Qəbr yeri pullu olacaq

"Məzarlıqlar haqqında” qanun layihəsi ilə bağlı müvafiq strukturlardan razılıq alınıb və bütün məsələlər demək olar ki, həllini tapıb. Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, hazırda qanun layihəsi Prezident Administrasiyasına təqdim olunub: "Prezident Administrasiyası təkliflərini verdikdən sonra qanun layihəsi Milli Məclisə təqdim olunacaq. Hesab edirəm ki, 2017-ci ildə qanun layihəsi müzakirəyə çıxarılacaq”. Komitə sədri bildirib ki, yeni qanun layihəsinə əsasən, bütün məzarlar bərabər formada olacaq, heç bir məzar digərlərindən fərqlənməyəcək, bütün məzarlarda baş daşları, qəbirüstü daşlar eyni ölçüdə olacaq: "Yeni məzarlıqlar yaşayış massivlərindən uzaqda yerləşdiriləcək, o cümlədən, su hövzələrindən 300 metr məsafədə olacaq. Çünki elə xəstəliklər var ki, insan vəfat etdikdən sonra da qalır”. Məzarların qiyməti məsələsinə gəlincə isə S.Novruzov bildirib ki, qiymətlər də hamı üçün eyni və ucuz olacaq: "Bir məzarın qiymətinin minimum əmək haqqının 2 misli dəyərində olması nəzərdə tutulur, yəni təxminən 300 manata yaxın. Bu qiymətə həm məzar yerinin ayrılması, məzarın qazılması, qəbrin üstünün götürülməsi daxil olacaq. Görürsən ki, bəziləri yaxınını dəfn etmək üçün kredit götürür. Belə hallar var və bununla bağlı bizə müraciətlər edilir. Çalışırıq ki, vətəndaşlarımız bu cür problemlərlə rastlaşmasınlar”.

10 Yanvar 2017 10:31

Aqrar Universitet quşçuluğun inkişafı ilə bağlı müqavilə imzaladı

Azərbaycan Dövlət Aqrar Universitetində müştərək elmi tədqiqat İşlərinin aparılmasına dair daha bir lahiyə əsasında yeni müqavilə imzalanıb. Bu cür layihə və müqavilələr təhsil müəssisəsində ilk deyil. ADAU-nun mətbuat xidmətindən bildirilib ki, yeni imzalanan müqavilədə məqsəd Azərbaycanda quşçuluq sahəsində damazlıq işlərini və quşçuluğun inkişafını sürətləndirmək, müştərək elmi tədqiqat işlərininin aparılmasını təşkil etmək, əldə olunan nəticələri Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan fermer və sahibkarlara tövsiyyə xarakterli təlimatlarla çatdırmaqdır. Müsüslü Damazlıq Quşçuluq təsərrüfatının rəhbəi Qiyas Hacıyevlə müqavilə bağlanmazdan əvvəl ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov təhsil müəssisəsi barədə ətraflı məlumat verib və deyib ki, bu müqavilədə əsas hədəfimiz quşçuluqda elmi baza yaratmaq, tələbələrin istehsalat təcrübəsini təmin etmək və bazar rəqbətli kadrlar hazırlamaqdır.  Yaxın vaxtlarda daha bir neçə müqavilə isə universitetin müvafiq fakültələri ilə şoran torpaqların təmizlənməsi və əkinə tam yararlı hala gətirilməsi ilə əlaqədar olacaq. Aparılacaq elmi tədqiqat işinin şərtlərinə uyğun müəssisə tərəfindən ADAU-nun quşçuluq tədris mərkəzinə pulsuz olaraq 2.000 cücə, dərman və peyvənd vasitələri, həmçinin 8 ton quş yemi veriləcək. Aqrar universitet isə saxlanılan cücələrin və istifadə edilən yemlərin bütün texniki parametrlərini elmi əsaslarla işləyib müvafiq tövsiyyə xarakterli təlimatların yayılmasını, həmçinin bu sınağın elmi jurnallarda, konfranslarda və kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin edəcəkdir.

28 Dekabr 2016 5:03

Bu gün keçirilən hərracda 20 dövlət obyekti satılıb –Ən baha qiymətə Yasamaldakı müəsissə özəlləşib

Dekabrın 27-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərracda, ümumilikdə 20 dövlət əmlakı olmaqla, 1 səhmdar cəmiyyəti, 14 istifadəsiz qeyri-yaşayış sahəsi və kiçik dövlət müəssisəsi, eləcə də 5 nəqliyyat vasitəsi özəlləşdirilib.Komitədən bildirilib ki, hərracda satılmış kiçik dövlət müəssisəsi Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən 129 kvadratmetr sahəsi olan 130 saylı mağazadır. Özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin 11-i Bakıda, 1-i Yevlaxda, digəri isə İsmayıllıda yerləşir. Paytaxtın Nəsimi, Yasamal, Nərimanov, Nizami və Xətai rayonlarında yerləşən obyektlərin sahəsi əsasən 20 kvadratmetrdən 100 kvadratmetrədəkdir. Ən böyük sahəyə malik obyekt isə Yevlaxda yerləşən və 185,5 kvadratmetr sahəsi olan qeyri-yaşayış obyektidir.Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Belə ki, həmin əmlak 70 min manata özəlləşdirilib. Yevlaxda yerləşən qeyri-yaşayış sahəsi isə 46 min 500 manata satılıb. Nəqliyyat vasitələrinin satışı üzrə isə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif etmiş iddiaçı nəqliyyat vasitəsinin sahibi olub.“Cəlilabad Taxıl” açıq səhmdar cəmiyyətinin satışı üzrə də hərrac rəqabətli olub. Bu, regionlarda yerləşən səhmdar cəmiyyətlərinin özəlləşdirilməsinə marağın böyük olduğunu göstərir. Belə iri müəssisələrin özəlləşdirilməsi regionlarda kənd təsərrüfatı sahəsinin inkişafına da böyük dəstəkdir.Hərracda satılan kiçik müəssisələr və istifadəsiz qeyri-yaşayış sahələri kiçik və ortahəcmli sahibkarlıq fəaliyyəti baxımından əlverişlidir. Özəlləşdirilmiş belə əmlaklar sonradan sahibləri tərəfindən rahat şəkildə gəlir mənbəyinə çevrilir. Özəlləşdirilən obyekt və qeyri-yaşayış sahələrinin sonradan məişət, qida, təmir və digər sahələrdə biznes fəaliyyəti üçün istifadə ediləcək. Eyni zamanda, belə daşınmaz əmlaklara dair hərracdan qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış da təqdim olunur.Qeyd edək ki, komitə cari il sentyabrın 14-dən etibarən açıq hərraclar keçirir və indiyədək 12 belə hərrac keçirilib. Hərraclara müxtəlif çeşiddə 700-ə yaxın dövlət əmlakı çıxarılıb. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 iyul tarixli Fərmanına əsasən, Nazirlər Kabineti tərəfindən yeni dövlət müəssisələrinin özəlləşməyə açılması ilə bağlı Sərəncam verilib. Ümumilikdə 352 yeni dövlət müəssisə və obyekti özəlləşməyə açılıb.Hazırda sadə prosedura əsasən, hərraca qatılmaq üçün “Özəlləşdirmə portalı” üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, “Özəlləşdirmə portalı”, eləcə də “facebook”dakı rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.Hərracda media nümayəndəsi və istənilən vətəndaş rahat şəkildə iştirak edib prosesi müşahidə edir. Eyni zamanda, müasir texnologiyalar sayəsində böyük monitorlarda regionlarda keçirilən hərraclar da izlənilir.Qeyd edək ki, tamamilə şəffaf, rahat və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçirilən belə hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük fürsətdir.

27 Dekabr 2016 2:27

Sosial evlərin ödənişi nə qədər olacaq və kasıblara neçə mənzil veriləcək?

Vətəndaşların uyğun qiymətə mənzil təminatı sahəsində 2020-ci ilədək geniş strateji hədəflər müəyyən olunub. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.Strategiyada 2020-ci ilədək olan dövr üçün müəyyən edilmiş hədəflərin reallaşması nəticəsində Azərbaycanda 2020-ci ildə real ÜDM-in birbaşa 168 milyon və dolayı 81 milyon manatadək artacağı, tikinti sektorunda 10 minə yaxın yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Bunun gerçəkləşdirilməsi dövlət-özəl resursları hesabına 900 milyon manat həcmində investisiya qoyuluşu tələb edir.Aparılan hesablamalara görə, Azərbaycanda gənc ailələrin ehtiyaclarına uyğun olaraq hər il təxminən 30 min yeni mənzil satılır. Mənzil İnşaatı Dövlət Agentliyinin ilkin məqsədi daşınmaz əmlak bazarının hər il 10 faizini təşkil edən uyğun qiymətə (güzəştli) yeni mənzillərin (təxminən 3 min mənzil) satılmasından ibarət olacaq. Strateji Yol Xəritəsində əsas məqsədlər vətəndaşlarının yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi, xüsusilə azgəlirli ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, urbanizasiya prosesinə nəzarət imkanlarının genişləndirilməsi, tikinti sektorunda rəqabət mühitinin gücləndirilməsi, tikinti sektorunda inkişaf dinamikasının sürətləndirilməsi, dövlət vəsaitindən səmərəli istifadənin təmin edilməsi, ekoloji cəhətdən təmiz və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli yaşayış massivlərinin tikilməsi, həmçinin şəhərsalma və tikinti sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsidir.“Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunan məqamları şərh edən iqtisadçı ekspert Vüqar Bayramov Publika.az-a bildirib ki, layihə sosial mənzil fondunun formalaşdırılması və vətəndaşlara uyğun qiymətə mənzil təminatının həyata keçirilməsini nəzərədə tutur: “Strategiya daxilində aztəminatlı ailələrə birinci il 2 min mənzil, növbəti illərdə hər il 3 min mənzilin təklif edilməsi nəzərdə tutulur. Burada əsas hədəf mənzil təminatına dəstək verməkdən ibarətdir. Hər il 3 min mənzilin seçilməsində məqsəd inşaat sektorunda tikinti şirkətlərinə əlavə stimul olacaq. Çünki mənzilə illik təlabat 30 min ədəddir, sosial mənzillər illik təlabatın 10 faizini ödəyəcək. Bu faiz məhz inşaat şirkətlərinin tikinti sektoruna marağını azalmamasına şərait yaratmaqla yanaşı, bu sahədə rentabelliyə müsbət təsir göstərəcək. Sosial mənzil fondundan təklif edilən mənzillər 1,2 və 3 otaqlı olacaq. 3 otaqlı mənzillər 75 kv/metr, 2 otaqlı mənzillər 45-50, 1 otaqlı mənzillərin sahəsi isə 35 kv/metr-ə yaxın olacaq. İlkin qiymətlər də müəyyən edilib. 3 otaqlı mənzilə sahib olmaq üçün ayda 300-350, 2 otaqlı mənzil üçün 250, 1 otaqlı mənzillər üçün 180 manat aylıq ödəniş tələb ediləcək. Bu mənzil təminatına müsbət təsir göstərəcək. Xüsusən, aztəminatlı ailələr bu imkandan istifadə edərək mənzilə sahib olacaq”. Bu mənzillərin yalnız Bakıda deyil, regionlarda tikiləcəyini deyən V.Bayramov bunun urbanizasiya problemini də həll edəcəyini vurğulayıb: “Rayonlarda yaşayan vətəndaşlara öz rayonlarında mənzil almaq imkanı yaradılacaq”.V.Bayramov strateji yol xəritəsində həmçinin inşaat sektoruna, yeni iş yerlərinin yaradılmasına da müsbət təsir göstərəcəyini deyib: “Strategiyaya əsasən inşa ediləcək mənzillər infrasturuktura yaxın yerlərdə tikiləcək. Məktəb, iş yerləri və digər obyektlərə rahat çıxış imkanı yaradılacaq. Dövlətin sifarişi əsasında tender yolu ilə mənzillərin inşaası nəzərdə tutulur. Tenderdə iştirak edən şirkətlər dövlət sifarişi ilə mənzil tikintisində iştirak edə biləcək. Birinci mərhələdə bu sahəyə 150 milyon manat vəsaitin ayrılacağını nəzərə alsaq, bu da tikinti şirkətlərinin bu imkandan faydalanmasına imkan verəcək. Bu da inşaat sektorunun canlanması, mənzilə olan ehtiyacın ödənilməsi baxımdan əlverişlidir”.

27 Dekabr 2016 10:43

Bu şəxslər tibbi sığorta güzəştlərindən istifadə edəcək –Siyahı

Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 50 faizi güzəştdən istifadə edə biləcək. Bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib. Z.Əliyev qeyd edib ki, pilot rayonlarda icbari tibbi sığorta sisteminə cəlb olunacaq əhalinin təqribən 50 faizi qeyri-iqtisadi, 50 faizi isə iqtisadi fəal əhali qrupuna aiddir.Agentlik direktoru əlavə edib ki, gələn il yanvarın 1-dən icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılacaq: “Niyyətimiz odur ki, yanvarın 1-dən sistemin tətbiqinə başlayaq. Amma bu, elə də asan deyil. Çünki yanvarın 1-dən pilot rayonlardakı dövlət xəstəxanalarının idarəçiliyi də Agentliyə keçdiyindən, bununla əlaqədar bir qədər hazırlıq işləri görüləcək, sonra isə biz sistemin tətbiqinə başlayacağıq”. Qeyd edək ki, icbari tibbi sığorta sistemi ilkin olaraq, Yevlax və Mingəçevirdə həyata keçiriləcək. Gələn il yanvarın 1-dən Mingəçevir şəhərinin və Yevlax rayonundakı dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərəcəklər. Pilot layihə müddətində həmin məüssisələrin maliyyələşdirilməsini, inventarizasiyasını və kadr məsələlərinin tənzimlənməsini Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyi həyata keçirəcək.Layihə həyata keçirilərkən aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr icbari tibbi sığorta ödənişlərindən azad ediləcəklər.

26 Dekabr 2016 4:19

İstilik problemi sakinləri küçəyə çıxardı: AKSİYA

Binəqədi rayonu Naxçıvani küçəsi 24-də mənzillərə günlərdir istilik verilmir. Sakinlərin Publika.az-a verdiyi məlumata görə, qazanxanadan onlara problemin təbii qazla bağlı olduğu deyilir.Lakin sakinlər bildirir ki, mənzillərinə verilən qazın təzyiqi normaldır və problemin səbəbi başqadır: “Heç kimin borcu yoxdur, hamı istifadə etdiyi xidmətin pulunu ödəyib. Ancaq qazanxananın qaza borcu yarandığına görə qaz verilmir. Bu qədər bina sakini günlərdir soyuqdan donur. Problemlə heç kim maraqlanmır”. Sakinlər günlərdir həllini tapmayan problemə görə bu gün aksiya keçirəcəklərini deyir: “Bir yolumuz var, aksiya keçirib, yolu bağlamaq. Bəlkə, ondan sonra kimsə bizimlə maraqlandı”. “Azəristliktəchizat” ASC-nin Binəqədi rayonu 3 saylı İstilik Sistemlərinin İstismar Sahəsindən Publika.az-a əvvəl problemin qəza ilə bağlı olduğunu dedilər, sonradan isə təzyiqin aşağı olması ilə əlaqələndirdilər: “Həmin ünvanda 40 binanı istiliklə təmin edirik, hazırda onların 12-də problem var. Səbəb isə qazın təzyiqinin aşağı olmasıdır. Təzyiq aşağı olduğundan qazanxananı işə sala bilmirik. Artıq problemlə bağlı Binəqədi rayon İcra Hakimiyyəti və “Azəristliktəchizat” ASC-yə məlumat vermişik. Problemin nə zaman həll ediləcəyini dəqiq deyə bilmirik”. "Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Publika.az-a problemin araşdırılacağını dedi: “Lakin qurumun heç bir qazanxanasına verilən təbii qazın borca görə kəsilməyib. Bizim “Azəriqaz”la borcla bağlı problemimiz yoxdur”.

26 Dekabr 2016 1:36

Azərbaycanda ixrac assosiasiyaları yaradılacaq

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə deyilir. Qeyd olunur ki, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin xarici bazarlara çıxış üçün maliyyə, texniki və insan resursları, eləcə də bu sahədə bacarıqları iri şirkətlərə nisbətən daha məhdud olur. Bu çatışmazlığın aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Belə ki, xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasının təşviqi ilə əlaqədar mexanizmlər formalaşdırılıb. Hazırda Azərbaycanda istehsal olunan malların vahid məlumat bazasının yaradılması istiqamətində tədbirlər görülməkdədir.Bu istiqamətdə ən effektiv vasitələrdən biri KOS subyektlərinin fəaliyyət göstərdikləri sektorlar üzrə assosiasiyalarda bir araya gələrək səylərinin və imkanlarının artırılması ola bilər. Bu məqsədlə assosiasiyalar KOS subyektləri üçün faydalı və zəruri xidmətlər göstərilməsini təşkil edə, onların bu xidmətlərdən güzəştli və əlverişli şərtlərlə istifadə etməsini təşviq edə bilərlər. KOS subyektlərinin ixrac göstəricilərinin artırılması, eləcə də ixracın şaxələndirilməsi (ixracda daha çox qeyri-neft məhsullarının əhatə olunması) məqsədilə Azərbaycanda bir çox sənaye sahələrində kiçik və orta sahibkarlıq subyektlərinin ixracının təşviqinə ehtiyac olacaq. Bu təşəbbüsün icrası məqsədilə pilot sektorlar əsas götürülməklə, ayrı-ayrı sektorlar üzrə ixrac assosiasiyalarının formalaşdırılması zəruridir.Yol xəritəsində bildirilir ki, 2017-2020-ci illərdə İxrac assosiasiyalarının yaradılması üçün KOS subyektlərinin daha çox təmsil olunduğu sektorlar pilot kimi seçiləcək. Müəyyən edilmiş sektorlarda potensial ixrac bazarları və KOS subyektlərinin həmin bazarlarda rəqabət imkanları təhlil ediləcək, KOS subyektlərinin ixrac potensialı qiymətləndiriləcək.KOS agentliyinin və AZPROMO-nun köməyi ilə Azərbaycanda pilot sektorlar üzrə ixrac assosiasiyaları formalaşdırılacaq və KOS subyektlərinin həmin assosiasiyalarda iştirakı stimullaşdırılacaq. İlkin diqqət daha yüksək ixrac payına malik olan orta sahibkarlıq subyektlərinə yönəldiləcək. İştirakçı KOS subyektləri xarici bazarlarda daha yaxşı rəqabət aparmaq imkanlarından, bazar araşdırmalarından, eləcə də hədəf bazarlarda qanunvericilik məlumatlarından bəhrələnə biləcəklər.Assosiasiyaların əsas fəaliyyəti ayrı-ayrı sektorların ehtiyaclarından asılı olaraq dəyişəcək. Bu fəaliyyətə KOS subyektləri arasında bir sıra ixracyönümlü əməkdaşlıq, o cümlədən seminar, təlim və kursların təşkili yolu ilə biliklərin artırılması, beynəlxalq ticarətin təşviqi, satış və alış missiyaları, ixrac məhsullarının qeydiyyatı, reklam fəaliyyətləri və brendin yaradılması, yerli və beynəlxalq tədbir və sərgilərdə iştirak, marketlər və anbarlar, hədəf bazarlar və bu bazarlarda mövcud qanunvericilik haqqında bazar araşdırmaları, layihə əsasında tədqiqat və inkişaf dəstəyi, mərkəzləşdirilmiş məlumat bazasının idarə olunması və s. daxildir.Davamlı maliyyə vəsaitlərinin ayrılmasını təmin etmək məqsədilə assosiasiyalar vasitəsilə satılan ixrac məhsullarının müəyyən faizinin xidmət haqqı kimi ödənilməsi imkanları nəzərdən keçiriləcək. Ayrı-ayrı təşviq layihələrini ixrac assosiasiyaları bilavasitə idarə edəcəklər. Assosiasiyaların fəaliyyətini, mövcud çətinlikləri və müvafiq təkmilləşdirmə imkanlarını müzakirə etmək üçün ixrac assosiasiyalarının, KOS agentliyinin, AZPROMO-nun və digər müvafiq qurumların nümayəndələrinin iştirakı ilə illik iclaslar təşkil ediləcək.Yol xəritəsinə əsasən, bu prioritetin nəticəsi olaraq, Azərbaycanın real ÜDM-ində 2020-ci ildə 45 milyon manat artım gözlənilir. Məşğulluq göstəricilərində isə hər hansı ciddi artım proqnozlaşdırılmır.Bu prioritetin icrası üçün hər hansı əsaslı investisiya qoyuluşu tələb edilmir.

25 Dekabr 2016 12:43

İstifadə olunmayan torpaq sahələrinə görə vergi alınacaq –Məbləğ

Kənd Təsərrüfatı Nazirliyi "Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları və Qaydası" layihəsini hazırlayıb. Nazirlikdən verilən məlumata görə, meyarlar və qayda kənd təsərrüfatı torpaqlarına tətbiq ediləcək vergi dərəcəsini müəyyənləşdirmək üçün hazırlanıb. 2017-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı torpaqlarına yeni vergi dərəcəsi tətbiq ediləcək. Vergi Məcəlləsində prezidentin 6 may 2016-cı il tarixli fərmanı ilə edilmiş dəyişikliklərə əsasən, torpaq sahibləri istifadəsiz kənd təsərrüfatı torpaqlarının hər 100 kvadrat metrinə görə 1 manat məbləğində vergi ödəyəcəklər. "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna görə, müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manatdır. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanının – Kənd Təsərrüfatı Nazirliyinin təsdiqlədiyi qayda və meyarlar əsasında müəyyən edilir.

22 Dekabr 2016 10:18

Fakt

Bizi izləyin