“Hamısı istəyir “naçalnik” olsun” –Deputat Ağacan Abiyev

14 qat Azərbaycan çempionu, yeniyetmələr arasında Dünya və Avropa çempionu, gənclərin Avropa çempionatının qalibi, kişilər arasında Dünya kuboku və dünya çempionatının bürünc mükafatçısı, kişilər arasında Avropa 2-cisi, dəfələrlə Beynəlxalq turnirlərin qalibi kimi titullara sahib boksçu Samir Məmmədov ağır şəraitdə yaşamasından narazılığını bildirib. Əməkdar idman ustası və prezident mükafatçısı S.Məmmədov deyir ki, ehtiyac üzündən taksi sürücüsü işləyir, bununla balalarını dolandırır. O, belə bir duruma düşməsini Boks Federasiyası, eləcə də Gənclər və İdman Nazirliyinin ona qarşı biganəliyi, məsuliyyətsizliyi ilə əlaqələndirib. Faktinfo.az xəbər verir ki, ittihamlarla bağlı AzNews.az-ın əməkdaşı Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, deputat Ağacan Abiyevlə söhbətləşib. O, müsahibəsində bir sıra maraqlı məsələlərə toxunub: – Ağacan müəllim, yəqin son günlər mətbuatda rəhbərliyində təmsil olunduğunuz federasiya ilə bağlı gedən yazıları, müzakirələri izləyirsiniz? – Təbii ki, işimiz odur. İzləyirik. – Əməkdar idman ustası və prezident mükafatçısı Samir Məmmədovu xatırlayırsınız?  – Xatırlayıram. – Onunla münasibətlər necədir? – Normal, indi istəyirəm, gəlsin görək nə problemi var. Özünə də demişəm… – İdmançımız müsahibəsində biganəlikdən şikayət edir, dolayısıyla sizi ittiham edir… – Mən uşaqlara tapşırmışam ki, onu yanıma götürüb gətirsinlər. – Nə vaxt gətirərlər?  – Nə vaxt tapsalar, onda da gətirərlər… – Samir Məmmədov Azərbaycan adına yalnız yaxşı işlər görüb. Dəfələrlə bayrağımızı qaldırıb, ölkəmizi layiqincə təmsil edib… İndi isə ehtiyac içindədir. Bu üzdən də taksi sürücüsü işləyir. Avropa və dünya çempionatlarında bu boyda nəticələr vermiş birinin, idman ustasının taksi sürücüsü işləməsi, sizcə, qəbulediləndir? Hətta indi iş elə yerə çatıb ki, bir neçə gün öncə maşınını da satıb. – Düzdür, idmançılarımızın bəziləri şikayət edirlər. Amma bir məsələ var, hamısı istəyir gedib “naçalnik” olsun. Niyə gedib məşqçi işləmir, işləsin də… Adamndan soruşarlar sənin nəyin var ki, gedib “naçalnik” olasan? İdmançısan, get özün kimi boksçu yetişdir. Get başını sal aşağı, klubların birində işlə. Sadəcə, onlar məşqçi işləmək istəmirlər. – Samir Məmmədov kimi birinin gedib hansısa bir klubda 3-5 idmançı hazırlaşdırması nə qədər düzgündür? Axı onun Azərbaycan üçün başqa xeyrləri dəyə bilər… – Onun idman kareyarası qurtarıb artıq, idman sahəsində nə etməlidir? O, bu dəqiqə məşqçi kimi fəaliyyət göstərməldir. Məşqçi işləməyin nəyi pisdir? – Ən azından onun “əməkdar idman ustası” statusu var. Dəfələrlə ölkə başçısıyla görüşü olub. Yəqin ki, o, sıradan bir idmançı olsa, onun ölkə başçısı görüşü baş tutmazdı.  – Mən də deyirəm, “əməkdar idman ustası” özü kimi əməkdar idmançılar hazırlamalıdır. Gəlmişdi, ona dedim ki, sənə kim deyir get taksi sür? Bizim əməkdar idmançılarımız hamısı məşqçi işləyir. Əməkdar idman ustasısan, səni istənilən idman cəmiyyəti götürər. Siz ona deyin ki, Ağacan müəllim səni gözləyir. Mən onu qəbul edəndə deyərəm ki, adına bir idman klubu açırıq, get uşaqları hazırla… Vaxtilə səni hazırlayıblar, indi növbə sənindir. – Dediyinizdən belə anladıq ki, federasiya rəhbərliyindən biri olaraq ona kömək etməyi öhdənizə götürüsünüz… – Mən heç kimi öhdəmə götürmürəm, federasiyanın prezidenti deyiləm. Federasiyanın prezidenti olsaydım, deyərdim öhdəmə götürürəm. O gəlsin, görək nə istəyir, biz də federasiya prezidentinə müraciət edərik. Mümkün dərəcədə ona kömək edərik. Mən ona şərait yaradaram. – Onunla niyə uzun müddətdir əlaqəni kəsmisiniz? Samir Məmmədovun günahı və ona qarşı federasiyanın biganəliyinin səbəbi nədir? – Onun özü çıxıb getmişdi, sonra eşitdik ki, taksiyə çıxır. Başqa işlərlə məşğul olur. Hər idmançını başımızda gəzdirməliyik? Hər kəs özünə gün ağlamaldır. Ev də almışdı, pulu da var idi. Nə qədər idmançı idi, hər şey etdilər. Ad da verdilər. İndisə get özünə gün ağla da… – Ola bilər ki, S.Məmmədov o vaxt gənc olub, bəzi səhvlər edib. Amma düşünürəm ki, federasiya onu səhv yola getməyə qoymamlı idi. Samir Məmmədovdan da böyük səhvlərə yol verən idmançılarımız olub. Həbsə düşüb, çıxıblar, idmana da qayıdıblar. Çünki federasiya onların arxasında durub. Ancaq Samir biganəliklə qarşılaşıb. Niyə? – Düzdür. Amma bizdə boksda bir yiyəsiz qalan o olub. Lakin kömək etməyə çalışacağıq.

18 İyul 2016 5:50

“Həyatımda konkret və məcazi mənada çox şeylər dəyişib”

“Həyatımda konkret və məcazi mənada çox şeylər dəyişib” - Ülviyyə Abdullayeva “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva modern.az saytına müsahibə verib - Bir vaxtlar televiziyanın aparıcı siması olmusunuz. O illərdən bu günə qədər həyatınızda konkret nələr dəyişib? - Əvvəla, mənə müsahibə üçün müraciət etdiyinizə və diqqətə görə təşəkkürümü bildirirəm. Mənim sizin sayta özəl münasibətim var. Burada çox hörmət etdiyim başda saytın rəhbəri Elşad Eyvazlı olmaqla ədalətli və vicdanlı  güclü qələm sahibləri çalışır. Modern.az saytı Milli Məclisin və deputatların fəaliyyətini bəzi mətbu orqanlardan fərqli olaraq, (həmkarlarım inciməsin) çox obyektiv işıqlandırır və ucuz sensasiya dalınca qaçmır. Sizin sualınıza gəldikdə isə, deyə bilərəm ki, bu müddət ərzində həyatımda konkret və məcazi mənada çox şeylər dəyişib. Ən azından yaş və bir çox məsələlərə yanaşma baxımından. İnsan nə qədər dünyagörmüş və təcrübəli olsa belə, hər gün onun üçün bir yenilik gətirir. Bu nöqteyi-nəzərdən çox şeyləri öyrənirsən, öz işində bir professional kimi daha da püxtələşirsən, həyat biliklərin artır.  Televiziyadan ayrıldıqdan sonra həyatımda baş verən önəmli hadisələrdən biri, əlbəttə ki, ölkəmizin qanunverici orqanı olan Milli Məclisdə çalışmağa başlamağım, televiziya üzrə elmi işimi müdafiə etməyimdir....Yəni hadisələr o qədər çoxdur ki. Mənim üçün önəmli olanları diqqətinizə çatdırdım. - Bəlkə, əvvələ qayıdaq, televiziyaya neçə gəldiniz? Jurnalistikaya maraq nə vaxtdan yaranmışdı? - Desəm ki, televiziyaya, ümumiyyətlə jurnalistikaya gəlməyim sırf təsadüf nəticəsində baş verib yəqin inanarsınız. Bu sahəyə məni indiyə qədər minnətdar olduğum peşəkar və prinsipial jurnalist, öz işinə sadiq dostum  yönəltdi. Onun mənə olan inamı, əzmkarlığı, dəyərli məsləhətləri olmasaydı, yəqin ki, jurnalistikada heç nəyə nail ola bilməzdim. Amma onu da deyim ki, elə ilk gündən atam mətbuat sahəsində çalışmağıma sərt etirazini bildirdi. Müəyyən vaxt keçəndən sonra ətrafındakı dostları-tanışları, qohum-əqraba “Space” və “Lider” televiziyalarının efirlərində mənim materiallarımı görüb ona öz fikirlərini söyləyəndə hiss edirdim ki, mənə görə qürur duyur. Yeri gəlmişkən, elə televiziyaya gəlməyim də təsadüf nəticəsində baş verdi. Qəzetdə çalışdığım bir il ərzində Milli Məclisdə parlament müxbiri kimi akkreditasiya olunmuşdum və parlamentin fəaliyyətini işıqlandırırdım.  O zaman parlament sədrinin birinci müavini, sözün əsl mənasında ziyalı insan  rəhmətlik Zakir Zeynalovla Milli Məclisdə söhbətimiz oldu. Zakir müəllim anamın yaxın qohumu idi və ərklə mənə televiziyada çalışmağımı məsləhət gördü. Beləliklə, mən yeni yaradılan “Space” telekanalında çalışmağa başladım. İlk bir neçə ayı ştatdankənar olaraq çalışdım sonra isə məni rəsmi işə götürdülər. Bir televiziyaçı kimi formalaşmağımda əziyyəti keçən bütün insanlara minnətdarlığımı bildirirəm. - Səhv etmirəmsə, ixtisasca jurnalist deyilsiniz. Qeyri-ixtisaslı jurnalist olmağınızı əsas gətirib jurnalist fəaliyyətinizə irad tutanlar olubmu? - Televiziyada çalışdığım müddətdə xaricdə, eləcə də ölkəmizdə çoxsaylı jurnalist kurslarında iştirak etmişəm. O zamanlar bir ay Almaniyada xüsusi təlimlərdə iştirak edirdim və orda məlum oldu ki, bu ölkənin ali təhsil məktəblərində konkret olaraq jurnalistikanı tədris edən fakultələr yoxdur. Hər hansı bir ali təhsilli şəxs altı aylıq kurs keçməklə jurnalist peşəsinə sahib ola bilər. Təbii, jurnalist təhsili varsa lap yaxşı, lakin burada bu sahəyə xüsusi həvəs, lazımi keyfiyyətlər, ən asası praktika vacibdir.  Bu gün Azərbaycan televiziyasının korifeyləri sırasında olan Rafiq Hüseynov, Nərgiz Cəlilovadan aparıcılıq, nitq dərsləri almışam. Bu özü bir böyük məktəbdir və hər kəsə nəsib olmur. Müasir mətbuatımızda çalışan bir sıra parlaq simalarımız var ki, onlar ixtisasca jurnalist deyillər. Onları sizlər də yaxşı tanıyırsınız. Fəaliyyətim dövründə mənə və birgə çalışdığım ixtisasca jurnalist olmayan digər həmkarlarımın ünvanına hər hansı bir irad eşıtməmişəm. Burda daha çox söhbət üzərinə düşən işin öhdəsindən məharətlə gəlmək bacarığından gedir. - Bir hadisə çox yaxşı yadımdadır. Bir dəfə “Space” TV-də xəbərlər verilişini aparırdınız. Qəfildən səs tellərinizdə problem yarandı. Bir dəqiqənin içində bir neçə dəfə təkrarlandı. Amma, siz işinizə elə formada davam etdiniz ki, sanki həyəcan filan yoxdur. Həmin ərəfədə nə baş vermişdi? - Namidə xanım, efir canlı yayımlandığından bu cür hadisələr kifayət qədər olur. Studiyada çoxsaylı işıqlandırma avadanlığı quraşdırıldığından canlı yayım vaxtı lampaların qızıb partlaması halları, ya da ki,  hardansa peyda olan milçəyin xəbər yayımçısına maneçiliyi hallarına zamanla öyrəşirdik. Canlı yayım özü artıq bir ekstrim deməkdir. Efir qabağı abu-havanın özü həyəcanla dolu olur. Təcrübə ilə bu hiss səngisə də heç zaman tam yox olmur. Siz xatırlatdığınız o hadisə də bu hallardan biridi. Səs tellərinin tutulması televiziya və radio aparıcılarının professional xəstəliyidir.  Davamlı şəkildə çıxışlar özünü biruzə verir. - Sonradan televiziyadan yollarınızı ayırdınız. Bu şəxsi təşəbbüsünüzlə baş verdi? - “Lider” televiziyasında xəbərlərin baş redaktoru vəzifəsində çalışdığım dövrdə “Space” televiziyasından müəllif verilişi hazırlamaq təklifi gəldi və mən məmnuniyyətlə razılaşdım. Telekanalın o vaxtkı rəhbəri, əsl televiziyonçu Etibar Babayevlə və “Space”-in bacarıqlı kollektivi ilə çalışmaq çox maraqlı idi. 2005-ci il parlament seçkiləri ilə bağlı “Gündəm” adlı verilişimiz çox uğurlu bir layihə kimi yadda qaldı. Sonra “Bəzm” adlı şəxsi jurnalımı nəşr etməyə başladım. Televiziyadan gedişimin səbəblərindən biri də elə bu oldu. Bəzi həmkarlarım bu fikirdədilər ki, jurnalistika idman növü kimidir buradan da vaxtında getməyi bacarmaq lazımdı. Mən də bu fikri paylaşıram. - Milli Məclisdə “Milli Məclis” jurnalının baş redaktoru vəzifəsində nə vaxtdan çalışırsınız? Bu barədə danışın. - Mən ölkənin qanunverici orqanında 10 ilə yaxındır ki, çalışıram. Milli Məclisi evim, kollektivimizi isə özümə doğma sayıram.  Burada yaradılan iş şəraiti, münasibətlər bunu deməyə əsas verir.  Ölkənin qanunverici orqanı olan Milli Məclisin eyniadlı nəşri 2007-ci ilin aprel ayında işıq üzü gördü. O vaxtdan “Milli Məclis” jurnalının baş redaktoru vəzifəsində çalışıram. - Bildiyiniz kimi, Milli Məclisin deputatları mətbuatla işləməkdə çox həssaslıq nümayiş etdirirlər. Jurnalda deputatlarla bağlı xüsusi yazılar hazırlayırsınızmı? - “Milli Məclis”analitik informasiya jurnalının əsas  məzmunu və mahiyyəti parlamentin və deputatların fəaliyyətini işıqlandırmaqdan ibarətdir. Ölkəmizdə gedən quruculuq işləri, Qarabağ münaqişəsi, Xocalı soyqırımının dünya parlamentləri tərəfindən tanınması, parlamentlərarası əlaqələrin inkişafı istiqamətində Milli Məclis tərəfindən həyata keçirilən işlər jurnalımızın səhifələrində geniş işıqlandırılır. Bundan başqa millət vəkillərimiz  jurnalımızın səhifələrində müəllif yazıları ilə də çıxış edirlər. Odur ki, yazılarla və müəlliflərlə problemlərimiz yoxdur. - Bu gün hər kəs televiziya sahəsində çatışmazlıqların olduğunu deyir. Bir məsələ də var ki, tamaşaçıya nə təqdim olunursa, onu da izləyir. Sizcə, televiziya sahəsində nə kimi yeniliklər etmək lazımdır? - Hazırda mən televiziya sahəsində çalışmadığımdan bu məsələyə keçmiş televizyonçu və tamaşaçı kimi münasibət bildirirəm. Televiziya geniş auditoriyanı əhatə etdiyindən güclü təsir gücünə malikdir. Mənim təsəvvürümdə televiziya bir mədəniyyət, maarifləndirmə funksiyasını yerinə yetirməlidir. Təbii ki, əyləncəli proqramların olması da vacibdir. Bazar iqtisadiyyatı hökm sürdüyündən telekanallarımız bu funksiyanı yerinə yetirməkdə çətinliklərlə üzləşirlər. Amma düşünürəm imkanlar çərçivəsində peşəkar televizyonçuların işə cəlb edilməsi ilə müəyyən problemləri həll etmək mümkündür. Verilişlər tamaşaçı cəlb etmək üçün aşağı zövqlü kütlənin maraqlarına deyil, əksinə insanlarda zövqün formalaşdırılması, səviyyənin və dünyagörüşünün artırılması yönündə fəaliyyət göstərməlidir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi televiziya sahəsində də inkişaf var. Əvvəlki illərlə müqayisədə bir çox telekanallarımız proqram siyasətində dəyişikliklər ediblər, bundan əlavə yerli teleseriallarımız çəkilir. Bütün bunlar müsbət addımlardır, amma görüləcək işlər çoxdur. Bu işlərin tamamlanması üçün yuxarıda qeyd etdiyim kimi professional televizyoncu komandası vacibdir. Faktinfo.az

15 İyul 2016 4:18

Putinin şəxsi müşaviri: “Rusiya daha heç vaxt öz ərazisində vuruşmayacaq!”

Oko-planet-su, 14.07.2016 RF prezidenti Vladimir Putinin şəxsi müşaviri Sergey Karaqanovun “Der Şpigel” dərgisinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.   Şpigel: Sergey Aleksandroviç, NATO Şərqi Avropa bölgəsində fəaliyyətini genişləndirməyi planlaşdırır… Karaqanov: Mən artıq 8 il öncə müharibəyə yaxın durum haqda danışmışam. – Gürcüstanda müharibənin başlandığı vaxtı nəzərdə tutursunuz? -Qarşılıqlı mübarizə aparan böyük ölkələrimiz arasındakı inam artıq o zaman sıfıra yaxın idi. Rusiya yenidən silahlanmanı təzə-təzə işə salmışdı. O vaxtdan bəri inam planında durum ancaq pisləşib. Biz NATO-ya əvvəlcədən xəbərdarlıq etmişdik – Ukrayna sərhədlərinə yaxınlaşmaq lazım deyil. Xoşbəxtlikdən, Rusiya NATO-nun bu yöndə irəliləyişini dayandırmağı bacardı. Bununla da orta perspektivdə Avropada müharibə təhlükəsi hələlik azalıb. Lakin hazırda həyata keçirilən təbliğat müharibə vəziyyətini çox xatırladır. -Ümidvaram ki, təbliğat mənasında o cümlədən Rusiyanınkını nəzərdə tutursunuz? -Rusiya KİV-ləri bu mənada NATO-nunkularla müqayisədə təvazökar davranır. Və başlıcası, siz başa düşməlisiniz: xarici düşməndən müdafiə olunmaq hissi Rusiya üçün olduqca mühümdür. Biz hər şeyə hazır olmalıyıq. Bizim KİV bu səbəbdən bəzən bir qədər şişirdir. Bəs Qərb nə edir? Bizi qınayrsınız ki, təcavüzkarıq. Durum 70-ci illərin axırı, 80-ci illərin əvvəlindəkinə bənzəyir. -Ortamənzilli sovet raketlərinin yerləşdirilməsi və amerikalıların bu hərəkətə reaksiyasını nəzərdə tutursunuz? -Sovet İttifaqı o zaman artıq praktik olaraq içəridən dağılırdı, amma buna baxmayaraq, SS-20 raket komplekslərini yerləşdirməyi qət etdi. Beləliklə də tamamilə gərəksiz böhranı başlatdı. Hazırda Qərb eynən bu addımı atır. Siz Polşa, Litva və Latviya kimi ölkələri bununla sakitləşdirirsiniz ki, oralarda raket kompleksləri yerləşdirirsiniz. Lakin axı bu onlara qətiyyən kömək etməz, bu, fitnəkarlıqdır. Tammiqyaslı böhran başlanacağı halda bu silahlar tərəfimizdən birinci növbədə məhv ediləcək. Rusiya daha heç vaxt öz ərazisində vuruşmayacaq! -… yəni indi Sizi düzgün başa düşdümsə, Rusiya hücum edəcək? İrəli gedəcək? -Başa düşün – indi tamamilə başqa, yeni silah var. Durum 30-40 il əvvəlkindən xeyli pisdir. -Prezident Putin öz xalqını inandırmağa çalışır ki, Avropa, az qala, Rusiyaya hücum planlaşdırır. Lakin bu ki cəfəngiyyatdır! Siz belə hesab etmirsiniz? -Əlbəttə ki, bir qədər şişirdilib. Lakin amerikalılar indi açıq şəkildə deyirlər ki, Rusiyaya qarşı sanksilayalar Rusiyada hakimiyyəti dəyişmək üçün nəzərdə tutulub. Bu, açıq təcavüzdür və biz reaksiya verməliyik. -Başçılıq etdiyiniz prezident Şurası bu günlərdə prezidentə açıq məruzəni dərc etdi. Mən onunla ətraflı tanış olmuşam. Siz orada tez-tez Rusiya üçün yeganə mümkün yoldan – keçmiş qüdrətin qaytarılmasından danışırsınız. İdeya aydındır, Lakin Sizin konkret təklifləriniz hansılardır? -Birinci növbədə yaxşı iş görürük – dünya birliyinin bundan sonrakı sabitsizləşməyinə qarşı durmaq istəyirik. Və böyük dövlət statusu istəyirik, onu geri almaq arzusundayıq. Təəssüf ki, bundan sadəcə imtina edə bilmərik – 300 il genlərimizə öz izini buraxıb. Biz böyük Avrasiyanın, sülh və əməkdaşlığın hökm sürdüyü bur məkanın  mərkəzi olmaq istəyirik. Avropa qitəsi də bu Avrasiyaya məxsus olacaq. -Avropalılar hazırda Rusiyaya etibar etmir, onun siyasətini qəribə hesab edərək anlamırlar. Sizin Moskva rəhbərliyinin hədəfləri bizə aydın deyil. -Siz başa düşməlisniz – biz indi sizə düz 0 faiz etibar edirik. Bu, yaxın keçmişdəki sarsıntılardan sonra təbiidir. Bundan çıxış edin. Biz elə bir şey edirik ki, bunu taktiki xəbərdarlıq adlandırmaq olar. Məqsəd – siz dərk etməlisiniz ki, biz siz düşündüyünüzdən də ağıllı, güclü və qətiyyətliyk. -Məsələn, biz güclüyük və həm də Suriyadakı hərbi əməliyyatlara bu yaxınlardakı yanaşmanız xoşagəlməz şəkildə təəccübləndirdi. Biz sanki orada birgə hərəkət etmirik, lakin hər halda müəyyən mənada əməkdaşlıq edirik. Ammma bu yaxınlarda hətta bizi məlumatlandırmadan qoşunlarınızın bir hissəsini çıxartdınız. Bu cür etibar işə yaramır… -Bu mənim rəhbərliyimin çox gözəl addımı idi. Biz bu əsasda hərəkət edirik ki, bu bölgədə çox güclüyük. Ola bilsin, ruslar iqtisadiyyatda, danışıqlar aparmaq sənətində  o qədər də güclü deyil, lakin biz əvəzində çox gözəl döyüşçülərik. Sizin Avropada zamanın sınağına tab gətirməyən siyasi sistem var. Siz yeni çağırışlara uyğunlaşa bilmirsiniz. Hədsiz dərəcədə dünyagirləşibsiniz. Sizin kansler necəsə bir dəfə dedi ki, bizim prezident gerçəklikdən qopub. Bax, budur, bu mənada siz son dərəcə gerşəkçisiniz. -Hiss etmək çətin deyil ki, son zamanlar Rusiyada bizim uğursuzluqlarımıza fəal şəkildə sevinirsiniz. Xüsusən də qaçqınlarla problemlərimizə gəlincə. Niyə belədir? -Bəli, həmkarlarımın əksəriyyəti tez-tez sizə və problemlərinizə rişxənd edirlər, lakin onlara həmişə deyirəm ki, təkəbbürlü olmaq lazım deyil. Di belədirsə, bəs nə istəyirsiniz: Avropa elitaları bizimlə qarşıdurma arayırdı və onu tapdılar. Buna görə də Avropaya kömək etməyəcəyik, lakin qaçqınlar məsələsində asanlıqla bacarardıq. Məsələn, sərhədləri birlikdə bağlaya bilərdik – bu mənada biz siz avropalılardan on dəfə effektli hərəkət edə bilirik. Amma əvəzində Türkiyə ilə əməkdaşlıq etməyə cəhd edirsiniz! Bu sizin üçün rüsvaylıqdır! -Həmişə deyirsiniz ki, Avropa və orada baş verənlər sizi dilxor edib. Lakin axı Rusiya lap bu yaxınlaradək Avropaya girmək istəyirdi. Yoxsa siz Adenhauer və de Qollun dönəmindəki Avropanı istəyirdiniz və dəyişimlər sizi təəccübləndirib? -Yox-a, məni güldürməyin –avropalıların əksəriyyəti indiki deyil, məhz həmin Avropanı istəyirlər. Yaxın onilliklərdə Avropa bizə nümunə olmayacaq. -Məruzənizdə dəfələrlə xatırladılır ki, “dövlətin maraqlarına aşkar şəkildə toxunulursa, silah tətbiqi yəqin və düzgün tədbirdir”. Siz bu məqamda Ukraynanı başa düşürsünüz? -Bəli, şübhəsiz. Bundan başqa, dövlətin yaxınlığında rəqibin ciddi qüvvəsinin toplandığı hal. –Yəni ona işarə edirsiniz ki, NATO qoşunlarının Baltika ölkələrində toplanması məhz həmin haldır? -Qarşıdurmaya başlamağa hazır olduğumuz haqda ideya idiotizmdir. NATO ora nə üçün qoşun yığır, di deyin, nə üçün? Heç olmasa, təsəvvür edirsiniz ki, həqiqətən də açıq qarşıdurma baş versə, bu qoşunların başına nələr gələcək? Bu, Baltika ölkələrinə simvolik köməyinizdir, artıq bir şey deyil. NATO bizimki kimi nüvə cəbbəxanası olan ölkəyə qarşı təcavüzə başlasa, cəzalanacaqsınız. -Rusiya-NATO dialoqunu canlandırmaq planları var. Başa düşdüyüm kimi, Siz bu cür ideyaları ciddi qəbul etmirsiniz? -Bu cür görüşlər daha çox qeyri-legitimdir. Bundan başqa, vaxt keçdikcə NATO nəsə tamam başqa bir quruma çevrilib. Siz özünüzü müdafiə etmək məqsədilə demokratik dövlətlərin ittifaqı kimi başladınız. Lakin bütün bunlar tədricən daim genişlənmək ideyasına döndü. Bizə dialoq lazım olan vaxtlarda – 2008 və 2014-cü illərdə bizə dialoq şansı vermədiniz. -… qoyun, sadalayım… Gürcüstan və Ukraynada böhranları nəzərdə tutursunuz? Aydındır. Deyin, Sizin məruzənizdə daim “şərəf”, “rəşadət”, “cəsarət”, “ləyaqət” kimi terminlərə rast gəlinir… bu, siyasi leksikadır? -Bu, rus adamları üçün həqiqətən də dəyəri olan anlayışlardır. Putinin, həmçinin mənim aləmimdə sadəcə, təsəvvürolunmazdır ki, qadının şərəfi ən heyvərə şəkildə tapdalana bilər. -Siz Kölndəki uğursuz milad gecəsinə işarə vurursunuz? Karaqanov: Rusiyada buna cəhd edən kişilər yerindəcə öldürülərdi. Səhv bundan ibarətdir ki, həm almanlar, həm də ruslar söhbətin nədən getdiyinin məğzini anlamadan hansısa universal dəyərlərin axtarışına xeyli illər sərf etdilər. Biz də sovet vaxtı sosializm axrtarırdıq. Sizin demokratiya axtarışlarınız bizim həmin sosializm axtarışlarımıza çox bənzəyir. -Rusiya xarici siyasətinin son dövrdəki səhvlərini nədə görürsünüz? -Ən yaxın keçmişdə ən yaxın qonşularımıza – postsovet ölkələrinə nisbətdə heç bir anlaqlı siyasətimizin olmamağında. Etdiyimiz yeganə şey bu idi ki, elitaları taclayır və satın alırdıq. Pullar hər iki tərəfdən qismən oğurlanırdı. Və Ukraynadakı münaqişənin göstərdiyi kimi, kürəsəl böhrandan bu cür yayınmaq mümkün deyil. İkinci səhvimiz – siyasətimiz olduqca xeyli müddət 90-cı illərin səhvlərinin islahına yönəlmişdi. -Son sual. Şans varmı ki, Rusiya ən yaxın vaxtda əməkdaşlığa yollar axtaracaq? -Bizim haqsızlığımızda birbaşa və açıq etiraflar gözləməyiniz lazım gəlməyəcək – bizim necə haqlı olduğumuz üzrə. Rusiya hazırda qüdrətli Asiya-Avropa dövlətinə çevrilib. Şərqə doğru düzgün bu inkişaf yolunu göstərən adamlardan biri də mən olmuşam. Lakin indiki anda deyə bilərəm ki, bizim yenidən müəyyən qədər Avropaya sarı dönməyimizə dəyər. Bu deyə biləcəyim yeganə sözdür.   Tərcümə Strateq.az-a məxsusdur.

14 İyul 2016 7:54

İmtahan xərclərini dövlət yox, hər bir şəxs özü ödəyəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Trend-ə müsahibə verib. Virtualaz.org toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin müsahibəni oxucularına təqdim edir: Dövlət İmtahan Mərkəzinə öz fəaliyyətindən - imtahanların keçirilməsindən gəlir əldə etmək imkanı verilib. Mərkəz bu imkanından nə zamandan istifadə edəcək? - Ödənişli əsaslarla imtahanların keçirilməsi bu ilə aid deyil. Hər bir kəs imtahan vermək üçün şəxsiyyət vəsiqəsi ilə iş nömrəsi götürür və buna görə dövlətə 2 manat rüsum ödəyir. Bu il aparacağımız bütün imtahanların dövlət rüsumu əvvəl olduğu kimi qalacaq. - Bu, yalnız ali təhsilin bakalavriat səviyyəsinə qəbul imtahanlarına şamil olunacaq? - Söhbət müxtəlif növ qəbul imtahanlarından, yəni bütün təhsil pillələrinə qəbul imtahanlarından gedir ki, onlar da pullu olmalıdırlar. Bundan başqa, müxtəlif növ sınaq imtahanları, dövlət qulluğuna qəbul imtahanları - bunlar hamısı yalnız dövlət rüsumu əsasında aparılır. İmtahanların keçirilməsi üçün hər bir şəxsə görə çəkilən xərc bizə dövlət büdcəsindən verilir. İndi isə verilməyəcək. Ona görə də hər bir şəxs pulu özü ödəyəcək. Bir misal göstərim. İyulun 5-də V ixtisas qrupuna və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirildi. Bu imtahanlarda iştirak etməli olan 40 min nəfərdən 9 mini rüsumu, yəni 2 manatı ödəyib, amma imtahana gəlməmişdi. Biz isə ona həm cavab kartı, həm sual kitabcası hazırlamışdıq, həm də onlar üçün binalarda müəyyən yerlər, nəzarətçilər ayırmışdıq. Həmin şəxslər “İmtahana buraxılış vərəqəsi”ni götürmüşdü. Təbii ki, buna görə də biz onların imtahana gələcəyini gözləyirdik. Amma onlar imtahana gəlməyib. Bu, məsuliyyətsizlikdir. - Bir şəxsin imtahan verməsi dövlətə necəyə başa gəlir? - Müəyyən imtahanlarda dövlət bir şəxsə 25 manat pul xərcləyir. Ancaq elə imtahanlar var ki, bu xərc daha çoxdur. Bu, o imtahanlardır ki, orada iştirakçıların sayı az olur. Məsələn, kütləvi imtahanlarla müqayisədə rezidentura imtahanlarının keçirilməsinə daha çox pul xərclənir. Kütləvi imtahanlar olanda xərclənən pul iştirakçıların sayına görə bölünür, ona görə də xərclər bir az azalırdı. Amma elə də böyük imtahan olmayanda - iştirakçıların sayı 1000-2000 nəfər olanda xərclər təbii ki, artır. Biz indi bununla əlaqədar müəyyən arayışlar hazırlayırıq. Bu arayışları müəyyən bir sənəd kimi Tarif Şurasına təqdim etməliyik. Tarif Şurasında bu sənədlərə baxılmalıdır. - Onda hansısa imtahanlar dövlət hesabına aparılacaq? - Təbii ki, müəyyən imtahanlar dövlət hesabına aparılmalıdır. Bu, buraxılış imtahanlarıdır. Çünki buraxılış imtahanları yekun attestasiyadır və ölkədə 11 illik təhsil pulsuzdur. Təbii ki, attestasiya da pulsuz olmalıdır. Amma qalan imtahanlar pullu olmalıdır. Buraxılış imtahanlarının da pulsuz olması belədir ki, onun pulunu dövlət ödəyir. Ancaq bundan sonra dövlət hər bir iştirakçıya görə bu vəsaiti bizə hansı formatda ödəyəcək?! Müəyyən işlər var ki, bizə dövlət tərəfindən sifariş olunur. Dövlət tərəfindən sifariş olunan o işləri bizim üçün dövlət maliyyələşdirməlidir. Amma elə xidmətlər var ki, biz onları vətəndaşlara göstəririk. O xidmətlərin bir qismi ödənişli olmalıdır. Ola bilsin ki, dövlət tərəfindən elə bir qərar qəbul olundu ki, o xidmətlərin bir qisminin xərclərini yenə də dövlət öz üzərində saxlayacaq. Bir misal göstərim. Yalnız may ayında 690 mindən çox elektron xidmət göstərmişik. Bu xidmətlər vətəndaşlar üçün pulsuzdur. Biz gələcəkdə də bu elektron xidmətləri vətəndaşlara pulsuzmu göstərməliyik, yoxsa bu xidmətlər də hansısa özünü maliyyələşdirmə mexanizmi əsasında həyata keçirilməlidir?! Təbii ki, biz indi bu məsələləri müzakirə edirik. Heç kim fikirləşməsin ki, bunlar çox sadə məsələlərdir. Biz indi həmin o xidmətləri göstərə-göstərə eyni zamanda, yeni mexanizm də hazırlayırıq. Faktiki olaraq, 2 istiqamətdə iş aparırıq. - İmtahanlar üçün rüsum artırılarsa, bunun hansı həcmdə olması və nə zamandan tətbiqi nəzərdə tutulur? - Bunu mən deyə bilmərəm. Çünki bu məsələlərlə əlaqədar araşdırmalar apardıqdan sonra təkliflərimizi hazırlayaraq qanunvericlikdə nəzərdə tutulan qaydada Tarif Şurasına, Maliyyə Nazirliyinə təqdim edəcəyik. - Dövlət qulluğuna qəbul üçün keçirilən müsabiqədə müsahibə mərhələsinin ləğvinin zəruriliyi barədə fikirlər səsləndirilsə də, bu məsələ qanunvericiliyə daxil edilmədi və yenə də müsahibə mərhələsi saxlanıldı. Müsahibə mərhələsinin saxlanmasına münasibətiniz necədir? - Qanun necə qəbul olunubsa, elə də icra olunmalıdır. Qanunun icrası ilə əlaqədar şərh vermək istəmirəm. - Dövlət qulluğuna qəbulla əlaqədar dəyişiklik nəzərdə tutulur? - “Dövlət qulluğu haqqında” yeni qanun qəbul olunub. O qanunda hansı dəyişikliklər nəzərdə tutulubsa, təbii ki, biz də onu həyata keçirəcəyik. Amma onun həyata keçirilmə mexanizmi elə olmalıdır ki, effektiv olsun. Biz indi bunun üzərində fikirləşirik. Bununla əlaqədar müvafiq işlər aparırıq. - Mexanizmin hansı formada olması təklif ediləcək? - Biz indi bunları müzakirə edirik. Bu mexanizm iqtisadi baxımdan effektiv olmalıdır. Bu, həm də elə formatda olmalıdır ki, insanlar bu xidmətdən istifadə edə bilsinlər. Onların əlyetərliliyini artırmaq, gəncləri dövlət qulluğuna hazırlaşdırmaq, dövlət qulluğunda işləmək şanslarını artırmaq üçün imkanları olsun.

13 İyul 2016 3:01

“Spiker, yaxud vitse-spiker imtiyazca üstün deyillər….” –Fazil Mustafa

2015-ci il parlament seçkilərindən sonra formalaşan yeni tərkibli parlament yay tətilinə çıxıb. Milli Məclisin ötən dövrdəki fəaliyyətini qiymətləndirən Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa müsahibəsində müxtəlif məsələlərə toxunub: – Ötən dövr bir sıra qanunvericilik aktlarının dəyişdirilməsi və yeni qanunların qəbulu ilə yadda qaldı. Hesab edirəm ki, Milli Məclisdə fövqəladə bir dəyişiklik olmadı, hansısa islahatlar paketi, yeni dəyişikliklər formatı müzakirəyə çıxarılmadı. Sadəcə, yeni komitələr yarandı və yeni simalar komitə rəhbərliyinə gətirildi. Amma mahiyyət etibarı ilə ciddi dəyişikliklər olmadı. Ona görə də yeni situasiyadan danışmaq olmaz. – Mənfi tendensiyalardan biri də odur ki, Milli Məclisin, millət vəkilinin ictimai rəydəki statusunun yüksəlməsi ilə bağlı da dəyişiklik baş vermədi… – Bəli, Milli Məclisdə deputatların söz demək imkanı artan tendensiya ilə getmədi. Yeni parlamentin ötən dövrdəki fəaliyyətində, əvvəlki kimi fəallıq hiss olunmadı. Çünki əvvəllər daha gərgin debatlar, kəskin müzakirələr gedirdi.Buna baxmayaraq, biz çalışdıq ki, Milli Məclisin tribunasından cəmiyyətin problemlərini gündəmə gətirək. Problemlərin həlli istiqamətində irəliləyişlər olmasa da, ən azı, insanlar görürlər ki, bir neçə şəxs tərəfindən onların problemi gündəmə gətirilir. – Amma Milli Məclis rəhbərliyinin deputatlara münasibəti, davranışları da getdikcə sərtləşir. Bu barədə nə düşünürsünüz? – Bu, daha çox fəal deputatlarla bağlı məsələdir. Belə deputatların hər hansı çıxışı narazılıqla qarşılanır. Məncə, bu da yanlış tendensiyadır, çünki Milli Məclisdə aktivlik hamının marağına uyğun olmalıdır. Ən azı, dinamik bir orqana insanlar daha çox dəyər verirlər. Razıyam ki, rəhbərlik tərəfindən məhdudlaşdırıcı addımlar atılır. Çıxışların vaxtı, gündəlik məsələsinin müzakirəsi və digər məsələlərlə bağlı müəyyən narazılıqlar olur. Halbuki gündəlik məsələlərin müzakirəsi cəmiyyəti daha çox maraqlandırır. Təəssüf ki, hazırda Milli Məclisdə əvvəlki kimi bir canlılıq hiss olunmur. Bu da fəal deputatlar üçün arzuolunan deyil. Çünki Milli Məclisdə elə vəziyyət yaranıb ki, kimsə çıxış eləmək istəyəndə, daxildə bir narazılıq yaranır ki, tez qutarın, çıxıb evimizə gedək. Təbii ki, bu da yaxşı tendensiya deyil. – Milli Məclis sədri Oqtay Əsədovla deputat Zahid Oruc arasında gərginlik yaşandı və nəticədə deputata töhmət verildi. Amma bu, cəmiyyətdə birmənalı qarşılanmadı. Sizcə, baş verənlər nəyin nəticəsidir? – Mən, bunun qiymətini İntizam Komitəsinin üzvü kimi vermişəm. Həmin qərarın əleyhinə səs verərək, bunun doğru olmadığını bildirmişəm. Çünki heç bir qəbahətli iş baş verməyib, kimsə kimsəni döyməyib, söyməyib.Zahid Orucun deputat kimi fikir bildirmək hüququ, Milli Məclis sədrinin isə o fikrə iradını ifadə eləmək hüququ var. Eyni zamanda, Zahid Orucun o iradla razılaşmamaq hüququ mövcuddur. Hər kəs öz hüququnu həyata keçirib. Burada kiminsə kiməsə qarşı təhqiri, yaxud aşağılayıcı mövqeyi müşahidə olunmur. Buna görə də deputata töhmət verilməsi yanlış yanaşmadır. Hesab edirəm, o məsələni gündəmə gətirmək lazımdır ki, deputata töhmət verilməsi uyğunsuz yanaşmadır. Biz qanunvericilikdə bunu diqqətdən qaçırmışıq.Deputata töhməti seçici verə bilər, Milli Məclis yox. Seçici ona səs verməyə bilər, əleyhinə kampaniya aparar ki, filan deputat mənim üçün çalışmır. Deputat kiminsə işçisi deyil ki, ona rahatlıqla töhmət verilsin.Milli Məclis deputata töhmət verə bilər, amma seçici həmin deputatın fəaliyyətini yüksək qiymətləndirər. Əsas Milli Məclis deyil, xalqın iradəsidir. Milli Məclisin özü də bu iradədən formalaşır.Hər halda, gələcəkdə məsələni gündəmə gətirmək lazımdır ki, deputata töhmət verilməsi doğru yanaşma deyil. – Ancaq Oqtay Əsədovun davranışından hiss olunur ki, deputatlara tabeliyindəki məmurlar kimi yanaşır. Rəsmi, yaxud qeyri-rəsmi olaraq, spikerə belə bir səlahiyyət verilibmi? – Spikerin əlavə səlahiyyətləri Məclis prosedurları ilə bağlıdır. Milli Məclis xəbərdarlıq edə, səs hüququndan məhrum edə bilər, amma bu, əsaslandırılmalıdır. Deputat istənilən mövzuda, istənilən formada fikrini ifadə edə bilər. Hətta Konstitusiyada yazılıb ki, deputat Milli Məclis tribunasından səsləndirdiyi fikrə görə məsuliyyət daşımır. Belə bir məsuliyyət daşımırsa, hansısa çıxışa görə ondan məsuliyyət tələb eləmək doğru deyil. Kiminsə kiməsə cavab verməsi, fikir ayrılıqlarının olması normal prosedurdur. Burada qəbahət görmürəm. Sədr öz fikrini deyə bilər ki, səninlə razılaşmıram, deputatın da öz fikrini bildirmək hüququ var. Bunu şişirtmək, böyütmək, inzibati cəza səviyyəsinə gətirmək yanlışdır.Onu da nəzərə çatdırım ki, spiker, yaxud vitse-spiker imtiyazca üstün deyillər. Çünki onlar da hər hansı dairədən seçilirlər və seçici qarşısında məsuliyyət daşıyırlar. Yuxarıda oturan şəxsin hər şeyi doğru bildiyini və dediyini təlqin eləmək yanlış nəticələrə gətirib çıxara bilər. Məncə, buna görə hər hansı aqressivlik yolverilməzdir. Təbii ki, zaman-zaman belə hallar olur. Amma öz hüququnu qoruyan deputatlar bu tendensiyanın genişlənməsinə imkan vermirlər. Bəziləri var ki, bunu normal qəbul edirlər, bu da onların öz problemidir. – Analoji proses Sizinlə bağlı baş versəydi, reaksiyanız necə olardı? – Mənimlə bağlı bu cür hallar baş verib, amma sözümü də deyirəm. İstər sədr olsun, istər müavinlər, haqlı irad olanda susuram, amma mən haqlı olanda sözümü deyirəm və mövqeyimdə qalıram. Hesab edirəm ki, ümumiyyətlə, fikirlərə müdaxilə etmək doğru deyil. Deputat parlament rəhbərliyi qarşısında məsuliyyət daşımır, hər bir deputatın çıxışının cavabdehliyi onun özünə aiddir. Kimsə doğru, yaxud yanlış olmasını qiymətləndirə bilməz, sadəcə, öz mövqeyini ifadə edə bilər. Kimsə öz fikrini deməməlidir,- yanaşması, artıq parlament etikasından kənardır. – Fazil bəy, millət vəkilinin sözü kəsilirsə, hətta aşağılayıcı ifadələrə məruz qalırsa, bunun ardınca töhmət alırsa, o zaman həmin deputat öz hüququnu necə qorumalıdır? – Bu, artıq ciddi bir sualdır. Hesab edirəm ki, bu sual bundan sonra hər zaman gündəmdə duracaq. Çıxışına, gündəlikdən kənar danışdığına görə millət vəkilinə qarşı çıxmaq, yaranan gərginliyə görə töhmət vermək həqiqətən sual doğurur. Hesab edirəm ki, bundan sonrakı mərhələdə istər Milli Məclis rəhbərliyi, istərsə də deputatlar məsələnin bu həddə qədər gəlib çıxmasına yol verməməlidirlər. Nə deputat bu səviyyədə inzibati cəza almalıdır, nə də rəhbərlik səlahiyyətindən istifadəyə üstünlük verməlidir. Çünki biz insanları alışdırmalıyıq ki, parlament ciddi müzakirə yeridir. Təki mübahisələr, gərginliklər parlament müstəvisində olsun, küçədə yox.Bu, cəmiyyətin özünə də faydalıdır. Belə olan təqdirdə, cəmiyyətdə də insanlar bir-birinə qarşı dözümsüzlüyü aradan qaldırır, daha xoşgörüylə münasibətlər tənzimlənir. Hər halda, bütün bunları deputatlar da, Milli Məclisin rəhbərliyində təmsil olunanlar da anlamalıdırlar. "Reytinq" qəzeti

12 İyul 2016 10:54

“Onun karyerasının sonlarıdır” – MÜSAHİBƏ

“İdmançılar Rioya turist kimi getmədiklərini bilməlidirlər” Faktinfo.az  Afina Olimpiya Oyunlarının qalibi, iki qat dünya çempionu və Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti Fərid Mansurovun AzNews.az-a müsahibəsini təqdim edir: - Fərid bəy, Olimpiya Oyunlarına yola düşəcək idmançılarımızla bağlı nə düşünürsünüz? - Təbii ki, lisenziya qazanan hər bir yunan-Roma güləşçisindən nəticə gözləyirik. Hazırda təlim-məşq toplanışındadırlar. İnanırıq ki, güləşçilərimiz həmişə olduğu kimi yenə vətənə yüksək əyarlı medallarla qayıdacaqlar. İstər Azərbaycan Güləş Federasiyası, istərsə də Gənclər və İdman Nazirliyi tərəfindən lazımi diqqət və qayğı göstərilir. Vaxtlı-vaxtında təlim-məşq toplanışları, yarışlarda iştirakları təmin olunur. Əvvəllər komandamız ancaq idmançılardan ibarət idi. Ancaq indi güləş komandamızın psixoloqu, həkimi, fizioterapevti var. Güləş millisi komanda kimi artıq formalaşıb. - Olimpiya çempionu, keçmiş idmançı olaraq kimin qızıl medal gətirəcəyini düşünürsünüz? - Konkret olaraq bu barədə nə isə deyə bilmərəm. Amma ora gedən güləşçilərin çoxundan medal gözlənilir. Mən əvvəldən proqnoz verməyi xoşlamıram. Kimin qismətində qızıl varsa, yaxşı hazırlaşıb, təlim-məşqlərdə yaxşı iştirak edibsə, o da qazanacaq. Ümid edirik ki, xəta-bəladan, zədədən uzaq olacaqlar. Bir sözlə hər biri qızıl medal almağa qadirdir. - Başqa kimin lisenziyaya layiq olduğunu düşünürdünüz? - Layiq olanlar artıq lisenziyalarını alıblar. Kim layiq deyilsə, o da vəsiqə qazana bilməyib. Bu idmanda hər şey haqq-ədalətlə olur, hər bir güləşçiyə də şans verilir. - Bəs sizcə, güclü olduğu üçün deyil, bəxti gətirdiyindən lisenziya alan varmı? - Ümumiyyətlə, idmanda sırf bəxti gətirmək fikri ilə razı deyiləm. İdmanda bəxt idmançının seçdiyi düzgün yoldan aslıdır. Əgər idmançı düzgün yoldadırsa, dügün məşq prosesləri keçirsə, hər bir şeyi qaydasında edirsə, o zaman idmançının şansı da olacaq, medal da qazanacaq. - Rövşən Bayramov sizin güləşdiyiniz vaxtdan idmandadır. 2 dəfə olimpiya oyularının bürünc mükafatını qazanıb. Bəs o, olimpiadada bu dəfə nə edə bilər? - Rövşən Bayramov artıq 3-cü olimpiadadır ki, iştirak edir. Deyərdim ki, Bayramov güləşçilər arasında ən stabil nəticə verən idmançıdır. O, 2 olimpiadadan gümüş medal qazanıb. Yəni 2 dəfə qızılın bir addımlığında olub. İnanırıq ki, 3-cü dəfə çıxış etdiyi Olimpiya Oyunlarından finala yüksəlib, qızıla layiq olar. Rövşən başa düşür ki, artıq hardasa karyerasının sonlarıdır. Bu şansdan yaxşı istifadə etməlidir. Özü bunu bir idmançı kimi çox gözəl başa düşür. - Bayaq dediniz ki, heyətə idmançılarla yarış öncəsi söhbət üçün prixoloqlar da cəlb olunub. Bəs psixoloqların idmançıların psixoloji durumu, psixoloji hazırlığı ilə bağlı fikirləri nədir? - Hər şey qaydasında gedir. Təbii ki, vaxt daraldıqca gərginlik daha da artır. Amma psixoloqların da işi ondan ibarətdir ki, idmançılarda bu gərginliyi aradan qaldıra bilsin. Onların öz yanaşması var. - Bir peşəkar kimi Olimpiya Oyunları öncəsi hansı idmançıda daha çox həyəcan hiss edirsiniz? - Həyəcan nəinki idmançılarda, bütün komandada var. Biz sıradan bir yarışa getmirik ki, deyək udsam udaram, uduzsam da olsun, növbəti il qalib gələrəm. Bu, 4 ildən bir keçirilən yarışdır. Burada şansını qaçıran hər bir idmançı daha 4 il gözləməldir. Dörd il yenidən əziyyət çəkib hazırlaşmalıdır. Ona görə də bir az onun həyacanı, bir az çəki salma prosesləri var. Bunlar da üst-üstə yığılır, həm idmançılarda, həm məşçilərdə, həm də federasiya rəhbərliyində həyəcan yaradır. - Həsən Əliyev lisenziya qazana bilmədi. Sizcə, onun vəsiqəni təmin edə bilməməsində səbəb nə idi? - Bildiyiniz kimi, Həsən Əliyev Avropa və Dünya çempionudur. London olimpiadasının da iştirakçısıdır. Bu, idmandır, idman həyatında da hadisələr baş verə bilər. Təbii ki, lisenziya qazana bilməməsində problem Həsənin öznüdədir. Amma o özü də bunu normal qarşılamamlıdır. Bu dəfə lisenziya qazanmaqda şans ondan yana deyilmiş. Həsən Əliyev də uşaq deyil, məşqlərini davam etdirməlidir. Yəni, həyat bununla bitmir. - Əvvəldən proqnoz vermək istəmədiyinizi dediniz. Amma yenə də soruşmaq istərdim. Güləşçilərimiz təxminən neçə medal qazana bilər? - Əvvəlcədən də dediyim ki, hamısından medal gözləyirəm. Əgər idmançılar olimpiadaya hazırlaşır, yarışa yollanırlarsa, həmin ölkəyə turist kimi getməli deyillər. İdmançılar da bunu yaxşı başa düşürlər, bilirlər ki, Rionu gəzmək xatirinə getmirlər. Onlar yaxşı dərk edirlər ki, Rioya medal dalınca gedirlər. Qələbə qazanmağa, bayrağı qaldırıb himni səsləndirməyə gedirlər. - Fərid bəy, bir vaxtlar millidən uzaqlaşmış, keçmiş komanda yoldaşınız Elçin Əliyev yenidən idman qayıdıb. Məşqləri yenidən alınırmı, adaptasiya ola bilibmi? - Alınır deyəndə ki, Elçin Əliyev güləşini davam etidirirdi. O, idmandan tamamilə getməmişdi. Sadəcə olaraq yığma komandaya Rövşən Bayramova hazırlıqda kömək etməsi üçün cəlb olunub. Lakin o, idmanı tərk etməmişdi, öz idman cəmiyyətində məşqlərini davam etdirirdi.

11 İyul 2016 2:44

“Öz övladlarına belə acımayan “cani”lərə çevrilirlər…”

Faktinfo.az "Qafqazinfo”-a istinadən psixoloq Gülər Əsədovanın mərc oyunları ilə bağlı kiçik müsahibəsini təqdim edir: - Hazırda bütün dünyanın gözü Avropa Çempionatındadır. Bu məqamda gündəmdə olan azarkeşlərin sevimli komandalarına dəstək üçün, eyni zamanda pul qazanmaq üçün mərc oyunlarına aludə olmasıdır. Bir psixoloq kimi necə düşünürsüz pul qoymaq xəstəlikdir, yoxsa əyləncə? - Dünyada müxtəlif yarışmalar keçirilir. Bunların hamısı təqdirə layiqdir, lakin hər bir azarkeşliyin həddi var, bizə, ailələrinə, cəmiyyətə zərər verəcək həddə çatdırmamalıyıq. Nəzərə alsaq ki, media və TV-lərdə eşitdiyimiz xəbərlər, onlarla bədbəxt hadisələr bizə diqqətli olmağı xəbərdarlıq edir. Ümumiyyətlə, mərcə pul qoymaq xəstəlikdir. Mən öz təcrübəmə əsaslanaraq belə insanlarla çox ünsiyyətdə oluram və gözəl tanıyıram. Bu insanlar bir-birilərinə bənzərlik təşkil edirlər. Mərcə pul qoyan insanlar nə ailəsini, nə valideynlərini, nə də övladlarını düşünür. Hər dəfə “bu dəfə udaram, mən deyən olar, sondur” fikirləri ilə özlərini aldadırlar. Xasiyyət cəhətdən çox peşəkar yalan danışa bilirlər, onlar üçün belə şey adi haldır, bu hallar daha çox savadlı və dünyagörüşlü insanlarda özünü biruzə verir. Zamanla sevgidən tam uzaq, mərhəmətsiz, insanı keyfiyyətləri olmayan insanlara çevirilirlər. Doğmalarının, hətta öz övladlarına belə acımayan “cani”lər olmağa başlayırlar. Həyatlarını isə bu ani həyəcanlara qurban verirlər. Mən tam 5 ildir ki, bu xəstəlik üzərində çalışıram, belə düşünürəm ki, belə insanlar “iz qoymayan canilərdir”. Doğmalarının əziyyət çəkməsindən zövq alırlar, işıqlı dünyada qaranlığı seçməyə çalışırlar. - Heç olub ki, sizə məhz bu mərc oyunları xəstəliyindən xilas olunmaq üçün müraciət etsinlər? - Futbola, at yarışlarına, “forex”ə, topazlara və digər azartı oyunlara hesab qoyub, bunu verdiş halına çevirənlər az olsa da psixoloqlara müraciət edirlər. Onlar ünsiyyətdə olarkən özlərini ağıllı və şanslı hesab edirlər. Bu isə özünü sakitləşdirmək metodundan başqa bir şey deyil. Bu zəncirvari oyun bütün ailəni və yaxınlarını uçuruma sürükləyir. Özlərini və yaxınlarını borcdan xilas etmək üçün bank kreditlərinə əl atırlar, bu dəfə isə banka borclu olur. Beləliklə, bataqlıq davam edir. Nəhayət ki, tək azarkeş özüylə birgə ailəsini də cəhənnəmə sürükləyir. Belə insanların ailələri ilə də tanış olmaq şansını əldə edirik. Qeyd edim ki, bu tipli xəstələr utanmaq və əxlaq duyğularını itirdiklərinə görə əziyyəti ailəsi, övladı çəkir. - Sizcə, son zamanlar ölkədə artan intiharların bir səbəbi də mərcdəki şanssızlıq, uğursuzluq ola bilər? - Son zaman mediada belə şeylərlə rastlaşırıq. Özünü asan, öldürən, müxtəlif üsullarla özünə qəsd edən, təbii ki, böyük faciədir. Hazırda ölkənin rifahını düşünmək lazımdır. Düşünürəm ki, təbliğat məktəbdən başlamalıdır. Əlbəttə, statistika göstəricilərində, xəbərlərdə mərc oyunlarına görə canına qəsd edənlər barədə məlumatlar əks olunur. Bəlkə də, faiz göstərici çox ola bilər. Minimuma endirmək lazımdır. Sonda bildirmək istəyirəm ki, bəzi şeylərin təkrarı yoxdur. Həyat, sevgi və ömür kimi... Bizə verilən bu gözəllikləri həyəcanlara qurban verməyin.

10 İyul 2016 3:24

“Plagiat elmi işlər olur, danmıram” – Müsahibə

Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylunun AzNews.az-a müsahibəsi: – Möhsün müəllim, Dilçilik İnstitutunun əsas missiyası nədir? – Dilçilik İnstitutu Azərbaycanda yaranan elmi-tədqiqat institutlarından biridir. Elmlər Akademiyası yaranandan onun tərkibində Dilçilik İnstitutu fəaliyyət göstərir. Müəyyən vaxtlarda - 50-ci ildə Ədəbiyyat İnsitutu ilə birlikdə, 1969-cu ildən isə müstəqil fəaliyyətə başlayıb. – Konkret demək mümkündürmü ki, bu gün Dilçilik İnstitutu nə işlə məşğuldur? – Azərbaycan ədəbiyyatının tarixi, müasir Azərbaycan dili, Azərbaycan dilinin tarixi qrammatikası, başqa dillərlə əlaqəsi və s. Bu işlərlə məşğuldur. Aydınlıq üçün deyim ki, bizim institutda hazırda 13 şöbə var. Bu şöbələrin fəaliyyətini dilə gətirsək mənə elə gəlir, Dilçilik İnstitutunun əsas istiqamətlərinin müəyyən olunmasına kömək edə bilər. – Buyurun... – Ən böyük şöbələrdən biri müasir Azərbaycan dili şöbəsidir. Bu şöbənin özü 1945-ci ildən fəaliyyətə başlayıb. Əsas vəzifəsi Azərbaycan dilinin elmi qrammatikasını hazırlamaqdır. 50-ci illərdə Azərbaycanda dilçilik elmi doğrudan da çox inkişaf edib. Məsələn, Muxtar Hüseynzadə, Səlim Cəfərov, Əbdüləzəl Dəmirçizadə, Məmmədağa Şirəliyev, Yusif Seyidov və s. Bunlar Azərbaycan dilçiliyinin nəhəng simalarıdır. Hərəsinin də öz sahəsi olub. Muxtar Hüseynzadə daha çox morfologiya, Səlim Cəfərov leksika, Məmmədağa Şirəliyev dialektologiya, Dəmirçizadə isə dil tarixi ilə məşğul idi.Dilçilik İnstitutunda Azərbaycan dilinin tarixi şöbəsi də var. Bizim ana kitabımız “Dədə Qorqud”dan başlayaraq yazılı abidələrimizin dilini və klassiklərimizi öyrənir. Tutaq ki, bizdə Nəsiminin dilinə aid ayrıca araşdırmalar var. Eyni zamanda Qazi Bürhanəddinin, Füzulinin, Vaqifin dili haqqında və s. Ən qədimdən başlayaraq yazılı ədəbiyyatımızın əsas qaynaqları və dilləri məhz bu şöbədə öyrənilir. İndi həmin şöbədə Azərbaycan dilinin tarixi lüğətinin birinci cildi nəşrdədir, ikinci cildini isə tamamilə hazırlamışıq. Qədim şöbələrdən biri də Azərbaycan dialektologiyası şöbəsidir. İlk rəhbəri Məmmədağa Şirəliyev olub. Hazırda bu şöbə olduqca səmərəli fəaliyyət göstərir. Keçən il bizdə Naxçıvan dialektoloji atlası tərtib olundu və çox böyük rezonans doğurdu. Türk alimləri ona yüksək dəyər verdilər. Həmin atlasda Naxçıvada yerləşən bütün məntəqələrinin dilləri, fonetikası, leksikası və morfologiyası öz əksinin tapıb. – Bəs necə düşünürsünüz, Qarabağın da dialektoloji atlasının hazırlanmasına ciddi ehtiyac yoxdurmu? – Əlbəttə, böyük ehtiyac var. Həmin şöbə bu ildən Qarabağın dialektoloji atlasını hazırlamağa başlayıb. Bu günlərdə 6 nəfərlik heyət bir həftəlik Füzuli rayonuna getmişdilər. Çox böyük təəssüratla qayıtdılar. Füzulidə 46 yaşayış məntəqəsində olublar, sakinlərlə görüşüblər və onların dil materiallarını toplayıblar. Deyim ki, bizdə lüğətçilik şöbəsi də fəaliyyət göstərir. Hazırda bu şöbə tətbiqi dilçilik adlanır. İsmayıl Məmmədli lüğətimizin yeni təkmilləşdirilmiş variantı üzərində işləyir. Bundan əlavə dilimizə yenicə daxil olmuş sözlərin lüğəti hazırlanmaqdadır. – Digər şöbələr hansılardır? – Nəzəri dilçilik və terminologiya və türk dilləri şöbələrimiz də var. Eyni zamanda terminologiya komissiyası, həm də ayrıca çap olunan “Terminologiya” jurnalı fəaliyyət göstərir. Bilirsiniz ki, Azərbaycan dili türk dillərinin oğuz dil qrupuna daxildir. Türk dilləri şöbəsində dilimiz başqa türk dilləri ilə müqayisəli şəkildə araşdırılır.Bildiyimiz kimi, 2013-cü ilin aprelində ölkə prezidentinin sərəncamı ilə Azərbaycan dilinin qloballaşma dövründə zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı qəbul olundu. Və bu proqram bizim qarşımıza böyük vəzifələr qoydu. Sosiolinqvistika və dil şöbəsi də yaradıldı. Hind-Avropa dilləri şöbəsi də var. Eyni zamanda yeni yaranmış Qədim dillər və mədəniyyətlər şöbəsi də fəaliyyət göstərir. Burada şummer, akkad və hətta qədim erməni dili də öyrədilir. Bunun əhəmiyyəti çox böyükdür. – Qədim erməni dili deyəndə nəyi nəzərdə tutursunuz? – Müasir yox, qədim qrobar dilini deyirəm. – Maraqlıdır, qədim erməni dilinin tarixi hara gedib çıxır? – Tarixi eramızdan əvvələ aiddir. Bu dili öyrənərkən məlum olur ki, qədim erməni dili strukturuna görə quraşdırmadır. Bu dilə kürd dilinin böyük təsiri var, eyni zamanda türk dilinin təsiri hiss olunur. 1902-ci ildə məşhur erməni alimi Açaryanın kitabı çıxıb. Bu kitab erməni dilinə daxil olan türk mənşəli sözlərdən ibarətdir. Ona görə də erməni dilini öyrənmək əslində, öz dilimizin dərin qatını öyrənməkdir.Daha sonra İnstitutda Kompüter dilçiliyi fəaliyyət göstərir. Burada Azərbaycan dilinin ümumi bazasının yaradılmasını düşünülür. Yəni Azərbaycan dili haqqında 300-400 səhifəlik material elektron məkana yerləşdirilir. Beləliklə, istənilən şəxs Azərbaycan dilinin leksikası, fonetikası və sintaksisi haqqında məlumat əldə edə bilir. – Proses yekunlaşıbmı? – Xeyr, amma yekunlaşmaq üzrədir. Bu şöbənin ikinci sahəsi Azərbaycan dilçiləri haqqında olacaq, qədim dövrlərdən başlayaraq indiyə qədər. Eyni zamanda Azərbaycan dili ilə bağlı bütün tarixi sərəncam və fərmanlar nəşr olunacaq. Səfəvilər dövründən başayaraq Xalq Cümhuriyyəti dövrü daxil olmaqla, Sovet dövründə, müstəqillik illərindəki fərman və sərəncamlar yığılacaq.Mənə elə gəlir, bu şöbə olduqca aktual işlər görən şöbələrdən biridir.Yeni açılmış şöbələrimizdən biri isə Monitorinq şöbəsidir. Müasir dövrdə elanlar, afişalar, reklamlar bizim məişətimizə daxil olub. Bunlarda isə adi orfoqrafiya qaydaları, dil xüsusiyyətləri pozulur. Bu mənada şöbəmizin əsas iş prinsipi monitorinqlər, treninqlər keçirməkdir, ədəbi dilin normalarının pozulmasının qarşısını almaqdır. – Möhsüm müəllim, uzun zamandır reklamların, afişaların dili ilə bağlı maarifləndirici işlər aparılır. Amma konkret nəticə yoxdur. Azərbaycan dilinin qayda-qanunları reklamlarda, afişalarda yenə də pozulur. Bunların qarşısını almaqdan ötrü daha ciddi ölçü götürmək olmazmı? Məsələn, cərimələmək necə fikirdir? – Siz bizim yaralı yerimizə toxundunuz. Bu yaxınlarda mən Elmlər Akademiyasının Rəyasət Heyətində Azərbaycanda dil siyasəti ilə bağlı məruzə elədim. Həmin məruzədə bu məsələyə də toxundum. Bir sıra ölkələrdə, məsələn, Latviyada dil normalarının pozulamsına görə cəza tədbirləri görülür. Mən düşünürəm bizim ölkədə də belə bir problemi gündəmə gətirmək vacibdir ki, dil normaları pozulduğuna görə inzibati cəza tədbirləri görülsün. Hesab edirəm ki, onda daha yaxşı təsiri olacaq. – Yaxınlarda metro stansiyalarından birində divarda yazılmışdı ki, 7 yaşından yuxarı uşaqlara kart vurun. – Görürsünüzmü, normalar necə pozulur?! Adicə küçələrdə yazılır ki, narahatçılığa görə üzr istəyirik. – Əslində isə “narahatlıq” olmalıdır. – Bəli... Hətta dil normalarımız televiziyalarda da kobud şəkildə pozulur. Qaynana yazırlar. Amma qayınana olmalıdır. Belə olduqda uşaqlar da çaşbaş qalırlar. Bilmirlər qaynana düzgündü, yoxsa qayınana?! Elə restoranlar var ki, orada lövhə yalnız ya ingilis, ya da rus dilindədir. Eyni zamanda mağazaların adları da. Bu barədə biz bir dəfə Respublika konfransı da keçirdik, ora müvafiq qurumları da dəvət etdik. Məsələ yuxarı səviyyədə həll olunmalıdır. Amma ən yaxşı yollarından biri doğrudan da inzibati cəza tədbirləridir. – Bayaqdan Dilçilik İnstitutunun şöbələrini saydınız. Bildirdiniz ki, institutda xeyli işlər görülür. Bəs niyə Dilçilik İnstitutunun adı mətbuatda daha çox qalmaqallı hadisələrdə hallanır? Məsələn, rəhmətlik Tofiq Hacıyevin vaxtında problemlər oldu, sonra isə professor Qulu Məhərrəmli... – Düzü, mən o məsələyə toxunmaq istəmirəm. Çünkü bunlar görülən işlərin arasında olduqca cüzi bir şeydir. Onlara əhəmiyyət vermək lazım deyil. Bura Akademiyadır, elmi müəssisədir, burada alimlər çalışırlar. Bizim işimiz dövlət səviyyəsində əhəmiyyət daşıyır. Ana dili millətin varlığıdır. Ölkə prezidenti keçən il Akademiyanın 70 illiyinə həsr olunmuş xüsusi yığıncağında ana dilinin saflığı məsələsinə toxundu. Siz görürsünüzmü prezidentimiz ana dilində necə də gözəl və səlis danışır, yaxud da ulu öndərimiz necə də gözəl sözlər tapırdı, işlədirdi. Bilirsiniz ki, bu il ölkəmizdə multikulturalizm ilidir. Amma multikulturalizmə türklər çoxkültürlülük deyirlər. Yəni dilimizi özünün daxili imkanları sayəsində inkişaf etdirməyimiz daha məqsəduyğun olardı. – Bayaq görkəmli dilçilərin adlarını çəkdiniz. Muxtar Hüseynzadə, Səlim Cəfərov və s. Bəs son illərdə gənc dilçilərimiz də yetişirmi? Məsələn, cavan dilçilər arasında gələcəyin Tofiq Hacıyevini görürsünüzmü? – Ad çəkmək istəmirəm, amma çox ümidverici gənclər var. Mən bura rəsmi olaraq keçən ilin dekabrında gəlmişəm. Həmin gənclərin elmi işləri ilə tanış oluram. Kiminsə adını çəkib başqasını deməsəm inciyərlər. Amma İnstitutumuzda ümidverici gənclər var. Gələcəyin Ağamusa Axundovu, Tofiq Hacıyevi yetişir. - Bəs plagiat dissertasiyalar, elmi işlər haqqında nə deyə bilərsiniz? Yaxud, kimsə dilçi alim olmaq üçün pul verib başqasına elmi iş yazdırır. Belə hallara necə baxırsınız? – Dayaq haqqında danışdığımız dövlət proqramında antiplagiat dissertasiya məsələləri də var və bu da institutumuzun qarşısına qoyulmuş işlərdəndir. Antiplagiat sisteminin yaradılması sahəsində artıq işə başlanılıb və müəyyən işlər görülüb. Təbii ki, əvvəllər belə hallar daha çox olub... – İndi yoxdurmu? – Müasir dövrdə də plagiat dissertasiya işlərinə rast gəlmək mümkündür. Təbii, zəif işlər də olur, plagiat işlər də olur, mən bunları danmıram. Ancaq təsadüfi hallar qarşımıza çıxır, az-az rast gəlinir, kütləvi deyil. Antiplagiat sistemi isə bu kimi işlərin qarşısını mütləq şəkildə alacaq. – Deyirsiniz ki, plagiat nadir hallarda olur, amma mənə elə gəlir, əksinə, son zamanlar daha da kütləviləşib. – Yox, səhv düşünürsünüz! Buna qarşı ciddi şəkildə mübarizə aparılır. Biz - Müdafiə şuraları hər bir işə ciddi yanaşırıq, şəffaflıq, elmi səviyyə gözlənilir. Mən şəxsən hesab edirəm ki, plagiat məsələsi kütləvi şəkil almayıb, ala da bilməz! Çünki bu məsələ birinci növbədə bizdən asılı olan bir şeydir. Amma qeyd edim ki, qədim vaxtlarda da bu cür hallar - plagiatlıq olub. – Məsələn... – Tutalım, Füzuli nə üçün bu təxəllüsü götürmüşdü? Ona görə ki, heç kim onun təxəllüsü və şeirlərini oğurlamasın. Axı Füzuli sözünün mənası boşboğaz deməkdir. – Möhsün müəllim, hazırda Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri kimdir? – Əvvəllər - təzə yaranan vaxtlar bu şöbənin müdiri Həbib Zərbəliyev idi. Ancaq o, bir müddətdən sonra özü ərizə yazıb işdən çıxdı. Sonra professor Qulu Məhərrəmli gəldi. Lakin yaxınlarda o da öz ərizəsi ilə işdən ayrıldı. Hazırda isə Sevinc Əliyeva müdir vəzifəsində çalışır. – Şöbə yaranandan iki müdiri olub, ikisi də öz ərizəsi ilə işdən gedib. Görəsən, Sevinc xanım nə vaxt ərizə yazıb gedir? – Yox... (gülür) Onların bu şəkildə işdən çıxması tamamilə təsadüfi haldır. – Amma qalmaqallı məhkəmə prosesi ərəfəsində Qulu Məhərrəmlinin ərizə yazıb işdən çıxmasını təsadüf kimi qiymətləndirməyənlər də oldu. – Başqa cür düşünənlər ola bilər. Amma Qulu Məhərrəmli öz ərizəsi ilə azad olunub. Tam səmimiyyətimlə deyirəm ki, burda başqa söhbət ola bilməz! Qulu müəllimin işdən çıxmasının dediyiniz məhkəmə məsələsi ilə heç bir əlaqəsi yoxdur. O, işlərinin çoxluğu ilə bağlı getməli olduğunu dəfələrlə demişdi. Hətta mətbuata da açıqlama vermişdi ki, Tofiq Hacıyevdən sonra burada işləməyə dəyməz. Bəs bu faktı niyə demirlər?

8 İyul 2016 2:58

“Xaqani Məmmədov günahkardısa, gəlin, onun başını kəsək” –Rövnəq Abdullayev

“Bu gün PFL-in ötən 4 ildəki işinə qiymət verildi. Seçkilər oldu və Ramin Musayev bu vəzifəyə seçildi”. Bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib. Bu gün Peşəkar Futbol Liqasının (PFL) prezident seçkiləri keçirilib və yeganə namizəd Ramin Musayevin qarşıdakı 4 il ərzində bu postda qalması təsdiqlənib. AFFA rəhbəri iclasdan sonra təşkil edilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Çətin də olsa, PFL-lə birlikdə yüksək səviyyədə çempionat keçirmişik. Ən əsası, ədalətli olub. Eyni zamanda ədalətli hakimliyimiz olub. Hakimliyin keyfiyyətini qaldırmaq üçün işlər görürük. Onlar hər il ən yüksək səviyyədə 2 toplanış keçirlər. Mən PFL-ə tövsiyələrimi verdim. May ayında Qəbələdə 8 klubun iştirakı ilə böyük turnir keçirəcəyik. İstəyirik gözəl turnir keçirək, mükafat fondu qoyaq. AFFA-nın İcraiyyə Komitəsinin qərarına görə, gələn mövsümə ən azı 4 komanda lisenziyaya cavab versin ki, Premyer Liqaya keçə bilsin. İstəyirik, növbəti mövsüm ən azı 10 komandalı çempionat keçirək”. – Yalnız Ramin Musayevin namizəd olacağını gözləyirdiz? – Gözləyirdim. İlk dəfədi ki, Avrokubokda 3 klubumuz normal oyun sərgilədi. Hamısına uğurlar arzu edirik. Uğurları davam etsin, bizə də futbol bayramı qismət olsun. – AFFA və PFL prezidentliyinə namizəd olmaq üçün cəsarətdən başqa nə lazımdı? – Bu, böyük cəsarət tələb etmir. Mən istərdim ki, alternativ olsun. Belədə seçkilər daha maraqlı keçər. Namizədliyini verən yoxdusa, mən nə edə bilərəm? – Hakimlərimiz son toplanışı ölkə daxilində keçirdilər. Bunun səbəbi nə oldu? – Hakimlərimiz yayda Bolqarıstana gedəcəklər. Qışda hava ilə bağlı getmirlər. Üstəlik, həmin vaxt komandalar da olmur. – Xaqani Məmmədovun yerinə nə zaman namizəd olacaq? – Hakimlərin səhvində Xaqani Məmmədov günahkardısa, gəlin, onun başını kəsək. Avropa çempionatında hakim səhvləri olur, onları güllələmək lazımdı? Yoxsa, Kollinanı? Əsas odu ki, hakimlər qərəzli olmasın. Qərəzli idarəçilik artıq yoxdu. Mərc oyunları Avropada baş alıb gedir. Gülməli şeylərə pul qoyuluşu edir. Belə hal olsa, həmin şəxs məsuliyyətə cəlb olunmalıdı. – Dövlət Proqramının vaxtı bitib. Yeni proqram hazırlanacaqmı? – Proqram hazırlamışıq. 2020-2025-ci ilə qədərki qısa proqram olacaq. Futbol tarixində ən vacibi 2020-ci ildi. APAsport.az

5 İyul 2016 12:41

“Onlar çirkin oyunlar oynayır, amma unutmasınlar ki,…” –Milyonçu Mübariz Mənsimov hansı məmurları hədələdi? (VİDEO)

"Biz küllərdən yenidən doğulub çıxan insanlarıq. Ən aşağı düşüb yenidən zirvəyə qalxa bilərik. Bizi heç bir qüvvə qorxuda bilməz". Faktinfo.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ANS-in Türkiyə bürosunun müxbiri Pərviz Sultansoya müsahibəsində bildirib. Pərviz Sultansoyun “Mübariz Mənsimov iflas dərəcəsinə çatıb. Nə baş verir? Həqiqətən də Mənsimov iflas olub?” sualına azərbaycanlı iş adamı belə cavab verib: – Dünyanın hər bir yerində qlobal bir kriz var – Azərbaycanda da, Türkiyədə də, Amerikada… Sözsüz bu kriz Palmali Şirkətindən də yan keçməyib. Lakin bu demək deyil ki, biz iflasa uğramışıq! Palmali bu gün də dünyada ən böyük dənizçi şirkətlərindən biridir. Sadəcə olaraq biz fəaliyyətimizin istiqamətini dəyişərək kənarda olan digər fəaliyyət növlərimizə və yan şirkətlərimizə yox, əsas işimiz olan gəmiçiliyə önəm verməyə başlamışıq. – Bəs onda bu qara piarın sifarişçisi kimdi sizcə? – Bizim içimizdə bir qısqanclıq var. Bu gün bu qısqanclıqları aşmalıyıq. Əgər bir azərbaycanlı iş adamı varsa, ona dəstək olmaq lazımdır. Ucuz sifarişlərlə, qara piarlarla məşğul olan insanları sadəcə gülərək keçirəm. Bu cür işlərlə məşğul olanlar bu gün Azərbaycan Prezidentinin yürütdüyü siyasətə zidd hərəkət edən və sərbəst rəqabətin qarşısını kəsən insanlardır. Bu gün mənə və şirkətimə qarşı yönələn ittihamlar sadəcə olaraq bir neçə Azərbaycan məmurunun qara piarıdır. Mən çox gözəl bilirəm bunlar kimlərdi… Təəssüf ki, onlar çirkin oyunlar oynayır. Amma unutmasınlar ki, bu gün onlar əsassız sözlərlə məni ittiham edirlərsə, sabah mən əlimdə olan beynalxalq media resurslarla onların çirkin işləri haqqında real sənəd və dəlilləri ortaya çıxara bilərəm. Sözsüz ki, mən belə çirkin oyunlar oynamıram, amma hər şeyində bir həddi var. Mənim 4 uşaqım var və bu gün qızım məndən qara piarda yazılanlar haqqında soruşanda mən məyus oluram, bilmirəm nə cavab verim. Belə vicdansızlıq olmaz! Belə qara piardan axı Azərbaycan nə udacaq. Yazırlar ki, mən iflasa uğramışam – axı Azərbaycanın dünya miqyaslı, adlı-sanlı iş adamları olan Mübariz, İskəndər, Telman, Aqalarov və s. iflasa uğrasa Azərbaycan bundan nə qazanacaq? Bunu yazanlar və ya sifariş edənlər bir dəfə olsa belə güzgü qarşısında durub özlərinə sual versinlər ki- “Mən Azərbaycan üçün nə etmişəm? Mənim Vətənim Azərbaycan üçün onlar nə ediblər? Təəssüf ki, belələri yalnız dağıda bilirlər…” Gənc kadırların yetişəcəyini, gənc iş adamlarının sayının daha da artacağını söyləyən azərbaycanlı iş adamı bu prosess daimidir və bunun qarşını heç bir qara qüvvənin ala bilməyəcəyini qeyd edib. Bunlar bizə qarşı yox – Azərbaycanın başçısı olan möhtərəm Prezident İlham Əliyevin siyasətinə qarşı çıxış edirlər. Baxın, mən o gün İtaliyada idim və orada da Azərbaycanda tədbiq olunan Asan sistemindən danışırdılar. Dünyada misli olmayan bu struktur bu gün Azərbaycanda Prezidentin korrupsiya ilə mübarizə siyasətinin bariz nümunəsidir. Cənab Prezident Ulu Öndərimiz Heydər Əliyevin düzgün siyasətini həyata keçirməkdə davam edir və bu yoldan kənarlaşan hər bir kəs xəyanətkardır. Bir neçə il əvvəl biz heç xəyalımıza gətirə bilməzdik ki, Bakıda Formula 1 yarışları, Avropa oyunları və digər beynəlxalq tədbirlər keçirilə bilər. Biz, xaricdə yaşayan azərbaycanlılar Prezidentin bu əməllərinin nəticəsini aydın görürük və gürur duyuruq. İn şa Allah qısa müddətdən sonra Qarabağ və digər torpaqlarımız da qayıdacaq. Yazıllar ki, Palmali İŞİD-lə əməkdaşlıq edir – bu nə cəfənqiyyatdı. Nə İŞİD, nə Kürd nə də ki, digər siyasi qüvvələrlə mənim əlaqəm olmayıb və olmayacaq. Mənim balalarım var və sözsüz ki, məndə bütün normal insanlar kimi terorizmə nifrət edirəm. Adam necə də cahil ola bilər. Axı bu günki şəffav dünyada ən ciddi biznes sferası olan neft daşıyan gəmilər beynalxalq nəzarət altındadır. Onlara tövsiyəm budu – internetdə Ship History şəbəkələrini tapsınlar və dəqiqəsinə qədər görsünlər ki, bizim gəmilər hansı dənizlərdə üzür və kimin neftini daşıyır. Axı Swiss Bank, Deutsche Bank, European Bank for Reconstruction and Development, BNP Paribas Bank və digər beynəlxalq maliyyə institutları Palmali ilə necə əməkdaşlıq edir, bizə bu günə qədər necə kreditlər verillər. Bu savadsız insanlara mənim sadəcə yazıqım gəlir. – Azərbaycanda son Prezident seçkiləri zamanı xaricdə yaşayan Abbas Abbasov və bir sıra digər varlı azərbaycanlı iş adamları Ilham Əliyevə qarşı təşkil olunan milyarderlər qrupunu yaratdılar. Mübariz Mənsimov isə bu qrupa qoşulmadı və indi isə niyəsə Abbas Abbasovun adını Mübariz Mənsimovun yanında səsləndirirlər… – Tamamilə düz deyirsiz. Mən Abbas Abbasovu keçmiş Baş Nazirin müavini kimi tanıyıram. O ki qaldı Prezidentə qarşı hansısa hərəkətlər, bu, bizim ailəmizin tərbiyəsinə ziddir, biz bu yolun adamları olmamışıq, deyilik və heç vaxt olmayacayıq. Sözsüz ki, Azərbaycan dövləti bizə desə ki, biz dərnəklər yaradaq və ya Azərbaycançılıq ideyalarını təbliq edək və dəstək olaq, biz bunu məmnuniyyətlə etməyə hazırıq və hər zaman etmişik də, amma kimlərinsə sifarişi ilə Azərbaycana və ya onun layiqli vətəndaşlarına qarşı nəsə etmək bizlik deyil!. Bəli, mən Türkiyədə yaşayıram və burda vətənim üçün əlimdən gələni edirəm – minlərlə imkansız Azərbaycan ailələrinin balalarını burda oxutmuşuq, yüzlərlə Azərbaycandan gələn xəstələrə şəfa tapmağa yardımçı olmuşuq. lakin bunuda mənə irad tuturlar. Mənə Türkiyədə işləməyimi irad tuturlar. Mən Azərbaycanda işləyə bilmərəm – hərə özünə monopoliya yaradıb – işləməyə imkan belə vermillər. Lakin yaxşı hall budur ki, bu sahədə də Cənab Prezident İlham Əliyev reformalar aparır və sağlam biznesin inkişafına imkanlar yaradır. Məhz İlham Əliyevinin sayəsində bu gün də Azərbaycana inam var və bizdə, xarici iş adamları da Vətənimizə sərmayələr qoymaqda davam edirik. https://youtu.be/yEOJZs70A54 https://youtu.be/AN2H8eMa_Ps    

4 İyul 2016 10:42

Obama ilə görüşən azərbaycanlı həkim: – “Fürsətdən istifadə edib…”

Dünyanın ən məşhur beynəlxalq proqramlarından biri olan Elm və Texnologiya üzrə Qlobal Sammitdə ( GİST-2016) Azərbaycanı bu il “Hipokrat” Tibb Mərkəzinin icraçı direktoru Leyla Tağızadə təmsil edib. O, müəllifi olduğu “HealthBox” layihəsi ilə sammitin final mərhələsində iştirak edib. Leyla Tağızadə Modern.az saytının suallarını cavablandırıb. -Leyla xanım, ABŞ Dövlət Departamenti və Amerika Elmə Dəstək Assosiasiyası (AAAS) tərəfindən hər il keçirilən müsabiqədə final mərhələsində iştirak etdiniz. “HealthBox” layihəsi ilə təmsil olunduğunuz yarışmanın final mərhələsi necə keçdi, sizdə hansı təssüratlar buraxdı? - “GİST-İ Tech” yarışması ABŞ-ın Stanford Universitetində 2 günlük bir tədbir idi. Yarışma çox ciddi rəqabət mühitində keçdi. Ərizə verən 135 ölkədən yalnız 24-ü finala vəsiqə qazanmışdı. Çıxışlar beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilirdi. Hər birimiz çıxışdan qabaq Hollivud prodüserindən natiqlik məsləhəti aldıq. -“HealthBox” layihəniz final mərhələsində necə qiymətləndirildi, hansısa mükafata layiq görüldümü? - Bizim layihə sammitin əsas partnyoru olan “Founder İnstitute” tərəfindən yüksək qiymətləndirildi və biz işi davam etdirmək üçün Silikon Vadisində 4 aylıq proqrama dəvət aldıq. Eyni zamanda qardaş Türkiyə şirkətlərindən əməkdaşlıq haqqında təkliflər aldıq. - Final mərhələsinə ABŞ-ın hansı rəsmiləri qatılmışdılar? Barak Obama ilə görüş necə keçdi? - Hər bir finalçı Barak Obama və Con Kerrinin iştirak etdiyi sessiyaya vəsiqə qazandı. Finalda Dövlət Departamentindən olan Jonathan Margolis jüri qismində iştirak edirdi. ABŞ prezidenti Obama və dövlət katibi Con Kerri bu yarışmaya dünyanın müxtəlif ölkələrindən qatılan iştirakçları səmimi salamladılar. Onların çıxışı və bu yarışmaya, layihələrə dəstəyi iştirakçılara əlavə bir stimul idi. - Demişdiniz ki, Obama ilə görüşdə Dağlıq Qarabağ məsələsindən danışacaqsınız. Bu mümkün oldumu? -Layihəmiz müharibə zonasının əhalisinin tibbi xidmətlərə əlçatanlığından bəhs etdiyindən Dağlıq Qarabağ məsələsindən də danışdım. Torpaqların işğal nəticəsində yaranan qaçqın və məcburi köçkünlərə tibbi xidmətin faydasından bəhs etdim. - Finalda qalib hansı ölkələr oldu? - Yarşmanın finalında əsas yerlərə Banqladeş, Nigeriya, Keniyadan olan təmsilçilər seçildilər. - Sizin bu layihədən sonra hansısa yeni təkliflər gəldimi? - Layihəmizin təqdimatından sonra bir çox dünya investorları ciddi maraqlanmağa başladılar. İnvestorların bir çoxundan yeni əməkdaşlıq təklifləri almışıq. Hal-hazırda danışıqlar aparırıq. “SK telecom Americas”, “Life Science Angels” kimi şirkətlər əsas təklif aldığımız investorlardır. - Ümumiyyətlə, “GES 2016” və “GİST–İ Tech” kimi sammitlərdə iştirak etməyin özü sizin üçün nə deməkdir ? - “GES 2016” və “GİST–İ Tech”tədbirlərində iştirak etmək doğrudan da əvəzedilməz şans idi. Sammitin bu il ABŞ-ın Silikon Vadisi Stanford Universitetində keçirilməsi isə ikiqat fürsət idi. Sammitin iştirakçıları bu il bir çox əlavə fürsətlərdən də faydalana bildilər. Ümumiyyətlə Stanford-u ziyarət edərkən, ən ciddi və təkəbbürlü Stanford professoru sənin yaxanda “GES 2016” sammitinin nişanını görəndə, o dəqiqə sənə rəqabətlə və etimadla yanaşır, ürək açıqlığı və təəssüflə qeyd edir ki, bu il ərizə verməyinə baxmayaraq, sammitdə iştirak etmək üçün namizədliyi keçməyib. İlk öyrəndiyim bu xəbər məni doğrudan da təəcübləndirdi. Girişi Stanford-un tələbə və müəllimlərdən başqa hamıya qadağan edilən məşhur Stanford kitabxanası qapılarını bizim üzümüzə açdı və mən də fürsətdən istifadə edib, oranın fondundan faydalandım. - Bəs layihənizi Azərbaycanda hansı formada tətbiq etməyi düşünürsünüz? - Elektron hökümətin təşviqi hal-hazırda dövlət idarəçiliyi və daxili xidmətlərdə İKT-nın aktiv istifadəsini nəzərdə tutur. Bu istiqamət prezident İlham Əliyevin elektron hökumətin təşviqi haqqında son çağırışında da əks olunub. Bunları nəzərə alsaq, “Health Box” layihəsi Səhiyyə Nazirliyi, Rabitə və Yüksək Yexnologiyalar Nazirliyinin müvafiq proqramlarında tətbiq edilə bilər. Ümid edirik ki, əhalinin tibbi xidmətlərlə təminatını yaxşılaşdırmaq məqsədi ilə gələcəkdə bu nazirliklərlə əmakdaşlıq edə biləcəyik.

1 İyul 2016 9:16

İranın Azərbaycandakı keçmiş səfiri:“Rusiyayla İran heç vaxt müttəfiq ola bilməzlər” – Müsahibə

Bir zamanlar İranın Azərbaycandakı səfiri olmuş Əfşar Süleymaniylə söhbətimizin bu qədər maraqlı alınacağını təxmin etmirdim. Amma alındı. Etiraf edim ki, Əfşar bəy mənim bütün suallarımı diplomatiyanın imkan verdiyi çərçivədə kifayət qədər səmimi cavablandırdı. Təcrübəli İran diplomatıyla Azərbaycan-Türkiyə-İran əlaqələrindən tutmuş, İran-Rusiya müttəfiqliyinə, cənub qonşumuzun milli azlıqlar siyasətinə qədər bir çox məsələlər barədə etdiyimiz söhbəti Strateq.az oxucularına təqdim edirik: – Əfşar bəy, İran prezidenti Həsən Ruhani bu yaxınlarda İran konstitusiyasının 15-ci maddəsinə əsasən, ölkədə milli məktəblərin açılmasına başlanacağını bildirmişdi. Konstitusiyanın 15-ci maddəsi nələri ehtiva edir? – Konstitusiyanin 15-ci maddəsi deyir ki, fars dili İranın rəsmi dilidir və butun rəsmi yazılar fars dilində olmalıdır və eləcə də məktəblərdə və universitetlərdə butun dərsliklər fars dilində tədris olunmalıdır. Amma eyni zamanda ölkə vətəndaşlarının ana dilləri də məktəblərdə tədris edilə bilər. Bu maddə konkret olaraq hökümətin boynuna qoymayıb ki, ana dillərinin məktəblərdə tədrisinə birbaşa şərait yaratsın və bunu icra etsin. Amma Ruhani seçki kampaniyasında seçicilərə söz vermişdi ki, bu maddənin icrası üçün lazımi göstərişlər verəcək və bu istiqamətdə İranda yaşayan xalqların tələblərinin yerinə yetirilməsi üçün addımlar atacaq. Bunun üçün də o, İranın Xatəmi vaxtı milli təhlükəsizlik naziri olmuş Yunisini özünə müavin seçdi. Hər halda, bu 3 il ki Ruhaninin vaxtından keçir, dilin tədrisi məsələsi öyrənilib və sizin işarə etdiniz qərar ortaya çıxıb. Amma söhbət milli məktəblərin açılmasından yox, sadəcə ana dillərin tədrisi üçün mərkəzlərin qurulmasından gedir. Yəni bu mərkəzlər yaranarsa, ancaq dilin ədəbiyyatı və qrammatikası tədris olunacaq və başlanğıc olaraq yalnız Azəri türkcəsi və kürd dili, azərilər, yaxud türklər və kürdlər yaşayan rayonlarda tədris olunacaq. Mənim fikrimcə, bu proses həm uzun çəkəcək, həm də bu mərkəzlərin yaradılmasına çoxlu vəsait lazım olacaq. Amma bu addım tam olaraq 15-ci maddəyə də uyğun deyil. Çünki bu maddədə söhbət məktəblərdə ana dilinin tədrisindən gedir. Hazır məktəblər varkən, başqa mərkəzlərin açılmasına və əlavə büdcəyə də ehtiyac yoxdur. Sadəcə ibtidai məktəbin 1-ci sinfindən orta məktəbin sonuna qədər hər sinifdə dillərin, o cümlədən Azərbaycan dilinin tədrisi təşkil oluna bilər. Bunun üçün dərsliklərin və müəllimlərin hazırlanmasına start vermək üçün lazımi tədbirlərin görülməsi lazımdir ki, gələn ildən tədrisə başlansın. – Bildiyimə görə, 15-ci maddə konstitusiyaya yeni salınmayıb. İran İslam İnqilabının ilk dövrlərindən bu maddə mövcuddur. Bəs, bu günə qədər nə üçün bu maddə "gözəgörünməzliyi"ni qoruyurdu? – Əlbəttə, elədir, bu maddə 1980-ci ildən konstitusiyada var, sadəcə 8 il İraq-İran muharibəsi və hökumətlərin, müxtəlif orqanların fərqli düşüncələri, İslam Şura məclislərinin dəstəkləməməsi bu maddənin indiyədək icra olunmamasına səbəb olub. – İranın indiki hakimiyyətinin mövqeyinin zaman-zaman dini rəhbərliklə ayrıldığı müşahidə olunur. Ruhani hakimiyyətinin başlatdığı islahatlar yarımçıq qala bilərmi? – İnkişaf etməyən və hələ inkişaf yolunu keçən ölkələrdə, özəlliklə də müsəlman ölkələrində, o cümlədən İranda ümumiyyətlə islahatlar həmişə yarımçıq qalıb. Ən azından, məşrutiyyət inqilabından başlayaraq Müsəddiqin milli hərəkatıyla və İslam inqilabıyla davam edən islahatlar müxtəlif daxili və xarici səbəblər ucbatından yarımçıq kəsilib və bu proses həm İranda, həm də islam dünyasında və o olkələrdə ki, siyasi və iqtisadi azad rəqabət zəif gedir, davam edəcək. O cümlədən də bəzi Asiya, Amerika, Afrika ölkələrində, hətta Çində və Rusiyada… Dini rəhbərlə prezident arasında olan fərqli mövqelərə və fikirlərə gəldikdə, bunu deməliyəm ki, əslində dini rəhbər ifadəsi, məncə, düzgün deyil, çünki konstitusiyaya əsasən, dini rəhbər ölkənin birinci şəxsidir və bütün qüvvələr birbaşa və dolayısıyla ona tabedir və onun nəzarətindədir. – Dünya mətbuatında İran dini rəhbərinin yaxın zamanlarda dəyişdirilməsi ehtimalı da tez-tez gündəmə gətirilir. Allah hər kəsə şəfa nəsib etsin, bu ehtimalın reallaşacağı təqdirdə, dini hakimiyyətin də islahatçıların əlinə keçməsi mümkündürmü və bu islahatları daha da sürətləndirə bilərmi? – Əlbəttə ki, ömür Allah əlindədi və rəhbərin də səhhəti yerindədir, amma konstitusiyaya əsasən, belə durumlarda Xübrələr Məclisi yeni rəhbəri seçməlidir. Necə ki, keçmiş rəhbər rəhmətə gədəndən sonra həmin məclis indiki rəhbəri 27 il öncə seçdi. Xübrələr Məclisinin tərkibinə baxınca, sizin dediyiniz proqnozu ən azından indidən vermək olmaz. – İranın son zamanlar Yaxın Şərqdə fəallığı gözdən yayınmır. Maraqlıdır ki, Türkiyə də eyni coğrafiyada əks-qütbdə yer alır. Bölgənin iki böyük yerli gücünün Yaxın Şərq məsələsində ortaq mövqeyə gəlməsi, təbii ki, məzhəb müharibələrini də qismən səngidə bilər. İran bu sahədə hansısa addımlar atırmı? Siz təcrübəli diplomat kimi tərəflərə nə tövsiyə edərdiniz? – Əslində İranla Türkiyə arasında yalnız Suriya məsələsində fərqli mövqelər var, başqa məsələrdə o qədər də fərqli mövqelər sərgilənmir, ən azindan fərqli düşüncələrin və fərqli istiqamətlərin ikitərəfli əlaqələrə mənfi təsirinin qarşısını ala biliblər və əlaqələri daha artıq iqtisadi əməkdaşlıqlara yönəldiblər. Məncə, iki tərəf də bu istiqaməti daha da artiq gücləndirməlidirlər və region məsələlərinə daha real baxaraq, davamlı məsləhətləşmə aparmalıdırlar. İslam dünyasını bu durumdan çıxarmaq üçun və dostluqları gücləndirmək üçün başqa ölkələrlə də bu işi davam etdirməlirdilər. İqtisadi faktorlar, o cümlədən enerji faktoru bu məsələdə onəmli rol oynaya bilər. Məsəl üçün, Türkiyənin bir güclü şirkəti İran qazının Ərəbistana satılmasi üçün vasitəçi ola bilər və müştərək bir şirkət yarada bilərlər ki, bu proyekti irəli aparsınlar. Çünki Ərəbistan 2030-cu ilə qədər plan hazırlayıb və bu istiqamətdə İranın və Türkiyənin müsbət rolu ola bilər. Beləliklə, iqtisadi əlaqələrin güclənməsi İslam ölkələrini də gücləndirər, savaşlar dayanar, inkişaf tempi artar, güclü olkələr qarşısında söz sahibi ola bilərlər. Əlbəttə, bunun üçun daxildə demokratiyanın inkişafı və xarici siyasətdə birlik və rasional siyasətlər yürütmək lazımdır. – Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin İranla münaqişəsi regionda İsrailin mövqeyini daha da gücləndirir. Artıq sionist politoloqlar açıq etiraf edirlər ki, son zamanlardakı fəaliyyətlərilə "qonşularla 0 problem" məsələsini həll ediblər. Bütün bunlar isə islam dünyasının bir-birinin qanına susaması müqabilində baş verir. Niyə islam ölkələrini idarə edənlər bu mənzərəni görə bilmirlər? – İslam dünyasında demokratiyanın olmamasi və liderlərin milli maraqlardan çox, öz şəxsi maraqlarının düşünmələri bunun əsas səbələrindəndir. – Rusiya-İran münasibətlərinin perspektivinə necə baxırsınız? Bu gün iki ölkə regionda müttəfiq kimi çıxış edirlər. Amma fakt budur ki, ən azından, enerji maraqları baxımından bu iki ölkə həm də rəqibdirlər. Bu rəqabət gələcəkdə münasibətləri korlaya bilərmi? Belə bir ehtimal varsa, o zaman İranın öz perspektiv rəqibini gücləndirməsi nə dərəcədə doğrudur? – Ümumiyyətlə, İranın Amerikayla və Qərblə əlaqələrinin olmaması, yaxud zəif olması və Rusiyanın da həmin ölkələrlə problemli əlaqələri bu iki ölkəni yaxınlaşdırıb. Amma dediyiniz kimi, heç vaxt bu iki ölkə müttəfiq olmayıb və ola da biməzlər. Enerji rəqabəti ciddi problem olsa belə, yoluna qoyula bilər. Rusiyanın əsas nigarançılığı İranın Qərbə yönəlməsi və regionda güclənməsi, özünün isə zəifləməsi ehtimalıdır. – Azərbaycan-İran münasibətləri sizi qane edirmi? – Təbii ki, İran-Azərbaycan əlaqələri heç vaxt qaneedici olmayıb. Əlbəttə, Xatəminin prezidentliyi dövründə bu əlaqələr daha yaxşı olub, indi isə Əhmədinejad zamanıyla müqayisədə yaxşıdı, amma heç vaxt tam imkanlardan istifadə olunmayıb. – İran-Türkiyə əlaqələrinin möhkəmlənməsində Azərbaycan nə kimi rollar oynaya bilər və bunu oynayırmı? – İran, Azərbaycan, Türkiyə iqtisadi və enerji, mədəniyyət və turizm sahələrində əlaqələrini gucləndirsələr, xalqlarımızın, eyni zamanda regionda sabitliyin və inkişafın xeyrinə olar. Bu əlaqələr həm də təhlukəsizlik və regional əlaqələrinin inkişafina gətirib çıxarar. – İran Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ola bilərmi? Çin və digər Asiya ölkələri ilə iqtisadi əlaqələr perspektivi İranın Qərbə yönəlməsi ehtiyacının aradan qaldırılmasında nə kimi rol oynamaq imkanına malikdir? Sizcə, İran üzünü hansı istiqamətə tutmalıdır? -Əslində Şanxay Əməkdaşlıq Təşkilatı üzvlərilə İran arasında xarici siyasət məsələlərində və dini baxışlarda fərqli mövqelər var. Onlar istəmirlər İranın daimi üzv olmasına ki, Amerika və Qərb qıcıqlana bilərlər. Eyni zamanda istəmirlər, Amerika onlara desin ki, Fələstini və Livan Hizbullahını dəstəklədiyinə gorə İrana sanksiyalar tətbiq etmişik və siz necə onunla birləşmək istəyirsiz? Təbii ki, onlar buna getməzlər. Bu səbəbdən də onlar İranın üzv olma prosesini uzatmaq istəyəcəklər ki, onu əllərində saxlasinlar və Amerikadan bəhrələnsinlər. Digər tərəfdən, Şanxay ölkələri İran hökümətinin dini xarakterindən çəkinirlər. Mənim fikrimcə, İran xarici siyasətində balans yaradılmadır və bütün ölkələrlə mill maraqların təmin olması məqsədilə əlaqələrini normallaşdırmalıdır və hansı ölkə daha artıq milli maraqlara xeyir verir, onunla əlaqələrini gücləndirməli və möhkəmləndirməlidir. Strateq.az

30 İyun 2016 8:40

İcra başçısının model “sevgilisi“: “70 yaşı var, babam yaşındadır“ – Fotolar

  Model-aktrisa Əfsanə Qasımova bir müddət öncə açıq-saçıq fotolarının mətbuata çıxmasıyla, ardınca isə adının keçmiş icra başçısıyla hallanmasına görə gündəmə gəlmişdi Bu günlərdə isə Qasımova yeni fotosessiyasını ölkə.az-a təqdim edib. Aktrisa-model həmçinin saytın suallarını cavablandırıb. - Əfsanə xanım, bir müddət öncə sosial şəbəkələrdə, həmçinin mediada çox aktiv idiniz. Sanki son günlər bir qədər geri çəkilmisiniz. - Haqlısınız ki, bir müddət öncə daha fəal idim. Amma indiki duruma da geri çəkilmək deməzdim. Sadəcə, başım işlərimə qarışıb. Hazırda ATV-də "Qız atası" serialına çəkilirəm, eyni zamanda model kimi fəaliyyətim var. Sentyabrdan da dövlət qurumunda işə başlayacağam. - Bəlkə qeyri-fəallığınızın bir səbəbi də budur. - Bilirsiniz, dövlət qurumu elədir ki, burada hər addımına diqqət etməlisən. Bəlkə də o səbəbdən müəyyən çərçivələri özüm özümə təyin etmişəm. - İndiyə kimi o çərçivələr yox idi? - Var idi, amma bu qədər yox. - Adınız Cəbrayılın keçmiş icra başçısıyla da hallanırdı. - O söhbət yadıma düşəndə hələ də gülürəm. Səhv etmirəmsə kişinin adı Mahmud idi. - Bəli, Mahmud Quliyev. - Düzdür, sevgidə, münasibətlərdə yaşın fərqi yoxdur. Amma bu qədər də yox da. O kişinin 70 yaşı var, babam yaşındadır. - Təqdim etdiyiniz fotosessiyadakı maşın özünüzündür? - Xeyr, yaxın bir dostumundur. Özüm isə avtomobil idarə etmirəm. - Bacarmırsınız? - Bacarıram, amma sürücü idarə edir. - Niyə Azərbaycanda model deyəndə belə düşünülür ki, filankəsin sevgilisi, filankəsin məşuqəsidir? - Bu mənim ən yaralı yerimdir. Ancaq görünür insanlar daha çox belə görürlər. Hər halda insanın biriylə münasibətinin olması çox normaldı. Əsas odur ki, kiminsə evini, ailəsini dağıtmayasan. - Yeri gəlmişkən, şəxsi həyatınızla bağlı vəziyyət necədir? - Onu deyə bilərəm ki, hər şey qaydasındadır.

29 İyun 2016 1:30

Həbsdəki bankirin vəkilindən sensasion AÇIQLAMALAR

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya qarşı başlanmış cinayət işi müzakirə olunmaqdadır. C.Hacıyevin vəkili Aqil Layıcov Hacıyevlər ətrafında baş verən olaylarla bağlı “Yeni Müsavat”a müsahibə verib. Deyib ki, Z.Hacıyeva barəsində çıxarılan qərardan narazıdır. Vəkil məhkəməyə müraciət hazırladıqlarını bildirib: - Həmin qərarı mübahisələndirməyə hazırlaşırıq. Yaxın 2 gündə məhkəməyə müraciət edəcəyik. - Nədən narazısınız? - Qərarda yazıblar ki, guya Zamirə Hacıyeva istintaqdan yayınıb. Bunu əsas gətirib həbs-qətimkan tədbiri seçilib. Bu yalan məlumatdır. Zamirə Hacıyeva 10 ildir ki, Azərbaycanda yaşamır. Kredit borcuna görə həbs isə ağlasığmazdır. Bu gün Azərbaycanda demək olar ki, hər kəsin kredit borcu var. Aşağı-yuxarı hər kəs borc içindədir. Mülki məsələni cinayət kimi qiymətləndirib kimisə günahlandırmaq düzgün deyil. - Zamirə Hacıyevanın 10 ildən artıq bir müddətdə Azərbaycanda yaşamadığını dediniz. Cahangir Hacıyevlə nikahları qüvvəsindədirmi? - Bəli, sadəcə, Zamirə Hacıyeva xarici ölkə vətəndaşıdır və 10 ildən artıqdır ki, orada yaşayır, uşaqları da orada təhsil alır. - Cahangir Hacıyevdən nə qədər pul tələb edirlər, ittiham aktında göstərilən məbləğ nə qədərdir? - Hələlik ittiham aktı tərtib edilməyib. Ona görə konkret bir söz deyə bilmərəm. İş orasıdır ki, bəzi orqanlar var, məsələn, Maliyyə Nazirliyi iddia edir ki, məbləğ filan qədərdir. Həmin məbləğ isə 10 dəfələrlə şişirdilmiş məbləğdir. - Maliyyə Nazirliyinin Cahangir Hacıyevin mənimsədiyini iddia etdiyi məbləğ nə qədərdir? - Söhbət milyarddan gedir. Əslində isə fakt cüzi məbləğ olmalıdır. Həmin cüzi məbləğ hara xərclənib açıqlaması istintaqa verilib. - Rəqəmi bir qədər konkretləşdirmək olar? Neçə milyarddan söhbət gedir? - Rəqəm dəqiq olmadığı üçün konkret söz deyə bilmirəm. Sadəcə, rəqəm Maliyyə Nazirliyi tərəfindən hədsiz dərəcədə şişirdilib. - Maliyyə Nazirliyinin mövqeyi nəyə əsaslanır? - Orada subyektiv məsələlərdir. - Cahangir Hacıyevlə Maliyyə Nazirliyi rəhbərliyinin şəxsi münasibətlərinə əsaslanan məsələdir? - Bəli, Cahangir Hacıyevlə Maliyyə Nazirliyi rəhbərliyinin münasibəti heç zaman yaxşı olmayıb. Dəfələrlə Beynəlxalq Bankda, aidiyyəti şirkətlərdə yoxlamalar olub. Həmin yoxlamaların nəticələri Maliyyə Nazirliyinə təqdim olub. Nəticələr Maliyyə Nazirliyi tərəfindən qaralanıb, “qara piar”a məruz qalıb. Beynəlxalq Bankda, aidiyyəti şirkətlərdə böyük audit yoxlaması zamanı Maliyyə Nazirliyi rəhbərliyi iddia edib ki, guya Cahangir Hacıyev həmin audit şirkətini ələ alıb. Həmin məsələ Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən yoxlanılıb. İndi də işi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə veriblər. Bu qurum isə ixtisaslaşmış orqan olaraq iqtisadi məsələləri çözmək və ya qiymət vermək iqtidarında deyil. Hazırda yoxlamaya Maliyyə Nazirliyinin rəhbərliyi nəzarət edir. Onların subyektiv maraqları olmasına baxmayaraq dedikləri zərər ortaya çıxmır. Çünki dedikləri həmin rəqəmlər cəfəngiyyatdır. - Subyektiv maraqlar dedikdə hansı mövzuda maraqlardan söhbət gedir? - Burada söhbət qısqanclıqdan gedir. Ölkənin beynəlxalq reytinqini müəyyən edən şirkətlər var. “Ficht”, “Standart and Poor”, “Modes İnternational” kimi şirkətlər ölkənin müstəqil maliyyə reytinqini müəyyən edərkən dövlətin qurumlarının, bankların göstəricilərini də nəzərə alınıb. 2000-2015-ci illərdə maliyyə reytinqi müəyyən edilərkən Beynəlxalq Bankın reytinqi Maliyyə Nazirliyinin suveren maliyyə reytinqindən üstün olub. Biz hesab edirik ki, bu məqam Maliyyə Nazirliyi rəsmilərində qısqanclıq hissinin yaranmasına səbəb olub. - Zamirə Hacıyeva ittihamda yer alan, onun 2009-cu ildən 2015-ci ilə qədər xərclədiyi kimi göstərilən 18 milyon manatı təsdiqləyirmi, razılaşırmı? - Hazırda bu məsələ ilə bağlı məhkəmədə mülki mübahisələrimiz gedir. Həmin pulun əvəzinə Hacıyev ailəsinə məxsus olan Beynəlxalq Bankın səhmləri alınıb. 2015-ci ildə Zamirə xanımın kredit kartında 4 milyon manat borc olub. Cahangir Hacıyev vəzifədən ayrılan zaman onların ailəsinə məxsus səhm paketi olub. Zamirə Hacıyeva səhm paketini satıb ki, borcuna yönəldilsin. İndiyə qədər nə bir qəpik pul verilib, nə də pulun hara getməsi bilinir! - Həmin səhmlər kimə verilib? - Banka təslim edilib ki, borclara yönəldilsin. Amma yönəldilməyib. Buna baxmayaraq, Zamirə Hacıyevaya cinayət işi başlayıblar. - Səhmlərin Beynəlxalq Banka təhvil verilməsini təsdiqləyən əlinizdə müqavilə, sənəd varmı? - Əlimizdə müqavilə var. Həmin müqavilələrdə reyestr saxlayıcının da qeydləri var. - Beynəlxalq Bankda Zamirə Hacıyeva kimi müştərilər - 5-6 ilin ərzində 18 milyon manat pul xərcləyənlər çoxmu olub? - İşə aidiyyəti olub-olmadı, adamları götürüb həbs ediblər. Məsələn, “Bermud-Elektroniks”in rəhbərini həbs ediblər. Adam Azərbaycanda yaxşı biznesmenlərdən biri olub. Onun anbarında bu gün 10 milyon manatlıq malı var. Amma həmin malı satmağa və krediti qaytarmağa imkan vermirlər. Əgər kreditləşmə sahibkarlığa dövlət dəstəyidirsə, sahibkarı götürdüyü kreditə görə həbs etmək nəyə xidmət edir? Kredit almaq nə vaxtdan dələduzluq olub? - Cahangir Hacıyev ittiham üzrə tələb olunan məbləği qaytarıbmı? - Cahangir Hacıyevin özünə və ailəsinə məxsus olan 184 milyonluq səhm satılıb. 1 manatını da olsa, qaytarmayıblar. Həmin səhmləri ona görə verib ki, ehtimal olunan zərərləri bağlasınlar. Bu gün obyektiv araşdırma aparılsa, həmin səhmlərin satılmasından əldə olunan gəlirlə kredit borcları bağlanmalı, əsassız cinayət işləri açılmamalı idi. Hazırda bu məsələlərlə bağlı Nəsimi Rayon Məhkəməsində iddiamıza baxılır. Yaxın zamanlarda bu haqda da geniş açıqlama verəcəyik. - Dediniz ki, Maliyyə Nazirliyi rəhbərliyi şəxsi mülahizələrinə əsaslanaraq Cahangir Hacıyevə qarşı milyardlıq iddialar irəli sürüblər. Cahangir Hacıyevdə həmin məbləğləri örtəcək qədər səhm varmı? - Ümumiyyətlə, kredit götürənlərin heç biri deməyib ki, krediti şəxsən Cahangir Hacıyevdən alıblar. Kreditlər layihələrə ayrılıb və bu gün həmin layihələrin işlək vəziyyətdə olmaması oradan professionalların uzaqlaşıdırılması ilə bağlıdır. Yeni təyin edilən şəxslər səriştəsizdirlər və müəssisələr ona görə iflic durumdadırlar. Ayrılan kreditlərdən yalnız iki Dubay layihəsi üzrə pullar xaricə çıxıb. Həmin müəssisələr də göz qabağındadır. Hazırda Beynəlxalq Bankın layihələrinə Maliyyə Nazirliyinin təyin etdiyi şəxslər rəhbərlik edib. Həmin şəxslər müəssisələri bərbad duruma salıblar. Bir tərəfdən deyirlər ki, Cahangir Hacıyevin qurduğu müəssisələr rentabelli deyil, o biri tərəfdən də bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi sərgidə uğurlu layihələr kimi Cahangir Hacıyevin qurduğu layihələri təqdim etdilər. - Hansı şirkətlərdən söhbət gedir? - “İnter Tobacco”, pambıq istehsalı üzrə Zaqafqaziyanın ən böyük zavodu olan CTC, Oğuz Qlükoza zavodu və digərlərini uğurlu layihə kimi təqdim etmişdilər. Həmin layihələri ölkə rəhbərliyinə son 20 ilin ən uğurlu layihələri kimi təqdim etdilər. - Cahangir Hacıyevin sağlıq durumu necədir? - Onda Haşimoto sindromu var. Bu, oksigen çatışmazlığıdır və ürək fəaliyyətinin pisləşməsinə, qan təzyiqinin yüksəlməsinə səbəb olur. Cahangir Hacıyevin saxlandığı kamerada ventilyasiya demək olar ki, yoxdur. Həmin kamera çox isti olur. Bu isə onun halının pisləşməsinə, gün ərzində 2-3 dəfə üstünə həkim çağırılmasına səbəb olur. Bu məsələ ilə bağlı biz Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmişik. Xahiş etmişik ki, gün ərzində kameranın pəncərəsi açıq saxlansın. - Cahangir Hacıyevə bu cür münasibət nədən qaynaqlanır? - Düşünür ki, dövlətçiliyə sadiq olub. Kimlərinsə beynində hazırkı istintaqın aparılmasının vacibliyi haqda rəy formalaşıb. Bununla bağlı yeganə versiyası Maliyyə Nazirliyinin qərəzi və ölkə başçısına düzgün məlumatların verilməməsi idi. - Həbsinin Eldar Mahmudovla əlaqəli olması haqda iddiaları bölüşürmü? - Eldar Mahmudovla Cahangir Hacıyev 2012-ci ildə qohum olublar. Yəni qohumluqla əlaqəsi qəti yoxdur. - Beynəlxalq Bankın ən reytinqli dövrlərində xırda payçıların dividendləri ödənilmirdi, bank rəsmilərinin adları ən müxtəlif müəssisələrin zəbt edilməsində keçirdi. Bu məsələlərlə bağlı Cahangir Hacıyevə ittiham verilibmi? - Həmin məsələlər məhkəmələrdə araşdırılmalıdır. Şəxslərin hüquqlarının təminatçısı məhkəmələrdir. Sual çıxır ortaya; bəs məhkəmələr niyə həmin şəxslərin iddialarını təmin etməyib?

23 İyun 2016 10:29

“MTRŞ boş-boş danışmasın” – Müsahibə

Məşhur teleaparıcı Aynur Talıbovanın “Qafqazinfo”ya müsahibəsi - Aynur xanım, bir müddətdir ki, efirdə görünmürsüz. Ancaq müəyyən aparıcılar var ki, onlar tamaşaçı qarşısına çıxmasalar belə simaları unudulmur. Siz də belə aparıcılardansız. Bəs indiki teleaparıcılar niyə yadda qalmır? Problem nədədir? -Bu, tez-tez aparıcıların dəyişməsindən irəli gələ bilər. Nə bilim, biri gəlir, digəri gedir, ulduz əlindən hərəkət etmək olmur, nə yerdə, nə də göydə... (gülür). Aparıcı kəlməsinə qarşı allergiya yaranıb "ulduzlar" sayəsində. Özümü aparıcı hesab etmirəm. Çünki nə radioda, nə də televiziyada çalışarkən missiyam sadəcə nəyisə "aparmaqdan" ibarət olub, layihələrimin ideya müəllifi, rejissoru, ssenaristi , koordinatoru, musiqi redaktoru, prodüseri və sair əksər hallarda özüm olmuşam. Səmimiyyət çox önəmlidir.Peşəkarlıq da iki cür olur: akamedik və istedadla doğulan... Efir bir-birini təkrar edən kəmsavad insan yığınına çevrilib. Əlbəttə əvəzedilməyən insan yoxdur, amma təkrar olunmayanlar var. Məsələn, kim nə deyir desin. Gəlin baxaq ki, ikinci Mirşahin var? Yoxdu. Onun şəxsi keyfiyyətlərini, dünən elə, bu gün başqa cür danışmağını çox müzakirə edə bilərik. Bəyənə də bilərik, bəyənməyə də, tənqid də edərik. Ancaq fakt budur ki, başqa Mirşahin yoxdur. Sizin suala cavab olaraq deyirəm ki,aparıcıların əksəriyyəti süni yaxud orijinal olmadıqlarına görə yadda qalmırlar.Əslində onlar günahkar deyil. Günah pəltəkləri, nitqində qüsurları olanları, savadı, görüntüsü ekrana yaramayanları efirə çıxaranlardadır. Keyfiyyət faktoru artıq meyar deyil. Olsaydı bir media məktəbi qurulardı. Məsələn, bu dəqiqə əhalinin böyük əksəriyyətinin məmnuniyyətlə izlədiyi qonşu ölkəni götürək. Türkiyədə TRT məktəbdir. Universitet diplomuna bərabər prestijdə diksiya kursları var. İdman şərhçiləri minimum 3 il təcrübədən sonra efirə çıxıb canlı oyunları şərh etmək imkanı əldə edirlər. Bizdə isə ayrı-ayrı qurumlarda jurnalistika kursları mövcud olmasına rəğmən elə dərin məktəb yoxdur. Amma müəllimlikdə iddialı adamların əlindən iynə atsan yerə düşməz (gülür)... Ona görə MTRŞ boş-boş danışmasın. Daha ciddi problemləri araşdırsınlar, bacarırlarsa düzəltsinlər.Kanallara baxmıram desəm yalan olar. Peşəkar alışqanlıq gərəyi hər gün mütləq pultu əlimə alıb bir zappinq edirəm və hər dəfə ölürəm gülməkdən. Bir-birilərinə nə qədər yalandan tərif etmək olar, ilahi, maksimum 5-10 saniyə bəs edir ki,"yalansa" deyib çox da vaxt itirmədən başqa kanala keçirəsən... Sözün əsl mənasında üzülürəm. Eyni mənzərə radio dinləyərkən də yaranır. Həddindən çox şablon, əzbərçilik və təqlid var. Mikrofon arxasında insanlar özü kimi olmur. Qəribə bazar münasibətləri yaranıb. Şiddətlə işləmək istəyirəm. Ancaq nə işləyim? Harada layihələrimi reallaşdırım? Mövcud reallığın içərisində özümü görmürəm. - Aparıcıların əksəriyyətinin siz deyən kimi “manıs” olmasının səbəbi məhz kitab və məktəbin olmamasından irəli gəlir? - Az əvvəl “Facebook”dan bir xəbər oxudum. Ana dilimizdə bir çox insandan yaxşı danışan, efir görünüşü xoş olan Yelena Siderenko efirdən gedib. O, artıq başqa qurumda çalışacaq. Efir görüntüsü və diksiyası normal olan çox sayda adam artıq tamam başqa sahələrdə fəaliyyət göstərir. Tamaşaçının gözünü və qulağını oxşayan efir insanının yetişməsi uzun vaxt aparır. Təəssüf ki, yetişmiş kadrlar müəyyən mərhələdən sonra çox müxtəlif səbəblərdən dolayı artıq efirdə qala bilmirlər. Gələnlər də bütün kriteriyalarına görə gedənlərin şamla axtarılmasına səbəb olurlar. Evinə gəlib, divana oturub əlinə pultu alıb xəbər izləmək istəyirsən, əvəzində "bozbaş" qoxusundan boğulursan.Xəbər və söhbətlərin məzmunu qalır bir tərəfdə, çox vaxt zövqsüz geyim, seçilən saç düzüm şəkilləri, taxılan bijuteriyalar, bərbad diksiya saç-baş yoldurur. Efirə çıxan insan dediyi sözün məsuliyyətini daşımalı, özünə qarşı tələbkar olmalıdır. 15 il əvvəl karyeraya başladığım zaman bu tələblər vardı, indi keyfiyyət və səviyyə heç kimə maraqlı deyil. Hesab edirlər ki, TV insanları maarifləndirməklə məşğul olmalı deyil. Bunu da reytinq səbəbiylə qarşı tərəfə istehlakçıya yükləyirlər. Əgər tamaşaçı önünə atılan hər şeyi məmnuniyyətlə yeyir və etiraz etmirsə, deməli, bütün növdə sevimli və baxdıqca baxılan şoulara layiqdir...Təəssüflənirəm, amma bilmirəm buna dəyər ya yox (gülür)... -Siz ilk dəfə ANS-də çalışmağa başladız. Daha sonra ayrıldız, bir neçə il sonra yenidən əməkdaşlıq etməyə başladız. İkinci qayıdışınızın səbəbi nə idi? -Mən Türkiyədə jurnalistika üzrə təhsil almışam. Həyatımın 10 ili İstanbulda keçib. Orda yetişmişəm. 18-19 yaşımdan çalışaraq oxumağa başlamışam. Əgər Türkiyədəki TV və media sektorunda karyera qurmaq istəyirsənsə, tələbə vaxtından işləməyə başlamalısan, iki-üç il təcrübə keçməlisən. Amma orada mediada qalıb çalışmaq imkanımı qaçırdım. Qayıdanda bilirdim ki, ANS-də çalışacam. Çünki biz peşə seçmək mərhələmizdə olduğumuz zamanlarda SSRİ dağılmaqda, Azərbaycanda Qarabağ problemi alovlanmaqda idi və insanlar cəbhə xəttindən onlara obyektiv xəbəri gətirən insanları axtarırdılar, səbrsizliklə onların xəbərlərini gözləyirdilər, o vaxt əsas məsələ və gündəm bu idi. Ona görə jurnalist olmaq həvəsinə düşmüşdüm. Bunu edən Çingiz Mustafayev və Azərbaycan Nyus Servis vardı...Stringerlikdən gələn təcrübənin yanında olmaq istəyirdim. Ancaq heç bir şəkildə radio xəyallarımda yox idi. Elə alındı ki, radioda çalışmağa başladım. ANS-ə gələndə yaxşı kollektivlə qarşılaşdım. Rahib Azəri, Doktor Ziya, Tofiq Orucov və efirdən uzaq digər insanların işə verdikləri dəyər önəmli idi. Daha sonra çalışdığım heç bir yerdə o ortamı görə bilmədim. Kollektiv işdən danışırıqsa, mənim üçün bərabər çalışdığım insanların ağıllarının, dünya görüşlərinin və savadlarının ən az mənimkinə bərabər olmağını, ətrafımda güclü kolleqalar görmək istəyirəm. 9 il sonra dəvət etdilər. Radionun 20-ci ildönümündə əfsanə komandanı yenidən bir araya gətirmək istəyi vardı rəhbərlikdə. Amma baş tutmadı. - Amma nədənsə indi hamı ANS-i tərk edir. Elə son olaraq Ləman Ələşrəfqızı ilə TV rəsmiləri arasında qalmaqal yaşandı... -(Gülür). Nə deyə bilərəm? Məşhur bir mahnıda deyildiyi kimi... Kimlər gəldi, kimlər keçdi, kimlər getdi... Hələ də bu getmələr polemikaya səbəb ola bilirlər demək ki. 10 -15 il eyni yerdə işləmək söhbəti mənə çatmır. Məncə, o zaman mümkün ola bilər ki, siz özünüzü daim yeniləyəsiz. Karyeranda maddi və mənəvi baxımdan yeniliklər varsa və inkişaf edirsənsə, çox uzun müddətdə eyni yerdə işləmək olar. Mənə görə bütün TV-lərdə şərait və məzmun eynidir. Fərqli olan təkcə departament rəhbərin, şirkət sahibinin şəxsi keyfiyyətləri, onlarla olan qarşılıqlı münasibətdir. Beləcə 2002-ci ildə radio və 3 ayrı tv kanalda başlayan karyera macərası "tükənmişlik sindormu" ilə başa çatdı (gülür)... -Siz eyni zamanda Xəzər TV-də çalışmısız. Deyəsən, verilişiniz reytinq qurbanı olmuşdu... - Xəzər TV-də bir sezon çalışdım, ordakı hər kəslə münasibətlərim əladır. Milli kulinariya ilə bağlı proyekt başa çatdıqdan sonra sosial layihə ilə davam etməyi təklif etdilər. Türkiyədə 15 il əvvəl məşhur kinorejissor Sinan Çətinin hazırladığı “Film kimi” layihəsinin yeni adaptasiyasını eləyək dedik. Ailə dramları işlənirdi. Sadəcə olaraq verilişinin qurğusuna görə skandal yox idi. Səliqəli layihə olmasına rəğmən arzu edilən reytinqi gətirmədi. Vəziiyyətdən çıxış yolu olaraq dedilər ki, həmin vaxt Xoşqədəm Hidayətqızının ATV-də apardığı veriliş tərzində elementlər qatmaq lazımdır. Anladım ki, orada missiyam bitib, başqa iş axtarmaq lazımdır.Heç kimsəyə oxşamaq istəmirəm. 2002-də Azərbaycan gələndə həyata sıfırdan başladım. O vaxt kolleqam və yaxın dostum dedi ki, AzTV-yə düzəlmək üçün 3 min manat rüşvət verməlisən. Nə rüşvət? Bu bir iş əxlaqıdır. Bu işdən 100 və ya min manat ala bilərəm. Müəllimlərimin, valideynlərimin mənə öyrətdiyi odur ki, gördüyün işi vicdanla yerinə yetirməlisən. Mənə görə rüşvət dilənçilikdir.Sizə bir misal çəkim. Biz rayonları səyahət edən verilişlər hazırlayanda çox sayda insanla rastlaşırdıq. Bəzən yemək yemək təklifini işlərimizin çoxluğuna görə qəbul etməyəndə o yemək pulunu cibimizə zorla qoymaq istədikləri məqamları görmüşük. Qəbul etmədiyimizi görəndə çox təəccübləniblər. Sadəcə qonaqpərvərliyə görə təşəkkür edib getdiyimizi və yerli icra hakimiyyətləri daxil bir çox qurumdan heç nə ummamaq, gözləməmək və istəməmək ya səmimi görsənmədi adamlara, yaxud əbləh dedilər. Çalışdığım bütün qurumlarda işimizi görmək üçün hər cür şəraiti yaradıblar və bu imkana görə də hamısına minnətdaram. Dolayısıyla, reketlik, şantaj və dilənçiliklə məşğul olmamaq və bunun altında əzilməmək, vicdanən rahat olmağı hər kəsə arzulayıram.Mənə heç kəs “efirdən get” deməyib. Əyləncə adamı deyiləm. Toy sənayesi yaxşı inkişaf edib deyə pul qazanmaq üçün bu sektora addım atmadım. Çünki insanları əyləndirmək üçün bu dünyaya gəlməmişəm, bu missiya mənə aid deyil. - Sosial şəbəkələrdə aktiv bir məşhursuz. Ölkədə baş verən hadisələrə həmişə reaksiya verirsiz. Nəzərə alsaq ki, sizin kimi aparıcılar çox azdır. - Türkiyədə “Gezi parkı” hadisələrini yəqin ki, xatırlayırsız. O zaman “Muhteşem Yüzyıl” serialının ən məşhur vaxtları idi. Həftəlik 50-60 min pul alan aktyorlar camaatla birgə meydana çıxıb etiraz etdilər. Dedilər ki, biz, bu parkın beton yığınına çevrilməsini istəmirik. Bizdə bunu edəcək cəsarət harda var? Məsələn, “Sovetski” söküldü. Onun içərisində tarixi binalar da var. Bununla bağlı bəzi ziyalılar kampaniya keçirməyə cəhd etsələr də ictimai rəy formalaşmadıra bilmədilər. İctimai məsələyə münasibət bildirmək, yaxud hansısa tərs, əyri, haqsız məsələlərə etiraz etmək, hansısa məmuru tənqid etmək dövlətin, prezidentin düşməni olmaq deyil. Kim deyə bilər ki, dövləti, vətəni məndən çox sevir? Vətəndaş cəmiyyəti nə deməkdi? Bitki kimi yaşamaq olmaz, mən yeyim, qarnım tox olsun. Yerdə qalan hamının canı cəhənnəmə... Ağızlarını açan kimi də deyirlər ki, mən siyasətlə məşğul olmuram. Hər hansı şeyə qarşı öz münasibətimi bildirməkdən çəkinmirəm. - Vaxtı ilə nikahdankənar övladınızın olması barədə xəbərlər yayıldı. Siz də bu məsələni müzakirə edənlərə sərt cavab verdiz. Bu cür “qınaq” sizə psixoloji təsir etdi? -Müəyyən bir təbəqənin nə qədər düşük, bədbəxt olduğunu gördüm. Şəxsi həyat deyilən bir şey var. Biz toy etdik, şəkilləri belə o vaxt feysbukda paylaşmadım. Mən də toyxanalarda pul toplamaq xətrinə təmtəraqlı məclis edə bilərdim. O dönəm çalışdığım Xəzər TV -dən təklif etdilər ki, maqazin proqramı toyundan görüntülər çəksin, razılaşmadıq. 2013-cü ilin yanvar ayında baş tutan toyda hamı əyləndi, çalışdığım operatorlar dincəldilər, video yox, sadəcə fotolar çəkildi. Bilirsiniz, bizim insanlardakı ikiüzlülüyə heyrət edirəm. Toy və yas mərasimlərindən hamı narazıdır və öz məclislərini də eyni qaydada edirlər. Niyə? Mən də şablon şadlıq sarayı təntənəsinə qarşı çıxdım.Toyunda iştirak etdiyim bir çox insanı çağırmadım, pul atmaq üçün qutu belə yox idi. Qısacası, bu mənim şəxsi həyatımdır və onu ictimai şəkildə hər kəsə sərgiləmək istəmirəm. Özünə hörmət etməyən adamlara bunu başa salmaq müşkül məsələdir deyə baş qoşmadım. Öz haqq və hüquqlarını müdafiə etməkdən məhrum olan insanların başqalarının şəxsi həyatında "qayda-qanun" yaratmağa çalışması qədər zavallı bir görüntü sərgilədiklərini görmək sadəcə yumşaq təbəssüm yaradır. Bu bir gerçəkdir ki, efirə çıxan insan artıq ictimaiyyətə mal olmuş birisidir və müzakirə edilməsi normaldır.Ancaq bu müzakirələr aparılarkən şəxsən tanımadığın birisinə qarşı hörmətsizlik və tərbiyəsizlikdə hədd qoymamaq təəccübləndirir məni. Heç kimi sevmək məcburiyyətində deyilsiniz, amma bu qədər nifrət yəqin ki, həsəddən və yarımçıqlıq kompleksindən qaynaqlanır. Yazı -pozu əhli belə tənqid və təhqiri səhv salır. Fikir vermək olmaz, savadsızlıqdan irəli gəlir (gülür).. yenə qayıtdıq oxumaq məsələsinə. O da hər zaman lazımdır: oxumaq yəni öz üzərində işləmək. Hal-hazırda etdiyim şey başqa deyişlə...

22 İyun 2016 12:38

“Hazırda Eldar Mahmudov kimlərsə tərəfindən himayə olunur”

Ərəstun Oruclu: “Bildiyim şeylərin çox cüzi hissəsini açıqlamışam” Bir həftədir gündəmdə müzakirəsi gedən bu mövzu ilə bağlı “Yeni Müsavat” Ə.Oruclu ilə söhbət edərək, bəzi məqamlara aydınlıq gətirdi MTN-in keçmiş zabiti, “Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun “Eldar Mahmudovun rəhbərlik etdiyi quldur dəstəsi təkcə sahibkarları soyub-talamayıb, eyni zamanda ölkənin tanınmış şəxsləri barədə şantaj xarakterli videomateriallar toplayıb” açıqlaması cəmiyyətdə ciddi müzakirə obyektidir. Ə.Oruclu bu videokasetlərin sayının 2800 olduğunu və sözügedən rəqəmin ona mötəbər mənbələrdən verildiyini deyib. - Ərəstun bəy, öncə bu rəqəm məsələsindən başlayaq. Məhz 2800 videogörüntünün olmasına əminlik sizdə hardandır? Nə üçün 2799 və ya 2801 yox, məhz 2800? - 2800 rəqəmi təbii ki, təxmini rəqəmdir. Məndə bunun statistikası yoxdur. Məndə məlumat var ki, təxminən 2800 videokompromat hazırlanıb. Onların bir çoxlarından konkret insanlara qarşı istifadə olunub. Cəmiyyət onların bir neçəsinin yayılmasının da şahidi olub. İctimai-siyasi şəxslərlə bağlı belə videokompromatların cəmiyyətdə yayılması hadisəsi baş verib. Ona görə də burda nəyin təəccüb doğurduğu mənə çatmır. Rəqəminmi? Mən bu rəqəmləri öz mənbələrimdən əldə etmişəm. Bu mənbələr də hər zaman etibarlı olub. Eldar Mahmudovun işdən qovulacağı ilə bağlı proqnozumuz da zamanında həmin mənbədən verilmişdi. Ona görə də mən kiminsə şübhələrini dağıtmaq üçün durub ortaya 2800 video qoyası deyiləm ki? Kimlərinsə buna inanmamaq və ya başqa don geyindirmək haqqı var. Bu, onların öz işidir. Mənim hamının qarşısında sinəmə döyüb, and-aman etmək fikrim yoxdur. Amma mənbələrimə kifayət qədər etibar edirəm. Onlar illərlə işlədiyim mənbələrdir və heç bir zaman da məni çətin vəziyyətə salmayıblar. Mən “Eldar Mahmudovun quldur, killer dəstəsi” ifadələrini hələ 2008-2009-cu illərdə işlədirdim. ADNA terrorunun bir illiyində, 2010-cu ildə elə sizin qəzetə yazımda fikrimi bildirmişəm ki, bu terroru elə daxildən, xarici sifarişçilərin istəyi ilə törədiblər. Bu cinayətin nə şəkildə təhqiq olunması, məhkəmənin hansı hökmü çıxarması da heç kimdə şübhə doğurmamalıdır. Necə olur ki, bu boyda terroru törədən bir avtobus sürücüsünün köməkçisi, avtoyuma məntəqəsinin işçici və dönərçi imiş. Bu, absurddur və ağlabatan bir şey deyil. - Bu videogörüntü iddiası ilə bağlı ciddi müzakirələr getdi. “Azadlıq” qəzeti, eləcə də Mehman Əliyev bu açıqlamanın gündəmi dəyişməyə xidmət etdiyini iddia etmişdi. Bundan başqa, M.Əliyev videogörüntülərin yer aldığı disklərin sayının 2800-dən çox olduğunu da dedi... Bütün hallarda dediklərinizə bir qədər şübhə vardı... “Kiminsə şübhələrini dağıtmaq üçün durub ortaya 2800 video qoyası deyiləm ki” - Mən “Azadlıq” qəzetini oxumadığım üçün onların nə yazmasından da xəbərim yoxdur. Gündəmi dəyişmək deyəndə nəyi nəzərdə tuturlar? Bəyəm gündəm var ki, onu da dəyişməyə cəhd edilsin? Gündəm varsa, göstərsinlər ki, nədən ibarətdir. 2000-3000 nəfərin oxuduğu yazılardır gündəm? Gündəm məhz bu məsələdir ki, bir həftədir müzakirədən çıxmır və kifayət qədər də ciddi məsələdir. Neçə-neçə saytlardan bu müsahibəni çıxartdırıblar və bu, səbəbsiz deyil. Ona görə də kimin nə deməsi, yazması şəxsi işləridir. Bu da Mehman Əliyevin fikridir. O da çox şey deyir ki, mən onunla razılaşmıram və razılaşa da bilmərəm. - O videogörüntülərin, kasetlərin taleyi, harda, kimlərin əlində saxlanması barədə bir məlumatınız varmı? Versiyalar dolaşır ki, həmin görüntülər kimlərinsə əlindədir və zaman-zaman təzyiq rıçaqı kimi istifadə olunur, kimlərinsə hələ də azadlıqda qalması, cəzalandırılmamasının qarantıdır. Əslində o kasetlərin taleyi, hansı məqamda nə cür istifadə olunacağı ilə bağlı məlumatınız varmı? - Əvvəla, mətbuatda bununla bağlı çox yanlış bir söz işlədilir - kaset. Bizim dövrümüzdə artıq kasetə ehtiyac yoxdur. 2 GB-lıq flaş-karta bunların hamısını yükləmək mümkündür. 2 GB olmasın, 16 GB olsun. Bundan başqa, adi bir veb sayt yaratmaq, həmin materialları ora yükləyib saxlamaq olar. Və ya elektron poçtun layihə deyilən fayllarında saxlamaq mümkündür. Bunun min cür üsulu var indiki dövrdə. Onların üzə çıxa biləcəyi ehtimalı isə qüvvədə qalır. Çünki onlar şantaj vasitəsi kimi istifadə olunub və gələcəkdə də oluna biləcəyi istisna deyil. Bundan qaçmağın yolu ilə parlamentin müvafiq qanunun qəbul edilməsidir. İnsanların şəxsi həyatının toxunulmazlığı ilə bağlı qəbul olunan bir qanun olmalıdır.İnsanların şəxsi həyatı konstitusiya ilə qorunursa, bütün bu tipli məlumatların yayılması - istər media, istərsə hansısa anonim mənbə tərəfindən - cinayət sayılmalıdır. Bununla bağlı Cinayət Məcəlləsindəki maddələr sərtləşdirilməlidir ki, sabah bu tip şeylər yayıldıqda belə onu yayan medianın özü də cinayət məsuliyyətinə cəlb olunsun. O media rəhbəri də ağır şəkildə cəzalandırılsın. Məsələn, 8-10 il həbs cəzası alsın. Yalnız o halda həmin videomaterialların xofunun cəmiyyətin üzərindən götürülməsinə nail ola bilərik. Bunun hüquqi bazası hazırlanmalıdır. Bundan başqa, prokurorluq orqanları bununla bağlı ətraflı araşdırma aparmalıdır. Yəni həmin cinayətdə iştirak etmiş MTN rəsmiləri, başda Eldar Mahmudov olmaqla, bu məsələ ilə bağlı xüsusi istintaqa cəlb olunmalıdır, xüsusi cinayət işi açılmalıdır. Çünki bunların hamısı qanunsuz fəaliyyətdir.Bu, vətəndaşların hüquq və azadlıqlarına qarşı yönəlmiş qanunsuz, antikonstitusion fəaliyyətdir. Və bununla bağlı ətraflı təhqiqat aparılmalıdır. Ortaya sübutlar qoyulmalıdır. Onlardan həmin materialların hara, kimlərə ötürülməsi, yayılması məlumatları əldə olunmalıdır. O şəxslərin də əlindən bu material götürülməli, dilindən iltizam alınmalıdır. Yəni artıq bu materiallarla əlaqəsi olmuş hər bir şəxs bilməlidir ki, onun başının üstündən Domokl qılıncı asılıb. Sabah bu materiallar yayılacağı təqdirdə onların hər biri cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bu hüquqi mexanizm, bu hüquqi təminat olmayınca bütün bu tip şeylər gündəmdə olacaq. Özü də indi sensasiya doğuran məqam videogüntülərdir. Amma minlərlə səs qeydləri var. Minlərlə insanın yazdığı sənədlər var ki, onlar qeydiyyata salınmayıb. Hətta siz bu gün MTN-in varisi olan Dövlət Təhlükəsizlik Xidmətində onların qanuniləşdirilmiş əkslərini, sənədləşdirilmiş formalarını tapa bilməzsiniz. Çünki faktiki olaraq MTN rəhbərləri bu qurumu, onun bütün imkanlarını, texniki əməliyyat imkanlarını şəxsi maraqları, cinayətkar maraqlar üçün istifadə ediblər. Faktiki olaraq bu insanlar quldurluqla məşğul olublar. Ona görə də burda çox sərt, ciddi təhqiqat aparılmalıdır. Bunların hər birinə yazılı şəkildə xəbərdarlıq olunmalıdır. Sübut olunan faktlar ortaya çıxdıqda bunlar cinayət məsuliyyətinə cəlb olunub, məhz həmin maddə ilə mühakimə olunmalıdır. Yalnız bu halda biz cəmiyyət üzərindən o xofu götürə bilərik. “MTN rəhbərliyi həmin videokompromatları xarici xüsusi xidmət orqanlarının sifarişi ilə hazırlayıbsa, bu, artıq milli təhlükəsizlik məsələsidir” İndi qayıdıram 2800 videogörüntüyə. Sizi əmin edirəm ki, bildiyim şeylərin çox cüzi hissəsini açıqlamışam. Bildiklərimdən ancaq 2800 rəqəmini açıqlamışam, amma bir həftədir gündəmdə müzakirə olunur. “Gündəmi dəyişir” deyənlərin özləri də bunu müzakirəyə çıxarırlar və hətta deyirlər ki, rəqəm 2800-dən daha çoxdur. Bilmirəm, onlar hansı mənbəyə istinad edirlər, yəqin ki, onların da öz mənbələri var. Amma nə qədər ki, bu məsələlər ölkədə təzyiq, təhdid predmeti olaraq qalmaqdadır, bunu aradan qaldırmağın yeganə yolu hüquqi mexanizmlərdir. - Bunu edəcəkmi hakimiyyət? - Hakimiyyət durumu nəzərə alıb, özünü qorumağı zəruri hesab edirsə, bunu mütləq etməlidir. Bu, birinci addım olmalıdır. Videogörüntülərin əməliyyat və digər məqsədlərlə istifadəsi qanunla qadağan olunmalıdır. - Əməliyyat məqsədilə deyərkən nəyi nəzərdə tutursunuz? - Bu görüntüləri kiminsə qarşısına qoyub, onu şantaj etməyi. Bu, məqsədli fəaliyyət olub. İnsanların özəl görüntülərini çəkmək üçün onlar bir sıra hallarda özlərinin əlaqəsində olan qadın agentlərdən istifadə ediblər. Ümumilikdə təkcə vətəndaş cəmiyyəti fəallarına, yaxud dövlət nümayəndələrinə qarşı olunmayıb. Xarici diplomatlara qarşı da bundan istifadə olunub. Bu qalmaqallardan bəziləri müxtəlif formalarda mətbuata çıxıb, amma insanlar bunun incəliyinə varmayıblar ki, nə deməkdir? Bunlar hər yerə əl atıblar. Və burada sual odur ki, bu insanlar bunu öz təşəbbüsləri ilə ediblər, ya xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə? Əgər ikincidirsə, sizi əmin edirəm ki, bu, daha ciddi təhlükədir. Çünki xarici xüsusi xidmət orqanları o cür faktları, görüntüləri əldə etməklə Azərbaycan vətəndaşlarını çox asanlıqla şantaj yolu ilə əməkdaşlığa cəlb edib, öz məqsədləri üçün istifadə edə bilərlər. Ona görə də deyirəm ki, bu insanların törətdiyi dövləti cinayətlərin miqyası hələ bizə çatmır və çatmayacaq. - Videogörüntülərin olduğu baza daha çox ictimai sektoru, siyasi xadimləri, ya iş adamlarını əhatə edir? Üstünlük hansı kateqoriyadadır? - Məndə olan məlumata görə, əsasən böyük məbləğdə pulu, imkanı olan şəxsləri əhatə edir. Çünki bunlardan şantaj vasitəsi kimi istifadə edib, bir çox adamlardan xeyli pul alıblar. Məqsəd bu olub. MTN sistemində xeyli adam vəzifəsindən çıxarılandan, bu nazirlik ləğv edildikdən sonra bəzi sahibkarların, iş adamlarının özləri bu barədə danışdılar. Onların da demək olar ki, heç biri təkzib olunmayıb. - Bu “əldəki bomba” hansı məqamda partlaya bilər? Belə bir ehtimal varmı ki, hansı situasiyada belə bir şey baş verə bilər? - İstənilən məqamda ola bilər. Bu, artıq əlində material olan insanların, qurumların, xüsusi xidmət orqanlarının, xarici xüsusi xidmət orqanlarının - harada olduğunu bilmirik - bizim üçün ən gözlənilməz məqamda, onların marağına uyğun olan şəkildə üzə çıxa bilər. Ona görə də indidən müxtəlif önləyici tədbirlər həyata keçirilməlidir. Təbii ki, internet dönəmində bunu etmək çox çətindir. Amma bunun Azərbaycanda birbaşa şantaj predmeti olmasının qarşısını indidən hüquqi mexanizmlərlə almaq lazımdır. - Rəylərin böyük əksəriyyəti belədir ki, bu, Eldar Mahmudovla aparılan sövdələşmənin, razılaşmanın nəticələrindən asılı olacaq... - Mənim gördüyüm budur ki, hazırda Eldar Mahmudov kimlərsə tərəfindən himayə olunur. Bildiyimə görə, indiki vaxta qədər də yetərincə effektiv olub. Eldar Mahmudovu himayə edən şəxslər müəyyən qərarlara, xüsusən də siyasi qərarlara təsiri olan şəxslərdir. Ona görə də burda məsələ dövlətin ali qanunverici orqanı səviyyəsində və dövlətin Milli Təhlükəsizlik Şurası səviyyəsində birdəfəlik həll olunmalıdır. Məsələ ilk baxışdan əhəmiyyətsiz görünə bilər, amma qətiyyən əhəmiyyətsiz deyil. Bayaq da dediyim kimi, bu məsələ Azərbaycanda müxtəlif sahələrdə təsir gücü olan insanların xarici xüsusi xidmət orqanlarının əlinə keçməsinə gətirib çıxara bilər. Azərbaycanda bunun vasitəsilə xarici xüsusi kəşfiyyatların böyük bir agentura şəbəkəsi yaradıla bilər. Bu isə artıq milli təhlükəsizliyə ciddi təhlükədir.

21 İyun 2016 10:19

Qazax politoloq:“Putin Rusiyanın sonunu gətirə bilər”

  Son vaxtlar qardaş ölkə Qazaxıstanda bir-birinin ardınca gözlənilməz hadisələr baş verir. Gah bir çox şəhərləri bürüyən etiraz dalğaları, gah ölkənin milli münasibətlər zəminində ən həssas nöqtəsi sayılan bir rayonunda törədilən terror hadisəsi, gah da qazax rəsmilərinin əndişəli açıqlamaları ağla xoşagəlməz ehtimalları gətirir. Ən çox üzərində durulan versiya isə ölkədə Ukrayna ssenarisinin həyata keçirilməsi planıdır. Bəs, qazax ziyalılar bu barədə nə düşünür? Orta Asya məsələləri üzrə mütəxəssis, "Türkistan-DER" təşkilatının sədr müavini Dr. Namoz Normumin Mohammadin “Dünya Bülteni” saytına verdiyi müsahibəsini kiçik ixtisarla təqdim edirik: -Qazaxıstandakı son vəziyyəti bizə izah edərsinizmi? -Son bir ayda Qazaxıstanda 3 əhəmiyyətli hadisə baş verdi: ilk olaraq, ölkə xaricindəki off-şor şirkətlərdə qazax iş adamlarının, o cümlədən, Qazaxıstan dövlət başçısının qızı, hazırda Baş nazirin müavini və atasının varisi olaraq görünən Dariga Nazarbayevanın da adının keçməsi, ikinci olaraq, ərazi qanununda edilən dəyişiklərə qarşı son zamanlarda görünməmiş ictimai etirazların ortaya çıxması, son olaraq isə Aktobe şəhərində yaşanan silahlı hadisələr. Bunları birlikdə qiymətləndirdikdə, görünməz bir gücün Qazaxıstanı həlqəvarı şəkildə sabitsizliyə sürüməyə çalışdığını söyləyə bilərik… -Aktobe şəhərindəki silahlı qarşıdurmalara dönərsək, hadisəni törədənlərin kimliyini müəyyənləşdirmək mümkün oldumu? –Xeyr, bu mövzuda şübhələr davam edir. Hücumun dərhal ardından Amerika senatı tərəfindən maliyyələşdirilən və Praqada post-sovet ölkələri üçün yayınlanan “Svoboda” (Azadlıq) radiosu hadisəni Qazaxıstanı Nazarbayev diktatirasından qurtarmaq istəyən demokratiya (!) tərəfdarı bir təşkilatın boynuna götürdüyünü xəbər verdi. Radio xəbərin qaynağı olaraq beynəlxalq media təşkilatlarını göstərdi, ancaq qaynağın konkret adı çəkilmədi. Bu, çox maraqlıdır. Hadisədən 5 gün sonra baş verənlərə qiymət verən Qazaxıstan Dövlət Başçısı Nursultan Nazarbayev isə dedi ki, "bu, xaricdən əmr alan radikal islamçı qruplar tərəfindən təşkil olunan bir terror aksiyasıdır. 2003-ci ildən bəri edamlar qadağan olunsa da, hücumu reallaşdıranlara edam cəzası verilməlidir. Bu radikallar ölkəmizdə rəngli inqilab etmək istədilər". Həmin xəbərlər və şərhlər bir çox baxımdan müəmma doluydu. Əvvəla, aksiyanı boynuna götürən təşkilat haqqında bu günə qədər heç kim heç bir şey bilmirdi. Bu açıqlamanı da kimsə ciddiyə almamışdı. O zaman Amerika radiosu niyə bu xəbərə yer verirdi? Nazabayevin açıqlamasında da ziddiyyət yox deyil. Açıqlamada hücumun xaricdən idarə edildiyi deyilir, amma konkret ünvan göstərilmirdi. Bir də terror aktını radikal islamçıların Qazaxıstanda rəngli inqilab etmək üçün törətdiyi irəli sürüldü. Lakin məlumdur ki, islami radikal təşkilatların Qərb tipli rəngli inqilablarla işi olmaz. Onlar “ərəb baharı” deyilən və Tunisdə başlayaraq, Misir və başqa ərəb ölkələrində davam edən inqilabi hadisələrdə də işin başında deyil, sonunda ortaya çıxmışdılar. Yenə bir maraqlı nöqtə Nazarbayevin bu silahlı hadisələrdən bir neçə həftə əvvəl ölkəsinə Ukrayna hadisələrini daşımaq istəyənlərə qarşı ən ağır tədbirləri alacağını söyləməsiydi… -Yəni demək istəyirsiniz ki, Nazarbayev hadisələrin bu şəkildə inkişaf edəcəyini öncədən bilirdi? -Nursultan Nazarbayev çox təcrübəli və milli bir siyasətçidir. Onun rəhbərliyində qazax xalqı və dövləti sanki yenidən ayağa qalxdı. Ancaq problem Qazaxıstan əhalisinin üçdə birinin ruslardan ibarət olmasıdır. Dünyadakı və post-sovet məkanındakı iqtisadi, siyasi və ictimai sarsıntılar dalğası, Nazarbayev istəməsə də, onun ölkəsində də özünü göstərə bilər. Burada əhəmiyyətli bir nöqtə isə Qazaxıstanın bir iqtidar dəyişikliyi ərəfəsində olmasıdır. Bütün bunlar yeni qazax dövlətçiliyi üçün ciddi imtahanlardır … -Sizcə, Putin rəhbərliyi Qazaxıstanda Ukrayna hadisələrinin təkrarlanmasını istəyə bilərmi? -Putindən bu gözlənilə bilər, çünki onun bütün siyasəti SSRİ olmasa belə, Çar Rusiyası səviyyəsində imperatorluq xəyali üzərinə qurulub. Ancaq bu eyni zamanda Putin üçün son oyun da ola bilər. Çünki bu anda Rusiya Qərb ölkələri tərəfindən, buna Türkiyə də daxil olmaqla, siyasi və iqtisadi cəhətdən əhatəyə alınıb. Bunun nəticəsində ruslar ciddi iqtisadi çətinlik içindədir. Üstəlik, Rusiyanın Qafqaz, Moldova və Ukraynada həyata keçirdiyi dağıdıcı fəaliyyəti və siyasəti post-sovet  dövlətləri və xalqlarında nifrət doğurur. Putinin Qazaxıstanı qarışdırmağa çalışması həm dünyada, həm post-sovet məkanında, həm də Rusiyanın içində ciddi reaksiyalara səbəb olacaq. Bu da yalnız Putin rejiminin deyil, Rusiyanın dövlət olaraq da sonunu gətirə bilər …  

20 İyun 2016 10:11

“Azərbaycanlı kişi ilə nəinki evlənmərəm, heç sevgili belə, olmaram”

Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva bir neçə gündür ki, Bakıdadır  Son günlər stilist Fuad Hacıyevlə çəkdirdiyi səmimi fotolarla gündəmdə olan modellə müsahibə üçün şəhər restoranlarından birində biraraya gəldik. Onunla söhbətə elə stilistlə münasibətindən başladıq: - Fuad Hacıyevlə səmimi fotolarınızı paylaşmağınız sevgili olduğunuz barədə məlumatların yayılmasına səbəb oldu. Bu xəbərlər nə dərəcədə doğrudur? - Fuad mənim neçə illik dostumdur, hər dəfə ya Azərbaycanda, ya da Türkiyədə görüşürük. Sevgili deyilik, o şəkillər dostcasına çəkilib. Elə bir şey ola bilərmi, sizcə..? - Niyə ola bilməz? - Bir neçe gündür ki, Bakıdayam. Burada şahidi olduqlarıma əsasən deyə bilərəm ki, azərbaybaycanlı kişilərlə sevgili ola bilmərəm, onlar ucuz, yüngül qızları sevirlər və yanlarında daha rahat olurlar. Konsertlərdə oldum. Bizim qızlar xarici ulduzların qabağında az qalırdılar ki, soyunsunlar. Qusacaqdım. Çox təəccübləndim, görəsən, bizim qadınlar niyə özlərinə qadın kimi hörmət etmirlər? Bundan əlavə, bizim bəzi kişilər çox kaprizlidir, onların xasiyyətini anlamıram. Azərbaycanlı kişi ilə nəinki evlənmərəm, heç sevgili belə, olmaram. Mən Türkiyədə, o burada, necə yaşayarıq? Azərbaycanlı kişi dostlarım çoxdur, bacı-qardaş münasibətimiz var. Dostluqda Azərbaycan kişiləri 1 nömrədir, amma özəl münasibətdə fərqli olurlar. “Yenidən evlənib, ana olmağa hazır deyiləm” - Bir dəfə Türkiyədə ailə qurdunuz və izdivacınız alınmadı. Yenidən ailə qurmağı düşünürsünüzmü? - Hazırda işimlə məşğulam. Hələ ki, evlənmək, yenidən ana olmaq istəmirəm. Təbii ki, evlilik təklifləri alıram, dəyərləndirirəm. 18 yaşım yoxdur ki, tələsik qərar verim, bir dəfə səhv etdim, ikinci dəfə ailə quranda daha diqqətli olacağam. Çünki indi oğlum var, onu düşünməliyəm. - Müsahibələrinizin birində demişdiniz ki, oğlunuz sizə çox bağlıdır, amma atanın nə olduğunu bilmir, ona görə də atasızlığı hiss etmir. Ailə qursanız, ona necə təsir edər? - Elə demişəmsə, doğrudur. Cihangir anaya bağlı uşaqdır. Atasını da görmədiyi üçün məncə, ailə qurmağımı normal qarşılayar. Onun da həyatında ata fiquru olar. “Oğlum Cihangir atanın nə olduğunu bilmir” - Hər dəfə keçmiş həyat yoldaşınız Tolqa Karelin Cihangirlə maraqlanmadığını dilə gətirirsiniz. Cihangir sizdən atasını soruşurmu? - Atanın nə olduğunu tam bilmir. Ona görə soruşmur. Hər şeyi mənimlə bölüşür, davalı suallar verir, mən də ona başa salıram. - Bir müddət öncə Tolqa Karel evləndi. Bu, sizə necə təsir etdi? - Tolqanın evlənməsindən xəbərsiz idim. Bakıda hava limanında jurnalistlər soruşanda bildim. Onunla maraqlanmıram. Ona görə də, bu haqda danışmaq istəmirəm, başqa məsələlərdən danışaq... - O zaman Bakıya gəliş səbəbinizdən danışaq. “Formula 1” yarışlarını izlədiyinizi bilirik. Gəliş səbəbiniz yarışlarla, yoxsa işlə bağlıdır? - Bakıya “Formula 1” yarışını izləmək üçün gəlmişəm. Maraqlı yarışdır, insanlar “Formula 1”-i izləmək üçün uzaqlara gedir, bizim ayağımıza gəlib, niyə izləməyim ki..? Həm də ölkəmizin inkişafı üçün mühüm tədbirdir. Mən də burada olmaya bilməzdim. - Martda moda gecəsi üçün gəlməli idiniz. Niyə gəlişinizi təxirə saldınız? - Bakıda moda gecələri mən istəyən tərzdə olmur, məni qane edəcək, yüksək səviyyədə keçirilmir. Keçən il Türkiyənin məşhur modelyeri Yıldırım Mayruk və tanıdığım dizaynerlərin də iştirak etdiyi dəfiləyə gəldim, amma ürəyimizcə olmadı. Təkliflər çox olur, lakin moda gecələrinin keçirildiyi məkanlar, təşkilatçılıq yaxşı olmur. Ona görə də, qəbul etmirəm. Yüksək səviyyədə olsa, məmnuniyyətlə iştirak edərəm. “O paltarları geyinmək cəsarət istəyir” - Dəfilələrdə geyindiyiniz libaslar dekoliteli, açıq-saçıq olur, moda gecəsindən sonra günlərlə müzakirə mövzusuna çevrilir. Bu durumdan narahat olmursunuz? - Mən hər zaman açıq-saçıq geyinmirəm, hər kəs də elə geyimlər geyinə bilmir, onları geyinmək cəsarət istəyir. Açıq libasları geyinmək üçün gərək bədən quruluşun standartlara uyğun olsun və kompleks yaşamayasan. Yıldırım Mayrukun dəfilələrinin simasıyam, orada hər zaman qapalı geyimlər geyinmişəm. Mən işimə peşəkarcasına yanaşıram, kompleksim yoxdur. Libası gözəl təqdim edə bilirəm. Çünki bədən quruluşum buna imkan verir. Jurnalistlər isə hər dəfə geyimlərimlə bağlı xəbərlər hazırlayırlar. Onları da başa düşürəm, bu cür xəbərlər reytinq qazandırır. Məni tanıyan insanlar, hətta “İnstagram” izləyicilərim bilir ki, mən gündəlik həyatda açıq-saçıq geyinmirəm, əsasən idman stilinə üstünlük verirəm. İndi də (müsahibə alınan günü nəzərdə tutur) rəfiqələrimlə şam yeməyinə gəlmişəm, buradan da konsertə gedəcəyik. Əynimdə uzun ətək, idman ayaqqabısı var, makiyaj etməmişəm. Adi xanımlar da gündəlik belə geyinir. Normal həyatımda podiumda geyindiyim kimi gəzmirəm. - Sonuncu dəfə rol aldığınız “Bəyaz qərənfil” serialı reytinq qurbanı oldu. Tamaşaçılar sizi yenidən aktrisa kimi görə biləcəklərmi? - Mənə bir neçə ssenari təqdim ediblər. Mən “Bəyaz qərənfil” serialının çəkiliş komandasının təklifinə müsbət cavab verdim. Serial mafiyalarla bağlıdır. Bu haqda çox danışmaq istəmirəm. Yeni mövsümdə tamaşaçılar üçün sürpriz olsun. - Bu serialın da reytinq qurbanı olması sizi narahat etmir? - Əlbəttə, narahat oluram. Ekranda tamaşaçılar 10-15 aktyoru görür. Amma bu işin arxasında yüzlərlə adam var, serialdan çörək pulu qazanırlar. Kaş, bütün əmək sərf edilən işlər öz layiqli yerini tutsun. - Azərbaycanda son 3 ildə filmlər, seriallar çəkilir, Türkiyədə lentə alınan ekran işləri ilə müqayisə edilir və daha çox tənqid olunur. Yerli filmləri də izləmisiniz? - Xeyr, izləməmişəm. Yerli filmlərin türk filmləri ilə müqayisə olunması yanlışdır. Türk filmləri dünyanın bir çox ölkələrində nümayiş olunur və sevilir. Əvvəllər bir “Qvaladupe”, “Lavizna”, “Santa barbara” kimi seriallara baxırdıq, indi də türk seriallarına baxırıq. İnşallah, bizim seriallar da nə vaxtsa o səviyyəyə çatar. - Azərbaycanlı rejissorlardan təklif gəlsə, qəbul edərsiniz? - Serial yox, lakin yaxşı film təklifi olsa, qəbul edərəm. Çünki serial üçün Azərbaycana köçməliyəm. Mənim isə övladım Türkiyədə təhsil alır, işim oradadır. - Bir müddət öncə əməliyyat olundunuz. Səhhətiniz hazırda necədir? - Öd kisəmi götürdülər. Əməliyyat ərəfəsində dedilər ki, “Bu stil mənim” proqramında qalmaqal yaşandığı üçün stressdən xəstəxanalıq olmuşam. Amma bu məlumatlar yanlış idi. Öd kisəmdə daş var idi, əməliyyat olunmalıydım. Əməliyyat da həmin ərəfəyə təsadüf etdi. “Dedi ki, sən olmasan, “Bu stil mənim” olmayacaq. Çünki reytinq qazandırırdım” - Söz düşmüşkən, “Bu stil mənim” verilişində yaşanan qalmaqala toxunaq. Proqramda iştirakçı ilə mübahisəniz, Türkiyə türkcəsində danışmağınız tənqid olundu. Hətta iştirakçılar layihə rəhbərləri tərəfindən onlara əxlaqsız təkliflər olunduğunu da iddia etdilər. Proqramın martda yenidən yayımlanacağı deyilsə də, hələ də efirə qayıtmayıb… - Kimin nə dediyini bilmirəm. Göydə Allah var, mən orada əxlaqsız təklif edildiyini görmədim. Prodüser hər dəfə deyir ki, Günay, verilişə başlayaq. Sağ olsunlar, layihə heyəti mən xəstə olan zaman mənimlə maraqlandı. Prodüser dedi ki, sən olmasan, “Bu stil mənim” olmayacaq. Qalmaqal yaşanandan sonra layihə gözümdən düşdü, sonra xəstələndim, 1,5 ay xəstəxanada müalicə aldım. Mən 40 dərəcə temperaturla proqrama çıxa bilməzdim. Hamıya da məlumdur ki, proqrama mənə görə baxılırdı, mən reytinq gətirirdim. - Oğlunuz Cihangir Canla xeyriyyə tədbirində podiuma çıxdınız və bildirdiniz ki, heç bir qonorar almamısınız. Daha sonra yüksək qonorar aldığınız barədə xəbərlər yayıldı. Siz isə bu məsələyə aydınlıq gətirmədiniz… - Son zamanlar xeyriyyə məqsədi ilə müxtəlif tədbirlər keçirilir. Heyf ki, orada yığılan pullar sahiblərinə çatmır. Çıxış etdiyim bir çox xeyriyyə tədbirlərində qonorarımı almışam. Lakin oğlumdan pul üçün istifadə etmərəm. Xeyriyyə məqsədli olmayan heç bir işdə oğlumun səhnəyə çıxmasına icazə vermərəm. Mən oğlum üçün yaşayıram və onun üçün çalışıram. O tədbirdən yüksək qonorar almağım barədə xəbərlər yalandır. Daun sindromlu uşaqlar üçün təşkil edilən tədbirlərdə dəfələrlə iştirak etmişəm, onların yeri qəlbimdə ayrıdır. Onlar üçün görülən işdən pul almaram. - Günay, bəs, boş vaxtlarınızı necə keçirirsiniz? - Film izləməyi çox sevirəm. Evdə olanda bir gündə iki filmə baxıram. Təzə çıxan türk filmlərini izləyirəm. Janr olaraq, bioqrafik filmlərə üstünlük verirəm. Dostlarla toplaşanda isə romantik-komediya daha maraqlı olur. Tək olanda baxa bilmirəm.  (musavat.com)

19 İyun 2016 11:14

“Anamın yerini məndən başqa heç kəs tuta bilməz” – İLQARƏ

Faktinfo.az Gənc müğənni İlqarə Kazımovanın “Qafqazinfo”ya müsahibəsini təqdim edir: - Siz kiçik yaşlarından məşhursuz. Adətən tədbirlərdə sizi ananız Aygün Kazımovanın yanında görürdük. İndi isə çox passivsiniz. Biz hələdə İlqarə Kazımovanın bir mahnı və kliplə şou-biznesdə özünü təsdiqləyəcəyini gözləyirik. Belə bir fikriniz var? - Müəyyən mənada passivlik ola bilər. Amma elə il olmayıb ki, mən yeni mahnılar ifa etməyim. Hər il bir neçə yeni mahnı ifa etmişəm, klip çəkdirmişəm. Müxtəlif konsertlərdə çıxış etmişəm. Yəni, sənətimi dondurmamışam. Media nümayəndələri, jurnalistlər isə məni daima gündəmdə saxlayır. Çox sağolsunlar. Demək olar ki, hər həftə mənim haqqımda xəbərlər dərc edirlər. Bu səbəbdən fəaliyyətimdə elə də passivlik hiss etmirəm. “Onun yerini məndən başqa heç kəs tutua bilməz” - Sizin digər gənc sənətçilərdən şansınız daha böyükdür. Çünki Aygün Kazımova adı sizin yanınızdadır. Əvvəllər Aygün xanım sizinlə bağlı açıqlamasında müğənni olmağınıza müsbət yanaşdığını deyirdi. Hətta hamı düşünürdü ki, Aygün yerini qızına verəcək. İndi nə dəyişdi? Ananız, yoxsa özünüz müğənni olmaq istəmirsiz? - Mən müğənniyəm. Müğənni olmaq və ya olmamaq mövzusu müzakirə predmeti ola bilməz. Əlbəttə, mənim üçün böyük şansdır ki, mənim anam Aygün Kazımovadır. Bəli, anam hər zaman deyir ki, yerini mənə verəcək. Mən də bilirəm ki, anamın yerini hazırki şou-biznesdə məndən başqa heç kəs tuta bilməz. Aygün Kazımova heç vaxt səhv proqnoz vermir. “Nə yaxşı ki, gözəllikdə Aygün Kazımovaya bənzəmişəm” - Elə bu yaxınlarda sosial şəbəkədə bir foto paylaşdız. Aygün xanımın rəsmi səhifəsi də sözügedən fotonu yayımladı. Hər kəs sizin böyüdükcə divaya daha çox bənzədiyinizi söylədi. Aygün xanım həyatı ilə bağlı çox səmimi açıqlamalar verir, bu sənətdə çətinliklərinin olduğunu deyir. Bəlkə də, Aygün xanım bu çətinliklərə gördüyü üçün sizə də çox təkan vermir, istəyir ki, ancaq zahiri görünüşcə ona bənzəyəsiz, müğənni kimi yox... - Yox, bu düzgün fikir deyil. Anam hər zaman mənə dəstəkdir. Mən bunu hər zaman hiss etmişəm. Axı məndən başqa anamın kimi var? Və ya mənim ondan başqa kimim var? Anama bənzəməyimə gəlincə isə bu çox normaldır. Nə yaxşı ki, gözəllikdə anama bənzəmişəm. - Adətən dünyada ulduzlarla yanaşı onların övladları da gündəmdə olur. Hətta, şəxsi həyatlarında ulduz övladı olmaq müəyyən problemlər yaradır. Sizi media, ictimaiyyət tez-tez narahat edir? - Buna narahatlıq demək olmaz. İnsanlar sevgidən mənə yaxınlaşırlar. Onlar sadəcə şəkil çəkdirmək və ya xoş söz demək istəyir. Bundan necə narahat olmaq olar? Çalışıram hər kəsə xoş münasibət göstərim. Media isə məni qətiyyən narahat etmir. Çox sağolsun media nümayəndələri ki, məni daima gündəmdə saxlayır. - Bu narahatlıq şəxsi həyatınızda biruzə verir? Məsələn, sevgiliniz və ya dostlarınızla rahat gəzib əylənə bilirsiz? - Dostlarımla yığışanda adətən qapalı məkanlarda oluruq. Bu səbəbdən narahatlıq hiss etmirəm. - Yeri gəlmişkən, həyatınızda biri var? - Yox, həyatımda heç kəs yoxdur. “Ailə quranda seçimi özüm edəcəm”. - Şou-biznesdə belə şeylərin şahidi oluruq ki, müğənnilər öz övladlarını sevgiylə deyil, öz istəklərinə uyğun şəkildə evləndirirlər. Seçimi siz edəcəksiz, yoxsa ananız? - Əgər ailəni mən quracağamsa, həmin şəxslə mən yaşayacağamsa, əlbəttə ki, seçimi də mən edəcəyəm. Anamın isə məsləhətinə qulaq asacağam. O, dünya görmüş insandır. Anam mənə heç vaxt pis məsləhət verməz. Bütün analar kimi, mənim də anam məni xoşbəxt görmək istəyər. “Atasızlığımı hiss etməmişəm…” - Bizdə belə olmasa da, dünyada boşanan ailələrdə cütlüklər arasında münasibət fərqli olur. Boşananlar təkcə valideynlər olur, övladlara təsir etmir. Bizdə isə çox vaxt övlad kimin yanında qalırsa, qarşı tərəfə soyuq davranır. Sizdə necədi? - Aygün Kazımova həm mənim anam, həm də atam olub. O, məni tam olaraq sevgi ilə əhatə edib. Çətinlik çəkməmişəm. Bəlkə də elə ailələr var ki, ata və ananın olmasına baxmayaraq, övladları müəyyən sıxıntılar yaşayır. Amma mənim anam mənə bunu yaşatmayıb. Bəlkə də, ona çətin olub. Buna baxmayaraq, məni hər şeyin ən yaxşısı ilə təmin edib. Ona görə də atasızlığımı hiss etməmişəm. “Səhnədə dinlədim, göz yaşlarımı saxlaya bilmədim” - Atanızı bilmirik, ancaq Aygün xanım ifa etdiyi “Qızım” mahnısı ilə sizə sevgisini etiraf edib. O mahnıda tək varlığının siz olduğu açıq-aşkar göstərilir. Hətta, indi də qulaq asanda göz yaşlarını saxlamayanlar da var. Sizdə necə? İlk dəfə bu mahnıya qulaq asanda nə hisslər yaşadız? - Bəli, çox gözəl vurğuladınız. İndi də bu mahnıya qulaq asan əksər insanın gözü dolur. Çünki mənim anam bu mahnını peşəkarcasına ifa edib. Bunu hər müğənni bacarmır. Mahnının sözlərinə və musiqisinə uyğun olaraq, onu ifa etmək və dinləyiciyə çatdırmaq lazımdır. Bu mahnını isə mən ilk dəfə anamın konsertində səhnədə dinləmişdim. Uşaq olmağıma baxmayaraq, göz yaşlarımı saxlaya bilmədim. Bu görüntülər də YouTube-da var. İndi də bu mahnını dinləyirəm. Anamın sevgisini hiss edirəm.

16 İyun 2016 1:39

`Onun erməni olduğunu bilmirdim` – Xalq artistinin qızı

Son günlər adı mətbuatda erməni stilistlə birgə hallanan, tez-tez qalmaqallarla gündəmə gələn xalq artisti Ramiz Novruzun qızı, tanınmış stilist Şəfəq Novruzova AzVision.az-a müsahibəsində haqqında səslənən ittihamlara cavab verib. O, bu sənətə gəlməsindən tutmuş, erməni əsilli stilist Georgi Kotla əlaqələsinədək bir sıra məqamlara toxunub. -Əvvəldən bu sənətə böyük həvəsim olub. Demək olar ki, sənətdə hər şeyi özüm öyrənmişəm. Hazırda peşəmlə bağlı təhsilimi artırıram, xarici ölkələrdəki seminarlara qoşuluram və öyrəndiyim yenilikləri Azərbaycanda tətbiq edirəm. -Bu işlə əlaqədəar ali təhsil almısınızmı? -Xeyr, ali təhsilim yoxdur. Orta məktəbdən 8-ci sinifdən çıxmışam. -Stilistliyə maraq sizdə haradan yaranıb? Sözün açığı, hər adam stilist ola bilməz. Bunun üçün gərək insanda zövq olsun. - Uşaqlıqdan zövqüm yaxşı olub. O vaxtdan yaraşdırmağı əla bacarmışam. 16-17 yaşımdan sonra stilist kimi öz üzərimdə çox işlədim. Heç kimin etmədiyi şeyləri mən üzərimdə cəsarət edib edirdim. Mən işə yeni başlayanda stilist sənətinə güclü maraq yox idi və insanlar yaxşı baxmırdılar. Hətta mən bu işə başlayanda ailəmizə gülürdülər ki, bu nə işdi? Qız uşağıdır, yaxşı iş tapa bilmirdiniz? Mən kimin nə deməsinə önəm vermirdim. Çalışırdım işimi hamıdan yaxşı bacarım. Zəhmətimin bəhrəsidir ki, hazırda bu həddə gəlib çıxmışam. Əlimdə olan sonuncu qəpiyimi də işə qoymuşam. Mənim üçün sənət hər şeydən önəmlidir. -Adətən sənət adamlarının övladları valideyinlərinin sənətini davam etdirirlər. Siz niyə aktrisa olmaq istəmədiniz? - Aktyorluğu deyə bilmərəm, amma yaxşı səsim olub. Hətta bir ara yeniyetməlik vaxtında müğənni olmaq istəyirdim. Ancaq atam icazə vermədi. Buna görə təəssüf etmirəm. Mənim işim də incəsənədin bir növüdür. Müxtəlif üzlərdə işləmək, üzü tanımaq incə işdir. Yaxşı vizajist üzü çox gözəl tanımalıdır. Baxanda bilməlidir ki, kimə nə yaraşır. -Stilist olmaq üçün yəqin ki, kurslar keçmisiniz. Tanınmış stilistlərdən kimlərdən dərs almısınız? -Makiyaj üzrə Soçidə, Latviyada, Dubayda seminarlarda iştirak etmişəm. Saç düzümlərini dərindən öyrənmək üçün Georgi Kotdan dərs almışam. - Bu yaxınlarda mətbuatda adınız erməni əsilli olduğu üçün Georgi Kotla bağlı hallanırdı. Bu məqamda bilmək istərdik, Georgi Kotun erməni əsilli olduğunu bilirdinizmi? - Mən onun yanına gedənə kimi, bilmirdim ki, anası ermənidir. Çünki soyadının sonunda “yan” yoxdur, həm də onun avtobioqrafiyasını oxumamışdım. Georgi Kotun yanına gedənə kimi Azərbaycanda onu tanıyan, yada salan insan yox idi. Sözün düzü, Georgi Kotu görənə qədər heç bir stilistin saç düzümləri məni bu qədər özünə cəlb etməmişdi. O, məni bu işdə ilk təccübləndirən stilistdir. Anası emrəni olsa da, insan kimi gözəl insandır. Bu müsahibəni oxuyanların çoxu məni qınayacaq ki, anası ermənidir, sən onun haqqında niyə müsbət danışırsan? Seminarlarda olduğum müddətdə onun erməni olduğunu qətiyyən hiss etmədim. Georgi Kot məndən Azərbaycan mahnılarını oxumağı xahiş edirdi. Mən mahnılarımızı oxuyandan o əl çalırdı, hətta dəfələrlə Azərbaycan sözünü işlədirdi. Ondan ölkəmizə qarşı heç bir hörmətsizlk görmədim. Seminardan şəkil paylaşandan sonra mətbuatda haqqımda tənqidi fikirlər yazırdılar. Halbuki o vaxtadək Kotun anasının erməni olduğunu bilmirdim. Onun günahı nədir ki, anası ermənidir? Georgi ilə görüşlərdə o heç vaxt erməni sözünü işlətmirdi. Ondan Azərbaycanın əleyhinə xoşagəlməz bir hərəkət görsəydim, anında cavabını verərdim. Sonradan öyrəndim ki, Kotun anası Abxaziyadan qovulub. -Atanızın bu məsələyə münasibəti necə oldu? -Mən onu saç düzmünün “şahı” hesab edirəm. Hətta onu Azərbaycana gətirmək istəyirdim ki, burada master klass keçsin. İnkişaf etməyimiz üçün bu yaxşı fürsət idi. Məlum səbəbdən planım alınmadı. Atama gəldikdə isə deyə bilərəm ki, Ramiz müəllim çox gözəl insandır. İmkanı olmasa da boğazından kəsib məni bu sənətə yiyələndirib. O, həm atam, həm də dostumdur. Anama deyə bilmədiyimi ona deyirəm. Atam bu hadisəyə təmkinlə reaksiya verdi. O bilir ki, mənim Kotun erməni əsilli olduğundan xəbərim olmayıb. Etiraf edim ki, onu Bakıya gətirmək üçün pul vermişdim, həmin pul da batdı. Əgər etdiyim səhvdirsə, mən yarı yoldan qayıtdım. Atam dedi ki, Şəfəq mən bu işdə sənə dəstək olmayacağam. Atamdan xahiş etmişdim ki, Georginin şousunu “Azdrama”da həyata keçirmək üçün şərait yaratsın. Bu yaxınlarda dünya şöhrətli vizajist Sami Kozanı Bakıya gətirmişdim. Georgi Kotdan yazanlar, niyə bu barədə heç nə yazmadılar? 25 min manat ziyana düşdüm. -Tələbələriniz varmı? -Əlbəttə, davamçılarım var. Hazırda məktəb açmışam. Çalışıram ki, bu məktəb yüksək səviyyədə olsun. Tələbərimiz loru dildə başa salmağa çalışırsam ki, yaxşı qavrasınlar. Bu günə qədər Azərbaycanda yeni saç düzümlərini mən yaratmışam. Bəzən elə olurdu ki, gəlinlər razılaşmırdı, mən onlara yalvarıb yeniliklərimi tətbiq edirdim. Hazırda təhsilimi davam etdirməyi düşünürəm. Planımda Amerikada akademiyada təhsil almaq var. -Ev, ailə və sənət - bunların hamısını idarə etmək sizə çətin deyilmi? -İki qızım var. Birinin iki yaşı var. Böyük qızım Ayanın isə 18 yaşı var. Qızım ailəlidir. O da vizajistdir. Mənim davamçımdır. Həmişə ilk işini babasına göstərir . Hazırda Azərbayacanda yaxşı əl işi olan, yaxşı pul qazanan stilistlərin çox tələbələrimdir. Həyat yoldaşım sağ olsun, bu işdə mənə dəstək olur. -Müğənnilərlə, tanınmış insanlarla işləyirsinizmi? - Xeyr. Hazırda tanınmış insanlarla işləmirəm. İşim sırf gəlinlərlədir.Müğənnilərdən müraciət edən olub, amma qaçmağa çalışmışam. -Kimləri özünüzə rəqib görürsünüz? - Bu sahədə Azərbaycanda ən yaxşılarından biri, bəlkə də birincisi mənəm. Məni qınasalar da, özümə heç kimi rəqib görmürəm. İşlərini bəyəndiyim vizajistlər Əzizə, İlahə , Günel və bir də qızım Ayandır.

14 İyun 2016 11:39

Qardaşı Əbülfəz Elçibəyin sirlərini açdı

“Bəyin toyunu aparmaq Vasim Məmmədəliyevə həvalə olunmuşdu” İyunun 24-də Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin anadan olmasından 78 il ötür.  Bu münasibətlə moderator.az saytı Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevdən müsahibə götürüb. Müsahibənin II hissəsini təqdim edirik: – Həbsdə yatdığı vaxtda görüşə bilirdinizmi? Orda incitmirdilər ki, Əbülfəz bəyi? – Məhkəməyə qədər Əbülfəzi DTK-nın padvalında ayrılmış ayrıca otaqda saxlayırdılar. Orda nəzarətçi ona deyibmiş ki, bəs bu otaqda vaxtilə Mircəfər Bağırov yatıb. O vaxt polkovnik Səlimzadə var idi, istintaq qrupunun rəhbəriydi, o bizə çox köməklik etdi. O zaman işə də getmədim, zəng vurub icazə aldım, Bakıda qaldım. Hardasa iki ay sonra məhkəməsi oldu. Məhkəməsində nənəmi (anasını) də gətirdik. Məhkəmədən əvvəl Səlimzadə general Krasilnikovun kabinetində nənəmlə Əbülfəzi görüşdürmüşdü. Onda elə bilmişdilər ki, nənəm oğlunu görüb ağlayacaq, oğlunun buraxılması üçün generala yalvarıb-yaxaracaq. Ancaq nənəm təmkinini pozmamışdı, Əbülfəzlə hal-əhval tutub, kənddən-kəsəkdən, qohumlardan danışmışdı. Nənəm o vaxt əsl türk qadını olduğunu sübut etmişdi. Məhkəmə günü ancaq Əbülfəz nənəmin zalda qalmasını istəmədi. Məhkəmə başlayan kimi söz alıb xahiş elədi ki, nənəmi zaldan çıxartsınlar. Nənəmin yanında danışmaq istəmirdi ki, qadın hər şeydən agah olmasın. Nənəmə DTK-da demişdilər ki, Əbülfəzi yoxlayıb buraxacaqlar, iş kəsiləcəyini bilmirdi. Nənəm zaldan çıxandan sonra məhkəmə davam elədi. Özü həm müttəhim idi, həm də öz vəkili idi sanki. Nə deyirdilərsə faktlarla, sübutlarla cavablarını verirdi. Deyirdilər sən filan vaxtı filan sözü demisən, deyirdi onu mən özümdən deməmişəm ki, filan kitabın, filan səhifəsində yazılıb, Leninin sözüdür. Yoxlayırdlar, görürdülər ki, düz deyir. Nə isə, prokuror buna üç il iş verdi. Səlimzadə də qayıdıb dedi ki, bəs mənim əziyyətim necə olsun. Ondan sonra cəzasını 18 aya endirdilər. – Almurad bəy, bildiyimiz qədər o vaxt Əbülfəz bəyi tələbələri çox müdafiə edirmiş. Tələbələrin dediklərinin məhkəməyə təsiri olmuşdumu? – Düzdür, tələbələri onu çox müdafiə edirdi, bir nişanlı qız var idi, barmağından nişan üzüyünü belə çıxarıb onlara təklif etmişdi. Ancaq tələbələrindən üzünə duranları da oldu, onları da öyrətmişdilər. Tələbələrdən biri deyirdi ki, Əbülfəz müəllim çox savadlı müəllimdir, ancaq bizə türk olduğumuzu deyir. Deyir ki, Azərbaycan milləti yoxdur, biz hamımız türk millətiyik, dərsdə bizə türkçülüyün mədəniyyətindən, dövlətçilikdən danışır. Hakim də qayıdıb dedi ki, müəllimin düz deyir də, biz türkdilli millətik. Məhkəmənin hakimi hökm kəsdiyi günün sabahısı demişdi ki, güllələnmə hökmü də vermişəm, ancaq indiyə kimi bu qədər narahat olmamışdım, bu gecə yata bilməmişəm. – Həbsdə yatdığı vaxtda görüşə bilirdinizmi? Orda incitmirdilər ki, Əbülfəz bəyi? – Həbsxanada olanda onunçün yaxşı şərait yaratmışdılar. Onu Qaradağ daş karxanasına göndərmişdilər, orada dustaqlar onu xüsusi hörmətlə qarşılamışdılar. Xüsusi mənzil və bir rus dustaq ayırmışdılar, ancaq ona xidmət edirdi, ayağına kimi yuyurdu. Özümüz də tez-tez yanına ərzaq göndərirdik, hətta bir dəfə mən gizlincə onun yanına getmişdim, bir gecə də yanında qalmışdım. O zaman rayondan tədarüklü gəlmişdim, söz vermişdilər ki, məni onun yanına keçirəcəklər. Səhərisi məni düz onun qaldığı yerə apardılar. Qaldığı mənzilə salıb qapını çöldən qıfılladılar, tapşırdılar ki, səssiz otur burda. Dustqaların gəlməsinə az qalmış bir it pənəcərənin qabağında durub dayanmadan hürməyə, pəncərəni cırmaqlamağa başladı. Sən demə dustaqlar gəlməmiş yoxlama aparırlarmış. Açığı deyim ki, çox həyacan keçirdim, elə bildim indicə yaxalayacaqlar məni. Ancaq zabitlərdən biri pəncərədən boylanıb dedi ki, çirkli qabları gətirib bu otağa yığıblar, it ona görə hürür. Nə isə, bunlar çıxıb getdi, hannan-hana özümə gəldim. Bir az keçmişdi ki, Əbülfəz yoldaşları ilə otağa girdi, məni görəndə gözlərinə inanmadı, həm də çox hirsləndi. Dedi ki, belə niyə etmisən, təhlükəlidir, ancaq gec idi daha, apardığım ərzaqları yeyib-içdilər. Mən bir də səhər getdiyim kimi də geri qayıtdım. Türmənin rəisi də onu çox istəyirdi, tapşırmışdı ki, Əbülfəzdən müğayət olun. – Bildiyimiz kimi, Əbülfəz bəy çox gec yaşlarında ailə həyatı qurub. Nəyə görə evlənmirdi, özünün sevdiyi var idimi deyə yubanırdı, yoxsa ki, elə siyasi fəaliyyətinə görə evlənmək məsələsi arxa plana keçmişdi? – Ona çox deyirdik evlən, hətta dostları, yoldaşları da deyirdi. Ancaq hələ evlənmək fikri yox idi, bilirdi ki, nə vaxtsa tutulacaq. Bir dəfə müəllim yoldaşlarının biriylə istirahətə Ordubada gəlmişdilər. Onda rəhmətlik dayım ona məsləhət verdi ki, qardaşların da evlənib, sən də ailə qur, oğul-uşağa qarış. Onda dedi ki, mənə evlənmək barəsində nəsə deməyin, mən tutduğum yolu bir yerə çıxarmalıyam. Türmədən çıxandan sonra Əlyazmalar Fondunda işləməyə başladı. Bir dəfə gözəl bir qızla evə gəlmişdi, oturub yemək yedilər, getdilər. Axşam evə gələndə soruşdu ki, qız xoşuna gəldimi, evlənmək istəyirəm. Mən də dedim ki, lap yaxşı. İki gün beləcə qızla gəldilər evə, ancaq üçüncü gün gəlmədilər daha. Soruşdum ki, bəs qız necoldu, dedi ki, yox e alınmadı, xasiyyəti xoşuma gəlmədi. 1979-cu ildə Kələkiyə məzuniyyətə gəlmişdi. Onda nənəm bunu evlənməyə razı sala bildi. Oturub məsləhətləşdik ki, kimi alaq, nənəm əmim Mirbabanın qızı Həliməni məsləhət gördü. Onda Əbülfəzin yaxın dostu Abbas Musayev də bizdə idi, elə Abbasla bərabər elçi getdik. Qızın həsini alıb evə qayıtdıq və toy tədarükünə başladıq. – Əbülfəz bəyin toy gününü necə xatırlayırsınız? Toyda kimlər iştirak edirdi, necə keçdi? – 1979-cu ilin 28 senytabrında Bəyin toyunu elədik. Çox gözəl məclis qurulmuşdu, çoxlu qonaqlar iştirak edirdi. Bakıdan, Naxçıvandan Bəyin bütün müəllim və tələbə yoldaşları, dostları gəlmişdilər. Toydan bir gün qabaqcadan Bakıdan iki dəstə dostları gəlmişdi. Birinci dəstədə Kamil Vəli, Cəfər Qiyasi, Oqtay, İsfəndiyar, Cəlil müəllim, Aydın, Əlsəgər, Məhəmməd və başqaları gəlmişdi. İkinci dəstədə isə Vasim Məmmədəliyev, Rafiq müəllim, Qara Tağızadə, Əbülfəz Hüseyni, Vaqif Bayatlı var idi. Bunlar gələnə mən gecədən bir yekə qazan xaş bişirmişdim. Yeyib yatdılar, xaş onları elə doyuzdurmuşdu ki, axşama qədər yemək yeyəmmədilər. Toyu aparmaq Vasim Məmmədəliyevə həvalə olunmuşdu. O, həm Bəyin yaxın dostu, tələbə yoldaşı, həm də ailəmizə məhrəm olan biriydi. Düz iki gün toy davam elədi. Kimin ki, işi var idi, onlar iki gündən sonra çıxıb getdilər, ancaq kimin ki, işi yox idi, onlar bir neçə gün daha qaldılar bizdə. Əbülfəz evlənən gündən ailəmizdə hər kəs onu Əbülfəz, müəllim yox, Bəy deyə cağırmağa başladı. – Ondan sonra nələr baş verdi, ailə həyatı Bəyi qismən də olsa dəyişə bildimi? İşləri hansı müstəvidə davam edirdi, təqiblərə son qoyulmuşdumu? – Türmədən çıxandan sonra da onu təqib etdirirdilər. Bir dəfə bəylə bərabər gedirdik, hiss etdim ki, kimsə arxamızca gəlir. Bəyə dedim, o mənim tələbəmdir cavabını verdi. Dedim ki, tələbən də olsa bizi izləyir. Sonra Bəy onu özü DTK-ya gedəndə görmüşdü. Səhər gördük üç nəfər qapını döyür, qapını açdıq DTK-dan üç nəfər gəlmişdilər. Bəy onların cavabını verib yola saldı. Səhərisi gün dörd nəfər gəldilər, dünən gələnlərin yerinə üzr istədilər. Bəy dedi ki, mən nə etmək istədiyini anlayıram, heç düz iş görmürsünüz. Onu hər yerdə izləyirdilər, ona görə də ehtiyyatla hərəkət edirdi. Fəaliyyətini gizli şəkildə aparırdı, əvvəlki illərlə müqayisədə nisbətən ehtiyyatla davranırdı. 1980-87 – ci illər Bəy üçün çox gərgin keçmişdi, həm Əlyazmalar İnstitutundakı işləyirdi, həm də gizli fəaliyyətini davam etdirirdi. DTK onu buna görə işdən uzaqlaşdırmağa da çalışırdı, buna görə onu bir illiyə Moskvaya elmi iş üçün göndərdilər. Moskvada da boş durmadı, orda da türk dünyası ilə bağlı araşdırmalar apardı. Moskvadan qayıdandan sonra Kələkiyə gəlmişdi, qayınatası vəfat etmişdi. Orda onu görməyə nə qədər insan gəlirdi. Hüzr məclisində belə dəyərli söhbətlər edirdi, dinimizin tarixindən danışırdı, Qurandan elə gözəl tərcümələr edirdi ki, hamını valeh qalırdı. Həmin illər onunçün o qədər ağır keçmişdi ki, sağlamlığına belə diqqət edəmmirdi. 1988-ci ildə əməliyyat da keçirmişdi. Kor bağırsağı partlamaq üzrə olanda xəstəxanaya çatdırıb əməliyyat etmişdilər. O zaman bir-iki saat da xəstəxanaya gec çatdırılsaymış həyatını xilas etmək mümkün olmayacaqmış. – Almurad bəy, danışa-danışa gəlib 1988-ci ilə çatdıq. O il artıq millət oyanmışdı, meydan hərəkatı başlamışdı. Bəyin o illərdəki fəaliyyəti yadınızda necə qalıb? – 1988-ci ildə Azərbaycan azadlıq mübarizəsinə qalxdı. İnsanlar Azadlıq meydanına axışdılar, çadırlar quruldu. Artıq Bəy azadlıq uğrunda uzun illərdir gizlin apardığı mübarizəni millətinə meydanda bəyan etdi. O zaman nümayişə toplaşanlar deyirdilər ki, uzun illərdir adını eşitdiyimiz, ancaq üzünü gpörmədiyimiz liderimiz budur. Bəyin bütün çıxışlarını gurultulu alqışlarla qarşılayırdlar. Bəy meydandan evə gəlmirdi, deyirdi xalqı başsız qoymaq olmaz. Evdən çay-çörək hazırlayıb aparıb tribunada ona verdilər, o da yeməkləri ordakılara paylaşdırırdı. Hardasa 20 gün sonra meydandakı adamları dağıtdılar, Bəygili də tutub aparmışdılar. Mən onda bir neçə dost tanışla bərabər türmələri axtardıq, Bəyi Bayıl türməsinə aparmışdılar. Salamat olduğunu biləndən sonra bir qədər rahatlaşdıq. Evə qayıdanda gördüm ki, Bəyin evində axtarış aparırlar. Qardaşım da o zaman orada idi, 2 nəfər silahlı əsgər, bir də DTK-nın azərbaycanlı və Moskvdan gəlmiş DTK nümayəndələri Bəyin otağın axtarırdılar. İş stolunun üzərindəki şəkillərlə maraqlanırdılar. – Bəyin iş stolunun üstündə kimin şəkilləri var idi? Ümumiyyətlə evdə nə axtarırdılar, nə apardılar? – Stolun üstündə ilk şəhidimiz ağdamlı Bəxtiyarla Əlinin, Xudu Məmmədovun, Heydər Əliyevin şəkilləri var idi. Qardaşım bir-bir izahat vermişdi ki, kimlərin şəkilləridir. Heydər Əliyevin şəklini göstərəndə rus demişdi ki, bunu atın getsin. Qardaşım demişdi ki, o bizim qohumumuzdur, şəkillərə dəyməyin. Şəkillərə toxunmadılar, ancaq bütün yazıları yığıb apardılar, hətta tələbələrin kurs işlərini belə. Divarda Atatürkün rəsmi var idi, əsgərlər Ədalətdən soruşdular ki, şəkildəki kimdir. Ədalət də babamızdır deyə cavab verdi. Bəyin yoldaşı Həlimə xanımdan Bəyin ona pul verib vermədiyini də xəbər aldılar. Həlimə də dedi ki, verir, təzəlikcə də maaş almışdı, 70 manat verdi. DTK-nın nümayəndəsi gülümsəyərək əlavə elədi ki, maaşı soruşmuram, evə kisə dolusu pul gətiribmi. Evi bütün axtarandan sonra yazıları götürüb getdilər. Evdə zatən yazılardan başqa bir şey yox idi ki. Həmin vaxt Bəyin iş yerində də axtarış aparmışdılar, sənədlərin aparmışdılar. Həmin sənədləri sonra da qaytarmadılar. Bir neçə gün sonra meydandan aparılanları buraxdılar, ancaq Bəyi 15 nəfərlə birlikdə bir ay Qara şəhərdəki cəzaçəkmə müəssisəsində saxladılar.

13 İyun 2016 3:03

“Aİ sülh sazişinin əldə edilməsini həyata keçirməyə hazırdır“

Aİ sülh sazişinin əldə edilməsi üçün üzərinə düşən işin həyata keçirilməsinə hazırdır" Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Kəpəz televiziyasının (Region TV) "Bu həftə" verilişinə Ermənistan - Azərbaycan münaqişəsi ilə bağlı Avropanın mövqeyi barədə danışıb. O, problemin həlli yolları və Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri barədə suallarımızı da cavablandırıb. -  Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinin 25 illik tarixi var. Bu müddət ərzində əməkdaşlıq sahəsində  nəyə nail olunub və nəyi etmək mümkün olmayıb? - Əvvəla böyük iftixarla demək istəyirəm ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı və böyük sərmayəçilərindən biridir. Azərbaycan ticarətinin 44 faizindən çoxu Aİ-nin payına düşür. Bununla belə, Avropa İttifaqı Azərbaycan iqtisadiyyatına sərmayə qoyan əsas investordur. Biz bir sıra sahələrdə əməkdaşlıq edirik. Bu sahələr bilavasitə təhsili, tələbə mübadiləsi proqramlarını əhatə edir. Ətraf mühit məsələləri ilə bağlı da bizim birbaşa əməkdaşlığımız var. Və starteji tərəfdaşlığımız enerji sahəsində də özünü göstərir.   - Bu günlərdə müsahibələrinizin birində bildirmisiniz ki, Avropa İttifaqı ilə Azərbaycanın  əməkdaşlığının genişləndirilməsi barədə yeni strateji razılaşma üzərində iş gedir. Bu razılaşma nəyi nəzərdə tutur? - Bu strateji razılaşmaya gəldikdə, bu, bilavasitə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin zəminini hüquqi müstəvidə daha da gücləndirəcək. Çünki bildiyiniz kimi, Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və əməkdalıq sazişi 1999-cu ildə imzalanıb. Lakin o vaxtdan bəri bir çox məsələlər dəyişib. Ən azından ticarətin daha da genişləndirilməsi, investisiya imkanlarının artırılması və digər məsələlər üçün bizə yeni razılaşmanın əldə edilməsi vacibdir.   - Avropa İttifaqı rəsmiləri, o cümlədən də siz dəfələrlə bildirmisiniz ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ görmürsünüz. Amma Ermənistan Azərbaycan torpaqlarını işğal edib və heç bir güzəştə də getmək istəmirsə, məsələni sülh yolu ilə necə həll etmək olar? Bununla bağlı bir fikriniz varmı? - Birincisi, onu demək istərdim ki, Aİ ATƏT-in Minsk qrupunu dəstəkləyir və bu dəstək bilavasitə müfəssəl və geniş sülh sazişinin imzalanması istiqamətində aparılan səyləri nəzərdə tutur. Və bu məsələni xüsusilə vurğulamaq lazımdır ki, sülh razılaşmasından söhbət gedirsə, o zaman bu razılaşmanı əldə etmək üçün kompromisə getmək lazımdır. Aİ olaraq sülh sazişinin əldə edilməsi üçün üzərimizə düşən işin həyata keçirilməsinə hazırıq. Bu, inkişaf baxımından nəinki Cənubi Qafqaz üçün vacib məsələdir, bu problem bütövlükdə Avropanı da narahat edir, hətta qlobal miqyaslı məsələdir. - İyunun 23-də Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendum keçiriləcək. Rəy sorğuları göstərir ki, britaniyalıların çoxu İttifaqdan çıxmağın tərəfdarıdır. Əgər belə olarsa, Böyük Britaniya İttifaqı tərk edərsə, bunun hansı nəticələri ola bilər? Bunun domino effekti yaratması, yəni digər ölkələrin də Londondan nümunə götürməsi ehtimalını necə qiymətləndirirsiniz? - Əvvəla onu demək istərdim ki, bu sual Britaniya xalqının seçimi ilə bağlıdır. Britaniya xalqına seçim hüququ verilib. Baxaq görək nəyin lehinə, nəyin əleyhinə səs verəcəklər. Düşünürəm ki, bu məsələni elə də şişirtmək lazım deyil. Referendumun başa çatmasını və nəticələrin nədən ibarət olacağını gözləmək lazımdır. Öz növbəmdə bir məsələni də əlavə etmək istərdim. Gəncə həqiqətən çox gözəl və ecazkar şəhərdir. Və Aİ olaraq çalışacağıq ki, İttifaqın Gəncədəki mövcudluğunu daha da genişləndirək. Gəncə əhalisi Aİ ilə bağlı daha çox məlumat əldə etsin. Öz növbəmizdə çalışacağıq ki, Gəncənin qədim və zəngin tarix və mədəniyyəti ilə bağlı yerli əhalidən mümkün qədər çox məlumat alaq və beləliklə, təmasları daha da artıraq. Yaxşı və firavan gələcəyi təmin etmək üçün, bir-birimizi daha yaxşı anlamaq üçün zənnimcə, ən yaxşı yollardan biri məhz elə bir-birimizdən öyrənməkdir.

13 İyun 2016 2:56

Tanrıverdi Mustafayev: “Mən səlahiyyətim çərçivəsində hərəkət edirəm“

  “Əvvəllər telefonlarımız bir dəqiqə susmazdı, 24 saat zənglər, şikayətlər gəlirdi. İndi isə o dərəcədə sakitlikdir ki, mən artıq darıxıram” “Yeni Müsavat”ın dövlət qurumlarının mətbuat xidmətlərindən hazırladığı növbəti reportajda qonağımız “Azərişıq” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayevdir.  Politexnik İnstitutunu bitirən, biologiya elmləri namizədi Tanrıverdi müəllimi tanımaq, onu ictimaiyyətlə əlaqələr sektoruna gətirən yola nəzər salmaq, onun gündəlik iş rejimi, mətbuatla bağlı fikirləri və sair haqda müsahibə almaq üçün budəfəki qəhrəmanımızla “Azərişıq” ASC-nin əsas inzibati binasında görüşdük. Bizi xoş üzlə qarşılayıb, çaya qonaq edən Tanrıverdi Mustafayev öncə dedi ki,  özü haqda danışmağı ümumiyyətlə sevmir. İşinə bağlı bir insan olduğundan daha çox “Azərişıq” haqqında danışmaq istədiyini dedi. Lakin rubrikamızın tələblərinə uyğun olaraq, suallarımıza T. Mustafayevin mətbuat katibliyinə qədərki yolundan başladıq. Dinləyək:   “Mənim üçün ən böyük xoşbəxtlik insanın sevdiyi bir işinin olmasıdır. O insan xoşbəxtdir ki, gözəl bir işi ola, hər səhər həvəslə işə gələ. Həm də gözəl ailəsi ola, axşam da həvəslə evinə gedə. Bu mənada mən özümü xoşbəxt sayıram. 1962-ci ildə Qərbi Azərbaycanda kolxozçu ailəsində dünyaya gəlmişəm. Uşaqlıq illərim zəhmətlə keçib. Mənim babam kənddə ”Topal İsmayıl" adı ilə tanınırdı. Mən onun yanında böyümüşəm. Çox zəhmətsevər insan olub. Səhər saat 6-dan gecə saat 1-ə kimi  dayanmadan çalışardı. Zəhmətsevərliyi ondan öyrənmişəm. Göy kənd orta məktəbini başa vurmuşam. Məktəbimiz 1937-ci ildə inşa olunmuşdu və o mahalda 10 illik təhsil verən ilk orta məktəb idi. Bu məktəbi bitirmişəm. Uşaqlıqdan həvəsim jurnalistikaya idi. Orta məktəbi bitirəndən sonra rəhmətlik nənəm dedi ki, elə bir ixtisas seç ki, geri qayıtmayasan. Mən o zaman Politexnik İnstitutu adlanan, indiki Texniki Universitetə sənədlərimi verdim, sənaye elektronikası fakültəsinə qəbul oldum. Ali təhsilimi başa vurduqdan sonra təyinatla Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Elmi-Tədqiqat Əkinçilik İnstitutuna kiçik elmi işçi vəzifəsinə götürüldüm. Daha sonra 3 illik  aspiranturanı bitirdim, biologiya elmlər namizədiyəm. İndi də bu işimdən fərqli olaraq Texniki Universitetdə “Sənaye ekologiyası və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasında baş müəlliməm. Yaxın vaxtlarda da dosent adını almağa hazırlaşıram. Yəni mətbuat xidməti vəzifəsi ilə paralel olaraq, elmi işlə də məşğul oluram. 20 ilə yaxın Azərbaycandan kənarda yaşamışam. Aspiranturanı Moldovada bitirmişəm. Orada 1991-cı ildə Azərbaycan Adət və Ənənələri Cəmiyyəti yaratmışam. 2001-ci ildə də Moldovadan Dünya Azərbaycanlılarının 1-ci Qurultayına gələn nümayəndə heyətinin tərkibində Bakıya gəlmişəm. Bu qurultaydan sonra qərar verildi ki, Azərbaycanda qalım. 2002-ci ilin 7 fevralından “Bakıelektrikşəbəkə”də işə başladım. Bu həyat yoluma görə Allahımdan razıyam. “Bizim sahə operativlik tələb edir. Bir gün susuz, qazsız qalmaq olar, ancaq bir neçə dəqiqə elektriksiz qalmaq mümkün deyil” Həyatımın çox hissəsi qəriblikdə keçsə də, həmişə fəxr etmişəm ki, azərbaycanlıyam. Bu sözləri də ilk dəfə  o salonda mərhum ümummilli liderimiz Heydər Əliyevin dilindən eşitmişəm. Həmişə çalışmışam ki, dilimizi, adət-ənənəmizi təbliğ edim. Bu gün Azərbaycan Cənubi Qafqazın  ən gözəl ölkəsidir. 90-cı illərdə Moldovada işlədiyim zaman, Azərbaycanda bir neçə gün qalanda darıxırdım, Moldovaya getmək istəyirdim. Ancaq indi ölkəmiz o qədər inkişaf edib ki, heç yerə getmək istəmirəm". - Torpaq həsrəti çəkirsizmi, Tanrıverdi müəllim?  - Çox. Qərbi Azərbaycan torpaqları heç vaxt ermənilərin olmayıb. Oradakı kənd adları da hamısı Azərbaycan dilindədir. Məsələn, Göy kənd, Çay kənd və sair. Rəhmətlik Səməd Vurğun deyirdi ki, “Qarışsın Qazaxa Dilcan dərəsi”... Bizim torpaqlarımız o zaman da  Gəncə quberniyasının, Qazax qəzasının Dilcan rayonu adlanıb. Yəni Azərbaycanın olub, heç vaxt Ermənistanın olmayıb. O yerlərin mənzərəsi də çox gözəl olub, həm yaylağı, həm də aranı... Bir tərəfi Murğuz dağı, bir tərəfi Cantəpə yaylağı. Mən bu gün də telefonumun ekranında öz kəndimizin mənzərəsini gəzdirirəm. Bax bu Göy kənddir, bizim kəndimizdir (telefonda göstərir). O torpaqların insanları zəhmətsevər idi, ən böyük silahları doğruluq, halallıq idi. Bu gün də harada olmağımızdan asılı olmayaraq, o ənənə bizdə qalıb. - Dediniz ki, təhsiliniz texniki sahə üzrə olub... Bəs mətbuat xidməti işinə necə adaptasiya oldunuz? Necə oldu ki, sizə tamamilə yad olan bir sahəyə keçdiniz? - Bəlkə də bu bir alın yazısı idi. Bir məsəl var: “Niyyətin hara, mənzilin  ora”. Bayaq dediyim kimi, uşaqlıqdan arzum jurnalist olmaq idi. Ancaq ilk olaraq, yaratdığımız Azərbaycan Adət və Ənənələri Cəmiyyətinin  sədri seçildim. O zaman Moldova mətbuatı, televiziyası məni verilişlərə dəvət etdi. İlk dəfə orada mətbuatla əlaqələrə başladım. Bir ictimai təşkilatın mətbuat xidməti oldum. İki həftə sonra məni Nazirlər Sovetindən  Milli münasibətlər üzrə Dövlət Departamentinə dəvət etdilər və etimad göstərdilər ki, bir neçə cəmiyyətin kuratoru olum. 10 il  həmin departamentdə şöbə müdiri işlədim və artıq işim birbaşa mətbuatla, ictimai əlaqələrlə bağlı idi.  Buraya gələnə qədər böyük bir təcrübə toplamışdım. Buraya gəldikdən sonra da bu iş mənə təklif olundu. Böyük həvəslə qəbul etdim. Bu iş mənə Azərbaycan mətbuatında çoxlu dostlar qazandırdı. Həm sahəmiz maraqlı sahədir, ölkəmizi nura qərq edən bir idarədə çalışırıq. “Mən “Azərişıq” ASC sədrinin sözçüsüyəm. Bu məsuliyyət isə istər kabinetdə, istər küçədə, hər yerdə mənim çiynimdədir” - Mətbuatla əlaqələrinizi dostluq üzərində qurursunuz, yoxsa sırf peşəkar zəmində? - Dostluq haqqında danışmaq bir qədər çətindir. Dost illərlə qazanılır, seçilir. Mən mətbuatla əlaqələri sırf iş üzərindən qurmuşam. Çünki təzə gələndə çoxlarını tanımırdım. Çoxu da məni tanımırdı. Sonradan onları məni işimə görə tanıdılar, qiymət verdilər, bəziləri ilə münasibətlərimiz dostluğa çevrildi. - Tanrıverdi müəllim, rəhbərliklə münasibətləriniz  necədir? “Azərişıq” ASC sədrinə birbaşa çıxış imkanınız varmı?  - Mən səlahiyyətim çərçivəsində hərəkət edirəm. Əgər struktur olaraq, məndən yuxarı vəzifədə olan departament direktoru varsa, ondan da yuxarıda  sədr müavini varsa, mən onlara müraciət edərkən protokol qaydalarına əməl edirəm. Çalışıram  ki, hamısı qaydalar çərçivəsində olsun.  Özüm  isə 24 saat iş rejimində oluram. Yuxu yatdığım zaman belə jurnalistlər məni zəng edib qaldıra bilər. Mən “Azərişıq” ASC sədrinin sözçüsüyəm. Dilimdən hansı kəlmə çıxırsa, onun məsuliyyətini hiss edirəm. Çünki cəmiyyət onu “Azərişıq” ASC sədrinin ifadəsi kimi qəbul edir. Mənim iş saatım səhər saat 9-dan axşam saat 6-ya kimi deyil. 15 ildir ki, operativ rejimdə işləyirəm. İstirahət günlərində də, bayram günlərində də mən “Azərişıq” ASC sədrinin sözçüsüyəm. Bu məsuliyyət isə istər kabinetdə, istər küçədə, istər yolda mənim çiynimdədir. Mətbuat xidmətində bir neçə əməkdaşıq. Ümumi idarəetmə mənə həvalə olunub. Lazım gəldiyi təqdirdə, birbaşa olaraq “Azərişıq” ASC sədrinə istər mobil telefonla, istərsə də daxili telefonla  əlaqə saxlayıram. - Müsahibə verərkən, mətbuata danışarkən rəhbərlikdən icazə alırsınızmı? - Bəli, bir qədər öncə, siz gəlməmişdən “Yeni Müsavat”a müsahibə verəcəyimlə bağlı da məlumat verdim. Bu mənim vəzifəmdir... - Bu cür operativ bir sahədə çalışmaq fiziki baxımdan çətin deyilmi?  - Tez-tez məndən soruşurlar ki, bu qədər zəngə cavab verməyi, bu qədər müraciətlərə baxmağı fiziki baxımdan necə çatdırırsınız. Bizim 2 milyon 500 min abonentimiz var. Hər ailəni 3 nəfərdən hesablasaq,  təxminən 6 milyon insan mənim mobil telefonumu bilir. Mənim telefonum hər zaman onlar üçün açıqdır. Üstəgəl, jurnalistlər səhər saat 8:00-dən axşam 19:00-a qədər zəng edirlər. - Jurnalistlərlə problem yaşadığınız hallar olurmu?  - Məni narazı salan yeganə məsələ odur ki, çoxlu mətbuata aidiyyəti olmayan saytlar, qəzetlər yaranıb. Və ya elə insanlar var ki, nə saytı, nə də qəzeti var. Sadəcə, eşidib ki, ürəyi yumşaq adamam, zəng edir. Bilirsiniz də nəyi nəzərdə tuturam, bu zənglərin nəticəsi nəyə gedir...  Mən çox xahiş edirəm ki, jurnalistikaya aidiyyəti olmayan bu adamlar nəzərə alsınlar ki, sosial fond deyilik. Onlar bizi çox narahat edirlər. Mən buradan mesaj verirəm ki, bu cür hərəkətlərə yol verməsinlər. Ciddi qəzetlərə, jurnallara isə həmişə telefonlarımız açıqdır, nə sualları varsa cavablandırırıq. Hansısa ehtiyacları varsa, imkan daxilində yardımçı olmağa çalışırıq. - “Azərişıq” ASC haqqın mətbuatda tənqidi materiallar gedərkən, sizin reaksiyanız necə olur? - Tənqid obyektivdirsə, normal olur. «KİV haqqında» Qanun var, ona uyğun olaraq istənilən məlumat yazıla bilər. Əgər hansısa rayonda işıq  yoxdursa, onu yaza bilərsiniz. Ancaq bizimlə əlaqə saxlamaq da lazımdır ki, mən onu öyrənim və sizə deyim ki, təftişlə əlaqədar  olaraq, hansısa rayonda 3 saat elektrik verilməsi dayandırılacaq. Biz hər zaman fasilə yaranarkən, məlumat veririk. Çox vaxt çalışırıq ki, heç fasilə yaranmasın, digər transformatordan enerji təchizatını bərpa edək. Ancaq bizim əməkdaşlarımızın təhlükəsizliyi naminə müəyyən hallarda enerji təchizatı dayandırılmalıdır. Təhlükə ola bilər, hadisə baş verə bilər. Biz çalışırıq ki, bunlar olmasın. Bəzi vaxtlarda təbiətin şıltaqlığı olur, bəzən qəza olur. Mətbuatın bunu işıqlandırması normaldır. 15 ildir ki, mən bu qurumun mətbuat xidmətindəyəm, heç vaxt problemim olmayıb. Əksinə, mətbuatdan çoxlu dostlar qazanmışam. “24 saat iş rejimində oluram. Yuxu yatdığım zaman belə jurnalistlər məni zəng edib qaldıra bilər” - Əvvəl “Bakıelektrikşəbəkə” ancaq Bakıda fəaliyyət göstərirdi.  “Azərişıq” ASC isə bütün ölkə ərazisində enerji satışını həyata keçirir. Bu dəyişiklikdən sonra yükünüz artdımı? - “Azərişıq” ASC yaranandan sonra 7 regional enerji təchizatı və satışı idarələri yaradıldı. İdarəetmə mükəmməl şəkildə qurulub. Burada  “Azərişıq” ASC-nin sədri, sədr müavinləri,  5 departamenti, hər regionda da elektrik şəbəkə rəisləri var. Çox  gözəl struktur qurulub. Çünki elektrik digər kommunal xidmətlərdən sudan, qazdan da əhəmiyyətlidir. Bir gün susuz, qazsız qalmaq olar, ancaq bir neçə dəqiqə elektriksiz qalmaq mümkün deyil. Enerji təchizatının olmaması bütün elektrik avadanlıqlarının, idarə və şirkətlərin iş rejiminin əsasını təşkil edir. Bizim əsas məqsədimiz harada olmasından asılı olmayaraq, hər bir abonentimizi keyfiyyətli, dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir. Bu yaxınlarda “Bakıelektrikşəbəkə”nin yaradılmasının 10 ili tamam olur. Bu 10 ildə o qədər işlər görülüb ki, demək olar ki, Bakı şəhərində problem qalmayıb. Əvvəllər telefonlarımız bir dəqiqə susmazdı, 24 saat zənglər, şikayətlər gəlirdi. Bakı şəhərində son 6 ildə bu problemlər tam həll olunub.  İndi isə o dərəcədə sakitlikdir ki, mən artıq darıxıram.

8 İyun 2016 1:02

Xələf Xələfov:“Xəzəryanı ölkələr arasında fikir ayrılıqları qalmaqdadır”

  Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov APA-ya müsahibə verib. Faktinfo.az müsahibəni oxuculara təqdim edir: – Astana sammiti öncəsi Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı hansı razılaşdırılmamış məsələlər qalıb? Fikir ayrıqları əsasən hansı ölkələr arasında mövcuddur? İşçi qrupunun növbəti iclası nə zaman planlaşdırılır? – Bildiyiniz kimi, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə danışıqlar prosesi beştərəfli formatda Xəzər dənizi dövlətlərinin başçıları və xarici işlər nazirləri, eləcə də Xüsusi İşçi Qrupu çərçivəsində xarici işlər nazirlərinin müavinləri səviyyəsində davam etdirilir. Dövlət başçılarının zirvə toplantıları çərçivəsində əldə olunmuş razılaşmalar və qəbul edilmiş qərarlar Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın əsas prinsiplərin razılaşdırılması prosesinə öz töhfəsini verib və ümumilikdə Konvensiya layihəsi üzrə işin sürətləndirilməsini təşviq edib. Bununla yanaşı, Konvensiya layihəsində təhlükəsizlik və sahilyanı ölkələr arasında qarşılıqlı etimadın gücləndirilməsi ilə bağlı müddəalar üzrə müzakirələr hələ də davam edir. Həmçinin, Konvensiya layihəsində çıxış xətləri, sualtı kabel və boru kəmərlərinin çəkilməsi, habelə digər dənizlərə və okeana çıxışı olmayan sahilyanı ölkələrinin hüquq və imkanları kimi məsələlər üzrə fikir ayrılıqları qalmaqdadır. Şübhəsiz ki, bütün açıq qalan məsələlər yekun razılaşmaları tələb edir. Buna baxmayaraq, bütün Xəzəryanı ölkələr arasında hazırkı əməkdaşlıq səviyyəsi, danışıqlarda nümayiş etdirilən konstruktiv yanaşma və Konvensiya layihəsinin müzakirəsi prosesi onu deməyə əsas verir ki, fikir ayrılıqları mövcud olan məsələlər üzrə mövqelərin uzlaşması mümkündür. Xəzər dənizi dövlətlərinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti iclasının bu ilin iyun ayında Moskvada və iyul ayında Astanada keçirilməsi planlaşdırılır. Ümid edirəm ki, həmin iclaslar Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin razılaşdırılması istiqamətində növbəti irəliləyişlərin əldə olunmasına zəmin yaradacaq. – Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə işlərin gələn il başlayacağını açıqlayıb. Bu prosesi bitirmək üçün ölkələr arasında razılaşdırılmalı olan hansı məsələlər qalıb və bununla bağlı görüş planlaşdırılırmı? – 3 sentyabr 2010-cu il tarixində “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında Müqavilə” imzalanıb. Bununla da iki ölkənin dövlət sərhədinin delimitasiyası başa çatdırılıb. Sözügedən müqaviləyə uyğun olaraq, Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyasını həyata keçirmək məqsədilə Azərbaycan-Rusiya birgə Demarkasiya Komissiyası yaradılıb. Hazırkı mərhələdə Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası tərəfindən dövlət sərhədlərinin demarkasiyası prosesi həyata keçirilir. Adıçəkilən Birgə Komissiya Moskva və Bakı şəhərlərində olmaqla, mütəmadi əsasda iclaslar keçirib və bu iclaslarda Birgə Komissiya haqqında Əsasnamə, eləcə də demarkasiya prosesinin həyata keçirilməsi üçün texniki-hüquqi xarakterli digər aidiyyəti sənədlər imzalanıb. Qeyd olunan sənədlər əsasında Komissiyaların işçi qrupları tərəfindən demarkasiya xəritəsinin yaradılması, dövlət sərhədində sərhəd nişanlarının yerlərinin müəyyən edilməsi, dövlət sərhədinin sərhəd nişanlarının ərazidə işarələnməsi qaydaları, eləcə də sərhəd nişanlarının formaları, rəngləri və digər texniki göstəriciləri razılaşdırılıb. Aparılmış işlərin davamı olaraq, demək olar ki, demarkasiya sərhəd nişanlarının yerlərdə bilavasitə quraşdırılmasının gələn il ərzində başlanılması nəzərdə tutulur. – Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyası ilə bağlı yaxın vaxtlarda görüş gözlənilirmi? – Azərbaycanla Gürcüstan arasında dövlət sərhəd xəttinin uzunluğu 480 km təşkil edir. Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının Gürcüstanın eyni adlı komissiyası ilə bu günə qədər keçirilmiş görüşlərində dövlət sərhəd xəttinin 314 km hissəsi razılaşdırılıb və bu barədə müvafiq protokollar imzalanıb. Dövlət sərhəd xəttinin razılaşdırılmamış sahələrində müxtəlif fikir ayrılıqları mövcuddur ki, bu da komissiyalar və işçi qrupları səviyyəsində keçirilən görüşlər zamanı müzakirə olunur. Sonuncu dəfə 12-13 mart 2015-ci il tarixlərində Tiflis şəhərində dövlət komissiyalarının rəhbərləri səviyyəsində məsləhətləşmələr keçirilib. Belə məsləhətləşmələrin 2016-cı il ərzində davam etdirilməsi nəzərdə tutulur. Eyni zamanda komissiyalarının ekspert qrupları səviyyəsində də mütəmadi olaraq razılaşdırılmamış sahələr üzrə yerində baxış və işçi görüşlər həyata keçirilir.

6 İyun 2016 5:55

Fakt

Bizi izləyin