Gürcüstan və Ermənistanın çirkab suları Kür çayına axıdılır –Nazirlikdən açıqlama

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə dekabrın II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib. Nazirlikdən verilən məlumata görə, dekabrın II ongünlüyündə Kür çayında suyun sərfi dekabrın I ongünlüyünə nisbətən 2 kubmetr/san azalaraq 189 kubmetr/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3.7, Ağstafaçay su anbarında isə 3.2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Dekabrın II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.9, I Şahsevəndə 2.4, Bəhramtəpədə isə 3 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 6.22-7.30 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

22 Dekabr 2016 12:41

Prezident İlham Əliyevin imzaladığı qanun qüvvəyə mindi:Qanunsuz ağac kəsənlər 35 min manat cərimə olunacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunu imzalayıb. Faktinfo.az  bildirir ki, qanunda bir sıra maddələrə dəyişikliklər edilib.Bu dəyişikliyə əsasən 253 –cü maddə aşağıdakı redaksiyada verilib: “Maddə 253. Meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi”; Bu maddənin pozulmasına görə, fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə ediləcək.Digər dəyişikliyə görə, ağacların qanunsuz kəsilməsinə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə olunacaq.253-cü maddənin 1.4. dispozisiyasının pozulmasına görə isə fiziki şəxslər iki min beş yüz manat miqdarında, vəzifəli şəxslər altı min manat miqdarında, hüquqi şəxslər qırx min manat miqdarında cərimə edilir.Qanunda qeyd olunur ki, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə – fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir.Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə – fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir.Magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə – fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.Su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə – fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir. Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət əkinlərə şamil edilmir. Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Yaşıllıqların götürülməsi qaydasının pozulmasına fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Götürülmüş yaşıllıqların yerinin dəyişdirilməməsinə və ya bərpa edilməməsinə, yaxud zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin bərpa edilməməsinə görə – fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir. Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə – vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir..

22 Dekabr 2016 11:29

Axtarış-xilasetmə Qərargahının rəhbər heyəti hadisə yerində olub

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən, Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Axtarış-xilasetmə Qərargahından verilən məlumata görə, bu gün Axtarış-xilasetmə Qərargahının Rəhbər heyət üzvləri hadisə yerində olub, həyata keçirilən xilasetmə tədbirlərilə yaxından tanış olublar.Qərargahın Rəhbər heyət üzlərinin verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq, hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntıların istiqaməti, sürəti bir daha təhlil olunub və axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib. Axtarış-xilasetmə əməliyyatlarının, uzunluğu 125 km, eni isə 108 km olan geniş ərazidə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib. (apa)

20 Dekabr 2016 3:31

Şaxtalı hava şəraiti davam edəcək

Sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, dekabrın 20-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, dekabrın 22-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam Böyük Qafqazın bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

19 Dekabr 2016 12:44

Saxta yumurtalar artıq Azərbaycanda – Video

Azərbaycanda saxta yumurta satılması ilə əlaqədar faktlar üzə çıxıb. İstehlakçıların "Report"a təqdim etdiyi videodan göründüyü kimi, onun "KİVİ" marketdən aldığı yumurtanın sarısı təbii halda olduğundan xeyli fərqlənir. Çindən gətirildiyi ehtimal edilən bu sayaq yumurtaların kimyəvi maddələrdən istifadə etməklə istehsal olunduğu bildirilir. Bu kimyəvi məhsulun hazırlanması üçün toyuq saxlamağa, onu böyüdüb-artırmağa artıq ehtiyac qalmır. Mütəxəssislərin rəyinə görə, yumurtanın qabığının hazırlanmasında kalsium-korbonatdan istifadə olunur. Saxta yumurtanın içi isə jelatin, boyayıcı və digər maddələri qarışdırmaqla hazırlanır. İstehlakçının apardığı araşdırma nəticəsində məlum olub ki, saxta məhsulu kənd yumurtası adı ilə satış məntəqələrinə Aydın adlı şəxs çatdırır, lakin onunla əlaqə saxlamaq mümkün olmur:"Yumurta kasetinin içindəki yumurtalar tam saxta olmur. İnsanları çaşdırmaq üçün qarışıq qoyurlar. Yəni müştəri alanda hamısı saxta yumurta çıxmır”. Hətta ötən ay Azərbaycanda aparılan reyd zamanı saxta yumurta istehsal olunan müəssisə belə aşkarlanıb. Lakin buna baxmayaraq, aidiyyəti dövlət orqanları ölkəyə saxta yumurtaların gətirilməməsi ilə bağlı məlumatları təkzib edirlər. Bir müddət əvvəl bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov Çindən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. O deyib ki, Çin Xalq Respublikasından 2016-cı il ərzində Azərbaycana 1 ədəd də olsun yumurta idxal olunmayıb: “Bunu Dövlət Gömrük Komitəsi təsdiq edə bilər. Əhaliyə müraciət edərək bildirirəm ki, əgər kiminsə əlində bu barədə hər hansı fakt, süni yumurtanın satıldığı məkan haqda məlumat varsa, dərhal Dövlət Baytarlıq Nəzarəti xidmətinin “qaynar xətti”nə məlumat versinlər. Kütləvi informasiya vasitələrinin iştirakı ilə bu faktı yerində araşdırmağa hazırıq. Bir daha qeyd edirəm ki, yayılan məlumatlar heç bir real fakta söykənmir”. Dövlət Gömrük Komitəsi də son günlər kütləvi informasiya vasitələrində Çindən Azərbaycana saxta yumurta və düyü idxal edilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama yayıb. Komitənin yaydığı məlumatda bildirilib ki, Dövlət Gömrük Komitəsi 2016-cı il ərzində Çin Xalq Respublikasından Azərbaycana, ümumiyyətlə, yumurta idxalı qeydə alınmayıb və bu ölkədən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Qeyd edək ki, saxta yumurta təbii yumurtadan bir qədər iri olması ilə fərqlənir. Bundan başqa, yumurtanın qabığı daha parıltılı olur, çırpılan yumurtanın ağı sarısıyla tez qarışır və suda bişdikdə rezin kimi möhkəm olur. Həmin yumurtanı yandıranda isə plastmas maddə qoxusu gəlir. Ekspertlər vurğulayır ki, bu kimyəvi məhsul qaraciyəri zədələyir, saxta yumurtanın istehsalının ölkədə yayılması ilk növbədə qaraciyər xəstəliklərinin artmasına səbəb olacaq. Faktinfo.az

16 Dekabr 2016 6:29

Avtobus qiymətləri qaldırıldı

Ötən gecə ölkə ərazisində müşahidə olunan qarlı hava bu gün səhər saatlarında ictimai nəqliyyatda süni qiymət artımına səbəb olub. Bu barəədə Publika.az sərnişinlər şikayət məktubu ünvanlayıb. Məlumata görə, 50 saylı marşrut xətti üzrə hərəkət edən avtobus sürücüləri bu gün qarlı hava səbəbindən gediş haqqını 10 qəpik artıraraq sərnişinlərdən 30 qəpik alıblar. Bildiyiniz kimi, şəhərdaxili avtobuslarda qiymət 20 qəpikdir. Adıçəkilən avtobus da şəhərdaxili hərəkət etdiyi üçün təbii ki, o da bu qiymətlə fəaliyyət göstərir. Bu gün səhər saatlarında isə 50 saylı avtobusun sürücüləri sərnişinlərdən 30 qəpik ödəməyə məcbur ediblər. Sərnişinlərin iradını sürücülər ətrafdakı qarı göstərməklə cavab veriblər.Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun İcitmai Əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev gediş haqqını hava şəraitinin yox, Tarif Şurasının qərarı ilə tənzimləndiyini dedi: “Şəhərdaxili marşurutlarda qiymət artımı ilə bağlı Tarif Şurasının qərarı dəyişməyib və heç bir artım yoxdur. Yəni şəhərdaxili avtobuslarda gediş haqqı 20 qəpikdir. Adıçəkilən marşrut xətti sahibi ilə əlaqə saxlanılıb, məsələni araşdıracağıq. Daha sonra ətraflı məlumat veriləcək”. Qeyd edək ki, bəzi taksilərdə də ötən gecə və bu gün səhər saatlarında 1 manatlıq artım müşahidə edilib.

16 Dekabr 2016 3:02

Yağış, sulu qar, qar yağacaq – Xəbərdarlıq

Sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Faktinfo.az-a verilən məlumata görə, dekabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər zəif duman, çiskin olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir. Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, 17-si axşama doğru, 18-də gecə və səhər bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Tibbi-meteoroloji proqnoza görə, sabah Abşeron yarımadasında gündüz güclü xəzri küləyi fonunda rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Dekabrın 18-19-da meteoroloji amillərin mülayim və zəif tərəddüdü müsbət amildir.

16 Dekabr 2016 2:06

Nazirlər Kabinetində müşavirə –Dərman preparatları ilə bağlı

Nazirlər Kabinetində “Dərman preparatlarının idxalı ilə bağlı məsələlər və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi” mövzusunda müşavirə keçirilib. Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi müşavirədə hökumət rəsmiləri, dərman istehsalı və satışı ilə məşğul olan müəssisələrin nümayəndələri dərmanların idxalı və keyfiyyətinə dair müzakirələr aparıblar.Müşavirədə çıxış edən Baş nazirin müavini Əli Əhmədov dərman vasitələrinin dövlət tərəfindən qiymətlərinin tənzimlənməsi haqqında Azərbaycan hökumətinin qərarının olduğunu və bunun vətəndaşların sağlamlığına xidmət etdiyini bildirib.Qeyd edib ki, Azərbaycan vətəndaşları tərəfindən yüksək qiymətləndirilən bu qərara qədər dərmanlar maya dəyəri ilə müqayisədə baha satılırdı. Bu da əhalinin büdcəsinə mənfi təsir göstərirdi. Qərarda sahibkarların da maraqları nəzərə alınıb. Buna baxmayaraq, dərman bazarlarına keyfiyyətsiz məhsulların daxil olması barədə məlumatlar var. Hökumətin qərarına bu cür sui-istifadə halları ilə kölgə salınmamalıdır.Ə.Əhmədov vurğulayıb ki, dövlət qurumları tərəfindən dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirməlidir. Dərmanların keyfiyyətin yoxlanılması ən vacib məsələdir. Çünki dərmanların keyfiyyətini əhali özü yoxlaya bilmir.Baş nazirin müavini dərman istehsalı və satışı ilə məşğul olan müəssisələrin fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən yaradılan şəraitdən danışıb və bundan sonra da onlara hər zaman kömək olunacağını diqqətə çatdırıb. Ə.Əhmədov bu müəssisələrin nümayəndələrinə öz tövsiyələrini də verib.Səhiyyə nazirinin müavini Elsevər Ağayev və digər çixiş edənlər də ölkəmizin dərman bazarında keyfiyyətsiz və qeydiyyatdan keçməyən preparatların mövcud olduğunu və bu cür neqativ hallara qarşı ciddi mübarizə tədbirləri görməyin vacibliyini bildiriblər. Azərtac

16 Dekabr 2016 1:05

Rusiyadan Azərbaycana təhlükəli bitki gətirildi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti bu gün 10 tona yaxın karantin orqanizm aşkar edilmiş qarğıdalını yandıraraq məhv edib. DFNX-dən Publika.az-a verilən məlumata görə, bir neçə gün əvvəl Dövlət Xidməti Rusiya Federasiyasından ölkəmizə idxal olunmuş 1050 ton ərzaqlıq qarğıdalıda yovşanyarpaqlı ambroziya (Ambrosia artemisiifolia L.) aşkar edib. “S.A.N.İ Kəndli Fermer Təsərrüfatı” MMC-yə məxsus yükdən götürülmüş nümunələrin Dövlət Xidmətinın Karantin Ekspertiza Mərkəzinin müvafiq laboratoriyasında ekspertizası zamanı aşkar olunan alaq otu toxumunun karantin əhəmiyyətli olduğu müəyyən edilib və məhsulun ölkə daxilində satışına və istifadəsinə icazə verilməyib. Yük sahibinin diqqətinə çatdırılıb ki, karantin tədbirlər sisteminə riayət etmək şərti ilə yük xüsusi aqreqatlar vasitəsi ilə təmizlənməli, ayrılmış çıxar isə alaq toxumları ilə birlikdə məhv edilməlidir. Tələb olunan fitosanitar tədbirlər sistemi həyata keçirildikdən sonra məhsul təkrar yoxlanılmalı və ambroziya aşkar edilmədikdə, istifadə edilməsinə icazə verilməlidir.Məhsul xüsusi aqreqatlar vasitəsi ilə təmizləndikdən sonra alınmış 10 tona yaxın ambroziya toxumları olan çıxar “S.A.N.İ. Kəndli Fermer Təsərrüfatı” MMC-nin Bərdə rayonunun Çələbilər kəndindəki ərazisində yandırılma yolu ilə məhv edilib.Qeyd edək ki, yovşanyarpaqlı ambroziya təhlükəli alaq bitkisidir. İnkişaf etmiş yerüstü və kök sistemi sayəsində bu alaq otu torpağı çox qurudur və münbitliyi azaldır. Ambroziya qalıqları qarışmış yem ilə qidalanmış heyvanların südü və süd məhsulları acı dadlı olmaqla yanaşı, xoşagəlməz iy verir.Yovşanyarpaqlı ambroziya təhlükəli alaq otu olmaqla yanaşı, həm də insan sağlamlığı üçün təhlükəlidir. Belə ki, çiçəklənmə dövründə havaya yayılan çoxsaylı tozcuqları insanlarda müəyyən allergik xəstəliklər – ambroziya polinozları əmələ gətirir. Bu insanlarda tənəffüs yolları və gözün selikli qişası şişir, tənəffüs çətinləşir, görmə və ümumilikdə iş qabilliyəti zəifləyir. Bir müddət sonra allergik reaksiyalar bronxial astmaya çevrilir.

16 Dekabr 2016 12:53

Ermənilərlə əməkdaşlıq edən Azərbaycan şirkətlərindən AÇIQLAMA: “…bilməmişik”

Uzun müddətdir Azərbaycanın quşçuluq şirkətlərilə əməkdaşlıq edən Türkiyənin “Emre Piliç” şirkətinin erməni ortaqları olduğu üzə çıxıb. Belə ki, məlumata görə, bu şirkətin ortaqları arasında milliyətcə erməni Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan da var. Türkiyənin iri broyler şirkəti “Emre Piliç” Azərbaycana quşçuluq məhsulları idxal edir... Azərbaycandan isə bu şirkətlə təması olanlar arasında “Bakı Quşçuluq”, “İmişli Quşçuluq”, “Səba” ASC, “Abşeron” MMC, “Şəfalı Broyler”, “İsmayıllı Quşçuluq”, “Buzovna Broyler”, “Dəvəçi Quşçuluq”, “Aqrolizinq” QSC, “Şəmkir Quşçuluq”, “İspanyolla” ticarət mərkəzi, “Hacıqabul Quşçuluq”, “Siyəzən Broyler”, “Qaradaşlı Broyler” və digərlərinin adı hallanır. Bu şirkətlər “Emre Piliç”dən əsasən damazlıq yumurta alırlar. Modern.az saytı ermənilərlə əməkdaşlıq etdiyi iddia olunan şirkətlərdən bəzilərindən işbirliyinə dair açıqlama istəyib.   “Emre Piliç”lə uzun müddətə və bir çox sahələrdə əməkdaşlıq edən “Qaradaşlı Broyler”in müraciət etdiyimiz əməkdaşları - Məhəmməd və Müşfiq mətbuat nümayəndəsi olduğumuzu biləndə sərt təpki verərək, telefonu qapatdılar. Sualdan yayınma isə onların hələ də ermənilərlə əlbir olduğunu sübut edir. Əgər əksi olsaydı, cavab verməyə sözləri olardı deyə, düşünürük...   “Siyəzən Broyler”in təmsilçisi Ələsgər Abbasov həmin şirkətlə əməkdaşlıq etmədiklərini bildirdi: “Artıq 1 ildir ki, biz “Emre Piliç”lə əməkdaşlıq etmirik. Bizdən əvvəl burda çalışan əməkdaşlar həmin şirkətlə əlaqə qurmuşdular. Amma 1 ildən çoxdur ki, biz “Emre Piliç”dən heç bir məhsul, o cümlədən də damazlıq yumurta almırıq. Bizi ilkin olaraq onların müəyyən etdiyi qiymətlər qane etmədi. Qiymətdə razılığa gəlmədiyimiz üçün əməkdaşlığa son qoyduq. Bundan narazı qalan “Emre Piliç”in təmsilçiləri bizi məhkəmə ilə hədələdilər. Yəni açıq bazar iqtisadiyyatıdır, işləyəcəyimiz şirkəti də özümüz seçirik. Ona görə də onların məhkəməsi də bir işə yaramadı. Biz yerli şirkətlərlə əməkdaşlıq edəcəyimizi bildirdik və qəti şəkildə onlardan hər hansı məhsul almadıq”. Ə.Abbasov deyib ki, “Emre Piliç”in erməni ortaqları olduğundan xəbərsizdir: “Amma qeyd edim ki, həmin ərəfədə biz onların erməni ortaqlarının olduğunu bilmirdik. Tam dəqiqini desəm, sonuncu dəfə “Emre Piliç”dən 2015-ci ilin oktyabrında damazlıq yumurta almışıq. Onu da qeyd edim ki, biz satış üçün yumurta almırıq. O vaxtdan sonra isə yerli şirkətlərlə əməkdaşlığa başlamışıq, “Azərquşçuluq”, “Nəzərkənd”dən damazlıq yumurta alırıq”. Qiymətlərə gəlincə, şirkət rəsmisi deyib ki, bazarda qiymətlər hər gün dəyişir: “Həmin vaxt damazlıq yumurtanı yerli şirkətlərlə müqayisədə “Emre Piliç”dən 2 qəpik baha alırdıq. Təbii olaraq da qiymətlər bizi qane etmirdi. Amma “Emre Piliç”in erməni ortağı olduğunu ilk dəfə sizdən eşidirəm. Bu mənim üçün də gözlənilməz yenilik oldu”.   “İmişli Broyler”in sahibkarı Əlif Səfalı da həmin şirkətlə əməkdaşlıq etmədiyini açıqlayıb: “Biz 2011-ci ildən etibarən damazlıq yumurta istehsal edirik. Həmin şirkətlə heç bir əlaqəmiz yoxdur. Mən özüm damazlıq yumurta istehsal edirəmsə, kənardan, həm də erməni ortağı olan şirkətdən niyə damazlıq yumurta alım ki?..”.   “Səba broyler”in təchizat müdiri Ziya Abdullayev bu cür məlumatların hələ ötən il də yayıldığını xatırladaraq belə deyib: “Biz 1 il yarımdır ki, “Emre Piliç”lə işləmirik. Biz onlarla əməkdaşlığa son qoyanda belə, onların erməni ortağı olduğunu bilmirdik. Bu cür məlumatlar biz onlarla əməkdaşlığı bitirəndən təxminən yarım il sonra yayıldı. Yəni həmin vaxt biz faktiki olaraq “Emre Piliç”lə işləmirdik. Bu məsələ artıq ikinci ildir ki, təkrarlanır. Biz ümumiyyətlə, qardaş ölkə olduğu üçün Türkiyənin bir çox şirkətləri ilə əməkdaşlıq edirik. Həm avadanlıq alırıq, həm də bir çox mal-məhsul. Amma onların arasında adı çəkilən şirkət yoxdur”. 1996-cı ildə Türkiyənin Kocaeli vilayətində yaradılan “Emre Piliç” hazırda İzmit, Mudurnu, Nallıhan ve Ayaş olmaqla 4 bölgədə 9 tarla, 70 toyuq hininə sahibdir. 279 nəfər işçisilə istehsal etdiyi məhsulun 70 faizini idxal edən şirkət həm damazlıq cücə, həm də damazlıq yumurta satışını həyata keçirir.

14 Dekabr 2016 3:33

Prezidentdən evsizləri sevindirəcək QƏRAR

Azərbaycan əhalisinin mənzil təminatı yaxşılaşdırılacaq. Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.Qeyd olunur ki, əhalinin sosial rifahını əks etdirən göstəricilərdən biri də mənzillə təminatdır. Hazırda Azərbaycanda adambaşına düşən orta mənzil fondu 17,9 m² təşkil edir ki, buda MDB (20 m²) və Şərqi Avropa ölkələri (30 m²) üzrə orta göstəricilərdən azdır.2016-2020-ci illərdə strateji yol xəritəsinin həyata keçirilməsi zamanı sosial təsirlər qiymətləndiriləcək, iş yerlərinin yaradılması ilə yanaşı, mənzil təminatının yaxşılaşdırılması, müasir tələblərə uyğun təhsil və səhiyyə xidmətlərinin göstərilməsinə dəstək verən sistemin inkişafı, kommunal xidmətlərin təkmilləşdirilməsi və ünvanlı sosial yardım sistemindən reabilitasiyaya keçidin təmin edilməsi yolu ilə yoxsulluğun azaldılmasına səylər göstəriləcək. Yol xəritəsində bildirilir ki, şəhər yerlərində uyğun mənzil təminatı seçimləri Azərbaycanın kənd yerlərində olan hazırkı işçi qüvvəsinin şəhər yerlərindəki məşğulluq imkanlarından bəhrələnməsinə şərait yaradacaq. Bu, nəinki yoxsulluq səviyyəsini azaltmağa kömək edər, hətta regionlar arasında gəlir bərabərsizliyinin azalmasına gətirib çıxara bilər. Mənzil təminatı artan şəhər əhalisinin tələblərini də əhatə edəcək və bu əhali qrupunun xüsusi çəkisi hazırkı təxminən 55 faizdən 70-75 faizədək artacaq. Daha yaxşı məşğulluq imkanlarına görə şəhərlərə axın və kənd yerlərində daha yüksək gəlirli məşğulluq imkanlarının artımı nəticəsində gəlirlərdəki bərabərsizlik azalacaq. 2025-ci ildən sonra Bakı ilə ölkənin digər regionları arasındakı gəlir fərqi adambaşına təxminən 50 faizdən 40 faizədək enəcək. (trend)

13 Dekabr 2016 2:42

Suyun və kanalizasiya xidmətinin qiyməti ilə bağlı rəsmi açıqlama

  “Bəzi kütləvi informasiya vasitələrində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır, tariflərin birləşdirilməklə vahid tarif sisteminə keçilməsi tarif artımı kimi təqdim olunur. Bu cür yanlış məlumatlar isə əhali arasında çaşqınlıq yaradır” Bu barədə Tarif Şurasının yaydığı açıqlamada deyilir. Tarif (qiymət) Şurası bir daha xatırladır ki, “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 13 may 2016-cı il tarixli Qərarı ilə “Azəristiliktəchizat” ASC üzrə 1 kub metr su təchizatına görə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,35 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,30 manat, tullantı sularının axıdılması xidmətinə görə isə 0,15 manat təsdiq edilib. Şuranın 28 noyabr 2016-cı il tarixli iclasında müvafiq qərara dəyişiklik olunub, “Azəristiliktəchizat” ASC-nin “Azərsu” ASC-dən aldığı su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə tariflər birləşdirilərək vahid tarif təsdiq edilib. Belə ki, adıçəkilən bu iki subyekt arasında 1 kub metr su təchizatı və tullantı sularının axıdılması tarifləri Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat (0,35 manat + 0,15 manat), digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat (0,30 manat + 0,15 manat) olmaqla dəyişdirilməyib, birləşdirilərək əvvəlki səviyyədə saxlanıb: "Göründüyü kimi, tariflərdə hər hansı artımdan söhbət getmir. Odur ki, Tarif (qiymət) Şurası kütləvi informasiya vasitələrinə diqqətli olmağı, araşdırılmamış məlumatları dərc etməkdən çəkinməyi tövsiyə edir".

12 Dekabr 2016 12:19

Fakt

Bizi izləyin