Azərbaycanda qış vaxtıləğv olunmayacaq

  Xəbər verdiyimiz kimi, martın 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Azərbaycan ərazisində yay-qış vaxtına keçid məsələsinin müzakirəsinə həsr olunmuş iclas keçirilib. AMEA prezidenti, akademik Akif Əlizadə ölkə prezidenti İlham Əliyevin ölkədə yay-qış vaxtına keçilməsi ilə bağlı xüsusi tapşırıq verdiyini qeyd edərək, AMEA alimlərini bu məsələ haqqında elmi əsaslarla çıxış etməyə dəvət edib. Sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edərək bir neçə il öncə respublikada yay-qış vaxtına keçirilməsinə son qoyulması ilə bağlı qərar qəbul olunduğunu bildirib. Bu məsələ ilə bağlı dünya ölkələri təcrübəsindən danışan alim 78 ölkədə vaxt keçidinin baş verdiyini, 161 ölkədə isə heç bir dəyişikliyin olmadığını diqqətə çatdırıb. Azərbaycan ərazisinin ölçü vahidinin “km”lə olmasının da bu məsələyə təsir etdiyini vurğulayıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə hazırki vaxtın saxlanılmasının məqsədəuyğun olduğunu, bunun iqtisadi, o cümlədən mənəvi-psixoloji baxımdan böyük əhəmiyyət daşıdığını söyləyib. Sonda AMEA prezidenti A.Əlizadə də cari vaxt hesabını saxlamağın məqsəduyğun olduğunu vurğulayaraq, qəbul edilən qərarların elmi cəhətdən əsaslandırılması və bu barədə məlumatın AR Prezidentinin Adminstrasiyasına göndərilməsi barədə tapşırıq verib. Bununla da Azərbaycanda yay vaxtına keçid, saatların çəkilməsi ənənəsinə son qoyulması üçün ilkin addım atılıb. Bu günlərdə Türkiyə mətbuatında da eyni məsələ müzakirə olunub. Məlum olub ki, əslində saatların irəli-geri çəkilməsi ciddi fəsadlar yaradır. Yay vaxtına keçidlə bağlı olaraq insan orqanizminin bioritmi pozulur və bu, səhhətimizə neqativ təsir göstərir. Mütəxəssislərə görə, bunun dərmanı səhərlər qaçış və axşamlar ilıq süd içməkdir. (musavat.com) Türkiyənin “Sabah” qəzetində martın 29-da baş verəcək yay vaxtına keçiddən insan orqanizminin görəcəyi zərərləri dəf etmənin yolları ilə bağlı ilginc dosye hazırlanıb. Məlum olub ki, yay saatına keçidin insan orqanizmində yaratdığı sistemsizlik, disharmoniya 48 saatdan 2 həftəyə qədər davam edə bilər. İnsan sutkanın orta hesabla, 8 saatını yuxuda, 16 saatını isə oyanıq keçirir. Yuxu zamanı əzələlərin hərəkəti dayanır, maddələr mübadiləsi, tənəffüs, ürək ritmi və qan təzyiqi enir, həzm sisteminin fəaliyyəti isə sürətlənir. Yuxudaykən bədənimizin temperaturu 1 dərəcə soyuyur. Oyandıqda isə fiziki və zehni funksiyalar çox sürətlə çalışır. Oyanma anından 1-2 saat əvvəl adrenalin səviyyəsi artaraq, bədəni normal iş prosesinə hazırlayır. Saatların irəli çəkilməsi ilk günlərdə yuxusuzluq, diqqətsizik, beyinin tam oyanmaması kimi hallara səbəb olduğu üçün iş zamanı xoşagəlməz hallar müşahidə olunur. Araşdırmalar yay vaxtına keçid zamanı iş və yol qəzalarının sayının daha çox olduğunu ortaya çıxarıb. Saatların irəli çəkilməsinin səbəb olduğu yuxusuzluq ən çox ürəyə ziyan vurur. Yuxusuzluq ürək ritmini pozur. Türkiyəli həkim Murad Berksoy bildirib ki, bioritmimizin pozulması sinir sisteminin fəaliyyətinə birbaşa təsir göstərir. Bu da yaddaşın zəifləməsi, depressiya, şəkər yüksəlişi və hətta infarkta səbəb olur. Beynəlxalq bir araşdırmaya görə, bu dönəmdə infarkt keçirmə riski 4-5 dəfə artır. Saatın çəkilişinin təsiri bir-iki həftə davam edə bilir. Ona görə də həkim gecə yatmazdan əvvəl saatı 15-20 dəqiqə geri çəkməyi tövsiyə edir. Ya da günə 15 dəqiqə daha tez başlamağı. Bundan başqa, həftədə 3-4 gün tezdən qalxıb, yürüş etmək lazımdır. Yatmazdan əvvəl isə mütləq bir fincan süd içmək lazımdır. Gec saatlarda idman hərəkətlərindən uzaq dayanmaq lazımdır. Bir şeyi də unutmayaq ki, qalıcı olmamaqla yanaşı, yay və qış saatına keçid zamanı beyin qarışılığı, eyni zamanda halsızlıq, adaptasiya problemləri də yaranır. Həkimlər bu təsirin 24-48 saat ərzində düzəldiyini bildirir. Ona görə də bioloji saatımız özünü sistemə salana qədər bir az erkən yatmaqda fayda var. Hovuzda üzmək, ya da dəniz kənarında gəzintiyə çıxmaq, nəfəs çalışmaları çox fayda verəcək. Sağlıqlı və məntiqli qidalanmaq da faydalı ola bilər. Ən maraqlı detal isə bu ərəfələrdə insanlarda yaranan emosional partlayışlardır. Belə ki, əsəb, üzüntü, utanma, günahkarlıq, qısqanclıq, ağrı kimi hisslər bu günlərdə pik həddə çatır. Onların yaratdığı enerjini boşaltmaq üçün həkimlər duyğuları yazaraq ifadə etməyi məsləhət görür. Ya da nəfəs çalışmaları etmək, təbiətdə bol-bol vaxt keçirmək bu çətin günlərdən “zərərsiz” çıxmağa yardım edə bilər. Hazırda Azərbaycan ərazisində qış aylarında GMT+4, yay aylarında isə GMT+5 saat qurşağı tətbiq olunur. Bu hal 1957-ci ildə Azərbaycan ərazisində "dekret vaxtı"nın tətbiqi, yəni saatların bir saat irəli çəkilməsi, bunun ardınca isə 1981-ci ildə yay vaxtının tətbiq edilməsi nəticəsində yaranıb. "Dekret vaxtı"ndan və yay vaxtından imtina sahəsində 1989-cu ildə və 90-cı illərin əvvəllərində bir sıra addımlar atılsa da, son nəticədə 1997-ci ildə Nazirlər Kabinetinin qərarı ilə 1981-ci ildə yaranmış vəziyyət (status-kvo) qaytarılıb. Azərbaycanda bu qaydada tətbiq edilən saatlar (əsasən də yay vaxtı) bir sıra paradoksal vəziyyətə gətirib çıxarır. Belə ki, biz yay vaxtı Şərqə tərəf özümüzdən qat-qat uzaqda olan Əfqanıstan, Pakistan, Özbəkistanla eyni saatda, amma bizə daha yaxın olan Mərkəzi Avropa ilə üç saat, bizimlə həmsərhəd olan Türkiyə ilə isə iki saat vaxt fərqində oluruq. Daha bir maraqlı vəziyyət odur ki, Azərbaycan ərazisində heç vaxt səhər saat 06:00-da Gunəş üfüqdə görünmür. Həmçinin diqqət yetirsəniz görərsiniz ki, müsəlmanlar üçün Azərbaycan dünyada ən gec (saat baxımından) iftar açan ölkədir. Səbəbləri araşdırsaq görərik ki, Azərbaycan ərazisində tətbiq edilən vaxt iki faktordan – coğrafi zaman qurşağı və yay vaxtının tətbiqindən asılıdır. Bir sözlə, Azərbaycanda bu qərar qəbul olunsa, insanlarımızın orqanizmindəki bəzi fəsadlar da baş verməmiş olar. Bununla da ölkə olaraq yeni mərhələyə qədəm qoyarıq.

12 Mart 2016 12:57

Azərbaycanda bayram yarmarkaları başlayıb – SİYAHI

Yarmarkalar Bakı şəhərinin müxtəlif rayonlarında, Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində keçirilir Novruz bayramı ilə əlaqədar Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə martın 12-dən 20-dək Kənd Təsərrüfatı Nazirliyi Bakı şəhərinin müxtəlif rayonlarında, Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarını təşkil edir. Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin mütəxəssislərindən ibarət işçi qrupları yarmarkalara təhkim olunaraq satılan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, istehlak üçün yararlı olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Eyni zamanda, yarmarkalarda satılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq. Yarmarkalar Bakı şəhəri üzrə: Xətai rayonu (Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı), Nərimanov rayonu (Keşlə bazarının ərazisi), Səbail rayonu (Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası), Suraxanı rayonu (Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı), Binəqədi rayonu (Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı), Sumqayıt şəhəri üzrə (2 yerdə): 12-ci mikrorayon, köhnə avtovağzalın yanı, Abşeron rayonu üzrə: Xırdalan qəsəbəsi (Şahmat məktəbinin yanı) ünvanlarında təşkil olunacaq.

12 Mart 2016 12:35

Rayonlara gedən avtobusların sayı 2 dəfə artacaq- Bayram qrafiki açıqlandı

Novruz bayramı ilə əlaqədar martın 15-dən Bakı Beynəlxalq Avtovağzal Kompleksində gecləndirilmiş iş rejiminə keçirilib. Bu isə ayın 28-dək davam edəcək. Bu barədə oxu.az-a açıqlamasında Kompleksin növbə rəisi Məhəmməd Abdullayev bildirib. Onun sözlərinə görə, bayram ərəfəsində xəttə buraxılacaq avtobusların sayının təxminən 2 dəfə artacağı gözlənilir: “Adi günlərdə 300-320 nəqliyyat vasitəsi ilə 7000-7500 sərnişin yola salınırdı. Bayram ərəfəsində isə 600-700 nəqliyyat vasitəsi ilə 16-17 min sərnişinin yola salınacağı gözlənilir”. M.Abdullayev qeyd edib ki, süni qiymət artımı ilə bağlı komissiya yaradılıb: “Qiymətlərə nəzarət etmək üçün 11 nəfərdən ibarət komissiya fəaliyyət göstərir. Kənardan dəvət etdiyimiz hər hansı bir nəqliyyat vasitəsi qiymətlərdə dəyişiklik edə bilər. Qiymət komissiyasının üzvləri belə bir halın yaşanmaması üçün bu məsələləri nəzarətdə saxlayacaq”. “Nəzərinizə çatdırım ki, adi günlərdə olduğu kimi, təyin olunmuş qrafiklərimiz üzrə də 10 gün əvvəlcədən bilet satışları həyata keçirilir. Həm adi qaydada, həm də onlayn vasitəsilə”, – deyə Kompleskin növbə rəsisi əlavə edib. O, həmçinin vurğulayıb ki, bayram ərəfəsində bütün istiqamətlərdə sıxlıq müşahidə olunacaq. “Bütün istiqamətlər üzrə də, əlavə nəqliyyat vasitəsi xəttə buraxılacaq”, – deyə Abdullayev qeyd edib.

11 Mart 2016 5:12

Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 115 dəfə atəş zərbəsi endirib

Erməni silahlı bölmələri 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 110 dəfə pozub Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub.Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 115 dəfə atəş zərbəsi endirib.

11 Mart 2016 10:21

Bakıda bayram konserti və atəşfəşanlıq olacaq…

Bakıda “İlaxır çərşənbə” bayramı keçiriləcək. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, 15 mart 2016-cı il tarixdə Şəhər Mərkəzi Parkda Bakı Şəhər İcra Hakimiyyəti xalqımızın Milli bayramı - “İlaxır çərşənbə” gününü təntənəli şəkildə təşkil edir: “Martın 15-də saat 10.30-da metronun “İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının arasındakı sahədən Novruz personajları – Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiətilə böyük karvan Suraxanı “Atəşgahı”na yola düşəcək. Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi ilə Heydər Əliyev Sarayının yanından keçməklə, Bülbül prospekti, Xəqani, Nizami küçələri ilə Xətai heykəli və fəvvarənin yanından keçib, Heydər Əliyev prospektinə çıxıb, metronun “Koroğlu”stansiyasının qarşısından keçib, Hava limanı avtomagistralı ilə hərəkət edərək Suraxanı “Atəşgah”ına yola düşəcək. Atəşgahdan od götürən Bayram karvanı geriyə qayıdaraq Hava Limanı avtomagistralı, metronun “Koroğlu” stansiyasının yanındakı “Alov” Fontanın qarşısından keçərək Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, 28 May küçəsi, Rəşid Behbudov prospekti, Füzuli küçəsi və Heydər Əliyev Sarayından keçib Şəhər Mərkəzi Parkda Bayram Tonqalı alovlandırılacaq və Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaqdır”. Bakı Şəhər İcra Hakimiyyəti Bakı sakinlərini, şəhərimizin qonaqlarını və xalqımızı Novruz bayramı münasibətilə təbrik edir.

10 Mart 2016 3:34

Erməni silahlı bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 124 dəfə pozub

Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 124 dəfə atəş zərbəsi endirib Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 124 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Məzəm, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Novruzlu, Cəvahirli, Sarıcalı, Şuraabad, Kəngərli, Qaraqaşlı, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 124 dəfə atəş zərbəsi endirib.

10 Mart 2016 9:39

“Azəryolservis”in adı dəyişdirildi…

Prezident İlham Əliyev “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında fərman imzalayıb. Moderator.az xəbər verir ki, fərmana əsasən “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. Müəyyən edilir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir. Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərini həyata keçirmək aşağıdakı dövlət orqanlarına həvalə edilir: - Nazirlər Kabineti: - Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi; - Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi; - Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi; - Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi; - Əmlak Məsələləri Dövlət Komitəsi: - bu dərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi. Müəyyən edilir ki, Cəmiyyətin sədrinin və sədr müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir; Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Cəmiyyət tərəfindən həyata keçirilir; Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ləğvi, törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi Cəmiyyət tərəfindən həyata keçirilir və bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat verilir; Cəmiyyət, onun idarə, nümayəndəlik və filialları, habelə törəmə cəmiyyətləri tərəfindən balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanılması, qorunması, əsaslı təmiri, yenidən qurulması məqsədi ilə həyata keçirilən fəaliyyət üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya) alınmış hesab edilir və yenidən alınması tələb olunmur; Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququ, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, qiymətləndirilməsi, təyinatının dəyişdirilməsi səlahiyyətləri Cəmiyyət tərəfindən həyata keçirilir. Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

9 Mart 2016 7:47

Sürüşmə sahələri aktivləşib, bəziləri təhlükəlidir

  Azərbaycanda qış aylarının, xüsusilə yazın başlanması ilə atmosfer yağıntılarının artması sürüşmə proseslərinin aktivləşməsinə səbəb olub. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə apa.az-a deyib ki, hazırda ölkədə sürüşmə proseslərinin nisbi fəallaşması müşahidə olunur. Onun sözlərinə görə, bu, xüsusilə İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, qismən də Quba rayonlarına aiddir. Bu zonalar içərisində xüsusilə təhlükəli zona Şamaxı, İsmayıllı və Ağsudadır: “Şamaxı-Ağsu, Şamaxı-İsmayıllı, Muğanlı-İsmayıllı yollarının ətrafında sürüşmələrin daha çox fəallaşması müşahidə edilir. Bu, həm Qobustan qəsəbəsi ilə Şamaxı şəhəri arasındakı yola, həm də Muğanlı-Ağsu aşırımı hissəsinə aiddir. Son günlər orada Şərədil yaxınlığında baş verən sürüşmə sahəsi bir daha orada olan istirahət zonasına təhlükə yaratmaqla bərabər, həmin zonada sürüşmə sahələrinin xeyli fəallaşmasını göstərdi”. Direktor müavini əlavə edib ki, aktiv sürüşmələr Xızı, Şabran, Quba rayonlarına da aiddir. Cənub bölgəsində sürüşmə sahələrində nisbi fəallaşma Lerik-Yardımlı yolu və ətraf sahələr, Yardımlı çökəkliyində müşahidə olunur. Kiçik Qafqazda isə nisbi fəallaşma Gədəbəy, Daşkəsən və Goranboy rayonlarındadır.  

9 Mart 2016 4:39

Cəbhədə gərgin gecə- Atəşkəs 117 dəfə pozuldu

  Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Yarımca, Ağdam rayonunun Yusifcanlı, Novruzlu, Cəvahirli, Sarıcalı, Şuraabad, Kəngərli, Nəmirli, Şıxlar, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 120 dəfə atəş zərbəsi endirib. Faktinfo.az

8 Mart 2016 10:56

Bu gün Yel çərşənbəsidir

  Bu gün Boz ayın üçüncü çərşənbəsi - Yel çərşənbəsidir. Yel çərşənbəsinə el arasında “küləkli çərşənbə”, “külək oyadan çərşənbə”, “yelli çərşənbə” də deyilir Bu çərşənbə yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su insan yaradılışının maddi əsasını təşkil edirsə, od və yel kənar vasitəçi statusunda çıxış edir. Qədim etiqadlarda qeyd edilib ki, torpağın altında - “qara nəhrdə” yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel - ağ, qara yel qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd oxşar elementlə birləşib dünyanı dolaşır, gəzib oyanmış suyu, odu hərəkətə gətirir. Tədqiqatlara görə, Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. İnanclara görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edilir... Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu yerinə yetirir. İnanclara görə, çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır. Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Bu gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır. Ümumiyyətlə, çərşənbələrin dörd ünsürlə adlandırılmasının müasir dövrün ənənəsi olması, yəni, bu adların sonradan qoyulması barədə fikirlər də var. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə. Yel çərşənbəniz mübarək!

8 Mart 2016 10:49

Fakt

Bizi izləyin