Sabah regionlarda buraxılış imtahanlarıdır

57638

  Həmin gün Bakı şəhəri Səbail və Nərimanov rayonlarında yerləşən və ingilis dilində olan məktəblərin buraxılış siniflərində də imtahan olacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 6-da Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. Həmin gün eyni zamanda Bakı şəhərinin Səbail və Nərimanov rayonlarında yerləşən və təhsili ingilis dilində olan orta məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər. Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə mayın 22-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. IX sinif şagirdləri üçün imtahan saat 10:00 -da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: “İmtahana buraxılış vərəqəsi”; şəxsiyyəti təsdiq edən sənədin əslini: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 16 yaşı 2015-ci il mayın 1-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 65 imtahan mərkəzi ayrılıb. Həmin gün 29 379 (Sumqayıtda 3992, Abşeronda 3136, Mingəçevirdə 1178, Gəncədə 3126, Daşkəsəndə 300, Şəmkirdə 2473, Göygöldə 816, Samuxda 670, Gədəbəydə 968, Qazaxda 998, Ağstafada 896, Tovuzda 2139, Naftalanda 81, Goranboyda 1307, Şəkidə 2023, Zaqatalada 1379, Balakəndə 1077, Qəbələdə 1450, Qaxda 661, Oğuzda 594, həmçinin Bakı şəhər Nərimanov rayonunda 41, Səbail rayonunda isə 74) nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur. XI siniflərin buraxılış imtahanı haqqında məlumat XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 65 imtahan mərkəzi ayrılıb. Həmin gün 24774 (Sumqayıtda 3375, Abşeronda 2163, Mingəçevirdə 986, Gəncədə 2722, Daşkəsəndə 291, Şəmkirdə 2295, Göygöldə 866, Samuxda 558, Gədəbəydə 846, Qazaxda 832, Ağstafada 695, Tovuzda 1619, Naftalanda 47, Goranboyda 1180, Şəkidə 1813, Zaqatalada 1219, Balakəndə 750, Qəbələdə 1470, Qaxda 507, Oğuzda 510, həmçinin, Bakı şəhər Nərimanov rayonunda 9, Səbail rayonunda isə 21) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur. İmtahanların idarə olunmasına ümumilikdə 183 imtahan rəhbəri, 2583 nəzarətçi-müəllim ayrılıb. faktinf.az

5 İyun 2015 10:03

Mikayıl Cabbarov: “Növbəti 5 il ərzində orta məktəblərin şagirdlərinin sayı əhəmiyyətli dərəcədə artacaq”

d5b23846-e9f2-46eb-a371-e7f016d41d58_292

Bu təhsil sistemindən yeni çağırışlara yeni cavablar tələb edir "2015-2016-cı yeni tədris ilində orta ümumtəhsil məktəblərinin 1-ci sinfinə qəbul olunacaq şagirdlərin sayının artacağı gözlənilir". Bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. M.Cabbarov deyib ki, Təhsil Nazirliyinin orta müddətli proqnozlarına görə, növbəti 5 il ərzində orta məktəblərin şagirdlərinin sayı əhəmiyyətli dərəcədə artacaq: "Bu da təbii olaraq, təhsil sistemindən yeni çağırışlara yeni cavablar tələb edir". Onun sözlərinə görə, son tədris ilində həqiqətən də 6 yaşı tamam olmuş çox sayda uşaq 1-ci sinfə qəbul olunmamışdı: "Ona görə də yaşı 6-dan çox olan uşaqların təhsilə cəlb olunması yerli icra hakimiyyəti orqanlarının diqqət mərkəzindədir. Çünki nümunəvi əsasnaməyə görə, məcburi təhsilə cəlb olunma yerli icra hakimiyyəti orqanlarının əsas vəzifələrindən biridir. Ümid edirəm ki, onlar yerli qurumlar və yerli təhsil şöbələri ilə sıx işləyirlər. Təbii olaraq burada ictimaiyyətin, medianın da rolu çox mühümdür". Bir çox dövlətlərdə uşaqların təhsilə vaxtında cəlb olunmamasına və təhsildən yayınmaya görə cəzaların nəzərdə tutulduğunu xatırladan nazir qeyd edib ki, bu cəzalar həm inzibati, bəzi ölkələrdə isə cinayət məcəlləsinin müvafiq maddələrinin pozuntusu kimi hesab edilir. M. Cabbarov hesab edir ki, Azərbaycanda tədbirlər belə formada həyata keçirilməli deyil: "Bu məsələdə inzibati tədbirlərə əl atmaqdansa "şüur"un üzərində çalışmaq lazımdır. Başqa sözlə, təhsilin dəyəri olmalı və ölkəmizin hər bir övladının, vətəndaşının təhsil hüququnun müqəddəs konstutision hüququnun olması, onun gələcəyi üçün təhsilin çox mühüm amil olmasını nəzərə almalıyıq. Bu işi istənilən bir məmurun, dövlət qurumunun işi kimi deyil, ümümmilli iş kimi qəbul etməyimiz daha düzgün olardı". faktinfo.az

4 İyun 2015 1:34

Bu gün Bakıda 60 minə yaxın şagird buraxılış imtahanı verəcək

761f73aa-273c-40d8-9b93-98c2db2d2317_292

IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlanır Bu gün Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək. Faktinfo xəbər verir ki, paytaxtda fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər. IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlanır. Şagirdlər imtahana gələrkən özləri ilə "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər. Xatırladaq ki, Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 76 imtahan mərkəzi yaradılıb. Bu gün Bakı şəhərində 31 490 (Nərimanov rayonunda 2 403, Səbail rayonunda 1 641, Yasamal rayonunda 2 754, Nəsimi rayonunda 2 245, Nizami rayonunda 2 521, Binəqədi rayonunda 3 855, Sabunçu rayonunda 4 503, Xətai rayonunda 3 708, Suraxanı rayonunda 2 878, Xəzər rayonunda 2 750, Qaradağ rayonunda 2 043 nəfər, Pirallahı rayonunda 189) şagirdin imtahanda iştirakı nəzərdə tutulur. Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 71 imtahan mərkəzi yaradılıb. Belə ki, Bakı şəhəridə 24 408 (Nərimanov rayonunda 2 050, Səbail rayonunda 1 524, Yasamal rayonunda 2 337, Nəsimi rayonunda 1 706, Nizami rayonunda 2 189, Binəqədi rayonunda 3 169, Sabunçu rayonunda 2 753, Xətai rayonunda 3 214, Suraxanı rayonunda 2 107, Xəzər rayonunda 1 846, Qaradağ rayonunda 1 383 nəfər, Pirallahı rayonunda 130) şagirdin imtahanda iştirakı nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 211 imtahan rəhbəri, 2786 nəzarətçi-müəllim ayrılıb.

2 İyun 2015 10:10

Sabahdan buraxlış imtahanları başlayır

59224

İmtahanlarda respublika üzrə 88 151 XI, 107 236 IX sinif şagirdinin iştirakı gözlənilir Sabahdan respublikanın bütün orta ümumtəhsil müəssisələrində IX və XI siniflərində buraxlış imtahanı başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu günkü mətbuat konfransında imtahanların təsdiqlənən qrafik üzrə 2, 6, 11, 16 iyunda olacağını bildirib. İmtahanlarda respublika üzrə 88 151 nəfər XI, 107 236 nəfər isə IX sinif şagirdinin iştirakı gözlənilir. İmtahanlar şəhər, rayon, qəsəbə və kənd yaşayış məntəqələrində ümumilikdə 273 imtahan mərkəzində aparılacaq. İlk imtahan Bakıda olacaq (55 897 nəfər şagird). Buraxılış imtahanının qaydalarına görə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili, riyaziyyat və xarici dil fənləri üzrə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilir. İmtahanın müddəti 2 saat 45 dəqiqədir. Ümumi orta (9 illik) təhsil bazasında buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.

1 İyun 2015 1:23

Mikayıl Cabbarov 12 illik təhsildən danışdı

kiiikiu

“12 illik təhsilə keçidi yalnız mexaniki dəyişiklik kimi qəbul etmək olmaz, bu çox vacib məsələdir” Bu sözləri təhsil naziri Mikayıl Cabbarov "12 illik təhsilin dəstəklənməsi ilə bağlı innovativ strategiyalar" mövzusunda regional forumda çıxışı zamanı deyib. Təhsillə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə toxunan nazir son 20 ildə Azərbaycan iqtisadiyyatının yüksək səviyyəyə çatdığını deyib. Onun sözlərinə görə, bu inkişaf insan kapitalının keyfiyyətindən asılıdır. “İnsan kapitalı bizim ən dəyərli resursumuzdur. Bu gün rəqabətin artırılması istiqamətində insan kapitalının dəyəri danılmazdır. Buna nail olmağın əsas yolu da təhsildir. Təhsil sahəsinin əməkdaşları, valideynlər, təlimçilər və öyrənənlər real həyatda təhsilin nə demək olduğunu bilməlidir. Təhsil dəyərlərə, biliklərin nəsildən-nəsilə ötürülməsinə əsaslanır”. M.Cabbarov bildirib ki, təhsildə iki əsas məsələyə diqqət etmək lazımdır. Bunlardan biri mövcud sistemlərə yenidən baxılması, digəri isə müəyyən dəyişikliklərin edilməsidir: “İlk növbədə mövcud məqsədləri yenidən nəzərdən keçirməliyik. Əmək bazarı ilə münasibətlərin yaradılması, ölkənin sosial-iqtisadi imkanlarının nəzərdən keçirilməsi kimi baxılmalıdır. İkinci məsələ, sistemə yenidən baxılmasıdır. Bunun üçün biliklərin tətbiqi, ömür boyu təhsil kimi məsələlərə diqqət etməliyik. Bu, sanki mövcud sistemi tamamilə yeniləmək kimi anlaşılmalıdır. Bunun üçün də İKT bizi düzgün məqsədə aparır. Azərbaycanda bu sistemin həyata keçirilməsi üçün Dövlət Strategiyası qəbul edilib. Bu sənəd bizə nə istədiyimizi və strategiyanın bizi hara aparacağını göstərir. 12 illik təhsil bu strategiyanın əsas olmasa da, vacib sütunlarından biridir. Bu, yalnız mexaniki dəyişiklik deyil”.Faktinfo.az

25 May 2015 12:29

Qəbul imtahanı başa çatdı

91527

  TQDK əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 24-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. Faktinfonun komissiyanın mətbuat xidmətinə istinadən evrdiyi məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 29 binada aparılıb. Saat 11:00-da başlanan imtahan artıq başa çatıb. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi bütün binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Hal-hazırda TQDK-da müstəqil ekspertlər tərəfindən imtahanda abituriyentlərə təqdim olunmuş test tapşırıqlarının ekspertizası aparılır. Bu gün həmçinin "Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat verəcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək. İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

24 May 2015 3:46

Sabah imtahan olacaq

88467

Əvvəlki illərin məzunları sabah biliklərini bir daha sınayacaqlar Qəbulu üzrə Dövlət Komissiyası mayın 24-də I və IV ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları) üçün qəbul imtahanı keçirəcək. Imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 29 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Əziz abituriyentlər! İmtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi" ni mütləq gətirin. Göstərilən sənədlərdən biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa imtahana buraxılmayacaqsınız. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar. İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün "Space" telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.

23 May 2015 11:26

Təhsil Nazirliyi 640 ümumtəhsil məktəbinə elektron lövhələr paylayıb

tehsil_nazirliyi-98

  “Promethean interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsinin qalibləri mükafatlandırılıb Bu gün Təhsil Nazirliyinin “Edumedia Azərbaycan” təşkilatı ilə birgə keçirdiyi “Promethean interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın xəbərinə görə, mərasimdə dünən Bakının Binəqədi rayonundakı binada baş vermiş yanğın nəticəsində həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, Azərbaycan dövlətinin hər zaman təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə çox böyük diqqət yetirib: “Azərbaycanda qəbul edilən hüquqi normativ aktlar, dövlət proqramları bunu deməyə əsas verir. 2013-2020-ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramının hazırlanması istiqamətində tərəfimizdən işlər davam edir. Təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinə xüsusi önəm veriləcək. Son tədris ili ərzində 60 dərslik elektron formatda hazırlanıb. Gələcəkdə bu dərsliklərin sayı artırılacaq. Eyni zamanda, son tədris ilində 120-yə yaxın video dərslər hazırlanıb. Bildiyiniz kimi, artıq birinci sinfə qəbul elektron formatda aparılır. Biz artıq bunun yaxşı mənada fərqini görürük. Şagirdlər barədə dolğun məlumatımız var”. C. Bayramov qeyd edib ki, Böyük Britaniyanın “Promethean” şirkətinin Azərbaycandakı nümayəndəliyi “Edumedia Azərbaycan” təşkilatı ilə birgə keçirilən layihə çərçivəsində Təhsil Nazirliyi 640 ümumtəhsil məktəbinə elektron lövhələr paylayıb: “Bu lövhələrin əsas üstünlükləri minlərlə elektron dərsliklərə çıxış imkanı, iki istifadəçinin eyni zamanda işləməsinə şərait yaratması, müxtəlif əməliyyat sistemləri ilə işləmə qabiliyyətidir. Qeyd edim ki, elektron lövhədən istifadənin effektivliyinin artırılması məqsədilə ümumtəhsil məktəblərindən olan 4300-dən çox müəllimə təlim keçirilib”. “Promethean” şirkətinin Mərkəzi Asiya üzrə regional meneceri Con Makdermot layihə barədə tədbir iştirakçılarına məlumat verib. Müsabiqə 1-4-cü siniflər üçün hazırlanmış “ən yaxşı resurs”, 5-11-ci siniflər üçün hazırlanmış “ən yaxşı resurs” və “ən yaxşı təlimçi” işi nominasiyaları üzrə keçirilib. İştirakçıların əsas vəzifəsi məktəb kursunun bir və ya bir neçə mövzusunu əhatə edən, “Activinspire” proqramının köməkliyi ilə hazırlanmış elektron materiallardan ibarət və metodiki şərhlərlə əsaslandırılan didaktik material təqdim etmək olub. Müsabiqə dövründə 200-dən çox resurs qəbul olunub və onlar arasından qaliblər seçilib. Sonda qaliblərə mükafatlar təqdim olunub. Onlara diplomlarla yanaşı, “Promethean” şirkətinin məhsulları olan “Promethean ActivExpression”, “Promethean ActivView” və “Promethean ActivSlate” avadanlıqları verilib.

20 May 2015 12:02

Fakt

Bizi izləyin