Xəstələri sürüyə-sürüyə küçəyə atıblar… – Bakıda sensasion olay

Noyabrın 5-də Çobanzadə küçəsi, 24/05 ünvanında yerləşən “Nigar” klinikasına bir qrup şəxs tərəfindən basqın olub. Onlar xəstəxanaya soxularaq həkimləri, müalicə üçün qəbula gələnləri, hətta reanimasiyada olan xəstələri belə sürüyə-sürüyə küçəyə çıxarıblar. Xəstəxananın qapılarını qıraraq bütün mühasibat və bank sənədləri, möhür, hətta xəstəlik tarixçələri belə götürülüb, kompüterlər sıradan çıxarılıb. Faktinfo.az xəbər verir ki, bu şikayətlə virtualaz.org-un redaksiyasına “Nigar” klinikasının təsisçisi, ixtisasca həkim olan iş adamı Şahbaz Şahbazov müraciət edib. Onun sözlərinə görə, bunu edən ortağı İlham Məmmədovdur. Bir neçə ortaq şirkətləri olduğunu deyən iş adamının sözlərinə görə, o, bu xəstəxananın da 33% ortaqlığını tələb edib. Ş.Şahbazovun razılaşmadığını gördükdə, bu addımı atıb. Xəstəxanadan köçürülən xəstələrin aqibəti məlum deyil. Nizami rayon məhkəməsi bu şəxslərin xəstəxanadan çıxarılması ilə bağlı qərar çıxarsa da, özəl xəstəxananın qanuni rəhbəri binanın həndəvərinə buraxılmır. Klinika rəhbəri bildirir ki, İlham Məmmədovla 1998-ci ildən ortaqdırlar, birlikdə bir neçə şirkət açıblar: “Bir müddət normal işləsək də, sonradan İ.Məmmədov mənə məxsus olan payı ələ keçirməyə başladı. Birlikdə açdığımız “Riyad Farm” şirkətini batırdı. İki ilə yaxındır ki, məni təqib edir. Ortaq olduğum şirkətlərdən bir ildir ki, 1 manat da olsun qazanc əldə etməmişəm. “Nigar” klinikasının isə ona heç bir aidiyyatı yoxdur. Bu klinikanı başqa bir ortağımla şərik açmışıq. Lakin klinikanın bir hissəsini ələ keçirmək istəyən İlham Məmmədov, onun əlaltısı İlham Qurbanov və onlara məxsus “Riyad” mühafizə şirkətinin qoçuları ilə birlikdə bizi işləməyə qoymur, ailəmə fiziki zor tətbiq edir. Noyabrın 5-də “Riyad” mühafizə şirkətinin 40-50 qoçusu xəstəxanamıza basqın edib, o vaxtdan bizi klinikamıza yaxınlaşmağa qoymurlar. Lisenziyalı şirkətin fəaliyyəti iflic olub. Xəstəxananın 70-ə yaxın işçisi küçəyə atılıb və maaşsız qalıb”. Ş.Şahbazovun sözlərinə görə, bundan bir qədər öncə həyat yoldaşı, “Nigar” klinikasında həkim işləyən Arzu Şahbazova həmin qoçular tərəfindən vəhşicəsinə döyülüb. Buna səbəb isə A.Şahbazovanın həyat yoldaşının şərikli açdığı “Azintroil” MMC, “Vicdan 1”MMC və digər tikinti və ticarət obyektlərindən özlərinə çatacaq gəliri tələb etməsi olub: “Bununla bağlı Nəsimi rayon polis idarəsinə şikayət etmişik, hazırda həmin şikayət araşdırılır”. Ş.Şahbazov bildirir ki, gənc yaşında dünyasını dəyişən qızının adını daşıyan klinika bərbad hala salınıb: ““Nigar” klinikası mənim 21 yaşında dünyasını dəyişmiş qızım Nigarın adınadır. Mən onun həkim olmasını istəyirdim, o isə hüquqşünas olmaq istədiyini bildirdi. Səbəbi belə əsaslandırdı ki, insanlar hüquqlarının pozulması səbəbindən xəstə olurlar. O, yaxşı hüquqşünas olub insanların hüquqlarını qoruya bilsə, onlar xəstələnməzlər. Mən qızımın bu şüarını xəstəxananın girişində şəkli ilə birlikdə vurmuşdum. Lakin qoçu dəstəsi xəstəxanaya girən kimi bu lövhəni də cırıq-cırıq edib. Bu hadisə mənə çox pis təsir etdi”. Şikayətçi bildirir ki, şəriki İ.Məmmədov onu şantaj etmək üçün aldığı şirkətlərin əvvəlki sahiblərini taparaq onlara müxtəlif vədlər verir. Şantaj üçün hətta üzünü belə görmədiyi “pasient”lərdən istifadə olunur: “8 il öncə aldığım müəssisənin köhnə sahibləri Ayaz, Bəyimxanım, Azad və Hikmət Məmmədovları tapıb. Bildiyimə görə, borcun içərisindədirlər. Onlara vədlər verərək məni şantaj edir. Məndən pul tələb edirlər və bildirilər ki, əgər bizə pul verməsən, o biri şəriklərini də tapıb pulunu əlindən alacağıq. İ.Məmmədov müxtəlif şəxslərin adından müxtəlif dövlət orqanlarına mənə qarşı şantaj dolu şikayətlər yazır. O, haqqı olmayanları tələb etmək üçün havadarlarına arxalanır. Heç vaxt müalicə etmədiyim xəstələrin adından müxtəlif orqanlara şikayət ərizələri yazılır ki, guya onlardan pul almışam”. Şikayətçinin bildirdiyinə görə, bu azmış kimi, İ.Məmmədov yaşadığı Həsən Əliyev küçəsi, 10A ünvanındakı binanın 3-cü mərtəbəsində yerləşən şəxsi ofisi də zəbt edib. Liftin 3-cü mərtəbəni göstərən düyməsi qoparılıb, həyətə “Riyad” mühafizə şirkətinin əməkdaşları qoyulub. Ş.Şahbazov öz ofisinə də yaxın düşə bilmir. Ş. Şahbazov deyir ki, İlham Məmmədov onun həyatı üçün təhlükə yaradır. O, daxili işlər, prokurorluq orqanları, hətta prezidentə qədər müraciət edib. Oktyabr ayının 28-dən özünə və ailəsinə qarşı hücumlar olduğunu deyən şikayətçinin sözlərinə görə, onu ölkədən çıxıb getməyəcəyi təqdirdə həbs olunacağı ilə hədələyirlər.

18 Noyabr 2016 5:06

Daha bir ana doğuş zamanı öldü

Şamaxı rayonunda doğuş zamanı baş verən ana ölümünün ilkin səbəbləri açıqlanıb. Hadisə Şamaxı Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb. Ərçiman kənd 1996-cı il təvəllüdlü Nuriyeva Qaratel Bəxtiyar qızı təbii doğuşla qız övladı dünyaya gətirib. Doğuşu qəbul edən mama-ginekoloq Nəzakət Abdulrazaqova APA-ya bildirib ki, normal keçən doğuşdan bir sutka sonra qadının vəziyyəti qəflətən pisləşib. Bu zaman aparılan müayinələr zamanı anada qaraciyər sirrozu, HELLP sindromu, kəskin qaraciyər və böyrək çatışmazlığı aşkarlanıb. Həkimin sözlərinə görə, bütün tədbirlərini görülməsinə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Bu, qadının ilk hamiləliyi olub. Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır. *** Bu gün Şamaxı rayonunda doğuş zamanı ana ölümü qeydə alınıb. Bu barədə Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib. Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Artıq hadisə ilə bağlı Doğuşayardım Komissiyasına məlumat daxil olub. Sabah komissiyasının mütəxəssisləri Şamaxıya gedəcək və ana ölümünün baş vermə səbəblərini araşdıracaq. Şamaxı rayon Mərkəzi Xəstəxanasından fakt təsdiqlənib. Xəstəxanadan bildirilib ki, adı açıqlanmayan həmin qadının ağciyərində problem varmış . Faktla bağlı araşdırma aparılır.

17 Noyabr 2016 4:28

Azərbaycanlı gənc ana dünyaya 5 uşaq gətirdi, amma uşaqlar öldü

Bu gün Respublika Perinatal Mərkəzində beşəm dünyaya gəlib. Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova APA-ya deyib ki, 1991-ci il təvəllüdlü Bakı şəhər sakini Əzimzadə Aysel bu gün səhər saat 7 radələrində 4 oğlan, 1 qız olmaqla beşəm dünyaya gətirib. Onun sözlərinə görə, bu ananın 2-ci hamiləliyi olub. Şöbə müdiri qeyd edib ki, birinci hamiləlikdə uşaqlar əkiz olub, onlar inkişafdan qaldıqları üçün vaxtından əvvəl abort olunublar: “Ana 2-ci hamiləliyə dərmanlar vasitəsisə qalıb. Hamiləliyin 20-ci həftəsinə qədər ana 3 saylı şəhər xəstəxanasında həkim Həmzəyev Mehmanın xəstəsi olub. Hamiləlik boyunca ana hamiləliyin qorunması üçün müxtəlif dərmanlar qəbul edib. Vəziyyəti pisləşəndən sonra Aysel Əzimzadə noyabrın 11-də kəskin qanaxma ilə Mərkəzə daxil olub. Vəziyyəti kəskin ağır olan ananın qaraciyər və böyrək funksiyalarının stabilləşdirilməsi məqsədilə hospitallaşdırılıb və lazımi yardım göstərilib. Səhiyyə Nazirliyi və Bakı şəhər Baş Səhiyyə İdarəsinin müxtəlif xəstəlilər üzrə baş mütəxəssisləri Mərkəzə dəvət edilərək konsilium təşkil edilib, ananın vəziyyətinin stabilləşməsinə istiqamətində iş görülüb. Bu gün səhər saat 7-də doğuş spontan-özbaşına fəaliyyətə başlayıb. Nəticədə çəkisi 200 qramdan 420 qrama qədər olan 5 uşaq doğulub. Lakin aparılan bütün tədbirlərə baxmayaraq, körpələrin hamısı ölü doğulub. Son bir ayda ananın qaraciyər və böyrəyində kəskin surətdə baş verən pisləşmələr nəticəsində onun qanında müəyyən dəyişmələr var. Nəticədə uşaqlar 24-cü həftədə zəif inkişaf etmiş doğulublar, ananın böyrəyini və qaraciyərinin kəskin pisləşməsi hamiləliyə öz təsirini göstərib. Bundan sonra ananın sağlamlığının bərpa olunması istiqamətində bütün lazımi tədbirlər görüləcək”.

17 Noyabr 2016 1:51

Ailə quran gənclər daha bir neçə tibbi müayinədən keçməli olacaq

Azərbaycanda nikahdan əvvəl həyata keçirilən tibbi müayinələrin sayı artırıla bilər. Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, irsi, infeksion xəstəliklərin bir şəxsdən digərinə və ya valideyndən övlada ötürülməsinin qarşısını almaq üçün nikahdan öncə tibb müayinələrin keçirilməsi çox mühüm bir addım idi.M.Quliyev bildirib ki, müayinə olunan xəstəliklərin sayının artırılması məsələsi də gündəmdədir: “Ancaq ən aktual xəstəliklər önə çəkilməklə 5-ə qədər xəstəliyin müayinəsi qərara alındı. Müayinələr çox olanda həm insanların vaxtı çox gedir, həm çox xərc tələb olunur. Müayinələrin çoxluğu ilk əvvəl insanları qorxuya da sala bilərdi. Amma tədricən siyahını artırmaq olar. İlk növbədə C qrup hepatitlərini və daha çox sosial xarakter daşıyan genetik xəstəlikləri üzə çıxarıb bu siyahıya daxil etmək olar. Ancaq mən düşünürəm ki, bunun əvəzinə daha çox maarifləndirmə işləri aparılmalıdır və aparılır da. Uşaqlar ilk doğulan dövrdə onların müayinələri aparılır, artıq elektron səhiyyə yaranıb, hər bir uşağın çip kartında xəstəliklərinin olub olmadığı əks olunur. Bu imkan verəcək ki, nikahdan öncəyə qədər kimin hansı xəstəlik daşıyıcısı olub-olmaması aşkarlansın. Hesab edirəm ki, tibbi müayinələrin tətbiqinin iki ilinin tamamında bu işin monitorinqi aparılar və ən çox aktuallıq tələb edən daha bir neçə xəstəliyi bu siyahıya əlavə etmək olar. Ancaq siyahının həddən artıq genişləndirilməsi praktiki cəhətdən mümkün deyil və özünü doğrultmayacaq”. M.Quliyev bildirib ki, ötən dövr ərzində 210 minə yaxın nikaha girmək istəyən şəxs müayinədən keçib və müayinələrin nəticəsində təxminən 6700-ə yaxın insanın talasemiya daşıyıcısı və yaxud da xəstəsi olduğu aşkara çıxarılıb, 150-ə yaxın insanda HİV virusu tapılıb: "Bu çox böyük addımdır. Biz qanunu qəbul edən zaman bir qrup insanlar deyirdilər ki, cəmiyyət buna hazır deyil, bu müayinələrə getməyəcəklər, qeyri-rəsmi nikahların sayı artacaq. Son 1 ilin müşahidələri göstərir ki, bu heç də belə deyil, insanlar bunu başa düşürlər və çox həvəslə də bu müayinələrdən keçirlər. Müayinələrin büdcə hesabına həyata keçirilməsi də dövlətin bu işə çox böyük dəstəyidir”.

17 Noyabr 2016 10:09

Səhiyyə Nazirliyindən antibiotiklərlə bağlı açıqlama

Səhiyyə Nazirliyi tərəfindən noyabrın 16-da Bakı Sağlamlıq Mərkəzində Ümumdünya Antibiotiklərdən Səmərəli İstifadə Həftəsi ilə əlaqədar maarifləndirici seminar keçirilib. Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tədbirdə Bakı Sağlamlıq Mərkəzinin, həmçinin Dünya Səhiyyə Təşkilatının Bakı nümayəndəliyinin əməkdaşları iştirak ediblər. Görüşdə qeyd olunub ki, kampaniyanın məqsədi antibiotiklərə qarşı davamlılıq kimi qlobal bir problemə dünya ictimaiyyətinin diqqətini cəlb etmək, eyni zamanda, bu sahədə qabaqcıl təcrübəyə əsaslanan məlumatları əhalinin geniş təbəqəsinin, o cümlədən səhiyyə işçilərinin və siyasi qərarlar verəcək şəxslərin nəzərinə çatdırmaqdır. Ötən ilin may ayında Ümumdünya Səhiyyə Assambleyasının 68-ci sessiyasında antibiotik və digər dərman preparatlarına davamlılıq probleminin həlli üçün Qlobal Fəaliyyət Planı razılaşdırılıb. Bu planın əsas məqsədlərindən biri effektiv kommunikasiya, təhsil və tədris hesabına məlumatlandırmanın yaxşılaşdırılması və bu problemin daha dərindən dərk edilməsidir.Kampaniyanın şüarı belə səslənir: “Antibiotiklərdən ehtiyatla istifadə edin!” Antibiotiklərdən yalnız həkimlərin təyinatı əsasında bakterial infeksiyaların müalicəsində istifadə etmək olar.Dünya Səhiyyə Təşkilatı bütün üzv ölkələri, səhiyyə sahəsindəki tərəfdaşları, təhsil müəssisələrini və əhalini bu kampaniyada iştirak etməyə və antibiotiklərə qarşı dayanıqlılıq problemi haqqında maarifləndirmə tədbirlərini gücləndirməyə çağırır.

16 Noyabr 2016 3:40

Səhiyyədə şok qərar –Rayonlardan paytaxta təcili yardım maşını ilə xəstə göndərilməsi qadağan edilib

Rayonlardan paytaxta təcili yardım avtomobili ilə xəstələrin göndərilməsinə qadağa qoyulub. Zaqatala rayonundan APA–ya daxil olan müraciətdə bildirilib ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasından xəstənin təcili yardım maşınları ilə Bakıya gətirilməsi müşkülə çevrilib.Belə ki, xəstənin yaxınları onu Bakıya gətirmək istəsə də, təcili yardım buna icazələrinin olmadığını deyib. Bildirilib ki, təcili yardım maşınlarında quraşdırılan CPRS vasitəsilə onların fəaliyyətinə nəzarət olunur və rayondan çıxmalarına icazə verilmir. Belə olduğu halda, Bakıdan təcili yardım maşını göndərilməli, o xəstəni götürərək Bakıya qaytarmalıdır. Bundan əlavə, xəstə Bakıya aparılsa belə, onun özəl xəstəxanalara yerləşdirilməsinə icazə yoxdur. Xüsusi hallarda xəstə təcili yardım briqadaları vasitəsilə Bakıya gətirilərsə, onlar yalnız əvvəldən müəyyənləşdirilən bəzi xəstəxanalara yerləşdirilir. Bu qaydalar yalnız Zaqatalada deyil, digər şəhər və rayonlarda da tətbiq edilir.Təcili yardım maşınlarında quraşdırılan CPRS vasitəsilə onların fəaliyyətinə nəzarət olunur və rayondan çıxmalarına icazə verilmir.Bəzi hallarda isə xəstəxanada profillər üzrə kadr çatışmır. Belə ki, bu məsələ günortadan sonra, növbətçilik zamanı daha qabarıq formada özünü göstərir. Məsələn, xəstəxanada müəyyən xəstəyə yardımın göstərilməsi üçün ixtisasa uyğun həkimlər olmur.Təbii ki, istənilən halda xəstəyə vaxtında tibbi yardımın edilməməsi müəyyən problemlərə, hətta ölümə də səbəb ola bilər.Səhiyyə eksperti Adil Qeybulla APA-ya açıqlamasında deyib ki, bu sahədə heç bir qadağa ola bilməz.Onun sözlərinə görə, istənilən şəxs, istənilən yerdə (Azərbaycanda və ya xaricdə) tibbi xidmətdən istifadə edə və ya əməliyyat etdirə bilər: “Bütün sivil dünyada belədir. Normal, inkişaf etmiş ölkələrdə insanlar tibbi sığorta ilə səhiyyə sisteminə güvənir və lazımı tibbi prosedurları, əməliyyatları həyata keçirir. Amma sığorta ilə bu cür yoxlanmalar həm məhəlli, həm mərkəzi ola bilər. Amma özəl şəkildə öz vəsaiti hesabına seçim insanın özündən asılıdır və ona heç kim mane ola bilməz. Regionların inkişafı məsələsinə gəlincə, səhiyyə dünyanın hər bir yerində elə qurulub ki, insan yaşadığı yerdə güvənli şəkildə tibbi xidmətdən yaralana bilsin. Məsələn, Türkiyədə istər Ankara, istər İstanbul, istər İzmir və digər yerlərdə səhiyyə yüksək səviyyədə təşkil olunub. Ona görə də vətəndaşın hansısa tibbi müdaxilədən ötrü İstanbula gəlməsinə ehtiyac qalmır. Biz də bu cür səhiyyə qurmalıyıq. Bu məsələ administrativ üsullarla yox, səhiyyəyə güvən, yüksək inkişafla həll edilməlidir. Ona görə də vətəndaşa cərrahiyyə əməliyyatını istədiyi yerdə həyata keçirməyə icazə verilməlidir. Bu, onun şəxsi işidir. Yox, əgər icbari tibb sığorta olsa, onu maliyyələşdirən müəssisə özü müəyyən edəcək ki, tibbi xidmətlər harada icra olunsun”. A. Qeybulla qeyd edib ki, bu gün Azərbaycanda icbari tibbi sığorta tətbiq olunmadığı üçün bu məsələdə vətəndaşlar sərbəst olmalıdır.Səhiyyə eksperti vurğulayıb ki, bu gün regionlarda müasir tibb müəssisələr tikilsə də, avadanlıqlar olsa da, onlarla işləyə biləcək kadrlar çatışmır. Onun fikrincə, belə olduğu halda xəstənin paytaxta gətirilməsinə icazə verilməməsi müəyyən problemlər yaradır: “Təəssüflər olsun ki, bizim bu istiqamətdə xeyli çətinliyimiz var. Bələdiyyə səhiyyəsi, icbari tibbi sığorta inkişaf etməyib. Bununla yanaşı, Türkiyədə, ABŞ-da, Avropa ölkələrində təhsil alan xeyli gənc bu gün Azərbaycanda çalışır. Onlar qərb sistemini Azərbaycanda görə bilmir və mövcud səhiyyəyə adaptasiya etməkdə xeyli çətinlik çəkirlər. Bu sahədə müəyyən problemlər var. Bütün regionlara yüksək səviyyəli tibb kadrlarını cəlb etmək imkanımız yoxdur. Çünki əvvəla həkimlərin maaşları yetərincə deyil, ikincisi isə regionlarda işləmək üçün stimullaşdırıcı tədbirlər yoxdur. Yüksək səviyyəli mütəxəssisləri regionlarda çalışmağa cəlb etmək üçün stimul, bütün təmin atlar olmalıdır. Millətin genofondunun keşiyində dayanan mütəxəssislərə qarşı cəmiyyətdə münasibət dəyişməlidir”. Xəstəxanalarda növbətçilik prinsiplərinə də aydınlıq gətirən A. Qeybulla qeyd edib ki, bu sistem düzgün qurulmalıdır. Onun sözlərinə görə, cəmiyyətdə hər an bədbəxt, təbii, kriminal hadisələr, texnogen katastroflar ola bilər: “Xəstəxanalarda xüsusilə təcili və təxirəsalınmaz yardım işi yüksək səviyyədə qurulmalıdır. Hər hansı hadisə zamanı xəsarət alanlara tibb müəssisələrində ilkin təcili yardım və müayinələr təşkil edilməlidir. Bunun üçün xəstəxanalarda həkimlər olmalıdır. İstənilən xəstəxanada növbətçilik zamanı ilk növbədə cərrah həkim, digər növbədə anestezioloq, revmatoloq həkimlərdən ibarət briqada qalmalıdır ki, təxirəsalınmaz müraciətlərdə vətəndaşlara yardım göstərmək mümkün olsun. Planlı müraciətlərə gəldikdə isə vətəndaş saat 5-dən sonra xəstəxanaya müraciət etdikdə ola bilsin ki, nevropatoloq orada olmasın. Amma stasionar şəraitdə xəstəxanada növbətçi həkimlər ağır xəstələrə görə növbələşdirilə bilər". Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov isə APA-ya açıqlamasında qeyd edib ki, xəstənin regionlardan Bakıya gətirilməsi üçün hansısa vacib sənəd olmalıdır. Onun sözlərinə görə, bütün təcili yardım maşınlarına CPRS sistemi qoyulub və onların gediş-gəlişi barədə məlumat əldə olunur: “Rayondan çıxanda təcili yardım maşını bunun səbəbləri barədə məlumat verir. Ürəyi istəyən hər kəsin təcili yardımla Bakıya getməsi mümkün deyil. Bütün rayonlarda Bakıdan da yaxşı şərait yaradılıb. Ehtiyac olduqda Bakıdan rayona bütün sahələr üzrə lazımi mütəxəssislər göndərilir”. M. Cəlalov qeyd edib ki, xəstələrin regiondan paytaxta gətirilməsi ilə bağlı qadağanın qoyulması ilə bağlı tapşırıq verilib. Ehtiyac olmadığı halda xəstələrin təcili yardımla rayondan Bakıya gətirilməsinə icazə verilmədiyini deyən baş həkim vurğulayıb ki, regionlarda lazımi təchiz olunan xəstəxana varsa, orada çalışan həkimlər də eyni institutu qurtarıb, eyni həkimlərdir: “Əvvəllər rayonlarda müasir avadanlıqlar yox idi. Amma bu gün bütün xəstəxanalarda lazımi avadanlıqlar var, böyük əməliyyatlar icra edilir. Məsələn, bu yaxınlarda Moskvada icra edilən əməliyyatlardan biri Şirvanda icra edilib. Bir neçə ay əvvəl Ağdamda maşın vuran uşağın sağ qalma ehtimalı yox idi. Bakıdan neo-cərrah gedərək onu əməliyyat etdi və uşaq hazırda tam sağlamdır. Hansısa çətinlik olanda Bakıdan həkimlər, mütəxəssislər sanaviasiya xətti ilə yerlərə göndərilir. Bəzi hallarda xüsusi yardıma ehtiyacı olan xəstənin Bakıya gətirilməsi zəruri hesab olunur. Ağır vəziyyətdə olan xəstəyə yolda nəsə olacaqsa, buna görə kim cavab verəcək? Xəstə qohumları çox vaxt deyir ki, nəsə olsa bizlikdir, amma sonradan başqa hallar baş verir. Bundan əlavə, xəstənin vəziyyəti stabilləşmədən onu harasa – Bakıya gətirilməsi tibbi nöqteyi-nəzərdən də düzgün deyil”. Baş həkim əlavə edib ki, rayonlardan xəstələrin Bakıya gətirilməsi zamanı yalnız müəyyən xəstəxanalar müəyyən edilib. İlkin olaraq rayondan gətirilən bütün xəstələrin Respublika Klinik Xəstəxanasına yerləşdirildiyini deyən M. Cəlalov vurğulayıb ki, bundan sonra onlar Klinik Tibbi Mərkəzə və ayrı-ayrı xəstəliklər üzrə xüsusiləşmiş institutlara aparılır.Təcili yardımın özəl tibb müəssisələrinə xəstə aparmasına icazənin olmadığını deyən həkim qeyd edib ki, bu qayda əvvəldən olub, həmişə də bu formada icra edilib.Tibb müəssisələrində növbətçilik sisteminə aydınlıq gətirən Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov açıqlamasında deyib ki, həkimlərin günortadan sonrakı fəaliyyəti növbətçiliyə əsasən həyata keçirilir. Onun sözlərinə görə, növbətçilik Əmək Məcəlləsinə uyğun keçirilir və müvafiq qrafik tərtib olunur.E. Əzizov qeyd edib ki, növbətçilikdə müəssisənin fəaliyyət göstərdiyi istiqamət və ixtisas növlərinə uyğun tibb işçiləri olmalıdır: “Müəssisədə cərrahiyyə əməliyyatları icra olunursa, cərrah, anestezioloq, tibb bacısı mütləq xəstəxanada olmalıdır. Zəruri olan tibb işçiləri də müəssisədə növbətçilik əsasında qalmalıdır. Əgər hansısa həkimlərin xəstəsi varsa, profilə uyğun olaraq onlar növbədə olmalıdır. Hər bir halda həkim həkimdir. Növbətçi həkim kimi qəbul şöbəsində kardioloq, terapevt da qala bilər. Hər bir müəssisədə növbətçiliyin qurulması müəssisənin rəhbərliyindən asılıdır. Həkimlərin növbətçiliyinə nəzarət də tibb müəssisəsinin rəhbərliyi tərəfindən aparılır”. Nazirlik rəsmisi qeyd edib ki, hər hansı vətəndaş tibb müəssisəsinə müraciət etdikdə yalnız müəyyən tibbi müayinələrdən sonra onun hansı həkimə yönləndiriləcəyi məlum olur. Onun sözlərinə görə, xəstə qəbul şöbəsində qəbul olunur, ümumi müayinələrdən keçəndən sonra hansı dar ixtisaslı mütəxəssislərin cəlb olunacağı müəyyən olunur: “Bu məsələdə əsas odur ki, istənilən vaxt vətəndaş üçün vacib olan tibbi xidmət təşkil edilsin, müayinələr aparılsın. Məsələn, xəstədə ürəklə bağlı problemi olarsa, kardioloq həkim müəssisəyə çağırıla bilər”.

4 Noyabr 2016 12:00

Məşhur klinikada süni mayalanma dələduzluğu – 6700-ü alınan pasiyent məhkəməyə müraciət etdi

Azərbaycanda məşhur klinikalardan biri övlad sahibi olmaq istəyən ailəni dəfələrlə aldadıb, onların heysiyyatıyla oynayıb. BakiPost.az-a şikayət edən zərərçəkmiş Mahirə Kərimovanın sözlərinə görə, uşaq arzusuyla "Baku Medical Plaza” klinikasına müraciət edib. O, süni mayalanma etdirmək üçün klinikaya ümumi olaraq 6700 manat ödəniş etdiyini, lakin heç bir nəticə ala bilmədiyini deyir: "Övladım olmadığı üçün reklamlara aldanaraq, "Baku Medical Plaza” ya müraciət etdim. Məni klinikanın Süni Mayalandırma Mərkəzinin direktoru Cəlaləddin Örnək qəbul elədi. Həkimin dediyinə görə, süni mayalanmanın qiyməti 3500-4000 manat arasında dəyişir. Amma mənim 52 yaşımın olduğu üçün donor tapacağını əsas gətirərək 5000 manat istədi. Deyilən məbləği verə bilməyəcəyimi bildirdim. Ondan sonra həkim qiymətdə bir qədər endirim etdi. Bütün müayinələrdən keçəndən sonra mayalanmanın baş tutacağına qarant durduğunu bildirdi”. Cəlaləddin Örnək M. Kərimova 3 dəfə süni mayalanma etdirdiyini qeyd edib: "Bu ilin fevral ayında ilk süni mayalanmanı etdirdim. Amma alınmadı. İkinci mayalanmanı isə bu ilin mayında etdirdim. Onda da alınmadı. İyunda növbəti dəfə klinakaya getdim. Mənə orucluqdan sonra gəlməyimi dedilər. Nəhayət sentyabrın 30-da köçürülmə oldu. Sentyabrın 11-də isə müayinəyə getdim. Analizdə hamilə olduğum çıxdı. Klinikanın tibb bacıları da hamilə olduğumu dedilər. Hətta məni təbrik belə etdilər. Sevincimdən bilmirdim neyləyim. Təəssüflər olsun ki, bu sevincim uzun çəkmədi. Oktyabrın 21-də klinikaya gedib UZİ aparatından keçdim. Onda mənə hamilə olmadığımı bildirdilər. Üstəlik məndən 8 manat kassa pulu da istədilər. Bu hərəkət məni çox əsəbiləşdirdi. Klinikanın tibb bacılarına öz etirazımı bildirən zaman Cəlaləddin həkim gəlib məni sakitləşdirdi, hər şeyin yaxşı olacağını dedi. Amma orda işləyən tibb bacısı mənə lazım olsa, hətta 10 dəfə də gəlməli olduğumu bildirdi. Televiziyalarda klinikanı reklam edib süni mayalanmanın uğurlu olacağını deyirlər. Amma insanlar ora gedəndə onları soyurlar”. Şikayətçi klinikanın lazımi dərmanları da ona aldırdığını vurğulayıb: "Birinci dəfə klinika dərmanları verdi. Sonradan isə dərmanları mənə aldırdılar. Amma əvvəlcədən onlarla belə danışmamışdıq. Həkim dolların qalxdığını, ona görə də dərmanları özümün almalı olduğumu dedi, mən də razılaşdım, dedim nəticə olsun. Həkim söz verdi ki, üçüncü dəfə mütləq alınacaq”. Zərərçəkmiş onun aldadılmasını iddia edir və buna görə də Məhkəməyə müraciət etdiyini bildirib. Baş vermiş hadisə ilə bağlı "Baku Medical Plaza" və Cəlaləddin Örnəyin mövqeyini öyrənməyə çalışdıq. Lakin həkim məsələyə münasibət bildirmək istəmədiyini dedi: "Mən klinikanın sadəcə həkimiyəm. Bu məsələ ilə bağlı yaxşı olar ki, klinikanın rəhbərliyi ilə əlaqə saxlayasınız”. Klinikadan isə zənglərimizə cavab verən olmadı. Faktinfo.az Həkimə ödənilən vəsaitin qəbzləri:

2 Noyabr 2016 5:46

Rektora ağır ittihamlar – Etiraz

ATU-nun yeni rektorunun fəaliyyəti təhsil ocacının müəllim və professor heyətinin narazılı ğı qarşılanıb. Bu barədə saytımıza ünvanlanan şikayət məktubunda bildirilir ki, Gəray Gəraybəyli ATU-ya qısa müddətdə rəhbərlik etməsinə baxmayaraq, ATU-da ciddi narazılığıa səbəb olan addımlar atıb və universitetin müəllim və professor heyəti yeni rektorun bu addımlarını özbaşınalıq kimi dəyərələndirir. Qeyd edək ki, AzMedia.info saytına daxil olan məlumatlarda Gəray Gəraybəylinin Azərbaycanın əsas təhsil ocaqlarından biri olan Tibb Universitetinin rəhbərliyinə gəldiyi gündən bu ali tibb təhsili müəssisəsində törətdiyi özbaşınalıqlardan bəhs olunur. Belə ki, ATU-nun professor və müəllim heyətini yeni rektordan narazı salan əsas məsələlərdən biri yeni rektorun kadr islahatları bəhanəsilə öz qohum-əqrəbalarına vəzifə paylaması olub. Məlumatda qeyd olunur ki, bu “islahatlar” çərçivəsində vəzifəyə gətirilən yeni kadrların səriştəsizliyi, peşəkar olmamaları və tibb sahəsinə aid olmayan insanlardan ibarət olmaları, bir sözlə, tutduqları vəzifələrə uyğunsuzluqları universitetin bütün kollektivini hiddətləndirir və narahat edir. Lakin ATU-da narazılıq yaradan səbələr tək bundan ibarət deyil. Yeni rektorun maliyyə- təsərrüfat kadrları... İlk növbədə aldığımız məlumatda qeyd olunur ki, yeni rektor yeznəsi Əlizadə Elçin Telman oğluna və yaxın dostu Mehrabov İlqar Abdulla oğluna “ən yağlı yerdən” vəzifə verib. Bildirilir ki, bu şəxslərdən birincisi təsərrüfat işləri üzrə mühəndis vəzifəsinə, digəri isə, baş mühasibi postuna təyin olunublar. Şikayət məktubunda bu barədə deyilir: “Çoxlarına təsərrüfat işləri üzrə mühəndis vəzifəsi kiçik görünsə də, əslində bu təyinatın altında böyük pullar “yatır”. Uzun illər maliyyə sahəsində çalışan, DSMF strukturlarında, “Texnika Bank”ın müştəri xidmətləri şöbəsinin müdiri vəzifəsində, nəhayət “Azər-Sənaye Tikinti Dəmir Beton” şirkətində mühasib işləyən Elçin Əlizadə, yeni vəzifəsində işinin “ağırlığını” nəzərə alaraq özünə yaxın olan daha 2 nəfəri də yanında yerləşdirməyə macal tapıb. Məqsəd gün kimi aydındır. Əl-ələ verərək ciddi maliyyə piramidası qurmaq və büdcədən ayrılan vəsaitləri öz ciblərinə yönəltmək. Yeni rektora yaxınlığı ilə seçilən Mehrabov İlqar Abdulla oğlu da Tibb Universitetinin baş mühasibi postuna təsadüfən gətirilməyib. 1971-ci il təvəllüdlü baş mühasib vergi orqanlarından tutmuş, DSMF strukturlarına qədər uzun yol keçərək, DSMF-nin Qaradağ rayon şöbəsinin “gəlirlər” sektorunun müdiri vəzifəsində son iş yeri kimi çalışarkən, ağlına belə gətirə bilməzdi ki, yaxın münasibətdə olduğu Gəray Gəraybəyli onu ATU-ya baş mühasib vəzifəsinə gətirə bilər. Rektor tərəfindən verilən təklifi anındaca dəyərləndirən İlqar Mehrabov baş mühasib vəzifəsini məmnuniyyətlə qəbul edib. Uzun illik “təcrübəsinə” əsaslanan baş mühasib təyanatının ilk günlərindən özünü “göstərməyə” başlayıb. Nəzərə alsaq ki, ATU-nun gündəlik və aylıq büdcəsi kifayət qədər böyük rəqəmlərlə ölçülür, onda “qara mühasibatlıq” sahəsində təcrübəsi olan İlqar Mehrabovun bu vəzifəyə təyinatında hansı məqsədlərin güdüldüyü tam aydın olar. Elçin Əlizadə və İlqar Mehrabov cütlüyünün səhiyyənin təşkilindən və müalicə proseslərindən heç bir anlayışı və təcrübələri olmamasına diqqət yetirsək, onda ATU-nun gələcək maliyyə durumuna indidən “fatihə” oxumaq lazım gələcək”. Elmi potensialı şübhə doğuran prorektor... Təbii ki, hər bir müəssisənin maliyyə və təsərrüfat strukturlarının fəaliyyəti son dərəcə vacib və bir çox hallarda həlledici məqamlar kimi qəbul olunmalıdır. Lakin ATU-nun hər halda elm və təhsil müəssisəsi olduğunu nəzərə alsaq, Gəray Gəraybəylinin bu sahəni əhatə edən vəzifələrə də səriştəsiz kadrları yerləşdirməsindən universitet kollektivinin heç də az narahat olmadığını anlamaq olar. Bu barədə şikayət məktubunda deyilir: “ATU-da çalışan kadrların hiddətinə və təəccübünə səbəb olan təyinatlardan biri də, 1992-ci ildə Moskva şəhərində tibb elmləri namizədi adını alan dosent Rauf Bəylərovun elmi işlər üzrə prorektor vəzifəsinə təyin olunmasıdır. Bu təyinatın anormallığı isə ondadır ki, Rauf Bəylərov 24 il ərzində 1 nəfər də olsun elmi kadr yetişdirməyib. ATU-da uzun illər sözün həqiqi mənasında can qoyan, çoxlu sayda peşəkar kadrlar hazırlayan tibb elmləri namizədləri və doktorlar ola-ola, elm sahəsində heç bir xidməti olmayan şəxs prorektor təyin olunur. Universitetdə vəzifə yerləri boş olduğu halda, bu kadr potensialından istifadə olunmur və heç kimə elmi vəzifələr verilmir. Hətta akademik və professorlar layiq olduqları vəzifələrən kənarda saxlanılır. Buna necə ad vermək olar? Görəsən yeni rektor atdığı addımların məsuliyyətini dərk edirmi?” Tədris klinikaları da “nəzarətə” götürülüb... Daha sonra şikayət məktubunda Azərbaycan Tibb Universitetinin tədris klinikalarında mənimsənilən milyonlardan və yeni rektorun bu mənimsəmələrə nəzarət etmək uğrunda göstərdiyi “çabalar”dan bəhs edilir. Məlumat üçün bildirək ki, bu gün ATU-nun nəzdində 4 tədris klinikası fəaliyyət göstərir. Burada tələbələr və rezidentlər müxtəlif tibb sahələri üzrə nəzəri və praktiki təhsil alırlar. Bunlardan ikisi onkoloji və stomotoloji klinikalardır ki, bunlar Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamları ilə təsis edilərək, müasir standartlara cavab verən tibbi avadanlıqlarla təmin ediliblər. Bu klinikaların yaradılmasında məqsəd yüksək səviyyəli və təcrübəli tibbi kadrların hazırlanması olub. Prezident İlham Əliyevin səhiyyəyə və təhsilə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində Prezdentin ehtiyyat fondundan ayrılmış vəsait hesabına ən yüksək dünya standartlarında cavab verən, müasir tibbi avadanlıqlarla təchiz edilmiş terapevtik və cərrahiyyə klinikalarının yeni binaları tikilib və istifadəyə verilib. Bunlardan Onkoloji klinika istisna olmaqla yerdə qalanları tam təsərrüfat hesabı ilə fəaliyyət göstərirlər. Lakin redaksiyamıza ünvanlanan şikayət məktubutda bildirilir ki, ölkə prezidentinin səhiyyə sektoruna büdcədən ayırdığı milyonlarla vəsaitin, əslində öz yerlərində olmayan kadrlar tərəfindən mənimsənilib: “Azərbaycan Tibb Universitetinin tədris klinikalarında bütün şəraitin dövlət tərəfindən yaradılmasına baxmayaraq, həmin klinikanın rəhbərləri ciddi qanun və maliyyə pozuntularına yol verməklə, həm vətəndaşları dövlətdən narazı salırlar, həm də dövlət vəsaitlərini dədə malı kimi ciblərinə yönəldirlər. Bunlardan ən çox gəlir gətirən Cərrahiyyə klinikasında baş verənlər isə, ümumiyyətlə insanı dəhşətə gətirir. Bu klinika ATU-nun yeni rektorunun xüsusi nəzarəti altında fəaliyyət göstərir. Çünki söhbət yüz minlərlə vəsaitdən gedir. Bununla kifayətlənməyən Gəray Gəraybəyli bütün klinikalarda olduğu kimi, burada da xüsusi nəzarətçilər qrupu yaradıb. Həmin nəzarətçilərin funksiyası ondan ibarətdir ki, klinikaya müraciət edən pasientləri xəzinəyə pul ödəməyə məcbur etsinlər. Xəzinədə işləyən qızlar isə, xırda pulun olmadığını bəhanə gətirərək pasientlərə ödəniləsi xırda pulları məharətlə ciblərinə qoyurlar. Nəzərə alsaq ki, bu klinikaya gün ərzində yüzlərlə vətəndaş müraciət edir, onda vəziyyətin nə yerdə olduğunu dərk etmək o qədər də çətin olmaz. Maraqlıdır ki, xəzinədə və qeydiyyatda işləyən xanımların əksəriyyətinin adları rəsmi şəkildə ştat cədvəlinə salınmayıb. Onlar qeyri-rəsmi çalışdıqlarına görə, maaşları nəğd pul şəklində özlərinə verilir. Cərrahiyyə və terapevtik klinikada həkim məsləhətinə görə xəzinəyə 50 azn ödənilir. Buna baxmayaraq, həkimlər pasientlərdən müalicə pulu adı altında müxtəlif məbləğlərdə “şirinlik” də alırlar. Bu klinikanın əvvəlki direktoru olmuş Nuru Bayramov respublikada cərrahiyyə üzrə tanınmış elmi və praktiki mütəxəssis olmasına baxmayaraq, yeni təyin olunmuş rektor Gəray Gəraybəyli tərəfindən göstərilən təzyiq altında “öz xahişi ilə” işdən azad oluması barədə ərizə yazmağa məcbur edilmişdir. Nuru Bayramovun cavan olmasına baxmayaraq akademik titulunu daşıması da Gəray Gəraybəylini qətiyyən narahat etməyib. Bu gün isə, akademik Nuru Bayramov özəl klinikalarda iş fəaliyyətini davam elətdirir. Bu o deməkdir ki, ATU-da nəzəri və praktini təhsil alan tələbələr onların gələcəkdə peşəkar cərrah kimi yetişmələrində mühüm rol oynaya biləcək təcrübəli mütəxəssisi itiriblər. Bunun ağır nəticələrini isə təbii ki, gələcəkdə hamılıqla müşahidə edəcəyik. ATU-nun terapevtik klinikasının direktoru Surxay Musayev digər kolleqaları ilə eyni taleyi yaşamaq məcburiyyətində qalıb. Bu həmin Surxay Musayevdir ki, respublikada tanınmış həkim pediatr kimi məşhur olub, tədris terapevtik klinikanın bünövrəsi qoyulandan fəaliyyətə başladığı dövrə qədər böyük zəhmətlər çəkərək yüksək nailiyyətlər əldə edib və respublikada tam elektron fəaliyyət göstərən aparıcı klinikanın yaradılmasına nail olub. Təzyiq altında ərizəsi alınaraq işdən uzaqlaşdırılan professor Surxay Musayevin yerinə isə, heç bir rəhbər təcrübəsi olmayan xanım təyin edilib. Burada da pulların yığılması və onlara nəzarət digər klinikalardakı oxşar üzullarla həyata keçirilir”. Yığılan pullar, saxta qəbzlər, büdcədən yayındırılan milyonlar... Daha sonra məlumatda bildirilir ki, yuxarıda sadalanan neqativ hallar ATU-nun stomotoloji və onkoloji klinikalarında damüşahidə olunmaqdadır. İddia olunur ki, Stomotoloji klinikada ora müraciət edən pasientlərdən elə girişdəcə 2 AZN pul tələb olunur. Həkimlər isə, müalicə pulunu kabinetlərdə özləri alırlar. Onkoloji klinika da büdcədən maliyyələşdiyi halda, burada göstərilən tibbi xidmət, müayinə və müalicə prosedurları pul alınmadan həyata keçirilmir. Hətta ölümə məhkum olunmuş onkoloji xəstələrin mütəmadi qəbul etdiyi kimyəvi-terapiya tədbirləri də 500-600 AZN-ə başa gəlir. Həmçinin daxil olan məlumatlarda xüsusi olaraq vurğulanır ki, bu gün Tibb Universitetinin fəaliyyətində aşkar müşahidə olunan bir çox faktlar ATU-nun rəhbərliyinin cinayət əməllərini ifşa etmək üçün hüquq-mühafizə orqanlarına geniş imkanlar açır. Öz ittihamlarını konkretləşdirən mənbə, universitetdə və klinikalarda maliyyə maxinasiyalarına zəmin yaradan saxta qəbz əməliyyatlarından bəhs etdiyini bildirir: “Xəzinəyə pul ödəyərkən, dövlət tərəfindən təsdiq olunmuş ciddi hesabat blankı, mədaxil qəbzi əvəzinə printerdən çıxmış sadə kağız parçası vəsait ödəyən şəxsə verilir. Heç bir hüquqi qüvvəyə malik olmayan bu kağız parçaları adi kompyuter proqramı vasitəsilə hazırlanaraq çap edilir. Bu da ATU-nun rəhbərliyi və mühasibatlığı tərəfindən çirkli pulların axınını nəzarətdə saxlamaq üçün düşünülmüş bir cinayət əməlidir. Məhz həmin qeyri-rəsmi pulların hesabına ştat cədvəlində olmayan və qeyri-rəsmi çalışan işçilərin maaşları paket şəklində təqdim olunur. Yerdə qalan vəsait isə təbii ki, bu mexanimi düşünən “başların” cibinə axır”. “Gəraybəylini durdurun... ” Şikayət məktubunun sonunda yeni rektor Gəray Gəraybəylinin qəzəbindən qorxduqlarını dilə gətirərək, iş yerlərini itirmək istəmədiklərini bildirərək adlarını açıqlamadıqlarını qeyd edirlər. Onlar qocaman təhsil ocağı olan ATU-da qeyri-sağlam, qeyri-peşəkar qüvvələrin rəhbər vəzifələri ələ keçirməsindən narahat olduqlarını ürək ağrısıyla qeyd edirlər. KİV-lər vasitəsi ilə prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya, prezident aparatının rəsmisi Fatma xanım Abdullayevaya, Baş nazirin müavini Əli Əhmədova və Səhiyyə naziri Oktay Şirəliyevə müraciət edən şikayətçilər baş verənlərin nəzarətə götürülməsini xahiş edirlər: “Dövlətimizin səhiyyə sektoruna göstərdiyi diqqətin sayəsində günü-gündən inkişaf edən, tibb elmində xüsusi çəkisi və rolu olan milli kadrlarımıza qarşı aparılan “soyqırım” cinayətini həyata keçirməyə cəhd edən Gəray Gəraybəyli və onun komandasına dur deməyin vaxtı çoxdan çatıb. Baxmayaraq ki, Gəray Gəraybəyli bu vəzifəyə yeni təyin olunub, onun “islahatlat” adı altında həyata keçirdiyi tədbirlərin acı nəticələrini bir müddətdən sonra hamımız hiss edəcəyik”.

17 Oktyabr 2016 4:42

Ərinin sağalmasını möcüzə bildi..,ailələri adından həkimə minnətdar oldu

Şirvan şəhəri, Xəqani küçəsi, 2/24-də yaşayan Hüseynova Əminə Musa qızı və onun həyat yoldaşı Hüseynov İntizam Şirvan şəhəri Diaqnostika Mərkəzinin terapevt həkimi Çimnaz Fərzəliyevaya öz minnətdarlıqlarını bildirir, ona can sağlığı arzulayır. Belə ki, Hüseynova Əminə Musa qızı faktinfo.az saytına məktubla müraciət edərək bildirir ki, 31 avqust 2016-cı il tarixində həyat yoldaşı İntizam Hüseynovun səhhətində yaranmış problemlə bağlı onu Şirvan şəhəri Diaqnostika Mərkəzinə aparıb. Diaqnostika Mərkəzinə daxil olan kimi Hüseynov İntizam özündən gedərək yerə yıxılıb. Huşunu itirən, gözləri yumulan xəstənin yaşlı həyat yoldaşı özünü itirib. Hadisədən bir dəqiqə keçməmiş xəstənin üstünə Diaqnostika Mərkəzinin terapevt həkimi Çimnaz Fərzəliyeva gəlib. Faktinfo.az saytına məktub ünvanlayan Hüseynova Əminə onu da əlavə edir ki, terapevt həkim həyat yoldaşını həkim otağına götürməklə, onu müayinə edib, təhlillər aparmağa başlayıb. Bir saat sonra huşunu itirmiş, gözləri yumulmuş, əlləri yığılmış, ağzı kilitlənmiş İntizam Hüseynovu həyata qaytarıb. Sonrakı mərhələdə xəstənin hansı səbəbdən bu vəziyyətə düşməsinə dair düzgün diaqnoz qoyub, onu müalicə edib. Bu səbəbdən redaksiyaya məktub ünvanlayan rayon sakini ailələri adından həkimə minnətdar olduqlarını bildirir, bunu bizdən yazmalarını xahiş edir. /Faktinfo.az/

7 Oktyabr 2016 4:26

Beyin qansızmasını müalicə edən yeni cihaz yaradılıb

Beyin qansızması nə qədər tez müalicə olunsa, xəstənin yaşama şansı daha çox olur. Yeni araşdırmaların nəticələri göstərib ki, vaxt çərçivəsi və beyinə qanı tez bir zamanda çatdıran yeni cihaz müsbət nəticələr verə bilər. (Amerikanın Səsi) Los-Ancelesdə Kaliforniya Universitetinin alimləri beyindəki qan laxtası arteriyadan nə qədər tez çıxarılsa, xəstənin sağalma şansının artdığını aşkar edib. Onlar arteriyaya daxil olub qan laxtasını çıxarmaq üçün cihazın olduğunu deyir. Bu cihaz “Trombektomi” adlandırılır. Arteriya damarındakı qan laxtaları qanın beyinə getməsinin qarşısını alır və qan çatışmazlığı səbəbindən beyindəki hüceyrələr ölməyə başlayır. Qansızmanın müalicəsi üçün isə zaman böyük rol oynayır. Doktor Cefri Seyver: “Xəstənin beyninə qansızmanın əlamətlərini bilmək və onu xəstəxanaya vaxtında çatdırmaq, bundan sonra isə həkimlərin təcili müdaxiləsi çox mühümdür.” Kaliforniya Universitetinin alimi Cefri Seyver arteriya damarında laxtalanma olan və qansızma təhlükəsi olan mindən çox xəstənin müayinə edildiyini deyir. Doktor Seyver və digər alimlər bu xəstələrin üzərində əməliyyat keçirib və aşkar ediblər ki, “Trombektomi” ilə müalicə laxtalanmaya qarşı dərmanlardan daha effektivdir. “Əgər arteriya damarı 3 saat ərzində açılsa, xəstələrin 65 faizi üç aydan sonra müstəqil yaşaya bilər. Əgər arteriya 8 saata açılsa 45 faiz xəstə müstəqil yaşaya bilər. Bu isə böyük fərqdir.” Beyinə qansızma dünya boyu ölümə səbəb olan ikinci, əlilliyə səbəb olan üçüncü xəstəlikdir. Bu araşdırmaların nəticələri iflic xəstəliyinin malicəsinə yardım edə bilər.

29 Sentyabr 2016 10:54

Azərbaycan səhiyyəsi dünyada ən axırıncı yerdədir –“Bloomberg”in reytinq cədvəli

Azərbaycan səhiyyə sisteminin durumuna görə dünyanın ən axırıncı ölkələri sırasındadır. «Bloomberg» agentliyi səhiyyə sisteminin effektliliyini əks etdirən yeni reytinq cədvəlini dərc edib. Azadlıq Radiosu  bildirir ki, cədvəldə əhalisi 5 milyondan artıq olan ölkələrin – 55 ölkənin adı çəkilir. Azərbaycan 53-cüdür. Azərbaycandan geri qalanlar yalnız Braziliya, bir də Rusiyadır. ADAMBAŞINA 470 DOLLAR «Bloomberg» səhiyyə sisteminin effektliliyi indeksini müəyyən edərkən ölkə əhalisinin orta ömrünün uzunluğu, səhiyyəyə xərclənən vəsaitin miqdarını (başqa xərclərə nisbətən və bütövlükdə) da nəzərə alıb. Azərbaycanda səhiyyənin səmərəliliyi indeksi 30.9-dur. Azərbaycan sakinlərinin orta ömrü 70 yaş göstərilib. Ölkənin ÜDM-sinin cəmi 6%-nin səhiyyəyə xərcləndiyi müəyyən edilib, bu isə adambaşına düşən xərcin ildə 470 dollara bərabər olması deməkdir. Səhiyyəyə çəkilən xərc dedikdə, agentlik xəstəliklərin önlənməsi və müalicə tədbirləri, ailə planlanması, qida və təcili yardımla bağlı xidmətlərə ayrılan vəsaitləri nəzərdə tutduğunu bildirir. Siyahıya başçılıq edənlər Honkonq, Sinqapur, İspaniyadır. Honkonqda əhalinin orta ömrü 83-84 ildir, səhiyyəyə xərclənən vəsait adambaşına 2 min dollardan çoxdur. ABŞ 50-Cİ YERDƏ Birləşmiş Ştatlar adambaşına səhiyyə xərclərinə görə birincilərdən olsa da (9 min 400 dollar), səhiyyənin effektivliyi indeksi 32.6 olduğundan ölkə siyahıda xeyli aşağı düşüb (50). Qonşu ölkələrdən Türkiyə həm səhiyyə sahəsində aparılan islahatlara (10), həm də səhiyyənin effektliliyi indeksinə (49.8) görə 25-ci yerdədir. İran 30-cudur,islahatların göstəricisi 22, səhiyyənin effektivliyi indeksi 47.6-dır. Rusiya sonuncudur (55), islahatların əlaməti yoxdur, səhiyyənin effektivliyi indeksi 24.3-dür. «Bloomberg» agentliyi reytinq cədvəlini Dünya Bankı, Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Honkonq Səhiyyə Departamenti və Tayvanın Sağlamlıq və Rifah Nazirliyinin məlumatlarına əsasən hazırlayıb.

29 Sentyabr 2016 2:57

Azərbaycanın xəstə səhiyyə sistemi…

Mən 23 il Kliniki Tibbi Mərkəzdə həkim kimi calişmışam. Səhiyyədə yaranmış acınacaqlı duruma və səhiyyə nazirliyinin apardığı kadr siyasətinə etiraz əlaməti olaraq dövlət xəstəxanasından öz ərizəmlə işdən azad olundum. Bununla bağlı Bakı Baş səhiyyə idarəsinin rəisi və müavini tərəfdən gəbul olundum və söhbət zamanı həmin rəsmilər də dövlət sektorunda tibbi xidmətin yarıtmaz halda olmasını və dövlət tabeçiliyində olan xəstəxanalarda hətta özəl klinikalardakı xərcləri xeyli üstələyən geyri-legal ödəmələrin mövcud olmasını etiraf etdilər. Hal-hazırda Azərbaycanda olan səhiyyə sistemini analoqsuz hesab etmək olar. Belə ki, icbari tibb sığortası olmadığından vətəndaşlar tibbi xidmətin əvəzini ödəmək zorunda qalır, həkimlər isə aldığı gülünc məvacibin fonunda əməyinin real əvəzini almaq üçün çəhdlər edirlər. Əvvəla, qeyd edim ki, dövlət xəstəxanalarında tibbi təhcizat Səhiyyə Nazirliyinin bəyan etdiyinin əksinə olaraq son dərəcə bərbad vəziyyətdədir. 160 adda dərmanla təhcizatdan dəm vurulsa da, əslində ağır xəstələr üçün lazım olan antibiotiklər, infuziya üçün zülal və aminturşu məhlulları, operasiya ləvazimatı, ağlar çatışmır, əslində bunlar bir qayda olaraq xəstələrin özlərinə aldırılır. Deklarativ olaraq xəstə yaxınlarına dərman və tibbi ləvazimat aldırmaq qadağan olunsa da, real həyatda bunun tam əksi baş verir. Çünki, operasiya sonrası xəstələr bir neçə gün qida qəbul etmədikdə onlara venadaxili lazımi qidalandırıcı dərmanlar köçürülməlidir. Bu dərman preparatlarını xəstəxana vermirsə, haradan alınmalı? Kliniki Tibbi Mərkəz Cənab Prezident tərəfindən 2009-cu ilin əvvəlində açılmışdir. Lakin bu günə qədər də açılış zamanı vəd olunan avadanlıqların çoxu klinikaya verilməyib, verilənlər isə kəsirlə verilmişdir. Bu günə qədər xəstəxananın girişində asılmış və üzərinə “1 saylı xəstəxana” yazılmış lövhə qalmaqdadır. Yəni 7 il ərzində həmin lövhəyə xəstəxananın düzgün adını yazmağa Səhiyyə Nazirliyinin və xəstəxananın vəsaiti olmamışdır. Səhiyyə Nazirliyi dövlətin ayırdığı vəsaiti keyfiyyətsiz və bəzi hallarda lazımsız tibb ləvazimatlarına xərcləyir. Belə ki, xəstəxananın açılışı zamanı Prezidentə göstərilən laparoskopik əməliyyat mulyajı üçün 140 min avro vəsait xərclənmişdir. Prezidentə təqdim olunan gündən sonra da həmin mulyaj bağlı qapi arxasında saxlanılmaqda davam edir, çünki bu xəstəxana üçün lazımsız bir cihazdır. 7 il öncə bunun əvəzinə cərrahi əməliyyatlar zamanı çox lazım olan, hər biri 15 min dollara 9 ədəd “Liqaşur cihazı” almaq olardı. Bu cihaz cərrahi əməliyyatların müddətini azaldır, daha effektiv aparılmasını təmin edir, həkimin işini xeyli yüngülləşdirir. Laparoskopik əməliyyatlar zamanı isə bu cihazın əvəzi yoxdur. Bu zaman xəstənin stasionarda qalma müddəti qısalır və dövlət büdcəsinə xeyli qənaət edilmiş olardı. Kliniki Tibbi Mərkəzə 7 il əvvəl “Ştors” firmasının laparoskopik əməliyyatlar dəsti verilmişdir. Bu günə gədər həmin dəstin sıradan çıxmış alətlərinin alınması həkimlərin vəsaiti hesabına aparılır. Laparoskopik əməliyyatlarda işlədilən qiyməti bir dəst klips (6 ədəd) (maya dəyəri 9 manat) müdiriyyət tərəfindən həkimə 60 manata satılır. Digər tərəfdən 2-ci laparoskopik əməliyyat dəsti 2 ilə yaxındır ki, rəhbərliyin qohumlarının istifadəsi üçün bağlı qapılar arxasında saxlanılır. Təəssüflər olsun ki, bu iki ildə həmin qohumlar laparoskopik cihazdan istifadəni öyrənə bilməmişlər. Qiyməti 100 min dollardan yuxarı olan və nazirlik tərəfindən şişirdilən bu cihaz isə galdıqca mənəvi baxımdan aşınınr və köhnəlir. Səhiyyə sistemində baş alıb gedən özbaşınalıqlardan çıxış yolu səhiyyə islahatlarının təcili tam başa çatdırılmasından, icbari tibbi sığorta sistemin qurulmasından, əhalinin bütün təbəqələrinin sığorta polisi (vəsiqəsi) ilə təmin olunmasından və ən ümdəsi Səhiyyə Nazirliyinin administrativ-bürokratik orqandan təşkilatlandırıcı və metodik tövsiyə verən bir mərkəzi orqana çevrilməsindən ibarətdir. Daha yaxşı olar ki, Səhiyyə Nazirliyi, Bakı Baş Səhiyyə idarəsi ləğv olunsun və onun səlahiyyətləri Sosial Təminat Nazirliyinə verilsin. Tezliklə bu istiqamətdə ciddi addımlar atılmazsa, genofondun sağlamlığının keşiyində duran səhiyyəmizin durumu cəmiyyəmizdə daha acınacaqlı vəziyyətə gətirib cıxaracaqdır. Qafar İsgəndərov   Kliniki Tibbi Mərkəzin keçmiş həkimi

28 Sentyabr 2016 4:22

“Altı ildir uşağımı qucağıma ala bilmirəm”

Sosial şəbəkələrdə «Üsyan edən qadın» kimi təqdim edilən Nahidə Həmzəyeva AzadlıqRadiosuna danışıb. «Mən nazirimlə görüşə bilmirəmsə, prezidentim səsimi eşitmirsə, nə etməliyəm? Əlbəttə, arada inciyib başqa ölkəyə üz tutmaq istəyirəm, bəlkə mənə haray ola deyə. Biz o boyda «Eurovision»a ev yiyəliyi etmişiksə, bu dövlət vətəndaşının müalicəsinə vəsait ayıra bilməzmi? Xarici vətəndaş gələndə necə lazımdır qarşılanır, yerləşdirilir, amma öz vətəndaşına, gənc anaya baxılmırsa, mən burda yaşamalıyammı?» Telefonun o başında halsız-heysiz səs gəlir: «Çox pisəm, dünənki hadisədən sonra ağrılarım daha da artıb, sarsıntı keçirirəm». Ömrünün baharında olan, 26 yaşlı qadın Nahidə Həmzəyeva həyat yoldaşını itirib, indi də öz həyatını itirməmək, 6 yaşlı övladını böyüdə bilməkdən ötrü sağ qalmaq uğrunda savaşır. Savaşdığı təkcə xəstəliyi deyil, Azərbaycanın rəsmi qurumları, Səhiyyə Nazirliyidir. O, vaxtaşırı Səhiyyə Nazirliyinə gələrək müalicəsinə yardım istəyir. Sentyabrın 21-də növbəti dəfə nazirliyə gəlib, nazirlə görüş tələb edib, mühafizəçilər içəri buraxmayıb. Özünü maşının altına atmaqla hədələyib, yerə uzanıb, qışqırıb ki, səsini eşitsinlər... Sonda birtəhər nazirlik darvazasından sivişərək içəri keçib, ancaq uzağa gedə bilməyib, mühafizəçi zorla saxlayıb. Halı pisləşən qadının üstünə təcili yardım çağrılıb. Bütün bunlar görüntülənib və sürətlə saytlarda, sosial şəbəkələrdə yayılaraq müzakirə mövzusuna çevrilib. Nahidə Həmzəyeva AzadlıqRadiosuna danışır: - Vəziyyətim getdikcə pisləşir. Müalicə olunmasam, həyatımı itirə bilərəm. - Xəstəliyiniz nədir? - Qaraciyər serozu. Bir də qida borusunda varikoz genişlənməsi başlayıb. 2012-ci ildə yeddi saat qan qusmuşam. Ondan sonra qida borumda varikoz genəlmə başlayıb. Üstünə düşməsəm, qanaxma başlaya bilər. Müalicə almaq məqsədilə Səhiyyə Nazirliyinə müraciət etmişəm, Prezident Aparatına məktublar göndərmişəm. Mehriban Əliyevaya, Leyla Əliyevaya dəfələrlə müraciət etmişəm. Heç bir məktubuma cavab yoxdur. Cavab gələndə də məni yollayırlar Lənkəran rayon Mərkəzi Xəstəxanasına. Orda da mənə növbəti dəfə deyirlər ki, «bizim dövlət xəstəxanalarında qaraciyər serozuna qarşı müalicə aparmaq mümkün deyil, üz tut özəllərə». Mən də imkansızam. Yoldaşım rəhmətə gedib, bir atasız övlad sahibiyəm. Özəl xəstəxanada müalicə olunmağa heç cür imkanım yoxdur. Səhiyyəmiz də mənə yiyə durmur. Bəs mən hara getməliyəm? - Dünən Səhiyyə Nazirliyi qarşısında probleminizi dilə gətirdiniz, bu da sosial şəbəkələrdə yayıldı. Nazirlikdən sizinlə maraqlanan olub? - Xeyr. Heç kim maraqlanmayıb. Hələlik gözləyirəm. Mənə yenə də «Respublikanski» (M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanası-red.) və 5 nömrəli xəstəxanada müalicə olunmaq təklif edildi. Halbuki 5 ildə orda bir neçə dəfə yatmışam. Oradakı müalicənin mənə xeyri yoxdur. Üstəlik, qida borum yoxlanmalıdır, ancaq deyirlər ki, dövlət xəstəxanasında bu mümkün deyil. USM-dən, rentgendən keçirməkdən başqa heç nə etmirlər mənə. - Həkimlər nə deyirlər? Sizin müalicənizə nə qədər vəsait lazımdır? - Bəli, maraqlanmışam, mənə deyiblər, qaraciyər köçürülməlidir, transplantasiya 150 min manata başa gəlir. Bunu da mənə 2012-ci ildə deyiblər. Nə transplantasiyaya gücüm çatır, nə də müalicəyə. Öyrənmişəm ki, transplantasiya olmadan da xaricdə bu xəstəlikdən müalicə yoluyla sağalmaq mümkündür. Bunu həkimlər də deyib, mənim kimi xəstələr də. Mənə kömək yoxdur. - Nazirliyin qarşısında duranlar valideynləriniz idi? - Bəli. Onlar da mənim kimi yollarda qalıblar. Onlar da imkansızdırlar. İmkanları olsaydı... Ora niyə gedirdim? Orda sürünməkdən, hansısa polisin məni sürüməsindən xoşummu gəlirdi? - Yeri gəlmişkən, darvazanı birtəhər aralayıb içəri keçdiniz, bir xeyli də qaçdınız, sonra nə baş verdi? Çünki çəkilişə mühafizə imkan vermirdi. - Halım pisləşdi. Təcili yardım gəldi, bir az iynə-dərman etdi. Bir saat gözlədikdən sonra bir xanım gəldi. O da mənə «Respublikanski» ilə 5 nömrəli xəstəxananı məsləhət gördü. Qəbul etmədim. Orda dəfələrlə olmuşam, «Omez»dən, «Esensial»dan başqa heç nə vermirlər, müalicə etmirlər məni. - Halınızın pisləşməsinə nə səbəb oldu? - Mühafizəçi qolumdan tutub sürüdü məni. Atam ayırmaq istədi, ona da zor tətbiq etdi. - Lənkərandan gəlmisiniz bura? - Bəli. İnanın Lənkərandan bura gəlib qayıdana kimi o dünyanı görüb qayıdıram. Hər dəfə 10 gün, bir ay vaxt verirlər, ortalıqda məni oynadırlar. Bu onun üstünə atır, o bunun üstünə. Heç kim öhdəsinə götürmək istəmir. İndiyə kimi gedib gəlirəm, nə nazirlə, nə müavini ilə görüşə bilmişəm. Bir ay vaxt istəyiblər, onu da gözləmişəm. Amma mənim vaxtımdan gedir, ömrümdən gedir. Hər an həyatım təhlükədədir, hər an varikoz genişlənməsindən həyatımı itirə bilərəm. Altı yaşlı körpəm həm atasız, həm də anasız qala bilər. Ona baxan olmayacaq. Birinci sinfə gedir. İnanın, onu məktəbə qonşular yola salıblar. Uşağımdan xəbərim yoxdur... Altı ildir uşağımı qucağıma ala bilmirəm. Bu xəstəlik üzündən analıq hissini duya bilmirəm. Övladım məni özünə bacı bilir, ana yox. O körpə olandan xəstəxanalardayam, uşaq məni tanımır. ...Hər gün ölümümü düşünürəm. Qorxa-qorxa yaşayıram. Udqunanda belə qorxuram ki, qanaxma başlayacaq. Bax, bu cür stresslərlə yaşayıram. Amma düşünürəm ki, nə vaxtsa möcüzə olacaq, rəhbərlərimizin ürəyinə rəhm düşəcək, yardım əllərini uzadacaqlar. Məmurların bu qədər etinasız münasibəti məni çox sarsıdır. Nazirimlə görüşə bilmirəmsə, prezidentim səsimi eşitmirsə nə etməliyəm? Əlbəttə, arada inciyib başqa ölkəyə üz tutmaq istəyirəm, bəlkə mənə haray ola deyə. Biz o boyda «Eurovision»a ev yiyəliyi etmişiksə, bu dövlət vətəndaşının müalicəsinə vəsait ayıra bilməzmi? Xarici vətəndaş gələndə necə lazımdır qarşılanır, yerləşdirilir, amma öz vətəndaşına, gənc anaya baxılmırsa, mən burda yaşamalıyammı?      

23 Sentyabr 2016 6:59

Baha qiymətə dərman satan apteklər və iş adamları cəzalandırılacaq –Yeni qanun

Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənmədən satışı və yaxud tənzimlənən qiymətlərdən fərqli qiymətlərə satışı qadağan edilir. Dərman vasitələrinin yerli istehsalçıları və xarici istehsalçılarının nümayəndələri qarşısında yeni öhdəlik qoyulur. Bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında "Dərman vasitələri haqqında” qanuna əlavələr müzakirəyə çıxarılıb. Qanunun 4-cü (Dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsinin üsulları) maddəsinə edilməsi nəzərdə tutulan əlavəyə əsasən görə, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır. Qanunun 16-cı (Dərman vasitələri haqqında informasiyanın yayımlanması)maddəsinə ediləcək əlavəyə görə isə dərman vasitələrinin istehsalçıları, xarici istehsalçıların yerli nümayəndəlikləri (filialları) və ya onların müvəkkil etdikləri şəxslər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələri, hesabat sənədlərini və zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Qanuna edilən yeni dəyişiklik layihəsinə görə, bu tələblərin pozulmasına görə 1 il ərzində 3 dəfə məsuliyyətə cəlb olunmuş hüquqi və fiziki şəxslərin lisenziyası "Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq, lisenziya verən orqan tərəfindən 6 ayadək dayandırılır. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

20 Sentyabr 2016 3:54

Zahid Quliyev həkimə verdiyi 5400 AZN-i geri tələb edir

Biləsuvar rayon Çinarlı kəndində yaşayan Quliyev Zahid Özbək oğlu bir sıra dövlət qurumlarının rəhbərlərinə və DİA.AZ saytına şikayət ərizəsi ünvanlayıb. Narazı vətəndaş yazır: "Məlumat üçün Sizə bildirmək istəyirəm ki, oğlum Quliyev Kənan Zahid oğlu ağır yataq xəstəsidir, oğlumun müalicəsi üçün hər zaman çıxış yolu axtarırdım, 2014-cü ildə telefiziya verlişlərinin birində Sevinc Mirzəyeva adlı həkimin çıxışını izlədiyim zaman oğlumun müalicəsini edəcəyini zənn edərək telefon nömrəsini götürdüm, əlaqə saxladım və onunla görüşüm, Kənan adlı oğlumun müalicəsi üçün ilkin 5400 manat pul istədi və mən həmin pulu kredit götürüb verdim və sonradan 800 manat pulda lazım olduğunu bildirdi, mənim isə 500 manata gücüm çatacağını bildirdim, 500 manat verdim, həkim Sevinc Mirzəyeva cəmi 5400 manat pul vermişəm, bütün bu pulları ATU-nin Cərahiyyə korpusunun həyətində şəxsən qardaşım İlham Sevic xanıma vermişdim". Sayta daxil olan müraciətdə deyilir: "Sonradan bir müddət keçdi heç bir müalicə işi aparmadılar, mən isə məcbur qalıb Nəsimi RPİ-nə müraciət etdim ki, mənim dələduzluqla alınan pulumu qaytardırım, lakin burdada polis baş leytenentı Kənan Əliyev formal xarakterli araşdırma aparmışdır və mənə qarşı dələduzluq edən həkim Sevinc Mirzəyevaya başlanacaq cinayət işini rədd etmişdir. Araşdırma nəticəsində qərarda göründüyü kimi həkim bu pulu aldığını inkar edir, lakin bu tamamilə yalandır mən pulu Sevinc Mirzəyevaya bir neçə qohumlarımın yanında qardaşım İlham şəxsən vermişdir. Hətda qeyd etmək istəyirəm ki, 2 ildir mənə dəyən zərələ və bank ödənişləri ilə əlaqədar oğlumu müalicə etdirə bilmirəm. Sizdən xahiş edirəm ki, ərizəyə əlavə etdiyim sənətləri, oğlumun səhətini, şəkillərini nəzərə alasınız, Nəsimi RPİ-nin araşdırma qərarını rədd edəsiniz, yenidən araşdırılmasına göstəriş verəsiniz və həkim Sevinc Mirzəyeva məndən dələduzluq yolu ilə almış 5400 manat zərərin ödənilməsinə köməkdarlıq edəsiniz". Faktinfo.az

14 Sentyabr 2016 12:00

Bu, ürəyin qəfil dayanmasına səbəb ola bilər

Alimlər qəfil ürək dayanmasına səbəb olan daha bir problemi aşkara çıxarıblar.  Erazm Universiteti mütəxəssislərinin yeni araşdırmalar nəticəsində gəldiyi qənaətinə görə, qalxanvari vəzin hormon səviyyəsi azca yüksək olan insanlar ani ürək dayanmasından həyatlarını itirə bilərlər. Araşdırmaçılar 10 mindən çox insanın məlumatlarını təhlil ediblər. Tədqiqat zamanı qalxanvari vəzin hormon səviyyəsi normadan yuxarı olan adamlarda qəfil ürək dayanmasından ölüm hallarının aşağı olanlarla müqayisədə 2,5 dəfə çox olduğu müəyyənləşib. Bundan başqa, araşdırmada qalxanvari vəzin hormon səviyyəsi yüksək olan könüllülərdə 10 ildə ürək dayanmasından ölmə ehtimalının digər iştirakçılara nisbətən 4 dəfə yüksək olduğu məlum olub. Ekspertlər bu nəticəyə gəliblər ki, hormonların artıqlığı ürəyin fəaliyyətini pozur. Qalxanvari vəzin hormon artıqlığına səbəb çox vaxt onun hiperfunksiyasıdır. Lakin hormon səviyyəsi çoxlu sayda dərman qəbulundan da arta bilər. Qeyd edək ki, qalxanabənzər vəzi tək üzvlərdən olub, boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşir. Qalxanabənzər vəzinin hormonları (tiroksin, triyodtironin, diyodtironin və s.) bədənə daxil olaraq maddələr mübadiləsini sürətləndirir, oksidləşmə prosesini artırır, yağların yanmasını çoxaldır və istiliyin əmələgəlməsini artırır. Bunlardan başqa, qalxanabənzər vəzinin hormonu skeletin inkişafına təsir edərək sümükləri uzununa böyüdür və epifizləri bitişdirir. Sinir sisteminin vəzifəsini təmin edir. Qalxanabənzər vəzinin viladi yoxluğunda və ya bəzi patoloji proseslərdə uşaq boyatmadan qalır (cırtdanboy olur), psixi inkişafı zəifləyir, dəri xamır kimi şişir, sümükləşmə gecikir, cinsiyyət üzvləri atrofiya olur. Qalxanabənzər vəzi tamamilə çıxarılarsa və ya patoloji prosesin nəticəsi olaraq hormon azalarsa, böyüklərdə miksedema və kritinizm deyilən xəstəlik meydana çıxır. Bəzən əksinə olaraq vəzin hormonu artır. Bu halda maddələr mübadiləsi artır, nəbz sürətlənir, sinir sistemi çox həssas olur, gözlər pırtlayır və s. Faktinfo.az

11 Sentyabr 2016 11:50

Fakt

Bizi izləyin