinə razıdır: “Atəşkəslə bağlı  danışıqlar yoxdur. Biz də atəşin kəsilməsini istəyirik. Amma bunun şərtləri var. Bu 3-4 kəlmə ilə danışılmaz. Biz ATƏT-in xətti ilə danışıqlar aparırıq. Həmin danışıqlarda Türkiyənin də nümayəndəsi iştirak edir. Biz hesab edirik ki, o xətlə gedilsə bir uğur qazanmaq olar. Başqa yolu qəbul etmirik”. Daha sonra prezident Elçibəy Türkiyənin Azərbaycanla bağlı mövqeyini tənqid edir. Dövlət başçısı vurğulayır ki, Türkiyə siyasətdə həmişə bütün dünyaya Azərbaycanın yanında olduğunu bildirir. Amma daha sərt addımlar ata bilərdi. Bu addımlar atılmır. “Türkiyədən nələr gözləyirsiniz? Bundan sonra Türkiyə nə etməlidir? Sizə necə kömək edə bilər?” sualının cavabı da maraqlıdır. Ə. Elçibəy bildirir ki, o yardımlar haqqında danışmaq istəmir: “Onu gərək türk hökuməti özü düşünsün. Türk hökuməti təcrübəli bir dövlətdir. Kəlbəcər hadisələrində çox çətin bur vəziyyət yaranmışdı. İnsanlar qırılırdı. Mən Türkiyəyə, İrana, Rusiyaya müraciət etdim ki, hərəsi 5-10 helikopter versinlər. Kəlbəcərdə qalan körpələri, qadınları, mülki əhalini atəşin altından çıxarmaq üçün. Heç kim vermədi. Heç bir dövlət vermədi. Nə Rusiya verdi, nə İran, nə də Türkiyə… Bunu humanitar bir addım kimi etmək olardı…” Türk jurnalistinin “bütün günah başqalarındamı?  Anakaradamı? Sizdə yəni heç bir günah yoxdur?”-deyə prezident Elçibəydən soruşur. Elçibəy Kəlbəcərin işğalında çoxlu  insanların səhvi olduğunu etiraf edir: “Bizim də səhvimiz var. Yəni biz Kəlbəcərin işğalını gözləmiridk. Çünki Kəlbəcərin Dağlıq Qarabağa heç bir aiddiyatı yoxdur. Biz hesab edirdik ki, orada özümüzü müdafiə edə bilərik. O işğalda rus əsgərləri də iştirak etdi. Haradan gəliblər? Muzdululardımı? Bilmirik…” Daha sonra jurnalist Turqut Özalın Bakıya səfəri zamanı hansı məsələnin müzakirə edilməsini soruşur. “Turqut Özalın Bakıya səfəri zamanı onunla nələri müzakirə edəcəksiniz? Bu səfərdən nə gözləyirsiniz?” sualının cavabında Elçibəyin əsəbi və bir az da ironik cavabı sezilir: “Qardaşım, mən heç bir şey danışmıram. Məndən soruşurlar. Turqut Özal da, Dəmirəl də soruşur: “Nə istəyirsən?” 4 dənə helikopter istədim, alınmadı… Bundan sonra nə soruşum? İnsanları xilas etmək üçün 4 helikopter vermədilər. Qonşulardı, verməli idilər.  Vermədilər… Daha nə istəmək olar ki?  Məndən soruşur “nə istəyirsən?” Nə istəyəcəyəm? Mənim istədiyim helikopter idi, onu vermədisə bundan sonra nə istəyəcəyəm? İstəməyə bir luzum qalırmı?” 

6 Oktyabr 2016 5:28

Qabil Hüseynli: “Klinton prezident seçilsə, Putini devirəcək”

“ABŞ-da noyabrın 10-da keçiriləcək prezident seçkilərinin favoriti Hillari Klintondur”   Bunu Publika.az-a açıqlamasında Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli bildirib. Q.Hüseynli deyib ki, bu günlərdə keçirilən tele-debatda da Hillari Klinton rəqibi Donald Trampı 62 faiz səslə üstələyib: “Bütün bunlar təkcə Hillari Klintonun Donald Trampa çox güclü rəqib olması ilə bağlı deyil. Eyni zamanda, bu, Trampın Amerika cəmiyyətinə həddindən çox qeyri-populyar olması ilə bağlıdır. Baxmayaraq ki, Donald Tramp aşağı səviyyəli kütlə arasında böyük vədlər verməklə müəyyən səslər qazana bilir. Amma ABŞ cəmiyyətinin mütləq əksəriyyəti Trampı dəstəkləmir. Onlar düşünür ki, Donald Tramp intellektual səviyyəsi, siyasi bacarığı və təcrübəsinə görə ABŞ prezidentliyinə layiq deyil. Hətta, Trampın prezident seçildiyi təqdirdə ABŞ-ı böyük böhrana və çətinliklərə salması təhlükəsini düşünənlər var”. Politoloq vurğulayıb ki, Hillari Klintonun qadın olması ABŞ cəmiyyətinə əlavə üstünlük verir: “Əgər Hillari Klinton prezident seçilərsə, o, ABŞ tarixinə ilk qadın prezident kimi düşəcək. ABŞ-da indiyədək qaradərili prezident olmamışdı, Barak Obama bununla tarixə düşdü. İndi isə Hillari Klinton tarixə düşə bilər. Çünki onun qadın prezident olaraq seçilməsi şansları kifayət qədər yüksəkdir. Digər tərəfdən isə Hillari Klintonun həyat yoldaşı Bill Klinton ABŞ-da 2 dəfə prezident seçilib. Hillari Klintonun özü isə 6 ilə yaxın ABŞ-ın dövlət katibi vəzifəsində çalışıb. Bütün bu məqamlar da Hillari Klintonun prezident seçilmə şanslarını artırır. Yəni, Hillari Klintonun dövlət idarəçiliyi sahəsində kifayət qədər böyük təcrübəsi olduğu üçün prezident seçilmə şansı da yüksəkdir”. Q.Hüseynli deyib ki, əgər Hillari Klinton ABŞ prezidenti seçilərsə, dünyadakı geosiyasi vəziyyət dəyişə bilər: “Əsas məsələ odur ki, Hillari Klinton dünyanın çox gərgin dövründə prezident seçilə bilər. Çünki hazırda dünyada iqtisadi böhran, hərbi və siyasi qarşıdurmalar hökm sürür. Xüsusilə də ABŞ-Rusiya qarşıdurması pik həddə çatıb. Belə bir şəraitdə ABŞ-ın güclü və səbirli prezidentə ehtiyacı var. Hesab edirəm ki, Hillari Klinton bu vəzifələrin öhdəsindən gəlməyi uğurla bacaracaq. Düşünürəm ki, yaxın illərdə ABŞ-Rusiya qarşıdurması səngiməyəcək. Əksinə, daha da arta bilər. Bu qarşıdurmanın gərginləşməsi prosesində ABŞ Rusiyanı küncə sıxa biləcək. Rusiyanın küncə sıxılması isə rəsmi Kremlin Cənubi Qafqaza təsir imkanlarını zəiflədəcək. Bütün bunlar isə Azərbaycan üçün əlverişli imkanlar yaradır. Çünki işğalçı Ermənistanı daim müdafiə edən dövlət Rusiyadır. Əgər Rusiyanın Ermənistana təsir imkanları zəifləsə, o zaman bu, Qarabağ münaqişəsinin də həllinə yeni imkanlar yaradacaq”. Politoloq qeyd edib ki, Hillari Klinton prezident seçilərsə, bu, Rusiyada Putin hakimiyyətinin sonu ola bilər: “Düşünürəm ki, Hillari Klintonun prezidentliyinin birinci mərhələsində Rusiya prezidenti Vladimir Putin də süqut edərək hakimiyyətdən gedəcək. ABŞ-da yeni prezidentin əsas vəzifələrindən biri də məhz Rusiyada Putinin hakimiyyətdən uzaqlaşdırılmasıdır. Vaxtilə ABŞ İraqla birinci dəfə qarşı-qarşıya gəldi və Səddam hüseyni devirmək istədi. Ancaq ata Corc Buş bunu yarımçıq saxladı. Nəticədə isə oğul Corc Buş atasının yarımçıq qoyduğu işi tamamlayaraq, Səddam Hüseyni devirdi. İndi isə Hillari Klinton ərinin yarımçıq qoyduğu işi tamamlamağa çalışacaq. Çünki vaxtilə Bill Klintonun dövründə Rusiyanı tam çökdürmək planı var idi. Həmin dövrdə Bill Klinton nüvə müharibəsi təhlükəsindən çəkinərək, bu prosesi sonadək davam etdirmədi. Amma böyük ehtimalla bu dəfə Rusiyanın çökdürülməsi çox kəskin olacaq. Bu, dünya üçün də böyük fəsadlara yol aça bilər. Bunun üçün də proses elə aparılmalıdır ki, buradan nə Rusiya xalqı, nə də digər xalqlar ziyan çəksin”.

3 Oktyabr 2016 12:35

“İkinci vitse-prezident olmaq istərdim” – Siyasi istək

“Avesta” Konserninin prezidenti Hacı İbrahim Nehrəmli ailə üzvləri ilə bərabər konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar Azərbaycanda keçirilən ümumxalq səsverməsində (referendum) iştirak edib. Hacı İbrahim və onun ailə üzvləri - xanımı və 2 oğlu Bilgəh qəsəbəsində yerləşən 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 18 saylı seçki məntəqəsində səs veriblər. Prosesin ən maraqlı cəhəti isə onun məntəqəyə gül çələngi ilə gəlməsi olub. - İbrahim bəy, səsverməyə bu cür qatılmaq öz ideyanız idi, ya piar menecerlərinizin tövsiyəsi ilə belə etdiniz?  - Mən hər bir hadisəyə qeyri-adi münasibət göstərirəm. İçimdən gəldi ki, bahalı maşınımı - "Rolls Royce" - sürüm, həyat yoldaşımı və uşaqlarımı da götürüm, gedək ailəlikcə, bir yerdə səs verək. İstədim ki, hamıdan fərqli olsun. Referendum, konstitusiya Azərbaycan üçün çox vacibdir. Ölkəmiz üçün vacib olan başqa bir məqam isə onun sabitliyidir. Stabillik olan yerdə pul da olur, yaxşı yaşayış da. Nəticədə ölkədə turizm də inkişaf edir, ölkədə xarici investisiya dövriyyəsi artır ki, bu da çox müsbət haldır. Ona görə də prezidentimizə bu səlahiyyətləri vermək çox lazımlı addımdır. Mən bunu ilk gündən alqışlayırdım. Ona görə də ürəklə getdim, gül çələngimi də apardım özümlə. - Gül çələngini kimə verdiz içəridə?  - Konkret kiməsə vermədim ki. Dedim ki, salam, güllə gəlmişəm, olarmı? Dedilər, buyurun, elə bir qanun yoxdur ki, siz içəri gül çələngi ilə girə bilməzsiniz. Mən də çələngi götürüb girdim içəri, qoydum ordakı guşənin qabağına. Dedim ki, bu gözəl güllərə baxa-baxa seçkini keçirin, səsləri sayın, hesablayın, ovqatınız xoş olsun. - Yəni bunun məntiqi nə idi ki?   - İçəri girən hər bir kəs bu gülləri görüb, əhval-ruhiyyəsini yaxşılaşdırsın. Məntiq bu idi. Amma yaxşı bir səsvermə idi. Şəffaf, ədalətli... Səs vermək istəyirsən? Al bülletenini, gir içəri, səsini ver. Bir adama yaxınlaşıb söz deyən yox idi. - Maşını da özünüz sürüb gəlmişdiz seçkiyə?  - Xeyr. Sürücüm, köməkçim vardı. Arxamda da oğullarım, xanımım maşınla gəlirdilər. Dörd maşınla getmişdik. Hərə öz maşını ilə gəlmişdi seçkiyə. - Bu mənzərə ilə mesaj vermək istəyirdiz ki, bankrot olmamısız?   Image result for Hacı İbrahim seçkiyə - (Gülür) Əsla... Mən niyə bankrot olum ki? Bu gün Maliyyə Nazirliyinin hesabatlarına görə, mənim 2 milyard dəyərində əmlakım var. Əslində mən milyarderəm, amma tam rəsmiləşdirməmişik. Azərbaycanda iş adamı olaraq rüşvətsiz, öz ağlımla, zəhmətimlə özümə o sərvəti toplaya bilmişəm. Təkcə Xəzər adalarının 1 milyard 251 milyon 35 min 500 manat dəyəri var. - Amma Xəzər adalarını sata bilmirsiz də..  - Niyə satıram ki? Xəzər adaları üçün oktyabr ayında investorların hamısı gələcək. 6 investor gələcək, görüşəcəyik, noyabr ayında işə başlayacağıq. - Hazırda Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin məhkəməsi gedir. Sizin də o banka 400 milyon manat borcunuz vardı...  - Artıq yoxdur. Aqrokredit Banka keçmişəm, ilbəil ödəmələrimi edirəm. Mənim kreditlərim 2019-2020-ci ilə qədərdir. Onları da yavaş-yavaş ödəyəcəm. Yəni mənim heç bir bank ödəməsində gecikməm yoxdur, heç bir banka da ödənməmiş borcum yoxdur. - Yəni sizi Cahangir Hacıyevin məhkəməsinə şahid, zərərçəkmiş qismində çağırmayacaqlar?  - Xeyr. Mənim cinayət işim olmadı axı. Mənim kreditlərimin vaxtı keçməmişdi. Mənim cəmi 1 milyon 350 min manat vaxtı keçmiş kreditim vardı. Gedib 1 milyon 500 min manat ödədim. - Cahangir Hacıyevin məhkəməsini izləyə bilirsiz?  - İzləyirəm. - Orda Cahangir Hacıyev bəyanat verir ki, “Samir Şərifov da mənimlə birgə müttəhimlər kürsüsündə oturmalıdır”. Siz prosesləri bilən adamsız. Nə dərəcədə doğru çağırışdır?  - O, Cahangir Hacıyevin öz işidir. Bu, onların daxili mətbəxi idi. Mən də o mətbəxi bilmirdim. Ona görə də indi fikir bildirib, müdaxilə edə bilmərəm. Amma bircə onu deyə bilərəm ki, Beynəlxalq Bank hamımızı “vurdu”. Təkcə Beynəlxalq Bankın yox, bütün bank sisteminin bir problemi var: Azərbaycanda bank sistemi öz öhdəliklərini yerinə yetirmir. Azərbaycanlı iş adamlarının bu gün yaşadığı bütün problemlərin başında banklar dayanır. Əlbəttə ki, burda maliyyə naziri də məsuliyyət daşıyır, başqaları da. Çünki onlar nəzarət etməlidirlər ki, banklar öz öhdəliklərini yerinə yetirsinlər. Onlara bunu söyləyən yoxdur. Məsələn, bank gəlib səndən 100 milyonluq obyekti girov götürür. Deyir ki, 80 milyon verməliyəm bunun əvəzində. Amma gətirib 8 milyon verir, sonra da pul vermir. Sən də gəlib deyirsən ki, qardaş, mən beton tökdürmüşəm, işim yarımçıq qalıb, nə edim? Deyir, gəl borcunu ödə. Ödəyə bilmirsən. O da ilin axırında gəlib sənə deyir ki, 2 milyon borcun yaranıb, gəl sənə kredit ayırım. Sonra da yazır ki, Hacı İbrahim 2 milyon ödədi. Bununla da sənin 10 milyon borcun oldu. O biri il yenə 2 milyon ayırır. Belə-belə sənin borcun artan silsilə şəklində gedir. Amma bu, iş adamını bankrot etdirmək, evini yıxmaq deməkdir. Axırda da aparıb onu cinayətkar gününə salır, üstünə maddə qoyurlar ki, sən dələduzluq etmisən, qanunu pozmusan. - Sizcə, indiki mərhələdə bu problem həll olunubmu? - Xeyr, Azərbaycanda bank sistemi düzəlməyib, düzəlməyəcək də. İnanmıram ki, hansısa bank gəlib deyə ki, mən öz öhdəliyimi yerinə yetirəcəm. Hələ bizdə o mədəniyyət inkişaf etməyib. Ona görə də banklarımız pis vəziyyətdədir. Onların iş adamına yanaşma tərzi düz deyil. Məmura yanaşma tərzi belədir ki, əgər o, rüşvət alırsa, banditdirsə, oğrudursa, çox ağıllı adamdır. Amma iş adamıdırsa, banditdir, oğrudur, quldurdur. Bu cür baxışla iş adamı ölkədə heç cür inkişaf edə bilməz. - Bir iş adamı olaraq yaşadığınız bu problemlə bağlı dövlət başçısına müraciət etmək fikriniz varmı? - Ölkə rəhbərliyi təkdir. Nə qədər adamı tutsun, cəzalandırsın? Biz ölkə rəhbərliyinə yardım etməliyik. Düşünürəm ki, bu referendumdan sonra çox adam ağıllanar, ağlını başına yığar, məsuliyyət hiss edər. - Referendumdan sonra 3 vitse-prezidentin olacağı gözlənilir. O 3 nəfərin arasında kimləri görmək istəyərdiz?  - Birinci vitse-prezident yox, amma ikinci vitse-prezident olmaq istərdim. İş adamı kimi. - Bəs birinci vitse-prezident olaraq kimi görmək istəyərdiz?  - O, mənim işim deyil. Cənab prezident kimi qoymaq istəsə, biz də onu dəstəkləyəcəyik. Amma vitse-prezidentlərdən birini iş adamlarından seçsəydilər, yaxşı olardı. Bununla da ölkədəki iş adamları özlərinə bir güvən tapardılar. Çünki bu halda onların qayğılarını, problemlərini prezidentə birbaşa çatdıran biri olacaq, onlar barəsində yanlış rəy çatdırmayacaq, yalan məlumat verməyəcəklər. - Vitse-prezident olsanız, öncə hansı işləri görər, hansı islahatları edərsiniz?  - Cənab prezident qarşıma hansı vəzifəni qoysa, onu layiqincə yerinə yetirərdim. Bununla da həm cənab prezidentin, həm xalqın, həm də iş adamlarının etimadını doğruldardım. Əslində mən bu vəzifəni istəmirəm. Sadəcə, vitse-prezidentlərdən biri iş adamı olsun ki, iş adamlarına dəstək olsun. (musavat.com)

28 Sentyabr 2016 10:32

Rus millətçisi Limonov: “Rusların yaşadığı bütün əraziləri geri qaytaracağıq” –Müsahibə

Yazıçı Eduard Limonov ©RİA Novosti, Vitali Belousov   Mikol Flammini La Repubblica (İtaliya), 22.09.2016   Cəsarətli yazıçı, usanmaz siyasətçi Dumaya seçkilər, “Vahid Rusiya” partiyasının növbəti qələbəsi, seçici fəallığının süqutundan danışır və qeyd edir: “Ruslar ağıllıdır, son 25 ildə çox şey öyrəniblər”. “Putinin yerinə mən olsaydım, daha pis işlər görərdim”. Rus ədəbiyyatının antiqəhrəmanı Eduard Limonov belə deyir. Xuliqan, yoxsul, yazıçı, şair, intellektual, dissident, Arkan pələngi və millətçi bolşevik partiyasının (MBP) qurucusu. Millətçi yazıçının İtaliya nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.   -Ola bilərmi ki, seçkilər 2018-ci il prezident seçkilərindən öncəki yoxlama idi? -Xeyr, Putinə heç vaxt heç bir yoxlama lazım olmayıb – xüsusən də indiki anda. Adamlar ona getdikcə daha çox dəstək verirlər. Krımın ilhaqı onun etibar reytinqini yaxşılaşdırıb. Putin hazırda öz qüvvəsinin çiçəklənmə dövründədir. Onun qorxacağı heç nə yoxdur. -Hesab edilirdi ki, güclü iqtisadi böhran və sanksiyaların təsiri şəraitində   keçirilən bu seçkilər Putinin mövqeyini zəiflədə bilər. Amma belə olmadı. Rusiya prezidentinə inam reytinqi nə zamansa düşəcək? -Bu sizin əbədi səhvinizdir – hesab edirsiniz ki, ruslar Qərbdəki kimi düşünür. Bizim üçün milli qürur əmin-amanlıq və maddi rifahdan əhəmiyyətlidir. Bunu bizə tariximiz öyrədib. Sanksiyalar səfehlikdir, ən böyük səfehlik isə Rusiyaya qarşı sanksiyalardır. Başa düşmürəm, avropalılar hələ də necə anlamayıblar ki, sanksiyalarla rus xalqının böyüklüyə can atmağının qabağını almaq olmaz. Ruslar Putini Suriya və Donbasda yetərincə qətiyyətli olmamaqda, Türkiyəni çox tez bağışlamaqda ittiham edirlər. Onun populyarlığı artıq azalır – o, xarici siyasətdə zəifdir. Rus xalqı bu cür hesab edir, Qərbdə isə tamamilə əksinə başa düşürlər. -Təəssürat yaranır ki, sanki Qərb Rusiyanı başa düşməyə qabil deyil. Niyə belədir? -Çox sadədir, çünki istəmir. Qərb hesab edir ki, bunu etməməlidir. Qərb ölkələri bizi həmişə şimal barbarı və mürtəce sayıb. Qərb özünü yüksək qiymətləndirir və ruslara lazımınca dəyər vermir. Biz sizin dəliliyinizi yatırtmalıyıq. -Ola bilsin, rusların Qərb haqda anlamadığı nəsə var. -Rusiya monolit deyil, belə şeylər çoxdur. Mən Qərbi başa düşürəm, çünki orada yaşamışam. Putin və çevrəsi isə yanılır, həmişə can atırlar ki, avropalıların və amerikalıların təqdirinə layiq olsunlar. Məsələn, Putinin yerinə mən olsaydım, düzü, daha çox vahimə törədərdim. –Rusiya Suriyadan Ukraynaya qədər silahlanmış dövlət kimi çıxış edir. Bu, ruslara nə qədər xoş gəlir? -Ruslardan qorxanda onların xoşuna gəlir. Onlar amerikalıların bu qədər illər ərzində saxlaya bildiyi rola həsəd aparırlar. Əlbəttə, mən hazırda xalqdan danışıram, lakin ziyalıların az qismi Avropayönlü və Amerikayönlü baxışın ardınca gedir. –Rusiya bütövlükdə Sovet İttifaqının intiharından hələ də özünə gələ bilməyib. -Biz müəyyən qədər irəli getməyə nail olmuşuq, lakin hədəfimiz rusların yaşadığı bütün əraziləri – Ukraynanın şərq bölgələrini, Qazaxıstanın bəzi ərazilərini qaytarmaqdır. Böyük millətlərin kiçilməsi və önəmsiz olması anormallıqdır. Sovet İttifaqı bizim  Roma imperiyamızdır və keçmişimizə qürurla baxmağı davam etdiririk. -Seçkilərə qayıdaq. Hökumət şəffaflıqdan danışırdı, seçkilər haqda qanunu dəyişdirdi ki, hətta kiçik partiyalar da Dumaya düşə bilsin. Bu, Rusiyada demokratiyaya doğru addım kimi görünə bilərdi. İndi isə saxtalaşdırma barədə ilk məlumatlar gəlir. -Bu, əsla önəmli deyil. Keçid faizini 7-dən 5-ə endiriblərsə, bu hələ bildirmir ki, seçkilərə bütün partiyalar qatıla bilər. Arıdılma daha mühümdür, bunu isə Kreml edir. Dövrə qapanır. Dumaya keçmiş partiyalar qəlp müxalifət rolunu oynamalıdır. Saxtakarlıqdan danışmaq mənasızdır. -Seçici fəallığı xeyli azalıb. 2011-ci ildəki 60%-dən indiki 47%-ə qədər. Bu niyə baş verib? -Ruslar ağıllı xalqdır, son iyirmi beş ildə çox şeyi öyrəniblər. Onlar bilirlər ki, Kreml seçkiyə qatılacaq partiyaları seçir. Qəlp müxalifət rusların heç vaxt seçmədiyi və az tanınan partiyalardır. Siz orada Nemtsovun məsələsini bu qədər şişirdibsiniz, bu isə heç vaxt heç kimi qorxutmayıb. O, görkəmli adam idi, amma ittihamları uşaq kəkələməsi idi. Bu, yalnız Qərbdə təəssürat doğururdu. -Sizin MBP qeyri-qanuni sayılır. O nə zamansa Dumaya düşəcək? -MBP qanundan kənardır və 2010-cu ildə “Başqa Rusiya” partiyasını yaratmışam. Duma indiki halında o yer deyil ki, əsil siyasətçilər orada işləyə bilsin. Son dərəcə itaərkar dövlət qurumudur və biz ora düşməyə can atmırıq.

22 Sentyabr 2016 12:20

“Toy müğənnnilərini ölkədən çıxarmaq lazımdır” –Deputat

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi xeyli müğənninin vergi borcu olmasını əsas gətirib, ölkədən çıxmalarına məhdudiyyət tətbiq edib. Bununla bağlı fikirini  ölkə mətbuatına açıqlayan millət vəkili Fazil Müstafa yarızarafat deyib ki, Vergilər Nazirliyinin bu qərarını anlamaqda çətinlik çəkir: "Fikrimcə, vergi borcu olan müğənnilərin ölkədən xaricə getməsinə qadağa qoyulması vəziyyətdən çıxış yolu deyil. Bəlkə vergi borcu olan müğənniləri təmtəraqla, Dövlət simfonik orkestrinin müşayəti ilə, ciblərinə də yüngülvari xərclik qoyub ölkədən çıxarmaq daha məsləhətdir. Bundan sonra da çıxarılanların bir daha ölkəyə qayıtmasına qadağa qoyulması Azərbaycan xalqına edilən ən böyük yardım olmazdımı?  Təsəvvür edin ki, toy müğənnilərinin çoxu ölkədən çıxarılıb və geri qayıda bilməyib, o zaman hər gün qarşılaşdığımız bu vəhşi toy adətlərində çəki-düzən yaratmaq üçün nələr etmək olmazdı?". Deputat deyir ki, onsuz da toylarda zəhlətökən səsgücləndiricidən fonoqramla oxunan mahnını eşidən yoxdur, əksəriyyət də musiqini deyil, öz bacardığını oynayır, israfçılıq da baş götürüb gedir: "Artıq toyun müğənnisi olmayanda daha rahatlıqla və az məsrəflərlə bir yeni ailənin qurulmasına şahidlik etmək imkanımız yaranacaq. Bu zaman həm də toy sahibi "şadlıq evinin pulunu necə verəcəyəm" bədbəxtliyindən, "iki gəncin xoşbəxtliyi, maddi rifahi üçün nələr etməliyəm" barədə düşünə biləcəkdir. Allah hamının ocağında toy, düyün, xeyir işlər qismət etsin, ancaq bu gün Şadlıq evlərində keçirilən toylar "Toy mafiyasının" onsuz da çətin şərtlərdə yaşayan Azərbaycan insanına sırıdığı vəhşilikdən, israfçılqdan, səhhət pozuntusundan başqa bir şey deyldir. Müğənnilərlə məsələ düzəlsəydi, nə vardı ki…İnsanları gör nə vəziyyətə gətiriblər ki, Azərbaycanda xurafat və cəhalət əleyhiinə olanlar belə, səbrsizliklə Məhərrəm ayının gəlişini gözləyirlər…".

22 Sentyabr 2016 11:45

« Növbədənkənar heç nə baş verməyəcək…» – “Prezident seçkilərinə hansı zərurət var?”

Tanınmış YAP-çı, sabiq millət vəkiliAlqış Musayevin (Həsənoğlu)“AzPolitika.info”ya müsahibəsini təqdim edirik.  - Alqış bəy, yəqin ki, prosesləri mediadan izləyirsiniz. 26 sentyabrda keçiriləcək referendumdan dərhal sonra növbədənkənar prezident seçkilərinin elan olunacağı və ilin sonuna qədər keçiriləcəyi haqda fikirlər səslənir, müzakirələr gedir. Sizcə növbədənkənar prezident seçkiləri ehtimalı ciddidirmi? – Bəri başdan deyim ki, bu, hazırki siyasi vəziyyətdən, sağlam məntiqdən və hüquqdan kənar mülahizələrdir. Mən deyərdim ki, burada daha çox hissəqapılma var. Bu, bir aludəçilikdir, buna el arasında “sözün ucundan tutub ucuzluğa getmək” deyirlər. Bu hardasa başadüşüləndir, görünür, konstitusiyaya dəyişikliklər təklif edilən layihədəki “növbədənkənar” ifadəsi bu cür iddiaların səslənməsinə və tirajlanmasına səbəb olur. Mövzuya birbaşa dəxli olmasa da, maraqlı bir fakt deyim. Bir neçə ay əvvəl biz bir yaşayış binasının (xatırladım ki, həmin binanın sakinləri orta təbəqənin nümayəndələridir və əksəriyyəti dövlət müəssisələrində çalışırlar) önündə sorğu keçirdik. Sorğunun mahiyyəti belə idi: Həftənin ikinci günü, səhər-səhər işə gedən 30 nəfərə eyni sualla müraciət olundu. Bu gün həftənin hansı günüdür? 30 nəfərdən 23-ü sualı düzgün cavablandıra bilmədi. Hətta bəziləri “deyəsən bazar günüdür” demışdı. Bu nədən irəli gəlir? Deməli, iş prosesi adi vərdişə cevriləndə insan çox şeyin fərqinə varmır, ətraf mühitə laqeyd yanaşır, onu hansı günün, ayın neçəsinin olması maraqlandırmır, yalnız bir istiqamətdə mühakimə yürüdür və qeyri dəqiq izahlar verir. Belə demək mümkünsə, növbədənkənar seçki söhbəti də bu cür aludəçiliyin -birtərəfli yanaşmanın təzahürüdür, sadəcə,“növbədənkənar” sözünə istinad edib ayın, günün, ilin tarixini nəzərə almadan proqnozlar verilir. - Yeni layihədə prezidenin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılır və bu da növbədənkənar prezident seçkisinə əsas verən arqument kimi təqdim olunur… -Gəlin, bir sualı aydınlaşdıraq. Növbədənkənar seçkilər nə zaman və niyə keçirilir? Hansı zərurətdən yaranır? Əgər ölkədə siyasi böhran varsa, bu vəziyyət növbədənkənar seçkilərlə aradan qaldırılır. Növbədənkənar seçki bir çıxış yolu kimi siyasi böhran zamanı meydana çıxır. Daha konkret desək, siyasi rəhbərliyə olan etimad şübbə doğurursa növbədənkənar prezident şeçkisinə gedilir. Parlamentin legitimliyi sual altındadırsa növbədənkənar parlament seçkiləri keçirilir. Bu gün Azərbaycanda siyasi böhranın heç bir əlaməti, şərti yoxdur. Növbədənkənar prezident və parlament seşkilərinin labudlüyünü deyənlər ilk növbədə ölkədə siyasi böhranın mövcudluğunu sübut etməlidirlər. Yəni iddia heç bir sağlam məntiqə sığmır. Nədən? Cünki növbədənkənar seçki iddiası referendumun məram və məqsədi ilə daban-dabana ziddiyyət təşkil edir. Prezidentin səlahiyyət müddətinin 7 ilə qaldırılmasının bəlli hədəfi var. Bu bir tərəfdən siyasi hakimiyyətin uzunömürlülüynə təminat verib, digər tərəfdən dövləti və cəmiyyəti tez-tez seşki prosesi ilə yüklənmədən xilas edəcək. Növbədənkənar seçki isə referendumun bu məqsədlərini hədəfdən yayındırır. Təsəvvur edin, referendumdan sonra dərhal prezident seçkilər keçirilərsə nə baş verər. Hansı statistika alınır. Bu, 2015-ci il parlament seçkilərini də götürsək, sayca dalbadal keçirilən 3-cü ümumxalq səsverməsi olur. Həm də növbədənkənar keçiriləcək prezident seçkiləri prezidentin iki illik səlahiyyət müddətini ixtisar edir. Tutaq ki, prezident yeni konstitusiyanin müddəası ilə 7 il müddətinə seçilir. Amma prakitik olaraq, itirilən 2 ili nəzərə alsaq, prezident növbəti dəfə 5 illik müddətə seçilmiş olacaq. Və nəticə etibarı ilə edilən təkliflərin əhəmiyyəti heçə endirilir. - Belə bir fikir də səslənir ki, peferendumdan sonra vitse-prezidentlər təyin olunmalıdır. Ona görə də növbədənkənar prezident seçkisi keçiriliməlidir ki, prezident bu təyinatları həyata keçirmək səlahiyyətləri əldə edə bilsin… – Cox təəsüf ki, bu iddiada hüquq adına heç nə tapmaq mümkün deyil. Gəlin prezidentin səlahiyyətləri ilə prezident səlahiyyətlərinin icra müddətini qarışdırmayaq. Referendumun qəbulu prezidentə vitse-prezidentlər təyin etmək hüququ verir. Bunun üçün növbədənkənar seçkilərin keşirilməsinə heç bir ehtiyac yoxdur. Mən düşünürəm ki, bu iddia daha çox vitse-prezidentlik institutunun formalaşmasını əngəlləməyə xidmət edir. Ola bilərki, kimsə və ya kimlərsə demək istəyir ki, vitse-prezidentləri yalnız 7 illik müddətə seçilmiş prezident təyin edə bilər. Və bu yolla da vitse-prezidentlərin təyinatı 2018-ci ilə qədər təxirə düşmüş olsun. Deyim ki, bu da çox az inandırıcıdır. İnandırıcı deyil ki, kimsə belə perspektivsiz bir yol seçsin … - Yəni belə hesab edirsiniz ki, növbədənkənar prezident seşkilərinin keçirilməsinə azacıq ehtimal belə yoxdur? – İstənilən proses haqqında ehtimallar səsləndirmək olar. Ancaq bugünki ictimai-siyasi situasiya bir şeyi təlqin edir. Azərbaycanda növbədənkənar heç nə baş verməyəcək…

19 Sentyabr 2016 12:16

Azərbaycandakı fətullahçı şəbəkə Türk mediasının gündəmində – Videolar

Türkiyənin nüfuzlu telekanallarında çıxış edən Azərbaycanın araşdırmaçı-jurnalisti, “Yenicag.az” İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgər qalmaqallı açıqlamaları ilə diqqət çəkib   Türkiyədə nəşr olunan yeni “Səssiz İşğal-Azərbaycanda FETÖ Örgütlənməsi” adlı kitabının tanıtımı ilə bağlı qonaq olduğu televiziya verilişlərində verdiyi açıqlamalar qardaş ölkədə ciddi rezonans yaradıb. Bu açıqlamalardan sonra Türkiyənin bir sıra nüfuzlu şəxsləri öz sosial media hesablarından Azərbaycanla bağlı narahatlıqlarını ifadə ediblər. NTV-də çıxışı zamanı A.Ələsgər Gülənin Azərbaycanı 25 ildə səssiz şəkildə işğal etdiyinə diqqət çəkib: Məsələn, Ülke TV-də FETO ilə bağlı sualları cavablandıran jurnalist bildirib ki, Azərbaycanın bütün sahələrində fəaliyyət göstərən FETO-çular Azərbaycan təhsil sistemini zəbt edib. Aqil Ələsgər açıqlamasında keçmiş təhsil naziri Misir Mərdanov və indiki təhsil naziri Mikayıl Cabbarovun adlarını da çəkib.  “İndiki və bundan əvvəlki təhsil nazirlərinin vasitəsi ilə sovet dövründən olan çox düzgün və bacarıqlı şagirdlər, Heydər Əliyevlər, Əbülfəz Elçibəylər yetişdirən təhsil sistemini çökdürdülər, sadəcə FETO-çuların təhsil sistemini inkişaf etdirərək dövləti bu şəkildə onlardan asılı vəziyyətə gətirdilər. Bu mövzuda hər iki təhsil nazirimiz – bundan əvvəlki Misir Mərdanov və indiki təhsil nazirimiz məsuliyyət daşıyır. FETO-çuların səssiz işğalı Azərbaycan təhsil sistemindən başlayıb” deyə qeyd edib. “A24.az” Aqil Ələsgərlinin qalmaqal yaradan videoçıxışını təqdim edir: Ulusal Kanala verdiyi açıqlamada isə jurnalist ölkəmizdə bəzi nazir və deputatların Fətullah Gülənlə əlaqələrinin olduğunu bildirib: “Azərbaycanda FETÖ araşdırması yeni başlayıb. 2007-2014-cü illər arasında olan 7 illik dövr ərzində dövlət qurumlarındakı əhəmiyyətli yerlərə bunların adamları yerləşdirilib. Məhkəmə sistemində bunların çox ciddi yerləşdirildiyini də bilirik. Hazırda Azərbaycan parlamentində 7-8 gülənçi nazir var. Bundan başqa ən azı 3-4 nazir FETÖ-çülərlə iş görür”. Aqil Ələsgər Elnur Aslanov faktoruna da diqqət çəkib. Aslanovun vəzifədən uzaqlaşdırılsa da, kadrlarının hələ də dövlətdə vəzifə tutduqlarını bildirən A.Ələsgər qeyd edib ki, Aslanovlar üçün hədəfə gedən yolda İlham Rəhimovla Rəbiyyət Aslanovanın evlənməsi də mübah imiş. “2000-ci ilə qədər FETO Azərbaycanda yerləşməyə başladı. 2000-ci ildən sonra FETO ilk məzunlarını verməyə, eyni şəkildə onlar dövlət içində təşkilatlanamağa başaldılar. Xüsusilə də Azərbaycanda gənclər arasında, Azərbaycanın Prezident Aparatında çox əhəmiyyətli məmur olan və 2014-cü ildən vəzifəsindən azad edilən Elnur Aslanovun təlimatı ilə Azərbaycanda dövlət kadrlarının gəncləşdirilməsi siyasətindən istifadə etdilər”. Baş redaktor TGRT-dəki çıxışı zamanı isə bildirib ki, həmin şəxslərin əksəriyyəti artıq Azərbaycan dövləti tərəfindən bilinir: “Azərbaycanda problem burasındadır ki, ölkədə FETÖ-yə qarşı mübarizədə strategiyanı müəyyənləşdirəcək qurumun başında məhz FETÖ-çü durur.” Akit TV-də çıxışında isə Aqil Ələsgər Gülənin ABŞ üzərindən Azərbaycanı jantaj etdiyinə diqqət çəkib. “Azərbaycan FETO-ya qarşı hər hansı əməliyyata başlayarsa, dərhal Amerikanın yazılı mətbuatı, senatorları Azərbaycana qarşı ciddi bir mübarizəyə hazırlaşacaq. Daha sonra konqresdə Azərbaycana qarşı Amerika senatorluğunda istintaqlar başladılır və Azərbaycanın bu məsələdə qarşısı alınır” deyə qeyd edib. Qeyd edək ki, 2007-ci ildən sistemli olaraq, Gülən Şəbəkəsinə qarşı mübarizə aparan A.Ələsgərin ötən il Azərbaycan dilində “Terrorun Gülən üzü”, bu il isə Türkiyənin ən nüfuzlu yayın evlərindən olan “Kırmızı Kedi Kitap” Yayın Evi tərəfindən “Sessiz İşgal-Azerbaycan`da FETÖ Örgütlenmesi” kitabı çap olunub.(pia.az) Faktinfo.az  

13 Sentyabr 2016 1:19

Həbsdən yenicə çıxan Natiq Cəfərli:”Vallah, bunların işindən heç kim baş açmır”

«Bu gün həyat yoldaşım yanıma gəlmişdi. Günorta onunla görüşəndə dedim ki, narahat olmasın, ola bilsin, bu proses uzun çəkdi, ona görə möhkəm olsun, uşaqlara diqqət yetirsin əsas… Biz saat 1-də görüşmüşük və axşam saat 7-də məni Kürdəxanıdan buraxdılar. Yolda artıq telefonla dedim ki, evə gəlirəm», – REAL-ın icraçı katıbı Natiq Cəfərli danışır. O, həbsinin də, həbsdən çıxmağının da gözlənilməz olduğunu söyləyir. Dostların, doğmaların əhatəsindən qoparıb beş dəqiqəsini oğurlayırıq.   – Bu, yuxudu ya gerçək, Natiq bəy? İnandınızmı «gedirsiz» deyəndə? – Yox, inanmadım. Qəribə bir şey baş verdi. Mən orda dörd həftə oldum. Bu müddətdə bir neçə dəfə yerimi dəyişdilər. Amma özüm bu haqda xəbərin yayılmasını, ajiotaj yaratmaq istəmirdim. Bilirdim ki, bu, psixoloji təsir vasitələrindən biridir. Bu gün axşam da gəldilər və «Əşyalarınızı toplayın» dedilər. Bu dəfə qəti etiraz etdim, «Bəsdirin, nə qədər olar?» dedim. Sonradan rəis müavini gəldi ki, «sizi rəis çağırır». Artıq rəisin otağında həbsdən çıxmağımı elan etdilər. İnanmadım, açığı. Vəkilimin gəlməsini tələb etdim. Qırx dəqiqə sonra vəkilim Cavad Cavadov qərarla ora gələndə inandım ki, qərar verilib və məni bu gün azad edəcəklər. – Sizcə, niyə tutmuşdular, niyə buraxdılar? – Vallah, bunların işindən heç kim baş açmır. Tutmaqları da təəccüblü idi. Çünki hansı maddələrlə ki, mənə iş açılmışdı, o işin təhqiqatı 2015-ci ildə başa çatmışdı, iş bağlanmışdı. Mənim ölkədən çıxma qadağam da götürülmüşdü. Hətta qanunsuz sahibkarlıqla bağlı maddə versələr də, vergi ilə bağlı maddə verə bilməmişdilər. Çünki vergi borcum yox idi. Əlimdə Vergilər Nazirliyinin sənədi var ki, mənim borcum yoxdur. Düşünürəm ki, tutulmağımın səbəbi REAL-ın fəaliyyəti ilə bağlıydı, mənim siyasi fəaliyyətimlə bağlı idi. Çox ciddi tənqidi çıxışlarım olurdu. Buraxılma səbəbimsə əllərində fakt olmaması idi, hətta məhkəməyə aparmağa əllərində faktları yox idi. Sonradan daha ciddi problem yaşayacaqlarınımı düşündülər, ya beynəlxalq təzyiqlərmi oldu, bilmirəm, açığı… Amma belə qərarın olması mənim üçün də çox təəccüblü idi.  – REAL sizin həbsinizdən sonra referendum təbliğatında qrup kimi iştirakdan imtina etdi, belə deyək, geri çəkildi. Və bunu həm də sizin həbsinizlə bağladı. Bu amilin sizin azadlığa çıxmağınıza təsiri ola bilərdimi? – Açığı, bilmirəm. İndi bu haqda dəqiq fikir yürütmək çətindir. Amma təsiri ola bilər, hə. Referendumla bağlı indiki vaxtda hər hansı təbliğatın aparılması da absurddur. Ölkədə demokratik situasiya olmalıdır ki, təbliğat aparasan. İnsanların referendum keçiriləcəyindən heç xəbərləri yoxdur. Yenə deyirəm, bilmirəm, azadlığa çıxmağımın bu qərarla bağlantısı var, ya yox. İstənilən halda, həm həbsim, həm də həbsdən azad olunmağım məndən ötrü çox ciddi sürpriz oldu. – Ora düşəndə nə düşünürdüz? – Əslində, psixoloji baxımdan, çoxdan özümü belə bir hadisənin baş verməsinə hazırlamışdım. Biz hansı ölkədə yaşadığımızı, hansı qaydalarla idarə olunduğumuzu çox yaxşı bilirik. Siyasi fəaliyyətlə məşğul olan, ciddi tənqidi mövqe ortaya qoyanların həmişə həbs olunmaq təhlükəsi var. Ona görə də belə bir hadisənin olma ehtimalını illərlə düşünmüşəm. Həbs olunduqdan ilk iki günün şoku keçdikdən sonra sakit idim, çünki dediyim kimi, özümü hazırlamışdım. Çox da narahat deyildim. – Uşaqlar nə dedilər sizi görəndə? – Çox təəccübləndilər. Çox maraqlı detal. Bu gün həyat yoldaşım yanıma gəlmişdi. Günorta onunla görüşəndə demişdim ki, narahat olmasın, ola bilsin, bu proses uzun çəksin, ona görə möhkəm olsun, uşaqlara diqqət yetirsin əsas… Biz saat 1-də görüşmüşük və axşam saat 7-də məni Kürdəxanıdan buraxırlar! Yolda artıq telefonla dedim ki, «evə gəlirəm». – İnanmadılar yəqin? – Əlbəttə. İnanmadılar. Çox ciddi şok keçirdilər, həm yoldaşım, həm uşaqlar, həm atam-anam. Sürpriz oldu onlara. – Son sual. Manatı nə gözləyir bu günlərdə? – Manatı çətin bir dövr gözləyir. Milli valyutanın yüngül şəkildə, addım-addım devalvasiyasının şahidi olacağıq. Qurban bayramından sonra ilk addım kimi manat 1.65 həddini keçəcək. – Natiq bəy, dostlar çağırır, deyəsən. Sonra danışarıq…   Xatırladaq ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Natiq Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) maddələri ilə ittiham irəli sürülmüşdü. REAL hərəkatı bəyanat verərək həbsi siyasi sifariş saymışdı. Bəyanatda qeyd edilirdi ki, bu sifariş dövlət başçısından gəlib. Azadliqradiosu.az

10 Sentyabr 2016 9:51

“Qadınlarımız begemota oxşayır” – Rəşid Mahmudovdan qalmaqallı müsahibə

Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov Modern.az saytına müsahibə verib. Faktinfo.az müsahibəni ixtisarlarla təqdim edir: - Rəşid müəllim, bu günə qədər niyə elmlər doktoru olmamısınız? Yoxsa imkan verməyiblər? - Nə edirəm, elmlər doktoru dərəcəsini. Bu, mənə lazımdır?! - Hər halda, sizdən sonra gələnlər elmlər doktoru, professordur. Heç təəssüf hissi keçirmirsiniz? - Olsunlar. Mənim doktorluq işim də hazır idi. Amma vermədim. Çünki texniki məsələlər xərc aparırdı. Mənim də buna gücüm çatmırdı. İndi isə “Tibbi fiziologiyanın əsasları” adlı 1200 səhifəlik kitab yazmışam. Yaxın zamanlarda çap etdirməyi düşünürəm. Fiziologiyada kök hüceyrə anlayışı var. Dünyada ilk dəfə sütun hüceyrənin fiziologiyasını mən bu kitabda fiziologiyaya salmışam. İlk dəfə olaraq öz dilimizdə immun sisteminin fiziologiyasını yazıram. İlk dəfə olaraq reproduktiv orqanların fiziologiyası haqda yazıram. Yəni, dölün, doğuşun, yeni doğulmuş uşaqların fiziologiyasını işləyirəm. Bundan başqa bədənin bioloji ritmlərini tədqiq edirəm. Sponsor olsa, bu elmi işimi kitab şəklində çap etdirəcəyəm. Olmasa internetə verəcəyəm, qoy millət oxusun. - Rəşid müəllim, sizin “Normal fiziologiya” adlı kitabınız var. Bəs onu necə imkan tapıb çap etdirmisiniz? - Bunun maraqlı tarixçəsi var. Bir tələbə var idi. Yanıma gəldi və dedi: “Rəşid müəllim, siz mənim müəllimim olmamısınız. Mən indi 3-cü kursda oxuyuram. Ginekologiya, histologiya, anatomiya kafedralarına getdim. Bir sualım var idi, ona cavab tapa bilmədim”. Həmin tələbə ciftdən sual verdi. Ciftin siniri yoxdur. O sual etdi ki, bəs cift sinirsiz necə tənzimlənir? Onun bu sualına heç kim düz-əməlli cavab verməmişdi. Həmin tələbəyə hormonların ifrazını başa saldım, ciftin necə olmasını ətraflı izah etdim. Həmin tələbə qayıdıb mənə dedi: “Rəşid müəllim, niyə kitab yazmırsınız?”. Dedim ki, oğul yazarıq da, hələ vaxtı deyil. Tələbə mənə dedi ki, “Rəşid müəllim, Allahla danışığın var?” Təəccübləndim və “bu nə sualdır” dedim. Dedi ki, “bəlkə dərsdən çıxanda başınıza daş düşəcək, öləcəksiniz. Siz beyninizi o dünyaya aparırsınız. Bu qədər kafedraya getdim, heç kim məni sizin kimi başa sala bilmədi. Siz niyə kitab yazmırsınız?” Tələbə bunu deyib əsəbiləşdi, kitabı yerə çırpdı və mənə “sən xalq düşmənisən!” dedi. Dilxor oldum, siqaret çəkdim. Bir yaşlı müəllim var idi. Qanımın niyə qara olmasını sual etdi. Dedim ki, tələbə mənə xalq düşməni dedi. Həmin müəllim zarafatla qayıtdı ki, siz xalq düşmənisinizsə, bəs biz kimik?! Bildirdim ki, kitab yazsam da, pul yoxdur ki, onu çap edim. Dedi ki, onda pul var. Siz adını çəkdiyiniz kitabı bu hadisədən sonra çapa verdik. - Azərbaycanda Elmlər Akademiyası, onun institutları var. Onlar niyə ortaya nəticə qoya bilmirlər? Ya qoyurlar bizim xəbərimiz yoxdur? Deyirsiniz ki, yod çatışmazlığı intellektual inkişafın da qarşısını alır. Amma bunu Elmlər Akademiyasının da alimləri bilməmiş deyil axı... - Onlar bu barədə bilmirlər. Bilsələr, çoxdan deyərdilər. Nə qədər demişəm ki, su vacibdir. Suyu yodlaşdırsaq və millətimiz zərərli sudan içməsə, o zaman inkişaf edəcəyik. İnsana gündə 100-300 pikoqram yod lazımdır. Biz bunu etsək və uşaqlarımız, insanlarımız yodlaşdırılmış sudan içsələr inkişaf da olacaq. Müdadilə yaxşılaşacaq, qarın çıxmayacaq. Bu gün isə kişilərimizə baxırsan, hamilə qadınlara oxşayır. Qadınlarımız isə begemota oxşayır. Bu, çox pis haldır. Bunlar hamısı xəstəlikdir. - İnsanlarda hormonal disbalans yarandıqda, cinsi oriyentasiyada dəyişiklik olur. Nəticədə, bu, homoseksuallığda da gətirib çıxarır. Mən istərdim ki, homoseksuallığın fiziologiyası barədə də danışasınız. - Axmaq bir xəstəlikdir. Biz uşaqları belə xəstələrdən qorumalıyıq. Uşaqlar onlara baxır, pis şeyləri öyrənir. Geylərin paradını keçirilər. Onlar yığıldılar, hamısı boz kostyum geyindi, ayaqqabıları par-par parıldayırdı. İnanırsan, ağ köynək geymişdilər, mən elə ağ köynək görməmişəm. Süddən də ağ idi. Qırmızı da qalstuk. Onlar meydana çatanda hamısı birdən-birə soyunur, lüt, anadangəlmə bir-birləri ilə yaşayırlar. Bu adət bizə yaraşarmı?! Xeyr. Homoseksuallarda hormonal sistem zəifləyir. Niyə? Müqayisə aparaq. Hormonu toyuğa vururlar, həmin toyuq dəhşətli dərəcədə şişir... Homoseksuallıq barədə çox şey danışmaq olar. Bunu dərslərdə tələbələrə danışırıq. Məsələn qadın var ki, duldur, onun hormonları neytrallaşmalıdır. Sən o dul qadının qabağında dura bilməzsən. Hormon ki, onun beyninə vurdu, dul qadın səni “məhv edər”. Mən xarici elmi jurnaldan bir şey götürmüşəm. Deməli, 1 həftəlik, 15 günlük hamiləliyə diaqnoz qoymaq olur. Qadının sidiyini erkək qurbağaya vururlar. Mikroskopda baxanda həmin qurbağa spermatazoid ifraz edirsə, deməli qadın hamilədir. Elm çox inkişaf edir, görün nələrə qadirdir. Heyf ki, bizim millət belə şeyləri oxumur. - İlhamə Quliyeva rəhmətə gedib. Sizcə, onun psixi xəstəlikləri var idi? - Mən ad çəkməyəcəm. Amma bir neçə misal çəkəcəyəm. Deyək ki, birinə deyirəm ki, tükünü niyə yuxarı qaldırmısan? Cavabı belə olur ki, kosmosla danışır. Bir də görürsən ki, biri deyir ki, filan yerdən cin getdi. Görmə, eşitmə hallüsinasiyaları var. Bəli, həqiqətən də belələrinin qulağına səslər gəlir, onların gözünə nəsə görünür. Niyə? Çünki seratonin çatmır. Seratoninin ifrazı artanda insan ağıllanır. - Rəşid müəllim, son vaxtlar televiziyalarda az görünürsünüz. - Açığı vaxtım yoxdur. Kitab yazmaqla məşğulam. Əlimlə yazıram, yazmaqdan əlim qabar olub. Kompüterdə yazsaydım, bu qədər əziyyət çəkməzdim.

8 Sentyabr 2016 3:38

Həyat yoldaşı Hüseynağa Atakişiyevlə bağlı gizlinləri açdı: “Mənə qızım deyərək…” – MÜSAHİBƏ

Ömrünün 56-cı baharında bu həyata vida dedi. Elə ölüm də onu teatrda məşq zamanı, aktyorların əhatəsində yaxaladı. Yaxşı yadımdadır. 2006-cı il idi. Başı hərləndiyini deyib huşunu itirən rejissor üçün teatra təcili yardım çağırıldı. Amma artıq gec idi. Komaya düşən aktyor on gündən sonra dünyasını dəyişdi. Azərbaycan teatrında novator rejissorlardan sayılan və səhnəyə yenilik gətirən görkəmli rejissor Hüseynağa Atakişiyevin bu gün doğum günüdür. 1990-cı ildə yaratdığı Gənclər Teatrı elə onun öz evi sayılırdı. O vaxtlar heç kəs teatrın adını söyləməzdi. Eləcə “Hüseynağa Atakişiyevin teatrı” deyərdilər. Doğum günündə rejissoru həyat yoldaşı və sənət dostu aktrisa, əməkdar artist Nəsibə Eldarova ilə yad edəcəyik. - Hüseynağa Atakişiyevin yoxluğunu hansı məqamlarda daha çox hiss edirsiniz? - Hər məqamda. Biz onunla 17 il eyni teatrda çalışmışıq. Az vaxt deyildi. Elə bilirdik ki, həmişə belə davam edəcək, hər zaman bərabər olacağıq. Belə bir deyim var: “Insan bilsə ki, yıxılacaq, altına döşək salardı”. Ümumiyyətlə, biz naşükur bəndələrik, əlimizdə olanın dəyərini zamanında bilmirik. İtirəndən sonra dəyər veririk. Nə qədər ki xoşbəxtik, bu xoşbəxtliyin həmişə davam edəcəyini, heç vaxt bitməyəcəyini düşünürük. Amma bir gün o xoşbəxtliyi itirəndə, itkinin ağırlığını anlayırıq. Mən də Hüseynağanı itirəndən sonra daha çox sevməyə başladım. Onu yalnız həyat yoldaşı kimi sevmirdim, eyni zamanda teatrın rəhbəri, rejissor, peşəkar bir insan və ən əsası şəxsiyyət kimi sevirdim. - Zahirən çox mülayim görünürdü, adama elə gəlirdi ki, heç vaxt səsinin tonunu qaldırmaz… - Elə göründüyü kimi idi. Çox kövrək insan idi, kədərlənəndə uşaq kimi gözləri yaşarırdı. Biz teatrda bir ailə kimi dolanırdıq. Hüseynağa özü də daxili sərbəstliyi sevən adam olduğundan aktyorlara da o şəraiti yaradırdı. Bizi özünə dost sayırdı, dost kimi davranırdıq, fikir mübadiləsi edirdik. Düşündüklərimizi açıq şəkildə bildirirdik. Yadınızda olar, jurnalistlər həmişə onun kabinetini aktyorlarla dolu görürdü. Hüseynağa bəzi teatr rəhbərləri kimi, öz hücrəsinə çəkilən, ünsiyyətdən uzaq olan rejissor deyildi. Tamaşalarla bağlı mübahisələrimiz düşürdü. Buna görə heç kimlə kobud danışmazdı. Belə xasiyyəti yox idi. Hüseynağanin ən böyük uğuru o idi ki, kollektiv arasında intriqalar yox idi. Onu da deyim ki, məişət adamı deyildi, bütün varlığı teatrla bağlı idi. Biz ailə qurandan sonra onunla kirayədə yaşayırdıq, amma o qədər xoşbəxt idik ki… Hüseynağa üçün fərqi yox idi, nə yedi, nə içdi, harada yatdı, harada durdu, bir dərdi vardı - teatr. Bir də rəsmiyyəti sevmirdi. - Daxilən sərbəst olduğunu geyimlərində də sezdirirdi… - Hə, çox sadə geyinirdi. Geyimləri də azad idi, kostyum, qalstuk onluq deyildi. Bu insan çərçivələrə sığışan adam deyildi. - Bəs sevgi münasibətlərində necə idi? - Həmişə mənə deyirdi ki, mən “odnolyub”am. - Doğrudan elə idi? - Məncə yox, çünki məndən əvvəl iki qadınla evli olmuşdu, uşaqları vardı. Mən birinci deyildim axı. - Bəs axırıncı necə? - Hə, bunu dəqiq bilirəm ki, mən onun sonuncu sevgisiydim. - Yaxşı, onu nə ilə cəlb etdiniz ki, axırıncı oldunuz? - Bunu özü bilirdi və bu sirri də özüylə bərabər məzara apardı. Əslində heç özü də bilmirdi ki, məni niyə sevir. Çünki əgər insan niyə sevdiyinin səbəbini bilirsə, artıq o sevgi yox, sövdələşmə olur. Əgər bir qadın bir kişini tutub yanında saxlamağa cəhd edirsə, artıq o, sevgi deyil. Bu, kişiyə də aiddir. Hüseynağanı zorla yanında saxlamaq mümkün deyildi. Çünki o daxili azadlığını hər şeydən üstün tutan insan idi. O, sərbəst, azad idi, əsas olan onun kiminsə yanında qalması yox, ruhən özünü kimə yaxın hiss etməsi idi. - Onu itirməkdən qorxmurdunuz? - Yox, qorxmurdum. - Özünüzə bu qədər əmin idiniz? - Yox, əslində mən onu şəxsiyyət kimi sevirdim. Bunu bir qadının bir kişiyə sevgisindən çox, bir qadının bir şəxsiyyətə sevgisi kimi də dəyərləndirmək olardı. Bəzən o mənə deyirdi ki, sən mənə anam, bacım qədər doğmasan. Hətta məni “qızım” deyə çağırırdı. Mənsə onu bir uşaq kimi əzizləyib, çox istəyirdim. Bu sevgi bizi doğmalaşdırmışdı. - Qısqanırdınız onu? - Daha çox o, məni qısqanırdı. - İndi onsuz darıxırsınız? - Çox. Mən onsuz darıxmasaydım, ona olan sevgimi başqası ilə əvəzləyərdim. Amma mən ondan sonra başqa sevgi axtarmadım. - Qadınlar onu çox sevirdi? - Həddən artıq. Çünki çox yaraşıqlı kişi idi, hər kəsin diqqət mərkəzində olmağı bacarırdı. Həm də xarizması vardı, daxilən o qədər gözəl idi ki, ona valeh olmamaq mümkünsüz idi. Kişidən kişiyə də fərq var. Hüseynağa hər qadını görüb tamah salan kişilərdən deyildi. Ruh adamı idi. - Xobbisi, əyləncəsi vardımı? - Yox, elə xobbisi də, əyləncəsi də, həyat tərzi də teatrla bağlı idi. Hətta ağır xəstə yatdığı vaxtlarda belə teatrı düşünürdü. “Qara qutu” tamaşasını hazırlayırdı, yarımçıq qaldı. Həmin vaxt teatrda səhhəti pisləşdi, təcili yardım çağırdıq. Elə orda komaya düşdü, evə apardıq. 12 gün ağır vəziyyətdə qaldı. Ölüm ayağında dedi ki, telefonu ver mənə, teatra zəng edim görüm, dekorasiyalar hazırdır? Mən onun xəstəlikdən ağlını itirdiyini düşündüm. Yalandan dedim ki, hə, hazırdır. Üzümə baxıb hirsləndi ki, elə bilirsən ağlımı itirmişəm? Teatr o insanın nəfəsi idi. Mən onun sənətinə ondan da artıq dəyər verirdim. Bəlkə elə buna görə də məni çox istəyirdi. - Son sözü nə oldu bəs? - Axırdan-axıra danışa bilmirdi. Amma elə dilindən son çıxan da tamaşası ilə bağlı dediyi o sözlər oldu. - Sizcə, özüylə məzara apardığı bir sirri-sözü vardımı? - Ümumiyyətlə, Hüseynağa çox qapalı insan idi. Paylaşmağı sevməzdi. İstəməzdi dərdi ilə kimisə yükləsin. Elə içində çəkirdi. Hətta teatrla bağlı problemlərini də heç kimə danışmırdı. Bu da onun səhhətinə pis təsir elədi. - Onu sındırmaq asan idi? - Nə danışırsınız, Hüseynağanı sındırmaq olardı? Heç vaxt! Ölərdi, amma sınmazdı, bir probleminə görə heç kimə ağız açmazdı. Çox qürurlu adam idi. Elə buna görə də onu çox istəyirdilər. Təmiz adam idi. O gənclər Teatrını minbir əziyyətlə yaratmışdı, aktyorları bircə-bircə toplamışdı. Teatrla bağlı arzuları çox idi. Amma reallaşdıra bilmirdi. Teatrın yeri-yurdu olmadı, tamaşaları soyuq səhnədə hazırlayırdıq. Amma buna baxmayaraq, həmişə tamaşalarımız anşlaqla keçirdi. Hər kəs Gənclər Teatrını Hüseynağa Atakişiyevin teatrı kimi tanıyırdı. Hər tamaşanın premyerasını bayram kimi qəbul edirdi. Onun ölümündən sonra teatrın aktyorları pərən-pərən düşdü. Hərəmiz bir tərəfə səpələnmişik. - Sevimli aktrisası vardımı? - Əlbəttə, vardı. - Kim idi? - Mən. Məni çox sevirdi ki, bütün rolları mənə verirdi. Bir aktrisa kimi məni çox dəyərləndirirdi.

8 Sentyabr 2016 2:30

“QAFQAZ UNİVERSİTETİNİN BAĞLANMASI SÖHBƏTİ OLMAYIB” – Yeni rektor

DİN: “15 iyul hadisələrindən dərhal sonra «Hizmət hərəkatı»na bilavasitə bağlı olan «Qafqaz Universiteti»nin fəaliyyəti dayandırılıb” Qafqaz Universitetinin yeni rektoru Havar Məmmədovun APA-ya müsahibəsi - Havar müəllim, Qafqaz Universiteti bundan sonra hansı formada öz fəaliyyətini davam etdirəcək? – Qafqaz Universitetinin idarəçiliyi dəyişdirilib və hazırda ali məktəb təsisçi SOCAR-ın Azərbaycan Beynəlxalq Tədris Mərkəzi ilə birlikdə fəaliyyətini davam etdirir. Universitet Azərbaycanın təhsil siyasətini yüksək səviyyədə həyata keçirməyə və kadr tələbatını ödəməyə çalışacaq. Çünki burada lazımi potensial, texniki baza var. Mən də rektor olaraq mənə göstərilən etimadı doğrutmalıyam. Sözsüz ki, kadr və digər məsələlərdə ciddi dəyişikliklər, lazımi islahatlar olacaq. Kim işinin öhdəsindən gələcəksə, onunla əməkdaşlıq davam etdiriləcək. Əsas odur ki, Qafqaz Universitetindəki ənənəvi yüksək təhsil mühitini saxlaya bilək. Sentyabrın 10-da kollektivlə görüş keçiriləcək və bir çox məsələlər müzakirə olunacaq. - Mətbuatda Qafqaz Universitetinin adının dəyişdirilərək SOCAR Universiteti kimi fəaliyyətini davam etdirəcəyi barədə xəbərlər yayılıb. Bu, nə dərəcədə doğrudur? - Bu məsələ gündəmdə deyil. Ötən müddətdə Qafqaz Universitetinin bağlanacağı ilə bağlı da xəbərlər yayıldı. Bu xəbərlər də yanlışdır. Qafqaz Universiteti heç vaxt Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməyib. Sadəcə, Qafqaz Universitetinin rektoru işdən çıxarıldığı zaman müvəqqəti olaraq rektor vəzifəsinin icrası Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova tapşırılıb. Universitetin bağlanması söhbəti olmayıb və bu gün sərbəst özəl ali məktəb kimi fəaliyyət göstərir. - Qafqaz Universitetinin ətrafında baş verən hadisələr builki tələbə qəbuluna hansısa təsir edibmi? – Qafqaz Universiteti ətrafında yayılan xəbərlər tələbələrin bir hissəsinin ixtisas seçiminə təsir edib. Mövcud hadisələr ali məktəbə qəbul faizinin aşağı düşməsinə səbəb olub. Bu il Qafqaz Universitetində ayrılan 1049 plan yerinə 703 tələbə qəbul olub, ən yüksək bal 696 bal təşkil edib. Mən ali məktəb kollektivi ilə işi elə qurmağa çalışacağam ki, ötənilki qəbul faizlərini saxlayaq. - Qafqaz Universitetində fəaliyyət göstərən türkiyəli müəllimlərin fəaliyyəti dayandırılıb. Bunun nəticəsində ali məktəbdə kadr çatışmazlığı yaranıbmı? – Avqustun 5-dən Qafqaz Universitetində fəaliyyət göstərən müəllimlərin hamısı işdən azad olunub və onlar ölkələrinə qayıdıblar. Gedənlərin arasında ali məktəbdə rəhbər vəzifələr tutanlar da olub. Onların sayı müəllim və texniki işçilər də daxil olmaqla, 45 nəfər idi. Hazırda ali məktəbdə yalnız azərbaycanlı müəllimlər fəaliyyət göstərir. Tədrisi yüksək səviyyədə təşkil etmək üçün təşkilatı işlər görülür. Ayrı-ayrı fənlərlə bağlı kadr çatışmazlığı var. Bu sahədə Təhsil Nazirliyi bizə əməli kömək edəcək. Dərslərin boş keçməsinə imkan verilməyəcək. - Ali məktəbdə qəbul planı tam dolmadığı üçün hansısa ixtisasların ləğvi gözlənilirmi? – Xeyr. Çünki burada ixtisasların sayı çoxdur. Heç bir ixtisasın ləğv olunma ehtimalı yoxdur. Tədris həm ingilis, həm də Azərbaycan dilində aparılır. Bəzi ixtisaslarda tələbələrin sayı azdır. Amma dövlət ali məktəblərində də belə hal olur və normal haldır. - Hazırda Azərbaycan Texniki Universitetində rektor vəzifəsini kim icra edir? – Texniki Universitetdə rektor vəzifəsini tədris işləri üzrə prorektor, iqtisad elmləri namizədi Xalıq Yahudov icra edir. Prosedur qaydalarına görə, ali məktəbə yeni rektor təyin edilənə qədər rektor əvəzi Xalıq Yahudov olacaq. Xatırladaq ki, Avqustun 31-də Türkiyədə səfərdə olan daxili işlər naziri Ramil Usubov keçirdiyi mətbuat konfransında Fətullah Gülen hərəkatı ilə mübarizə tədbirləri çərçivəsində Qafqaz Universitetinin qapadıldığını xüsusi qeyd etmişdi. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir:  “15 iyul hadisələrindən dərhal sonra «Hizmət hərəkatı»na bilavasitə bağlı olan «Qafqaz Universiteti»nin fəaliyyətinə və orada çalışan 50-yə yaxın müəllimlə bağlanmış əmək müqaviləsinə xitam verildiyi, eyni səbəbdən «Zaman-Azərbaycan» qəzetinin və onun veb-saytının fəaliyyətinin, Fətullah Güləndən müsahibə almış ANS televiziyasının, radiosunun və veb-saytının da yayımının dayandırıldığı diqqətə çatdırılıb. “

6 Sentyabr 2016 7:49

“Simam da, səsim də kifayət qədər tanınır”

Artıq yeni mövsümü salamladıq. Bu mövsümdə ilk müsahibimiz Əməkdar artist, tanınmış aktrisa, dublyaj ustası, qiraətçi Hüsniyyə Mürvətovadır. Səsi və gözəl siması ilə tamaşaçıların sevgisini qazanan aktrisa həm də maraqlı müsahiblərdəndir. - Yeni mövsümün ilk günündə Sizi xoş gördük. İstərdik ilk olaraq geridə qoyduğumuz bu istirahət mövsümündən danışaq. Yayı necə keçirdiniz? - Diqqətiniz üçün təşəkkür edirəm. Geridə qoyduğumuz bu mövsümün bir qismini bölgələrimizdə keçirdim. Digər qismini isə bağda başa vurdum. Bundan əlavə, çalışdığım Bakı Bələdiyyə Teatrının yaradıcı heyəti ilə birlikdə Şəki və Qəbələdə qastrol səfərlərində olduq. - Adətən sənətçilərimiz istirahəti xaricdə keçirməyə daha çox üstünlük verirlər. - Bu təbiidir. Hər kəs fərqli yerləri görmək, başqa ölkələrdə istirahət etmək istəyir. Geridə qoyduğumuz mövsüm mənim cibimə uyğun olmadığına görə xaricə gedə bilmədim. Bu dəfə bölgələrimizdə istirahət etməyə daha çox üstünlük verdim. - Artıq yeni mövsüm başlayır. Bu mövsümdən hansı yenilikləri gözləyirsiniz? - Əslində bu mövsümdən gözləntilərim çoxdur. Hələ ki gözləmə mövqeyindəyəm. Mən özüm də çox darıxıram. Sənətimin bu gözləmə mövqeyini heç sevmirəm. Çünki səbrsiz insanam. Bizim nə qədər arzularımız olsa da, bu, bir şans məsələsidir. Bilirsiniz ki, bizim sənətimiz bir qədər asılı sənətdir. Rejissorlardan, şirkətlərdən təkliflərin gəlməsini gözləyirik. Mən sənətimi çox sevən və onu dəyərləndirməyi bacaran insanam. Yeni mövsüm üçün bir neçə təklif almışam. Sadəcə olaraq, bu barədə əvvəlcədən danışmaq istəmirəm. Qabaqcadan nəyisə deməyi xoşlamıram. O ki qaldı istəklərimə, xarici layihələrdə iştirak etmək istəyirəm. Hazırda bu yöndə işlər gedir. Bir neçə təklif var. Belə ki, xarici filmlərin birində seçimlər gedir və onlar mənim şəklimi görüb bəyəniblər. Hələ də seçimlər davam edir, biz də onlardan xəbər gözləyirik. - Zaman göz qırpımında ötüb keçir, onun qarşısını almaq qeyri- mümkündür. İndi Sizin yaşınızın da ən gözəl çağlarıdır. Biz Sizdən maraqlı layihələr gözləyirik. - Bu günümdən, səhnə həyatımdan, işlərimdən narazı deyiləm. Bilirsiniz ki, filmlərin dublyajı ilə məşğulam, şeirlər səsləndirirəm. Mən özüm tək olaraq nə edə bilərəmsə, boynuma nə düşürsə, onu da edirəm. O ki qaldı film və seriallarda maraqlı obrazlara, bu, rejissorların işidir. Əlbəttə ki, mən yaratmalıyam. Ömrümüzdən illər gedir və bu illəri geri qaytara bilməyəcəyəm. Mən daha çox işlər görüb, obrazlar yarada bilərdim, əgər hər şey məndən asılı olsaydı. - Dublyaj sahəsində əvəzedilməz səslərdənsiniz. Yaşlı nəslin nümayəndələri sovet dövründə filmlərin səsləndirilməsi ilə indiki dövrü müqayisə edir və o dövrün dublyajlarını daha yaxşı hesab edirlər. Siz necə düşünürsünüz? - Bu mövzuda heç kimi qınamıram və hər kəsin fikrinə hörmətlə yanaşıram. Biz filmin dublyajını telekanallarda yazırıq. Gün ərzində filmi tərcümə edirik. Əvvəllər isə səsləndirmə işi tamam başqa cür olub. Belə ki, o dövrün filmlərinin səsləndirilməsi bir-iki aya ərsəyə gəlirdi. Orada sinxron səsləndirmə gedirdi. Filmdə rol alan hər aktyora uyğun səsləndirmə aktyoru seçilirdi. Sovet dövründəki filmləri dublyaj etmək üçün böyük bir komanda heyəti işləyirdi. İndi hər şey başqa cürdür. İki-üç saat ərzində nə edə biliriksə, onu da edirik. Bir sözlə, vaxt etibarı ilə əlimizdən gələni əsirgəmirik. Dublyaj etdiyim filmlərin altından mənim imzam getdiyi üçün əlimdən gəldiyi qədər o işə canımı qoyuram. Adıma hörmətlə yanaşaraq boynuma düşəni layiqincə yerinə yetirirəm. Mən səsimi də, işimi də sevirəm və dəyərləndirirəm. Digər televiziyalarda hazırlanan səsləndirilmələri dinləyirəm və onlara da hörmətim var. - Hüsniyyə xanım, Sizi qiraətçi kimi də yaxşı tanıyırıq. Səsləndirdiyiniz şeirləri də sevərək dinləyirik. Maraqlıdır, sənətçilərimizin qiraətçi kimi az çalışdığı bir vaxtda bu sahə Sizə nəsə qazandırırmı? - Bu sahədə heç bir qazanc əldə etmirəm. Şeirləri sevirəm və sevdiyim şeirləri səsləndirirəm. - Sizi səsi özündən daha məşhur aktrisa hesab etmək olarmı? - (gülür) Bunu mənə bir neçə dəfə deyiblər. Düşünürəm ki, hansının daha məşhur olduğunu tamaşaçılar daha yaxşı bilərlər. Hesab edirəm ki, simam da, səsim də kifayət qədər tanınır. Əgər deyirsinizsə ki, səsim məşhurdur, qoy olsun. Bunun nəyi pisdir ki? Mən buna ancaq sevinə bilərəm. - Tanrı tərəfindən Sizə hədiyyə edilən səsi qorumaq üçün nələr edirsiniz? - Səsimi qorumaq üçün heç nədən istifadə etmirəm. Dondurma da yeyirəm, tum da çırtlayıram, soyuq su da içirəm. Bir az çılğın insanam və istədiyimi etməyi xoşlayıram. Misal üçün, əgər ürəyim soyuq su içmək istəyirsə, bunu özümə qadağa qoymuram, içirəm. Mən belə şeylərə önəm vermirəm. İnsanları qoruyan Allahdır. Öz üzərimizdə titizlik edib, nəyisə etməklə deyil. Əgər bizi yaradan istəsə, sağlam olacağıq, istəməsə... Yəni hər şey bəndənin deyil, Allahın əlindədir. - Sizi hər zaman baxımlı və eyni çəkidə görürük. Formada qalmaq üçün nələr edirsiniz? - Mən təbiətən beləyəm. Nə qədər yeməyimdən asılı olmayaraq, kökəlmirəm. Biz ailəlikcə beləyik. Kökəlməyə meyilli deyilik. Bu, gendən gələn bir şeydir. Formam təbiətən belə olsa da, dərimə qulluq edirəm. Mütəmadi olaraq kosmetoloqa gedirəm. Gözəl görünməyi sevirəm. Hesab edirəm ki, hər bir xanım baxımlı olmalıdır. - Sizi ilk dəfə 1998-ci ildə "Qırmızı qar” filmində izləmişdim və oradakı qəhrəman qadın obrazınız beynimə həkk olunmuşdu. Ümumiyyətlə, indiyə kimi canlandırdığınız obrazlara nəzər yetirdikdə əminliklə deyə bilərik ki, qəhrəman obrazları ifanızda daha yaxşı canlanır. Bəs indi necə, qəhrəman qadın obrazları canlandırırsınızmı? - Mən çalışdığım Bakı Bələdiyyə Teatrında hər zaman qəhrəman qadın obrazları yaratmışam. Vətənpərvər, öz canını fəda edən, şəhid olan xanımların obrazlarını canlandırmışam. Bu gün ölkəmizdə tarixi günlərdə verilişlərimizdə əsgərimizə, torpağımıza aid şeirlər səsləndirirəm. Repertuarımda vətənimə, torpağıma, əsgərlərimizə aid şeirlər var. Bu xarakterimlə qürur duyuram. Çox istəyərdim ki, filmdə də belə obrazlar canlandırım. Arzulayaram ki, müharibə mövzusunda olan filmlərə çəkilim. Düzdür, romantika, sevgi tipli obrazları da özümə məxsus şəkildə canlandıraram. Ancaq qəhrəman obrazları mənim ruhuma daha yaxındır. Rejissorlarımız mənə belə bir obraz təklif etsələr, yəqin ki, onu dəyərləndirərdim. - Digər teatrların fəaliyyətinə baxanda sanki Bakı Bələdiyyə Teatrı bir qədər kölgədə qalıb. Daha böyük səhnədə çıxış etmək istəmirsinizmi? - Əvvəla, bizim teatrımızın Xalq artistimiz Amaliya Pənahova kimi gözəl rəhbəri var. Sizcə onun rəhbərlik etdiyi teatr kölgədə qala bilərmi? Bu fikirlə razı deyiləm. Sadəcə olaraq, bizim teatrın binası yoxdur. Bizim teatrımızın peşəkar və istedadlı yaradıcı kollektivi olsa da, şəraitimiz yoxdur. Şəraitsiz, soyuq məkanda məşqlər edirik. Biz yorulmadan, usanmadan çalışırıq. Bölgələrə, xaricə qastrol səfərlərinə gedirik. Əgər binamız yoxdursa, bu o demək deyil ki, biz kölgədə qalmışıq. O ki qaldı digər teatrların səhnəsindəki çıxışıma, mən öz yaradıcı kollektivimizi çox sevirəm. Bütün teatrlara hörmətim var. Teatrlar ölkəmizə məxsusdur və mən də ölkəmizi çox sevirəm. Burada heç bir qəbahət yoxdur. Ancaq bizim kollektivimiz çox mehribandır. Rəhbərimiz isə bizə çox qayğı göstərir. Amaliya xanım bizə rəhbər kimi deyil, bir ana kimi münasibət göstərir. Bunun üçün də indiyə qədər bu barədə heç düşünməmişəm. - Bir sənətçi kimi Sizi nə narahat edir? - Məni çox şey narahat edir. Çox istərdim ki, aktyorların rifahı yaxşılaşsın. Bizim sənətimizə dəyər versinlər. Bugünkü filmlərdə, seriallarda peşəkar kadrlardan daha çox istifadə etsinlər. Əgər aktyor görəcəyi işə görə çox pul istəyirsə, onu sıradan çıxarmasınlar. Dəyərini bilən sənətkarlara lazımi qiyməti versinlər. Biz dəyərimizi bildiyimiz üçün özümüzü lazımlı, lazımsız yerlərə məcburən qəbul etdirmirik. Onun üçün də az əvvəl qeyd etdim ki, hələ də gözləmə mövqeyindəyik. İstəyirik ki, bizə könlümüzcə olan təkliflər gəlsin. Mən özümə, sənətimə hörmət edirəm və buna görə də öz sənətimə çox güvənirəm. Bir az da aktyorların qonorarları daha yüksək olsa, çox yaxşı olar. Bu məsələ məni çox narahat edir. İllər keçsə də, düzələcəyinə ümid etdiyimiz bu məsələdə heç bir dəyişiklik olmur. Həyat insana bir dəfə verilir. Əslində mən çox pozitiv insanam. Hər zaman hər şeyin yaxşı olacağına dair ümidlərim olub. Ancaq görürəm ki, bu məsələdə heç nə dəyişilmir. Bu da məni çox məyus edir. - Sizin peşəkar sənətçi olmağınıza heç bir şübhəmiz yoxdur. Bəs görəsən Hüsniyyə xanım necə anadır? Övladınıza kifayət qədər zaman ayıra bilirsinizmi? - Əlbəttə. İlk növbədə vaxtımı oğluma sərf edirəm. Hara gedirəmsə, oğlumu özümlə aparıram. Biz onunla demək olar ki, hər zaman bir yerdə oluruq. İşə gedəndə ondan ayrılmaq məcburiyyətində qalıram. Bəzən olur ki, işə gedəndə onun dərsləri olmadığı vaxtlarda oğlumu da özümlə aparıram. - Bəs oğlunuz Orxanın Sizin sənətinizə münasibəti necədir? - Oğlum mənimlə fəxr edir. O, mənə "Kraliçam” deyə müraciət edir. Hər zaman məni tərifləyir, gözəl sözlər deyir. Mən qəmgin olanda Orxan gözəl sözlər deyərək əhvalımı yaxşılaşdırır. Oğlum mənim ən yaxın dostum və məsləhətçimdir. Orxanın 16 yaşı olsa da, hərdən elə gözəl məsləhətlər verir ki… O, mənim hər şeyimdir...

3 Sentyabr 2016 10:42

“Türkiyə 15 iyulda Azərbaycanın dəstəyini heç vaxt unutmayacaq”

Faktinfo.az  TİKA-nın Bakı nümayəndəliyinin yeni rəhbəri Adəm Urfanın APA TV-yə müsahibəsini təqdim edir - Adəm bəy, TİKA-nın Bakı nümayəndəliyinə yeni rəhbər təyin olunmusunuz. Bu, Azərbaycana ilk səfərinizdir, ölkəmizlə bağlı ilk təəssüratlarınız necədir? - Azərbaycan bizim özümüzü yad hiss etmədiyimiz, öz Vətənimizdə hiss etdiyimiz bir ölkədir. Qardaş ölkəyik. Mən həm də vəzifəm səbəbilə Azərbaycana gəlmişəm. Çox böyük bir inkişafın aşkar hiss olunduğu, həqiqətən də “Qafqazın incisi” adlandırıla biləcək bir Bakı şəhəri ilə qarşılaşdım. Çox inkişaf etmiş, istiqanlı insanların olduğu, heç zaman özümü yad hiss etməyəcəyim bir şəhərdəyəm. Bu baxımdan Azərbaycana gəldiyim, burada işləyəcəyim üçün özümü xoşbəxt sayıram. - TİKA-nın Azərbaycanda həyata keçirdiyi layihələrin istiqamətləri çox fərqlidir. Hansı layihələr hazırda davam edir, Sizin dönəminizdə daha hansı yeni layihələr həyata keçiriləcək? - İlk əvvəl TİKA-nın fəaliyyəti barədə məlumat vermək istəyirəm. Bildiyiniz kimi, Türkiyə son 15 ildə böyük inkişaf dövrü keçir. Ortaya həqiqətən böyük bir uğur hekayəsi qoyulub. Bunun bünövrəsində güclü bir siyasi liderlik, eyni zamanda siyasi stabillik və iqtisadi inkişaf amilləri dayanır. Biz bu amillərin əslində obyektiv nəticəsi olaraq ortaya çıxmış bir TİKA-dan bəhs edirik. Çünki, Türkiyə inkişaf etdikcə, varlandıqca hər sahədə əldə etdiyimiz təcrübəni başda yaxın coğrafiyada yerləşən ölkələr olmaqla bütün dünya ilə bölüşür. Eyni zamanda bu fəaliyyət Türkiyənin qlobal məkanda bir çox problemə biganə yanaşmadığını göstərir. Ölkəmizin qlobal sülhün bərqərar olması üçün önəmli xarici siyasət hədəfləri var. Bu mənada TİKA çox mühüm qurumdur. TİKA artıq 54 ölkədə ofisi olan, 150-dən artıq ölkədə layihə həyata keçirən qlobal təşkilatdır. Bizi digər təşkilatlardan fərqləndirən cəhət türk tipi inkişaf modelinə əsaslanmağımızdır. Bu modelin mahiyyəti nədir? TİKA bütün fəaliyyətlərini həyata keçirərkən səmimiyyət prinsipi ilə hərəkət edir. İkincisi, şəffaf fəaliyyət anlayışını əsas götürürük. Üçüncüsü, hər şeydən əvvəl bərabər səviyyəli əlaqələr qurur və fəaliyyət göstərdiyi ölkələrin ehtiyaclarını əsas götürür. Və sonda fayda verəcək layihələr gerçəkləşdirir.Bu mənada Azərbaycandakı ofisimizin özəl bir yeri var. Çünki Türkiyə ilə Azərbaycanın münasibətləri doğrudan da ən yüksək səviyyədədir. Həm cənab İlham Əliyevin, həm də prezidentimiz Rəcəb Tayyp Ərdoğanın rəhbərliyi ilə Azərbaycanla Türkiyə arasında siyasi-iqtisadi münasibətlərin yüksək inkişaf etməsi başqa ölkələrə nümunə ola bilər. Bu münasibətlər strateji müttəfiqlik səviyyəsinə çıxmış toplantılarda daha da inkişaf etdirilir. Biz qarşılıqlı şəkildə ən çox investisiya yatırmış iki ölkədən danışırıq. Beynəlxalq müstəvidə bir-birini daim dəstəkləyən iki ölkədən söhbət edirik. Bu baxımdan Azərbaycandakı ofisimiz TİKA-nın xarici ölkələrdə qurduğu ilk ofislərdən biridir. Azərbaycanda 1992-ci ildən fəaliyyət göstəririk. Bu günə kimi 700-dən artıq layihə həyata keçirmişik. 7 minə yaxın insanın təhsil və peşəkarlıq səviyyəsini artırmağa nail olmuşuq. Azərbaycanda qeyri-neft sektorunun inkişafına dəstək TİKA-nın mühüm hədəflərindən yalnız biridir. Digər hədəflərimiz ictimai inkişafa nail olmaq, ortaq mədəni dəyərlərimizi inkişaf etdirməkdir. Ən nəhayət üçüncü ölkələrdə Türkiyə-Azərbaycan əməkdaşlığı çərçivəsində layihələr həyata keçirmək kimi əsas hədəfimiz var. Bu hədəflərə uyğun olaraq başda səhiyyə, təhsil, kənd təsərrüfatı, heyvandarlıq olmaqla çox sahədə layihələr həyata keçiririk.Bu layihələrdən bir neçəsi barədə məlumat vermək istərdim. Məsələn, səhiyyə sahəsində həyata keçirdiyimiz layihələr uzunmüddətli layihələrdir. “Hoşgeldin, bebek”, “Gülümseyen Çocuk”, “Adil Neşter”adı altında həyata keçirdiyimiz layihələr həm səhiyyə sektorunun infrastrukturunu yaxşılaşdırmağa xidmət edir, həm də kadr potensialını artırmağı nəzərdə tutur. Biz bu layihələrlə Azərbaycanda 800-dən artıq tibb heyətinə kurslar keçmişik. Və çox gözəl nəticələr əldə olunub. Diqqət yetirdiyimiz digər sahələrdən biri kənd təsərrüfatı və heyvandarlıqdır. Azərbaycan ərazisinin 50 faizdən artığı əkin üçün yararlıdır. Layihə çərçivəsində bölgələrdə yaşayan, həyatını kənd təsərrüfatında çalışmaqla təmin edən insanların iribuynuzlu heyvanlarla təminatı üçün qrant ayırdıq. Onların süd və süd məhsulları istehsalını təmin etdik. Digər layihəmiz Azərbaycanda arıçılığın inkişafı layihəsidir. Bu layihəni 4 ildir həyata keçiririk. Layihə çərçivəsində Azərbaycanın ən müxtəlif bölgələrində, 39 rayonda 5 min arı pətəyindən ibarət 500 arıçılıq təsərrüfatı qurmuşuq. Arıçılıq layihəmizin əsas həfəd kütləsi Dağlıq Qarabağın işğalı nəticəsində Azərbaycanın fərqli bölgələrində məskunlaşmış məcburi köçkünlər və şəhid ailələridir. Bu insanların ailə gəlirlərinin artmasına təsir edəcək layihələr gerçəkləşdirmişik. Qeyd etdiyim layihə nəticəsində bu insanlar öz evlərində kiçik bir müəssisə qurmağa müvəffəq olublar. Həm bal istehsal edir, həm də Azərbaycanda arıçılığın genefondunun qorunmasına töhvə vermiş olurlar. Növbəti mərhələdə bu istehsalçıların istehsal etdiyi məhsulların bazara çıxarılmasını, paketlənməsini və satışını təmin edəcək təsisatlar yaratmağa çalışacağıq.Digər bir fəaliyyətimiz üçüncü ölkələrdə gördüyümüz işlərlə əlaqədardır. Bu layihələr Azərbaycanın Dağlıq Qarabağı işğaldan zad etmək uğrunda verdiyi ədalətli mübarizənin mahiyyətinin üçüncü ölkələrə çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Həyata keçirdiyimiz ortaq layihələrimiz xalq diplomatiyası baxımından da Azərbaycana önəmli xeyir gətirir. - TİKA təhsil sektorunda inkişafa verdiyi dəstəklə də seçilir. Təhsillə bağlı hansı layihələr həyata keçiriləcək? - Bütün dünyada qəbul olunan bir məsələ var – inkişafın təməlində təhsil və insan resursları dayanır. Qısa müddətli müşahidələrimdən çıxardığım nəticə budur: Azərbaycanda doğrudan da çox qabiliyyətli, təhsilli, gənc insan resursları var. Təcrübələrimizi bölüşməklə bu insan resurslarının iqtisadiyyatın inkişafına daha çox töhvə verməsinə nail ola biləcəyimizi düşünürük. Əlbəttə ki, bunu çoxlu sayda yolu var. Bakı Dövlət Universitetinin idarəetmə fakültəsində belə bir layihə həyata keçiririk. Biz TİKA olaraq insan həyatının doğuşdan ölümə qədər hər dövrünə dair layihə həyata keçirməyə çalışırıq. Təhsil də həyatın bütün mərhələlərini əhatə edən bir şeydir. İbtidai təhsildən başlayaraq uşaqların Azərbaycanda milli dəyərləri ilə tanış olması, xeyriyyəçilik hisslərinin inkişaf etdirilməsi istiqamətində gördüyümüz işlər var. Qaçqın və məcburi köçkünlərin yaşadığı bölgələrdə onların təhsil problemlərini həll etməyə hədəflənmiş layihələr həyata keçiririk. Təhsil sahəsində təcrübə mübadiləsinə böyük əhəmiyyət veririk. Bu sahədə diqqət yetirdiyimiz məqamlardan biri peşə təhsilidir. Bu, dünyanın çox ölkələrində mühüm problem olaraq qalır. İqtisadi inkişafda ən önəmli insan faktorlarından birini peşəkar mütəxəssislər formalaşdırır. Azərbaycanda həyata keçirdiyimiz peşə təhsili layihələri ilə Azərbaycanın hansı sahələrdə daha çox mütəxəssisə duyduğu ehtiyacı müəyyənləşdirməyə, mütəxəssislərin peşəkarlığını artırmağa çalışacağıq. Türkiyənin bu sahədə çox böyük təcrübəsi var. - Türkiyə çox ağır tarixi dövr yaşayır. 15 iyul hadisələrindən sonra ölkənizin tarixində yeni bir mərhələ başlayıb... - 15 iyul gecəsi Türkiyə tarixinin ən uzun gecələrindən biri idi. Ankarada bu ağır gecəni yaşayan, baş verənlərə şahid olan vətəndaşlardan biri də mən idim. Qarşımızda olan çox böyük təhlükədir. Önümüzdə Fəthullah Gülən adı altında təşkilatlanmış bir terror təşkilatı var. Bu terror təşkilatı 15 iyul gecəsi Türkiyənin müstəqilliyinə, türk xalqının milli iradəsinə, seçilmiş liderlərinə, parlamentinə qəddar hücum həyata keçirdilər. Burada bir məqama diqqət yetirmək lazımdır. FETÖ deyəndə nə nəzərdə tutulur? Qarşımızda necə bir struktur var? Bu terror təşkilatı təxminən 40 ildir təhsil sektoru və qeyri-hökumət təşkilatları adı altında gizlənərək dövlətin bütün strateji qurumlarını ələ keçirməyi bacarmış bir terror təşkilatıdır. Anadolu təbirincə desək, “quzu dərisinə bürünmüş canavardır”. FETÖ həqiqətən də bütün milli, əxlaqi dəyərləri heçə sayan, öz qeyri-leqal hədəflərinə çatmaq üçün bütün vasitələri mümkün hesab edən, şəbəkələşmiş bir terror təşkilatıdır. Onlar 40 il ərzində manqurtlaşmış üzvlərinin iyrənc inamı ətrafında təşkilatlanıb, 15 iyul gecəsi Türkiyəyə qorxunc kabus yaşada biləcək bir nöqtəyə gəlmişdilər. Təbii ki, onların sonuna çıxmaq asan olmayacaq. Amma onu da bilirik ki, 15 iyulda Türkiyə ordusunun uniformasını istifadə edərək bir qrup xuntaçı dövlət çevrilişi etməyə cəhd göstərdi. Lakin o tarixdə türk xalqı prezidentimizin rəhbərliyi ilə böyük bir cəsarət nümayiş etdirərək bu təhlükənin qarşısını aldı. Küçədəki vətəndaş, sıravi insanlar xuntanın cəhdini öz gələcəyinə, uşaqlarının gələcəyinə, ölkəsinin gələcəyinə böyük təhlükə olduğunu dərhal anladı. Və bunu anlayan kimi prezidentimizin çağırışı ilə küçələrə çıxdılar. Öz gələcəklərinə, parlamentlərinə, demokratiyaya, milli birliyə sahib çıxmağa çalışdılar. Əslində bu, sadəcə çevriliş cəhdi deyil, onlar Türkiyəni vətəndaş müharibəsinə sürükləmək istəyirdilər. Bu cəhdin qarşısı həm prezidentimizin, həm də türk xalqının böyük cəsarəti ilə alındı. Təəssüf ki, çoxlu qurbanlarımız oldu, 250-yə yaxın şəhidimiz var, o gecə 2 mindən çox insan yaralandı.Bir məqamı xüsusi vurğulamaq borcumuzdur. 15 iyul hadisələrinin ilk anlarında Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycan xalqı prezidentimizin və xalqımızın yanında olduqlarını bəyan etdilər. Bir Türkiyə vətəndaşı olaraq söyləyirəm - verdiyiniz bu dəstək türk xalqı, heç bir vətəndaşımız tərəfindən unudulmayacaq və həmişə hörmətlə xatırlanacaqdır. O gecə azərbaycanlı dostlarımızın, qardaşlarımızın bizim kimi televizor qarşısında əyləşib, türk xalqı üçün dualar etdiyini rastlaşdığımız hər kəs söyləyir. Bu, bizim üçün önəmli idi. Demokratiya mitinqlərində Azərbaycan və Türkiyə bayraqları birgə dalğalanırdı.Təhlükə hələ keçməyib, amma dövlətimiz bu təhlükəyə qarşı inamlı mübarizə aparır. Təbii ki, bu, sadəcə Türkiyəyə qarşı təhdid deyil. Bu şəbəkə Türkiyədəki kimi, bir çox digər ölkələrdə də eyni şəkildə təşkilatlandı. Təəssüf ki, FETÖ Azərbaycan üçün də təhdid durumundadır. Amma cənab prezident İlham Əliyev və Azərbaycan dövləti bu təhlükəyə qarşı inamlı bir mübarizəyə başlayıblar. Bu anlamda Türkiyənin yanında olduqlarını, FETÖ-yə qarşı ciddi şəkildə mübarizə aparacaqlarını ifadə etdilər. Bu, bizi gerçəkdən sevindirən, birgə mübarizənin aparılmasının vacibliyini ortaya qoyan bir məqamdır. - 15 iyul hadisələrindən sonra Türkiyədə terror hadisələrinin sayı nəzərəçarpacaq dərəcədə artıb. İki hadisə arasında ciddi bağlılığın olduğu iddia edilir. Türkiyənin terrora qarşı mübarizə siyasətini necə dəyərləndirirsiniz? Burada bir məqama diqqət çəkmək istəyirəm. Son dövrlər Türkiyədə hərbçi çevrilişdə bu və ya digər formada iştirak etmiş insanlarla bağlı açıq, şəffaf hüquqi proseduralar həyata keçirilir. FETÖ-nün ABŞ-dakı lideri xarici ölkələrdə “Hizmət diasporu”nun qurulması ideyasından bəhs etdi. Hamımızın bu cür cəhdlərə qarşı diqqətli olmağı lazımdır. Çünki indiyə kimi xaricdə Türkiyə və Azərbaycanın maraqlarına qarşı erməni diasporu fəaliyyət göstərirdi, indi isə maraqlarımıza qarşı “Hizmət diasporu” adı altında yeni təhdidlər ortaya çıxacaq. Bu çərçivədə maraqlarımıza uyğun olmayan təbliğatla məşğul bir hərəkatın ortaya çıxacağı gözlənilir. Buna qarşı qərarlı şəkildə mübarizə aparmalı olduğumuzu düşünürəm. Türk xalqı bu mənada çöx mühüm iradə nümayiş etdirdi. Çevriliş cəhdindən iki həftə sonra bu prosesin nəticələrinin tez aradan qaldırılması dollarlarını lirəyə çevirdilər və banklara əmanət qoydular. Söhbət 10 milyon dollarlıq bir rəqəmdən gedir. Bu mənada həqiqətən dünyaya nümunə ola biləcək bir davranış ortaya qoyuldu. Mən azərbaycanlı dostlarımıza bir mesaj vermək istəyirəm. Əmin olsunlar ki, Türkiyə bu prosesdən güclənərək çıxacaq.Terror hadisələrinin sayının artmasına gəldikdə, ölkəmiz çox çətin bir prosesdən keçir. Ölkəmizi FETÖ, PKK, İŞİD kimi terror təşkilatlarının terror aktları ilə boyun əyməyə məcbur etmək istəyirlər. Yəni, Türkiyə bu an terror təşkilatlarının fəaliyyəti ilə təhdid edilir. Təbii ki, həm polisimiz, həm əsgərlərimiz terrora qarşı ciddi bir mübarizə aparır. Amma bunu da bilirik ki, bu terror təşkilatları eyni məqsədə xidmət edirlər, Türkiyəni öz daxilinə qapanmağa, öz problemləri ilə əlləşən ölkə durumuna salmaq istəyirlər. Azərbaycanda qarşılaşdığımız insanlar terror aktları ilə bağlı narahatlıqlarını ifadə edirlər. Azərbaycanlı dostlarımıza bu sözləri deyirik – bəli, çox çətin bir prosesdən keçirik, çoxlu təhdid və təhlükə ilə qarşı-qarşıyayıq. Amma Türkiyə həm siyasi liderləri, həm müxalifəti, həm mülki cəmiyyət institutları, iş adamları ilə əl-ələ verərək terrora, terrorun hər formasına qarşı mübarizə aparır. İnanıram ki, Türkiyə qısa müddətdə bu işin öhdəsindən gələcək. Və yenidən həm bölgədəki ölkələr, həm dünya dövlətləri ilə münasibətləri normal olan, qlobal sülhə töhvə verən, bu mənada dünyaya mesajlar verəcək bir ölkə olacağıq.Bu il həm Azərbaycanda, həm Türkiyədə şəhidlərimiz oldu, sizin vasitənizlə şəhidlərin ailələrinə başsağlığı verir, yaralılara şəfalar diləyirəm. Şəhidlərimizin məkanları cənnət olsun. TİKA-nın Azərbaycanda fəaliyyətini aramsız davam etdirməsi, layihələri müzakirə etməyimiz əslində problemləri tezliklə həll edəcəyimizə bir nümunədir. Türkiyə bir tərəfdən terror təşkilatları ilə mübarizə aparır, digər tərəfdən TİKA kimi qurumlar öz fəaliyyətləri çərçivəsində Azərbaycanla Türkiyə arasında əlaqələri dərinləşdirməyə, Azərbaycanın inkişafına maksimum dəstək verməyə davam edir. Bizim burada mövcudluğumuz və 2017-ci ilə dair planlarımız Türkiyənin bu dövrü rahatlıqla geridə qoyacağına aşkar bir nümunədir.

2 Sentyabr 2016 4:19

“Xoşbəxt Yusifzadə onları gecə-gündüz sıxışdırır, narahat olmayın” –Rövnəq Abdullayev

"Əsas hədəfimiz Avro-2020-dir. Uşaqlar öz üzərilərinə öhdəlik götürüblər ki, startda uğur qazanaq və niyə də Dünya çempionatı – 2018-in final mərhələsində iştirak etməyək?" Bu haqda AFFA pezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra keçirdiyi brifinqdə bildirib. Strateq.az xəbər verir ki, qurum rəhbəri "Report"un suallarını cavablandırıb: Mətbuatda yazırlar ki, "Bakı" klubunın prezidenti Hafiz Məmmədovla təkbətək görüşünüz olub. Ancaq "Bakı" çempionatda çıxışını dayandırdı. Bununla bağlı fikriniz maraqlıdır… – Hafiz müəllimlə görüşümüz olmayıb. "Bakı"nın Azərbaycan futbolunda böyük ənənəsi olub, böyük işlər görüb. Amma son vaxtlar FİFA qarşısında böyük maliyyə öhdəçilikləri yarandı. Nəticədə FİFA ötən mövsüm klubun 15 xalını sildi. İndi də xal silinmə prosesi davam edir. Klub bu öhdəçilikləri yerinə yetirmək, lisenziya almaq üçün sənədləri bu gün də təqdim etməyib. Bunu həll etsə belə, həmin sanksiya kluba yox, AFFA-ya qarşı da yönələ bilər. Çünki onlar bizdən də tələb edirlər ki, klub öhdəçiliyi yerinə yetirsin. Ona görə də "Bakı"nın çempionatda çıxışı hüquqi cəhətdən baş tutmur. Bununla bağlı AFFA hər hansı güzəşt edə bilərmi? – Xeyir. Heç bir güzəşt ola bilməz. "Bakı" çempionatda çıxış etsə, biz AFFA olaraq FİFA qarşısında məsuliyyət daşıyacağıq. Klubların sayının azalmasının Premyer Liqaya mənfi təsiri varmı? – Olacaq. Klubların, oyun sayının azalması 2 vur 2 kimi bir şeydir. Ancaq ayrı bir yolumuz yoxdur. Bu il qərar qəbul etdik ki, cari mövsümə 8 komanda ilə başlayaq, gələn il doğru-düzgün 10 komanda olsun. Futzal yığmamızın üzvləri ilə görüşdüyünüzü bildirdiniz. Millinin baş məşqçisi də bildirib ki, az oyun keçiriblər. O, bu istəyini sizinlə görüşdə dilə gətirdimi? – Gecdir artıq. Bir neçə gündən sonra dünya çempionatının final mərhələsinə yollanırlar. Gərək özlərini Kolumbiya vaxtına kökləsinlər. Bu gündən artıq onların vaxtı ilə yatıb-durmalıdırlar ki, buna uyğunlaşa bilsinlər. Siz Kolumbiyaya final mərhələsinə yollanacaqsınız? – Xeyir. Millimizin qarşıda San Marino yığması ilə rəsmi səfər oyunu var… – Millimizə uğurlar dilədik. Biz onlara xeyir-dua verdik. Rəqiblərin hamısı çətindir. Biz onlara qələbə arzuladıq. Çalışmalıdırlar ki, yeni seçmə mərhələyə qələbə ilə başlasınlar. Futbolda asan rəqib olmur. Seçmə mərhələnin startı öncəsi qarşıya bir hədəf qoyulubmu? – Hədəf həmişə var. Əsas hədəfimiz Avro-2020-dir. Yəqin ki, vurduğumuz şüarı gördünüz. Niyə də yox? Uşaqlar özləri düşünmüşdülər. Bu, gözəl şüardır ki, başlanğıcda maksimum irəli gedək. Onlar öz üzərilərinə öhdəlik götürüblər ki, startda uğur qazanaq və niyə də Dünya çempionatı – 2018-in final mərhələsində iştirak etməyək? Vaxtilə klublarda Müşahidə Şurasının yaradılmasının vacibliyini qeyd etmişdiniz. Ancaq son proseslər göstərir ki, bu qurumu yaratmayan klublar irəli gedirlər. Məsələn, "Qarabağ" və "Qəbələ" yenidən Avropa Liqasının qrupuna düşdülər. Düşünmürsünüz ki, Müşahidə Şurasının yaradılması uğursuz layihədir? Məhz bu şura yaradılandan sonra klublar uçuruma doğru gedirlər? – Yox, biz belə bir şey düşünmürük. Müşahidə Şurası pis oyuna dəlalət etmir. Bu, quruluşdur, şəffaflıq deməkdir. Bu ayrı şeydir, o ayrı şey. Bunu bir-biri ilə qarışdırmayın. Mənim klubların daxili işi haqda nəsə deməyə ixtiyarım yoxdur. Heç vaxt baş məşqçini bir uğursuzluğa görə istefaya göndərməyin tərəfdarı olmamışam. O vaxt "Neftçi"nin prezidenti olduğum zaman baş məşqçi Qurban Qurbanovu 1-2 oyun uduzanda istefaya səslədilər. Həmin adamlara dedim ki, Qurban iki yüz oyun da uduzsa, biz onu istefaya göndərməyəcəyik. Kimsə bunu hazırlayırdı. Mən onlara dedim ki, gedin, nə edirsiniz edin, mən Qurbanovu buraxmayacağam. Onlar da "istefa" qışqırmağı tərgitdilər. Məşqçiyə özünü göstərmək üçün vaxt verilməlidir. Məşqçi dəyişikliyi heç vaxt yaxşı nəticə vermir. Bəlkə rəhbərlik dəyişməlidir? – O da ola bilər. Əsas məşqçidir. "Neftçi"də bir rəhbər yoxdur, rəhbərlikdə bir neçə nəfər yer alıb. Onlar baş məşqçini seçirlər və sonra onun işinə qarışmırlar. Məndə olan məlumata görə belədir. Sizin "Neftçi"də olduğunuz dövrdə stadiona gələn azarkeş ordusu ilə klubun hazırkı azarkeş kütləsi arasında böyük fərq var… – Azərbaycanda azarkeş problemi var. Neçə ildir futboldayam, azarkeşlərin stadiona gəlməsi aşağı səviyyədədir. Mənim vaxtımda da belə idi. Bir az qələbə olanda, beynəlxalq matçlar olanda gəlirlər. İngiltərə, Avropaya baxırıq, 40 minlik stadionu doldururlar. Biz 60-70 minlik Olimpiya Stadionu tikmişik. "Neftçi" 11 minlik "Bakcell Arena"nı doldura bilmir. Azarkeş gəlmir. Həvəs yoxdur, nədir bilmirəm. Menecmenti düz qurmuruq. İnsanları stadionlara cəlb etmək lazımdır. Bunun üçün gecə-gündüz çalışmalıdırlar. Xaricdə Müşahidə Şurasının üzvləri pul qoyuluşu edirlər. Ancaq "Neftçi"də üzvlər klubu dövlətdən alınan pulla idarə edirlər. Düşünmürsünüz ki, burada hər hansı uyğunsuzluq var? – Xeyir. SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə "Neftçi"nin azarkeşidir, Ağsaqqal Şurasının sədridir. O, onları gecə-gündüz sıxışdırır, narahat olmayın (gülür). Çimərlik yığması tarixində ilk dəfə Super Liqaya vəsiqə qazandı. Ancaq Azərbaycanda çimərlik futbolu çempionatı yoxdur. Bu haqda düşünmürsünüz? – Biz hələ ki bu haqda düşünməmişik. Çimərlik futbolu üçün stadion tikməliyik. Mən Braziliyada olanda gördüm ki, hamı çimərlikdə futbol, voleybol oynayır. Baxırsan ki, hər yerdə oynayırlar. Ancaq bizdə çimərlikdə voleybol oynayan yoxdur.

30 Avqust 2016 9:53

Rübabə Muradova ölüm ayağında yalvararaq nə istəyib? – MÜSAHİBƏ

Heydər Baba, yolum səndən kəc oldu, Ömrüm keçdi, gələmədim, gec oldu, Heç bilmədim gözəllərin necoldu, Bilməz idim döngələr var, dönüm var, Itkinlik var, ayrılıq var, ölüm var…   Bu məşhur misraları Şəhriyar yazdı, amma ona can verən o oldu-Rubabə Muradova. Səsinin yanğısını, könlünün qubarını-həsrətini, taleyinin acısını, nisgilini Şəhriyarın misralarına töküb, elə oxudu ki, naləsi ilə ürəkləri dağladı. “Öləndə bir ovuc Ərdəbil torpağını qəbrim üstə səpərsiniz”- deyən sənətkar əli çatmayan, ünü yetməyən vətən nisgilini də elə özüylə məzarına daşıdı.   Payına cəmi 50 il ömür düşən Rübabə Muradovanın bizə verdiyi bəxşiş daha uzunömürlü oldu - yanıqlı səsini, avazını deyirəm. Özü bizimlə olmasa da, səsi, avazı bizimlədir.   Publika.az böyük sənətkarımızı xatirə günündə xalq artisti Canəli Əkbərovla bərabər xatırlayacaq:     - Canəli müəllim, səhnədəki ilk Leylinizdən danışacağıq, xatırlayırsınız? - Rübabəni heç yaddan çıxarmaq olar? Rübabəni həm ilk Leylim olduğu, həm də gözəl sənətkar olduğu üçün çox sevmişəm. Bəzən rəhmətə gedən elə sənətçilər barədə soruşurlar ki, deməyə söz tapmırsan. Amma elə sənətkarlar da var ki, heç düşünmürsən, söz özü gəlir. Rübabə elə sənətkarlardandır. Altı Leylim olub, amma nə gizlədim, Rübabənin həqiqi məcnunu olmuşam.   - Bəlkə o günlərə qayıdaq, xatirələrinizi ipə-sapa düzəsiniz… - 1975-ci ilin sonunda rejissor Mehdi Məmmədov “Leyli və Məcnun” tamaşasını hazırlayanda və mənə deyəndə ki, Leylin Rübabə Muradova olacaq, əlim-ayağım həyəcandan əsdi. Çünki o vaxtlar Rübabə yanğılı səsi ilə çox sevilirdi və insanlar onun avazından ötrü ölürdülər. Nə başınızı ağrıdım, biz səhnəyə çıxanda, zal dağılırdı alqış sədalarından. Tamaşada “Şam” səhnəsi var, orda  Rübabə necə nalə çəkirdisə, tamaşaçılar ağlaşırdı. Rübabə özü də ağlayırdı. Bəzən səhnədə göz yaşı tökmək üçün müəyyən vasitələrdən istifadə olunur, amma Rübabə o qədər təbii oynayırdı ki... Hətta deyərdim ki, səhnədə olduğunu, rol oynadığını unudurdu. Qismət elə gətirdi ki, mən rayonlara qastrola da ilk dəfə Rübabə xanımla çıxdım. Rayon camaatı onu o qədər sevirdi ki, görəndə duz kimi yalayırdı.   - Rübabə xanımı o biri Leylilərdən fərqləndirən nə idi? - Qəddi-qaməti vardı, qaşı-gözü gözəl idi, buna söz yox. Amma Rübabənin səsi adamı öldürüb-dirildirdi. Ərdəbildən gəlmişdi, vətən həsrətini çəkən qadın idi. Vətəndən söz düşəndə gözünün yaşını leysan kimi tökürdü.   - Onun da sizdən başqa çox Məcnunları olub - Əbülfət Əliyev, Qulu Əsgərov, Arif Babayev, Mayis Salmanov, Baba Mahmudoğlu… Onu o biri Məcnunlara qısqanırdınız? - Yox, çünki mən də elə-belə, sıradan bir Məcnun olmamışam. O biri məcnunlardan heç də zəif deyildim, qısqanmaq zəif insanların işidir. Bir əhvalat danışım sizə, onda görəcəksiniz ki, Leylim mənə necə aşiq idi. Mən Məcnunun Leylinin dərdindən divanə olub, çöllərə düşdüyü səhnəni oynayırdım. Orda ürəkləri titrədən bir səhnə var, nalə çəkirəm. Qrim otağında olan Rübabə necə həyəcanlanmışdısa, səhnənin kənarından mənə baxıb. Səhnəni tərk edəndən sonra mənə qayıtdı ki: “Ədə, camaatı mən ağladıram, sən də məni ağladırsan?” Həmişə şirin Ərdəbil ləhcəsi ilə bizə “ədə” - deyə müraciət edərdi.   - Görünür, siz də onun sevimli Məcnunu olmusunuz. Bəs, xasiyyətcə necə insan idi? - Gözəl. Zarafatcıl, yumoru sevən, səmimi, həm də xanım-xatın bir qadın idi. Bir xatirə yadıma düşdü. “Leyli və Məcnun”da ilk dəfə Məcnun olmağımın şərəfinə evimdə qonaqlıq təşkil etdim və bütün yaradıcı heyəti qonaq çağırdım. Amma Rübabənin dalınca özüm getdim, yolüstü tarzən Bəhram Mansurovu da götürdüm. Rübabə onda Voladarski adına Tikiş Fabrikinin yanında qalırdı. Qalxdım yuxarı, gördüm oturub güzgünün qarşısında özünə bəzək vurur. Biz ona “Rubuş“ deyə müraciət edərdik. Dedim ki, bəs, Rubuş, səni evdə gözləyirlər, gəlmişəm səni aparım. Gördüm getmək istəmir, qayıtdı ki, yenə toy olsaydı, gələrdim. Mən də ona zarafatla dedim ki, ay Rubuş, bu yazıq Leyli heç Məcnundan yarımadı, onun çörəyini yemədi, heç olmasa, gəl, evimdə bir tikə çörək kəs. Zarafat qanan adam idi, bu sözlərimdən sonra bizə gəldi. Evdə də bir gecə qonaq saxladıq. Çünki arvad-uşaq onu çox istəyirdi.   - Xoşbəxt sənətkar olduğu bəllidir, bəs, həyatda necə, xoşbəxt qadın idi? - Yox. İki dəfə ailə qurdu, heç birindən yarımadı. Həyatında müəyyən səhvlərə yol verdi, indi o barədə danışmaq istəmirəm. Çünki böyük sənətkarlar elə yaddaşda böyük insan kimi də qalmalıdır.   - Ustad xanəndə Qulu Əsgərovla sevgili olduqları barədə deyilənlər doğrudurmu? - Bu barədə də heç nə deyə bilmərəm. Olubsa da, öz aralarında olub.   - Bacısı Tahirə xanım demişdi ki, uzun illərdən sonra Ərdəbildə  sevdiyi oğlanla tale onları yenidən qarşılaşdırıbmış və ömrünün son 15 ilini Rübabə xanım o kişi ilə birgə yaşayıb...  - Rübabə xanımın hələ gəncliyində sevdiyi oğlanın olduğu deyilirdi. Eşitdiyimə görə, hətta o müğənni olduğu üçün oğlanın ailəsi onu almaq istəməyib. Oğlan da  ailəsindən acıq çıxmaq üçün heç vaxt evlənməyib. Amma onların sonradan yenidən bir-birlərini tapdıqlarını bilmirdim. Rübabə gözəl qadın idi, çatma qaşları nəyə desən dəyərdi. O vaxt Hindistandan məşhur “Cənab 420”  adlı hind filminin yaradıcı heyəti Bakıya gəlmişdi. Rübabəni görən hind aktyorları heyrətə gəlmişdi ki, necə gözəl qadındır. Onlar Rübabəni hind qızlarına oxşatmışdılar.   - Sevənləri çox olardı yəqin? - Sevənləri deyəndə ki, sənətinə pərəstiş edənlər çox idi.   - Sağlığında ikən haqqında şayilər gəzirdi? - Rübabə heç vaxt belə şeylərə fikir verməzdi.   - O dövrün xanım sənətkarları ilə münasibəti necə idi, heç küsülü olduğu müğənni vardı? - O vaxtkı xanımlarla indiki müğənni xanımlar arasında yerlə-göy qədər fərq var. Onlar hətta kiminləsə düşmən olsalar belə, bunu üzə vurmazdılar. Üz-üzə gəldikləri məclisdə bir-birlərinə salam verərdilər ki, kənardan baxanlar münasibətlərinin pis olduğunu anlamasınlar. Onu denən indikilərə, bir şey olmamış qaçırlar efirə, açırlar sandığı, tökürlər pambığı.   - Deyilənə görə, xanım sənətkarlar arasında onun paxıllığını çəkənlər çox olub və hətta ondan anonim məktublar da yazıblar? - Əlbəttə o cür səsin sahibini qısqananlar, paxıllığını çəkənlər vardı. Bəzən oturub tonlarla çörək yediyimiz adamdan elə nankorluq görürük ki… Rübabəylə də oturub çörək kəsən adamlar gizlindən işlərini görürdü. Təbii ki, bu mənada istəməyənləri vardı, yuxarılara gizlin şikayətlər də olurdu. Amma imanımı yandıra bilmərəm, onları kimlərin yazdırdığından xəbərsizəm.   - Heç olmasa, anonim məktub yazdıranların “zəhməti” öz bəhrəsini verirdimi? - Əziyyətləri elə özlərinə qalırdı. Rübabə, əksinə, daha çox sevilirdi. Müəyyən dairələrdə İrandan gəldiyi üçün sıxışdırılsa da, çox böyük hörmətə sahib idi. Bilirsiniz ki, Rübabə 13 yaşında ikən müəyyən səbəblər üzündən atası ilə Azərbaycana gəlmişdi. Bu səbəbdən ona xaricə getməyə qadağalar da qoymuşdular. O vaxtlar bir çox sənətkarlar İrana konsert verməyə gedirdi, amma Rübabəni qoymurdular. Ona görə gələndən-gedəndən Ərdəbili, ordakı evlərini soruşurdu. Bağında həyətini Ərdəbildəki evlərinin həyətinə bənzətmişdi, ordakı ağaclardan əkmişdi. Bir dəfə Astaraya qastrola getmişdik, sərhəddin kənarından dayanıb İrana baxdı. Qəfildən bir nalə çəkdi, elə ağladı ki, elə bildik yer titrədi. Onu uzun müddət özünə gətirə bilmədik.   - Ən çox hansı mahnısını sevirdi? - “Ay dağlar, səndə gözüm var, Ay, məndə hər dərdə dözüm var, Xəbər verin yar gəlsin, Mənim ona sözüm var. Gəl bizə, gəl bizə, gəl bizə yar, Qurbanam o qaş gözə yar…” Ömrünün son günlərində bu mahnını tez-tez oxuyardı.   - Toylara gedirdi? - O dövrün bütün məmurları onu həvəslə toylarına aparırdılar.   - Hər bir sənətkarın kaprizi olur, Rübabə xanımın kaprizləri vardımı? - Mən görmədim. Onu da deyim ki, Rübabəni toya aparan adamlar onun səsinin dəyərini yaxşı qiymətləndirirdi.   - Varlı sənətkar idi? - Yox. Çox sadə həyat tərzi vardı. Varı-dövləti səsi idi. Heyif ki, çox az yaşadı, 50 il. Qaraciyər serrozundan dünyasını dəyişdi. Ölümündən qabaq görüşmüşdük. Çox arıqlamışdı, xəstəlik onu əldən salmışdı. Nə yaxşı ki, onu yad eləmisiniz. İlk Leylimi xatırlamaq mənə də çox xoş oldu.   Cəvahir Səlimqızı * Fotoları təqdim edirik

28 Avqust 2016 12:19

“Ona “qanuni oğru” deməyə dilim gəlmir” -Sabiq polis polkovniki

“O, sözün əsl mənasında “lotu” idi” Mahmud Hacıyev: “Rövşənin nüfuzu qürbətdəki soydaşlarımız üçün böyük bir “krişa” idi” “Rövşən də, Hikmət də həll edilməyən problemləri 15-20 dəqiqəyə həll edirdi” Məşhur avtoritet Rövşən Lənkəranskinin ölümü ilə bağlı müzakirələr hələ də davam edir və yəqin ki, bu qətl, habelə Rövşənin şəxsiyyəti, həyat yolu, onun qürbətdəki azərbaycanlılar üçün əhəmiyyəti, onların problemlərinin həllindəki rolu və s. hələ uzun illər müzakirə mövzusu olaraq qalacaq. Moderator.az millət vəkillərindən tutmuş siyasətçilərə, hüquq-mühafizə orqanları əməkdaşlarından tutmuş sadə vətəndaşlara qədər hər kəsin maraq göstərdiyi bu məsələ ilə bağlı fikirlərini öyrənmək, Rövşənlə bağlı mübahisə predmeti olan bəzi məsələlərə aydınlıq gətirmək üçün tanınmış hüquqşünas,  sabiq polis rəisi, polkovnik Mahmud Hacıyevə müraciət edib:   -Mahmud müəllim, Rövşən Lənkəranski sizə görə kim idi? Onu “qanuni oğru” adlandırmaq nə dərəcədə doğrudur? Bu ad onun əməlləri, yaşam tərzi ilə nə dərəcədə uzlaşır?   -Rövən Lənkəranskiyə “qanuni oğru” deməyə dilim gəlmir. Öncə bir şeyə diqqət çəkim ki, II Dünya müharibəsindən sonra iqtisadi baxımdan ağır vəziyytə düşən, ayrı-ayrı oğru və qrupların fəaliyyətini əngəlləyə bilməyən SSRİ-də oğurluqlar geniş yayılmışdı. Mənzillər, banklar qarət edilirdi. Həmin ərəfədə Stalin hətta Cinayət Məcəlləsində profilaktik tədbir kimi maddələrin cəza hissəsinin çəkisini də artırdı. Məqsəd oğurluq, quldurluq, soyğunçuluq hallarının azalmasına nail olmaq idi. Həmin ərəfədə bir neçə dəfə yatıb çıxanlara, oğurluqla çox məşğul olanlara “qanuni oğru” adı qoydular. II Dünya müharibəsindən sonrakı dövrdə, 50-ci illərdə çıxan bir adı indiki şəraitdə kriminal aləmin bir avtoritetinə, R.Lənkəranski kimi bir adama tətbiq etmək mənim fikrimcə düzgün deyil.   -Madam ki, Rövşən “qanuni oğru” deyil, o zaman bəs kimdir?   -Iş ondadır ki, II Dünya müharibəsi sonrakı meydana çıxan bu adı yeni şərait və şərtlərə uyğun olaraq başqa ifadə ilə əvəz etmək kriminal aləmin yadına düşmür və yəqin ki, bu gündən sonra da bununla məşğul  olmayacaqlar. Bu proses davam edəcək. R.Lənnkəranski sözün tam, yaxşı mənasında “lotu” idi. O, kriminal aləmdə sözü keçən hörmətli bir şəxs idi. Nə Rövşənin, nə də onun ətrafının heç bir quldurluqda, soyğunçuluqda, narkotik işində əlləri olmayıb. Kiminsə mənzilini qarət etsinlər, kiminsə nəyinisə oğurlasınlar, hansısa narkotik alqı-satqısı təşkil etsinlər – belə bir şey olmayıb. Bu işlərlə məşğul olmayan şəxsə “qanuni oğru demək, zənnimcə bu düzgün deyil. R.Lənkəanski sözü keçən hörmətli bir “lotu” idi. O, sözün yaxşı mənasında “lotu” idi.   -Rövşəni bir çox hallarda qürbətdə yaşayan azərbaycanlıların himayəçisi kimi təqdim edirlər. Sizcə bu məsələdə onun rolu həqiqəqtənmi bu dərəcədə əhəmiyyətli və irimiqyaslı olub?   -Rövşən Ukrayna, Rusiya və Türkiyədə böyük nüfuz sahibi idi. O, bu nüfuzundən həm böyük bizneslə məşğul olan, həm pərakəndə alverlə məşğul olan, həm də bir qarın çörəyə işləyən azərbaycanlıların himayə edilməsində istifadə edirdi. Onun nüfuzu bu üç ölkədə yaşayıb işləyən soydaşlarımız üçün böyük bir “krişa” idi. Rövşən bu üç ölkədə yaşayan azərbaycanlılara böyük bir dəstək idi. Bu ölkədə yaşayan azərbaycanlıların başına hər hansı bir hadisə gələn zaman onlar hüquq-mühafizə orqanlarına müraciət edəndə, çox vaxt həmin hüquq-mühafizə orqanları gəlmə azərbaycanlıların problemini həll etmir, buna maraq göstərmirdi. Yaxud, Azərbaycanın bu dövlətlərdəki səfirliyinə, konsulluğuna müraciət edəndə hardasa bürokratiya, hardasa başdansovduluq bu problemin həllinə mane olurdu. Hətta bu problemin həllinə kimsə ürəkdən can yandırsa belə, məsələnin həlli üçün bir qədər zaman tələb olunurdu. Yəni həmin azərbaycanlıların hüquqlarının bərpası ciddi problemə çevrilirdi. Belə məsələləri azərbaycanlılar üçün Rövşən kimi oğullar həll edirdi. Onlar sözü həqiqi mənasında bu kimi problemləri 5 dəqiqəyə həll edirdi. Ona görə də onlar bu qədər böyük hörmət və nüfuz əldə edirdilər. Rövşən kimi oğlanlara “qanuni oğru” demək düz deyil. Bu söz ona və onun kimi oğullara yaraşmır.   -Lakin bu da bir həqiqətdir ki, Rövşən bir neçə dəfə hbs olunub, həbsxana həyatı yaşayıb...   -Onun bir neçə dəfə yatıb çıxması heç vaxt soyğunçuluqla, oğurluqla, narkotiklə bağlı olmayıb. O, həmişə qeyrətli maddələrlə yatıb çıxıb. Mən məsələyə bu nöqteyi-nəzərədn yanaşıram.   -Rövşən bəzi millət vəkilləri, məmurlar tərəfindən də hörmət və ehtiramla anılır, başqalarına örnək göstərilir. Dövlət rəsmilərinin Rövşənə münasibətdə bu konteksdən çıxış etməsinə necə baxırsınız?   -Bəzi millət vəkillərinin, nazir müavinlərinin, siyasilərin ona hörmətlə yanaşmasına gəlincə, mən onları alqışlayıram. Onlar hardasa mənim sizə dediklərimi başa düşürlər, məsələyə oğurluq konteksindən yanaşmırlar. Rövşənə azərbaycanlıların qeyrətini, təəsübünü, qayğısını çəkən bir oğlan kimi yanaşırlar. Sizə elementar bir misal çəkim. 15 il bundan öncə yaxın bir dostum mənə bir söhbət elədi. Bu, Rövşən kimi böyük nüfuza sahib olan Hikmət haqqındadır. Dostum deyir ki, o, Moskva aeroportundan Bakıya uçmaq ərəfəsində ayaqyoluna dəyir. Bu zaman rus kriminal aləminin iki iricüssəli şəxsi ayaqyolunda bunun cibindəki 7 min dollar məbləğindəki pulu götürür. O, nəhənc cüssəli iki rusa müqavimət göstərə bilməyib və pulu əlindən çıxıb. Dostum deyir ki, mən çox gərgin, sarsılmış halda çöldə məni gözləyən qohumumun yanına gəldim. O, nə baş verdiyini soruşub. Dostum isə başına gələnləri danışıb və sonra soruşub ki, hüquq-mühafizə orqanlarına müraciət edim? Bəlkə getməyi təxirə salıb Azərbaycan səfirliyinə müraciət edək? Qohumu isə bildirib ki, bunu nə səfirlik, nə də güc orqanları həll edən deyil. Dostum deyir ki, qohumum elə aeroportdan Hikmətin yaxın bir dostuna zəng etdi. Hikmətin dostu isə soruşdu ki, aeroportun hansı hissəsindəsiz? Harda oturmusunuzsa orada da qalın, indi məsələ həll olunacaq. Dostum deyir ki, heç 20 dəqiqə keçmədi ki, yoxa çıxan ruslar qəfildən peydə oldular və məndən aldıqları 7 min dollar pulu geri qaytardılar. Həmin pul Hikmətin hörmətinə, sözünə görə qayıtdı. Biz Rövşənə də, Hikmətə də bu konteksdən yanaşmalıyıq. Mənim hər ikisinə keçmiş polis zabiti, keçmiş polkovnik kimi böyük simpatiyam var.   Ardı var.   Seymur Əliyev

26 Avqust 2016 12:18

“Rəşidin düşmənləri var idi, onunla bacarmadılar, mənim üstümə düşdülər” –Rəşid Behbudovun bacısı oğlundan sensasion müsahibə

Ukraynada yaşayan azərbaycanlı müğənni, dahi mərhum müğənnimiz Rəşid Behbudovun bacısı oğlu Cəfər Behbudov müsahibə verib. Cəfər Behbudov ötən əsrin 80-ci illərində çox məşhur olub. Onu təkcə istedadına, səsinə yox, həm də Rəşid Behbudova görə tanıyıblar. Böyük müğənninin bacısı oğlu olmaq şöhrətinin üstünə şöhrət gətirib, qapıları üzünə taybatay açıb. Amma çox keçməyib, o qapılar açıldığı kimi də bağlanıb. Və gənc müğənni ölkədən birdəfəlik gedib. Buna “birdəfəlik gedib” yox, birdəfəlik küsüb də demək olar. O 1991, bu da 2016. Cəfər Behbudov indi o qədər də tanınmır. Bu günün gəncliyi onu ümumiyyətlə görməyib, soruşsan, çiynini çəkəcək. Dəliqanlı vaxtları, sevgisi 80-ci illərə düşənlər isə başqa məsələ. “Bağçadan gələn səs”, “Sevdim”, “Neyləyim” mahnılarını çox dinləmiş olarlar. Bir də Flora Kərimova ilə oxuduğu “Sevgi mahnısı” zamanında dildən-dilə gəzirmiş. Bu misra o mahnıdandır: “Bir gün qəribsəyərsən, bilinər ömrün dadı”. Taleyini Ukraynaya bağlayan Cəfər Behbudovun vətən üçün qəribsədiyini hər cümləsindən bilmək olar. Ömrün dadı necədir, onu özü desin… Faktinfo.az APA-ya istinadən həmin müsahibəni təqdim edir: – Vallah, bilmirəm, nə deyim, necə danışım. İndi mənə qalan ancaq şəkillərdir. Baxıram və təəssüflənirəm ki, hər şey keçmişdə qaldı. Təskinliyim ancaq budur: məni axtarırlar. Bir gün Bakıdan zəng gəlir və görürsən, bir cavan səninlə maraqlanır, haqqında danışır. Buna görə Allahıma şükür edirəm. Bundan başqa, Hikmət Cavadovla (Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri – red.) sıx münasibətlərimiz var, tez-tez maraqlanır, danışırıq. Belə şeylərə görə hiss edirəm ki, hələ unudulmamışam. Çoxdandır, Azərbaycan dilində danışmıram, ona görə, görürsünüz də, rus sözlərindən çox istifadə edirəm. – Bakıdan niyə getdiniz? Gəlin, bundan danışaq… – Yaşamaq üçün pul lazım idi. Ukraynada restoranlarda oxuyub pul qazanırdım. Tədbirlər olanda bizimkilər hərdənbir çağırırdılar. Mən Bakıda yaşayanda Azərbaycan Televiziyasının solisti idim. Bir dəfə işə gələndə adımı ixtisara düşənlərin siyahısında gördüm. Getdim kadrlar idarəsinə, dedilər, təzə sədr gəlib, onunla danış. Təzə sədri də tanımırdım, gedib nə danışacaqdım? Adımı da işdən çıxarılanların siyahısına salmışdılar, sağ olsunlar, çox sağ olsunlar, vəssalam. Polad Bülbüloğlu o vaxt mədəniyyət naziri idi, getdim onun yanına. Dedim, Polad, vəziyyətim belədir, işsiz qalmışam. Dedi, bir az gözlə. Bir il gözlədim. Həmin ərəfələrdə tez-tez Ukraynaya gəlirdim, yaxşı dostlarım var idi. Gözlədim, gözlədim, gördüm, heç nə çıxmır. Ondan qabaq da dayım Rəşid Behbudovun Mahnı Teatrında oxuyurdum. Birdən-birə hər şey dağıldı. Konsert olmalı idi, dayım oxuyacaqdı. Rəhmətə gedəndən sonra dedilər, onun yerinə oxuya bilərsən? Dedim, əlbəttə, oxuyaram. Açılış oldu, oxudum. Sonra başa düşdüm ki, heç kimə lazım deyiləm, çıxıb getdim. – Deməli, Rəşid Behbudov nə qədər sağ olub, işləriniz yaxşı gedirmiş. Onun ölümündən sonra sizə münasibət dəyişib… – Əksinə, mən deyərdim ki, daha çox öz istedadım və səsimin hesabıma hər şeyi əldə etmişdim. Düzdür, hərdən anama mənimlə bağlı məsləhətlər verirdi. – Bakıdakı dostlarınız kimlər idi? – Eldar Mansurov. Onunla yaxşı dostluğumuz var idi. Eldar mənə çox kömək etmişdi. Ona bu gün də minnətdaram. İndi heç bilmirəm Eldarın işləri necədir. Onunla məmnuniyyətlə görüşmək istəyərdim. Eldar mənim qardaşımdır. – Deməli, köhnə dostla çoxdandır əlaqəniz yoxdur… – Düzünü deyim, yox. Bir dəfə Ukraynaya gəlmişdi, onda görüşmüşdük. Nə isə müsabiqə vardı, Eldar da jürinin üzvü idi. Zəng vurdu ki, görüşməliyik. Mənə “minusovka”lar verdi ki, hansını istəyirsən, yaz. Evdə studiyam var idi, dedi, mahnılarını yaz göndər, mən radioda oxutduracağam. Bir-iki mahnı yazıb göndərdim, amma o qədər də istəmirdim ki, efirə verilsin. Nəyə lazımdır axı? Zaman keçmişdi, hər şey arxada qalmışdı. Ya böyük addımla irəli getməlisən, ya da heç nə lazım deyil. Siyavuş Kərimi də mənim dostumdur, amma onunla da çoxdandır danışmırıq. – Sonralar Bakıya niyə gəlmədiniz? – Hara gəlim, kimə gəlim? – Rəşid Behbudovun xanımı və qızı Bakıda yaşayır… – Bilirəm. Ceyran xanım çox güclü, möhkəm qadındır. Mən kiməm? Ümumiyyətlə, niyə gəlim axı? Vallah, bilmirəm, nə deyim. Heç bilmirəm, məni orda necə qarşılayarlar. – Bəlkə bu uzaqlığın, ögeyliyin səbəbkarı elə siz özünüz olmusunuz… – (Sükut) Vaxt keçib, başa düşürsünüz, vaxt keçib. Çoxdandır danışmırıq. 90-cı illərdə hərdənbir zəngləşirdik. 1999-cu ildə anam rəhmətə gedəndə görüşmüşük, vəssalam. Ondan sonra əlaqəmiz olmayıb. Bacım Firuzə Behbudova da Bakıda yaşayır. – 20 ilə yaxın vaxt keçib, heç ürəyinizdən keçməyib ki, gəlib dayınızın, ananızın məzarını ziyarət edəsiniz? – İnternet var, İnternetdə baxıram ki, heykəli necə düzəldiblər, nə danışıblar, nə deyib, kimlər iştirak edib. Mən heç kimi özümə düşmən bilmirəm. Rəşidin düşmənləri var idi, onunla bacarmadılar, mənim üstümə düşdülər. – Söhbət hansı düşmənlərdən gedir? – Bu barədə danışmaq istəmirəm. – Rəşid Behbudovun ölümü ilə bağlı müxtəlif söz-söhbətlər var. Bəziləri hətta onun öldürülməsi ilə bağlı iddialar səsləndirir. Sizin bu iddialara münasibətiniz necədir? – O, çox xəstə idi, ağrıyırdı. Mən xəstəlikdən başqa bir şey haqda düşünmürəm. Rəşid Behbudovun öldürülməsi ilə bağlı iddiaları qəbul etmirəm, məncə, bu iddialar əsassızdır. – Sizin ananız əməkdar artist Nəcibə Behbudovadır. Atanızın yox, ananınız soyadını götürmüsünüz. Bu Rəşid Behbudova görədir? – Yox, dayıma görə deyil. Doqquz yaşım olanda anamla atam ayrıldılar. Anam məni atamın familiyasında çıxarıb öz familiyasına keçirdi. Onlar teatrda tanış olub evlənmişdilər. Sonralar atam Ağaəli Məstanov teatrdan uzaqlaşdı, 80-ci ildə rəhmətə getdi. Anamgil ailədə üç uşaq olublar. Rəşid dayım, Ənvər dayım, bir də anam. Ənvər Behbudov Rusiyada rejissorluğu bitirib. Ulyanovsk, Xabarovsk, Novosibirsk teatrlarında rejissor vә bәdii rәһbәr olub. Sonra Bakıda Rus Dram Teatrının baş rejissoru olub. Rusiyanın xalq artistidir. Yadıma gəlir ki, hərdən Bakıya gəlirdi, Rəşid dayımla konsertləri müzakirə edirdilər, məsləhətləşirdilər. Sonra nə deyim? Anam “Bəyin oğurlanması” filmində çəkilib. Əvvəl o film musiqili film olmalı idi. Sonra dəyişdilər. Hətta sizə deyim, məni də o filmə çəkmək istəyirdilər. Sonra anam “Ulduz” filmində çəkilib. Anamın mənə köməkliyi çox dəyib. Pianino aldı mənim üçün, Musiqili Komediya Teatrında işləyəndə kömək etdi, məni xora qəbul elədilər, sonra Asəf Zeynallı adına məktəbə qəbul olundum. Xorda, sonra aktyor truppasına da qəbul edildim. Mən Nəsibə Zeynalovanın, Lütfəli Abdullayevin, Bəşir Səfəroğlunun gözünün qabağında böyümüşəm. – Oxumağa nə vaxtdan başladınız? – Lap uşaqlıqdan. Mahnıların radio və televiziyada səslənirdi. Ruhəngiz Qasımova o vaxt uşaq mahnıları yazırdı, onun mahnılarını oxuyurdum. Gəncliyimdə isə Brilliant Dadaşova, Mübariz Tağıyev, Firəngiz Rəhimbəyova ilə televiziyanın ştatlı solistləri idik. Konsertlərdə isə Flora Kərimova ilə bir yerdə oxuyurduq. – Flora Kərimova ilə oxuduğunuz mahnı vaxtilə Bakıda çox məşhur olub… – Hə, Flora ilə bir klip çəkdirmişdik. Çəkilişdən sonra öz maşını ilə məni evə qədər apardı. Özü sürürdü. Mənə məsləhət gördü ki, heç vaxt heç kimi yüz faiz sevmə. 99 faiz sev, bir faizini özünə saxla. (Gülür). – Siz Flora xanımı sevməmisiniz? – Yox, yox, nə danışırsınız. (Gülür). Sevgi söhbəti olmayıb. O çox yaxşı qadındır. Çoxdandır onunla da əlaqəmiz yoxdur. – Azərbaycanın gənc müğənnilərindən kimləri dinləyirsiniz? – Çətinlik çəkirəm nə isə deməyə. Hərdən Azərbaycan televiziyalarına baxıram, qulaq asıram, amma kiminsə adını çəkmək çətindir. – Sizə ən çox məşhurluq gətirən mahnınız hansı olub? – Tofiq Quliyevin “Zibeydə” mahnısı. Bu mahnı mənə çox məşhurluq qazandırdı. Sonra “Bəyin oğurlanması” filmində mənim mahnım səslənmişdi. İnternetdə mahnılarımı yükləyiblər. Amma düzünü deyim, qulaq asmıram. Daha çox qabağa baxmaq lazımdır. Dnepropetrovskda estrada teatrı var, onlar Rəşid Behbudovun və Müslüm Maqomayevin mahnılarını buraxıblar. Tədbirə çağırmışdılar, orda da oxudum. – Müslüm Maqomayevlə münasibətiniz var idi? – Allah rəhmət eləsin, burda Heydər Əliyevin 70 illiyini keçirmişdik. Filarmoniyada yaxşı bir tədbir oldu. Müslüm də, mən də oxuduq. Mənim ad günüm Müslümlə eyni gündədir. 17 avqustda. Demirəm, çox yaxın dostluğumuz var idi, amma münasibətimiz olub. Tədbirlərdə görüşmüşük. – Mənə elə gəlir, siz Bakıdan küsüb getmisiniz… – Yox, bir az düzəliş edək: Bakıdan yox, bəzi-bəzi adamlardan küsüb getmişəm. Yəqin ki, mənim küsdüyüm adamlar indi də var. Ona görə gəlmək istəmirəm. Çoxları elə bilir fəxr ad vermədilər, ona görə çıxıb getdim, amma elə deyil. Əslində, o vaxt mənə fəxri ad vermək istəyirdilər. Adım siyahıda var idi. Sonra Mübariz Tağıyevin adını ora saldılar. Amma mənim heç kimə incikliyim, narazılığım yoxdur. Başa düşürəm ki, belə olmalı idi, vaxt bunu tələb edirdi. – Bakı üçün darıxmırsınız? – Darıxıram. İnternetdə Olimpiya Stadionuna baxıram, çox gözəldir. Halal olsun. Fəxr edirəm. Bakı məni çağırsa, gələrəm. – Bakıda ev almaq imkanınız var? – Burdakı evimi satıb, orda alaram. Düzdür, deyirlər, indi Bakıda evlər bahadır. Mən Kiyevin kənarında yaşayıram. Amma o vaxt yaxşı ki, belə etdim. Kiyevin özü xoşuma gəlmir. – Bildiyim qədər çox az-az hallarda oxuyursunuz. Başqa nə işlə məşğul olursunuz? – Yəqin demək istəyərsiniz ki, necə yaşayıram, necə dolanıram. Hərdən yaxşı olur, hərdən çətinlik olur. İndi nisbətən normaldır. Mənə burda münasibət yaxşıdır. Görünür, familiyam böyük rol oynayır. – Hansı arzularınız var? – İstəyirəm, insanlar məni əvvəllər necə tanıyırdılarsa, elə xatırlasınlar. Bir tərəfdən də adam fikirləşir ki, vaxtım gedib e, vaxt keçdi. İndi istedadlı, gözəl cavanlar var. Mən onlara nə göstərə bilərəm?

24 Avqust 2016 7:51

Fakt

Bizi izləyin