Co Bayden Türkiyəyə niyə gəlir?-ABŞ diplomatından maraqlı müsahibə

ABŞ-ın ikinci adamı Co Bayden sabah Türkiyəyə səfər edəcək. Bir günlük səfər çərçivəsində Obama hakimiyyətinin “bozkardinalı” hesab olunan siyasətçinin ən yüksək dövlət adamlarıyla görüşləri nəzərdə tutulur. Görüşlərdə Fəthullah Gülənin qaytarılmasından, Türkiyə-ABŞ münasibətlərinə qədər çoxşaxəli məsələlərin müzakirəsi gözlənilir. Bəs, görəsən, bu müzakirələr iki ölkə arasındakı pisləşən münasibətləri yenidən normallaşdıra biləcəkmi? Almaniyanın DW xəbər agentliyinin Türkiyə-ABŞ münasibətlərini ən dərin bilicisi hesab olunan, 2008-2010-cu illərdə ABŞ-ın Ankaradakı səfiri vəzifəsində işləyən James Jeffrey ilə müsahibəsi bu kimi suallara aydınlıq gətirir. Müsahibəni Strateq.az oxucularına təqdim edirik: – ABŞ-ın vitse prezidenti Co Bayden bu həftə Türkiyəyə səfər edəcək. Bu ziyarətdən nələr gözləyirsiniz? -Görüşlərdə başlıca müzakirələrin Fəthullah Gülən və onun təslimi prosesilə bağlı olacağını düşünürəm. İkinci mövzunun isə iki tərəfdə də gördüyümüz olduqca sərt ifadə və səhv anlaşılmaların müzakirəsi olacaq və əminəm ki,  bu da əsas müzakirə predmetinə çevriləcək. -Bu ziyarət nələri dəyişdirə bilər? – Düşünürəm ki, ilk növbədə iki tərəfin də bir-birinə qarşı ittiham tonunu aşağı salması lazımdır. Amerika tərəfindən ifadə olunan sözlərlə əlaqədar bəzi problemlər yaşandı: Kerri NATO-nun taleyindən narahatdır. Bəzi generallar həmkarlarının həbsə atılmasından şikayətlənirlər. Türkiyədə baş verənlərlə əlaqədar Amerika tərəfində bir çox səhv anlaşılmalar var. Türk tərəfindən isə bu tərəddüd zabitə və təhdid ehtiva edən bir ifadəylə "ABŞ ya Fəthullah Güləni, ya da Türkiyə ilə əlaqələri seçər" şəklində reaksiya doğurdu. ABŞ Türkiyənin maraqlarını nəzərə almağa çalışmalıdır. Siyasi və inzibati mənada bunu hamımız anlayırıq. Ancaq Fəthullah Gülən məsələsi hüquqi bir mövzudur və onun haqqında son qərarı ABŞ-dakı hüquq sistemi verə bilər. İdarəetmə orqanlarının, bürokratik aparatın, yəni Obama hökumətinin bunda müəyyən rolu ola bilər, ancaq nəticədə qərarvericilik səlahiyyəti mühakiməyə aiddir. Amerika rəhbərliyi məsələni sadəcə məhkəməyə daşıya bilər, məhkəmə işə baxar və müstəqil qərar verər. ABŞ-da proseslər belə gedir və türklərin bunu anlaması lazımdır. Bizim ya da Obama hökumətinin Türkiyə ilə yaxşı əlaqələr qurmağa çalışıb-çalışmamasının şərti Gülənin təslim edilməsidirsə, bu, Amerika rəhbərliyindən asılı deyil. Almanların bir teminindən-"Rechtsstaat / Hüquq dövləti" anlayışından istifadə etmək istəyirəm burada. Türkiyə bunu anlamadığı müddətcə, qorxuram, əlaqələrdə böyük gərginlik olsun. – Türk hökuməti, çevriliş cəhdində Fəthullah Gülənin məsuliyyət daşıdığına inanır. ABŞ bu məsələyə niyə şübhə ilə yanaşır? – ABŞ rəhbərliyinin Gülənin günahkar olduğuna inanıb inanmadığını söyləyə bilmərik. ABŞ hökuməti, qanuni geri istəmə tələbiylə əlaqədar bütün sənədləri araşdırmadan belə bir mövqe ortaya qoya bilməz. Hal-hazırda yaranan problem də bununla əlaqədardır. ABŞ hökumətinin Gülənlə bağlı hər hansı bir fikri yoxdur. “Hürriyet”dəki müsahibəmdə də dediyim kimi, şübhələr var, amma bu, Fəthullah Gülən ilə bağlı kifayət qədər məlumatın olmadığından deyil, Ərdoğan haqqında şübhələrin olduğundandır. ABŞ rəsmiləri onun avtoritar bir adam olaraq gücünü artırmaq üçün Gülən və çevriliş amilindən sui-istifadə edə biləcəyindən şübhələnirlər. Əslində bu çevriliş cəhdində həqiqətən də Gülənin məsuliyyət daşıması güclü ehtimaldır. Digər sahələrdə etdiklərinə baxanda da bu ehtimal qüvvətlənir. Ancaq prezident Ərdoğan demokratik sistemin fəaliyyəti ilə bağlı ABŞ və ya AB-dən fərqli dünyagörüşə sahibdir. Buna görə də Amerikadakı insanlar Gülənin bütün hadisələrin arxasında olduğu barədə əsaslı dəlillərə göz yumurlar. – Bəs, sizin çevriliş cəhdi haqqında şəxsi görüşləriniz nələrdən ibarətdir? -Mənim şəxsi fikrim bunun çox açıq bir təxribat olduğu istiqamətindədir. Zənnimcə, çevriliş cəhdi ordu tərəfindən həyata keçirilmədi. Ən azından, ordunun böyük bir qisimi bunu istəmədi. Cəhddə xeyli sayda zabitin yer aldığını göz önünə alsaq, bu, planın çox əvvəldən hazırlanıb hökumətdən gizli yürüdüldüyünü ortaya qoyur. Bu, ordu içində çox mütəşəkkil, intizamlı və ideoloji bir qrupun varlığından xəbər verir. Bu meyara cavab verəcəyini düşündüyüm yeganə qrup Güləncilərdir. Etiraflara, gizli dinləmələrə və digər dəlillərə baxmadan belə, bir çox dəlillər Gülənciləri işarə edir -Çevriliş cəhdindən sonra Türkiyədə siyasi, iqtisadi və ya müdafiə sahələrində böyük dəyişikliklər yaşanır. Bəziləri dövlətin yenidən formalaşdırıldığından bəhs edir. Bir neçə ildən sonrakı Türkiyəni necə təsəvvür edirsiniz? – Düşünürəm ki, dəqiq cavab vermək üçün hələ gözləməliyik. Proseslərin müxtəlif nəticələri ola bilər. Bu, daha çox prezidentinin nə etmək istədiyindən asılıdır. O, hazırda hər bir gücə sahib bir vəziyyətdədir. İndiyə qədərki təcrübələr onun gücünü həmişə artırmağa çalışdığını göstərir. Belə etməyə davam edəcək, necə edəcək ya da müqavimətlə qarşılaşacaqmı, bilmirik. – Bir açıqlamanızda "Gülən hərəkatıyla əlaqədar təcrübələrim oldu" demişdiniz. Bu hərəkat haqqında nələr söyləyə bilərsiniz? -Mənim müşahidələrim məhkəməyə və polisə sızmaları ilə bağlı idi. Xüsusilə Balyoz iddiasında, yaxud MİT rəisi haqqında istintaqa icazə verilməsi hadisəsində hökumətə qarşı səylərini gördük. Həmçinin, açıq siyasi məqsədli sui-istifadələrini izlədik. Belə deyərkən, iddiaların doğru olub olmadığını irəli sürmürəm. Sadəcə zamanlama və məqsəd siyasiydi. Bu proseslər müstəqil məhkəmə tərəfindən aparılmadı. – Bu həftə Türkiyəni Ədliyyə Nazirliyindən da bir heyət ziyarət edəcək. İki ölkə arasında Gülənin qaytarmasıyla əlaqədar müzakirələr davam edir. Sizcə bu proses necə olacaq? -İrəliyə gedəcəyini düşünürəm. Amerika hökumətinin idari baxımdan qaytarmaq tələbinin müddətini sürətləndirmək üçün ata biləcəyi addımlar olduğunu düşünürəm. Amerika hökumətinin Gülən hərəkatı və Fəthullah Gülənə təzyiq məqsədi ilə hüquqi əməliyyat ya da cinayət əməliyyatı olmadan sırf Amerika maraqlarına qarşı ola biləcək bir adam olduğu üçün ata biləcəyi addımlar da var. Bunlar Ədliyyə Nazirliyinin nümayəndələrindən çox, vitse-prezident Bayden ilə müzakirə ediləcək mövzulardır. – Türkiyə ABŞ-ın Suriya ilə əlaqədar sözlərini tutmasını istəyir. Məsələn PYD-nin Fəratın şərqinə çəkilməsi kimi… Bunun hələ də real bir yanaşma olduğunu düşünürsünüzmü? -Bunun çox əhəmiyyətli bir öhdəlik olduğunu düşünürəm. Əvvəla, Minbic şəhəri daha çox ərəb bölgəsidir və ABŞ bir qrupun başqa etnik ya da dini qrupların bölgəsinə yayılmasına şərait yaratmamalıdır. İkincisi, Türkiyənin çox əhəmiyyətli təhlükəsizlik maraqları var. Yalnız PYD ilə əlaqədar deyil, Türkiyə qədər olmasa da, ABŞ-ın da dəstəklədiyi Suriyalı müxaliflərə kömək göstərmək qabiliyyəti mövzusunda eyni sözləri deyə bilərik. -Son olaraq, STIMSON Mərkəzinin bir hesabatında İncirlik bazasındakı nüvə silahlarının etibarda olmadığı yazıldı. Sizin bu mövzudakı mövqeyiniz necədir? – Mövzunun "gizli" xüsusiyyəti baxımından ətraflı danışa bilmərəm. Ancaq keçmişdə Amerikanın Türkiyədəki hərbi varlığı mövzusunda, şübhəsiz, əhatəli məlumata sahibdim. Dediyimə diqqət edin: Amerikanın hərbi varlığı. Amerikanın Türkiyədəki hərbi varlığının hər ünsürünün tamamilə etibarda olduğuna əminəm. Narahatlıq duyulacaq bir vəziyyət yoxdur. Faktinfo.az

23 Avqust 2016 6:21

“Əgər 1991-ci ildə “Avqust qiyamı” olmasaydı,…” –Keçmiş SSRİ-nin naziri

"Varşava Müqaviləsi Təşkilatının 1990-cı ilin əvvəllərində buraxılmasından sonra SSRİ-yə zəmanət verildi ki, NATO genişlənməyəcək". Bunu “RİA-Novosti” agentliyinə açıqlamasında keçmiş SSRİ xarici işlər naziri Boris Pankin söyləyib. Onun sözlərinə görə, NATO bu addımlardan sonra bizə cavab addımları atacağına söz verdi: “Bir dəfə Almaniya xarici işlər naziri Hans-Ditrix Genşerlə görüş zamanı o, mənə dedi ki, onlara Şərqi Avropadakı yeni rejimlər çox təzyiq edirlər. Genşerin sözlərinə görə, həmin ölkələr Avropa Birliyi və NATO-ya girmək istəyirdilər, amma Almaniya buna qarşı idi. O, mənə bunu açıq şəkildə dedi”. Pankinin fikrincə, əgər 1991-ci ildə "Avqust qiyamı" olmasaydı, SSRİ indiyə qədər mövcud ola bilərdi: “SSRİ indiyə qədər yaşaya bilərdi. Sadəcə, radikal dəyişikliklər olacaqdı. Rejim yox, ölkə dəyişiləcəkdi. Əgər Qorbaçovla Yeltsin və onların arxasında dayananlar bir olsaydılar, pozitiv nəticə əldə olunması mümkün idi”. Qeyd edək ki, Pankin 1991-ci il avqustun 28-dən noyabrın 19-na qədər SSRİ xarici işlər naziri olub. Bundan öncə o, 8 il SSRİ-nin İsveçdəki, 1 il isə Çexoslovakiyadakı səfiri olub. Pankin 1991-ci ildə QKÇP-ni açıq-aşkar tənqid edib, ona qarşı çıxan yeganə SSRİ səfiri olub. Faktinfo.az

20 Avqust 2016 4:32

Millət vəkili: “Rövşən Lənkəranski Bakıya gələndə mənimlə görüşür”

“Rövşənin oğlu var, istəmir övladı onun yolu ilə getsin” “Bəzi adamlar elə düşünürlər ki, Rövşən Lənkəranski qəddardır, başkəsəndirlər. Amma o elə insan deyil. Rövşən haqsızlığa yol verməyən bir insandır. Onun haqqında söylədiyim fikirlərin hamısını çox ciddi demişəm. Mən özüm millət vəkiliyəm. Fikirlərimdə hər hansı bir epitet, şişirtmə yoxdur. İstəyirəm ki, hər kəs Rövşən Lənkəranskinin kifayət qədər hörmətə, rəğbətə layiq olduğunu bir daha görsün. Hər bir Azərbaycan övladı ona hörmət etməlidir. Çünki Rövşən Azərbaycanı çox istəyir”. Bunu AzVision.az-a açıqlamasında “oğru aləmi”də “Rövşən Lənkəranski” kimi tanınan avtoritet Rövşən Canıyevin qohumu və Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. Millət vəkili Rövşən Lənkəranski ilə dəfələrlə görüşdüyünü qeyd edib: “Rövşənlə dəfələrlə görüşlərimiz olub. Onunla həm Moskvada, həm də Bakıda görüşmüşəm. Rövşən kifayət qədər intellektə, mədəniyyətə və güclü iradəyə malik bir insandır. O, Azərbaycanı çox sevir və Azərbaycanın istiqlalına, dövlətçiliyinə bağlı bir insandır. Təbii ki, onun öz aləmi, öz dünyası var. Rövşən çox səmimi, dostlar və yaxınlara varlığı ilə bağlı bir insandır. Onu yaxından tanıyan və onunla ünsiyyətdə olan hər kəs birmənalı olaraq ona rəğbət bəsləyir”. Millət vəkili Rövşəni Lənkəranskini 17 yaşından tanıdığını deyib. Deputat həmçinin onunla qohumluq əlaqəsindən söz açıb. “Qardaşım qızı Rövşənin qardaşının həyat yoldaşıdır. Yəni o, mənim qardaşım qızının qaynıdır. Rəhmətlik qardaşım da, mən də Rövşən atasının intiqamını məhkəmədə alan zaman onun yanında olduq. Onu müdafiə etdik. Rövşən bu hərəkətlərə görə zərrə qədər həyəcan keçirmirdi”. Deputat Rövşən Lənkəranskinin atasının qatilini məhkəmədə öldürməsindən danışıb. “Azərbaycan xalqı Rövşənin bu hərəkətinə dəstək verdi. Məhkəmədə atasının intiqamını alan 17 yaşlı bir gənc hər kəs tərəfindən rəğbətlə qarşılandı. Hamı deyirdi ki, oğlu Rövşən kimi olmalıdır. Çünki o, atasının intiqamını almışdı. Hamı onun düzgün bir hərəkət etdiyini söyləyirdi. Ola bilsin ki, bu hərəkət hüquqi dövlətdə başqa bir fikir ifadə edə bilər. Atasının ölümünə görə sarsıntılar keçirən bir uşağın belə bir fürsəti əldən verməmək şansını sadəcə düşünmək lazım idi. Rövşən hədsiz dərəcədə ədalətli adamdır, hər zaman haqqın yanındadır. O, heç vaxt haqqı nahaqqa qurban vermir”. Daha sonra F.Ağamalı Lənkəranskinin Bakıya gələndə onunla görüşdüyünü bildirib. Qeyd edib ki, Rövşənlə ara-sıra görüşür. “Rövşənlə bizim xatirələrimiz çox olub. Düşünürəm ki, onları mətbuatla bölüşmək düzgün çıxmaz. Rövşənin xətrini çox istəyirəm. O, çox səmimi və mehriban bir insandır. İnşallah o, heç vaxt Azərbaycandan getməyəcək. Rövşən Azərbaycana bir-iki günlük gəlib-gedir. Azərbaycana gələndə onunla görüşürəm”. Milli Məclsin depuatatı həmçinin qeyd edib ki, Rövşən Lənkəranski oğul atasıdır. Deputatın sözlərinə görə, Rövşən oğlunun onun yolu ilə getməsini istəmir: “Rövşən bu gün özü də atadır. O, öz oğlunu da, ailəsini də çox istəyir. Rövşən ailəsinə çox bağlıdır. Onun atasının intiqamını məhkəmə zalında alması hər şeyə bir sübutdur. Demək ki, Rövşən rəhmətlik atasına və anasına bağlı olduğu kimi bu gün ailəsinə, bacı-qardaşına, eyni zamanda qohumları və ətrafındakılara, dostlarına da son dərəcədə səmimi münasibət bəsləyir və onlara başucalığı gətirən bir Azərbaycan övladıdır. Rövşən Lənkəranski heç vaxt haqsız, ədalətsiz bir addım atmayıb. Bu, onun ən üstün cəhətidir. Rövşən özü də oğul atasıdır. Heç vaxt arzulamıram ki, Rövşənin oğlu onun yolu ilə getsin. Arzu edirəm ki, Rövşənin oğlu atasının arzuları ilə böyüsün. Rövşən özü də istəməz ki, oğlu onun yolu ilə getsin. O, övladı haqda daha fərqli fikirdədir. O, övladının təhsil almasını istəyir”. Daha sonra millət vəkili Canıyevin qoşulduğu “oğru” aləmindən də danışıb və qeyd edib ki, Rövşən həmin aləmin üzvü olmasını heç vaxt istəməyib: “Rövşəngilin öz aləmi var. Mən istəməzdim ki, o bu aləmə düşsün. Ancaq həyat bu insanı o aləmə düşməyə məcbur elədi, atasının intiqamını almaq istəyi onu bura çəkdi. O aləmin çox özünəməxsus xüsusiyyətləri, qayda-qanunları var. Onların bir yaşam tərzləri var. Rövşən heç vaxt haqqı nahaqqa qurban vermir. Onların söykənmiş olduqları ən əsas prinsip ədalətə qulluq, haqq işidir. Bu baxımından Rövşən kimi insanlar çox hörmətə layiqdirlər. Lakin onların da həyatı kifayət qədər çətin və mürəkkəbdir. Onlar üçün hər dəqiqə təhlükə var”. Sonda millət vəkili F.Ağamalı “Rövşən Lənkəranski” ilə bağlı arzularını açıqlayıb: “Rövşən həmişə vətənlə bərabərdir. Ümidvaram ki, o, hər zaman da Azərbaycanın yanında olacaq. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılara həmişə dəstək olur, onların haqq işini müdafiə edir. Rövşənə Allahdan cansağlığı arzulayıram. Rövşən o qədər təvəzökar bir insandır ki, o heç vaxt adının mətbuatda bu və ya digər şəkildə hallandırılmasını istəmir”-deyə, millət vəkili qeyd edib.

19 Avqust 2016 1:23

Hafiz Hacıyev: “Nazirlər o qədər pul yığıblar ki, indi elə bil puldan da iyrənirlər“

artiya sədri: “Gərək insanda milli qürur, milli qeyrət ola, amma bunlar bizimkilərdə yoxdur. Nazirlər, komitə sədrləri və digər sahələrə tapşırılan insanların hamısı xəyanətkar olublar” “Ölkə prezidentinin idmana böyük diqqəti qayğısı var, amma çox təəssüf ki, məmurlar, xüsusən də federasiyalara rəhbərlik edən nazirlər cənab prezidentin bu qayşısını boşa çıxarırlar”. Bu sözləri Hafiz Hacıyev Rio-2016-da azərbaycanlı idmançıların uğursuz çıxışı barədə PİAZ-a danışarkən bildirib. Qeyd edək ki, Rio-2016-da azərbaycanlı idmançıların uğursuz çıxışı gündəmin əsas mövzularından birinə çevrilib. İndiyə qədər bir qızıl belə qazanılmaması, xüsusilə yunan-Roma güləşçimiz Rəsul Çunayevin yarımfinalda erməni rəqibinə məğlub olması sosial şəbəkələr və mətbuatda ciddi müzakirələrə səbəb olub. Bir çoxları idmançılarımızın zıif çıxışını İdman və Gənclər naziri Azad Rəhimovun yarıtmaz fəaliyyəti ilə əlaqələndirirlər. Xatırladaq kiŞ Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı öz feysbuq səhifəsində Çunayevin məğlubiyyətinin ardından A.Rəhimovu sərt tənqid edən status paylaşmışdı. YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov isə naziri tənqid edənləri qınayıb: “Hazırda yarışma davam edir, idmançılarımızın iştirakı bitməyib. Bu günə qədər gümüş və bürünc medallarımız var. Arzu edək ki, qızıl medalımız da olsun. İdmandan anlayışı olanlar bilməlidirlər ki, bu bir yarışmadır, xüsusilə olimpiada idmanın nüvəsidir. Hər bir idmançı çalışır ki, orada uğur qazansın”, hakim partiyanın rəsmisi bildirib. Hafiz Hacıyev: “Mən Azad Rəhimovdan soruşuram, ölkə prezidentinin idmana ayırdığı pullar hara gedib? Mən o sahəyə rəhbərlik etsəydim indi Azərbaycan dünyada birinci yeri tutardı”. Mövzu ilə bağlı PİA.AZ-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevaşağıdakıları deyib: “Azərbaycanın idmanı haqqında mən sözümü demişəm. Cahangir Əsgərov kimi idman sahələrini patronajlıqlarında saxlayan məmurlar yararsız məşqçiləri, idmançıları gətirib 1-2 milyona müqavilə bağlayırlar. Məşqçilərə, idmançılara 300-400 verib qalan pulu ciblərinə qoyurlar. Bu hallara görə də olimpiya çempionluğuna ulaşan idmançımız Qazaxıstanı təmsil etdi və qızıl medal Azərbaycana gəlmədi. Bu idmançı elə Azərbaycanı təmsil edə bilərdi. Ölkə prezidentinin idmana böyük diqqəti qayğısı var, amma çox təəssüf ki, məmurlar, xüsusən də federasiyalara rəhbərlik edən nazirlər cənab prezidentin bu qayşısını boşa çıxarırlar. Azad müəllimin işi ancaq idman olmalıdır. Ölkə idman kompleksləri ilə dolub-daşır. Son Avropa oyunlarından zamanı isə Bakıda ən müasir idman meydançaları tikilib, istifadəyə verilib. Amma o qədər pul xərclənməsinə baxmayaraq idmançılarımızın ürək açan nəticələri yoxdur. Digər sahələrdə olduğu kimi idmanda da böyük geriləmələr var. Bunun səbəbi də odur ki, idmanın bir neçə növlərinə patronajlıq və sponsurluq edən nazirlər, komitə sədrləri və başqaları ancaq öz mənfəətləri üçün çalışırlar. Mən hesab edirəm ki, Azərbaycanda kardinal islahatlar aparılmalıdır. Çünki nazir işləyənlərin özləri də artıq beziblər. Onlarda işlədikləri sahə üzrə maraq yoxdur və heç vaxt da olamyıb. Çünki onlar əvvəldən axıra biznesmen olublar. Nazirlər o qədər pul yığıblar ki, indi elə bil puldan da iyrənirlər. Amma buna baxmayaraq ailələri onları məcbur edir ki, vətəni də, torpağı da, idmanı da satın, nə edirsiniz edin axşam evə çamadanlarla pul gətirin. Azad Rəhimovun nazir postunda olduğu vaxtdan Azərbaycan idmanı hansı vəziyyətdə olduğu göz qabağındadır. Mən Azad Rəhimovdan soruşuram, ölkə prezidentinin idmana ayırdığı pullar hara gedib? Mən o sahəyə rəhbərlik etsəydim indi Azərbaycan dünyada birinci yeri tutardı. Futboldan başı çıxmayan adama futbol tapşırıblar, hansı ki, iki kəlmə sözü də deyə bilmir. O cümlədən də digər idman növlərində də vəziyyət bu cürdür. İdmançımızın erməniyə uduzması da buna bariz nümunədir. Bu da bir məkrli siyasətdir və məkrli oyunun bünövrəsidir. Yəni nazirlər büyün sahələrdə çalışırlar ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələr yerinə yetməsin. Onlar istəslər hər şey edə bilərlər, amma etmirlər. Həm də gərək insanda milli qürur, milli qeyrət ola, amma bunlar bizimkilərdə yoxdur. Nazirlər, komitə sədrləri və digər sahələrə tapşırılan insanların hamısı xəyanətkar olublar. Vaxtilə Heydər Əliyevə xəyanət edənlərin hamısı bu gün hakiyyətdə cəmləşib. Nə vaxta qədər də onlar hakimiyyətdə cəmlənib, Azərbaycanın nə iqtisadiyyatında, nə idmanında, nə aqrar sektorund,a heç bir irəliləyişə nail ola bilməyəcəyik”. Faktinfo.az

18 Avqust 2016 3:07

Putinin dostu Qarabağ müzakirələrindəki son durumdan danışdı:”Məsələ təkcə Putinlik deyil” – MÜSAHİBƏ

Bakı sammiti, prezident Vladimir Putinin səfəri, Rusiya-Türkiyə münasibətlərinin istiləşməsi… Qısa müddətdə region və Azərbaycan üçün bir sıra vacib hadisələr baş verib. Sputnik.az onların rolu və gələcək perspektivi haqqında hüquq elmləri doktoru, professor İlham Rəhimova suallar ünvanlayıb. Xatırladaq ki, Azərbaycanda daha çox "Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və dostu" kimi populyar olan İlham Rəhimovun "Aprel əməliyyatları"ndan dərhal sonra gündəmə gətirilən "5+2" formatında həll variantının ölkəmizin ziyanına olduğunu vurğulaması təhlilçilərin xüsusi diqqətini çəkmişdi. Bəs indi – Rusiya-Türkiyə münasibətlərinin ilıqlaşması fonunda intensivləşən Qarabağ danışıqlarınının perspektivini "Putinin dostu" necə görür? Yeni vəziyyət ölkəmizə nə vəd edir? Strateq.az professor İlham Rəhimovun Sputnik-ə müsahibəsini öz oxucularına təqdim edir: – İlham müəllim, son günlər respublikamıza bilavasitə dəxli olan siyasi hadisələrlə zəngin olub. Onlar barədə KİV-də müxtəlif rəylər bildirilir. Bu hadisələrə Sizin münasibətinizi bilmək istərdik. Bakıda keçirilən sammitdən başlayaq. Onun nəticələrini necə qiymətləndirirsiniz? – Şübhəsiz, bu sammit iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Üç dövlətin rəhbərlərinin Bakıda keçirilən bu görüşünü "üçlü iqtisadi ittifaq" adlandırardım, çünki bu görüş siyasi xarakter daşımırdı. Hərçənd, məncə, bir zamanlar Karl Marks deyib ki, iqtisadiyyat siyasəti müəyyən edir. – Moskva-Bakı-Tehran üçtərəfli münasibətlərinin inkişaf perspektivi necədir? – Bu ölkələrin imzaladığı müqavilələr həyata keçirilsə, iqtisadi cəhətdən perspektivlər müsbətdir. Hesab edirəm ki, yuxarıda sadalanan ölkələrin böyük perspektivi var, obyektiv nizamlama olsa, uzun müddət regionda geosiyasi və geoiqtisadi ovqatı müəyyən edə bilərlər. – Dediyiniz iqtisadi ittifaqı siyasi birliyə çevirmək mümkündürmü? – Belə bir forma dəyişikliyi üçün hansısa səbəb olduğunu düşünmürəm. Terrorçuluqla mübarizə ilə bağlı müqavilə istisna olunmaqla, buna ehtiyac da yoxdur. Bundan başqa, Moskva və Bakıdan fərqli olaraq Tehran ideoloji cəhətdən fərqli dövlətdir. Bu isə dünyəvi dövlətlərlə siyasi ittifaq üçün ciddi maneədir. – Söhbətimizin ikinci mövzusuna keçək. Söhbət Putinin Bakıya səfərindən gedir. Bu səfər Qarabağ münaqişəsinin həllinə təsir edəcəkmi? – Öncə xatırladım ki, bu, Putinin Bakıya ilk səfəri deyil. 15 il ərzində Rusiya prezidenti dəfələrlə ölkəmizə rəsmi səfər edib. Amma bu, Qarabağdakı vəziyyətə ciddi təsir etməyib, hərçənd əminəm ki, o, problemin həllini istəyir. Əmin olmaq bir yana, bilirəm ki, Vladimir Putin buna çalışır. Son səfərə gəlincə, o, sırf Qarabağ məsələsinə həsr edilməyib. Üstəlik, bu yaxınlarda Rusiya prezidentinin vasitəçiliyilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilib. Amma, şübhəsiz, prezident Əliyevlə Putinin görüşündə bu məsələ müzakirə predmeti olmaya bilməzdi. – Xalq arasında belə bir fikir var ki, Putin istəsə, problemi həll edər. Bu, belədir? – Axı Dmitri Medvedyev Rusiya prezidenti olanda da problem həllini tapmadı. Halbuki onun dövlət başçısı olduğu dörd ildə, səhv etmirəmsə, Medvedyevin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında 18 görüş keçirilib. Deməli, məsələ təkcə Putinlik deyil. Yeri gəlmişkən, o, bu yaxınlarda qeyd etdi ki, bu münaqişə sovet dövründə başlayıb. Fikrimcə, Rusiya prezidenti bununla demək istəyirdi ki, münaqişəyə görə günahı Rusiyanın üstünə atmaq lazım deyil. Rusiyanın mövqeyi aydındır: özünüz qərara gəlin, kompromis şərtləri üzrə razılaşın, biz isə sazişin qarantı olaq. Bu, o deməkdir ki, Ermənistanın hərbi-siyasi cəhətdən daha yaxın olmasına baxmayaraq, Rusiya neytral mövqe tutacaq. Ona görə hesab edirəm ki, bir sıra siyasilər və kütləvi informasiya vasitələri kimi Putini ittiham edəndə, Yeltsin Rusiyasını da xatırlamaq lazımdır. O, problemi obyektiv həll etməyə cəhd etmir, əksinə, açıq şəkildə Ermənistanın tərəfində çıxış edirdi. Aprel hərbi toqquşmalarına qədər hər kəs əmin idi ki, Ermənistanla müharibə başlasa, Rusiya Ermənistanın tərəfində olacaq. Bizim siyasətçilər də belə proqnoz verirdi, amma mən hər zaman demişəm: nə qədər ki, Putin hakimiyyətdədir, RF heç vaxt bu hərbi toqquşmalarda kiminsə, xüsusən Ermənsitanın tərəfində olmayacaq. Aprel hadisələri mənim haqlı olduğumu göstərdi. – Məlum olduğu kimi, indi Qarabağ münaqişəsinin "əvvəlcə 5+2, sonra status" formаtında müzakirəsi gedir. Bu variant bir çox ekspertlərə real görünür. Amma bizə məlum olana görə, Siz bu variantı Azərbaycan üçün məqbul saymırsınız. – Hər şeydən əvvəl, biz özümüz perspektiv əhəmiyyəti olan bir sıra prinsipial məsələlər üzrə mövqeyimizi müəyyən etməliyik. Əvvəla, ondan çıxış etmək lazımdır ki, yeddi rayon yox, məhz Dağlıq Qarabağ müzakirə predmeti olmalıdır. Çünki biz öz diqqətimizi, dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətini bu ərazilərin azad edilməsinə cəmləşdirəndə Dağlıq Qarabağ məsələsində mövqeyimizi zəiflədirik. Hesab edirəm ki, Ermənistan bundan uğurla istifadə edir və diqqətimizi əsas müzakirə predmetindən yayındırır. Orda yaxşı bilirlər ki, işğal edilmiş rayonlar istənilən halda azad ediləcək, çünki bu işğal edilmiş ərazilər sovet dövründə DQMV-nin tərkibinə daxil deyildi. Onların məqsədi bu rayonlar yox, Dağlıq Qarabağdır. Əgər bu gün Ermənistan, hətta söhbət ona əslində lazım olmayan 5 rayonun azad edilməsindən gedəndə belə, çətinliklə və minnət qoyaraq danışıqlar masasına oturursa, sual yaranır: söhbət bizim üçün prinsipial olan Dağlıq Qarabağın statusundan gedəndə masaya oturacaqmı? Məhz buna görə "5+2, sonra status" formulu bizim üçün məqbul deyil.Hesab edirəm ki, Dağlıq Qarabağ problemi yalnız ölkə prezidentinin dəfələrlə və qəti şəkildə dediyi prinsipial müddəa əsasında həll edilməlidir: Dağlıq Qarabağ heç vaxt Ermənistanın tərkibində və ya müstəqil olmayacaq, onun statusu Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir.Diqqəti daha bir vacib məqama cəlb etmək istəyirəm. Məlumdur ki, Qarabağ münaqişəsinin müzakirəsi zamanı Ermənistan hər zaman beynəlxalq hüquqdakı millətin öz müqəddəratını müəyyən etməsi hüquqi normasını əsas gətirir. Dünya praktikası göstərir ki, bu prinsiplə ərazi bütövlüyü prinsipi ziddiyyət təşkil edir. Hətta sübut etməyə cəhd etməyə dəyməz ki, erməni xalqının artıq öz dövləti var və ikinci dövlətin yaradılması məqbul deyil. Problem başqa yerdədir: təəssüflə qeyd edim, tez-tez eşidirik ki, dünya praktikasında millətin öz müqəddəratını müəyyən etməsi hüququ digər prinsip – ərazi bütövlüyü prinsipi üzərində dominantlıq edir. Məhz buna görə hesab edirəm ki, Dağlıq Qarabağın statusunu aydın olmayan şərtlərlə qeyri-müəyyən müddətə naməlum gələcəyə saxlamaq olmaz. Daha yaxşı olar ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində onlara ən yüksək status verilsin. Ümumiyyətlə, hesab edirəm ki, indinin özündə Dağlıq Qarabağ əhalisi ilə bağlı dəqiq və aydın siyasətimiz olmalıdır. Vurğulamaq istəyirəm ki, söhbət hərbi birləşmələrdən yox, mülki əhalidən gedir. Onların işi aydındır. Biz bəyan etməliyik ki, bu ərazidə yaşayan dinc sakinlərin hamısı bizim vətəndaşımızdır. Ona görə, onlara Azərbaycan vətəndaşı kimi yanaşılmalıdır. Normal əlaqələr qurmaq lazımdır ki, anlasınlar: onların gələcəyi, əlbəttə, bunu istəsələr, məhz Azərbaycanla bağlıdır. – Gəlin eyni dərəcədə maraqlı və vacib olan məsələyə keçək. Söhbət Rusiya-Türkiyə münasibətlərindən gedir. Xatirimizdədir, Türkiyə HHQ tərəfindən vurulan Rusiya qırıcısı ilə bağlı insidentdən dərhal sonra Siz qeyd etdiniz ki, bu ölkələr arsında münasibətlərin pozulmasından yalnız Türkiyə və Rusiyanı istəməyənlər qazanır. İndi Türkiyə və Rusiya prezidentlərinin Peterburq görüşünü necə qiymətləndirirsiniz? Böyük barışıq baş tutdumu? – Əgər xatırlayırsınızsa, mən onda dedim: baş verənlər olmaya da bilərdi, yəni qırıcı təyyarəni vurmadan münaqişədən qaçmaq olardı, çünki dövlətlər arasında sərhədlərin pozulması adi haldır. Həmin müsahibədə Türkiyə ilə Rusiya arasında geniş mənada münasibətlərin yüksək səviyyəsini xüsusi qeyd etdim. Bu da kimlərinsə xoşuna gəlmir. Təəssüf ki, bu hadisədən sonra bizdə də bəzi siyasətçilər və kütləvi informasiya vasitələri barışıq yolu tutmaqdansa, odun üstünə yağ tökməklə düşmənimizə bənzədi.Elə təəssürat yarandı ki, onlar münasibətlərin pisləşməsinin ilk növbədə bizə – Azərbaycana zərbə olduğunu anlamadan buna sevinirlər. Yeri gəlmişkən, hər şey qaydasına düşəndən sonra həmin siyasətçilər baxışlarını 180 dərəcə dəyişdilər. Mən hələ o vaxt deyirdim ki, vaxt gələcək və hər şey yoluna düşəcək, çünki bir qalmaqalla Putinin Rusiyada hakimiyyətə gəldiyi son 15 il ərzində əldə edilənlərin hamısının üzərindən xətt çəkmək olmaz. Münasibətlərin soyuq olduğu bu aylarda həm Türkiyəyə, həm də Rusiyaya çox gedirdim, bu işə öz töhfəmi verməyə cəhd edirdim: hər iki ölkədə münasibətlərin nizamlanmasında əhəmiyyətli rol oynayan olduqca nüfuzlu şəxslərlə görüşürdüm. Prinsipcə, xüsusi qeyd etmək istəyirəm ki, türk və rus xalqları, elə siyasətçiləri də baş verənlərdən çox məyus olmuşdu. Onlar ümid edir və yaxın zamanda ağlın emosiyaya qalib gəlməsi üçün çalışırdılar. Eyni zamanda, barışıqdan sonra bu ölkələrdə oldum və hər iki xalqın sevincinin şahidi oldum. Güman edirəm ki, bu münasibətlər və əlaqələr əvvəlkindən də möhkəm olacaq. – Təyyarə ilə bağlı qalmaqaldan sonra Rusiya-Türkiyə münasibətləri mövzusunda Vladimir Putinlə danışmısınız? Ümumi şəkildə deyə bilərsinizmi ki, o, barışıq tərəfdarı olub, yoxsa əksinə? – Əgər desəm bu mövzuda Vladimir Putinlə danışmamışam, bu, mənim tərəfimdən qeyri-səmimilik olar. – Düzü, heç kim inanmazdı da… – Təkcə bunu deyim: əgər o, barışığa meylli olmasaydı, barışıq olmazdı. Hələ o zaman deyirdim ki, Putinlə Ərdoğan arasında münasibətlər o qədər yaxın və etibarlı idi, məsələ iki lider arasında böyük dostluğa doğru gedirdi. Münasibətləri qiymətləndirən Putinin xasiyyətini bilərək anlayırdım ki, eyni zamanda belə prinsipial adam şərtlərindən geri çəkilməyəcək. Elə də oldu: Ərdoğanın birinci məktubundan dərhal sonra Putin ona əl uzatdı. – Bu barışıq Dağlıq Qarabağ probleminin həllinə təsir edə bilərmi? – Həmişə deyirdim ki, Moskva ilə Ankara arasında münasibətlərin ən yüksək səviyyədə olmasını çox istəyirəm. Təkcə ona görə yox ki, belə münasibətlər mənimlə çox bağlılığı olan hər iki dövlətə və xalqa sərf edir. Səbəb budur ki, Rusiya ilə Türkiyə arasında yaxşı münasibətlər Qarabağ məsələsinin həllində də çox vacibdir. Rusiya ilə Türkiyə nə qədər yaxın olsa, Moskvanın Ankaranı Qarabağ münaqişəsinin həllinə cəlb etmək imkanları bir o qədər çox olacaq. Bəlkə, hələlik qeyri-fəal formada, ancaq heç olmasa hansısa məsələlərin müzakirəsində. Kiminsə xoşuna gəlir, yoxsa yox, ancaq Dağlıq Qarabağ probleminin həlli və Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi sıx əlaqəlidir. Axı hələ təyyarə qalmaqalından əvvəl Putinlə Ərdoğanın heç bir görüşü Qarabağ münaqişəsinin müzakirəsi olmadan keçmirdi. Yəni bu ölkələr arasında böyük barışığı Qarabağ münaqişəsinin həllini arzulayan hər bir azərbaycanlı dəstəkləməlidir.

18 Avqust 2016 9:12

Əli Mirəliyev: “Onlar satqın, vətən xainidirlər”

“ANS xalqın bir gözünü açır, bir gözünü bağlayırdı... ” Müğənni Əli Mirəliyev maraqlı müsahibə verib. Sənətçi müsahibəsində son günlər şou-biznes aləmində baş verən qalmaqallardan, ictimai olaylardan, mərhum xalq artisti İlhamə Quliyevanın mirası və doğum günü ilə bağlı keçiriləcək tədbirdən söz açıb. Müğənni ilk öncə yay istirahətini harada və necə keçirməsindən danışdı: “Bəzi şou nümayəndələri yalan-palan bildirirlər ki, guya gediblər Bodruma, İtaliyaya, Almaniyaya dincəlməyə. Amma səs-soraqları Maştağadan, Zabratdan gəlir... Mənim də dincəlməyə öz yerim, Mərdəkanda bağım var. Oturmuşam burda, ağacları sulayır, belləyirəm, göyərtilərə baxıram. Bu mənim üçün istirahətdir. - Nadir Qafarzadə Türkiyədəki istirahətindən olan şəkillərini sosial şəbəkədə paylaşaraq “Mən kefdəyəm, Allah sizi kölə, şanssız və yazıq yaradıb” deyə xoşagəlməz, söyüş dolu ifadələr işlədib. Tanınmış bir sənətçinin ictimaiyyətə qarşı bu cür davranışını necə qiymətləndirirsiz? - Yadınıza gəlirmi, bir dəfə o, İsraildə Xocalı günündə səhnədə olmuşdu. Buna görə onu efirə buraxmadılar. Sonra efirə də çıxdı, oxudu da, öz sözünü də dedi. Nadiri pisləyənlər sabah onu toya aparır. Ümumiyyətlə, bu müğənni kimdir ki, camaatı təhqir etsin, aşağılasın. O Azərbaycan xalqının sayəsində Nadir olub. Xalqı aşağılamaq, yuxarıdan aşağı baxmaq, necə başa düşək bunu? Bu nə deməkdir?! Bu şou-biznesin başı batsın... Hərdən toylara gedirəm, görürəm ki, musiqiçiləri sayan yoxdur. Çünki bu cür insanlar özləri özlərini gözdən salıb. - Son vaxtlar xalq artisti Ramiz Novruzun adı daha çox stilist qızının erməni əsilli həmkarı ilə bağlı qalmaqallarda hallanır. Bəziləri həmin stilistin yalnız anasının erməni olduğunu əsas gətirərək bu məsələnin tənqid və ya müzakirə edilməsini qınayır. Bəs siz necə düşünürsüz? - Tək Xocalıdakı olan faciəni xatırlamaq bəsdir. Şəxsən mən ata-anamı, nəslimi, qohum-əqrəbamı öldürən bir millətin nümayəndəsi ilə necə şəkil çəkdirib paylaşa, oturub bir yerdə yemək yeyə bilərəm?! Onda mən kiməm, alçaq, biqeyrət?! O adamlar ki, bu cür hərəkətlər edir, onlar satqın, vətən xainidirlər! Damarındanazərbaycanlı qanı axan şəxs heç vaxt erməniyə salam verməz. - Bugünlərdə Azərbaycanın nüfuzlu efir məkanlarından biri, ANS TV bağlanıldı. Bu qərarı ədalətli hesab edirsinizmi? - Qətiyyən! ANS lazım idi xalqa. O, bir kanal kimi xalqın bir gözünü açırdı, bir gözünü bağlayırdı. Amma açmağı da var idi axı, məmurların düzgün işləmədiyi haqda iradlarını bildirirdi... ANS ən gözəl televiziya kanalı idi. Mən ANS və ANS-çiləri dəstəkləyirəm. - Sabah (müsahibə avqustun 16-da alınıb X.G.) mərhum xalq artisti İlhamə Quliyevanın doğum günüdür. Məlumata görə, oğulluğu... (sözümü yarımçıq kəsir) - Mən xahiş edirəm, bir kəlmə də olsun “oğulluğu” sözünü işlətməyin! Onun oğulluğu yoxdur. İlhamə Quliyevanı saxlayan tək mənim qızım olub. O, qızımın mənəvi anası olub. Amma onun mənəvi oğlu yoxdur. Xalasının nəvəsini şou xətrinə, yalandan “oğlumdur” deyə yanında aparırdı. Orxanın familiyası Nadir, atasının adı Əhmədağadır. Onun İlhamə Quliyevaya nə dəxliliyi var?! Onun dayısı oğlu Eldar İsmayılovdur, dayısının kürəkəni mənəm, qızım mənim Samirə və bacısı İradə, bu dörd nəfər onun ətrafı, qohumudur. - Yayılan məlumatlara görə, İlhamə Quliyevanın evində doğum günü ilə əlaqədar mərasim keçiriləcək. Siz və qızınız həmin mərasimə dəvətlisiz? - Xeyr. Biz onun ad gününü ayrıca, “Xoş gəldin” restoranında keçirmək istəyirik. Siz bilirsiz ki, məhkəmə İlhamənin bacılarının xeyrinə qərar çıxardıb? Orxan kimdir ki, İlhamənin evində nəsə keçirsin?! Onun buna ixtiyarı yoxdur. Biz istəyirdik ki, avqustun 18-19-u ad günü mərasimini keçirək. Sonradan Mədəniyyət və Turizm Nazirliyinin işçiləri dedilər ki, camaat istirahətdə, məzuniyyətdə olacaq. İstəyirlər ki, bütün televiziyaların, nazirliyin nümayəndələri, İlhaməsevərlər tədbirdə iştirak etsin. Biz də siyahı tutmuşuq, hardasa 100-ə yaxın adamın adı var. Xaricdən, İsveçrədən də gələn olacaq. Beləliklə, mərasimi sentyabr ayına saxlamışıq. - Bayaq dediniz ki, miras məsələsi həll olunub, miras bacılarına qalıb. Bu, rəsmi, yoxsa sizə gəlib çatan məlumatdır? - Necə yəni, mən bilmirəm? Bu işin içində mən də varam. Məhkəmə oldu və onların xeyrinə qərar qəbul etdi. Vəssalam! Biz bəlkə də ürəyimizdə bunu istəmirdik, amma belə oldu də. Biz neyliyə bilərik? Əllərində qanuni sənəd var ki, onlar İlhamə Quliyevanın bacısıdır. Onlar Orxan kimi qışqırıb hay-küy salmırlar. Sadəcə, oturub sakitcə deyirlər ki, bu, bizim bacımızdır... Gülbahar eynilə İlhamə Quliyevaya oxşayır, elə bilirsən ki, İlhamədir. - Bəs siz hansı qərarın verilməsini istəyirdiz? - Mənim üçün fərq etməz. Mənim onsuz da yaşım ötüb, həyatda gördüyümü görmüşəm. Mənim heç maşınım da yoxdur, amma heç vaxt özümü o qədər alçaldıb kiminləsə pul söhbəti etmərəm. Məhkəmə kimə lazımdırsa mirası verib. Qızım uzun illər ona baxıb, 10 il xidmət edib. Qızım da haqqını halal edir... İlhamə çox gözəl müğənni idi. O getdi, amma onun şəxsiyyət vəsiqəsi, pişiyi bizdədir. Pişiyini biz saxlayırıq. (musavat.com)

17 Avqust 2016 10:43

Bakirəlik Azərbaycanda qızın gələcəyi deməkdir- Ginekoloqdan DƏHŞƏTLİ ETİRAF

Bu dəfə “Bildirçin” son vaxtlar xeyli müzakirə olunan bakirəlikdən danışdı. Bu işin biləni isə həkimdir. Publika.az ali dərəcəli həkim, mama-ginekoloq Arzu Məhərrəmova ilə müsahibəni təqdim edir: - Son günlər saytlarda “21-ci əsrdə bakirəlik aktual deyil” müzakirəsi aparıldı. Bəs ginekoloq nə düşünür? - Həm mama-ginekoloq kimi, həm də ana kimi deyə bilərəm ki, bu, qızın tərbiyəsini göstərir. Bakirəlik Azərbaycanda qızın gələcəyi deməkdir. Nə qədər normal baxsalar da, zamanla həyat yoldaşı xırda bir münaqişədə bunu xanımının üzünə vura bilər. Və bu da artıq ailədə ciddi problemlərə səbəb olar. Çünki, belə hadisələrə pasentlərimdə rast gəlmişəm. -Doğrudurmu ki, qız gec ərə gedərsə, doğulan uşaqda patoloji problemlər olur? - Ümumiyyətlə, övlad dünyaya gətirən qadın mütləq bunu planlaşdırılmalıdır. Arzu olunan uşaq olmalıdır. Sayı da, vaxtı da, zamanı da. İntervala çox önəm verilməlidir. Ən az ikinci uşaq iki il keçdikdən sonra olmalıdır. Çünki, doğmuş qadının orqanizmi iki il müddətində ancaq bərpa olunur. Maddələr mübadiləsi, hormonal balansı, sinir sistemi iki il müddətində normaya düşür. Bu aralığı gözləmədən doğuş olsa, artıq uşaqda bəzi xroniki xəstəliklər ola bilir. 18 yaşına kimi bir qadının uşaq dünyaya gətirməsi məsləhət deyil. Belə qadınlar fiziki cəhətdən inkişaf etmirlər, psixi cəhətdən ana olmağa hazır deyillər. Fiziki cəhətdən güclü olmasalar, ya düşüklər olur, ya da vaxtından əvvəl doğuş, qeysəriyyə əməliyyatı, uşaqda qüsur, qanaxmalar olur və bu da sonsuzluq yaratma ehtimalını artırır. Normal hamiləlik 25-35 yaş arası olmalıdır. 35 yaşdan sonra artıq gec sayılır və bu dövrdə, yəni ekstragental xəstəliklər - ürək-damar sistemi, şəkər xəstəliyi, sinir sistemində olan dəyişiklər, hormonal balans, menstruasiya pozğunluqları özünü göstərir. Bu tip 35-dən sonra ilk hamiləlik yaşayan xanımları risk qrupuna daxil edirik. Ən təhlükəlisi də gec hamilə olan xanımların dünyaya gətirdiyi uşaqlarda genetik xəstəliklərə rast gəlirik. Daun xəstəliyi, başqa qüsurları olan uşaqlar dünyaya gəlir. - Bizdə ən çox hansı qadın xəstəlikləri yayılıb? - Avropa ölkələri ilə müqayisədə bizdə onkoloji xəstəliklər o qədər də çox deyil. Ancaq az da deyil. Son zamanlar cinsi yolla yoluxan xəstəliklərə çox rast gəlirik. Bu da kişilərin və xanımların xarici ölkələrə çox getməsi ilə bağlıdır. Uşaqlıq boynu eroziyaları, uşaqlıq boynu xərçənginə tez-tez rast gəlirik. - Son vaxtlar ailələrin dağılmasına səbəb kimi qızlarımızın uşaq doğa bilməməsi göstərilir. İndi bu say niyə artıb? Belə fikirlər var ki, qızlarımızın arıq qalmaq üçün saxladıqları pəhrizlər, gözəl görünmək üçün geyindikləri geyimlər buna səbəb olur. - Bu, tamamilə yanlış fikirdir. Qadının açıq geyinməyinin sonsuzluqla heç bir əlaqəsi yoxdur. Burda genetik, hormonal, uşaqlıq borusu, müştərəklik faktoru ola bilər. Qadında göbələk və süzənək, xlamidiya və digər iltihabi xəstəliklər ola bilər. Son vaxtlar kişilərdə sonsuzluq daha çox yayılıb. Əgər bir cütlük artıq bir ildir evlidirsə və uşaqları olmursa, biz bunu sonsuzluq adlandırırıq. Onlar bizə müraciət edərkən həm kişini, həm də qadını yoxlayırıq. Qaldı ki, pəhrizə, tez bir müddətdə qadın 10 kq çəki verərsə və ya alarsa, onda sonsuzluq ehtimalı mümkündür. Çünki, bu yumurtalıqlara zərər verir və hormonal pozğunluq yaradır. - Nikahsız bakirəliyini itirən xanımlar sizdən kömək istəyirlərmi? Qeyd etdiyim bakirəlik müzakirəsinin meydana çıxması bir art video ilə bağlı idi. Həmin videoda gəlin bakirəliyinin təbii olub-olmadığını sübut etmək üçün oturub-duraraq məşğələ edirdi. Bu, gerçəkdirmi və bu məslə ilə bağlı sizə müraciət ediblərmi? - Mən belə bir şeyə sadəcə gülərəm. Oturub-durmaqla bunu bilmək olmaz. Mənə müraciət edənlər adətən psixoloji cəhətdən narahat olurlar. Mən də onları yönəldirəm psixoloqa. Belə problemlərə isə həddən artıq nəzarətdə saxlanılan qızlarda rast gəlirik. Nikahsız bakirəliyini itirən xanımlar infeksiya daşıyıcılarıdır. Əsrin bəlası olan SPİD xəstəliyi ən çox belə xanımlarda rast gəlinir. - Suraqat ana anlayışını ictimaiyyət birmənalı qarşılamır. Siz hansı fikirdəsiniz? - Azərbaycan qanunvericiliyində hələ ki, “suraqat ana” anlayışı qəbul olunmayıb. Bir həkim kimi buna pis baxmıram. Hər bir qadının ana olmaq istəyi var. Suraqat ana qadının hamilə qala bilməməsi ilə bağlıdır. Qadın istər süni mayalanma ilə, istər təbii mayalanma ilə ana ola bilmir. Ya gedib başqasının uşağın götürüb saxlamalıdır, ya da öz həyat yoldaşından uşaq istəməlidir. Suraqat anada kişidən donor kimi istifadə edirlər və mayalanmış yumurta hüceyrələrini daşıyıcı ana daşıyır. O qadın da bilir ki, uşağı dünyaya gətirdikdən sonra öz anasına verəcək. Bu da qanunla olur, imzalı, möhürlü şəkildə. - Aborta necə baxırsınız? Müraciət edənlər çoxdurmu? Xanımlara nə məsləhət görürsünüz? - İnkişaf etmiş ölkələrdə abort anlayışı geridə qalmaq üzrədir. Hamilə qalmamaq üçün xüsusi üsullar var. Xanımlar cinayət məsuliyyəti daşımamaq üçün həmin üsullardan istifadə edirlər və aborta ehtiyacları qalmır. Bunlardan cinsi əlaqədən əvvəl atılan dərmanlar, spermatidlər, uşaqlıqdaxili vasitələr, iynə, prezervativ, və s. Həkim kimi abortu məsləhət görmürəm. Onlara abortdan qorunmaq üçün lazım olan vasitələri izah edirəm. Xanımlar bəzən həkimdən çəkinir və ev şəraitində qəbul etdikləri dərmanla düşük yaradırlar. Ancaq bilmirlər ki, bu daha pis fəsad verir. - Azərbaycanda arvadına xəyanət etmək az qala icrası vacib olan rituala çevrilib. Bunun fizioloji yükü ilə bərabər, sanki sosial sifarişi var. Sizcə şorgözlük niyə qəhrəmanlıq sayılır? - Qəribədir, pasient xanımlarda infeksiya aşkar edəndə ilk sualları “həkim, bu xəstəliyi mənə həyat yoldaşım keçirməyib ki” olur. Soruşanda ki, sən ərindən şübhələnirsən? Deyirlər, “ola bilər də, kişidir”. Tarixi vərəqləsək, hətta Məhəmməd peyğəmbərin dövründə çoxarvadlılıq olub. Kişilərin genindədir bu. Xanımlarına xəyanət etməyən çox az sayda kişi var. Xəyanət edən kişilərin infeksiya vasitəsilə xanımlarında sonsuzluq yaratma ehtimalı çoxdur. - Arzu xanım, düzdür ki, qızlıq pərdəsi andangəlmə olmaya bilər? - Elə anlayış yoxdur. Sadəcə, qızlıq pərdəsi formalarına görə müxtəlifdir. Bizə müraciət edirlər ki, toy gecəsi məndən qan gəlmədi. Biz onları məhkəmə tibb ekspertizasına yönləndiririk və orada aydın olur ki, səbəb qızlıq pərdəsinin formasıdır. - Evlənmək istəyənlərin nikahdan öncə tibbi müayinəsinin nəticələrinə nəzər salsaq görərik ki, HİV, Hepatit C və sifilis göstəriciləri dəhşətli şəkildə çoxdur. Sizcə niyə? - Nikahdan öncə tərəflərin bir-birlərinin xəstəlikləri barədə məlumatlı olması çox əhəmiyyətlidir. Onlar xəstəlikləri barədə məlumatlı olarsa, həmin xəstəliklərdən özlərini qoruya bilərlər. Mənim bir xəstəm var, 10 ildir evlidir. Kişi hepatit daşıyıcısıdır və xəstəliyi həyat yoldaşına keçirməyib. Hətta xanım hamilə də qaldı, övladı belə hepatit daşıyıcısı deyil. - Qadın kimi xoşbəxtsiniz? Bəlkə xoşbəxtliyin düsturunu bizə da açıqlayasınız? - Çox xoşbəxtəm. Birinci ona görə ki, Azərbaycan vətəndaşıyam. Ölkəmi çox sevirəm. Dünyanın ən gözəl anası Azərbaycan anasıdır. Uşaqlıqdan ən çox sevdiyim peşə həkimlik olub. Xoşbəxtəm ki, həkiməm. Dünyaya uşaq gətirməkdən gözəl nə ola bilər. Üç oğul anasıyam. Üç qız nəvəm var. Həyat yoldaşımdan çox razıyam. O da həkimdir və biz bir-birimizi çox yaxşı başa düşürük.

16 Avqust 2016 4:40

Mövlud Çavuşoğlu: “Avropa Türkiyəni alçaldır” –Müsahibə

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu (48 yaş) alman nəşrinə müsahibədə kütləvi işldən çıxarılmalar, AB ilə münasibətlərdən və xanımının niyə ölüm cəzasına tərəfdar olduğundan danışır. Müsahibəni Strateq.az-ın oxucularna təqdim edirik. -Cənab nazir, baş tutmamış çevrilişdən sonra Türkiyə siyasəti AB daxilində kəskin tənqidə düçar olur. Siz, əksinə, AB siyasətçilərini “radikal irqçilikdə” tənqid edirsiniz. Qarşılıqlı münasibətlərin sonudur? -Biz AB-yə daxil olmağın bütün tələblərinə heç bir ölkənin etmədiyi qədər əməl edirik. Lakin hazırda ayrı-ayrı dövlətlərdən məruz qaldıqlarımız təhdidlər, təhqirlər, mühasirədir. Mən özümdən soruşuram: biz nəyi pozmuşuq? Türkiyəyə bu düşməncəsinə münasibət haradandır? Qaçqınlar üzrə sazişə nəzər salın. Bizdə müqavilərlər var və aydın şəkildə yazılıb ki, oktyabrda bütün yürklər üçün vizanın ləğvi haqda saziş qüvvəyə minir. Lakinn mən artıq mövcud müqavilələrə işarə edərkən gözlənilmədən çoxları əsəbi reaksiya verirlər. Lakin belə bir durum ola bilməz ki, AB üçün yaxşı olan bizim tərəfimizdən yerinə yetiriləcək, Türkiyə isə əvəzində heç nə əldə etməyəcək. -Oktyabrda Türkiyə viza rejiminin ləğvini əldə etməsə, payızda yüz minlərlə qaçqın yenidən Türkiyədən Avropaya gələcək? -Mən ən əlverişsiz nəticə haqda danışmaq istəməzdim, AB ilə danışıqlar davam edir. Lakin bir məsələ aydındır: ya müqavilələri eyni zamanda gerçəkləşdirəcəyik, ya da bütün müqavilələri bir kənara qoyacağıq. Biz üç milyard avronun dəqiq müəyyən edilmiş dəstək üçün təqdim edilməsini tələb edərəkən bizi tənqidə başlayanda məyus oluram. Pullar ki bizim üçün deyil, qaçqınlar üçündür! Ölkələr arasında ən ağır yükü Türkiyə götürüb, artıq 25 milyard dollar xərcləmişik. Lakin AB-dən ancaq bir söz eşidirik: “Sahib bizik və hər şey ancaq bu cür olacaq!” Lakin belə getməz, hadisələrə bu cür baxış kökündən yanlışdır. -Lakin, ehtimal ki, hazırda tətbiq edəcəyiniz ölüm cəzası AB-nin prinsiplərinə ziddir… -Avropada hər şeyi elə edirlər ki, sanki ölüm cəzasını tətbiq etmişik. İnsanların çağrışı bunadırsa, bunu da anlamaq gərəkdir. Bu, Türkiyə tarixində ən qanlı çevriliş cəhdiydi. Adamları tankla əzir, təyyarələrdən atəşə tuturdular, parlament bombardmana məruz qaldı. Biz bu çağrışa etinasız qala bilmərik və bunu parlamentdə müzakirə etməliyik. Çünki bu cür önəmli məsələni baxış sahəmizdən buraxmaq istəmir, sakit şəraitdə hərtərəfli müzakirə etmək istəyirik. -Siz şəxsən ölüm cəzasının tətbiq edilməsinə tərəfdarsınız? -Məın prinsipcə əleyhinəyəm, Avropa Şurasında işləyərkən həmişə buna qarşı çıxış etmişəm, ABŞ və Yaponiyada da bildirmişəm ki, ölüm cəzasını ləğv etməkləri lazımdır. Lakin hazırda Türkiyə cəmiyyətində elə bir emosiopnal gərginlik var ki, buna sadəcə laqeyd yanaşa bilmərik. Məsələn, xanımım ölüm cəzasına tərəfdardır. O, ali təhsil alıb, dövlət qulluğunda çalışıb. Lakin mənimlə bərabər qiyama məruzn qaldıqdan sonra dedi: “Ölüm cəzası bizə lazımdır”. Xanımım və qızımla birgə sakit şəraitdə bunun xeyir və ziyanını müzakirə etdik. Türk xalqı zədə alıb. Bu həm də o məsələdir ki, avropalılar heç cür anlamırlar. Onlar yardım olmaq əvəzinə bizi alçaldırlar. -Sizcə, AB nəyi düzgün etməyib? -Biz rəğbətin yalnız üzdən təzahürünü gördük, lakin heç bir dəstək almadıq. Bizim əhali özünə sual edir: Əgər bəla zamanı bir yerdə deyiliksə, tərəfdaşlar nəyimizə lazımdır? Və hökumətin ürəyincə olub-olmadığı, prezident Ərdoğanın tərəfində olub-olmadığın önəmli deyil. Lakin qiyama qarşı daha açıq-aydın ifadələr, həmçinin Türkiyəyə ən yüksək səviyyədə səfərlər olmalıydı. Və həmvətənlərinmizə Avstriya federal kansleri Kern “radikallar” deyirsə, bu olduqca ciddi ittihamdır. Ola bilsin, Avstriya rəhbərliyi daha çox öz radikal əhvali-ruhiyyəli vətəndaşları ilə məşğul olmalıdır. Hayderə o zaman və yaxud indi prezidentliyə sağçı-ektremist namizədə 49,9% səs verənlər türk mənşəli Avstriya vətəndaşları deyillər. -AB-nin tənqidi hər şeydən əvvəl baş tutmamış çevilişdən sonrakı təmizləmələrə yönəlib. Siz kütləvi həbs və işdən azad etməklə reaksiya verdiniz… -Birmənalı şəkildə bu qiyamın arxasında gizlənən Fətullla Gülən təşkilatının nə qədər təhlükəli olduğunu başa düşmürsünüz. Qırx il ardıcıl şəkildə ədliyyə orqanlarında, polis və orduda pozucu fəaliyyət göstərilib. Mənim nazirliyimdən də yan keçilməyib, bu qruplaşmanın 300-400 tərəfdarı xarici diləri bilməsələr də, qulluğa girən zaman imtahan üçün sualları əvvəlcədən əldə etməyin sayəsində nazirliyə nüfuz ediblər. İşdən çıxarılmalara gəlincə: Almaniya birləşdikdən sonra 150 mindən çox adam işdən azad edilib, çünki SSRİ-yə yaxınlıqda şübhəli bilinirdilər. Yeni çevriliş cəhdləri əldə etməmək üçün bu tədbirləri görməyimiz lazımdır. Bu cür təhlükə hələ də qalır. -Bəs niyə bu qədər çox jurnalist həbs edilib? -Ancaq jurnalist olduğunuza görə toxunulmaz ola bilərsinizmi? Bəzi jurnalistlər Gülənin terrorçu təşkilatının göstərişlərinə əməl edib, bir çox adamların həyatını məhv edib və qiyamı dəstəkləyiblər. Jurnalist eyni zamanda terrorçu təşkilatın üzvüdürsə, bunun azad mətbuata nə dəxli var? Hökuməti hər gün tənqid edən xeyli jurnalist və nəşrlər var. Onlar öz baxış nöqtələrini təqdim etməkdə müstəqildirlər. Lakin söhbət qiyamdan gedərkən dəqiq mövqe tutdular. Lakin Almaniyada baxış nöqtəsinin, o cümlədən sizin “Bild” qəzetinin mövqeyi Türkiyədəki durumla ümumi heç bir cəhəti olmayan bir məcraya yönəldilir. -Bəs bizi nə yönəldir? -Bunu siz bilərsiniz! Amma tamamilə fərqli siyasi yönü olan alman KİV-lərinin Türkiyəyə münasibətdə eyni sözlərdən, eyni ritorikadan istifadə etməyi çətin ki təsadüf ola. Bu, alman xalqını manipulyasiya etmək və onu dezinformasiyaya məruz qoymaqdır. Və qanunverici orqanların prezident Ərdoğanın nümayişə qoşulmasını yasaqlamağı. Bu bizə mane olan ikili əxlaqdır. -Siz Kölndə Ərdoğana dəstək nümayişi zamanı məhkəmənin prezidentin videokonfrans vasitəsilə tədbirə qoşulmasını yasaqlamağını nəzərdə tutursunuz. -Bəli, niyə Almaniya məhkəməsi yalnız toplantı başlandıqdan bir saat sonra bu cür qərar qəbul elədi? Və necə ola bilir ki, prezidentə danışmağa icazə verilmir, sonra isə PKK terror təşkilatı liderlərinin çıxışlarının birbaşa yayımına icazə verilir? Əvəzində Almaniyada bizim prezidenti diktator adlandırdılar. Niyə? Nədir, o, hakimiyyətə hansısa qeyri-leqal yolla gəlib? Onu seçməyiblər? -Siz həmçinin Gülən tərəfdarlarının Almaniyadan ekstradisiyasını tələb edirsiniz. Söhbət neçə nəfərdən gedir və onları nədə ittiham edirsiniz? – Bu terrorçu qurumun tərəfdarları bu yaxınlarda Almaniyaya keçiblər. Onların sayını tezliklə dəqiqləşdirib ekstradisiya tələb edəcəyik. İstənilən halda, Almaniyanın bu tələbi yerinə yetirəcəyinə şübhə edirəm. O, artıq keçmişdə PKK terrorçularının ekstradisiyası haqda bütün tələblərimizdən imtina edib. -Siz AB-nin hərəkətlərindən məyus görünür və eyni zamanda “yeni alyanslar”dan danışırsınız. Türkiyə NATO-dan çıxmaq istəyir? -NATO-dan çıxmaq haqda biz deyil, antitürkiyə dairələri danışır. NATO-nu ən fəal şəkildə dəstəkləyənlərdən biri bizik. Lakin aydındır ki, silah alqı-satqısı sahəsində digər tərəfdaşlarla da kooperasiya həyata keçirməliyik. Çünki NATO-da HHM sistemləri almaqda və yaxud informasiya mübadiləsində bizdən imtina edən tərəfdaşlar var. Biz öz milli təhlükəsizlik maraqlarımızla hərəkət edirik. -Rusiya bombardmançısı vurulduqdan sonra Rusiya ilə yenidən münasibət qurubsunuz. Bəs bu, Putinin Əsədi, sizin isə müxalifəti dəstəkləməyinizlə necə uzlaşır? -Rusiya ilə Türkkiyənin keçmişdə yaxşı münasibətləri olub, biz indi yenidən buna qayıdırıq. Bu, normal, çoxtərəfli xarici siyasətdir. Suriyaya gəlincə, əlbəttə, burada fikir ayrılıqları var. Biz əminik ki, İŞİD-ə qarşı birgə mübarizə zəruridir, lakin bu mübarizə mötədil müxalifətə qarşı yönəlməməlidir.

16 Avqust 2016 11:39

“Bu, ifadə azadlığı deyil, başqa məsələdir” – Alper Coşqun ANS-in bağlanması haqda…

“Başımıza gələn fəlakətin bunların yerləşdiyi hər yerdə təkrarlana biləcəyini biz hər kəsə anladırıq” "Gülən məktəblərində təhsil alanlarla bağlı bizim hansısa qara siyahını tətbiq etmək niyyətimiz yoxdur” Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqunun müsahibəsinin davamını təqdim edirik: Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/147822.html - Azərbaycanlılar məktəblərin sahibinin Türkiyə olduğunu zənn edərək oraya getdilər. İndi həmin ailələr və uşaqların durumu necə olacaq? Bəzi ailələr son qəpiklərini verərək həmin məktəblərdə uşaqlarını oxudublar ki, Türkiyəyə yaxın olsunlar. İndi tam tərsi alınıb. Belələrinin taleyi necə olacaq?  - Gözəl və haqlı bir sualdır. Türkiyə daxilində də çox həssas bir mövzudur. Fətullahçı Terror Örgütünə (FETÖ) Türkiyəyə zərər verəcək fəaliyyətləri ilə daxil olan, onlarla təmasda olan insanlarla əlaqədar bizim rəsmi qurumlarımızın verdiyi dəyərləndirmələrdə bir sıra kriteriyalar nəzərə alınır. Mən hazırda həmin kriteriyaların detallarını açıqlaya bilmərəm. Amma bunu deyə bilərəm ki, çevriliş cəhdi olub, bunu kimin etdiyi bəllidir və ona qarşı tədbirlər görürük. Onların məqsədləri də bəllidir. Türkiyə hüquqi müstəvidə geniş tədbirlər həyata keçirir. FETÖ ilə əlaqədə, təmasda olan, onun təsiri altına düşən insanlara qarşı tədbirlər görülür. Bununla əlaqədar araşdırmalar aparılarkən aralarında sorğu-sual edilməsinə zərurət varsa, onlar dindirilir, saxlanılması zəruri olanlarla bağlı da həbs tədbiri seçilir. Günahsız olanlar, FETÖ və çevriliş cəhdi ilə əlaqəsi olmadığı təsdiqlənənlərlə bağlı isə hər hansı tədbir görülməyəcək. Bizim rəsmilər də bəyan edib, bütün tədbirlər hüquq çərçivəsində həyata keçirilir. Bu tədbirlərlə bağlı istənilən şəxsin həm Konstitusiya Məhkəməsinə, Həm Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək haqqı var. Üstəlik, bilirsiniz ki, Avropa Şurasının baş katibi də Türkiyəyə gəlmişdi. Ona da deyildi ki, Avropa İnsan Haqları Məhkəməsinin verdiyi qərarlar burada nəzərə alınacaq. Uşaqlarımızın durumuna gəldikdə, bu, çox önəmli məsələdir... - Cənab səfir, bəs, Azərbaycanda, digər türk respublikalarında, həmçinin digər ölkələrdəki Gülən məktəblərində təhsil almış  uşaqların, yetişmiş mütəxəssislərin taleyi necə olacaq?  - Bizim bununla bağlı hansısa qara siyahını tətbiq etmək niyyətimiz yoxdur. Mən səfir olaraq bunu rahatlıqla deyə bilərəm. Ancaq bir reallıq var ki, bu məktəblər və Türkiyədə olduğu kimi, bu yapıya bağlı kurslar, yataqxanalar, yurdlar bəzi hallarda bir endoktronosion (“beyin yuyulması”) hədəfinin tətbiq edildiyi məkanlar olaraq sui-istifadə edilib. Türkiyə Təhsil Nazirliyində yeni bir maarif vəqfi yaradıldı. Ölkə xaricindəki belə məktəblərin fəaliyyətinə bu maarif vəqfi vasitəsilə dövlət tərəfindən nəzarət olunması - təbii ki, həmin ölkələrin də buna razılıq verməsi şəraitində - nəzərdə tutulur. Dolayısı ilə, qarşıdakı dönəmdə bu cür sui-istifadələrə imkan verməyəcək bir çərçivəni bərqərar etməyi düşünürük. - Qərb mətbuatında bir iddia əksini tapır ki, prezident Ərdoğan diktaturaya doğru gedir. İstərdik bu iddiaya da münasibət bildirəsiniz. Belə bir təhlükə varmı? - Yox. - Türkiyə iqtidarı dövlət və millət maraqları adı ilə çərçivələri kiçildə bilərmi? Əslində Siz dövlətin maraqlarını təmsil etdiyiniz üçün, belə olsa da, deməzsiniz ... - Dediyiniz doğrudur, mən dövlətimin rəsmi təmsilçisiyəm. Bəzi hallarda mənim nə deyəcəyimi təxmin etmək mümkündür. Amma mən bəzən çox çətinliklə cavab verirəm, bəzənsə çox asanlıqla. Burada çox asan cavab verəcəyəm və maska taxmağıma gərək yoxdur. Türkiyə demokratiyasına, hörmətli prezidentimizin siyasi karyerasına nəzər yetirdikdə, xüsusilə də indiki dönəmdə ona bu cür ifadələr yapışdırmağa çalışmaq prezidentimizi bir kənara qoyuram, Türk toplumuna bir az həqarət olur. - Niyə? - Çünki Türkiyənin müzakirəyə ehtiyac olmayan, azad, şəffaf seçki prosesi nəticəsində Türk xalqının mütləq əksəriyyətinin dəstək verdiyi bir siyasi partiya - AKP hakimiyyətdədir. Onun keçmiş lideri olmuş, baş nazir olduğu dövrdə dəfələrlə seçkilərdə zəfər qazanmış və dolayısı ilə türk toplumumun demokratik tələbini ortaya qoymağa hər zaman nail olan bir siyasətçidən söhbət gedir. Baş nazir olanda da belə idi, prezident olaraq da belədir. İndi bu özəlliyə baxdıqda, yəni hörmətli prezidentimizin seçkilərə qatılması və aldığı nəticələrlə bağlı təcrübəsinə kimsə şübhə edə bilməz. İkincisi, prezidentimizin Amerika ilə bağlı kəskin fikirlər işlətdiyini dediniz. Hər kəsin bir üslubu, bir siyasət yürütmə tərzi var. - Yeri gəlmişkən, ABŞ bu üslubu tənqid edib... - Amma özlərinin prezident seçkiləri hazırlığı ilə bağlı prosesə də baxsalar, yaxşı olar (gülüşmə). Siyasətin üslubu bəzən rəngli ola bilir. Amma prezidentimiz bunu niyə deyir? Bunu deyəndə xalqın reaksiyası necə olur? Türkiyədə Amerikaya qarşı üzə çıxan bir həssaslıq var, bu, önəmli bir şeydir. Yuxarıda çevriliş cəhdində üst ağılın olub-olmamasından bəhs etdik. Bunları ortadan qaldırmağın ən önəmli yolu bu adamın (Fətulla Gülən nəzərdə tutulur-E.P.) mühakimə olunması üçün Türkiyəyə təhvil verilməsidir. - Sizcə, Amerika onu verərmi? - Verməlidir. - ABŞ-ın tarixində belə bir fakt varmı, ona sığınan kimisə təhvil veribmi? ...Rusiyanı bilirik, dəfələrlə verib. - Vallah, məni ABŞ-ın tarixi maraqlandırmır. ABŞ üçün terrorla mücadilə önəmli məsələdir. Müttəfiqimiz, dostumuz, ortağımızdır. Bəzi məsələlərdə fərqli yanaşmalarımız var. Suriyadakı bəzi addımlarını biz doğru saymırıq, hətta bəzilərini şiddətlə qınayırıq. Bunları dartışırıq,  danışırıq və s. Amma bu məsələdə Türkiyədə konstitusiya quruluşu hədəfə alınıb. Buna etiraz olaraq xalq meydanlara çıxıb. Ona görə də bu hadisələrin günahkarının təhvil verilməsi gərəkdir. - Təhvil verilməsə, nə olacaq? Proses haraya gedir? - Təhvil verməsə, yaxşı olmayacaq. Çünki bir güvən qırılması yaşanar. Düşünün, Türkiyə dövləti böyük bir təhlükənin  qarşısından dönüb. Özü də bəlli bir siyasi partiyanın, yaxud şəxsiyyətin, onun dəstəkçilərinin deyil, xalqın dəstəyi ilə dönüb. - Türkiyə hazırda bütöv, tam görünür, cəmiyyətin bütövləşdiyi tablosu ortadadır. Amma ABŞ çox böyük gücdür. Bu tablonu ABŞ-ın qarşısına qoymaq, çıxartmaq nə qədər düzgündür? “Üst ağıl” faktoru varsa da... - Amma hörmətli prezidentimiz bu tablonu bir araya gətirərək, onu ABŞ-ın qarşısına qoymayıb. Bu tablo bir araya gəldikdən sonra prezidentimiz bizim toplumumuzun hisslərinə də istinad edir. Səbəb-nəticə əlaqələrini yaxşı anlamaq lazımdır. Bəlkə yenə bir az həddimi aşacağam; siyasi elmləri oxumuşam və siyasi elmlər nəzərindən bir şeyi deyim... Hər halda hörmətli prezidentimizin bizim toplumumuzun nəbzini tutmaq baxımından inanılmaz bir bacarığının olduğu faktdır. - Təbii. Bunu biz də qəbul edirik. Olmasa, belə nəticələr ala bilməz, milləti vahid orqanizm halına gətirə bilməzdi... - Burdakı mövzu da odur. Bəli, bizim prezidentimiz çox güclü bir liderdir, toplumumuza istiqamət verə bilir. Amma o gecə küçədə sərgilənən davranış, “Yeniqapı”da ortaya çıxan tablo var... “Yeniqapı” bitənə qədər hamımız maraqlanırdıq, Türkiyədə də müzakirə olunurdu ki, CHP və MHP liderləri gələcək, ya gəlməyəcək? Baxın, hamısı gəldi... - 15 iyul olayları və sonrası yalnız Türkiyənin yox, onun xaricində yaşayanların da gözlərini açdı. Həm də Ərdoğanı düzgün tanımaq baxımından...Biz zaman-zaman onunla bağlı çox yazılar yazdıq, tənqid etdik, hətta bəzən qısqandıq da ki, niyə bu qədər çox ərəbçidir, Fələstini Qarabağdan öndə tutur... Mən Türkiyə vətəndaşı olsaydım, bundan sonrakı seçkidə ona səs verərəm. Amma ötən il bu zaman ona səs verməzdim... Bu dəfə cənab səfir İsmayıl Alper sual edir: - Niyə səs verərdiniz? - Rəcəb Tayyib Ərdoğan və onun tətbiq etdiyi model olmasaydı, Türkiyə o gecədən çıxa bilməzdi. - Vaşinqtonun oxuması lazım olan gerçək budur. - Vaşinqton da, mən də hər şeyi düzgün oxuyuruq. Sadəcə, mən türk olduğum üçün qənaət və ifadəm başqadır. Olsun ki, Vaşinqton belə durumdan rahatsız olur, amma mən yox... - Amma yuxarıdakı sualınıza qayıdıram, Vaşinqtonun oxuması lazım olan reallıq budur. Qarşıda sadəcə, prezidentimizin tələbi yoxdur. Bəli, siz o zaman bunu soruşa bilərsiniz: Amerika Türkiyənin bütün toplumunun gözləntilərinə yenə də laqeyd qala bilər? Bu, yanlış bir mövqe olar. Vəziyyətin o nöqtəyə gəlməyəcəyinə ümid edirəm. - Sizin düşüncənizə görə, Fətulla Gülən Türkiyəyə təhvil verilərsə, ölüm cəzasınamı məhkum ediləcək? Tələblər var ki, ölüm hökmü bərpa olunsun, ictimai rəy bunu istəyir. - Təbii ki, bu məsələ ilə bağlı hüquqi müstəvidə müzakirələr gedir. Türkiyədə ölüm cəzası yoxdur, illər öncə bunu ləğv etdik. Ancaq son hadisələr nəticəsində küçələrdən xalqımızın ciddi çağırışları oldu. Hörmətli prezidentimizin və baş nazirimizin zaman-zaman bununla bağlı dedikləri oldu. Xüsusilə prezidentimiz “burada demokratiya var, xalq bir tələbi səsləndirir, parlament müzakirə edəcək, xalqın tələbini uyğun sayıb qərar verərsə, mən bunu dəstəkləyəcəm”, -  dedi. Məsələnin digər tərəfi isə budur: qanun geriyə tətbiq ediləcəkmi? Təbii ki, burada fərqli şərhlər var, geriyə tətbiq olunmayacağından bəhs edilir. Yəni Türkiyə yenidən ölüm cəzasını tətbiq etməyi uyğun saydığını bəyanlasa, qanunlarında dəyişikliklər etsə, qərar o tarixdən etibarən keçərli olacaq. Bununla bağlı hüquqi dartışmalar gedir. - Azərbaycanla bağlı bir sualım var, FETÖ terror təşkilatından danışılır və bu, Türkiyədə hər kəs tərəfindən qəbul olunub. Sanki kim öz çıxışında o ifadəni daha çox söyləyəcək deyə, bir yarışma da var. Amma bunun bir hüquqi prosedura da var. Məsələn, müttəfiq, dost ölkələrə, dost olmayan dövlətlərə bir təklif, ya istək gedəcəkmi ki, “FETÖ”-nu terror təşkilatı kimi tanıyın? Bunun nümunəsi artıq bir neçə ölkədə var. - Bəzi ölkələrin və təşkilatların özlərinə görə fərqli qaydaları var. Bəzilərinin də terror təşkilatları siyahısı olur. Avropa Birliyi və ABŞ-ın da var. Amma bütün ölkələrdə belə bir siyahı yoxdur. Türkiyədə də terror təşkilatları siyahısı deyilən belə bir siyahımız yoxdur. Amma terror təşkilatları olduğunu bildiyimiz, dolayısı ilə barəsində tədbirlər gördüyümüz təşkilatlar var. Azərbaycan və başqa ölkələrlə bağlı da eyni sözləri deyə bilərəm. “FETÖ”-nun bir terror təşkilatı olduğuna dair bizim ən kiçik bir şübhəmiz də yoxdur. - Türkiyənin terror siyahısına düşəcəkmi və Türkiyə bunu istəyəcəkmi? PKK var axı... - Belə bir siyahımız yoxdur. Amma dövlət olaraq fəaliyyətləri və davranışları, terrora verdiyi dəstək səbəbilə barəsində tədbirlər gördüyümüz təşkilatlar var - PKK, DAEŞ, FETÖ. Türkiyə açıq şəkildə bu, terror təşkilatıdır, deyə, bağırır. Bununla bağlı siyahı tutması önəmli deyil, nə etdiyi önəmlidir. Nə etmək lazımdır? Birincisi: əgər bunun Türkiyəyə zərər verən fəaliyyəti varsa - maliyyə məsələsi də daxil olmaqla - tədbir görülməsini gözlərik. Tədbir görülmədiyi halda da uyğun kanallarla tədbir görülməsini istədiyimizi söyləyərik. İkincisi: Türkiyədəki təcrübə çox önəmlidir. Başımıza gələn fəlakətin bunların yerləşdiyi hər yerdə təkrarlana biləcəyini biz hər kəsə anladırıq. - Cənab səfir, Azərbaycanla bağlı bir sualım da var. Yormamışıq sizi? - Yox, yormamısınız. Amma üzünüzdə bir gülümsəmə var, yəqin zor (çətin) bir sual gəlir (Gülüşmə). - Yox, çətin olmayacaq...Terror hərəkəti və çevriliş cəhdi Türkiyədə bir neçə televiziya, media quruluşunun qapanmasına səbəb oldu. FETÖ terror təşkilatına bağlı media quruluşları qapadıldı. Amma bunun Azərbaycana da təsiri oldu. Həmin gecə sizi də canlı yayıma çıxarmış ANS televiziyası qapadıldı. Fətullah Gülənin müsahibəsini yayma təşəbbüsü səbəbindən Azərbaycan dövləti onu qapatdı. Bu məsələ ilə bağlı sizdə bir düşüncə varmı? Bunu necə qiymətləndirirsiniz? Hələ ANS televiziyasının qapadılması ilə bağlı Türkiyə dövləti və Bakıdakı səfirlik dəyərləndirmə verməyib. Özü də bu televiziya həm Türk xalqından, həm də Azərbaycan xalqından bu təşəbbüslə bağlı üzr də diləyib. Bu məsələyə münasibətiniz necədir? - Bizim mövqeyimiz budur: terror təşkilatı olaraq gördüyümüz “FETÖ”nun, onun başındakı xain Fətullah Gülənin, xüsusilə Türkiyədəki bu uğursuz çevriliş cəhdindən sonra aparacağı təbliğatın da terror fəaliyyətinin dəstəklənməsindən və onun propoqandasının aparılmasından başqa bir şey olmadığına dair qəti fikrimiz var. Dolayısı ilə onun (Fətulla Gülənin-E.P.) sözlü də olsa, ortaya çıxaraq aparacağı təbliğata heç bir yerdə izn verilməməsini istəyirik. Bu, ifadə azadlığı deyil, başqa məsələdir. Çünki Türkiyədə yaşanan böyük hadisəni, özünün məsuliyyət daşıdığı bu xain cəhdi çox fərqli bir şəkildə təsvir etməyə çalışacağı bəllidir, bəzi fəaliyyətləri ilə bunu etməyə də çalışdı. F. Gülənin təbliğatının yayınlanmaması, buna fürsət verilməməsi fikrimizcə, çox yerində olan bir qərardır. - Amma önlənmə çox da sərt olmadımı? Çünki müsahibəni götürən jurnalist Qənirə Ataşova əslində bir Ərdoğançı çıxdı, hətta Amerikada mitinqlərin önündə olub, çevrilişə etiraz bildirib. Bu mənada insanların sualı var, fürsət düşmüşkən sizə yönəldirik...(musavat.com)   Davamı var..

15 Avqust 2016 6:32

16 yaşlı qızın dramı: “Anam o kişiylə səhərə qədər içirdi, sonra isə onlar məni …”

...Atasını erkən itirib. Bacısı Esmira ilə onun ehtiyac dolu tale yükü cəmi 23 yaşı olan anasının çiyinlərinə düşüb. "Anam işləyirdi, ac qalmırdıq, münasibətlərimiz də yaxşı idi. Amma..." susur. Başını aşağı salıb baxışlarını ayağının ucuna dikir. Anasının ikinci dəfə ailə qurması ilə həyatı dəyişib. Atalığı hər dəfə bir bəhanə ilə onları döyüb. Buna görə də, 12 yaşında evdən qaçıb. Polis tapıb evə qaytarandan sonra yenə atalığı tərəfindən möhkəm döyülüb. Sonra təkrar evdən qaçıb, bir müddət binaların zirzəmisində gecələyib. Beləcə, qaçdı-tutdu oyunu küçədə rastlaşdığı oğlanın sevgi nağılları ilə sona çatıb. Faktinfo.az virtualaz.org-a istinadən bildirir ki, 16 yaşlı Gülnar Məmmədova təcavüzə məruz qaldıqdan sonra polis tərəfindən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib. "İlk dəfə idi ki, mənimlə insan kimi rəftar edirdilər. Amma anam hər gün gəlirdi, səs-küy salırdı. Buna görə də, sığınacaqdakıların narahat olmaması üçün oranı tərk etməyə məcbur oldum", - deyir. G.Məmmədova başına gələnləri danışıb: - Təxminən 9 yaşım olardı. Dərsdən evə qayıdanda bizdə bir kişi gördüm. Anam dedi ki, bu gündən o da bizimlə yaşayacaq. Elə həmin vaxtdan anam dəyişib başqa adam oldu. Gecələr içirdilər, səhərlər də əsəbi olurdular. Bacım balaca olduğundan əsas işləri mən görürdüm. Tez-tez dərsdən qalırdım. Etiraz edəndə isə atalığım məni döyürdü. - Bəs anan?.. - Mənə təsir edən də odur. Anam bizimlə maraqlanmırdı. Atalığım qohumlarımızı evdən qovmuşdu. Dayımla, nənəmlə dalşmışdı. Deyirdi ki, sizə baxmasam, küçələrə düşəcəksiniz. Özü heç yerdə işləmirdi, anamın maaşı ilə dolanırdıq. Anam isə bizə qarşı soyuq olmuşdu, atalığım məni döyürdü, o isə o biri otaqda ya televizora baxırdı, ya da iş görürdü. - Səni nəyin üstündə döyürdülər? - Evi yığışdırmayanda, çayı gec gətirəndə, onun icazəsi olmadan bir yerə gedəndə döyürdü. Amma çox vaxt cavab qaytaranda əsəsbləşirdi. Araq içirdi, süfrəni o demədən yığışdıranda da məni döyürdü, o deyəndən sonra yığışdıranda da. Bilmirdim, necə edim ki, onun qəzəbinə gəlməyim. Son zamanlar bacımı mənim üzümə tüpürməyə məcbur edirdi. Məndən fərqli olaraq, Esmira döyülməkdən qorxurdu. Onun üstünə gedəndə, ya döyəndə saatlarla ağlayırdı. Ona görə də, mənə tüpürməyə məcbur olurdu. Anam isə elə davakar, söyüşkən olub ki... - Sonuncu dəfə evdən nə vaxt qaçdın? - Təxminən 1 il əvvəl evdən qaçmışdım. Yenə də evdə dava düşdü. Səhər tezdən anamın çantasından 2 manat götürdüm. Bir müddət küçədə tanış olduğum uşaqlarla gecələdim. Axşamlar pivə içirdik, kafelərdə qab yuyub əvəzində yemək alırdıq. Sonra kafelərin birində Azərlə tanış oldum. Mənimlə evlənəcəyini dedi. ...Yenidən susur. "Mənim bütün bəlalarımın səbəbkarı anamdır. Atalığıma da, döyülməyimə də dözərdim. Amma anam öz hərəkətləri ilə həyatımı zindan edib", - deyir. Bir qədər gözləyirəm. - Hə, Azər mənə üzük, kofta alırdı. Deyirdi ki, evlənəndən sonra öz evimiz olacaq, nə ananın, nə də atalığının üzünü görməyəcəksən. Bir neçə dəfə kirayə evlərə baxmışdıq, hətta gəlinlik paltarı da seçmişdik. Azər işləyirdi, həmişə cibində pul olurdu. Bir neçə dəfə onunla pivə içmişəm. Amma araq təklif edəndə içmirdim. Sonuncu dəfə dedi ki, kirayə ev var, gedib baxmaq lazımdır. Axşam çağı görüşüb evə baxmağa getdik. - Sənə orada təcavüz etdi? - Yox, evdə olanda kiməsə zəng vurub gəldiyimizi dedi. Sonra bir oğlan gəldi. Azər dedi ki, dostudur, evi o kirayələyəcək. Siqaret almaq üçün mağazaya düşdü. Sonra bildim ki, yalan deyirmiş. Oğlan mənə təcavüz elədi. Azər qayıdanda əsəbiləşdi, dedi ki, onunla özüm hesablaşacağam. Amma sən heç kimə demə. Deyirdi onsuz da evlənəcəyik. Arda bir-iki nəfərlə görüşüb pul qazana bilərsən. Onunla razılaşmadığımı görüb məni zorladı. Deyirdi ki, harada olsan səni tapacağam. Məcbur qalıb evə qayıtdım. Anam evlənməyimi istədi, amma mən elə adamla evlənmək istəmirdim. Azər atalığımdan da pisdir. Hətta indiyə qədər atalığım nə mənə, nə də bacıma pis nəzərlə baxmayıb. Anamdan fərqli olaraq o, polisə şikayət etdi. İndi iş araşdırılır. - İndi ailəndən ayrı yaşayırsan. Bəs 16 yaşında tək qalmaqdan qorxmursan? - Yox. Nənəm dünyasını dəyişəndən sonra evi boş qalmışdı. Düzdür, evdə heç bir şərait yoxdur, günlərlə su, işıq olmur. Amma yenə də burada heç kim məni narahat eləmir. Yalnız hərdən anam gəlir, bağırır-söyür, sonra da çıxıb gedir. İndi yaydır, məhəllələri dolaşıb xalçaları yuyuram. Bir xalçaya görə 3 manat verirlər. Bəzən gündə 12-15 manat qazanıram. 18 yaşım tamam olandan sonra hər şey yaxşı olacaq. ...Üzündəki çapıq izləri onu yaşından böyük göstərir. Gülnarı aldadaraq zorlayan Azər və onun dostu məsuliyyətdən yaxa qurtara bilməyəcəklər. Bəs onun həyatını zindana çevirən ana və atalığından kim hesab soracaq?

14 Avqust 2016 11:10

Erkin Qədirli Natiq Cəfərlinin həbsindən danışdı: “Xanımına aid zinət əşyalarını aparıblar”

  REAL Hərəkatı İdarə Heyətinin üzvü Erkin Qədirli qurumun icra katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin avqustun 12-də həbsi ilə bağlı Azadlıq Radiosunun suallarını cavablandırıb.   – Erkin bəy, Natiq Cəfərli qanunsuz sahibkarlıq və vergidən yayınmada ittiham olunur. Bu ittihamlar əsaslıdırmı? Natiq Cəfərlinin sahibkarlıq fəaliyyəti var idimi? – Bu, 2013-14-cü illərdə bir qrup fəala qarşı başlanmış cinayət işinin tərkib hissəsidir. Mən İntiqam Əliyev, Rəsul Cəfərov, Xədicə İsmayılı nəzərdə tuturam – onlara vergidən yayınma və qanunsuz sahibkarlıqla bağlı ittihamlar irəli sürülmüşdü. Həmin vaxt Natiq Cəfərli də istintaqa cəlb olunmuşdu. Ancaq sonra ona prokurorluq rəsmi akt verdi ki, Natiq Cəfərli ilə bağlı cinayət təqibi üçün əsasımız yoxdur. Sanki həmin vaxt iş bağlanmışdı. İndi yenidən bəhanə kimi istifadə edirlər. – Sizcə, indi nə baş verir? – Bu, həm referendumla bağlıdır, həm də REAL-ın böyüməsi, bölgələrdə təşkilatlanması, üzvlərinin sayının artması ilə. REAL referendumla bağlı təkliflərə qarşıdır və Natiq Cəfərlinin həbsi REAL-a siyasi təqibdir. – Sədr İlqar Məmmədov neçə ildir həbsdədir, icra katibi saxlandı. Sizcə, REAL-da başqa həbslər də ola bilərmi? – Mümkündür. "Ola bilməz" desək, doğru çıxmaz. Olacaqmı, bunu bilmirik. – REAL Natiq Cəfərlinin həbsi ilə bağlı hər hansı müdafiə tədbirlərinə başlayıbmı? – Vəkil öz statusunu bu gün rəsmiləşdirəcək. REAL İlqar Məmmədovla bağlı gördüyü işləri həm də Natiq Cəfərli üçün görəcək. Əlavə yükümüz artdı: həm mənəvi, həm təşkilati, həm də maddi. Ailəsinə yardım edəcəyik, ora-bura gedib gələcəyik. – Natiq Cəfərli saxlanarkən evində axtarış aparılıbmı? – Bəli, gecə 2-nin yarısına qədər evində axtarış olub. Yoldaşının şəxsi əşyalarını aparıblar. Natiqin kompüterini, evin sənədlərini, xanımına aid zinət əşyalarını aparıblar. Pul tapmayıblar.

13 Avqust 2016 5:00

“Oxumuş, təhsilli adamlar paxıllıq edəndə onlara yazığım gəlir” – MÜSAHİBƏ

Bakı Slavyan Universitetinin yeni rektoru, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyeva Modern.az saytına müsahibə verib.Faktinfo.az müsahibəni olduğu kimi təqdim edir.   - Nurlana xanım, bilmək olarmı, Bakı Slavyan Universitetində hansı yeniliklər gözlənilir? - Universitetimizdə bütün sahələrdə yeniliklər gözlənilir. Həm universitetin maddi texniki bazasının zənginləşməsində, təmir işlərində, tədris işlərində yeni islahatların tətbiqi məsələsində, universitetin struktur bölmələrinin yeniləşməsində, həm də ştat cədvəlində yeniliklər olacaq. Bizim universiteti Azərbaycanın digər universitetləri ilə müqayisə etsək, ayrı-ayrı ölkələrin universitetləri ilə əlaqələr çox sıxdır. Xüsusilə Rusiya, Ukrayna, İran, Latviya, Türkiyə, Yunanıstan, Bolqarıstan, Rumıniya, Sloveniyadakı və digər ölkələrin universitetləri ilə Bakı Slavyan Universitetinin geniş əlaqələri var. Hər il  sadaladığım ölkələrdəki universitetlərlə tələbə mübadiləsi aparılıb. Bundan əlavə əcnəbi müəllimlər gəlib Bakı Slavyan Universitetində dərs keçirlər. Müxtəlif müştərək layihələr işlənilir. Kollektivimizin nümayəndələri qrantlar hesabına universitetimizə gəlir gətirir. Professorlarımız var ki, onlar xarici ölkələrin universitetlərində də tanınmış insanlardır. Müxtəlif dilləri yüksək səviyyədə bilən professorlarımız, xarici universitetlərlə birgə müştərək layihələr həyata keçirlər. Ümumiyyətlə, xarici ölkələrlə əlaqələrimiz çox sıxdır. Mən belə hesab edirəm ki, bu il Bakı Slavyan Universitetinin 70 illik yubileyində əlaqələr daha da genişlənəcək. Müştərək fəaliyyət üçün proqram hazırlayacayıq. Həmin universitetlərin jurnallarının nəşri, tanınmış yazarların əsərlərinin Azərbaycan dilinə tərcüməsi və yaxud Azərbaycan dilli əsərlərin başqa dillərə tərcümə olunmasını həyata keçirəcəyik. Ümumiyyətlə, müxtəlif istiqamətlərdə əlaqələri genişləndirmək fikrindəyik. Cənab Prezidentimizin sərəncamı ilə elan olunmuş “Multikultiralizm” ilinə uyğun olaraq yeni tədris ilindən universitetin müəllim və tələbələrlə birlikdə tədbirlər keçirəcəyik. Bütün dünyaya görəcək ki, Bakı Slavyan Universiteti multikultural dəyərlərin beşiyidir. Universitetimizdə çoxsaylı mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərin işini genişləndirəcəyik.   “Bakı Slavyan Universitetində hər kəs layiq olduğu yerdə çalışacaq”   - Kadr məsələsində nələrə üstünlük verəcəksiniz? - Bakı Slavyan Universiteti 70 ilini qeyd edəcək. Bu universitet oturuşmuş ali təhsil müəssisəsidir. Hər şey qanunlar çərçivəsində olacaq. Bu universitet həm də burada çalışan professor, müəllim heyətinindir. Demək istədiyim odur ki, hər kəs layiq olduğu yerdə çalışmasına davam edəcək. - Tələbə mübadiləsində hansı yeniliklər gözlənir? - Universitetimizdə bu vaxta qədər tələbə mübadiləsi olub. Biz bu mübadilələrin sayını artıracağıq. Mən belə düşünürəm ki, mərkəzlərimizdə işləyən müəllimlərimiz Türkiyə, Rusiya və İranın universitetlərində böyük elmi fəaliyyətlə məşğul olacaqlar və həmin ölkələrdən bizim universitetdə təhsil almaq istəyən əcnəbi tələbələrin sayı artacaq. Bizim tədbirlər proqramımızda bu kimi xeyli məsələlər var. Universitetimizin 145 nəfər əcnəbi tələbəsi və 7 nəfər əcnəbi müəllimi var. Növbəti tədris ilində əcnəbi tələbələrin sayını 2-3 dəfə artırmaq barədə iş aparırıq.    - Ölkəmizdəki universitetlərdə imtahanlar müxtəlif formada, test üsulu və yazılı formada həyata keçirilir. Siz bu sahədə hansısa yeniliklər edəcəksiniz? - Bir ara universitetlərdə tələbələr semestr imtahanlarını kompüter vasitəsi ilə verirdilər. Daha sonra o üsul özünü doğrultmadı, universitetlərin əksəriyyətində, bizim də universitetdə imtahanlar yazılı formada həyata keçirilir. İmtahanların obyektiv yoxlanılması üçün tələbənin adı olan hissə kəsilir, yoxlandıqdan sonra yenidən əlavə edilir. Hələlik imtahanlar bu şəkildə davam edəcək. Biz təhsildə olan yeniliklərin ən yaxşı cəhətini tətbiq etməyə çalışırıq. Universitetimizdə yeganə meyar bilik olacaq.   - Bakı Slavyan Universitetinə qəbul sayı sizi qane edirmi? - Bu il biz Slavyan Universitetinə 990 qəbul planı vermişik. Ötən il universitetimizi seçənlərin sayı nəzərdə tutulandan 330 nəfər az olub. Görünür ki, bizim təbliğata daha çox ehtiyacımız var. Ona görə də müxtəlif vasitələrlə universitetimiz barədə reklamlar verdik. Dediyim kimi, bu il 990 yer ayırmışıq. Amma nə qədər qəbul olacaq, müvafiq qurumun açıqlamasından sonra bu, bilinəcək.   “Rektorluq siyasi fəaliyyətimə mane olmayacaq”   - Yeni Azərbaycan Partiyasını yaradanların içində sizin də adınız var. Bu gün partiyanın İdarə Heyətinin üzvü, Qadınlar Şurasının sədrisiniz. Bilmək istərdik, rektorluq işi bu sahədə fəaliyyətinizə mane olmayacaq ki? - Hesab edirəm ki, rektor işi siyasi fəaliyyətim üçün heç bir maneçilik etməyəcək. Əksinə, düşünürəm ki, bu, həm universitet, həm də partiyamızın xeyrinə olacaq. Yeni Azərbaycan Partiyası dövlətçiliyimizlə sıx bağlıdır, dövlətçiliyimizlə qoşa qanad kimidir. Gəncliyimizi dövlətçilik ruhunda böyütmək isə bizim əsas işimizdir. - Gələn ay keçiriləcək referendumla bağlı da sizin fikirlərinizi bilmək istərdik. - Bu, bizim vətəndaşların mənəvi haqqı, həyat tərzi, onların hüququnun qorunması istiqamətində atılan bir addımdır. Bu, cəmiyyətimiz üçün çox vacib bir məsələdir. Bu məsələnin həyata keçirilməsində hər bir vətəndaşın rolu olacaq. Güman edirəm ki, bu, dövlətimiz üçün çox dəyərli bir referendumdur.   - YAP Qadınlar Şurasının sədri olaraq Azərbaycan cəmiyyətində qadınların rolunu necə qiymətləndirirsiniz? - Mən bir çox xarici ölkələrdə tədbirlərdə iştirak etmişəm. Ümumiyyətlə, demək olar ki, bu gün qadınların fəallığı bütün dünyada diqqəti çəkən dərəcədədir. Bu gün qadınlar öz hüquqlarının, öz həyatlarının sahibidirlər. Hətta dünyada baş verən hadisələrdə rol oynamaq iqtidarındadılar. Dünya qadınlarının ən gur nöqtəsində Azərbaycan qadınları addımlayır. Azərbaycan qadını haqqında danışarkən Ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini mütləq qeyd etməliyik. Mən onun fəaliyyətini Azərbaycan mədəni irsinin hamisi kimi qiymətləndirirəm. O, mədəniyyətimizi dünyaya təbliğ etməklə Azərbaycan anasının səviyyəsini, mütərəqqi cəhətlərini sərgiləmiş oldu.   - Nurlana xanım, yeri gəlmişkən, siz universitetə rektor təyin olunandan sonra mətbuatda haqqınızda müxtəlif yazılar yer almağa başladı. Buna münasibətiniz necədir? - Buna qısa münasibətim belədir, “Barlı ağaca çox daş atanlar olur”. Mən heç nəyə fikir vermədən başımı aşağı salıb işimi görürəm. Prezidentimiz mənə etimad göstərib, mən də bu etimadı doğrultmağa borcluyam. Kənardan kiminsə nə deməsi mənə o qədər də maraqlı deyil. Hesab edirəm ki, barəmdə yanlış məlumat, şər-böhtan yayanlar bunu paxıllıqdan, gözü götürməzlikdən, qeyri-insani duyğulardan edirlər. Bu paxıllıqların, şər-böhtanın başında oxumuş, elmli insanları görəndə çox rəncidə oluram. Çünki insan o vaxt bəsit olar, o vaxt paxıl olar ki, onun biliyi, onun təfəkkürü naqis olsun. Amma oxumuş, təhsilli adamlar bunu edirsə, belə adamlara yazığım gəlir.   “Qanuni bir işi, yeniləşməni nədən böyük bir qalmaqala çevirirlər?   - Universitetdə aparılan tikinti işləri ilə də bağlı bəzi fikirlər ortaya atıldı. Universitetin girişindəki mozaikanın sökülməsi qanuna uyğundurmu? - Universitetin fasadında mozaika var idi. Orada dahilərimizdən Nizami Gəncəvinin, Üzeyir Hacıbəylinin, Natəvanın, Mirzə Ələkbərin kiçik daşlardan düzəldilmiş şəkli var idi. Bu mozaikalar keçən əsrin ortalarında dəbdə idi. Sovet ideologiyasının incəsənətini təbliğ edən sənət əsəri idi. Universitetin fasadında olan bu mozaika qəza şəraitində, təhlükə ərəfəsində idi. Onun kənarında olan şəbəkələr bir-bir düşürdü. Xoşbəxtlikdən daşlar bu günə qədər heç kimə xəsarət yetirməyib. Bu mozaika 1972-ci ildə quraşdırılıb. Biz onu ya yüksək məbləğli maliyyə hesabına bərpa etməli idik, ya da yeni üslubda inşa etməli idik. Ona görə də biz müvafiq qurumların razılığı ilə bura memar dəvət etdik. Universitetin girişini Şərq üslubuna uyğun inşa etməyə qərar verdik. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinə müraciət elədik. Onlar bizə cavab verdilər ki, bu  universitetin binası daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydiyyata alınmayıb və onun üstündəki mozaika da bədii əhəmiyyət kəsb etmir. Biz bu məktubdan sonra Bakı Şəhər icra hakimiyyətinə müraciət etdik, onlar da söküntüyə icazə verdilər. Başa düşə bilmirəm, qanuni bir işi, yeniləşməni nədən böyük bir qalmaqala çevirirlər? Heç olmasa mətbuat ədalətli olmalıdır, yazdığı yazı haqqında araşdırma aparmalıdır. Mətbuat işçisi haqq axtaran olmalıdır. Ancaq bu yolla hörmət qazanmaq olar. Amma görürük ki, bəzi mətbuat nümayəndələri şər-böhtanla gündəmə gəlmək istəyirlər.   - Növbəti illərdə Bakı Slavyan Universitetinin tələbəsini necə görəcəyik? - Məni tanıyanlar Azərbaycan Dövlət Pedaqoji Kollecindəki fəaliyyətimə də bələddirlər. Orada tələbələr üçün vahid forma tətbiq edilirdi. Səbəbi bu idi ki, tələbə geyim zamanı öz milli mentalitetini unutmasın. Bu formanın tətbiqi tələbənin əsas diqqətinin dərsinə yönəltməsinə gətirdi. Heç kim başqasının geyiminə həsəd aparmadı, qibtə etmədi, verilən dərsin də çox faydası oldu. Təhsil Nazirimiz Mikayıl Cabbarov nazir təyin olunandan bir müddət sonra müəllimlərimiz üçün korporativ geyim təqdim olundu. Mən bunu çox yüksək qiymətləndirirəm. Mənim təsəvvürümdə müəllim zahiri görkəmindən tutmuş daxili bütövlüyünə qədər müəllim olmalıdır. Müəllim tələbələrə nümunə olmalıdır, geyimi ilə diqqəti cəlb etməməlidir. Ancaq universitetdə hələ ki, heç bir geyim forması tətbiq edilməyib. Sizə onu deyə bilərəm ki, bir ildən sonra Bakı Slavyan Universitetinin tələbəsinin üzündə bir razılıq görəcəksiniz, sevinc görəcəksiniz. Heç bir şeydən nigaran, narahat olmadan başlarını aşağı salıb dərslərini oxuyacaqlar. Tələbə müəllim münasibətlərində böyük bir şəffaflıq, hörmət olacaq. Tələbələr Bakı Slavyan Universitetinin məzunu olmaqdan qürur hissi keçirəcəklər. Bir sözlə, Bakı Slavyan Universitetini tələbələri xoşbəxt tələbə olacaqlar.   Qafar AĞAYEV

12 Avqust 2016 10:25

Parlamentə avtobusla gedən, kirayədə yaşayan deputat – AZƏRBAYCANDA

Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin musavat.com-a müsahibəsi. - Bu gün 37 yaşınız tamam olur. Ümumən ad günü təəssüratlarınızı bilmək maraqlıdır. - Həyatım boyu təmtəraqlı ad günü keçirməmişəm. Nə uşaqlıqda, nə də yetkin dövrümdə. Dəbdəbəni, qarışıq ortamı, ələlxüsus da hədiyyələri sevmirəm. Özümü tanıyandan özəl günlərimdə tək qalmışam, daha doğrusu təkliyə meylli olmuşam. Hətta bəzən telefonu belə söndürüb həmin günün mahiyyətini azaltmağa çalışmışam. Ya da bu kimi başqa şeylər. - Səbəb? - Yəqin içimdə keçmişdən qalan zədələr var. Fəqət, bunu ən çox onunla bağlayıram ki, ad günü keçirməyin, hədiyyə almağın özü də bir vərdiş məsələsidir. Bu vərdişi isə məndə uzun illər kimsə yaratmayıb. Uşaqlıqda ailəm yola verib, daha sonra başqaları. - Amma güman ki, deputat seçiləndən sonra təbrik edənlərinizin sayı artmış olar. - Deputat olandan sonra adətən xahişlər, “layk”lar, sənin vasitənlə “iş boğmağa” çalışanlar artır, təbriklər elə də artmır. Çünki təbrik mənfəət gətirən iş deyil. - Yəni, cəmiyyətdəki bütün münasibətlər mənfəət üzərində qurulub… - Bütün olmasa da, əksər münasibətlər. Çox təəssüf. - 36 yaşında deputat seçilmisiniz. Gənc olaraq Milli Məclisdə baş çıxarmaq çox çətin deyil ki? - Qətiyyən. Yetər ki, yerini biləsən. - Yerini bilməyənə yerini göstərirlər? - Yerini bilməyən sadəcə nüfuzunu, hörmətini itirir. - Qələbə xəbərini aldığınızda ilk telefon açdığınız adam kim olub? - Qızım. Səsim titrəyərək ona zəng etmişəm. Çünki bu həyatda mənə ondan çox azarkeşlik edən yoxdur. Hətta seçki günü Zaqatalaya dönmədən öncə qızımı bağrıma basıb dedim ki, seçilməsəm, üzülmə və rahat ol. Yəni məğlubiyyətə özümdən çox onu hazırladım. Və…telefonda xoş xəbəri verərkən elə bir bağırtı ilə qışqırdı ki, o səs həyatımın sonuna qədər qulağımda cingildəyəcək. - Neçə övladınız var? - Elə bir qızım var. 4-cü sinfi bu il bitirib. 10 yaşındadı. Həyatda ən böyük arzularım da onunla bağlıdır. İstəyirəm yaxşı təhsil alsın, millətinə, dövlətinə yararlı biri olsun. - Deputat qızı olmağın xüsusi avantajı varmı? Məsələn, məktəbdə güzəştlər olsun, yüksək qiymətlər yazılsın və s. - Əsla. Övladımın müəllimlərinin bəlkə də çoxu heç bilmir ki, mən deputatam. Çünki ailə olaraq reklamı sevmirik. Kimsə də bizə hansısa güzəşti eləmir. Məişətdə də eyni cür. Hamı necə, qızım da elə. Hərdən ata-bala metroya düşüb, avtobusa minib gəzirik, paltarlarımızı adi yerlərdən alırıq, pulu qənaətlə xərcləyirik. - Özəl məktəbdə oxuyur? - Xeyr. Çox təəssüf ki, hələ övladımı özəl məktəbdə oxutmağa gücüm çatmır. Amma bunu çox arzulayıram. İnşallah nə zamansa Əli Kərimli qədər pulum olsa, bunu düşünmədən edəcəm. - Danışmaq gümüşdürsə susmaq qızıldır”- ifadəsini Milli Məclisə aid etmək olar?  - Parlament Qanunverici orqandır. Ehtiyac olanda danışırıq. O danışığa ehtiyac olmayanda susmaq isə bir tək Milli Məclisdə deyil, elə hər yerdə qızıldır. - Elşən bəy, bir dəfə sosial şəbəkədə belə bir status paylaşmışdınız ki, idarə etdiyiniz maşını taksiyə bənzədiblər və ətrafdakı taksi sürücüləri hətta sizi özlərinə rəqib bilərək üzərinizə şığıyıblar. Avtomobiliniz o qədərmi köhnədir ki, onu taksi biliblər? - Avtomobilimin markasını deməyəcəm. Amma bazara çıxardıb satası olsam uzağı 4 min manat pul verərlər. - Bu, “sadə deputat” görüntüsüdür, yoxsa, həqiqətən dəyişməyə imkanınız yoxdur? - Maşın mənim üçün prioritet məqsəd deyil. Ona görə dəyişmirəm. Yəni əlimdəki bütün pulu xərcləyib maşın dəyişəcəyimə, yüz problem həll edərəm. Heç deyim ki, o maşını sürmürəm də. Həftənin ən az 5 gününü ictimai nəqliyyatdan istifadə edirəm. Amma məsələ burasındadır ki, hamı elə bilir göz qaytarıram. Ya da düşünürlər, bunun biznesi, pulu, var-dövləti var, sadəcə üzərinə diqqət cəlb eləmək istəmir. Əslində isə vəziyyət həqiqətən fərqlidir. Durumumdan, bu günümdən əsla və əsla şikayətçi deyiləm. Sadəcə varlı-karlı da deyiləm, bunu da hamı bilsin. Mən siyasətə pul qazanmaq üçün deyil, sidq ürəkdən Prezidentimə, Heydər Əliyev yoluna bağlı olduğum üçün gəlmişəm. Düzgün və doğru insanları müdafiə etməmdən dolayı da son dərəcə xoşbəxtəm. Mənfəət güdən adam olsaydım, 2009-dan bəri kirayədə yaşamazdım. Ya da kirayə qaldığım evin yiyəsini son bir il boyunca cidd-cəhdlə inandırmağa çalışmazdım ki, qardaş, vallah-billah, Allah haqqı mən deputatam, yalan danışmıram. - Müxalifətə qarşı hər zaman aqressiv mövqeyinizlə seçilmisiz. Neyləyib sizə o müxalifət? - Şəxsi anlamda heç nə. Sadəcə onların səmimiyyətinə və mənim müdafiə etdiyim iqtidardan daha yaxşı olduqlarına heç bir zaman inanmamışam. Bu gün də fikrim ondan ibarətdir ki, tutaq Əli Kərimli xislətində biri hakimiyyətə gəlsə, Azərbaycan uzağı 3 günə müstəmləkəyə çevrilər, Qarabağ əbədiyyən əldən gedər, dövlət viran günə qalar. Ona görə bütün gücümlə belələrinə qarşı vuruşuram. Üstəlik, Azərbaycanda radikal müxalifət adlanan qrupun çörəyi dizi üstündədir. İllərlə onlara təmənnasız yardım edən dostları, silahdaşları bir göz qırpımında satıblar. Elə götürək sizin rəhbəriniz Rauf Arifoğlunu. Adam  müxalifət üçün həyatını fəda edib, bütün riskləri gözə alıb. Nəticə? Nəticə odur ki, liderini satan Əli Kərimli, on illər boyunca bir qabdan yediyi çörəyə gözünü yumaraq tüpürən Arif Hacılı Rauf Arifoğluna bu gün öz aləmlərində dərs keçir, həyat fəlsəfəsi xırdalayır. Oysa, Kərimli ilə Hacılının ikisini bir yerdə tərəziyə qoysaq Rauf bəyin müxalifət adına etdiyi fədakarlıqların 1 faizi qədər ağırlıq etməz. Amma nə olsun, danışanda ağızlarına çullu dovşan sığmır. Utanmadan xalq, millət marağından dəm vururlar. Azərbaycan xalqı da bu cür siyasi personajların əsl simasını görür və daha qlobal miqyasda qiymətini verir. Kişiliyini, yaddaşını, keçmişini unudan kəsdən bu millətə lider olmaz. Mən İlham Əliyevə ona görə hörmət edirəm ki, o dostuna da, silahdaşına da, millətinə də sahib çıxmağı bacaran insandır. - Nə qədər maaş alırsız? - Azərbaycansayağı desək, əlimə 2 min gəlir. - Hər halda yüksək əməkhaqqıdır. - Təbii. Buna kimsə bir söz demir. Çox şükürlər olsun. Sadəcə bəlli bir statusa sahib olandan sonra xərclər də artır. Məsələn, deputat gedib toya 100 manat yazdırsa, kənardan qəribə görünər. Üstəlik, min yerə gedib-gəlirik. Ya da nə bilim, köməkçi maaşı və s. Bunların hamısı hesabdır. - Köməkçinin maaşını dövlət vermirmi? Axı deputat köməkçisi ştatı var. - Verir. Amma məndə durum bir az fərqli oldu. Çox hörmətli insanlar xahiş etdilər ki, məndən öncə deputat olmuş rəhmətlik Hikmət Atayevin köməkçisi öz yerində qalsın. Ayrıca, özüm də kiminsə çörəyinə bais olmaq istəmədim. Həm, yaxşı da insandır, balaları, nəvələri var. Sadəcə bu minvalla mənim Bakıda əsas işlərimi görən, bütün seçki boyu addım-addım yanımda olan, hətta övladımı belə məktəbdən gətirən əsas köməkçim işsiz qaldı. Və bu gün məcburən öz əməkhaqqımın bəlli hissəsini köməkçimlə bölüşürəm. Çünki ona iş tapa bilmirəm. Amma Milli Məclis rəhbərliyinə xahiş etmişəm ki, həmin insanın işlə təmin olunmasına yardım göstərsinlər. Ümid edirəm, dəyərli Oqtay müəllim ilk fürsətdə bu xahişimi nəzərə alacaq. - Ümumiyyətlə spikerlə münasibətiniz necədir? - Çox normal. Oqtay müəllim həddən artıq rahat adamdır. Ona istənilən sözünü, dərdini, problemini deyə bilərsən. Üstəlik, rəhmətlik atamla da normal münasibətləri olub deyə mənə daha həssas yanaşır. İki dəfə qəbul edib, çox gözəl qarşılayıb, dinləyib, fikir mübadiləsi edib. Və deyim ki, Oqtay müəllim əsl ağsaqqaldır. Ona çox böyük hörmətim var. - Kreditiniz var? - İki banka kredit verirəm. Birini dollarla. - O zaman yəqin anlarsız, dollar krediti olanlar hansı çətinlikləri çəkir. - Təbii, anlayıram və eyni adlı duruma üzülürəm. Fikrim də bundan ibarətdir ki, banklar vətəndaşa güzəştə getməlidir. Ən azından verilən kreditlər köhnə məzənnə ilə qaytarılmalıdır. - Elşən bəy, ara-sıra deputatlar hansısa yüksək statuslu məmur ya da hökumət adamları ilə dostluqları haqda xüsusi fəxrlə danışırlar. Sizin belə dostlarınız var? - Dediyiniz kateqoriyada şəxsi münasibətim olan insanlar təhsil naziri Mikayıl Cabbarov və ASAN Xidmətin rəhbəri İnam Kərimlidir. Mikayıl müəllimlə 1 il fərqlə eyni fakültəni bitirmişik, İnam Kərimli isə qrup yoldaşım, lap yaxın dostum və əziz qardaşımdı. - Parlamentdə necə, dostunuz var? - Parlamentdə hər kəs mənim dostumdu. Hər biri də ayrı-ayrılıqda dəyərlidir. Ən çox əlaqə saxladığım, ən yaxın olduğum isə Xaçmazın deputatı Eldəniz Səlimovdur. - Əyləncəni sevirsiz? - Mən tip olaraq qapalı adamam. Nəinki əyləncəni, heç şadyanalığı da sevmirəm. Qarışıq mühitdə elə bilirəm hamı mənə baxır, hamının fikri məndədir. Bu səbəbdən sonuncu dəfə hətta harda rəqs elədiyimi belə unutmuşam. - İçki və siqaretlə aranız necədi? - Dar ortamda içki içənlərlə həmrəy ola bilirəm. Təbii, bəlli etapa qədər. Amma içki mənlik deyil. Siqaret limitim isə yoxdur. Çox çəkirəm. Təcili tərgitməm lazım. - Bir siyasətçi nə zaman xoşbəxt olur? - Siyasətdən gedəndə. - İnsanlar siyasətçidən ən çox nə istəyir? - Ağıza gələni deyil, ağıla gələni danışmağı. - Bu sahədə parlamaq üçün ağıla daha çox ehtiyac var, yoxsa bəxtə? - Səmimiyyətə. - Gözünüzü ən çox mazol edən nədir? - Politoloq və dietoloq. Bu həyatda onlardan çox rastlaşdığım heç nə yoxdur. - Sizi bu gün ilk təbrik edən kim olub? - Siqaret. Baş-başa 37 yaşa girdik. Və bir də 12-ci mərtəbədəki eyvanımdan çox uzaqlara baxdım. - Nə gördünüz? - Arzuları. Hələ əlim çatmayan, ünüm yetməyən arzuları. - Müsahibə üçün təşəkkürlər. - Mən təşəkkür edirəm.

11 Avqust 2016 5:39

Samir Həmidov: “Bakı limanı beynəlxalq logistika mərkəzinə çevriləcək” –Müsahibə

"Trans Caspian Stevedoring" MMC-nin baş direktoru Samir Həmidovun "Report"a müsahibəsi: – Şirkəti yaratmaq ideyası necə yaranıb və hazırda inkişafı necə davam edir? – "Trans Caspian Stevedoring" MMC limanda dəniz yüklərinin aşırılması sahəsi üzrə ixtisaslaşıb və Azərbaycanda hələ ki, bu xidməti göstərən yeganə şirkətdir. "Stevedoring" (nəqliyyatda yükləmə-boşaltma işləri) bütün dünya praktikasında artıq geniş yayılıb və tətbiq olunur. Azərbaycana yaxın olan ölkələr belə "stevedoring" barədə geniş məlumata malikdir. Biz altı aydır fəaliyyət göstəririk. Şirkət yarandığı gündən fəaliyyətində yüksək göstəricilərə nail olub, əməkdaşlıq şəbəkəsini sürətlə genişləndirir. Lakin eyni zamanda hazırkı beynəlxalq iqtisadi böhranın şirkətdən də yan keçmədiyini deməliyik. Hesab edirəm ki, bu iqtisadi böhran hər bir şirkət üçün sınaq dövrüdür və şirkətlərə daha möhkəm olmaq və qarşıdakı maneələri dəf etmək üçün yaxşı təcrübədir. Fikrimcə, bu, hər bir şirkətin normal inkişafında çətin dövrdə xüsusi əhəmiyyətə malikdir. Biz iqtisadi böhranın yaratdığı şəraitdən üstünlüklər əldə etməyə çalışaraq, şirkətin tərəqqi etməsi üçün digər sahələrə diqqəti artırırıq. Məsələn, işin daha keyfiyyətli şəkildə icra olunması üçün əməkdaşlarımıza beynəlxalq mütəxəssislərin vasitəsilə zəruri təlimlər keçirik. Eyni zamanda, onlar Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitlə (SƏTƏM) bağlı qaydaları mənimsəyirlər və müvafiq dərəcələrlə təltif olunurlar. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əsas özəlliklərindən biri 30-40 illik fəaliyyəti dövründə heç bir bədbəxt hadisənin baş verməməsi ilə bağlıdır və bu prinsipin davam etməsi üçün çox çalışırıq. Şirkətin inkişafına gəlincə isə qeyd etmək istərdim ki, Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması bizim şirkətin gələcək fəaliyyətində əvəzolunmaz rol oynayacaq. Məlumdur ki, Azərbaycan Ələtdəki azad ticarət zonası tipli xüsusi iqtisadi zonanı Dubay, Honkonq, Şanxay, Sinqapur kimi nəhəng nəqliyyat-logistika mərkəzinə çevirməyi hədəf alıb. Nəzərə alsaq ki, qeyd olunan ölkələrdə limanlarda yükaşırma "stevedoring" şirkətləri tərəfindən həyata keçirilir, Azərbaycanda da bu təcrübənin reallaşması qeyd olunan sahədə inkişafın, beynəlxalq standartların tətbiqinin bariz nümunəsidir. Azərbaycan bir sıra tarif, vergi, gömrük və digər güzəştlər tədbiq edərək, Avropadan Asiyayadək bütün ölkələrin mütərəqqi şirkətlərinin diqqətinə sahiblənməklə, onlar arasında qarşılıqlı əlaqələrin həyata keçirilməsinə nail olmağı qarşısına məqsəd qoyub. Bu cür rəqabətli mühit limana ondan yan keçən yüklərin cəlb edilməsinə səbəb olacaq. Bu da, əlbəttə ki, ölkənin böyük potensiala malik olması deməkdir. – Şirkətin müştəriləri kimlərdir? – Azərbaycanda manatın məzənnəsinin zəifləməsini nəzərə alsaq, son vaxtlar əsasən tikinti sahəsində cəmləşən şirkətlərdən sifariş qəbul edirik. Bununla yanaşı, qida məhsullarının təchizatçıları da müştərilərimiz sırasındadır. Xəzər qapalı hövzəyə malik olduğu üçün buraya yük qəbulu sıxlıq yaratmır. Əsas yükaşırma işlərimiz qonşu ölkələrlə baş verir. Həmçinin, yüklərin həcmindən asılı olaraq müştərilərin maraqlarına uyğun olaraq endirimlər də təklif edirik. Hesab edirəm ki, liman tam gücü ilə fəaliyyətə başladıqdan sonra işin həcmi daha da artacaq. Çünki bu liman ölkənin qeyri-neft sektorunun inkişafında aparıcı rol oynayan sahələrdən biridir, eyni zamanda həqiqətən də ölkənin gələcəyidir. Liman cəlbedici xüsusiyyəti, yəni yeni müştəriləri maraqlandıracaq, yüklərin həcminin artmasına səbəb olacaq və nəticə etibarı ilə yeni iş yerlərinin yaranmasına gətirib çıxacaq əsas amil limanla birgə azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın eyni vaxtda hazır olması olacaq. Belə ki, hazırda şirkətdə 150-yə yaxın işçi çalışır, liman tam şəkildə fəaliyyətə başladıqdan sonra isə onların sayının 3-4 dəfə artırılması nəzərdə tutulub. – Xaricdən hansı ölkələr daha çox maraq göstərir? – Ələtdə limanın yerləşdiyi coğrafi mövqe olduqca əlverişlidir. Onun tarixi İpək Yolu üzərində yerləşməsi də Azərbaycanı nəqliyyat qovşağına çevirən əsas amildir. Bu, yeni liman daha böyük tutuma malik yüklərin, daha çox xarici investorların cəlb olunmasına şərait yaradacaq. Ələtdəki yeni liman həm respublikanın regionlarına sərbəst çıxışa imkan verir, həmçinin də şəhərin mərkəzində tıxacın yaranmasına səbəb olmur. Hazırda liman ərəb ölkələri və Çin investorları xüsusi maraq göstərirlər. Limanda qurulacaq infrastruktur da məhz müştərilərin tələb və istəkləri əsasında yerinə yetiriləcək. – Yükaşırma xidmətləri bazarının inkişaf perspektivlərini necə dəyərləndirərdisiz? – Ələtdə azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın qurulması bu sahənin inkişafına böyük təsir göstərəcək. Çünki hər bir müştəri, yük sahibi onun üçün hərtərəfli şəraitin yaradıldığını, buranın məhz hab olduğuna əmin olduqda, burada xidmətlərdən niyə də yararlanmasın. Limanın inkişafı üçün dövlət başçısıİlham Əliyevin də müvafiq fərman və sərəncamları bu işə böyük təkan verəcək. Biz "Trans Caspian Stevedoring" MMC-nin timsalında bu layihə üzərində model olaraq işləmişik və o, öz bəhrəsini ancaq Ələtdə liman tam gücü ilə fəaliyyətə başlayanda göstərəcək. Bu gün qəbul edilən yüklərin həcminin azalması və ya çoxalması təbii yolla gedir, yəni bunlar hələki, mütəmadi ehtiyac duyulan mallardır. Amma gələcəkdə Azərbaycan ərazisidən tranzit olaraq istifadə edildikdə, məsələn, Çindən Avropaya yollanan malların mində bir hissəsini qəbul etsək, bu həm büdcəyə böyük gəlirlərin daxil olması, həm də iş yerlərinin yaranmasına gətirib çıxaracaq. – Yükaşırma həcminin artırılması üçün yeni qurğuların alınması nəzərdə tutulub? – Hazırda Bakı limanında mövcud olan qurğulardan istifadə edirik. Burada həm yeni, həm də köhnə qurğular var. Lakin Ələtdə fəaliyyətimizə sırf yeni texnikalarla başlayacağıq. Artıq zəruri avadanlığın alınması üçün sifariş verilib. – Növbəti il üçün proqnozlarınız necədir? – Hazırkı geosiyasi və iqtisadi vəziyyəti nəzərə aldıqda konkret proqnozlar verməkdə çətinlik çəkirəm. Şirkətimiz yaradılarkən 1,5 il müddət ərzində əvvəlcə proqnozlardan başladıq. Gözləntilərin nədən ibarət olduğunu ölçdük, hesabladıq və onlara uyğun olaraq işə başlamışıq. Hesab edirəm ki, milli valyutanın məzənnəsi digər valyutalara qarşı stabilliyi öz yerini tapandan sonra, yüklərin sayı kəskin artmalıdır.

10 Avqust 2016 4:27

Akif İslamzadə: “O qədər xanımlar mənə eşq elan edirdi ki…” – MÜSAHİBƏ

Bu gün dahi sənətkar Akif İslamzadənin doğum günüdür. Akif İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Teleradio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından "Sarı gəlin" və "Bu gecə" diqqətləri cəlb edib. Böyük sənətkar Akif İslamzadənin səsinin tutulması isə bütövlükdə Azərbaycan mədəniyyəti üçün faciə hesab oluna bilər. Lakin Akif İslamzadənin səsi, unudulmaz ifası və mahnıları tarixə əbədi həkk olunub. O, 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülüb. Biz də Publika.az olaraq böyük sənətkarı doğum günü münasibəti ilə təbrik edir və onunla bir neçə gün öncə götürdüyümüz müsahibəni yenidən təqdim edirik: Bəzi sənətkarlar var ki, onları yola gətirmək üçün aylarla zəng etməli, xahişdə bulunmalı oluruq. Bundan nə bezirik, nə də yoruluruq. Müsahibəyə razılıqlarını alanda isə sevinirik. Mediadan və efirlərdən uzaq düşən o məşhurların nazıyla oynamağa da dəyər. Çünki əsil sənətkarla həmsöhbət olmağın ayrı ləzzəti var. Onlardan biri də Akif İslamzadədir. Deyir ki, nə az, nə çox düz 30 ildir ki, oxumur. Amma indən belə 30 il oxumasa da, Akif İslamzadə sevənlərinin yaddaşında əsil sənətkar olaraq qalacaq. Bağda öz hücrəsində öz dünyası ilə baş-başa qalan sənətkarı söhbətə çəkdik. - Akif müəllim, çoxdandır efirlərdə də görünmürsünüz, sənət aləmində baş verənlərdən xəbərdar olursunuz? - Mən ümumiyyətlə, televizora baxmıram. Baxanda da idman kanallarını açıb futbolu izləyirəm. - Heç olmasa saytları, qəzetləri izləyirsinizmi? - 30-40 ildir ki, mətbuatı da izləmirəm. - Yəni sənət aləmində baş verən qalmaqallardan da xəbəriniz olmur? - Ara-sıra qulağıma gəlib çatır. - Reaksiyanız necə olur bəs? - Ümumiyyətlə, əsil sənətkarın qalmaqalla məşğul olmağa vaxtı qalmaz. Qalmaqalı, dedi-qodunu sənət adamına yaraşdırmıram. Allah ruzi verib, onlar da ruzilərinə təpik atırlar. Bir var qibtə, bir də var paxıllıq, mən heç vaxt kimlərəsə paxıllıq etməmişəm. - Yəqin, bu da qulağınıza gəlib çatıb, Əli Mirəliyev mətbuata açıqlamasında tez-tez belə ifadə işlədir ki, o vaxtlar toylara gedən bir mən olmuşam, bir də Akif İslamzadə... - Elə şey olmayıb. Bəs onda Hüseynağa Hadıyev, Gülağa Məmmədov, Zaur Rzayevin, Anatollu Qəniyevin adını niyə çəkmir? Axı onlar da sevilən sənətkarlar olub. - Əli Mirəliyevin özünü öyməklə yanaşı, saçlarını boyayan yaşlı sənətkarlara da istehza edir, buna münasibətinizi bilmək maraqlı olardı… - Düz eləmir. Hər kəsin öz işidir, saçını boyayır, ya boyamır. Başqalarının şəxsi işinə müdaxilə etmək lazım deyil. Bizim dövrümüzdə sənət adamı yalnız sənətlə məşğul olurdu, qalmaqalla yarışmırdı. - Bir çoxları gündəm naminə qalmaqal edir, bəziləri də toylarının sayının artması üçün... - Bizim vaxtımızda toy sahibləri özləri gəlib bizi axtarırdı. İlin 30 ayını məni toya dəvət edirdilər, abrıma qısılıb 7-8-nə razılıq verirdim. Toylardan 30-40 min manat pul qazana bələrdim. Yadımdadır ki, 1984-cü ilin aprelində 28 toy oxudum. Kim gəlirdi, imtina etmirdim. - Toy sahibinin kimliyi sizin üçün maraqlı idi? - Bizim öz çevrəmiz vardı. Toy sahibi ilə 2-3 dəqiqə danışandan sonra bilirdim ki, necə adamdır. Danışığından, hətta qalstukunu necə bağlamasından başa düşürdüm ki, o, necə insandır. Əlbəttə hər adamın toyunda oxumazdım. Abır-həyamızı qoruyardıq. - İndi bəzən eşidirik hansısa müğənni toyda döyülüb, ya məclisdən qovulub. O dövrdə belə xoşagəlməz hallarla rastlaşırdınız? - Toydur, orada içki məclisi də olur. Amma biz özümüzə hörmət edirdik. Özümüzü elə aparırdıq ki, kimsə bizə “gözün üstə qaşın var” deyə bilmirdi. Artıq-əskik söz eşitsəydik, bunu toydan sonra həll edərdik. - Necə? - Toydan çıxandan sonra gedib gecə saat 3-də kimisə evində yatdığı yerdən qaldırmışam. Toya getdiyim ilk gündə anamın mənə bir nəsihəti olub. Deyib ki, oğlum, getdiyin məclisdə cürbəcür insanlar ola bilər, nəbadə hansısa qadına baxasan, kiməsə “svidaniya” verəsən, südümü sənə halal etmərəm. O qədər telefon nömrələri yazıb verirdilər ki, Gulya, Seva… cırıb atırdıq. Hamısını görməzliyə, eşitməzliyə vururduq. Biri oxumağımı bəyənirdi, biri özümə vurulurdu. - Xanımların sevgisindən sui-istifadə edirdiniz? - Abır-həyamız vardı. İllərlə dostlarımın evinə gedib-gəlirdim, amma yolda onların həyat yoldaşlarını, bacılarını görəndə tanımırdım. - Lap çoxdan bir müsahibənizi oxumuşdum, orada demişdiniz ki, həyatda “brodyaqalıq” həyatı da yaşamışam… - “Brodyaqalıq” etməmişəm, amma maraqlı yaşamışam. - İmkanlı ailənin övladı olmusunuz, özünüz də məşhur. Bildiyimiz qədər o vaxtlar həm də dəbi diktə edən müğənni olmuşunuz... - Geyimlərimi xaricdən alıb gətirirdik, onda pal-paltar “defisit” idi, indiki kimi bolluq yox idi. Toydan qazandığım pulları Moskvaya aparıb dollara dəyişirdim. Başqaları araq, ikra aparıb satırdı, amma mən alveri özümə sığışdırmırdım. Onda dollar yasaq idi. Dollar gəzdirənə iş kəsərdilər. Rusiyada azərbaycanlı uşaqlar vardı, çatan kimi pulumu alıb dollara dəyişirdilər. - Pulları necə keçirirdiniz, o vaxtlar ciddi nəzarət vardı axı? - Elə cibimdə aparırdım. Allahdan iş elə gətirirdi ki, məni yoxlamırdılar. O qədər Moskvaya pullar aparıb dollara dəyişmişəm ki… - Həyatınızda hansı rənglər daha çox üstünlük təşkil edib, qara, boz, yoxsa əlvan? - Qaranın nəyi pisdir ki? Həyatım enişli-yoxuşlu olub. Bu həyatda böhtan da görmüşəm, məkr də, xəyanət də… Amma yaşadığım həyatı olduğu kimi qəbul etmişəm. Məyusluqlarım da olub, itkilərim də. - Hansı itki ilə heç vaxt barışa bilməmisiniz? - Valideynlərimin itkisi ilə. Anam məndən nigaran getdi. O həmişə mənə deyirdi ki, səni dəyirmana ölü salsan, diri çıxarsan. Ölümündən bir qədər əvvəl bağda oturmuşduq, qəfildən mənə dedi ki, oğlum sən möhkəm kişisən. Soruşdum ki, xeyir ola, bu nə sözdür? Dedi ki, sənin başına gələn mənim başıma gəlsəydi, havalanardım. Səsimin batmasını nəzərdə tuturdu. O vaxtdan düz 30 il keçib, onda 38 yaşım vardı. - Çox acıdır yəqin ki, bunu xatırlamaq? - Allahdan gələn dərdi də dərman kimi qəbul etmişəm. Əslində mən o vaxt tamam başqa tərzdə oxumaq istəyirdim, amma qismət olmadı. - Hansı tərzdə? - Muğam, ilahilər, mərsiyələr. Allah o yolu mənim üçün bağladı. Demək ki, məsləhət bilmədi. - Mən öz həyat təcrübəmdə də görmüşəm, insan həyatla ölüm arasında qalandan sonra Allahı daha çox dərk etməyə başlayır… Sizdə də belə oldu? - Bəli. 1987-ci ildə Moskvada mənə dəhşətli diaqnoz qoydular - bədxassəli şiş. Bütün analizlər bunu göstərirdi. İki-üç ay neyləyəcəyimi bilmədim. Yatanda həmişə işıqları bütünlüklə söndürürdüm, amma bu xəbərdən sonra gecələr işıqda yatmağa başladım. Səhərə qədər kitab oxuyurdum. 2-3 aydan sonra ümumiyyətlə, bu xəstəliyi yaddan çıxardım, mənə sadəcə olaraq proseslərin davamını izləmək maraqlı idi. Yadımdadır, həmin xəbəri alanda Moskvada küçəyə çıxdım, külək uğuldayırdı, qarğalar uçurdu. - Bəs sonra nə oldu? - Allahın möcüzəsidir ki, o dəhşətli diaqnozdan sonra 30 ildir ki, yaşayıram. Əməliyyat olundu, səs telimin birini çıxardılar. İndi səs telimin biri yoxdur. - Bunu xatırlamaq sizə yəqin ki, ağırdır? - Allah səsimi əlimdən aldı, ağlımı ki, almadı. Elə səsli müğənnilər tanıyıram ki, ağlı yoxdur. - Həyatınızda elə bir günah işləmisiniz ki, bağışlanmağınız üçün Allaha yalvarasınız? - Bəndə qarşısında səhvlərim ola bilər, amma günahım yoxdur. Lakin Allah qarşısında hamımızın günahı var, mənim də. Ona görə də tövbə qapısı həmişə açıqdır. - Akif müəllim öz ifanızı, lent yazılarınızı dinləyirsiniz? - Mən özümə heç vaxt qulaq asmıram. - Niyə? - Nə bilim. Əvvəldən elə olub. Özünə qulaq asmaq, güzgüdə özünə tamaşa etmək kimi bir şeydir. - Bəs təsadüfən radioda, televiziyada mahnılarınızı eşidəndə reaksiyanız necə olur? Deyirsinizmi ki, əhsən, sənə Akif? - Əksinə deyirəm ki, bu mahnını indi başqa cür oxuyardım. - Mahnılardan söz düşmüşkən, bu gün kimləri dinləyirsiniz? - Hacıbaba, Şövkət Ələkbərova, Nisə Qasımova, Alim Qasımov, Brilliant Dadaşova, Eyyub Yaqubov, Nazim, İlqar Muradov, Aygün Kazımova, Fərqanə Qasımova, Yavər Kələntərli bir dəfə demişdi ki, səsim var, amma heyim yoxdur oxumağa. Sizə bir söz deyim, insan yaşa dolsa da, səs heç vaxt itmir, sadəcə olaraq oxumağa enerjisi qalmır. - Kimlərlə dostluq edirsiniz? - 50 illik dostlarım var, onlarla bu gün də dostluğumu davam etdirirəm. - Bəs sənət adamlarından? - Elə sadaladığım bu insanlar.

8 Avqust 2016 11:29

TBMM-in komissiya sədri:”Çevrilişin əcnəbi bağlantılarını, dəstəyini yaxşı bilirik”

Türkiyə-Avropa Birliyi parlamentlərarası müştərək komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasının (Ak Parti) İstanbul millət vəkili Əhməd Bərat Çonkarın APA-ya müsahibəsi – Hərbi çevriliş cəhdindən sonra Qərbin Türkiyəyə qarşı səmimiyyəti sorğu-sualı başladı. Bu barədə nə demək istəyərdiniz? – 15 iyulda ölkəmiz öz tarixinin ən ağır və alçaq hücumlarından birinə şahid oldu. Başda prezident olmaqla, seçilmiş hökumətimiz, ölkəmizin müstəqilliyi və demokratiyası total hücuma məruz qaldı. Türkiyə Silahlı Qüvvələri içərisində yuvalanmış Fətullahçı Terror Təşkilatı-FETÖ-yə mənsub olan alçaqların yaratdığı xunta prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə millətimizin arasında olan güclü bağı qoparmaq, dövlətin millətlə barışmasına mane olmaq üçün, əslində xaos çıxarmaq və işğal əməlləri törətməyə cəhd etdi. O saatlarda mənim də içində olduğum Türkiyə Böyük Millət Məclisi ölkəmizi qoruma məsuliyyəti daşıyan pilotların sürdüyü öz təyyarələrimiz tərəfindən bombalandı. Prezidentimizin iqamətgahı, Milli Kəşfiyyat Təşkilatımız, Peyk Kommunikasiya Mərkəzimiz, polis idarələrimiz və meydanlardakı xalqımız bütün dünyanın izlədiyi görüntülərdəki alçaqlıq və xəyanətlə üz-üzə gəldi. Əlbəttə, biz bu çevriliş təşəbbüsünün əcnəbi bağlantılarını, beynəlxalq dəstəyini, Türkiyəyə qarşı nə edilmək istəndiyini çox yaxşı bilirik. Normallaşan, inkişaf edən və müstəqilliyinə sahib çıxan Türkiyədən narahat olan strukturlar, ölkəmizi hər sahədə sıxışdırmaq, öz yanlış və çirkin təşkilatlarına təslim olmağa məcbur etmək üçün bir müddətdən bəri hücumlarını sıxlaşdırmışdılar. Amma bu günə qədərki hücumların heç birindən istədikləri nəticəni ala bilmədilər. Nə Gəzi təhdidində, nə 17-25 dekabr prokurorluq çevrilişi cəhdindən, nə də maşa kimi istifadə etdikləri terror təşkilatlarının şiddətləndirilən aksiyalarından umduqlarını əldə edə bildilər. Türkiyəmizin yalnızlaşdırılması məqsədiylə tədavülə daxil etdikləri layihələri də hökumətimizin xarici siyasətdəki manevrləriylə puça çıxarılınca, nəhayət, bu cür alçaq bir işğal addımını atmaq istədilər. Amma bu hücumları da prezidentimizin güclü liderliyi, hökumətimizin qərarlılığı, vətənsevər təhlükəsizlik qüvvələrimizin təşəbbüsü öz üzərlərinə almaları, amma bunların hamısından çox-çox önəmlisi- millətimizin fərasəti, müqaviməti, qibtə ediləcək cəsarəti, vətənsevərliyi və qəhrəmanlığı ilə puça çıxarıldı və əli qanlı terror təşkilatının üzvü olan xainlər cinayət üstündə yaxalandılar. Beynəlxalq miqyaslı qaranlıq mərkəzlərin uzun illərdən bəri himayə etdikləri xəyanət təşkilatları və aktyorları böyük ölçüdə və açıq-aşkar deşifrə oldular. Bütün bunlar baş verərkən Qərb ölkələrindən, ABŞ-dan, NATO-dan lazımi reaksiyaları görə bildikmi? Əlbəttə ki, xeyr. Demokratiyanın və onun daşıdığı dəyərlərin beşiyi olduğunu iddia edən Qərb dünyası siyasətçiləriylə, sahib olduqları media qurumlarıyla, təşkilatlarıyla, təəssüf ki, demokratiyanın tərəfində dura bilmədilər. Bu alçaqca çevriliş təşəbbüsünün uğursuz olduğu anlaşılıncaya qədər, Qərb lazım olan reaksiyanı göstərmədi. Sonra isə çox gec sayıla biləcək və mənasını itirən bəzi zəif açıqlamalar verildi. Ağıl almaz səviyyədə ekstremizmdən istifadə edilərək, mülki insanlar qətl edilərək həyata keçirilməyə çalışılan bu çevriliş bir çox Qərb ölkəsi və onların media qurumları tərəfindən normal bir hərəkət kimi göstərildi. Hətta bəzi ölkələrin səlahiyyətli şəxsləri və media qurumları bu alçaq təşəbbüsün uğur qazanmamasından hiss etdikləri üzüntünü gizləyə bilmədilər ki, biz bunu təxmin etməzdik. Əli qanlı xainlərə “Bu cür etsəydiniz, daha yaxşı olardı”- deyərək onlardan umu-küsü də etdilər ki, bu da onların niyyətlərini ortaya qoydu. Meydanlarda demokratiyaya sahib çıxan, həyatları bahasına bu çevriliş təşəbbüsünün qabağını alan Əziz Millətimizi təhqir etmə və aşağılama yolunu tutdular. Öz iradəsinə sahib çıxmaq üçün prezidentimizin təlimatıyla meydanlara enən, hərbi təyyarələrə, vertolyotlara, tanklara, silahlara və güllələrə ürəkləriylə və bədənləriylə müqavimət göstərən millətimizin bu əsalətli davranışını “Xalq çevrilişi təbrik edir”, “Küçələrdə dünyəviliyiə qarşı mitinqlər keçirilir”, “Türkiyənin son ümidi də öldü”, “Demokratiyanı təhlükəyə atan xalq”- manşetləriylə gerçəkləri təhrif edən və insanların təsəvvürünü dəyişdirmə əməliyyatları keçirən bir Qərb mediası gördük. Bir çox Qərb ölkəsinin media qurumlarına isti-isti həqiqətləri ifadə edən açıqlamalar verməyimizə baxmayaraq, o müsahibələrimizi də təhrif etdilər. Qərb ölkələrinin və media qurumlarının mövqeyi, əlbəttə ki, sorğu-suala çəkilməkdədir. Demokratiyasına, azadlığına, mənəvi dəyərlərinə sahib çıxmış xalqımızdan onların almaları lazım olan çox dərs vardır. ”Demokratiyanın beşiyi bizik”- deməklə demokrat olunmur. Təbii ki, bu nöqtədə Qərbdən sayı az da olsa, verilən və demokratiyanı dəstəkləyən açıqlamalara görə onlara təşəkkür edirik. Bu imtahandan keçməyənləri də demokrat olmağa, sözdə müdafiə etdikləri mənəvi dəyərlərə sahib çıxmağa, səmimi olmağa dəvət edirik. Bundan əlavə, bir cəhəti də diqqətinizə çatdırmaq istəyirəm. Demokratiyanın tərəfində dura bilməyən və ya tərəfində durmaqda çətinlik çəkən bəzi Qərbli sözdə demokratlar indi uğursuz çevriliş təşəbbüsünün əliqanlı, xain və alçaq aktyorlarını qorumağa çalışırlar. Ölkəsinin təyyarəsiylə, tankıyla, tüfəngiylə öz vətəndaşlarının üstünə bomba yağdıran xainlərin ekstremizmini görməzdən gələrək həbs edilən bu əliqanlı terrorçuların həbsdə döyülmələrinə və işgəncəyə məruz qalmalarına dair iddiaları ekranlarında və köşələrində əks etdirərək Türkiyəyə insanlıq öyrətmək kimi qəribə bir mövqe nümayiş etdirirlər. Türkiyəyə insanlıq dərsi verməyə çalışanların, hər şeydən əvvəl, özlərini bütün cəhətləriylə daxili haqq-hesaba çəkmələrinin yaxşı olacağını düşünürəm. Bu alçaq təşəbbüsün üzərindən 3 həftədən çox vaxt keçdi, ancaq hələ də Qərbdəki dostlarımızın ölkəmizə təsəlli ziyarətinə gəlməmələri çox düşündürücüdür. Qərb Türkiyənin dostluğunu itirməməli, Türkiyəni etibardan salma təşəbbüslərindən uzaq durmalıdır. Eyni zamanda, islamofobik mövqeyindən və baxışından bir an əvvəl xilas olmalıdır. – Bu çevriliş cəhdi Türkiyə siyasətində indiyə qədər müşahidə olunmayan birlik yaratdı… – Təbii ki, millətimizə və dövlətimizə qarşı həyata keçirilmiş bu qanlı və alçaq hücum millətimizin prezidentimizə və Ak Parti hökumətinə müxalif də olsa, qeyd etdiyimiz mənəvi dəyərlərə sahib çıxmasıyla bərtərəf edildi. Millətimiz bu alçaqlığın səviyyəsini, arxasındakı xainləri, xaricdəki əlaqələrini və terrorçuların niyyətini çox tez gördü. Əslində uzun müddətdən bəri prezidentimizə, onun simasında millətimizə və dövlətimizə edilən hücumlar və bu hücumları təşkil edənlərin niyyətləri millətimizə məlum olmuşdu. Ona görə hər dəfə “Dik dur, əyilmə, bu millət səninlə”, “Menderesi və Özalı aradan götürdülər, Tayyib bəy, sənin aradan götürülməyinə icazə verməyəcəyik” –kimi şüarlar meydanlarda ortaya çıxdı. Bu alçaq hücumun yaşandığı ilk dəqiqələrdə mən də daxil olmaqla, TBBM-yə çox çətin şəraitdə gəlib çıxa bilən iqtidar və müxalifət partiyasından olan millət vəkilləri Məclisimizi bombalayan bu alçaq xainlərə ilk mesajlarını buradan verdilər. Hörmətli prezidentimizin müraciətiylə ölkəsini sevən hər kəs küçə və meydanları doldurdu, strateji qurumların işğalına əngəl olmaq üçün, canları bahasına qalxan olaraq çevrilişə cəhd edən xainlərin qarşısını aldılar. Hətta silahsız xalq böyük cəsarət nümunəsi göstərərək silahlıları təslim aldı. Bütünsiyasi partiyaların liderləri bu alçaq təşəbbüsə qarşı çıxdıqlarını elan etdilər. Media qurumlarımızın çoxu qəti milli mövqe nümayiş etdirdi. Türkiyədəki bütün dini icmalar, QHT-lər, iş adamlarımız, idman klublarımız, sənət ictimaiyyətimiz, xaricdəki Türk dərnəkləri çiyin-çiyinə verib müştərək mövqedən çıxış etdilər. Dediyiniz kimi, 15 iyuldan bəri ölkəmizdə tolerantlılıq, konsensus, qardaşlıq zirvəyə çatdı. Millətimiz düşmənə qarşı sıralarını sıxlaşdırdı. Başda hörmətli prezidentimiz olmaqla, hörmətli baş nazirimiz,siyasi partiyaların liderləri məhkəmə iddialarını geri çəkərək bu qardaşlıq iqliminin daha da güclənməsinə xidmət etdilər. Bu gün bu alçaq təşəbbüsün üzərindən 3 həftədən də çox keçməsinə baxmayaraq, millətimiz hər təbəqəsiylə meydanları tərk etmir, coşqu və qələbəlik hər gün daha da artır. Millətimiz öz iradəsinə sahib çıxaraq meydanlardakı növbələri davam etdirir. Allahın izniylə, millətimizin hər bir nümayəndəsi öz məsuliyyəti çərçivəsində hərəkət edəcək və ölkəmizdəki qardaşlıq iqliminin daha da sağlamlaşdırılması üçün bu alçaq hücumu fürsətə çevirəcək. Çoxu deşifrə olmuş əli qanlı xainlərin və onlardan maşa kimi istifadə edən xaricdəki himayədarlarının bundan sonrakı mərhələdə millətimizin üzərində oynamağa çalışacağı çirkli oyunlara və separatist qısqırtmalara da lazımi cavablar veriləcək. – Çevriliş cəhdindən sonra Türkiyənin mövqeyini və atdığı addımları dünya ictimaiyyətinə anlatması istiqamətində hansı örnəkləri verə bilərsiniz? – Əslində dünyanın gözü önündə cərəyan edən, canlı yayınlarda dəqiqə-dəqiqə çox yaxından izlənilən bu təşəbbüsü çox da anlatmağa ehtiyac varmı? Bilmirəm. Bu qanlı təşəbbüs başlayan kimi bir tərəfdən, onu basdırmaqla bağlı işlər görülərkən digər tərəfdən, diplomatiyanın bütün kanallarından istifadə edilərək dövlətimizin idarəçiləri və qurumlarımız xariclə əlaqələrə başlayıb. Və bu təmaslar bu gün də sıx şəkildə davam etdirilməkdədir. Bəzi ölkələrə iqtidar və müxalifətdən olan millət vəkillərimizin səfərləri davam edir. Nazirliklərimiz əlaqədar ölkələrdəki həmkarlarına vəziyyətlə bağlı obyektiv məlumatlar göndərirlər. Parlamentlərarası bütün dostluq qruplarımız xaricdəki həmkarlarıyla daima əlaqədədirlər. Bu çərçivədə mən Türkiyə-AB müştərək parlament komissiyasının sədri kimi qısa müddət əvvəl AP-dəki 747 millət vəkilinə, AP-dəki siyasi partiyaların fraksiya sədrlərinə məktub və TBMM-dəki partiyaların müştərək bəyanatını göndərərək həqiqətləri onlara bildirdim, gözləntilərimi ifadə etdim. Bundan əlavə, uzun illərdən bəri yaratdığım şəxsi əlaqələrim sayəsində əcnəbi ölkələrin siyasətçilərinə, diplomatlara, alimlərə, QHT rəhbərlərinə məktublar göndərərək vəziyyəti obyektiv şəkildə izah etmişəm, onlardan da mövqe tələb etmişəm. Ak Parti baş qərargahında əcnəbi medianın Türkiyədəki təmsülçiləriylə görüşdük. İlk dəqiqələrdən başlayaraq, hamımız əcnəbi mediaya açıqlamalar verdik. Xüsusilə, hörmətli prezidentimiz və hörmətli baş nazirimiz əcnəbi mediaya açıqlamalar verərək Türkiyənin haqlı mövqeyini dünyaya izah etdilər. Amma əvvəldə də dediyim kimi, bütün bunlar anlamaq istəyənlərə, özünə sayğı duyanlara və bütün şərtlərdə demokratiyaya, azadlıqlara, insan haqlarına sahib çıxan və bu məsələlərdə tutarlı davrananlara anlamlıdır. Əgər belə deyilsə, siz nə edirsiniz-edin, başqa haqq-hesabları olanlar bundan öz paylarını almayacaqlar. Başda ABD və AB-nin bir çox ölkəsi, Qərbdəki təşkilatların çoxu, oralardakı media qurumları bu məsələdə yaxşı imtahan verə bilməyərək onsuz da yaxşı olmayan imiclərini daha da zədələyiblər. – Çevriliş cəhdindən çox keçmədən Azərbaycan Türkiyənin xalq tərəfindən seçilmiş prezidentinə, Məclisinə və hökumətinə qeydsiz-şərtsiz dəstəyini ifadə etdi… – Azərbaycan Türkiyə ilə qardaşlığın tələb etdiyi bütün addımları atdı. Qərb dünyasından səs çıxmazkən və hətta bəziləri buna sevinərkən hörmətli Əliyevin, bu hücumu Türk millətinin milli mənafeyinə, ölkənin demokratik strukturuna və hüququn üstünlüyünə bir zərbə kimi dəyərləndirməsi, Azərbaycan xalqının həmişə Türk millətinin yanında olduğunu qeyd etməsi, demokratik yolla seçilmiş hökuməti axıra qədər qeydsiz-şərtsiz dəstəklədiyini ifadə etməsi, şəhidlərimizə rəhmət diləməsi o təlaş içində belə millətimizin yaddaşına həkk olub. Hörmətli İlham Əliyev baş vermiş bu hadisəni Türk millətinə, onun iradəsinə və xalqın seçiminə qarşı törədilmiş dəhşət verici cinayət kimi xarakterizə edərək, dünya ictimaiyyəti qarşısında öz mövqeyini ortaya qoydu. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov xarici işlər nazirimiz Mövlud Çavuşoğluna zəng edərək, Azərbaycan xalqının və dövlətini dəstəyini bir daha təkrarladı. Həmçinin hər iki ölkənin prezidentləri arasıdna telefon danışığı oldu. Bundan əlavə, Azərbaycan-Türk Sənayeçi və İş adamları Cəmiyyəti, TBMM-nin bombalanması nəticəsində xarabalığa dönmüş baş nazirimizin oradakı kabinetinin girişinə Türkiyə və Azərbaycan bayraqlarını yanaşı asmış, hörmətli prezidentimizin “Meydanlara çıxın!”- təlimatından sonra Azərbaycanlı qardaşlarımızın Bakıda səfirliyimizin qabağında növbə tutmuşdur. Türkiyədəki növbə tutmalarda Azərbaycanlı qardaşlarımızın daima aktiv rol oynaması başqa söz deməyə gərək qoymur. İki ölkə həqiqətin və qardaşlığın işığında gələcəyə doğru müştərək addımlar atacaq. Bunu vəsilə bilərək sizin vasitənizlə mən də qardaş Azərbaycana təşəkkürlərimi bildirirəm.

7 Avqust 2016 10:49

Türkiyə səfiri: “Ermənilərlə ortaq iş görənləri bağışlamayacağıq“

Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqun müsahibə verib Faktinfo.az  müsahibəni təqdim edir: - Cənab səfir, hazırda Türkiyə ərazisində ümumi vəziyyət necədir? Vəziyyətin nə zaman sabitləşəcəyini proqnozlaşdırırsınız. - Hər hansı bir ciddi məsələ yoxdur. 15 iyulda Türkiyə böyük bir təhlükə ilə üzləşdi, Türkiyə Silahlı Qüvvələrinin içində və onların arxasında duran Fətullahçi terror təşkilatının (FETÖ) və onun başında duran, hazırda Pensilvaniyada məskunlaşan Fətullah Gülənin bir dövlət çevrilişi cəhdi ilə üz-üzə qaldı. Biz bunu göz bəbəyimiz olan Türkiyə Silahlı Qüvvələri ilə əlaqəli olduğunu qətiyyən ehtimal etmirik. Bu, Silahlı Qüvvələrə və digər dövlət qurumlarına soxulan mikrobun bir təşəbbüsü idi. Konstitusion quruluşu devirmək istəyirdilər. Bu, çox ciddi bir məsələ, təhlükə idi. Çox təəssüf ki, insan itkiləri oldu. Amma türk xalqı prezidentimizin çağırışına qoşularaq küçəyə çıxdı. Üstəlik, bu insanlar təkcə AK Partiyanın təmsilçiləri deyildi, türk milləti bir olaraq küçəyə çıxdı. Küçədə sərgilənən bu vəhdət parlamentdə də öz əksini tapdı. Siyasi partiyalar bir araya gəldi və hazırda iqtidarla müxalifət partiyaları arasında konstruktiv dialoq çərçivəsində çevriliş cəhdindən sonra atılmalı olan addımlar atılır. Həmin gecə yaşanan hadisələrin ertəsi günündən etibarən vəziyyət nəzarətə alınıb və qeyri-stabil durum yoxdur. Sadəcə, fövqəladə vəziyyət elan edilib və bu vəziyyətin elan edilməsində məqsəd məruz qaldığımız təhlükəni ən tez şəkildə aradan qaldırmaqdır. Hazırda da nə edilir?! Başda Silahlı Qüvvələr olmaqla digər dövlət qurumlarda, mənim də çalışdığım Xarici İşlər Nazirliyində illərcə səssizcə özlərinə yer etmək istəyən virusları təmizləyirik, həmin qurumları daha da güclü etməyə çalışırıq. Küçələrdəki vəziyyətə baxdıqda, dövlət və hökumət başçılamızın da dediyi kimi, demokratiya növbəsi adı altında, şənlik əhval-ruhiyyəsində, sadəcə türk bayrağı ilə nümayişlər təşkil olunur. Bu, yaxınlarda təhlükə ilə üzləşmiş ölkənin birlikdə irəliyə getmək arzusunun göstəricisidir. - Türkiyə FETÖ-çülərdən nə vaxt təmizlənəcək? Qeyd etdiniz ki, Türkiyə XİN-də dətəmizləmələr həyata keçirilir. Son iki-üç ildə Türkiyənin Azərbaycandakı səfirliyində bununla bağlı olaraq işdən çıxarılan olubmu? - Bizim səfirliyimizdə işdən çıxarılan olmadı. Başqa səfirliklərdə olduğu kimi, bizdə də təyinatlar, təyinat müddətinin başa çatmaları olub. Amma bu məsələ ilə bağlı işdən çıxarılan olmayıb. Xarici işlər nazirimizin də dediyi kimi, bu terror təşkilatının ünsürlərinin bizim quruma yerləşdirilməsi ilə bağlı ciddi işlər görülürdü, digər qurumlarda olduğu kimi, bizim qurumda da eyni addımlar atmaq, XİN-də qapalı bölmələrdə öz adamlarını yerləşdirmək itəşəbbüsləri olub. Bizim nədən bəhs etdiyimizi yaxşı anlamaq lazımdır. Onlar o qədər hiyləgər şəkildə dövlət idarəetməsinə sızıblarlar ki, açıq şəkildə onları ayırmaq mümkün deyildi. Baxın, dövlət başçımızın, Baş Qərərgah rəisinin ən yaxın adamları çox təəssüf ki, həmin terror təşkilatın üzvləri çıxdılar. Ona görə də Türkiyədə çox ciddi addımlar atılır. Bu günə qədər Türkiyədə müxtəlif qurumlardan 60 mindən çox insan kənarlaşdırılıb. Onlar işdən çıxarılmadı, həbs olunmadı, sadəcə bu və ya digər formada FETÖ ilə əlaqələrin mövcudluğu şübhəsi olduğundan dəqiq araşdırmalar aparılır. Onların arasında kiminsə günahı təsdiq olunduqda məhkəmə yolu ilə həbs qərarı qəbul edilir. Bu təsdiqlərin olması səbəbindən işdən çıxarılanlar da olub, bura Türkiyə Silahlı Qüvvələrindən işdən çıxarılan 3000-dən çox hərbçini də daxil etmək olar. Bu, çox çətin, acı bir təcrübədir. Dövlət başçımızın da dediyi kimi, bu bir intiqam deyil, mərhəmət duyğusu ilə amma hüquq çərçivəsində atılan addımlardır və biz onları gerçəkləşdirəcəyik. - FETÖ-yə qarşı mübarizə çərçivəsində Azərbaycanla məsləhətləşmələr davam edirmi? -Təbii ki. Hər kəsin bilməsi lazımdır ki, biz hər zaman, hər məsələdə Azərbaycanın yanındayıq. Qarşılıqlı ziyarətlərin sayı-hesabı yoxdur, üçüncü ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə də, bizim ölkələrimizin yüksək vəzifəli rəsmilər ayaq üstə də olsa, mütləq bir-biri ilə söhbət etmək imkanı tapırlar. Azərbaycan bizim ən yaxın strateji tərəfdaşımız, dostumuz, qardaşımızdır. Bu ölkə ilə biz açıq şəkildə istənilən məsələni müzakirə edirik. Türkiyə həm daxildə, həm də beynəlxalq məsələlərlə bağlı dəyərləndirmələri Azərbaycanla paylaşdığı kimi, məruz qaldığı təhlükələri və təhdidləri də Azərbaycanla paylaşır. FETÖ-nün Türkiyədən sonra addım atdığı ilk üçüncü ölkələrdən biri Azərbaycan olub. Biz öz təcrübəmizi, başımıza gələnləri Azərbaycanla ən açıq şəkildə paylaşırıq, Azərbaycan da öz təcrübəsini bizimlə paylaşır. Biz nəticədə Azərbaycanla güclərimizi birləşdirmək niyyəti ilə, ortaq millətimizə birlikdə xidmət etmək çalışırıq. - Bəzi ölkələr, məsələn Qırğızıstan və Qazaxıstan FETÖ məktəblərinin bağlanmasına qarşı çıxdı. Bu məsələ barədə nə deyə bilərsiniz? - Hər bir ölkə özü qərar verir, bununla bağlı heç nə demirik. Amma biz başımıza gələnləri başda qardaş ölkələr olmaqla hər kəslə bölüşürük. FETÖ-nun bir sıra qolları var və onların təməlini təhsil fəaliyyətləri təşkil edir. Bu qurumların yanında media qurumları var ki, özlərinin təbliğat işlərini həyata keçirirlər, onların yanında da maliyyə dəstəyini verən iş adamları dayanır. Bütün bunlar bir-birini bəsləyən sütunlar zənciri deməkdir. Bəhs etdiyim sütunlarla getdiyi ölkələrdə yerləşməyə çalışan FETÖ, zaman keçdikcə getdiyi üçüncü ölkədə, insanların ideologiyasını dəyişdirmək niyyəti ilə, oraya yerləşdirilir. Bunu etdikdən sonra, təşkilatın sistemindən keçən insanların dövlət içərisində önəmli vəzifələrə yerləşdirilməsi təşkil edilir. Bizim etdiyimiz, Türkiyənin başına gələn bəlanı dostlarımıza anlatmaqdır. Amma bununla bağlı addım atmaq, ya atmamaq qərarını, təbii ki, onlar özləri verirlər. - Son hadisələrin "Türkiyəni avtoritarizmə sürükləyəcəyi" barədə iddialara münasibətiniz necədir? - Düzdür, bu iddialar edilir. Amma bu iddiaların nə qədər əsaslı yaxud əsassız olduğuna diqqət etmək üçün əvvəlcə Türkiyənin necə bir ölkə olduğuna baxmaq lazımdır. Çox şükürlər olsun ki, demokratik standartlar, azad və sərbəst rəqabət içərisində təşkil edilən seçkilərlə Türkiyə üzərində heç bir kölgəsi olan ölkə deyil. Üstəlik, xalqımızın əksəriyyətinin illərdir dəstklədiyi hökumətimiz və Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə seçkilər yolu ilə hakimiyyətə gələn prezidentimiz var. Həm də, illərdir ölkəmizə rəhbərlik edən, heç bir nöqsanı olmadan hər seçkilərdən uğurla çıxan və dövlət başçısı olaraq hər mənada dəstəyə sahib olan prezidentimiz var. Belə bir vəziyyətdə iyulun 15-də müstəqil mətbuatın da oynadığı rolu da gördük. Bütün bunları nəzərə alaraq, Türkiyəyə qarşı atılan bu iddialarhəqiqətən də haqsızdır və Türkiyədə baş verən hadisələrin gerçəkliklərini görmək istəməyən dairələrin iddialarıdır. Baxın, o gecə nə oldu?! Avtoritarizmdə suçlanan cənab dövlət başçımız xalqa müraciət etdikdən sonra hər kəs, siyası baxışlarından asılı olmayaraq, küçələrə çıxdı. Prezidentimiz hadisələrdən sonra müxalifət partiyaları ilə bir araya gəldi, birlikdə ölkəmizin bu təhlükə ilə qarşılaşdığının səbəblərini müzakirə etdilər, bundan sonra hansı addımların atıla biləcəyini nəzərdən keçirirlər. Bununla da Türkiyə demokratiya nümunəsi sərgiləyir. Siyasi partiyaların baxışları təbii ki, fərqlidir. Bu təhlükə qarşısında bir olan Türkiyədə bundan sonra da debatlar, mübahisələr davam edəcək. Dövlət başçımızın təcrübəli siyasətçi kimi, siyasi partiyanın rəhbəri olaraq bəzi fikirləri və düşüncüləri var idi, prezident sisteminə keçməsi ilə bağlı fikirləri var idi, AK Partiyanın da baxışı bu yöndədir. Digər partiyaların özlərinə görə ayrı baxışlarıvar. Bu debatlar davam edir və etməlidir. Mənim dediyim odur ki, avtoritarizm iddialarını səsləndirənlərin Türkiyənin dövlət çevrilişi qarşısında necə bir araya gəldiyini, hər şeyi kənara qoyaraq demokratiyaya sahib çıxanları, bütün siyasi partiyaların nümayəndələrinin bombalanan parlamentə necə gəldiyini görməsi lazımdır. Bu, sağlam işləyən demokratiyanın örnək göstəricisidir. Bu ərəfədə, tutulanlar arasında, adı FETÖ ilə bağlı olan mətbuat nümayəndələri də var. Onlara qarşı edilən ittihamların heç birisi jurnalist fəaliyyəti ilə bağlı deyil. Bu şübhələr FETÖ-nun Türkiyədə fəaliyyətinə dəstək edilməsi ilə bağlıdır. Onların qarşı irəli sürülən ittihamlar da hüquq çərçivəsində ya təsdiqlənəcək, ya da ittiham üzərlərindən götürüləcək. Ümimiyyətlə, bu, bizim istəmədiyimiz bir vəziyyətdir, amma buna rəğmən, ölkəmiz qeyd etdiyim xüsusiyyətlərdə sınaq qarşısında uğurla çıxıb və bunu alqışlamaq lazımdır. - Qərbin Türkiyəyə tələblərindən biri terrorçuluğa qarşı mübarizə qanununun dəyişdirilməsidir. Sizcə, bu, Türkiyənin ərazi bütövlüyünü və onun federallaşmasına yönəlik məsələ deyilmi? - Bu mövzu bizim Avropa Birliyi ilə apardığımız sərbəst müzakirələrin içərisində gündəmə gəldi. Amma burada bunları nəzərə almaq lazımdır: birincisi, Türkiyə uzun illərdir çox ciddi terror təhdidinə qarşı mübarizə aparan dövlətdir. İkincisi, Türkiyə terror hücumlarına məruz qalan yeganə ölkə deyil. Təəsüf ki, bir çox ölkələr bu problemlə üzləşirlər. Fransada, Almaniyada, Belçikada və s. Ölıkərdə baş verənləri bilirik. Üçüncüsü, hansı ölkəyə getsəniz, deyəcəklər ki, bizim terrorla birgə mübarizəmiz lazımdır, amma terrorun necə tanınması barədə suala fərqli cavablar gələcək. Beynəlxalq səviyyədə terrorun necə, hansı formada tanınması məsələsində, təəssüf ki, standart razılaşma yoxdur. Bu, sözün düzü bəşəriyyətin ayıbıdır. Bununla bağlı birgə mövqe yoxdur. Təəssüf ki, müxtəlif ölkələrdə "uzaq terrorçu", "yaxın terrorçu", "mənə zərər verən" və ya "mənə zərər verməyən terrorçu" anlayışlarla ayrıseçklik edirlər. Halbuki, dünyada belə bir anlayış olmamalıdır. Ölkə adı çəkməyim, amma çox uzaq bir ölkədən, okeanlar aşaraq, törətdiyi terror aktını hamımız gördük. İndi terror törətmək üçün harasa getmək də vacib deyil, buna misal olaraq kiber-hücumları göstərmək olar. İnternetə girib ən sadə bombanın necə hazırlanmasını da görə bildiyimiz dövrdə belə ayrıseçkilik olmamalıdır. Suriya buna yaxşı bir nümunədir. Türkiyəyə qarşı, Türkiyə vətəndaşlarına qarşı terror törədən terror təşkilatlarını Suriyanın daxilindəki müəyyən qüvvələr öz maraqlarına uyğun görərək onlara göz yumurlar ki, bu, qətiyyən qəbuledilməzdir. Bir sözlə, hər cür terrora qarşı mübarizə etmək lazımdır. Türkiyənin təəssüf ki, terrorla bu cür mübarizə etdiyi bir dönəmdə terrorla mübarizə qanununun daha da yumşaldılması üçün addımlar atılması hər şeydən əvvəl indiki vaxtda məqsəduyğun deyil. Bu, Türkiyənin qarşılaşdığı təhlükəni kiçik görmək mənasına gələr. Bu cür tələblərin hazırkı dövrdə və nəyə görə ortaya qoyulmasını yaxşıca nəzərdən keçirtmək lazımdır. Bizim, xüsusi ilə də fətullahçi terror təşkilatının ölkəmizdə dövlət çevrilişi cəhdi etdiyi dönəmdə bununla bağlı addımlar atmaq niyyətimiz yoxdur. Ümid edirəm ki, yaxın zamanlarda terrorun yox edilməsini görəcəyik. - Son zamanlar Türkiyə ilə Rusiya arasında əlaqələrin istiləşməsindən sonra Türkiyə-Rusiya bloku yarana bilərmi? - Düşünürəm ki, blok anlayışını artıq geridə qoyduq. Fikirləşirəm ki, bu anlayış XXI əsrə uyğun deyil. Bunu kim söyləyir? Bunu NATO-nun üzvü olan Türkiyənin səfiri, mən söyləyirəm. Biz NATO ittifaqının üzvüyük, amma ittifaqın da bloklanma kimi rolunu görmürük. Rusiya bu bölgədə önəmli tərəfdaşımız, dost bildiyimiz bir ölkədir. Yaxın keçmişdə böyük sıxıntılar yaşadıq. Çox şükür ki, bununla bağlı da konstruktiv zəmində danışmaq imkanımız oldu, bizim əlaqələrin qırılmasından ilk gündən sonra etdiyimiz çağrı da eşidildi və sevindirici haldır ki, son vaxtlar Türkiyə və Rusiya əlaqələri əvvəlki kimi davam etdirilir. Bu, Türkiyəyə olduğu kimi, Rusiyaya da, Azərbaycan da daxil olmaqla bölgədəki bütün dövlətlərə də faydası olacaq. Çünki gərginliyin heç kimə faydası yoxdur. Rusiya bu bölgənin və dünyanın aparıcı rola sahib ölkələrindən biri, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, həm də tarixən Türkiyənin önəm verdiyi, dost olduğu ölkədir. Anlaşa bilmədiyimiz bir çox məsələlər var, amma əlaqələrimizin inkişafı bu məsələləri konstruktiv danışıqlarla həll etməyə imkan verdiyini düşünürəm. Bu yaxınlarda dövlət başçılarımız da görüşməlidir. Düşünürəm ki, bu Türkiyə, Rusiya və bölgə üçün faydalı olacaq. - Ankara-Moskva münasibətlərinin istiləşməsi Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində nə kimi təsir göstərə bilər? - Ümid edirik ki, yaxın müddətdə Dağlıq Qarabağ münaqişəsinın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi istiqamətində müəyyən adımlar atılacaq. Biz Rusiya ilə əlaqələrimizin hansı səviyyədə olmasından asılı olmayaraq, bu bölgədə təkcə beynəlxalq hüququn tələb etdiyinə görə deyil, təkcə Azərbaycan qardaş dövlət olduğuna görə deyil, eyni zamanda ümumilikdə bölgənin təhlükəsizliyi, inkişafı, potensialının reallaşdırılması üçün bu işğalın sona çatdırılmasının vacibliyini qeyd edirik, bunu da hər kəsə söyləyirik. Bunu sadəcə Azərbaycanın haqqı olduğu üçün deyil, əslində bunun hər kəsə xidmət edəcəyi üçün söyləyirik. Bu baxımdan da, ATƏT-in Minsk qrupunun üzvü, dünyada fəal üzvü, Ermənistanla sıx əlaqələrə malik olan ölkə olan Rusiyadan böyük gözləntilərimiz var. Azərbaycanın uyğun gördüyü hər hansı düstur çərçivəsində üzərimizə düşən istənilən addımı atmağa hazırıq. -Türkiyə və Rusiya arasında münasibətlərin normallaşması fonunda yəqin ki, iki ölkənin iqtisadi münasibətləri də qaydasına düşəcək. Bu, Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinə təsir edəcəkmi? - Bu həftə Azərbaycana Türkiyədən bir biznes nümayəndə heyəti gələcək. Türkiyədə dövlət çevrilişi cəhdindən dərhal sonra Qərbdə səsləndirilən bəzi spekulyativ xəbərlərə cavab olaraq göstərmək istəyirik ki, Türkiyənin iqtisadiyyatı bu vəziyyətdə də, müsbət nəticələr göstərib. 2016-cı ilin ilk yarısında iqtisadiyyatın artımı 4,8% təşkil edib. 2016-cı ilin sonuna qədər kifayət qədər yüksək artım rəqəmləri gözləyirik. İşəgötürmə rəqəmlərinə baxanda 2009-cu ildən bəri artan statistika görürük. Yatırımların həcmi Türkiyədə yüksəlir. Bir-birinin ardınca önəmli layihələr açırıq. Osman Gazi körpüsünü açdıq, bu yaxınlarda İstanbulda üçüncü körpüsü açacağıq, Bakı-Tiflis-Qars dəmir yolu bu il tamamlanacaq. Digər tərəfdən, Türkiyədə yatırımları artırmaq və iqtisadi fəallığın artırıması məqsədilə addımlar atılır. Bu biznes nümayəndələrinin gəlişi ilə biz bu məqsədlərimizi ortaya qoyuruq və strateji tərəfdaşımız olan Azərbaycanla iqtisadi və ticari əlaqələrimizin daha sürətli inkişaf etdirmək iradəmizi sərgiləyəcəyik. Ən önəmli odur ki, Azərbaycan iqtisadiyyatı prezidentinin baxışı çərçivəsində şaxələndirmə siyasəti yürüdür, Türkiyə də öz imkanları ilə bu baxımdan ən rahat və ən tez şəkildə nəticələr əldə edə biləcək ölkələr sırasında birincidir, bu da aşkardır. Azərbaycan da öz yatırımlarını hara qoya və sağlam şəkildə istifadə edə biləcəyini nəzərə aldıqda, ilk növbədə Türkiyə gəlir. Aramızdakı bu iqtisadi əlaqələr, artan sərmayələr davam edəcək. Əgər Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin son 5-10 il ərzindəki inkişafına baxsaq, görəcəyik ki, bu inkişaf güclü şəkildə güclənir. Azərbaycan bu bölgədə Türkiyə üçün çox vacıb tərəfdaşımızdır və Azərbaycanla Türkiyə iqsitdiyyatlarının bir-birini tamamladığını nəzərə alaraq, iqtisadiyyatımızı daha da güclü etmək üçün gələcəkdə nəzərə tutduğumuz layihələri davam etdirəcəyik. - Bu yaxınlarda Misir parlamentində "erməni soyqırımı"nın tanınması ilə bağlı təklif irəli sürülüb. Sizin misirli həmkarınız bunu "Türkiyənin Misirlə münasibətdə atılan müəyyən addımlara cavab olaraq" təklif olunduğunu bildirdi. Eyni fikirləri Misir parlamentində də səsləndirirlər. Sizin bu məsələ ilə bağlı cavabınız nə olacaq? - Bu suala görə sağ olun. Bu, çox gərəksiz bir təklif idi. Burdaki misirli həmkarıma çox dərin hörmətim var, amma bunu söyləməliyəm ki, baxın, ermənilər bu iddiaları ilə dünyada nə əldə etmək istəyirlər?! Akademik debatlar çərçivəsində, arxivləri açmaqla bağlı müzakirələrə qoşulmadılar. Türkiyə nə deyir: gəlin ortaq bir tarix komissiyadı yaradaq, arxivlərimiz açıq, sadəcə biz və siz deyil, üçüncü tərəflər də gəlsin, bunu müzakirə edək. Dövlət başçımız baş nazir olanda, başqa baş nazirlərimiz də ermənilərin Osmanlı dönəmində məruz qaldıqları sıxıntıları ilə bağlı həmdərd olması ilə bağlı açıqlamalar verdilər. Amma o açıqlamalarda belə bir fikir də var idi ki, o zamankı nəticələri çox ciddi şəkildə, bir-birimizlə müzakirə edərək, bir-birimizlə həmdərd şəkildə araşdıracağıq. Yəni konstruktiv şəkildə, qarşı tərəfin hissiyatını da nəzərə alaraq araşdırmaq nəzərdə tutulurdu. Amma Ermənistan tamamilə təbliğat yolu ilə dünyanı olmayan bir şeyə inandırmaq çalışır. Bunun üçün də ən münasib zəmin nədir? Məsələni siyasi müstəviyə çıxarmaqdır. Türkiyəyə qarşı bu və ya digər şəkildə mənfi hislər bəsləyən ölkələrə gedərək, onlardan da dəstək alaraq, diasporunu da işə salaraq, Türkiyə əleyhinə qərar çıxartmağa çalışırlar. Söylədiyim kimi, misirli həmkarıma hörmətimi ifadə edirəm, amma o, nə deyir? "Misir parlamentində bu məsələ Türkiyə ilə Misir arasında yaxşı olmayan münasibətlərə cavab olaraq meydana gəlib". Burada bir etiraf var. Yəni, əlaqələrimiz pisləşib deyə, siyasi motivlərdən istifadə etmək qərarına gəlmişik. Hər hansı bir ölkə əgər 1915-ci ilin hadisələri ilə bağlı səmimi, bu sözü vurğulamaq istəyərdim, səmimi şəkildə yardım etmək istəyirsə, bunu tarixi müzakirələr şəklində etsin. Amma bu və digər səbəblərdən, Türkiyədən küsməsi səbəbindən, "Türkiyəyə necə zərər verə biləcəyik?" düşüncəsini, ermənilərlə ortaq iş görməyini seçərsə, yəni qərəzli yanaşarsa, Türkiyə bunu bağışlamaz. Bu etirafın önəmli olduğunu düşünürəm və yanlışlıqlarını anlayacaqlarına ümid edirəm. - Cənab səfir, təəssüf ki, Sizin Azərbaycanda diplomatik fəaliyyətiniz tamamlanır. Azərbaycandan nə zaman və hansı təəssüratlarla ayrılırsınız? Diplomatık missiyanız zamanı ən yaddaqalan hadisə hansı oldu? - Hələlik sizinlə vidalaşmıram, çünki Ankaraya nə vaxt qayıtmalı olduğum barədə dəvət gəlməyib, amma vəzifəmi çox dəyərli səfirə təhvil verəcəm, əvvəllər Azərbaycanda çalışan bir diplomata. Mən buradakı 4 illik fəaliyyətimdən sonra Türkiyəyə qayıdacam. Azərbaycan elə bir yerdir ki, Türkiyə səfiri və ya hər hansı bir türk vətəndaşı üçün yaddaqalan hadisələrin sayı-hesabı yoxdur. Çünki burada bizə göstərilən qonaqpərvərlik sonsuzdur. Getdiyim hər yerdə, təkcə dövlət tədbirlərində deyil, Türkiyə səfiri və ya Türkiyədən gəldiyimi biləndə bütün küçənin sərgilədiyi səmimi sevgi xüsusi olaraq məni təsirləndirir. Amma dediyim kimi, hələlik ayrılmıram.(report)

4 Avqust 2016 3:23

Volfqanq İşinger:“Yeganə çıxış yolu ABŞ və Rusiyanın dil tapmasıdır” – Müsahibə

Təhlükəsizlik üzrə Münhen konfransının sədri Volfqanq İşingerin dünyadakı siyasi durumla bağlı Almaniya nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik. – Cənab İşinger, təəssürat yaranır ki, silahlanmanın yeni mərhələsi başlanır. Bu belədirmi? – Düzü budur ki, artıq bir neçə illər ərzində dünya düzəni siyasətinin kəskinləşən böhranına məruz qalırıq. Siyasətdə böhranları önləmək və yaxud ən azı, tez həll etmək qabiliyyəti getdikcə daha çox kasadlaşır. Bu, artan inamsızlığa və dünya düzəninin dağılmasının geniş yayılmış duyumuna səbəb olur. – Bu, necə baş verdi? – Bu, bir tərəfdən onunla bağlıdır ki, ABŞ dünya polisi rolunu oynamağı tərgidib, digər tərəfdən islamçı terrorizm möhkəmlənib. Yenə də Asiyada silahlanmaya məsrəf hələ bir neçə il öncə başlanıb. Rusiyanın Krımı ilhaqı Avropada hərbi büdcələrin azaldıması dövrü ilə vidalaşmağa bəhanə oldu. – Qığzın silahlanmanın yeni erasının qabağını almağa imkan varmı? – Ümumi inamsızlıqdan çıxış yolu yalnız o zaman mümkündür ki, hər iki fövqəldövlət – ABŞ və Rusiya münasibətlərini qaydaya salır və bir-biri ilə yenui münasibətlər yaradır. 2012-ci ilə – Putin yenidən seçilənə qədər, onların arasında müsbət mərhələ var idi. Hətta nüvə tərk-silahı haqda yeni müqavilə bağlanmışdı. Avropalıların təkid etməyi lazımdır ki, silahlanma üzərində nəzarət yenidən müzakirə mövzusuna çevrilsin. – Şansları necə dəyərləndirirsiniz, baş tutarmı? – Bir neçə ay əvvəlkindən bir qədər yaxşı. Putin NATO sammitindən sonra hələlik öz tərəfindən sonrakı silahlanma haqda bəyanat verməyib. Hətta Finlandiya hökumətinin başçısı ilə söhbətdə gərginliyin zəiflədilməsindən danışdı. Bu, nəyinsə cücərə biləcəyinə cüzi ümiddir. – Bu cür ssenari necə görünə bilər? – Düşünürəm ki, əsil tərəqqi yalnız ABŞ-dakı seçkiklərdən sonra mümkün olacaq. Ümid etdiyim kimi, yeni prezident Hillari Klinton olsa, yeni yaxınlaşma mümkün ola bilər. Rusiyanın baxışına görə, Obama fəaliyyətə qabil deyil. Bundan başqa, Rusiyada da payızda parlament seçkiləri olacaq. Ehtimal ki, Putin o zaman bundan sonra da güclü adam kimi görünmək istəyəcək və güzəştlərə az meylli olacaq. -Yaxın Şərq və islam terroprizmi ilə mübarizə üçün ümidverici siqnallar varmı? -Təəssüf ki, beləsini hələlik görmürəm. Avropa hökumətləri hər teraktdan sonra yenə də və mütləq hərbi üsullarla sərt reaksiya verməyə məcbur olacaq. Hətta Liviya kimi ölkəni sabitləşdirmək mümkün olsa da, terrorçu şəbəkələr yeni ərazilər axtaracaq. Və budur, daha bir məsələyə diqqət yetirilmir. Boko Haramın Nigeiyadakı qurbanlarının sayı İŞİD qurbanlarının sayını xeyli geridə qoyur. Və Boko Haram risk amili kimi hələ də Avropa hökumətlərinin baxış sahəsinə düşməyib. Ən pisi budur ki, bu münaqişədə inam amilinin yaradılmasına güvənmək lazım gəlmir. – Səudiyyə Ərəbistanı və BƏƏ daha az silahlansa, xeyri olarmı? – Əlbəttə, ölkələri az silahlanmağa çağırmaq olar. Lakin digər tərəfdən başa düşə bilirəm ki, ABŞ daha Ər-Riyadın tərəfində durmayandan və həm də İranla dialoqa başlayandan sonra Səudiyyə Ərəbistanı ciddi-cəhdlə öz təhlükəsizliyinin qayğısına qalır. İranlılar və səudlar bir-birlərinə nifrət edirlər. Buna görə də soyuq müharibə dönəmində ATƏT konfransında olduğu kimi, Yaxın Şərqdə bu cür təhlükəsizlik sistemi qurmaq çətin olacaq. Nə bu, nə də o tərəflə bağlı olan avropalılar hər halda bu məsələni səbirlə həll etməyə çalışmalıdırlar.

3 Avqust 2016 12:34

Cəmil Quliyev: “Arxada danışıb, üzdə tərif deməmişəm”

"Rasim Balayevin sənətinə hörmətlə yanaşıram" İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyevin APA-ya müsahibəsi - Cəmil müəllim, İctimai Televiziyanın rəhbərisiniz, Kinematoqrafçılar İttifaqında icraçı katib vəzifəsini daşıyırsınız, dərs deyirsiniz. Bu işlərin öhdəsindən gəlmək çətin deyil? - Məktəb illərindən ictimai işlərlə məşğul olmağı çox sevmişəm. Məktəbimizdə ilk dram dərnəyini mən təşkil etmişdim, ən yaxşı şeir ifaçılığı üzrə müsabiqə keçirmişdik və s. Sizə 70-ci illərin əvvəllərindən danışıram. Sonralar Ümumittifaq Kinematoqrafiya İnstitutunda oxuyanda da ictimai fəaliyyəti davam etdirdim. İndiyə kimi həmin təhsil ocağına daxil olduğum anı unutmuram. O zaman bu instituta daxil olmaq çox çətin idi. Müsabiqədə iştirak etmək üçün respublika kino təşkilatından göndəriş tələb olunurdu. Mən ərizə ilə kino təşkilatına müraciət etdim, amma “yox” cavabı aldım. Bu məsələ ilə bağlı atam ümummilli lider Heydər Əliyevə müraciət elədi və Heydər Əliyev bu məsələni həll etmək göstərişi verdi. Sonra mən göndəriş aldım və imtahan verib qəbul olundum. Ona görə də həyatım boyu Heydər Əliyevə borcluyam, mənə kinoya vəsiqəni məhz Ümummilli liderimiz verib. Bilirsiniz ki, 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibiyəm. Bu, çox məsuliyyətli vəzifədir. Bundan əvvəl də keçmiş ittifaqın 12 ilə yaxın katibi olmuşam. Hazırda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında ictimai əsaslarla çalışıram. - Yəni maaş almırsınız... - Bəli, əmək haqqı almadan fəaliyyət göstərirəm. Amma çalışıram ki, ittifaqdakı işlərim televiziyadakı fəaliyyətimə mane olmasın. Eyni zamanda, pedaqoji fəaliyyətdən uzaqlaşmamağa üstünlük verirəm. Mədəniyyət və İncəsənət Universitetinin professoruyam. Özümü bu universitetsiz təsəvvür edə bilmirəm. Çünki mənim üçün doğma kollektivdir. Kinonun çətin günlərində universitet mənə öz qapılarını açdı. 1987-ci ildə SSRİ çökməyə başlamışdı, kino sahəsi böhran keçirirdi. O dövrdən taleyimi bu universitetlə bağladım və 12 ilə yaxın “Kino və Televiziya Sənəti” kafedrasının müdiri oldum. Gələn il pedaqoji fəaliyyətimin 30 ili tamam olacaq. Fəxr edirəm ki, 2004-cü ildə məhz Mədəniyyət və İncəsənət Universitetinin təqdimatı ilə mənə əməkdar incəsənət xadimi fəxri adı verilib. - Müasir Azərbaycan kinosunun hazırkı vəziyyəti haqqında danışmağınızı istərdim. Problemlər, uğurlar nədən ibarətdir? - Azərbaycan kinosunun dirçəlişi və inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra kinoya böyük diqqət yetirildi. Məhz bu dövrdə ən yadda qalan tarixi filmlər çəkildi. Məsələn, “Nəsimi”, “Babək”, “Nizami”, “Dədə Qorqud” və s. Eyni zamanda, müasir həyata həsr olunmuş maraqlı filmlər lentə alındı. Həmin dövrdə kinonun maddi-texniki bazası yaradıldı, Azərbaycan filmləri beynəlxalq festivallara çıxmağa, sənədli filmlər və cizgi filmləri studiyaları fəaliyyətə başladı, “Mozalan” satirik kinojurnalı açıldı. Bütün bunlar Ümummilli liderin təşəbbüsü ilə həyata keçirdi. 1976-cı ildə ilk dəfə olaraq Azərbaycan kinosunun yubileyi keçirildi. O dövrdə bu çox çətin iş idi. Heydər Əliyev Moskvaya sübut etdi ki, Azərbaycan kinosunun tarixi kökləri var və yubiley keçirilməlidir. Həqiqətən də müstəqillik dövrümüzdə məlum oldu ki, Azərbaycan kinosunun tarixi 1916-cı ildən yox, 1898-ci ildən başlayır. Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə 2001-ci ildən başlayaraq, hər il avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Hazırda bu yolu möhtərəm prezidentimiz cənab İlham Əliyev böyük uğurla davam etdirir. 2007-ci ildən başlayaraq, ölkədə kino sahəsinin inkişaf etməsi üçün çox ciddi proqramlar qəbul olunub, Dövlət Film Fondunun binası tikilib, Nizami Kinoteatrının binası bərpa olunub, yeni tarixi filmlər çəkilib. Məsələn, “Cavad xan”, “Hökmdarın taleyi”, “Cavid ömrü”, “Sübhün səfiri” kimi filmlər ekrana çıxıb. Bütün bunlar göstərir ki, ölkə başçısının Azərbaycanın kinosuna böyük diqqəti var. - Rejissorlardan kiminsə adını çəkmək istəmirsiniz? - İndi ölkəmizdə çox istedadlı rejissorlar yetişib və maraqlı, diqqət cəlb edən filmlər istehsal olunub. Məsələn, Elxan Cəfərovun filmlərini, xüsusən də “Dolu” filmini qeyd edə bilərəm. İctimai Televiziyada bu filmi tez-tez göstəririk. Bundan başqa, Şamil Əliyevin “Çölçü”, Elçin Musaoğlunun “Nabat”, İlqar Nəcəfin “Buta”, Fariz Əhmədovun, Yusif Quliyevin sənədli filmlərinin adlarını çəkə bilərəm. Bəzən cəmiyyətdə “Niyə bəzən bizim filmlərimiz uğursuz alınır?” sualı səslənir. Unutmayaq ki, kino çətin sənətdir, hər bir rejissor bir neçə film çəkməlidir ki, püxtələşsin, öz dəst-xəttini tapsın. Azərbaycan kinosu öz yaradıcılıq yolunun axtarışındadır. Kinomuzun uğurlu gələcəyinə inanıram. - Tez-tez belə fikirlər səslənir ki, son illərdə çəkilən filmlər tamaşaçıya göstərilmir. Bu irad və tənqiddən İctimai Televiziyanın payına nə qədər düşür? - Bayaq qeyd etdiyim kimi, İctimai Televiziya vaxtaşırı yeni filmləri nümayiş etdirir. Amma bir nüans var. Film çəkildikdən sonra öz xərcini çıxarmalıdır: beynəlxalq festivallarda iştirak etməli, mükafat almalı, xaricə satılmalıdır və s. Bunun üçün bir neçə il tələb olunur. Odur ki, yeni filmlərin dərhal televiziya ekranına çıxması qeyri-mümkündür. - Çəkilən filmlərimiz yalnız öz xərcini çıxara bilir. Bəzən çəkilən xərc də satışdan əldə olunmur. Sizcə, bu vəziyyət nə vaxta qədər davam edəcək? - Məncə, indi ölkəmizdə kino şəbəkəsi çox uğurla fəaliyyət göstərməyə başlayıb. Bakıda və bölgələrdə kinoteatrlar yaradılıb. Ticarət mərkəzlərinin nəzdində kinoteatrların yaradılması isə çox böyük hadisədir. Artıq iş adamları da başa düşüblər ki, kinoteatr biznes məkanı ola bilər. Nizami Kino Mərkəzinın fəaliyyətindən xüsusilə danışmaq istərdim. Vaxtilə bu kinoteatr Azərbaycanın kino şəbəkəsinin flaqmanı idi. Ən yeni filmlər məhz Nizami Kinoteatrında göstərilirdi. Sevindirici haldır ki, Nizami Kino Mərkəzi həmin gözəl ənənəni davam etdirir. Bu mərkəzin vacib işlərindən biri də filmlərin nümayişinə xeyriyyəçilik etməsidir. Burada gənc rejissorların filmlərinin nümayişinə yer ayrılır. - Bu gün komediya filmləri çəkilir və deyə bilərəm, o filmlərə maraq var. Sizə elə gəlmir ki, həmin filmlərdə intellektual yumor çatmır? Çatmır yox, ümumiyyətlə, görünmür... - Maraqlı sualdır. Bu, yəqin həm də onunla bağlıdır ki, kinokomediya çox çətin və mürəkkəb janrdır. Bu janr səssiz kino dövründə yaranıb. O dövrdə Harold Lloyd, Baster Kiton, Çarli Çaplin də komediya ilə məşğul olublar. Hətta Lümyer qardaşlarının ilk səssiz filmi də vəziyyətin doğurduğu gülüşə həsr olunmuş komediya idi.Dünyada səsli kinonun ilk filmi sayılan “Caz müğənnisi” (1927-ci il) ekran əsərində də, Azərbaycanın ilk səsli filmi olan “Mavi dəniz sahilində” (1936-cı il) də komediya elementləri var idi. Azərbaycanın ilk rəngli filmi “O olmasın, bu olsun” da komediya olub. Bilirsiniz, səviyyəli komediya filmləri insanları daxilən təmizləyir və düşündürür. Komediya filmləri şit, bəsit olmamalıdır, müəyyən estetik səviyyəyə cavab verməlidir. Komediya filmini çəkmək üçün rejissor çox keyfiyyətlərə malik olmalıdır. - Film zövqünüz haqqında danışmağınızı istəyirəm. Dünya kinosundan hansı rejissorların yaradıcılığını qiymətləndirirsiniz? - Dünya kinosu mənim üçün həyata bir pəncərədir. Mən çox filmlərə baxmışam, hətta başıma bir hadisə gələndə də filmlərdən epizodlar yadıma düşür. İlk növbədə Çarlı Çaplinin adını çəkmək istərdim. Bundan başqa, Sergey Eyzenşteynin adını çəkmək vacibdir. Federiko Fellininin, Viskontinin, Vittorio de Sikanın yaradıcılığını dəyərləndirirəm. Fransa kinosunu Jan Viqoya görə sevmişəm. Jan Viqo 29 yaşında dünyasını dəyişib. Onun taleyi bizim rejissor Səməd Mərdanovun taleyi ilə çox oxşardır. Təsəvvür edin, hər ikisi gənc yaşlarında dünyasını dəyişib, hər ikisi az film çəkib, amma dünya kinosunda iz qoyublar. Səməd Mərdanovun ikinci rejissoru olduğu “Mavi dəniz sahilində” filmi Fransa sinematekasında qorunub saxlanılır və dünya kinosunun ən maraqlı filmlərindən biri hesab olunur. İngilis kinosundan rejissor Riçard Attenboro, İsveç kinosundan İnqmar Berqmanın, İran rejissorlarının filmlərini çox sevirəm. Ümumiyyətlə, hesab edirəm ki, kinorejissor tədqiqatçıdır. Bu gün mənim daxilimdə bir narahatlıq var. Görürəm ki, kinoya, televiziyaya axın var, amma sonra məlum olur ki, rejissorların deməyə sözü yoxdur, yalnız həvəs var. - Ssenari probleminin olmasını qəbul edirsiniz? - Bu problem təkcə bizdə deyil. Xarici ölkələrdə də bu problem var, çünki kommersiya məsələsi ön plandadır. - Cəmil müəllim, özünüz nə çəkmək istəyirsiniz? - Təəssüf ki, böyük əmək qoyulması tələb olunan TV fəaliyyətilə film çəkmək bir araya sığmır. “Bir əldə iki qarpız” tutmaq, sadəcə, mümkün deyil. Söhbət ondan gedir ki, İTV ölkənin 2 ciddi, sanballı kanalından biridir. Kino çəkmək üçün yeddi-səkkiz ay vaxt tələb olunur. Bu prosesdir, ona köklənmək lazımdır. Film də gərək sanballı olsun, qısa müddətli konyunktura, özunü reklam xatirinə çəkilməsin. - Amma siz televiziya rəhbərindən əvvəl rejissorsunuz... - Doğrudur. Hətta kimsə film çəkəndə ona sözün yaxsı mənasında, həsədlə baxıram. Mən paxıl adam deyiləm. Qətiyyən! Hər zaman bizim rejissorların uğurlarına sevinirəm. Amma hesab edirəm ki, televiziya rəhbəri də məmur deyil, yaradıcı adamdır. - Sizi tənqid edənlərin sayı yeni ittifaq yarananda daha çoxaldı... - Məsələ ondadır ki, o zaman köhnə kinoittifaqın fəaliyyətini qorxmadan, çəkinmədən, açıq tənqid etmişdim. O ittifaqın fəaliyyətində nöqsanlar çox olub. Bəzi kino xadimlərindən fərqli olaraq, arxada danışıb, üzdə tərif deməmişəm. Bunun üçün cəsarət və prinsipiallıq lazımdır. Hesab edirdim ki, yeni kinoittifaq yaradılmalıdır. Hazırda yeni kinoittifaq fəaliyyət göstərir: kino xadimlərinə yubileylər keçirilir, onlara maddi yardım edilir, anım günləri qeyd olunur, gənclərə dəstək oluruq. Təşkilatımızın saytını yaratmışıq, ikinci dəfədir “Yeni nəfəs” müsabiqəsini keçiririk. Biz ssenari kurslarının yaradılmasını planlaşdırırıq. “Yeni nəfəs” müsabiqəsinin qaliblərinin o kurslarda təhsil almasını istəyirik. Düzdür, imkanlarımız məhduddur, amma buna baxmayaraq, bu sahədə səmərəli işləməyə çalışırıq. - İttifaq məsələsinə görə münasibətiniz pisləşən sənət adamları ilə sonradan hər hansı istiləşmə oldu? - Xeyr. Biz müxtəlif mövqelərdəyik. Kinoittifaq yaradıcılıq məkanıdır. Təəssüf ki, bəzi adamlar bunu başa düşmədilər, ona görə də biz etiraz edib oranı tərk etdik. Bir sıra xoşagəlməz hallar oldu. Amma mən böhtanlardan və təhdidlərdən çəkinmədim. Hesab edirəm ki, bu cür yollara əl atanlar öz səviyyələrini göstərdilər. Təbii ki, bunlar hamısı təşkil olunmuşdu. - Cəmil müəllim, belə bir fakt olubmu: siz Rasim Balayevin Leyla Bədirbəyli və Rasim Ocaqov haqqında fikirlərini filmdən çıxarmısınız... - Qətiyyən! Olmayıb, ola da bilməz. Əksinə, 2014-cü ildə – Rasim Balayevin doğum günündə İctimai Televiziyada onun haqqında veriliş hazırlayıb, iki dəfə efirə vermişik. Rasim Balayevin rol aldığı filmlər hər zaman İctimai Televiziyada nümayiş olunur. Onun kino xadimləri haqda verdiyi müsahibələri də efirə veririk. Mən yaradıcı insanam, bütün sənətkarların, o cümlədən Rasim Balayevin də sənətinə hörmətlə yanaşıram.

2 Avqust 2016 1:22

Azərbaycanın keçmiş təhsil naziri:“Fətullah Gülənlə axşamdan səhərə qədər mübahisə elədim” – Müsahibə

Sabiq təhsil naziri, istiqlalçı deputat, professor Firudin Cəlilov teleqraf.com-a müsahibə verib. Faktifno.az müsahibəni oxucularına  təqdim edir: –    Firudin müəllim, Türkiyədə baş verən son dövlət çevrilişi cəhdini necə qiymətləndirirsiniz? –    Çox pis. Düzdür, hadisələri sistemli formada təqib etmirəm, lakin, əsasən, yerli və türk kanalları vasitəsilə baş verənləri izləyirəm. Qardaş ölkədə baş verənlər və müşayiət etdiyimiz hadisələr o qədər də xoşagələn deyil. Çünki bu, nə hərbi çevriliş, nə də bir qrup adamın prezidenti fiziki cəhətdən məhv etməsi istəyidir. Fikrimcə,daha dərin bir məsələdir. –    Nəyi nəzərdə tutursunuz? –    Liviyanı, Suriyanı, İraqı nə günə saldılarsa, Türkiyəni də bu vəziyyətə salmaq istəyirdilər. Plan bundan ibarət idi. Bu plan 30 ildən çoxdur işlənir. Bu planın başında da “camaat” deyilən şəbəkə və onun arxasında duran güclər var. Təsəvvür edin ki, bir gənci orta məktəbdən götürüb hərbi liseyə atmaq, oradan hərbi akademiyaya istiqamətləndirmək, buradan da hərbi sistemə göndərmək və general rütbəsinə çatdırmaq üçün neçə illər lazımdır. İndi görün bunlar neçə illərdir ki, bu prosesi aparıblar. Lakin bir məqam da var, türk xalqı vətənini və dövlətini sevən xalqdır. Xalq da iyulun 15-də küçələrə çıxdı və çevrilişin qarşısını aldı. Son ayların maraqlı məqam o oldu ki, xarici qüvvələrlə daxildəki satqınlar birləşərək çevriliş etmək istədi və türk xalqı küçələrə çıxaraq ortaya iradə qoydu və bu planın qarşısını aldı. –    Deyirsiniz ki, Türkiyəni Suriyanın, İraqın, Liviyanın gününə salmaq istəyirdilər. Bəs, bu ağır prosesi “Hizmət” hərəkatının rəhbəri Gülən həyata keçirə bilərdimi? –    Bu, ancaq Gülən məsələsi deyil. Fətullah Güləni yetişdirən, onun arxasında olan şəbəkə, qurulan mafiya sistemi var. Hansı ölkədə ki, Gülən şəbəkəsinin məqsədini anlayırlar, həmin ölkələrdə bu şəbəkəni qovurlar. Bu proses davam edəcək. Türkiyə isə uzun illər sanki yuxu içində olub. Təsəvvür edin ki, bu şəbəkə məhz hökumət adamlarının vasitəsilə özlərinə yaxın şəxsləri mühüm postlara gətiriblər. Orduda, prokurorluqda, təhsil sistemində bu şəbəkə ciddi formalaşıb. Və dövlət içində bir dövlət olub. Sadəcə prezident Ərdoğanı aradan götürməklə bu prosesi başa çatdıracaqdılar. Lakin bu planları baş tutmadı və türk xalqının iradəsini qarşılarında gördülər. –    Siz təhsil naziri işlədiyiniz dövrdə Gülən məktəblərini ölkəyə buraxmamısınız və hətta sizdən şikayətçi də olublar. Bu hadisələri necə xatırlayırsınız? –    Həmin dövrdə bunlar "nurçular" adı ilə ölkəyə gəlirdilər. Mən də bunlara imkan vermədim. Sonra gedib adlarını dəyişdilər və Çağ Öyrətim Şirkəti adı ilə gəldilər. Guya adı dəyişməklə məni aldada biləcəkdilər. Mən yenə də bu şirkəti Azərbaycan təhsil sisteminə buraxmadım. Sonra gedib məndən prezidentə şikayət etdilər. Hətta üstümə dost-tanışlarımı göndərirdilər. Lakin mən geri çəkilmədim. Hətta bu mövzuda Fətulla Gülənlə mübahisə etdim. –    Bu mübahisəniz necə baş verdi? –    Bəli, mən Fətullah Gülənlə axşam saatlarından səhərə qədər mübahisə etmişəm. Görüş haqda təklif də Güləndən gəlmişdi. –    Ətraflı danışa bilərsinizmi? –    Biz Ankarada səfərdə idik. Fətullah Güləndən təklif gəldi ki, görüşüb müzakirələr aparaq. Mən də bilirdim ki, bu görüşə tək getsəm, bunu Türkiyə və Azərbaycanda əleyhimə istifadə edə bilərlər. Odur ki, professor Vaqif Aslanovu və AMEA-nın sabiq prezidenti, akademik Eldar Salayevi özümlə götürdüm. Və bu dostların iştirakı ilə görüş baş tutdu, axşamdan səhərə qədər mübahisə etdik. Eldar Salayevə Allah can sağlığı versin, bu işin canlı şahidi olub. Bunlar deyirdi ki, bizə icazə verin, gəlib Azərbaycanda məktəb və universitetlər açaq. –    O zaman siz niyə onlara icazə vermirdiniz, haradan bilirdiniz ki, açılacaq məktəblər Gülənlə bağlı ola bilər? –    Bu xəbərlər var idi. Bilirdim ki, Türkiyə Silahlı Qüvvələrinin əks-kəşfiyyat idarəsi Fətullah Gülən haqqında dosyelər hazırlayıb. Bu sənədlərdə Gülən şəbəkəsinin fəaliyyəti, məqsədi, gördükləri işlər haqda informasiya var idi. Əslində, Gülən hərəkatı ilə bağlı məlumatlar siyasətdən başı çıxanlara məlum idi. –    Deməli, indi Türkiyədə bir nömrəli terrorçu elan edilən Fətullah Gülənlə sizin fotolarınız, videolar var? –    Yox. Çünki bu görüş rəsmi deyildi ki, burada fotolar çəkilsin və ya video çəkiliş olsun. Bizim görüşümüz İzmirdə baş tutdu. Onlardan görüş təklifi gəldikdən sonra arxamızca avtomobil göndərdilər. Mən də yuxarıda adını çəkdiyim alimlərlə birgə Ankaradan İzmirə yollandım. Görüş zamanı mövzu əsasən onları Azərbaycana buraxmamağımızla bağlı idi. Görüş axşam saatlarından səhərə qədər davam etdi və biz demək olar ki, son ana qədər mübahisə etdik. –    Bundan sonrakı Türkiyəni necə görürsünüz, 50 mindən çox insan işdən çıxarılıb, 10 minlərlə insan həbs edilib… –    Türkiyə içindən bir yara alıb. Bu, ağır və gec sağalan bir yaradır. Gülən şəbəkəsinə bağlı olan adamları asta-asta tapıb dövlət orqanlarından təmizləyəcəklər. Orduda sağlam ab-hava yaranmalıdır. Fikrimcə, Ergenekon və Balyoz əməliyyatları zamanı əsassız həbs edilən və ordu sıralarından çıxarılan dövlətçi zabitlərin böyük hissəsi yenidən işlərinə qayıdacaq. Məncə, Türkiyənin indiki hakimiyyəti elədiyi səhvləri başa düşüb. İndi bu səhvləri aradan qaldırmaq üçün addımlar atılacaq. Görün, vəziyyət hansı həddə olub ki, dövlət başçısının yavərlərinin çoxu bu şəbəkənin mənsubları olub. Deməli, bu şəbəkə ciddi və iz buraxmadan işləyib. Odur ki, gülənçilərin dövlət idarələrindən təmizlənməsi prosesi də ağır olacaq. Çünki bunlar kodlarla işləyir, açıq fəaliyyətləri yoxdur. –    Bundan sonra Türkiyə bir iç savaşa çəkilə bilərmi? –    Yox. Bu məsələ bitdi. Türk xalqı öz dövlətinə və Vətəninə sahib çıxdı, istəmədi ki, əksər şərq ölkələri kimi Türkiyə də okeanın o tərəfindən idarə olunsun. Millət öz iradəsini ortaya qoydu. Millətin böyüklüyü, vətən və dövlət sevgisi budur. Biz bu nümunəni əyani şəkildə –    ABŞ-Türkiyə münasibətlərində gərginlik Fətullah Gülənlə bağlıdır. Sizcə, Vaşinqton Ankaranın Gülənlə bağlı tələbini yerinə yetirərək onu ekstradisiya edəcəkmi? –    Türkiyədəki indiki hökumət nümayəndələrinin çoxu dərin savada malik deyil. Onların içərisində molla məktəbini keçənlər, peşə-sənət məktəbindən gələnlər var. Əhməd Davudoğlu nisbətən dərin insan idi, lakin indi o da hökumətdə yoxdur. Sözümün canı odur ki, qardaş Türkiyə hökumətinin üzvlərinin bir çoxu dərin düşünmür. Güləni Amerikadan tələb edirlər. Amerika Fətullah Güləni verərmi? Amerika 30 ildir ki, Gülənin əli ilə Türkiyədə işlər görür. Əgər versə, Amerikanın bütün planları ortaya çıxar. –    Bundan sonrakı Türkiyə-Amerika münasibətləri necə olacaq? –    ABŞ və Türkiyə NATO-nun üzvüdür. Strateji əməkdaşlıq olsa da, fakt odur ki, Türkiyənin əleyhinə 30 ildir ki, iş aparıblar. Əlbəttə, münasibətlər darmadağın olmayacaq. Çünki bu hər iki dövlətə sərf etmir. Fikrimcə, tərəflər bir qədər atışacaq, bir tərəf hücuma keçəcək, digər tərəf müdafiə olunacaq. Sonradan tərəflər barışmaq xətti seçəcək. Belə böyük dövlətlərin bir-birilə düşməni münasibətdə olması hər iki tərəfə ziyan gətirir. Mənim şəxsi fikrimi bilmək istəyirsinizsə, Türkiyənin ən böyük strateji səhvi türk dövlətləri ilə bağlıdır. İsmət İnönüdən bu yana gələn xarici siyasət kursu sanki 200 milyonluq türk ulusundan xəbərsizdir. O vaxt rəhmətlik Turqut Özal Orta Asiyanı gəzəndən sonra Bakıya gəldi və onunla görüşdük. Sonra rəhmətlik Bülənd Ecevit gedib Orta Asiyanı gəzib gəldi. Hər ikisi də biz deyən sözləri dedi. Onlar deyirdilər ki, biz səhv etmişik, gərək türk ölkələri ilə işləyək, əməkdaşlığı onlarla quraq. Amma bu reallıq Türkiyədə hələ də anlaşılmır. Bu isə Türkiyə xarici siyasətinin ən qüsurlu strategiyasıdır.

1 Avqust 2016 5:25

Sevdaya elçi düşdülər: “Yazır ki, gəlib səni alacam” – MÜSAHİBƏ/FOTOLAR

  Onu qalmaqallara çəkənlər çox olsa da, belə məqamlarda özünü soyuqqanlı aparmağı bacarır. Gündəm naminə dedi-qodu etmək onun taktikasına yaddır. Ütancaqlığı ilə sənəti heç uyuşmayan müğənni Sevda Yəhyayevanı deyirəm.   Sevdanın Publika.az-a müsahibəsini təqdim edirik.   - Az-az görünürsən, bu sənin taktikandır? - Hesab edirəm ki, ortaya işlə çıxmaq lazımdır, mən də belə edirəm.   - Amma həmkarlarının əksəriyyəti lazım olanda gündəm naminə dedi-qodu edir, bir-birlərinin ünvanına kəskin fikirlər səsləndirir… - Maşallah olsun, çox qəribədir ki, mən bunsuz da gündəmdəyəm. Mən əslində bu stereotipi qırdım. Hər kəsə demək istədim ki, qalmaqalsız da gündəmdə olmaq mümkündür.   - Amma sənə də söz atanlar olur? - Dəfələrlə belə situasiyalarla qarşılaşmışam. Az qala o qalmaqalların ortasında ola bilərdim də, amma buna özüm şərait yaratmamışam. Özümün canımda da yoxdur. Davanı, kiminləsə mübahisə etməyi sevmirəm.   - Olubmu ki, kimsə sənə haqsızlıq edib və qapını arxadan bağlayıb göz yaşı axıtmısan? - Çox olub. Bir neçə il bundan əvvəl belə hallar tez-tez yaşanırdı, hansısa bir layihə ərəfəsində qara piar başlanırdı, şayiələr yayılırdı. Çox pis olurdum, bütün günü ağlayırdım. Çox şükür olsun ki, indi hər şeyə daha real baxıram.   - İndiyə qədər haqqında yayılan ən dəhşətli şayiə hansı olub? - Bir-iki ay bundan əvvəl sosial şəbəkədə, qadın qrupların birində yazmışdılar ki, gənc müğənni Sevda Yəhyayeva avtomobil qəzasına düşüb və dünyasını dəyişdi. Məni tanıyan insanlar bu xəbərdən təşvişə düşmüşdülər və hər kəs məni axtarıb həyəcanını bildirirdi. Mən də öz səhifəmdə yazdım ki, sağ-salamatam, bu şayiə kim tərəfindən yazılıbsa ayıb olsun.   - Özünü insan sərrafı sayırsan? - İnsanı ilk gördüyüm anda barəsində fikir söyləyə bilirəm. Zaman keçdikcə görürəm ki, zəndimdə yanılmamışam.   - İnsanların hansı xüsusiyyəti səndə qıcıq doğurur? - Yalan. Nə olur-olsun yalan olmasın. Acı olsun, amma həqiqət olsun.   - Həmişə səmimi ola bilirsən? - Həddən artıq səmimiyyət gic insanlarda ola bilər. Səmimi olmalısan, amma həddində. Mən belə hesab edirəm ki, insan həddən artıq səmimidirsə, onda nəsə çatışmazlıq var. Baxır sən hansı yerdə, hansı məqamda səmimi ola bilərsən. Hər yerdə, hər məqamda səmimi olmaq mümkün deyil.   - Yanında özün ola biləcəyin adamlar çoxdur? - Həmişə çalışıram özüm olum. Amma rahatçılıq baxımından öz yaxınlarımın yanında daha səmimi oluram.   - Yalandan üzünə gülümsəyib keçdiyin adamlar da olur yəqin? - O heç, bu bizim işimizdir. Bəzən evdən çıxanda əhval-ruhiyyəmiz yerində olmur, ya xəstələnirik. Bunu başqalarına hiss etdirməyin nə mənası var? Bu başqalarına maraqlı da deyil. Çalışıram insanlarla mehriban olum, hətta əsəbi olsam da. Hətta elə məqam olub ki, hansısa tədbirdə ağrılar içində qovrulmuşam, amma bunu heç kimə hiss etdirməmişəm.   - Hətta ən gözəl qadının da belə kompleksləri olur. Maraqlıdır, sənin komplekslərin varmı? - Utancaqlığım məndə kompleks yaradır. Bu da xasiyyətimdən irəli gəlir. Tam rahat ola bilmirəm, tanımadığım insanlar arasında sıxılıram, çərçivəyə düşürəm.   - Bəs xarici görünüşünlə bağlı komplekslərin varmı? - Əlbəttə var. Bu da çəki almaqla bağlıdır. Çəkim artan kimi birinci növbədə üzüm başlayır toppuşlaşmağa. Çöhrəm qoğal kimi olur. Buna görə də fikirləşirəm ki, görən nə yeyim ki, çəkim artmasın. Bəzən olur axı, özümüzə nəzarət edə bilmirik, nə gəldi yeyirik, sonra da başlayırıq kilo almağa.   - Üzün toppuş olması niyə səndə kompleks yaradır ki? Bir çox xanım həmkarların buna süni yolla nail olur, səndə isə təbiidir? - Ona görə ki, indi kameralar da adamı göründüyündən qat-qat kök göstərir. Həm də bir də görürsən sosial şəbəkələrdə yazırlar ki, yanaqları silikondur, bunun nə yaşı var ki, indidən sifətini silikonla doldurub və s. Baxmayaraq ki, uşaqlıq fotolarımı dəfələrlə indiki şəkillərimlə yanaşı qoyub paylaşmışam, yazmışam ki, baxın, mənim öz yanaqlarım belədir.   - Səncə, vicudunda sənə gözəllik verən nədir? - Deyilənə görə simam, üz cizgilərim. Amma mən özümü gözəl qız saymıram. Hətta mənə deyirlər ki, siman uşaq simasına bənzəyir, qocalanda da sənə yaş vermək olmayacaq.   - Yaşlanmaqdan söz düşmüşkən, sənin anlamında yaş üstünə yaşın gəlməsi qadın üçün nəyə işarədir? - Mənim üçün yaşlanmaq həyat təcrübəsidir.   - Evdə demirlər ki, Sevda artıq ərə etmək vaxtındır? - Deyirlər və bunu özüm-özümə də deyirəm. Bu vaxta qədər karyera, yaradıcılıq barədə düşünürdüm. Artıq bəlli bir yaşa gəlib çatmışam. Ətrafımda olan dostlarım, tanıdıqlarım, rəfiqələrim artıq ailə qurublar, uşaqları var. Mən də istəyirəm ki, ailəm və övladlarım olsun.   - Real namizəd varmı? - Hələ ki, yoxdur, Allah nə vaxt qismət eləsə, o zaman olacaq.   - Sevgizis ailə qurarsan? - Heç nə deyə bilmərəm, amma istəyirəm ki, sevib ailə qurum, rəfiqələrim kimi gözəl toyum olsun.   - Sən belə hesab edirsən ki, oğlan yaraşıqlı olmalıdır? - Yox, mən onun yanında yaraşıqlı olmalıyam.   - Bəs hansı keyfiyyətlərin mütləq şəkildə onda olmasını arzulayırsan? - Onu deyə bilmərəm. Amma istəyirəm ki, məni duyan, mənə dəyər verən, məni olduğum kimi qəbul edən, məni xoşbəxt edən biri ilə ailə qurum. Onun xarici görünüşü mənim üçün önəmli deyil.   - Sevgi etirafları çox olar yəqin? - Sosial şəbəkədə  çox yazırlar. İrandan, Türkiyədən, Qazaxıstandan eşq etirafları olur. Qazaxıstandan biri şəklimin altında həmişə elə hey yazır ki, gəlib səni alacam, gəlib səni alacam.   - Reaksiyan necə olur? - Heç birini qırmıram.   - Mesajları silirsən? - Telefonuma gələn mesajlar yer tutanda silirəm. Əslində nömrəmi yalnız yaxınlarım bilir. Telefonuma da məni tanıyanlar yazır. Başqaları yalnız sosial şəbəkədə yazırlar.   - İndiyə qədər səni təsirləndirən elə bir sevgi mesajı olubmu? - Yox, hamısı yazır ki, səni çox sevirəm.   - Məşhur olmağın çətinlikləri varmı? - Yox, məşhurluq qətiyyən mənə mane olmur. Bəzən deyirlər ki, ictimai yerlərdə bu çətinliklər yaradır. Amma mənə mane olmur.   - Çox sakit siman var, adama elə gəlir ki, heç vaxt əsəbiləşməzsən... - Yox, mən əsəbiləşəndə çox pis əsəbiləşirəm.   - Qəzəbli olanda ən sərt reaksiyan necə olur? - Situasiyadan asılıdır. Həmin dəqiqə acılaya da bilərəm, amma  beş dəqiqədən sonra sakitləşirəm.   - Leksikonunda bağışlamaq sözü varmı? - Səhv məndədirsə, üzr istəyirəm və bunu ayıb bilmirəm. Amma əsəbiləşdiyim anlar olur, özümü idarə edə bilmirəm, nəsə deyirəm, bu da uzun sürmür.    

30 İyul 2016 4:10

Deputatdan sensasion Qarabağ açıqlaması:”Həmsədr dövlətlər Azərbaycanı güzəştə, prezidenti də istefaya məcbur edə bilərlər”

Sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı referendum keçiriləcək. Referendum layihəsində Azərbaycanda ilk dəfə olaraq vitse-prezidentlik institutunun yaradılması nəzərdə tutulur. Artıq referendum keçirilməmiş, ictimaiyyətdə kimin birinci vitse-prezident və vitse-prezident olacağı indidən geniş müzakirəyə çıxarılıb. Mövzuyla bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev də Publika.az saytına maraqlı müsahibə verib. Faktinfo.az  bildirir ki, Qüdrət Həsənquliyev bu müsahibəsində təkcə vitse-prezidentliklə bağlı deyil, həm də Qarabağ məsələsi ətrafında mürəkkəbləşən vəziyyət haqqında olduqca sensasiyalı fikirlər işlədib. Millət vəkilinin həmin müsahibəsini təqdim edirik: – Qüdrət bəy, bizə verdiyiniz sonuncu müsahibədə söyləmişdiniz ki, referendum layihəsinə təklifləriniz olacaq. Təkliflərinizi nə zaman açıqlayacaqsınız? – O zaman düşünürdüm ki, əvvəllər olduğu kimi, bu layihə də müzakirə olunmaq üçün Milli Məclisə göndərilə bilər. İndi isə bunun əhəmiyyəti yoxdur. Əsas fikirlərimi Sizə söyləmişdim. – Bundan sonrakı proseslərlə bağlı proqnozlarınız nədir? Növbədənkənar prezident seçkiləri keçirilə bilərmi? – Çörçil söyləyirdi ki, siyasətçi proqnozlar verməli, bu, baş vermədikdə isə onun niyə baş vermədiyini əsaslandırmağı bacarmalıdır. Yeri gəlmişkən, proqnoz vermək yaxşı məşğuliyyət sayılmasa da, qənaətimcə, növbədənkənar prezident seçkilərinin keçirilməsi labüddür. Doğrusunu isə göydə Allah, yerdə prezident bilir. – Qüdrət bəy, sosial şəbəkələrdə 1-ci vitse-prezident postuna ən layiqli namizəd kimi Mehriban Əliyevanın adı hallanır, buna münasibətiniz necədir və kimlər vitse-prezident ola bilər? – Mehriban xanım Azərbaycan xalqı qarşısında xidmətləri olan bir nəslin təmsilçisidir. Ziyalı və milli bir ailədə böyüyüb. Hal-hazırda ölkənin birinci xanımı və millət vəkili kimi çox böyük işlər görür, Azərbaycanın və Azərbaycan qadının tanıdılması üçün böyük səy göstərir. Qeyd olunanlara, humanitar sahədəki fəaliyyətinə, bacarığına və səmimiyyətinə görə xalqın rəğbətini qazanıb. O, həm də hakim partiyada sədr müavini olmaqla prezidentin ən sadiq silahdaşı sayılır. Düşünürəm ki, onun bu postu tutması milli maraqlara cavab verərdi. Vitse-prezidentlərə gəldikdə isə, bu postu tutacaq şəxslər prezidentə sadiq, bacarıqlı və təcrübəli olmalıdırlar. Bu keyfiyyətlərinə görə YAP-in sədr müavinləri, o cümlədən Ramiz Mehdiyev, Bəylər Eyyubov, Ramil Usubov, Kəmaləddin Heydərov, Vasif Talıbov vitse-prezident təyin olunmağa daha çox layiqdirlər. Doğrusunu isə bir daha söyləyirəm ki, prezident bilir. – Qüdrət bəy, müsahibənizdə söyləmişdiniz ki, 1-ci vitse-prezidentin kimliyi seçkidən öncə bilinməlidir. Bunu mövcud təcrübədən çıxış edərək söyləyirsiniz, yoxsa başqa mülahizələr də var? – 2 aprel qələbəsindən sonra Kremlin sadiq dostları bəyanat verdilər ki, Qarabağ probleminin tənzimlənməsində 5+2 formatı Azərbaycanın milli maraqlarına cavab vermir. Son prezident seçkilərində də xarici güclər demokratiya adı altında Rüstəm İbrahimbəyovdan istifadə etmək istədilər. Amma alınmadı. Bu dəfə daha həssas Qarabağ məsələsi üzərində oyun oynanıla bilər. Tutaq ki, həmsədr dövlətlər Azərbaycanı müəyyən güzəştlərə məcbur edə bilər. Bundan sonra “Qarabağı verdilər” şüarı ilə sabitliyin pozulması üçün cəhdlər ola bilər. Prezidenti məcbur edə bilərlər ki, Kremlin, yaxud Qərbin, yaxud da hər ikisinin dostlarından birini 1-ci vitse-prezident təyin edib istefa versin. Ona görə də ölkəni və prezidenti mümkün təzyiq və təhlükələrdən qorumaq üçün hər şey nəzərə alınmalıdır. Yaxşı xatırlayıram, 2001-ci ildə Ki Vest danışıqları zamanı ABŞ səfiri ilə görüşdən qayıdan Əli Kərimli söylədi ki, görüş ərəfəsində "Azərbaycana təzyiqlərə son qoyulsun" şüarı ilə keçirəcəyimiz mitinq təxirə salınmalıdır. Çünki ABŞ səfiri ona söyləyib ki, imkan verin bu problemi (o, daha pis söz işlətmişdi) Heydər Əliyevin əli ilə həll edək, sonra siz gəlib rahat oturun. İlham Əliyev təcrübəsi və cəsarəti ilə kifayət qədər seçilir. Hesab edirəm ki, bütün yarana biləcək çətinliklərlə bağlı müdrik qərar verə biləcək. Bununla bərabər dövlətçiliyin qorunması naminə ehtiyat əldən buraxılmamalıdır. Ona görə də prezidenti əvəz edə biləcək şəxsin adı öncədən açıqlansa, daha yaxşı olar. Artıq mətbuatda Qərbdən himayə olunanlar belə bəyanatlar yaymağa başlayıb ki, referendum Qarabağa görə keçirilir və buna görə Qərb susur…

28 İyul 2016 9:23

Allahşükür Paşazadə:«Ölkədə məzhəb münasibətlərində problemin olmaması bəzi qüvvələri narahat edir”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin APA-ya müsahibə verib. Strateq.az müsahibəni oxucularına təqdim edir:   – Hörmətli Şeyxülislam, müqəddəs Ramazan ayı artıq arxada qalıb. Ramazanın əvvəlində orucluq zamanı məzhəb ayrı-seçkiliyindən narahatlığınızı bildirərək, məscidlərə, din xadimlərinə xəbərdarlıq etmişdiniz. Azərbaycanda bu sahədə hazırkı durumu, məzhəblərarası münasibəti necə qiymətləndirirsiniz?   – Bismillahir-rəhmanir-rəhim! Şükürlər olsun ki, Azərbaycanda dini durum sabitdir. Dini icmalar öz fəaliyyətlərini həyata keçirir,  dövlətin qayğı və yardımı sayəsində ərsəyə gəlmiş yeni məscidlərdə, bərpa olunmuş və yenidən qurulmuş ibadətgahlarda dini vacibatlarını yerinə yetirir, qanunla təsbit olunmuş hüquqlarından yararlanır. Dindarlar dövlətin diqqətindən, dövlət başçımızın yürütdüyü siyasətdən, dini dəyərlərə olan özəl ehtiramından razıdırlar. Qəramımız Azərbaycanda öz milli, dini, mənəvi dəyərlərinə sadiq, yüksək səviyyədə tolerant cəmiyyət formalaşdırılmasıdır ki, əlhəmdülillah, dövlətimizin də dəstəyi ilə bu mərama yetmişik. Bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik, inşallah. Bəziləri bu şəraiti dəyərləndirmək iqtidarında deyilsə, bu, naşükürlükdür və Allaha xoş getməz. Əlhəmdülillah, Azərbaycan milli-mənəvi dəyərlərinə yüksək səviyyədə sahib çıxmaqla yanaşı, tolerantlıq, müxtəlif dinlərin ardıcılları arasında səmimi, gözəl münasibətlərin hökm sürdüyü bir məkan olaraq da bütün dünya üçün uğurlu nümunədir. Bu, bizim qürurverici gerçəkliyimizdir. Dövlət rəhbərimizin bütün din və millət ardıcıllarına münasibətdə tolerantlıq, multikulturalizm ideyalarını fəal təbliğ etməsini dindarlarımız böyük rəğbətlə qarşılayırlar. Nəinki, dinlərarası, ümumən, mədəniyyətlərarası, sivilizasiyalararası əməkdaşlıq sahəsində Azərbaycanın dünyaya təqdim olunmağa layiq dəyərləri mövcuddur. Şadam ki, dövlətimiz, dövlət rəhbərimiz səviyyəsində, habelə Heydər Əliyev Fondu tərəfindən bu dəyərlər yüksək səviyyədə təbliğ və təşviq olunur. Bakının bir-birinin ardınca sivilizasiyalararası dialoq və əməkdaşlığa dair nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsini olduqca əhəmiyyətli hadisə kimi dəyərləndirirəm. Bəli, müqəddəs Ramazan ayı başa çatdı və bu il də hər zaman olduğu kimi Qafqaz Müsəlmanları İdarəsinin AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə hazırladığı təqvimə istinad olundu. İstər namaz vaxtları, istər dini bayramların Azərbaycan coğrafi gerçəkliklərinə uyğun olan vahid təqvimə əsaslanması milli vəhdətə xidmət etməklə yanaşı, həm də müstəqil dövlətçiliyimizin göstəricisidir. Bu, həm də məzhəb ayrı-seçkiliyinə, hər hansı təəssübkeşliyə imkan verməyən vahid mövqedir. Azərbaycan müstəvisində məzhəb ayrı-seçkiliyindən narahatlıq deyirsiniz – əslində bu həmin ayrı-seçkiliyin mövcudluğundan deyil, bu ayrı-seçkiliyi salmağa cəhdlərin varlığından irəli gələn narahatlıqdır. Dünyada baş verən hadisələr fonunda bəzi qüvvələr dinimizə qarşı məzhəb ayrı-seçkiliyi salmaq üçün hər cür təxribata əl atır. Ölkəmizdə milli, dini, məzhəb münasibətlərində problemin olmaması bəzi qüvvələri narahat edir. Əlhəmdülillah, dini mərkəz olaraq, biz bu yöndə səylərin və mövcud təmayüllərin qarşısının alınmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə ardıcıl iş aparırıq. Hər iki qurumun potensial imkanları səfərbər edilib. Dövlət Komitəsinin inzibati sahədə səlahiyyətləri, dini mərkəzin maarifləndirmə, dini kadrların hazırlığının daha da artırılması və s. tədbirləri sayəsində istənilən nəticəyə nail oluruq. Dövlətimizin bu sahədə siyasətini xüsusi qeyd etmək lazımdır, siyasi iradə mühüm rol oynayır. Bu, həm də dövlət-din münasibətlərinin yüksək səviyyəsinin nəticəsidir.   – Bu günlərdə ölkə başçısı dini qurumlara maliyyə vəsaiti ayırıb. Bu vəsaitsən QMİ-yə 1 milyon manat ayrıldığı bildirilir. Maliyyə vəsaitinin hansı istiqamətdə sərf olunması planlaşdırılır? – Prezident İlham Əliyevin Ramazan bayramı ərəfəsində Azərbaycandakı dini icmalara maliyyə yardımı ayrılması barədə sərəncamı oldu. Biz, konfessiya rəhbərləri ilə birgə dövlət başçımıza bunula bağlı təşəkkür məktubu ünvanladıq. Multikultural Azərbaycanda bu, dövlətin mənəvi sahəyə, bütün dinlərdən olan vətəndaşlarına nümunəvi qayğısının təzahürüdür. Qafqaz Müsəlmanları İdarəsinə ayrılan vəsait dini-mənəvi sahənin müxtəlif istiqamətlərinə, ən başlıcası maarifləndirmə işinə yönəldiləcək. 45 adda kitab və vəsait hazırlanıb. Uzun müddət üzərində iş gedən, hazırlanmasına müxtəlif alimlərin cəlb olunduğu bu kitabların işıq üzü görməsi, Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən məscidlərə paylanması mənəvi sahədə maariflənməyə böyük töhfə olacaq. Bundan əlavə, idarə nəzdində fəaliyyət göstərən kitabxanada artıq bir neçə ildir ki, qədim kitabların, Quran, təfsir və s. ədəbiyyatın qədim nüsxələri üzərində bərpa işi həyata keçirilir. 35 illik Şeyxülislamlıq fəaliyyətimdə çox böyük çətinliklə bir-bir toplamağa müyəssər olduğum bu qədim əlyazmalar və kitab nüsxələrinin bərpa olunaraq yeni həyat qazanması mənim üçün cox vacibdir. Bu, həm də çox uzunmüddətli, böyük məsrəfli, xüsusi mütəxəssis və saxlanma şəraiti tələb edən işlərdir. Həmçinin, kitabxanamızda qürur mənbəyimiz olan 6 mindən artıq nadir kitab nümunələrinin elektronlaşdırılması üzərində iş davam edir. Dövlət başçımızın bizimçün ayırdığı vəsaitdən bu işlər üçün istifadə olunacaq. Təbii ki, neçə ildir, həyata keçirdiyimiz din xadimlərinin təkmilləşdirmə kurslarını davam etdirəcəyik. Bu kursların müdavimləri, sertifikat alaraq, onlar üçün hazırlanan din xadimlərinin vahid geyimi ilə təmin olunur, kurs müddətində bütün ezamiyyə – qalma, yemək, səfər xərcləri, habelə məvacibləri ödənilir, dərslərlə yanaşı, onlara kompüter texnologiyalarından istifadə vərdişləri aşılanır, müxtəlif tarixi, mədəni mərkəzlərlə tanışlıq imkanı yaradılır, ölkəmizin tanınmış ictimai xadimlərinin mühazirələrini dinləmələri təmin olunur. Bütün bu işlərin ən yüksək səviyyədə təşkili din xadimlərinin öz üzərlərində işləmələri, müasir dünyagörüşə malik savadlı din xadimi olmaq üçün böyük stimul rolu oynayır. Qafqaz Müsəlmanları İdarəsi mütəmadi olaraq, beynəlxalq əlaqələrini də inkişaf etdirir, xaricdə soydaşlarımızın kompakt yaşadığı ölkələrdə nümayəndəliklərini təsis edir. Soydaşlarımızın mənəvi tələbatlarının ödənilməsinə xidmət edən bu işlər məsrəf tələb edən, lakin uzaq hədəfdə olduqca səmərəli fəaliyyətdir. Beynəlxalq səviyyəli konfransların təşkili hər zaman gündəmdə olan məsələdir. Bizim Qafqazda, Rusiya, Gürcüstanda, MDB məkanında belə konfranslar təşkil etmək təcrübəmiz mövcuddur. Son illər AMEA ilə uğurlu birgə fəaliyyətimiz olub. Bu yöndə işlərimiz davam edəcək, inşallah.   – Bu yaxınlarda Dövlət Komitəsi nümayəndəsinin də açıqlaması oldu ki, bir sıra regional məscidlərdə, xüsusilə şimal-qərb bölgəsində imam təyinatı olmadığından dini icmalar qeydiyyata alına bilmir. Bundan başqa, Nardaranda dini icmanın qeydiyyata alınması istiqamətində iş aparıldığı bildirilsə də, hələlik konkret nəticə yoxdur. Bununla bağlı fikirlərinizi bilmək istərdik. – Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Komitənin ümumi məqsədi dini mühiti, ölkənin dini həyatını ən yüksək səviyyədə qurmaqdır – bu həm dindarların hüquqlarının təmini, həm onların öz vəzifələrini bilmələri istiqamətində, həm də dini icmaların qanuni fəaliyyətinin təmini yönündə işləri ehtiva edir. Biz hüquqi dövlətdə yaşayırıq, dini sahəni tənzimləyən «Dini etiqad azadlığı haqqında» Qanun mövcuddur, islami dini icmaların tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsi var. Bu sahədə bütün məsələlər bunlarla tənzimlənir. İcmaların yaradılması, onların qeydiyyatdan keçməsi üçün mövcud tələblərə riayət olunmalıdır. Hər il bizim təqdimatla Dövlət Komitəsində onlarla icma ilkin və ya təkrar dövlət qeydiyyatından keçir. Bu sahədə heç bir problem yoxdur. Nardaranda da proses bu istiqamətdə öz axarı ilə gedir. Bizim oradakı səlahiyyətli nümayəndəmiz də fəaliyyətini davam etdirməkdədir. İcmalar qeydiyyatdan məscidlərdə keçir, yəni hər hansı məscid hüquqi ünvan olaraq göstərilir. Bundan sonra QMİ həmin məscidə din xadimi – axund, imam təyin edir. İcması olmayan ibadət məkanlarına da dini ayinlərin icrası üçün din xadimləri – axund, imam, mütəvəlli təyinatını həyata keçiririk. Dini kadrların seçiminə, təyinatına məsuliyyətlə yanaşırıq. Bəzi bölgələrdə seçim prosesi bir qədər vaxt aparırsa, bu, yalnız daha layiqli, daha səriştəli namizədin axtarışı ilə bağlıdır. İmam, axund həm təyinat aldığı bölgənin ehtiram bəslədiyi şəxs olmalı, dindarların etimadını qazanmalı, həm də dinimizi lazımi səviyyədə təbliğ etmək bacarığına malik olmalıdır. Vətənini sevən, ona bağlı olan, Vətən təəssüblü şəxslərin dinimizi təbliğ etməsi mühümdür, çünki Vətəni sevmək özü də imandandır. Məsələn, biz bu günlərdə Şəki-Zaqatala-Balakən bölgəsində səfərdə olduq. Səfər zamanı da mən bildirdim ki, əsas olan din xadimlərinin savadlı olmasıdır. Bilirsiniz, Bakı İslam Universitetinin yeganə filialı məhz Zaqatalada fəaliyyət göstərir. Biz bu istiqamətdə xeyli iş aparırıq — təsisçisi olduğumuz Bakı İslam Universitetinin tədris proqramı üzərində iş gedir, din xadimlərinin mütəmadi təkmilləşdirilməsi kursları təşkil olunur, mədrəsələrin yaradılması istiqamətində hazırlıq gedir. Bütün bunlar öz müsbət nəticəsini verəcək, inşallah. Və bu sahədə müvəqqəti catışmazlıqlar aradan qalxacaq. – Azərbaycanda bu il Həcc ziyarətinin qiymətlərinin qalxması, əvvəlki illə müqayisədə ayrılan yerlərin azlığı diqqət çəkir. Son Həcc ziyarətində faciəvi hadisələr baş verdi. Builki ziyarət barədə nə deyə bilərsiniz?   – Müqəddəs Həcc ziyarəti dini səciyyəli səfər olduğundan Qanuna, Nizamnaməmizə uyğun olaraq, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həyata keçirilir. Bu istiqamətdə zəvvar səfərlərinin təşkili dini mərkəzin fəaliyyət istiqamətlərindən biridir. QMİ bu fəaliyyəti müqəddəs məkanların yerləşdiyi Səudiyyə Ərəbistanının müvafiq qurumu – Həcc və Ümrə İşləri Nazirliyi ilə koordinasiyalı şəkildə həyata keçirir. Hər il hər bir müsəlman ölkəsinin Həcc Missiyası ilə imzalanan protokollarda səfərə dair bütün məqamlar əksini tapır. Ötən il Həcc ziyarəti zamanı baş verən hadisələr,  təhlükəsizliklə bağlı yaşanan problemlər, Kəbə evi ətrafında aparılan genişləndirmə, yenidənqurma işlərinin həcmi ilə bağlı artıq bir neçə ildir, ümumi zəvvar sayında azalma planlaşdırılıb ki, bu, Azərbaycana da ayrılan kvotaya təsir edir. Dünyada enerji daşıyıcıları ilə bağlı yaşanan iqtisadi təbəddülatlar Həcc ziyarətinin qiymətinə də müəyyən təsir göstərir. Bəzi müsəlman ölkələrində Həcc ziyarətinə getmək istəyənlərin sayı həmin ölkəyə ayrılan kvotadan dəfələrlə artıq olduğundan zəvvarların növbəlilik prinsipi mövcuddur. Ziyarət səfərinin qiymətinə gəlincə, təəssüf ki, Həcclə bağlı mətbuatda bəzən qeyri-dəqiq xəbərlər yer alır. Əslində, Azərbaycanda bu il Həcc ziyarətinin qiymətində artım olmayıb. Keçən il qiymətlər nisbətən ucuz və nisbətən baha mehmanxanalarda qalmaqdan asılı olaraq 4700-5750 ABŞ dolları idisə, bu il müvafiq olaraq, 3500-4500 ABŞ dolları civarındadır. Ziyarətin təşkili ilə bağlı xidmət haqqını Səudiyyə tərəfinə ABŞ dolları ilə ödədiyimizdən zəvvarlarımız da bu valyuta ilə ödəniş edirlər. Xidmət haqqı ödəmə günü mövcud məzənnəyə uyğun alınır. Məzənnənin artımı səbəbindən qiymətlər manat ekvivalentində dəyişə bilər, lakin bununla belə ziyarət qiymətləri ötən illə müqayisədə artmayıb. Ötən il baş verən qələbəlik zamanı azərbaycanlı zəvvarlara, şükürlər olsun, heç bir xətər toxunmayıb. Bugünədək öz əcəli ilə dünyasını dəyişən zəvvarlarımızı mövcud dini hökm və qaydalara uyğun olaraq, ehtiramla Məkkə yaxınlığında torpağa tapşırmışıq. İnşallah, zəvvarlarımız builki Həcc ziyarətini sağ-salamat başa vurub, Vətənə dönəcəklər. Həcc missiyası olaraq, bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bu il zəvvarlarımız Həcc ziyarətinə gediş və dönüşü AZAL-ın təyyarələrində çarter uçuşları ilə həyata keçirəcəklər. – Azərbaycandan Suriyaya döyüşmək üçün gedənlərin sayında azalma müşahidə olunur. Bunu nə ilə izah edirsiniz? QMİ-nin apardığı profilaktik maarifləndirmə tədbirlərinin bunda rolu nə qədərdir? – Maarifləndirmə işinə bu qədər önəm verməyiniz təqdirəlayiqdir. Həqiqətən də, aparılan izahedici, maarifləndirici iş nəticəsiz qalmır. Son illər insanların şüuruna müasir informasiya texnologiyaları (İT) vasitəsilə təsir edərək onların inamından, ülvi hisslərindən məkrli şəkildə sui-istifadə halları var. QMİ-nin dini mərkəz olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi tədbirlərin mənəvi-ideoloji dəyəri, təsir qüvvəsi olduqca böyükdür. Tərəfimizdən nəşr olunaraq respublikamızın bütün guşələrinə paylanan kitab və vəsaitlər, bölgələrdə keçirilən çoxsaylı görüş və tədbirlər, gənclərlə aparılan iş möhtərəm dövlət və din xadimlərinin insanlarla təmasları — bütün bunlar reallıqların camaata çatdırılmasında böyük rol oynadı. Dövlət və din arasında münasibətlərin yüksək səviyyəsi,  milli-mənəvi, ənənəvi dini dəyərlərə sahib çıxmaq istiqamətində səy və əməli işlər bu sahədə uğurlarımızı təmin edir. – Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində qarşı tərəfin təxribatı nəticəsində hərbi toqquşmalar qeydə alınır və Azərbaycan düşmənə layiqli cavab verir. Münaqişənin yenidən alovlanması region üçün ciddi təhdid sayılır və bir sıra ictimai-dini xadimlər, o cümlədən Siz də müvafiq bəyanatlar verdiniz. Bununla belə, təmas xəttində gərginlik, xüsusilə ermənilərin mülki əhaliyə qarşı silahlı təcavüzü davam edir. Bir din xadimi olaraq mövqeyiniz və təklifiniz nədən ibarətdir? – Allah dərgahında ən yuksək məqama yetişmiş şəhidlərimizin məkanı cənnətdir. Şəhid qanı ilə islanmış Vətən torpağı isə müqəddəsdir. Vətəni sevmək imandandır, şəhidlik imanın ən yüksək zirvəsi. Şəhidlərimizin Vətən sevgisi, kamil imanı hər birimiz üçün müqəddəs örnəkdir. Bu şəxslər, Peygəmbər Mühəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, imanın, mənəviyyatın ən yüksək zirvəsinə ucalanlardır. Möhtərəm dövlət rəhbərimiz ərazilərimizin Azərbaycan Silahlı Qüvvələrinin apardığı uğurlu əməliyyatlar sayəsində işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etdi. Bu, olduqca şərəfli və qürurverici an idi. Bu, Vətənimizin böyük zəfərinin ilk qaranquşu olmaqla, böyük mənəvi əhəmiyyət kəsb edən hadisədir. Xalqımız bu qürurun sevincini yaşadıqca, haqq işinin qələbəsinə inamı, bu yolda əzm və dəyanəti daha da artır. Azərbaycanın din xadimləri Ali Baş Komandanımızın cəbhədəki erməni təxribatı ilə bağlı qətiyyətli mövqeyini birmənalı şəkildə dəstəkləyir, bu müdrik fikirləri məscidlərdə, dini tədbirlərdə təbliğ edir, dindarları haqq işimizin qələbəsi üçün dualar etməyə çağırırlar. Bu, ümumxalq, ümummilli əhəmiyyətli hadisələrin önəmini izah edərkən, din xadimləri şəhidliyin uca zirvəsi, ruhi, mənəvi yüksəkliyi, Allah Nəzərində yüksək məqamı ilə bağlı insanlarımızı maarifləndirirlər. Biz, Azərbaycanın din xadimlərinin birgə bəyanatında da bildirdik ki, müharibə hər zaman insan itkisi ilə müşayiət olunur. Lakin bir məsələ nəzərdən qaçırılmamalıdır ki, haqq yolunda mücadilə aparan, Vətən torpağı uğrunda şəhid olanlar,  Peygəmbər Mühəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, imanın, mənəviyyatın ən yüksək zirvəsinə ucalanalrdır. «Şəhid» sözünü özgə torpağına göz dikən, kimlərinsə xülyalarını, aqressiv siyasi ambisiyalarını reallaşdırmaq yolunda ölümə göndərilən qəsbkarlara şamil etmək olmaz. Ermənilərin vətəni təhlükədə deyil, onların oğulları işğalçı rejim yolunda qurban verilir. Bizim xalqımız heç bir vaxt yad torpaqlara göz dikməyib, lakin öz torpaqlarını göz bəbəyi kimi qorumağa hər an hazırdır və bunu öz müqəddəs borcu hesab edir. Dövlət başçımız – Ali Baş Komandan İlham Əliyevin düzgün vurğuladığı kimi, erməni əsgərlər ölmək istəmirlərsə, bizim torpaqlarımızı tərk etməlidirlər. Azərbaycan xalqının səbr kasası dolub, onilliklərlə davam edən işğal faktına son qoymaq üçün vətənpərvər, yüksək peşəkar nizami Azərbaycan ordusu hər an Ali Baş Komandanın əmrinə müntəzirdir. Azərbaycanın dövlət başçısının sülhpərvər siyasətini dəstəkləyən Azərbaycan xalqı münaqişənin dondurulmuş halda qalmasını istəmir, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli sülhün bərqərarını istəyir və dünya birliyindən də bunu gözləyir. Torpaqlarını işğaldan azad etmək Azərbaycan xalqının suveren hüququdur. Beynəlxalq hüquq bunu təmin edə bilməzsə, Azərbaycan xalqı ədaləti bərpa etməyə qadirdir. Bütün dünya, o cümlədən, ermənilərin özləri də Qarabağın Azərbaycan torpağı olduğunu gözəl bilir. Bizə ədalətli sülh lazımdır. Dövlətimizin də mövqeyi belədir, dünya birliyinin qəbul etdiyi qərarlar – BMT-nin 4 məlum qətnaməsi yerinə yetirilməli, ərazi bütövlüyümüz bərpa olunmalıdır. Bu həqiqəti nə qədər tez qəbul edərsə, sadə erməni xalqı üçün bir o qədər yaxşı olar. Dini lider, din xadimi olaraq mən hər zaman sülhün tərəfdarıyam və insan qanının axıdılmasının qarşısının alınması, müqəddəs dəyər olan insan həyatının xilası yolunda bütün imkanlardan istifadə etməni vacib sayıram. Lakin ədalət burada vacib meyardır. Haqq-ədalət yerini tutmalıdır.

26 İyul 2016 2:07

Azərbaycanlı aktrisa Sultan Süleymana ərə gedir: “O, məni yoldan çıxardı”- MÜSAHİBƏ

Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Naibə Allahverdiyeva ailə həyatı qurmağa hazırlaşır. Kiminlə ailə qurur, harada tanış olublar, toy nə vaxtdır? Bu suallar ətrafında bircə-bircə bizə danışdı.   Faktinfo.az  Publika.az-ın  aktrisadan  aldığı müsahibəsini təqdim edir.   - Naibə xanım, bəs nə vədə, nə vədə toy olacaq? - Görək, hələ tarixi dəiqləşdirməmişik. Əsas odur ki, biz artıq bir yerdəyik.  O, indi yanımdadır.     - Tale quşu başınıza harada qondu? - Bir məclisdə tanış olduq. O qapını üzümə açdı və həmin an baxışlarımız toqquşdu. Ürəyim titrədi və başa düşdüm ki, həyatımın kişisi budur.     - Ürəyinizi nəylə ovladı ki? - Mən ağır təbiətli kişiləri çox sevirəm, yüngülxasiyyət kişilərdən zəhləm gedir.     - İlk baxışda haradan bildniz ki, ağır təbiətlidir? - Şorgöz kişiləri gözündən tanıyıram. Yeri gəlmişkən. Sevdiyim kişinin gözləri Sultan Süleymanın gözlərinə oxşayır. O, mənim Sultanım, mən də onuq Hürrəmiyəm.     - Allah başacan eləsin. Yeznə kimlərdəndir, nəçidir? - Hələ onu demək istəmirəm. Əsas olan ürəyimi ələ almasıdır. Gözləri ac deyil, görüb-götürmüş kişidir.     - Evlilik təklifini dərhal etdi? - Yox, tanışlığımızın üstündən il yarım vaxt keçib. İlk üç-dörd ayı yazışdıq, dostlaşdıq. Heç bilmirdim ki, mənə evlilik təklifi edər. Bir gün açıb dedi ki, səni sevirəm. Ürəyimdən xəbər verdi, mən də “yox” demədim.     - Ər evinə köçüb, orada yaşayacaqsınız? - Evində uşaqları yaşayır.     - Necə, kişi evlidir? - Yox, subaydır. Üç il əvvəl  həyat yoldaşından ayrılıb. Xanım özü ərizə yazıb, boşanıb. Sevdiyim kişi heç boşanmaq üçün məhkəməyə də getməyib. Mən də dəqiqləşdirdim, oradan-burdan öyrəndim ki, dəqiq boşanıblar. Sonra razılıq verdim.     - Gələcək qayınananın bu izdivaca münasibəti necədir, səni qəbul edir edir gəlini kimi? - Arvad ölür məndən ötrü. Hətta sevdiyim kişiyə deyib ki, əgər nə vaxtsa Naibəni atsan, südumu sənə halal etmərəm.     - Qayınanan sarıdan yarımısan ki… Həyat yoldaşınla uşaqların görüşməsinə əngəl olmayacaqsan ki? - Qətiyyən, sevdiyim kişini uşaqlarının üzünə həsrət qoymaram. Nə vaxt istəsə gedər, görüşər, baxar. Ona əziz, mənə də əzizdir.     - Yeri gəlmişkən, bir qızın da var, bu izdivaca nə dedi? - Nə deyəcək? Bu, mənim şəxsi həyatımdır. Qurmaq da öz ixtiyarımdadır. Qızım istəyir ki, mən xoşbəxt olum.   - Kişi sənə evlilik təklifi edəndə hədiyyə bağışladı? - Üzük bağışladı. O üzük əbədi barmağımdan çıxmayacaq.   - Kişi sənin sənət yolunu kəsməyəcək ki? - Qətiyyən. Əksinə, o məni sənədə görüb sevib. Deyir sənin gözəl sənətin var, dünyanı dəyişəndən sonra adın tarixə düşəcək niyə qarşını kəsim ki? hələ bir dəfə anam onun yanında demişdi ki, bu da sənət tapıb, o hirsləndi. Anama dedi ki, sən bilirsən qızın necə gözəl aktrisadır, onnu sənəti nümünədir e, onu bu aləmdən ayırmaq insafsızlıqdır.   - Özü nəçidir? - Hələ bu barədə danışmaq istəmirəm.    - Sənət adamı deyil ki? - Bir az sənətə dəxli olan adamdır. O mənə həmişə dəstək olacaq.   - Xoşbəxtlik gözlərindən yağır, kişi səni yaman sevir deyəsən? - Elə sevir ki, o sevgini həyatımda indi görmüşəm. O kişi məni sevgisiylə yoldan çıxardı.   N.Allahverdiyeva telefonla danışdığı yerdə sevdiyi kişinin səsini eşitdik: “Mən onu çox sevirəm”       * Fotoları təqdim edirik

25 İyul 2016 1:26

Tahir İmanov: “Onlar bizi görəndə dovşana dönürlər, amma arxamızca…” – MÜSAHİBƏ

“Planet Parni iz Baku” Cəlil Məmmədquluzadəninin  məşhur “Ölülər” əsəri əsasında film çəkib. Film əsərin müasir versiayasıdır. Filmin ssenari müəllifləri Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Anar Ömərov, Məmmədəli Kazımov, quruluşçu rejissoru Şuşa, quruluşçu operator Saulius Lukaşeviçius (Litva), bəstəkarı Faiq Sücəddinovdur. Mahnıların söz müəllifi Baba Vəziroğludur. Baş prodüserlər Tahir və Cabir İmanovlar olan film Azərbaycanın görkəmli satiriki və dramaturqu Cəlil Məmmədquluzadənin xatirəsinə həsr olunur. Filmdə Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər Tahir, Cabir İmanovlar, Dilarə Əliyeva, Bəhram Bağırzadə, Rövşən Kərimduxt, Elnar Qarayev və digər məşhur aktyorlar rol alıb. Filmin devizi də var: “Filmdə heç bir qəhrəmanı uydurma deyil. Onları Azərbaycanın görkəmli dramaturqu ve satiriki Cəlil Məmmədquluzadə fikirləşib”. Film 22 sentyabrdan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.   Əməkdar artist, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov filmlə bağlı təəssüratlarını Publika.az-la bölüşüb.   - “Ölülər” sizi nəylə cəlb etdi ki, belə bir film çəkmək zərurəti hiss etdiniz? - Mən sovet dövründə təhsil almışam. Onda da rus ədəbiyyatı dəbdə idi, Azərbaycan yazıçıları o qədər də çox oxunmurdu. 2001-ci ildə “KVN”-in  vida konsertinə ulu öndər Heydər Əlyev də gəlmişdi. Bilirsiniz ki, ümummilli lider həmişə konsertdən sonra bizimlə söhbətləşirdi. Ulu öndər bizi Cəlil Məmmədquluzadə ilə müqayisə etdi. O vaxtdan bu ad beynimə həkk olundu. Yazıçının “Ölülər” əsərini oxudum və tüklərim biz-biz oldu. Düşündüm ki, ilahi bu insan dahidir, əsərin yazılmasından bir əsr keçib. Amma bu gün də aktualdır. Sonra əsərin müasir versiyasını yaratmaq qərarına gəldim. 15 il sonra bu filmi ekranlaşdıra bildik. Ssenari 4-5 ilə yazıldı. Yazılırdı-prozulurdu, nəhayət tamamlandı və başladıq çəkiliş qrupunu yığmağa. Proses ilyarım çəkdi. Filmdə peşəkar heyət çəkilib. Çəkilişlərdən qabaq iki ay məşq etdik. Kefli İsgəndərin obrazı üçün aktyor tapana qədər çox vaxt getdi. Bir çox aktyorlar gəldi, amma biz Elnar Qarayevi seçdik. O qədər də populyar deyil, amma vaxt gələcək bütün Azərbaycan onunla fəxr edəcək. Çox peşəkar və istedadlı aktyordur. Şeyx Əhmədin obrazını yaradan Rövşən Kərimduxt çox istedadlıdır. Yeri gəlmişkən, Şeyx Nəsrullahı özüm yaratmışam. Filmin uğurunun yarısı musiqiylə bağlıdır. Bu məqamda da peşəkara müraciət etdik, o da məşhur hitlərin müəllifi Faiq Sücəddinovdur. Qeyd edim ki, biz bütünlüklə peşəkarlara müraciət etmişik.   - 1916-cı ildən indiyə qədər “Ölülər” səhnələrdə oynanılıb. Hüseyn Ərəblinski, Tofiq Kazımov kimi rejissorların yozumunda səhnə həllini tapıb. Birdən-birə belə məşhur bir əsərin müasir versiyasını yaratmaq təbii ki, risqdir və teatr xadimləri tərəfindən birmənalı qarşılanmayacaq. Qınaqlara, təzyiqlərə hazırsınızmı? - Təbii ki, birmənalı qarşılanmayacaq. Paxıl sənətkarlar öz iradlarını bildirəcək, qeybətlə məşğul olacaqlar, dalımızca danışacaqlar. Onlar həmişə böhtan və ləkələri üstümüzə yaxırlar. Amma bizi görəndə dovşana dönür və deyirlər ki, sizdən yoxdur. Üzümüzə deyə bilmirlər, amma dalımızca danışırlar. İndi cavan insanlar filmər çəkir, onları görün nə qədər tənqid edirlər. Amma mən fəxr edirəm ki, artıq Azərbaycanda belə proseslər başlayıb. Əsas da başlamaqdır. Amerikada Hollivud bəyəm əvvəldən səviyyəli filmlər yaradıb. Hər şey pillə-pillə yaradılır. Allah bizi nöqsansız yaratmayıb ki. Bilirəm ki, tanınmış kino xadimlərimiz çıxış edəcək, qəzəblənəcəklər ki, onların nə ixtiyarı var “Ölülər”ə müraciət edib. Amma inanıram ki, sevinən insanlar çox olacaq. “KVN” pərəstişkarları bu gün çoxluq təşkil edir.   - Çəkilişlərdən öncə təcrübəli kino xadimlərindən kimlərləsə məsləhətləşdinizmi? - Məsləhətçimiz tanınmış tənqidçi və teatrşünas İlham Rəhimli oldu. Onunla çox məsləhət etdik, ssenarini oxudu və razı qaldı. Xeyir-duamızı verdi.   - “Ölülər”ə Tahir İmanovun öz yanaşması ilə fərqli nə görəcəyik? - Şeyx Nəsurllah 21-ci əsrdə dəyişib olub Nəsrulla Şeyxov, Şeyx Əhməd Şeyxov. Hacı Həsən, Kefli İsgəndər necə varsa, elə də qalıb. Cəlil Məmmədquluzadə əsərinə müraciət etmişiksə, deməli, şeyx nəsrullahlar həmişə var və olacaq. Digər tərəfdən, bizdə fərqli sonluq var. Bizim filmdə Şeyx Nəsrullah öz cəzasını alır. Amma bütün dələdüzlüq prosesləri, yalanlar hamısı olduğu kimidir. Hamısını açıqlamayım, tamaşaçı maraqla gözləsin.   - Biz görüntülərdə bir çox aktyorlarımızı, elə sizi də tanınmaz halda gördük. Hətta, Dilarə Əliyevanı tanımadıq. - Hə, tamaşaçı tanınmış aktyorların bir çoxlarını tanımayacaq.   - Bəziləri etiraz etmədilər ki, belə çirkin göründükləri üçün? - Əksinə mən həmişə lehinə olmuşam ki, məşhur aktyor obrazını 180 dərəcə dəyişsin.   Cəvahir Səlimqızı   * Fotoları təqdim edirik

23 İyul 2016 2:27

Fakt

Bizi izləyin