4 gün iş olmayacaq

Ramazan bayramı ilə əlaqədar Azərbaycanda dörd gün qeyri-iş günü sayılır. Azərbaycanın məşğul vətəndaşları 4 gün işə getməyəcəklər. Ramazan bayramı ilə əlaqədar dörd gün qeyri-iş günü sayılacaq. Nazirlər Kabinetindən bildirilib ki, hökumət tərəfindən 2014-cü il noyabrın 21-də “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərar qəbul edilib. Qərara əsasən, iyulun 17-si və 18-i Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Azərbaycan qanunvericiliyinə, xüsusən Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, bayram günü istirahət günlərinə təsadüf etdikdə, növbəti həftənin ilk iş günləri istirahət günü hesab olunur. Ramazan bayramının ikinci günü —18 iyul şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 20 iyul qeyri-iş günü olacaq. Beləliklə, işləyənlər Ramazan bayramı münasibətilə ardıcıl 4 gün -iyulun 17-si, 18-i, 19-u (bazar) və 20-si istirahət edəcəklər. Xatırladaq ki, ötən il isə Ramazan bayramı ilə əlaqədar Azərbaycanda rəsmi iki gün iş günü olmayıb. Belə ki, ötən il Ramazan bayramı iyulun 28-29-na təsadüf edib. İyul ayının 26 və 27-si isə həftəsonuna düşüb. İyulun 28 və 29-u həftənin bazar ertəsi və cərşənbə axşamı günlərinə təsadüf etdiyindən ölkə ərazisində 4 gün qeyri-iş günü olub. (Ans)

8 İyul 2015 11:20

Bakıda maşınlara yeni məhdudiyyət tətbiq edilə bilər

Tək günlərdə cüt nömrələr, cüt günlərdə tək nömrələr Bakıda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı baş nazirin müavini Abid Şərifovun sədri olduğu Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının üzərində işlədiyi Tədbirlər Planı ilə bağlı dövlət qurumları tərəfindən irəli sürülən əsas təkliflər məlum olub. APA-nın əldə etdiyi məlumata görə, Nəqliyyat Nazirliyi rayonlardan gələn bütün növ avtomobillərin Bakıya saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılması və bu müddət ərzində şəhərdə hərəkətinə icazə verilməsi, rayonlardan gələn ictimai nəqliyyatın şəhərə daxil olması ilə bağlı isə heç bir məhdudiyyətin qoyulmamasını təklif edib. Bu təklif Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasında məqbul sayılır. Bakıya buraxılan rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan gecə saat 24:00-a qədər paytaxt ərazisində hərəkətinə icazə verilib-verilməməsi məsələsi isə hələ ki, açıq qalır, Nəqliyyat Nazirliyinin bununla bağlı təklifi yoxdur. A. Şərifovun sədrliyi ilə Komissiyanın dünən keçirilən iclasında da gecə saatlarında Bakıya buraxılan rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan gecə saat 24:00-a qədər şəhərdə hərəkətinə icazə verilib-verilməməsi ətrafında yekun rəyə gəlmək mümkün olmayıb. “Azəryolsevis” ASC Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına Bakıya yük avtomobillərinin yalnız gecə saat 24:00-dan 7:00-a qədər buraxılmasını təklif edib. Eyni zamanda saat 24:00-dan  7:00-a qədər Bakıya daxil olmuş yük maşınlarının saat 7:00-dan sonra şəhərdə hərəkətinə icazə verilməməsi də təklifdə əksini tapıb. Nəqliyyat Nazirliyi isə əlavə olaraq yük avtomobillərinin həm gündüz, həm də gecə saatlarında şəhərin mərkəzi küçələrinə daxil olmasının qadağan edilməsini təklif edib. Hər iki təklifə müsbət yanaşılır. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Komissiyaya təqdim etdiyi təklif isə Bakıda qeydiyyatda olan avtomobillərlə bağlı olub. Təklif edilib ki, həftənin tək günlərində dövlət qeydiyyat nömrəsi cüt rəqəmlə bitən avtomobillərin, həftənin cüt günlərində isə dövlət qeydiyyat nömrəsi tək rəqəmlə bitən avtomobillərin Bakıda hərəkətinə icazə verilsin. Bu təkliflə bağlı da Komissiyanın dünənki iclasında yekun rəyə gəlmək mümkün olmayıb. Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunlarında iştirak edən idmançıların, eləcə də tədbirə gəlmiş xarici qonaqların hələ də paytaxtda olmaları ilə əlaqədar Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin müraciətinə əsasən, Oyunlar ərəfəsində yol hərəkətinə tətbiq edilmiş müəyyən məhdudiyyətlərin vaxtı 10 gün müddətinə uzadılıb. Oyunlar zamanı paytaxtda nəqliyyatın hərəkətinin təşkilindən, eləcə də nəqliyyat sıxlığının aradan qaldırılması nəticəsində yollardakı rahat və fasiləsiz hərəkətdən, habelə bunların şəhərin ekoloji durumuna da müsbət təsirindən məmnun qalan şəhər sakinlərinin çoxsaylı müraciəti əsasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən paytaxtda nəqliyyat problemlərinin həlli üzrə müvafiq Tədbirlər Planının hazırlanması üçün Komissiya üzvlərinin iştirakı ilə iclaslar keçirilir, müzakirələr aparılır. İyulun 10-a qədər Tədbirlər Planı qəbul edilməlidir.

7 İyul 2015 6:21

Ruslar Qarabağa “İsgəndər” raketləri yerləşdirir

Rəsmi Bakı Xarici İşlər Nazirliyi (XİN) səviyyəsində Ermənistanla Rusiya arasında silah ixracı sazişinə kəskin etiraz bildirməlidir. Bu barədə hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın daxili bazar qiymətləri ilə Ermənistana 200 milyon dollarlıq silah və hərbi texnika satmaq üçün bağladığı müqaviləyə rəy bildirirkən söyləyib. Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan parlamentdə çıxış edərkən vurğulayıb ki, 13 il müddətinə illik 3 faizlə kreditə götürülən hərbi texnika Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttinə yerləşdiriləcək və Ermənistan ordusunun müdafiə gücünü artıracaq. Erməni hərbçi deyib ki, bu hərbi texnikanın olması məsələnin kompleks həllidə Ermənistan ordusunun xeyrinə həll edilməsinə imkan verəcək. “ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkə belə bir addım ata bilməz və münaqişə tərəflərindən birini birtərəfli qaydada silahlandıra bilməz. Özü də Rusiya silahları Ermənistana daxili bazar qiymətləri ilə satacaq. Bu, zavod qiymətindən də aşağıdır. Təsəvüür edin, istəsələr, 100 milyon dollarlıq hərbi texnikanı 10 milyon dollardan da aşağı qiymətə sata bilərlər. Bu, münaqişə tərəflərindən birinin açıq-aydın silahlandırılmasıdır”, - deyə Üzeyir Cəfərov vurğulayıb. Hərbi ekspertin bildirdiyinə görə, bu texnika ilə yanaşı Moskva Ermənistan ordusuna “İsgəndər” raketləri də vermək niyyətindədir. “Əvvəllər Qarabağda yalnız “İsgəndər” raketlərinin maketləri vardı. Ermənilər qarşı tərəfə hərbə-zorba gəlmək üçün tez-tez həmin raketləri nümayiş etdirirlər. İndi isə raketlərin özlərini Qarabağa yerləşdirmək istəyirlər”,- deyə Cəfərov bildirib. “İsgəndər” raketləri 2000-ci illərdən Rusiya ordusunda silahlanmaya qəbul olunub. Bu raketlər 300-500 kilometr məsafədə yerləşən hədəfi vurmağa qadirdir. 2008-ci ildə baş vermiş Rusiya - Gürcüstan müharibəsi zamanı Rusiyanın Poti və Qori şəhərlərində yerləşən obyektlərə, Bakı-Supsa boru kəmərinə qarşı “İsgəndər” raketlərindən istifadə etdiyi ehtimal edilir. Üzeyir Cəfərov da diqqəti bu məsələyə yönəldir: “Azərbaycanın xarici işlər naziri dərhal reaksiya verməli, Moskva ilə İrəvan arasnıda bu təhlükəli sazişin gerçəkləndirilməsinə mane olmalıdır”.

3 İyul 2015 4:22

İsti Su sanatoriyasında qadın alveri tüğyan edir

Fərid Hüseynov: «Masallıdakı istirahət mərkəzlərində ailələrimizlə istirahət edə bilmirik» Dünyanın ən böyük problemlərindən biri olan insan alveri Azərbaycan üçün də ciddi təhdid mənbəyidir. Qadınları fahişəliyə cəlb edən cinayətkar qruplar indiyə qədər bu istiqamətdə bir xeyli işlər görüblər. Hərçənd hüquq mühafizə orqanlarının onlara qarşı apardığı mübarizə də yetərli sayıla bilməz. Çünki bu cinayətkar dəstələrin birini zərərsizləşdirdikdən sonra digərləri peyda olur. Və bu səbəbdən də onlarla mübarizə həmişə olacaq. Bu ümumi bəlanın Masallı rayonunda yerləşən İsti Su ərazisində də tuğyan etdiyinə dair məlumatlar ortaya çıxıb. Rayon sakini Fərid Hüseynov JAM.AZ-a göndərdiyi yazılı məlumatında bildirib ki, o, ailəsi ilə birlikdə İsti Su deyilən ərazidə istirahət etmək istəsə də, bu arzusunu reallaşdıra bilməyib. «İstirahət Mərkəzlərində ailələrimizlə istirahət edə bilmirik. Orada olarkən çölə çıxanda adam xəcalət çəkir. Masallıdakı istirahət mərkəzlərinin bir çoxunda vəziyyət acınacaqlı və biabırçıdır». Fərid Hüseynov iddia edib ki, adlarını çəkdiyi «sanatoriya»ların əksəriyyəti gizli şəkildə qadın alveri ilə məşğul olur. «Adını «Fatimeyi Zəhra» Sağlamlıq Mərkəzi qoyublar. Amma qeyri-qanuni masajxanalar fəaliyyət göstərir. Burada az yaşlı qız uşaqlarının əməyindən istifadə olunur. Çox vaxtda bu masaj seansları gizli həyata keçirilir». Masallı sakini daha bir neçə yerin də adını hallandırıb. O bildirib ki, Masallıdakı «Nil Bağı», «Gölüstü» və «Cənnət Bağı» kimi tanınan obyektlərdə də insan alveri tüğyan edir. Və bu proses gizli şəkildə həyata keçirilir». Qeyd edək ki, Fərid Hüseynov bu məsələləri araşdırmaq üçün mətbuata bütün yardımlara hazır olduğunu da bildirib.

3 İyul 2015 4:17

Yanan binada zəhərlənənlərin səhhətində yenidən problem yaranıb

"Bakıda yanğın baş verən binada xəsarət alanlardan ikisi səhhətində yaranan problemlə bağlı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib”. Bu barədə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov bildirib. A. Maqsudov deyib ki, həmin xəstələrdə öskürəklə bağlı narahatçılıq olub: "Biz onları rentgen müayinəsindən keçirdik. Ağciyərində demək olar ki, bir problem aşkarlanmadı. Öskürəyin səbəbi yüngül formada soyuqlama ilə əlaqədar idi. Odur ki, həkimlər onlara soyuqdan, qripdən qorunmaqla bağlı müvafiq tövsiyələr verdikdən sonra evə buraxıldılar". A. Maqsudov deyib ki, yanğında zəhərlənənlər ən azı 6 ay müddətində özlərini soyuqdan qorumalıdırlar: "Kondisionerli otaqda oturmaq, soyuq su içmək, qripli xəstələrlə təmasdan mümkün qədər qorunmalıdırlar. Onların özlərinə də başa saldıq ki, ən azı 6 ay özünüzü qorumalısınız". A. Maqsudov deyib ki, bütün xəsarət alanlar evə buraxılsa da, onlar qeydiyyatda olduqları sahə üzrə tibb müəssisələrində nəzarətdə saxlanılırlar. Azyaşlı uşaqlar pediatr tərəfindən, böyüklər isə terapevt tərəfindən vaxtaşırı müayinə olunurlar. A. Maqsudov yanğın zamanı zəhərlənənlər arasında uşaqlardan təkrar müayinə üçün müraciət edənin olmadığını söyləyib. Xatırladaq ki, binada baş verən hadisə nəticəsində xəsarət alan 35 nəfər Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilmişdi. Qeyd edək ki, mayın 19-da Azərbaycan paytaxtında çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. (Movqe.az)

3 İyul 2015 1:34

“Sevil Massivi” MTK-nın cinayət işi üzrə məhkəmə başlayır

Hazırlıq iclası təyin olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində Aynur Zeynalov, Elçin İsmayılov, Mirnamat Miradiyev və qeyrilərinin CM-nin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2-ci (vergi ödəməkdən yayınma) və 311.3.3-cü (rüşvət alma) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası təyin olunub. Oxu.Az xəbər verir ki, ötən ilin iyul ayında “Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai araşdırılması departamentində başlanan cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib. MTK-nın təsisçisi Aynur Zeynalovun kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan onların barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Bununla yanaşı, Abşeron rayon Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyevin bələdiyyə ərazisində yerləşən torpaq sahələrini A.Zeynalov və E.İsmayılovun bilavasitə şərait yaratmaları ilə müxtəlif şəxslərə sataraq ümumilikdə sonunculardan 170 min manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan ona CM-nin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə ağır xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İttiham aktına əsasən, “Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri M.Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən, bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək, həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib. Bundan başqa, “Sevil Massivi” MTK tərəfindən qeyd olunan ərazinin təyinatına uyğun olmadan orada 100-dən artıq çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulub, həmçinin müvafiq dövlət qurumları ilə razılaşdırılmadan, o cümlədən qanunsuz olaraq aparılan tikinti işlərinin dayandırılması barədə FHN-nin rəsmi xəbərdarlıqlarına məhəl qoymayaraq, binaların 14-nün özülü qazılmaqla, onlardan 4-də ilkin tikinti işləri həyata keçirilib. Bununla belə, təyinatına görə örüş torpaqları olan həmin sahələrdə qanunsuz tikiləcək çoxmənzilli yaşayış binalarından vətəndaşlara mənzillər satılıb. Məhkəmənin hazırlıq iclası iyulun 8-nə təyin olunub.

2 İyul 2015 7:10

Nazir: “Azərbaycanda 4 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib”

Qanunsuz saxlanılan 13 min odlu silah yığılıb Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 12 ildə orta hesabla 233 fakt olmaqla əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır. Bu müddətdə cinayətlərin orta illik açılması 88 faiz olub, 4 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib, axtarışda olan 41 minə yaxın təqsirləndirilən şəxs tutularaq istintaq və məhkəmə orqanlarına təhvil verilib. Əllərdə qanunsuz saxlanılan 13 min odlu silah yığılıb". Faktinfo-nun məlumatına görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis işçilərinin peşə bayramı münasibətilə Polis Akademiyasında keçirilən tədbirdə bildirib. O deyib ki, Azərbaycan asayişin və əminamanlığın qorunması sahəsində dünyanın ən öncül dövlətlərindəndir. Nazirin sözlərinə görə, məqsədyönlü profilaktik tədbirlər sayəsində qeydə alınan hüquqazidd əməllərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir: "2014-cü il və cari ilin 6 ayı ərzində 65 min ərizə və şikayət araşdırılıb, eləcə də nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və respublikanın müxtəlif bölgələrində 5 minə yaxın vətəndaş qəbul edilib. Bütün müraciətlər üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, əksəriyyəti yerində həll olunub. Fəaliyyətimizin keyfiyyətcə yeni müstəviyə yüksəlməsi, həyata keçirilmiş hərtərəfli islahatlar, innovasiya cinayətkarlığının, onun transmilli mütəşəkkil növlərinin təhdidlərinə möhkəm sipər çəkməyə, vətəndaşlarımızın qanuni mənafelərinin etibarlı qorunmasına böyük imkanlar yaradıb".

2 İyul 2015 12:30

Halal və halal olmayan heyvanların siyahısı açıqlanıb

Allahın adı anılmadan kəsilmiş heyvanlar, bilərəkdən və davamlı olaraq halal olmayan yemlə bəslənən ferma heyvanları da halal sayılmayacaq Mal, öküz, qoyun, keçi, dəvə, toyuq, qaz, ördək və hind toyuğu əhliləşdirilmiş heyvanlar, maral, antilop, dağ keçisi, mal və bunlar kimi yırtıcı olmayan vəhşi heyvanlar, göyərçin, sərçə, bildirçin, sığırçın və dəvəquşu kimi yırtıcı olmayan quşlar halaldır. APA-nın məlumatına görə, bu, Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin qərarı ilə təsdiqlənən və iyunun 24-dən qüvvəyə minən “Halal qida. Ümumi rəhbəredici sənəd” dövlət standartında əksini tapıb. Eyni zamanda bu heyvanlardan əldə edilən süd və süd məhsulları, yumurta və yumurta məhsulları halaldır. Halal olmayan heyvanlara isə donuz, it və oxşar növlər, Allahın (c.c) adı anılmadan kəsilmiş heyvanlar, islam qaydalarına zidd olaraq kəsilmiş heyvanlar, öz-özünə ölmüş heyvanlar, ovunu öldürmək və ya özünü müdafiə etmək üçün öndə buynuzu və ya uzun iti dişləri olan ayı, fil, meymun, qurd, aslan, pələng, bəbir, pişik, çaqqal, tülkü, sincab, kaftar, köstəbək, dələ, Amerika timsahı və timsah kimi heyvanlar, qırğı, şahin, qartal, kərkəs, quzğun, qarğa, çalağan, bayquş kimi iti pəncələri olan yırtıcı quşlar, siçovul, çayan, əqrəb, ilan, vəhşi arılar, siçan və buna bənzər həşəratlar və zəhərli heyvanlar, kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar, İslamda öldürülməsi qadağan olunan balarısı və şanapipik kimi heyvanlar, uzunqulaq və qatırlar, bilərəkdən və davamlı olaraq halal olmayan yemlə bəslənən ferma heyvanları daxildir. Halal olmayan heyvanlardan əldə edilən hər hansı məhsullar da halal sayılmır. Su heyvanlarına gəlincə, pulcuqlu balıq növləri, krevet (xırda dəniz xərçəngi) və pulcuqlu balıqların kürüləri və onların məhsulları halaldır. Balıq kimi kəsilməsinə ehtiyac olmayan heyvanlardan əldə edilən kürülər istehlak üçün təhlükəsiz olduğu halda halaldır. Sağlamlığa zərərli bütün zəhərli su heyvanları halal sayılmır. Zəhərli və zərərli hissələri çıxarıldığı halda halaldır. Bütün amfibiyalar halal sayılmır. Zəhərli və zərərli bitkilərdən başqa bütün bitkilər və onların məhsulları da halaldır. Zəhərli və zərərli bitkilərin zəhərli və zərərli hissələri çıxarıldığı halda halaldır. İnsan və heyvan mənşəli qan və digər maddələrə gəlincə, hər növ qan və məhsulları halal sayılmır. Sidik, ətənə, peyin, qusuntu, irin, məni (sperma) insanlardan və heyvanların bədən dəliklərindən çıxan yumurta kimi hər növ çirkli maddələr, insan bədəninin hər hansı hissəsinin istehlakı halal sayılmır. Bundan əlavə, qursaq mayası və jelatin kimi qida əlavələri halal olmayan məhsullardan emal edilməməlidir. Taxıl və taxıl məhsulları, bitki və heyvan mənşəli piylər və duru yağlar, meyvə-tərəvəzlər və ondan hazırlanan məhsullar, qənd və qənnadı məmulatlar halal əməliyyatlardan istifadə edilərək halal mənşəli maddələrdən emal edilməlidir. Zəhərli, bihuş edən və ya zərərli içkilərdən başqa hər növ su və spirtsiz içki halaldır. Spirti özündə birləşdirən hər növ məhsul və ya içki, bişirmə məqsədli ya da şirniyyat qatışığı olaraq istifadə edilməsi belə İslam qaydalarına görə qadağandır. İçkilərdə boyayıcı və qoruyucu kimi istifadə edilən qida əlavəli maddələri qidada istifadəyə uyğun olmayan və halal olmayan tərkiblərdən emal edilməməlidir. Arıların bitkilərdən yığaraq ifraz etdikləri və insan sağlamlığına zərərli olmayan arıçılıq məmulatları (bal, arı şanı, arı südü) halaldır. Balın içindən çıxan bal arısının hissələri və qarşısı alınmayan digər parçalar halal olaraq xarakterizə edilir. Standartda qida gücləndiricilərindən də bəhs olunur. Qida gücləndiriciləri bitki və heyvanlar kimi halal qaynaqlardan emal edilməli və halal olmayan komponenti özündə birləşdirməməlidir. Halal yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının istifadəsi qadağandır. Qida qatqı maddələri də qida olaraq qəbul edilir. Halal olmayan tərkiblə hazırlanmış qida əlavələri halal sayılmır. Xammal, emala kömək edən maddələr və ya son məhsul olaraq istifadə edilən fermentlər halal qaynaqlardan əldə edilməli və etiket məlumatlarında qeyd edilməlidir. İnsan sağlamlığı baxımından zəhərli və / və ya zərərli (insanlar üçün patogen və toksiki) olanlardan başqa bakteriya, göbələk, maya kimi mikroorqanizmlər halaldır. Qida və ya qida emalında istifadə edilən mikroorqanizmlər halal mühitdə istifadə olunaraq istehsal edilməlidir. Mayanın çıxarışı və ya bunlardan əldə edilən digər məhsullar üçün pivə mayası istifadə edilməməlidir. Qeyd edək ki, bu standart İslam qaydalarına uyğun qida məhsullarının hazırlanması məqsədi ilə qida zəncirində xammalın alınması, hazırlanması, emalı, təsnifatı, təyin edilməsi, qablaşdırılması, markalanması, işarələnməsi, nəzarəti, yüklənib - boşaldılması, nəql edilməsi, paylanması, saxlanılması və xidmət edilməsi mərhələlərində riayət edilməsi vacib olan ümumi qaydaları əhatə edir. Bu standartdakı bütün qaydalar ümumi olub, ölçüsü və mürəkkəbliyindən asılı olmayaraq qida zəncirində iştirak edən bütün müəssisələrə tətbiq olunması tələb edilir. Bura xüsusən qida zəncirinin bir və ya daha çox mərhələsində işləyən təşkilatlar da daxildir.

1 İyul 2015 5:29

Ağstafada növbəti biabırçılıq…

Ağstafada növbəti biabırçılıq - Silahlı Qüvvələrimizə yardım adıyla böyük maxinasiya Ağstafa Rayon İcra Hakimiyyətinin Ağstafa şəhər üzrə nümayəndəsi Nəriman Hacıyev Silahlı Qüvvələrimizə yardım adı ilə rayonda fəaliyyət göstərən sahibkarlardan məcburi qaydada pul yığır. Faktinfo.az Mediaxeberleri.az saytına istinadən  bilirir ki, məlumatı rayon sakini Əfqanıstan və Qarabağ müharibəsi veteranı Mirzahid Hacıyev verib. Onun dediyinə görə, N.Hacıyev 5 manatdan başlayaraq daha böyük məbləğlərdə pul yığır. İş adamları və dükan sahibləri məcburu pul yiğımına daha sərt formada cəlb edilirlər. Bundan boyun qaçıranlar isə şəhər icra nümayəndəsinin təzyiqləri ilə üzləşirlər. Keçmiş döyüşçü icra nümayəndəsinin bu hərəkətini dövlətimizə və Silahlı Qüvvələrimizə qarşı hörmətsizlik adlandırıb: "Dövlətimiz Ordumuza son illərdə çox böyük diqqət və qayğı göstərir. Müdafiə xərclərimiz düşmənin ümumi büdcəsi qədərdir. Ən müasir silahlar, hərbi avadanlıqlar Milli Ordumuzun ixtiyarındadır. Əgər kimsə könüllü orduya nəsə etmək istəyirsə bu ayrı məsələ. Amma məcburi qaydada hər kəsdən pul yığılması doğru deyil. Bu dövlətimizə və Ordumuza hərmətsizlik gətirir, gözdən salır. Biz imkan verməməliyik ki, dilnəncilik etməklə, yaxud da zorakılıqla vəsait toplamaqla dövlətimizi uzucdaşdırsınlar. Dərhal müvafiq qurumlar buna son qoymalıdır". Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1 İyul 2015 5:15

Fakt

Bizi izləyin