“Dağıstanda kimi tapdılar, gətirib millidə oynadırlar. Ayıb deyilmi?” – Fuad Musayev

9 Yanvar 2017 14:00

Xəbər 33 dəfə oxunub

Fuad Musayevi tanımayan yoxdu. AFFA-nın ilk prezidenti, ölkə futbolunda iz qoymuş, ilklərə imza atmış şəxs. Təkcə Azərbaycanın Asiyanın futbol ailəsinə deyil, UEFA-nın üzvünə çevrilməsini xatırlamaq kifayətdi ki, ona minnətdarlıq edək. Onunla sonuncu dəfə iki il bundan əvvəl görüşmüşdük. Səhhətində problemlər var idi. İş o yerə gəlib çatdı ki, görüşümüzdən bəhs edən yazı dərc olunanda artıq xəstəxanadaydı. Sonradan hər şeyin qaydasında olduğunu, övladları ilə birlikdə ölkə xaricinə, müayinə və istirahətə getməyə hazırlaşdığını eşidib sevindim. Düzü, ondan sonra uzun müddət Musayevdən xəbərim olmadı. Hara getdi, necə oldu bilmədim. Səhlənkarlıq yox, qayğıların, iş-gücün başdan aşması səbəbindən əlaqə saxlamasam da, adını qəzetdə və internetdə görəndə əmin olurdum ki, hər şey qaydasındı. Növbəti dəfə Olimpiya Stadionunda – “26-cı dəqiqə” filminin təqdimatında görüşdük. Ayaqüstü salamlaşandan sonra yanında çox dayanmadım. Çünki ətrafdakılar bir andaca onunla görüşməyə, hal-əhval tutmağa başladılar. Təqdimat mərasimində aparıcılar onu təqdim etməyi, mikrofona çağırmağı unutsalar da, Kazbek Tuayev aparıcıların bu nöqsanını düzəltdi və onu səhnəyə çağırdı. Danışmağa, keçmişi vərəqləməyə başladı. Mövzu Azərbaycan futbolunun tarixində iz qoymuş insanlara qarşı laqeydlikdən, veteranların futboldan kənarda qalmasından düşüncə tədbirin xanım aparıcı ardıcıl iki dəfə onun sözünü kəsdi, vaxt azlığını xatırlatdı. Hiss edirdim ki, ürəyi doludu. Fürsətdən istifadə edib sözlərini həm AFFA-nın baş katibinə, həm də ora toplaşanlara çatdırmaq istəyir.

Üç gün sonra zəngləşdik, “Məni unutmusan” deyib gileylənəcəyinə təəccüblənmədim və elə həmin an “yeni ildə mütləq sizə baş çəkəcəyəm” sözünü verdim. Sözümü yerinə yetirdiyim gün böyük bir masanın ətrafında 2 il bundan əvvəl olduğu kimi üzbəüz oturub xeyli söhbətləşdik. Danışdıqlarımızdan müsahibəyə çevirə bildiyim hissələri sizin ixtiyarınıza buraxıram:

– Fuad müəllim, “necəsiz” soruşmuram. Maşallah, gümrahsız.

– Yeni il ərəfəsində İsmayıllıya getmişdim, bir az kənd havası uddum. Gümrah olmağa çalışıram.

– Deyəsən, futbolsuz qala bilmirsiz. Yenə ölkə futboluyla maraqlanırsız…

– Özün görürsən, masamın üstü qəzetlə doludu. Özüm evdən çıxanda alıram, ya da yanıma kimsə gələndə tapşırıram. “Futbol+” vasitəsiylə olanlardan xəbər tuturam. Futbolumuzun hazırkı vəziyyətinə çox təəssüflənirəm. O günkü tədbirdə də dedim. Futbol adamları bu işdən kənarda saxlanılmamalıdı, onların bilik və bacarığından istifadə olunmalıdı. Bu sözüm kimlərinsə xoşuna gəlmədi.

– Ötən illərdə futbolumuzda heç nə dəyişməyibmi?

– Təxminən 15 il bundan əvvəl qəzetlərdən biri məndən müsahibə almışdı. Azərbaycan idmanından danışmışdıq. Demişdim ki, bizim idmanımız düzgün yolda deyil. Səhər qəzetdən mənə zəng vurdular. Ağacan Əbiyev, Rəfiqə Şabanova və Taekvando Federasiyasından bir nəfər gəlib mənə etiraz bildirirmişlər, cavab verməyə çalışırmışlar. Dedim ki, buyursunlar. Əslində, mənim iradım daha çox kollektiv idman növlərinə aid idi. Zaman da sübut etdi ki, haqlı imişəm. Hanı indi Şabanovanın həndbolçuları? Niyə, qazandıqları uğurları, mükafatları görmürük? Taekvando, boks kimi idman növləri fərdidi. Kollektiv idman növlərində vəziyyət daha acınacaqlıdı. Futbolda da o cümlədən. AFFA rəsmiləri inkişaf deyəndə nəyi nəzərdə tuturlar? 15 ildi milyonlar xərclənib. Düz söz acıqlarına gəlir. Özünüz də gördüz, film təqdimatında problemləri qabardan kimi iki dəfə sözümü kəsdilər, imkan vermədilər ki, məni narahat edən məsələlərdən danışım.

– Tənqidçilərin qarşısını həmişə bir arqumentlə kəsirlər. Deyirlər ki, hamı tənqid edir, amma çıxış yolu göstərən yoxdu, daha yaxşısını necə etmək olar?

– Mən tənqid etmirəm, reallığı deyirəm. Böhrandan çıxmaq üçün proqramım da hazırdı. Bir dəfə futbol ictimaiyyətinin nümayəndələriylə görüşdük, onlara həmin proqramdan bəzi fikirləri çatdırdım. Məşqçilərin və klubların toplandıqları bir qurumun olması mənim ideyamdı. Hələ bizim vaxtımızda AFFA-nın Məşqçilər Şurası var idi. Çox keçmədi gördüm ki, AFFA Məşqçilər Komitəsi və Klublar Komitəsi yaratdı. Amma bunu elə formada etdilər ki, həmin komitələr AFFA-dan asılı, formal bir quruma çevriliblər. Bu gedişlə, futbola belə baxışla və idarəetmə üsulu ilə biz heç nə əldə edə bilməyəcəyik. Mən yazdığım proqramdan bəzi nüansları sizə deyə bilərəm. Özünüz və oxucularınız da düşünün. AFFA baş katibi İcraiyyə Komitəsinin qərarları əsasında çalışmalı, həmin qərarların yerinə yetirilməsinə nəzarət etməlidi. Bizdə isə tərsinədi. Sanki bütün futbolumuzu bir nəfər idarə edir, hər şey onun ixtiyarındadı. İcraiyyə Komitəsi tam formal bir quruma çevrilib. AFFA-nın ən böyük problemi budu. Komitə daha çevik olmalı, futbolumuz üzərində nəzarəti və müdaxilə imkanlarını artırmalıdı. Bunun üçün komitənin tərkibində klublarla iş üzrə bölmə yaradılmalıdı. Klublara dəstək olmaq, onları bu işə cəlb etmək üçün təkan vermək lazımdı. Komitə üzvləri arasında mütləq kuratorlar ayrılmalıdı. Kuratorların hər biri 2-3 klubla daimi ünsiyyətdə olmalı, cavabdehlik daşımalı, onların mövqeyini bilavasitə ali orqanda müzakirəyə çıxarmalıdı. 8 komandalı çempionatı keçirməkdə AFFA-nın məqsədi nədi? Legionerlərin hesabına formalaşan millilər bizə nə verir? İndiki legioner limiti hansı məntiqə əsaslanır? Mən təklif edirəm ki, AFFA-da struktur islahatları aparılsın. Baş katib bilavasitə çempionatın təşkilinə, legioner limitinin və reqlamentin düzənlənməsinə cavabdeh olmalıdı. 8 komandalı çempionat üçün ayrıca PFL-ə də ehtiyac yoxdu.


Şəkildə soldan sağa. Fuad Musayev, AFFA-nın hazırkı baş katibi Elxan Məmmədov və keçmiş baş katibi Çingiz İsmayılov. “26-cı dəqiqə” filminin təqdimatında…

Elitada mübarizə aparan komandaların sayı mütləq 14-ə çatdırılmalıdı. Bunun üçün real imkanlar mövcuddu. U-19 və U-21 milliləri də premyer-liqada iştirak etməlidi. Klublar narazılıq etsə də, o gəncləri və yeniyetmələri bir komandaya toplamağa ehtiyac var. O vaxt biz bunu etdik, bəhrəsini də gördük. İndiyə kimi “Şəfa”da oynayan, yetişən uşaqlar milli komandada çıxış edir, aparıcı klublarda oynayırlar. Elita təmsilçilərində ehtiyatda oturan gənclər necə inkişaf edəcəklər? I dizivionla bağlı da vəziyyət dəyişməlidi. Orda oynayan klubların məqsədi bölgədəki gənclərin “bişməsi”, peşəkar futbolçu həyatına hazırlanması olmalıdı. 16-17 yaşlı əyalətdə yaşayan uşaqlara şərait yaratmaq lazımdı ki, rayonlarının komandasında oynasınlar. Aşağı dəstə klublarında 25 yaşlı maksimum 3 futbolçu oynamalıdı. Daha yaşlısına ehtiyac yoxdu. Divizion Azərbaycanın bütün bölgələrini əhatə etməlidi. İndiki vəziyyətdə aşağı dəstə bizim futbolumuza nə verir?!

– Amma razılaşaq ki, bütün bunlar zəhmət və xərc tələb edən işlərdi. Hazırda iqtisadi böhran hər yerdə var, büdcələr azaldılır, ixtisarlar gedir…

– Bizim vaxtımızda AFFA-nın 29 nəfər işçisi, illik 230 min dollar büdcəsi var idi. Milli doğma meydanda oynaya bilmirdi, vəziyyət qarışmışdı. İndi şükürlər olsun, hər şey yaxşıdı. AFFA-ya 15 ildən çoxdu ki, hər il 20-25 milyon büdcə ayrılır. Federasiyanın ayrıca binası, xeyli əməkdaşı var. Bütün tanış-bilişlərini yığıblar ora. Sevindirici haldı ki, maddi problel AFFA-dan yan keçir. Bu müddət ərzində futboldan bixəbər adam da müəyyən məlumata sahib olar. Deməli, iş görmək, xərclənən pulların qarşılığını vermək lazımdı. Legionerlərə, “milliləşdirilmiş” futbolçulara milyonlar sərf olunmasa, Azərbaycanda futbol klubu saxlamaq, bölgədə gənclərin yetişməsinə şərait yaratmaq elə böyük xərc tələb etmir. Hazır bazalar, stadionlar var idi. “Şəfa” stadionunu niyə satdılar? “Neftçi”nin bazası niyə təyinatı üzrə istifadə edilmir? Bu suallara cavab tapmaq, vacib obyektləri AFFA-nın sərəncamına qaytarmaq lazımdı. Neçə il keçib, hələ də milli komandaların normal bazası yoxdu. Olanları da dağıtdılar-satdılar. Biz “Şəfa”nı ölkə büdcəsindən bir qəpik pul götürmədən, UEFA-nın yardımıyla tikmişdik. Millinin bazası kimi istifadə edirdik. Milli orda oynayırdı, təbii örtüklü meydançalarda yüzlərlə uşaq pulsuz məşq edirdi, həmin uşaqları qidalandırırdıq da. “Şəfa” futbol klubunu yaradanda hamı ağız büzürdü. Mən o uşaqlara ayda 50 dollar simvolik maaş verirdim, geyim və yeməklə təmin edirdim. Onlar da yalnız futbol barədə düşünür, həvəslə məşq edirdilər. İndiyə kimi də ordan çıxanlar ölkə futbolunda sözünü deyir. Zaur Tağızadə, Elçin Rəhmanov, Mahmud Qurbanov, Rəşad Sadıqov, Kamran Ağayev, Ruslan Abışov, Maksim Medvedev, Qara Qarayev kimi futbolçuları bu ölkə üçün yetişdirmişik. Hanı onların davamçıları? İndi gözlərini dikiblər Dağıstana, kimi tapdılar, gətirib millidə oynadırlar. Ayıb deyilmi? Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin tabeliyində neçə-neçə futbol məktəbi var. Hamısına da büdcədən pul ayrılır. Hanı orda yetişən futbolçular? Həmin futbol məktəblərinə bu sahəyə aid olmayan insanları müəllim təyin ediblər. Bu sistem ləğv olunmalı, həmin məktəblər AFFA-nın nəzarətində cəmləşməlidi. Onsuz da ayrılan pullar boşa gedir. Eyni miqdarda büdcə AFFA-nın hesabına əlavə edilməlidi ki, peşəkar mütəxəssislər, sabiq futbolçular bu işə cəlb olunsun. Bölgələrdə orta məktəblərə yaxın yerlərdə futbol akademiyaları açılmalıdı. Səhər məktəbdə dərsə gedən istedadlı uşaqlar həmin internat tipli akademiyalarda məskunlaşmalıdı. Bundan ötrü təxminən 50 nəfərlik kiçik yataqxanalar da inşa etmək mümkündü. Həmin uşaqların arasından da seçim edib, paytaxta, xüsusi istedadlıları isə uzun müddətə Avropanın tanınmış komandalarına göndərməklə gələcəkdə millinin şərəfini qorumağa hazır futbolçu yetişdirə bilərik. “Neftçi”, yaxud da “Qarabağ” milli komandanın bazasına çevrilməlidi ki, milliyə namizədlər eyni sistemdə oynasınlar,  bir-birinə uyğunlaşsınlar. Görürsüz ki, elə də mürəkkəb proses deyil. Sadəcə, pərakəndəliyə və etinasızlığa son qoyulmalıdı. AFFA futbolun inkişafına sistemli yanaşmalı, nəzarətdən kənara çəkilməməlidi.

– İddia edirlər ki, Azərbaycanda istedadlı futbolçu yetişmir, bütün üsullara baş vurulub…

– Necə yəni yetişmir? Nazim Süleymanov azərbaycanlı deyil? Qazzayev əngəl törətməsəydi, Nazim Madrid “Real”ında oynayacaqdı. Onu Bakıdan qaçaq saldılar. Getdi və özünü sübut etdi. Vidadi, Yunis, Samir də istedadlıydı. Arif, Tərlan, Vladislav dünya və Avropa çempionu olublar. Azərbaycanlı deyillər? Müstəqilliyimiz ilk illərində heç də onlardan az istedadlı futbolçular üzə çıxarmamışdıq. İndi Rəşad Sadıqov milli karyerasını bitirmək istəyir, bütün AFFA ona psixoloji təzyiq göstərir ki, millidən getməsin. Çünki onun yerində oynayacaq heç kimi hazırlaya bilməyiblər. İşin rahat yolunu tapıblar, bir ucdan “milliləşdirirlər”. Təklif edirəm ki, komissiya yaradılsın, araşdırma aparılsın. Azərbaycan qanunları ikili vətəndaşlığa icazə vermir. Eddi İsrafilov İspaniya, Dmitri Nazarov Almaniya pasportundan imtina edibmi? Dağıstandan gətirilənlər artıq Rusiya vətəndaşı sayılmırlarmı? Bunları araşdırmaq lazımdı. “Milliləşdirmə” 2, ya da 3 futbolçu üçün olar. Daha əsas komandada 6 əcnəbini meydana buraxmağın, yeniyetmələrdən ibarət milliyə gəlmələri doldurmağın adı nədi? Rəhmətlik Heydər Əliyevin İsveçrə ilə oyunda stadiona gələcəyindən xəbərsiz idik. Qəfildən gəldi və uşaqlar meydanda can qoydular, onu da qələbəylə sevindirdilər. Prezident İlham Əliyev Avropa çempionatının açılış oyununa getmişdi, əvvəlcədən də buna hazırlıq görülmüşdü. Komandamız onun gözlərinin qarşısında 0:5 hesabıyla uduzdu, özü də heyətdə “milliləşdirilən”lər ola-ola. Bunun hesabatını vermək lazımdı.

Amal ABUŞOV
“Futbol+” qəzeti

Azərbaycan futbolunda RÜŞVƏT – İki klub çempionatdan qovuldu

Martın 16-da AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda danışılmış oyunlar məsələsi müzakirə olunub.  UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara, AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, “danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı sərt qərarar qəbul edilib. Aşağıda adları göstərilmiş 9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilib: “Şahdağ” (Qusar) İqrar Səmədov Uce Cukenyere “Rəvan” (Bakı) Elvin Əliyev Cəmşid Məhərrəmov “Göyəzən” (Qazax) Arzuman Vəliyev Tunar Şahtaxtinski “Energetik” (Mingəçevir) Elvin Əlizadə Kamran  Lalayev Ruslan Həmidov Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” FK və “Şərurspor” FK I Diviziondan kənarlaşdırılıb. Hər iki klub I Divizionda oyunların  50 faizdən çoxunda iştirak etdiklərinə görə hər iki kluba növbəti oyunlarında  0:3 hesablı texniki məğlubiyyət verilib. I Diviziondan kənarlaşdırılmış “Rəvan” FK və “Şərurspor” FK-nın oyunçularına “azad agent” statusu verilib. Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ” FK, “Energetik” FK, “Bakılı” FK və “Göyəzən” FK-ya xəbərdarlıq edilib. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, bu klublar I Diviziondan kənarlaşdırılıb. Hakim - Anar Niyazova ömürlük futbola aid hər bir məşğuliyyət qadağan edilib. “Şahdağ” FK-nın inzibatçısı Rafael Kübərova 2 il müddətinə futbola aid hər bir məşğuliyyət qadağan edilib.

16 Mart 2017 12:24

Bu gün “daydaylı” uşaqları legionerlər əvəz edir – ŞOK İDDİA

Bəziləri fikirləşir ki, arxa-dayağı olmadan idmanda, xüsusən də futbolda uğur qazanmaq mümkün deyil. Hətta bununla bağlı müzakirələr də az olmayıb. Yeniçağ.az idman jurnalistləri arasında məsələ ilə bağlı sorğu keçirib. İdman mediasının üzvlərinə “Azərbaycan futbolunda, ya digər idman növlərində “dayday” hesabına qalan varmı? Ümumiyyətlə, belə bir durum mümkündür?”- suallarını ünvanladıq. “Futbol+” qəzetiin əməkdaşı Sərxan Musalı: “Azərbaycan idmanında bu problem həmişə aktual olub. Əvvəllər yığmalara daha çox Bakıda yaşayan idmançılar cəlb olunur, bölgə idmançılarına qarşı haqsızlıqlar edilirdi. İndi vəziyyət bir qədər dəyişib. Legionerləri qabağa verirlər, özümüzünkülər qalır kənarda… Futbolda da tapşırılmış oyunçular çoxdur. Xüsusən də aşağı yaş qruplarında bu “filankəsin”, o “bəhmənkəsin” oğludur deyib, komandalara yararlı-yararsız uşaqları götürürlər. Bu da futbolumuza zərbə vurur. Vaxtilə Zeynal Zeynalov futbol yığmamızda oynayırdı. O, unikal insan idi. Həm futbolda, həm futzalda, həm də çimərlik futbolunda əsas komandaya cəlb olunub. Onun tapşırılmış futbolçu olduğunu deyirdilər. İndi də Məhəmməd Qurbanov barədə eyni fikirlər səslənir. Bu fikirlər əsassız deyil. Belə şeylərdən qurtulmalıyıq. Axı belədə kimlərinsə haqqı tapdanır. Tapşırılmış idmançı hansısa güclü həmkarının yerini tutur. Neçə-neçə idmançı olub ki, belə şeylərə görə karyerasına son qoyub”. Komanda.az saytının baş redaktoru Rəşad Ergün: “”Dayday”lar nəinki idmanda, bütün sahələrimizdə var. Konkret idmana gəlincə, AFFA prezidenti Rövnəq Abdullayev PFL-in rəhbəri Ramin Musayevin “dayday”ı deyilmi? Ramin Musayev Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun “dayday”ı deyilmi? Ramin Musayev Gürcüstandan gələn məşqçilərin, futbolçuların “dayday”ı deyilmi? O günlərdə bir nəfər sosial şəbəkədə maraqlı bir fikir paylaşmışdı. Yazmışdı ki, Gürcüstandan olan bir məşqçi azərbaycanlı mütəxəssislərdən birindən soruşub ki, sən niyə işləmirsən? İstəyirsən, Ramin Musayevə deyim, sənə iş versin. O adam da deyəsən, bunu qəbul etməyib. Bəlkə də adi söz-söhbət kimi qəbul edəcəksiz. Amma belə şeylər var bizim futbolda… Mən hələ milli komandalarımıza dəvət alan futbolçular barədə danışmıram. Hansı ki, uzun zaman nə klubda çalışıb, nə də top üzü görüb. Siz də sual verirsiz ki, bizdə “dayday” məsələsi varmı? Var əlbəttə, xirtdəyə kimi….” Sputnik-Azərbaycanın əməkdaşı Təranə Xudabaxşiyeva: “Bu sualı 7-8 il öncə versəydiniz nəinki ad çəkərdim, adlar çəkərdim. Amma etiraf edək ki, bu gün federasiyalar məsələyə daha diqqətlə yanaşırlar. İndi “daydaylı” uşaqları legionerlər əvəz edir. Amma gücü olan, ağlı olan idmançı heç kimə arxalanmadan da uğur qazana bilər”. Sport7.az-ın baş redaktoru Amal Abuşov: “Azərbaycan futbolunda “daydayı” olan futbolçular əsasən “milliləşdirilənlər” və legionerlərdir. Hazırda ən böyük “dayı” AFFA-nın baş katibi Elxan Məmmədovdur. O, bilavasitə Dağıstandan, Ukraynadan və digər ölkələrdən Azərbaycana gətirilən, milli pasportla təmin edilən futbolçuların himayədarıdır. Bir vaxtlar Daniel Axtyamov, Murad Hüseynov kimi futbolçular var idi. Onlar burdan gedən kimi futbol səhnəsindən silindilər. Məhəmməd Mirzəbəyov, Məhəmməd Qurbanov kimiləri də onların tayıdır. Onlar Rusiyada həvəskarlar liqasında oynayacaq səviyyədədirlər. Amma Azərbaycan millisinə qədər yüksəliblər. Prosineçki inadla Məhəmməd Qurbanovda gizli istedad gördüyünü desə də, həmin “istedadı” açmaq mümkün olmadı. Ötən yay İrandan indi adını belə xatırlamadığım iki futbolçu gətirmişdilər. Digər “milliləşdirilmiş” futbolçular kimi onların da ilk dayanacağı “Sumqayıt” oldu. Klubun prezidenti Kamran Quliyev onların bizim dildə danışmasından o qədər həvəslə bəhs edirdi ki… Qış fasiləsində Samir Abbasov həmin iranlıları komandasında görmək istəmədi və rəhbərlikdən onların göndərilməsini tələb etdi. Bu cür nümunələr yetərincədir. Legionerlərin himayədarları isə adətən, menecerlər olur. Onlar klub rəhbərləri ilə müəyyən faiz qarşılığında anlaşır, gətirdikləri futbolçuların müntəzəm meydana çıxmasına nail olurlar. Amma hazırda bu proses zəifləyib. Çünki mətbuatın, azarkeşlərin gözü tərəzidir. Layiq olmayan legioneri uzun müddət oynatmaq çətindir. Eyni tendensiya idmanın digər növlərində də müşahidə olunur və bu işdə federasiya rəsmiləri, nazirlikdə oturan “dayday”lar fəaldır”. Futbolpress.az-ın baş redaktoru Elçin Cəlilov: “”Dayday” institutu Azәrbaycan cәmiyyәtinin sütun dәyәrlәrindәndir; nәinki idman, әn müxtәlif sahәlәrdә də bu institutun tәşәkkülü mümkün olub vә dayaqları çox möhkәmdir. Konkret adlar çәkib, saatlarla oxuyacağınız siyahı әmәlә gәtirmәkdәnsә, qısaca belә deyim ki, azı 90% bu cür hal mövcuddur. Hәm Gәnclәr vә İdman nazirliyindә, hәm Milli Olimpiya Komitәsindә, hәm də müxtәlif idman cәmiyyәtlәri vә klublarında, yerli idarәlәrdә “dayday” dayağı danılmazdır”.

9 Mart 2017 14:51

ÇL 1/8: “Barsa”dan fantastik geri dönüş

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir. Bu gün 1/4 finalın daha iki iştirakçısının adı məlum olub. Əsas diqqətlər Barselonaya yönəlmişdi. Parisdə gözlənilmədən PSJ-yə 0:4 hesabı ilə uduzan “Barselona” bu dəfə rəqibi ilə “Nou Kamp”da qarşılaşıb. Kataloniyalılar ilk görüşdəki ağır məğlubiyyətin əvəzini çıxmağa çalışıb. “Barsa” ikinci hissənin əvvəlində 3:0 hesabı ilə önə keçsə də, Kavaninin qolu meydan sahiblərinin ümidinin üstündən xətt çəkib. Lakin görüşün sonluğu inanılmaz alınıb. Hakimin matçın sonuna əlavə etdiyi dəqiqələrdə 2 qol vuran Luis Enrikenin komandası 6:1-lik fantastik qələbə qazanıb. Günün digər qarşılaşmasında isə “Benfika” Dortmund “Borussiya”sının qonağı olub. Portuqaliyada keçirilən ilk görüşdə “Benfika” 1:0 hesabı ilə qalib gəlsə də, 1/4 finala adlayan tərəf almanlar olub. Rəqibin qapısından 4 cavabsız qol keçirən “Borussiya” mübarizəni davam etdirir. “Barselona” (İspaniya) – PSJ (Fransa) 6:1 Qollar: Suarez, 4 (1:0), Kurzava, 40-avtoqol (2:0), Messi, 48-pen (3:0), Kavani, 62 (3:1), Neymar, 88 (4:1); 90-pen (5:1), S. Roberto, 90+5 (6:1) İlk oyun – 0:4 “Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya) 4:0 Qollar: Aubameyanq, 4, Pulisiç, 59, Aubameyanq, 61; 80 İlk oyun – 0:1

9 Mart 2017 11:25

Çempionlar Liqasında ilk 1/4 finalçılar müəyyənləşir – Yenilənir

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start verilir. Faktinfo.az-ın məlumatına görə, bu gün keçiriləcək 2 görüşdən sonra 1/4 finalın ilk iştirakçılarının adı məlum olacaq. “Arsenal” öz meydanında “Bavariya”nı qəbul edəcək. Bu cütün taleyi böyük ölçüdə həll olunub. Münhendə 5:1 hesabı ilə qalib gələn “Bavariya”nın London səfərində bu üstünlüyü əldən verəcəyi inandırıcı deyil. “Napoli” - “Real” matçında da meydan sahiblərinin işi çətin görünür. Düzdür, “topçular”dan fərqli olaraq Neapol təmsilçisini 2 cavabsız qol da növbəti mərhələyə daşıyacaq. Lakin Zinəddin Zidanın komandası çətin səfərdə asanlıqla təslim olmayacaq. Çempionlar Liqası 1/8 final mərhələsi, cavab oyunları 7 mart 23:45. “Arsenal” (İngiltərə) - “Bavariya” (Almaniya) İlk oyun - 1:5 23:45. “Napoli” (İtaliya) - “Real” (İspaniya) İlk oyun - 1:3 8 mart 23:45. “Barselona” (İspaniya) - PSJ (Fransa) İlk oyun - 0:4 23:45. “Borussiya” (Dortmund, Almaniya) - “Benfika” (Portuqaliya) İlk oyun - 0:1 14 mart 23:45. “Yuventus” (İtaliya) - “Portu” (Portuqaliya) İlk oyun - 2:0 23:45. “Lester” (İngiltərə) - “Sevilya” (İspaniya) İlk oyun - 1:2 15 mart 23:45. “Monako” (Fransa) - “Mançester Siti” (İngiltərə) İlk oyun - 3:5 23:45. “Atletiko” (İspaniya) - “Bayer Leverkuzen” (Almaniya) İlk oyun - 4:2 (daha&helliip;)

7 Mart 2017 10:46