“Get, Yaqub Mahmudovun ayaqqabısını sil…”

Axmaqlığın bundan o tərəfi ola bilməz. Adam etiraz edir ki, sən niyə hörmətli Yaqub Mahmudovu böyük tarixçi hesab etmirsən? Bu sözləri millət vəkili Fazil Mustafa onun yazdığı şərhə tarixçi-alim Dilavər Əzimlinin cavabını şərh edərkən bildirib. Fazil Mustafa barəsində səsləndirilən ittihamlara da cavab verib: “Adam bildirir ki, sən niyə Toynbiinin adını çəkirsən, o ki Osmanlıya qarşı olub? Bu nə məntiq, bu nə anormallıq, Məhərrəmlikdə baş yarmaq üçün istifadə olunan zəncirin fəlsəfəsini yazan bu adam bu gün Azərbaycanda tarixçi alim sayılır, işlədiyi müəssisənin müdirindən başqa tarixçi tanımır. Əlbəttə, Yaqub Mahmudova ağsaqqal bir insan kimi böyük hörmətim olduğunu yazmışam, faydalı araşdırmaları olduğunu qeyd etmişəm, ancaq dünya tarixşünaslığına damğasını vuran dahilərlə adının bir sırada niyə çəkmədiyimə adam etiraz bidirir. Bu adam bilirmi ki, Mommzen 1903-cü ildə "Roma tarixi" (5 cildlik) əsərinə görə Nobel mükafatı alıb. Adam bilirmi ki, "Bolşevik inqilabı" şedevr tarix trilogiyasının müəllifi Karr ixtisasca diplomat olub, tarixçi təhsili olmayıb? Bu adam Karrın heç olmasa "Tarix nədir?" əsərini bir dəfə də olsun vərəqləyibmi? Toynbiinin Osmanlı dövlətinə, Atatürkə qarşı mənfi münasibəti və ya təhrifləri olsa da, bütün dünyada tarixin metodologiyasını və sivilizasiyaları fərqli izah edən mütəfəkkirlərdən biri hesab olunur. Zəki Vəlidi Toğan kimi "Ümumi türk tarixinə giriş" əsərinin müəllifinin səhvini tutacaq qədər irəli gedən bir anlayışla yazılan tarixi mətnlərimizi ona görə də hüdudlarımızdan kənarda ciddi qəbul edən yoxdur. Yaltaqlıq etmək istəyirsən, sabah Akademiyanın dəhlizində yaxınlaşıb hörmətli Yaqub müəllimin ayaqqabısını sil, ancaq qüsura baxma, sənin arzunu yerinə yetirməyim imkansızdır, çünki Azərbaycanda bir sıra istedadlı tarix araşdırmaçıları, dəyərli alimlər olsa da, hələ ki, Zəki Vəlidi Toğanla, Mommzenlə, Karrla, Toynbii ilə sıralamada yer alan tarixçi gözümə dəymir”.

25 Sentyabr 2016 12:13

“Rusiyanın bu addımı birbaşa separatizmin dəstəklənməsidir” –BQP-dən etiraz

Bu gün Partiya başqanı Fazil Mustafanın sədrliyi ilə BQP Siyasi Qurulunun növbəti iclası keçirilib. Iclasda partiyadaxili məsələlərə, eləcə də regionun və dünyanın gündəmini məşğul edən digər hadislərərə münasibət bildirilib. Siyasi Qurulda sentyabrın sonunda nəzərdə tutulan dünyanın, o cümlədən postsovet məkanın separatçı liderlərinin Moskvada təşkil edilməsi nəzərdə tutulan toplantısına etiraz ifadə edilib. Qeyd edilib ki, belə bir toplantıya ev sahibliyi edilməsi Azərbaycanla mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin qurulmasında maraqlı olduqlarını hər fürsətdə dilə gətirən Rusiyanın bəyanları ilə üst-üstə düşmür: “Heç bir beynəlxalq hüquq normasına uyğun olmayan anoloji formatlı tədbirlər Avropada təhlükəsizlik və əməkdaşlıq məsələləri üzrə Helsinki müşavirəsinin yekun aktının prinsplərinə ziddiyyət təşkil etməklə bərabər, aşıq-aşkar separatizmi və radikal etnik millətçiliyi şirnikləndirmək, ona ideoloji-siyasi dəstək vermək məqsədi daşıyır, eləcə də geniş arealda, (həm də gələcəkdə Rusiyanın öz daxilndə) sabitliyin pozulması və dünyada formalaşmış beynəlxalq münasibətlər sistemininin zədələməsinə xidmət edir”. İclasda, “müstəqilliyin” ildönümünü hərbi paradla qeyd edən, Qarabağ məsələsinin həllində hələ də himayədarlarına arxalanaraq Azərbaycana qarşı təhdid dili ilə danışmaqda davam edən Ermənistanın təcavükar siyasətinə diqqət yönəldilib: “İstər ən müasir və dağıdıcı təsirə malik silahların nümayiş etdirildiyi parad, istərsə də, bu günlərdə işğal altındakı Ağdam ərazisində hərbi təlimlərin keçirilməsi Ermənistanın təxribatlardan əl çəkmədiyinin və münaqişə tərəflərinin Vyana və Sankt-Peterburqdakı razılaşmasının pozmaqda davam etdirdiyinin əyani sübutudur. Son hadisələr, həm də Qarabağ məsələsinin nizamlanmasında “vasitəçi” rolunu oynayan şimal qonşumuzun Ermənistana himayəsinin davam etdirdiyinin növbəti nümayişidir". Siyasi Quruda, ölkəmizin müvafiq strukturları tərəfindən yaranan situasiyanın düzgün təhlil edilməsinə, hərbi arsenalın modern silahlarla zənginləşdirilməsinə və Azərbaycan Silahlı Qüvvələrinin gücünün və qüdrətinin artırılmasına yönəlik müvafiq addımların atılacağna inam ifadə olunub.

22 Sentyabr 2016 7:57

Həbsxanada “Lotu Quli”yə ad günü keçirildi

Azərbaycanın ən nüfuzlu “qanuni oğru”larından birinin həbsxanada ad günü keçirilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, təntənəli mərasimin qəhrəmanı “oğru” aləmində “Quli” ləqəbi ilə tanınan Nadir Səlifovdur. “Bu gün oğru anadan olub! – deyə mərasimdəkilərdən biri “malyava” oxuyur. "Sizi alqışlayır, həbsdəkilər! Sizi şad görməkdən məmnunuq, sizə cansağlığı arzulayırıq. Qardaşlar, bu gün bizim böyük qardaşımız – “qanuni oğru” Qulinin ad günüdür. Gəlin yığışaq və onu sağlığına bir fincan “çifir” qaldıraq, ona uzun ömür arzulayırıq, uğurlar, çox yaşa, çoxlu qələbələrin olsun! Bizə göstərilən diqqətə görə minnətdarlığımızı bildirirk. Öz növbəsində, o da bütün vicdanlı insanları salamlayır”. Bütün bunlardan sonra mərasimdəki qışqırıblar: “Allah Quliyə cansağlığı versin! “Oğrulara həyat!”. Həbsxana rəhbərliyinin bu mərasimə reaksiyası haqda məlumat verilmir. Azərbaycanın ən nüfuzlu “qanuni oğru”larından sayılan Nadir Səlifov hazırda uzunmüddətli çəzasını çəkir. Hələ 1996-cı ildə, 27 yaşında Azərbaycanda adam oğurluğu, qanunusuz silah saxlama və zorakılıq ittihamları ilə həbs edilib. İndi onun 43 yaşı var və 27 yaşında “taclandırılıb”. O, hazırda 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Qeyd edək ki, “oğru” aləmində “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov bu yaxınlarda İstanbulda qətlə yetirilən digər azərbaycanlı "qanuni oğru", "Rövşən Lənkəranski" ləqəbi ilə tanınmış Rəvşən Vanıyevlə "qanlı bıçaq" olub. "Oğru aləmi"ndə həmişə bir-birinə düşmən gözü ilə baxan bu avtoritetlərin adamları arasında bir neçə dəfə ciddi dava-dalaş baş verib.  

22 Sentyabr 2016 11:02

Cavid Qurbanov Litvanın ölkəmizdəki səfirini qəbul etdi

Sentyabrın 15-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas ilə görüş keçirilib. Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib. İkitərəfli görüşdə Azərbaycanın Litva və Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin, "Vikinq train” layihəsinin gələcək perspektivləri müzakirə olunub. Sonra səfir Valdas Lastauskas “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrində həyata keçirilən genişmiqyaslı islahatları yüksək qiymətləndirib. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb. Qeyd edək ki, “Viking train” layihəsi 3 ölkə - Litva, Belarus və Ukraynanı əhatə etməklə yüklərin Baltik dənizi hövzəsindən Qara dəniz hövzəsinə daşınmasını əhatə edir. Azərbaycanın bu layihədə iştirakı daha geniş perspektivlər vəd edir. Belə ki, “Viking train” layihəsi Xəzər dənizi hövzəsinə çıxış əldə etməklə, bundan sonra həm Şərg istiqamətində (Orta Asiya və Çin) həm də Cənub istiqamətində (İran körfəzi və Hindistan) və əks istiqamətdə yüklərin daşınmasına imkan yaradacaq. Şimali Avropa (Baltikyanı, Skandinaviya və s.) dövlətlərinin İran, Pakistan, Hindistan və Ərəb ölkələri ilə ticarət dövriyyəsi kifayət qədər yüksək olduğunudan Azərbaycan tranzit ölkə kimi bundan bəhrələnəcək.(Faktinfo.az) Faktinfo.az

15 Sentyabr 2016 5:11

ADAU-da Bilik günü əlamətdar hadisələrlə tarixə yazıldı

Azərbaycanın ən qədim ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Aqrar Universitetində Bilik günü əlamətdar hadisələrlə tarixə yazıldı. Universitetin Mühəndislik korpusu əsaslı şəkildə yenilənərək tələbələrin ixtiyarına verildi. Artıq yeni istifadəyə verilən korpusda 874 tələbə ən müasir şəraitdə təhsil alacaq. Məlumat üçün bildirək ki, yeni istifadəyə verilən korpusda iki fakültə yerləşir. Mühəndislik, Eletroenergetika və informasiya texnologiyaları fakültələrində 8 ixtisasın tələbələri tələb olunan bütün şəraitlə tam təmin edilib. ADAU- nun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimlinin məlumatına görə universitet bu gün Azərbaycan universitetləri arasında maddi texniki bazası, hazırlıqlı professor-müəllim heyəti, zəngin və müasir laborotoriyaları ilə fərqlənir. “Aqrolizinq” ASC tərəfindən çoxsaylı xarici kənd təsərrüfatı texnikasının, baytarlıq sanitariya ekspertizası laboratoriyasının, 5 istixananın və digər xarici avadanlıqların verilməsi tədris prosesinin keyfiyyətinin yüksəlməsinə zəmin yaradıb. Elə bu gün açılışı olan və Gəncədə ən böyük tədris korpusu kimi tanınan Mühəndislik korpusu bilavasitə Kənd təsərrüfatı nazirliyinin təşəbbüsü və dəstəyi ilə əsaslı təmir edilib, binada abadlıq və yenidənqurma işləri aparılıb, yeni dərs ilində tələbələrin ixtiyarına verilib. Yeni istifadəyə verilən korpusun açılışında Kənd Təsərrüfatı Naziri Heydər Əsədov iştirak edib. Bilik günü ilə bağlı keçirilən toplantıda bildirib ki, ADAU-da prezident İlham Əliyevin göstərişi və Kənd təsərrüfatı nazirliyinin dəstəyi ilə artıq 3-cü ildir ki, 12 ixtisas üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi əsasında həyata keçirilir. Sevindirici haldır ki, bu il həmin ixtisaslar üzrə qəbul planı 98,33 faiz yerinə yetirilib. Eyni zamanda nazir universitetin inkişafı üçün prespektiv məsələlərdən də danışıb. ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov isə deyib ki, Universitet bu gün daha sürətlə inkişaf edir, tələbələr üçün yeni imkanlar yaradılır. Yüksəkixtisaslı aqrar mütəxəssis hazırlığı məqsədilə dünya standartlarına cavab verən tədris bazası mövcuddur. Tələbələrin biliyinin qiymətləndirilməsi tam şəffaf və obyektiv şəkildə həyata keçirilir. Burada yeganə meyar bilikdir Mətbuat xidmətindən onu da bildiriblər ki, 2015-ci ildə Kənd Təsərrüfatı Nazirinin əmri ilə qəbul imtahanlarında 250-dən çox bal toplayaraq “Aqronomluq”, “Zootexniklik” və “baytarlıq” ixtisasları üzrə dövlət sifarişi əsasında Azərbaycan Dövlət Aqrar Universitetinin bakalavriat səviyyəsinin əyani təhsil formasına qəbul olunan, hazırda əmrin icrasının davamı olaraq ikinci kurs tələbələrindən 10 nəfərinə 2015/2016-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasında yüksək qiymətlər aldıqlarına və universitetin ictimai həyatında fəal iştirak etdiklərinə görə aldıqları təqaüddən əlavə universitetin xüsusi (büdcədənkənar) vəsaitləri hesabına 2016-cı il sentyabrın 15-dən 2017-ci il fevralın 1-dək ayda 100 (yüz) manat ödəniləcək. Bu il universitetin Azərbaycan, rus və ingilis dili bölmələrinin bakalavriat səviyyəsinə 29 ixtisas üzrə 1162, magistratura səviyyəsinə 30 ixtisas üzrə 158 tələbə qəbul olub, 2 tələbə 600-dən yuxarı ,10 tələbə 500-dən yuxarı bal toplayıb. Universitetin Elmi Şurasının 14 sentyabr 2016-cı il tarixli qərarına əsasən 600 və 500-dən çox bal toplayan tələbələrin aylıq təqaüdlərinə əlavələr edilib. 2016/2017-ci tədris ilində TQDK-nın keçirdiyi qəbul imtahanlarında 635 bal toplayaraq “menecment” ixtisası üzrə əyani təhsil formasının birinci kursuna qəbul olunan Sübhan Məmmədovun və 621 bal toplayaraq “mühasibat uçotu və audit” ixtisası üzrə əyani təhsil formasının birinci kursuna qəbul olunan Asiman Hüseynovun aylıq təqüdlərinə büdcədənkənar vəsait hesabına birinci semestr ərzində 100 (yüz) manat əlavə edilib. 2016/2017-ci tədris ilində TQDK-nın keçirdiyi qəbul imtahanlarında 500-dən çox bal toplayan 10 tələbənin aylıq təqüdünə isə büdcədənkənar vəsait hesabına birinci semestr ərzində 50 manat əlavə edilib. Ümumilikdə ötən illərlə müqayisədə bu il tələbə qəbulu planı da yüksək faizlə yerinə yetirilib. 1445 plan yerinə 1162 tələbə qəbul olunub ki, bu da qəbul planının 80,42 faiz yerinə yetirilməsi deməkdir. Qəbul planı 1000-dən artıq olan 9 universitet arasında dövlət sifarişi ilə qəbulun faizinə görə ADAU ikinci yerdədir. 12 ixtisas üzrə yalnız dövlət sifarişi ilə 590 nəfər tələbə qəbul olunub ki, bu da 98, 33 faiz deməkdir. Yalnız dövlət sifarişli ixtisaslarda müsabiqə balı 150 olduğu halda minumum keçid balı aqranomluq ixtisasında 201, aqromühəndislik ixtisasında 214, torpaqşünaslıq və aqrokimya ixtisasında 237 və yerquruluşu, torpaq və şəhər kadastrı ixtisasında 256 olub. 2 nəfər 600-dən, 10 nəfər isə 500-dən yuxarı bal toplayıb ki, bu da son 4 ildə ən yüksək göstəricidir. Magistratura səviyəsində 30 ixtisas, 67 ixtisaslaşma üzrə isə 208 plan yerinə qarşı 158 tələbə qəbul olunub və bu da 76 faiz deməkdir. Dövlət sifarişi ilə 101 tələbə qəbul olunub. 38 ixtisaslaşma üzrə plan 100 faiz yerinə yetirilib. Bu gün ADAU-da tələbələrin sayı 4957 nəfərdir. Onlardan 4613 nəfər bakalavriat, 344 nəfər isə magitrantdır. Rəsmi toplantıdan sonra nazir Heydər Əsədov yüksək bal toplatyan tələbələrə nazirliik adından qiymətli hədiyyələr təqdim edib, yeni istifadə verilən və eləcə də universitetin digər tədris korpusları ilə tanış olub, tapşırıq və tövsyyələrini bildirib.

15 Sentyabr 2016 3:44

Prezident İlham Əliyev:“Bu siyasəti mən aparıram və heç bir qüvvə məni bu yoldan döndərə bilməz”

“Bəzi xarici dairələrin məqsədi bizə diktə etmək, Azərbaycanı alətə çevirmək, xalqımızın iradəsini qırmaqdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində çıxışı zamanı deyib. Dövlətimizin başçısı bildirib ki, bu gün Azərbaycan dövləti güclü dövlətlər sırasındadır: "Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, öz daxili imkanlarına arxalanaraq irəliyə gedir. Biz heç bir yerdən yardım almırıq, buna ehtiyac da yoxdur, öz hesabımıza yaşayırıq və dünyada öz hesabına yaşayan ölkələrin sayı o qədər də çox deyil. Ona görə, hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr etməlidir ki, müstəqil dövlətdə yaşayır. Bu gün bizim taleyimiz öz əlimizdədir. Biz əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq və o dövrü indiki dövrlə müqayisə edəndə görürük ki, ən sürətli inkişaf dövrü müstəqillik dövrüdür. Nəyə görə? Çünki taleyimiz öz əlimizdədir". İlham Əliyev qeyd edib: "Biz öz gələcəyimizi qururuq, biz qabağa gedirik. Ona görə, bu müsbət dinamikanı davam etdirmək, inkişafı dayanıqlı etmək üçün bir daha deyirəm ki, vətənpərvərlik, milli dəyərlər, milli ruh xüsusi yer tutur. Çünki dünyada bizim önəmimiz artır. Bizim işimizə qarışmaq istəyənlərin sayı da az deyil. Bu illər ərzində müxtəlif dövrlərdə bizim işimizə qarışmaq istəyənlər öz məqsədlərini güdürdülər. O məqsədlər bizim məqsədlərlə üst-üstə düşmür. Bizim məqsədimiz müstəqillikdir, azadlıqdır, xalqın firavanlığıdır. Bəzi xarici dairələrin məqsədi isə tam başqadır – bizə diktə etmək, Azərbaycanı alətə çevirmək, Azərbaycan xalqının iradəsini qırmaq və ondan sonra Azərbaycan kimi qüdrətli ölkədən öz məqsədləri üçün istifadə etməkdir. Bu isə bizim üçün fəlakət olar. Biz başqa ölkələrin təcrübəsini, yaxın tarixini görürük. O ölkələr ki xaricdən idarə olunur, o ölkələr dağıdılır. O ölkələr ki xarici mənfi təsirə qarşı müqavimət göstərmir, o ölkələr, xalqlar məhv olur. Son 10 il ərzində Yaxın Şərqdə milyonlarla insan həlak olub. On milyonlarla insan əlil, qaçqın, köçkün olub, ölkələr, bütün infrastruktur dağıdılıb. Bunu edənlər xarici qüvvələrdir. Ona görə, bizim gənclər də, müəllimlər də bu reallığı bilməlidirlər. Bizə təzyiqlər ona görə artır ki, biz öz yolumuzla gedirik, heç kimin qarşısında baş əymirik, özümüzü ləyaqətlə aparırıq, milli maraqlarımızı qoruyuruq, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tuturuq və bu siyasət davam etdirilməlidir. Bu gün bu siyasət var, bu siyasəti mən aparıram və heç bir qüvvə məni bu yoldan döndərə bilməz. Mən istəyirəm ki, burada, bu mərasimdə iştirak edən gənclər də gələcəkdə bu yolla getsinlər. Çünki gələcəkdə ölkəmizi gənclər idarə edəcəklər. Ölkələrin inkişafını şərtləndirən onun insanlarıdır. Ölkəni hansı insanlar idarə edirlərsə və xalq onları dəstəkləyirsə, bax, o siyasət də aparılır. Ona görə, biz həmişə müstəqil olmalıyıq. Heç vaxt müstəqilliyimizi əldən verməməliyik. Müstəqillik deyəndə mən rəsmi atributları nəzərdə tutmuram". Prezident deyib ki, müstəqil siyasət müstəqilliyin əsas amilidir və belə olan halda həmişə inkişaf, əmin-amanlıq olacaq, Azərbaycan xalqı rahat, təhlükəsizlik şəraitində yaşayacaq, necə ki bu gün yaşayır: "Bizim siyasətimiz bundan ibarətdir. Hesab edirəm ki, bizim nümunəmiz bir çox ölkələr üçün də cəlbedicidir. Ona görə, bu gün dünyada Azərbaycanı böyük rəğbətlə qarşılayırlar, bizə inanırlar, sözümüzə inanırlar. Ona görə ki, biz ləyaqətli siyasət aparırıq və xalqın maraqlarını həmişə müdafiə edirik. Mən istəyirəm ki, gənclər də bu istiqamətdə inkişaf etsin. Əminəm ki, belə də olacaq".

15 Sentyabr 2016 2:21

Fakt

Bizi izləyin