Vicdan məhbuslarının yaxınları Ali Məhkəmənin qərarını pislədi

Oktyabrın 13-də Ali Məhkəmədə Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL sədri İlqar Məmmədovun 9 aydır yubanan kasasiya şikayətinə baxılıb Məhkəmənin qərarına əsasən, kasasiya şikayəti qismən təmin edilib. Şəki Apelyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarılıb.T.Yaqublunun qızı Nigar Yaqublu bunun məhkəmə prosesinin uzadılmasına hesablanmış qərar olduğunu qeyd etdi: “Qərar ləğv olunub, təzədən Apelyasiya Məhkəməsinə göndərildi. Bu cinayət işi tamamilə saxtakarlıq üzərində qurulduğuna görə, instansiya məhkəmələrindən ədalətli qərar gözləmirdik. Təxminlərimiz gözlədiyimiz kimi oldu. Ali Məhkəmənin işi təzədən geri göndərməsi siyasi məhbusları həbsdə daha çox saxlamağa hesablanmış qərardır. Ali Məhkəmə bir işə 9 ay müddətində baxırsa, burada ədalətli qərardan söhbət gedə bilməz. Şəki Apelyasiya Məhkəməsinin işə nə vaxt baxacağı məlum deyil. Artıq Tofiq Yaqublu və İlqar Məmmədovun həbsdən vaxtından əvvəl azad olunmaları üçün 4 aydan az müddət vaxt qalıb. Beləliklə, prosesi məhkəmələrlə yenidən uzadacaqlar. Onlara təzədən işgəncə verilməsi üçün hesablanmış addımlardır. Heç bir məhkəmə instansiyasından ədalətli qərar gözləmirik. Onları yenidən başqa həbsxanalara göndərmək özləri üçün də, bizim üçün də çox çətindir. O şəraitə uyğunlaşmaq asan məsələ deyil. Sistem dəyişmədikcə, bu ölkədə heç nə dəyişməyəcək”.REAL sədrinin vəkili Fuad Ağayev “Yeni Müsavat”a açıqlamasında Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra olunmasının vacibliyini vurğuladı: “Azərbaycan üzərinə beynəlxalq hüququ öhdəliklər götürüb. Ölkəmiz Avropa Şurasının üzvüdür. Avropa İnsan Haqları Məhkəməsinin qərarları Azərbaycan tərəfindən icra olunmalıdır. İlqar Məmmədovla bağlı bu qurumun qərarı var. Həmin qərar əsasında Nazirlər Komitəsi iki qərar qəbul edib. Ötən ilin dekabrında və bu ilin iyununda. Aralıq qətnamədə İlqar Məmmədovun yubanmadan azad olunması tələbi var. Onun həbsi, onun susdurulması məqsədini daşıyıb. Həbsin tamamilə qanunsuz olduğu Konvensiyada açıq şəkildə qeyd olunub. Azərbaycan hakimiyyəti birmənalı olaraq, İlqar Məmmədovu azad etməli idi. İlqar Məmmədovu müdafiə etdiyimə görə yalnız onun haqqında danışıram. Ali Məhkəmə xoşagəlməyən qərar qəbul etdi. Azərbaycan hökumətinin adından qərar vermək səlahiyyətinə malik olan qurum növbəti dəfə götürülən öhdəlikləri kobud şəkildə pozdu. İş qaytarılıb Bakı Apelyasiya Məhkəməsinə. Sözün açığı, işə baxılmanın yenidən uzadılacağı barədə fikir söyləməyə çətinlik çəkirəm. Azərbaycan beynəlxalq birliyin üzvüdürsə, üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir”.İlqar Məmmədova qarşı həbsxanada növbəti təzyiqlər başlayıb. Onun yanındakı məhbuslara təzyiqlər olunur. REAL-dan verilən məlumata görə, məhbuslardan biri - Renat Yusifov bir neçə gündür ki, karsa salınıb. Artıq üç gündür R.Yusifov “kars”da aclıq edir. Təzyiqlər İlqar Məmmədova görədir.REAL hakimiyyəti və Penitensiar Xidməti bu hərəkətlərə son verməyə, Ombudsman Aparatını qeyd olunan şəxslə maraqlanmağa çağırır. Hərəkat həmçinin Renat Yusifovun karsdan buraxılmasını tələb edir.Xatırladaq ki, T. Yaqublu və İ. Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib.

16 Oktyabr 2015 10:07

Rafael Cəbrayılov  “ofsayt”da  qala bilər

  46 Saylı Şirvan şəhər  Seçki dairəsindən  deputat seçilə bilməyən Rafael Cəbrayılov, V çağırış Milli Məclisə təkrar deputat seçilmək üçün 2005-ci ilin parlament seçkilərində məğlubiyyətə düçar olduğu dairədə  təkrar şansını sınayacaq. Şansını sözünü boşuna işlətmirik. Faktinfo.az saytının  əldə etdiyi məlumatlara görə ola bilər R.Cəbrayılov təkrar 46 saylı seçki dairəsində məğlubiyyətə düçar olsun. Çünki 2010-cu ildə R.Cəbrayılovun  9 saylı Binəqədi seçki dairəsindən deputat seçilməsi kifayət qədər əziyyətli olub. R.Cəbrayılova görə hakim dairələrdə aparılan qiymətləndirmədə vəziyyətin çətin ,seçicilərin onu qəbul etmədikləri,hətta  ondan imtinanı belə mümkün variant kimi gündəmə gətirib. Çünki 2006-cı ildə Milli Məclisə keçirilən əlavə seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilən R.Cəbrayılovun   seçiciləri ilə heç bir təması olmayıb ,onun sözü gedən dairədən təkrar deputat seçilməsi  2010-cu ildə kifayət qədər çətinliklər yaradıb. Qiymətləndirmədə YAP-ın  irəli sürdüyü Azərbaycan Dövlət İqtisad Universitetinin dossenti Zakir Mirzəyevin  R. Cəbrayılovla əvəzlənməsi müzakirə mövzusu olub. Çünki seçicilərin qəbul etmədiyi R.Cəbrayılov AMİP-in təbliğat katibi Əli Orucova məğlub ola bilərdi. Amma son anda R.Cəbrayılovun üzərində dayanıldı, nə qədər çətin olsa da o, deputat seçildi. 2015-ci ilin parlament seçkilərində R.Cəbrayılov 9 saylı Binəqədi ikinci  seçki dairəsindən üçüncü dəfə  seçilmək şansının sıfıra bərabər olduğunu bildiyindən 46 saylı Şirvan şəhər seçki dairəsindən  namizədliyini irəli sürdü. Orada da onun əsas rəqibi Müsavat  Partiyası  sədrinin müavini Fateh Elmandır. Məlumata görə R.Cəbrayılovun   bu dairədə Fateh Elmana məğlub olma ehtimalı böyük olsa, YAP-ın namizədi Paşa Nəbiyevə üstünlük veriləcək. Bu təqdirdə R.Cəbrayılov “ofsayt”da qalacaq. 2005-ci ildə 46 saylı Şirvan şəhər seçki dairəsindən deputat seçilə bilməyən R.Cəbrayılov  günahı özündə deyil, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovda axtarıb. (Mətbuat  belə yazıb) . Görəsən, R.Cəbrayılov bu dəfə də Şirvan seçki dairəsindən deputat seçilə bilməsə , günahı kimdə görəcək? Ardı var. Faktinfo.az

15 Oktyabr 2015 7:10

9 666 min nəfər olduq

  Azərbaycan əhalisinin sayı açıqlanıb Faktinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 73 min nəfər və ya 0,8 faiz artaraq 2015-ci il sentyabrın 1-i vəziyyətinə 9 666 min nəfərə çatıb. Belə ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ilin yanvar-avqust ayları ərzində 37,2 min ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalıb. Həmçinin yanvar-avqust ayları ərzində ölkədə 109 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,2 təşkil edib. Doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizini qız uşaqları təşkil edir. Doğulan körpələrdən 1970-i əkiz, 63-ü isə üçəmdir. Bundan başqa əhalinin əmək haqqlarında da artım qeydə alınıb. Cari ilin yanvar-avqust aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artaraq 460,1 manat təşkil edib. Əmək haqqı neft sektorunda 2101,3 manat, qeyri-neft sektorunda 420,1 manat təşkil edib. Eyni zamanda, əmək haqqı dövlət sektorunda 357,3 manat, özəl sektorunda isə 603,5 manat olub. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq əmək haqqı 17,4 % artaraq 1000,1 manat təşkil edib.

15 Oktyabr 2015 1:56

Azərbaycanda 4 min nəfərə ölkədən çıxış qadağası

“Sahibkarlıq sahəsində yoxlamaların aparılması üzrə reyestrdəki məlumatların təhlilinə əsasən əvvəlki illərə nisbətən cari ildə yoxlamaların sayı artıb, bu zaman bəzən müvafiq qanunvericiliyin tələblərinə dürüst əməl olunmur, sahibkarların maraqlarının qorunması sahəsində qüsurlara yol verilir” Bunu Ədliyyə naziri Fikrət Məmmədov nazirliyin kollegiya iclasında deyib. Prezident İlham Əliyevin oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi tapşırıqlar kollegiyasında struktur qurumların rəhbərlərinin iştirakı ilə müzakirə olunub, nazirliyin 9 ayda fəaliyyətinin yekunları təhlil edilib.Nazir bildirib ki, qeyd olunan problemlə əlaqədar reyestrin aparılması işinin səmərəsinin artırılması, o cümlədən yoxlamaların qeydə alınmasında və keçirilməsində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə reyestrin fəaliyyətində ASAN imzanın və yeni proqram təminatının və qeydiyyat prosesinin tətbiqinin sürətləndirilməsi, habelə elektron sənədləşmənin dairəsinin genişləndirilməsi barədə və digər konkret tapşırıqlar verilib.Həmçinin, vergi borcları ilə bağlı və digər icra sənədlərinin icrası vəziyyətinə toxunularaq bildirilib ki, 2015-ci ilin ötən dövr ərzində qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən və icradan qərəzli şəkildə yayınan, həmçinin vergi borclarını ödəməkdən boyun qaçıran 3 250 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1 800 nəfər inzibati qaydada həbs edilib, habelə 242 nəfər barəsində cinayət işi başlanıb, 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb. Bununla yanaşı, vergi borcları ilə bağlı icra işinin səmərəliliyinin artırılması məqsədilə Vergilər Nazirliyi ilə birgə vergi ödəyiciləri barədə məlumatların elektron mübadiləsi üzrə tədbirlər həyata keçirilir.

15 Oktyabr 2015 10:27

​Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 103 dəfə atəş zərbəsi endirib

Erməni silahlı bölmələri atəşkəs rejimini 96 dəfə pozub Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 96 dəfə pozub.Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı kəndində, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Ağdam rayonunun Çaylı, Kəngərli, Yarımca, Mərzili, Şıxlar, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 103 dəfə atəş zərbəsi endirib.

15 Oktyabr 2015 10:12

FHN Nərimanov Rayon İcra Hakimiyyətində müşavirə keçirib

“Yanğın profilaktikasında və yanğın hadisələri zamanı düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolu” mövzusunda müşavirə keçirilib Oktyabr ayının 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin yaxınlaşmaqda olan qış mövsümü ilə əlaqədar rayon icra hakimiyyətləri və digər qurumlarla birgə keçirdiyi maarifləndirmə tədbirləri çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.Rayon rəhbərliyi, FHN-nin Bakı Regional Mərkəzinin, Nərimanov Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin və rayonun kommunal-təsərrüfat təşkilatlarının rəhbərləri və bələdiyyə üzvlərinin qatıldığı müşavirəni giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahmar İbadov yanğın profilaktikasında və yanğın hadisələri zamanı düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolundan danışaraq, Nərimanov rayonunda payız-qış mövsümünə hazırlığın yekunlarına dair məlumat verib.Ş.İbadov əvvəlcədən görülmüş zəruri işlər nəticəsində qarşısının alınması mümkün olan, əksər hallarda qış mövsümündə baş verən yanğın hadisələri və digər bu kimi halların aradan qaldırılmasında bu qəbildən olan maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edərək, aidiyyəti qurumlar tərəfindən rayon ərazisində mütəmadi olaraq mühüm qabaqlayıcı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.Daha sonra çıxış edən FHN-nin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev nümayiş olunan videogörüntülər əsasında respublika əhalisinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi, baş vermiş təhlükəli hadisələr zamanı insanların axtarışı və xilas edilməsi istiqamətində aparılmış işlər barədə məlumat verib, nazirliyin digər dövlət strukturları ilə birgə səyləri nəticəsində insan tələfatı və maddi itkilərin sayının xeyli azaldığını qeyd edib. T.Şamçıyev görülmüş işlərə baxmayaraq, bir sıra hallarda fiziki və hüquqi şəxslər tərəfindən yanğın təhlükəsizliyinin norma və qaydalarının tələblərinin pozulmasının insanların həyat və sağlamlığını təhlükə altında salmasına, onların əmlakının məhvinə, infrastrukturun sıradan çıxmasına və dövlət büdcəsinə külli miqdarda ziyan dəyməsinə zəmin yaratmasına səbəb olduğunu bildirərək, belə halların qarşısının alınmasında insanların yanğın profilaktikası sahəsində maariflədirilməsinin böyük rol oynaya biləcəyini xüsusi vurğulayıb.Yanğın təhlükəsizliyi, yanğın fəlakətlərinin aradan qaldırılması ilə bağlı və bir sıra əhəmiyyət kəsb edən mövzularda məruzələrin dinlənilməsi ilə davam etdirilən müşavirədə eyni zamanda, rayonun istilik, enerji, qaz, su, lift, mənzil-kommunal və təcili tibbi yardım xidmətləri sahəsində görülən işlər diqqətə çatdırılıb, təhlükəsizlik qaydalarına riayət olunmasına gündəlik nəzarətin gücləndirilməsinin zəruriliyi qeyd edilib.Tədbirdə rayonun Fövqəladə Hallar Komissiyasının yerli özünüidarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin, idarə müəssisə və təşkilatlarının rayonda baş verə biləcək fövqəladə halların qarşısının alınması ilə bağlı Fövqəladə Hallar Nazirliyi və nazirliyin yerli orqanı olan Nərimanov Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi ilə daim qarşılıqlı surətdə fəaliyyət göstərərək operativ tədbirlərin həyata keçirilməsinə hər an hazır olmalarının vacibliyi vurğulanıb, həmçinin gələcəkdə bu cür əməkdaşlığın davam etdiriləcəyinə əminlik ifadə olunub.

14 Oktyabr 2015 3:06

Prezidentin qərarı – Ziya Məmmədov bacarmır..

  Hazırda gündəmin əsas mövzularından biri nəqliyyat naziri Ziya Məmmədov və yaxınlarının ətrafında cərəyan edən hadisələrdir Proseslərin inkişafı Ziya Məmmədovun artıq hakim komandada yerini itirdiyini göstərir. Onun nəzarət etdiyi bir çox sahələrin digər qurumlara verilməsi, qardaşının və qohumlarının seçkilərdə iştirakına qadağa qoyulması, yaxınlarının rəhbərlik etdiyi sahələrdə yoxlamaların aparılması, bəzilərilə bağlı cinayət işinin açılmasına dair məlumatlar Ziya Məmmədovun başının üzərində “qara buludların” getdikcə sıxlaşdığından xəbər verirdi. Nazirin son aylar nəqliyyat sektoru ilə bağlı keçirilən bütün tədbirlərdən kənarda saxlanılması isə artıq onunla bağlı siyasi qərarın da verildiyini təsdiqlədi. Bu baxımdan dünən Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ziya Məmmədovun iştirak etməməsi təəccüblü olmadı. Sadəcə bir daha ölkə başçısının Ziya Məmmədovu yanında görmək istəmədiyinə dair mülahizələri doğruladı. Bunun səbəbləri ilə bağlı, əlbəttə müxtəlif fikirlər, ehtimallar var. Dəqiqi yəqin ki, nə vaxtsa ortaya çıxacaq. Ancaq dünən Prezidentin çıxışından belə bir fikir yarandı ki, Ziya Məmmədov müasir dövrün tələblərinə uyğun işini qura bilmr. Daha dəqiqi, Azərbaycan dövləti nəqliyyat sektorunun inkişafına, infrastrukturun qurulmasına böyük vəsaitlər yatırsa da, burdan gözlənilən səmərəni götürə bilmir. Bunun da bir səbəbi Nəqliyyat Nazirliyinin fəaliyyətsizliyidirsə, digər tərəfdən xarici şirkətlərə, iş adamlarına qarşı qeyri-qanuni tələblərin irəli sürülməsidir. Sitat: “İndi həm ölkələr, həm şirkətlər arasında yüklər uğrunda mübarizə, rəqabət gedir. Amma biz burada oturmuşuq, nəyisə gözləyirik. Gözləyirik ki, kimsə gəlib bizdən xahiş edəcək. Xahiş edəndə də elə şərtlər qoyulur ki, o xahiş edən üz döndərib gedir. Bu, dözülməz haldır!” Prezidentin çıxışından o da məlum oldu ki, Ziya Məmmədov eyni zamanda Nəqliyyat Nazirliyini bu sahədə dövlət siyasətini həyata keçirən bir orqana çevirə, nəqliyyat sahəsində fəaliyyət göstərən müxtəlif qurumların fəaliyyətini koordinasiya etmək vəzifəsini yerinə yetirə bilməyib. Nəticədə hər bir qurum öz maraqlarından çıxış edir ki, bu da xarici iş adamlarının yükdaşımada Azərbaycanı tranzit ölkə kimi seşməsinin qarşısını alır. Sitat: “Burada vahid tarif siyasəti aparılmalıdır. Çünki bizdə Xəzər Gəmiçiliyinin, Dəmir Yolunun, limanın hərəsinin öz korporativ maraqları var. Amma bunlar ölkənin maraqları ilə uzlaşır? Yox, uzlaşmır! Dövlətin maraqları bu dəhlizi elə etməkdir ki, daha yükü göndərənin başı ağrımasın, daha 10, 20 ünvana getməsin, bunu elektron yollarla, e-maillə, müasir üsullarla həll etsin”. Dövlət başçısının şəhər nəqliyyatında “BakuBus”un fəaliyyətini genişləndirməsinin zəruriliyini bəyan etməsi onun Ziya Məmmədovun nəzarətində olan bu sahədən də narazılığını ortaya qoydu. Bir sözlə, dövlət başçısı açıq mətnlə Ziya Məmmədovun bu gün nəqliyyat naziri kimi üzərinə düşən vəzifələri icra edə bilmədiyini bəyan etdi. Prezident bu sahədə çox ciddi koordinasiya işləri aparılmalı olduğunu və bununla bağlı yaxın vaxtlarda ona konkret təkliflər veriləcəyini dedi. Böyük ehtimalla, bu təkliflərin müəllifi də yeni nəqliyyat naziri olacaq. Buna görə artıq əminliklə demək olar ki, Ziya Məmmədov getdi! Prezidentin nəqliyyat sektoru ilə bağlı çıxışının həm mətnini, həm də video variantını təqdim edirik: “Mən giriş sözümdə qeyd etdim ki, nəqliyyat sektoru gələcək inkişafımız üçün çox mühüm əhəmiyyət kəsb edir. Həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçməlidir. Bu gün Azərbaycan ərazisindən yük daşımaları aparılır, ancaq bəzi hallarda yüklərin həcmi azalır. Bunun obyektiv səbəbləri var. İndi biz onu da qeyd etməliyik. İndi dünyada böhran yaşanır, həm Asiyada, həm Avropada, ümumiyyətlə, iqtisadi fəallıq böyük dərəcədə aşağı düşüb. Asiya, Avropa bizim ərazimiz vasitəsilə ticarət aparır. Ona görə, obyektiv səbəblər də, subyektiv səbəblər də var. Biz son illərdə çalışmışıq ki, Azərbaycanda nəqliyyat, logistika mərkəzini yaradaq və buna böyük dərəcədə nail ola bilmişik. Yeni gəmilər, bərələr, tankerlər, yük gəmiləri, yeni yük təyyarələri alınmışdır. Azərbaycanda bir neçə beynəlxalq aeroport tikilmişdir. Dəmir yolunun inkişafı ilə bağlı tədbirlər görülür. Bizi qonşu ölkələrlə bağlayan avtomobil yolları tikilmişdir. Əfsuslar olsun ki, hələ bu layihələr tam başa çatmayıb. Ancaq onların böyük hissəsi görülübdür. Əlbəttə yeni Beynəlxalq Dəniz Ticarəti Limanı tikilir. Bu da Xəzər hövzəsində ən böyük ticarət limanı olacaq. Yəni, bu, dövlət vəsaiti hesabına görülən işlərdir. Burada heç bir özəl vəsait qoyulmayıb. İndi, bəzi hallarda kreditlər verilib. Amma bu kreditləri də dövlət ödəyir. Dövlət öz siyasətini göstərib. Ancaq bununla bərabər, burada koordinasiya işləri aparılmalıdır. Ona görə ki, Şimal-Cənub dəhlizi bizə çox böyük iqtisadi mənfəət gətirəcək. Azərbaycandan keçən bu yol milyonlarla əlavə yükün bizim ərazimizdən daşınması deməkdir. Bu da həm siyasi, həm iqtisadi gəlirlər gətirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, əfsuslar olsun ki, hələ başa çatmayıb. Halbuki bu layihənin başlamasından səkkiz il keçir. 2007-ci ildə biz üç ölkə bu layihəyə start verdik. Qeyd etdiyim kimi, Azərbaycanın məsuliyyəti çərçivəsində olan məsələlər öz həllini tapdı. İndi Türkiyə ərazisində qalan işlər də görüləcəkdir. Biz bu yolu tezliklə işə salmalıyıq. Çünki indi həm ölkələr, həm şirkətlər arasında yüklər uğrunda mübarizə, rəqabət gedir. Amma biz burada oturmuşuq, nəyisə gözləyirik. Gözləyirik ki, kimsə gəlib bizdən xahiş edəcək. Xahiş edəndə də elə şərtlər qoyulur ki, o xahiş edən üz döndərib gedir. Bu, dözülməz haldır. Bu məsələ ciddi təhlil edilməlidir və burada vahid tarif siyasəti aparılmalıdır. Çünki bizdə Xəzər Gəmiçiliyinin, Dəmir Yolunun, limanın hərəsinin öz korporativ maraqları var. Amma bunlar ölkənin maraqları ilə uzlaşır? Yox, uzlaşmır! Dövlətin maraqları bu dəhlizi elə etməkdir ki, daha yükü göndərənin başı ağrımasın, daha 10, 20 ünvana getməsin, bunu elektron yollarla, e-maillə, müasir üsullarla həll etsin. Bu, məsələnin bir hissəsidir. Bunu biz yaratmalıyıq və artıq göstərişlər verilib. Burada çox ciddi koordinasiya işləri aparılmalıdır. Yaxın vaxtlarda mənə konkret təkliflər veriləcəkdir. Digər məsələ ondan ibarətdir ki, biz gərək gedək o yükləri gətirək. Biz gərək deyək ki, gəlin Azərbaycan ərazisindən keçin. Ona görə, burada bu iki amil çox ciddi məna daşıyır. Əminəm ki, burada qarşıya qoyduğum vəzifələr tezliklə öz həllini tapacaq. Biz son vaxtlar şəhər nəqliyyatı ilə bağlı çox ciddi addımlar atmışıq. Yeni şirkət yaradılıbdır. “BakuBus” avtobusları ən yüksək səviyyəyə malikdir. Dünyanın bəlkə də ən gözəl, ən müasir avtobuslarıdır. Bunu da biz etmişik ki, insanlar ictimai nəqliyyatdan rahat istifadə etsinlər. Hesab edirəm ki,“BakuBus”ın fəaliyyəti genişləndirilməlidir . Çünki indi digər xidmətlərlə müqayisədə əlbəttə ki, insanlar “BakuBus”a üstünlük verir. Ona görə, hesab edirəm ki, gələn ilin dövlət büdcəsində də yeni avtobusların alınması üçün müəyyən vəsait nəzərdə tutulmalıdır. Biz hər il əlavə avtobuslar almaqla “BakuBus”ın fəaliyyətini daha da genişləndirə bilərik.”(azpolitika.az)

13 Oktyabr 2015 6:19

Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 92 dəfə pozub

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 92 dəfə atəş zərbəsi endirib Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 92 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Qızıloba, Göyarx, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Şıxlar, Novruzlu, Şuraabad, Cəvahirli, Mərzili, Qaraqaşlı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 92 dəfə atəş zərbəsi endirib.

13 Oktyabr 2015 11:51

XİN: “Meydan TV” və “Azadlıq” radiosunun fəaliyyəti qanunsuzdur

  “Meydan TV” adı altında özünü təqdim edən qurum və “Azadlıq.org” saytı Azərbaycanda rəsmi formada fəaliyyət göstərmək üçün qeydiyyatdan keçməyib Bu barədə Azvision.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. XİN rəsmisinin sözlərinə görə, “Meydan TV” və “Azadlıq.org” qeydiyyatdan keçmək üçün nazirliyə müraciət etməyiblər. H.Hacıyev qeyd edib ki, “BBC Azərbaycan” xidmətinə gəldikdə isə bu qurum və onların əməkdaşları mütəmadi olaraq akkreditasiyadan keçirlər. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu barədə açıqlamasında bildirib ki, “İnteraz”, “Euroaz” televiziya kanalları, “Amerikanın səsi” radiosu, “Meydan TV” internet saytı və bir sıra digər xarici media orqanları və onların əməkdaşları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər müvafiq qaydalara əməl etmir və ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər. Qeyd edək ki, Xarici dövlətlərin ərazisində hüquqi qeydiyyatdan keçmiş KİV-lər Azərbaycan Respublikasının ərazisində peşəkar KİV, media fəaliyyəti ilə məşğul olmaq istədikləri təqdirdə Azərbaycan Respublikasında xarici KİV nümayəndələrinin akkreditasiya qaydalarına uyğun olaraq Xarici İşlər Nazirliyində qeydiyyatdan keçməlidirlər. Bu baxımdan “Meydan TV” və “Azadlıq.org” saytlarının Azərbaycan dilində fəaliyyəti qanunsuzdur.

12 Oktyabr 2015 1:57

Yardımlıda “fövqəladə vəziyyət”: Mərkəzə giriş-çıxış məhdudlaşdırılıb

  İcra başçısı təlimat verib: Musa Qasımlı camaatla görüşə polislə gedir Dünəndən etibarən Yardımlı Polis Şöbəsi gücləndirilmiş iş rejiminə keçib. Rayonun bütün giriş və çıxış qapıları nəzarətə götürülüb, maşılar yoxlanılaraq buraxılır. Bu barədə Jam.az-a rayondan məlumat veriblər. Məlumatda deyilir ki, rayonda “fövqəladə vəziyyət”in elan edilməsinə səbəb 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən hakimiyyətin namizədi olan Musa Qasımlının “təhlükəsizliyini” təmin etməkdir. Və bu barədə təlimatı icra başçısı Sevindik Hətəmov şəxsən verib. Verilən məlumatda o da deyilir ki, Musa Qasımlı seçiciləri ilə görüşə polis müşayəti ilə gedir. Belə ki, dünən rayonun Çayüzü kəndində seçicilərlə görüşə gedən Qasımlı polisin müşayəti altında yaşayış məntəqəsinə daxil olub. Onunla görşə heç kim gəlməsə də, polisin və yerli icra nümayəndəsi ilə bələdiyyənin təkidi, xahişi və minnətiylə 5-6 nəfər bir araya gələrək, professorun danışıqlarına qulaq asıblar. Qeyd edək ki, seçkilərdə polisin məsələyə müdaxiləsi qanunla qadağandır. Onlar yalnız təhlükəsizliyin təmin edilməsi ilə məşğul ola bilərlər. Və bunu da uzaqdan həyata keçirmək yoluyla. Təəccüblüdür ki, özünü “xalqın adamı” adlandıran Musa Qasımlı camaatdan o qədər qorxur ki, polisi özüylə yançı aparır? Madam qorxursa, nədən həmin dairədən seçilməyə çalışır?

12 Oktyabr 2015 12:40

Sabahın hava proqnozu

  Sabah ölkə ərazisində havanın əsasən yağmursuz olacağı gözlənilir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 13-15°, gündüz 16-20° isti olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 19-24° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 13-18° isti olacağı gözlənilir. Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 17-22° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq, Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 19-24° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda dumanolacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14°, gündüz 18-23° isti, dağlarda gecə 4-9°, gündüz 13-18° isti olacağı gözlənilir.

11 Oktyabr 2015 3:27

Deputat: “Televiziya Şurası haqlı qərar qəbul edib”

  "Bəzi aparıcılar heç ana dilində danışmaq, cümlə qurmaq qabiliyyətinə malik deyil, necə danışmalı olduğunu bilmir, efirdə jarqonlarla, varvarizmlə - yarı rus, yarı azərbaycanca danışır" Bu sözləri millət vəkili Sabir Rüstəmxanlı Azərbaycanda bəzi televiziya proqramlarının səviyyəsinin aşağı olması barədə son günlər müzakirə edilən məsələyə münasibət bildirərkən Axar.az-a deyib. Xalq şairinin sözlərinə görə, proqramı hazırlayanlar nəinki aparıcı və qonağı, hətta auditoriyada tamaşaçı kimi əyləşənləri də seçməlidir: “Problemlərin səbəbi televiziyaların kadr potensialının zəifliyindən başlayır. Qəribədir ki, Azərbaycanda intellektli gənclər və jurnalistlər kifayət qədər olsa da, aparıcıların əhəmiyyətli hissəsinin səviyyəsi aşağıdır. Bunu veriliş iştirakçılarına da şamil etmək olar. Mən bəzən kanallarda yayımlanan verilişlərin auditoriyalarına baxıram. Tamaşaçı qismində oturanların hərəsini elə bil bir planetdən yığıb gətiriblər. Simalarında kütlük, məlumatsızlıq sezilir. Hər verilişin xarakterinə uyğun, müəyyən intellekt səviyyəsi olan adamlar cəlb olunmalıdır. Yoxsa studiyaya kimi gəldi yığmaq olmaz. Bundan başqa, bəzi aparıcılar heç ana dilində danışmaq, cümlə qurmaq qabiliyyətinə malik deyil, necə danışmalı olduğunu bilmir, efirdə jarqonlarla, varvarizmlə - yarı rus, yarı azərbaycanca danışır. Bu insanlarda heç bir məsuliyyət yoxdur – sifətləri də, geyimləri də, rəftarları da o cürdür”. Sabir Rüstəmxanlı televiziyaların cəmiyyətin güzgüsü olduğunu xatırladaraq, onları öz məsuliyyətlərini dərk etməyə çağırdı: “Televiziya təkcə cəmiyyətdəki çatışmazlıqları göstərdiyi üçün güzgü deyil, həm də ordakı aparıcı, qonaq, tamaşaçının səviyyəsi ilə millət haqqında təsəvvür formalaşdırır. Bu cür verilişlərlə millət barədə hansı xoş təsəvvür yaratmaq olar? Digər tərəfdən, televiziya düşünməlidir ki, Azərbaycan xalqı qırmızı şalvarlı, qulağı sırğalı, saqqız çeynəyərək danışanları, yaxası göbəyinə kimi açıq olan kişi və qadınları qəbul edirmi? Onları kimə və nəyə görə təbliğ etməlidirlər? Məncə, bu baxımdan MTRŞ-nın iradlarını nəzərə almalıdırlar”. Millət vəkilinin sözlərinə görə, efirə Azərbaycanı təmsil etmək qabiliyyəti olan gənclər, ziyalılar dəvət edilməlidir: “Azərbaycanda kifayət qədər savadlı, intellektual, istedadlı gənclər var. Nədənsə kanallar o gəncləri kənara qoyub özünü aparmağı, jestlərini bilməyən, nitqi, səsinin tonu, ağlı yerində olmayan, geyimini bilməyən –sözün əsl mənasında, heç nəyi yerində olmayan qadın və kişiləri efirə çıxarır”. Millət vəkili Aqil Abbas isə bildirdi ki, televiziyalar yalnız şou əhlini və əyləncə verilişlərini təbliğ etməməlidir: “Mən şou verilişlərinə baxmıram. Sevdiyim və maraqlı mövzulara toxunan verilişlər var ki, onlara baxıram və qonaq qismində çıxış da edirəm. Mənim dediyim bir söz var: televiziyada bəzi verilişlər şou-biznes nümayəndələrinin, müğənnilərin üstündə köklənir. “Ay ev yiyəsi” deyərək kimlərinsə evinə qonaq olurlar. Ola bilməzmi ki, bu evlərə şair, rəssam, bəstəkar, mühəndis aparsınlar? Yalnız şou əhli təbliğ olunmamalıdır. Azərbaycanda gözəl sənətkarlar, rəssamlar, bəstəkarlar var. Adi bir ev tikən bir bənnanı aparsınlar sözügedən və ya hər hansı digər bir verilişdə qonaq etsinlər. Aygün Kazımovanın itindən, qarderobundan nə qədər danışmaq olar? Axar.az-a danışarkən daha öncə də qeyd etmişdim ki, bəzi verilişlərin sayı bir az azaldılmalıdır. Mən demirəm televiziya yalnız vətənpərvərlikdən, ədəbiyyatdan, sənətdən danışmalıdır. Televiziyanın əyləncə proqramları da olmalıdır. Amma bu əyləncə verilişləri əndazə içində hazırlanmalıdır. Mən özüm “Beşdə beş”, ANS telekanalında yayımlanan “Şəbəkə” verilişinə gedirdim. Lakin onu da qeyd edim ki, “Beşdə-beş” ata, valideyn, böyüyə-kiçiyə hörmət, etik normalarla bağlı mövzular qoyurdu və sevə-sevə gedirdim. Son zamanlar o mövzuları qoymur deyə, getmirəm. O cümlədən, Xəzər TV-nin və ANS kanalının özümə uyğun olan bir sıra proqramlarına gedib sözümü demişəm. Amma veriliş əyləncə xarakterli olanda bir az diqqətli olmaq lazımdır”. A.Abbas bildirdi ki, bu, tam qadağa formasında da ola bilməz: “Bir şeyi kökündən vurub, ona tam qadağa qoymaq olmaz. Verilişə yalnız düzən vermək gərəkdir”. MTRŞ-nın son iradlarına toxunan millət vəkili vurğulayıb ki, televiziyaların bundan nəticə çıxaracaqlarına inanır: “İnanıram ki, bizim televiziyalar bu iradları qəbul edib, tövsiyələrdən yararlanacaq. Məsələn, bir ara ATV-nin üstünə bərk düşmüşdülər ki, çoxsaylı şou proqramlara yer verir. Halbuki burda bir məqama diqqət etmək lazımdır. Hər bir KİV-in öz nizamnaməsi var. Məsələn, “Ədalət” qəzetinin də, sizin saytın da – hər bir mətbuu orqan yarandığı zaman imzaladığı nizamnamə mövcuddur. Həmin nizamnamədə gələcək istiqamətlərdən, toxunulacaq məsələlərdən söz açılır. ATV öz nizamnaməsində şou verilişləri yayımlayacağına dair bildiriş vermişdi. Siz ATV-dən nizamnaməsinə uyğun olmayan istiqamətdə işləməyinimi tələb edirsiniz? Yəni iradlar da düzgün seçilməlidir. O ki qaldı şou-biznes nümayəndələrinə, ekspert kimi dəvət olunan insanların bəziləri Azərbaycan xalqının gözündə sevilən və hörmət olunan insanlar deyillər. Bir adam 4 dəfə boşanıb və hər hansı bir verilişə gəlib ailə ilə bağlı məsləhət verəndə, mən gülürəm. Elə tamaşaçı da buna gülür. Çünki Azərbaycan balaca bir ölkədir və hamı hamını tanıyır. Həmin adam çxııb danışanda ki, ailə belə olmalıdır, ona sual verərlər ki, sən özün 4 dəfə ərə gedib-boşanmısan və ailən yoxdur, hansı cürətlə kiməsə məsləhət verirsən? Məsələn, ad çəkməyəcəm, bir ər-arvad var. Biri deyir ki, arvadım filankəslə yatır, arvadı da deyir ki, ərim filankəslə yatır. Və bu söhbətlər bütün günü televiziyadadır. Bunların kimlə yatıb, kimlə görüşdüyünün Aqil Abbasa və ümumilikdə Azərbaycan xalqına nə dəxli var? Xalq bunu qəbul etmir. Sonra hansısa ziyalı, alim çıxıb bu söhbətlərə müdaxilə edəndə müzakirələr böyüyür. Üzr istəyirəm, amma mən Rusiyada əsgərlikdə olmamışam ki, orda mənim övladım olsun. Mən Rusiyanı görəndə artıq 2 uşağım var idi. Kimsə gedir Rusiyada əsgərlikdə olur, kimləsə görüşür və uşağı olur. Yaxşı edib olub, kef edib olub da. Bunu gətirib üzə çıxarmaq, ailənin işinə qarışmaq qəbul olunan şey deyil axı. Bunlar əslində cinayətdir. Nə ixtiyarla insanların ailədaxili problemlərinə qarışırlar? Televiziya Şurası bu baxımdan haqlı qərar qəbul edib. Amma verilişi bağlamayıb, tövsiyə verir və verilişlərdən düzən tələb edir. Çünki hər şeyin bir əndazəsi var. Gəlin gəlib oturub televiziyada qayınanasından, qayınatasından şikayətlənir. Televiziyada da dəfələrlə demişəm, bunun üçün hüquq-mühafizə orqanları var. Əgər sənin ev davan varsa, problemin varsa, bunu adiyyəti qurumlara şikayət elə. Televiziya sənin üçün hüquq-mühafizə orqanıdır ki, kiminsə uşağını alıb kiməsə versin?”

11 Oktyabr 2015 11:21

Azərbaycan ərazisində havanın soyuq keçməsinin səbəbləri açıqlanıb

Son günlər davam edən hava şəraiti Azərbaycan üçün anomal iqlim hadisəsi sayılır "Son günlər davam edən hava şəraiti Azərbaycan üçün anomal iqlim hadisəsi sayılır". Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya elmlər doktoru Elbrus Əlizadə deyib. O bildirib ki, küləklərin həddən artıq güclü əsməsi, quraq hava şəraitindən sonra yağıntıların çox düşməsi anomal iqlim hadisədir: "İl ərzində bir neçə dəfə Azərbaycanda anomal hadisələr baş verir. Buna səbəb ölkəmizə şimal-qərbdən və şimal-şərqdən rütubətli dəniz hava kütələrinin daxil olmasıdır. Nəticədə də yüksək təzyiq fərqindən güclü küləklər yaranır və özü ilə küllü miqdarda yağıntı gətirir". E.Əlizadənin sözlərinə görə, Azərbaycan ərazisi atmosfer cəbhəsində yerləşir: "Azərbaycan ərazisində isti və soyuq hava kütlələri toqquşur, bu səbəbdən də ildırım və şimşək çaxmaları çox müşahidə olunur. Müxtəlif xassəli hava kütlələri toqquşanda, onların arasında kəskin fərq yarananda ildırım və şimşək kimi təbiət hadisələri baş verir". Direktor müavini qeyd edib ki, son günlər davam edən intensiv yağışlar sürüşmə hadisələrinin aktivləşməsi ehtimalını artırır.

10 Oktyabr 2015 6:31

Fakt

Bizi izləyin