Moskvanın Pekinə uduzduğu coğrafiya:Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır

pek

  “Pekin indiyə qədər Özbəkistan iqtisadiyyatına 6 milyard dollar investisiya yatırıb. Ölkəmiz Orta Asiyadakı ortaqlarımız içində ən böyük sərmayəçi halına gəlir". Strateq.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi Daşkənddə keçirdiyi mətbuat konfransında deyib. Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısı çərçivəsində Özbəkistanda səfərdə olan çinli nazir onu da qeyd edib ki, yatırılan investisiya miqdarıyla ölkəsi tədricən Rusiyaya yaxınlaşır, hətta onu haqlayıb. 2000-ci ildən bəri Orta Asiyada geniş vüsət alan Rusiya-Çin rəqabətinə nəzər salanda Vanq Yinin bu fikirlərinin gəlisigözəl söylənmədiyi aydın olur. Getdikcə iqtisadi imkanı daralan Rusiyanın Orta Asiyada itirdiyi mövqelərin tədricən Çinin əlinə keçdiyi artıq heç kimə sirr deyil. Rusiya vaxtilə hegemonluğu altında tutduğu qərb cəbhəsini Avropaya və ABŞ-a uduzduğu kimi, cənub-şərq  sərhədlərini də Çinin ixtiyarına buraxır. Özbəkistan da Orta Asiyanın ən nəhəng dövlətlərindən biri kimi bu gözəgörünməz rəqabətin əsas poliqonlarından biridir. Hazırda həmin poliqondakı iqtisadi gücünü Rusiyayla eyniləşdirməyi bacaran Çinin yaxın dövrlərdə “mehriban rəqib”ini xeyli geridə qoyacağı ehtimal olunur. 2013-cü ildə Özbəkistanla Çin arasında bağlanan müqavilə bu cür düşünməyə əsas verir. Müqaviləyə görə, rəsmi Pekin bu ölkəyə 15 milyard dollarlıq investisiya yatıracaq. Üzərindən 3 il keçməmiş vəd etdiyi yatırımın hardasa 40%-nı reallaşdırmaqla Rusiyanı haqlayan Çinin 2020-ci ilə qədər öhdəliyini tam yerinə yetirməsi gözlənilir. İqtisadi gücü neft və qazdan asılı olan və bir tərəfdən bu sərvətlərin dünya bazarında ucuzlaşmasıyla, digər tərəfdən isə üzləşdiyi sanksiyalarla kapital qazanma potensialını itirən Rusiya isə öz qınına çəkilməyə məhkumdur. Nədən ki, Orta Asiyadakı bu rəqabətdə Rusiya hərbi məharətindən çox, iqtisadi potensialına arxayın olmalıdır. İqtisadi cəhətdən isə onun Çin qarşısında dayanmaq gücü sıfıra yaxındır. Orta Asiyanın sərvətləri üzərində rəqabət Çinin asanlıqla vaz keçə bilməyəcəyi olmazsa olmazlardandır. Artıq dünyanın ən böyük sənaye ölkələrindən birinə çevrilən bu Şərq nəhəngi öz iqtisadi varlığını qorumaq üçün böyük həcmli enerji mənbələrinə ehtiyac duyur. Bu zamana qədər o, Yaxın Şərqin təbii ehtiyatlarından faydalana bilirdisə, getdikcə məzhəb müharibələrinin ağuşuna atılan həmin coğrafiya enerji təhlükəsizliyi baxımından etibarsız hala gəlib. Üstəlik, dünyadakı ən ciddi rəqibinə çevrilən ABŞ-ın nəzarətindən kənarda çəkiləcək neft və qaz kəmərləri Çin iqtisadiyyatının güvəncə altına alınması deməkdir. Pekinin tam burnunun önündə isə belə bir potensiala sahib geniş coğrafiya uzanır və həmin coğrafiyanın sərvətlərinə yönəlmək ona öz dünya hegemonluğu dairəsini artırmağa imkan verir. Xüsusilə son 5 il ərzində Çinin Orta Asiya dövlətləriylə bağladığı müqavilələr Pekinin bu istiqamətdə ciddi fəaliyyətə başladığını göstərir. Belə ki, hələ 2012-ci ildə Çin Orta Asiyadakı ticarət həcminə görə Rusiyanı xeyli geridə buraxmışdı: rəsmi statistikalara görə, 2011-ci ildə Rusiya – Orta Asiya arasındakı ticarət həcmi 27.3 milyard dollardısa, Çinin bu sahədəki aktivliyi 46 milyard dolların üzərində idi. Rusiya-Ukrayna arasındakı böhran ortaya çıxdıqdan və Qərbin sanksiyalarından sonra Moskvanın başı beynəlxalq çəkişmələrə qarışdığından, Orta Asiyaya diqqəti azalmış, bu da Pekinin işinə yaramışdır. Əvvəl kiçik həcmli layihələrlə Moskvanı çox qıcıqlandırmamağa çalışan Çin artıq Orta Asiyada böyük tikə axtarışındadır. Hətta Ukrayna böhranından bir il əvvəl Çin neft və təbii qaz çıxarılmasından tutmuş, Orta Asiyanın infrastruktur layihələrinə qədər bir çox fərqli sektora böyük həcmdə kapital yatırmaq sevdasına düşmüşdü. Onun yönəldiyi əsas dövlət isə Rusiyayla qol-boyun olan Qazaxıstan və Özbəkistandır. Məlumata görə, Çin 2013-cü ildə Qazaxıstanla 30 milyard, Özbəkistan ilə 15 milyard, Qırğızıstan ilə isə 3 milyard dollarlıq əməkdaşlıq sazişləri imzalayıb. Rusiyanın isə son zamanlar əsasən Orta Asiyanın ən kasıb iki ölkəsi – Tacikistan və Qırqızstanla hərbi əməkdaşlığa üstünlük verdiyi müşahidə olunur. Amma hər iki ölkənin ordusuna Moskvanın ayırdığı vəsait 1.5 milyard dolları belə keçmir. Çinin investisiyaları qarşısında olduqca cılız görünən bu öhdəliyini belə, o, yerinə yetirməkdə çətinlik çəkir. Hətta bir müddət əvvəl Qırqızıstan hökuməti Rusiyaya həvalə edilmiş bir hərbi aeroportun tikintisinin uzandığını görüb müqaviləni ləğv etmək məcburiyyətində qaldı. Bu fakt əslində Rusiyanın Orta Asiyanın get-gedə itirdiyindən xəbər verir. Çinlə qurulan iqtisadi əlaqələr Orta Asiya ölkələri üçün də kifayət qədər cazibədar görünür. Bu isə Pekinin bölgədə yürütdüyü iqtisadi siyasətlə bağlıdır. Moskvadan fərqli olaraq, Pekin Orta Asiya respublikalarıyla sadəcə ticari və ya iqtisadi əlaqələr qurur, siyasi proseslərə qarışmır, ən əsası isə bu ölkələrin liderlərinə nəyisə diktə etmir, dövlətlərin öz torpaqlarındakı suverenlik haqlarına bacardığı qədər sayqıyla yanaşır. Baxmayaraq ki, bütün bunların müvəqqəti xarakter daşımaq ehtimalı güclüdür və onları iqtisadi cəhətdən özündən asılı vəziyyətə saldıqdan sonra başqa iddialar ortaya çıxa bilər, Orta Asiya ölkələri bu potensial təhlükənin fərqində olsalar belə, Rusiyadansa Çinə yaxınlaşmağa üstünlük verirlər. Coğrafiyanın ən böyük ölkələrindən biri Özbəkistan hətta bu seçim qarşısında açıq şəkildə Çinin yanında yer aldı, 2012-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsindən ayrılmağa qərar verdi. Son zamanlar Türkmənistanın da getdikcə Rusiyadan üz döndərməyə meylləndiyini sezmək olar. Xüsusilə Rusiyanın Suriyaya müdaxiləsi zamanı bu bölgədə yaşayan türkmənlərə qarşı aqressivliyi rəsmi Aşqabadı Moskvaya qarşı sərt bəyanatlar verməyə vadar etmişdi. İstər türkmənlərin, istərsə də özbəklərin Moskvaya qarşı nə qədər ürkək olsa belə, başqaldırılarında Çinlə qurulan iqtisadi əlaqələr də mühüm rol oynayır. İqtisadi  cəhətdən Rusiyadan asılılığı azaldıqca, Orta Asiya daha cəsurlaşır, sözəbaxmaz hala gəlir. Bütün sərbəstliklərinə baxmayaraq, Orta Asiyanı hələ də Rusiya qarşısında diligödək hala gətirən amillər var. Başlıca amil isə bu ölkələrdən Rusiyaya gedənəmək miqrantlarıdır. Hazırda əmək miqrantlarının Rusiyadan gətirdikləri kapitaldan ən çox asılı olan Orta Asiya ölkəsi Tacikistandır. Dünya Bankının 3 il əvvəlki hesabatına görə, Tacikistan Ümum Daxili Məhsulunun hardasa yarısını (48%) Rusiyada işləyən taciklərin ölkəyə gətirdikləri vəsaitlər təşkil edir. Bu siyahıda ikinci sırada yer alan Qırqızıstanda həmin göstərici 31%-dir. Özbəkistan isə ÜDM-nun cəmi 16.3%-ni Rusiyadakı miqrantlarına borcludur. Türkmənistan və Qazaxıstan kimi neft və qaz zəngini olan dövlətlərin bu asılılığı yox səviyyəsinə yaxınlaşır. Dünya Bankının bu hesabatından sonra Rusiya iqtisadi böhrana düçar oldu. 2014-cü ildən başlayaraq indiyə qədər sürən və getdikcə daha şiddətli xarakter alan beynəlxalq sanksiyalar Orta Asiyanı əlində saxlamağa çalışan şimal qonşumuzu iqtisadi cəhətdən xeyli zəiflətdi. Bu da öz növbəsində Orta Asiya ölkələrinə gələn pulları azaltdı. Getdikcə bir sıra Orta Asiya ölkələri üçün ümid yeri olmaq özəlliyini itirən Rusiyanı indi rahatlıqla Çin əvəz edə bilər. Rusiyanın təsir imkanları azaldıqca Orta Asiya ölkələrinin Çinə yaxınlaşmaq arzuları da böyüyür. Bu, həmin ölkələrdə gözlənilməz insidentlərin ortaya çıxmasıyla müşaiyyət oluna bilər. Qısa bir müddət əvvəl Qazaxıstanı bürüyən etiraz dalğaları bunun ilk nümunələrindəndir. Neft böhranıyla iqtisadi cəhətdən çətin vəziyyətə düşən hökumətin ölkədəki 1.7 milyon hektar boş əraziləri Çinə uzun müddətə icarə vermək üçün hərraca çıxarması bir çox şəhərlərdə keçirilən aksiyalarla yadda qaldı. Qazaxıstanın “Maydan” hərəkatı kimi qiymətləndirilən həmin aksiyalar zorakı üsullarla yatırılsa da, rəsmi Astana bu torpaq islahatından geri çəkildi. Yəni aksiyanı ortaya çıxaranlar öz məqsədlərinə çatmış sayıldılar. Bir çoxları bu hadisələrin arxasında Qərbin barmağının olduğunu düşünsələr də, hakimiyyətin bu addımı daha çox Rusiyanın maraqlarını tapdalayırdı. Çünki həmin hərrac baş tutsaydı, Orta Asiyada Rusiyanı iqtisadi cəhətdən sıxışdıran Çin ilk dəfə uzunmüddətli dövr üçün geniş əkin sahələrinə yiyələnəcəkdi. Bunun davamı isə Orta Asiyanı torpaq olaraq da itirməklə nəticələnə bilərdi. Sözsüz ki, Çinin Orta Asiya torpaqlarında haqq iddia edəcək vəziyyətə gəlməsi əslində hamının-həm Rusiyanın, həm Qərbin, həm də türk birliyi ideyası ilə çıxış edənlərin marağına ziddir. Odur ki, yarımçıq qalmış Qazaxıstan “Maydan”ında yalnız Qərbin barmağı axtarmaq yanlış nəticələrə apara bilər. Hər halda səbəbkar axtarışına çıxarkən, Nursultan Nazarbayevin qərbyönümlü qeyri-hökumət təşkilatını sıxışdıraraq sıradan çıxarmasının və ruspərəstlərə “gözün üstə qaşın var” deməməsinin Qazaxıstanda  rusiyameylli qrupları gücləndirməsi faktını da unutmamalıyıq. Çünki bu fakt sözügedən hadisələrin arxasındakı barmağın kimə aid olduğuna işıq tutmaq imkanına malikdir.  

27 May 2016 3:26

Erməni müəllif: “Ermənistan gizli şəkildə əraziləri qaytarmağa razılaşıb”

erme

  “Eduard Nalbandyanın mayın 26-da dilə gətirdiyi fikirlər Azərbaycanın Vyanada atəşkəsə nəzarət mexanizmi ilə bağlı məsələyə imza atmadığını göstərir”.  Faktinfo.az xəbər verir ki, bu barədə erməni müəllif Naira Ayrumyan “lragir” saytında yayımlanan məqaləsində yazıb. Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan aprel döyüşlərindən sonra danışıqlara qayıtmaq üçün üç şərt irəli sürmüşdü. O şərtlərdən biri də “münaqişə bölgəsində atəşkəsin pozulması hallarına nəzarət” idi. Ermənistan hökuməti mayın 16-da keçirilən Vyana görüşündə İrəvanın bütün şərtlərinin qəbul edildiyini iddia edirdi. Halbuki, atəşkəsə nəzarət mexanizmi münaqişənin həllinin vaxtının uzadılmasına səbəb olan hal hesab olunur və rəsmi Bakının bununla razılaşacağına dair şübhələr var idi. Nalbandyanın “Azərbaycan Vyanada yekun bəyanata qoşulmadı, başqa sözlə, Qarabağda vəziyyətə nəzarət üçün avadanlığın gətirilməsi və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişlənməsi ilə razı deyil” deyə dünən səsləndirdiyi bəyanatı isə rəsmi Bakının heç bir öhdəlik götürmədiyini, yalnız əvvəlki kimi münaqişənin sürətli həlli məsələsini irəli sürdüyünü göstərir. N. Ayrumyan da yazır ki, bu, əvvəl qəbul edilmiş gizli razılıqdan da imtina edilmədiyini göstərir: “Bu, münaqişənin “mərhələli həll” variantını özündə əks etdirir. Belə ki, birinci mərhələdə müəyyən ərazilər qaytarılır, daha sonra Qarabağın statusu məsələsinə baxılır. Ermənistan uzun illər bu planla razılaşmırdı. Amma Nalbandyan artıq faktiki olaraq razı olduqlarını dilə gətirdi. O bildirdi ki, Ermənistan “mərhələli həll” planının “paket həll” planı ilə uzlaşdırılmasını istəyir”. Qeyd edək ki, həm “mərhələli həll”, həm də “paket həll” planı işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutur. Dağlıq Qarabağın gələcək statusu isə Azərbaycanın tərkibində həll olunur. N. Ayrumyan qeyd edir ki, Ermənistan 800 hektar ərazinin itirildiyini etiraf etməklə, artıq birinci mərhələnin uyğunlaşdırılmasına başladı: “Sarkisyan da aprel döyüşlərində itirilən ərazilərin qaytarılmasına ehtiyac görmədiyini deməklə, bunu legitimləşdirdi. Sarkisyan ikinci addımla razılaşmaq üçün Vyanaya getdi. Güman ki, erməni rəhbərliyini inandırdılar ki, Ermənistan birinci mərhələ ilə razılaşacaqsa, yəni müəyyən ərazilərin qaytarılmasına razı olacaqsa, Azərbaycan Qarabağda öz müqəddəratını təyin etmə məsələsinə baxa bilər. Amma bu Bakının razılaşdığı demək deyil, sadəcə baxa biləcəyi deməkdir. Görünür, rəsmi Bakı bütün ərazilərin boşaldılmasını tələb edir, yalnız ondan sonra növbəti mərhələyə keçidə razıdır”.

27 May 2016 1:29

İcra başçısı Qarabağ ermənilərinə səsləndi: – `Gəlin, görüşək`

ee

“Ermənistan hakimiyyəti Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün keçirilməsinə imkan vermir” Bunu AzVision.az-a Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov deyib. İcma rəhbəri bildirib ki, Dağlıq Qarabağ erməniləri hazırkı Ermənistan rəhbərliyini təzyiqi altındadır: “Sarkisyan rejimi Dağlıq Qarabağın erməni icmasının nümayəndələri ilə görüşümüzə imkan vermir. Biz onlara görüşmək üçün bir neçə dəfə təklif irəli sürmüşük. Şəxsən mən Qarabağda yaşayan ermənilərlə görüşməyə hər zaman hazıram. Çünki, həmin ermənilərlə birlikdə işləmişik, aramızda salam olub. Kriminal rejim bizim görüşümüzə imkan vermir”. B.Səfərovun fikrincə, icmaların görüşündə beynəlxalq ictimaiyyət də maraqlı deyil: “Biz dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə, Avropa İttifaqının nümayəndələrindən, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən, xarici səfirliklərin nümayəndələrindən və digər rəsmilərdən xahiş etmişik ki, icmaların görüşünü təşkil etməyə bizə kömək etsinlər”. İcra rəhbəri Qarabağ ermənilərinə səslənərək, onları görüşə çağırıb: “Biz indi də Dağlıq Qarabağ erməniləri ilə görüşə hazırıq. Gəlsinlər işğal altında olmayan Azərbaycana, burada görüşək, yox əgər istəmirlərsə, üçüncü ölkədə görüş keçirək. Amma heç kim bu görüşün baş tutmasına maraqlı deyil”.

27 May 2016 11:48

Rusiya-Türkiyə münasibətlərində Bakının vasitəçiliyi yenidən aktuallaşıb

105018

Əli Həsənov və Elmar Məmmədyarovun açıqlamalarından bu, aydın şəkildə sezilir; politoloq isə fərqli düşünür Ötən ilin noyabrında gərginləşən və bu günə qədər davam edən Türkiyə-Rusiya münasibətləri fonunda Azərbaycanın hər iki ölkə arasında vasitəçi olmaq məsələsi yenidən aktuallaşıb.Belə ki, prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və xarici işlər naziri Elmar Məmmədyarovun mayın 25-də verdikləri açıqlamalardan da bu aydın şəkildə görünür.Ə.Həsənov bildirib ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlər Azərbaycanı narahat etməyə bilməz: “Azərbaycan hər iki dövlətlə yüksək səviyyəli, strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Digər tərəfdən, yaşadığımız regionun iki böyük ölkəsi arasında hər hansı problem dərhal bütün bölgənin sabit inkişafına mənfi təsir göstərir. Prezident İlham Əliyev qeyd etmişdi ki, Azərbaycan hər iki ölkə ilə tarixən sıx əlaqələrə malikdir və bu gərginlikdən təəssüf və narahatlıq hissi keçirir. Dövlət başçısı Azərbaycan tərəfinin Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylər göstərməyə hazır olduğunu ifadə etmişdi. Buna görə də biz Rusiya ilə Türkiyə arasında gərginliyin, ikitərəfli münasibətlərə kənar təsirlərin aradan qaldırılmasına çalışırıq. Rusiya və Türkiyənin öz səylərini ortaq maraqlar üzərində davam etdirməsi, keçmişə deyil, gələcəyə istiqamətlənmiş birgə fəaliyyəti həm regionumuz, həm də Azərbaycan üçün çox vacibdir”.XİN rəhbəri E. Məmmədyarovun sözlərinə görə isə Azərbaycan Türkiyə ilə strateji müttəfiq, Rusiya ilə strateji tərəfdaşdır: “Bu gün Rusiya və Türkiyə arasında olan münasibətlər Azərbaycan üçün arzuolunan deyil. Rusiya və Türkiyə Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin qorunmasında mühüm rol oynayırlar və Azərbaycan əvvəlki kimi hər iki ölkə ilə münasibətlərinin bütün mümkün üsullarla genişləndirilməsində maraqlıdır. Ümid edirik ki, birgə səylər nəticəsində Rusiya və Türkiyə arasında münasibətlər dialoq və qarşılıqlı anlaşma yolu ilə normallaşacaq”.Politoloq Şahin Cəfərli Azərbaycanın baş verənlərdən ən çox narahat olan ölkə olduğunu qeyd etdi: “Ötən ilin noyabrında Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra bu məsələdən ən çox narahatlıq duyan ölkə məhz Azərbaycan olub. İki ölkə arasındakı gərginlik davam etdikcə, Azərbaycan tərəfinin narahatlığı da artır. Bu, bir sıra səbəblərlə əlaqədardır. Əvvəla, hər iki ölkə ilə yaxın münasibətlərə malik olan rəsmi Bakı Türkiyə ilə Rusiya arasındakı problem səbəbilə özünü diskomfort vəziyyətdə hiss edir. Məsələn, Azərbaycan-Türkiyə münasibətlərinin, xüsusən hərbi sahədə əlaqələrin dərinləşməsi Rusiyada qıcıq yaradır. Azərbaycan tərəfi ehtiyatlanır ki, Türkiyə ilə münasibətlərin inkişafı Rusiya ilə münasibətlərə mənfi təsir göstərə bilər. Yaxud əksinə, Azərbaycanın Rusiya ilə ikitərəfli əlaqələri kontekstində atılacaq hansısa ciddi addımların Türkiyədə mənfi qarşılanması ehtimalı da var. Bu, Bakının manevr imkanlarını bir qədər daraldır. İkincisi, Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi Moskva üçün Ermənistanın strateji əhəmiyyətini daha da artırıb ki, bu durum Azərbaycanın maraqlarına uyğun deyil. Təsadüfi deyil ki, Rusiya ”Su-24" hadisəsindən sonra Ermənistandakı hərbi bazalarını gücləndirmək xətti yeridir, həmin bazalara müasir silahlar və hərbi sistemlər göndərir. Ermənistanın da yaranmış vəziyyətdən fayda götürməyə çalışdığı ortadadır. Üçüncüsü, Rusiya-Türkiyə münasibətlərindəki böhranın Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın mənafeyinə uyğun həllini çətinləşdirdiyi barədə fikirlər də mövcuddur. Mən şəxsən həmin fikirlərə qatılmasam da, istisna deyil ki, Azərbaycan iqtidarı da məhz o cür düşünür".Ş.Cəfərli Rusiya ilə Türkiyənin üçüncü ölkənin vasitəçiliyinə ehtiyaclarının olmadığı qənaətindədir: “Azərbaycanın iki ölkə arasında mümkün vasitəçiliyinə gəldikdə isə hesab edirəm ki, Türkiyə və Rusiyanın üçüncü ölkənin vasitəçiliyinə ehtiyacı yoxdur. Problemlərə rəğmən, iki dövlət arasında diplomatik əlaqələrin səviyyəsində dəyişiklik baş verməyib, Ankara və Moskvadakı səfirlər geri çağırılmayıb və fəaliyyətlərini davam etdirirlər. Yəni dialoq kanalları tam açıqdır və tərəflər istəsələr, çox asanlıqla təmas qura bilərlər. Buna heç bir maneə yoxdur. Bəlkə də aşağı səviyyədə, diplomatlar arasında qarşılıqlı təmaslar var. Əlbəttə ki, Azərbaycan hər iki dövlətlə yaxın münasibətlərə malik ölkə kimi tərəflərin yaxınlaşmasına töhfə vermək imkanındadır. Ehtiyac yaranarsa, tərəflərin istəyi və razılığı ilə onların istənilən səviyyəli təmsilçilərinin Bakıda görüşünü təşkil etmək də mümkündür. Lakin bu məsələ Moskva və Ankaranın, konkret olaraq Putin və Ərdoğanın iradəsindən asılı olan bir məsələdir. Gec-tez Türkiyə ilə Rusiya arasındakı problemlər öz həllini tapacaq və münasibətlər düzələcək, lakin iki ölkə münasibətlərinin ”Su-24" hadisəsindən əvvəlki səviyyəyə qayıdacağına inanmıram".(musavat.com)

27 May 2016 9:22

ATƏT rəsmiləri Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayıblar

82f9d220-288e-4d63-81ed-1ec583d5246c_292

Beynəlxalq təşkilat rəsmiləri bunun çox gözəl addım olduğunu bəyan ediblər ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Myatoviç və Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Georq Link "Azadlıq Radiosu"nun həbsdə olan əməkdaşı Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayıblar.Faktinfo.az  xəbər verir ki, beynəlxalq təşkilat rəsmiləri bunun pozitiv addım olduğunu bəyan ediblər. ATƏT rəsmiləri qeyd ediblər ki, Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayırlar. Qeyd edək ki, "Azadlıq Radiosu"nun həbsdə olan əməkdaşı Xədicə İsmayıl dünən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.Ötən gün Ali Məhkəmədə Xədicə İsmayılın kassasiya şikayətinə baxılıb. Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib.Belə ki, X.İsmayıla Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri üzrə bəraət, 213.1 və 192.2.2-ci maddələri ilə 3 il 6 ay şərti həbs cəzası verilib.Xatırladaq ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində şikayət təmin edilməyib.

26 May 2016 9:58

Rusiya Suriyanın adını dəyişdirir

suriya

Yeni konstitusiyada bir çox dəyişikliklər yer alıb. Bəşər Əsəd və Vladimir Putin arasında görüş Bir müddətdir müzakirə edilən Suriyanın yeni konstitusiya layihəsinin Rusiya tərəfindən tamamlandığı və tərəflərə təqdim edildiyi iddia edilir. ANS PRESS-in məlumatına görə, yeni konstitusiya ilə birlikdə Bəşər Əsədin səlahiyyətləri azaldılır və hakimiyyət gücü Nazirlər Kabinetinin xeyrinə yenidən qurulur. Bu barədə Livanda fəaliyyət göstərən Əl Əhbər qəzeti məlumat yayıb. Rusiya Palmirada əsl konsert verdi Rusiya tərəfindən hazırlanan qanun layihəsində diqqət çəkən digər məqamlar da var. Konsitutsiyanın ilk maddələrində Suriya Ərəb Respublikası adı dəyişdirilərək Suriya respublikası ilə əvəz edilir. Bir başqa ifadə ilə hazırkı konstitusiyaya hakim olduğu bildirilən "sosialist və milliyyətçi" dil dəyişir. Eləcə də Konstitusiya andındakı, "sosial ədalət və ərəb millətinin birliyi üçün çalışmaq" hissəsi də ləğv edilərək, onun yerinə "Sərbəst iqtisadiyyat" və "vətənpərvərlik" terminləri yer alır. Yeni konsitutsiya ilə birlikdə rəsmi dil ərəb dili ilə yanaşı əyalətlərdə yaşayan etnik azlıqların dillərinin də istifadəsi qanuni olaraq qüvvəyə minir. ABŞ və Rusiyanın birlikdə hazırladığı qanun kostitusiya layihəsinin avqusta qədər tamamlanması planlaşdırılır.

25 May 2016 8:04

Fransa nəşri:İslam dünyasında çaxnaşma sona yaxınlaşır – Təhlil

fra

    Atlantico (Fransa), 25.05.2016 Yaxın Şərqdə görünməmiş tufan qopub, bütün kartlar isə çox tezliklə qarışa bilər. Qorxunc təhlükə İŞİD-in timsalında dövrənin yekunlaşdığını ifadə edir. İlk baxışdan yalnız dağıntıar görünür, lakin burada işin arxasındakı aşkar şəkildə tarixi mexanizmdir: ABŞ-ın qətiyyətsizliyi, şiə oxunun gücü, yeni İran və yeni Misir, böyük qonşuların oyunları… İranda heç kimə sirr deyil ki, yerli “qırğılar” (onlar Ruhani rejiminin güclənməsilə məğlub oldular) İslam respublikasının Misirin bütün sünni tərəfdaşlarını əsil İslam inqilabına cəlb etməli olan “Müsəlman qardaşlar”la yaxnlaşması uğrunda dəfələrlə çıxış ediblər. Və Suriyanın timsalında nifaq meydana çıxanadək 2011-ci ildə İsraillə dalaşmış türklər getdikcə yeni təkliflər yağdırdılar: Qərblə nüvə böhranının başlanğıcında Əhmədinecad İranının xeyrinə təəccüblü vasitəçilik ehtirasları, Türkiyə xüsusi xidmətinin rəhbəri Hakan Fidanın İran ərazisində Mossad agentləri şəbəkəsinin dağıdılmasına yardımı və s. Sadə həqiqət budur ki, biz şiə və sünnniərin ideoloji münaqişəsini deyil, xeyli dərəcədə artıq 35 il ərzində aparılan mübarizəyə paradoksal qayıdış müşahidə edirik. Söhbət 1970-ci illərin sonundan dünyəvi (və yaxud bu cür sayılan) müsəlman dövlətlərinə hücum edən təməlçilərlə rasionalistlər və yaxud İslamın həm şiə, həm də sünnni cərəyanlarını əhatə edən modernçilərin münaqişəsindən gedir. Həm də praktik olaraq bərabər qismdə, çünki İran şiəliyində külək başqa səmtə – vicdan azadlığına və dinin qütbsüzləşdirilməsinə doğru əsir: bu hətta ən məşhur Məşhəd və Qum şiə məktəblərində də hiss edilir. Artıq qonşu İraq şiəliyini demirik – Səddam Hüseyn devrildikdən sonra əksəriyyəti Amerika müdaxiləçiləri ilə alyansa getdi. Hamının xatırladığı kimi, İraq “Əl-Qaidə”si keçmiş lideri əz-Zərkavinin rəhbərliyi ilə Səudiyyə rejiminin radikal antixristian əhvali-ruhiyyəsi ilə səsləşən sünni təriqətçiliyinə hər cür yardım edirdi. Hər necə olur-olsun, islamçılaırn bu cür kursu İraqın özündə Bağdadda azad seçkilərdə səs vermiş və İŞİD-in boğucu hakimiyyətindən can qurtarmağa cəhd edən bütün sünniləri onlara sarı cəlb etmədi. Başqa dövlətlərdə, xüsusən Əlcəzairdə (burada radikal islamçılıq 10 illik vətəndaş müharibəsindən sonra məğlub edildi), Liviyada (general Həftar Misirin dəstəyi ilə islamçı gücləri dəf etdi), Tunisdə (dünyəvi cəmiyyətin xeyrinə basqı yumşaq sünnilikdən qaynaqlanır) və Misirdə (2013-cü ilin iyununda 10 milyon nümayişçi “Müsəlman qardaşlar”ı hakimiyyəti tərk etməyə məcbur etdi) baş verənlər dünyəvi dövlətin və müasirliyin həmləsini xatırladır. Eyni zamanda Səudiyyə rejimi XVIII əsrdən Fars körfəzində və Yəmən sərhədlərində şiə azlığın təqibini dayandırmır və hələ də dini təriqətçiliyə tərəfdardır. Hər necə olsa da, müasir təməlçilik əleyhinə hərəkatın təkcə İranla məhdudlaşması haqda bütün bəyanatlar Ər-Riyadın təbliğatından başqa bir şey deyil. Dünya İslamının yarıdan çoxu sünnilərin payına düşür və 2001-ci ildən bəri təməlçilik qüvvələrinə ən önəmli zərbəni məhz onlar vurublar. Türkiyənin dünyəvi gücləri Ərdoğan rejimi qarşısında təslim olmur və əvvəlki tək ölkədə islamçılığa qarşı müxalifətin əsasını təşkil edirlər. Bununla belə, düşüncə darlığı liberal kürdlər və mötədil müsəlmanlarla birgə proqram işləməkdə onlara mane oldu. Bu, parlamentdə yarım il ərzində mütləq çoxluğu itirməyə baxmayaraq Ərdoğana vahimə və şantajla duruş gətirmək imkanı verdi. İndoneziyada “Nəhdatul-Uləma” hərəkatının mötədil sünniləri cəmiyyətin siyasi islamlaşmasına bütün cəhdlərin qabağını aldılar. Səudiyyə Ərəbistanı isə hazırda dünyəvi rasional qüvvələrin hücumu fonunda müdafiə mövqeyinə keçməyə məcbur olub. Tərcümə Strateq.az-ındır.

25 May 2016 7:04

Lavrov ABŞ-ı hədələdi:“NATO geopolitik məkanı ələ keçirməyə başlayıb, buna imkan verməyəcəyik”

lavv

  “Çox təəssüf ki, NATO “Şərq Tərəfdaşlığı” təşəbbüsünü reallaşdırmaqla geopolitik məkanın ələ keçirilməsinə üstünlük verməyə, xalqları “bizimki” və “özgələrə bölməyə başlayıb”. Faktinfo.az bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Macarıstanın “Madyar Nemzet” qəzetinə verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, bu prosesin kulminasiya nöqtəsi Avropa İttifaqının bir sıra dövlətlərinin də dəstəklədiyi Ukraynadakı dövlət çevrilişi oldu. Amma nədənsə Qərb Rusiyanı günahlandırmağa başladı: “Biz görünür avropalıların dünya arenasında müstəqil qərar verə biləcəyi barədə rolunu şişirmişik. Ukrayna böhranı Avropa İttifaqının Vaşinqtondan nə qədər siyasi və iqtisadi asılı olduğunu aydın göstərdi. Biz isə hər şeydən əvvəl öz maraqlarından çıxış etməyi bacaran güclü Avropa Birliyi ilə əməkdaşlıq etmək istərdik”. Lavrovu deyib ki, Rusiya və Avropa İttifaqı Avropa qitəsində iki nəhəng oyunçulardı. Moskva yaxın gələcək üçün Avropa üçün enerji sahəsində əsas tərəfdaş kimi qalacaq: “Hazırda Rusiya və Avropa İttifaqı əsas suala cavab verəcək sərhədə gəlib çatıblar: Biz gələcək münasibətlərimizi necə görürük? Hansı istiqamətdə getməyə hazırlaşırıq? Mən əvvəlki kimi əminəm ki, perspektivdə Atlantikadan tutmuş Sakit okeana qədər olan zonanın yaradılması, iqtisadi və humanitar əməkdaşlıq hər iki tərəfin maraqlarına cavab verir”. Lavrov vurğulayıb ki, NATO – nun hazırda götürdüyü kurs mənfi tendensiyaları artırır və Alyans bilərəkdən Avropada strateji balansı dağıtmaq kursu götürüb: “NATO Rusiya sərhədləri yaxınlığında hərbi gücünü möhkəmləndirməklə ABŞ-ın qlobal raket əleyhinə müdafiə sisteminin Avropa seqmentini yaradır. Bu siyasət sabitliyi pozma və uzağı görə bilməmək adlanır. Bu baxımdan, Rusiya özünün milli təhlükəsizliyini təhdid edən bütün risk və təhlükələrə qarşı lazım olan bütün addımları atacaq”. Rusiya xarici işlər naziri deyib ki, hazırda Moskva yenilənmiş xarici siyasət Konsepsiyası üzərində işləyir. Yenilənmiş mətndə son 3 ildə beynəlxalq müstəvidə baş vermiş dəyişiklərə verilən qiymət daxil edilib: “Bura Qərblə olan soyuq münasibətlər, Avrasiya məkanına inteqrasiya prosesləri, Yaxın Şərqdə və Şimali Afrikada baş verən deqredasiya və bununla əlaqədar meydana gəlmiş terror və ekstemizimə olan müansibət daxildir”.

25 May 2016 7:00

İlham Əliyev Kadırova Azərbaycan silahı hədiyyə edib – Video

84154

Çeçenistan Prezidenti Ramzan Kadırov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Çeçenistan səfəri ilə bağlı video paylaşıb. Faktinfo.az xəbər verir ki, Kadırov görüşün təfərrüatları haqda rəsmi İnstaqram səhifəsində yazıb: “Əziz dostlar! Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşdüm. O, mənə Prezident İlham Əliyevin yolladığı “Zəfər” silahını çatdırdı.Mən bu hədiyyəni Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərimə görə aldım. Ramiz Ənvər oğlu Azərbaycan xalqının Çeçenistana xüsusi sevgi və hörmətlə yanaşdığını bildirdi.Mən Ramiz Mehdiyevin simasında Azərbaycan dövlətinə Çeçenistana göstərdiyi humanitar yardıma görə minnətdarlığımı bildirdim.Biz həmçinin Çeçenistanın ilk prezidenti Əhməd Kadırovla Azərbaycan Prezidenti Heydər Əliyevin görüşünü, mənim Azərbaycana səfərimi xatırladıq.Biz Çeçenistan Respublikası ilə Azərbaycan arasında mövcud olan əlaqələri inkişaf etdirmək, terrorizm və ekstremizmlə mübarizədə güclərimizi birləşdirmək qərarına gəldik. Daha çox iqtisadi münasibətləri müzakirə etdik. Mehdiyev Prezident İlham Əliyevin məni Azərbaycana səfərə dəvət etdiyini çatdırdı”. https://youtu.be/bTZT0xe2SMM

25 May 2016 4:38

Bahar Muradova: “Qarşısı alınmayan proseslər baş verə bilər“

5

“Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü iyun ayında baş tutsa belə, o görüş bütövlükdə məsələnin həlli demək olmayacaq” Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədrinin müavini Bahar Muradova deyib.Onun sözlərinə görə, bu, Qarabağ münaqişəsində yeni xarakterli danışıqlar mərhələsidir: “Biz bu danışıqlar prosesini yeni bir mərhələnin başalanğıcı kimi dəyərləndiririk. Əgər əvvələr bu formatda keçrilən görüşlərdə yalnız bəyanatlar verib məsələnin uzanmasından narahatlıq ifadə, tərəfləri qarşılıqlı güzəştə getmək təklif olunurdusa, indi artıq məsələnin həlli ilə bağlı ciddi çağırışlar olmalıdır”.Deputat bildirib ki, prezidentlərin iyun görüşü istənilən nəticəni verməsə Azərbaycan öz qəti qərarını verəcək: “Bu görüşlərdə görsək ki, məsələnin həlli ilə bağlı həm vasitəçilər ciddi mövqeyə malikdir, həm də Ermənistan tərəfi bu ciddi mövqeləri qəbul edərək konstruktiv mövqe istiqamətində fəaliyyət göstərə bilir, o zaman biz bu danışıqların perspektivinə inana bilərik.Onun davamlı şəkildə getməsində iştirak edə bilərik.Yox əgər görsək ki, növbəti dəfə söhbət baş aldatmaqdan, məsələni növbəti on illər boyu uzatmaqdan gedirsə, əlbəttə, Azərbaycan öz qəti sözünü söyləyəcək”. Vitse-spiker deyib ki, Azərbaycan yalnız atəşkəs rejiminə və insidentlərin araşdırılması mexanizminin müəyyənləşməsinə razılıq verib: “Hansısa öhdəlik və ya sənəd imzalamayıb. Ona görə də düşünürəm ki, Azərbaycanın qətiyyətli mövqeyi hamıya bəllidir. Və elə o mövqe yeni reallığı yaradıb.Bu reallıq dəyərləndirilməyəcəksə, o zaman hesab edirəm ki, qarşısı alınmayan proseslər baş verə bilər”.(Modern.az)

25 May 2016 3:51

ABŞ tanklarının Gürcüstana daxil olması Azərbaycana nələr vəd edir? –Deputatdan sərt açıqlamalar

2

Amerika tanklarının Gürcüstanda hərbi təlimlərdə iştirakı o deməkdir ki, açıq şəkildə Qafqazdakı hərbi siyasi balansı dəyişmək istəyirlər. Bu sözləri millət vəkili Zahid Oruc deyib.Onun sözlərinə görə, sözügedən təlimlər NATO ilə xeyli yaxınlaşan Gürcüstanın hərbi sistemini təkmilləşdirmək, orduda islahatları dərinləşdirmək və NATO standartlarına yaxınlaşdırmaq, Avroatlantik məkanın dəyərlərini bu bölgəyə gətirmək adı ilə keçirilir: “Reallıqda isə bu ölkənin imkanlarını genişləndirməkdə strateji maraqlar gizlənilir. Bu təlimlər ilk növbədə NATO infrastrukturunun Gürcüstana daşınmasıdırsa, digər yandan bu ölkənin Rusiya ilə toqquşmasını doğurmaqdır. Açıq şəkildə Qafqazdakı hərbi siyasi balansı dəyişmək istəyirlər. Qərb qüvvələrinin hərbi dairələrinin burada iştirakı isə regiondakı vəziyyəti bir az da mürəkkəbləşdirir. Gürcüstan qəti qərbyönlü siyasət seçdiyindən, Amerika tankları artıq Qafqazda bir faktora çevrilməkdədir. Biz Avropa dairələri və ABŞ-la çox yüksək münasibətlərə malikik və bu, milli mənafelərimizə uyğun bir xətdir. Lakin Qərb hərbi qüvvələri Gürcüstanı aşıb, sonra Qarabağı işğaldan azad edəcək, yaxud da indiki kövrək dövrdə Azərbaycan da o təlimlərə qoşulsun, az qala Cənubi Qafqazda bir hərbi ittifaq yaradılsın və bu, anti-Rusiya bloku kimi təzahür etsin, bunun üzərindən torpaq bütünlüyü planları qurulsun kimi sadəlövhcəsinə düşünənlər də var. Mən bunu təhlükəsizliyimiz üçün risk sayıram”.Deputat əlavə edib ki, Azərbaycan NATO ilə əlaqələri hazırkı səviyyədə saxlamaqla bərabər, regional gərginliyi artıran addımlar atmır: “Yəni Azərbaycan tanklarının Qərb qoşunları ilə eyni əməliyyatları yerinə yetirməsi nə Əfqanıstan, nə də İraqdakı fəaliyyətlə oxşar götürülə bilməz. Orada terrora qarşı idisə, ikincinin hələ ki, konkret təyinatı yoxdur. Abxaziya, Osetiyada ərazilərin azad edilməsini düşünən Amerika qüvvələri gərək 2008-ci ildə Saakaşvilinin yanında olaydılar. Lakin bu baş vermədi və cəmi 5 gün ərzində Gürcüstan məğlub oldu”(Axar.az).Qeyd edək ki, mayın 11-dən ABŞ-ın M1A2 Abram tankları “Layiqli tərəfdaş” təlimlərində iştirak etmək üçün Gürcüstandadır. Təlimdə 1300 amerikalı, britaniyalı və gürcü hərbçi iştirak edir. Artıq ABŞ öz hərbi texnikasını da Gürcüstanda yerləşdirib.Hərbi təlimlər mayın 26-na qədər davam edəcək.

25 May 2016 3:46

Sarkisyan amerikalı muzdluları Qarabağa gətirir

sarkisyan

Amerikada yaşayan erməni muzdlular döyüşmək üçün Qarabağa gəlir. Faktinfo.az xəbər verir ki, bu fakt “İntellinews” saytının Azərbaycanın işğal olunmuş ərazilərindən hazırladığı reportajda ortaya çıxıb. Reportajda bildirilir ki, aprel döyüşlərindən sonra xaricdən bir çox erməni bölgəyə gəlib: “Məsələn, Arutun Aqasarkiyan erməni mənşəli ABŞ vətəndaşıdır. O, Corciya ştatında yaşayır”. Məqalədə vurğulanır ki, Qarabağa gələnlər arasında Amerika erməni legionunun (American Armenain Legion) üzvləri də var. Qeyd edək ki, bir müddət öncə Türkiyə mediası ABŞ-dakı erməni legionu haqda informasiyalar yaymışdı. “Sabah” qəzeti Türkiyə kəşfiyyatındakı mənbəyə istinadən xəbər verirdi ki, MİT erməni legionunun təlimlərini əks etdirən fotogörüntülər əldə edib. Onlar Kaliforniya (bu ştat ABŞ-da ermənilərin ən çox yaşadığı yerdir) yaxınlığında yaradılan xüsusi düşərgədə təlim keçirlər. Bir müddət öncə Rusiyanın “oxitmity” saytının erməni yazarı Vaqram Aqajanyanın qələmə aldığı məqalədə də erməni legionuna dair məlumatlar var idi. “ABŞ-dakı ermənilərdən təşkil olunan Amerika erməni legionu müxtəlif növ silah növündən atəş açmaq və döyüş sənətinin incəliklərini öyrənmək üçün təlim keçir. Amerika erməni legionunda beş nəfərdən ibarət olan bir neçə qrup var. Onlar ABŞ ordusunun dəniz piyada qoşununun keçmiş zabitlərinin rəhbərliyi altında məxfi hazırlıq keçirlər. Erməni legionunda bir neçə min döyüşçü cəmləşib”, - deyə xəbərdə qeyd olunurdu. (http://publika.az/p/120120). Bu legionda təmsil olunanlar əsas muzdlu əsgərlərdir.

24 May 2016 2:38

Vyana görüşü-müharibə faktoru aradan qalxdımı?

9

Qərb neft kəmərlərinə görə müharibə istəmir; Elxan Şahinoğlu: “Azərbaycanla Qərbin maraqları kəsişir” Azərbaycan və Ermənistan prezidentləri arasında ABŞ, Rusiya, Fransanın xarici siyasət idarələri başçıları və ATƏT-in Minsk Qrupunun iştirakı ilə baş tutan Vyana görüşündən sonra müharibə faktorunun aradan qaldırıldığı barədə fikirlər dolaşır.Xüsusilə atəşkəs pozulan zonalarda kameraların quraşdırılması qərarının verilməsi bu fikirləri daha da möhkəmləndirib.Vyana görüşündən sonra belə iddialar var ki, Rusiya və havadarı olduğu Ermənistandan daha çox Qərb regionda müharibənin olmasını istəmir. Əksər ekspertlər buna səbəb kimi neft kəmərlərini və Qərbin marağında olan digər sahələri göstərirlər. Çünki ABŞ başda olmaqla, Avropa dövlətləri yaxşı bilirlər ki, müharibə başlasa, ilk növbədə, neft kəmərlərinə təhlükə yaranacaq.Politoloq Elxan Şahinoğlu hesab edir ki, Vyana görüşü müharibə faktorunu aradan qaldırmayıb: “Növbəti görüşə qədər bu proses davam edəcək. Yəni hər iki tərəf atəşkəsə əməl edəcək. Gələn aydakı görüş nəticəsiz qalsa, Vyana görüşünün əhəmiyyəti itəcək. İyunun sonundakı növbəti görüşü gözləməliyik. Qərb dövlətləri Cənubi Qafqazda müharibə olmasında maraqlı deyillər, sabitlik istəyirlər. Çünki regionda gərginlik onlara da sərf etmir. Enerji və digər resurslar burada mühüm rol oynayır. Apreldəki döyüşlər bunu sübut etdi. Amma Azərbaycanın enerji layihələrindən daha çox torpaqlarının işğaldan azad edilməsində israrlıdır. Qərbin hazırda problemləri çoxdur. Onsuz da İraq, Suriya və digər yerlərdə müharibə ocaqları var. Cənubi Qafqazda da bir müharibə ocağı yaransa, Qərb üçün asan olmayacaq. Azərbaycan və Ermənistan arasındakı müharibənin nə ilə nəticələnəcəyini indidən düşünmək elə də çətin deyil. Çünki bu proseslərdə Rusiyanın marağı daha çox olacaq. Bu baxımdan Qərb müharibə istəmir və münaqişənin dondurulmasının tərəfdarıdır”.Politoloq Azərbaycanla Qərbin maraqlarının üst-üstə düşdüyünü də qeyd etdi: “Əslində Azərbaycanla Qərbin maraqları kəsişir. Biz də uzunmüddətli atəşkəsə razıyıq, amma torpaqlarımız işğaldan azad olunduqdan sonra. Amma bu şəkildə davam edə bilməz. Torpağın işğalda qalsın, uzunömürlü sabitliyə razı ol, bu mümkün deyil”. (musavat.com)

24 May 2016 9:38

Metsamor AES-in fəaliyyəti dərhal dayandırılmalıdır

met

  Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) ilk növbədə erməni xalqının həyatı və qonşu dövlətlərin əhalisi üçün ciddi təhlükə mənbəyidir. Ona görə də Ermənistan enerji əldə etmək üçün daha mütərəqqi vasitələrə müraciət etməli və yubanmadan bu atom elektrik stansiyasının istismarını dayandırmalıdır. Bu fikirləri görkəmli yazıçı və ictimai xadim, dünya miqyasında antinüvə hərəkatının öncüllərindən biri Oljas Süleymenov söyləyib. O bildirib ki, öz əhalisinə və qonşu ölkələrə yaratdığı ciddi təhlükəni nəzərə alaraq Ermənistan köhnəlmiş, istismar müddəti bitmiş atom elektrik stansiyasının fəaliyyətini dərhal dayandırmalıdır. Oljas Süleymenov hazırda alternativ və təhlükəsiz enerji əldə etməyin daha müasir və mütərəqqi vasitələrinin olduğunu bildirib. “Belə təhlükəli şəkildə enerji əldə etmək metodları artıq keçmişdə qalıb. Biz bunun acı təcrübələrini görmüşük. Bilirik ki, bütün Avropanı belə bir təhlükə təhdid edib. Yaxud Yaponiya dərk etdi ki, atom stansiyaları bu ölkənin gələcəyini təhlükə altında saxlayır. Yaponiyada olan 57 atom elektrik stansiyasından bu gün 2-si və ya 3-ü fəaliyyət göstərir. Nüvə stansiyaları, eyni zamanda, bütün dünya üçün bir təhlükədir. Sözsüz ki, belə stansiyalar bağlanmalıdır. Çünki Ermənistandakı stansiya çox köhnəlib, ilk növbədə, bu ölkənin öz əhalisi üçün ciddi təhlükə mənbəyinə çevrilib. Əlbəttə ki, qonşu ölkələrin, o cümlədən Azərbaycanın narahatlığı başadüşüləndir”, - deyə o əlavə edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan O.Süleymenov münaqişənin hələ də davam etməsindən təəssüfləndiyini, buna görə BMT başda olmaqla beynəlxalq təşkilatların üzərinə ciddi məsuliyyət düşdüyünü bildirib: “Baxmayaraq ki BMT bir neçə qətnaməsində bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və işğalçılar Azərbaycan ərazisindən çıxmalıdır, lakin nədənsə bu qərarların icrası reallaşdırılmır. Bu isə təbii ki, silah vasitəsilə ərazilərin azad olunmasını şərtləndirir və gördüyümüz kimi, arzuolunmaz nəticələrə səbəb olur. Hesab edirəm ki, BMT-nin üzərinə böyük məsuliyyət düşsə də, təşkilat missiyasını yerinə yetirmir. Aprel hadisələri bir daha göstərdi ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT qəbul etdiyi qərarların icrasına daha ciddi yanaşmalıdır”. Oljas Süleymenov qeyd edib ki, tarix boyu üzləşdiyi çətinliklərə və müharibə vəziyyətinə baxmayaraq, müstəqilliyini möhkəmləndirərək sürətlə inkişaf etməsi Azərbaycanın düzgün yolda olmasından xəbər verir: “Mən ilk dəfə Azərbaycanda olanda Heydər Əliyevlə görüşdüm. Onu özümün müəllimim hesab edirəm. Həm sovetlər dönəmində, həm də 1990-cı illərdə o, Azərbaycan üçün çox işlər gördü. Sevinirəm ki, Prezident İlham Əliyev onun siyasətini davam etdirir. Bakı daha da gözəlləşib. Dünyada böhran yaşansa da, Azərbaycan müharibə vəziyyətində olsa da, ölkə getdikcə inkişaf edir. Mən doğma və əziz Azərbaycan xalqına bu yolda uğurlar arzu edirəm”.

24 May 2016 8:55

Fakt

Bizi izləyin