“Həkim oğluma cinsi fəallığı artıran dərmanlar yazdığı üçün onun beyin fəaliyyətini pozub” – ŞİKAYƏT VAR

Redaksiyamızın elektron poçtuna Ağdaş rayonu, H.Əliyev küçəsi, ev 86/4 ünvanında yaşayan Həsənova Türfə Həsən qızının şikayət məktubu daxil olub. T.Həsənova Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi Eldar İsayevdən şikayətçidir. Şikayətçinin yazdığına görə, E.İsayev onun sağlam övladını səhv müalicə edərək ömürlük şikəst edib: «Bu faktın üstünü isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Nəbiyev ört-basdır edib. Belə ki, təxminən 2 il öncə yeganə övladım Vasif özünü pis hiss etdiyi üçün Mingəçevir şəhər Mərkəzi Xəstaxanasına apardıq. Xəstəxananın həkimi Eldar İsayev oğlumu müayinə etdikdən sonra ona müalicə yazdı. Müalicədən sonra Vasif özünü daha da pis hiss etdi. Səhhəti ağırlaşdığı üçün təcili olaraq Bakı şəhərində yerləşən xəstəxanalardan birinə apardıq. Oradakı həkimlərin müayinəsindən sonra məlum oldu ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi Eldar İsayev oğluma cinsi fəallığı artıran dərmanlar yazdığı üçün onun beyin fəaliyyətini pozub. Bundan sonra oğlum iki il Bakı şəhərində müalicə olunsa da, onun səhhəti yaxşılaşmır. Mən bu barədə hüquq-mühafizə orqanlarına etdiyim şikayəti araşdıran Mingəçevir şəhər prokuroru Azad Qarayev də həkim Eldar İsayevin cinayət əməlinin üstünü ört-basdır etdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya yazdığım şikayət ərizəm icra olunması üçün Səhiyyə Nazirliyinə, onlar isə cinayət əməli törətmiş həkim Eldar İsayevin işlədiyi Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına göndərildi. Çox təəssüf ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Nəbiyev cinayət əməlini ört-basdır etdiyi həkimi barədə heç bir tədbir görmədi. Nəticədə, həkimin savadsızlığı oğlumu ömürlük şikəst etdi. Hazırda oğlumun beyin fəaliyyəti pozulub, sağalması üçün intensiv müalicə almasına maddi imkanımız yoxdur. Həkim Eldar İsayevin savadsızlığı ucbatından oğlumun müalicəsinə indiyədək külli miqdarda vəsait xərcləyib borca düşmüşük. Ortada qazanan isə Mingəçevir şəhərinin prokuroru Azad Qarayev oldu. Mən bir ana kimi mətbuat vasitəsi ilə Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevaya müraciət edərək, xahiş edirəm ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi Eldar İsayevin və onun cinayət \əməllərini ört-basdır edən Mingəçevir şəhər prokuroru Azad Qarayevin barəsində müvafiq tədbir görülsün». Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, şikayətdə adı çəkilən hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

6 Avqust 2016 11:31

Daha bir HƏKİM VƏHŞƏTİ: “Səhvən bütün qadınlığımı əlimdən aldı və…” – FOTO

  "Həkim mənə xərçəngsən deyib, bütün qadınlığımı əlimdən aldı". Faktinfo.az xəbər verir ki, bunu ANS PRESS-ə şikayətçi Sevinc Mirzəyeva deyib. O, Sumqayıtda yerləşən özəl klinikaların birində həkim Şaban Əhmədov tərəfindən ona səhv diaqnoz qoyulduğunu və buna görə onun yumurtalıqlarının və uşaqlığının çıxarıldığını bildirir. Xəstənin sözlərinə görə, əməliyyat iki il öncə olsa, o, bu yaxınlarda həkim tərəfindən aldanıldığını başa düşüb. "Bu yaxınlarda həmin klinikada burun əməliyyatı keçirmişəm. Əməliyyatdan sonra burnumda qanama var idi. Həkimə dedim ki, məndə xərçəng xəstəliyi olub, onunla bağlı ola bilərmi bu qanama? Həkim isə mənə: "Qızım, nə danışırsan, sənin bütün analizlərin mənim əlimdədir, səndə heç vaxt xərçəng olmayıb", - dedi. Daha sonra Türkiyə və İrana getdim, orada da eyni sözləri dedilər mənə", - deyə Sevinc Mirzəyeva bildirdi. 37 yaşlı qadın evli olduğunu və ana olmaq istədiyini vurğuladı. Onun sözlərinə görə, həkim onu bir ömür boyu şikəst qoyub. "İndi gedirəm həmin xəstəxanaya baş həkim mənimlə kobud danışır. Deyirlər, biz bilirik nə etmişik. Amma halbuki, əməliyyata salınarkən mənə orqanlarımın çıxarılacağını heç kim nə deməmişdi, nə də mən hər hansı bir sənədə qol çəkməmişəm. İndi deyirəm, heç olmasa, mənim pulumu qaytarın, gedim xarici ölkədə yenidən orqanlarımı bərpa edim. Pulumu da vermirlər". Xanım deyir ki, klinika ona uzun müddət epikriz verməkdən boyun qaçırıb: “Ancaq 7 aydan sonra mənə epikrizi verdilər”. Ona epikrizlə birlikdə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən arayış da verilib. Sevinc Mirzəyeva məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də məktub göndərdiyini vurğuladı. Sumqayıtda sözügedən xəstəxananın baş həkimi Baxşəliyev Fikrət bizimlə kobud danışaraq, xəstənin kanallara, xəbər portallarına deyil, lazımdırsa, təhlükəsizlik idarələrinə şikayət etməsini bildirərək, telefonun dəstəyini asdı. Qadının analıq arzusu gözündə qoyan həkim Şaban Əhmədov isə Sevincə "papilar kistoma" diaqnozunun qoyulduğunu və bunun əsasında onun əməliyyat olunduğunu bildirdi. "Qadın xəstəxanamıza gələndə pis vəziyyətdə idi. Mən 3 ginekoloqla məsləhətləşib bu əməliyyatı etmişəm. Onun bütün orqanları götürülməsə idi, gələcəkdə həmin orqanlarda xərçəng yaranacaqdı". Şaban Əhmədov eyni zamanda qeyd etdi ki, əməliyyata girməzdən əvvəl hər şey haqqında xəstəyə məlumat verilib və o da buna razı olub. Məsələni daha dəqiq araşdırmaq üçün bir neçə ginekoloqa da sənədi göstərdik və münasibət aldıq. Ginekoloqlar belə halda əməliyyatın vacib olduğunu, lakin uşaqlıq və sağ yumurtalığın saxlanılmasını deyirlər. Hətta, bir yumurtalıqla qadının hamilə qala biləcəyini də vurğuladılar. Səhiyyə Nazirliyindən isə bildirdilər ki, əgər qadın onlara həqiqətən müraciət edibsə, lazımı şöbə məsələni araşdıracaq və kimin haqlı, kimin haqsız olduğu üzə çıxandan sonra bununla bağlı müvafiq tədbir görüləcək.

12 İyul 2016 11:20

Həkim peşəkarlığı tələb edən doğum evləri, ana və körpə ölümlərinə səbəb olan amillər…

Ölkəmizin səhiyyə ocaqlarında, daha doğrusu doğum evlərində, baş alıb gedən ana və körpə ölümləri, körpələrin qüsurlarla dünyaya gəlməsi həyəcan təbili çalan məsələlərdəndir. Doğrusu, ana və körpə ölümünə dair hallar artıq ekspertlərin müzakirələr aparmalı olduğu problemdir. Statistika da bu halın qorxulu şəkil aldığını təsdiqləyir. Beləliklə, bu yazıda bir neçə gün qabaq qeyd etdiyimiz kimi, ana və uşaq ölümlərinə səbəb olan amillərdən, körpələrin travma ilə doğularkən sonrakı mərhələdə ortaya çıxan fəsadlardan yazacağıq. Belə ki, bu çatışmazlıqlar ovqat pozan hallar təkcə kiminsə körpəsinə xərclədiyi vəsaitlə yekunlaşmır. Doğum evlərindəki xərclənən əlavə vəsaitin üstündən keçmək, hardasa dilə gətirməmək olar. Çünki, dünyaya körpə gəlirsə, bunun müqabilində xərclənən vəsait heçnədir. Təki Allah bütün ailələrə körpə qismət etsin, bu yolda hər bir valideyn cibinə uyğun vəsait xərcləsin. Ancaq məsələ bununla bitmir. Səhiyyədən məlumatı olan şəxslər bilir ki, məhz fizioloji proses olan doğuşun normal yekunlaşması, doğuşaqədərki prosesləri düzgün qiymətləndirmək həkim peşəkarlığı tələb edir. Təəssüf hissi ilə qeyd edilməlidir ki, bu istiqamətdə hələ də kifayət qədər problemlər həllini tapmadığına görə ilkin problem də məhz buradan qaynaqlanır. Yəni, uşağın ana bətnində çəkisi, qadın məsləhətxanaları tərəfindən olunan qeydlərə doğum evindəki həkimlər inanır, hamilə qadın üzərində doğuşdan bir neçə gün əvvəl aparılmayan müayinələr doğuş günü müxtəlif fəsadlara yol açır, ana və uşaq ölümləri baş verir. Bu gün doğum evlərində körpələrin “travma” ilə doğulması halları daha çox baş verir. Doğum evlərində bu istiqamətdə hər hansı islahata ehtiyac isə hələki məqsədə uyğun hesab edilmir. Əqli, fiziki inkişafdan geri qalan uşaqların sonrakı taleyi isə Respulika büdcəsini ziyana salır. Bu isə valideyn və həkimlərin günahı ucbatından ortaya çıxır. Beləliklə, yuxarıda vurğuladığımız fikirlər deməyə əsas verir ki, əksər rayon doğum evlərində mahiyyət etibarilə ənənəvi nöqsanlar olub və hələ də qalmaqdadır. Doğuş prosesində bəzi təcrübəsiz həkimlərin şəraiti düzgün qiymətləndirə bilməməsi nəticəsində asfiksiya, kəllə travması, hematoma, bud, çanaq çıxığı, körpücük sümüyünün sınığı və s. travmalarla körpə şikəst doğulur. Təbiidir, belə vəziyyətdə körpə Uşaq Nevroloji, Travmotologiya və Pediatriya İnstitutlarınına məsləhət bilinir və orada müalicə almalı olur. Ana isə ölümcül şəraitdə palatalarda qalır. Qan itirir, anemiya və digər vəziyyətlərdən əziyyət çəkir. Bəzən həkimlər yaranmış situasiyadan ananı xilas edə bilmirlər. Həkim qiymətləndirmə cədvəlində körpənin çəkisini bir az artıq göstərməklə özünü sığortalayır, körpə isə uzun illərlə müalicələrdə qalır. Bəzən xəstənin sahibindən 1000-1500 manat almaq səbəbilə digər üsula da əl atılır, geniş yayılmış “kesariyyə kəsiyi”nə üstünlük verilir. Təbii ki, bu “narkoz”suz olmur. “Narkoz”un sonrakı fəsadları isə bəzi hallarda xəstəyə başa salınmır. Prosesə start verilir və elə hallar olur ki, “Narkoz”un düzgün verilməməsi nəticəsində xəstə çox ağır vəziyyətlə, iflic və yaddaş pozulmasına qədər gəlib çıxa bilir və bəzən də ölür. Digər tərəfdən, dünyaya gələcək körpələrin taleyinə səhlənkar yanaşan anaların ucbatından da fəsadlar baş verir. Bu ya laqeydlik, ya da savadsızlıq səbəbindən yaranır. Ana vaxtında müayinə olunub, müalicə edilmir. Nəticədə körpə kəllədaxili təzyiq, hidrosefaliya və s. qüsurlarla dünyaya gəlir. Bu qüsurlar isə bəzi hallarda uşaqlarda müalicə olunmayan serebral iflicə qədər gətirib çıxarır, xəstəlik kütləvi xarakter alır. İnternatlarda xəstə uşaqların sayı artır. Onların saxlanması kifayət qədər vəsait aparır. Yenə də sonu bilinməyən vəziyyət yaranır. Hansısa həkimin savadsızlığı, naşılığı, valideynlərin isə nadanlığı ucbatından körpə dövlətin gələcək inkişafından kənarda qalır, cəmiyyətin sağlam üzvünə yox, probleminə çevrilir. Ona görə də qəbul edilməlidir ki, təcrübəsiz həkimlərlə vidalaşmaq, doğum evlərində ciddi islahatlar aparmaq lazımdır. Səhiyyə Nazirliyi tərəfindən rayonlardakı doğum evlərini də məhsuldar işləməyə məcbur etmək məqbuldur. Paralel olaraq, KİV-lərlə əlaqəli olmalı, ictimaiyyət vaxtaşırı məlumatlandırılmalıdır. Belə olarsa, “sağlam körpə, sağlam cəmiyyətin əsasıdır” fikrini bir daha təsdiqləmiş olarıq. Həqiqət isə ondan ibarətdir ki, ya Səhiyyə Nazirliyi işləmir, ya da ana və uşaq ölümlərinə biganə qalırlar. Əgər belə olmasaydı, hamilə qadınları pisxoz vəziyyətinə salmalarına, ana və uşaq ölümlərinə nazirlik rəsmiləri tərəfindən düzgün aydınlıq gətirilərdi. Yoxsa ki, ana və uşaq ölümündən sonra “araşdırılacaq”, “komissiya yaradılıb” və “kimin təqsirkar olub-olmaması bilinəcək” kimi ifadələrlə ictimaiyyəti aldatmazdılar. Hələlik isə onu bildiririk ki, Səhiyyə naziri Oktay Şirəliyev bu mövzu ilə bağlı nədənsə hələ də susur, əsaslı bir mövqe sərgiləyə bilmir. Pisi də odur ki, belə hallar kütləvi xarakter alıb. Firidun Oruc Faktinfo.az

9 İyul 2016 9:00

Gözlərin sağlamlığını qorumaq istəyənlər oxusun!

Gözlərin sağlamlığını qorumaq üçün bu sadə qaydalara əməl edin: 1. Düzgün işıqlandırma. Kifayət qədər olmayan işıqlandırma zamanı gözlər həddindən artıq yüklənir və tez yorulur. Lakin, çox güclü işıq da gözlərin yüklənməsinə səbəb ola bilər. Bu səbəbdən gün işığı lampalarından istifadə edin. 2. Gözlərinizi tez-tez qırpın. Kompüterdə işlədikdə insan gözlərini gec-gec qırpır. Bu isə gözlərin qurumasına səbəb olur. Gözlərin quruması isə onların sağlamlığı üçün çox ziyanlıdır. 3. Orqanizmdə olan istənilən əzələlər işləməlidir. Uzun müddət ərzində işləməyən istənilən əzələ zəifləyir. Bu həm ətraflar, həm ürək, həm də göz əzələlərinə aiddir. Bu səbəbdən gün ərzində uzaqda və yaxında yerləşən obyektlərə baxmaq lazmdır. Bu xüsusilə kompüterdə işləyən insanlara aiddir. Onlar uzun müddət ərzində yaxın məsafəyə baxır ki, bu da göz əzələsini zəiflədir. 4. Hər gün təmiz havada gəzin. 5. Gün şüaları gözlərin sağlamlığı üçün ziyandır. Gözlərinizi yaxşı keyfiyyətli gün eynəklərinin köməyi ilə qoruyun. 6. Yaxşı qidalanın. Gözlərin sağlamlığını bu kimi vitaminlər qoruyur: * C vitamini (sitrus meyvələri, kivi) * E vitamini (badam, avokado) * A vitamini (bütün qırmızı və narıncı rəngdə olan meyvə və tərəvəzlər) * Sink (süd məhsulları, mal əti, qaraciyər) 7. Kifayət qədər su için. Sağlam insan gün ərzində təxminən 2 litr təmiz su içməlidir. Bu bütün orqanizmin və həmçinin gözlərin sağlamlığı üçün çox vacibdir. Faktinfo.az

7 İyul 2016 1:46

“OMD”-də dərman spekulyasiyaları – İTTİHAM VAR

“Bu xəstəxana qəbiristanlığa çevrilib. Son 3 ildə hesablama aparmışam, hər il 750-yə yaxın ölüm faktı qeydə alınır. Təqribən 500-ə yaxın ağır xəstə, valideynlərindən iltizam alınaraq evə buraxılır. Xəstə uşaq o məqsədlə evə buraxılır ki, gedib evdə ölsün. Bu zaman o uşağın ölümünün məsuliyyəti xəstəxananın üzərində olmur. İkinci tərəfdən isə, yeni doğulmuş uşağa yas saxlanılmır, dəfn zamanı ölüm kağızı da tələb olunmur. Torpağı qazırlar, basdırırlar, vəssalam. Niyə öldü, nədən öldü sorğusu yoxdur. Bu yolla da ölüm faizi azaldılmış olur...” – bu sözləri hələ bir neçə il bundan öncə Elmi Tədqiqat Pediatriya İnstitutunun (“OMD” uşaq xəstəxanası) erkən yaşlı uşaqların cərrahiyyə şöbəsinin həkim-cərrahı demişdi. Cərəyan edən hadisələr bunu deməyə əsas verir ki, aradan keçən müddət ərzində OMD-nin fəaliyyət prinsiplərində elə də bir ciddi dəyişiklik baş verməmişdir. Mövzuya dair ötən saylarımızdan birində dərc etdiyimiz “OMD”-də uşaq ölümləri gizlədilir” sərlövhəli materialda da biz bu problemə toxunmuşduq. Lakin göründüyü kimi, redaksiyamıza K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda baş verən uşaq ölümləri barədə təqdim olunan açıqlamalar, sən demə, aysberqin yalnız görünən hissəsi imiş. Digər tərəfdən isə, bu gün bizimdovr.az-a daxil olan məlumatlarda “OMD”-də yer almış digər qanun pozuntuları barədə də kifayət qədər “zəngin” faktlar təqdim olunur. Aldığımız məlumatlarda vətəndaşların xüsusi narazılığını doğuran əsas məqamlardan birinin də, bu tibb müəssisəsində dərman preparatları ilə törədilən maxinasiyaların olduğu vurğulanır. Bildirilir ki, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Həmçinin açıqiamalarda vurğulanır ki, xəstəxanada Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Həmçinin məlumatlarda qeyd olunur ki, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev davamlı olaraq tabeliyində çalışan tibbi personaldan pul yığımları həyata keçirməyi tələb edir. Həkimlər, tibb işçiləri dövlət müəssisələrində çalışmaqlarına rəğmən, ən adi müayinə və digər prosedurlar müqabilində belə, xəstələrdən pul istəməyə məcbur edilirlər. Aldığımız məlumatlarda vurğulanır ki, institutun bütün şöbələrində Nəsib Quliyevin xüsusi adamları hər bir həkimin yanına hər gün neçə nəfər xəstənin girib-çıxdığının hesabını aparırlar və həmin hesabatlar hər axşam direktora təqdim olunur. Mətbuata verdiyi açıqlamalarında isə, respublikanın baş pediatrı Nəsib Quliyev səsləndirilən ittihamları qəbul etmir. Deyir ki, Pediatriya İnstitutunda uşaqlara pulsuz tibbi xidmət göstərilir: “Bunun üçün lazımi aparatlar və avadanlıqlar var, dərman preparatları ilə də tam təmin edilirik. Ola bilər kimsə narazı olsun, kimsə də razı. Əlbəttə ki, bu fikirlər əsassızdır”. Xəstəxanada pulsuz dərmanların siyahısının olmadığını Nəsib Quliyevin diqqətinə çatdırdıqda isə, o, bununla da razılaşmır: “Pulsuz dərmanların siyahısı bütün şöbələrdə divara vurulub. Siyahıda olmayan dərmanları həkim reseptə yazıb xəstənin yaxınına verir, o da aptekdən alıb gətirir..” Xəstə uşaqların valideynləri isə iddia edirlər ki, nədənsə “OMD”-nin həkimlərinin uşaqlara təyin etdikləri dərmanlar arasında da hər zaman məhz institutda “olmayan” dərmanlar üstünlük təşkil edir... Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.

6 İyul 2016 9:42

Azərbaycan Səhiyyəsinə etimad itib

  Azərbaycan səhiyyəsinə inam və etimad itib. Bu etimadı geri qaytarmaq üçün neçə belə illər səhiyyə sistemində islahatlar aparılmalıdır. Artıq Səhiyyə Nazirliyinin işlək vəziyyətdə olmadığı, oradakıların hansı işlərlə məşğul olduğu məlum deyil. Səhiyyə sistemində xəstələrə qarşı baş alıb gedən hörmətsizlik, bəzən heç nədən insan ölümləri ilə nəticələnən hallar artıq Prezident Administrasiyasında, Nazirlər Kabinetində müzakirə olunur. Hər gün ana və uşaq ölümləri , cərrahiyə əməliyyatlarından sonra KİV-də yer alan məlumatlar bir daha sübut edir ki, artıq bu sahəyə nəzarət yoxdur. Açığı, vəziyyət o həddə çatıb ki, Azərbaycan səhiyyəsindəki nöqsanlı hallarla bağlı xarici mətbuat da yazır. Misal üçün, bu yaxınlarda pasiyentin xəstə ayağının yerinə sağlam ayağının amputasiya edilməsini yüzə yaxın xarici mətbuat yaydı. Belə olan təqdirdə hansı xarici vətəndaş Azərbaycana üz tutar, sağlamlığının keşiyində dayanılması üçün Azərbaycan həkimlərinə müraciət edər. Bu fikir o anlama gəlməməlidir ki, Azərbaycanda həkim kontingenti yoxdur. Azərbaycanda elə həkimlər var ki, Türkiyədən, İsraildən, ABŞ-dan, Avropanın inkişaf etmiş ölkələrindən onlara zəng edilir, müəyyən məsləhətlər alınır. Təssüflər olsun ki, bu müəyyən bir kəsimdir. 3-5%-dən artıq deyil. Elə Azərbaycan səhiyyəsinin və səhiyyədə çalışan 90% həkim kontingentinin biabırçılıqlarını vicdanı ilə, şərəfi ilə xalqına xidmət edən həkimlərin ayağına yazmaq da düzgün deyil. Ümumilikdə “Azərbaycanda həkim yoxdur” fikrini işlətmək də doğru deyil. Azərbaycan səhiyyəsinin problemli vəziyyətinə 3-5% savadlı həkim korpusu da acıyır. Onlar yaxın gələcəkdə Azərbaycan səhiyyəsinə etimadın yüksək faizlə yüksəlməsini istəyirlər. Amma bu istəyi həyata keçirmək üçün mütləqdir ki, Azərbaycan səhiyyəsində köklü islahatlar aparılsın. Səhiyyə naziri düşünməyə vadar edilsin, ehtiyacdırsa, o digər şəxslə əvəzlənsin. Təbii, bu bizim subyektiv fikrimiz olsa da, həqiqi anlamda Azərbaycan ictimaiyyəti Səhiyyə naziri Oqtay Şirəliyevin kadr siyasətini bəyənmir, səhiyyədə bir sistemsizliyin olduğunu bəyan edir. Artıq belə fikirlər gizlədilmir, mətbuata belə açıq söylənilir. Məsələn, fikirlər var ki, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) direktoru Elmar Qasımov Azərbaycan səhiyyəsinə rəhbərlik edərsə, vəziyyət bir neçə dəfə bundan yaxşı olar. Çünki, onun MOM-da yaratdığı nizam-intizam, savadlı həkimlərin orada cəmlənməsi və onlara işləmələri üçün normal şəraitin yaradılması nümunə kimi göstərilir. Faktinfo.az P.S. Ana və uşaq ölümlərinə səbəb olan başlıca amillərlə bağlı yazını yaxın günlərdə Faktinfo.az saytında oxuya bilərsiniz.  

4 İyul 2016 6:04

Uşaq Nevroloji Xəstəxanası, yoxsa, Uşaqları Dəli edən Xəstəxana? – ŞİKAYƏT VAR

Azərbaycanda səhiyyənin pulsuz olduğunu Səhiyyə Nazirliyi hər nə qədər uca səslə bəyan etsə də, reallıq tamam başqadır. Bu gün elə dövlət xəstəxanası yoxdur ki, orada pul alınmasın və ya həkimlər pulsuz xəstəni müayinə etsinlər. JAM.AZ xəbər verir ki, xəstələri müalicə etmək əvəzinə, onlara mütəmadi pul mənbəyi kimi baxan tibb ocaqlarından biri də Uşaq Nevroloji Xəstəxanasındır. Belə ki, burada sözün həqiqi mənasında soyğunçuluqla məşğuldurlar. Qapıdan içəri girdiyin andan «əlin cibində olsun» deyərək, həkimə qədər adamı yola salanlar, sonra da içəridə insafı Allaha qalmış tibb işçisi ilə üz-üzə dayanmalı olursan. Qapıdan içəri girən kimi aşağıdan yuxarı səni süzən həkimlər xəstəyə də gözucu diqqət yetirdikdən sonra sağa-sola vurnuxmağa başlayırlar. Yəni, «pul ver, sonra uşağın dərdini deyək» misalı. Qeyd edək ki, Uşaq Nevroloji Xəstəxanasında uşaqların müayinəsi üçün xüsusi qiymətlər müəyyənləşdirilib. Həkimlərin əksəriyyəti 20-30 manat verilməyəcəyi təqdirdə xəstə uşağı nə müayinə edir, nə də ressept yazmır. JAM.AZ xəbər verir ki, Uşaq Nevroloji Xəstəxanasında heç bir xəstə pulsuz müalicə və müayinə edilmir. Bəzi həkimlərin qəbuluna düşmək isə bir ayrı müsibətdir. Bunun üçün xəstə sahibi səhər saat 7:00-dan etibarən qapının ağzını kəsdirməlidir. Bildirək ki, bu xəstəxanada uşaqlara belə rəhm olunmur. Vəziyyət ondan ibarətdir ki, həkimlər özləri qəsdən xəstənin müalicə müddətini maksimum həddə yubadırlar. Ən azı bir il uşaq xəstə kimi gəlib, getməlidir. Bir çox hallarda isə bu rəqəm bir neçə ilə qədər uzadılır ki, əlavə qazanc mənbəyi olsunlar. Dəqiqləşdirmələrimizə görə, belə xəstə uşaqların sayı minlərlədir. Uşaq Nevroloji Xəstəxanasında çalışan həkimlərin böyük əksəriyyətinin apteklərlə xüsusi anlaşması var. JAM.AZ xəbər verir ki, bunu təsdiqləyən ən vacib amil resseptə yazılan dərmanların bir çoxunun heç bir aptekdən tapılmamasıdır. Yəni, pasientin valideyini dərmanı tapa bilməyib, həkimə müraciət etdikdə ona xəstəxananın yaxınlığında yerləşən apteki nişan verirlər. Çünki od qiymətinə satılan həmin dərmanlardan göndərilən hər bir xəstəyə görə həkimə «pay» ayrılır. Bu da aylıq qazancın üzərinə gəldiyi üçün ağ xalatlılara da sərf edir. Nəzərinizə çatdıraq ki, bu xəstəxanada çalışan həkimlər başqa bir biznesin də qulpundan yapışıblar. Belə ki, onlar əməkdaşlıq etdikləri klinikalara müştəri tapır, xəstələrini həmin klinikalarda müayinə etməklə iki qat qazanc əldə edirlər. Yəni, həkim valideynə yavaşca pıçıldayır ki, filan saatdan sonra filan klinikaya gedəcək və uşaq da ora gətirilərsə, daha yaxşı olar. Çünki həmin uşağın müayinəsi üçün alınacaq 40-50 manatlıq vizitpulunun yarısı birbaşa onlara çatır. Üstəlik, klinikada da hörmətləri yerində qalır. Xəstəxananın baş həkimi Məhərrəm Sadıqova gəldikdə isə onu həkimlərin günlük işi yox, qazandığı pul maraqlandırır. JAM.AZ-a verilən məlumata görə, xəstəxananın rəhbərliyi gün ərzində qəbul edilmiş xəstələrin sayına uyğun olaraq, həkimlərdən «qan» alır. Maraqlı məqamlardan biri də odur ki, hal hazırda Uşaq Nevroloji Xəstəxanasının həkimlərinin əlindən çıxmış xəstələrin böyük əksəriyyətinin ya düzgün müalicə almadığı, ya da aldığı müalicədən sonra şikəst olmaq ehtimalları artmağa başlayıb. Artıq valideynlər bununla bağlı həyacan təbili çalaraq, Səhiyyə Nazirliyindən təcili tədbirlər görməsini tələb edirlər. Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.

29 İyun 2016 3:07

1 saylı Sumqayıt Şəhər Xəstəxanasında özbaşınalıq

  5 milyon manat ayrıldı, lift bağlandı 1 saylı Sumqayıt Şəhər Xəstəxanası ilə bağlı redaksiyamıza şikayət məktubu daxil olub. Faktinfo.az bildirir ki, Qaynarinfo.az-a müraciət edən Sumqayıt sakini Əsmər Həsənli xəstəxana rəhbərliyinin özbaşınalıqlarından bəhs edib. Şikayəçi bildirir ki, xəstəxananın bütün şəraiti olsa da, burlardan istifadə mümkünsüz hala gətirilib: "Xəstəxananın binasında müasir liftlər quraşdırılıb. Lakin liftin qarşısına stul qoyulub və xəstəxanaya gələn insanların istifadəsinə icazə verilmir. Ən böyük problemlərdən biri suyun tapılmamasıdır. Belə ki, xəstəxanaya su saatla verilir". Əsmər Həsənli bildirir ki, xəstəxananın kardiologiya şöbəsində vəziyyət dözülməz həddə çatıb. Burda yatan xəstələrin istirahətə, sakitçiliyə ehtiyacı olsa da, bu heç kimi düşündürmür: "Şöbədə sakitçiliyə bir dəqiqə belə olsun əməl edilmir, səs-küy, bağırtı ətrafı bürüyüb. Sanki xəstəxana rəhbərliyi xəstələrin narahatçılığı üçün əlindən gələn hər şeyi edir". Məlumat üçün bildirək ki, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasında əsaslı təmir işlərinə başlanılması, tibbi avadanlıq və inventarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılması barədə prezident sərəncam imzalamışdı. Bu sərəncamdan sonra xəstəxanada təmir işləri aparılıb, avadınlıqlar alınıb. Bəs, 5 milyon manata başa gələn xəstəxanada dövlətin qurdurduğu lift vətəndaşların üzünə niyə bağlanıb? Liftdən xəstələr və vətəndaşlar istifadə etməyəcəkdisə, bu qədər vəsaiti xərcləyib onları quraşdırmağın mənası nə idi? Bəlkə prezident xəstəxana rəhbərliyinin rahatlığını təmin etmək və həyat komfortunu yüksəltmək üçün ayırıb bu 5 milyon manatı? Yenidən qurulmasına 5 milyon manat xərclənmiş xəstəxanada niyə su vaxtlı-vaxtında tapılmır, saatlarla verilir? Redaksiyamıza daxil olan məlumatlarla bağlı 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının mövqeyini öyrənməyə çalışdıq. Amma bütün cəhdlərimiz nəticəsiz qaldı. Ya telefona cavab verən olmadı, ya da suallara cavab verəcək adamın işdə olmadığını dedilər. Beləliklə, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının rəhbərliyinə ünvanlamalı olduğumuz suallar açıq qalır. Ümid edirik ki, xəstəxananın baş həkimi Nazim Hüseynquliyev tezliklə bu suallara cavab vermək zəhmətinə qatlaşacaq...

17 İyun 2016 1:04

4 saylı Vərəm Əleyhinə Dispanserdə nə baş verir? – ŞİKAYƏT VAR

Ölkəmizdə bəzi şəxslərin eyni zamanda bir neçə vəzifə daşıması tez-tez tənqid edilir və bu barədə sərt təpkilər ortaya qoyulur. Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisin deputatı Zahid Oruc qeyd olunan məsələ haqda iradlarını dilə gətirmişdi: «Bir nazirin kafedra müdiri olması da düzgün deyil. Bu millət vəkillərinə də aiddir. Qoy Milli Məclis üzvlərindən başlayıb məmurlara qədər bu ixtisar prosesi davam etsin. Mən hesablamışam ki, bir neçə vəzifə daşıyanlar ixtisara salınsa, bununla ən azı 1000 boş vəzifə yeri yaranmış olar». Deputatın qabartdığı bu məqam günümüzün ən aktual problemlərindən biri hesab edilir. Axı bir nəfərin eyni zamanda 3, hətta 4 vəzifəni tutması nə dərəcədə məntiqə uyğundur? Bu adam gərək 4 yerə parçalansın ki, bu da mümkün olan iş deyil. Gundelik-baku.com-un araşdırmaları nəticəsində məlum olub ki, Milli Məclisin deputatı Sədaqət Vəliyeva da eyni anda 3 vəzifədə təmsil olunur. Belə ki, o həm deputatdır, həm YAP-ın Nizami rayon təşkilatının sədridir, həm də Sabunçuda yerləşən 4 saylı Vərəm Dispanserinin baş həkimidir. Məlumat üçün deyək ki, Vəliyeva Sədaqət Süleyman qızı 1954-cü il dekabrın 23-də Naxçıvan şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1978-ci ildə institutu bitirib. Əmək fəaliyyətinə döş qəfəsi cərrahiyyəsi xəstəxanasında tibb bacısı işləyərək başlayıb. 1980-ci ildən isə Suraxanı 6 saylı Vərəm Xəstəxanasında həkim-ftiziatr işləməyə başlayıb. 1984-cü ildə isə 6 saylı Vərəm Xəstəxanasında baş həkimi 1985-ci ilədək əvəzləyib. 1985-ci ildən 1995-ci ilədək Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1995-1996-cı illərdə Suraxanı rayon səhiyyə şöbəsinin müdiri işləyib. 1997-2002-ci illərdə yenidən Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2002-ci ildən 2006-cı ilədək Sabunçu rayon səhiyyə şöbəsinə rəhbərlik edib. 2006-cı ildə Sabunçu rayon 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi vəzifəsinə təyin edilib, hazırda bu vəzifədə çalışır. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, 2008-ci ildən Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədridir. 2010-cu ildə keçirilən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı 25 saylı Nizami ikinci seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Araşdırmalarımız göstərir ki, Sədaqət Vəliyeva tutduğu 3 vəzifənin heç birində özünü doğrulda bilmir. Məsələn, onun baş həkimi olduğu 4 saylı Vərəm Əleyhinə Dispanserdə rüşvət açıq şəkildə tüğyan etməkdədir. Etibarlı mənbənin sözlərinə görə, dispanserdə xəstələrdən hər addımbaşı pul tələb olunur: «Xəstələr buna etiraz etsələr də, tələblər dəyişmir. Üstəlik, onlardan başqa məqsədlər üçün də pul istənilir ki, bu da ciddi narazılığa səbəb olub. 4 saylı Vərəm Əleyhinə Dispanserdə müalicə alanlara ümumiyyətlə, yemək verilmir və onlara ərzaq evlərindən gətirilir. Halbuki dövlət hər il vərəm xəstəliyindən əziyyət çəkənlərin müalicəsi üçün milyonlarla manat vəsait ayırır. Həmin vəsaitin böyük bir qismi isə dərman preparatlarının və qida məhsullarının alınması üçün nəzərdə tutulub. Ağır xəstəlikdən əziyyət çəkmələrinə baxmayaraq, səhiyyə ocağında çalışan həkim və tibb bacıları demək olar ki, xəstələri nəzarətsiz qoyurlar, onlara vurulacaq iynə və dərmanları xəstə yaxınlarına aldırırlar. Əgər xəstə yaxınlarının həmin dərmanları almağa maddi imkanları çatmırsa, o zaman həmin xəstələrə iynələr vurulmur və qeyd edilir ki, dispanserdə hazırda dərman preparatları yoxdur. Sədaqət Vəliyeva işdə demək olar ki, tapılmır. O ya məzuniyyətdə olur, ya da başqa işlərini bəhanə gətirərək dispanserə gəlmir. Bütün işləri müavinlərinə və şöbə müdirlərinə tapşırıb. Müavinlər və şöbə müdirləri hər ay baş həkimin payını çatdırırlar. Artıq 10 ildir ki, dispanserə rəhbərlik edən Sədaqət xanımın dəyişdirilməsinin vaxtı çoxdan çatıb. Bu xanım baş həkim kimi ona tapşırılan işlərin öhdəsindən uğurla gələ bilmir. Xəstələrdən müxtəlif ad altında pul istənməsi səngimir». Qeyd etdiyimiz kimi Azərbaycanda vərəm xəstələrinin müalicəsi tamamilə dövlətin hesabına həyata keçirilir. Xəstəliyin formasından asılı olmayaraq, müalicəyə sərf olunan dərmanlar da dövlət tərəfindən verilir. Dərmana davamlı formaların müalicəsi üçün xüsusi proqram hazırlanıb və həmin sənəd müvəffəqiyyətlə reallaşdırılır. Dövlət hər bir vərəmli xəstənin müalicəsi məqsədilə ildə təxminən 50 min manat vəsait ayırır. Əfsuslar olsun ki, Sədaqət Vəliyevanın rəhbərlik etdiyi 4 saylı Vərəm Əleyhinə Dispanserdə xəstələr dövlət qayğısını hiss etmirlər. Rüşvətin tüğyan etdiyi dispanserin rəhbərliyi özünü Dövlət Neft Şirkətinin başında duran şəxslərdən birinin qohumu kimi təqdim edərək özbaşına əməllər törədir. Biz isə hesab edirik ki, Sədaqət Vəliyeva Milli Məclisdə təmsil olunduğu üçün digər iki vəzifəsini- baş həkim və Nizami YAP-ın sədri postunu könüllü olaraq tərk etməlidir. Çünki bu vəzifələrə layiq olan yüzlərlə, minlərlə savadlı və gənc kadrlarımız var. Onlara yol açmaq lazımdır, Sədaqət xanım. 3 vəzifə tutursunuz, deyin görək bunların hansı birində uğur qazana bilmisiniz? Əlbəttə ki, heç birində. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.

15 İyun 2016 2:41

Tibb mərkəzləri talançılıq edir – ARAŞDIRMA

“Nəvəmin ayağında problem var idi. Tanışlar Çingiz Quliyev adlı bir həkimi məsləhət gördülər. O, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında işləyir. Klinikanın Tibb Universitetinin nəzdində olduğunu nəzərə alıb, qiymətlərin də münasib olacağını düşündük. Ancaq təkcə həkimin qəbulu üçün 45 manat ödəniş etdik. Bir çox özəl klinikalarda belə həkim qəbulu belə baha deyil”.   Publika.az-a danışan Laləzar Səfərovanın sözlərinə görə, klinikada yalnız həkim qəbulu deyil, analizlərin də qiyməti yüksəkdir.   Təkcə Laləzar xanım deyil, son vaxtlar bu klinikanın xidmətindən istifadə edən bir çox şəxs qiymətlərlə bağlı narazılıq edir. Bu ilin mart ayında 5 yaşlı Ömər Fətəliyev adi mədə ağrısı ilə bir neçə xəstəxanada müalicə olunandan sonra bu klinikada dünyasını dəyişmişdi. Atası Famil Fətəliyev saytımıza açıqlamasında iki gün həmin klinikada qalmalarına görə, 1750 manat ödəniş etdiklərini bildirmişdi. Düzdür, ailəni bu vəsait yox, övladlarının ölümü üzürdü. Amma iki günə bu qədər vəsaitin nə üçün xərclənməsi də müəyyən suallara səbəb oldu. Klinika rəhbərliyi o zaman bunu təsərrüfat hesablı olmaları ilə əlaqələndirmişdi.   Bu faktlardan çıxış edərək, ölkədəki klinikalarda qiymətlərin bu qədər fərqli olmasının səbəblərini araşdırdıq. Özəl klinikalarda qiymətlərin yüksək olması bazar iqtisadiyyatın tələbləri ilə əsaslandırılır. Bəs SSRİ dövründən qalan təsərrüfat hesablı xəstəxanalar və ya Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə və Tədris Terapevtik Klinikalarında qiymətlər hansı əsasla müəyyən edilir?   Vətəndaşların sözlərinə görə, bu klinikalar və xəstəxanalarda bəzən analiz qiymətləri özəl klinikaların bir çoxundan baha olur. Bütün klinikalarda analiz üçün reaktorlar təxminən eyni ölkələrdən gətirilir. Bəs onda nə üçün bir klinikada 15 manat olan analiz, onun yaxınlığındakı digər klinikada 40-50 manat olur?   Bazar iqtisadiyyatı və digər səbəblər anlaşılan olsa da, özəl və ya təsərrüfat hesablı olmasından asılı olmayaraq klinikalar arasında bir analizin qiymətində dəfələrlə fərq olmasının səbəbi nədir?   Bu suala həm klinika rəhbərləri, həm də ekspertlərdən cavab öyrənməyə çalışdıq.   Qiymətlər arasında 5 dəfə fərqli ola bilməz   Tibb eksperti Adil Qeybulla Publika.az-a açıqlamasında özəl xəstəxanaların tibb təyinatlı kommersiya müəssisələri olduğunu bildirib. Onun sözlərinə görə, qiymətlər bazar iqtisadiyyatının şərtləri əsasında müəyyənləşir və azad rəqabət onu tənzimləyir: "Azərbaycan Tibb Universiteti nəzdindəki Cərrahiyyə və Terapiya Klinikalarına gəlincə, onlar öz-özünü dolandıran müəssisələrdir. Bu klinikalar Səhiyyə Nazirliyindən maliyyələşmədiyinə görə, kommersiya müəssisəsi kimi fəaliyyət göstərir. Bu idarə xəstəxanası kimidir. Bütün mülkü vətəndaşlar bu klinikanın xidmətlərindən ödəniş edərək yararlana bilərlər. Bu klinikalardakı qiymətlərlə bağlı narazılığa gəlincə, əgər hər hansı qiymətin kökündə real xidmət dayanmırsa, qiymətə uyğun prosedurlar aparılmırsa, bunu araşdırmaq üçün vətəndaşın müraciət etməsi qanunvericiliyə uyğundur”.   Ekspert hesab edir ki, Azərbaycan Tibb Universitetinin klinikaları da digər özəl klinikaların meyarları ilə işləyir. Burada hər hansı fərqli qiymət olacaqsa, xəstələr ora üz tutmayacaq: “Bildiyimə görə, həmin klinikalarda xəstə sıxlığı müşahidə edilmir. Rəhbərlik də bunu nəzərə alaraq addımlar atmalıdır. Çünki hansı klinikalar vətəndaş üçün bahalı və əlçatmazdırsa, ora müraciətlər azalacaq. Nəzərə alsaq ki, Azərbaycana xarici ölkələrdən mütəxəssislər gəlir, Bakının ən ucqar xəstəxanasında Avropa təhsil almış həkimlərin çalışdığını müşahidə etmək olar. Hesab edirəm ki, xəstələrin seçim imkanı tədricən artacaq, klinikalar özləri rəqabət şərtlərini qəbul etməyə, qiymətləri endirməyə maraqlı olacaq. Çünki hər hansı analizi aparmaq üçün lazım olan reaktorlar bütün klinikalar təxminən eyni ölkələrdən gətirilir. Hər hansı analiz və ya aparatdan keçmək üçün qiymətlərin bu qədər fərqli olması mümkün deyil. Qiymətlər müəyyən faizlə fərqlənə bilər. Bu da müəyyən kommersiya şərtləri ilə bağlıdır. Qiymətlər arasında 5 dəfə fərq ola bilməz. Fərqin yarım dəfə, 20% olması realdır. Əlbəttə, bu gün artırılmış, şişirdilmiş qiymətlərə rast gəlmək mümkündür. Dərmanlarla bağlı Tarif Şurasının müdaxiləsi məhz bununla bağlıdır. Hesab edirəm ki, belə narazılıqlar artsa, nazirlik və müvafiq qurumlar tərəfindən məsələyə müdaxilə edilə bilər. Təəssüf ki, hazırda bu məsələlər hər hansı orqan tərəfindən tənzimlənmir”.   Bazarda olan qiymət nəzərə alınır   ATU Cərrahiyyə Klinikasının baş həkimi Asiman Balakişiyev Publika.az-a açıqlamasında klinikada qiymətlərin bazara və maya dəyərinə uyğun müəyyən edildiyini deyib: “Bizim klinika dövlətə bağlı təsərrüfat hesablı olduğundan, qiymətləri ucuz tutmaq məcburiyyətindəyik. Klinikamızda qiymətləri müəyyən edəndə xidmətin başa gəlməsi, həkimin maaşı, bazarda olan qiymət nəzərə alınır. Ölkəmizdə dövlətə bağlı bir çox klinikalar var ki, onların da qiymətləri də nəzərə alınır. Klinikamızda qiymətlər görülən işin həcminə görə çox uyğundur. Yeni tip müalicə tətbiq edəndə, laporoskopik, endoskopik, protez əməliyyatlarında qiymət yüksək ola bilər. Hesab edirik ki, bu normaldır. Çünki həmin müalicə və əməliyyatlar üçün lazım olan avadanlıqlar xaricdən gətirilir. Devalivasiyadan sonra xaricdən gətirilən məhsulların qiyməti yüksəldi, bizim klinikada da qiymət artımı bununla bağlı ola bilər. Adi xidmət qiymətləri isə ucuzdur”.   Baş həkim xəstələrin qəbulunun 50 manat civarında olması fikri ilə razılaşmasa da, analiz qiymətlərinin digər klinikalardan baha olmasının səbəblərini açıqladı: “Klinikamızda bütün növ cərrahi əməliyyatlar digər klinikalardan daha ucuzdur. Əməliyyat olunan xəstələrin bütün xidmətləri və həkim müayinəsi pulsuzdur. Bizdə həkim qəbulu 20-25 manat olur. Analizlərin qiymətinin yüksək olmasına gəldikdə, bunun səbəbi bizdə analizlərin daha keyfiyyətli olmasıdır. Azərbaycanda bir çox klinikalarda analizlər standartlara uyğun deyil. Onlar yarımavtomat cihazlarla aparılır. Bu cihazlarda müxtəlif ölkələrin istehsalı olan reaktivlərdən istifadə etmək mümkündür. Həmin cihazlar xarici ölkələrdə yalnız ekspress laboratoriyalarda qurulur. Belə avadanlıqla əldə olunan nəticələr dünyada qəbul olunmur. Bizdə isə robot cihazlardır. Burada insan əməyi yoxdur, bu cihazlar üçün yalnız öz istehsalı olan reaktivdən istifadə etmək mümkündür. Bu mənada iki cihaz arasında həm nəticə, həm də maya dəyəri ilə bağlı ciddi fərq var. Buna baxmayaraq biz klinikamızda analiz qiyməti yarımavtomatlardan da ucuzdur. Səhiyyə Nazirliyi və Tarif Şurasından dərmanların qiymət siyasəti ilə bağlı ciddi addımlar atılıb. Yəqin ki, dərmanlarda olduğu kimi xidmətlərdə də vahid qiymət siyasəti tətbiq ediləcək”.   Zəhmət haqqı, işıq, qaz pulu…   Klinikanın 2012-ci ildən təsərrüfat hesablı olduğunu deyən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru Surxay Musayev qiymət siyasətinin necə müəyyən olunmasına da aydınlıq gətirdi: “Nazirlər Kabinetinin 2010-cu il sərəncamına əsasən Terapevtik Klinika özünü maliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir. 2011-ci ildə dövlət müəssisəsi kimi fəaliyyət göstərmişik, özünü maliyyələşdirmə 2012-ci ilin mart ayından həyata keçirilib. O zamandan təsərrüfat hesablı müəssisə kimi işləyirik. Qiyməti müəyyən edərkən Mərkəzi Neftçilər Xəstəxanası, Mərkəzi Klinik Xəstəxana, Gömrük Hospitalında qiymətləri öyrəndik. Bu qiymətləri öyrənəndən sonra laborator analizlər üçün qiymət müəyyən edəndə aldığımız reaktivlərin qiyməti, zəhmət haqqı, işıq, qaz pulu ilə yanaşı klinikanın müəyyən gəlir əldə etməsi də nəzərə alınıb. Bu qiymətlər Azərbaycan  Tibb Universitetinin elmi şurasında təsdiq edildi. Bu günə qədər də professor-müəllim heyətinin qəbul qiymətlərində dəyişiklik etməmişik. Devalivasiyadan sonra müəyyən müddət qiymətləri sabit saxladıq, sonra mümkün olmadığını görüb bir sıra analizlərdə yüngül dəyişiklik etdik. Çünki onların hamısını xaricdə avro və dollarla alırıq”.   Qiymətlərin yüksək olması ilə bağlı fikirlərə gəldikdə, S.Musayev bununla razılaşmadığını dedi: “Bizim qiymətləri hər hansı özəl klinika ilə müqayisə edə bilməzlər. Terapevtik Klinikada qiymətlər bir çox özəl klinikalardan aşağıdır. Hər hansı özəl klinikada köhnə Rusiya avadanlığında yarım litlik qablardakı reaktivlərlə analiz əldə edə bilirlərsə, biz bunu etmirik. Bizim avadanlıqlarımız Almaniya, Fransa, Türkiyə, ABŞ istehsalıdır. Analizlərimizin çoxu tam avtomatlaşdırılmış analizatorlardır. Bizim klinikanın analiz cavabları bütün xarici ölkələrdə tanınır”.   Onlar iflas edəcək   Millət vəkili Musa Quliyev hesab edir ki, bu gün özəl klinikalarda qiyməti bazar tənzimləyir. Onun sözlərinə görə, bu klinikalara getmək imkanı olmayanlar dövlət xəstəxanalarına getməlidir: “Qanunvericiliyə görə, dövlət klinikalarında bütün tibbi xidmətlər, o cümlədən dərman, hətta qida təminatı belə pulsuzdur. Özəl müəssisələrə qiymətlərin tənzimlənməsini tətbiq etsək, onlar iflas edəcək”.   Millət vəkili Azərbaycanda özəl tibb sektorunda qiymətlərin baha olduğunu deyir. Lakin o hesab edir ki, belə vəziyyət təkcə bizdə deyil. Onun sözlərinə görə, başqa ölkələrdə də oxşar vəziyyətdir: “Ümumiyyətlə, tibbi xidmət bahalı xidmət olmalıdır. Tibb Universiteti nəzdində fəaliyyət göstərən klinikalar da özəl hesab edilə bilər. Özəl klinikalarda qiymətin yüksək olmasının bir sıra səbəbləri var. Məsələn, bu klinikalarda 3-5 milyon dəyərində avadanlıqlar olur. Onlar da bir neçə ilə köhnəlir və yeni avadanlıqlar alınır. Bundan başqa, bəzi əməliyyatı edə bilən yeganə şəxslər olur ki, onların da öz qiymətləri var. Təsərrüfat, vergi və digər xərcləri üst-üstə toplasaq qiymətlərin yüksək olmasının səbəbini anlaya bilərik”.   M.Quliyev qiymət probleminə son qoymağın əsas yolunun icbari tibbi sığortadan keçdiyini dedi: “Bu problemdən çıxış yolu icbari tibbi sığortanın tətbiqidir. Çünki sığorta xərclərin böyük bir hissəsini qarşılayacaq və vətəndaş bu qədər əziyyət çəkməyəcək. Artıq İcbari Tibbi Sığorta Agentliyi fəaliyyətini gücləndirib. Normativ hüquqi sənədlər hazırdır, bir hissəsi təsdiqini gözləyir. Bu ilin sonunda İcbari Tibbi Sığorta Agentliyi pilot şəklində fəaliyyətə başlayacaq, növbəti ildən icbari tibbi sığortanın tətbiqini müşahidə edəcəyik. Nə qədər ki bu sığorta tətbiq edilməyib, əhalinin özəl müəssisələrdə qiymət problem ilə bağlı şikayətlərini eşidəcəyik. Hesab edirik ki, icbari tibbi sığortanı təcili şəkildə tətbiq etməliyik. Lakin qiymət tənzimlənməsindən danışa bilmərik. Özəl tibb müəssisələrdə qiyməti aşağı salmağın yeganə yolu rəqabət mühitini, bu müəssisələrin sayını artırmaq və dövlət tibb müəssisələrində tibbi xidmət imkanlarını daha da genişləndirməkdir”. Səhiyyə Nazirliyindən isə bildirdilər ki, istər təsərrüfat hesablı müəssisələr, istərsə də Azərbaycan Tibb Universitetinin Klinikaları qiymət siyasətini özləri müəyyən edir. Səhiyyə Nazirliyi nə özəl, nə də təsərrüfat hesablı müəssisələrin qiymət siyasətinə müdaxilə etmir.   Millət vəkili və klinika rəsmilərinin cavablarından bəlli oldu ki, yüksək qiymətin səbəbi keyfiyyətdir. Belə olan halda yalnız pulu olanlar keyfiyyətli tibbi xidmətdən yararlana bilər. Pulu az olanlar daha aşağı keyfiyyətli avadanlıq və reaktivlərin istifadə edildiyi klinikada analiz verməyə, dünyada qəbul olunmayan nəticələr əldə edərək müalicə olunmağa məhkumdur...

13 İyun 2016 7:34

“Bura Azərbaycandır, başqalarından 100 manat, sizinkilərdən 50 manat almışam…” – Azərbaycanda daha bir tibb işçisinin şok rüşvət Videosu

"Bura Azərbaycandır, başqalarından 100 manat, sizinkilərdən 50 manat almışam..." Siyəzən rayon sakini Hüseynov Amil Əhmədxan oğlu redaksiyamıza şikayət ünvanlayıb. Avropa.info xəbər verir ki, A. Hüseynov övladının əməliyyatı üçün M.A. Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində ondan rüşvət tələb olunduğunu söyləyib. Amil Hüseynov övladı Hüseynov Musa Amil oğlunun anadangəlmə ürək qüsuru olduğunu və həkimlərin müayinəsindən sonra ona açıq oval dəliyi diaqnozu qoyulduğunu deyir. O oğlunun əməliyyat olunması üçün M.A. Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə üz tutub. Burada ona əməliyyatın 4000 manata başa gəldiyini deyiblər. Daha sonra Heydər Əliyev fonduna müraciət edən Amil Hüseynovun oğlunu qeydiyyata alıb onun növbəsinin ancaq 8 aydan sonra çatacağını deyiblər. Övladının vəziyyəti ağır olduğu üçün A. Hüseynov bu qədər müddəti gözləyə bilmədiyi üçün başqa dövlət qurumlarına müraciət edib və oğlunu əməliyyat etməyə müvəffəq olub. Amma A. Hüseynovun əsas şikayəti isə həmin xəstəxananın uşaq kardiologiya şöbəsinin baş tibb bacısı Sevil adlı şəxsdəndir. Şikayətçi bildirir ki, əməliyyat pulunun ödənilməsindən əlavə baş tibb bacısı onun ailəsindən əlavə ödəniş tələb edib və körpənin anası da həmin ödənişi edib. A. Hüseynov faktla bağlı dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etsə də heç bir nəticə əldə edə bilməyib. https://youtu.be/8QhYT2uECtM

10 İyun 2016 4:30

Neftçilər xəstəxanasında biarçılıq: ölən gəncin meyitini vermirlər

  Bu gün Mərkəzi Neftçilər Xəstəxanasında ölüm hadisəsi qeydə alınıb. Avropa.info xəbər verir ki, İsmayıllı rayonu Tircan kənd sakini 26 yaşlı Mirzəyev Mirzə Mərdan oğlu böyrək çatışmazlığından dünyasını dəyişib. Bu haqda məlumatı mərhumun əmisi, şair, "Maraqlı məqam" qəzetinin redaktoru Kamran Mirzə verib. O, qardaşı oğlu olan M.Mirzəyevin hələ 2 yaşında ikən böyrək çatışmazlığından əziyyət çəkdiyini bildirib. Elə bu yaşda ikən xəstənin bir böyrəyi sıradan çıxdığı üçün kəsilərək götürülüb. 19 yaşına qədər tək böyrəklə yaşayan Mirzənin artıq ikinci böyrəyində də problemlər yaranmağa başlayıb. 3 il yarım bundan əvvəl isə xəstənin ikinci böyrəyi də tamamilə sıradan çıxıb. Bundan sonra Mirzə əməliyyat olunub və ona anasının böyrəyi köçürülüb. Bu yaxınlarda yenidən böyrəyində problem yaşanan xəstə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. M.Mirzəyev bu gün səhər saatlarında dünyasını dəyişib. Kamran Mirzə qardaşı oğluna anasının böyrəyini köçürmək üçün valideynlərinin 60 minə yaxın pul xərclədiklərini deyib. O, hazırda qardaşı oğlunun meyitini almaq istədiklərini, amma həkimlərin ödəniş edilməsi lazım olduğunu söylədiklərini bildirib. K.Mirzənin sözlərinə görə, mərhumun valideynləri baş həkim Leyla Seyidbəyova ilə də görüşüb, ona əməliyyatın düzgün aparılmadığını deyiblər. Buna baxmayaraq, həkimlər məsuliyyəti öz üzərlərindən atır.

9 İyun 2016 6:21

25 saylı TSEK-də ruhi xəstəni komissiyadan keçirmirlər

Şaib Mahmudov: «Pul vermədiyimiz üçün Elnarə Paşayeva bizi Maştağaya göndərir» Gəncə şəhər 25 saylı Tibbi Sosial Ekspertiza Komissiyasında (TSEk) bibarıçı vəziyyət yaşanır. Komissiyanın sədri Elnarə Paşayeva yalnız komissiya gününə qədər onu «görmüş» şəxsləri qeydiyyatdan keçirib, sənəd verir. Digərlərini isə minbir bəhanə ilə yola salmaqla məşğul olur. Bu barədə Jam-a açıqlama verən Şaib Mahmudov qeyd edir ki, 25 saylı TSEK-in sədri Elnarə Paşayeva onun qardaşı oğlunu da komissiyadan keçirməkdən imtina edib. Onun sözlərinə görə, ruhi xəstə olan qardaşı oğlu Arif Mahmudovu bu gün keçirilən komissiyaya salıb, lakin orada bildiriblər ki, uşağı Maştağadakı Ruhi-Əsəb Dispanserinə aparmalıdırlar. Şaib Mahmudov deyir ki, 25 saylı TSEK-in sədrinin bu hərəkəti tamamlə qanunsuzdur. «Onlar bizdən pul istəyirlər. Bu gün komissiyanın iclasında açıq şəkildə dedim ki, pul vermədiyimiz üçün bizi belə süründürməçiliyə məruz qoymusunuz. Pul verənlərə xəstə olmasalar belə sənəd verirlər. Bizim kimi kasıbları isə qapıdan qovurlar». Gəncə sakini onu da bildirib ki, artıq 4-cü dəfədir komissiyadan keçmək üçün müraciət edirlər. «Lakin hər dəfəsində bir bəhanə gətirirlər. Bu uşaq ruhi xəstədir, buna sənəd vermək niyə çətin olsun ki? Hər şey göz qabağındadır. Bu adamların Allahı yoxdur. Belə zülm edərlər?» Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

7 İyun 2016 5:55

İnsanı “nəvazişlə” öldürən xəstəlik

  Qaraciyərin kəskin və xroniki iltihabı olan hepatit xəstəliyi dünyada ən çox yayılmış xəstəliklərdəndir. Tədricən inkişaf edən hepatit insanda hətta qaraciyər çatışmazlığına, qaraciyər xərcənginə gətirib çıxara bilər. A, B, C, D, E, F, G (axırıncı 3 növə nadir hallarda rast gəlinir) növləri olan hepatiti viruslar törədir. Məişət yolu ilə ötürülən A hepatiti çirkli su və qidaların qəbulu nəticəsində orqanizmə daxil olur. B və D hepatiti virusları qan, sperma və qadın cinsi orqanının ifrazatları ilə ötürülür. A hepatiti adətən xroniki hala keçmir. A hepatitinin praktiki olaraq həmişə kəskin xəstəlik olmasına baxmayaraq, inyeksion narkotik istifadəçiləri üçün ölümlə nəticələnə bilər. Bu xəstəlik əsasən qripəbənzər simptomlarla başlanır. Bu zaman hərarət 38-39° C-yə qədər yüksəlir və 1-3 gün davam edir, başağrısı əmələ gəlir, titrətmə, yuxululuq, iştahanın azalması, ağızda acılıq, ürəkbulanma, qusma, ishal, sağ qabırğaaltı nahiyədə ağırlıq müşahidə olunur, sonra sarılıq inkişaf edir, sidiyin rəngi dəyişərək pivə rəngini alır, nəcis rəngsizləşir, gözün ağı, daha sonra isə dəri saralmağa başlayır. Saralma nadir hallarda 4-6 həftədən uzun çəkir. Xəstəliyin sarılıq əlaməti olmayan formalarına da rast gəlinir. A hepatiti virusu ilə yoluxmanın qarşısını almaq üçün gigiyenaya əməl etmək, yeməkdən qabaq əlləri yumaq, qaynanmamış su içməmək, yuyulmamış meyvə-tərəvəz yeməmək lazımdır. İİV-dən (insanda immunçatışmazlığı virusu) 100 dəfə artıq yoluxucu olan virus Əsasən qan vasitəsilə ötürülən С hepatiti virusunun cinsi yolla ötürülməsi ehtimalı azdır. Ağır xəstəliklərdən olan В, С və D hepatitlərinə yoluxmuş insanların çoxunda xəstəlik xroniki halda keçir. Bu da qaraciyərin sirrozu, yaxud xərçənginə gətirib çıxara bilər. Xəstəliyin kəskin forması belə, bir neçə aydan sonra xroniki hala keçə bilər. Bununla belə, С hepatiti ilə müqayisədə В hepatiti daha az hallarda qaraciyərin inkişaf edən degenerasiyasını (dağılmasını) əmələ gətirən aktiv xroniki hala keçir. D hepatiti virusu insan orqanizmində yalnız В hepatiti virusu olduqda inkişaf edə bilər. Hepatitin ən yoluxucu virusu olan B hepatiti İİV virusundan 100 dəfə artıq yoluxucudur. Statistikaya görə, dünyada inyeksiyon narkotik istifadəçilərinin 70-80%-i В hepatitinə yoluxub. B hepatiti xəstəliyi tədricən başlanır. Xəstəlik süstlük, zəiflik, tez yorulma, başağrısı, yuxunun pozulması əlamətləri ilə ortaya çıxır. Xəstələrin 25%-də səhər vaxtı oynaqlarda və qaraciyərdə ağrılar, 10%-də isə dəridə gicişmə, qaşınma, iştahanın azalması, ürəkbulanma, qusma müşahidə olunur. Sarılıq müddətinin sonunda sidik tündləşir, nəcis ağarır, dişin ətləri (dişin dibləri) qanayır, burundan qan gəlir. D hepatitinə yalnız orqanizmdə В hepatiti virusu olan halda yoluxmaq olar. D hepatitinin aktivləşməsi üçün В hepatitinin qişası mövcud olmalıdır. Bunların birgə olması isə çох təhlükəlidir. Çünki bu vəziyyət qaraciyərin qaçılmaz dağılmasına gətirib çıxarır. "Nəvazişli öldürücü" С hepatitinin ötürülmə yolu qanla olduğundan bu hepatit növü inyeksiyon narkotik istifadəçiləri arasında geniş yayılıb. С Hepatitinin virusuna inyeksiyon narkotik istifadəçilərinin çoxu yoluxmuş olur. Bundan əlavə, С hepatiti virusu cinsi yolla və anadan uşağa hamiləlik və doğuş zamanı ötürülə bilər, lakin ötürülmə riski bu hallarda о qədər də yüksək deyil, yəni 5%-ə qədərdir. С hepatitinə yoluxanların 60-70%-də xəstəlik aydın simptomsuz keçdiyinə görə bu hepatiti "nəvazişli öldürücü" adlandırırlar. С hepatiti virusu öz inkubasiya (aktiv çoxalma) dövründə bir neçə dəfə öz strukturunu dəyişmə qabiliyyətinə malik olduğuna görə insanın immun sistemi onu aşkarlamağa imkan vermir. Beləliklə, virus insan orqanizminə özünü müdafiə etməyə imkan vermir və qaraciyərin hüceyrələrini parçalayır. Özünün uzun müddət (3-6 ay) "gizli" keçməsinə görə virus 80% hallarda xroniki hepatitə gətirib çıxarır. Kəskin С hepatiti, adətən, heç bir klinik simptomla özünü büruzə vermir, bu da onun vaxtında diaqnostikasını çətinləşdirir. Əksər hallarda kəskin hepatitlər xroniki formaya keçir və yenə də heç bir kəskin, gözəçarpan əlamətlərlə özünü büruzə vermir. Hepatit С simptomları qaraciyər sirrozuna və hepatoselyulyar karsinomaya (qaraciyər xərçəngi) xas əlamətlərlə xəstəliyin son mərhələsində üzə çıxır. 20 ilə qədər yaşaya bilən virus Hepatit viruslarına yoluxmanın qarşısını almaq üçün bir necə qaydaya əməl etmək lazımdır. Bunun üçün mütləq tualetə getdikdən sonra, yeməkdən və yemək hazırlamazdan əvvəl əlləri yumaq, başqasının üzqırxan cihazından, yaxud diş fırçasından istifadə etməmək (hepatitə yoluxmaq üçün dərinin kəsilməsindən yaranan azacıq qan, yaxud dişin dibinin azacıq qanaması kifayətdir), narkotik maddələr qəbul etməmək (əgər qəbul edilirsə, yaxşı olardı ki, iynədən istifadə edilməsin, yəni inyeksion yolla qəbul edilməsin. Əgər qeyri-inyeksion narkotik maddələrə keçmək mümkün deyilsə, onda ancaq steril şprisdən istifadə etmək lazımdır) lazımdır. A hepatiti virusu qaynatma zamanı 5 dəqiqədən sonra məhv olur, otaq temperaturunda quru mühitdə 1 həftə, suda 3-10 ay qala bilər. В və С virusları şprisdə bir neçə həftə, otaq temperaturunda 3 ay, soyuducuda 6 il, donmuş halda 20 ilə qədər yaşayır. Bu viruslar praktiki olaraq, bütün dezinfeksiyaedici vasitələrə qarşı dözümlüdür. Qaynatma ancaq 30 dəqiqədən çox davam etdirildikdən sonra virusları məhv edir. Təəssüf ki, hazırda ancaq А, В (bunlara birlikdə D) hepatitinə qarşı vaksin mövcuddur. Peyvənd ən azı 3 dəfə vurulmalıdır. Birinci peyvənddən 1 ay sonra ikinci peyvənd (təkrar peyvənd), birinci peyvənddən 6 ay sonra üçüncu peyvənd vurulmalıdır. 5 ildən sonra revaksinasiya (təkrar peyvənd) aparılmalıdır. С hepatitinə qarşı isə vaksin yoxdur. Hepatitlər, xususilə də С hepatiti elm tərəfindən son zamanlar aşkarlanıb. Bu xəstəliklərin müalicəsi məqsədilə əsasən interferon və ribavirin preparatların kombinasiyasından istifadə olunur. Effekt əldə etmək üçün 24-48 həftə müddəti ərzində fasiləsiz müalicə aparılmalıdır. Müalicə həkim-mütəxəssisin təyinatı ilə aparılmalıdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, xroniki hepatitlərin müalicəsi çox mürəkkəb və bahalıdır, lakin virus hepatitis daşıyıcıları sağlam həyat tərzi keçirərlərsə, öz sağlamlıqlarını virus əleyhinə müalicəsiz də qoruya bilərlər. Xəstəliyin inkişafını və qaraciyərin vəziyyətini müşahidə etməklə yanaşı, bütün səyləri qaraciyərə düşən əlavə yükün, о cümlədən fıziki yükün aradan qaldırılmasına yönəltmək lazımdır. Çoxlu su için! Aydındır ki, su insanları С hepatitindən xilas etmir, lakin bu, qaraciyəri "yumaq" üçün nisbətən yüngül üsuldur. Alkoqollu içkilərin qəbulu qaraciyərin sirrozunun inkişaf etməsi riskini yaradır, ona görə də alkoqol qəbulundan imtina etmək, heç olmasa, qəbul edilən spirtli içkiləri məhdudlaşdırmaq lazımdır. Çalışmaq lazımdır ki, dietik, balanslaşdırılmış yeməkdən istifadə edilsin. Pendir, şoraba və bəzi yarımfabrikatlar, tərkibində çox duz, şəkər, yaxud yağ olan qida məhsulları, həmçinin balıq qaraciyərə düşən yükü artıra bilər və ona görə də bu məhsulların istifadəsi azaldılmalı və ya dayandırılmalıdır.

1 İyun 2016 10:19

Azərbaycanda qadınların 2-10 faizi siqaret çəkir –Səhiyyə Nazirliyi

  Azərbaycanda kişilərin 40-60 faizi, qadınların isə 2-10 faizi siqaret çəkir. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri institutunun direktor müavini İradə Axundova jurnalistlərə açıqlamasında deyib ki, bu vərdiş 20 yaşından 60 yaşına kimi insanlar arasında daha geniş yayılıb. Bu vaxtın daha aktiv, işlək yaş dövrü olduğunu deyən İ.Axundova qeyd edib ki, tütün çəkmə insanlarda xroniki xəstəliklər yaradır və onlar çətin sağalır: “Tütün son zamanlar sağalmayan xərçəng kimi xəstəliklərin yaranmasına səbəb olur. Bunun nəticəsində insanlar sağlamlığını, iş fəaliyyətini itirir, əlilliyə məruz qalır, həyatlarını itirir. Bir statistik fakt da var ki, siqaret çəkən insanların 90 faizdən çoxu buna məktəb yaşından başlayır. Azərbaycanda da yeniyetmələr, uşaqlar arasında tütün çəkmə halları var”. İ.Axundova qeyd edib ki, Azərbaycanda ölüm göstəricisinin 82%-i tütün çəkmə ilə əlaqədardır. Onun sözlərinə görə, siqaret istifadəsi 25-dən çox ciddi xəstəliyin yaranmasına səbəb olur: “Siqaret çəkən analarda hamiləlik zamanı uşaq orqanizminə qan vasitəsilə ona mənfi təsir edən nikotin daxil olur ki, bu da onun inkişafına mənfi təsir edir. Həmin uşağın əsasən baş beyni və qara ciyəri zərər çəkir. Siqaret çəkən qadınlar arasında anadangəlmə uşaq patologiyalarına 2 faizdən çox rast gəlinir”.

31 May 2016 1:45

“Zika” Azərbaycan üçün təhlükəlidirmi?

  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qızdırma və xəstəliyə səbəb olan "Zika" virusunun yayılma təhlükəsi haqda xəbərdarlıq edib. Bu virus Qara dəniz sahillərində, Rusiyada, Gürcüstanda, tanınmamış Abxaziya Respublikasında və bir sıra Avropa ölkələrində, ilk növbədə isə Balkan yarımadasında ağcaqanad vasitəsilə yayılır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, "Zika" virusuna yoluxmuş yüksəkriskli bölgələr Qara dəniz sahilində yerləşən Rusiyanın Krasnodar diyarı, Abxaziya da daxil olmaqla, Gürcüstan və Portuqaliyanın Atlantik okeanda yerləşən Madeyra adasıdır. Nisbətən az yayıldığı ərazilər isə Balkan yarımadası və Türkiyədir. Virus adıçəkilən bölgələrdə yaşayan "Aedes" ağcaqanadları vasitəsilə yayılır. Virus "Aedes aegypti" növündən olan ağcaqanadlar vasitəsilə yayılır. Xəstəlik bu qədər yaxınlığımıza gəlmişkən, Respublikada vəziyyət necədir? Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova Publika.az-a bildirib ki, bu virusun Azərbaycanda yayılması ilə bağlı heç bir təhlükə yoxdur. “Bu xəstəlik Qara dəniz bölgəsi üçün xarakterikdir. Bu virusu yayan ağcaqanaq da həmin bölgədə yayılıb. Xəstəliyin xarici vətəndaşlar tərəfindən ölkəmizdə gətirilməsinə gəldikdə, belə bir fakt hazırda yoxdur. Əgər belə hal müşahidə edilərsə, ona qarşı da tədbirlər görüləcək. Xəstəliyin insandan-insana keçmə təhlükəsi yoxdur. Bu əsasən, hamilə qadınlar üçün təhlükəlidir. Azərbaycanda isə belə ağcaqanadlar yoxdur. Yəni xəstə insan ölkəmizə gəlsə belə, onun yayılması ehtimalı yoxdur”. R.İsmayılova bildirib ki, Respublika Taun Əleyhinə Stansiyada laboratoriya tam hazır vəziyyətə gətirilib. Xəstəliyin müayinəsi üçün bütün hazırlıqlar görülüb. Qeyd edək ki, xəstəlik doğulmamış – ana bətnindəki uşaqlar üçün dəhşətli dərəcədə təhlükəlidir. Virus sayəsində mikrosefaliya baş verir, yəni dölün beyni və kəlləsində balacalaşma gedir, bu da əqli geriləməyə səbəb olur. "Zika" virusu ilk dəfə Şərqi Afrikada, Uqandada 1947-ci ildə meymunlarda aşkar edilib. Xəstəliyin insana yoluxması faktı da elə Şərqi Afrikada, Nigeriyada 1954-cü ildə qeydə alınıb.Onilliklər ərzində virus Afrika və Asiya ölkələrində, daha sonra Sakit Okean adalarında dövr etsə də, təlaş yaratmayıb.

24 May 2016 7:34

Baş həkim içib, pilləkənlərdən yıxıldı-SALYANDA

Hüseynağa Həsənov başına gələnlərdən dolayı tibbi yardım alıb və bir müddət həkim müşahidəsi altında saxlanılıb Salyan Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov barəsində bir müddət əvvəl məlumat vermişdik. Bildirmişdik ki, sözügedən şəxs işdə yol verdiyi ciddi nöqsanlardan dolayı rayon rəhbərliyi tərəfindən tənbeh olunduğundan, vəziyyətdən çıxmaq üçün orjinal vasitəyə əl atıb. JAM.AZ-a verilən məlumatlarda vurğulanırdı ki, Həsənov Azərbaycan Silahlı Qüvvələrinə yardım məqsədiylə 5 ədəd «NİVA» markalı maşın alaraq, hədiyyə etməyi planlaşdırıb. Ki, buna görə, onu işdən çıxarmasınlar. Həmin məlumatlara görə, Salyanın baş həkimi avtomobillərin pulunu heç də cibindən qoymaq fikrində deyil. Əksinə, o, Mərkəzi Xəstəxananın işçilərindən mütəmadi olaraq pul toplatdırır. Bundan başqa, onun bir sıra yeyintilərə yol verdiyi, hətta Şirvan şəhərinə, yaşadığı evinə ambulansla gedib-gəldiyi də verilən məlumatlar sırasındaydı. JAM.AZ-a daxil olan yeni məlumatlarda isə vurğulanır ki, Hüseynağa Həsənov təkcə həkim fəaliyyəti ilə məşğul olmur. Həmçinin rayonda yeyib-içməsi ilə də ad çıxarıb. Belə ki, o, mütəmadi olaraq spirtli içkilər qəbul etməklə, günü başa vurmağa üstünlük verir. Hətta o da deyilir ki, baş həkim günortadan sonra yeyib-içməyə başını qatır, günortaya qədər isə «poxmel» gəzir. Elə bu səbəbdəndir ki, bir neçə gün qabaq Hüseynağa Həsənov yeyib-içməyinin bəlasını çəkib. Məlumatlara görə, baş həkim içkili vəziyyətdə işdən çıxarkən pilləkənlərdən yıxılıb. Nəticədə, müxtəlif bədən xəsarətləri alan baş həkim Salyan Xəstəxanasında ilkin tibbi yardım alıb. Daha sonra isə həkim müşahidəsi altında saxlanılıb. Bir qədər sonra evə buraxılıb. Qarşı tərəfi də dinləməyə hazırıq.

24 May 2016 5:48

Azərbaycanda elektron resept sistemi tətbiq ediləcək

  “Gələn ildən ölkədə sığorta təbabətinin tətbiqinə başlanılacaq. Sığorta təbabəti tətbiq olunandan sonra qarşıda duran əsas məsələlərdən biri reseptlərin elektron qaydada yazılmasıdır”. APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, tibb müəssisələrinin komputerlərlə, informasiya texnologiyaları avadanlıqları ilə tam təchizatı istənilən səviyyədə deyil. Nazir müavini bildirib ki, 2007-ci ildən tətbiq edilən vətəndaşların elektron sağlamlıq kartı sistemindən bu gün 600-dən artıq tibb müəssisəsi istifadə edir: “Bu da 2 milyon Azərbaycan vətəndaşını əhatə edir ki, bunun da 1 milyonu uşaq əhalisidir. Bu illər ərzində yeni doğulan uşaqların hamısı elektron sağlamlıq kartı ilə təmin olunur. Onların xəstəlikləri, müalicəsi ilə əlaqədar bütün məlumatlar sağlamlıq kartında öz əksini tapır. Digər tərəfdən stasionar şəraitdə müalicə alan bütün xəstələrin xəstəlik vərəqələrində olan bütün məlumatlar elektron bazaya yönəldilir”. E. Ağayev qeyd edib ki, doğumla, sürücülük vəsiqəsi ilə bağlı arayışlar və şəhadətnamələr onlayn qaydada aidiyyəti qurumlara göndərilir. Nazir müavini onu da qeyd edib ki, təxminən 20 dövlət xəstəxanası, Azərbaycan Tibb Universitetinin klinikaları, özəl klinikalar vahid informasiya mərkəzi sisteminə qoşulub: “Təcili tibbi yardım xidməti da vahid informasiya mərkəzinə qoşulub. Tibbi briqadaların xəstələrə yaxınlaşma müddəti çox qısalıb. Artıq tibbi briqadalar xəstələrə 10-15 dəqiqə müddətində yaxınlaşa bilirlər”.

24 May 2016 2:41

Ucuz müalicə üçün İrana gedən azərbaycanlıların xoşagəlməz AQİBƏTİ

Hər il minlərlə azərbaycanlı müalicə və müayinə olunmaq üçün xarici ölkələrə, xüsusilə də İran İslam Respublikasına üz tutur. Ekspertlər hesab edir ki, vətəndaşların bu ölkə səhiyyəsinə müraciətinin əsas səbəbi maliyyə ilə bağlıdır. Belə ki, İranda tətbiq edilən səhiyyə xidmətləri Azərbaycanla müqayisədə xeyli ucuz idi. Amma İran səhiyyəsində artıq xaricilər üçün müayinə və mülaicə xərcləri artırılıb. Həmçinin son zamanlar İrana müalicəyə gedən həmvətənlərimiz arasında müsbət nəticə əldə etmədən geri qayıdanlar artıb. Hətta ölüm halları da çoxalıb. 10 aylıq azərbaycanlı Qorqud Dadaşzadənin Təbriz şəhərində yerləşən "Kudəkan" (“Uşaqlar”) xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişməsi və meyitin ailəsinə verilməsilə bağlı problemlər günlərcə mətbuatda müzakirə olunmuşdu. Həkim, professor Adil Qeybulla Modern.az-a açıqlamaşında qeyd edib ki, İranda səhiyyə müəyyən səviyyədə inkişaf edib. O qeyd edib ki, İranlı həkimlərin böyük əksəriyyəti Qərbdə, Amerikada təhsil almış həkimlərdir. “Orada “səhiyyə aşağı səviyyədədir” demək olmaz. Sadəcə, bizim insanlar periferiyalara gedir. Orada isə ola bilsin ki, avadanlıq, mütəxəssis sarıdan problem ola bilər. Tehranın özündə yüksək səviyyəli klinikalar çoxdur. Bizim camaatın ora axını ucuz müalicə üçün idi və müəyyən miflər də var idi. Məsələn, “xəstəyə bir tabletka yazıldı, düzəldi” və s. Bu cür miflər də kütləvi axında rol oynadı. Amma əvvəldən də demişdim ki, müəyyən perioddan sonra özləri hiss edəcəklər ki, vəziyyət necədir. İranda səhiyyə xərcləri artıb, kənar şəxslər üçün müalicə ucuz başa gəlmir, bəzən Azərbaycanda olan məbləğdən də baha olur. Bəzən eyni kompitent müalicə üsullarının şahidi oluruq, əməliyyatların yarımçıq olması, müəyyən qaydalara cavab verməməsi halı ilə rastlaşırıq. Bütün bunlar hamısı müəyyən situasiyanı gərginləşdirir və insanlar onun fərqindədirlər”. İranda müalicə və əməliyyat zamanı ölüm halları və ya ağırlaşmaların da olduğunu deyən A.Qeybulla xəstə yaxınlarının xərcərin müəyyən qismini geri istəməsi zamanı problemlərlə qarşılaşdıqlarını bildirib. “Ölüm halları əvvəllər də var idi. Bu hallar çoxaldıqca, faktlar bir statistikaya çevrilir. Statistika olduqda mətbuata çıxır. Əslində milli səhiyyəyə güvənsizlik, İranda maliyyə xərclərinin az olması faktorları insanların ora axına sövq edir. Azərbaycandan ora gedən şəxslərin hansısa maliyyə təzminatında bulunması üçün hüquqi mexanizm yoxdur. Vətəndaşlarımız qarantlar altında getmirlər və bəzən belə problemlər yaşanır. Müalicə və əməliyyatdan öncə müəyyən müqavilələr imzalana bilər. Bəzən insanlar ilk anda belə şeylərə baxmırlar və sonra hansısa cəhdlər önəmsiz olur”.

23 May 2016 5:54

Fakt

Bizi izləyin