“ASAN xidmət” yanan bina ilə bağlı hərəkətə keçdi

Xidmət yanğın baş verən binanın sakinlərinə xidmət göstərməyə başlayır Prezident İlham Əliyevin tapşırığına əsasən Binəqədi rayonu ərazisində yanğın baş verən çoxmərtəbəli binada sənədləri yanmış və ya korlanmış sakinlərə Səyyar ASAN xidmət vasitəsilə xidmət göstəriləcək. “ASAN xidmət”dən ANS PRESS-ə verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər aidiyyəti dövlət qurumları tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakı və digər zəruri sənədləşmələr daxildir: -Notariat fəaliyyəti; -Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı; -Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; -Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi; -Sürücülük vəsiqələrinin dəyişdirilməsi; -Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi; -Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi; -Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi. Qeyd edək ki, xidmətlər 22 may 2015-ci il tarixindən etibarən baş verən yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış qərargahın yanında Səyyar avtomobillər və iritutumlu avtobus vasitəsilə həyata keçiriləcək. Səyyar ASAN xidmətin iş qrafiki: Həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, Şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan).

21 May 2015 4:58

Bakıda böyük dəyişiklik

Şəhərə gələcək rayon maşınları üçün xüsusi dayanacaq yaradılıb İyunun 1-dən rayon dövlət nömrəli avtomobillərin Bakı şəhərinə girişi qadağan ediləcək. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov  məlumat verib. Yeni qərara görə, rayon qeydiyyatı olan avtomobillər üçün paytaxtın iki girişində xüsusi dayanacaqlar yaradılıb. Dayanacaqlar paytaxtın qərb istiqamətində girişi üçün Qaradağda, şimal ərazisindən gələnlər üçün isə “Xırdalan dairəsi” ərazisində yaradılacaq. Həmin dayanacaqlarda rayondan gələn avtomobillər saxlanılacaq. Rayondan gələn vətəndaş maşınını həmin dayanacaqda saxlayacaq və Bakıya gələcək. Həmin prosesə yol polisi nəzarət edəcək. Yol polisindən isə bildirdilər ki, vətəndaşların rahatlığını təmin etmək üçün hər şey yaradılacaq. Yəni həmin dayanacaq yaxınlığında xüsusi nəqliyyat olacaq ki, paytaxta gələn vətəndaşlar əziyyət çəkməsinlər. Dayanacaqda sərfəli qiymətə yük daşımaq üçün maşınlar və taksilər rayon camaatına xidmət göstərəcək. Nəzərə alsaq ki, yay mövsümündə rayonlardan Bakıya meyvə-tərəvəz yük maşınları ilə gətiriləcək, bu zaman nəqliyyat problemi yarana bilər. Bu problemin qarşısını almaq üçün yol polisi xüsusi nəzarət həyata keçirəcək. Paytaxta meyvə-tərəvəz, qida məhsulları gətirən avtomobillər yalnız gecə saatlarında hərəkət edə bilərlər. Gecə saatlarında, saat 22-dən səhər saat 5-ə qədər qida, dərman və təcili gətirilməsi lazım olan məhsulları daşıyan yük maşınları Bakıda hərəkət edə biləcəklər. Həmin saatlarda gətirilən məhsullar bazarlara, dükanlar və apteklərə daşınacaq.

18 May 2015 12:27

Vasif Talıbov türk generalı ilə görüşdü

“Blokada Naxçıvanda ordu quruculuğu tədbirlərini zərurətə çevirib” Mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində iştirak etmək üçün Naxçıvana gələn Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Vasif Talıbov birgə hərbi təlimlərin keçirilməsini hər iki ölkənin gücünün, eyni zamanda, Azərbaycan və Türkiyə orduları arasındakı birliyin göstəricisi kimi dəyərləndirib. Muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdıran Ali Məclisin Sədri deyib ki, düşmən dövlətlə sərhəddə yerləşməsi və blokada şəraitində yaşaması Naxçıvanda ordu quruculuğu tədbirlərini zərurətə çevirib. “Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən ordu birləşmə və hissələri torpaqlarımızın müdafiəsini etibarlı təşkil etməklə yanaşı, istənilən döyüş tapşırığını da uğurla yerinə yetirmək əzmindədir”, o deyib. Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin muxtar respublikada ordu quruculuğuna göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar Naxçıvanda keçirilən birgə hərbi təlimin hər iki ölkə arasında hərbi sahədə əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Naxçıvanda bütün sahələrin inkişafının məmnunluq doğurduğunu qeyd edən Ümit Dündar ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin də qürurverici olduğunu vurğulayıb. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Nihat Ərşən görüşdə iştirak ediblər. pia.az

15 May 2015 4:35

Bir ayda 7 min işçi ixtisara düşüb

Ölkə iqtisadiyyatında çalışan muzdlu işçilərin sayı azalıb Azalma xüsusilə dövlət müəssisələrində çalışanların sayında hiss edilir. PİA.AZ “Bizim Yol” qəzetinə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2015-ci ilin birinci rübündə ölkə iqtisadiyyatında muzdla işləyən işçilərin sayı 1 milyon 507 min nəfər olub. Onlardan 879,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 627,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Halbuki, 2015-ci ilin fevral ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 514 min nəfər olub. Onlardan 880,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 633,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Göründüyü kimi, bu ilin bir ayı ərzində iş yerlərini itirənlərin sayı 7 min nəfər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə muzdla çalışanların sayı 3 min nəfər azalıb. Belə ki, keçən ilin birinci rübündə iqtisadiyyatda çalışan işçilərin sayı 1 milyon 510 min nəfər təşkil edirdi. Qeyd edək ki, bu ilin birinci rübündə muzdla işləyənlərin 22,4 faizi təhsildə, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8 faizi tikintidə, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,7 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar. Rəqəmlərin təhlilini apardıqda ən böyük işçi ixtisarı tikinti sektorunda görünür. Əgər bu ilin fevral ayında tikintidə çalışanların sayı 7,1 faiz təşkil edirdisə, mart ayında bu rəqəm 6,8 faizə qədər düşüb. Bunun da başlıca səbəblərindən biri dövlət büdcəsindən investisiya xərclərinin azaldılması, bank sektorunda kapital qıtlığının yaranması, ölkədə ümumi iqtisadi durğunluğun mövcudluğudur. Nəticədə respublika üzrə tikinti işlərinin əksəriyyəti dayandırılıb, işçilər öz hesablarına məzuniyyətə göndərilib. Tikinti sektoru isə bu gün əhalinin gəlirlərinin əsas lakomativlərindən hesab olunur. Sözügedən sektorda hər hansı bir dəyişikliyin baş verməsi, ümumi iqtisadi fəallığa öz təsirini ciddi şəkildə göstərir. Diqqət çəkən tendensiyalardan biri isə əhalinin gəlirlərinin azalmasına baxmayaraq, orta aylıq əmək haqqının artmasıdır. Belə ki, DSK-nin məlumatına görə, yanvar-mart aylarında orta aylıq nominal əmək haqqı 449,5 manat olub. Bu ilin yanvar-fevral aylarında isə ölkə iqtisadiyyatında orta aylıq əmək haqqı 444,5 manat təşkil edib. Göründüyü kimi, iqtisadi fəallıq azaldığı halda, fevral ayına nisbətən mart ayında orta aylıq məvaciblərdə 5 manatlıq artım qeydə alınıb. Ekspertlər düşünür ki, ölkədə orta aylıq əmək haqlarının hesablanma mexanizmi dəyişməlidir. İndiki hesablanma qaydası sovet dönəmindən qaldığına görə beynəlxalq standartlara cavab vermir, ona görə də reallığı əks etdirmir. Beynəlxalq metodlar əsasında hesabladıqda isə, Azərbaycanda orta aylıq əmək haqqının 200-300 manatı ötmədiyini bildirirlər. İqtisadçı-ekspert Nemət Əliyev "Bizim Yol"a şərhində bu ilin birinci rübündə orta aylıq əmək haqqının yüksəlməsini muzdlu işçilərinin sayının azalması ilə əlaqələndirdi. İqtisadçı "Statkom"un rəqəmlərlə manipulyasiya etdiyini deyir: "Dövlət Statistika Komitəsinin orta aylıq əmək haqqı ilə bağlı göstərdiyi rəqəm ölkədə işçilərin orta gəlirinin real göstəricisi deyil. Komitə orta aylıq əmək haqlarını açıqlayanda qarşısında "muzdlu işçilər" ifadəsi işlədilir. Azərbaycanda muzdlu işçilərin sayı 1.5 milyon nəfərdir. Həmin işçilərə ayrılan əmək haqqı fondunu 1.5 milyona bölərək orta aylıq məvacibi çıxarırlar. Bu, ölkədə muzdlu işçilərə hesablanmış orta aylıq əmək haqqıdır. Yəni real orta aylıq məvacib göstəricisi ola bilməz. Ona görə ki, Azərbaycanda 4.6 milyon nəfər məşğul əhali var. Bu rəqəmdən 1.5 milyonunu çıxanda yerdə qalan rəqəm 3.1 milyon olacaq. O zaman 3.1 milyon nəfərin aldığı əmək haqqının səviyyəsi nə qədərdir? Rəqəm yüksək görünsün deyə süni şəkildə manipulyasiya yaradırlar. Əslində, "Statkom" bütün məşğul əhalinin orta aylıq məvacibini çıxarmalıdır. Ona görə də Dövlət Statistika Komitəsinin elan etdiyi indiki rəqəm heç nəyə yaramır, sadəcə olaraq təbliğat vasitəsi kimi qeyd edirlər". N.Əliyevin hesablamalarına görə, bu gün ölkədə orta aylıq əmək haqqı 200 manatı ötmür: "Ümumi əmək haqqı fondunu 4.6 milyona bölsələr, o zaman orta aylıq əmək haqqı təqribən 200 manat ətrafında olacaq". İqtisadçının fikrincə, mövcud iqtisadi vəziyyət məvaciblərin orta göstəricisinin aşağı düşməsini diktə edir: "Neftin qiymətinin kəskin aşağı düşməsi, kəskin devalvasiya fonunda canlanma deyil, passivləşmə tendensiyası müşahidə olunur. Dövlət büdcəsindən kapital qoyuluşu məqsədilə ayırdığı vəsaitlər təqribən 2 dəfəyədək aşağı düşüb. Bankların kapital qoyuluşları 47 faiz azalıb, xeyli iş yerləri itirilib. Ümumi iqtisadi tendensiyalar orta aylıq əmək haqlarının aşağı düşməsini diktə edir. Muzdlu işçilərin sayını artırıb-azaltmaqla istədikləri manipulyasiyanı edə bilirlər".

14 May 2015 12:33

Pensiyaçıları hansı yeniliklər gözləyir?

Bəziləri sosial sığorta ilə verginin mahiyyətini ayırmaqda çətinlik çəkir “Mən uzun müddətdir ki, özəl sektorda işləyirəm. Maaşım da orta aylıq əmək haqqından yüksəkdir. Bir sözlə, hər ay pensiya fonduna yüksək məbləğdə sığorta ödənişi edirəm. Ancaq bu vergini verərək gəlirimin bir hissəsini itirirəm”. Bunu Ans press-in əməkdaşı ilə söhbətində paytaxt sakini Natiq Məmmədov deyib. Ömrünün böyük bir hissəsini çalışmış ağsaqqal pensiya ödənişi etməyin özü üçün yararlı olmadığını hesab edir. "Onsuz da aylıq kifayət qədər qazanc əldə edirəm. Əlavə olaraq Fonda vəsait ödəməyə nə ehtiyac var? Gələcəkdə pensiya almağa ehtiyacım yoxdur”. Şübhəsiz ki, Natiq kişinin bu fikri ilk baxışdan özü üçün qəbul edilən yanaşmadır. Hazırda onun kimi fikirləşənlərin sayı da az deyil. Ancaq insanlar bəzən bir neçə vacib nüansı gözdən qaçırırlar. Qeyd etmək lazımdır ki, pensiya ödənişi gəlir vergisi deyil, məhz gələcəyinizi sığortalamaq deməkdir. Yəni, siz sosial sığorta ödənişi etməklə gələcəyinizi təmin etmiş olursunuz. Bəzən insanlar sosial sığorta ilə verginin iqtisadi mahiyyətini ayırmaqda çətinlik çəkirlər. Əslində sosial sığorta iqtisadi mahiyyətinə görə vergi deyil, işçinin əməyinin dəyərinin bir hissəsidir və sosial risklərdən sığortalanma məqsədilə fondlaşdırılır. İşçinin əməyinin dəyəri təkcə əmək haqqı kimi verilən məbləğlə deyil, işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan bütün xərclərlə (o cümlədən xəstəlik, əlillik, qocalma, ailə başçısını itirmə hallarında təminatla) ölçülür. Buna görə də sosial sığorta haqları beynəlxalq təcrübədə, eləcə də ölkəmizdə əmək haqqına üstəlik adlandırılır və əmək haqqı ilə birlikdə məhsulun maya dəyərinə aid edilir. Burada ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqları həmin uçotun məlumatları əsasında müəyyənləşdirilir. Təssüf ki, bir sıra hallarda bəzi ekspertlər bunu vergi ilə qarışıq salır və sığorta-pensiya sistemi iştirakçılarında yanlış təsəvvür formalaşdırırlar. Halbuki, həmin mövzuda məlumatlı olmaq üçün sosial sığorta sistemləri baradə bir az tanışlıq kifayətdir. Azərbaycanın sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına uyğun əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub. Bu isə hazırki şəraitdə sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir. Belə olan şəraitdə əmək haqqına üstəlik kimi qəbul olunan sosial sığorta haqlarının azaldılması, əməyin ümumi dəyərinin azaldılması anlamına gəlməklə, fərdi hesablarda toplanan vəsaitlərin də azalmasına səbəb olaraq gələcək pensiya təminatına mənfi təsir göstərir. MDB və Baltikyanı ölkələr içərisində sosial sığorta dərəcəsinin ümumi tarifinə görə Azərbaycan ən aşağı dərəcə tətbiq edən ölkədir. Son 20 ildə sosial sığorta dərəcələri Avstriyada 1,25%, Böyük Britaniyada 2%, Almaniyada 4,2%, İtaliyada 8,2%, Kanadada 4%, ABŞ-da 1,6%, Yaponiyada 1%, Rusiyada 8% və s. qaldırılıb. Mütəxəssislər isə hesab edir ki, vətəndaşları pensiya ödənişinə cəlb etmək üçün bir sıra stimullaşdırıcı addımlar atılmalıdır. İqtisadçı-alim Vüqar Bayramov hesab edir ki, pensiya islahatlarında pensiya yaşının müəyyənləşdirilməsi ilə bağlı ABŞ modelindən istifadə edilməldir. “Bu modelin üstünlüyü ondan ibarətdir ki, pensiyaçı sosial ödənişlər bağlı müəyyənləşdirilən dəyər limitini keçəndən sonra pensiya yaşını özü müəyyənləşdirir. Nəzərə alsaq ki, vətəndaş 18 yaşında işləyir, sosial ödəniş edir və 60 yaşında rəhmətə gedir, 42 il sosial ödəniş etməsinə baxmayaraq, bir qəpik belə pensiya formasında geri ala bilmir. Digər tərəfdən, biz təklif edirik ki, yaş meyarları ilə bağlı olaraq xərcləri artdığı üçün pensiyaçıların yaşı 70-ə çatdıqda təqaüd məbləği 10%, 75-ə çatdıqda 20%, 80-i keçdikdə isə 30% artırılsın. Bu ciddi maliyyə tələb etmir, amma xüsusən də səhiyyə xidmətindən tez-tez istifadə edən yaşlı nəsil üçün əhəmiyyətli kömək olar", - deyə ekspert söyləyir. Dövlət rəsmiləri isə məsələ ilə bağlı nikbin danışırlar. Dövlət Sosial Müdafiə Fondundan bildirilir ki, pensiya sahəsinin təkmilləşdirilməsi üçün artıq lazımi addımlar atılıb. Fonddan xatırladılıb ki, artıq prezident İlham Əliyev “2014-2020-ci illə Pensiya İslahatı Konsepsiyası” haqqında sərəncam verib. Bu qərar Azərbaycanda pensiya sahəsində köklü dəyişiklikləri ifadə edir: “Qanunvericilikdə dəyişiklikdən sonra ödənilən bütün sosial sığorta haqqları fərdi hesablarda 100%-lik qeydiyyata alınacaq. Pensiyaların hesablanması zamanı yeni bir sistemdən istifadə olunacaq. Yüksək əmək haqqı alan şəxslər pensiyaya çıxarkən daha çox pensiya ilə təmin olunacaq. Bu, həmçinin əmək haqqlarının leqallaşmasına gətirib çıxaracaq. Yeni İslahat Konsepsiyasına əsasən bəlli minimum pensiya göstəricisi tətbiq olunacaq. Əgər kimlərsə minimum tələbə cavab verəcəksə, o zaman onlardan iş stajı tələb olunmayacaq. Hazırda pensiya almaq minimum 12 il iş stajı tələb olunur. Kimlərsə minimum pensiya göstəricisini təmin etməzsə, onlar da dövlətin himayəsində qalacaq. Ancaq onlar üçün şərtlər sərtləşdiriləcək. Ola bilər ki, staj tələbi artırılsın. Bununla da sistemdə sosial ədalət prinsipinə nail olunacaq”, - deyə Fonddan bildirilir. Qeyd edək ki, görülən işlərin nəticəsi olaraq 2015-ci ilin birinci rübündən sığorta-pensiya sistemi ndə uğurlu nəticələr əldə edilib. Dövlət Sosial Müdafiə Fondunun cari ilin yanvar-mart aylarında gəlirləri 751,5 milyon manat təşkil etməklə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,5 faiz və ya 39 milyon manat artıb. O cümlədən, sosial sığorta gəlirləri 8,7 faiz artaraq 410 milyon manat təşkil edib. Bu daxilolmaların 65,7 faizi və ya 270 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin birinci rübünə nisbətən 12 faiz və ya 29 milyon manat yuxarı olmaqla proqnozun 108,2 faiz icra edildiyini göstərir. 2015-ci ilin birinci rübü ərzində Fondun həm öz saytı, həm də “elektron hökumət portalı” və “elektron ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 530 minə yaxın istifadə sayı qeydə alınıb. Sosial sığorta haqlarının ödənişi və hesabatlılığı sahəsində avtomatlaşdırılma nəticəsində Azərbaycan «Doinq Business 2015» hesabatında 32 pillə irəliləyib.pia.az

13 May 2015 11:30

Azərbaycan və Türkiyə birgə hərbi təlimlərə başlayacaq

İki ölkə arasında son illərdə hərbi əməkdaşlığın miqyası sürətlə genişlənir Mayın 12-15 tarixləri arasında Azərbaycan və Türkiyə birgə hərbi təlimləri keçiriləcək. Təlimlər Bakıda və Naxçıvanda baş tutacaq. Təlimlərin məqsədi, Türkiyə və Azərbaycan Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və koordinasiyanın inkişafı, qarşılıqlı məlumat və təcrübə mübadiləsi və birgə fəaliyyəti inkişaf etdirməkdir. Türkiyə Silahlı Qüvvələri (TSK) hərbi təlimlərin Bakıda keçirilən bölümündə 1 piyada diviziyası, Naxçıvanda keçirilən bölümündə isə 1 Mexaniki Piyada Briqadası ilə iştirak edəcək. Qeyd edək ki, illərdə Türkiyə və Azərbaycan ordusunun birgə hərbi təlimləri intensiv hal alıb. Ötən il sentyabrın 13-20-si arasında Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, o cümlədən Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin cəlb olunması ilə mərhələli surətdə irimiqyaslı əməliyyat-taktiki təlimləri keçirilib. Təlimlərdə kəşfiyyatın bütün növləri, Xüsusi Təyinatlı, Hərbi Hava və Hava Hücumundan Müdafiə Qoşunları, o cümlədən Quru Qoşunlarının müxtəlif şəraitlərdə, o cümlədən dağlıq ərazidə hücum əməliyyatının təşkili və aparılması həyata keçirilib. Təlimlərdə tank, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, döyüş təyyarə və helikopterləri, həmçinin 30.000 nəfərədək şəxsi heyət, 250-dən artıq zirehli texnika, raket və artilleriya qoşunlarının 150-dən çox qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək təyyarəsi və 15 helikopteri cəlb olunub. Bu il martın 2-dən aprelin 2-dək Türkiyənin Konya şəhərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə “TURAZ Şahini-2015" hərbi təlimləri keçirilib. Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrindən 6 təyyarə, 4 helikopter və 104 nəfər iştirak edib. Türkiyə isə təlimlərə 6 təyyarə və 7 helikopterlə qatılıb. Göründüyü kimi, son illərdə Azərbaycan və Türkiyə ordusu arasında birgə hərbi əməkdaşıq, təlimlərin sayı sürətlə artıb. Ötən il Türkiyədə səfər zamanı Azərbaycanın dövlət başçısı iki ölkə arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə təlimlərin sayının artırılmasının nəzərdə tutulduğunu bildirmişdi. Hərbi ekspertlər iki ölkənin bəlli səbəblərdən hərbi ittifaq qura bilmədiyini, ancaq hərbi əməkdaşlığı inkişaf etdirmək, silahlı qüvvələrin koordinasiyalı fəaliyyəti istiqamətində ciddi addımlar atdığını qeyd edir. Xüsusən də son illərdə Gürcüstanın da iştirakı ilə 3 ölkənin ordu rəhbərliyi arasında intensiv görüş və danışıqların keçirilməsi regionda 3 ölkə arasında hərbi əməkdaşlığın qurulması istiqamətində ciddi fəaliyyətlərin olduğunu deməyə əsas verir. Yeri gəlmişkən, mayın 11-dən 15-dək Ankara şəhərində terrorçuluğa qarşı mübarizə çərçivəsində şəbəkələrə hücumlar kursu keçiriləcək. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər. Göründüyü kimi, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq bütün sahələri əhatə edir və genişmiqyaslıdır. Azərbaycan ordusu ilə Türkiyə ordusu arasında hərbi əməkdaşlığın qurulması ordumuzun peşəkarlığını artırılması ilə yanaşı, NATO hərbi sisteminə keçidi sürətləndirə bilər. Hazırda Azərbaycan hərbi rəhbərliyi tam olmasa da, müəyyən səviyyədə NATO sisteminə keçidi həyata keçirir. (musavat.com)

12 May 2015 11:42

Səlim Müslümovun işçiləri nə qədər maaş alır?

Ölkədə dövlət qurumlarında çalışan məmurların maaşları Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq mütəmadi şəkildə artırılır Bir çox hallarda nazir və deputatların maaşı mediada işıqlandırılsa da, ikinci sinif məmurların məvacibi ictimaiyyətə qaranlıq qalır. Axar.az ölkədə işsizlik ilə mübarizə aparan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinin maaş miqdarını tədim edir. İlk növbədə onu bildirək ki, nazirliyin rəsmi saytında bu barədə məlumat verilib və göstərilən rəqəmlərin digər qurumlarla müqayisədə elə də ciddi fərqi yoxdur. Məsələn, nazirliyin Aparat rəhbəri Əjdər Cəbiyev 1010 manat, müavini Oqtay İbrahimov isə 940 manat maaş alır. Nazir koməkçisi İqbal Hacıyev bir qədər az – 730 manat, Təminedici şöbənin müdiri 890 manat, Təminedici şöbənin müdir müavini 770 manat, Yardımçı şöbənin müdiri 780 manat, Sektor müdiri isə 620 manat məvacib alır. Ümumilikdə isə Baş Məsləhətçi-mütəxəssis vəzifələri arasında maaş bölgüsü 200-540 manat arası dəyişir. Nazirliyin yerli orqanları üzrə vəzifə maaşları isə bir qədər azdır. Bölgələrdə direktor 420 manat, müavinləri 370 manat, Sektor müdiri 300, Baş məsləhətçi isə 275 manat maaş alır. Aparıcı mütəxəssis-Böyük məsləhətçi vəzifələrində çalışanlar isə müvafiq olaraq – 155-275 manat maaş alır.

8 May 2015 3:49

Faşizm üzərində qələbənin 70 illiyi qeyd edildi

1941–1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə Lerik rayonunda silsilə tədbirlər keçirilib PİA.AZ xəbər verir ki, tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, Prezidenti Administrasiyasının məsul işçisi Nəsimi Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin rəhbərləri iştirak edib.Öncə tədbir iştirakçıları Böyük Vətən müharibəsində və Qarabağ müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “Şəhidlər” abidə kompleksini ziyarət edərək, abidə önündə gül dəstələri düzüblər, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət ediblər. Tədbir “Nur” şadlıq sarayında çay süfrəsi arxasında davam etdirilib. Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Lerik rayon təşkilatının sədri Hidayət Bəşirov çıxış edərək, 1941–1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının əvəzsiz rolu, azərbaycanlıların istər döyüş meydanlarında, istərsə də arxa cəbhədə göstərdikləri fədakarlıqlar barədə geniş məlumat verib. Bildirib ki, bu tarixi qələbənin əldə edilməsində leriklilərin də xidmətləri az olmayıb. 1941–1945-ci illərdə Lerik rayonundan 6500 nəfər cəbhəyə yola salınıb, onlardan 1584 nəfər həlak olub, 3314 nəfər müxtəlif dərəcədə yaralanıb.Daha sonra natiq ulu öndər Heydər Əliyevin Böyük Vətən müharibəsi veteranlarına daim diqqət və qayğı göstərdiyini və bu kursun cənab Prezident tərəfindən davam etdirildiyini qeyd edib, bu qayğı və diqqətə görə veteranlar adından minnətdarlığını bildirib.Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və Milli Məclisin deputatı İqbal Məmmədov da bayram münasibəti ilə müharibə veteranlarını təbrik ediblər. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının böyük töhfəsi və rolunun olduğunu, respublikamızı təmsil edən 176 mindən çox döyüşçünün orden və medallarla təltif edildiyini, 130 nəfərin isə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldüyünü bildiriblər.Onlar Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 9 May – Faşizm üzərində Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edildiyini, müharibə veteranlarına diqqət və qayğının artırıldığını, hər il Qələbə Günü münasibəti ilə dövlət büdcəsindən müharibə veteranlarına birdəfəlik maddi yardımların verildiyini və Azərbaycan övladlarının İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlıqların gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırıblar.Daha sonra müharibə veteranlarından Daşdəmir Paşayev, Salam Cabbarov və başqaları çıxış edərək faşizm üzərində qazanılmış qələbə ilə Azərbaycan xalqının da fəxr etdiyini, bu günün unudulmaz tarixə çevrildiyini bildiriblər. Qeyd ediblər ki, torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın İkinci Dünya müharibəsindəki qəhrəmanlığının bayram edilməsi, oğul və qızlarımızın göstərdiyi rəşadətin təbliği gənclərimizin Vətənə məhəbbət ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.Veteranlar onlara göstərilən qayğı və diqqətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər, onları unutmadığına, hər bir problemləri ilə maraqlandığına görə rayon icra hakimiyyətinin başçısına minnətdarlıqlarını ifadə ediblər.Sonda müharibə iştirakçılarına rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov və Milli Məclisin deputatı İqbal Məmmədov Qələbənin 70 illiyi münasibəti ilə xatirə medalını və hədiyyələr təqdim ediblər.Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə faşizm üzərində Qələbənin 70 illik yubileyi münasibəti ilə müharibə və bir qrup arxa cəbhə iştirakçısına maddi yardım verilib.Bayram tədbiri rayon mədəniyyət kollektivinin rəngarəng musiqi nömrələri ilə davam etdirilib.

8 May 2015 11:50

Nərgiz Paşayeva: “Bu qapıdan əyri yollarla keçmək olmaz”

Oksford Universitetinin nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi artıq fəaliyyətə başlayıb Bunu M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva bu gün keçirdiyi mətbuat konfransında deyib. Rektor bildirib ki, hələ 2013-cü ildə uğurlu layihənin yeni mərhələsinin təqdimatı olmuşdu: “Artıq bu layihə ilə bağlı 5 illik plan işlənib hazırlanıb və Oksfordun rəsmi saytında yerləşdirilib. Bu isə mərkəzimizin rəsmən qəbul edilməsi deməkdir. Bu təkcə elmi pedoqoji cəmiyyət üçün deyil, bütün Azərbaycan vətəndaşları üçün böyük hadisədir. Bildiyiniz kimi, Oksford universitetinin qapısı hər kəs üçün açıq deyil. Bu qapıdan əyri yollarla, maddi yollarla keçmək olmaz. Mən ilk azərbaycanlı alim olaraq Oksford universitetinin Şərqşünaslıq fakültəsində təmsil olunuram”. N. Paşayeva deyib ki, Universitetin Nizamişünaslıq mərkəzi Azərbaycan ərazisində mövcud dilləri öyrənən yeganə elmi mərkəzdir. Hazırda Oksford universitetində 1965-ci ildən erməni dili, tarixi və mədəniyyəti tədris edilir: “Əfsus ki, Azərbaycanın qədim mədəniyyəti və dili indiyə kimi universitetdə Qafqaz Albaniyası erməni tarixi kontekstində öyrədilib. İndiyə kimi universitetdə Nizami Gəncəvi fars şairi kimi tədris olunurdu. Bizim mərkəzin alimləri Nizamişünaslığın Azərbaycan qolunu Oksfordda yaymaq niyyətindədirlər”. N.Paşayevanın sözlərinə görə, universitetin istəyi ilə layihələrə dəstək üçün onun adına elm və tədrisə dəstək Fondu yaradılıb. Elmə dəstək vermək istəyən imkanlı insanlar fonda ianə yatıra bilərlər. Onun sözlərinə görə, ianənin mənbəyi də şəffaf yollarla əldə edilmiş olmalıdır, çünki Oksford universiteti ianənin mənbəyini yoxlayacaq. (qafqazinfo.az)

5 May 2015 2:09

YAP Anlaşma Memorandumu imzaladı

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycanın Baş nazirinin müavini, YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Serbiya Tərəqqipərvər Partiyasının Beynəlxalq əlaqələr katibi, Serbiyanın Avropa inteqrasiyası məsələləri üzrə naziri Yadranka Yoksimoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb Qonaqları salamlayan Əli Əhmədov bu səfərin partiyalar arasında dostluq münasibətlərinin etibarlı təməlinin yaradacağına əminliyini bildirib.Azərbaycanla Serbiya arasında münasibətlərin inkişaf etdiyini deyən YAP Sədrinin müavini ötən ay Serbiyanın Baş naziri, Serbiya Tərəqqipərvər Partiyasının sədri Aleksand Vuçiçin ölkəmizə səfərinin əhəmiyyətini vurğulayıb: “Sizin səfəriniz isə həm partiyalarımız arasında münasibətlərin əsasının qoyulması baxımından əhəmiyyətlidir, həm də, Azərbaycan-Serbiya əlaqələrinin inkişafına töhfə verəcək. Həmçinin, bu səfər nümayəndə heyətinin Azərbaycanla tanış olmasına imkan yaradacaq”.Serbiya Tərəqqipərvər Partiyasının Beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə nazir Yadranka Yoksimoviç Azərbaycana səfər etməsindən şərəf duyduğunu bildirib.O qeyd edib ki, dövlət və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əlaqələrin inkişafına böyük təkan verir.Onun sözlərinə görə, Serbiya Baş nazirinin Azərbaycana səfəri də bu baxımdan çox məhsuldar olub Qonaq partiyalar arasında əlaqələrin inkişafının da vacib olduğunu diqqətə çatdırıb.Yadranka Yoksimoviç onu da qeyd edib ki, ölkəsinin parlamentində Serbiya-Azərbaycan Dostluq Qrupu fəaliyyət göstərir ki, onun üzvlərinin sayı 38 nəfərdən ibarətdir. Bu da parlamentdə ən böyük dostluq qruplarından biridir.Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.Görüşün sonunda Yeni Azərbaycan Partiyası və Serbiya Tərəqqipərvər Partiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov və YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak edib. (publika.az)

4 May 2015 4:55

Şamaxının Saqiyan kəndinə təbii qaz verildi

02 may 2015-ci il tarixdə rayonun Saqiyan kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə təntənəli tədbir keçirilib PİA.AZ-a daxil olan məlumata görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, vitse-prezidentləri Mikayıl İsmayılov və Bədəl Bədəlov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayonun idarə, müəssisə və təkşilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev açaraq tədbir iştirakçılarını və qonaqları salamlamış, kənd sakinlərini bu mühüm hadisə münasibətilə təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızın bütün rayonlarında olduğu kimi Şamaxı rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığını, infrastrukturun inkişaf etdirildiyini, sosial-iqtisadi problemlərin sürətlə həll edildiyini qeyd etmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin sifarişi əsasında Saqiyan kəndinin qazlaşdırılması üçün işlərin sürətlə görüldüyünü bildirdi.İcra başçısı qeyd etdi ki, bu gün Azərbaycanın hər yerində, eləcə də Şamaxı rayonunda yaşayan əhali Ulu öndər Heydər Əliyevin siyasətinin bəhrələrini görür.Məhz bu gün Saqiyan kəndində qaz xəttinin açılışı bir daha onu göstərir ki, Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin əsasını müstəqil Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan yaşayışı təşkil edir və bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Asif Ağayev bildirdi ki, son illər rayonun yaşayış məntəqələrinin qazlaşdırılması sürətlə aparılır. 2015-ci ilin əvvəllərindən də rayon ərazisində yeni qazlaşma, təmir bərpa və əsaslı təmir işləri davam etdirilir.Belə ki, ötən müddət ərzində rayonun Dağ Bağırlı və Yenikənd kəndlərinə təbii qaz verilmiş, Nüydi kəndinin və şəhərin 48A yeni yaşayış massivinin qazlaşdırılması başa çatmaq üzrədir. Bundan əlavə rayonun Avaxıl və Mərzəndiyə kəndlərində qazlaşma işləri davam etdirilir. Saqiyan kəndi rayonun təbii qazdan istifadə edən 37-ci yaşayış məntəqəsidir. Hazırda rayonda olan təsərrüfatların 87 faizi təbii qazla təmin olub.İcra başçısı çıxışı zamanı həmçinin Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə, tədbir iştirakçıları və qonaqlara məlumat verdi ki, 154 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 12 km-dən çox müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 154 fərdi yaşayış evinə məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Rəmzi məşəli alovlandıran Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Saqiyan kəndinin sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etib, ölkənin qazlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.Tədbirdə kənd sakinləri Qalib Əliyev, Mirvari Hacıyeva və başqaları çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, şamaxılıların Ümummilli lider Heydər Əliyevin ideyalarına daima sadiq olduqlarını, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini ifadə ediblər.Tədbirdən sonra Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev, rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev və qonaqlar birlikdə kənd sakini Şahin Qasımovun evinə gedərək təbii qaz verilişinin açılışını edib, ailə ilə söhbət edibdir.

2 May 2015 5:31

Fakt

Bizi izləyin