SON DƏQİQƏ: Kommunal xidmətlərlə bağlı mühüm qərar QƏBUL EDİLDİ

qaz-isiq-pulu_1

Azərbaycanda kommunal xidmətlər sektorunda vahid tənzimləyici orqan yaradıla bilər. Faktinfo.az saytının məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir. Qeyd olunur ki, 2018-ci ildə kommunal xidmətlər sektorunda fəaliyyət səmərəliliyinin yüksəldilməsinə imkan verən mexanizmlərin işə salınması istiqamətində sistemli yanaşmaya, o cümlədən sahəyə investorların cəlb edilməsi üçün effektiv mexanizmlərdən istifadəyə təkan verən tənzimləyici orqanın yaradılması məsələsi nəzərdən keçiriləcək. Bu zaman aşağıdakı 3 mühüm amil nəzərə alınacaq: ● müstəqil tənzimləyici orqanın təşkilati-hüquqi forması və fəaliyyət istiqamətləri; ● aidiyyəti orqanlara münasibətdə vəzifə və səlahiyyətlərin dəqiq müəyyən edilməsi; ● kadr təminatının formalaşdırılması. Həmçinin, kommunal xidmətlər sektorunda, xüsusilə elektrik enerjisinin verilişi ilə istehsalının bir-birindən ayrılması, satış üçün topdansatış bazarlarının yaradılması, alternativ və bərpa olunan enerji mənbələri üzrə təqdim olunmuş layihələr əsasında tariflərin müəyyənləşdirilməsi, mövcud tariflərin (külək və kiçik su elektrik stansiyalarında istehsal edilən elektrik enerjisi tariflərinin) təkmilləşdirilməsi, digər mənbələr üzrə tariflərin formalaşdırılması, seçmə qaydada özəlləşdirmə üçün istehsal aktivlərinin prioritetləşdirilməsi (bəzi istehsal aktivlərinin səmərəliliyini yüksəltmək üçün özəl müəssisələrə diqqət yetirilməsi), paylama ilə pərakəndə satışın bir-birindən ayrılması və pərakəndə satış sektorunun liberallaşdırılması məsələləri nəzərdən keçiriləcək və müvafiq islahatlar aparılacaq. Bu sahədə uzunmüddətli qiymət zəmanətlərinin və rəqabətli tender təkliflərinin müəyyənləşdirilməsi müqavilələrin bağlanmasına, investorların cəlb edilməsinə və uzunmüddətli dövrdə tələbatın ödənilməsinə imkan verə bilər. Bundan başqa, 2017-ci ildə kommunal xidmətlər üzrə infrastrukturun təkmilləşdirilməsi və xidmət səviyyəsinin davamlı şəkildə yüksəldilməsi məqsədilə bu xidmətlər üzrə tariflərdə, əlavə olaraq, müəyyən həcmdə vəsaitin nəzərdə tutulması və həmin vəsaitin məqsədli fondda toplanması məsələsi nəzərdən keçiriləcək. 2017-2020-ci illərdə əhaliyə kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması, “ASAN xidmət” təcrübəsinin digər xidmət sahələrində tətbiq edilməsi məqsədilə yaradılmış “ASAN kommunal” mərkəzlərinin fəaliyyəti genişləndiriləcək. Bu prioriteti həyata keçirmək üçün əlavə investisiya qoyuluşu tələb olunmur. (daha&helliip;)

3 Yanvar 2017 2:28

Cəbhə xəttində döyüşlər davam edib: erməni hərbçi yaralanıb

cebh

Dağlıq Qarabağda Tərtər istiqamətində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində dünən baş vermiş növbəti qarşıdurma nəticəsində işğalçı erməni ordusunun əsgəri Qagik Vardanyan yaralanıb. Virtualaz.org Qarabağ separatçılarının nümayəndəsi Senor Asratyana istinad edən “Armtimes.com” portalının məlumatına əsasən bildirir ki, yaralı erməni əsgər hərbi hospitala çatdırılıb, vəziyyəti kritikdir. S.Asratyan əlavə edib ki, döyüşlərin gedişində minaatanlardan istifadə edilib. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda isə bildirilir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 58 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Barekamavan, Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Qaymaqlı, Aşağı Əskipara kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şuraabad kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tulub.

31 Dekabr 2016 11:36

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

bayraq-1

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. 25 ildir dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunur. SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır. Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edib. Elə həmin il Azərbaycan Milli Şurasının israrı və tövsiyəsi ilə Azərbaycan prezidenti Ayaz Mütəllibov 31 dekabrı Dünya Azərbaycanlıların Həmrəylik günü elan edib. Amma bu bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması 1992-ci ildə Azərbaycan prezidenti Əbülfəz Elçibəyin (o, həm də AXC sədri kimi SSRİ-İran sərhədlərinin dağıdılmasının təşəbbüskarı olub) göstərişi ilə baş tutub. O vaxtdan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü olaraq bayram edilir (APA).

31 Dekabr 2016 10:12

Bakıda yerli icra hakimiyyətinin bələdiyyə torpaqlarına rəy verməsi dayandırılır

pre

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb və Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələrə tövsiyə olunub ki, Bakı şəhəri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında şəhərin ərazisinin baş və müfəssəl planlarında şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsin. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti 2017-ci il martın 1-dək Bakı şəhərinin ərazisinin peyk təsviri vasitəsilə ortofotolarının hazırlanmasını təmin edib bu barədə Azərbaycan prezidentinə məlumat verməlidir, Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələr tərəfindən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinin tələbləri pozulmaqla tikinti üçün mülkiyyətə bu Fərman qüvvəyə mindikdən sonra ayrılmış torpaq sahələrində tikinti obyektinin inşasının aparıldığını aşkar etdikdə, tikinti işlərinin dayandırılması üçün dövlət şəhərsalma nəzarəti qaydasında müəyyən edilmiş tədbirlər görsün və bununla bağlı rübdə bir dəfə Azərbaycan prezidentinə məlumat təqdim etməlidir.

30 Dekabr 2016 7:24

Bayram günlərində banklar gücləndirilmiş iş rejimində işləyəcək –Xəbərdarlıq

bank-87

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə bayram günlərində – 31 dekabr – 4 yanvar tarixlərində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. Palatadan verilən məlumata görə, Yeni İl bayramı ilə əlaqədar qeyri-iş günlərində ölkəmizə əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanının təmin edilməsi məqsədilə MBNP banklara gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib. Bununla əlaqədar olaraq, 25 bankın Bakı və əsas turizm bölgələrində 59 filial və şöbəsi 31 dekabr – 4 yanvar tarixlərində turistlər və ölkə sakinlərinə bank xidmətləri göstərəcək. Həmçinin, bəzi turizm obyektlərində valyuta mübadiləsi avtomatları quraşdırılıb. O cümlədən, bayram günlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları Palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər: Koordinator: Rövşən Məmmədli; Tel: 493-50-58 (dax: 300); Email:  rovshan.mammadli@fmsa.az 31 dekabr – 4 yanvar tarixlərində çalışacaq bank filial və şöbələrinin siyahısı və ünvanları ilə www.fimsa.az saytında tanış  olmaq olar. APA

30 Dekabr 2016 5:01

Yanvar ayı, soyuqlar bizi gözləyir

qar

Azərbaycanda 2017-ci ilin yanvar ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var. Bakıda və Abşeron yarımadasında Orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında Orta aylıq temperaturun 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti (gecələr 6-11, bəzi günlərdə 15-20, dağlıq ərazilərdə 20-25 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-25 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında Orta aylıq temperaturun 0-4 dərəcə şaxta (gecələr 2-7, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-24 mm) olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında Orta aylıq temperaturun 1-5 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32 mm) olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında Orta aylıq temperaturun 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 7-12, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 22-49 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında Orta aylıq temperaturun 3-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-30 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında Orta aylıq temperaturun 2-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5, dağlarda 12-17 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 63-98 mm) olacağı gözlənilir.

30 Dekabr 2016 11:40

Aqrar Universitetində ingilis dilində dəyirmi masalara start verilib

110771

Azərbayca Dövlət  Aqrar Universitetində  xarici dillərdə, xüsusilə ingilis dilində tədrisin təşkili, dünyanın aparıcı ali təhsil və elmi tədqiqat müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. Hazırda universitetdə azərbaycan və rus dilləri ilə yanaşı ingilis dilində də tədris aparılır.  ADAU-nun mətbuat xidməti bildirir ki, bu təhsil müəssisəsində bakalavriat səviyyəsində “dünya iqtisadiyyatı” və “iqtisadiyyat” ixtisasları üzrə ingilis dilində mütəxəssis hazırlanır. Həmin ixtisasların məzunları magistratura və doktorantura səviyyələrində təhsillərini dünyanın müxtəlif ölkələrinin (Portuqaliya, İrlandiya, Almaniya, Yunanıstan, Estoniya və s.) universitetlərində uğurla davam etdirirlər. Bu istiqamətdə əldə olunan nailiyyətləri nəzərə alaraq, növbəti tədris ilində bir sıra kənd təsərrüfatı ixtisaslarında mütəxəssis hazırlğının da ingilis dilində aparılması planlaşdırılıb. Bu istiqamətdə universitetdə mövcud olan imkanların aşkara çıxarılması  məqsədilə ingilis dilində tədris apara bilən müəllimlərin klubu formalaşdırılıb, onların iştirakı ilə hər həftə aqrar sahənin və təhsilin aktual problemləri müzakirə olunmağa başlayıb. İlk  dəyirmi masada  universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov  burda təhsil alan əcnəbi tələbələrin sayının artırılması, xüsusilə kənd təsərrüfatı ixtisasları üzrə mütəxəssislərin beynəlxalq əmək bazarının tələblərinə uyğun hazırlanması, xarici partnyorlarla birgə elmi tədqiqat layihələrinin əhəmiyyəti barədə danışıb, klubun fəaliyyətinə uğurlar arzulayıb. Aqronomluq fakültəsində professor Famil Şərifovun adını daşıyan auditoriyada təşkil olunan ilk dəyirmi masada universitetin tədris işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Anar Hətəmov və bağçılıq kafedrasının əməkdaşı Fəqan Ağayev qlobal və milli səviyyələrdə ərzaq təhlükəsizliyinin aktual problemlərinə dair maraqlı məruzələrlə çıxış ediblər. Çıxışlar dəyirmi masanın iştirakçıları tərəfindən ətraflı müzakirə olunub, suallar məruzəçilər tərəfindən cavablandırılıb, səmərəli təkliflər verilib.

30 Dekabr 2016 10:21

Dövlət Yol Polisi bayramla bağlı piyada və sürücülərə müraciət etdi :“Sərxoş halda sürməyin, keçidlə keçin!”

polis-yol

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə bağlı sürücülərə və piyadalara müraciət edib. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı beş qeyri-iş günü ilə əlaqədar regionlara, ayrı-ayrı rayonlara gedən əhalinin sayı çox olacaq: “Bununla əlaqədar yollarda, xüsusilə də respublika əhəmiyyətli yollarda nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə olunacaq. Ona görə də səfərə çıxan sürücülərdən sürət həddinə və ötmə qaydalarına düzgün riayət etmələrini tövsiyyə edirik. Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq və bu günlər ərzində yol-hərəkət qaydalarına əməl edilməsini təmin etmək, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmə hallarının qarşısınının alınması məqsədilə respublikanın avtomobil yollarında, o cümlədən yerli əhəmiyyətli yollarda mütəmadi reydlər keçiriləcək. Ona görə də sürücülərdən xahiş olunur ki, bayram günlərində qaydalara ciddi riayət etsinlər və sərxoş vəziyyətdə sükan arxasında əyləşməsinlər”. K.Əliyev həmçinin, piyadalara da müraciət edib: “Bu bayram günlərində, xüsusilə paytaxt Bakıda gəzintiyə çıxan insanların sayı çox olacaq. Buna görə də piyadalardan da çox xahiş edirik ki, yolu onlar üçün müəyyən olunmuş yerlərdən keçsinlər, yolun hərəkət hissəsinə çıxmasınlar, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etsinlər”.

29 Dekabr 2016 11:46

Kommunal xidmətlərə dair fərman –Strateji Yol Xəritəsi açıqlandı

kommunal

Azərbaycanda 2017-2020-ci illərdə istehlakçılarla istehsalçıların maraqlarının uzlaşdırılması üçün optimal qiymətlərin müəyyənləşdirilməsi nəzərdən keçiriləcək. Bu barədə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir. Qeyd olunur ki, aidiyyəti orqanlar milli enerji portfelinin yaradılması üçün orta xərci, habelə aşağıdakı tədbirləri nəzərə alaraq, istehlakçılar və istehsalçılar üçün əlverişli qiymətin müəyyənləşdirilməsini nəzərdən keçirəcəklər: – xərci əks etdirən tariflərin tətbiqinin nəzərdən keçirilməsi (elektrik enerjisinin qiymətlərini subsidiyalaşdırmadan); – satınalma qiymətinin paritetlik göstəricilərini nəzərə alaraq, son istifadəçi tariflərinin beynəlxalq müqayisəli qiymətləndirilməsini həyata keçirmək üçün, zərurət olarsa, ekspert və məsləhətçilərdən ibarət qrup təşkil edilməsi; – ev təsərrüfatları üçün ikisəviyyəli tarif sisteminin tətbiq edilməsi, tariflərin tətbiq olunacağı istehlak həcmi hədlərinin və bu şkalalar üzrə müvafiq tariflərin müəyyənləşdirilməsi; – bəzi sənaye sahələri üçün güzəştlərin azaldılmasının, qiymətlərin günün vaxtına görə diferensiasiya edilməsinin, infrastrukturun yaradılmasına çəkilən xərclərə əsaslanan qiymətlərin tətbiqinin nəzərdən keçirilməsi zamanı aztəminatlı istehlakçı kateqoriyaları üzrə son istehlakçı qiymətlərinin dəyişməz saxlanılması; – pik saatlarda yüklənməni azaltmaq üçün günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tariflərinin tətbiq edilməsi; – sifariş əsasında ayrılmış həcm və sərfiyyat arasında uyğunsuzluğun aradan qaldırılması üçün elektrik enerjisi üzrə əlavə haqların müəyyən edilməsi; – reaktiv enerjidən istifadənin səmərəliliyinin artırılması barədə təkliflərin hazırlanması.

28 Dekabr 2016 10:58

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

tarverdi-muellim

Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyası 2016-cı ildə son iclasını keçirib. Şuradan verilən məlumata görə, iclasın gündəliyinə 6 məsələnin daxil edilməsi qərarlaşdırılıb. Komissiya üzvləri əvvəlcə Beyləqan rayonunun Təzəkənd kənd sakini Gülnar Yusifova barədə  «ayantv.com» saytında şər və böhtan dolu yazının yayımlanması ilə bağlı müraciəti müzakirə ediblər. Məlumat verilib ki, «Ayantv.com»un yayımladığı materialların əksəriyyətində peşə etikasının tələbləri gözlənilmir. Buna görə də məsələyə MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında da baxılması məntiqi sayılıb. İclasda «liderpress.az» və «brifinq.az» saytı barədə də eyni ölçü götürülüb. Komissiya üzvləri «vetenperverler.az saytı barədə son vaxtlar Mətbuat Şurasına şikayətlər daxil olmasının da həmin KİV haqqında belə ölçü götürülməsinə əsas verdiyi razılığına gəliblər. Naftalan Şəhər İcra Hakimiyyətinin «starnews.az» saytından şikayətinə baxılarkən komissiya cavabdeh tərəfin etik prinsiplərin bir sıra tələblərinə sayğısız yanaşması barədə rəy qəbul edib. Komissiya üzvləri Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının «Xəzər» TV-də gedən «Ləzzət ovçusu» verilişi ilə bağlı MŞ-yə ünvanladıqları müraciətə də münasibət bildirib. Çıxarılan rəydə qeyd olunur ki, bu məsələyə baxılması Milli Televiziya və Radio Şurasının səlahiyyətindədir. Buna görə də müraciətin həmin quruma göndərilməsi məqsədə müvafiq sayılıb.

28 Dekabr 2016 6:58

“Azərenerji” gücləndirilmiş iş rejimində işləyəcək –Bayramla bağlı

elektrik-1

"Azərenerji" ASC bayram günlərində faydalı iş əmsalını ikiqat artıracaq. Dövlət şirkətinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib ki, elektrik enerji sisteminin mövcud infrastrukturunun müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi nəticəsində sisteminin dayanıqlığı daha da möhkəmlənib və situasiyalara hazırlıq səviyyəsi yüksəlib: "İstər bayram günləri, istərsə də adi günlərdə enerjinin ötürülməsinin keyfiyyəti əhəmiyyətli dərəcədə gücləndirilib. Məhz bunun təzahürüdür ki, "Azərenerji" respublikamızın elektrik enerjisi təhlükəsizliyinin təmin edilməsi, ölkəmizin etibarlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunması vəzifəsinin öhdəsindən inamla gəlir". O qeyd edib ki, "Azərenerji" stabil olaraq, bütün vaxtlara və şəraitə həmişə hazırdır. Mərkəzi Dispetçer İdarəsi rejimə uyğun işləyir: "Həmçinin, hazırda qeyri-sabit hava şəraiti və temperaturun kəskin aşağı düşməsi ilə əlaqədar istehlakçıların artan tələbatı və ötürücü xətlərin yüklənməsi, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, "Azərenerji"nin struktur vahidinə daxil olan qurumlarda hər hansı çətinliklərin yaranması gözlənilmir və bütün imkanlar səfərbər edilib". ASC-nin Enerjinin İstehsalı İdarəsi stansiyaların fəaliyyətinin daha da keyfiyyətli və dayanıqlı olmasını təmin etmək məqsədi ilə bütün müəssisələrində məsul növbətçilərin say tərkibini artırıb və qəza-bərpa briqadaları yaradılıb. Dövlət şirkətinin Elektrik Enerjisinin Ötürülməsi İdarəsi tərəfindən elektrik verilişi xətləri və yarımstansiyaları növbədənkənar təftiş edilib. Bütün regional enerji şəbəkələri günün tələbinə uyğun iş rejiminə keçirilib. Eyni zamanda, növbətçi briqadaların sayı artırılıb və onlar müvafiq nəqliyyat vasitələri ilə təmin olunub. APA

28 Dekabr 2016 3:31

Sovet İttifaqının yadigarı olan “Azərittifaq” da tarixə çevrilir… – İDDİA

estakada

Sovet dönəmində kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılması ilə “Azərittifaq” – Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı deyilən bir qurum məşğul olub. İndi həmin qurum fəaliyyətsizdir. Əslində bu tədarük işini onlar həyata keçirməli idi. Onların nə qədər əmlakı vardı. Həmin əmlak hara getdi, talan edildi, ya necə oldu, bilinmədi. Bu dəqiqə belə bir təşkilat yox kimidir. Heç dövlət özəlləşmə proqramında da “Azərittifaq”ın adı yoxdur. Aqrar sektor üzrə ekspertlər də bu qənatədədir ki, belə təşkilatın yaşaması lazımsızdır. Bu qurum əhaliyə xidməti müasir tələbə uyğun təşkil etməyəcək. “Azərittifaq” İdarə Heyətinin sədri, deputat Eldar Quliyev isə qeyd etmişdi ki, rəhbərlik etdiyi qurumun fəaliyyətində yaranmış passivliyə səbəb satış məntəqələrinin onların tərkibindən çıxması olub. Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlərdə fəaliyyət göstərən meyvə-tərəvəz mağazaları ləğv edilib. Gələn son məlumatlara görə, deputatın ölü qurumu birdəfəlik dəfn edilir. Hökumət lazımsız qurumları struktur islahatlarına görə ləğv etmək və ya birləşdirmək qərarı verib. Məlum olub ki, ölkənin bütün bölgələrinə səpələnmiş kooperativ təşkilatlarının toplam ticarət dövriyyəsi (2,2 milyon manat) bir supermarket qədər də deyil. Əksər kooperativ təşkilatları isə ticarət fəaliyyəti göstərmir, olsa-olsa, dükanları icarəyə verib. Dövlət büdcəsinə vergi ödəmələri isə 671 min manat olub. Qurumun Xırdalanda meyvə-tərəvəz bazası, bir neçə rayonda isə anbarları qalıb. Amma məsələ bununla bitmir, bəlli təminat da verilməlidir. “Azərittifaq”da ondan ehtiyatlanırlar ki, kəndlidən beh qarşılığında satın alınan meyvə-tərəvəz və quru meyvələr müəyyən səbəbdən «əllərində qalar» və beləcə, zərərə düşərlər. İdarə Heyətinin sədri Eldar Quliyevin məhz təminat almaqdan ötrü kənd təsərrüfatı naziri Heydər Əsədovla görüşdüyü bildirilir. Qurumun ləğvi kifayət qədər rüal görünür. Payçılar mətbuatda dəfələrlə deputat Eldar Quliyevi «Azərittifaq»ın əmlakını talamaqda ittiham ediblər. Bununla bağlı konkret faktlar səsləndiriblər, satılan obyektlərin siyahısını mətbuata təqdim ediblər. Ancaq qarşı tərəf bu ittihamları qəbul etməyib. “Azərittifaq” bir təşkilat kimi artıq özünü doğrultmur və onun yaxın vaxtlarda bağlanması gözlənilir. Bu təşkilatın iki işlək müəssisəsi qalıb. Onlar da adıçəkilən universitet və kollecdir. Eldar Quliyevin əsas məqsədi onları ələ keçirməkdir. Bu təhsil müəssisələrinin hər ikisi öz vəsaitləri hesabına özlərini yaşadırlar. Hansısa təşkilata ikinci təsisçi o zaman cəlb oluna bilər ki, müəssisə özünü yaşada bilməsin. Əlavə investisiyaya ehtiyac olsun, yaxud müəssisənin gəlirləri azalsın.\\regionxeberleri.com\\

27 Dekabr 2016 7:36

“Araz” otelinin söküldüyü ərazidə yeni yol salınır

araz-otel

Xətai rayonu Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında yeni yol inşa edilir. "Azəravtoyol" ASC-dən verilən məlumata görə, dörd hərəkət zolaqlı olacaq yolun uzunluğu 260 metrdir. 1 metr enində ayrıcı zolaqla birlikdə yeni küçənin eni 16 metr təşkil edəcək. Hər iki tərəfdə vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə piyada səkiləri də inşa olunur. Piyada səkilərinin eni 2-3 metr arası dəyişir. Sutkanın qaranlıq saatlarında yolun hərəkət hissəsini işıqlandırmaq məqsədi ilə yol ayrıcına 10 ədəd işıq dirəyi quraşdırılacaq.Hazırda ərazidə yararsız qrunt 1 metr dərinlikdə qazılaraq çıxarılır bunun əvəzinə karbonat materialı tökülərək yeni yol yatağı inşa olunur. Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışından ibarət yol əsasının inşası işləri aparılacaq. Torpaq işləri bitdikdən sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Ümumilikdə yolun hərəkət hissəsinin 4 min kvadratmetr sahəsinin asfaltlanması nəzərdə tutulub. Yol ayrıcına və səkilərin kənarlarına 1 min paqon-metr səki daşı düzüləcək.Tikinti işləri bitdikdən sonra yeni küçədə hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə həyata keçirilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Qeyd edək ki, bir neçə gün öncə sözügedən ərazidə yerləşən "Araz" hoteli sökülüb.

27 Dekabr 2016 1:16

Təcili manatla olan borclarınızı geri alın və manatla borc verməyin! – XƏBƏRDARLIQ

estakada

“Manat yenə növbəti ilə gerçək məzənnəsi ilə qədəm qoya bilməyəcək”. Faktinfo.az xəbər verir ki, bu haqda iqtisadçı Qubad İbadoğlu öz şərhində bildirib.   Ekspert deyib ki, Mərkəzi Bank əlavə 1 ili də belə " boşa xərclədi": “Manatın "xəstəliyi" iqtisadiyyatın bütün sahələrinə təsir etdi. İl ərzində 50 mindən çox iş yerləri bağlandı, əmək haqları və pensiyalar dəyərsizləşdi, istehlak bazarında nəinki idxal malları, həm də idxal komponentləri olan yerli məhsullar da bahalaşdı, inflyasiya ikirəqəmli ədədlə ifadə olundu. Xarici borc öhdəliklərini yerinə yetirə bilməyən “Azərenerji”, ARDNŞ kimi inhisarçı şirkətlərin müraciətləri əsasında elektrik enerjisi və qazın ikinci dərəcəli tarifləri müvafiq olaraq 1.6 və 2 dəfə artırıldı. 2017-ci ildə büdcə kəsiri son 10 ilin zirvəsinə qalxdı, xarici ticarət və tədiyə balansının mövqeləri xeyli zəiflədi”.   Q.İbadoğlu deyib ki, bütün bunların nəticəsində manatla bağlı narahatlıqlar bir az da artdı: “Milli valyuta növbəti ilə 3 məzənnə (valyuta hərracının məzənnəsi, kommersiya banklarının məzənnəsi və "qara bazar" məzənnəsi) ilə qədəm qoyur. Onların arasında "qara bazar" ən çox müzakirə mövzusuna çevrildi. Bəzi orqanlar da "qara bazar"ı ləğv etməyi qarşısına məqsəd qoysa da ona nail ola bilmədi. Çünki, manatın banklardakı məzənnələri real bazar dəyərini ifadə edə bilmədi, onun satışı tam liberallaşdırılmadı.   Ən başlıcası isə bəzi banklar özləri "qara bazar"ın əsas təchizatçısına və tədarükcüsünə çevriliblər və indiyədək iri valyuta əməliyyatlarını qeyri-leqal olaraq həmin bazarlarda reallaşdırdırılar. Əslinə "qara bazar" kiçik deyil, iri valyuta əməliyyatlarının alqı-satqısı üçün yarandı. Bu bazarda ünsiyyət vasitələri də bir çox hallarda canlı deyil, telefon rabitəsi ilə yaradılır. Hazırda bir zənglə lazım olan qədər valyuta sifariş verənlər də elə banklarla əlaqəli şəkildə işləyirlər. Çünki, banklar üçün "qara bazar" dan çox onun məzənnəsi əhəmiyyətlidir. Elə ona gündəlik "qara bazar" kursunu dərc etməkdə mətbu orqanlar heç bir əziyyət çəkmirlər. Çünki, onlar belə məlumatları real deyil, virtual bazarlardan alırlar.   İqtisadçının fikrincə indiki halda “qara bazar” kommersiya banklarının fəaliyyəti üçün olduqca vacibdir: “Bəllidir ki, "qara bazar"da formalaşan məzənnənin kommersiya banklarının alqı-satqı kursundan bir neçə qəpik də olsa da yuxarıdır, bu fərq də iri valyuta əməliyyatlardan böyük qazanclar götürmək üçün kifayət edir. Ona görə də hazırkı "qara bazar"lar bəzi kommersiya banklarına lazımdır. Məhz belə bazarların yaşamasında da ən çox marağı olanlar bəzi banklardır. Nə qədər ki, manatın gerçək məzənnəsi, tarazlı kursu müəyyənləşməyib bir o qədər də "qara bazar"lar mövcud olacaq. Odur ki, müvafiq orqanlar "qara bazar"la mübarizəyə deyil, sərbəst üzən məzənnə rejiminə keçid üçün hazırlıq işlərinə daha çox diqqət yetirməlidir. Çünki, bundan başqa alternativ yoxdur. Yekunda məsləhtim odur ki, ilin sonuna manatla olan borclarınızı geri almağa çalışın və manatla yeni borclar verməyin. Çünki, növbəti ildə manat dollar nisbəti bu ildəkindən xeyli fərqli olacaq”.

27 Dekabr 2016 12:38

Fakt

Bizi izləyin