İqtisad Universitetinin rektorundan şikayət edlib

1483095353_0001

Azərbaycan Dövlət İqtisad Universiteti ölkənin ən korrupsiyalaşmış təhsil ocağı imicini inadla qorumaqdadır. Ötən tədris ilində universitetə rektor təyin olunan Ədalət Muradov bu birinciliyi qorumaq üçün əlindən gələni əsirgəmir. Universitetdəki qaynaqların verdikləri xəbərlərdə bildirilir ki, rektorluğunun ilk aylarında apardığı “islahatlar”a görə Ədalət Muradov haqqında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İradəsinə dosye göndərilib. Ancaq hansısa gizli əl bugünə qədər onu qorumaqda davam edir. Professor-müəllim heyətini rektordan incik salan əsas məqam tədris prosesində müəllim nüfuzunun yerlə bir edilməsidir. Universitetdə çalışanlar bildirir ki, Ədalət Muradovun yaratdığı yeni münasibətlər sistemində tələbə müəllimdən öndədir. Ötən ildən universitetdə tələbələrin müəllimləri qiymətləndirməsi sistemi yaradılıb. Tələbələr bütün fənlər üzrə müəllimlərinə 10 “fakt” üzrə qiymət verir – necə dərs keçir, davamiyyəti necədir, tələbə ilə necə davranır, tələbkardırmı, tələbəni həddən artıq yükləyirmi və s. Müəllimlər bildirir ki, sistem tətbiq olunandan sonra tələbələrlə davamlı gərginlik yaşayırlar – tələbələr mühazirələri yazmır, müəllim mühazirə dəftəri tələb edəndə “üstümüzə çox gələrsiz, sizə aşağı bal yazarıq” deyib açıq hədə-qorxu gəlirlər. Tələbədən yaxşı bal almaq isə müəllimlər üçün çox vacibdir. Rektorun tətbiq etdiyi daha bir qaydaya görə aşağı bal alan müəllimlərə elmi ad və dərəcələrin verilməsi yubadılır. İlk baxışda sistem tədris prosesində müəllimin şəriksiz hegemonluğuna son qoyulması, müəllim-tələbə münasibətlərində qarşılıqlı məsuliyyət ortamının yaradılması kimi görünə bilər. Ancaq faktlar göstərir ki, Ədalət Muradovun yeni “elmi ixtirası” müəllimlər kimi tələbələr üçün də əsl tələdir. Artıq tətbiqinin ikinci ilində bir neçə tələbə müəllimlərə aşağı bal verdiyi üçün universitetdən qovulmaq təhlükəsi ilə üzləşib… Rektorun tapşırıqlarını şərtsiz yerinə yetirən dekanlar müəllimlərə aşağı qiymət yazan tələbələrlə “ikialan” müəllimlər arasında gərginlik yaradır, sonucda tələbəyə elan edilir – davranışına görə universitetdən xaric olunursan. Əsl həngamə də bundan sonra başlanır… Dərhal dövriyyəyə valideynlər, dekanlarla onların arasındakı vasitəçilər girir. Uzun-uzadı danışıqlar, get-gəllər, yalvar-yaxarlardan sonra dekanlar daha yuxarılarla ciddi rəqəmlərlə ifadə olunan anlaşma əldə etməyə razılıq verirlər. Sonda valideyni ciddi xərcə düşən asi tələbə universitetdə saxlanır. Image result for Əli Əlirzayev Bu sistemin müəllimlər üçün ən ağrıdıcı məqamı illərlə universitetdə dərs deyən nüfuzlu alimlərin birinci kurs tələbələrinin yazdıqları ballara görə Elmi Şurada və rektorun iştirakı ilə keçirilən digər toplantılarda aşağılanmasıdır. Belə sayğısız münasibətlə bu yaxınlarda ölkənin ən nüfuzlu iqtisadçı alimlərindən biri professor Əli Əlirzayev qarşılaşıb. Rektor professor-müəllim heyətinin qarşısında Ə.Əlirzayevi 100 ilin metodları ilə dərs deməkdə, tələbələrə hələ də konspekt yazdırmaqda ittiham edib, onu keçmişin qalığı adlandırıb, köhnələrlə işləməkdən yorulduğunu deyib. Ədalət Muradovun çox hörmətsiz davranışı qarşısında Əli Əlirzayev susmağa üstünlük verib. Milli Məclisin keçmiş üzvü və Azərbaycanın ən sayılan iqtisadçı alimlərindən olan Əli Əlirzayev İqtisad Universitetində böyük nüfuz sahibidir. Bu gün ali məktəbdə onun yetişdirdiyi onlarla alim dərs deyir. Professor Əlirzayev iqtisad Universitetində korrupsiyaya bulaşmamış barmaqla sayılacaq qədər az müəllimlərdəndir. Heç zaman tələbənin cibinə göz dikməyən bir şəxsə rektorun belə münasibətini pedaqoji kollektiv də narazılıqla qarşılayıb. Artıq universitetdə hər kəsə bəllidir ki, ölkənin nüfuzlu aliminə “gerilikçi” demək cəsarətində bulunan rektor digərləri ilə daha pis formada davrana bilər. Yeni rektorun köhnənin qalığı adlandırdığı metodların bəziləri əslində tədris prosesinin ayrılmaz hissəsidir və pedaqoji fəaliyyətlə məşğul olan hər kəsə bəllidir ki, bunlarsız dərs keçmək prosesə qeyri-ciddi yanaşmaqdır. Məsələn, rektor müəllimlərdən tələb edir ki, onlar dərsə heç bir dərs vəsaiti olmadan gəlsinlər, indiyə qədər istifadə etdikləri konspektlərdən imtina etsinlər. Rektor tədris ilinin başlanğıcında bildirib ki, dərsə konspektlə gələn müəllimlə bağlı tədbir görüləcək. Pedaqoqlar qərarı absurd saysalar da onun icrasına məcburdurlar, çünki əks halda yuxarıda dediyimiz tələbə nəzarəti mexanizmi işə düşərək onları rektorun zərbəsi altında qoya bilər. “Yenilikçi” rektor müəllimlərdən tələb edir ki, yeni yaradılan elektron tədris vəsaitlərindən istifadə etsinlər. Əldə etdiyimiz informasiyaya görə, universitet elektron vəsaitlərin hazırlanması üçün böyük qrantlar alıb. Ancaq iş çox keyfiyyətsiz görülüb. Üstəlik müəllimlərə onlardan istifadə qaydaları haqqında heç bir treninq keçilməyib. Mərkəzləşdirilmiş sistem tez-tez donur və bu, dərsdə əlavə problemlər yaradır. Müəllimlər bildirir ki, hər dərsin ilk 15-20 dəqiqəsi kompüterlərin yüklənməsi, tədris vəsaitinin açılması, “donan” səhifənin işə düşəcəyini gözləməklə keçir. Elektronlaşdırılan yalnız dərs vəsaitləri deyil. Artıq jurnal sistemi də bu yenilikdən nəsibini alıb. İlk baxışdan dəyişiklik müsbət tendensiya kimi görünsə də onun hansı məqsəd üçün istifadə edilməsi haqqında xəbərlər müsbət illüziyanı dağıdır – zaçot-imtahan dönəmində yüksək qiymət üçün sistemdə tələbələrin qayibləri silinir, aldıqları ballar artırılır. İqtisad Universitetindəki mənbə iddia edr ki, Ədalət Muradov rektorluğa başlayan gündən universitetdə rüşvətin miqyası genişlənib. Yeni korrupsiya və rüşvət ocaqları yaradılıb, bu sahədə xeyli “irəliləyiş” əldə olunub. Mənbə deyir ki, ən böyük rüşvət köçürmələr və kəsirlər zamanı alınır. Universitetin Dərbənd filialından köçürmənin qiyməti haqqında fantastik rəqəmlər səsləndirilir – 70-100 min manat. Universitetlərarası köçürmələr qadağan edilsə də bir neçə “şanslı” universitetə, o sıradan İqtisad Universitetinə öz filiallarından tələbə köçürmək səlahiyyəti verilib. Ədalət Muradov bu imkandan məharətlə yararlanır. TQDK imtahanlarında aşağı bal toplayanlar öncə ADİU-nin Dərbənd filialına yerləşdirilir. Sözsüz ki, bu, hər abituriyentə qismət olmur… Öncəlik valideynləri 1 il sonrakı köçürmə üçün ciddi məbləğ təklif edənlərə tanınır. 1 il əli cibində gəzən tələbə 2-ci il universitetdə peyda olur. Ədalət Muradova qədər köçürülən tələbələr ayrıca qrupda təhsil alıb. İndi isə onlar digər qrupların içərisində “əridilir”. Məqsəd aydındır… Aşağı bal yığan tələbələrdən formalaşdırılan qruplarda imtahan nəticələri də bərbad olur. Bu zaman onların fərq imtahanlarını necə vermələri haqqında çoxlu suallar yaranır. Yeni rektor ehtimal olunan yoxlamalar zamanı belə suallarla üzləşməmək üçün “göz bəbəyi” köçürmə tələbələri digər qruplara bölür ki, onların aşağı nəticələri ümumi fonda nəzərə çarpmasın. Universitetlə bağlı “şad” xəbərlərdən biri də odur ki, yaxınlarda Zaqatala filialı da Azərbaycan təhsilinə öz “töhfə”lərini verməyə başlayacaq. Kəsirlərin düzəldilməsi üçün isə tələbələrdən 3-7 min manat tələb olunduğu bildirilir. Sonrakı yerləri magistr, diplom işləri tutur 1500-2000 manat. Universitetdən adının gizli saxlanılmasını istəyən şəxs deyib ki, rektorun rüşvət maşınını müşavir postuna təyin etdiyi Elşən Bağırzadə idarə edir. Rektorun müşaviri vəzifəsi də deyəsən, Azərbaycan təhsilində aparılan güclü islahatların nəticəsində meydana çıxıb. Buna qədər ali məktəblərdə idarəetmə funksiyasını rektor, prorektorlar, kafedra müdirləri, dekanlar daşıyırdı. İndi bu sıraya rektor müşaviri də əlavə olunub. Deyilənlərə görə, rektor Elşən Bağırzadəyə elə geniş səlahiyyətlər verib ki, obrazlı desək, qılıncının hər iki üzü kəsir – prorektorlar, kafedra müdirləri, dekanlar bir sıra məsələləri onunla razılaşdırmadan rektora çıxa bilmirlər. Rektorun Azərbaycan iqtisad elminə daha bir “töhfəsi” universiteti Muradovların təsərrüfat subyektinə çevirməsidir. Bu haqda da ADİU-dəki mənbə bildirib. Mənbənin iddiasına görə, bu gün Azərbaycan Dövlət İqtisad Universitetində rektor Ədalət Muradovla qohumluq əlaqəsi olan 40-a yaxın şəxs çalışır. Mənbə bildirib: “Onun heç bir pedaqoji təcrübəsi olmayan qohum-qardaşı uzun illər universitetdə dərs deyən müəllimlərin başı üzərindən adladılaraq önəmli postlara çəkilir. Bu şəxslərə elmi adlar və vəzifələr də səxavətlə paylanır. Effektiv ailə iş üsulu nəticəsində auditoriyaya cəmi 1-2 semestr daxil olan qohumlar baş müəllim, fəlsəfə doktoru titul və vəzifələri ilə ödülləndirilir. Heç şübhəsiz, bu durum illərlə dərs deyib müəllimlikdən baş müəllimliyə, baş müəllimlikdən dosentiyə yüksələ bilməyənlərdə qıcıq yaradır. Rektorun isə belə narazılıqlar eyninə deyil. İndi onun əsas qayğısı qış semestr imtahanlarından gözlənilən nəticəni – nəzərində tutulan məbləği toplamaqdır”. İqtisad Universitetindəki mənbə daha sonra deyib ki, universitetdəki acınacaqlı durum haqqında müxtəlif kanallar vasitəsilə Təhsil Nazirliyinə və digər rəsmi qurumlara xeyli sayda şikayət çatdırılıb: “Hələlik nəticə yoxdur – Ədalət Muradov hələlik öz biznes imperiyası kimi baxdığı iqtisad universitetində at oynatmaqda davam edir”. Universitetdəki məlumatlı mənbə sonda bunları söyləyib: “Bu gün baş verənlər təhsil problemi kimi görünə bilər. Ancaq məsələ daha dərindir. Söhbət gələcəkdə ölkə iqtisadiyyatını idarə edəcək kadrların hazırlandığı ali təhsil ocağından gedir. Bu cür xətalı tədris prosesi və mənəvi aşınma mühitində savadlı kadr yetişdirilməsi böyük sual altındadır. Azərbaycan iqtisadiyyatının perspektivləri belə bir müəssisədə təhsil alan kadrlardan asılı olacaqsa, indidən milli valyutanın uzun illər “sudan çıxmayacağını” proqnozlaşdırmaq çətin deyil”. Yazıda adları keçən şəxslərin, o cümlədən rektor Ədalət Muradovun mövqeyini dərc etməyə hazırıq. Musavat.com Ədalət Muradov haqda kəskin ittihamlar var; onun rəhbərlik etdiyi ali məktəbdə dözülməz şərait yaratdığı, 40 nəfərdən ibarət qohum-əqrəbasını universitetdə işə götürdüyü, təcrübəli və savadlı müəllimləri sıxışdırdığı deyilir.

30 Dekabr 2016 6:24

Millət vəkilinin universitetində “kooperativ bazarlıq” başladı – Təfsilat

1483074325_0001

Azərbaycan Kooperasiya Universitetində qış bazarı başlayıb Deputat Eldar Quliyevin rektor olduğu bu ali məktəbdə hər semestr qabağı olduğu kimi bu dəfə də tələbələrdən imtahan pulları alınır. Artıq tələbələr də bu vəziyyətə vərdiş ediblər. Onlar bilirlər ki, kooperativ maraqlar üzərində qurulmuş bu təhsil ocağında pulsuz xidmət göstərilmir. Ali məktəblərdə qış semestr imtahanları yaxınlaşır. İmtahanlar yaxınlaşdıqca ali təhsil ocaqlarında rüşvətin qiyməti də artmağa başlayıb. Kooperasiya Universitetində də artıq rüşvət yığımı start götürüb. Tələbələrdən semestr pulları toplanmağa başlanıb. Burada imtahan qiymətləri 80-100 manatdan başlayır. AKU-da hər semestr hər tələbə 200-300 manat verməyə məcbur edilir. Tələbələr isə fakültə dekanlarının qapısında növbəyə dayanıblar. Onlar istənilən həmin məbləği verməsə imtahanlardan kəsilirlər. Müəllimlər imtahandan öncə tələbələrə bildirir ki, tələb olunan vəsaiti verməsəniz qiymət gözləməyin. Ona görə də bəzi savadlı tələbələr bu kimi haqsızlıqlarla üzləşməmək üçün tələb olunan vəsaiti əvvəlcədən verməyə məcbur olurlar. Ali məktəbin nəzdindəki Bakı Biznes və Kooperasiya Kolleci da eyni üslubda fəaliyyət göstərir. Kollec rəhərliyinin tələbələrdən imtahanlarda yığdığı rüşvəti şöbə müdirləri ilə və fənn birləşmə rəhbərləri həyata keçirir. Şöbə müdirləri ilə fənn birləşmə rəhbərləri isə öz növbələrində rüşvəti qrup nümayəndəsinin əli ilə alırlar. Tələbələrə paylanılan imtahan blanklarına isə şöbə müdirləri birbaşa nəzarət edirlər və hər hansı bir məsələdə yanlışlığın olmamasına çalışırlar. Hər bir imtahan blankı müəllimin ya da, qrup nümayəndəsinin iştirakı və rəhbərliyi ilə doldurulur və elə ordaca geri qaytarılır. Kollecdə özbaşınalıq, hərc-mərclik baş alıb gedir. Müəllim və tələbələrin dərsə davamiyyəti sıfıra bərabərdir. Elə müəllim var ki, adı ştatda gedir. Lakin özü dərslərdə iştirak etmir. regionxeber

30 Dekabr 2016 10:15

Təhsil Nazirliyindən öz ixtisasından “0” qiymət alan müəllimlərlə bağlı –Açıqlama

tehsil-nazirliyi-manset

Cənub bölgəsində keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri ilə bağlı xoşagəlməz məlumat yayılıb. Bildirilir ki, müəllimlərin imtahanında 7426 nəfər iştirak edib. İmtahanda iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən – öz ixtisasından 0 (sıfır) qiymət alıb. Faktinfo.az xəbər verir ki, məsələyə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-a açıqlamasında aydınlıq gətirib: "Artıq iki gündür ki, bir çox media orqanlarında diaqnostik qiymətləndirmədə 0 bal toplayan müəllimlər haqqında qeyd və şərhlərə rast gəlinir. Əsas istinadı hansısa Facebook postu olan bu "məlumatlar” həqiqəti əks etdirmir”. C.Valehov deyib ki, 2016-cı ilin son iki ayı ərzində ölkənin 26 bölgəsində 35 mindən artıq müəllim diaqnostik qiymətləndirməyə cəlb olunub: "Diaqnostik qiymətləndirmənin sonuncu mərhələsi Azərbaycanın cənub bölgəsinin müəllimlərini əhatə edib. Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimindən 1152 nəfəri 80 %-dən yuxarı nəticə qazanıb. Bu müəllimlər arasında 0 bal alan yoxdur. Eyni zamanda, bu il diaqnostik qiymətləndirmədə iştirak edən 35 min müəllimdən heç birinin nəticəsi 0 bal olmayıb”.

28 Dekabr 2016 4:09

300 müəllim tədris etdiyi fəndən 0 bal aldı

muuu

Bu il cənub bölgəsində (Lerik, Yardımlı, Astara, Masallı, Lənkəran) baş tutan müəllimlərin diaqnostik imtahanında 7426 nəfər iştirak edib. İmtahanda iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən 0 (sıfır) qiymət alıb. Bu barədə təhsil eksperti Kamran Əsədov publika.az-a açıqlamasında deyib. Ekspert rəqəmləri rayon təhsil şöbələrindən, rəsmi mənbələrdən əldə etdiyini bildirib. Bu rayonlar üzrə nəticələrin çox aşağı olduğunu deyən ekspert paytaxtda da məlumatların ürəkaçan olmadığını qeyd edib: "2014-cü ildən bu vaxta qədər keçirilən imtahanlarda iştirak edən paytaxt məktəblərində çalışan müəllimlərin 15 faizinin tədris etdiyi fəndən anlayışı olmadığı müəyyən olunub. İmtahanda 60 sualdan 40-ı müəllimin tədris etdiyi fənn, 20-i metodikadandır. Ümumilikdə 6 suala cavab verən (10 faizdən yüksək nəticə göstərən) müəllim diaqnostik qiymətləndirmədən keçmiş hesab edilir. Bakıda müəllimlərdən 15 faizi öz fənnindən 4, metodikada 2 suala düzgün cavab verməyib. 60 faiz isə orta nəticə göstərib. Bu vaxta qədər keçirilən diaqnostik qiymətləndirmədə yalnız 3 müəllim maksimum nəticə göstərib. Görün övladlarımıza kimlər savad, bilik verir". Ekspertin fikrincə, imtahan suallarının çətinlik dərəcəsinin artırılması vacibdir: "Təklif edirəm ki, qısa müddət ərzində müəllimlərin ciddi şəkildə attestasiyası keçirilsin və bunu neytral bir qurum reallaşdırsın. Sadə suallar yox, normal səviyyədə olan suallar verilsin. Bundan sonra imtahandan keçən müəllimə dövlət qulluqçusu statusu vermək və əmək haqqını ciddi şəkildə qaldırmaq olar". Sayt ekspertin açıqladığı rəqəmlərlə bağlı Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

27 Dekabr 2016 8:44

Tənqid etmək başqa şeydir, “mız” qoymaq, “qulp” qoymaq tamam başqa şey…

estakada

«İnsanın ömrünün yarısını mübahisələrdə keçirəcək qədər zamanı yoxdur… »  Avraam Linkoln   Bu yaşa çatmışam, təyinatla ucqar bir kənddə müəllimlik etməkdən təhsilin müxtəlif yuxarı idarəetmə orqanlarında məsul vəzifələrdə calışmaqla uzun bir həyat məktəbi keçmişəm, ancaq son 20-25 illik təcrübəmdə təhsil sahəsində hansısa edilən bir yeniliyin, bu sahədə atılan hansısa bir addımın birmənalı şəkildə qarşılanmasının hələ ki, şahidi olmamışam. Yəni, təhsilimiz də zaman-zaman mübahisəli fikirlərdən, ziddiyətli yanaşmalardan heç də xali olmayıb. Uğurlarımız uğursuzluqlarımızla paralel inkişaf edib. Nailiyyətlərimizi qismən də olsa qəbul etmişık, uğursusluqlarımıza  gələndə isə dərhal və çəkinmədən səbəb və bəhanə axtarıb, bir birimizı günahlandırmışıq. Bir qismimiz uğurları, digər qismimiz qüsurları qabartmışıq. Təhsilimizin problemlərində bəzən təhsil alanları, bəzən  təhsil verənləri, əksər halda isə təhsilə rəhbərlik edənləri hədəf seçmişik. Təhsilə tətbiq olunan və müasir hesab edilən yanaşmalar kiminsə tərifinə, kiminsə tənqidinə tuş gəlib. Kimlərsə, artıq zamanın sınaqlarından çıxmış təhsil ənənələrimizi qoruyub saxlamağı və tədricən inkişaf etdirməyi, kimlərsə tərəddüd etmədən uzun illərdən bəri toplanmış potensialı birdəfəlik “arxivə” göndərib, “qərbsayağı” yeniləşməyi inkişafın əsas amili hesab ediblər və etməkdədirlər. Elə götürək Təhsil naziri Mikayıl Cabbarovun “Təhsil TV”-nin “Media ilə üz-üzə” verlişinə müsahibəsindən son açıqlamalarını: "Hazırda müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulunun ən uğurlu yol olduğuna inanmıram. Çünki, müasir məktəbin müəllimini həmin məktəbin müasir direktoru seçməlidir”. Nazir nə deyir, deyir ki, məktəb direktorlarının muxtariyyəti daha çox olmalıdır.  Akademik göstərici, fəallığın şəffaflığı, idaretmənin keyfiyyəti yüksək olan məktəblərə həmin hüququ ötürmək niyyətindəyik. Heç kim məktəbin ab-havası, imkanları, mühiti və digər vacib detallara direktor qədər peşəkar şəkildə bələd ola bilməz. Bu pilot layihə çərçivəsində, biz 50 məktəbə o hüququ verəcəyik. Əgər müəllim imtahan verib biliyini təsdiqlədibsə, o, müasir məzmunlu pedaqogikanı, psixologiyanı bilirsə, artıq məktəb direktorunun hüququdur ki, onu seçsin. Bu yanaşmanın reallaşması üçün real addımlar atacağıq və bir sıra məktəblərdə  belə bir hüququn qısa müddətdə təqdim edilməsi məsələsini nəzərdən keçiririk.   Məsələ hələ heç nəzərdən keçirmə prosesini “bismillah” etməmiş, dərhal sərt və aqressiv reaksiyalar gəldi:“Direktorlara muxtariyyət verməklə onlara hegemonluq vermiş oluruq”,“Azərbaycan məktəblərində məktəb direktorunun müəllim seçməsi qeyri-mümkün məsələdir”, “Direktora təsir ve təzyiq edən “n” qədər vəzifəli səxs var”, “Qohumbazlıq, dostbazlıq, vəzifəli şəxslərin sfarişləri, rüşvətxorluq burada çox önəmli olacaq”, “Bu yenidən direktotların cibinə xidmət edəcək”, “Məktəb rəhbərliyi o qədər də peşəkar deyil”, ”Hazırda əksər direktorlar vəzifələrini icra edə bilmirlər“, “Bizim məktəbləri idarə edən direktorların böyük əksəriyyəti buna hazır deyil”, “Sivil ölkələrdə... “ və s. və i.a.   Başlayaq elə “Biz hələ buna hazır deyilik”, statusundan. Niyə hazır deyilik və hazır olmamalıyıq? Məgər Sovet adlanan 70 illik bir dönəmda müəllimlər Nazirliyin mərkəzləşdirilmiş imtahanından keçib müstəqil peşə fəaliyyətinə qədəm qoyurdular, yoxsa ali məktəbin astanasından birbaşa ixtisasları üzrə məktəblərə təyinat alırdılar? Bəlkə, ali və orta ixtisas məktəblərini bitirən müəllimlərin rayon təhsil şöbələri tərəfindən yerlərə göndərilməsi və direktorların rayon və şəhər təhsil şöbələri və idarələrinin təqdimatı əsasında rəhbər vəzifəyə seçilməsi yadımızdan çıxıb? Hətta bir ara müəllimlərin işə qəbulunu məktəb rəhbərlərinə, direktorlların seçimini isə kollektivlərə də həvalə etmişik. Hazırrda əksəriyyətimiz həmin məktəb direktorlarının rəhbərlik etdiyi kollektivdə çalışan müəllimlərin yetirmələri deyilik?   Müəllimlərin işə qəbulu rayon təhsil şöbələri və direktorların səlahiyyətindən çıxarıldıqdan  bir müddət sonra  Təhsil Nazirliyinin 21 aprel 2014-cü il tarixli, 445 saylı əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu qaydaları”nın həddən artıq yüklü olması ilə yanaşı, onun anti-demokratik, anti-humanist xarakterinə, müəllimlərin işlə təmin olunmasında ciddi problemlər yaşanmasına,  xeyli vakant yerlərin boş qalmasına, məzunların sayının vakant yerlərlə müqayisədə qat-qat çox olduğu və nəticədə müəllimlərdən ibarət "işsizlər ordusu" yaranmasına dəfələrlə diqqət çəkildikdən sonra “Qaydalar”dakı 70 maddə ixtisar edilərək 41, daha sonra isə 35 maddəyə endirildi. Hazırda bu qaydalar dəfələrlə dəyişdirilib və  yenilənməsini bir daha qaçılmaz edir. Göründüyü kimi bütün mümkün və mümkünsüz variantlar dəfələrlə bilavasitə tətbiqetmə yolu ilə yoxlanılıb və sınaqdan keçirilib.   Digər tərəfdən Nazirin bu açıqlaması hər şeydən əvvəl “təhsilin demokratikləşdirilməsi və humanistləşdirilməsi”, “səlahiyyətlərin bölüşdürülməsi”, “funksiyaların yuxarıdan aşağıya paylanması”, “təhsil sisteminin idarə olunmasının inhisarsızlaşdırılması” və digər bu kimi prinsiplər hələ 1999 – cu ildə Dövlət islahat komissiyası tərəfindən hazırlanmış və  Prezidentin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasinin təhsil sahəsində islahat Proqramı”nın mühüm müddəaları ilə tam uzlaşmaqla bərabər həm də  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təhsildə nəticələrə görə cavabdeh,  şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması vəzifəsinin həyata keçirilməsi istiqamətində atılacaq növbəti bir addımdır. Yəni, təhsilə dair bütün normativ hüquqi aktlarda, təhsilin idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilir.   O da məlumdur ki, təhsil sahəsində idarəetmə islahatlarının başlıca istiqamətlərini təhsil prosesinin iştirakçıları arasında münasibətlər sisteminin, eləcə də tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və  cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılması,  Strategiya”da nəzərdə tutulmuş beş strateji istiqamətdə həyata keçiriləcək genişmiqyaslı tədbirlərdən biridir.   Daha nəyi gözləməliyik? Gözləməliyik ki, “direktorlar hegemonluq vərdişlərindən nə vaxt əl cəkəcələr”, “onlara təsir və təzyiq edənlərin kökü nə vaxt kəsiləcək”, “qohumbazlığa, dostbazlığa, vəzifəli şəxslərin sfarişlərinə nə vaxt son qoyulacaq”, “Kimlərsə nə vaxt ciblərini güdməyəcək” , “məktəb rəhbərləri nə vaxt peşəkarlaşacaq”, ” direktorlar vəzifələrini icra edə bilməyi nə vaxt öyrənəcək“, “nə vaxt  buna  hazır  olacağıq”, “nə vaxt sivil ölkələrin sırasına daxil olacağıq ...???  “ Bu kimi yanaşmalar təhsilimizin ətrafında inamsızlıq mühiti yaradır. Bir də ki, tez-tez istinad etdiyimiz sivil dövlətlərdən nəyimiz və haramız əksikdir. Özümüz təyin etdiyimiz rəhbərlərə etibar etməmək və etimad göstərməmək nə vaxta qədər davam edə bilər axı?   Bir məsələni də unutmayaq ki, təhsildə dövlət siyasətini ali icra hakimiyyəti orqanı olaraq Təhsil nazirliyi həjata keçirir və bu siyasətin gerçəkləşməsinə məsuliyyət daşıyır. Digər tərəfdən təhsil ümumdövlət işi olmaqla yanaşı, həm də ümumxalq işi və ümummilli məsələdir. Əgər təhsilimizin gələcək inkişafına və tərəqqisinə yardımçı olmaq, bu məsuliyyətli  missiyaya hansısa töhfə vermək istəyiriksə, hətta dövlət səviyyəsində dəstəklənən fikir plyurializminin imkanlarından istifadə edərək nə dərəcədə tənqidi olsa belə irəli sürülən istənilən yeniliyə, onun daha da təkmilləşdirilməsinə yönəldilən rəy və təkliflərlərimizi verək. Qaldırlan məsələyə syasi don geyindirmək, məsələnin predmetinə ambisioz motivasiya vermək, loru dildə desək “mız” qoymaq, “qulp” qoymaq isə məni bağışlayın, nə dəstəkdir, nə tənqiddir... tamam başqa şeydir.   İstistisna etmirəm ki, fikirlərimlə razılaşmayanlar olacaq. Bu da təbiidir. Hər halda dediklərim mənim subyektiv fikirlərimdir.  Son olaraq Əbülqasim Firdovsinin bir kəlamına diqqət çəkmək istərdim. Dəqiq tərcümədən ehtiyatlanaraq  mənası rus dilində təxminən belə səslənir. «Если путь твой к познанию мира ведет, Как бы ни был он долог и труден - вперед!»   Fürsətdən yararlanaraq, əziz və hörmətli oxucularıma əməkdar elm xadimi, professor Şahlar Əsgərovun “Kamilləşən düşüncə” kitabını (rus və ya azərbaycan variantında) oxumağı tövsiyə edərdim. Daha irəli addımlamaq, yeni uğurlara imza atmaq üçün istəsək də, istəməsək də düşüncəmiz kamilləşməlidir.   Nadir İsrafilov

27 Dekabr 2016 7:10

Təhsil Nazirliyi bu kolleci “özbaşına” buraxıb

estakada

Ağdam Dövlət Sosial-İqtisadi Kollecində tələbə, ya da müəllim görən “möcüzə” ilə rastlaşdığını düşünür   Ağdam Dövlət Sosial-İqtisadi Kollecində demək olar ki, dərs keçilmir. Kollecin direktoru Natiq Cavadov Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin Qarabağ üzrə regional idarəsinin müdiri Məhəmməd Aslanovla əlbir olaraq, həm kollecin müəllimlərindən, həm də tələbələrindən rüşvət alaraq onların kollecə gəlməməsinə izn verir.  Azərbaycan təhsilindəki neqativ problemlər və rüşvət bəlası barədə mətbuatda hər zaman yazılar dərc olunur. Bir neçə il əvvəl Təhsil Nazirlinin rəhbərliyi dəişsə də, təhsildəki rüşvət problemi öz həllini tapmır. Qeyd edək ki, Azərbaycan dövləti postsovet ölkələr arasında təhsilə ən çox pul ayırır və təhsilin problemlərini ən çox diqqət mərkəzində saxlayır. Buna baxmayaraq rüşvət və korrupsiyanın təhsildə tüğan etməsi təhsilimizin inkişafını əngəlləyir və ölkə rəhbərliynin bu sahəyə ayırdığı  diqqət puça çıxır. Məsələnin ilginc tərəflərindən biri də odur ki, məhz Təhsil Nazirliyində çalışan bəzi məmurlar yerlərdə təhsil müəssisələrinin rəhbərləri ilə əlbir olaraq gənclərimizin normal təhsil almalarına qarşı sanki sipər olurlar. Nümunə olaraq Ağdamdan AzMedia.info-ya daxil olan məlumatı göstərə bilərik. Ağdamdan Ağdam Dövlət Sosial-İqtisadi Kollecindəki bərbad təhsil barədə AzMedia.info-nun elektorn poçtuna ünvanlanan şikayət məktubunda qeyd olunur ki, kollecin direktoru Natiq Cavadov Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin Qarabağ üzrə regional idarəsinin müdiri Məhəmməd Aslanovla əldir şəraitdə çalışaraq dövlətin təhsil müəssisəsini özlərinə şərikli biznes yaradıblar. Belə ki, şikayətçilər bildirir ki, Ağdam Dövlət Sosial-İqtisadi Kollecində demək olar ki, dərs keçilmir. Natiq Cavadov həm kollecin müəllimlərindən həm də tələbələrindən rüşvət alaraq onların kollecə gəlməməsinə izn verir. Məsələ ilə bağlı Ağdamda apardığımız araşdırma zamanı isə məlum oldu ki, şikayətçilər tamamilə haqqlıdırlar. Dərs saatnını olmasına baxmayaraq kollecə yollandığımız zaman burda heç kimlə rastlaşmadıq. Kollec bom-boşdu. Açığı suallarımızı ünvanlamaq üçün kollecdə heç kimi tapa bilmədik. Ətrafdakı insanlara verdiymiz sualların cavabı isə bizi sadəcə olaraq mat qoydu. Ağdamlılar elektron poçtumuza daxil olan məlumatları daha biabırçı bir şəkildə təsdiqlədilər. Belə ki, təsdiqlənən məlumata görə Ağdam Dövlət Sosial-İqtisadi Kollecinnin direktoru Natiq Cavadov bütün tələbələrdən semestr arası 500-700 manat arası alaraq onların semestr boyu təhsildən yayınmalarına icazə verir. Eyni vəziyyət müəllimlərlə də bağlı da qüvvədədir. Bizə bildirdilər ki, kollecin müəllimlərinin əksəriyyəti demək olar ki, bura ildə bir ya da iki dəfə gəlirlər. Çoxusu isə Bakıda müxtəlif sahələrdə çalışırlar. Bu qanunsuzluğu isə təbii ki, direktor təkbaşına edə bilməzdi. Bizə bildirdilər ki, Natiq Cavadovun bu işdə “biznes ortağı” Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin Qarabağ üzrə regional idarəsinin müdiri Məhəmməd Aslanovdur. Belə ki, Natiq Cavadov hər ay təyin olunmuş tarixdə Məhəmməd Aslanova içində bəlli miqdarda pul olan zərf yollayır. Bunun müqabilində isə Məhəmməd Aslanov Natiq Cavadovun “qoruyucu mələyinə” çevrilir. Təhsil Nazirliynə edilən şikayətlər birbaşa Məhəmməd Aslanova ünvanlandığı üçün, cənab Aslanov rahatca Nazirliyə məlumat verir ki, şikayət əsassızdır və kollecdə təhsil proqramma uyğun şəkildə aparlır. Halbuki kollecdə tələbə, ya da müəllim görən “möcüzə” ilə rastlaşdığını düşünür. Qeyd edək ki, Təhsil Nazirliyi bizim nə qədər haqqlı və yaxud haqqsız olduğumuzu bilmək istəsə, zəhmət çəkib Ağdama gələ bilərlər. Amma xahiş edirik əvvəlcədən Məhəmməd Aslanovu xəbərdar etməsinlər. O zaman onlar görəcəklər ki, Ağdam Dövlət Sosial-İqtisadi Kollecində səssizlikdən qulaq tutulur və burda nə insdən, nə də cinsdən əsər əlamət yoxdur. Birdə Nazirlik kollecin maliyyə vəsaitlərini necə xərcləməsini də yoxlasa, yerinə düşər. Çünki kollecdə böyük korupsiyanın döndüyünə şübhə yoxdur. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.pia

23 Dekabr 2016 4:15

Təhsil Nazirliyi:”Ödənişli əsaslarla qəbul planı ləğv olunub”

goz%c9%99lov

"Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planı ləğv olunmayıb. Ali və orta ixtisas təhsili müəsisələrinə tələbə qəbulu dövlət sifarişi (dövlət hesabına) və ödənişli əsaslarla aparılır. Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq 2016/2017-ci tədris ilindən başlayaraq ali və orta ixtisas təhsili müəsisələrinə ödənişli əsaslarla qəbul planı ləğv olunub". Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib. S. Gözəlov deyib ki, 2016/2017-ci tədris ilinə qədər ödənişli əsaslarla müəyyən sayda tələbə qəbul etmək üçün dövlət tərəfindən ali təhsil müəssisələrinə müəyyən qəbul planı verilirdi və müəyyən məhdudiyyət qoyulurdu. S.Gözəlov qeyd edib ki,Dövlət Strategiyasına uyğun olaraq 2016/2017-ci tədris ilindən başlayaraq bu plan ləğv olunub və ali təhsil müəssisələrinə imkan verilib ki, ödənişli əsaslarla təhsil alan tələbələrin sayını sifariş verə bilsinlər. Nazirlik rəsmisi vurğulayıb ki, bu zaman ali məktəblər üçün də müəyyən limit qoyulub və təhsil müəssisələrinin potensialı nəzərə alınıb: "Ali məktəblərin potensialı dedikdə bura kadr, infostruktur potensialı (maddi-texniki təchizat, auditoriya, laboratoriya fondu, avadanlıqlar, imkanlar) daxildir. Təhsil müəssisəsinin imkanı 100 nəfərə çatırsa, 1000 nəfərlik yer sifariş verə bilməz. Çünki onların tədrisi üçün laboratoriya, avadanlıq, auditoriya, müəllim lazımdır. Buna əsasən, ali məktəblər öz potensialına uyğun sifarişlər verir və ödənişli qəbul olan tələbələr üçün yerlərin sayı müəyyənləşdirilir. Ali məktəb sifariş verir ki, hər bir ixtisas üzrə bu qədər sayda ödənişli əsaslara tələbə qəbul edə bilərəm. Həmin yerlər Təhsil Nazirliyi ilə birgə müzakirə olunur, imkanlar aaraşdırılır, razılıqdan sonra ödənişli əsaslarla olan yerlərin siyahısı Nazirlər Kabinetinə göndərilir və təsdiq olunur. Dövlət sifarişli yerlərin sayı ilə bağlı isə birmənalı olaraq ixtisaslar üzrə dövlət tərəfindən konkret say verilir. Buna da ali təhsil müəsisələri müdaxilə edə bilməz. Dövlət sifarişi əsasında olan ixtisaslar üzrə tələbənin hansı universitetə düşəcəyi isə onun öz seçimindən asılıdır. Məsələn, tələbə dövlət sifarişinin tələblərinə uyğun olaraq yetərli bal yığıbsa, o texniki ixtisaslar üzrə Dövlət Neft və Sənaye Universitetini, Texniki Universiteti, Memarlıq və İnşaat Universitetini də seçə bilər. Ödənişli ixtisaslar üzrə plan yerlərini, proqnozunu isə universitet və kolleclər özləri dövlətə təqdim edir". S.Gözəlov əlavə edib ki, ödənişli ixtisaslar ali məktəblərin sifarişinə keçəndən sonra bu yerlər 10%-dən 30%-dək artıb. Onun sözlərinə görə, hər bir universitet əlavə maliyyə vəsaiti qazanmaq üçün ödənişli təhsil alan tələbələrin sayının çox olnasında maraqlıdır: "Bu dəyişikliklər və ölkə prezidentinin “Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” 21 dekabr 2016-cı il tarixli fərmanı da ali və orta ixtisas təhsili müəssisələrə verilən sərbəstliyin həm artırılmasına imkan verir, həm də onların maliyyə imkanlarının genişlənmənsinə şərait yaradır". (APA)

22 Dekabr 2016 12:45

Buraxılış imtahanında fənlərin sayının artırılması gözlənilir –IX siniflər üzrə

imtahan

  Gələn ildən IX siniflər üzrə buraxılış imtahanında fənlərin sayının artırılması nəzərdə tutulur. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Hazırda XI sinif üzrə buraxılış imtahanlarından birinin xarici dildən olduğunu deyən M. Abbaszadə gələn ildən IX sinifdə xarici dildən buraxılış imtahanlarının olacağını istisna etməyib. Onun sözlərinə görə, bu il IX sinif üzrə buraxılış imtahanlarında şagirdlər yalnız Azərbaycan dili və Riyaziyyatdan imtahan verəcəklər: “Ola bilsin ki, gələn ildən IX sinifdə imtahanlara üçüncü fənn kimi xarici dil əlavə olunacaq. Bununla bağlı biz bu il monitorinq imtahanları keçirərək nəticələri ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edəcəyik. Müzakirə əsasında da qərar qəbul ediləcək”. M.Abbaszadə Azərbaycanda kurrikulumla təhsil alan şagirdlər üçün iki ildən sonra vahid imtahanların tətbiqinə də aydınlıq gətirib. M.Abbaszadə vurğulayıb ki, ilk olaraq builki imtahanların nəticələri müzakirə olunmalıdır və bundan asılı olaraq konkret fikir bildirmək olar. Direktorlar Şurasının sədri əlavə edib ki, IX siniflər üzrə buraxılış imtahanının I mərhələsinin fevralın sonu-martın əvvəlində keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, ilk imtahan Bakıda təşkil olunacaq və bundan sonra imtahanlar ölkənin 3 əlavə regionunda da keçiriləcək: “Ümumilikdə IX siniflər üzrə buraxılış imtahanlarının 3 həftə ərzində, martın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Mayın əvvəlində birinci mərhələnin nəticələri elan olunacaq. Buraxılış imtahanlarının II mərhələsi isə orta məktəblərdə dərslər başa çatdıqdan sonra, iyun ayında olacaq. İyunun 15-dən sonra yenidən dörd istiqamət üzrə ikinci mərhələnin imtahanları olacaq. İkinci mərhələdə qapalı test imtahanı olacaq. Bu imtahanın nəticələri 3-4 gün ərzində yoxlanılaraq şagirdlərə göndəriləcək”. M. Abbaszadə, bu il XI siniflər üzrə buraxılış imtahanlarında heç bir dəyişiklik olmayacağını deyib. Onun sözlərinə görə, XI sinif məzunları üçün buraxılış imtahanları iyun ayında keçiriləcək. (APA)

19 Dekabr 2016 5:28

Hacıbala Abutalıbov nazirliyə qalib gəldi

ags

“Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsindən bağçaların özəlləşdirilməsi ilə bağlı müddəa çıxardılıb.   Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bununla bağlıModern.az saytına açıqlama verib.   Deputat bildirib ki, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və ayrı-ayrı deputatlar öz təkliflərini göndərəndən sonra məktəbəqədər təhsil müəssilərinin özəlləşdirilməsi məsələsi qanun layihəsindən çıxarılıb.   “Bilirsiniz ki, qanun layihəsi I oxunuşda Milli Məclisdə müzakirə edilib. Biz təkliflərdən sonra bunun üzərində işlədik. Biz Elm və təhsil komitəsinin iclasında qanun layihəsinin 2-ci oxunuş üçün olan varinatını müzakirə etdik. Özəlləşdirmə ilə bağlı müddəa yeni varintda öz əksini tapmayıb. Çünki deputatların, ekspertlərin fikirləri, ictimai rəy bundan ibarət oldu ki, özəlləşdirmə məktəb və təhsil sahəsinə fayda verə bilməz. Buna görə də, məsələ qanun layihəsindən çıxarıldı və məsələyə nöqtə qoyuldu”.   Komitə sədri Bakıdakı bağçaların Bakı Şəhər İcra Hakimiyyətindən alınıb Təhsil Nazirliyinə verilməsinin qanun layihəsində öz əksini tapmadığını da vurğulayıb. Onun sözlərinə görə, bu məsələ heç zaman qanun layihəsində öz əksini tapmayacaq.   “Bağçaların hansı icra hakimiyyəti orqanının tabeliyində fəaliyyət göstərməsi məsələsi “Məktəbəqədər təhsil haqqında" qanunun predmeti deyil. Bu məsələ, müvafiq icra hakimiyyəti orqanının fəaliyyəti ilə müəyyən olunur.

19 Dekabr 2016 1:35

Rektordan sərt qərar –Universitetdə 6 prorektor və 20-dək əməkdaş işdən azad olundu

0000000

Qafqaz Universitetinə yeni rektor təyin olunandan indiyədək 20-yə yaxın əməkdaş işdən azad olunub. Bu barədə açıqlama verən universitetin rektoru Havar Məmmədov deyib ki, əməkdaşlar funksional vəzifələrini yerinə yetirməməsi, işinə uyğun gəlməməsi və digər səbəblərdən öz ərizələri əsasında çıxarılıblar.H. Məmmədov qeyd edib ki, onların arasında işində verdiyi müəyyən nöqsanlara görə 5-6 mühafizə işçisi, 2 komendant, kadrlar şöbəsinin müdiri var. İki nəfərin ixtisara düşdüyünü deyən H. Məmmədovun sözlərinə görə, universitetdə struktur dəyişiklikləri də edilib: “Həmin vaxta kimi ali məktəbdə 9 prorektor olub. Bu sayda prorektor heç Moskva Dövlət Universitetində yoxdur. Universitetdə aparılan struktur dəyişikliyi nəticəsində onlardan 6-sı işdən çıxarılıb və bu gün 3 prorektor işini davam etdirir. Bu vaxta kimi kənardan yalnız 2 işçi və özümə müşavir gətirmişəm”. Rektor vurğulayıb ki, mövcud nizamnaməyə əsasən, bakalavr təhsili alan tələbələr universitetdə yalnız köməkçi heyətdə-laborant, baş laborant, mühəndis və digər işlərdə çalışa bilər, müəllim kimi dərs deyə bilməz. Amma Qafqaz Universitetində bakalavr təhsili alan gənclər müəllim kimi işə götürülüb və bu gün onların sayı 30 nəfərə yaxındır: “Həmin gənclərlə mütəmadi görüşlər keçirilir, vəziyyət izah edilir. Onlardan 13-ü universitetdə fəaliyyət göstərməklə yanaşı, magistratura pilləsində təhsil alır. Bu günə kimi həmin müəllimlərin heç biri işdən çıxarılmayıb və Yeni ildə də onların işdən çıxarılması nəzərdə tutulmur, sadəcə universitet daxilində təhsillərinə uyğun şərait yaradılacaq”. H. Məmmədov ali məktəbin yataqxanalarındakı vəziyyətlə bağlı bildirib ki, 200-ə yaxın tələbənin qaldığı 2 yataqxanada (qızlar və oğlanlar üçün ayrı) bütün lazımi şərait yaradılıb, onlar gündə 3 dəfə yeməklə təmin olunurlar. Universitetin əlavə yataqxanasının tikilməsi gündəmdə deyil: “Gələcəkdə yeni yataqxananın tikintisi nəzərdə tutulur. Amma bu gün gündəmdə ali məktəb üçün əlavə tədris korpusunun tikilməsi var. Keçmiş rəhbərlik bu işə başlasa da, yarımçıq qalıb. 2017-ci ildə yeni korpusun tikintisi davam etdiriləcək”. APA

16 Dekabr 2016 2:15

Təhsildə YENİ QAYDA: Buraxılış imtahanlarında iştirak etməyən IX və XI sinif şagirdləri…

mekteb

Nazirlər Kabineti “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nı təsdiq edib. APA-nın məlumatına görə, bu Qayda təhsilin hər hansı pilləsini və səviyyəsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydasını tənzimləyir.Arayış təhsilin müvafiq pillələrini və səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda, valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında verilir. Qaydaya əsasən indiyə qədər ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti “2” olduğu üçün yekun attestasiyaya buraxılmayan şəxslər ümumi təhsil pilləsini başa vurmamış hesab ediliblər. Dəyişikliyə əsasən bundan sonra ümumi orta və tam orta təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra buraxılış imtahanında iştirak etməyən şəxslər də ümumi təhsil pilləsini başa vurmamış hesab ediləcəklər. Bu şəxslərin müraciətləri əsasında onlara arayış veriləcək.

13 Dekabr 2016 9:19

Repetitorluq rəsmiləşdirilir? – EKSPERTİN ŞƏRHİ

sam

Son günlər Bakıda repetitorluq edən müəllimlərlə müqavilə imzalanacağı barədə xəbərlər gündəmi zəbt edən məsələlərdən birinə çevrilib. Verilən açıqlamalara və yayılan məlumatlara əsasən məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanmasına dair qərar verilib. Qərara əsasən, təhsil idarəsi hər hansı fiziki və hüququ şəxslə və üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalaya bilər. Bakı şəhəri üzrə təhsil idarəsinin müdiri M Vəliyevanın sözlərinə görə valdeynlərin əlavə ödənişləri hesabına şagirdlərə məktəblərdə əlavə xidmətlər göstərilir. Xidmətlərin qiymətlərini idarə müəyyənləşdirir. Xidmət zamanı məktəbin yerləşdiyi ərazi, sahə, müəssisənin ümumi vəziyyəti, fəaliyyətin növü nəzərə alınır. Bunlara əsasən qiymətlərdə fərq olur. Bu müqavilə çərçivəsində təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir. Bu kimi yeniliklər təhsilimizə nə verə bilər, belə bir addımın atılması uzun illərdən bəri mübahisə və polemika obyektinə çevrilən repetitorluğun rəsmiləşdirilməsi anlamına gəlmirmi? Tanınmış təhsil eksperti Nadir İsrafilov bu və bu kimi digər suallara münanasibət bildirib . Əgər məsələyə konkret yanaşsaq Nazirlər Kabinetinin belə bir qərarının olmasina baxmayaraq, belə bir addımın atılması ilə “Təhsil haqqında” Qanunun 14.3. –“Аzərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür” maddəsi arasında kəskin təzad olduğunun şahidi oluruq. Digər bir məsələ. Yenə də həmin Qanununun 3.3 bəndinə əsasən təhsilalanların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını təmin etmək məhz ümumtəhsil məktəbinin vəzifəsidir. Belə çıxır ki, təhsilin keyfiyyəti ilə bağlı problemlərdən çıxış yolunu bilavasitə funksional vəzifəsi olan tam orta təhsil məktəbinin məsuliyyətini artırmaqda deyil, əsas ağırlıq mərkəzini repetitorların çiyninə yükləməkdə görürük. Bu isə dolayısı yolla onsuz da deformasiyaya uğramış məktəb mühitinin daha da dağıdılmasına zəmin yaratmaq anlamına gəlir. Yox , əgər məsələyə daha geniş prizmadan yanaşılarsa bu məsələ bu günün, dünənin predmeti olmayıb, uzun illərdən bəri reallaşdırılan bir məsələdir. Repetitorluq illərdən bəri buraxılış siniflərindən başlayaraq ibtidai sinifləri, hətta məktəbəqədər müəssisələri də əhatə edərək müxtəlif formalarda intişar tapmaqda davam edib. İş o yerə çatıb ki, hətta pedaqoji leksikonumuza “bunker repetitoru” kimi yeni və digərindən “fərqləndirici” bir termin də daxil olub. Sadəcə olaraq belə bir hal baş verərsə yenilik ondan ibarət olacaq ki, bu “alternativ peşə” öz əvvəlki qeyri-leqal statusunu dəyişərək rəsmi status qazanacaq. Hesab edirəm ki, paytaxt təhsili müdirinin “Repetitorluqla məşğul olan müəllimlərin məsələsinə gəlincə, bununla bağlı konkret məqsəd qarşıya qoyulmayıb. Amma yaxın gələcəkdə müəllimlərlə də birgə fəaliyyət müqavilələrin imzalanması nəzərdə tutulur” mesajı hazırlığın növbəti mərhələyə daxil olmasına işarədir. “Konkret məqsəd” ifadəsini isə anlamaq o qədər də çətin deyil. DIM Direktorlar Şurasının Sədri M. Abbaszadənin təhsilin keyfiyyəti ilə bağlı son açıqlamaları, xususilə də “XI sinifdə buraxılış imtahanı verdikdən sonra məzunların cəmi 50 faizi ali təhsil müəssisələrinə ərizə verir. Yerdə qalan 50 faiz heç ərizə vermir. Onlar da yenə əmək bazarına üz tutur. Ali təhsil müəssisələrinə sənəd verənlərin yalnızı 30-40 faizi ali məktəblərə qəbul olunur” və ya “Baxmayaraq ki, abituriyent 300-400 bal toplayır, yenə də ali məktəb müəllimləri narazıdırlar. Çünki abituriyentlər mətni oxuyub anlamırlar. Abituriyentlər yalnız test suallarına cavab verir. Kurrikuluma keçid düzgün aparılsaydı, bu uşaqların xeyrinə olacaqdı. Ümidvarıq ki, indi apardığımız işlər müəllimləri də, şagirdləri də düzgün istiqamətdə işləməyə vadar edəcək”. kimi bəyanatının nəyə hesablanmasını anlamaq üçün də elə güclü zəka sahibi olmaq lazım gəlmir. Dövlət rəsmisinin mütəmadi olaraq təhsilimizin uğursuz göstəricilərini dilə gətirməsi və qabartması dolayısı yolla repetitor xidmətinə ehtiyac olmasına eyham vurması və bu jestlə repetitor institutuna dəstək verməsi demək deyilsə, bəs bunun başqa adı nədir? Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulum) konseptual sənədə əsasən müasir kurikulumun ənənəvi təhsil proqramından bir sıra fərqləndirici xüsusiyyətləri vardır ki, bunlardan da biri və ən başlıcası ənənəvi təhsil proqramının bilik yönümlü olmasından fərqli olaraq müasir kurikulumun şəxsiyyətyönümlü olmasıdır, yəni bu dəbə mindirilən və “dillər əzbəri” nə çevrilən sənədə əsasən məktəbin vəzifəsi şəxsiyyətyönümlü vətəndaş hazırlamaqdan ibarətdir. Təhsil haqqında Qanuna əsasən isə Azərbaycan Respublikasında təhsilin əsas məqsədi dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir. Digər tərəfdən “Qanun”un 19.17. maddəsinə əsasən tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və tolerantlığın formalaşdırılması, müasir informasiya-kommunikasiya texnologiyalarından və digər texniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur. Təhsilalanların hüquq və vəzifələrinə isə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq daxildir. Göründüyü kimi təhsil qanunvericiliyi ilə əlaqədar heç bir rəsmi sənəddə tam orta təhsil məktəbi qarşısında ali məktəbə tələbə hazırlamaq vəzifəsi, o cümlədən də tam orta məktəbi bitirən məzun qarşısında ali məktəbə daxil olmaq öhdəliyi qoyulmamışdır. Elə isə, bu kimi ittiham xarakterli açıqlamalar və bəyanatlar kimə ünvanlanır və nəyə hesablanır? Hər halda repetitorluğa rəsmi don geyindirilməsinin yeganə bir “faydası” o ola bilər ki, uzun illərdən bəri davam edən söz-söhbətlərə nəhayət nöqtə qoyular və repetitor xidməti ilə məşğul olanlar rahat nəfəs alar. Repetitorluğu rəsmiləşdirmək parnik yolu ilə tərəvəz yetişdirmək üsuluna əl atmaq deməkdir. Məncə hər şey başa düçüləndir, başa düşülməyən isə bircə odur ki, kim nəyi neçə başa düşür... Nadir İsrafilov Təhsil eksperti

8 Dekabr 2016 6:32

Müəllim tələbələrə “atıb” aradan çıxıb – Turizm Universitetində

sam

Azərbaycan Turizm və Menecment Universitetin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Sahib Səfiyev tələbələrdən külli miqdarda pul yığaraq aradan çıxıb Sahib Səfiyev nə az, nə çox, 30-ə yaxın tələbədən onların kəsrlərini düzəldəcəyini söz verərək rüşvət toplayıb. Lakin, bir müddət sonra müəllimin özü də aradan çıxaraq, itib. Bununla da universitetdə tələbə üsyanı başlayıb. 2006-ci ildən fəaliyyətə başlayan Azərbaycan Turizm İnstitutu prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı qərarla Azərbaycan Turizm və Menecment Universiteti olaraq fəaliyyətini davam etdirir. Universtetə son ilədək Cəfər Cəfərov rektorluq edirdi. Bu ildən onun ADPU-ə rektor təyin olunmasından sonra Turizm Universitetinə Eldar Aslanov rektor əvəzi olaraq nəzarət edir. Yaranmasından 10 il keçməsinə baxmayaraq universitet özünü doğrulda bilməyib. Ölkə turizmi və yerli kadr çatışmazlığı hələ də bərbad durumdadır. Universiteti bitirən məzunların 70%-dən çoxu tamam başqa sahələrdə çalışırlar. Bütün bu neqativ göstəricilərə baxmayaraq hər zaman bu universitet “BİZDƏ RÜŞVƏT YOXDUR” deyə qürurlanırdı. Halbuki, rüşvət almamaq onların vəzifə borclarıdır. Görünür öyünüləsi başqa göstəriciləri olmadığına görə, Turizm rəhbərləri bununla özlərinə “xal qazanmaq” istəyiblər. Lakin, bizə gələn tələbə şikayətlərindən sonra məlum olub ki, bu ildən universitetdə rüşvət də öz addımlarını atmağa başlayıb. “Netxeber.com”-a daxil olan şikayətlərdə bildirilir ki, Azərbaycan Turizm və Menecment Universitetin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Sahib Səfiyev tələbələrdən külli miqdarda pul yığaraq aradan çıxıb. Sahib Səfiyev nə az, nə çox, 30-ə yaxın tələbədən onların kəsrlərini düzəldəcəyini söz verərək rüşvət toplayıb. Lakin, bir müddət sonra müəllimin özü də aradan çıxaraq, itib. Bununla da universitetdə tələbə üsyanı başlayıb. Adının çəkilməsini istəməyən tələbə bildirir ki, Sahib Səfiyev ondan pul alarkən bildirib ki, onun rektor Cəfər Cəfərov və rektor əvəzi Eldar Aslanovla yaxın münasibətləri var. Və bu puldan “yuxarılara” da çatacaq. Tələbələr bildirir ki, hal-hazırda bu hadisə ilə bağlı universitetdə ajotaj yaranıb. Bir çox tələbə ondan kəsri düzəltmək adıyla alınan pullarını hələ də geri ala bilmir.

6 Dekabr 2016 7:37

Tovuzda təhsil sistemi çökür… – İDDİA

1480305671_990

Dünən redaksiyamıza Tovuz rayonu Qovlar qəsəbə sakinləri Sabir Hacıyev, Firdovsi Nəsibov, Vaqif Babayev və Alakol kənd sakinləri Gülnarə Qocayeva, Qərənfil Əhmədova, Xanım Kərimova, Yaşar Kərimov müraciət ediblər. Bu vətəndaşların şikayətləri Tovuzun təhsil sistemində yaşanan neqativ hallarla bağlıdır. Amma bu konkret şikayətə keçməzdən öncə, Tovuz təhsilinin ümumi durumu brədə artıq uzun müddətdir ki, redaksiyamıza rayondan daxil olan digər açıqlamalara diqqət çəkmək istəyirik. Məlum olduğu kimi, 2012-ci ildən Tovuz Rayon Təhsil Şöbəsinə rəhbərlik edən Validə Hüseynovanın fəaliyyəti rayon ictimaiyyəti tərəfindən heç də məqbul qiymətləndirilmir. Mənbələrin iddialarına görə, məhz 2012-ci ildən bəri Tovuz RTŞ-nin yarıtmaz fəaliyyəti bu sahənin inkişafdan qalmasına, bəzi hallarda isə artıq aşkar geriləmələrin müşahidə olunmasına səbəb olmuşdur. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz qeyd etmişdik ki, Tovuz RTŞ-nin müdiri Validə Hüseynova 2010-cu il parlament seçkilərində deputatlığa namizəd kimi iştirak etsə də, müvəffəqiyyətsizliyə uğradıqdan sonra hazırda tutduğu vəzifəyə təyinat almışdır. Lakin aldığımız son məlumatlar belə deməyə əsas verir ki, ötən illər Validə xanıma seçkilərdə üzləşdiyi uğursuzluğu heç də unutdura bilməmişdir. Qeyd etmək lazımdır ki, 2010-cu ildə IV çağırış Milli Məclisinin deputatlığına namizədliyini irəli sürərkən eyni dairədən digər namizəd Qənirə xanım Paşayeva idi. Məlum olduğu kimi seçicilərin də böyük əksəriyyəti öz səslərini məhz Qənirə xanıma vermişdilər. Lakin görünür Tovuz RTŞ-nin müdirinin həmin seçkilərin obyektivliyinə şübhə etməyə öz əsasları var. Mənbələrin deməyinə görə, Validə xanım namizəd olduğu dairə üzrə seçki nəticələrinin saxtalaşdırıldığı və əslində məhz özünün deputat seçildiyi barədə danışmağı çox sevir. Buna paralel olaraq isə, aldığımız məlumatlarda Validə Hüseynovanın öz işində yol verdiyi ciddi qanun pozuntularına dair bir sıra faktlar öz əksini tapmaqdadır. Xüsusi olaraq məlumatlarda qeyd olunur ki, bu gün Tovuzun məktəblərində şagirdlərin dərslərə davamiyyəti xeyli aşağı düşüb. Müəllimlərin bir çoxu repetitorluq etdiyi üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, dərsələrə gəlmirlər. Direktorlar isə, həmin müəllimlərdən rüşvət alaraq, onların məktəbdən yayınmalarına göz yumurlar. Təbii ki, şöbə müdiri bütün bunlardan xəbərdardır və bu məsələlərdə marağı olduğu üçün heç kimi cəzalandırmır. Rayondakı mənbələr israrla bildirirlər ki, Validə Hüseynova həmçinin rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsini də təmin etmir. Bu isə əlbəttə ki, Tovuzun kənd və qəsəbələrində fəaliyyət göstərən təhsil müəssisələrinin də baxımsızlıq üzündən getdikcə yararsız hala gəlmələrinə səbəb olur. Elə yazının əvvəlində adlarını çəkdiyimiz Tovuz rayon sakinlərinin də şikayətləri əsasən istifadəyə yararsız hala gəlmiş məktəb binaları barəsindədir. Bu xüsusda həmin sakinlərin müraciətlərində deyilir: “Bizim Alakol kənd məktəbi hələ 2015-ci ildə yanaraq istifadəyə yararsız hala gəlib. Bundan sonra dərslər köhnə (sovet dövründən qalma) hərbi hospitalın atılmış binasında keçirilməyə başlayıb. Amma burada da vəziyyət acınacaqlıdır. Binanın elektrik və təbii qaz təchizatı da dayandırılıb. Kəndimizə ən yaxın məktəb Qovlar qəsəbəsində yerləşdiyindən bəzi valideynlər uşaqlarını oraya (1 saylı orta məktəbə) aparmaq qərarına gəldilər. Amma məlum oldu ki, bu məktəbin özü də çox pis vəziyyətdədir. İndi bir az imkanı olan valideynlər öz uşaqlarını taksi ilə hər gün Tovuz şəhərindəki məktəblərdən birinə göndərirlər. İmkansızların uşaqları isə, ümumiyyətlə məktəbə getmirlər. Bu barədə dəfələrlə Tovuz RTŞ-yə, Rayon İcra Hakimiyyətinə və Təhsil Nazirliyinə müraciət etsək də, hələ də heç bir nəticəsi olmayıb...” Materialda adı keçən bütün tərəflərin məsələyə münasibət bildirmələrini istərdik.

28 Noyabr 2016 7:24

“Rusdilli tədrisə aqressiv münasibət nədən qaynaqlanır?”

ss

Elə bir gün olmasa da, elə bir həftə, ay olmur ki, təhsillə bağlı nəsə bir məsələ ortalığa atılıb, gündəmi qarışdırmasın. Hələliksə son sayıla biləcək yeni bir məsələ - hüquqşünas Erkin Qədirli tərəfindən rus dilli təhsilin ləğv edilməsi təklifi gündəmə gətirilərək polemika obyektinə çevrilib. ”Rus sektorunu qapatmaq gərəkdir. Dövlət büdcəmizdən maliyyələşən məktəblərdə Rus dili ancaq xarici dil kimi öyrədilməlidir. Rusdilli təhsil verən məktəblər ancaq özəl ola bilər. Kimin pulu və həvəsi varsa, belə məktəb aça bilər. Lap hətta Rusiyanın maliyyələşdirdiyi məktəb ola bilər, problem deyil. Amma dövlətimizin büdcəsindən maliyyələşən məktəblərdə təhsil ancaq dövlətimizin rəsmi dilində olmalıdır.” Hər şeydən əvvəl onu qeyd edim ki, əslində bu heç də yeni məsələ olmayıb, bir müddət öncə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Cahid İsmayıloğlunun gündəmə gətirdiyi “ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı, rus bölməsi ləğv olunmalı, rus dili xarici dil kimi tədris edilməlidir. Əks halda, dilin inkişafı üçün stimul, tələbat olmayacaq, onun inkişafı ləngiyəcək ” ideyasının bir növ məntiqi davamıdır. Bununla belə fikir plyurializmi anlayışi baxımından hər bir subyektiv fikrə hörmətlə yanaşmaq zorundayıq. Digər tərəfdən elm və təhsilimizlə bağlı hər hansı bir fikrin səsləndirilməsi, müəyyən təkliflər verilməsi, təşəbbüslər irəli sürülməsi müsbət hal sayıla bilər və hətta bunu elmə, təhsilə, onun mövcud durumuna və problemlərinə olan diqqət və marağın artmasının göstəricisi kimi də qiymətləndirmək olar. Lakin məsələ burasındadır ki, qaldırılan istənilən problem hətta statistika baxımından diqqət çəkən olsa belə ona bu dərəcədə aqresiv münasibət sərgiləmək yaranmış vəziyyətdən çıxış yolunun optimal həlli hesab edilə bilməz. Razılaşaq ki, xüsusilə paytaxt məktəblərinin rus bölmələrində şagird sıxlığı müşahidə edilir. Bakı məktəblərində şagirdlərin 16 faizə yaxını rus bölməsində oxuyur. Birinci siniflərdə isə bu rəqəm 17 faizi keçib. Başqa sözlə desək, birinci siniflərin göstəricisi orta göstəricidən 2%-ə qədər çoxdur. Yəni artım tendensiyası müşahidə olunur. Elit məktəblərdə isə bu göstərici qat-qat yüksəkdir. Respublika üzrə rəqəmlər də təxminən buna uyğundur. Yəni orta göstərici 15%-ə bərabərdir. Rəqəmləri 15 il öncənin göstəriciləri ilə müqayisə etdikdə görəcəyik ki, 90-cı illərdə onların payı ümumi şagird sayında 7% təşkil edirdi. Lakin bu statistika ona əsas verə bilərmi ki, məsələni siyasi müstəviyə keçirib, hökm və ittiham xarakterli “rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir və biz bu qalıqdan tez bir müddətdə xilas olmalıyıq” (C. İsmayıloğlu), “Qonşuluğumuzu və tariximizi nəzərə alsaq, buna milli kimlik və milli təhlükəsizlik məsələsi kimi baxmalıyıq” (E Qədirli) kimi sərt və birmənalı açıqlamalar verilsin? Azərbaycan bölməsi üzrə dərs saatlarını azaltmaq və keyfiyyətsiz tədris yolu ilə rus dilinə onsuz da “lazım olandan” artq zərbə vurmuşuq və bunun fəsadları üzdədir, hələ bir müddət bundan sonra da üzə çıxmaqda davam edəcək. Hesab edirəm ki, problemlərimizi rus dilində tədrisdə axtarmaq və bundan çıxış yolunu rus bölməsinin ləğv olunması yolu ilə həll etmək son dərəcə qüsurlu olduğu qədər də ziyanlı bir mövqedir. Bu eynilə ona bənzəyir ki, xəstəni tutulduğu azardan xilas etmək üçün müalicə etmək deyil, ən kəsə yol onu öldürməkdir. Azərbaycan dili bizim dövlət dilidir və bu dili hamı bilməlidir. Təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi isə heç də o demək deyil ki, bununun səbəbkarı məhz rus dilidir. Dünyanın hər bir ölkəsində müxtəlif dillərdə təlim məktəbləri var.Digər tərəfdən Azərbaycan tolerantlıqda dünyaya nümunə göstərilir, multikulturalizm ili elan etmişik, multikulturalizm dəyərlərini təşviq edirik, pravoslav və katolik kilsələrini bərpa edirik, beynəlxalq forumlara ev sahibliyi edirik, bir yandan da millətçilik toxumu səpirik. Bunu necə başa düşmək olar? Rus dilində təhsilin ləğvi barədə təklifi irəli sürərkən digər fəsadlar bir yana, heç omasa onu fikirəşmişikmi ki, belə bir addımın atılması sıx tarixi ənənələri ilə bağlı olan iki qonşu dövlət arasındakı münasibətlərə necə təsir göstərə bilər? Azərbaycan çox millətlı ölkədir, respublikamızda xeyli qarışıq aiilələr var. Qnunvericiliymizə əsasən valideynlər övladları üçün dil seçimini etməkdə sərbəstdirlər. Kimsə etiraz edə bilər ki, fikir plürializmi deyilən bir anlayış var, vətəndaş cəmiyyəti söz, yaradıcılıq və fəaliyyət azadlığı üçün imkanların mövcudluğuna təminat verir. Lakin təsəvvür edin ki, bir müddət əvvəl kiməsə adi görünə biləcək sadə bir açıqlama artıq “Bakı məktəblərində rus bölməsinə ifrat həvəs yaranıb”, “Bakı məktəblərində Azərbaycan bölməsi bağlanır”, “Təhsil Nazirliyinin nəzarəti altında olan paytaxt məktəblərində Azərbaycan bölməsi tarixə qovuşur” və s bu kimi təhlükəli təsəvvürlərin yaranmasına , və getdikcə rus dilinə qarşı ictimai rəyin dəyişməsinə səbəb olub . Bəli, son 5-6 ildə xüsusilə Bakıda ümumi təhsil məktəblərinin rus bölməsinə maraq xeyli artıb.Bu o deməkdirmi ki, rus dilinə nifrət hissi aşılayasan? Rus dili Dostoyevskinin, Tolstoyun, Cexovun, Turgenevin dilidir. Hətta uzun illərdən bəri çoxsaylı rus-türk müharibələrinə baxmayaraq Dostoyevski bu günümüzün özündə də Türkiyədə ən çox oxunan müəlliflər sırasındadır. Tolstoyun “Hərb və sülh”ü dünyanın ən şox dillərinə tərcümə olunan və bu roman əsasında ən çox film çəkilən bir əsərdir. Bizim elmimizin, mədəniyyət və incəsənətimizin inkişafında, elmi-siyasi kadrlarımızın yetişməsində və digər sahələrin formalaşdırılmasında rus dilinin rolunu və müstəsna əhəmiyyətini inkar etmək ən yaxşı halda belə ədalətsizlikdən başqa bir şey olmazdı. Bəli, 1990-cı illərin ortalarından fərqli olaraq indi rus bölməsinə maraq bir neçə dəfə artıb. Lakin niyə artıb? Əgər qarşımıza artımı sabitləşdirmək məqsədi qoyuruqsa ilk növbədə fikirləşməliyik ki, bunun üçün hansı effektiv yola əl ata bilərik? Bəlkə bunun başlıca səbəbi azərbaycan bölməsidə tədrisin səviyyəsinin valideynləri lazımınca qane etməməsidir? Bəlkə səbəb öz ana dilimizdə kifayət qədər tələb olunan ədəbiyyatin olmaması, mövcud tərcümələrin qüsurlu olması, rus dilində olan ədəbiyyatların hələ də dominantlıq etməsidir? Bəlkə rus bölməsilə müqayisədə azərbaycan bölməsindəki müəllimlərimizin peşəkarlıq səviyyəsi qane edici deyil? Bəlkə Azərbaycan bölməsində rus dili üzrə dərs saatlarını artırıb, rus bölməsində azərbaycan dilinun tədrisinə daha ciddi yanaşaq? Bəlkə bunun əsas və başlıca səbəblərindən biri elə təməl sayılan uşaq bağçalarında rus və ingilis dillərinə xüsusi yer ayrılmasıdır , bir çox elit ailələrin dəb xatirinə ailədə və məışətdə rus dili danışığına üstünlük verməsidir, bəlkə bir çox ailələrinin çörəyinin Rusiyadan çıxmasıdır, bəlkə əksəriyyət qurum və şirkətlərin işə qəbul olunanlar qarşısında rus dilini mükəmməl bilmək tələbi qoymasıdır? Bəlkə yaxın gələcəkdə ali məktəblərimizlə bağlı belə bir problemin yaşanmaması, bir çox məzunların Rusiyanın ikinci, üçüncü dərəcəli ali məktəblərinə üz tutacaqlarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var? Ana dilimizin təhsil və elm sahələrində funksional olması üçün etdiklərimiz bəlkə kifayət etmir və s. və i.a. Yəni vəziyyət bir çox təbii və süni proseslərin ciddi araşdırılmasını tələb edir. Təbii proseslərin qarşısını süni yollarla almaq isə kompassız okeana çıxmağa bərabər bir şeydir. Buna görə də gəlin çalışaq, problem hesab etdiyimiz məsələ barədə dərindən düşünmədən konkret qərar verməyək. Bir də ki, ümumiyyətlə belə bir addımın atılması hər şeydən əvvəl Azərbaycan Respublikasının qanunvericiliyi, eləcə də insan hüquqları ilə daban-dabana zidd bir hərəkət kimi qiymətləndirilə bilər. Nadir İsrafilov, təhsil eksperti

22 Noyabr 2016 2:09

Gəncə Dövlət Universitetindən çağırış-“ düşünməyin ki, sifariş yerinə yetirdiyiniz sezilmir”

14143

Saytın elektron poçtuna daxil olan bu məktubu əvvəl dərc etmək fikrindən yan keçdik. Ancaq   Gəncə İmamzadə Kompleksinin axundu Hacı Tahir Abbasovun özündə cəsarət tapıb danışmasından sonra  Gəncə Dövlət Universiteti barədə bir müddət əvvəl sayta daxil olan  mətni yenidən nəzərdən keçirməli olduq. Çünki,etinasız yanaşdığımız bu məsələnin də həqiqətə yaxın olması ehtimalı artdı. Bu səbəbdən Faktinfo.az saytının elektron ünvanına daxil olan mətni olduğu kimi dərc edirik: Faktinfo.az saytını bəlli bir müddətdir ki, izləyirik. Açığı, toxunduğunuz mövzular çox əhəmiyyətli olduğundan və məntiqin nəzəri əsasları ilə uzlaşdığından saytdakı yazıları mütəmadi olaraq oxuyuruq. Həqiqətən deyə bilərik ki, maarifləndirmək, məlumatlandırmaq, islah olunmaya çağırışlar yazılarda əhəmiyyətli dərəcədə hiss olunur. Bəzən olur ki, saytınızda yer alan xəbərlər təklif  xarakterli olur, təkrarlanmasını istəmədiyiniz səbəblərdən çağırışlar edilir. İnanırıq ki, biz səhv etmirik, bir neçə sayta üz tutub soruşduğumuz  kimi sizə də sual etmək istəyirik: onlarla sayt Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifovu durmadan tənqid edir. Oradakı vəziyyəti dözülməz hesab edib, fikir yürüdür. Bu düzgün haldırmı?! Faktinfo.az saytını Gəncə Dövlət Universitetini qərəzli tənqid etməyən azsaylı saytlardan hesab etdiyimizdən, sizin vasitənizlə bildirmək istəyirik ki, Gəncə Dövlət Universitetində vəziyyət bir qrup saytın yazdığı və düşündüyü kimi deyil. Məlum saytlar (adlarını çəksək şərəfləndirmiş olarıq) Gəncə Dövlət Universitetinin rektoru haqqında haqsız tənqid yazırlar, bu zaman elə düşünürlər ki, onların hər hansı bir sifarişi yerinə yetirdiyi sezilmir,yazılarında guya Şəhər rəhbərliyində çalışan bəzi şəxslərin  maraqlarının təmsilçisi rolunda çıxış etmirlər. Görəsən,məlum əsasları nəzərə almadan yazarkən, düşünmədən fikir yürüdərkən, kimlərinsə maraqlarına xidmət etdiklərini bu qədərmi əhəmiyyətsiz hesab edirlər? Həqiqətənmi, məlum saytların rəhbərləri xəbərsizdirlər ki, niyə Gəncə Dövlət Universitetində son 8 ildə üç rektor dəyişib, hər üç rektor da hansı səbəbdən təzyiqlərlə üzləşib? Məgər, baş verənləri, rektor dəyişikliklərini anlamaq bir o qədər mürəkkəbdir ki, artıq bəzi saytlar alətə çevrildiklərinin fərqində olmadan sifariş yerinə yetirirlər?! Bunları anlamaqda çarəsizdirlər? Belə sayt rəhbərləri özlərinə  “bunu nə qədər etməliyik, öhdəlikmi götürmüşük” sualını verəcəklərmi?

16 Noyabr 2016 12:37

O, “Təhsil Naziri uşaqlıq dostumdur”

tramp-44

Özünü təhsil naziri Mikayıl Cabbarovun sinif yoldaşı kimi təqdim edən və Gəncədə fəaliyyət göstərən 8 saylı regional hesablaşma mərkəzinin rəis müavini vəzifəsini daşıyan Vüsal Məmmədovun "işgüzarlığından" bəhs edən açıqlamamızı, geniş ictimaiyyətin diqqətinə də çatdırmışdıq. O, “Təhsil Naziri uşaqlıq dostumdur" deyərək, hal-hazırda 8 saylı Maliyyə Hesablaşma Mərkəzində vəzifəsindən asılı olmayaraq, hər kəsi ilə hesablaşmağa məcbur edib. Necə deyərlər, “kəndxudanı gör, kəndi çap”. Daha öncədən də məlumat verdiyimiz kimi, o, təhsilə satıcılıqdan gəlsə də, təhsil sahəsində öz qayda-qanunları ilə özünün marağına cavab verən iş də qura bilib. Belə ki, onun bildirdiyinə görə, “ixtisasca hüquqşünas olmağıma baxmayaraq Mikayıl Cabbarov nazir təyin olunduqdan az sonra, məni satıcılıqdan təhsilə gətirdi və Gəncədəki 1saylı Peşə Liseyinin direktor da təyin etdi”. Bəli, bu gün Vüsal Nüsrəddin oğlu Məmmədov hal-hazırda 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində rəis müavini işləsə də, liseyİ də əldən buraxmır. O, özünə münasib olan və əvvəllər də dəmir yolunda mexanik işləyən, eyni zamanda işdə törətdiyi xətalar ucbatından daşıdığı vəzifəsindən uzaqlaşdırılan Hüseyn Hüseynovu, ustalıqdan direktorluğa qədər yüksəltməklə, təsir dairəsində saxladığı "obyekti"ni ona havalə edib. Hal-hazırda adı çəkilən liseydə əsaslı təmirin gecikdirilməsinə səbəb də, Vüsal Məmmədova məxsus sexlərin fəaliyyət göstərməsidir. Belə ki, 1 saylı Peşə Liseyinin həyətindəki emalatxanda mebel, metal və xalça sexləri fəaliyyət göstərir. Sexlərdə mətbəx, ofis və məktəblər üçün mebellər və s. istehsal olunur. İstehsaldan əldə olunan gəlirlər də, birbaşa Vüsal Məmmədova çatdırılır. Görəsən necə olub ki, bu cür fəaliyyət növü ilə məşğul olan sexlər Vergilər Nazirliyi ilə bərabər, Təhsil Nazirliyinin də nəzərindən yayınır? Liseyin həyətində fəaliyyət göstərən sexlərdən əldə olunan gəlirlərdən başqa, adı dərs jurnallarında gedən, amma özü dərs üzü tanımayan tələbələrin təqaüd kartlarından görəsən xəbəri olan varmı? Məsələ ilə bağlı Hüseyn Hüseynovla görüşsək də, onun məsələyə münasibətindən belə aydın oldu ki, onu liseyə formal olaraq direktor əvəzi təyin ediblər. Əslində adı hallanan sexlərin və təqaüd kartlarının ona heç bir aidiyyatı yoxdur. Yəni, bütün bunların bir ucu Vüsal Məmmədova, bir ucu isə, onu əvvəlcə liseyə direktor, sonra isə hesablaşma mərkəzinə "Ağa" təyin edən nazirliyə gedib çıxır. Bundan başqa, əldə etdiyimiz daha bir ilginc məlumat da var ki, Vüsal Məmmədov bacısını liseyə təsərrüfat işləri üzrə direktor müavini, Nəcəf adlı dostunu isə, tədris işləri üzrə direktor müavini təyin edib. Müəllim və tələbələrin (əgər onların əksəriyyəti də yerindədirsə) tanımadıqları daha kimlər.... Liseydən əldə olunan gəlirlər yəqin ki, ancaq Vüsalın bildiyi istiqamətdə xərclənilir. Bütün bunlara görə Vüsal Məmmədov özünü bazar iqtisadiyyatına uyğun kökləyir və "biz pul qazanmağı bacaran oğlanlarıq" da deyir. Ticarət aləmində yaxşı təcrübə toplayan rəis müavini, bu gün ticarətdə öyrəndiyini təhsildə də tətbiq edir. Hətta, iş o yerə çatıb ki, Vüsal Məmmədovun etibar etdərək liseyə direktor müavini təyin etdiyi Hüseyn Hüseynov da, onun tövsiyyələrinə rəğmən KİV haqqında qanunlara deyil, özünün dediyi kimi Mikayıl Cabbarov “bizə jurnalistlərin suallarına qətiyyən cavab verməyin, sualları varsa, göndərin nazirliyə” deyir. Hal-hazırda isə, liseydə dərsə davamiyyət olaraq tələbələr gözə dəyməsələr də, sexlər dayanmadan fəaliyyət göstərməkdədirlər. Bunların müqabilində Vüsal Məmmədovun dediyinə görə, Gəncə çayının kənarında tikilən və təmir olunan obyektə də pul xərcləyir. Görəsən bu obyektin təhsilə nə aidiyyəti var? Bəlkə həmin obyekt onun özünün və yaxud da.... Nə isə, bu barədə növbəti sayımızda. Həmin obyektin kimə məxsus olması ilə bağlı apardığımız araşdırmalardan sonra, ictimaiyyətə bu yöndə geniş açıqlamalar verəcəyik. Hal-hazırda 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində əsaslı cari təmir işləri üçün 2016-cı il büdcə vəsaitindən 6 rayona və Gəncəyə ayrılan vəsaitin necə xərclənməsindən görəsən nazirin xəbəri varmı? Deyəsən Vüsal Məmmədovun sözündə böyük bir həqiqət var, o da onun əməlli-başlıca pul qazanmağı bacarmasıdır. Axı, Vüsal Məmmədov təhsil sahəsinə gəlməzdən öncə o, ticarətdə “saqqal ağardıb”. Belə çıxır ki, təhsil şöbələrinin regional mərkəzlərdə birləşməsi haqqında ölkə başçısının 2014-cü ildə imzaladığı və 2015-ci il yanvarın 1-dən qüvvəyə minən sərəncamının hələlik tam olaraq yerinə yetirilməməsi, sadəcə olaraq sərəncamın bir istiqamətdə aparılmasına, sadəcə olaraq maliyyəni ələ keçirməkdən başqa nəyəsə xidmət etməyib. Hələlik Gəncəbasarda aparılan "islahatlardan" görünür ki, ölkə başçısının verdiyi sərəncamın xeyrini, təhsil strategiyasına uyğun olmadan Mikayıl Cabbarovun adı ilə onun dostu, səlahiyyətlərini təhsilin həm təchizat, həm də kadr məsələrini icra edən Vüsal Məmmədov görür. Araşdırmamız davam edəcək

12 Noyabr 2016 12:20

Fakt

Bizi izləyin