Oqtay Əsədov Yaponiyada Qarabağla bağlı bəyanat verdi

oqtay

Yaponiyada rəsmi səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 22-də bu ölkənin parlamentinin Müşavirlər Palatasının sədri Masaaki Yamazaki ilə görüşüb. Müşavirlər Palatasının sədri qeyd edib ki, 2011-ci ilin martında baş vermiş təbii fəlakət zamanı Azərbaycanın göstərdiyi yardımı Yaponiyada yaxşı xatırlayırlar. Buna görə biz Azərbaycan rəhbərliyinə və xalqına dərin minnətdarlığımızı bildiririk. M.Yamazaki vurğulayıb ki, parlament əlaqələri iki dövlət arasında siyasi dialoqun mühüm tərkib hissəsidir. O, ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayıb, parlamentlərarası əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu qeyd edib. M.Yamazaki bildirib ki, son illərdə iki ölkə arasında rəsmi səviyyədə qarşılıqlı səfərlərin sayı artıb və biz bundan məmnunuq. Milli Məclis sədrinin səfəri isə Azərbaycan Prezidentinin bu ölkəyə rəsmi səfərindən sonra ən yüksək səviyyəli səfərdir. Ümid edirik ki, bu səfər parlamentlərarası əməkdaşlığın inkişafı ilə yanaşı, digər sahələrdə də iki ölkə və xalq arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacaq. Milli Məclisin sədri Oqtay Əsədov Yaponiyaya rəsmi səfərə dəvətə görə minnətdarlığını bildirib. Qeyd edib ki, Yaponiya Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. O.Əsədov Azərbaycan-Yaponiya dövlətlərarası münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini xatırladan Milli Məclisin sədri deyib ki, ölkəmiz Yaponiya ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Azərbaycan-Yaponiya hökumətlərarası iqtisadi komitəsinin artıq 15 ildən çoxdur ki, fəaliyyət göstərdiyini qeyd edən O.Əsədov Azərbaycanda çoxsaylı yapon şirkətlərinin fəaliyyətindən məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycan Yaponiya ilə yalnız iqtisadi sahədə deyil, digər sahələrdə də əməkdaşlıq etmək niyyətindədir. Xüsusən enerji sahəsində yeni layihələrdə yapon şirkətlərinin iştirakına, yeni investisiyaların yönəldilməsinə Azərbaycan tərəfi xüsusi maraq göstərir. O.Əsədov TAP, TANAP layihələri və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası barədə də məlumat verib. Milli Məclisin sədri qeyd edib ki, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə parlamentariləri arasında möhkəm əməkdaşlıq münasibətləri mövcuddur. O, əmin olduğunu bildirib ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək. Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq deyib ki, bu problem ölkəmizin inkişafı və regionda sülhün bərpası yolunda ciddi maneədir. Sədr Azərbaycanın bu problemin həllində ikili standartlarla üzləşdiyini təəssüflə qeyd edib və eyni zamanda, əmin olduğunu bildirib ki, beynəlxalq təşkilatlar bu münaqişənin həlli üçün səylərini artıracaqlar. Humanitar sahədə əməkdaşlıqdan danışan sədr Bakı Dövlət və Azərbaycan Dillər universitetlərində yapon dilinin tədris olunduğunu, hazırda 20-dək gəncin təhsilini Yaponiyada davam etdirdiyini bildirib. Qeyd edib ki, Yaponiya tərəfinin azərbaycanlı gənclərin bu ölkədə təhsil alması üçün kvotanı artırmasına ehtiyac var. Ətraflı məlumata və yapon şirkətlərinə yaradılmış şəraitə görə təşəkkürünü bildirən M.Yamazaki vurğulayıb ki, Yaponiya tərəfi iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Abel Məhərrəmovun da görüşdə iştirakı iki ölkə arasında humanitar əməkdaşlığın sürətli inkişafını təsdiq edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan M.Yamazaki deyib ki, Yaponiya problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır. Bu problemin tezliklə həlli bizim də arzumuzdur. Yaponiya zor yolunu qəbul etmir, dövlətlərin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinin əleyhinədir. İlk Avropa Oyunlarının Bakıda keçiriləcəyini xatırladan Milli Məclisin sədri O.Əsədov bununla əlaqədar ölkəmizdə böyük hazırlıq işlərinin davam etdiyini bildirib və Yaponiya tərəfini oyunları izləməyə dəvət edib. M.Yamazaki 2020-ci il Yay Olimpiya Oyunlarının Yaponiyada keçiriləcəyini xatırladaraq, Azərbaycan idmançılarının da bu yarışlara qatılacağına əmin olduğunu deyib. Görüşdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun rəhbəri Abel Məhərrəmov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar, Yaponiya Müşavirlər Palatasının üzvləri iştirak ediblər. Sonra Azərbaycan nümayəndə heyəti Yaponiya parlamentinin Müşavirlər Palatasının iclas zalı ilə tanış olub.

22 Aprel 2015 8:38

Zakir Həsənovdan cəbhədəki əsgərlərə yeni əmr: Məhv edin

zazaa5

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb Nazirlikdən verilən məlumata görə, Müdafiə naziri Ermənistan tərəfindən ərazilərimizin işğal edilməsi, rəsmi Yerevanın sülh danışıqlarından boyun qaçıraraq cəbhədə vəziyyəti gərginləşdirməsi və son vaxtlar uğursuzluğa düçar olaraq çoxsaylı itkilərə məruz qalan düşmənin minaatanlardan, iriçaplı silahlardan istifadə etməklə yaşayış məntəqələrini, qeyri-hərbi obyektləri və dinc sakinləri atəşə tutmaları faktlarını bir daha qonağın diqqətinə çatdırıb. "Silahlı Qüvvələrimizin bölmələri hər dəfə düşmənin atəş nöqtələrini susdurmaq məqsədilə effektiv cavab tədbirləri görür. Təmas xəttində yerləşən bütün şəxsi heyətə hərəkət edən istənilən hərbi obyekti dərhal məhv etmək tapşırığı verilib və bu qeyd-şərtsiz yerinə yetirilir. Ermənistanın kriminal hərbi-siyasi rejimi öz xalqını informasiya vakkumunda saxlamaqla itkilərini gizlədir və gənclərini girova çevirməklə onları bu mənasız müharibədə qırdırır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bildirdiyi kimi münaqişənin yeganə həll yolu işğalçıların ərazilərimizi tərk etməsidir. Düşmən anlamalıdır ki, bizim yolumuz haqqdır. Silahlı Qüvvələrimiz işğalçıları məhv etməyə daim hazırdır. Ordumuzun arsenalında, xüsusilə özümüzün və digər ölkələrin hərbi-sənaye komplekslərinin istehsalı olan keyfiyyətli, yüksək dəqiqliyə və geniş ərazidə dağıdıcı qüvvəyə malik, silahlanmaya qəbul edilmiş yeni silahlar sayəsində bu vəzifəmizi layiqincə yerinə yetirəcəyik", - deyə Müdafiə naziri bildirib. Görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişəsinin həllinə dair də fikir mübadiləsi aparılıb.

22 Aprel 2015 6:36

Brüssel Azərbaycanı təxribata çəkir: Ukraynanın aqibətini yaşamaq üçün?

bru

Avropa İttifaqı Azərbaycana və Türkmənistana Transxəxər qaz kəməri layihəsinə dair anlaşma memorandumunu yeniləməyə çağırır. Virtualaz.org saytı xəbər verir ki, bu haqda Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç “Kommersant” qəzetinə müsahibəsində deyib. “2011-ci ildən Aİ-nin Transxəzər qaz kəmərinin çəkilməsinə dair Türkmənistanla və Azərbaycanla imzalanmış memorandum çərçivəsində danışıqlar aparmaq mandatı var. Və biz indi Azərbaycana və Türkmənistana bu memorandumu yeniləməyi təklif etmişik, cavab gözləyirik və danışıqların necə gedəcəyinə baacağıq. Biz bilirik ki, regionda çox böyük mineral ehtiyatları var” - deyə Şevçoviç bildirib. Avropa İttifaqının energetika məsələləri üzrə yüksək rəsmisi onu da deyib ki, Cənub Qaz Dəhlizi çərçivəsində İraq və İran qazının da nəqli imkanları var: “Hazırda söhbət Azərbaycandan gedir, ancaq baxacağıq ki, hadisələr yaxın ölkələrdə necə cərəyan edəcək - İraqda, habelə son diplomatik nailiyyəti nəzərə alaraq İranda. Və biz bu sahədə Türkmənistan tərəfdən də münasibətlərin inkişafını görürük”. Avropa İttifaqının uzun müddət gündəmdən çıxmış hesab edilən Transxəzər qaz kəməri layihəsini son zamanlar ciddi-cəhdlə yenidən gündəmə gətirmək səylərini başa düşmək olar. Brüssel Rusiya qazından asılılığı azaltmaq üçün ən ağlasığmaz yolları da nəzərdən keçirir. Bura ABŞ-dan sıxılmış qaz idxalından tutmuş Əlcəzair və İraq qazının, Türkmənistanın karbohidrogen ehtiyatlarının Avropa bazarlarına yol tapması imkanları da daxildir. Lakin bəri başdan qeyd etmək lazımdır ki, Şevçoviçin Azərbaycana və Türkmənistana Transxəzər qaz kəmərinə dair anlaşma memorandumunu yeniləmək təklifi olduqca risklidir. Səbəblər isə tamamilə sadədir və görünəndir. Əvvəla, Azərbaycan Avropa üçün yeganə alternativ qaz təchizatçısı rolunu üzərinə götürməklə və Cənub Qaz Dəhlizinə qoşulmaqla onsuz da üzərinə ciddi siyasi risklər götürüb. Azərbaycanın Avropa üçün alternativ qaz təchizatçısına çevrilməsinin Rusiyanın xoşuna gəldiyini heç kim iddia edə bilməz. Rəsmi Bakı bu rolu üzərinə götürməklə ciddi təzyiqlərlə də üzləşməli olub, hərçənd ki, bu təzyiqlər qarşısında geri çəkilməyib və qətiyyət, siyasi iradə nümayiş etdirərək TANAP və TAP kəmərlərinin çəkilməsinə dair öz seçimini edib. Rusiya rəsmiləri gizlətmirlər ki, Azərbaycan qazının Avropaya çıxışı onların xoşuna gəlmir, ancaq eyni zamanda həcmin Avropanın qaza olan tələbatı və “Qazprom”un nəql etdiyi qazla müqayisədə cüzi olmasını nəzərə alıb bundan narahat olmadıqlarını da deyirlər.Hətta bu situasiyada da Rusiya boş dayanmadı. “Cənub axını” qaz kəməri layihəsini dayandıraraq Azərbaycan qazının Avropaya nəql marşrutunu təkrarlayan “Türk axını” kəməri layihəsinə başladı. Üstəlik Yunanıstanın Moskvaya yaxın solçu hökuməti TAP kəmərinə qarşı bəzi əngəllər yaratmaqdadır. Və bütün bunlar Avropa İttifaqının süstlüyü fonunda baş verir.Transxəzər qaz kəməri layihəsinə gəldikdə isə məsələnin mahiyyəti ciddi ölçülərdə dəyişir. Söhbət Xəzərin dibindən çəkiləcək kəməri ilə Türkmənistanın nəhəng qaz ehtiyatlarının bir hissəsinin Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya nəqli planlarınan gedir.Transxəzər ildə 30 milyard kubmetrə yaxın türkmən qazının Avropaya nəqli üçün düşünülüb, ötən əsrin 90-cı illərinin sonlarında ABŞ tərəfindən irəli sürülüb. Bu ideya Rusiyanın bölgədə mövqelərinin zəif olduğu vaxtlarda xeyli aktual idi.Lakin Rusiyanın Xəzərin dibindən qaz kəmərinin çəkilməsinə icazə verilməyəcəyinə dair qəti mövqeyindən, xəbərdarlıqlarından sonra Transxəzər layihəsi gündəmdən düşmüş hesab edilirdi. Azərbaycan və Türkmənistan bildirir ki, bu kəmər iki ölkənin Xəzərdəki milli sektorundan çəkiləcəyinə görə qərarı da onlar verməlidir. Lakin Rusiya Xəzərin statusunun qeyri-müəyyən olmasını, ətraf mühit problemlərini və s. irəli sürərək buna imkan verilməyəcəyini bildirir. İndi nə dəyişib? Rusiya yumşalıb və Xəzərin dibindən qaz kəmərinin çəkilməsinə yaşıl işıq yandırmağa hazırdırmı? Qətiyyən yox. Əksinə, Rusiya durmadan Xəzərdəki donanmasını gücləndirir, tez-tez hərbi manevrlər keçirir və digər sahilyanı ölkələrə, habelə regionda maraqları olan kənar dövlətlərə nümayiş etdirir ki, qapalı dənizdə, yaxud göldə bütün məsələlər ondan soruşulmalıdır. Moskva Xəzərin dibindən kəmərlərin çəkilməsinə qarşı olduğunu da hər fürsətdə təkrar edir, İran da eyni mövqedədir. O zaman Brüssel Azərbaycanı və Türkmənistanı bu riskli layihəyə, hətta avantüraya çəkməklə nə demək istəyir? Türkmənistan son zamanlar Transxəzər məsələsində xeyli fəal və maraqlı görünür. “Türkmənbaşı” - prezident Berdıməhəmmədov bu layihəyə dair avropalılarla və amerikalılarla tez-tez məsləhətləşmələr aparır. Hətta bu günlərdə Türkmənistan BMT-ni Transxəzər layihəsinin qarantı olmağa çağırmışdı. Azərbaycanın mövqeyi isə həmişə ehtiyatlı olub. Rəsmi Bakı bildirib ki, Transxəzər layihəsində öndə gedən tərəf olmaq istəmir, ancaq ərazisi türkmən qazının Avropaya tranzitinə açıqdır. Və ehtiyatlı olmaqda da haqlıdır. Rusiya Azərbaycan qazının Avropaya nəqlinə mane olmadı, yaxud ola bilmədi. Ancaq bu, o demək deyil ki, türkmən qazının da Xəzərin dibindən keçib getməsinə eyni dərəcədə dözümlü yanaşacaq. Viktoriya Nulandın peçenyelərinin və Brüsselin boş bəyanatlarının Ukraynada Rusiyanı dayandırmağa kifayət etmədiyini hamı gördü. O zaman Avropanın maraqlarına görə risk etməyə və növbəti Ukrayna olmağa dəyərmi?

21 Aprel 2015 3:56

Siyavuş Novruzov: “Bakı – 2015 Avropa Oyunları üçün hansısa təhlükə ehtimalı yoxdur”

2015-02-13-15-48-59ssss

YAP rəsmisi: “Bu ərəfədə tək Azərbaycan-Ermənistan sərhəd bölgəsində deyil, o cümlədən Ukraynada, Yaxın Şərqdə və digər yerlərdə atəşkəsə nail olmaq lazımdır”“Ermənistandan hər şey gözləmək olar və Ermənistan hər zaman təxribatlara əl atıb”.Bu sözləri Bakıda keçiriləcək ilk Avropa oyunları ərəfəsində Ermənistanın cəbhə bölgəsində gərginliyi artırması ilə bağlı ehtimalları dəyərləndirərkən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.PİA.AZ-ın əməkdaşının suallarını cavablandıran hakim partiyanın rəsmisi bildirib ki, ilk dəfə Bakıda keçiriləcək olan Bakı - 2015 Avropa Oyunları üçün hansısa təhlükə ehtimalı yoxdur:“Ermənistan hər zaman təxribatlara əl atıb. Hətta Azərbaycanda keçirilən bütün mötəbər tədbirlər zamanı, Ukraynada baş verən hadisələrdən sonra da Ermənistan sərhəd bölgəsində mütəmadi olaraq təxribatlarla məşğul olub. Dağlıq Qarabağ ərazisi xaric, Ermənistanın özüylə sərhəd olan bölgələrdə də dinc sakinlər atəşə tutulur, fermerlərin təsərrüfatına ziyan vurulur. Tovuzun, Qazaxın bir çox kəndlərində, Naxçıvan MR-da bu cür təxribatlara əl atırlar. Ermənistandan hər şey gözləmək olar. İlham Əliyev ümumilikdə elan edib ki, Avropa Oyunları kimi oyunlar sülhə xidmət etməlidir. Bu ərəfədə tək Azərbaycan-Ermənistan sərhəd bölgəsində deyil, o cümlədən Ukraynada, Yaxın Şərqdə və digər yerlərdə atəşkəsə nail olmaq lazımdır. Ermənistan hər hansısa təxribatlara əl atacaqsa, qarşısı alınacaq. Azərbaycanın güclü ordusu var və regionda ən aparıcı ordudur. Onu da qeyd edim ki, Avropa oyunları üçün hansısa təhlükə ehtimalı yoxdur”.Siyavuş Novruzov: “Ermənistan hər hansısa təxribatlara əl atacaqsa, qarşısı alınacaq”Həmçinin hakim partiyanın rəsmisi Fransa prezidenti Fransua Ollandın qondarma “erməni soyqırımı” 100 illik yubiley tədbirlərindən sonra birbaşa Bakıya gəlməsinə də münasibət bildirib:“Ollandın qondarma “erməni soyqırımı” 100 illik yubiley tədbirlərindən sonra birbaşa Bakıya gəlməsi Azərbaycana qarşı hörmətsizlik deyil. Bundan öncə Nikola Sarkozinin də Azərbaycana səfəri olub. Sarkozi də Cənubi Qafqazın hər üç ölkəsinə, Gücüstan, Ermənistan, Azərbaycana səfər edib. Ollandın qondarma “erməni soyqırımı” 100 illik yubiley tədbirlərində iştirak etməsi isə iki dövlət arasında olan münasibətdir. Biz heç bir dövlətin daxili işlərinə qarışmırıq. Hətta Fransanın özündə qanun var ki, kim soyqırımı etiraf etsə, cəzalanmalıdır. Burdan da Fransının mövqeyi özü-özünə aydındır. Ona görə də Ollandın Ermənistana gedib-getməməsinin əhəmiyyəti yoxdur. Çünki Fransa qondarma erməni “soyqırımı”nı tanıyan ölkələrin içində xüsusi cənfəşanlıq göstərən ölkələrdən birincisidir. Fransa qondarma “erməni soyqırımı” bəzi ölkələrə tanıtdırmaq üçün də dəridən qabıqdan çıxır. Bu baxımdan Ollandın səfəri tamam başqa məqsəd daşıyır”.pia.az

21 Aprel 2015 3:03

Polad Bülbüloğlu inadla susur…

polaq

Polad Bülbüloğlu ittihamlara niyə cavab vermir...Söyün Sadıqovun Rusiyadakı səfirlə bağlı ittihamlarına XİN şərh vermək istəmir, səfirlik isə inadla susur Aprelin 14-də Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti - “AzerRos”un növbədənkənar VI qurultayında yenidən sədr seçilən Söyün Sadıqov baş nazirin keçmiş müavini Abbas Abbasov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun ünvanına sərt ifadələr işlədib.S.Sadıqov deyib ki, onlarda olan məlumatlara əsasən A.Abbasov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə “bir qayıqda” yer alır. S.Sadıqovun sözlərinə görə, 17 fevralda qurultaya Rusiya hüquq-mühafizə orqanlarının müdaxiləsi birbaşa P.Bülbüloğlunun informasiyaları əsasında baş verib: “Axı necə ola bilər ki, diasporun 350-400 nəfər üzvü Abbas Abbasova tabe olmadığı üçün səfirin göstərişi ilə təzyiqə məruz qalsınlar? Biz bu informasiyaya əvvəl inanmadıq.Amma fevralın 20-də diasporun 100 fəal üzvü dağıstanlı qoluzorluların hücumuna məruz qalanda da səfir səsini çıxarmadı, hətta Dağıstan prezidentindən fəxri diplom da aldı. 14 aprel qurultayında isə rusiyalı məmurlarla söhbətdən belə məlum oldu ki, səfir bütün gücü ilə qurultaya mane olmağa çalışıb. Azərbaycanlılar bilmək istəyir ki, səfir Polad Bülbüloğlu Rusiyada Azərbaycan prezidentini təmsil edir, yoxsa Abbas Abbasovun çirkin oyunlarının iştirakçısıdır?"Qeyd edək ki, Söyün Sadıqovun Azərbaycanın Rusiyadakı səfirini ittiham etməsinə Moskvadakı səfirlik tərəfindən hər hansı reaksiya verilməyib. Dəfələrlə cəhd etməyimizə baxmayaraq səfirlikdən və səfir Polad Bülbüloğlundan münasibət öyrənə bilmədik. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Yeni Müsavat”a açıqlamasında dedi ki, XİN ictimai qurum tərəfindən verilən açıqlamaları şərh etmir: “Xarici İşlər Nazirliyi bu cür şayiə tipli açıqlamalara şərh vermir”.Polad Bülbüloğlunun adı 2012-ci ildə Abbas Abbasovla çəkilib. Özü də həmin vaxt Polad Bülbüloğlu bu mövzuda təkzib də vermişdi. Məsələ burasındadır ki, 2012-ci ilin sentyabrında səfir Polad Bülbüloğlu da “Milyarderlər İttifaqı” - RATİ-nin təsis toplantısında iştirak edib xeyir-dua vermişdi. Ancaq sonradan məlum olanda ki, Bakı dan verilən sərt bəyanatlardan sonra P.Bülbüloğlu tam geri çəkildi. Həmin vaxtlar mətbuatda yazıldı ki, Rusiyadakı səfirin “Milyarderlər İttifaqı”nın hakimiyyət əleyhinə olduğundan öncədən xəbəri olmayıbmış. Qeyd edək ki, yerli mətbuatda səfir Polad Bülbüloğluna qarşı Rusiyada ciddi iş aparıldığı və daha çox mədəni tədbirlərdə gündəmə gələn səfirin dəyişdirilməsi ilə bağlı fəaliyyətlər olduğu haqda yazılar dərc olunur. Ancaq o da bildirilir ki, P.Bülbüloğlunun Azərbaycan prezidenti ilə yaxın əlaqələri var və bu əlaqələrə güvənən səfir özünü çox rahat hiss edir, işdən çıxarılması və barəsindəki ittihamlara cavab verməyə ehtiyac duymur.Yeri gəlmişkən, interpress.az saytı “AzerRos” təşkilatının saytının hələ də Abbas Abbasovun nəzarətində olduğu və Söyün Sadıqovun seçilməsi ilə bağlı xəbərlərin hələ də sayta yerləşdirilmədiyi haqda xəbər yayıb. Saytın xəbərində qeyd olunur ki, sayta qoyulan ən son yazılarda Söyün Sadıqov kəskin tənqid edilib və dağıdıcılıq fəaliyyətində ittiham olunub. İnterpress.az-a daxil olan məlumata görə, Abbas Abbasovla Söyün Sadıqovun münasibətlərinin kəskinləşdiyi dövrdə təşkilatın saytına Abbasovun tərəfdarları nəzarət edib. Qurultaydan sonra da sayt yeni rəhbərliyə təhvil verilməyib. “AzərRos”un saytında daha əvvəl Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu barədə kəskin tənqidi yazı yayınlanmışdı.(musavat.com)

21 Aprel 2015 2:50

Qənirə Paşayeva: “Burada çıxış etmək haqqınız yoxdur”

5910

AŞPA sessiyasında “Azad müzakirələr” zamanı Ermənistan nümayəndə heyəti üzvləri çıxışlar edərək Azərbaycan və Türkiyə əleyhinə qərəzli, yalan və böhtanlarla dolu çıxışlar ediblər Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Assambleyada Ermənistan heyətinə sərt cavab verərək işğalçı, Xocalı Soyqırımını törədən bir ölkənin təmsilçisi olaraq sizin bu Assambleyada çıxış etmək haqqınız yoxdur deyib: “Təəssüf edirəm ki, Ermənistan nümayəndə heyətinin üzvləri bütün çıxışlarını Türkiyə və Azərbaycana həsr edərək yanlış, qərəz dolu məlumat və fikirlər səsləndirdilər. Qonşusunun, Azərbaycanın 20 faiz torpaqlarını işğal edən və bu gün də işğal altında saxlayan bir ölkənin Ermənistanın təmsilçilərinin bu Assambleyada hər hansı bir ölkəni tənqid etmək haqqı yoxdur. 1 milyon azərbaycanlını öz evindən qaçqın və məcbiri köçkün salan və bu gün də onların öz evlərinə dönməsinə imkan verməyən bir ölkənin millət vəkillərinin Avropa Şurası Assambleyasında insan haqlarından danışmaq haqqı yoxdur. İşğalçı bir ölkənin, 1 milyon insanın bütün insan haqlarını 20 ildən artıqdır ki, tapdalamaqda davam edən bir ölkənin, Ermənistanın insan haqlarından dəm vurub kimlərəsə dərs keçmək haqqı yoxdur və çox gülünc görünür. Yaxşı olardı ki, o, yalan, qərəz dolu məlumatlarla bütün çıxışlarını Türkiyə və Azərbaycana həsr etməkdənsə, öz ölkələrində vəziyyətindən danışaydılar. Onların Türkiyə və Azərbaycan haqqında səsləndirdiyi fikirlər qərəzdən və yalandan başqa bir şey deyil və çox təəssüf edirik ki, onlar bu kimi addımlara son qoymurlar. Biz AŞPA-nı işğalçı Ermənistana təzyiq göstərməyə çağırırıq. Ermənistan heyəti siz nədən yüz il əvvəl olan hadisələri heç bir rəsmi subutlar olmadan soyqırım kimi təqdim edirsiniz amma öz ölkənizin törətdiyi soyqırıma görə ailələrini itirmiş Xocalılardan bir dəfə də olsun üzr istəməyibsiniz? Ölkəniz Ermənistan nədən bu dəhşətli soyqırımı törədənləri Ermənistanda gizlədir və onların ədalət qarşısında cavab verməsinə imkan vermirsiniz? Nədən əhalisinin əksəriyyətini məhv etdiyiniz Xocalıdan qaçaraq canını qurtara bilmiş çox az sayda Xocalı sakininin 23 ildir öz evlərinə dönməsinə imkan vermirsiniz? Ermənistan heyətindən bu suallara cavab vermələrini gözləyirik”.Millət vəkilindən sonra çıxış edən Ermənistan nümayəndə heyəti təmsilçisi suallara heç bir arqumentlə cavab verə bilməyib.(Qafqazinfo)

21 Aprel 2015 2:44

Üzeyir Cəfərli: “Azərbaycan hərbiçiləri bu ərəfədə ayıq-sayıq olmalıdır”

herbb3

“Düşmən başqasının evində hökmranlıq etmək istəyəndə layiq olduğu cəzanı almalıdır və alır” “Qondarma “soyqırım”la bağlı tədbirlər ərəfəsində komandirlər həm şəxsi heyətin həyatını qorumaq üçün, həm də erməni təxribatının qarşısını almaq üçün cəhbədə ayıq-sayıqlığı artırmalıdırlar”.Bu sözləri PİA.AZ-a açıqlamsında hərbi ekspert Üzeyir Cəfərli bildirib.Cəfərli hesab edir ki, “qondarma “soyqırım”ın 100 illik tədbirləri ilə bağlı cəbhə xəttində gərginliyin artması gözlənilir və hətta erməni təxribatı nəticəsində iri çapda hərbi əməliyyatları istisna etmək olmaz:“Qondarma “soyqırım”la bağlı tədbirlər ərəfəsində komandirlər həm şəxsi heyətin həyatını qorumaq üçün, həm də erməni təxribatının qarşısını almaq üçün cəhbədə ayıq-sayıqlığı artırmalıdırlar. Çünki ermənilər bu ərəfədə çalışacaqlar ki, Azərbaycan Silahlı qüvvələri üçün müəyyən problemlər yaşatsınlar. Biz çalışmalıyıq ki, onların təxribatlarının qarşısını almaq üçün vaxtında qabaqlayıcı addımlar ataq. Prinsip etibarilə qabaqlayıcı addımlar atılır, amma yenə də ötən həftələr də Biləsuvar rayonundan hərbi xidmətə çağırılmış gizir rütbəli hərbi qulluqçumuzu düşmənin snayper atəşi nəticəsində itirdik.Konflikt həllini tapmayana qədər davamlı olaraq mövqelərimiz də atəşə tutulacaq, yaralanlarımız da, ölənlər də olacaq. Biz düşmən ordusunun itki vermələrini də izləyirik. Onlar nə qədər çox itki verərsə, bu halaldır. O mənada ki, onlar qəsbkardırlar və Azərbaycan torpaqlarına soxulublar. Düşmən başqasının evində hökmranlıq etmək istəyəndə layiq olduğu cəzanı almalıdır və alır. Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayıb nə Moskvada oturan Rusiya rəhbərliyi, nə Ermənistanda oturan seperatçılar və canilər bilməlidir ki, biz öz torpaqlarımızı işğaldan azad etmək üçün bütün vasitələrdən istifadə edəcək. Və müharibə olarsa belə, o qərarı Azərbaycan verməlidir və yəqin ki, verəcək.Bizim əsgərlərə gəlincə, onların həyatını qorumalıyıq. Deyim ki, 2015-ci ildə Azərbaycan Silahlı qüvvələri ermənilərə sakit nəfəs almağa imkan verməyəcək. Hesab edirəm ki, Azərbaycan hərbçiləri maksimum çalışacaqlar ki, düşmənin rahatlığını pozsunlar və onlar anlasınlar ki, işğalçılıq siyasətindən əl çəksinlər”.

20 Aprel 2015 12:18

“Avropa Parlamenti bütün Avropanın imicinə və etibarına zərbə vurdu”

5248

“Ortaq Dəyərlər” İB Azərbaycan və Türkiyəni dünyada daha etibarlı və ədalətli birliklərin formalaşdırılmasına çağırır “Ortaq Dəyərlər” İctimai Birliyi Avropa Parlamentinin qondarma “erməni soyqırımı”nı tanıyan Qətnaməsini pisləyən bəyanat yayıb. Bəyanata bildirilir ki, Avropa Parlamentinin qəbul etdiyi sənəd heç bir hüquqi, siyasi və tarixi əsasa söykənmir: “Bu sənəd Avropanın tarixən yürütdüyü ənənəvi antitürk, antiislam siyasətinin növbəti təzahürüdür”.Qurumun sədri Aqil Camal tərəfindən yayılmış bəyanatda qeyd olunur ki, Avropa parlamentariləri gerçək soyqırımı araşdırması aparmaq istəyirlərsə öz tarixlərinə nəzər yetirsinlər: “Dünyanın demək olar ki, bütün qitələrində ayrı-ayrı xalqlara qarşı soyqırımı həyata keçirmiş avropalıların bugünkü xələfləri öz babalarının, atalarının əməllərini başqalarına aid etmək istəyirlər. XX əsrin əvvəllərində, eləcə də XX əsrin 80-90-cı illərində erməni terrorçuları tərəfindən müxtəlif soyqırımlara, işgəncələrə məruz qalmışdılar. 1992-ci ilin fevralında ermənilərin törətdiyi Xocalı soyqırımı müasir insanlıq tarixinin ən ağrılı faciəsidir. Ancaq Avropa Parlamentinin bu gün bütün detalları ilə hər kəsə aydın olan Xocalı soyqırımını görməzdən gələrək, uydurma “erməni soyqırımı” iddiasının yanında yer alır”. “Ortaq Dəyərlər” İB hesab edir ki, bu qətnamə Avropa Parlamentinin timsalında bütün Avropa təşkilatlarının demokratik imicinə, etibarına xələl gətirib: “Həm Roma Papasının məlum açıqlaması, həm Avropa Parlamentinin qətnaməsi erməni yalanından və erməni vandalizmindən zərər görmüş xalqlarda, ölkələrdə böyük təəssüf hissi yaratmaqla bərabər, gələcəyə yeni baxışla baxmaq gerçəkliyini ortaya qoydu. Biz bir daha əmin olduq ki, özünü dünyada insan haqlarının, demokratiyanın müdafiəçisi kimi təqdim edən Avropa təşkilatları, əslində, gerilikçi düşüncə ilə hərəkət edərək, fəaliyyətlərini dini təəssübkeşlik və geosiyasi maraqlar üzərində qururlar”.Avropa Parlamentinin məlum qərarını tanımadığını bildirən “Ortaq Dəyərlər” İB, Azərbaycan və Türkiyə hökumətlərini, Avropa qurumları ilə əməkdaşlıq məsələlərinə bir daha baxmağa, dünyada daha etibarlı və ədalətli birliklərin formalaşdırılması üçün ciddi səylər göstərməyə çağırır.(modern.az)

20 Aprel 2015 12:13

Rusiya Baş Qərargahı: Qarabağda münaqişənin bərpası Rusiya sərhədləri yaxınlığında silahlı toqquşmaların yaranması təhlükəsi vəd edir

ruu

NATO Rusiya sərhədlərində gərginlik ocaqları yaratmağa can atır "Şimali Atlantika Alyansı Rusiya sərhədləri yaxınlığında yeni gərginlik ocaqları yaratmağa çalışır". "Faktinfo" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib. "Vaşinqton və onun NATO üzrə tərəfdaşları "Rusiyanı yerinə otuzdurmaq" üçün onun sərhədyanı regionlarında böhranlı vəziyyətlər yaratmaqda daha aşkar maraqlı olmağa başlayırlar", - deyə 4-cü Moskva Beynəlxalq təhlükəsizlik konfransında o bildirib. Gerasimovun sözlərinə görə, Dnestryanı, Abxaziya və Cənubi Osetiya, həmçinin Dağlıq Qarabağda münaqişələrin mümkün bərpası Rusiya Federasiyası sərhədləri yaxınlığında silahlı toqquşmaların yaranması təhlükəsi vəd edir. "SSRİ-nin dağılmasından sonra artıq iyirmi ildən artıq müddətdir ki, Moldovanın qondarma Dnestryanı Moldova Respubliksı, Gürcüstanın "Abxaziya və Cənubi Osetiya respublikaları", Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinin statusuna dair məsələ ilə bağlı münasibətləri tam olaraq nizamlanmayıb. Rusiyanın ABŞ və Avropa ilə münasibətlərinin kəskinləşməsi fonunda bu münaqişələrin "donunun açılması" ehtimalı artır ki, bu da bizim dövlətimizin sərhədləri yaxınlığında silahlı toqquşmaların yaranması təhlükəsi vəd edir".

17 Aprel 2015 2:42

Gürсüstan parlamentində erməni-azərbaycanlı qalmaqalı

guecu

Erməni deputat Samvel Petrosyanın Gürсüstan parlamentində uydurma erməni soyqırımının tanınması barədə verdiyi təklif сiddi etirazlara səbəb olub. Gürсü jurnalist Zviad Mçedlişvili bunun parlamentdə böyük gərginlik yaratdığı bildirib. Onun sözlərinə görə, parlamentin spikeri David Usupaşvili erməni deputata sərt nəzərlərlə baxıb. Deputatlar Samvel Petrosyanın çıxışını kəsməyə çalışıblar. Erməni deputat isə inad göstərərək çıxışını başa çatdırıb. Müxalifətçi azərbayсanlı deputat Azər Süleymanov erməni deputatın sözlərini uydurma adlandırıb. “Bu, vətəndaş qarşıdırması, vətəndaş müharibəsi olub. Türkiyənin bütün arxivləri açıqdır, əmin ola bilərsiniz ki, türklər ermənilərdən çox ölüb. Əgər 100 il qabaqdan danışırıqsa, onda daşnaklar və Qızıl Ordu 1918-сi ildə Azərbayсanda 100 mindən artıq adamı öldürüb. Biz hələ iyirmi il qabaqkı Qarabağ hadislərini yaxşı xatırlayırıq”, - deyə Süleymanov vurğulayıb. Hakim partiyanı təmsil edən Mahir Dərziyev də onu dəstəkləyərək bildirib ki, uydurma soyqırımın tanınması Gürсüstanın strateji tərəfdaşı Türkiyə ilə münasibətləri pisləşdirəсək. Müxalifətçi deputat Nuqzar Tsiklauri isə bütün deputatları təklifi müzakirə etməməyə çağırıb. Müzakirələrə spiker David Usupaşvili son qoyub və bildirib ki, bu məsələ Gürсüstan parlamentində müzakirə olunmayaсaq. ANS PRESS

16 Aprel 2015 8:06

ABŞ ermənilərə “od qoydu”

qa

Dövlət Departamenti "erməni soyqırımı"nı inkar etdi ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin əməkdaşı Mari Xarf erməniləri məyus edən, qondarma erməni soyqırımını inkar edən açıqlama verib. Onun keçirdiyi növbəti brifinqdə jurnalistlər "erməni soyqırımı" və Fransısk I Roma Papasının liturqiyası ilə bağlı Dövlət Departamentinin mövqeyini öyrənməyə çalışıblar. M.Xarf cavabında ABŞ-ın qondarma soyqırımla bağlı rəsmi mövqeyini bir daha təkrarlayıb: "Soyqırımın 100 illiyi ilə əlaqədar ABŞ-da hər hansı tədbirlər nəzərdə tutulmur. Bəli, prezident və onun administrasiyasının yüksək vəzifəli məmurları bir neçə dəfə bunu tarixi hadisə kimi qiymətləndirib və kədərlərini ifadə ediblər. Tarixin araşdırılması, bu faktların dürüst və səmimi şəkildə aydınlaşdırılması bizim - Türkiyənin, Ermənistanın və Amerikanın - ümumi maraqlarımıza əsaslanır." Dövlət Departamentinin nümayəndəsi ötən bazar günü Roma Papası Fransıskin "Osmanlı türkləri tərəfindən ermənilərə qarşı yüz il əvvəl törədilənlər 20-ci əsrin birinci soyqırımıdır" fikrinə belə şərh verib: "Keçmişin ağrılı epizodları çox olub. Gələcəyə baxmaq lazımdır. Bu, Ağ Evin əsas prinsipidir. Keçmişin ağrılı epizodlarını dərk edərək bundan nəticə çıxaran dövlətlər daha güclü olur, inkişafa çatır." ANS PRESS

15 Aprel 2015 1:25

Suriya, Livandan gələn ermənilər Azərbaycan ərazilərində yerləşdirilir

azy

Azay Quliyev: “Ordumuz cəbhədə erməni təxribatının qarşısını lazımi şəkildə alır" Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş Prokurorluğun Slovakiya siyasətçisi Frantişek Mikloşko barəsində həbs qətimkan tədbiri seçməsinə münasibət bildirib. ANS PRESS-in məlumatına görə o qeyd edib ki, slovakiyalı siyasətçinin Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər etdiyinə görə onun barəsində cinayət işi açılması təqdirəlayiqdir. O, İnterpolun Milli Mərkəzi Bürosu da həmin şəxs barədə axtarış elan etdiyini də xatırladıb. “Bu həm də ona görə önəmlidir ki, Azərbaycan hüquq-mühafizə orqanları bu cür qanunsuzluqlarla bağlı önəmli addımlar atır. Bunun nümunə olunacaq tərəfləri var”. Deputat təklif edib ki, bu cür hüquqi addımlar bundan sonra da davam etməlidir. Azay Quliyev müdafiə naziri Zakir Həsənovun Ermənistanın Livandan, Suriyadan muzdlu döyüşçü cəlb etməsi haqqındakı bəyanatını da şərh edib. Onun sözlərinə görə, Ermənistanın əsgər çatışmazlığı ucbatından bu cür addımlar atması yeni hal deyil. “Azərbaycan ordusu cəbhədə erməni təxribatının qarşısını lazımi şəkildə alır. Amma müdafiə nazirinin bəyanatı bizi yenə də ciddi şəkildə narahat etməlidir. ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu araşdırıb məsələyə münasibət bildirməlidir. Ermənistanın qanunsuz hərəkətlərinə siyasi qiymət verilməlidir. Bu gün qanunsuz olaraq Suriya, Livan, Şimali Afrikadan qanunsuz olaraq ermənilər Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilir”.

14 Aprel 2015 2:35

“Ermənilər hərbi əməliyyatlara Livandan, Suriyadan olan muzdluları cəlb edir”

zajk

Zakir Həsənov: "Silahlı Qüvvələrimiz düşməni darmadağın etməyə hazırdır” Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə keçirilən irimiqyaslı təlimlərin yekunlarına dair müşavirədə komandir-rəis heyəti qarşısında çıxışında işğal olunmuş ərazilərin tezliklə azad olunacağına əminliyini ifadə edib. Modern.az xəbər verir ki, nazirin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı nəticəsində regionun ən güclü ordusuna çevrilib: "Ordumuzun silahlanmasında yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir və dəqiq məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası var. Şəxsi heyətin döyüş ruhu və qələbə əzmi gündən-günə artır. Son təlimlərdə biz bunun əyani şahidi olduq". Düşmən tərəfinin hazırkı vəziyyətini qiymətləndirən müdafiə naziri son döyüşlərdə canlı qüvvə sarıdan xeyli sayda itki verən ermənilərin təxribat törətmək planlarının tam alt-üst olduğunu diqqətə çatdırıb. "Düşmənin mövqelərimiz istiqamətində dəfələrlə təxribat xarakterli əməliyyatlar keçirmək cəhdi ayıq-sayıq əsgərlərimiz tərəfindən elə ilk anda alınıb. Bu həmişə belə olub və gələcəkdə də bu cür olacaqdır. Ermənilər itkilərini cidd-cəhdlə gizlətməyə çalışırlar. Amma biz işğal olunmuş ərazilərdəki vəziyyətdən tam məlumatlıyıq. Müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən əldə etdiyimiz məlumatlara görə, Ermənistanda və işğal olunmuş ərazilərdə vəziyyət həddən artıq acınacaqlıdır. Düşmən ordusunda əsgər çatışmazlığı elə bir həddə çatıb ki, erməni tərəfi postlarda keşik çəkməyə mülki şəxsləri yerləşdirir. Bundan əlavə, hərbi əməliyyatlara müxtəlif ölkələrdən, eyni zamanda, Yaxın Şərq regionundan - Livandan, Suriyadan olan muzdluları cəlb edir. Azərbaycan əsgəri erməni xalqına qarşı deyil, Ermənistanın cinayətkar, kriminal hərbi siyasi-rejiminə, onun əlləri günahsız dinc əhalinin qanına bulaşmış rəhbərliyinə qarşı müharibə aparır", - deyə müdafiə naziri bildirib. Ali Baş Komandanın hər bir əmrinə Silahlı Qüvvələrin daim hazır olmasını xüsusi vurğulayan nazir Azərbaycan əsgərinin xalqın və dövlət rəhbərliyinin etimadını doğruldacağına əminliyini ifadə edib. "Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin yeganə çıxış yolu erməni silahlı birləşmələrinin birdəfəlik və qeyd-şərtsiz ərazilərimizi tərk etməsidir. Torpaqlarımızın işğaldan azad olunmasının digər alternativi isə güc tətbiq edilməsidir. Düşmən bunu anlamalı, dərk etməli və səbrimizi sınağa çəkməməlidir. Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşən yeganə vəzifə isə düşməni darmadağın etməyə hər an hazır olmaqdır. Biz buna hazırıq və bütün qoşun növlərində döyüş hazırlığının gücləndirilməsi, şəxsi heyətin peşəkar səviyyəsinin artırılması və döyüş əzminin yüksəldilməsi məqsədilə daim keçirilən döyüş atışlı təlimlər, məşqlər qələbə gününün uzaqda olmadığına sübutdur", - deyə müdafiə naziri qeyd edib.

13 Aprel 2015 6:37

Fakt

Bizi izləyin